PİS QOCANIN NAĞILI
Bir qoca tanıyıram ki, yaşı yetmişi adlasa da, Allahı tanımır. Peşəsi yazmaq olsa da, O dünyanın, Ruhun mövcudluğuna, bu dünyanın yüksək vəzifəli şəxslər tərəfindən yox, İlahi qanunlarla - Qüdrətli və Dəyişməz Yazıyla idarə olunduğuna inanmır. Başı, gözü ağarıb beli bükülsə də, bu qoca dünyanı əvvəlki cavanlıq acgözlüyü və təmənnasıyla sevməyə davam edir. Bütün ömrünü və qüvvəsini sərf edib dəridən-qabıqdan çıxa-çıxa, daxıla yığan tək, yığdığı şöhrət dağarcığının son nəticədə dəbdən düşmüş köhnə palto kimi dəyərsiz olduğunu billə-bilə, yenə şöhrət axtarır. Ömrünün sayılası günləri son mənzilinə dirənsə də, bu qoca müdrikləşmək bilmir, həlimləşib saflaşmır, əksinə, düyünlənib itilənir, onu təbii mövsüm axarıyla kölgəyə qısan yeniliyə və gəncliyə şıltaq yeniyetmə kiniylə nifrət edir. Bircə an ayaq saxlayıb, nəfəs dərib, özü barədə, uzun, kəşməkəşli illərlə hədsiz «ayıq» beyninin, xəstə bədəninin əsirinə çevirdiyi Ruhu barədə düşünmür, Onu bircə anlığa belə dincliyə, azadlığa buraxmaq fikrinə gəlmir. Olsun, gizli yaddaşının hansı oyaq tərəfiyləsə o yaxşı bilir ki, bütün həyatı, gizli tamahları və iddiaları ilə çürüdüb irinlətdiyi Ruhu azadlığa çıxacağı təqdirdə bir daha geriyə qayıtmayacaq.