DOVŞANIN ÖLÜMÜ

…Dovşanın biri can verirdi. Gözlərinin ifadəsi itmiş, bəbəkləri bulanıb bozarmışdı, rəngsiz ağzını torpağa dirəyib ağır-ağır nəfəs alırdı.

O biri dovşanın kolun dalından bircə qulaqları görünürdü. Qulaqlarının titrəyişindən başa düşmək olurdı ki, yenə şüursuz gözlərini bir nöqtəyə zilləyib nəfəs dərmədən, nə isə “üyüdür”.

Çömbəlib dovşanın heysiz başını su qabına yaxınlaşdırdı ki, bəlkə, heyvan su içə. Dovşan sudan acgözlüklə içib çeçədi, nəfəsi itdi, gözləri şüşə düymələr kimi hərəkətsiz qaldı.

– İndi neyləyək?.. – əri əzabdan bürüşmüş üzüylə ona baxdı. Elə baxdı, elə bil dovşanı o öldürmüşdü.

İsa kişi siqaretin kötüyünü quma salıb ayağıyla basdı:

– Dovşanın erkəyiylə dişisini bir yerdə saxlamazlar. Biri ölür həmişə.

– Hansı ölür?..

– Çox vaxt erkəyi.

– Niyə erkəyi?..

Əri onun bu yersiz sualına üzünü bozartdı. İsa kişi sualı eşitməmiş kimi əllərini gündən ağarıb süzülən şalvarının ciblərinə soxdu, başını aşağı salıb darvazaya sarı getdi, orda bir anlığa ayaq saxlayıb:

– Salamatı göyərçindi, – dedi və çıxdı.

İsa gedəndən sonra əri, deyəsən, dovşanın dəqiq ölüb-ölmədiyini yoxlamaq üçün iki barmağıyla heyvanın balaca ağ pəncəsini qaldırıb-saldı, dikəlib əllərini belinə vurdu, səsi xırıldaya-xırıldaya:

– Öləcək, – dedi.

Dovşan nəfəsi təngiyə-təngiyə can verirdi, bəbəkləri irilib, az qala, hədəqəsindən çıxırdı, balaca, isti bədəni zəif titrəyişlə əsim-əsim əsirdi.

Dovşan hava qaralanacan beləcə can verdi öldü.

Əri bağın aşağı küncündə yer qazıb dovşanı orda basdırdı.

Bütün gecəni yuxuda da dovşanın can verməyini gördü. Can verən dovşan ölən dovşandan iri idi, can verdiyi yerdə birdən-birə dirildi, iki ayağı üstə qalxıb pəncələrini onun çiyinlərinə qoydu, ağzını iri açıb boğazının yolu görünə-görünə əsnədi. Elə əsnədi, az qaldı, onu mağaravarı ağzının içinə salıb uda...

Səhər yeməyində o biri dovşan gəlib aynabəndlə üzbəüzdə oturmuşdu, balaca ağzıyla yenə nəyisə xırda-xırda çeynəyə-çeynəyə qorxaq gözləriylə onlara elə baxırdı, elə bil söhbətlərinə qulaq asırdı.

Görən, ölən dişisiydi, erkəyi?..

Əri gözünü qıyıb dovşana baxdı:

Fərqi nədi ki?

Bu, oğlana oxşayır.

Əri üzünü elə bürüşdürdü, elə bil gözünə gün düşdü:

Harası oxşayır?..

Bığları.

Bığın bura dəxli var, guya qız dovşanın bığı olmur?..

Yağı səliqəylə nazik dilimin üstünə yaxa-yaxa dovşana baxıb:

İndi bu darıxacaq, – dedi, – bəlkə, birini alasan?!..

Hansından alım?..

Elə bundan.

Deyirəm, bilək bu hansındandı, erkəyidi, ya dişisi?!..

Səhər yeməyi stolun üstündə qaldı. Ər-arvad meynələrin arasıyla ha qaçdılar, dovşanı tuta bilmədilər.

Qəribədi, – əri bir qədər sonra maşını Mərdəkanın dar küçələrindən sürətlə döndərə-döndərə deyirdi, – çox qəribədi

qəribədi?

Dovşanın ölməyi. Birinci dəfədi eşidirəm ki, dovşanın erkəyi ilə dişisini bir yerdə saxlamazlar, – əri deyib, çuxura düşmüş gözlərini harasa, lap yaxına zillədi.

Ərinin üz-gözü dünəndən bu günə xeyli dəyişmişdi. Gözlərinin altı qaralmış, bənizi solmuşdu.

...Axşam uşaqlar bağa çatar-çatmaz, ağlaşma qurdular. Uzun müddət dovşanın basdırıldığı yeri öyrənmək üçün atalarının zəhləsini tökdülər, sonra həmin yeri xırda daşlarla, çınqıllarla, meynə yarpaqlarıyla bəzədilər.

...Şam yeməyi kədərli keçdi. Uşaqlar solğun bənizləriylə bir-birinə baxa-baxa, uzun çəngəllərlə vermişelin içində həvəssiz-həvəssiz qurdalanıb xörəklərini soyutdular.

Əri xörəyi iri tikələrlə, tez-tez, az qala, diri-diri udduqca, qarabuğdayı sifəti elə bil bir az da qaralırdı, qaşlarının düyünü göyə çalırdı

Bir qədərdən sonra əri yenə gözləri yol çəkə-çəkə harasa, lap yaxına baxırdı. Elə bil dovşan hələ hardasa lap yaxınlıqda can verirdi.

Sənə dedim axı, o çiyələklərdən gözüm su içmir.

Hansı çiyələklərdən?.. – əri diksinib ayıldı.

O gün dovşanlara yedirtdiklərindən.

O çiyələkdən özüm yemişəm.

Sənin bədəninlə dovşanınkı birdi?..

Zəhərin bədənin böyük-kiçikliyinə dəxli yoxdu.

Var.

Yoxdu! – əri qəfildən əlini stola çırpıb qışqırdı, stolun üstündəkilər cingildəyib bir-birinə dəydilər. – İsa adam dilində dedi sənə: erkəklə dişini bir yerdə saxlamazlar!.. Biri ölür həmişə!..

Hansı ölür?..

Əri onun sualına cavab vermədi, nimçəsini əsəbi hərəkətlə qabağından itələyib ayağa qalxdı.

İşə düşmədik?.. Mən düşüb ölsəm, heç vecinə gəlməz, – deyib, dovşanı söyə-söyə iti addımlarla bağın dərinliyinə getdi, ağaclığın sıx yerində gözdən itdi, gecədən xeyli keçənə qədər ordan qayıtmadı.

...O biri dovşan bütün axşamı gah o kolun, gah bu kolun arxasından onlara baxır, çəhrayı qulaqlarını tərpədirdi.

...Gecənin bir yarısı kiçik qızının səsinə ayıldılar, özlərini hövlnak onun otağına çatdırıb işığı yandırdılar.

Uşaq yerinin içində oturmuşdu, yuxulu gözlərini ova-ova ağlayırdı.

Nolub, niyə ağlayırsan?..

Qız cavab vermədi, ağlamağını da kəsmədi.

Haransa ağrıyır?..

Qız ağlaya-ağlaya başını bulayıbyoxdedi.

Bəlkə, susamısan?..

Qız ağlamağına davam edə-edə, yenə başını bulayıbyoxdedi.

Bəlkə, çişin var?..

Qız başını buladı.

Bəlkə, istidi sənə?..

Yo-ox...

Bəs niyə ağlayırsan?..

Qız yenə ağlaya-ağlaya başını buladı.

Əri yuxusuzluqdan qızaran gözlərini döyüb əsəbi-əsəbi:

istəyirsən axı?.. – deyə çığırdı.

Uşaq dik atılıb ağlamağını kəsdi, yazıq gözlərlə onlara baxıb astaca:

Qaşınıra-am, – dedi.

...Səhər istirahət günüydü deyə, hava da elə bil kədərliydi. Dovşan öləndən bəri elə bil bağın yaşıllığı solmuşdu, yarpaqlar bürüşüb bozarmışdı. Bomboz otluğun içindən boylanan tənha dovşanın üzündən yetimlik yağırdı.

Həftə ərzində yığılan bir taya çirkli paltar göz dağı kimi həyətin bir küncünə qalanıb onu gözləyirdi. Çirkdən paltarların ağız-burnu əyilib bozarıb elə günə düşmüşdü ki, bunları bir-iki gün əvvəl əyninə geydiyini fikirləşəndə, az qalırdı başına hava gələ...

...Əri bağın aşağı başında, damağında siqaret əsəbi hərəkətlərlə, deyəsən, ağacın dibini açırdı. Aradabir beli bıçaq kimi torpağa sancıb, əllərini belinə vurur, dünyadan bezmiş təki göylərə zillənirdi.

Bir qədər sonra o quma oturmuşdu, köynəyini çıxarıb başına sarımışdı.

Günortaya, bəlkə, küftə bişirəsən?.. – yerindən tərpənmədən, başını ona sarı çöndərmədən dedi. Uzaqda olsa da, səsi bağın sakitliyindən lap yaxınlıqda eşidildi.

O köynəyi başına sarımaqdansa, keç kölgədə otur.

Mənim burdan xoşum gəlir.

Başına gün vuracaq.

Köynəyin qolları üzünə düşmüşdü deyə, ərinin sifəti görünmürdü:

Əladı .

əladı?..

Hər şey.

Bir müddət ortaya sakitlik çökdüyündən, İsanın radiosunun səsi eşidilməyə başladı. Muğamat verirdilər.

Dünyada üç şeydən zəhləm gedir, – dedi, – bir istidən, bir muğamatdan, bir küftədən.

Əri başındakı köynəyin altından:

Əladı , – dedi.

Gəlib əriylə üzbəüz oturdu.

Ərinin üzü burdan da görünmürdü. Odu ki, köynəyin ucunu qaldırıb:

Heç olmasa, bir kirpi tap, – dedi.

Kirpini neyniyirsən?..

Dovşan darıxmasın.

Əri ayağa qalxıb üstünü çırpdı:

Daha tapım?.. Göbək atan rəqqasə necə lazımın deyil?..

Fikri ayrı yerdəydi deyə, ərinin axırıncı sözlərini tuta bilmədi.

Rəqqasəni neyniyirik?

Dovşan üçün göbək atsın. 

*** 

Bozbaş zəqqutun kimi duzlu idi. Əri qaşığı ağzına aparıb mədəniyyət xatirinə zorla gülümsündü:

– Duzludu.

Uşaqlar bozbaşa yaxın durmadılar, mətbəxin yerinə, göyünə yağ sıçrada-sıçrada bir tava qayğanaq bişirdilər, sonra dava salıb tavanı üzü üstə döşəməyə aşırdılar.

Ərinin səsi yataq otağından gəldi:

– Axşama nə yeyəcəyik?.. 

Axşam, adətləri üzrə, şam yeməyinə bağlarının yanındakı restorana getdilər.

Stolun üstü onların gəlişi üçün xüsusi təmtəraqla bəzədilmişdi.

Həmişəki kimi əriylə üzbəüz oturdu.

– Kürü yeyirsən?..

– Yox.

– Lobya necə?..

Çiyinlərini çəkdi.

Əri ona sarı uzatdığı lobya nimçəsini əsəbi hərəkətlə yerinə, bir-birinə dirənən qəlyanaltıların arasına itələdi.

Böyük qızın əli limonadla dolu badəyə dəydi, limonad masanın üstünə dağılıb süfrəni göyərtdi.

Əri qıza necə tərs-tərs baxdısa, uşağın dodağı büzüldü, ağlamasın deyə, üzünü yumaq bəhanəsiylə çölə çıxdı.

– Niyə elə baxdın ona?.. Qəsdən eləmədi ki…

Əri onu eşitmirmiş kimi, başını aşağı salıb salatını yeməyə davam elədi.

Sonra qızı qayıtdı və bir müddət hamı dinməz-söyləməz soyuq qəlyanaltılardan yeməklə məşğul oldular.

– Niyə yemirsən? – deyə əri qəfildən çəngəlini saxladı, boğazına dirənən tikəni zorla udub pərt gözlə onun boş nimçəsinə zilləndi.

– Yeyirəm.

– Nə yeyirsən?..

– Balıq.

– Balığa necə, yazığın gəlmir?..

Ərinin çökəyə düşmüş gözlərinə, bir günün içində nazilib uzanan üzünə baxdı:

– Məndən nə istəyirsən?.. – dedi və hiss elədi ki, səsi titrəyir.

Əri əsəbi hərəkətlə çiyinlərini çəkib:

– Mən?.. Heç nə – dedi. – Sən nə isə istəyirsən. Qınayan olmasa, dovşana qırx gün-qırx gecə yas tutub ağlayarsan.

Əri danışdıqca hiss elədi, gözünün yaşı boynuna, ordan damla-damla sinəsinə necə süzülür.

O, ağladıqca göyün üzü qaraldı. Bu qaraltı ərinin bəbəklərini də örtdü. Onun ağlamağını görcək, ərinin bəbəkləri genişlənib qaraldı, qaramtıl bəbəklərini onun gözünün içinə zilləyib dilləndi:

– Bəlkə, deyəcəksən, dovşan üçün ağlayırsan?..

Başını bulayıb “yox” dedi.

– Onda de görüm, niyə ağlayırsan. Bəlkə, səninçün bir kirpi tapaq, darıxmaya­san?..

Üzünü ha gərdisə də, gözünün yaşını saxlaya bilmədi.

Niyə dinmirsən, danış da. Dərdini de.

deyim?..

De ki, yaşaya bilmirsən, darıxırsan, çürüyürsən, ölürsən, hər şeydən ürəyin bu­la­nır, məni görəndə gözün ağrıyır, uşaqlar əl-ayağına dolaşır, sənə yaşamağa mane olurlar

Əri həkim kimi sakit, ölçülü-biçili danışırdı. Elə bil bu sözləri demək üçün saatlarla məşq eləmişdi.

Əl çək məndən, danışmağa həvəsim yoxdu.

Əlbəttə, olmaz. Axı biz kimik ki, sizin dediyiniz sözü eşitmək şərəfinə nail olaq?

Yuxum gəlir.

Bunu kiçik qızı dedi bic gözləriylə gah ona, gah da atasına baxdı. 

...Gecədən xeyli keçənə qədər şüşəbənddə oturub qaranlıq ağaclığa, ulduzsuz göyə baxdı, yağışın səsinə qulaq asdı.

Yuxusu gəlmirdi. Yağışın səsi elə kədərliydi ki, yadına hardansa tanış, qəmli bir melodiyanı salırdı... Melodiyanı dodaqaltı, sakitcə mızıldadı hiss elədi necə ürəyinin başı yavaşca söküldü... Başını qoluna qoyub ağladı. Ağlaya-ağlaya, bir müddət nəyə görə ağladığını fikirləşdisə , başa düşə bilmədi.

İçəridən ərinin günah dolu səsi eşidildi:

Gəl yat, soyuq olar. Yağış yağır.

Çox çəkmədi ki, əri şüşəbəndə çıxdı, keçib yanında oturdu, başını onun çiyninə qoydu. Elə bil yenə yazığı gəlirdi ona:

Niyə yatmırsan?..

– ...

Soyuq deyil sənə?..

Yox.

Bəlkə, qəhvə dəmləyim, içək?..

Yox.

İşığı yandırım?..

Yox.

Bəs sən istəyirsən axı?.. – bu dəfə əri elə çığırdı ki, səsi iki yerə bölündü.

Kirpi istəyirəm, – dedi ağlamağı görünməsin deyə, üzünü yana çevirdi. 

 

                                                                                                                  1990