ÇOVĞUN

Neçə vaxt idi, pişik özü öz quyruğundan qorxurdu. Hara gedirdi, quyruğu dalınca sürünürdü. Nə qədər eləyirdi, onu yerdən ayıra bilmirdi. Quyruğu elə bil özününkü deyildi, tüklü, cansız ip kimi ardınca sürünürdü.

Onu bir neçə gün bundan əvvəl Səkinə arvad əzib bu kökə salmışdı. Bir neçə gün bundan əvvəl pişik mətbəxdə dilini kasaya batıra-batıra su içəndə Səkinə arvadın, bəlkə, bütün bədənindən, boy-buxunundan da iri, çəkməli ayağı lay divar kimi onun üstünə gəldi. Onda pişik vığıldadı, ağrıdan yığılıb yumağa döndü, sivişib özünü dəhlizə saldı, bir xeyli quyruğunu yaladı, oyan-buyana hərlədisə də, quyruğu sözə baxmadı, başı-ayağı bilinməyən tüklü ip kimi böyrünə düşüb qaldı.

Səkinə arvad pişiyin əl-ayağını, quyruğunu tez-tez beləcə bilə-biləmi, bilməyə-bilməyəmi, tapdalayıb əzirdi. Odu ki, Səkinə arvadın hənirtisini eşidəndə pişiyin beli qorxudan yay kimi yuxarı dartılırdı. Elə dartılırdı, pəncələri, az qala, döşəmədən aralanıb havada qalırdı.

İndi gecə idi deyə, pişik arxayın-arxayın mürgüləyirdi. Səkinə arvadın ayaqlarının qorxusu ondan çox-çox uzaqdaydı.

Bayırda möhkəm külək qalxmışdı. Səkinə arvadın ayaqları tərpəşib yerinin içində eşələndikcə, pişik diksinib ayıldı... Küçədən eşidilən səslərə diqqət kəsildi. Küçədən bir-birilərini didişdirib çığırışan pişiklərin səsi və külək vıyıltısı eşidilirdi.

...Çovğun qalxacağından Səkinə arvad hələ gecə ikən xəbər tutmuşdu. Gecədən bəri ayaqlarının zoqqultusu səngimək bilmirdi. Qıçlarının hər biri özü boyda bir dərd olmuşdu ona. Baldırların damarları saç kimi burulub dolaşa-dolaşa, düyünlənə-düyünlənə, bir-birinin altından, üstündən lağım ata-ata topuğuna enmiş­di. İndi Səkinə arvad qıçlarının bütün damarlarını bircə-bircə tanıyırdı. Hansı damar hansını sıxıb əzirdi, incidirdi – bilirdi.

Ümumiyyətlə, bu dünyada onun qanını qaraldan şeylər çox idi. Quruyub qaxaca dönmüş barmaqları, min bir əziyyətlə, əti ürpəşə-ürpəşə düzəltdirdiyi protez dişləri, tez-tez yeriyəndə, hövsələsi darala-darala iş görəndə, gicişib onu, az qala, divara dırmaşdıran kürəyi, ən əsas da qocası, qızı, nəvəsi – hərə bir tərəfdən onun gününü qaraldırdı.

İndi çovğunun qalxmasıyla qıçlarının zoqqultusu elə bil azalmışdı. Səkinə arvad çovğunun başlamasına elə sevindi ki, yuxusu qaçdı. Sevinməyə əsas vardı. Bir aydan çox idi qış girmişdi, hələ qar yağmamışdı.

Əvvəl bir xeyli yerində qurcalandı. Pişik döşəməni cırıldada-cırıldada gəlib onunla üzbəüz oturdu, gözlərini işıldatdı. Səkinə arvad əsəbi-əsəbi yorğanı dartışdırdı:

– Hə... buyur!..

Səkinə arvadın səsi acıqlı deyildi, pişik bunu duyub ağzını həmişəkindən də iri aça-aça, sakit-sakit əsnədi.

Arvad da pişiyə baxa-baxa fikirləşdi ki, Allah bu pişiyi nədən ötrü yaradıb, görəsən? Yeməli döyül, tükü də heç nəyə yaramır...

Pişik naz-qəmzə içində yumşaq-yumşaq yerə çöküb mırıldadı, pəncələrini yalaya-yalaya üzünü yumağa başladı.

Səkinə arvad bir istədi başmağı götürüb pişiyə tullasın, amma fikrindən daşındı. Gör bir neçə ildi bu qarınqulu onlarda yaşayır, küncləri isladır, tüklərini tökür, xalçaları didə-didə dırnaqlarını itiləyir, faydası nədi, bilinmir. Sonra fikirləşdi ki, bəlkə, elə günü sabah bir torbaya salıb itirsin onu?.. Sonra fikirləşdi ki, bunu da itirsə, kişi gedib bir ayrısını gətirər. Nə çoxdu küçə pişiyi...

Sonra çovğunun vıyıltısına qulaq asa-asa bir də onu fikirləşdi ki, yəqin, sabah hər tərəfi qar bürüyəcək, yerimək mümkün olmayacaq, camaat yerə dəyib əziləcək, qol-qabırğalarını sındıracaqlar.

“Hə, – Səkinə arvad fikirləşdi, – sabah işi çox olacaq”. Bazara getməliydi, bir-iki xırda-xuruş – şam, lampa üçün nöyüt və sair almalıydı, nəvəsinin xizəklərini düzəltdirməliydi. Qarı görən kimi uşaq evi alt-üst edib, xizəkləri tapdıracaqdı. O ağlasa, qızının əhvalı pozulacaqdı, bir həftə onun gününü qara edib zıqqıldayacaqdı. Qızı, onsuz da, gününü göy əsgiyə bükmüşdü. O böyüyəndən bəri Səkinə arvadın dərdi də böyümüşdü. Qızı geyim azarına tutulmuşdu. Səkinə arvad da gecə-gündüz mağazaları ələk-vələk edirdi, alverçiləri bir-birinə vururdu, satıcıların bığının altından keçirdi, mağazaya hələ gəlib çatmamış, səsi-sorağı çıxmamış pal-paltar, ayaqqabı, çanta, əlcəklərin hərəsindən cüt-cüt alıb evə daşıyırdı. Qonşulardan biri təzə bir şey geyəndə, Səkinə arvadın ürəyi düşürdü.

Evdə pal-paltar əlindən tərpənmək olmurdu, qızı isə gecə-gündüz köhnə kran kimi elə hey damcılayırdı. Səkinə arvadın təpəsinin düz ortasına damcılayırdı. Birinin əynində bir şey görən kimi özünü yerə çırpırdı, qızdırırdı, üşüdürdü, çörək yemirdi, su içmirdi...

Sonra hardansa yadına, qocasının, altı yeyilib deşilmiş uzunboğazları düşdü. Onları da sabah mütləq təmir elətdirməli idi. Yoxsa, Qafar kişi altı deşik ayaqqabıyla çölə çıxsaydı, mütləq yorğan-döşəyə düşəcəkdi. Düşəcəkdi və “vay oram, vay buram... oramı ov, buramı sürt, filan şeyi apar, filan şeyi gətir” başlayacaqdı...

Səkinə arvad bunu fikirləşib dodaqaltı:

– Azzar gəti, çor gəti!!.. – dedi.

Ayağa qalxıb pəncərənin qabağına keçdi, alnını şüşəyə dirəyib küçəyə baxdı.

Şəhərin işıqları çoxdan sönmüşdü. Yadına, Qafar kişinin cavanlığı düşdü. Əvvəlki vaxtlar olsaydı, indi Qafar kişi Allah bilir hardaydı. O vaxtlar Qafar kişi xoruza oxşayırdı. Evə də elə xoruz banında qayıdırdı. Amma indi... itələsən də, çıxmır. Bu məqam Səkinə arvadın ürəyindən keçdi ki, gedib Qafar kişini yatağından qaldırsın, boynunun ardından yapışıb qapıdan bayıra atsın... Onu da, yönsüz pişiyini də!

– Lənət sənə, kor şeytan!..

Səkinə arvad bütün ömrü boyu palaz çırpanda, yun didəndə, paltar sıxanda, sarımsaq əzəndə Qafar kişinin elədiyi işlər düşürdü yadına. Onda palazı yox, elə bil Qafar kişini çırpırdı, yaş paltarların əvəzinə, Qafar kişini sıxırdı. Bütün fikirlərinin axırında da həmişə Qafar kişiyə haqq qazandırırdı. Qafar kişi bütün ömrünü küçələrdə keçiribsə də, bir gün belə olsun evin çörəyini kəsməmişdi. Səkinə arvad yaxşılığı unudan adamlardan deyildi. Çörək məsələsi isə hər şeydən vacib olan bir məsələ idi. Hər yerdə, hamıya elə belə də deyirdi: kişisiz yaşamaq olar, çörəksiz yox!..

...Saat səkkizə işləyirdi. Bu gün xeyli işi olacaqdı. İşi çox olanda Səkinə arvad özünü yaxşı hiss eləyirdi. Ora qaçırdı, bura qaçırdı, gecə də rahat yatırdı.

Qar topuğa qədər qalxıb hər yeri ağartmışdı... Səkinə arvad ilk əvvəl axsaya-axsaya bazara yollandı. Axşama hazırlıq görmək lazım idi. Çovğun güclənəcəkdi və axşama bazar bomboş boşalacaqdı.

Bazarda adam çox idi. Səkinə arvad özünü bazara vaxtında yetirdiyinə görə sevindi. Bazarı axsaya-axsaya, başı gicəllənənə qədər fırlandı, qiymətləri gözdən keçirtdi. Hər şeyin yaxşısından, ucuzundan, ağırından alıb, hər əlində bir neçə dolu zənbil, qoltuğunda çörəklər dolu bağlama, hıqqıldaya-hıqqıldaya, sürüşə-sürüşə küçəyə çıxdı. Yoldan ötənlər dönüb on-on beş adamın yükünü daşıyan nəhəng qarıya baxırdı...

Zənbillərin ağırlığından sağ əli keyimişdi. Özünü birtəhər evə çatdırıb qapını döydü. O biri üzdən səs-səmir gəlmirdi. Onda Səkinə arvad qapını çiyni ilə elə itələdi ki, qapı yerindən laxladı. O biri üzdən Qafar kişinin yuxulu səsi eşidildi:

– Adam döyül ki, divdi, div!..

Qapı açılan kimi Səkinə arvad özünü içəri saldı, bayaqdan bütün yolu gicişib hövsələsini daraldan kürəyini divara sürtə-sürtə:

– Oxay! Öldüm, atam yandı... – deyə inildədikcə, Qafar kişi yuxulu gözləri ilə altdan-yuxarı arvadının yekə ayaqlarına, yaylığının altından pırtlayıb ağzına dolan saçlarına, torların ağırlığından bir az da yekəlib qaralmış əllərinə baxıb başını yelləyə-yelləyə o biri otağa keçdi.

Səkinə arvad aldığı şeyləri yerbəyer eləməyə başladı. Tavalar, taslar bir-birinə dəyib cingildəyib yuxulu evin divarlarında əks-səda verdi. Hər şeyi yerbəyer edəndən sonra Səkinə arvad aldığı əti çapmağa başladı. Qafar kişi pencəyini çiyninə salıb, gəlib mətbəxin qapısında dayanmışdı:

– Bir əynini soyun, əllərini yu, nəfəsini dər. Nolub, nə qaçaqaçdı?..

Səkinə arvad baltanı var gücü ilə ətin üstünə elə endirdi ki, mətbəxdə nə qədər qab-qacaq vardısa, hamısı atılıb böyrü üstə düşdü, evdəkilər oyanıb deyinə-deyinə yerlərində qurcalandılar.

– Bazarda aləm bir-birinə dəyib. Deyillər, çovğun olacaq. Bir-iki həftə çörək-zad tapılmayacaq – Səkinə arvad əti çapa-çapa dedi.

Qafar kişi bayırdan xəbərsiz idi. Arvadı belə deyəndə boylanıb küçənin qarına baxdı, sinəsini qaşıdı.

– Az öldür özünü, çovğun nədi? Bir-iki saata gün çıxar, inşallah...

Sonra Qafar kişi üzünü qırxıb geyindi. O geyinəndə evin divarları Səkinə arvadın baltasının zərbələrindən tir-tir titrəyirdi.

Odu ki, tələm-tələsik çayını içib, evdən çıxdı. Səkinə arvadın baltasının zərbələrindən bütün mərtəbələr əsim-əsim əsirdi. Elə bil bina bu dəqiqə sökülüb uçacaqdı... Odu ki, Qafar kişi pillələri tez-tez endi ki, canını bu zəlzələdən qurtarsın...

Səkinə arvadın əhvalı Qafar kişinin sözlərindən əməlli-başlı pozuldu. Əsəbiləşib öz-özünə deyindi, əti hirslə soyuducuya atdı, südqabını, boş torları götürüb qapını çırpdı.

Bütün yolu rastına çıxan tanış-bilişə tufan qalxacağından, göz-gözü görməyəcəyindən, çörək qıtlığı olacağından, hər yerin buz bağlayacağından xəbər verdi.

Süd növbəsində nə qədər adam vardısa, hamı Səkinə arvadın sözlərindən sonra südü birə on almağa başladı. Südü o qədər aldılar ki, Səkinə arvada süd çatmadı. Hamı əlləri süd şüşələri dolu, həyəcanla oyan-buyana qaçışdı. Səkinə arvad un, yumurta, yağ növbəsində duranları da beləcə hürküdüb küçələrə saldı. Özü də bütün günü əlləri dolu mağazaları gəzib, dörd-beş dəfə evə baş çəkdi, yükünü boşaldıb, yenə həyəcanla, axsaya-axsaya küçələri dolaşdı. Nəvəsinin xizəyini düzəltdirmək üçün dünyanın o başındakı təmir sexinə gedib çıxdı. Qafar kişinin çəkmələrini də orada düzəltdirdi.

...Küçədə camaat bir-birinə dəymişdi. Hamı əli dolu, başı alovlu, ləhliyə-ləhliyə oyan-buyana qaçırdı... 

***

...Axşama yaxın çovğun, doğrudan, bərkidi. Hava qaralar-qaralmaz, bütün avtobusların, trolleybusların işıqları yandırıldı. Qaranlıq, soyuq küçələrlə o baş-bu başa şütüyən avtobuslar ayrı-ayrı evlərə oxşayırdı. İşıqlı, isti evlərə... Bu evlər çarxların üstündə yaş küçələrlə gedirdi, sağa dönürdü, sola burulurdu, bir-biri ilə ötüşürdü...

...Qafar kişi də bu avtobuslardan birində evə qayıdırdı. Evin yaxınlığında düşüb qar lopalarına baxa-baxa həyətə buruldu. Qar lopaları Qafar kişinin bığlarına oxşayırdı. Elə bil göydən lopa-lopa bığ yağırdı...

...Qapını Səkinə arvad açdı. Həmişəki kimi açıb, onu salamsız-kəlamsız, başdan-ayağa süzdü, sonra çönüb mətbəxə getdi.

Hər dəfə işdən evə dönəndə, hər dəfə də qapını Səkinə arvad açanda onu bu sir-sifətlə qarşılayırdı. Hər dəfə də Qafar kişiyə elə gəlirdi ki, öz evinə yox, Səkinə arvadın evinə gəlib. Ona görə də içəri utana-utana, pərt-pərt giridi. Yadına cavanlığı, bütün şəhərin, ayın, ulduzların da işığı sönəndən sonra evə dönməyi düşürdü. O vaxtlar qapını kim açırdı, ona necə baxırdı, nə deyirdi, heç nəyin mənası yox idi. Əsas o idi ki, günü istədiyi kimi keçmişdi, bircə yatağını tapıb uzanaydı, vəssalam.

İndi hər dəfə barmağını zəngin düyməsinə basanda birdən-birə həmin gecələr, çəkdiyi keflər gəlib qapıyla onun arasında dayanırdı. Sonra Səkinə arvad qapını açırdı və ona elə baxırdı, elə bil o da qapı ilə Qafar kişinin arasında dayananları görür və bircə o qalır ki, tüpürüb qapını üzünə çırpsın.

Qafar kişi bilirdi ki, günlərin bir günü Səkinə arvad bunu eləyəcək. Əlini belinə vurub bu vaxta kimi demədiyi sözləri qışqıra-qışqıra, qonşulara, bütün binaya, bütün şəhərə eşitdirə-eşitdirə deyəcək. Bəzən o sözləri eşidirdi də... Deyəcək: “Niyə bu tezlikdə qayıtmısan evə? Qocalıb əldən düşmüsən, indi ev yada düşüb, arvad yada düşüb?!”

Qafar kişi paltosunu soyundu, pencəyini soyunanda beli elə ağrıdı ki, özünü yaxınlığındaki divana zorla yetirdi. Zarıyıb:

– Ay, Səkinə!! – dedi.

Səkinə arvad mətbəxdəydi, ərinin səsini eşidcək əlindəkiləri hirslə stolun üstünə çırpıb döşəməni titrədə-titrədə gəldi, dinib-danışmadan itələyib ərini divana uzatdı, qollarını çirmələyib onu xəmir kimi yoğurmağa başladı.

Qafar kişi nəfəsi kəsilə-kəsilə fikirləşdi ki, bəlkə, əvvəlki kimi evə səhərə yaxın gəlməyi yaxşı olar? Arvad da belə hirslənməz, onu görüb, bütün olan keçənləri yadına salmaz.

Səkinə arvad ləzzətlə Qafar kişini yoğurmaqdaydı... Yoğura-yoğura fikirləşdi ki, bir azca bərk bassa, çiyinləri sınacaq və bu fikirdən qəribə bir həzz alırdı.

Pişik gəlib kətinin üstünə atıldı, yaralı quyruğunu yalamağa başladı.

Qafar kişi ufuldadıqca pişik quyruğunu tez-tez yalayırdı. Sonra özünü yığıb, qorxa-qorxa Səkinə arvadın, qocasını yoğurmaqdan şişib qızarmış yekə əllərinə, ağrıdan nazilib, az qala, divanın içinə girən Qafar kişiyə baxdı, tüklərini qabardıb hirsli-hirsli fısıldadı...

Səkinə arvadın əllərinin arasında nəfəsi kəsilən Qafar kişi hıqqıldaya-hıqqıldaya fikirləşirdi ki, bunun əvəzində Səkinə arvad, heç olmasa, bir söz desəydi, ürəyi soyuyardı. O isə, elə bil qəsdən heç nə demirdi. Elə bil qorxurdu ki, hirsi soyuyar və hər şey yaddan çıxar.

Tənha gecələri, aylarla, illərlə içinə yığılan, qatılaşıb, bərkiyib yekə, zindan kimi ağır bağlamaya çevrilən sözləri, demək istədikləri... Yaddan çıxsaydı, Qafar kişini daha yoğurmayacaqdı, yumşaq-yumşaq ovuşduracaqdı, bəlkə də.

Qafar kişinin ağrıdan gözləri yaşardı: sığallayacaqdı...

– Ay allah! Öldüm!!..

Səkinə arvad əlini saxlayıb, nəfəsi təngiyə-təngiyə:

– Ölürsən?.. Hə, indi ölərsən. – deyib işinə davam elədi.

Qafar kişi fikirləşdi ki, Səkinə arvad onun üçün hər şeydi. Lap döysə də, öldürsə də, üzünə tüpürüb, başına qapaz da salsa...

Gecə-gündüz ara vermədən, nəfəs dərmədən kefdə başa vurduğu günləri, arağı qadınların çəkməsinə doldurub başına çəkməyi, günlərlə səhərə kimi atılıb- düşməyi, sonra yenə içməyi, yenə oynamağı, sonra yenə, yenə, yenə... yadına düşə-düşə rəqs etməyi.

İndi isə, qocalıb əldən düşəndən sonra özünü elə hiss eləyirdi, elə bil nə vaxtsa möhkəm döyülmüşdü. Elə döyülmüşdü ki, bədənində sağ yeri yox idi. Dişlərindən tutmuş ayaqlarına kimi hər şey laxlayırdı, tökülürdü...

Bir də keçmiş günlərini xatırlayanda ona elə gəlirdi ki, bütün ömrü ara vermədən fırlanan karuseldə keçib. Bütün günlərini, illərini bu karuseldə başı hərlənə-hərlənə, gözü qarala-qarala fırlanıb.

Hərdən Qafar kişi bu karuseldə ürəyi bulana-bulana, ögüyüb qusa-qusa hərlənirdi. Ha istəyirdi başını qaldıra, yuxarı baxa ki, hardadı, ha tərəfdədi, özünü yığışdırıb ələ ala, heç olmasa, udquna. Amma nə udquna bilirdi, nə də başını yuxarı qaldırırdı...

İndi Qafar kişinin dərdi ayrı dərd idi. Bütün ömrü boyu saya salmadığı, yadına belə düşməyən canı ilə əlləşirdi. Gah ürəyi, gah ciyəri, gah mədəsi... Beli də ki, bu kökdə.

Beləcə bir yeri ağrıyan kimi bütün işləkləri, keçmiş vaxtları gəlib yadına düşürdü. O günlər qapqara, ağır qapaq kimi həmişə başının üstündə dururdu, bir yeri göynəyən kimi, aşağı enə-enə üstünə çökürdü, onu başından basa-basa yerə soxurdu. Onda Qafar kişi balacalaşırdı, büzüşürdü, gözünü Səkinə arvada dikirdi. O Səkinəyə ki, nataraz bədəninə, qırx iki ölçülü ayaqqabı geyən yekə ayaqlarına, iş görməkdən barmaqları qozbel adamlar kimi əyilən qara əllərinə baxanda ölmək istəyirdi. Həmin o Səkinə indi onu nəhəng qollarının arasına alıb bu döşəkdən o döşəyə qoyurdu, soyuqlayanda qollarını çirmələyib onu yaş paltar kimi çəngələyirdi, çimizdirirdi. Elə çimizdirirdi ki, Qafar kişinin qol-qıçı gələn hamam gününə kimi lükküldəyirdi, kisənin açdığı sıyrımlar göynəyirdi.

Səkinə arvad hər onu çimizdirəndə, elə bil dərisini soymaq, canını almaq istəyirdi. Qaynar suyu açıb onu bişirirdi, dırnaqlarını saçlarının dibinə keçirib var gücü ilə qaşıyırdı, sonra isti suyu bağlayıb, soyuq suyu açırdı. Soyuğu bağlayıb, istini açırdı... Qafar kişi ağarıb göyərirdi, soyuqdan dərisi mil-mil, dama-dama olurdu. Səkinə arvad min hoqqa çıxarırdı, hamamı bir-birinə qatıb-qarışdırırdı, aləmi göyə sovururdu. Qafar kişi də ulaya-ulaya, sızıldaya-sızıldaya, hərdən də çığıra-çığıra Səkinə arvadın yekə əllərinin içində çapalayırdı. Səkinə arvad ləzzətlə nərə çəkib qaqqıldayırdı. Qafar kişi də bilmirdi Səkinə arvad gülür, yoxsa hönkürür...

Səkinə arvad Qafar kişinin əldən düşdüyünü görüb əl saxladı. Özündənrazı halda tərini silib mətbəxə getdi. Qafar kişi belini dikəltdi, balaca ayaqlarını yerə salladı divanın bir küncündə oturdu.

Bir qədər keçmiş Səkinə arvadın dəhlizdən səsi gəldi:

– Sabah çovğun qalxacaq, gedim sobanı düzəltdirim. Yoxsa, yenə yıxılacaqsan yorğan-döşəyə.

Qafar kişi istədi deyə ki, bəs çay-çörək?.. Sonra Səkinə arvadın çəkməli ayaqlarına, qapının cəftəsinin ildırım sürəti ilə açan yekə barmaqlarına baxıb susdu. Bildi ki, desə də, lap bu dəqiqə qabağında yerə tirlənib ölsə də, Səkinə arvad yolundan qalmayacaq.

Səkinə arvad gedəndən sonra Qafar kişi eləcə oturduğu yerdə qaldı. Yadına yenə o vaxtlar düşdü. O vaxtlar ki, Qafar kişi ağzını açıb “qa” deyəndə restoranlar bağlanırdı, stollar bir-birinə qoşulurdu, bir dəqiqənin içində üstü yeməklərlə, içkilərlə dolurdu, xidmətçilər qollarında ağ dəsmal qulluğa düzülürdü, bir dəstəsi stolun bu başında Qafar kişiyə, o biri dəstəsi stolun o biri başında əyləşən gözəl qadına qulluq edirdi. Biri çəngəl verirdi, biri şərab süzürdü, o biri ağzını silirdi. Nəfəslərini içinə çəkib diqqətlə onun işarəsini gözləyən musiqiçilər barmağının bircə işarəsiylə çalıb-oxuyurdular. Üzbəüz oturan dünyanın ən gözəl, ən məlahətli qadını təmtərağın içində itib-batırdı, stolun üstündəki yeməklər kimi, onun bircə işarəsini gözləyirdi...

Bütün bunları xatırlayıb fikirləşdi ki, o boyda təmtəraq nəyinə lazım idi?.. Stollar, ofisiantlar, musiqiçilər, qadınlar... Nə yediyinin dadını bilirdi, nə musiqini eşidirdi, nə qadını görürdü. Aləm bir-birinə qarışırdı. Hər şey həddindən artıq çox idi, cürbəcür, rəngbərəng idi, biri o birinə mane olurdu. Sonra bazada işlədiyi vaxtlar yadına düşdü. Onda otağına bitişik yan otaqda həmişə gözəl bir katibə otururdu ki, Qafar kişi onu görmək istəyəndə daha stolun üstündəki zəngin düyməsini basıb, işçilərin fikrini yayındırmırdı. Otağa bitişik divarı dırnağı ilə astaca qaşıyırdı və katibə göz qırpımında qarşısında peyda olurdu...

...Üzbəüzdən divarı kimsə qaşıdı... Qafar kişini tər basdı. Əvvəl qulaqlarına inanmadı, sonra udqunub qulaqlarını şəklədi.

Divarı, həqiqətən, o biri üzdən cırmaqlayırdılar. Qafar kişinin içində elə bil nəsə tərpəndi, belini pişik kimi əyib pəncələri üstə qalxdı, havanı iyləyə-iyləyə, ayaqlarını döşəməyə yumşaq-yumşaq basa-basa, hara getdi, özü də bilmədi...

Evi bic-bic dörd dolandı. Divarı qaşıyırdılar. Amma hansı divarı, başa düşə bilmirdi. Özünü əsə-əsə, həyəcandan titrəyə-titrəyə gah bu divara, gah o divara söykədi, dizləri üstə divana çıxıb qulağını divara dirədi. Səs gəlmirdi...

Qafar kişi gözünü dolandırıb divarlara baxdı. Divarların heç biri bazanın divarlarına oxşamırdı. Bu divarlar boy-buxunu, nəhəngliyi ilə ancaq Səkinə arvada oxşayırdı...

...Pişiyin miyoltusuna dik atılıb divana oturdu. Başa düşdü ki... Pişikdi, dəhlizin qapısını cırmaqlayır. Gedib qapını açdı. Pişik ağ bədənini bulaya-bulaya, nazlana-nazlana içəri girdi, Qafar kişinin ayaqlarına sürtünüb xumarlandı. Qafar kişi əyilib pişiyi qucağına aldı, sinəsinə sıxıb gözlərini yumdu... və yenə Səkinə arvadı gördü... Pişiyi tez yerə atıb, gözünü açdı. Fikirləşdi ki, Səkinə arvaddan nəinki o, nəinki pişik, bütün həyət, bütün şəhər qorxur. Səkinə arvad nəhəng və düz idi. Bir adamın yanında əyri işi yox idi, odu ki, hamıdan güclü idi.

Sonra uzun-uzadı gah özü haqqında, gah Səkinə arvad haqqında fikirləşdi. Fikirləşdi ki, niyə o, gün-gündən balacalaşır, büzüşür, Səkinə arvadsa balacalaşmaq əvəzinə, elə bil gün-gündən nəhəngləşir, enlənir, yanaqları gün-gündən bir az da çox qızarır. Elə bil Səkinə arvadın içində, onun özündən də böyük ağac bitirdi, budaqlayıb gövdə bağlayırdı...

Qafar kişi əl-ayağına baxıb fikirləşdi ki, bu balacalaşmaqla hara gedib çıxacaq?.. Bir gün gələcək, o qədər balacalaşacaq ki, evə gələndə böcək kimi dırmaşıb birtəhər zəngin düyməsinin üstünə çıxacaq, bütün ağırlığını düymənin üstünə salıb zəngin üstündə oturacaq, bütün ağırlığını düymənin üstünə salıb onu gücü gəldikcə basacaq... Səkinə arvad qapını açıb ha oyan-buyana baxacaq, onu görməyəcək, qapını bağlayıb gedəcək. O isə çöldə, zəngin düyməsinin üstündə qalacaq... Nə qədər özünü öldürəcək, heç kim onu görməyəcək, eşitməyəcək...

Bu balacalaşmaqla günlərin bir günü kiminsə, hirsli vaxtlarında Səkinə arvadın ayağı altında qalacaq. Səkinə arvad onu, taptalayaraq soğanı əzən kimi əzib öldürəcək.

Səkinə arvad bozbaş yeyəndə soğanı bircə şapalağı ilə əzirdi. Elə əzirdi ki, soğanın içi tıxac kimi sıçrayıb havada fırlanırdı... hərdən bir fırlana-fırlana gəlib Qafar kişinin çayının içinə düşürdü.

Fikirləşdi ki, Səkinə arvad lap cavan vaxtlarından elə belə nəhəng idi. Onu ilk dəfə kənddə, pambıq kollarının içində görəndə də beləcə nəhəng və yekəpər idi. Amma onda, nədənsə bu nəhəngliyinin fərqinə varmamışdı.

Yadına gəlir, Səkinənin nəhəngliyi onu ancaq toydan iki həftə sonra, o, hirslənəndə təəccübləndirmişdi. Onda Səkinə nəyə görəsə hirslənib ağlamışdı və hönkürə-hönkürə özünü çarpayının üstünə elə yıxmışdı ki, çarpayının dəmiri əyilmişdi. Yadına gəlir, o gün çarpayı Səkinənin bədənindən xeyli kiçik gəlmişdi ona... Sonradan Səkinə arvad binanı titrədə-titrədə yeriyəndə, qapıları, qulpunu yerindən oynada-oynada açıb-bağlayanda divarları çatladan səslə nərə çəkə-çəkə əsnəyəndə başını soxmağa yer axtarmışdısa da, vəziyyət dəyişilməmişdi...

Mədəsi zoqquldadı... Yadına düşdü ki, səhərdən bəri heç nə yeməyib.

Əyilib ayaqlarına baxdı. Qıçları nazilib, arıqlayıb bir-birinə söykənmişdi. 

***

...Səhər açılandan Səkinə arvadın dilinə, demək olar ki, heç nə dəyməmişdi... Acından, yorğunluqdan başı gicəllənirdi. Bütün günü ağır zənbillər daşımaqdan əlləri göynəyirdi...

Bir qoltuğunda yenicə düzəltdirdiyi elektrik sobası, o birində Qafar kişinin köhnə çəkmələri, yorğunluqdan ləngər vura-vura evə qayıdırdı. Getdikcə, səkilərin üstündə qalınlaşan qara baxır, rahatlanırdı. Sevinirdi ki, hamıdan tez tərpəndi, hamıdan zirək çıxdı. Soyuducu da dopdoludu. Lap bir ay da küçəyə çıxmasalar, bəsləridi. Sabah-birigün qarda-boranda camaat ki başını itirəcək, küçələrə tökülüb çörək, yağ axtaracaqlar, Səkinə arvad balalarını başına yığıb rahatca mətbəxdə oturub çay içəcək.

Qapılarına çatar-çatmaz, o biri səkidə portağal satıldığını görüb özünü o tərəfə atdı, maşın yolunu keçmək istəyirdi ki, ayağı sürüşdü, üzü üstə palçığın içinə yıxıldı.

...Səkinə arvadı qoluna girib evlərinə gətirəndə, Qafar kişi də, qızı da dəhlizə çıxdılar, arvadı başdan-ayağa palçığın içində gördülər. Səkinə arvad ayağının birini havada saxlamışdı, içəri girən kimi çənəsi əsdi, ağlamsındı:

– Qıçım sındı... – dedi.

Qafar kişi ilə qızı birtəhər onun palçıqlı paltarlarını soyundurdular, əl-üzünü yudular, çarpayıya uzatdılar.

Elə bu vaxt nəvəsi gəldi, içəri girib xizəkləri bir tərəfə tulladı, qəhərdən boğula-boğula:

– Eh, qar əriyir... – dedi.

Səkinə arvad ilan vurmuş kimi qalxıb, axsaya-axsaya özünü pəncərənin qabağına atdı.

...Qar kəsmişdi, səkilərə yığılan ağ qar topaları buludların arasından görünən günəşin ilıq şüaları altında əriyib sulanırdı...

Qar Səkinə arvadın ürəyini ağrıda-ağrıda, içini göynədə-göynədə axıb suya dönürdü. Arvad qara baxdı, baxa-baxa sakitcə ağladı. Nəyə görə ağlayırdı, özü də bilmirdi... Sonra çönüb yaşlı gözləri ilə divanın bir küncündə büzüşüb oturan Qafar kişiyə baxdı. Ayağı əzilməsəydi, onu hamama salıb çimizdirərdi, dərisini soya-soya kisələyərdi, sonra onu paltar kimi sıxıb, suyunu çıxarıb, aparıb eyvandakı zivədən asardı.

Qafar kişi isə Səkinə arvadın sarıqlı ayağına baxa-baxa özü haqqında fikirləşirdi. Fikirləşirdi ki, əgər sınıbsa, batdı... Kürəyini kim ovacaq, xörəyini kim çəkəcək, kim onu çimizdirəcək?..