TUTUQUŞU
Qulağı divarın soyuqluğundan gizildəyirdi…
Divarın o biri üzündə gəzişən, asta-asta danışıb öskürüşən qonşuların səslərinin arasıyla daşların qumunu xırda, iti dırnaqlarıyla qaşıyıb ovan kərtənkələlərin balaca caynaqlarının da səsini eşidirdi… Bəzən kərtənkələlər elə bil lap yaxına gəlirdilər, divarların içini qaşıyıb az qalırdılar üzünə çıxalar, qulağının içinə doluşalar.
Fikirləşdi ki, kərtənkələlər bu divarların çoxdankı sakinləridi, hələ bəlkə də onunla yaşıddırlar. İl-ildən ovulub möhkəmliyini itirən daşların içini il uzunu oyub boşalda-boşalda, olsun ki, burda özlərinə əməlli başlı şəhər salmışdılar. Kərtənkələlər şəhəri. Axır vaxtlar kərtənkələlər şəhərinin səsi daha aydın eşidilməyə başlamışdı. Bəzən İnci qarı bu balaca heyvanların səslərini də eşidirdi… Kərtənkələlər arada bir sərçə civiltisinə bənzər qəribə səslərlə civildəşib cükküldəşirdilər. Yoxsa, qulağına səs gəlirdi?..
Evi bu yaxınlarda sökəcəkdilər. Çünki çox köhnə idi. Suvağı da, əhəngi də elə öz-özünə, durduğu yerdə ovulub tökülürdü. Tavanının taxtaları da uzun illərin yağışlarından nəm çəkib qarın atmışdı, amana bənd idi ki, iki bölünüb başına uçsunlar. Payız-qış ayları isə vəziyyət lap pisləşirdi. Qədim, hündür qapıların, dördlaylı pəncərələrin cırıltısı küləyin səsinə qarışıb evi ac canavar ulartılarıyla doldururdu, canına vəlvələ salıb, onsuz da zəif əsəblərini tarıma çəkirdi. Onda İnci qarı məcbur olub ayağa qalxırdı, döşəmənin tavandan geri qalmayan çürük taxtalarını cırıldada-cırıldada evin içiylə o baş-bu başa gəzişirdi, küləyin səsini bir qədər də olsa, batırmaqdan ötrü divar radiosunu yandırıb səsini artırır, pəncərənin məhəccərinə söykənib kimsəsiz küçənin qaranlığına zillənirdisə də, küləyin canına doldurduğu növbənöv qorxulardan qurtula bilmirdi.
Qorxuların ən qarası isə evin vəziyyətindən daha bərbad olan səhhəti, gün-gündən heysizləşib zəifləyən dizlərinin, qövsə dönmüş qəddinin bir daha əvvəlki halını ala bilməyəcəyidi.
Əlləri də əsirdi, barmaqları arıqlıqdan, ya qocalıqdan, quru budağın zoğları tək, hərəsi bir yana burulmuşdu. Ayaqları da sözünə baxmırdı, irəliyə atanda yana, yana atanda geriyə gedir, ya da yeridiyi yerdə büdrəyib az qalırdı, onu üzü üstə yerə yıxa.
Damağı da qurumuşdu… Odu ki, ağzı daha dad hiss eləmirdi. Xörəkləri ha duzlayıb ədəvalayırdısa da, ha ağzının içində oyan-buyana hərləyib damağına toxundururdusa da, hər şey kağız dadı verirdi.
Hamısı qocalığın əlaməti idi, – fikirləşdi. Canı da qızmırdı… əl-ayağı oturduğu, ya dayandığı yerdə buzlayıb donurdu. Ha altdan-üstdən geyinib qıfıllanırdısa da, qapı-bacanı kip bağlayıb qaz pilətəsinin gücünü artırırdısa da, dil-dodağını yandıra-yandıra, üst-üstdən qaynar-qaynar çay içirdisə də, balaca bədəni isinmək bilmirdi ki, bilmirdi. Divarın soyuğu da bu yandan…
Bəzən İnci qarıya elə gəlirdi ki, bədəninin büzlamağı da, ayaqlarının sözünə baxmamağı da təqaüdçü həyatının nəticəsi idi. Hərəkətsizliyin, saatlarla boş-boşuna oturub divarlara, tavana zillənməyinin nəticəsi idi. Neyləyəydi?.. Nə qədər öz-özüylə nərd oynamaq olardı?.. Öz-özünü udub-uduzmaq olardı?.. Nə qədər evin üzbəüzündəki məktəb kitabxanasından götürdüyü macəra kitablarını səssiz gecələrlə, darıxdırıcı günortalarla oxuya-oxuya mürgü vuraydı?.. Kitabxana işçilərinin danışıb-gülməkdən, ya cavan bədənlərinin istisindən allanmış qızların, arxasınca xısın-xısın gülüşdüyünü eşitsə də, özünü eşitməzliyə qoyaydı?..
Evin içində də baş qatmağa, silib parıldatmağa, təmizləyib arıtlamağa bir iş qalmamışdı daha. Hər şey tərtəmiz, səliqəli, yerli-yerində idi. Qab-qaşıqlar, tava-qazanlar yuyulub-sürtülməkdən taxçanın rəflərindən işıq saçırdı. Sandıq və siyirtmələri, paltar şkaflarının rəflərini töküb-yığmaqdan, saf-çürük eləməkdən zinhara gəlmişdi… Yay gəlməmiş qış paltarlarını, qış gəlməmiş yay paltarlarını sandığa yığıb, havalar geriyə qayıtdıqca, yenidən əvvəlki yerinə qaytarmaqdan da daha həzz almırdı.
Döşəmənin taxtaları da səhər-axşam yuyulmaqdan rəngini itirib pürşüklənmişdi. Dibçəkdəki güllər tez-tez sulanmaqdan şişib, uzanıb saralmışdı… bıçaqlar itilənməkdən nazilib incəlmiş, pəncərə şüşələri silinməkdən, az qala, yox olacaqdı. Döşəkağları yuyulub çəngələnməkdən, sıxılıb qurudulmaqdan süzülüb cırılırdı. Yorğan-döşəyin yunu da didilib daranmaqdan nazilib seyrəlmişdi. Daha nə edəydi?..
Son zamanlar vaxtının əsaslı bir hissəini yataq otağndakı adamboyu güzgünün qabağında – tökülən saçlarını, çürüyüb düşmək üzrə olan dişlərini saymaqda keçirməyi günün ən uzunçu saatlarından – bütün şəhərin, qonum-qonşunun ağır fasilə yuxusuna qərq olduğu sakit günortalarından sivişməyə əməlli-başlı kömək edirdi. Saatlarla güzgünün qabağında otura-otura, çiyinlərinə, ya döşəməyə düşən saçlarını toplayıb saymaq, hər gün tökülən saçları həftələrə, aylara vurub ümumi rəqəmi almaq, yaxud sağlam və çürük dişləri hesablayıb kağızda qeyd aparmaq, aparılan uçotu nahar mizinin süfrəsinin altında saxlamaq – həyətyanı təsərrüfatla məşğul olmaq qədər maraqlı idi.
Bəzən bu qeydiyyatlar saçlarının gün-gündən daha az töküldüyündən xəbər verir, bəzənsə əksinə, saç tökümünün getdikcə sürətləndiyini bildirir, ovqatını yerli-dibli təlx edirdi.
Dişlərinə gəlincə isə, hər dəfə dişinin birini gah artıq, gah da əskik hesablayırdı. Ürəyində götür-qoy eləyə-eləyə tökülən dişlərini bir-bir yadına salır, hər birinin nədən xəstələndiyini, damağından necə qopduğunu yadına salmağa çalışır, yadına düşənləri səliqəylə kağızda qeyd edirdi. Bu işdən də yorulub bezəndə, İnci qarı başmaqlarını sürütləyə-sürütləyə gedib, divarın ən rahat yerində yolunu gözləyən yumşaq oturacaqlı kətilinə çökür, qulağını divarın soyuq üzünə söykəyib, nəfəsini içinə qısır, qonşu mənzildən gələn hənirtilərə qulaq kəsilirdi.
…Divarın o üzündə hələ də sakitlik idi. Olsun ki, ev sahibləri hələ işdən qayıtmamışdılar.
İnci qarı üzbəüzdəki divardan asılmış saata baxdı.
Saat ikinin yarısını göstərirdi.
Günün məhz bu vədəsi ev sahibləri artıq işdən evə dönməliydilər. Məhz bu saatda qonşu mənzilin qapısına açar salınmalı, içəri əvvəl evin xanımı, bir neçə dəqiqədən sonra məktəbli uşaqları, daha bir neçə saatdan sonra isə əsəbi əri daxil olmalıydı.
İndi isə qapıya açar salınmırdı. Olsun ki, nə isə baş vermişdi.
İnci qarının ürəyi zəif-zəif döyündü.
Nə baş verə bilərdi axı?.. Harda olsalar, indilərdə gələcəkdilər, – qarı özünü sakitləşdirdi.
Bu evin xanımını İnci qarı ürəyində şərti gəlini, məktəbli uşaqları, üzlərini ara-sıra uzaqdan-uzağa gördüyü nəvələri elan etsə də, əsəbi atalarını heç cür kürəkənliyə qəbul edə bilmirdi. Səbəb – qonşu kişinin öz qaradinməzliyindən İnci qarının qulaq həyatına daxil ola bilməməsi idi.
Gəlinlə uşaqların mehriban ünsiyyətlərindən isə İnci qarı həmişə zövq alır, içi həyat eşqi ilə dolu qəribə, ilıq bir ovqata düşürdü… keçmiş çağları – uşaqlığını, məktəb dövrlərini, ana-bacılarını xatırlayıb geriyə – həmin dövrlərə qayıdır, hər şeyi yenidən yaşamağa başlayırdı... divarın o biri üzündə deyilən hansısa sözdən, ya televizordan axan musiqidən həyəcanlanıb qəhərlənir, başını divara söykəyib sakit-sakit ağlayırdı… Bəzənsə, elə də olurdu ki, divarın o biri üzündə mübahisəyə girişən “nəvələrin” səsindən, “gəlininin” yersiz deyintilərindən əsəbiləşib özündən çıxır, divarı yarıb o biri üzə keçə bilmədiyindən, ayağa qalxıb divardan aralanır, mətbəxə keçib əsəbilikdən əlləri titrəyə-titrəyə özünə çay tökür, sonra otağa qayıdıb televizorla üzbəüzdəki kreslosuna əyləşir, çaydan içə-içə, nadinc “nəvələrindən” və sözbaz “gəlinindən” ayrı yaşadığına görə, özünü xoşbəxt sana-sana verilişlərə baxırdı. Amma elə ki, küləyin kükrəmə dəmi yetişirdi və çölün uğultusu İnci qarının balaca daxmasına dolub qapı-bacanı titrətməyə başlayırdı, köhnə tavan durduğu yerdə suvağından bir parça qoparıb onun üstünə atırdı, qarı o dəqiqə bayaqkı yerinə dönür, yumşaq üzlü kətilinə oturub xəyalən də olsa, divarın o biri üzünə qayıdırdı…
…Divarın o biri üzündə hələ də sakitlik idi.
İnci qarı saata baxıb peşman halda ayağa qalxdı, keçib bu biri divarın önündəki kətildə əyləşdi.
Bu divara İnci qarı ehtiyatla qulaq asırdı. Çünki bir neçə ay bundan əvvəl həmin bu divarın o biri üzündən eşitdiyi sözlərdən sonra düz bir ay özünə gələ bilməmişdi. Divardan eşitdiyi isə bu olmuşdu ki, yazda, illah da yazın indiki aylarında qanın dəyişməyi səbəbindən ölüm halları çoxalır. Ölənlərin əksəriyyəti də, illah, qocalar olur. Ələlxüsus da, divarın o biri üzündə yaşayan İnci qarı kimi tənhalar… Məhz həmin o tənhalıq ucbatından bu sərt fəsildən salamat çıxa bilməyən zavallı kimsəsizlər...
Bir dəfə isə İnci qarı divarın o biri üzündən, yağlı ət qovurmasının iyinə qarışıb otağına sızan qadın səsinin:
– Belələrinə heç nə olmur. Bizsə, bu qədər adam gör bir hara sığınmışıq?!.. – dediyinə cavab olaraq, kiminsə, ağzını divarın o biri üzündən onun düz qulağına dirəyib:
– Daha lap az qalıb, döz bir az, – deməyindən az qalmışdı oturduğu yerdə huşunu itirə. Gözləri qaralıb nəfəsi təngisə də, divarı döyüb:
– Nə axmaq-axmaq danışırsız orda?.. – deyə bilməsə də, bütün axşamı evin içində dünya başına hərlənə-hərlənə qalmışdı… Gecəni səhərə gözünə yuxu getmədən, calamışdısa da, bu divarın cazibəsindən qurtula bilməmişdi ki, bilməmişdi.
Bu biri divarın o tayında isə Mila adında orta yaşlı bir gürcü qadını yaşayırdı. Milanın dörd qızı, iki iti, bir pişiyi və bir tutuquşusu vardı. Evindən daim heyvanxana iyi gəldiyindən, İnci qarı onu qəsdlə “Mıla” – çağırırdı. İrad tutanda da deyirdi ki, “Mila” deyə bilmir, dilinə yatmır.
Bu divara İnci qarı, əsasən, gecələr – küçədən əl-ayaq çəkiləndən, “gəlini və nəvələri” yuxuya gedəndən sonra evə öldürücü sakitlik çökməyə başlayanda qulaq asırdı. Milanın evinin yolka şənliyinin hay-küyünü andıran şən səs-küyü, ən zülmət gecələrdə belə, İnci qarının evinin səssizliyinə qəribə, xoş ovqat qatırdı…
***
…İnci qarı gecənin bir yarısı yuxudan ayıldı. Ha çalışdı yenidən yata, gözünə yuxu getmədi. Yataq otağının qaranlığı getdikcə artıb böyüdü… divarlar da qaranlıqla bir böyüyüb dörd bir yandan üzünə zilləndilər…
Ürəyi zəif-zəif çırpındı. Bəlkə Ölümü gəlmişdi?..
Yorğanı üstündən atıb ayağa qalxdı, özünü birtəhər mətbəxə yetirib orda – fincanların böyründə ehtiyatda saxladığı ürək dərmanını dilinin altına qoydu, divar radiosunu yandırıb kətilə əyləşdi. Radionun həzin musiqisi mətbəxə yayıldıqca, ürək döyüntüləri səngiyib avazıdı, nəfəsi qaydasına düşdü. Yataq otağına qayıdıb yerinə girəndən sonra isə ağlına gələn ilk fikir bu oldu ki, bir gün bu sayaq səssiz gecələrin birində, yuxudan ayılıb getdikcə qaralan, qaraldıqca divarları böyüyüb yuxarıdan-aşağı üstünə zillənən bu tənha otağında dünyasını dəyişəcək… Bir kimsə də bundan xəbər tutmayacaq. Bədəni burda – ötən il açıb yenidən sırıdığı təzə çit üzlü yorğan-döşəyin arasında qalıb çürüyəcək. Qonşular onun görünmədiyindən duyuq düşüb, nəhayət, hərəkətə gələcəklər, qapısının ağzına yığışıb həyəcan təbili döyəcəklər, axır, bir yolla içəri daxil olub yatağına pərçimlənən cansız vücuduna zillənəcəklər… Sonra bunu təsəvvürünə də gətirdi… ürəyi pis-pis sıxıldı, ayağa qalxıb çarpayısını hıqqıldaya-hıqqıldaya pəncərənin qabağına sürütlədi, sonra yenidən yorğanın altına girib fikirləşdi ki, bu nə həyat idi axı yaşadı?.. Ən yaxşı günlərini Bakıdan Qobuya, Qobudan Bakıya gedib gələ-gələ, günün altında saatlarla oynamaqdan üzləri ala-tala kənd uşaqlarına savad verə-verə... o avtobusdan-bu avtobusa, o tramvaydan-bu tramvaya minib düşə-düşə, o dayanacaqda, bu dayanacaqda yağışın, günəşin altında dayanıb gözləyə-gözləyə… Elə bil yol ölçmək üçün gəlmişdi bu dünyaya.
Hə, yol ölçmək üçün gəlmişdi. İndi də bircə yolu qalırdı... Bir daha geriyə qayıda bilməyəcəyi gedər-gəlməz yolu.
Fikirləşdi ki, axı niyə belə yaşadı?.. Bir kəsi özünə yaraşdırıb ailə qurmadı, rəfiqələrinə inanmadı, təqaüdə çıxandan sonra belə, dənizkənarı parkda, xiyabanlarda skamyalarda iki-bir, üç-bir yığışıb dərdləşən özü kimi tənha qarılarla ünsiyyətə girmədi... Tənhalıq üçün gəlmişdi bu dünyaya, nədi?.. İndi necə olacaqdı?.. Neçə gündən, ya bəlkə aydan sonra qapılarını sındırıb onun cansız bədənini tapanlardan kim basdıracaqdı onu, qəbrini kim qazacaqdı, kim ağlayacaqdı?..
Gözləri doldu… Anası yadına düşdü. Fikirləşdi ki, kaş onu heç tapmasınlar. Bilməsinlər nə oldu, hara getdi. Sonra gözünün yaşı balışa süzülə-süzülə fikirləşdi ki, niyə belə eləyir? Hamının şirin yuxuda olduğu bir vaxt qaranlıq, kimsəsiz otağında, yorğan-döşəyin içində ağlayır?..
Ömrü boyu min əzab-əziyyətə dözüb səbr eləyə-eləyə, gecələri gündüzə, gündüzləri gecəyə qatıb vaxtı qovmağı buna görə idimi?..
Hava işıqlanırdı… Qonşu eyvandan Milanın tutuquşusunun şən çığırtıları eşidilirdi. Quş kimisə görmüş kimi ucadan:
– Sabahın xeyirrr! Sabahın xeyirr!.. – deyə çığırırdı…
Fikirləşdi ki, onun da belə bir tutuquşusu olsaydı, bəlkə də özünü bu qədər tənha, kimsəsiz hiss eləməzdi. Onu yedirdərdi, içirdərdi, danışmağı öyrədərdi ki, darıxanda ona həmsöhbət olsun, bitlərini təmizləyərdi və sair və ilaxır. Öləndə də tutuquşu onu baxımsız qoymazdı, başının tüklərini qabardıb var səsiylə: “Öldü!!!”, “Öldü!!!” deyə çığırıb aləmə car çəkərdi, adamları yığıb bura tökərdi…
***
Səhərisi gün İnci qarı tutuquşu almaq üçün şəhərin mərkəzi küçələrindən birində yerləşən zoomağazaya yollandı.
Dükanın heyvanxana qoxulu otaqlarının dörd bir tərəfindən asılmış qəfəslərin başına dolanıb rəngbərəng tutuquşulara baxdı. Eynilə Milanın tutuquşusuna oxşar ağ lələkli, iri bir tutuquşu seçib qəfəsinin də pulunu ödədi. Tutuquşunun evə çatdırılması dükandan hədiyyə idi. Quşla bir yerdə İnci qarını da evinə gətirdilər.
Evə çatan kimi, qapını bağlayıb qəfəsi stolun üstündə yerləşdirdi, özü də yaxında əyləşib qəfəsin dəmirlərini barmaqlarının ucuyla taqqıldada-taqqıldada quşu danışdırmağa çalışdısa da, quş dillənmədi, düymə gözlərini qarının üzünə bərəldib ətrafı əyri-əyri süzdü, sonra qəfəsin o biri küncünə qısılıb qarıya arxa çevirdi.
Qarı fikirləşdi ki, olsun ki, quş acdı, onnan acıqlıdı. Qəfəsi qucağına alıb hıqqana-hıqqana eyvana çıxardı, orda üstü müşəmbəli taxta masanın üstünə qoyub yem gətirmək üçün mətbəxə qayıtdı, dükandan qəfəslə bir alıb gətirdiyi yemi dəmir qaba səpə-səpə fikirləşdi ki, şükür Allaha, daha canı divarlara qulaq asmaqdan qurtardı. İndi qonşular ha danışsınlar, ha qeybətini qırıb onun ölümünü gözləsinlər, o ölən deyil. Bundan sonra bu ağ lələkli, ağıllı quşla yaşayacaq, ona təzə-təzə sözlər öyrədəcək.
Bu fikirlərlə yem dolu qabı əlinə alıb eyvana qayıdanda isə İnci qarının gördüyü mənzərədən ürəyi qırıldı…
Bayaqdan bura ona düşmən gözlərlə zillənən tutuquşu özünə həmsöhbət tapmışdı… boğazının tüklərini Milanın eyvanındakı tutuquşuya qabardıb:
– Sabahın xeyir!! – deyə çığırır, Milanın tutuquşusu təpəsindəki lələyini cıqqa kimi dikəldib:
– Abatın xeyir!! – deyə, ona cavab verirdi…
1979