O, MƏNİ SEVİR...

(ikihissəli qurtuluş cəhdi)

 

İŞTİRAK EDİRLƏR:

Ayom –  hərəkətləri yaydan atılan oxu, göydə iti sürətlə axan od parçasını

andıran, insandan çox canavara bənzər, peşəsi və yaşı naməlum qadın.

 

Ayna   nə iləsə Ayoma bənzəyən, üzü və hərəkətləri hansısa ev quşunu

andıran, yaşı və peşəsi naməlum qadın.

 

Abd – yaşı və peşəsi bilinməyən ucaboylu məxluq.

 

Naməlum kəs dirijor, yaxud lakey kostyumunu andıran ağ-qara geyimli,

üzü ağ-qara qrimli əcaib məxluq.

 

 PROLOQ

 

Bilinər-bilinməz aramlıqla hərlənən yarıqaranlıq, sferik məkan. Məkanın bir tərəfində alabəzək jurnal mizi, mizin üstündə müasir dəbli telefon və stolüstü lampa görünür. Bu Aynanın yeridir.

Məkanın əks tərəfində  şəffaf jurnal mizi, mizin üstü sahmansız halda qalaqlanan kağızlarla doludur. Burda telefon da, stolüstü lampa da, jurnal mizinin davamı tək, şəffafdır. Bu Ayomun yeridir.

Məkanın tən ortasında tavandan, hər iki məkanı bir-birindən sərhəd kimi ayıran elektrik şnuru, şnurun ucundan asılmış lampa diqqəti çəkir.

Aynanın yanında Abd görünür. Onun oturduğu, ya ayaq üstə dayandığı, yoxsa hardansa asıldığı, daim dəyişən işıq və kölgə əvəzlənmələrində anlaşılmır.

Ayom – üzü tamaşaçılara, Ayna – arxası tamaşaçılara əyləşib.

Əvvəlini eşitmədiyimiz söhbətlər – boşluğu, hava sovrulmasını andıran sirli səslərin fonunda gedir.

 

Ayom (çaşqın). …Bu, mənim günahım deyil. Günah onlardadı. Məni orda – o darısqal dəhlizdə gözlədənlərdə. (səsi enir) Mənim ağlıma da gəlməzdi ki, onlar… (fikrə gedir)

Ayna (sözünü kəsir). O-oy, yenə şişirdirsən. Bu, sənin çoxdankı adətindi. Belə balaca, əhəmiyyətsiz bir şeydən ötrü bu qədər…

Ayom (sözünü kəsir). Yox, məsələ onda deyil. Məsələ bundadı ki… (əsəbi gülüşlə) …mən orda saatlarla gözlədim. Dəhlizdə!..

Ayna (sakit). Nolsun ki?.. Burda nə var axı?..

Ayom (onu eşitmir, vahimə içində). …Bir ordu adamın içində!…

Ayna. Yenə başladı. Yenə adamlar. Yenə ordular… Sənin əzəli və əbədi xəstəliyin. Axı o dəfə danışdıq, aydınlaşdırdıq axı, biz hamımız adamıq. İnsanıq! Sən də, mən də…

Abd (hürkmüş halda). Mən də… Adamam.

Ayom (onu eşitmir). …Sən bir təsəvvür elə. Mən gözləyirəm… Arada bir qapını açıb: «Noldu, hələ çox qalıb?..» – deyirəm. Onlarsa, «Gözləyin…» – deyirlər. «Gözləyin», vəssalam. Mənsə… (sanki boşluğa düşür, qollarını boynuna dolayır, vahimə içində) orda… o qədər adamın içində… o boyda adam axınında o qədər gözlədim ki…

Ayna (bezgin). Yenə məni üzürsən…

Ayom (onu eşitmir, ovsunda). …az qaldım öləm… Böyür-başımdan adamlar ötür… mənsə hiss edirəm… Hiss edirəm ki, tədricən harasa, ha yanasa sovruluram… Ha tərəfəsə çəkilirəm… (səsi enir, vahimə içində tamaşaçılara) Yan-yörəmdən müxtəlif növ adamlar keçir… Cücüyə, böcəyə, yarpağabənzər adamlar… Düymə gözlərini üzümə zilləyirlər…

Ayna. «Zilləyirlər!» Bəlkə, deyəsən (məlahətlə) «baxırlar», «nəzər salırlar»?..

Ayom (onu eşitmir, qəfildən həyəcanla). Onlar mənim böyrümdən yox… (əlini mədəsinin üstünə qoyur) …bax burdan keçirdirlər!

Abd. (kədərlə boşluğa) Ordan adamlar keçir…

 

Pauza. Nəyinsə burulduğunu, dağılmaq, sökülmək ərəfəsində olduğunu andıran sirli səslər… Ayna əzab içində başını qapayır. Ayomun dedikləri getdikcə güclənən səslərin içində eşidilməz olur.

 

Ayna (az qala, ağlaya-ağlaya). Sən… Sənin bu xəstəhal sayıqlamaların məni əldən salıb!.. Dediklərin… (susur, nəyisə anlamış kimi) Yox-yox, səsin! Sənin səsin… (üzü, harasısa ağrıyırmış kimi büzüşür) …mənim ha tərəfiməsə toxunur… (bədəni boyu nə isə axtarırmış kimi) …harasa ilişib qalır. O biri günlər isə… elə hey ha tərəfimdənsə bitir, bitir... Zəhərli göbələklər kimi… Yara kimi!..

 

Ayna danışdıqca Ayom ayağa qalxır, aramla Aynaya sarı yeriyir. O yeridikcə Məkana sirli qaranlıq çökür. Ha tərəfdənsə sızan zəif işıq seli. Ayna dəstəyi yerinə atıb ayağa qalxır. Əcaib səslər. Qadınlar işıq selinin bərqində nəyinsə, haranınsa astanasında dayanan tək, üz-üzə dayanırlar.

 

Ayom. Sən anlamırsan. (əlini mədəsinin üstünə qoyur) Onlar burdan keçirlər!.. Bir - bir!… Növbə ilə!..

Ayna (vahimə içində Ayomu özündən kənara itələyir). Mənə nə?..

Ayom (ayılır, çaşqın). Sənə nə?..

Ayna (sərt). Bura bax, nə istəyirsən məndən, hə?.. Nə vermisən mənə, ala bilmirsən?.. Niyə məni yaşamağa qoymursan?.. Axı mən…

Ayom (Aynanın yaxasından yapışır). Sən… Bunu sən deyirsən?.. Səni yaşamağa qoymuram?.. 

Ayna. Bəli!.. Qoymursan!..

 

Qadınlar işıq bərqində əlbəyaxa olurlar.

 

Ayom (Aynanı fəndlə yerə sərib sinəsində oturur). Sən… mənimlə heç vaxt belə danışmırdın. İndi noldu, hə?.. Özünü nə hesab elədin?..

Ayna (Ayomun altında vurnuxur). Burax məni!.. Sən xəstəsən!.. Ruhi xəstə!.. Bunu özün də bilirsən!.. Hə-hə, bilirsən!.. Məni də öz gününə qoymaq istəyirsən!.. Amma alınmayacaq!..

 

Abd ehmal addımlarla qadınlara yaxınlaşır, onları ayırmaq istəyirsə də, vurnuxmanın sehrinə düşüb özü də əlbəyaxaya qoşulur. Hər üçü əlbəyaxada vurnuxur. Qadınlardan hansı birisə Abdı kənara itələyir və o, yerə yıxılır.

 

Abd (çənəsini ova-ova, yazıq-yazıq). Siz neyləyirsiz? Belə olmaz axı?!.. Qaydaları pozmaq olmaz!..

Ayna (Ayomun qolları arasında vurnuxur). Adama neçə dəfə deyərlər, nə qədər yalvararlar?!.. Nəyimə lazımdı, hardan kimlər keçir?!.. Və ümumiyyətlə! (Ayomu üstündən itələyib ayağa sıçrayır) Bəsdi daha!.. Nə vaxta qədər məni bu (Ayomun təbiri ilə) «izaholunmazlarınla» yoracaqsan?..

Ayom. Yoracağam?.. Ah, demək, belə?..

Ayna (üsyankar). Bəli!.. Sən məni yorursan!.. Mən yorulmuşam!.. Bezmişəm!..

Ayom (əsəbi). Bezmisən?.. Axı mən… Axı sən… Sən ki, özün… Həmişə özün deyirdin ki… (əl atıb Aynanın xirtdəyindən yapışır)

Ayna (vurnuxur). Nə deyirdim?.. Nə deyirdim axı??

Ayom. Deyirdin «yaşaya bilmirəm», «darıxıram», «ölürəm», «həyat mənasızdı». Bəli-bəli, sən bunu deyirdin!.. 

Ayna (vurnuxur). Deyirdim, deməmiş olum!

Ayom (nəfəsi təngiyə-təngiyə Aynanı boğmağa davam edir). Deyirdin həyat başdan-başa mənasızlıqlarla doludu, sən də bu məntiqsiz mənasızlığın içində boğulub ölürsən... Səhərlər robot kimi işə getmək, axşamlar gözünü döyənək eləyən evinə qayıtmaq, əlinin altına keçəni yeyib yatmaq məşəqqətdi, məşəqqət!… (Aynanı silkələməkdən usanıb kənara itələyir, ovsunda tamaşaçılara) Gecələrlə başının kəsilməyini gözləyən qurbanlıq qoyun kimi yuxuya getməyini gözləyirsən... Səhəri gün də elə… o biri gün də elə… Yuxuda da eləcə... İşə gedirsən, evə qayıdırsan… yeyirsən, yatırsan, yenə işə gedirsən, yenə evə qayıdırsan, yeyirsən, yatırsan, sonra yenə işə gedirsən, yenə evə qayıdırsan… (öz-özünə) Əllərini sabunlayırsan, üzünü yuyursan, yeyirsən, yerinə girib yuxuya getməyini gözləyirsən… səhəri gün də elə, o biri gün də elə…

 

Abd ehtiyatla Ayoma yaxınlaşır, onun çiyinlərindən tutub kreslosuna sarı aparmaq istəyirsə də, yerindən tərpədə bilmir.

Ayna (acı istehzayla tamaşaçılara). Və bütün bu yeknəsəqliyin içində başını itirirsən!

Abd (Aynaya, sərt). O olmayan başını!..

Ayom (hələ də ovsunda). …bu mənasız məzmunsuzluqdan usanıb əldən düşürsən... Boğulub ölürsən… (qəfildən ayılır, Aynaya, qəzəblə) İmdad diləyirdin!..

Ayna. Kim, mən?..

Ayom (iti addımlarla yerinə qayıdır, mizin üstünə dağılmış yazılı vərəqləri qatıb qarışdırır, qəfildən əl saxlayır, qəhərlə). Mənsə, səni özüm bildim. Yazığım gəldi. Gör bir, kimə yazığım gəlib?!.. Şüursuz, duyğusuz müqəvvaya! Yox-yox, cansız, soyuq güzgüyə!..

 

Ayom müxtəlif pozalar alır. Ayna mexaniki kukla hərəkətləri ilə Ayomu təkrarlayır.

Ayom. Ay yazıq… Amma unutma – kənara çəkilsəm, heç nəsən!..

Abd (əsəbi halda Aynaya). Bəli, heç nə!..

 

Möhtəşəm qapı cırıltısı... Hər üçü, səs gələn səmtə boylanır. Pauza. Cırıltı

səsi əcaib musiqi ilə əvəz olunur. Ayna başını aşağı salıb, müti yerişlə yerinə

qayıdır. Abd harasa geriyə çəkilərək, gözdən itir... Ayom ovsunlu halda nə isə axtaran tək, Məkan boyu vurnuxur. Onun bu vurnuxmasından Məkanın özü yırğalanmağa başlayır… İşıq avazıyır və sönür.


BİRİNCİ HİSSƏ

 

Məkana qaranlıq çöküb. Qaranlıqda telefonla danışan çoxlu adam səsləri eşidilir. Sözlər anlaşılmasa da, nəyinsə mübahisəsi, gərgin araşdırmaların getdiyi hiss olunur. Danışıqlar tədricən vəhşi kakafoniya halına çatır və bir adamın çığırtısıyla bitir.Çığırtının kulminasiya nöqtəsində heçlikdən Abd peyda olur və səslər kəsilir. Məkan tədricən işıqlanır.Qadınlar hərə öz yerində oturub telefonla danışırlar. Danışdıqca hər biri öz lampasını yandırıb-söndürür.

 

Ayna (üst-başını, saçlarını sahmanlayır, ehtiyatla). …Sənin son hərəkətlərin… (səsi qəfildən dəyişir) Başa düşürəm, belə adamlar var. Elə adamlar var ki, onlar hər şeyi bir qədər fərqli görürlər. Yəni hamının görə bilmədiyi kimi. Bu, əlbəttə ki, özünə görə bir xoşbəxtlikdi. Bəlkə də, səadətdi…

Ayom (ayılır). Nə?.. 

Ayna. Deyirəm, yəni sənin kimi yaşamaq səadətdi. Bütün bu mənasızlıqlardan kənarda. Elə bil guya burda, əslində, isə… (söz axtarır) …hardasa tamam ayrı yerdə. (qəfildən yazıqlaşır) Amma axı mənim günahım nədi?.. Mən ki, sən düşdüyün, ya qalxdığın o yerlərə qalxıb-düşə bilmirəm?!.. Bunu sadəcə, bacarmıram. Daha doğrusu, mən… qorxuram…

Ayom (ayılır). Qorxursan?.. Nədən?..

Ayna (bir müddət içində tərəddüd edir, astadan). Səndən...

Ayom (ciddiləşir). Məndən?..

Ayna. Sən bilmirsən. Anlamırsan ki, son vaxtlar nələr deyirsən… və eləyirsən. Sən elə şeylər eləyirsən ki, buna… (susur) Heç bilmirəm, buna nə ad vermək olar?.. Dəlilik?.. (bir anlıq fikirləşir) Yox, bu, dəlilik deyil.

Ayom (fikri lampada, əsəbi). Neylədim yenə?..

Ayna. Ogünkü məclisi deyirəm. Yubileyi. Əvvəllər deyirdin, adam arasında özümü üstü sürüşkən selikli cücülərin arasındakı kimi, hiss eləyirəm. Hər məclisdən sonra düz bir həftə çirkli su udmuş kimi xəstə yatıram. Bəs ogünkü nə idi?!.

Ayom (duruxur). Ogünkü?.. Hansı günkü?..

Ayna. Ötən həftədəki ad gününü deyirəm. Yaxın dostumuzun yubileyini. Orda ki dediyin o «cücülər» yox idi?!.. Hamı tanıdığın, sevdiyin adamlar idi. Bir də ki, mən səni ora zorla aparmamışdım?!.. Məni niyə o vəziyyətə saldın?..

Ayom. Nə vəziyyətə saldım?.. Orda noldu axı?

Abd (ləzzətlə boşluğa). Boğulub öldü!

Ayna (Abda məhəl qoymadan). Noldu?.. (əsəbi gülüşlə) Hələ bir soruşursan da?.. Yadından çıxıb, yoxsa?..

Ayom. Yox, niyə ki?.. Yadımdadı… (xatırlayır) Gur işıqlı salon idi… Təzə xiyar iyi gəlirdi…

Ayna (təəccüblə). Təzə xiyar iyi?..

Ayom (xoflu). Orda… mən nə isə elədim, hə?..

Abd (boşluğa, ləzzətlə). Hamının üzünə tüpürdü!

Ayna. Elədin də sözdü?.. Məclisin şıdırğı yerində… (tamaşaçılara) Heç yubilyara söz verilməmişdi… (Ayoma) Elə bil sənə, üzr istəyirəm, biz batırdılar!..

Ayna. Biz batırdılar?..

Ayna. Hə də… Məclisin tən ortasında dəli kimi sıçrayıb ayağa qalxdın. Boyun da ki, maşallah, baxmayanın da gözünə girir.

Ayom (həyəcanla, öz-özünə). Mənim bu boyum… (susur, qəfildən çaşqın halda tamaşaçılara) Elə bil ötən ildən bura o, bir az da uzanıb. (təşvişlə) O, niyəsə ildən-ilə uzanır. Görəsən niyə, hə?.. Niyə uzanır?..

Abd. (boşluğa) O böyüyür!..

Ayna (heç birini eşitmir). Mən… dişim bağırsağımı kəsir, bilmirəm neyləyim ki, səni saxlayım… Sənsə… Nə danışırsan, səni saxlamaq olar?.. (susur, səsi dəyişir) Sən gedəndən sonra bilirsən nə oldu?..

Ayom. Nə oldu?..

 

Ayna bir müddət başını yelləyə-yelləyə susur.

 

Abd (Aynaya əsəbi). De də!..

Ayna (nəfəsini dərir). Səndən sonra hamı mat-məəttəl bir-birinin üzünə baxa-baxa qaldı…

Ayom. (təlaş içində) Məgər… mən orda nə isə elədim?..

Ayna. Daha neyləyəcəkdin?.. Məclisi dağıtdın.

Ayom. Dağıtdım?..

Abd (ləzzətlə boşluqlara). O dağıdıcıdır!..

Ayna. Sən gedəndən sonra bilirsən nə oldu?..

Ayom. Nə oldu?..

Ayna. Ortaya yöndəmsiz bir pərtlik düşdü. Hamı özünü itirdi.

Ayom. Axı niyə? Mən ki... 

Ayna (sözünü kəsir). Yubilyar hönkür-hönkür ağladı!.. Səhəri gün isə… (susur, hüznlə) …düşüb öldü!..

 

İşıq dəyişir. Sirli səslər. Hardansa uzaqdan təlaşlı kütlə səsi eşidilir. «Ona nə oldu?..» «Ona nə isə oldu?..» «O öldü?..» «Öldü!..» «Öldü!!!»..

 

Ayom (səsi səslərə qarışır). Öldü?.. Öldü?.. Axı… niyə?..

Ayna. Bunu səndən soruşmaq lazımdı. Mən ki, nə qədər elədim, səni saxlaya bilmədim?!.. (səsi əks-səda verir) Sən zəncirdən qırılmış vəhşi cöngə kimi…

Abd. Meteor kimi…

Ayna. …özünü çölə elə atdın, (əsəbi gülüşlə) elə bil kimsə dişlədi səni!

Ayom (diksinir). Dişlədi?.. (susub fikrə gedir, qəfildən nəyisə xatırlamış kimi) Hə! Yadıma düşdü… Məni orda kimsə dişlədi!

 

Ayna ilə Abd mat-mat bir-birinə baxırlar.

 

Ayom (müqəssir halda). Amma axı mən... (mədəsini ovuşdurur) Mən ki ordan barmaqlarımın ucunda çıxdım?!.. Heç kəsə mane olmamaqdan ötrü. Heç kəs də bilmədi…

 

Əcaib səslər. Məkanın dərinliyindən çiyinlərində tabut bir neçə adam keçir.

 

Abd (tabut aparanlara, hüznlə). Allah rəhmət eləsin! Behiştlik olsun. (işgüzar) Tələsməyin. Ehtiyatla. Bir az yuxarı. Sağa-sağa. Bax belə…

Ayna. Heç kəs bilmədi?.. Sən… (əsəbi çılğınlıqla söz axtarırsa da, qəfildən susur, sonra sərt) Sənə görə adam ölüb!.. Özü də bu, öz aramızdı, birinci hadisə deyil. (məkrlə) Sən elə dağıda-dağıda, öldürə-öldürə gedirsən!.. Buna, əfsuslar olsun ki, daha heç cür «təsadüf» adı qoymaq olmur!..

Ayom. Mən… (ayağa qalxır, çaşqın halda tabut daşıyanlara) …bir Allah şahiddi ki, bunu istəmirdim!..

Abd (boşluğa, qürurla). Yubilyarı o öldürdü...

Ayna (onu eşitmir). Yox, axı, nə qədər olar?.. Sənin hər hərəkətin… (qəfildən susur, ovsunda) Yox, səsin! Sənin səsin hər yerdə  çaxnaşmalar yaradır!.. Hər şeyi, hər yeri alt-üst edir. İnsanlar tələf olur!!..

Abd. Onu yaxına buraxmaq olmaz. Yaxın məsafələrdə o, daha təhlükəlidir. (qəfildən yazıqlaşır, üzünü qapayır) Həm də onsuz yaşamaq mümkün deyil... Onsuz, hər şey maraqsız və cansızdı…

 

Ayna danışdıqca bloknotunu səhifələyir, bəzi səhifələri qoparıb ovcunun içində

xışmalayır və yerə atır. O atdıqca Abd onları ehtiyatla yığır, hamarlayıb üst-üstə

qoyur, qəfildən dəyişilir, qəribə şövqlü addımlarla Aynaya sarı yeriyirir, onun qarşısında

dizi üstə düşüb əllərini, dizlərini ehtirasla öpməyə başlayır. Ayna danışa-danışa

onu üstündən çırpır.

 

Ayna. Sən… (söz tapmır) Bilirsən, ümumiyyətlə, axır vaxtlar sən özündən bilmirəm, nə düzəldirsən.

Abd (əsəbi, Aynaya). O, bilir! (Ayoma yaxınlaşıb başını mərhəmətlə sığallayır.)

Ayna. Adamlar sənə neyləyir, başa düşə bilmirəm. Niyə onlardan qaçırsan?..

 

Abd yumruğunu qaldırır, Ayna yayınır. Sirli səslər. Uzaq boşluqlardan hava sovrulmasını andıran möhtəşəm Nəfəs eşidilir… Ayom ovsuna düşmüş kimi hərəkətsiz qalır.

 

Ayna. Onlar… Adamları deyirəm, sadəcə… (söz axtarır) Sadəcə, sənə can atırlar!..

Abd (göylərə). Can atırlar!..


«Can» deyən müxtəlif səslər məkanı bürüyür.

 

Ayom (ayılır, vahimə içində). Can atırlar?.. Can… Can… («can» sözü böyüyür və çoxalır. Nə isə kəşf etmiş kimi, tamaşaçılara) Sən haqlısan! Onlar canlarını mənə atırlar! (Aynaya) Bunu hardan bildin?..

Ayna. Nəyi?..

Ayom. Onların... Adamları deyirəm, öz canlarını mənə atdıqlarını!..

Ayna. Bunu bilməyə nə var?.. (rişxəndlə) Böyük işdi.

Abd (rişxəndlə). Bu, böyük sevgidi!.. Xalq sevgisi!!!..

 

Hansı uzaqlıqlardansa qorxulu çoxluqla, xorla «can!-can!-can» deyən kütlə səsi eşidilir.

 

Ayom (qanıqara). Sevgi?.. (susur, sakit etirafla) Məgər bu, sevgidi?

 

Sim qırılmasını andıran səs… «sən!.. », «yox!..», «biz!..», «mən!.. » «aç!.. », «o!.. » deyən səslər, qırıq kəlmələr eşidilir...

 

Ayna (dəstəyi kənara tutur). Aman Allah!..

Ayom. Yox, elə deyil. Onlar... (ovsunda) …nə isə istəyirlər...

Ayna (acı istehzayla). Nə isə istəyirlər?.. Nə istəyirlər? Onlar səndən nə istəyə bilərlər axı?.. Pul, mənzil, yoxsa avtomobil?.. (Ayomu istehzayla süzür) Sən kimsən axı?..

Abd (Ayoma baxır, rəhmlə). Onlar ondan keçmək istəyirlər.

Ayom (heç birini eşitmir, ovsunda). Hə-hə, bu, həmişə belə olub. Onlar məndən keçmək istəyirlər…

Ayna. Yenə başladı!.. Mən yenə heç nə başa düşmürəm. Səndən necə keçmək olar, ay başına dönüm?.. Sən nədi, körpüsən, yolsan?

Abd (üzü işıqlanır). O – yoldu. Həm də körpüdü…

Ayna. Sən hər şeyi tərsə-mayallaq başa düşürsən. Sadəcə, insanlar darıxır. (tamaşaçılara) Bəli-bəli, darıxır. Hamı darıxır. (Ayoma) Bunu özün deyirdin ki, həmişə. Əslində, ailələr də buna görə qurulur, idarələr də buna görə işləyir… Siyasət də, dövlət işləri də, idman yarışları da, hər şey, hər şey, əslində, bunun uğrundadı. İnsanlığın böyük darıxmaq azarından qurtuluşu naminə! (qəfildən öz dediyindən xoflanır, vahimə içində öz-özünə) Bu ki dəhşətdi?!..

 

Məkana sirli qaranlıq çökür. Abd əlində şamlar məkana daxil olur qadınların arasnda əyləşir, şamları öz aralarında bölüşdürür.

 

Ayom (ovsunda). Bəzən olur ki, insanlar o darıxma çıxılmazlıqlarından qurtulmaqdan ötrü özlərini yandırırlar...

Abd (şamları şamdanlarda bərkidə-bərkidə). Ya da qurtuluş yolu axtarırlar.

Ayom (Abdı eşitmir, Aynaya astadan). Odu ki, (əlini mədəsinin üstünə qoyur) bura düşmək istəyirlər. Sən bunu anlamırsan...

Abd (tamaşaçılara). Orda yol var…

Ayom (fikirli). Əslində, bu, elə belə də olur.

Ayna (vahimə içində). Nə olur?..

Ayom. Onlar məndən keçirlər.

Abd. Ordan adamlar keçir…

Ayna. Sən dəlisən. O göstərdiyin – mədəaltı vəzdi. Bir qədər solda. O xəstəliyin adı da var. Pankreatit.

 

Ayom öz şamını mədəsinə tutur və əyilib bir müddət ora – qaranlıq, dərin boşluğun içinə baxan tək, baxır.

 

Abd (kədərlə nəfəs dərir). Mən ordan keçmişəm. (Tamaşaçılara, ciddi) Orda dəhliz var.

Ayna (bezgin). Dəhliz?.. 

Ayom (hövlnak). Dəhliz?.. Sən hansı dəhlizi deyirsən?..

Ayna. Sən… (ah çəkir) yorğunsan. Elə mən də. Dizlərim əsir. (Qalxıb yerinə keçir, şamı söndürüb, lampasını yandırır.)

Ayom. Yorğunluğun bura nə dəxli?.. Ordan daim adamlar keçir.

Ayna (qayğılı). Axı ötən dəfə danışdıq bunu?!.. O hadisədən sonra sənə nəinki düşünmək, danışmaq belə olmaz. Qorxutmaq istəmirəm, bu… (susur, hakim səsiylə) xəbərdarlıqdı!.. Ogünkü o hərəkətini deyirəm.

Ayom. Hansı hərəkətimi?.. Yenə yubilyar məsələsini?..

Ayna. Yox, ta srağagünkünü deyirəm. Bax bu, ciddi xəbərdarlıqdı!..

Ayom. Xəbərdarlıq?..

Ayna. O xəstəhal sözlərinlə mən cəhənnəm, camaatın evini yıxırsan. (tamaşaçılara) Mənim qapı qonşum... Gül kimi gəlin… (Ayoma) Səndən sonra bütün evini dağıtdı! Əri... Üzüyola fağırın biridi… Az qala, boğub öldürürdü onu!..

Ayom (həyəcanla kəkələyir). O… o… o da öldü??.. 

Ayna. Yox, xoşbəxtlikdən o, hələ ölməyib. Biz ordaydıq, köməkləşib, kişini bir təhər sakitləşdirdik. (tamaşaçılara) Deyirəm, bu da işdi, sən Allah? İllərlə işlə, pul qazan, özünə min əzab-əziyyətlə ev-eşik qur, axırda da biri gəlib dağıtsın onu...

Ayom (əsəbi). Onun evini kim dağıtdı?.. Bəlkə, deyəcəksən, onu da mən dağıtdım?..

Ayna (acı istehzayla). Yox, mən dağıtdım.

Abd (boşluğa, qürurla). O evi o dağıtdı…

Ayom. Mən?..

Ayna. Bəli, sən!.. Məgər birinci dəfədi?.. Məgər o qorxunc sözlərinlə, o yoluxucu duyğularınla az evlər dağıtmısan, az adam məhv eləmisən?..

Abd. Bu, onun peşəsidi. 

Ayom (sarsıntı və çaşqınlıq içində). Mən… Axı mən…

Ayna. (sözünü kəsir) O gün nə dediyin yadındadı heç olmaya?..

Ayom. (xof içində) Nə dediyim?..

Ayna. Əşyalar haqqında sən daha nələr demədin?.. O gəlin bir yana, mən özüm (vahimə içində tamaşaçılara) …əynimdəkiləri… (əynindəkiləri əsəbi-əsəbi didişdirir, ayaqqabılarını ayağından silkələyib atır) …dərimi soyan tək, soyub atmaq istəyirdim!..

 

Zəlzələni, tufanı andıran əcaib səslər. Məkana dörd bir yandan saysız-hesabsız əşyalar – papaqlar və dibçəklər, süpürgələr və güldanlar, pal-paltarlar, çamadanlar səpilir, havadan asılır, gül tək pardaqlanır.

 

Ayom. Əşyalar?!. (Yadına salmağa çalışır) Əşyalar…

 

Nəhəng bufetlər və şkaflar diri hərəkətlərlə Məkana daxil olur, Məkan boyu, görünməz pultla idarə olunan tək, yeriyirlər. Abd Aynanın arxasında gizlənir,            bufetlərə təslim olan tək, əllərini yuxarı qaldırır.

 

Ayom (fikirli). Xatırlamıram… (mizin üstünə dağılan kağızların arasında nə isə axtarır.)

Ayna. O gün səndən sonra hamı öz əşyalarından… (əsəbi gülüşlə) …qorxmağa başlayıb. O gün mən özüm boğazımdakı bu şərfi, (tamaşaçılara, vahimə içində) …bu bir tikə parça qırığını, yavaş-yavaş, altdan-altdan dartılıb tarıma çəkilə-çəkilə məni boğmaq istədiyi yerdə tutdum!.. (dəstəyə, əsəbi) Bütün bunlar sənin işlərindi!..

Abd. O, təhlükəlidi…

Ayna. Hə, mən o təhlükəni hər an hiss edirəm!.. Ələlxüsus da, sən susanda. Sən susanda niyəsə həmişə mənə elə gəlir ki, (sakitliyə diqqət kəsilir, vahimə içində) hardasa nə isə baş verir…


Ayom (kağızlarda eşələnə-eşələnə öz aləmində). Əşyalar… Xatırlamıram. (qəfildən nəyisə xatırlayır) Amma, yox, olsun ki… (susub fikrə dalır.)

Bufetlər və şkaflar tədricən yoxa çıxır. Abd iri süpürgə ilə ortaya tökülən qalan əşyaları süpürməyə başlayır.

Ayna (həyəcanla). Hə, noldu?.. Niyə susdun?.. Mən bilirəm. Susursansa, demək… (vahimə içində) Demək, yenə düşünürsən. Yenə təhlükə saçırsan!..

Ayom (onu eşitmir, qəfildən ayrı səslə tamaşaçılara). Axır vaxtlar hiss edirəm ki, mən… təsir edirəm!

Ayna. Bəs mən nə deyirəm?.. Yoxsa, mənə qulaq asmırdın?

Abd (döşəməni süpürə-süpürə). O, heç də hər şeyi eşitmir…

Ayom (ovsunda). …Bax, elə ki, nə haqdasa fikirləşməyə başlayıram…

Ayna (sözünü kəsir). Onu demisən.

Ayom (ayılır). Demişəm?

Ayna. Demisən. Elə ki, nə isə fikirləşməyə başlayırsan, o dəqiqə hardasa nə isə hərəkətə gəlir. Ondansa, sən «təsir» məsələsini dəqiqləşdir.

Ayom (pərt). Məgər mən bunu demişəm?.. Əlimə qələm alıb nə isə düşünməyə başlayan kimi, hardasa nəyinsə çalxalanıb işə düşdüyünü… möhtəşəm çömçəyə bənzər nəyinsə hərəkətə gəlib, dörd bir yanı, dovğanı bulayan kimi, bulamağa başladığını demişəm?..

 

Möhtəşəm karuselin hərlənməsini andıran əcaib səslər. Bu dəli hərlənmənin sürətindən hürküb bağırışan insan səsləri eşidilir. Abdla Ayna duruxub xof dolu üzlərlə bir-birinə baxırlar... getdikcə onlar da ha yanasa sovrulmağa başlayırlar…

 

Ayom (səsi get-gedə yüksək notlara qalxır). …Telefonun aramsız zənglər çalıb, qapının, divarların, tavanın döyüldüyünü!.. Hamının qəfildən!.. Bir anda!.. Xəstəhal bir yekdilliklə... məni axtarmağa başladığını... (hardansa, uzaqdan aramsız telefon zəngləri, musiqi, rəqs edənlərin ayaq səsləri, sürətli uçuşlarla ötüşən maşın cüyültüləri, haray səsləri bir-birinə qarışır) …qonşuların rəqs edib, qohumların qəzalara düşdüyünü!..

Ayna (havaya qalxmamaq üçün Abddan yapışıb, vahimə içində). Onu da demisən.

Ayom. (pərt halda susur, sonra qəfildən nəyisə xatırlayıb tələsik) Bəs əlimə qələm alan kimi, hansı dəliklərdənsə çıxıb barmaqlarımın arasına daraşan kürən qarışqaları?.. Bunu da demişəm?..

Ayna (ayılır, səslər kəsilir). Qarışqa?.. Qarışqanın bura nə dəxli var?..

Ayom (fikirləri qarışır). Bu, həmişə belə olur. (söz axtarır) Elə bil… (susur, vahimə içində tamaşaçılara) Elə bil mən… hamıyla, hər yerlə necəsə, hansısa görünməz tellərlə bağlıyam!!..

Ayna (isterik gülüşlə). Görünməz tellər?.. (Öz-özünə) Bunu hardasa eşitmişəm. (xatırlamamağa çalışır) Görünməz tellər… 

Abd  (süpürgəni tüfəng kimi çiyninə aşırır). Hələ çox şey eşidəcəyik, (harasa yuxarılara baxır) İnşa Allah!..

Ayom (ovsunda, tamaşaçılara). İnanmırsız?.. Bax, əlimi beləcə… (göstərir) …tərpədirəm, (vahimə içində) …bir də baxıram ki, hardasa o tərəfdə nə isə… Yox!.. (həyəcanla) Nələrsə... (səsi enir, pərt) …hərəkətə gəlir!..

Möhtəşəm cırıltı səsi…

Abd və Ayna xof dolu baxışlarla bir-birinə baxırlar. Abdın süpürgəsi çiynindən açılıb ha yanasa uçur. Aynanın əlindəki telefon dəstəyi, quruya atılmış balıq kimi, çırpınmağa başlayır. Ayna əlini yandırırmış kimi, dəstəyi yerə atır.

 

Ayom (hələ də ovsunda). …Bu, əsasən, mən fikirləşəndə olur. (qəfildən nə isə kəşf etmiş kimi) A-a-a!.. Anlamağa başlayıram… Hə-ə, anlayıram! Bu, o deməkdi ki, mən… daha doğrusu, mənim fikirlərim canlıdı!.. (səsi enir, heyrət içində tamaşaçılara) Onların canı var...

 

İşıq dəyişir. Əcaib səslər. Möhtəşəm Nəyinsə titrəyişini andıran vıyıltılar. Ayna qorxu içində dizlərini qucaqlayıb qarnına sıxır.

 

Ayom (ovsunda tamaşaçılara). Bax, eşidirsiz?.. (sevinclə) Bu, onlardı!.. Mənim fikirlərimdi!!..

Abd (gözlərini yumub sakitliyə diqqət kəsilir. İlahi səslə). Eşidirəm!..

Ayna (vahimə içində). Mən də eşidirəm. Yer… Yer titrəyir!!!

Abd (göylərə zillənir, kövrəlmiş halda). O onu sevir!.. (yoxa çıxır.)

Ayom (o yan-bu yanına baxır, nə isə eləməyə hazırlaşırmış kimi, ayağa sıçrayır). Baxın. Bax, istəyirsiz, indi mən… (harasa atılmağa hazırlaşırmış kimi, susub gözlərini yumur)

Ayna (təlaş içində). Yox-yox-yox-yox!!! (yazıq səslə) Lazım deyil, xahiş edirəm.

 

Yerin uğultusu çöldən eşidilən yağış səsiylə əvəz olunur... Ayom özünü pəncərənin qabağına atıb göyə zillənir, qəhərlənib üzünü tutur.Yağışın səsi ilə bir heçlikdən peyda olan Abd da qəhərlənmiş halda başını divara söykəyir.

 

Ayna (pəncərəyə boylanır). Başa düşürəm. Anlayıram… Bax, belədə sən özünü öz evində hiss eləyirsən. Amma axı… həyat bu deyil?!.. (incik) Niyə anlamaq istəmirsən ki, bütün bunlar… dəqiqədə bir düşüb-çıxdığın o dibsiz uçurumlar mənim üçün nə qədər dəhşətlidi?!.. Bütün o dediklərin… o izaholunmaz anlaşılmazlıqların məni yorub əldən salıb! (qəhərlənir) Sən anlamırsan… Anlamaq istəmirsən…

Ayom hələ də pəncərədən göyə zillənib. Şimşək çaxır.

 

Ayna (dik atılır). Bu nədi belə?.. Eşidirsən?.. Elə bil göy guruldadı. (dəstəyə) Alo?.. Alo?..

Ayom fikrə gedib, əlindəki vərəqi cırıb tökür.

 

Abd (astadan Aynaya). Səsi gəlmir…

Ayna. Alo?.. Yenə niyə susdun?.. (Ayom fikir içindədir. Yağışın səsi.)

Abd (həyəcanla). Səsi gəlmir!

Ayna (həyəcanla). …Alo?.. Məni eşidirsən?..

 

Ayom qollarını üşüyürmüş kimi, bədəninə dolayır.

 

Abd (həyəcanla). Səsi gəlmir!..

Ayna. Alo? (xof içində) Sən… hardasan?..

 

İldırım çaxır. Ayna dik atılır.

 

Ayom (boğuq səslə öz-özünə). Mən… danışa bilmirəm…

Ayna (həyəcanla). Danışa bilmirsən?.. Niyə?.. Sənə nə isə oldu?..

Ayom. İldırım… (üzünü əlləri ilə qapayır)

Ayna. İldırım?.. Sən ildırım» dedin?..

Ayom. …Şimşək!.. (başını əlləri ilə qapayır) …o mənə təsir edir...

Abd (boşluğa). O, onu sevir… Bunu anlamaq beləmi çətindi?..

Ayna. Sən yenə... (əsəbi halda) Mən bu qədər deyirəm, danışıram, amma sən… (qəhərlə) Əvvəllər elə bilirdim, dediklərimin, nə qədər olmasa da, bir nəticəsi olur. İndi anlayıram ki… (Ayom onu eşitmir, pəncərə şüşəsinə söykənib qalıb. Səsi dəyişir.) Başa düşürəm, tək qadınsan. Qadın üçün isə təklik…

Ayom (ayılır). Təklik?.. Sən «təklik» dedin?.. Məgər mən təkəm?.. Bəs mənim ərim, uşaqlarım?..

Abd (kədərlə, astadan). Onun heç kimi yoxdu. Heç vaxt da olmayıb.

Ayna. Axı onlar səninlə deyil?!..

Ayom (çaşqın). Mənimlə deyil?.. (dəhşətə gəlir) Sən nə danışırsan?.. Onlar…

Ayna. Onlar… (nəyisə xatırlayır) Özün deyirdin ki?!.. Onlar sanki səskeçirməz, şəffaf şüşənin o biri üzündədilər…»

Ayom. Şəffaf şüşə?.. Nə şüşə, hansı şüşə?..

Ayna. Onu səndən soruşmaq lazımdı, hansı şüşə.

Abd (astadan). Qapıdan girəndə sol tərəfdəki şüşə…

Ayom. O nə dedi?..

Ayna. Şüşənin yerini deyir. «Qapıdan girəndə sol tərəfdədi» deyir.

Ayom (əyilib ehtiyatla sola baxır). Ora divar şkafıdı.

Abd (astadan). Uşaqlar ordadı…

Ayna (qəddarcasına). Uşaqlar hələ də ordadı!.. Görürsən bir?..

Ayom (təlaş içində ayağa sıçrayır). Uşaqlar?.. Mənim uşaqlarım?..

 

İşıq dəyişir. İldırım çaxıntıları...

Ayom qaranlıq dəhlizlərlə dolaşır. İşıq bərqində uşaq səsləri eşidilir.

 

Səslər. …Al, bax… A-a, qopdu… Bax, qopdu!.. Ana… anacan!.. Mənim anam… (ağlamaq səsi) …O özü deyib… Sən dedin, sə-ən!.. Ve-er, o mənimkidi-i-i!!.. Ana-a-a-a!... Anaca-a-an!!! Ay!.. Burax!.. Sən müəllimsən?.. Ana… ana… Özü deyib… Bu, ikincisidi… A-a, o da qopdu…

 

Ayom görünməz «qapını» açır, qaranlığa daxil olur. Səslər kəsilir.

Qaranlıqda bircə Abdın yarıqaranlıq silueti görünür.

 

Ayom (qaranlıqdan sıçrayır, sarsılmış halda). Sən məni ələ salırsan!.. Orda heç kəs yoxdu!

Ayna. O da sənin işindi. Necə deyirsən, o cür də olur. Bunu da özün deyirdin həmişə.

Ayom (sarsılmış). Nə… nə deyirdim?.. (iztirablar içində) Axı mən nə demişəm?..

Ayna. Ərinin də, uşaqlarının da həmin o «şəffaf şüşənin» o biri üzündə olmasını. Bəlkə, deməmisən, hə?..

Abd (boşluğa). O, bütün dediklərini unudur…

Ayom (çaşqın halda xatırlamağa çalışır, mizin üstündəki qəzetləri əsəbi hərəkətlərlə qarışdırır). Hə… ola bilsin, demişəm. Amma axı mən… (susur, müqəssir halda tamaşaçılara) …olanı deyirəm?!..

Abd. O, olmayanı da deyir…

Ayom. Onlar… (günah içində) …ola bilsin ki, həqiqətən, o üzdədilər…

Ayna (qalib səslə). Haradı axı dediyin o üz?..

Ayom. O… (söz axtarır) Ora elə bir yerdi ki… (susur, yazıq səslə tamaşaçılara) Orda mən yoxam…

Abd. O, düz deyir. O, burda yoxdu.

Ayna (çiyinlərini çəkir, Abda). Qəribədi.

Ayom (qorxu içində). Nə qəribədi?..

Ayna. Onların, uşaqlarını deyirəm… sənin yanında, gözünün qabağında ola-ola, həm də hardasa ayrı bir yerdə olması. Sənə deyim, həm də çox təsirlidi.

Abd (astadan Aynaya). O, onları sevmir…

Ayna. Mənə də elə gəlir. Və bütün bunlar, həqiqətən, təsirlidi.

Ayom (ayılır, özünə bəraət almaq istəyən tək). Amma mən… Axı mən onları…

Ayna (bezgin). Onu da demisən.

Ayom (çaşqın). Demişəm?

Ayna. Demisən-demisən. Necə onları tez-tez yadından çıxarırsan, unudursan və sair...

Ayom (pərt). Hə, niyəsə, mən onları tez-tez unuduram... (susur) Yox, mən, ümumiyyətlə, heç nəyi xatırlamıram.

Abd (eyni tərzdə). Kim olduğunu da ona görə bilmir…

Ayom (ovsunda). Uşaqlığımı… ata-anamı… oxuduğum məktəbi… ərə getməyimi… (fikrə gedir, qəfildən həyəcanla) Elə bil… heç olmamışam…

Ayna. Bu, adi depressiyadı. Yəni ruh düşkünlüyü. Qırx yaşından sonra qadınlar bu halları keçirirlər. Yaddaş pozuntusu, darıxmalar, göz yaşları. Mən özüm də bəzən… (məmnun təbəssümlə) səni unuduram… (Abda astadan) Onda elə rahat oluram ki.

Ayom (onu eşitmir, ovsunda). …Yaxud indi, bu dəqiqə varam, əvvəlkilər isə… harasa dağılıb, itib... Dəli çığırtı qaranlıq sakitliyə dağılan kimi…

 

Sim qırılmasını andıran səs.

 

Abd. O, dahidir…

Ayna. Sən darıxırsan. Ələlxüsus da ailənlə. Bunu mən həmişə hiss eləmişəm. Xüsusən sən evdə olanda. Evdə sən çapalayırsan. Lehmə bataqlıqda çapalayan kimi. Belə idisə, niyə ərə gedirdin?..

Ayom. Mən onu sevirdim. Ərimi deyirəm. (ovsuna düşür) Daha doğrusu, elə bilirdim sevdiyim odu. Axı mən… (fikri qırılır, çaşqın halda tamaşaçılara) Bu, həmişə belə olub…

Abd (kədərlə). Zavallı Onu ömrü boyu axtarıb…

Ayom. …Ərə gedənə qədər elə bilirdim, anamı sevirəm… Yəni mənə elə gəlirdi ki, sevdiyim anamdı. Sonra ona rast gəldim…

Abd. Ərini deyir…

Ayom. …və dedim: Bu, odur! Ömrüm boyu dəli kimi sevdiyim…

Ayna. Bu da bunun sözü. Görmədiyin, tanımadığın adamı necə sevmək olar axı?..

Ayom (onu eşitmir, səsi enir). Oğlum olanda… (gülümsünür) dedim: «A-a-ah… sən demə bu, sevdiyim bu imiş...»

Ayna. Kim – «bu»?.. «Bu» – yəni kim?..

Ayom (çaşqınlıq içində). Bu vaxtacan… sevdiyim...

Ayna (müstəntiq təbiri ilə). Aha.

Ayom. Amma sonra… (susur.)

Ayna. Sonra nə?..

Ayom. Sonra axır ki, başa düşdüm… Anladım ki…

Abd (kövrək). …O, məni sevir…

Ayna (səbri daralır). Hə, di uzatma! Nəyi başa düşdün?.. Başa düşdün ki, uşaqlarını da sevmirsən?..

Ayom (çaşqın). Bunu hələ dəqiq bilə bilmirəm...

Ayna (əsəbi). Nəyi dəqiq bilə bilmirsən?.. Adam dilində danış.

Ayom (səsi dəyişir, tamaşaçılara, iztirabla). Axı mən… kimi sevirəm?..

 

Pauza. İldırım çaxır. İşıq dəyişir, ecazkar səslər.

 

Abd (hüznlə). Sevgilim…

Ayna (əsəbi). Daha sənə sözüm yoxdu.

Ayom (onu eşitmir, tamaşaçılara, ovsunda). İndi isə dəqiq anlayıram…

Ayna. Allah, sənə çox şükür! İndi adam balası kimi de, nəyi anlayırsan.

Ayom. Sevdiyimin… (müqəssir halda) uşaqlarım olmadığını…

Abd. (Aynaya astadan) Uşaqlar buna görə şəffaf şüşənin o üzündədilər.

Ayna. Bəs mən nə deyirəm? (qəfildən ayılır) Bir dəqiqə-bir dəqiqə. Sən yenə düyünlər salırsan. Yenə başım hərlənməyə başlayır. Gəl, bir-bir ayırd edək. Demək, deyirsən ki, uşaqlarını sevmirsən. Elə olan halda…

Ayom. (tələsik) Yox, mən onları sevirəm. Amma bu… (susur, səsi enir, pərt) o sevgi deyil.

Ayna. (səbirsiz əsəbiliklə) O sevgi deyil?.. (Ayom günahkar halda susub) Bəs nədi bu?..

 

Məkana sakitlik çökür. Musiqi. Uzaq boşluqlardan möhtəşəm nəfəsi andıran ecazkar səslər.

 

Abd (barmaqlarını dodaqlarına sıxır, Aynaya). Ts-s-s!..

Ayom. (ovsunda) Bu, zaman-zaman toxunduğum… Günəş şüalarının sınıq bucağı altında… şimal küləklərinin solaxay axıntılarında… göyümtül ildırım çaxıntılarında… zeytun budağının qəfil tərpənişində… (səsi enir) kimsəsiz küçə itlərinin solğun bəbəklərində tapıb itirdiyim… (gözlərini yumur, başı hərlənən tək, dayandığı yerdə ləngər vurur.)


Abd başını divara söykəyir, harasısa ağrıyan tək, inildəyir.

 

Ayna (əsəbi). Sən kimdən danışırsan, başa düşə bilmirəm?..

Ayom (onu eşitmir). …Məni ovcunda saxlayan… (ovcuna zillənib qalır.)

Ayna (dəstəyə astadan). Sən gəl, mənimlə açıq danış. O «ildırım», «günəş» dediyin, adam adlarıdı, yoxsa… (Göy gurultusu eşidilir. Diksinir.) Bəlkə, adam dilində danışasan, biz də başa düşək ki, səni ovcunda saxlayan kimdi!

Ayom. Bu… (gözlərini həzzlə yumur) Odu!..

Ayna. Bura bax, deyirəm, bəlkə… sən hamiləsən, hə?.. (Ayom onu eşitmir.) Ürəyin bulanır?..

Ayom (ovsunda). Bulanır…

Ayna (sevincək). Bəs başın necə? Hərlənir?..

Ayna (gözlərini yumur). Hərlənir…

Ayna (tamaşaçılara). Mən nə deyirəm?.. (dəstəyə) Sən hamiləsən. Həkimə getmisən?..

Ayom (Aynanı eşitmir, gözüyumulu). …Bəzənsə, elə bil uçuram…

Ayna. Bəs mən nə deyirəm?… Hamısı hamiləlik əlamətləridi. Deyirəm, həkimə getmisən?..

Ayom (oturduğu yerdə gözüyumulu gicəllənir). Mən Onunla oluram…

Ayna. Halal xoşun. Bəs onlar?.. Onlar nə dedilər?.. Həkimləri deyirəm.

Ayom (Ayılır. Musiqi kəsilir). Onlar?.. (ciddi) Dedilər ki, hamiləliyin bütün əlamətləri var.

Ayna. Aha…

Ayom. Amma…

Ayna. Nə amma?..

Ayom. Dedilər bu, o hamiləlik deyil.

Ayna. O hamiləlik deyil? (tamaşaçılara) Başa düşmədim. Hamiləliyin də növləri olur?..  (Ayom pəncərədən göyə zillənib.) Sən hansı həkimə getmisən, hə?.. (Ayom gözüyumulu halda gicəllənir.) Alo?.. Məni ələ salırsan? Bax, deyirəm sənə. Uçuruma yuvarlanırsan! Məni də özünlə sürüyürsən! Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi!..

Ayom (gözüyumulu). O... məni eşidir...

Ayna (tamaşaçılara). Bu adamın beynində Cəhənnəm var. Məni də ora sürükləmək istəyir. Bəli-bəli!.. (Ayomu barmağıyla hədələyir) Daha bunu gizlədə bilməyəcəksən!.. Hər şeyi, Allaha şükür, özün öz əlinlə yazmısan. Olduğu kimi. Bax, əlinin altına yığdığın o sarımtıl vərəqlərdə!.. Yadından çıxıb, yoxsa?.. Çıxıbsa, yadına sala bilərəm! Necə ərini, evə gec gəldiyi üçün təsəvvüründə öldürüb torpağa basdırmısan!.. (tamaşaçılara) Siz bir təsəvvür edin, ay camaat! Bu adam qatildi! Yazıq oğlan... (dəstəyə) Necə ananın qəbrinə girib, oranı yereşən kimi qazmısan! (tamaşaçılara) Qəbri eşəsən!.. Hələ bu azmış kimi, ordan bir vaqon əşya... arvadın çəkmə taylarını, eynəklərini və əlcəklərini, ət maşınını, sarımsaqəzənini, iynə qutusunu və daha nələri və nələri çıxarasan!.. Cəhənnəm deyil bu, nədi?.. (məkrlə) Uşaqlarını... (tamaşaçılara) Dipdiri uşaqları... bu adam corab əvəzinə ayaqlarına geyir!..

Ayom (ayılır, günah içində). Bunları mən eləmişəm?..

Ayna. Sən! Sən! Mən yox! Mən belə şeylərdən qorxuram! Mən belə şeylərə nifrət edirəm! (tamaşaçılara) Axı vallah da, uşaqları necə əyinə geymək olar?!.. Bir də axı niyə?..

Ayom (qəfildən nəyisə xatırlayan tək). Hə-ə… yadıma düşür... Onlar… Daha doğrusu, mən… (günahkar etirafla) Bilirsiz, belə hallar olur.

Ayna (bir gözü tamaşaçılarda). Bilirsən, əzizim, mən bir şeyi bilirəm ki, (xüsusi vurğuyla) ana!.. Uşaqlarını cani-dildən sevən qadın onları corab əvəzinə ayağına geyməz!.. Şəxsən mən belə şeyləri pisləyirəm!!!

Ayom. Yox axı… Bu, həqiqətdə baş vermir… (söz axtarır, qəfildən pərt) Bunlar yalnız təsəvvürdə baş verir… Axı elə soyuqlar var ki, onları geyimlə qızdırmaq olmur?!..

Abd. O, qadın deyil… (cibindən tapıb çıxartdığı almanı dişləyib çeynəyir.)

Ayna. Yaxşı, tutaq ki, bunu başa düşdük. Bəs ərin?.. O yazığın günahı nəydi?..

Ayom (təlaş içində). Məgər onu da əynimə geyinmişəm?.. 

Ayna. Bəli də… (Abda, astadan.) Özünü gicliyə vurur. Bu, onun çoxdankı adətidi.

Ayom. Mən ərimi… elə uşaqlarımı da çox sevirəm.

Abd (çeynəyə-çeynəyə). O, ərini də özü doğmaq istəyirdi... Təsəvvüründə…

Ayna (Abda baxır, acı kinayə ilə). Aha, demək, indi deyirsən ki, uşaqlarını da, ərini də sevirsən. Belə dedin də?..

Ayom. Bəli, çox sox sevirəm. (ağlamağı tutur)

Abd (ağzını marçıldadır, astadan). Bu, ona elə gəlir.

Ayna (dəstəyə astadan). İndi qulaq as, deyim. Sənin kiməsə aşiq olduğunu, düzünü deyim, mən çoxdannan hiss edirdim. Bunu, ümumiyyətlə, hamı hiss edir. Sadəcə, üzünə vurmurlar. Hamının sənə yazığı gəlir, ay bədbəxt...

Ayom. Mən… (susur, bir müddət tərəddüd edir) …daha doğrusu, o…

Ayna (sərt). Bəli də! «Mən», «Sən», «O»…

Ayom (müqəssir halda tamaşaçılara). Mən etiraf edirəm… Boynuma alıram ki, yalnız Onu sevirəm…


Möhtəşəm sim titrəyişi..

Ayom (onu eşitmir, ovsunda). Etiraf edirəm ki, mənim uşaqlarım… Əslində, onlar… (susur, günah içində) Uşaqlar… Ondandı…

 

İldırım çaxıntıları... İşıq dəyişir.

   

Ayna (həyəcanla). Nə?.. Sən nə dedin?.

 

Çağa səsi. Külək uğultusu. Ayom dəstəyi yerə atıb ayağa qalxır. Abda sarı gedir, ovsuna düşmüş kimi, onun dövrəsinə hərlənir. Ayna dəstəyi yerə atıb dəhşət içində bunu seyr edir.

 

Ayom (ovsunda). Bunu mən… (nəyisə xatırlayan tək, ayaq saxlayır.) Özüdü ki, var… ilk körpəm dünyaya gələn gündən anladım… (Möhtəşəm ildırım çaxıntıları.)

Ayna (vahimə içində). Nəyi?.. (səsi uğultunun içində eşidilsin deyə, ucadan) Nəyi anladı-ın???..

Ayom. Körpəmin… (yazıqlaşır) O olduğunu… (İldırım çaxıntıları. Göy gurultuları.)

 

Abd Ayomun qarşısında diz çökür. Ayna ayağa sıçrayır.

 

Ayna. Sən… (pərt) Axı sən… bayaq ayrı bir şey deyirdin… (çaşqınlıq içində) İndi tamam ayrı söz danışırsan…

Ayom (dizi üstə düşü, Abdı bağrına basmaq istəyirsə də, o, Ayomun əlindən sivişib qaçır, küncə qısılıb vahimə içində ona baxır. Boşluğu bağrına basır, kövrəlir). Balam mənim…

Ayna (üzü dəyişir, məkrlə) Bilirsən nə var? Sənin fərqli bir məxluq olduğunu həmişə bilirdim. Amma (əsəbi) bu... indicə dediyin heç bir çərçivəyə sığmır daha!..

Ayom (qucağındakı boşluğu sığallayır, çaşqın). Ola bilsin. Ola bilsin, mən nəyisə düz demirəm… Yoxsa, deyə bilmirəm?.. (tamaşaçılara, yazıq səslə.) Amma olanı deyirəm.

Abd (küncdən, vahimə içində). O olmayanı da deyir.

Ayna. Bu axmaq danışıqlarınla məni… (əl-ayağına baxır, ağlamsınır) Gör bir, məni nə hala salmısan...

Ayom (ayağa qalxır).  Mənimlə müttəhim kimi danışma!

Ayna. Özünü bilməməzliyə vurma! Eşit!.. Bu!.. Açıq-aydın xəyanətdi!!!

Ayom (ayılır, öz-özünə). Xəyanət?.. (yerinə keçir, dəstəyi əlinə alır) Sən... «xəyanət» dedin?..

Ayna. Bəli, xəyanət! Olmaya, bu sözü də birinci dəfə eşidirsən?..

Ayom (özü-özünə). Xəyanət… (nəyisə anlamış kimi, üzü işıqlanır) Hə, özüdür ki, var… Xəyanət… Deyirəm axı… Niyə həmişə özümü… (tamaşaçılara) hamının, hər kəsin qarşısında günahkar hiss eləmişəm. Necə də dəqiqdi... Xəyanət…

Abd (hardansa, kənardan, kədərlə). Yazıq balam…

Ayom (ovsunda, özü-özünə). Bunu ömrüm boyu hiss eləmişəm…

Ayna. Nəyi?.. Aman Allah!.. Çərlədim!!

Ayom (Aynaya məhəl qoymadan, tamaşaçılara). Hamıdan… (ucadan) Bütün insanlardan!.. (səsi enir, pərt) Qonşulardan və qohumlardan… dostlardan…

Abd (Ayoma, astadan). …ailəmdən də…

Ayom. Hə!.. Ailəmdən də... Qurtulmaq istədiyimi… (fikirlərində nəyəsə ilişir) Daha doğrusu, bunun, necəsə öz-özünə baş verdiyini...

Ayna. Demək, deyirsən, bütün bunlar elə beləcə özü-özünə baş verib də, hə?..

 

Uzaq boşluqdan ecazkar Nəfəs axıntısı. Ayom dırnaqlarını əsəbi-əsəbi gəmirir.

 

Qeybdən səs. (Məkan boyu əks-səda verir) Məni düşün…

Abd. (vahimə içində astadan Aynaya) Onunla işin olmasın…

Ayom. (iztirab və çaşqınlıqda) Siz anlamırsız. Mən bunu qəsdən eləmirəm. Mən… (fikirləri dolaşır, susur, göylərə zillənir, ecazkar səslə) Bunu O istəyir…

 

Anlaşılmaz sivri səslər. Narazı kütlənin nidaları.

Abd. (ilahi nəfəslə, boşluqlara) Məni düşün…

         

Ayom dizi üstə çökür, başını qapayır.

Ayna (sarsılmış halda). Məni düşün?.. (Ayoma) Bəs mən kimi düşünürəm?.. Düşünə-düşünə adamlıqdan çıxmışam. (qəfildən çaşqınlıq içində öz-özünə) Yoxsa bu, mənim alnıma yazılıb?!. Kiminsə əlavəsi olmaq! Xoş əhvalında xoşlanmaq… (üzü dəyişir) …əhvalı çönəndə, dərin uçurumları andıran dibsiz qaranlıqlarına qərq olmaq… Bu ki dəhşətdi?!.. Axı mənim də öz istəklərim, öz arzularım var?!.. Axı nə vaxtacan?.. (qəfildən coşur) Nə vaxtacan (Ayom qəzəblə ona zillənir.) sənin o anlaşılmaz ağrılarınla ağrımalıyam?.. Mən ki, o ağrıları… elə o birilərini də… (səsi yazıqlaşır) anlamıram?!.. Buna… (yazıq səslə tamaşaçılara) gücüm çatmır… (dəstəyə) Başa düşürsən?.. Məgər təqsirkaram ki, gücüm çatmır?!.. (Ayom aramla ayağa qalxıb ona yaxınlaşır, üzbəüz dayanır.) Mən ki, əlimdən gələni eləyirəm. Səni saatlarla… (tamaşaçılara) …aylar və illərlə dinləyirəm… (xüsusi vurğuyla) İstəməyə-istəməyə!.. Səni ovutmaqdan ötrü eşitmək istədiklərini tapıb deyirəm, bəlkə, əhvalın düzələ. Daha neyləməliyəm axı?.. (əsəbi) Sənə isə bu da azdı!.. Sən bununla da qane olmursan! Rahatlıq tapa bilmirsən!.. İçinin o dolama-dolaşıq labirintlərinə düşüb azırsan!.. Bəli, bəli, özün öz içində azırsan! Sonra da ordan… (üzü dəyişir) qurbanlarının üzəriylə kimlərisə tapdaya-tapdaya, əzib öldürə-öldürə çıxırsan! Özü də qalib çıxırsan! (susub sarsıntı içində Ayomun gözlərinin içinə baxır) Amma mənə gücün çatmayacaq! Mən sən deyənlərdən deyiləm. Səni kifayət qədər tanıyıram. Sən təhlükəsən! (şübhə dolu baxışlarla Ayoma baxa-baxa ayağa qalxır, dəstəyi əlindən yerə atıb geriyə çəkilir.) Mən o təhlükəni hər an hiss edirəm. (qəfildən hiddətlə) Qatil!! Qatil!! Qatil!!

 

Möhtəşəm külək vıyıltısı. İşıq dəyişir. Külək içəridə əsir. Ayom və Ayna küləyin müqaviməti altında ləngər vura-vura üzbəüz dayanıblar.

Abd vahimə içində sonları seyr edir və yuxarıdan atılmış kəndir nərdivanla üzüyuxarı dırmanır.

 

 

 PƏRDƏ

 

   İKİNCİ HİSSƏ

  

Həmin yarıqarnlıq məkan. Elektrik şnurundan asılmış lampa içəridə əsən küləyin müqaviməti ilə yellənir və yelləndikcə yanıb-sönür. Lampanın zəif işığında üzü tük basmış, dizləri heysizlikdən bükülmüş Abd və saçları dağınıq halda çiyinlərinə tökülmüş, əyin-başı, kiminləsə əlbəyaxa döyüşdə cırılıb-sökülmüş Ayna görünür. Onlar elektrik stulunu, oturaq cərrahiyə kreslosunu andıran əcaib qurğunu sürüyə-sürüyə Məkanın ortasına gətirirlər. Qurğunu yerə qoyub nəfəslərini dərirlər.

              

Abd. Gedim o birisini də gətirim. (Məkandan çıxır.)

 

 Ayna bir kənarda əyləşib nəfəsini dərir. Sonra özü ilə gətirib gəldiyi boxçanın düyününü açıb içindən cırılmış paltarını çıxarır, iynəni saplayıb onu tikməyə başlayır.

 

Ayna (tikə-tikə, heysiz səslə). …O elə dənizdən danışır. Adam dənizindən. (Əlini saxlayır, başını qaldırır) Adamdan da dəniz olar?.. Lap ağını çıxarıb. (qəfildən duruxur) Bəlkə, o… ayrı dənizi deyir?..

 

Abd nəfəsi kəsilə-kəsilə çarxlı pyedestalı sürüyüb gətirir və onu Məkanın

bir tərəfinə yerləşdirib üstünə əyləşir. Alnının tərini silib, nəfəsini dərir.

 

Abd (heysiz halda). O, adam dənizini deyir. Yəni – bizləri. (fikrə gedir) Gücü çatmır.

Ayna (tikməyə davam edərək, əsəbi, qırıq gülüşlə). Gücü çatmır?.. Onun gücü çatmır?!.. Gör bir məni nə günə qoyub?!.. (tamaşaçılara, sarsıntı içində) Mən ki… o cür həyatsevər, şən qadın idim... Hər şeydə gözəllik görürdüm... zövq almağı bacarırdım... İndi nəyəm?.. (üzü dəyişir) Kimsəsiz küçə iti kimi, dörd bir yanımdan təhlükə gözləyirəm. Xofun içində yaşayıram. Hər sözdən, hər səsdən ehtiyat edirəm. Pəncərələrimdən qalın pərdələr asmışam ki, çölü görməyim. (Abda baxır) Bəs sən?.. Sən özün gör bir, nə günə qalmısan?!.. Hamısını o eləyib!

 

Məkana Ayom atılır. O, nəyinsə intizarında, narahat addımlarla o baş-bu başa vurnuxur.

 

Ayna (nifrətlə Ayoma baxır, kinli). Yenə gəldi. O, bizsiz yaşaya bilmir.

Abd (gözü Ayomda). Onda təqsir yoxdu. Belə yaranıb, başa düşürsən?..

Ayna. O günə daş düşəydi! (astadan) Dünyanı darısqal daxıl qutusuna döndərən xəstə! Buna deyən gərək, balam, yaşaya bilmirsən, öldür özünü də. Bizim təqsirimiz nədi?..

 

Su, hava axıntılarının sovrulmasını andıran səslər…

 

Ayom (səslərə ayaq saxlayır, tamaşaçılara). Mən sizə demək istəyirdim ki… (susur, söz axtarır) Bilirsiz, nə demək istəyirdim?.. (Abdla Ayna yorğun halda bir-birinə baxırlar) Mən… (qəfildən yazıqlaşır) …sovruluram…

Abd. (pyedestaldan düşüb telefona sarı gedir, nömrələri yığır, qayğılı halda Aynaya) O, burda boğulur.

Ayna. O nə deyir? Burda, yəni harda?..

Abd. Adam arasında.

Ayna. Adam arasında?.. O özü nədi, adam deyil?..

Abd (fikri telefonda). Məncə, yox. Bir o qədər oxşamır.

Ayna (əlini saxlayır). Oxşamır?..

Abd (çönüb Ayoma baxır). Elədi ki, var. O adam deyil.

 

Bomba partlayışını andıran səs.


Ayna (dik atılır, ehtiyatla Abda). «Sən adam» sözünü niyə elə dedin?..

Abd (dəstəyi əli ilə qapayır). Necə dedim?.. Dedim «a-da…»

Ayna (vahimə içində, tələsik). Yox-yox, demə!.. (səsi enir) Xahiş edirəm. O sözdən… (əyilib mədəsinə baxır, əlini mədəsinin üstünə qoyur) …mənim buram gizildəyir...

Ayom (nəyinsə içindən sivişən kimi sivişib, Aynaya sarı yeriyir. Təhlükə hiss eləmiş tək, o yan-bu yanına baxır. Aynaya astadan). Orda dəhliz var.

Ayna (əlindəkiləri yerə qoyub ehtiyatla ayağa qalxır, Ayoma, heykələ baxan kimi, kənardan baxa-baxa, Abda). O, gün-gündən vahiməli olur. Hansısa qədim quşu xatırlatmağa başlayır. Amansız, yırtıcı quşu.

Abd (heysiz hərəkətlərlə telefonun düymələrini basır). O, qədimdi. Ola bilsin ki, həm də quşdu.

Ayna. Həm də?.. Sən… «həm də» dedin?..

Abd. Əslində… (Ayoma baxır, kədərlə)  …biz onun barədə heç nə bilmirik.

Ayna (onu eşitmir). O, hər an təhlükə saçır. (Uzaqlardan canavar ulartısı eşidilir.)

Abd (dəstəyi yerinə qoyur). Ələlxüsus, fikirləşəndə. O, fikirləşəndə, yaxınına getmək olmur.

Ayna. Bəs danışanda?.. O danışanda elə bil… (susur, harasısa ağrıyan tək, ikiqat bükülür) …adama nə isə dəyir...

 

Qalın-incə səslərlə kamançada və skripkada çalınan köndələn musiqi. Ayom öz bədənini – qollarını, əllərini, ayaqlarını tədqiq edirmiş kimi, nəzərdən keçirir. Abdla Ayna qulaqlarını qapayırlar.

 

Ayom (ovsunda, əllərinə, qollarına baxır). Son vaxtlar mənim qollarım… (ayaqlarına baxır) …ayaqlarım da… (tamaşaçılara dəhşət içində) …uzanır!..

 

Ayna aramla Ayomun ətrafıyla gəzişərək onu, əcaib eksponatı tədqiq edən tək, nəzərdən keçirir.

 

Ayna (astadan). O, özünü apara bilmir. Özü də bilinir ki, bu, onun özündən asılı deyil.

Abd (yorğun). O sümrülür. İtir… Bunu anlamaq beləmi çətindi?!.. (kədərlə) Bizim aqibətimiz necə olacaq?!..

Ayna (astadan). O, tamamilə insanlıqdan çıxıb. Elə-belə baxanda da görürsən ki, adam deyil.

Ayom (qəfildən qulaqlarını qapayır, sarsıntı içində). Daha dözə bilmirə-ə-ə-əm!!!..

Abd (kədərlə). Yazısı budu. Neyləmək olar?.. (qurğuya sarı yeriyir) Sevgi elə bir uçurumdu ki…

 

Abd qurğunu ehmal hərəkətlərlə cərəyana qoşur, kədərlə Ayoma baxır. Asma lampa sönür, qurğu bərq vurmağa başlayır. Ayom anlaqsız hərəkətlərlə məkan boyu vurnuxur.

İşıq dəyişir. Ayom tələyə düşmüş yaralı heyvan tək, qısılıb gərilir, geriyə çəkilib sivişmək istəyirsə də, ayaq saxlayır.

 

Ayna (qurğuya sarı yeriyir, Abdla köməkləşib qurğunu Məkanın mərkəzinə sürüyür). Kimi sevir, sevsin. Allah xatirinə. Bizim günahımız nədi?.. Amma o da var ki… (sözünü yarımçıq kəsib dikəlir) Deyirəm, bəlkə bu da o söz… (şəhadət barmağını gicgahında burur) hə?.. (Abd üzünü turşudub qaşlarını düyünləyir və Aynaya əyri-əyri baxır. Ayna cəld özünü yığışdırır)

Ayom. (onların nə isə eləmək istədiklərindən duyuq düşüb pyedestalın üstünə sıçrayır, əllərini arxasında cütləyib dərs danışan şagird təbiri ilə) Deməli, əvvəllər mən elə bilirdim, sevdiyim – anamdı. Sonra mən ərimə rast gəldim və düşündüm ki, illərlə dəli kimi sevdiyim, sən demə, o imiş. Sonra uşaqlarım oldu…

Abd (qurğunu sazlaya-sazlaya Aynaya astadan). Budu bax, yenə başladı.

Ayna (Ayoma baxır və içini çəkir). E-eh, heyf səndən. Gözəlliyin, ağlın, gül kimi ailən, balaların… (tamaşaçılara) Adama deyərlər, daha nəyin çatışmır?.. Vallah da…

Ayom (öz aləmində, coşqun). …dedim aha, bu, onlardı!.. Qanı qanımdan, canı canımdan olanlar!.. Amma sonra... (qəfildən susur, ovsuna düşür) başa düşdüm ki…

Ayna (Abda, nəyisə bağlamağa, ya açmağa kömək eləyə-eləyə, lağla). Aha, yenə nəyisə başa düşdü. O, hər saniyə nəyisə başa düşür. (səsini ucaldıb Ayoma, lağla) Yenə nəyi başa düşdünüz?..

Ayom (sarsılmış halda). Onların məndən olmadığını…

Ayna (tamaşaçılara). Buyurun. Bu da bunun danışdığı söz. Öz balaları üçün deyir a-a, hələ bunu. Görün, indi qalanlır nədi bunun üçün?!..

 

Külək uğultusu eşidilir.

 

Abd (əl saxlayır, Aynaya pıçıltı ilə). S-s-s… eşidirsən?..

Ayom. Odu ki, ömrüm boyu bir sual məni yandırıb yaxırdı…

Ayna (Abdı eşitmir, Ayoma tərs-tərs baxa-baxa, astadan). Yenə nə yandırıb-yaxır səni, ay yazığ?..

Ayom. Axı mən… kimi sevirəm?..

Abd (səsə diqqət kəsilir, Aynanı dümsükləyir). Eşidirsən?..

Ayna (uğultuya diqqət kəsilir). Bu nədi belə?..

Abd (qorxu içində). Hiss eləyirsən?..

Ayna (vahimə içində). Nəyi?..

Abd (yerə diqqət kəsilir). Yer titrəyir. (Göylərə zillənir, vahimə içində.) O, onu çox sevir…

Ayna (uğultu güclənir. Ayna Abdın qoluna sarılır, vahimə içində astadan). Bizim aqibətimiz necə olacaq?..

Ayom (qollarını qoltuğuna vurub nəyisə, kimisə gözləyirmiş kimi, o yan-bu yana gəzişir, qəfildən ayaq saxlayır, müqəssir səslə). Siz mənə inanmırsız? Axı mən də sizin kimi adamam?!.. Mən adama-a-a-am!..

Ayna (Abda qısılır, Ayoma baxa-baxa, astadan). Sənə inanana lənət!.. (uğultu səngiyir, Abda) O, kabusdur. Ağ kabus. Bir adam ki, (əlini saxlayır, tamaşaçılara) …ömrü boyu kimisə sevə (əsəbi gülüşlə) və sevdiyinin kim olduğunu özü də bilməyə… Gah ildırımdan, gah küləkdən, gah mədəsindən yapışa…

Abd (qurğuyla əlləşir, hüznlə). Onlar da elə dedilər…

Ayna (sevincək). Nə dedilər?..

Ayom (nəyisə gözləyən kimi, əsəbi-əsəbi o yan-bu yana yeriyir, birdən ayaq saxlayıb, Abda). Noldu, hələ çox qalıb?..

Ayna. (Abdın işarəsi ilə Ayoma, rəsmi) Gözləyin!.. (qurğuda əlləşə-əlləşə, astadan Abda). Nə dedilər?..

Abd. Dedilər… (gözü Ayomda, Aynanın qulağına astadan nə isə deyir, bircə axırıncı sözü eşidilir) …əmbur-təşhəd!..

Ayna (içini çəkir, astadan). Dəhşə-ə-ət!..

Abd. S-s-s… (astadan) Yazı belədir.

Ayna. Mənsə… (vahimə içində tamaşaçılara) Mən-bədbəxt, gör bir nə qədər vaxtı onunla bir, üz-üzə, göz-gözə… (Əcaib səslər. Asma lampa yanır.) Gecələr yuxuda… (yadına salmağa çalışır, özü-özünə) Yuxuda idi, ya yuxudan əvvəl idi?.. O… (dəhşətli sirrin astanasına çatmış kimi) …elə hey nə isə deyirdi… Onun dedikləri, niyəsə heç vaxt yadımda qalmır. Bircə səsi qalır… Səhəri günü, hələ bir neçə gün sonra da, o səs… (bədənini, iynə girmiş kimi, əsəbi hərəkətlərlə didişdirir) …ha tərəfimdənsə bitməyə başlayır… (qəfildən dizi üstə düşüb Abdın dizlərini qucaqlayır) Məni ondan xilas edin, yalvarıram!

 

Kamança-skripka tandemi. Ayom diksinir, qollarını bədəninə dolayır.

 

Abd (mütəəssir halda tamaşaçılara). O, adam ola bilmədi... Bəzən o… (Ayoma məhəbbətlə baxır, üzü işıqlanır) çəhrayı şüaya bənzəyir. Bəzənsə… (susur, vahimə içində) …dağıdıcı dalğaya!

Ayna (nifrətlə Ayoma baxır). O, dalğa deyil!..

Ayom (ayaq saxlayıb, Abda). Noldu? Hələ çox qalıb?..

Abd (qurğuyla əlləşir, əsəbi halda Ayoma). Dedilər gözləyin, demək, gözləyin, vəssəlam!..

 

Ayom telefona sarı gedir, nömrələri yığmağa başlayır.

 

Ayom (həyəcanla telefona). Heç bilmirəm bu, necə oldu. Bu, mənim günahım deyil. Günah onlardadı…

Ayna (əli ilə Abda nə isə işarə edə-edə). Həmişəki kimi şişirdirsən. Noldu, nə baş verdi axı?.. Tutaq ki, orda bir qədər gözlədin, nolsun ki?..

Ayom. Yox, axı bilirsən, mənim heç ağlıma da gəlməzdi. (Ayna ilə Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşırlar)

Ayna (Abda göz vurur). Narahat olmalı bir şey yoxdu...

Ayom. Yox, məsələ bundadı ki… (vahimə içində) …mən onu orda axşama qədər gözlədim. Dəhlizdə. Hava qaralana qədər…

Ayna (sakit). Nolsun ki?.. Burda nə var axı?..

Ayom (onu eşitmir). …minlərlə adamın arasında!.. Saatlarla… (çaşqınlığa düşür) Yoxsa illərlə?!..

Ayna. O sizə elə gəlib. Axı siz… O dəfə razılaşdıq axı bunu?! Sizin zaman duyumunuz bir qədər belə… necə deyim?..  (Abd Aynaya işarə verir)

Ayom. Zaman duyumunun bura nə dəxli?.. Mən gözləyirəm… Arada bir qapını açıb: «noldu, hələ çox qalıb?..» – deyirəm. Ordansa: «Gözləyin…» – deyirlər. «Gözləyin», vəssalam. Gözləməyin axırı gör bir nə ilə bitdi!..

Ayna (danışa-danışa arxadan Ayoma yaxınlaşır). O da sizi gözləyib. Bu, adi anlaşılmazlıqdı. (qəfildən Ayomun qollarını arxadan burur.)

Ayom. Sən… siz neyləyirsiz?..

Ayna (istehzayla, Ayomun təbiri ilə). Yox axı, bilirsən, mənim heç ağlıma da gəlməzdi… Belə şeylər mənim həyatımda, ümumiyyətlə, olmayıb…

 

 

Ayom qolları bağlı halda vurnuxursa da, Aynanın əllərindən sivişib çıxa bilmir. Onlar əlləşirlər.

 

Abd (sinəsinə asılmış eynəyi gözünə taxır, mizin üstündəki alətləri bir-bir, diqqətlə nəzərdən keçirir). Kimin ağlına gələrdi?.. (əlini saxlayır, tamaşaçılara) Kimin ağlına gələrdi ki, bu çəhrayı şüayabənzər məxluq… (Ayoma baxır, səsi qəddarlaşır) …belə bir qorxunc, dağıdıcı dalğaya çevriləcək?!

Ayom (çırpınır). Buraxın məni!.. Buraxın, deyirəm! Mən dalğa deyiləm!

Ayna (Abdla köməkləşib Ayomu qurğuya oturdurlar, qurğunun qolçaqlarını onun qollarına keçirirlər). Bilirik-bilirik, adamsan. (Abda.) İndi adam oldu. Yadına insanlıq düşdü.

Ayom. Haqqınız yoxdur!.. Mən heç bir qanunu pozmamışam! (həyəcanla) Siz… siz bilmirsiz! (tamaşaçılara, yazıq-yazıq) O qanunlar öz-özlərinə pozulurlar! Mən onlara dəyib toxunmadan! İnanmırsız?.. Bu dəqiqə deyim. Bax, tutaq ki, küçə ilə gedirəm… (Abd ilə Ayna Ayomun arxasında nə isə bururlar) yaxud evdə, yazı masamın arxasında otururam... Bir də görürəm… (nə isə hiss edib susur, o yan-bu yana baxır) Siz hardasız?.. Məni eşidirsiz?..

 

Abd Ayna ilə pıçıldaşa-pıçıldaşa arxadan Ayomun köynəyini qaldırır, kürəyinin hansı nöqtəsini isə Aynaya göstərir. Ayna gözləri bərələ-bərələ başını yellədir.  Abd barmağıyla o nöqtəni basır.

Ayom (kürəyinə bıçaq sancılmış kimi bağırır). A-a-ay!.. Neylədiz orda?..

Abd (Ayoma məhəl qoymadan, astadan Aynaya). Budu bax, buradı.

 

Ayna tələsik eynəyini gözünə keçirib Abdın göstərdiyi nöqtəyə zillənir və

barmağını həmin o yerə basır. Ayom bağırır.

 

Ayna (Ayomun çığırtısına məhəl qoymadan). Məncə, bu, o deyil. Burda anadangəlmə çökək var. Baxın… (əlini ağrılı nöqtədə oynatdıqca Ayom daha bərkdən çığırır. Çığırtıya məhəl qoymadan) Görürsüz?..

Ayom (ağlayır). Ora dəyməyin, yalvarıram sizə...

Abd (barmağını Ayomun kürəyi boyu gəzdirə-gəzdirə). Bunu da nəzərdən qaçırmayaq ki, onun bədən quruluşu qəbul olunmuş standartlara uyğun olmaya da bilər.

Ayom (yazıq-yazıq). …Dəyməyin… Əl vurmayın!.. Yalvarıram… Siz səhv edirsiz!.. Vallah, səhv edirsiz… Mən sizlərdən biriyəm!.. Sizin kimi, adamam…

Abd (Ayoma məhəl qoymadan, əlini onun mədəsində, sinəsində gəzdirə-gəzdirə, hansısa nöqtəni axtarır, öz-özünə). Məncə, o, hardasa buralarda olmalıdı. Amma o, nə budu… (Ayomun hansısa nöqtəsinə basır, o çığırır) …nə də bu.

Ayna (fikirli). Hə… Məncə də, rekasiya o deyil.

Abd (fikri müayinədə). Bəs mən nə deyirəm?.. (qurğunun başını aşağı əyir və Ayomun qarın nahiyəsində, sandığın içində eşələnən tək, eşələnir. Ayom dəli bağırtılarla bağırır.) Bəlkə, burdan prob eləyək?.. Burdan daxil olmalı olsaq, o, təxminən bax-bax, buralarda olmalıdı.

Ayna (əllərini Abdın göstərdiyi nahiyənin içinə salır, Ayom bağırır). Siz bunu deyirsiz?.. Bu, həmin o yerdi. (Ayom bağırır.) Mədəaltı vəzin altı.

Abd (əlini Aynanın göstərdiyi nahiyəyə salır). Şoğərib… Aha!.. Düşdüm. Budu bax… (əlini bir az da dərinə salır, əli dirsəyinəcən Ayomun mədəsinə girir) Özüdü ki, var. Aha!.. (qəfildən qolu, az qala, çiyninəcən Ayomun içinə girir. Çaşqın.) Ay-ay! Bu nədi belə?.. (geriyə dartınırsa da, qolunu Ayomun mədəsindən çıxara bilmir.) Mən… Məni saxla!.. (qışqırır) Saxla məni-i-i-i!!!.. (bütün bədəniylə Ayomun içinə sümrülür.)

 

Ayna başılovlu halda Abdın belindən yapışırsa da, onu Ayomun qarnından çıxara bilmir. Külək uğultusu.

 

Ayom (daha ağrı hiss etmir, üzgün halda). Mən söz verirəm!.. Daha danışmayacağam. Fikirləşməyəcəyəm də. Söz verirəm. Söz verirəm.

Ayna (Abdı darta-darta, hıqqana-hıqqana). Susmağın ondan da betərdi!.. (Abda) Gücüm çatmır…

Ayom. Susmayacağam da. Söz verirəm!..

Abd(nəfəsi kəsilə-kəsilə). Buraxın!.. (Ayoma) Burax məni!..

Ayna (Abdı darta-darta) Gücüm çatmır!…

 

Ayna Abdı dartıb axır ki, Ayomun içindən çıxarır və hər ikisi arxası üstə yerə      sərilirlər. Bir müddət hər ikisi heysiz təngnəfəslikdə zarıyırlar. Küləyin güclənməkdə olan uğultusu eşidilir.

  

Ayom.  Mən söz verirəm… Söz verirəm... Söz verirəm...

Abd (birtəhər ayağa qalxır, belini tutub heysiz addımlarla Ayoma yaxınlaşır, onunla üzbəüz dayanıb bir müddət nəfəsini nizama salır, heysiz səslə). Nəyə söz verirsən?.. (qəfildən əsəbi çığırtıyla əlində saxladığı skalpeli dəmir qabın içinə çırpır.) Orda dəhliz var!!!..

Ayna (ayağa qalxıb üst-başını çırpa-çırpa, heysiz halda). Bu, dəhliz deyil, uçurumdu, uçurum!..

Abd (qurğunun ayaq tərəfində yerə oturur, iztirab içində tamaşaçılara). Odu ki, bu gündəyik. Buna heç gün də demək olmaz. Əslində, bu, kölə… Tfu!.. kölgə həyatıdır. Bilmirsən varsan, ya yoxsan?!.. Görüntüsən, yoxsa… (qol-qıçını yoxlayır) gerçəklik?!.. (küləyin uğultusunu eşidir, üzü işıqlanır) Lakin həm də onun yaxınlığında olmağın, ona hər an, hər saniyə toxuna bilməyin, nəfəsini, səsini öz canında, ciyərlərində hiss etməyin səadətini nə verə bilər?.. (üzü dəyişir, səsi enir) Nə yazıqlar ki, bu, kölgə səadətidi… Duyulanların duyumu… Yaşanılanların yaşantısı… Sonu, dibi görünməyən miskin səadət uçurumu!.. Bu, necə səadətdi?.. Səadətdimi bu?.. Səadət beləmi olur?.. (səsi enir, öz-özünə) Səadətin səadəti. Kölgə səadəti…

Ayna (təlaşla). Bunu onlar dedi?..

Abd (şprisə dərman doldurub Aynaya uzadır). Haydı!..

Ayna (şprisi Abddan alır). Bunun hamısını?.. Bu, çox deyil?..

Abd (alətlərlə əlləşir, başını qaldırıb Aynaya baxır). Qorxursan?.. Bayaqdan azadlıqdan dəm vuran sən deyildin?.. İndi noldu?.. (Ayna şpritsin havasını buraxır)  

Ayom (şprisi görüb vahimə içində). Yo-ox!.. Yox-yox-yox-yox!.. Eləməyin!.. Xahiş edirəm… (çırpınıb qurğudan çıxmaq istəyirsə də, çıxa bilmir) Tövbə eləyirəm!.. Daha heç vaxt…

Abd. (əlini saxlayır, Ayoma) Bəs dəhliz?.. O necə olsun?..

Ayom. Dəhliz?.. Siz… (gah Aynaya, gah Abda baxır) dəhliz dediniz?.. Hansı dəhliz?..

Ayna  (Abda). Özünü gicliyə qoyub. (şpis əlində Ayomun başının üstünü alır.) Bayaq, az qala, düşüb öldüyümüz dəhlizi deyir!..

Abd. (qəzəblə) Camaatın bir-bir düşüb itdiyi dəhlizi deyirəm!.. Hamının sümürüldüyü o andıraqalmış dəhlizi deyirəm!..

Ayom (başını qaldırıb tamaşaçılara). Hamının sümürüldüyü?..

Ayna (məkrlə). Guya bilmirsən?.. Özünü bilməməzliyə vurma. (barmağıyla hədələyir) Bunu mən çoxdan hiss eləyirdim!.. Amma, yox!.. (sinəsinə döyür) Məni sümürə bilməyəcəksən!..

Ayom (çaşqın halda gah Aynaya, gah da Abda baxır). Bu… bu, mənim günahım deyil. (tamaşaçılara) Günah onlardadı!.. Bunu onlar özləri edir… İnanın mənə!.. (Aynaya) Onlar mənə can atırlar!.. (tamaşaçılara) Yəni canlarını mənə atırlar! Könüllü şəkildə!.. Mən istəmədən! Bunu onlar özləri istəyir, niyə başa düşmək istəmirsiz bunu?!..

Ayna (Abda). O, nə deyir? 

Abd. O, həqiqəti deyir. (tamaşaçılara) İnsanlar dəhlizə düşmək istəyirlər. (kədərlə) Xilas olmaq istəyirlər.

Ayna. Xilas olmaq?.. Bismillah!.. Nədən?..

Ayom (yazıq səslə tələsik). Özlərindən... İçərilərindəki darısqal kameralardan!..

Ayna (Abda). Bu, nə danışır?.. Kamera nədi?.. (əyilib şübhəylə öz mədəsinə baxır.)

Ayom (başını qaldırır, ovsunda, tamaşaçılara). Bəli-bəli, mənə inanın. Orda kameralar var. Yarıqaranlıq, soyuq darıxma kameraları... (həmlə edib kreslodan qurtulmaq istəyir.)

 

Şarmankada ifa olunan musiqi eşidilir. Məkan adamabənzər müqəvvalarla  və müqəvva kimi hərəkət edən adamlarla dolur. Onlar Ayomu əhatəyə alırlar, əcaib səslər çıxara-çıxara Məkan boyu yeriyirlər. Ayomun sözləri bu əcaib  səslər yığnağında əriyib itir.

 

Ayna (vahimə içində başını tutur, Abda). Bu… nə danışır?.. (Ayoma) Sən nə danışdığını bilirsən?..

 

Hay-küylü bazar meydanını, stadionu andıran qarmaqarışıq mənzərə.Ayom izdihamın içindədir. O, kütlənin arasından nə isə çığırırsa da, səsi eşidilmir, vurnuxub çıxmaq istəyirsə də, çıxa bilmir.

 

Abd (qışqırır, həyəcanla). Bu, ağ yalandır!.. Belə şey ola bilməz!..

Ayom (səsi eşidilsin deyə, bərkdən). Bax, həmin o məclisdə də… Yubilyarın öldüyü o miskin adam bataqlığında… Sən elə bilirdin, orda tək bir sən gördüyün adamlar idi?.. Orda… Ora adam meşəsi idi!.. Hərənin də içində bir kamera!

Ayna (çaşqın). Nə meşə?.. Hansı meşə?..

Ayom (şövqlə). Mən bunu qəfildən hiss elədim… Ürəyim ağzıma gəldi! Hardansa… (əlini mədəsinin üstünə qoyur) …bax burdan – içəridən… elə bil nə isə budaq atdı… məni ayağa qaldırdı... (Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşır, boğazından açdığı uzun şərfi onun boğazına dolayıb boğmağa çalışırsa da, Ayom onun əlindən qurtulur, təngnəfəs Aynaya) Bilirsən, o nə idi?.. O budaq atanı deyirəm… O... mənim ürəyim deyildi… Bu!.. (ayaq saxlayır) mən idim… Mən özüm!..

 

Səslər və işıq dəyişir. Abd vahimə içində geriyə səndələyir.

 

Ayna (tələsik hərəkətlərlə müqəvvaları ipdən açıb yerə sərə-sərə). Heç nə başa düşmürəm. Daha doğrusu, eşitmirəm. Sən… siz… hardasız?.. (Ayomun müqəvvalardan birinin başını qoparmaq cəhdlərini görüb) Yenə nə edirsiz orda?.. Nə deyirsiz?.. (onu itələyirlər, az qalır yıxıla.)

Ayom (izdihamın itələşməsində özünü zorla saxlayır, tamaşaçılara). …Həmin o məclisdə… burdan (əlini mədəsinin üstünə qoyur) …içəridən… hava qabarcığı kimi qalxıb boğazıma tıxanan…

Abd (hardansa kənardan, kədərlə). Mən idim…

Ayom (heyrətlə haranısa, arxanı göstərərək, ucadan). …O idi!..

 

İzdihamın içindən çığırtı səsləri. Hərbi döyüş təbillərinin səsi eşidilir.

 

Ayna (qeyzlə). Özünüzü ələ alın!.

Abd. S-s!.. (astadan) Dayanın. O, sirr açır…

Ayom (ovsunda, tamaşaçılara). Cəmiyyətlər... Müxtəlif növ məxluqat… Hər adamda on adam… yüz adam… Onlar getdikcə çoxalırlar…

Ayna (Abda qısılıb, astadan). O, dəli olur.

Abd. Mane olmayın. Hərçənd ki, ona mane olmaq mümkün də deyil. Olsun ki, o… (tərəddüd içində, lap astadan) hələ də bizi özü ilə aparmaq istəyir.

Ayom (qulaqlarını əlləri ilə qapayır). Onlara… (susur, tamaşaçılara baxır) …bu qədər adama… Hər adamda bir ordu adama! (səsi getdikcə, yüksəlir) Bu ucsuz-bucaqsız adam dənizinə… (harasa uzaqlara) …daha gücüm çatmır… (bağırır) Çat-mı-ı-ı-ır!!!..

 

Radio dalğalarının pozuntu səsi. Ayom qulaqlarını qapayır, məkan boyu vurnuxub ha yanasa yoxa çıxır.

 

Ayna (təşvişlə boşluğa). Daya-an!.. Hara?!. Bəs mən?..

Abd. (Ayomun ardınca məhəbbətlə) O getdi…

  

Radio dalğalarının pozuntu səsi getdikcə azalır və itir. Məkanı tərk edib uzaqlaşan izdihamın səsi. İşıq enir. Ayna səhnədə təkdir.

 

 

Ayna (dəstəyi əlinə alır, yazıq səslə). Siz hardasız?.. Məni eşidirsiz?.. (qaranlıqdan Naməlum kəs peyda olur. O köndələn addımlarla Aynaya sarı yeriyib onun arxa tərəfində dayanır. Ayna onu görmür.) Siz hara itdiz?.. Bunu necə başa düşüm, hə?.. (titrək barmaqlarıyla telefonun nömrələrini yığır) Alo?.. Məni eşidirsiz?.. (əlacsız) Yenə niyə susduz?.. Siz susanda niyəsə elə bil… (xoflu baxışlarla ətrafına göz gəzdirir, sakitliyə diqqət kəsilir, astadan) …yoxa çıxıram... (Naməlum kəs Aynanın arxasında əcaib hərəkətlərlə tərpənir) Bayaq dediyiniz o təzə söz isə… (susur, ağlamsınır) O söz… (qəfildən nə isə hiss edib vahimə içində ayağa sıçrayır, döşəməyə, oturduğu kreslonun altına baxır) …niyəsə mənə, yoxluqdan da qorxunc gəlir… (yazıq səslə) Məni eşidirsiz?.. (qəfildən əsəbi) Cavab verin! (döşəməyə baxa-baxa, yazıq-yazıq) Axı siz bilirsiz. Bilirsiz ki, siz susanda həmişə… (ehtiyatla ətrafına baxır) …hardasa nə isə baş verir…

 

Məkanın qaranlıq dərinliyindən Naməlum kəsin biri də peyda olur. O da                       həmin köndələn addımlarla yeriyib Aynanın yan tərəfində dayanır.

 

Ayna (qaranlığın hənirtisindən dik atılıb, kreslonun üstünə sıçrayır, ayaqlarını qarnına yığıb döşəməyə zillənir). Burda elə bil nə isə tərpənir. Eşidirsiz?.. (qəfildən nə isə anlamış tək) Bəlkə, siz… (susur, qəzəblə) Siz yenə fikirləşirsiz??.. Axı söz vermişdiz?!.. (iri kəpənəyin çırpınmasını andıran əcaib səslərə dik atılır, vahimə içində döşəməyə baxır) Burda döşəmədə… elə bil nə isə… Yox!.. Nələrsə tərpənir… Onlar… (içini çəkib ağlamsınır) Mən o sözü deməyə qorxuram....

Naməlum kəs (bir addım irəli çıxıb əlini mədəsinin üstünə qoyur). Burda dəhliz var!..

 Ayna çığırıb dəstəyi tullayır, huşunu itirir.  Məkanda Ayom görünür.

 

Ayom (təngnəfəs). …Orda… onların… hər birində… Bizlərdə… (vahiməli bağırtıyla) …edamlar edilir!..

 

Uzaqdan möhtəşəm izdihamın səsləri eşidilir, getdikcə itir.İşıq enir. Məkana sakitlik və qaranlıq çökür.Musiqi. Ayom təkdir. Tənha külək vıyıltısı yağışın səsi ilə əvəz        olunur. Yağış bircə Ayom dayanan yığcam dairəyə yağır. Ayom ovuclarını yağış        damlalarıyla doldurub içir, üzünü, saçlarını isladır, sirli işıq bərqlərində əriyib itir.

 

 

EPİLOQ

 

Ayna (stolüstü lampanın işığında kiminləsə telefonla danışır). Of! Axır ki, qurtuldum o kabusdan! Dünyanı darısqal daxıl qutusuna döndərən ruhi xəstədən!.. (rahatlıqla nəfəsini dərir, ətrafına nəzər salır, havanı qoxlayır.) Nə yazıqlar ki, bu qədər gözəlliyi, bu boyda həzzi o görə, duya bilmədi…

 

Aynanın danışığı tədricən sürətlənir, hərəkətləri, mexaniki kukla hərəkətlərinə keçir. Daha sonra o, anlaşılmaz sözlərin və hərəkətlərin sürətinə dözməyib, sınıq elektron oyuncağı kimi stolüstü lampanın üstünə yıxılır, lampa sönür. Bu an, məkanın əks tərəfindəki mizin lampası yanır. Orda Abd əyləşib, telefonla danışır.

 

 

Abd (boğula-boğula). Bilirəm-bilirəm… Demək olar ki, artıq yox halındayam… Yalvarıram, heç olmasa, mənə öz ölümümü verin. Mən ki özümü yaxşı aparmışam?!.. Əmrinizdən çıxmamışam. Çox şey istəmirəm ki?! Öz ölümümlə ölmək istəyirəm, vəssalam. (sarsıntı içində) Ən çox qorxduğum – ölümümün səhv salınmasıdır. Bilirəm, bilirəm, daha lap az qalıb… Amma bu ölüm mənə tanış gəlmir. Heç tanış gəlmir… (tədricən Abdın danışığı ləngiyir, səs tonu qalınlaşır və nəhayət, anlaşılmaz uğultuya çevrilir. Hərəkətləri ləng rapid görüntüləri xatırladır. O, havası buraxılmış şar kimi, titrəyib, lampanın üzərinə yıxılır. Lampa sönür.)

        Qaranlıqdan naməlum tənha səs. Alo… Alo… Məni eşidirsiz?.. Eşidin məni!.. Sizə vacib xəbərim var. Bilin və agah olun. Yaxın günlərdə sizi…

 

          Hardansa xəttə dolan qarışıq səslər tənha səsi eşidilməz edir.

 

 

 

SON

2006