DAHİ
Yazıçılar Birliyinin dünyasını dəyişən və
dünyasını dəyişmədən, hələ də Böyük Ədəbiyyata
sədaqətlə xidmət edən üzvlərinə ithaf edirəm...
Şairə, nəhayət ki, ev verilməsindən hamıdan əvvəl “Qələm” Ədəbiyyat Mərkəzinin əməkdaşları xəbər tutdu.
Həmin günün axşamı, həmin o əlamətdar çərşənbə gününün axşamı Mərkəzin sadiq sakini – “Gənc qələm” mükafatının laureatı Əhməd Ağləpə işin axırına yaxın gözlənilməz bir qəfilliklə idarənin birinci mərtəbəsində peyda oldu… heysiz ayaqlarını arxasınca sürüyə-sürüyə əvvəl foyenin yuxarı başındakı “Bufet”ə yaxınlaşıb oranın xırda pəncərəsinə dirsəkləndi, zəhərlənmiş kimi, üç stəkan ayranı nəfəs dərmədən başına çəkəndən sonra Şairə ev verilməsi xəbərini çatdırmaqdan ötrü ikinci mərtəbəyə – sədrin otağına qalxdı.
Bir qisim adam bu xəbərin məhz iş gününün axırına yaxın açıqlanmasının səbəbini bununla izah edirdi ki, dövlət dairələri bu hadisənin nə ilə nəticələnəcəyini hesablaya bilmədiyindən xəbərin məhz axşamüstü, ədəbiyyat və sənət adamlarının – Şairin və onun şeirlərinin vurğunu olan bir yığın hövsələsiz, əsəbi sənətçinin nəzərinə, məhz günün ikinci yarısı – yaradıcılıq ehtiraslarının səngidiyi, bədii sözün, usta misranın ecazından qızmış beyinlərin yorulub heydən düşdüyü məqamda çatdırılmasını daha məqsədəuyğun hesab edib.
O biriləri isə deyirdilər ki, xəbərin həmin axşama qədər gizlədilməsində dövlətin yeganə məqsədi Şairə və şairin azarkeşlərinə Yazıçılar Birliyinin qurultayı ərəfəsində bir növ sürpriz etmək olub. Dövlət dairələrinin bu niyyətini doğuran əsas səbəb isə, deyilənə görə, millətin ən böyük şairinin evsiz qaldığı bir ölkədə yaşamağı özlərinə təhqir hesab edənlərin sayının son vaxtlar gündən-günə artıb çoxalması imiş.
“...Ədəbiyyat adamları bu barədə yazmaqdan və danışmaqdan yorulmur, Şairi sevən minlərlə oxucu bu haqlı narazılıq dalğasına qoşulur, az qala, ümumxalq üsyanına oxşamağa başlayan bu təhlükəli dalğa, elə bil nə Yazıçılar Birliyinin rəhbərliyini, nə də dövlət məmurlarını narahat eləmir...” – qəzetlər yazırdı.
Ədəbiyyat aləminin bir qismi, dövlət dairələrinin Şairə olan bu laqeydliyini onun əvvəlki iqtidar nümayəndələrinə, ələlxüsus eks-prezidentə olan açıq-aşkar isti münasibəti ilə əlaqələndirirdilər. Deyilənə görə, dövlətin bu haqsız etinasızlığı Şairin keçmiş prezidentə həsr etdiyi sevgi şeirindən sonra bir az da qəlizləşmişdi.
“...Kimə həsr edilməyindən asılı olmayaraq, bu, ciddi ədəbiyyat nümunəsidir”, – ədəbi nəzəriyyəçilər deyirdi.
Dövlətə müxalif olan qələm əhlinin, iqtidara olan nifrəti getdikcə qatılaşıb məhəbbətə çevrilməkdə olan böyük bir qisminə görə isə, həmin o şeir iqtidarın mənəvi dayaqlarını əməlli-başlı laxlatmışdı.
“Elə də deyirdilər, elə bil iqtidarın mənəvi dayaqlarını gözləriylə görüblər”, – bütün bu vay-həşirin içində kimsə də böyürdən inildəyirdi.
Şairin yaxınları bu söz-söhbətdən əsəbiləşir, “axı onun siyasətdə nə işi vardı, nəyinə lazım idi, kim-kimə daş atır, niyə atır, nədən ötrü atır?!.” – deyib narazı-narazı başlarını bulayırdılar. “Onun şeiriyyəti ki bütün siyasətlərdən ucadadı?!.”
Birliyin aqressiv üzvləri isə Şairin uzun müddətdən bəri ev sarıdan korluq çəkməsinin ən böyük günahını Yazıçılar Birliyinin rəhbərliyində görürdülər. Bu səbəbdən Birliyi tez-tez mətbuat səhifələrində, televiziya və radioya verdikləri müsahibələrində “köməksiz”, “süst”, “ölü” təşkilat adlandırırdılar.
Deyilənə görə, bu yöndəmsiz vəziyyətdən ən çox Birliyin sədri – incəqəlbli Vəfa müəllim əziyyət çəkirdi. Birliyin totalitar rejimdən sonra, guya müstəqil ölkənin demokratik bir təşkilatına çevrilməsi, əslində isə miskin bir vəziyyətə düşməsi barədə Vəfa müəllim dönə-dönə yazılı-şifahi izahat-arayış verirdisə də, sözləri eşidilmir, elə bil qəsdən dərk edilmirdi. Şairin evsizliyi faktı bütün açıqlamaları və izaha köklənmiş arqumentləri, qaynar tavada ani cızıltıyla yoxa çıxan su damlasıtək, göz qırpımında buxarlandırırdı...
Birlik əməkdaşlarının dediyinə görə, bu məsələ son vaxtlar Vəfa müəllimin səhhətinə də pis təsir eləməyə başlamışdı. Axır günlər onu tez-tez Birliyin poliklinikasında damarına sakitləşdirici dərmanların köçürülməsi üçün süni dəri üzlü yumşaq çarpayılarla dolu kimsəsiz otaqda uzandığını görənlər də olmuşdu. Deyilənə görə, son vaxtlar o, işə də sübh tezdən gəlir, kabinetinə girib qapını o üzdən kilidləyir, katibənin köməkliyi ilə otağına düşənlərlə ağızucu danışır, hamını başından rədd eləmək istəyi açıq-aydın duyulurdu. İş gününün axırlarında isə onu, adəti üzrə, yorğun gözlərini üzbəüz divara – dünyasını dəyişmiş milli ədəbi korifeylərin imzaları həkk edilmiş taxta lövhəyə dikilmiş vəziyyətdə tapırdılar...
* * *
Şairin evsiz-eşiksiz, pulsuz-parasız bir vəziyyətdə, şəhərdən uzaq bir qəsəbədə, nəmiş və kif iyi verən birotaqlı, uçuq-sökük evdə kirayədə qalması, ən çox onun işlədiyi “Qələm” Ədəbiyyat Mərkəzinin qələm əhlini və Mərkəzin əsəbi direktoru, dramaturq-nasir Qulam Hüseynlini əsəbiləşdirirdi.
...Əhməd Ağləpənin Mərkəzə gətirdiyi xəbərdən hələ bir neçə gün əvvəl, necə olmuşdusa, Qulam Hüseynli yuxusunda çoxlu əsgər görmüşdü. Əsgərlər Mərkəzin ikimərtəbəli binasını mühasirəyə almışdılar, pəncərələrin o tərəfindən üzlərində dəhşət dolu ifadə içəriyə baxmışdılar...
Yuxunun səhəri günü Qulam Hüseynli fikirli halda işə gəlmiş, qələm dostu Fərəci təcili yanına çağırmış və gözləri yol çəkə-çəkə, gecəki yuxusunu gördüyü şəkildə ona danışmışdısa da, Fərəc yuxunun görüntülərindən dəqiq bir şey müəyyənləşdirə bilməmiş, onu diqqətlə dinlədikdən sonra bir neçə anlığa fikrə dalıb, adəti üzrə çal qaşlarını qəfil cərəyan almış kimi əsdirərək:
– Bu, dövlət çevrilişidi, – demişdisə də, Qulam Hüseynli onun bic gözlərindən bu deyilənlərin Fərəcin səmimi qənaəti, yoxsa növbəti qəddar zarafat olduğunu ayırd eləyə bilməmişdi.
...Odu ki, iş gününün axırına yaxın Əhməd Ağləpə çaşqın görkəmlə kabinetin qapısından içəri boylanarkən, Qulam Hüseynli o gecəki yuxusunu xatırladı, səbrini basıb, təbiətinə uyuşmayan hövsələ ilə Ağləpəni sona qədər dinlədi.
– Qulam müəllim, Şairə, axır ki, ev verdilər!.. – Ağləpə deyib elə bil yerində laxladı.
Bu gözlənilməz xəbərdən o dəqiqə Qulam Hüseynlinin gözləri doldu, Şairin kölgəli üzü gözünün qabağında dalğalandı….
Şair, içi əzab və üzüntü dolu xırda, qonur gözləriylə onun gözünün içinə zillənib həmişəki acı istehzasıyla:
– Fikir eləmə, Quli, tarix boyu belə olub. Şairin dərisi soyular, sinəsini güllələr bəzəyər, – dedi, sonra ağır, ləngərli yerişiylə yırğalana-yırğalana uzaqlaşıb gözdən itdi.
– ...dedi ki, evi şəxsən Prezidentin özü verib! Görüşün sonunda, deyirlər, hamı ayağa qalxıb dağılışmağa başlayan vaxt, Prezident getdiyi yerdə qəfildən ayaq saxlayıb, geriyə qanrılaraq, sol əlini yuxarı qaldırıb, camaatı salondan çıxmağa başladığı yerdə qapının ağzında saxlayıb. Yalan-doğru, deyirlər, Şairin şeirindən bir misra da əzbərdən deyib.
Həyəcandan, ya soyuqdan göyərən Ağləpə bütün bunları birnəfəsə dedi.
– Axı bunları sənə kim dedi?.. – otağa haçansa daxil olmuş Dəniz həmişəki yerində – pəncərənin qabağındakı kresloda idi, əlləri qoltuğunda çölə baxa-baxa elə danışırdı, elə bil dedikləri şəhərə, yaxud əbədiyyətə aid idi.
– Qaya Qarayel.
– Qaya Qarayelin bura nə dəxli?.. – Qulam Hüseynli gözləri yol çəkə-çəkə, əsəbi-əsəbi çiyinlərini atdı.
– Mən onunla İstiqlaliyyət küçəsi ilə üzüaşağı enəndə rastlaşdım. Elə həyəcanlıydı!.. Hələ onu o cür gördüyüm olmamışdı. Danışanda səsi titrəyirdi.
Ağləpənin bu sözündən sonra otağa gərgin sükut çökdü. Hərə gözünü bir nöqtəyə zilləyib fikrə getdi. Bir qədər keçmiş qapı aralandı.
Fərəc içərinin ab-havasına uyğun xırda, səssiz addımlarla otağın yuxarı küncünə yeriyib hündür söykənəcəkli, nəhəng kreslonun bir küncündə oturdu.
– ...o özü dedi. Mən heç nə soruşmurdum. Dedi ki, dünən gecəylə evlərinə zəng vurub onu təcili surətdə Prezident Aparatına çağırtdırıblar. Orda ondan Şair haqda arayış kimi bir şey yazmağı tələb ediblər.
Ağləpə burda sözünü kəsdi, çönüb arxasınca otağa daxil olub künc-bucağı dolduran Mərkəz əhlinə baxdı.
Qulam Hüseynli gözləri yol çəkə-çəkə hansısa naməlum nöqtəyə, Dəniz əlləri qoltuğunda pəncərədən çölə, Fərəc ayağını ayağına aşırdığından, az qala, hamının burnuna dirənən altı açılmış ayaqqabısının dabanına, “Yeni Füyuzat” jurnalının baş redaktoru şair Aslanoğlu əlinin içində oynatdığı boş kibrit qutusuna, o birilər də üzlərindəki sual ifadəsi ilə Qulam Hüseynliyə zillənmişdilər...
– Hə də, indi daha Qarayelin qabağında dayanmaq olmayacaq. Deyəcək ki, Şairə evi mən verdirdim, – Aslanoğlu qəfildən qışqıra-qışqıra deyib, başını yellədə-yellədə o birilərin üzünə baxdı.
Bu an telefon zəng çaldı və dəstəyin o biri başından Qaya Qarayelin çığırtısı eşidildi. Qarayel həmişəki kimi birnəfəsə çığıra-çığıra, dünən gecədən xeyli keçmiş Prezident Aparatında Şair və onun şeiriyyəti barədə yazdığı arayışdan məlumat verib cavab gözləmədən dəstəyi asdı. Ya xətt kəsildi?..
Qulam Hüseynli bir müddət dəstək əlində dayanıb qaldı, sonra onu yerinə qoyub fikirli-fikirli:
– Deyir, onun arayışından sonra veriblər, – dedi.
– Nə deyir?.. – kimsə otağın aşağı başından inildədi.
– Deyir, arayışla tanış olandan sonra o məsələ ortaya çıxıb. Şairin ev məsələsini deyir də, – Qulam Hüseynli qarma-qarışığın qeyri-müəyyənliyindən boğula-boğula dedi.
Ümumiyyətlə, bu sayaq qarma-qarışıq işlər, məntiqsiz dolama-dolaşıqlıq, qeyri-müəyyənliklər onu həmişə hövsələdən çıxarırdı. Qulam Hüseynli nəsrində də belə idi. Bütün əsərlərində, ifadə və cümlələrində belə, aydınlığı, məntiqi ardıcıllığı gözləyirdi. Odu ki, tənqidçilər Qulam Hüseynlinin yaradıcılığını təhlil edəndə, ilk növbədə, onun nəsrindəki aydın məntiqə, sadə bədii üslubuna əsaslanırdılar.
– Mən nə deyirdim? Gördüz?.. – Aslanoğlu gözlərinin dərinliyində nə isə yanıb sönə-sönə, o birilərə baxa-baxa çığırdı.
– Sən Allah, yavaş danış, – Qulam Hüseynli Aslanoğluya baxmadan üzünü ovuşdura-ovuşdura dedi. – Onsuz da ölürük.
...Hava qaralandan, Şairin ev xəbərinin sevincinə yığışmış Mərkəz əhli dağılışandan sonra, sədrin otağında, bütün ekstremal hallarda olduğu kimi, bircə Fərəc qaldı. Hava qaraldıqca Qulam Hüseynlinin işıqlı lampalar dolu otağına da elə bil qaranlıq çökməyə başladı.
– Burda bir neçə variant ola bilər. – Fərəc xırda ala gözləriylə tüstünün bozumtul dalğaları arasında nə isə axtara-axtara dedi. – Birinci variant budu ki, ola bilər, bu gözlənilməz jestlə, yəni sənə əqidə və məslək etibarı ilə müxalif olan bir kəsə sarı atdığı bu addımla Prezident, sadəcə, tarixdə qalmaq istəyir. Daha doğrusu, tarixdə, həm də məmləkət Şairinə yaşamağa şərait yaradan ədalətli padşah kimi qalmaq istəyir. – Fərəc deyib altdan-altdan Qulam Hüseynliyə baxdı, ona qulaq asıb-asmadığını dəqiqləşdirib sözünə davam elədi:
– Ola da bilər ki, Şairin poeziyası, ümumiyyətlə, poeziya vurğunu olan Prezidenti, həqiqətən, sarsıdıb. Və bunu, heç bir ikinci məna güdmədən, böyük ədəbiyyat naminə eləyib. Digər bir versiya isə...
...Bu an Qulam Hüseynlinin, az qala, bütün bədəniylə üstünə yayxandığı telefonu cingildədi. Telefonun o başında Dənizin həyəcanlı səsi eşidildi:
– Məncə, yeganə versiya budu ki, Prezidentin şair sevgisinə ehtiyacı yaranıb, – Dəniz dəstəyin o başından qəribə bir təngnəfəsliklə dedi, sonra sənətkar sevgisinin enerjisi barədə nələrsə danışıb tələsik xudahafizləşdi.
– ...Üçüncü versiya budu ki... – Fərəc balaca barmaqlarından üçüncüsünü ovcuna basdı – o, bədii sözün nə olduğundan agahdı!
Qulam Hüseynli qəfildən Fərəcin sözünü kəsdi və üzü birdən-birə işıqlana-işıqlana:
– Demək o, hər şeyi anlayır, – dedi.
Fərəc Qulamın üzünün bu qəfil dəyişkənliyindən, ya nədənsə, qəribə bir yöndəmsizliyə düşdü, saçlarını balaca əlləri ilə geriyə daraqlayıb:
– Əlbəttə!.. Əlbəttə, anlayır, – dedi. – Mən həmişə deyirdim, yenə deyirəm. Bəlkə də, ən böyük yazıçı elə odu.
– Deməli, o, hər şeyi anlayır. – Qulam Hüseynli bu dəfə elə bil özünə dedi və hiss elədi ki, boğazını qəhər tutdu.
Belə hallarda, yəni Qulam Hüseynli nədənsə kövrəlib qəhərlənəndə, Fərəc həmişə özünü pis hiss edirdi. Bu mərd qəlbli uşaqlıq dostunun, neçə-neçə əsərlər müəllifinin nədənsə sarsılıb zəifləməsi onu hədsiz sevən Fərəcin pisinə gəlir, dostunun bu zəifliyində niyəsə özünü günahkar sayırdı.
Amma dostunun budəfəki halı ədəbiyyatı həyatı qədər sevən Fərəcin də ürəyinin başını sökdü. Fərəcin ürəyinin başını bu dəfə ən çox sökən Qulam Hüseynlinin – əlli bir yaşlı bu gövdəli, zəhmli adamın həmin dəqiqə köməksiz, yetim uşağa oxşamasıydı...
* * *
Bütün axşamı Qulam Hüseynli öz birotaqlı, tənha mənzilində televizorla üzbəüzdəki kresloda oturub mürgüləyə-mürgüləyə bayaq Fərəcin balaca barmaqlarını düyməni basan kimi ovcuna bir-bir basa-basa sadaladığı versiyalar barədə düşünür, onların hansı birininsə üzərində dayana bilmirdi. Versiyaların hər biri, o birini qabaqlayır, “düz olanı mənəm” deyirdi.
Dəqiq olan isə bir bu idi ki, Prezidentin gözlənilmədən səhər-axşam yerli mətbuatda, xarici radio stansiyalarında iqtidarı və onun infantil siyasətini söyən Şairə ev verməsinin bütün bu versiyalara və ehtimallara sığmayan, hansısa daha ayrı, sirli səbəbləri var idi...
Bir qədər sonra Qulam Hüseynlini elə bil huş apardı və o, eləcə, televizorun qarşısındakı kreslosunda otura-otura mürgüləməyə və ötəri pərvazlanmağı andıran bu mürgünün içində Fərəci görməyə başladı…
Fərəc ona bic-bic göz vurub:
– Onun ən böyük əsəri bizik! – dedi.
Səhəri gün ədəbi dairələrdə, qəzet-jurnal redaksiyalarında, yaradıcılıq birliklərində aləm bir-birinə dəymişdi. Hər yerdə Şairin evi “yuyulur”, şərəfinə sağlıqlar deyilir, mətbuata təbrik mətnləri hazırlanır, Prezidentə təşəkkür teleqramları vurulurdu...
Bu hadisədən təsirlənən bir dəstə ədəbiyyatçı, deyilənə görə, Prezidentə Bədii Sözün təsir qüvvəsindən, Sözün qəlblərdə və şüurlarda yarada bildiyi dəyişikliklərdən və təzadlardan, nəhayət, Sözün hadisələri dəyişmək iqtidarında olan fiziki qüvvəsindən bəhs edən iyirmi üç səhifəlik təşəkkür teleqramı vurmuşdular.
Şairin pərəstişkarları isə deyilənə görə şeirin və sənətin təntənəsi rəmzi kimi, hansısa orta əsrlər şairinin qəbrini ziyarət edərək, orda poeziya günü keçirmiş, Şairin misralarından söyləyib ölən şairin qəbri üstünə gül-çiçək dəstələri düzmüşdülər.
Deyilənə görə, Şairin bir neçə qələm dostu yığışıb onu təbrik eləmək məqsədi ilə şəhərdən uzaq qəsəbələrin birində yerləşən birotaqlı, uçuq evinə getmişdilərsə də, orda Şairi, bu qəfil xəbərdən sevinib uçmağa hazır vəziyyətdə yox, evin qaranlıq bir küncündə, dünyadan küsmüş halda, üzü divara yatdığı yerdə tapmışdılar.
Deyirlər, Şair qələm dostlarını görüb ayağa qalxmış, evin darlığı ucbatından hərəkət eləmədiyindən şişib iki lay sütuna çönən ayaqlarını ağır-ağır sürüyə-sürüyə onlara sarı yerimiş, üzündəki günahkar ifadəylə:
– O özü verdi, mən istəmirdim, – deyib çaşqınlıq içində həmkarlarının gözünün içinə baxmışdı.
Prezidentin müxalifəti açıq-aydın dəstəkləyən Şairə ev verməsi, hələ üstəlik, şeirindən bir bənd də söyləməsi xəbəri günün aktuallığına çevrilmiş, ədəbiyyat dairələrinin sərhədlərini aşaraq, digər əraziləri də bürüməkdəydi...
Xəbərin açmalarından biri – Prezidentin “oturduğu yerdə” Şairə ev verməsi, onun seçkiqabağı özünə xal toplamaq siyasəti idi. Yəni Şairin pərəstişkarlar ordusu, üstəgəl, Şairə tapınan müxalif partiyalar, üstəgəl ədəbi aləm.
Digər bir versiya – Şairə ev verilməsini Prezidentin, nə vaxtsa bu böyük söz ustasının eks prezidentə yazdığı kimi, onun da şərəfinə yazacağı portret – şeirin yaranması naminə atılan uzaqgörən addım sayırdı.
Keçmiş prezidentin – hakimiyyətə gözlənilmədən, hətta deyilənə görə, özü istəmədən gələn ortabab dilçi-alimin Şairin məhz o şeirindən sonra sağ ikən ağlasığmaz bir əfsanəvilik qazanması, minlərlə adamın qəlbinə həkk olunması elə-belə adi məsələlər sırasında deyildi və görünür, Prezidentin diqqətini də məhz bu səbəbdən cəlb etmişdi. İndi hərgah Şair öz incə sənətiylə Prezidentin – anadan hakimiyyət üçün doğulmuş, hər an öz canını millət yolunda fəda eləməyə hazır olan bu müdrik rəhbərin portretini yaratsaydı, o, tarixin yaddaşında əbədilik əfsanəvi sima kimi qalacaqdı.
* * *
...O bir günün axşamı – soyuq küləkli, xəzanlı bir payız axşamı Qulam Hüseynli hələ də versiyalar dənizində üzə-üzə işdən evə dönərkən qaranlıq tinlərin birində kiminləsə burun-buruna toqquşdu:
– Ah, əzizim... – toqquşduğu adam heysiz səsi ilə inildəyib başını, sanki üzü görünməsin deyə, onun sinəsinə elə dayadı, elə bil bayaqdan bəri bu qaranlıq tində dayana-dayana onun gəlişini gözləyirdi.
– Mən bilirdim... həmişə bilirdim ki, bizlərin ən qeyrətlisi sənsən. Yenə sən, yenə Quli...
Qulam Hüseynli haçandan-haçana, bütün ömrünü və yaradıcılığını qara neftin başıbəlalı aqibətindən, əli mazutlu sadə fəhlələrin acı taleyindən qalın-qalın romanlar yazmağa sərf edən ağsaçlı Salah Sarızadəni şirin ləhcəsindən tanıdı.
– Hər şey boş imiş demək... Hər şey yalanmış... Ədəbiyyat... – burda qoca yazıçının səsi ha tərəfə isə uzaqlaşıb itdi, sonra lap uzaqlardan eşidildi – …qanımızla, canımızla yaratdığımız böyük ədəbiyyat... Ömrümüzü həsr etdiyimiz ədəbiyyat demə, heç kimə gərək deyilmiş, Quli...
Sarızadə Qulam Hüseynlinin sinəsinə elə qısılıb danışırdı, elə bil ondan ayrılıb sərbəst dayanmağa heyi, qüvvəsi yox idi.
Qocanın çəlimsiz, cansız bədənini mümkün qədər nəzakətlə özündən aralayıb üzünə baxdı:
– Niyə elə deyirsiz, Salah müəllim? Niyə lazım deyil axı?..
– Deyil, deyil. Lazım olsaydı, ədəbiyyatın qədir-qiyməti bilinsəydi, onlar belə eləməzdilər, – qoca titrək səslə dedi, sonra boğazına dolan qəhərdən üzü, incik uşaq üzü kimi büzüldü.
– Onlar neylədilər axı, Salah müəllim?..
– Mən... əlli ilin yazıçısı, otuz iki roman, yüz on dörd hekayə müəllifi, Böyük Vətən müharibəsi əlili, bütün ömrünü ədəbiyyata həsr etmiş müsəlləh əsgər... şəhərin ucqar bir məhəlləsində, uzun illərdən bəri kommunal evdə yaşadığım halda, bunlar, hərəsinin üç-dörd mənzili olanlara ev paylayırlar...
Qulam Hüseynli Salah Sarızadənin bu sözündən duruxdu, qolunu, ədəbiyyat aləmində uzun illərdən bəri nəcib, xeyirxah təbiəti ilə tanınan qocaman yazıçının çiyninə salıb:
– Kimi deyirsiz, Salah müəllim?.. Şairi deyirsizsə, o yazıq...
– Nə şair, canım?!.. Elə indicə zəng vurdular ki, Prezident Ağsaqqallar Şurasının bütün üzvlərinə qurultay münasibəti ilə ev paylayıb...
Qulam Hüseynli ağzını doldurub bu xəbərin ona kim tərəfindən çatdırıldığını soruşmaq istəyirdi ki, Sarızadə qəfildən yana çevrilib Ağsaqqallar Şurası barədə nə isə deyə-deyə, dabanı əzik çəkmələrini sürütləyə-sürütləyə yolun o biri üzünə yeridi, sonra elə o üzdən:
– Təzə roman yazmışam... göndərəcəyəm!.. Yenə neft barədədi!.. – deyib gözdən itdi.
…Qulam Hüseynli evə çatanda televiziya ilə Prezident sarayından qurultayqabağı yazıçılarla keçirilən görüşü verirdilər.
...Prezident bu dəfə içəri həmişəki kimi iclas salonunun qoşalaylı giriş qapısından yox, hardansa arxa tərəfdən – bir-birinə bitişik divarların hansınınsa arasından daxil oldu. Əzəmətli görkəmiylə bir müddət üçrəngli milli bayrağın önündə dayanıb elə bil nəyisə gözlədi, sonra sıravi qulaqların eşidə bilmədiyi əmri almış kimi, salonun özü böyüklüyündə dəyirmi stolun baş tərəfindəki yerinə əyləşdi, çəhrayı üzü ilə gözünün ağından azca seçilən açıq-boz bəbəkləriylə ətrafındakıları nəzərdən keçirib gülümsədi və nə isə dedi.
Ağsaqqal yazıçılar nəyə görəsə eyni səmtdə – nəhəng stolun sağ tərəfində əyləşmişdilər, üzlərindəki məmnun, eyni zamanda narahat təbəssümlə Prezidentə baxırdılar.
Prezident stolun üstündə cütlədiyi əllərinə baxa-baxa danışırdı. Qulam Hüseynliyə nədənsə elə gəldi ki, Prezident əllərinə baxa-baxa, həm də necəsə, elə bil salonda oturanlara baxır.
…Bir qədər sonra kamera iri planda bir-bir ağsaqqal ədiblərin üzlərini göstərməyə başladı və Qulam Hüseynli, özündən asılı olmadan, nəfəsini saxladı.
Uzun illərdən bəri tanıdığı bu görkəmlilərin üzlərində gedən anlaşılmaz dəyişiklikdən Qulam Hüseynlinin oturduğu yerdə az qaldı ürəyi dayana...
Başda oturan qocaman xalq şairi Küskün nədənsə, böyründə oturmuş xalq yazıçısı Tarı Verdiyevə, Tarı Verdiyev ondan iki kreslo aşağıda küpəgirən qarı üzünü andıran üzü ilə əyləşmiş dramaturq-nasir Sumbatlıya, Sumbatlı lap axırıncı kresloda oturan xalq şairi Atilla Zərdüştə, Atilla isə qəribəydi ki, indicə küçədə, qaranlıq tində burun-buruna dəydiyi incik Sarızadəyə oxşayırdı...
Çox keçmədi ki, xalq şairi Küskün bükülü dizlərini çəkə-çəkə, salonun yuxarı küncündə qoyulmuş nəhəng mıxaoxşar kürsüyə sarı yeridi, bükük qollarını kürsünün kənarlarına dirəyib ağarmış bəniziylə ölkənin son illərdə qazandığı nailiyyətlərdən, neft hasilatının artım göstəricilərindən, uğurlu xarici siyasətindən danışmağa başladı.
Elə bu məqam Qulam Hüseynlinin kreslosuna bitişik dolabın üstündəki telefon zəng çaldı.
– Qulam müəllim!.. – Əhməd Ağləpə telefonun o başından elə qışqırırdı, elə bil hardansa, dörd bir yanını nəhəng dalğalar uçuran küləkli, tufanlı adadan danışırdı... – ...Xəbəriniz oldu, nə oldu?.. – Əhmədin səsi aradabir itir, dənizin sulu köpüyü şahə qalxıb telefon xəttinin içinə dolurdu...
– Bərkdən danış, yaxşı eşitmirəm!.. – Qulam Hüseynli dəstəyin mikrofonunu ovcunun içinə tutub var gücü ilə çığırdı.
– Şair Küskün vəfat etdi!..
– Küskün?!.. – Qulam Hüseynli hələ də ekranda ağarmış bənizi ilə xarici siyasətdən danışan Küskünə baxa-baxa hiss elədi ki, bədənindən soyuq cərəyana bənzər nə isə ötüb-keçdi... – Başına at təpib, nədi?!.. Kişi budu, danışır...
– O videoyazıdı!.. Görüş saat altıda bitib!.. Küskün elə orda – Prezident Aparatının liftində keçinib!.. Deyirlər, dayandığı yerdə qəfildən dizləri bükülüb, başı sinəsinə... – Ağləpənin səsi arada bir itdi, sonra yenidən eşidilməyə başladı – …əvvəl elə biliblər huşunu itirib, təcili yardım gələndən sonra üzünü bağladılar... Özüm gördüm!..
Ağləpə sonra bir müddət yenə çığıra-çığıra, naməlum dənizin dalğaları telefon tellərini isladıb, az qala, telefonqarışıq yuyub apara-apara, Prezidentlə görüşdən sonra baş verən digər əcaibliklərdən danışdı...
Ağləpənin dediyinə görə, görüşdən sonra qocalardan bir neçəsinin də halı beləcə xarablaşmış, bir neçəsi Prezidentin şəxsi tapşırığı ilə şəhər klinikalarında yerləşdirilmişdi.
Milli faciədən bəhs edən əsərləri son üç ildə iki dəfə Dövlət mükafatına layiq görülmüş xalq yazıçısı Nemət Özəlin Prezident Aparatının dəhlizlərindən birində ürək çatışmazlığından nəbzi dayanmış, təcili yardım maşınında birbaş ürək-cərrahiyyə klinikasına aparılmışdı. Ağləpənin dediyinə görə o birilərin vəziyyəti də ürəkaçan deyildi.
– ...aparatın qabağında təcili yardım maşınlarının əlindən tərpənməyə yer yox idi!.. – Ağləpənin səsi xırıldadı.
– Sən hardan danışırsan, başa düşə bilmirəm?.. – Qulam Hüseynlinin səbir kasası birdən-birə dolub daşdı.
– Burdan – sizin evin altından!.. – Ağləpə dəli bir səslə çığırdı.
Dəstəyi asandan sonra Qulam Hüseynlinin bir müddət qulaqları uğuldadı, Ağləpənin təsvirlərinin yaratdığı ətürpədən mənzərədən boğazı qurudu.
Qoca sənətçilərin aparatın binasından, ağır döyüşdə xəsarət almış əsgərlər kimi, xərəklərlə çıxarılaraq təcili yardım maşınlarına doldurulması ona dünyanın axırını – müqəddəs kitablarda insanların hansısa səsdən kütləvi halda qırılacağı Axirətin təəssüratını yaratdı.
Ekrandakı qocaların isə vəziyyəti yaxşı idi. Onlar bir-bir ayağa qalxır, ağarmış bənizləri ilə kürsüyə sarı yeriyir, orda dövlət quruculuğu, aqrar siyasət, iqtisadi göstəricilər və sairlə bağlı dağınıq nitqlər irad edir, çıxışlarını bitirib narahat sayıqlıqla kürsünü tərk edir, yerlərinə əyləşəndən sonra orda yenidən ağarırdılar.
…Görüşün sonunda – ağsaqqallar ayağa qalxıb iclas salonundan dağılışmağa başlayanda isə kamera salonun yuxarı qapısından çıxdığı yerdə qəfildən ayaq saxlayıb geriyə çevrilən, sol əlini yuxarı qaldırıb: “Bircə dəqiqə!..” – deyən Prezidentə sarı çöndü…
Prezident bir anlığa pauza verib elə ordaca – qapının ağzındaca şəhər merini yanına çağırtdırdı, heç bir şərh və izahat vermədən, görüşdə iştirak edən ağsaqqal sənətçilərin hər birinə şəhərin mərkəzi yerlərində dördotaqlı mənzil ayrılması barədə göstərişlərini verdi, sonra görüşdə iştirak edən xalq şairlərindən hansındansa bir beyt deyib salonu tərk etdi...
...Bütün gecəni Qulam Hüseynli, yuxulaya bilmədi...
Prezident Aparatının təcili yardım maşınlarıyla qaynaşan binası, çəhrayı üzlü Prezidentin öz əllərinə baxa-baxa danışmağı, sifətləri saxta məmnunluq və vahimə saçan yazıçılar gözünün qabağından getmədi...
Səhərə yaxın Qulam Hüseynlini axır ki, yuxu apardı və o bütün bunların ardını yuxusunda da gördü... Bir neçə il bundan əvvəl dünyasını dəyişmiş qələm dostları – pulsuzluq ucbatından özünü əl-üz dəsmalı ilə asmış Məmmədyar, ucuz araqdan zəhərlənib ciyərini dağıdan Səid Mirzə, ürəyi pulsuzluqdan və ehtiyacdan, yatdığı yerdə, yuxudaca dayanan Surxay, bərkdən danışmaqdan beyninə qan sızan Elbrus da ordaydılar… aparatın işçilərinə qoşulub halsız qocaları xərəklərə yığırdılar... Əhməd Ağləpənin qaranlıq, tufanlı dənizin ortasındakı ovuc boyda adada bitmiş tənha telefon köşkündən çığıra-çığıra dediyi son sözləri də Qulam Hüseynli yuxuda – həmin bu müdhişliyi seyr edə-edə, necəsə eşitdi… və yuxudaca başının tüklərinin, kirpi tikanlarıtək biz-biz durduğunu hiss etdi... – O, bunu böyük ədəbiyyat naminə edi-i-ir!.. Böyük ədəbiyyat naminə-ə-ə!.. – Ağləpənin səsi yuxunun içində uzun müddət əks səda verdi…
...Səhəri gün Prezidentin ağsaqqal yazıçılara da ev verməsi xəbəri, ağsaqqalların səhhətinin qəfil korlanması ilə bağlı digər əcaib xəbərlər dalğası ədəbi dairələri bir də çalxaladı...
Xalq şairi Küskünün dəfni Dövlət Dəfn Komissiyasının qərarı ilə üç gündən sonraya, Yazıçılar Birliyinin Qurultayı işini bitirən günün səhərisinə təyin olundu.
Deyilənə görə, dünənki görüşdən sonra bütün axşamı xalq yazıçısı Nemət Özəl ürək, ya beyin çatışmazlığından anlaqsız vəziyyətdə olmuş, özünə gəldikdən sonra isə gözlənilmədən temperaturu qalxmışdı.
Xəstənin temperaturunun belə qəfil sıçrayışla yüksəlməsini ürək, ya beyin çatışmazlığı ilə heç cür əlaqələndirə bilməyən həkimlər, yüksək hərarətin səbəblərini aydınlaşdırmaq məqsədi ilə hərtərəfli tədqiqat aparılması üçün təcili surətdə qan və sidik analizlərinin, rentgen və ultrasəs müayinələrinin cavablarını toplayaraq, respublikanın tanınmış həkimlərindən ibarət konsilium çağırmışdılarsa da, xalq yazıçısının səhhətində yaranmış bu əcaibliyin nə ilə əlaqədar olduğunu müəyyən edə bilməmişdilər.
Deyilənə görə, ömrünü milli ədəbiyyatın düzgün istiqamətdə inkişafına həsr edən bu ağsaqqal yazıçı bütün gecəni yorğanı burnunda, huşsuz vəziyyətdə qızdırma içində titrətmiş, yalnız səhərə yaxın gözünü yarım açaraq:
– O, bunu mənə görə elədi... – deyərək, yenə özündən getmişdi.
Bir də, deyilənə görə, Atilla Zərdüştün vəziyyəti ağır idi. Bu zəhmətkeş ədəbiyyat fədaisi Prezidentlə görüşdən qayıdandan sonra dinməz-söyləməz otağına girib qapısını o biri üzdən kilidləmiş, ailə üzvlərinin, sonradan onların hay-küyünə qoşulan qonşuların qapını döyəcləməsinə baxmayaraq, ordan çıxmamışdı. Gecədən xeyli keçəndən sonra qonşular qapını sındıraraq otağa daxil olmuş və qocanı yazı stolunun arxasında ağzı əyilmiş halda, tapmışdılar.
Deyilənə görə, onu xərəyə qoyub pillələri düşürərkən, qoca sənətçi keyimiş dilini ağzının içində zorla tərpədə-tərpədə:
– O, bunu mənə görə elədi... – deyibmiş.
Prezidentin ağsaqqal yazıçılara mənzil paylaması barədə gündəmə çıxan yeni-yeni versiyalar köhnələrə qarışır, qurultay ərəfəsi dumanı bir az da qatılaşdırırdı...
Bir qisim adam Prezidentin bu hərəkətini son illər ölkənin dəyişkən siyasi ab-havasına ustalıqla uyğunlaşan, hakimiyyət kürsüsündə bir-birini əvəzləyən ötəri prezidentlərə növbənöv “sədaqət ritualları” nümayiş etdirən bu istedad sahiblərini utandırmaq məqsədi kimi qiymətləndirirdi. Digərlərinin dediyinə görə isə Prezident yeni, istedadlı ədəbi qüvvələrdən xəbərsiz olduğundan, qurultayqabağı Söz sənətinə verdiyi qiyməti uzun illərdən bəri tanıdığı bu “məşhurların” – milli ədəbiyyatın bu naftalin qoxulu müəlliflərin simasında həyata keçirir və sair və ilaxır...
* * *
...Qulam Hüseynli gecəki yuxusunun təsiri altında Mərkəzə daxil olanda idarənin foyesinə yığışan “Avanqard”çıların bir hissəsi artıq dağılışmışdı...
Avanqardçılar Birliyinin yenicə seçilmiş sədri Dünya Qocagül – üzünün ifadəsindən hansı ovqatda olduğu heç vaxt bilinməyən gənc, qarabuğdayı adam yumruqlarını arxasında çarpazlayıb güləşçi yerişini andıran qısa, çevik addımlarla onun üstünə yeridisə də, Qulam Hüseynli heysiz səslə:
– Bilirəm, amma indi halım yoxdu, Dünya, – deyib birlik sədrini sanki səsi ilə geriyə itələdi.
– Deyirdim, bir məsləhətləşərdik – Dünya Qocagül Qulam Hüseynlinin ardınca pillələri çıxa-çıxa elə bil öz-özünə dedi.
– Nə barədə məsləhətləşərdik?..
– Biz bəyanat hazırlamışıq.
– Nə bəyanat?.. Siz də ev istəyirsiz?.. – Qulam Hüseynli pillələri çıxdığı yerdə dönüb nifrətlə Dünya Qocagülün, görünür, indicə hardasa keçirdiyi mitinqdən qızarıb pörtüşən üzünə baxdı.
– Niyə də istəməyək? Biz burda acından qırılırıq, balalarımız onun-bunun evində yatır, mənzilləri isə əlli yerdə imarəti olan qocalara verirlər...
Qocagülün danışığından, ya xalq şairi Küskünün dünənki qəfil vəfatının canında saxladığı matəm havasından, ya bugecəki yuxuda Ağləpənin çığıra-çığıra dediyi: “O, bunu böyük ədəbiyyat naminə edir!!..” sözünü xatırlamağından, yoxsa səbəbini dərk eləmədiyi ayrı nədənsə Qulam Hüseynlinin ürəyi bulandı:
– Məni rahat burax, Dünya. Vallah, halım yoxdu. Necə bilirsiz, elə də eləyin.
...Fərəc həmişəki yerində – nəhəng söykənəcəkli kreslonun bir küncündə oturmuşdu. Balaca ayaqlarını bardaş qurantək, bir-birinə keçirib onu gözləyirdi. Qulam içəri girən kimi:
– Telefonunuz işləmir? – deyib narahat-narahat yerində qurcalandı.
O gün axşamacan iki qədim dost üzbəüz oturub siqareti siqaretə calaya-calaya, tüstü dumanının içindən fikir dumanına qərq oldular. Gün aşağı enəndə və Qulam Hüseynlinin şimala baxan pəncərələrinə qaranlıq çökəndə:
– Görünür ki, qoca orqanizm sevinc hissinə tab gətirmir, – Fərəc deyib udqundu, sonra gözlərini Qulam Hüseynliyə zilləyib, ağsaqqalları deyirəm, – deyə əlavə etdi.
– Nə isə, hər şey çox qəlizdi, – Qulam Hüseynli gözləri yol çəkə-çəkə dedi. – Bizim başa düşdüyümüzdən də qəlizdi.
Axşama yaxın otağın qapısı xəfif-xəfif döyüldü və aralandı.
Gələn Ağləpə idi. O hələ də srağagünkü çaşqınlığın içindəydi, içəri girdiyi yerdə qapının ağzında büdrəyib az qaldı yıxıla.
Qulam Hüseynlinin Ağləpənin bu halından gözü qaraldı.
– Yenə nə olub?..
– Cavanlara da ev verdilər!.. – Ağləpə boğula-boğula deyib harasa kənara səntirlədi. – Elə indicə... Prezidentin sərəncamıyla. Deyirlər, şeir də deyib...
– Kim?..
– Prezident. Səhhət Qurumgöyün son silsiləsindən deyib.
– Bizim Səhhətdən?..
– Hə, “Göy bulud”un ikinci bölümündən.
Ağləpə bunu deyib elə bil haldan düşdü, oturmağa yer axtardı da, amma sonra nə fikirləşdisə, elə ayaq üstə yellənə-yellənə dayanıb qaldı.
Fərəc gözlərindən qığılcım çıxa-çıxa Qulam Hüseynliyə baxdı, Qulam Hüseynli Fərəcə, sonra niyəsə, qapının ağzında bayraq kimi yellənən Ağləpənin şişburun çəkmələrinə zillədi...
***
O axşam Fərəc Qulam Hüseynlini evlərinəcən ötürdü. Dostlar bir xeyli də binanın aşağısında, yağış başlarına döyə-döyə dayanıb bir-birinə baxdılar.
Fərəc balaca əlləriylə nimdaş plaşının yaxalığını qaldırdı, çənəsi soyuqdan, ya neçə gündən bəri hər ikisinin canına yerimiş soyuq cərəyanabənzər bir nəsnədən titrəyə-titrəyə:
– Mən qorxuram, – dedi.
– Nədən qorxursan?.. – Qulam Hüseynli dedisə də, Fərəcin qaranlığın içində göyümtül qığılcımlarla işaran gözlərinə baxdıqca dizlərinin boşaldığını hiss elədi...
Fərəc dinmirdi. Gözləri soyuqdan sulanmışdı. Ya boğazını qəhər tutmuşdu?.. Fərəc üzünü yana çevirib astaca titrətdi elə bil. Yoxsa, bu, Qulam Hüseynliyə belə gəldi?!..
– Qorxursan, cavanlardan da ölən olar?.. – Qulam Hüseynli yarıciddi, yarızarafat dedisə də, Fərəc ona sarı baxmadı, əllərini plaşının ciblərinə basıb yağışın içiylə, qaranlıq dənizin içiylə yeriyəntək, addımladı və gözdən itdi.
Qulam Hüseynli evə daxil olanda televiziya ilə Prezidentin gənc yazarlarla görüşünü verirdilər.
Prezident yenə salondan çıxdığı yerdə qapının ağzında ayaq saxlayırdı, geriyə çönüb sol əlini yuxarı qaldırır və yenə hansı şairinsə şeirini deyirdi...
Gecə Qulam Hüseynli yuxuda Prezidenti gördü...
Prezident əynində ağ xalat, üstünə saysız-hesabsız kolbalar, içi bənövşəyi-qırmızı məhlullar dolu cürbəcür formalı şüşələr yığılmış nəhəng stolun arxasında dayanıb nə iləsə məşğul idi... Qulam Hüseynli də həmin bu kimyəvi otaqda idi… qalın məxmər örtüklü aralıqlardan birinin pərdəsi arxasından kimyagər Prezidentin əməliyyatlarını güdürdü... Prezident içi məhlulla dolu kolbalardan birini işığa tutub bir müddət diqqətlə baxa-baxa, deyəsən, məhlulun keyfiyyətini müəyyənləşdirməklə məşğul oldu, sonra yaşıl məhlullu balaca şüşədən kolbadakı qırmızı məhlulun içinə səliqə ilə bir neçə damcı damızdırdı... Kolbanın içindəki məhlul qabarıb köpükləndi, tüstülənib ətrafı tüstü dumanına qərq elədi... tüstü burulğanı kolbanın ağzından çıxıb burula-burula otağı bürüdü... Prezidenti də, üstü kolbalar dolu nəhəng stolu da görünməz elədi… Qulam Hüseynlinin nəfəs yolunu tutub onu boğa-boğa öskürtdü... bu məqam hardansa yaxından, tüstünün ən qatı hissəsindən Prezidentin asta, asta olduğu qədər də amiranə səsi eşidildi:
– Məni az güd, Qulam...
* * *
...Prezident qurultay keçiriləcək Milli Akademik Teatr binasının gur işıqlı salonuna qabaq qapılardan daxil oldu, onu ayaq üstə alqışlaya-alqışlaya qarşılayan camaata yorğun-yorğun gülümsəyib yüngülcə əl elədi, təzə, qara çəkmələrində azca axsaya-axsaya cərgələrin arasıyla addımlayıb əyləşdi.
Prezidentin ardınca zala daxil olan bir dəstə adam – Prezidentin qoruyucuları, həyəcanlı məmurlar dəstəsi, o oturan cərgənin arxasında, ikinci sırada əyləşdilər.
Qurultay işə başladı. Kürsüyə çıxanların hər biri hörmət əlaməti olaraq, əvvəl qurultayda iştirak edən Prezidenti öz qabiliyyəti çərçivəsində salamlayır, o biri görüşlərdə olduğu kimi, yenə ölkənin təbii sərvətlərindən, qaz istehsalından və taxılçılıqdan danışırdılar...
Qulam Hüseynli ilə Fərəc arxa cərgələrdə dinməz-söyləməz böyür-böyürə oturmuşdular. Qulam geriyə boylanıb adamların arasında Dənizi axtardısa da, tapmadı.
– O gəlməyəcək, – Fərəc səhnəyə baxa-baxa astadan dedi.
– Niyə?
– Deyir: “iyrənirəm”.
Fərəcin bu sözündən sonra Dəniz Qulam Hüseynlinin gözünün qabağına əlləri qoltuğunda, pəncərədən çölə baxa-baxa:
– Bizim onlarla fərqimiz ondadır ki, onlar bu dünyanın qara damasında, bizsə ağındayıq... – dediyi yerdə gəldi.
Neçə illərdən bəri yaradıcılıqlarına və acınacaqlı yaşayış şəraitlərinə laqeyd qalan Birlik rəhbərliyini neçə vaxtdan bəri hazırladığı kəskin çıxışlarla istefaya göndərəcək acıqlı orta ədəbi nəsil də burda idi, zalın sol cinahında oturub qanlı-qanlı rəyasət heyətinə – qara şüşəli eynəyinin arxasından kimə baxdığı dəqiq bilinməyən Vəfa müəllimə zillənmişdi.
– Hiss eləyirəm, nə isə olacaq, – Fərəc üzünü Qulama çevirmədən astaca dedi.
– Nə olacaq?..
– Bilmirəm. – Fərəc deyib elə bil təntidi, sonra üzünü Qulama çevirib bir-birinə yaxın oturan girdə gözləri qorxudan böyüyə-böyüyə: – Görmədin?.. O axsayır. – dedi.
– Nolsun ki?.. – Qulam Hüseynli çiyinlərini atıb özünü topladı.
– Axı o axsamırdı?..
Bütün iclası Qulam Hüseynli qabaq cərgədə oturanların başları arasından, yalnız sol çiyninin bir hissəsi görünən Prezidenti müşahidə etməklə məşğul oldu.
Qəribəydi ki, bütün iclas boyu Prezidentin çiyni bircə dəfə də olsun tərpənmədi. Elə bil Prezident pencəyini orda qoyub harasa getmişdi.
Prezidentin pencəyi yalnız iclasın axırına yaxın – Prezident aramla ayağa qalxıb yüngülcə axsaya-axsaya kürsüyə sarı yeriyəndə tərpəndi.
Prezident yeridikcə, ayaqlarındakı qara işıltılı çəkmələri təzəlikdən, ya nədənsə xəfif-xəfif cırıldadıqca Qulam Hüseynli Prezidenti axsadanın, bəlkə də, həmin bu işım-işım işıldayan qara və təzə çəkmələr olduğu barədə uzun-uzadı düşündü.
Prezident bir müddət kürsüdə dinməz-söyləməz dayana-dayana kədərli üzü ilə yarıqaranlıq zala göz gəzdirib elə bil kimisə axtardı, sonra Söz sənətinin qədimliyindən və qüdrətindən, milli ədəbiyyatın son illərdəki nailiyyətlərindən danışmağa başladı. Əsərlərini qanları və canları bahasına yaradan sənətçilərin incə, kövrək təbiətlərindən söz açdı. Sonra bir xeyli də bu məsum insanların dövlət qayğısına ehtiyacları olduğunu bildirdi və çıxışının sonunda, bütün qurultayqabağı görüşlərdə elədiyi kimi, sol əlini yuxarı qaldırıb qəribə bir hüznlə bu gün Birliyi təşkil edən beş yüz əlli altı üzvün hər birinə mənzil verilməsi barədə sərəncamı elə indicə, qurultaya gələrkən imzaladığını elan etdi.
Prezidentin bu qəfil bəyanatından sonra zala bir anlıq sükut çökdü...
Prezident kürsüdən aralanıb ayağını sıxan təzə ayaqqabılarında yüngülcə axsaya-axsaya səhnədən endi, əllərini arxasında çarpazlayıb heç kimlə xudahafizləşmədən, heç kimə əl eləmədən, üzündəki hüzn ifadəsi ilə salonun çaşqın sükutu altında zalı tərk etdi.
Prezidentin arxasınca bağlanan ağır qapıların səsi heyrətdən nəfəsi itmiş salonu sanki yuxudan oyatdı… İclas salonundan qopan gurultu divarları, tavanın ağır çilçırağını titrətdi.
Qulam Hüseynli həyəcandan ürəyinin harasa mədəsinin içinə düşdüyünü, gözlərinə dolan yaşın titrəyib yanağı boyu diyirləndiyini hiss etdi...
Fərəc əl çalmırdı, gözlərindəki qorxu böyüyə-böyüyə zalın ətürpədən çığırtılar və alqışlar altında, az qala, uçulacaq çatlaq tavanına baxırdı...
* * *
...Qurultayın səhəri günü Prezidentin yeni sərəncamı bütün dövlət qəzetlərində dərc olundu. Sərəncam yazıçıların XXXIX qurultayına töhfə olaraq, milli ədəbiyyatın inkişafındakı xidmətlərinə görə Birliyin bütün üzvlərinin mənzillə təmin edilməsi haqqında idi.
Günortaya yaxın Birlikdən alınan məlumata görə, Birliyin üzvlərinə Prezidentin şəxsi göstərişi ilə şəhərin ən uca məhəllələrindən birində, yaşayış massivindən bir neçə kilometr aralıda, hündür hasarla əhatəyə alınmış kiçik qəsəbə tipli ərazidə iyirmi mərtəbəli, beş yüz əlli altı mənzilli böyük bina ayrılmışdı.
Prezidentin bu son sərəncamından sonra ədəbi mühitdə qəribə bir sükut yaranmışdı. Zəncirvari ardıcıllıqla bir-birini əvəzləyən sirli hadisələrdən əsəb sarsıntısı keçirmiş Qulam Hüseynli hələ köçməyə imkan tapmadığı bu vahiməli binanı tez-tez yuxularında görməyə başlamışdı...
Dörd bir tərəfdən hündür, keçilməz hasarla dövrələnmiş bu beş yüz əlli altı mənzilli binanın sakinləri – kövrək, coşqun sənət əhli burda xüsusi geyimdə – yaşıl-sarı zolaqlı pijamalarda gəzişir, iki-bir, üç-bir həyətin kölgəli guşələrinə çəkilib yazdıqları son şeir və hekayələrini bir-birilərinə oxuyur, həyətin daxilində fəaliyyət göstərən qəzet köşklərinin, dəlləkxana və ərzaq dükanlarının əmək personalı xüsusi geyimlərdə – ağ xalatlarda xidmət göstərir, böyük söz dünyasının ümmanlarında pərvazlanan bu ədəbiyyat pərvanələrini xəyal aləmindən ayırmamaqdan ötrü bir-biri ilə işarələrlə danışır, həyət boyu barmaqlarının ucunda yeriyirdilər... Pijama çatmadığından Qulam Hüseynli mənzilindən çölə çıxa bilmir, hündür, ikilaylı pəncərədən həyətə boylanaraq, aşağıda yekə ölçülü pijamasını əynində dartışdıra-dartışdıra avanqardçılarla ənzəli oynayan Fərəci çağırırdı...
1994