ŞƏNBƏ GECƏSİ
…Qalxıb yerinin içində oturdu. Saçları bir-birinə qarışıb boynunun dərisini gicişdirirdi. Fikirləşdi ki, indi qalxıb güzgüdə üzünə baxsa, vahimədən bağrı yarılacaq. Çünki axşamdan kirpiklərində qurumuş vəsmə, indi, Allah bilir, gözünün altına yayılmışdı, onu dəhşət-filmlərin qorxunc personajlarına bənzədirdi…
Yatmamışdan üz-gözünün boyasını silməyi heç cür çatdırmırdı. Ya yadından çıxırdı, ya da idarə və ev işlərinin çoxluğundan o qədər yorulurdu ki, uşaqları yuxuya verməkdən ötrü yataqlarına salıb, özü də yanlarında uzanaraq nağıl danışmağa başlayanda onlardan qabaq özü yuxuya gedirdi.
Hər axşam da hər şey ondan başlayırdı ki, işdən evə qayıtmağıyla, ayağını qapıdan içəri qoymağıyla ev işləri, əri və uşaqlarıyla bir, sonu olmayacaq qorxunc yuxu kimi üstünə tökülürdü…
Anası onu görən kimi başını dəsmalla bağlayıb divarları tuta-tuta, ləngər vura-vura yataq otağına keçirdi. Elə gedirdi, elə bil bir daha geriyə qayıtmayacaqdı; yataq otağının qapısını elə bağlayırdı, elə bil o qapını bir daha açmayacaqdı. Elə bil otağın qapısını yox, içinə girib əbədilik yuxuya gedəcəyi qəsrin ağır qapılarını bağlayıb o biri üzdən kilidləyirdi; elə bil yatağına yox, yatağından da aşağıya – evin, uşaqların səsi eşidilməyən dərin quyuya girib orda ölürdü.
Anası hər axşam ayaqlarını beləcə yorğun-yorğun ardınca sürüyə-sürüyə yataq otağına gedəndə, özünü müttəhim kürsüsündə, üzünün hər xırda cizgisini bütün dəqiqliyi ilə göstərən gur projektorların işığı altında hiss eləyirdi. Çünki uşaqları dünyaya gələndən bəri qonum-qonşu, qohum-əqrəba ittiham və kinayə dolu baxışlarla ona elə baxırdılar, elə bil onu nə vaxtsa, lap bu yaxınlarda hansısa dəhşətli cinayətin üstündə yaxalamışdılar; ona deyiləsi sözlərini ürəklərində qəribə bir nisgillə elə saxlayırdılar, elə bil dillərinə gətirməklə nə isə daha dəhşətli bir cinayətin baiskarlarına çevrilməkdən qorxurdular. Yolda, ya həyətdə rastına çıxanlardan hansı birisə utanıb sıxıla-sıxıla, dişlərinin arasında sıxdığı sözlərini zorla dilə gətirə-gətirə:
– Anan yazıqdı axı?!.. Uşaqlarına yiyə dur, – deyirdi. – Nolar, bir-iki il işləmə. Hökumətin işi sənsiz də keçər. – Sonra da tələsik addımlarla ondan elə uzaqlaşırdı, elə bil onun, cavab əvəzinə yumruq atacağından ehtiyat edirdi.
Bir də anası o, işdən qayıdandan sonra yataq otağına elə yorğun-yorğun gedəndə, nədənsə keçmişləri – anasıyla bir keçirdiyi şirinli-acılı günləri, anasının, qədim filmlərin məzmununu andıran söhbətlərini, bazar günləri birlikdə kinoya getməklərini, dondurma alıb orda – kinoteatrın foyesində xüsusi iştahla yeməklərini xatırlayırdı…
Onda anası ayaqlarını belə sürümürdü, yeriyəndə divarlardan tutmurdu, ləngər vurmurdu... Anasını o qocaltmışdı. Öz əsassız iddialarıyla, bitib-tükənməz problemləri və uşaqlarıyla. Anası, gözü onun üzündə, uşaqlarını yedirdib böyüdə-böyüdə qocalırdı...
Onu da beləcə dinməz-söyləməz böyütmüşdü, bacı-qardaşlarını da. İndi də uşaqlarını böyüdürdü. Sabah uşaqlarının da uşaqlarını o böyüdəcəkdi, onların uşaqlarını da, nəvələrini də, nəticələrini də... Beləcə ayaqlarını sürüyə-sürüyə, ləngər vura-vura, saysız-hesabsız uşaqları yedirdəcəkdi, bələyəcəkdi, balaca dırnaqlarını balaca qayçıyla tutub çimdirəcəkdi… qolu sözünə baxmayanda, bələkləri dişiylə qaldıracaqdı, ayaqları heydən düşəndə evin içi ilə dizin-dizin sürünəcəkdi… Onda olsun ki, anasının döşünə süd gələcəkdi, gözünə işıq gələcəkdi, saçları uzanıb topuğuna düşəcəkdi...
Ya, bəlkə, tərsinə olacaqdı?.. Anasının gücü, heyi günlərin bir günü, axır ki, tükənəcəkdi… və anası heyi bitmiş vücudu ilə yatağına uzanıb bir daha ordan qalxmayacaqdı… nəfəsini ağır-ağır dərə-dərə, dinməz-söyləməz üzünə zillənib qalacaqdı… O da vicdan əzabından qovrula-qovrula, özünə, öz xudpəsəndliyinə nifrət eləyə-eləyə qalacaqdı…
Belə fikirləşəndə ürəyi, az qala, ağzına gəlirdi... Hə, belə getsəydi, anası mütləq yorğan-döşəyə düşəcəkdi. Bunu dəqiq bilirdi. Bunu anasının yeriməkdən balacalaşan ayaqlarına baxanda necəsə bədəninin hansı toxumasıylasa hiss eləyirdi.
Axır vaxtlar anasının gözləri də, əvvəlkindən xeyli kiçilmişdi, əlləri də yığılıb uşaq əllərinə bənzəməyə başlamışdı.
Özü ana olandan bəri daha əvvəllər elədiyi kimi, anasının xırda, koppuş ayaqlarıyla əvvəlki kimi oynamırdı, qolunu qucaqlayıb ətini xırda-xırda çimdikləmirdi, gecələr çarpayısının kənarına əyləşib hava işıqlananacan söhbət eləmirdi. Bütün bunlara daha nə onun, nə də anasının vaxtı və heyi yox idi.
Fikirləşdi ki, ümumiyyətlə, uşaqları olandan bəri o da, anası da elə bil danışmağı yadırğamışdılar. Günləri səhər-axşam xörək bişirib paltar sərməkdə, evləri yığışdırıb uşaqları bir-birinə ötürməkdə keçir...
Uşaqları olandan bəri anası da daha əvvəlki kimi onun qeydinə qalmırdı, ac olub-olmamağı ilə maraqlanmırdı, qanı qaralanda başını sığallamırdı, onu yenicə dil açan körpə danışığı ilə şirin-şirin dindirib könlünü almırdı… İndi elə bil anasıyla bir evdə yaşamaqları da bu uşaqlara görəydi. Bir də elə bil bura daha ev deyildi, sərt qanun-qadağaları altında inlədikləri hərbi idarə idi…
Bir sözlə, uşaqları hər şeyi dəyişmişdi. Anasını da, onu da, evini də.
Hər dəfə bu yerə gəlib çatanda özünə haqq qazandırmaqdan ötrü fikirləşirdi ki, əlac nədi axı?.. İşə getməyə bilməzdi. Analıq məzuniyyətinin vaxtı bitib başa çatmışdı. Uşaqları körpələr evinə verməyə də anası razı olmurdu…
Uşaqlar da ki, böyümək bilmirdi, – gözləri əsəbilikdən qarala-qarala fikirləşib yorğanı başına çəkdi. Nə ona, nə anasına oxşamayan bu balaca, şıltaq məxluqların səhər-axşam yazıq arvadın hövsələsini daralda-daralda, ömrünü çürüdə-çürüdə zıqqıldayıb, az qala, düz divara dırmaşmaqlarını təsəvvürünə gətirdi. Allah eləməmiş, anasına bir şey olsa, neyləyəcək?.. – fikirləşdi. Uşaqlarının ikisini də bir əli ilə boğub öldürəcək, anasının da, özünün də canını bu insan simalı gəmiricilərdən qurtaracaq… və hər şey əvvəlki qaydasına – öz normal halına qayıdacaq.
Bir də anası, Allah eləməmiş, yorğan-döşəyə düşsə, qonum-qonşunun, tanış-bilişin acıqlı baxışları üzünə zillənəcək, dörd bir yandan üstünə tuşlanan yüzlərlə şəhadət barmağının arxasından:
– Vicdansız!.. – deyə qışqıran səsləri ərşə dirənəcək...
Bütün bunları, demək olar ki, hər səhər, ələlxüsus da, geyinib-kecinib, uşaqların yanaqlarından öpüb işə yollananda fikirləşirdi. İdarədə də bütün gününü özünə nifrət eləyə-eləyə, vicdan əzabları və üzüntüləri içində keçirirdi. Bu haqda axşamlar da – işdən evə qayıdanda pillələri yorğun addımlarla qalxanda da fikirləşirdi... Ayağını kandardan içəri qoymağa, əynindəkiləri soyunmağa macal tapmamış, gün uzunu evdə, nənələriylə qalmaqdan bezikib darıxan uşaqlarının qapının ağzındaca ayaqlarına sarılmağı bir olurdu. Sarmaşıq kimi bədəninə sarılan uşaqların əlindən ayaqqabılarını, dəhlizdən otağına keçə-keçə yolüstü, ayaqlarını silkələyib hərəsini bir yana ata-ata çıxarmalı olurdu… soyunmağa macal tapmadığından, üst-üstdən geydiyi iş geyimlərinin istisindən buğlana-buğlana mətbəxə keçib yolüstü aldığı xırım-xırda bazarlığı yerbəyer eləyir, qıçlarına dolaşıb bədəni boyu üzüyuxarı dırmaşan uşaqlarının başlarından, üzlərindən öpürdü ki, səs salıb, yataq otağına çəkilən anasını narahat eləməsinlər. Bir əliylə pilətənin üstündə buğlana-buğlana daşıb-tökülən çaydanın altını söndürür, o birisiylə döşəmənin üstündə civildəyən oyuncağın səsini kəsir, paralel olaraq, uşaqların aramsız suallarına cavab verə-verə əllərini yuyur, paltarını dəyişirdi... Uşaqlarsa, fürsətdən istifadə edib stolun üstündə əlinə keçənləri didib tökür, tozlu kartofları yerə salıb döşəmə boyu dığırladır, göyərtiləri torpaqlı-torpaqlı ağızlarına təpib çeynəyə-çeynəyə suallarını yağdırmağa davam edirdilər.
– O nədi?..
– Çörək.
– Bu nədi?
– Yumurta.
– Bəs o nədi?
Bəzən qəfildən hövsələsinin daraldığını, əsəblərinin kamança simi kimi tarıma çəkilib qırılmaq istədiyini hiss eləyirdi… Belədə əl atıb tavandan asılan çilçırağı kökündən qopartmağı, bütün evi uçurub dağıtmağı gəlirdi. Amma nə əli tavana çatırdı, nə evi uçurmağa ürəyi gəlirdi… köksünü ötürüb əsəbilikdən boğula-boğula, səbirlə paltarını dəyişirdi, başmaqlarını geyinib əllərini yuyurdu, bütün axşamı bir gözü saatın əqrəblərində, dəqiqələri saya-saya, uşaqların yatmağa yollanacağı gözəl dəqiqələri – doqquzun tamamını gözləyə-gözləyə axşam işlərini yerinə yetirməyə girişirdi. Uşaqları yedirdib yuxuqabağı bir-bir qarşoka oturdurdu, vannaya salıb, çimizdirib əyinlərini dəyişirdi, saçlarını qurudub saatın əqrəblərinin tərpənməyini gözləyirdi. Doqquzun tamamını göstərəndə, ürəyi qarşıdan gələn azadlıq fasiləsinin sevincindən döyünə-döyünə uşaqları yataqlarına salır, eyni nağılı yüzüncü dəfə, əsnəyib aradabir özü də yuxuya gedə-gedə, iş gününün yorğunluğundan gözləri bağlana-bağlana, bir əli uşaqların qaşlarını, saçlarını tumarlaya-tumarlaya, hərdən də çimdikləyə-çimdikləyə danışırdı... Nə qədər çalışıb özünü ələ alsa da ki, uşaqlarıyla bir yatıb yuxuya qalmasın, bir-iki saatlıq da olsa, yazılarıyla, yarımçıq qalan əlyazmalarıyla məşğul olsun, yaxud nəsə oxusun, alınmırdı. Dilini döyənək eləmiş nağılların içində, uşaqlardan qabaq özü itib-batırdı, paltarlı-corablı, kirpiklərinin sürməsi süzülüb gözünün altına yayıla-yayıla yatıb qorxulu-nağılvarı yuxulara qərq olurdu... həmin o yuxularda uşaqlarını paltar kimi əyninə geyirdi, corab əvəzinə qıçlarına çəkirdi, sonra ha çalışırdı onları soyuna, soyuna bilmirdi… əynindən, ayağından çıxara bilmirdi… Qıçlarına, əyninə geydiyi uşaqları çığırışıb bədəninin dörd bir yanından ağlamağa, ətləri kəsilmiş kimi pis-pis ulamağa başlayırdılar… Onda bədənindən bir ağlaşma qopurdu ki, az qalırdı vahimədən ürəyi dayana...
Gecənin bir aləmi isə yuxudan ayılıb, bəzən də elə yuxunun içindəcə bədənini yandırıb-yaxan pal-paltarını, qıçlarını gicişdirən corablarını çıxarıb atırdı. Bəzən də corabları, pal-paltarı bədəninə pərçimlənib heç cür çıxmaq istəmirdi... Onda yuxuda elə paltarlı-corablı, boğanaq tüstülü ocaqlarda yana-yana boğulub ölürdü… yaxud yuxudan, son nəfəsi xirtdəyində çalxalananda ayılırdı və daha yata bilmirdi, ayağa qalxıb qaranlıq otaqların arasıyla dəli kimi gəzişirdi. Gah mətbəxə gedib su içirdi, gah hamama girib orda güzgüdə, yuxunun vahiməsindən qarası kiçilib ağı böyüyən gözlərinə baxa-baxa, özünə ölüm istəyirdi...
…Üz-gözünü ovuşdurub fikirləşdi ki, bu nə həyatdı yaşayır, nə qədər olacaq bu?.. Çönüb yan çarpayıda baş-başa verib mışıl-mışıl yatan uşaqlarına baxdı. Uşaqlar elə yatırdılar, elə bil səhər-axşam evi bir-birinə qatıb-qarışdıran, səsləri beyninə, iliyinə işləyən bunlar deyildi.
Uşaqlarına nəyə görəsə gecələr – körpələr balaca əl-ayaqlarını qarınlarına yığıb, səsləri içlərində fağır vücudla yatanda – yazığı gəlirdi. Ümumiyyətlə, gecələr hamıya yazığı gəlirdi. Uşaqlarına da, anasına da, Azada da… Gecələr, ümumiyyətlə, necəsə hamı fağırlaşırdı elə bil. Bircə o fağırlaşmırdı. Yuxularında da kimlərləsə əlləşirdi, nələrəsə müqavimət göstərirdi, hansısa ocaqlarda tüstüdən boğulurdu...
…Azad bu biri çarpayıda üzüqoylu elə yatmışdı, elə bil kimsə gecənin bir aləmi qapılarını açıb, onu lazımsız çuval kimi sürüyüb bura tullamışdı. Əlləri döşəməyə sallaq vəziyyətdə asta-asta fısıldayırdı.
Yenə üzbəüzdəki kitab rəflərinin üstündə toz basmış yazı makinasına, nə vaxtsa tələm-tələsik, necə gəldi, qovluqlara yığıb makinanın böyrünə basdığı yazılarına baxdı…
Bu, onun yazılarıydı... Neçə ayların tozunun altında bozarıb saralan bu vərəqlər onun uzun-qısa, baş-ayaq cümlələriylə, sözləriylə dolu idi... İndi bütün o sözlər – onun hissləri, fikirləri, günlərlə, aylarla yazıb üst-üstə yığdığı müxtəlif ovqatları, rəngbərəng əhval-ruhiyyələri tozun altında bozarmaqdaydı… Hərflərin rəngi gedir, vergüllər, nöqtələr ağarıb yoxa çıxır, cümlələr bir-birinə qarışıb mənalarını itirirdi…
Makinanın dilləri də tozdan elə bil kütləşirdi… hərflər bir-birinə oxşamağa başlayırdı... Makinayla, yazılarıyla bir, o özü də beləcə saralıb solmaqda, tozun altında bozarmaqdaydı… toz başının içini də doldurmuşdu…
Uzun müddətdən bəri fikirləşməyə macal tapmadığından, beyninin yastılanıb quruluşunu dəyişdiyini, məktəbli plastilini kimi hamar və dördkünc olduğunu hiss eləyirdi…
Beyni səhər-axşam dünyadan bezə-bezə gördüyü işlərin yeknəsəqliyindən və mənasızlığından yastılanıb bu kökə düşmüşdü, içi – uşaqların yaş tumanlarıyla, sıyığı əsəbi-əsəbi bulayan xörək qaşıqlarıyla, döşəməsilən və süpürgələrlə, isidicinin üstündə, əyilib bürüşə-bürüşə quruyan balaca, sidikli çəkmələrlə, hər səhər dayanacaqda dayanıb gözlədiyi avtobusların nömrələri, süd satıcılarının qırmızıyanaq sifətləriylə dolu idi...
Əvvəllər, heç olmasa, səhərlər, uşaqlar oyananacan, yerinin içində uzana-uzana, o böyrü-bu böyrü üstə çönə-çönə, ürəyi istəyən qədər fikirləşirdi, uzandığı yerdəcə nələrsə kəşf edib coşur, sonra həmin o kəşflərin təsirindən, ya nədənsə qəhərlənib boğulur, ya da təzədən yuxusu gəlir, tavana baxa-baxa, nə vaxt yuxuya getdiyindən xəbəri olmurdu.
…Saçlarını əlləriylə geriyə daraqlayıb fikirləşdi ki, əvvəllər qəribədi: haqqında düşünmək istədiyi hər bir şeyə vaxtı çatırdı… Fikirlərində istədiyini eləyir, hər şeyin yerini, yönünü dəyişib istədiyi vəziyyətə sala bilirdi, başını çarpayısından yerə sallayıb balkonun qapısının şüşəli gözündən şəhərə baxır, şəhəri tərsinə görməkdən xüsusi bir zövq alır, özünü göylə süzən maşınların, buludlardan başıaşağı sallanan adamların arasında hiss etməkdən qəribə bir azadlıq duyurdu... Belədə hər şeydən və hamıdan aşağıda dayanan günəş altdan-yuxarı zəif-zəif işarırdı... Bu tərsə-mayallaq şəhərdən sonra mütləq çarpayısının yanındakı dolabın üstündə onu gözləyən vərəqləri dizinin üstünə qoyub yazmağa, içinə dolan azadlığı kağızlara köçürüb böyüdə-böyüdə evin içinə doldurmağa başlayırdı… Orta barmağı döyənək olub göynəyənəcən, uzanan yerdə yazmaqdan gözləri qaralıb başı ağırlaşanacan yazırdı, yazırdı... Bəzən yaza-yaza, vərəqlərin ağlığından yorğanüzünün ağlığına keçdiyini hiss eləmir, vərəqdə başladığı cümlənin ardını yorğanüzündə bitirirdi. Odu ki, yadına gəlir, o illər – onda ki, hələ ərə getməmişdi, nə uşaqları, nə əri ona yazmağa mane ola bilmirdi, yorğanüzləri yarımçıq sözlərlə, hərflərlə dolu olurdu. Yazdıqlarını vərəqlərdən makinayla köçürəndə, çox vaxt yarısı itmiş sözlərin, ya hərflərin davamını axtarmaq üçün yataq otağına cumur, yorğan-döşəyini ələk-vələk eləyib axtardığını, axır ki, tapırdı.
İçini çəkib fikirləşdi ki, nə yaxşı günlər idi… nə Azad vardı, nə uşaqlar, nə yeri-göyü bürüyən bu dördkünc əsgilər…
İndi hamı və hər şey əlbir olub onu fikirləşməyə qoymurdular… Azad da, ölənəcən boynundan asılmış uşaqları da, vaxtından tez qocalıb yorulan anası da, uşaqları dünyaya gələndən bəri yatağına uzanmağıyla, onu sarımtıl bataqlıq kimi içinə sümürən yuxuları da, bir daha onu fikirləşməyə qoymayacaqdılar.
Çönüb, hələ də böyründə fısıldayan Azadın kürəyinə baxdı.
Hər şeyin baiskarı o idi... Uşaqlar da, qarşoklar da, tozun altında qalıb saralan fikir və duyğularını qarma-qarışıq söz yığını kimi bir-birinə qatıb-qarışdıran sarımtıl vərəqlərə əlinin çatmaması da onun ucbatından idi… Vərəqlər, Allah bilir, indi bir-birinə yapışıb yalnız bıçaqla kəsilə bilən plastilinə dönmüşdülər. İndi o istəsəydi, o plastilini çörəyi kəsən kimi kəsib dilimləyərdi, boşqaba qoyub, masa arxasında əsəbi-əsəbi o dilimləri yeyərdi.
Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əslində, ağlı olsa, gərək bir gün o dilimləri nimçəyə qoyub, çəngəl-bıçaqla ədəb-ərkanla yesin. O səbəbdən ki, bütün bu vur-harayın, bu qaçdı-qovdunun içində nə makinasına, nə də yazılı vərəqlərə qovuşa bilməyəcəyini dəqiq bilir. Onları zibil yeşiyinə ata bilməzdi, heç kibriti çəkib odlaya da bilməzdi. Onlar uşaqlarından əvvəl doğulmuşdular…
Canı sıxıldı… ufuldayıb özünü balışın üstünə yıxdı, əllərini qoynunda çarpazlayıb bir müddət tavana, sonra çönüb Azada baxa-baxa fikirləşdi ki, axı niyə ərə gedirdi?..
Fikirləşdi ki, əslinə qalsa, axı həmin bu yarlı-yaraşıqlı, qoluzorlu Azad onun heç nəyinə lazım deyildi?!.. Uşaqları da, həmçinin – yəqin nə ona, nə də ki, Azada lazım deyildilər. Azad üçün uşaqlar – oyuncaqdan savayı, başqa bir şey deyildi. Bunu anası da dəfələrlə demişdi, Azadın özü də. Boş vaxtlarında onları dindirib-danışdıran, əllərindən tutub maraqlı oyuncaqla başını qatan kimi oynayanda Azad özü də bapbalaca, dəcəl uşağa oxşayırdı.
Uşaqlardan hansısa yuxuda qımıldandı.
Göbəyindən iti, soyuq cərəyan keçdi elə bil… Nəfəsini saxlayıb ürəyi döyünə-döyünə sakitliyə qulaq kəsildi.
Uşaqlardan hansısa oyanmışdı… Olsun ki, onun rahat uzanıb fikirləşdiyindən duyuq düşmüşdü, odu ki, yerində qurcalanıb oyanmağa hazırlaşırdı ki, onu fikirlərindən ayırsın. Oyanan kimi də, qara gözlərini qaranlıqdan üzünə zilləyib ağzındakı əmziyi yerə tüpürəcək, balaca əlləri ilə ona sarı dartınacaqdı. Əvvəl sakitliyin içinə səs sala-sala bir neçə dəfə astadan “ma-ma…” – deyəcəkdi, onun tərpənmədiyini görüb yavaş-yavaş zıqqıldamağa, bir qədərdən sonra zırıldamağa başlayacaqdı… Bu zırıltıya o birisi də oyanacaqdı, o da oyanıb ona qoşulacaq və …
Bu da olmasa, səhərin gözü açılmamış, ikisi də yerə atılıb yalın ayaqlarını döşəməyə çırpa-çırpa o yan-bu yana qaçacaqdılar, geyinməsinlər deyə, əllərindən sivişib stolun altında, şkafların içində gizlənəcəkdilər.
Bir dəqiqənin içində beynindəkilər alt-üst oldu… ehmalca dikəlib gözünün ucuyla yaxındakı balaca çarpayıya baxdı.
Uşaqlar baş-başa verib sakitcə yatırdılar...
Nəfəsini dərib başını balışın üstünə atdı, özünə yazığı gəldi, boğazını qəhər tutdu.
Fikirləşdi ki, gör bir nə qədər vaxtını, qüvvəsini nələrə sərf edib, işi-gücü tökülüb qalıb, bu il nəşriyyatda çapa hazırlanan kitabı yenə gələn ilə qalacaq. Çünki yenə heç nə yaza bilməyib. Başı işləmir, vəssalam! Başı işləsə də, nə vaxt, harda və necə yazsın?!. Vaxt isə gedir, amansız sürətlə hardasa irəlidə uçur… Ona tərəf baxmadan, onun bəhanələrini saya salmadan, hey hayanasa axır, axır… Uzun illərdən bəri yaddaşının künc-bucağında qoruyub saxladığı, saxladıqca vaxtını ötürdüyü – cücərməyiylə yerindəcə bürüşən fikirləri, hissləri başının içindəcə məhv olub gedir… böyür-böyürə, üst-üstə yığılıb mənasını, rəngini itirir...
…Sol böyrü üstə çönüb fikirləşdi ki, demək, gözü ömrünün axırınacan beləcə yuxarıda, rəflərin üstündə – tozun altında bozaran makinasında, saralıb köhnə qəzetləri andıran yazılı vərəqlərdə qalacaq… Əlləri kartof soyub, düşbərə bükəndə, paltar çəngələyib, düyü arıtlayanda gözləri yuxarıdan asılacaq.
Çönüb, üzü Azada uzandı. Burdan Azadın üzünün yarısı görünürdü. Ərinin üzünə, çənəsində, yanağında qaralan tüklərinə baxa-baxa fikirləşdi ki, əvvəllər, uşaqlar olmamışdan Azad onun üçün maraqlı idi deyə, yaza bilmirdi. Gecə-gündüz onun haqqında fikirləşirdi, hər şeyə onun gözüylə baxırdı, dediyi hər sözü günlərlə götür-qoy edirdi. Amma indi hər şey o qədər aydın, o qədər dəqiq idi ki, bütün bu aydınlıqdan ürəyi bulanırdı.
İndi Azadın başındakı tükün sayını, demək istədiyi və deyəcəyi bütün sözlərini, hansı sözdən təəccüblənib, hansına güləcəyini də, əzbər bilirdi. Hətta Azadın yuxuda nə gördüyünü də müəyyən eləmək, indi onun üçün elə də çətin deyildi.
Üzünü Azadın üzünə yaxınlaşdırıb diqqətlə baxdı. Bu dəqiqə yuxuda şahmat oynayırdı. Atları irəli yeridir, topları geriyə çəkirdi… Gərginlikdən alnını yığa-yığa, dişlərini qıcaya-qıcaya kiməsə qələbə çalırdı. Üzü elə idi, elə bil oyunu yox, şahmat taxtasını fiqurlarıqarışıq çeynəyib udurdu, üzbəüz oturan rəqibinin gözünün içinə baxa-baxa, acgöz-acgöz içəri ötürürdü.
Əllərini başının altında çarpazlayıb tavana baxa-baxa fikirləşdi ki, bu gün şənbədi və o yenə iki gün evdə qalası olacaq. Bu fikirdən gözləri yaşardı. Bundan sonra həyatı belə keçəcəkdi. Uşaqları ətəyindən tutub üstünə dırmaşa-dırmaşa, zıqqıldayıb çəkmələrini islada-islada, onunsa gözü, rəflərin başında saralan vərəqlərdə qala-qala, yaşa dolacaqdı, bütün dünyaya və özünə nifrət eləyə-eləyə öləcəkdi… O öləndən sonra illər keçəcəkdi və günlərin bir günü onun bu sarımtıl vərəqləri kiminsə əlinə keçəcəkdi… kimsə bu yazıları o üz-bu üzünə çevirə-çevirə oxuyacaqdı...
Qəfildən uzun aylar bundan əvvəl yazdığı vərəqləri oxumaq, sözünü axıra çatdıra bilməyən “naməlum müəllifin” halına acımaq istədi…
Qurcalanıb dikəldi.
Uşaqlar da onunla bir, yuxulu-yuxulu tərpəşib qurcalandılar. Elə bil hansısa görünməz tellərlə ona bağlı idilər – əlini tərpədəndə, əllərini tərpədirdilər, böyrü üstə çönəndə, çönürdülər.
Nəfəsini saxlayıb dayandığı yerdə dondu, elə bil bir dəqiqəliyə öldü. Uşaqlar da, ona bitişik kimi, sakitləşib rahatlandılar.
Gözü vərəqlərdə fikirləşdi ki, nəyin bahasına olursa-olsun, uşaqların, sıyıqların və yaş tumanların arasından qurtulub, axır ki, ora – vərəqlərə hopdurduğu o azadlığına çatmalıdı, yarımçıq fikirlərini tamamlamalı, cümlələrini bitirib nöqtələrini qoymalıdı.
Bu həyat əhəmiyətli məsələni yerinə yetirməyin yeganə məqamı isə gecənin bu vaxtları – onu sapandda saxlayantək, saxlayıb öz dünyasına atılmağa imkan verməyən uşaqlarının və ərinin yuxu dəryasına qərq olub yoxa çıxdıqları yarıqaranlıq sakitliklərdi.
Ayağını ehmalca döşəməyə qoymaq istəyirdi ki, böyük qız qalxıb yerinin içində oturdu, düymə gözlərini üzünə zilləyib kal səslə:
– Ma-ma.. – dedi.
Qalxdığı kimi ehmal hərəkətlərlə yerinə uzandısa da, qızcığaz əl çəkmədi, çarpayının içində ayaq üstə qalxıb məhəccərindən tuta-tuta, var gücü ilə:
– Ma-ma!.. – deyə çığırdı.
Onun səsinə yanındakı qardaşı oyanıb ağladı.
Azad fısıltısını kəsib, narazı fınxırmayla başını balışın altına soxdu.
Qızını qucağına alıb, oğlunun əlindən darta-darta mətbəxə apardı.
Uşaqların səsinə anası da oyandı, yataq otağından çıxıb ayaqlarını sürüyə-sürüyə hamama getdi, isti suyu açıb paltaryuyan maşını işə saldı.
Anasının başı yenə bağlı idi. Görünür, dünən axşamdan başlamış ağrını gecənin yuxusu da ovundura bilməmişdi. Bir qədərdən sonra telefon zəng çaldı və beləliklə, ürəyi əsə-əsə, dəqiqəbədəqiqə sakit saxlamağa çalışdığı ev öz gündəlik həyatına başladı.
Uşaqlar yenə geyinmək istəmədilər, əlindən sivişib çılpaq bədənləri ilə dəhliz boyu yüyürdülər, səhər yeməyi vaxtı ağızlarına doldurduğu sıyığı üzünə tüpürüb mürəbbəni yerə dağıtdılar və cəzalanıb ağlaşdılar. Bir qədər sonra isə anasıyla mətbəxdə üzbəüz oturub çay içməyindən istifadə edib hamama soxuldular, yuyulmuş paltarları yerə əndərib, ayaqlarını isladıb, döşəməyə yaş ləpirlər sala-sala o yan-bu yana qaçdılar və bir də cəzalandırıldılar.
Azad səhər yeməyini yemədi, tələm-tələsik yuyunub, geyinib evdən çıxdı.
Azad gedəndən sonra uşaqlar lap coşdular, onun başı yır-yığışa qarışanda yataq otağındakı güzgünün siyirtmələrini çəkib üzüqoylu yerə aşırdılar, dodaq boyalarıyla bir-birinin üzünü, sonra döşəküzlərini və divarları boyadılar...
Paltaryuyan axşamacan vığıldayıb hamını əldən saldı, isti, sabunlu suyun buxarı evə dolub hər yeri nəmləndirdi, pilətənin üstündəki xörəklər, çaydanlar buğlana-buğlana, telefon beş dəqiqədən bir zəng çala-çala axşam düşdü.
Bütün axşamı yuxusu qaçsın deyə, bir-birinin üstündən dörd fincan tünd qəhvə içdi. Saat doqquzun tamamını göstərəndə, uşaqları yataq otağına salıb orda, saat yarım əlləş-vuruşdan sonra, nəhayət ki, yuxuya verdi.
Uşaqlar yatan kimi evə sirli bir sakitlik çökdü, hər şey özünə gəlməyə başladı... Anası da bu sakitliyin içində hayandasa əriyib itdi… olsun ki, yenə ayaqlarını ardınca sürüyə-sürüyə, özünü çayın sahilinə atantək, yataq otağına saldı.
Azadın gəlməyinə isə hələ iki saat vardı. Şənbə günlərinin bir xoşbəxtliyi – Azadın ikinci növbədə olması idi...
Ürəyi döyünə-döyünə qalxıb ayaqlarını döşəməyə ehtiyatla basa-basa kitab rəflərinə sarı yeridi, makinanın üstündə qalaqlanmış vərəqləri əlinə alıb, eləcə asta addımlarla o biri otağa keçdi, qapını arxasınca bağladı, işığı yandırıb yazı masasının arxasına əyləşdi. Vərəqləri masanın üstünə qoyub baxdı.
Əlyazma xəstə adama oxşayırdı... Rəngi saralmış, vərəqlərin kənarları çürümüş kimi, pürçüklənmişdi.
Üstdəki vərəqi əlinə alıb tozunu üfürdü… sonra hamısını stolun üstünə sərib oxuya-oxuya bir-birinin ardınca yığmağa başladı…
…Bu, nə vaxtsa yazmağa başladığı hekayə idi… Kiminsə, olsun ki, özünün bir günü təsvir edilirdi... Əllərini saçlarına daraqlayıb, nəfəsini saxlayıb titrədə-titrədə oxumağa başladısa da, ikinci səhifədən sonra titrətməsi kəsdi...
Yazının baş qəhrəmanı – yəni o, hansısa anlaşılmaz, uydurma hisslərinin əsarətində azıb qalmışdı. Həyatının yeknəsəqliyindən, darıxdırıcılığından, öz içini eşib qaza-qaza, orda nələrsə kəşf etməklə məşğul idi və sair və ilaxır.
Vərəqləri masanın üstünə atıb üzünü qapadı…
Neçə vaxtdan bəri əsarətdə qalmış doğma adamına baxantək, uzaqdan-uzağa nisgillə baxdığı, qurtula biləcəyi çıxış yolu, son xilas yeri sandığı bu saralmış vərəqlərdə onun özündən savayı, heç nə yox idi...
Ürəyi sıxıldı… vərəqləri cırıb döşəməyə səpmək istədisə də, bunu eləmədi. Stulun söykənəcəyinə yayxandı, nəfəsini dərib fikirləşdi ki, yazdıqları da elə qurtulmaq istədiyi həyatının davamıdı… Ya da əksinə. Axır ki, hər ikisi mənasız və darıxdırıcıdı. Həyatda da, yazılarında da elə bil yeri, göyü, havası olmayan yarıqaranlıq, dar çəlləyin içində yaşayırdı... Niyə belə yaşayırdı?.. Bu yazıları yazdığı vaxtdan gör bir neçə illər ötmüşdü?!.. Amma heç nə dəyişməmişdi. Yazıları ona, o da yazılarına oxşamağına davam edirdi...
Sonra yazdıqlarını oxusaq adamların sifəti gözünün qabağına gəldi… və utandığından saçlarının dibi gizildədi.
Gör bir nələr eləmişdi?!. Neçə illər dəftərxana malları satılan dükanlara girib ədəb-ərkanla qalaq-qalaq kağız alırdı… otağının akademik sakitliyində beyninə gələnləri yazıçı iddiasıyla kağızlara doldururdu… hələ üstəlik, makina da alıb səhər-axşam taqqıldada-taqqıldada qonşuların baş-beynini aparırdı… bununla da kifayətlənməyib yazdıqlarını qürurla kimlərəsə oxuyurdu…
…Özünə nifrət elədi. Nə qədər mənasız və gülünc idi?!. Niyə evdə oturub arvadlığını eləmirdi, uşaqlarını başına yığıb nağıl danışmaqdan zövq almırdı?!.. Bu nə iddia idi, yeritmişdi beyninə?..
Küçəyə sakitlik çökdü. Hər şey – ev də, küçə də, onunla birlikdə, sanki dərin suların altına qərq oldular.
Bütün şəhər səsini içinə çəkib ona diqqət kəsilmişdi… onun yazmağını gözləyirdilər. Çox atılıb-düşürdü, uşaqlarına, ərinə, evinə maneə, əngəl kimi baxırdı. Guya onlar olmasaydı, uca dağlar yaradacaqdı…
Anası da, onun istedadsız olduğunu bilirdi, Azad da, elə o birilər də. Sadəcə, ürəyini sındırmaq, xətrinə dəymək istəmirdilər. Pərt-pərt gülümsəyib candərdi: “maraqlıdı…” – deyə-deyə, əslində, canlarını qurtarırdılar. Anası canını dişinə tutub, səsini içinə salıb, onun hər əzabına dözürdü, uşaqlarını saxlayır, xörəyini bişirirdi. Azad da onun dünya haqqında xəstəhal təsəvvürlərindən cana yığılmışdı, qapını tutanda bacadan çıxıb qaçırdı.
Tək Azad, anası yox, hamı ondan bezmişdi. İşdəkilər də onu görəndə əsnəyirdilər, həyətdə rastlaşdığı qonşular da onunla əsnəyə-əsnəyə salamlaşırdılar, qalaq-qalaq yazıb nəşr etdirdiyi kitablarını oxuyanlar da, ağızları, az qala, cırıla-cırıla əsnəyirdilər...
…Vərəqlərin üstündə cütlədiyi mənasız əllərinə baxırdı. Əlləri də özü kimi istedadsız və adi idi. Fikirləşdi ki, bəlkə, pəncərəni açıb özünü aşağı atsın?.. Özünü atmamışdan əvvəl də bir cümlə, mütləq bir cümlə yazıb qoysun: “Mən yazıçı deyiləm.”
Belə fikirləşdikcə, boğazına hələ heç bir vaxt hiss eləmədiyi qəribə qəhər dolurdu… onu oturduğu yerdəcə boğub öldürə biləcək yandırıcı bir qəhər…
Göz yaşları qaynar damcılarla vərəqlərin üstünə düşdükcə fikirləşdi ki, özünü öldürməmişdən bütün bu biabırçılıqdan qurtarmaqdan ötrü mütləq, ilk növbədə, makinasını və bu səfeh cümlələrlə dolu vərəqləri yoxa çıxarmalıdı. Makinanı elə indicə – evdəkilər və həyət qonşuları yuxuda ikən həyətə düşürüb, orda ağaclığın gözdən uzaq yerində torpağa basdırmalı, vərəqləri isə sadəcə, yandırmalıdı.
Sonra da fikirləşdi ki, bəs nəşr olunmuşlar?.. Onları ki, insanların beyinlərindən çıxarıb torpağa gömə bilməyəcəkdi?!.
Gözlərinə ikinci yaş dalğası doldu... əllərini dizlərinin üstə cütləyib səssiz-səssiz ağladı. Ağlaya-ağlaya fikirləşdi ki, ömrü boyu ən çox qorxduğu – günlərin bir günü lazımsız olmaq idi, o da başına gəldi. Əslində, uşaqları da buna görə doğmuşdu, bunun qorxusundan da yazmağa başlamışdı, yazdıqlarını da buna görə nəşr etdirmişdi, ərə də buna görə getmişdi… Hamısı da əbəs yerə. O heç kimə lazım deyildi. Bu dəqiqə pəncərəyə çıxıb özünü aşağı atıb öldürsə belə, heç kimin həyatında heç nə dəyişməyəcəkdi. Uzaq başı onun cavan meyitinə baxıb kimlərsə: “heyif…” – deyəcəkdilər, vəssalam. O öləndən sonra uşaqları, o, işdə olanda böyüdükləri kimi, böyüməklərinə davam edəcəkdilər… Azad həmişəki qaydasıyla işinə gedib-gələcəkdi, boş vaxtlarında öz şahmatını oynayıb, futboluna baxacaqdı… anasının canı onun həyatdan narazı üzünü görməkdən qurtaracaqdı, qonşular səhər-axşam bir-biri ilə salamlaşa-salamlaşa, o adda, o sifətdə adamın olub-olmadığının fərqinə varmayacaqdılar, insanlar əsl yazıçıların əsərlərini oxuyacaqdılar…
Hönkürüb ağlamamaqdan ötrü ağzını əlləriylə qapayıb səsini içinə saldı.
O biri otaqdan, uşaqların hansınınsa səsi gəldi…
Qalxıb yataq otağına keçdi.
Kiçik qızı yerinin içində oturmuşdu, balaca əllərini ona sarı uzadıb: “Ma-a-a…” – deyə-deyə ağlamağa başladı.
Körpəni qucağına alıb bağrına basdı, üz-gözünü dəli öpüşlərə qərq edə-edə sakit-sakit ağladı.
Körpə başını onun çiyninə qoyub susdu – elə bil yuxuya getdi.
Uşağı qucağında yelləyə-yelləyə, həzin-həzin fikirləşdi ki, ondan sonra həyat, bəlkə də, elə olduğu kimi davam edəcək, amma uşaqları... onlar anasız, yetim böyüyəcək.
1983