Anasız dilimiz, yaxud «Qorxunc Əlifba» nın davamı...
Orta məktəb dərsliklərimiz barədə son illərdə yazılan, deyilən tənqidi fikirləri, qüsur və iradları bir yerə toplasaq, yəqin ki, irihəcmli, bəlkə də, çoxcildli kitab alınar. Az qala, bütün cəmiyyətin – dərslik fəsadlarından əziyyət çəkən valideyn və müəllim zümrəsi ilə yanaşı, sıravi vətəndaşların da qoşulduğu bu ayarlayıcı və aşkarlayıcı prosesin son ucda gözlənilən nəticəni verməməsi, neçə illərdən bəri göz ağrıdıb ürək dağlayan dərslik zülmətinin heç bir vəchlə işıqlı müstəviyə çıxa bilməməsi, vətəndaşlıq heysiyyəti olan hər kəsdə təbii narahatlıq və həyəcan hissi doğurmaya bilmir.
Bir vaxtlar, daha dəqiq desəm, 2005-ci ildə bütün keyfiyyətləri və cəhətləri ilə ana dilimizin, milli-mənəvi dəyərlərimizin əleyhinə işləyən, şeir və oxu mətnlərinin absurdluğu, tapşırıq və məşğələlərin primitivliyi və naqisliyi ilə millilik, maarifçilik və vətəndaşlıq heysiyyətini heçə endirən “Əlifba” dərsliyi haqqında yazdığım “Qorxunc Əlifba” məqaləsi bu bədnam kitabın təhsil dövriyyəsindən çıxarılmasına təkan vermişdisə də, son dövrlər mətbuat səhifələrində, internet portallarında adıçəkilən dərsliklə bağlı yaranmış mübahisələr, TQDK ekspertlərinin kitabın yararsızlığına dair ortaya qoyduğu çoxsaylı qüsurlarla razılaşmayan tərəflərin cığal mövqeyi və sair mövzuya yenidən qayıtmağın, ümumtəhsil sisteminin beşiyi sayılan bu dərsliyə bir daha nəzər yetirməyin vacibliyini gündəmə gətirdi.
Azərbaycan dili dərsliyi – 1
(Altun kitab nəşriyyatı – 2012, müəlliflər R.İsmayılov, S.Abdullayeva,G.Orucova, D.Cəfərova)
İlk əvvəl dərsliyin adı barədə. Əsasən ayrı-ayrı hərflərin, daha sonra sözlərin yazılışını və oxunuşunu öyrədən bu şəkilli kitabın ənənəvi “Əlifba” adının dəyişdirilib “Azərbaycan dili” ilə əvəzlənməsinin nə məqsəd daşıdığı aydın deyil. Öz təyinatı üzrə xətlər, hərflər və illüstrasiyalar əsasında tərtiblənmiş belə bir ibtidai sinif kitabını, elmi-akademik məna daşıyıcısı olan, dilin qrammatik özəlliklərini, düzgün işlənmə qaydalarını, üslub və imkanlarını öyrədən dil kitabı kimi təqdim etməyin səbəbi nədir? Əgər dərslik müəllifi bu formatlı kitabı məhz dil kitabı hesab edirsə (hərçənd istənilən halda bu, belə deyil), o halda dərsliyin adını, uşaqlarda kitaba doğmalıq yaradacaq “Ana dili” ilə əvəz etmək olmazdımı?
Dərslik, ilk baxışda, sanki əvvəlki dərsliklərdən fərqli tərtibdə – quruluş və məzmun etibarı ilə yenilənərək 2005-ci ilin “Qorxunc Əlifba”sıyla müqayisədə bir xeyli təkmil təsir bağışlasa da, kitabla yaxından tanışlıq gözlənilən nəticənin yenə də əldə olunmadığını, dərsliyin yenə əvvəlki qaydada balaca azərbaycanlının həqiqi Ana dili kitabına çevrilə bilmədiyinin acı mənzərəsini üzə çıxarır.
İlk əvvəl ondan başlayaq ki, kitabın ümumi maarifçilik vəzifəsi həmişəki kimi yetərli deyil. Bir çox şeir və oxu mətnləri məzmun və məna baxımından kasad, dil və üslub baxımından qüsurludur. Tapşırıqlarda rast gəlinən orfoqrafik, morfoloji xətalar, şərtlərin, “kurikulum tələbi üzrə” mürəkkəbliyi, bəzi hallarda isə ümumiyyətlə, müəmmalılığı, şəkil və illüstrasiyaların tapşırıq şərtlərinə uyğunsuzluğu, yaxud sadəcə anlaşılmazlığı yenə təəssüf doğurur.
Digər, daha acı təəssüfü isə, TQDK ekspertləri tərəfindən kitaba dair tapılan qüsur və xətaları xırda və əhəmiyyətsiz hesab edən, yaxud onları əsassız, qəribə mülahizələri ilə heçə endirməyə çalışan dərslik müəllifinin mövqeyi doğurur. Lakin söhbət – təhsilə, maarifə, yazıya və oxuya sevginin, marağın bünövrəsini qoyacaq müqəddəs Kitabdan – insanın həyatı boyu rastlaşacağı bütün kitabların təməli olan “Əlifba”dan gedir və məncə, burada hər hansı mübahisənin, özünütəsdiq yarışının yeri yoxdur.
Dərslik əvvəlki acı durumunda qalmaqdadır. Ümumi bağlayıcı qayənin yoxluğu, uşaq dünyasıyla ünsiyyət qurmaq, onun qəlbinə yol tapmaq cəhdlərinin uğursuzluğu, həmçinin məzmun və məna miskinliyi, dil və ifadə naqisliyi, tapşırıq və mətnlərin tədris keyfiyyəti baxımından qüsurluluğu əvvəlki qaydasında – “orta ağır vəziyyətdə” qalmağındadır.
Qəzet səhifəsinin məhdudluğunu nəzərə alaraq, onlardan yalnız bir qismini nəzərinizə çatdırmaq istəyirəm.
Kitabın, dərs günlərinin ilk həftəsinə təsadüf edən 13-cü səhifəsində dialoq xarakterli müxtəlif şəkillərin yerləşdirildiyi tapşırığın şərti belədir: “Şəkillərə uyğun nitq etiketləri seç”. (Bəlkə, uşaqların, elə müəllimlərin də asanlıqla başa düşəcəyi tərzdə “Şəkillərə uyğun ifadələr qur”? – A.Məs.)
Yalnız hərflərin yazılışını öyrənməli olan altı yaşlı uşaq üçün seçilmiş bu elmi-akademik ifadənin dərslikdə hansı məntiqlə yer aldığı haqlı təəccüb doğurur. Dərslik müəllifi isə bu şərtin uşaqlar üçün yox, müəllimlər üçün yazıldığını bildirir və bununla bağlı dərsliyə əlavə olunan MMV-yə (Müəllimlər üçün Metodik Vəsaitə) baxmağı məsləhət görür. Lakin nəzərə alsaq ki, kitaba əlavə edilən həmin bu MMV satışa buraxılmır, yalnız orta məktəb müəllimlərinə pulsuz paylanır və bu səbəbdən, nəinki valideynlərə, çox vaxt müəllimlərin özlərinin də hamısına çatmır, burada məsələ bir az da qəlizləşir.
Tapşırığın digər müəmması – “nitq etiketlərinin seçilməsi” tələb olunan şəkillərdən birinin məzmunu – ağacdan alma dərən uşaq rəsmidir. Uşaqların bu şəklə dair hansı “nitq etiketini” seçəcəyi məlum deyil.
Ardınca gələn 15-ci səhifədəki tapşırığın şərti daha müəmmalıdır. Məntiqi və quruluşu baxımından bu tapşırığın həlli yolunu tapmaq, nəinki altı yaşlı uşaq, böyüklərin özü üçün belə o qədər də asan başa gələn məsələ deyil. Belə ki, həm rəngləri, həm növləri, həm ölçüləri və hətta pozaları ilə bir-birindən fərqli olan fil, dəvəquşu, pələng və kenquru şəkilləri yerləşdirilmiş tapşırığın şərti belədir: “Dördündən biri fərqlidir”. (?)
1-ci sinif şagirdinin qarşısında bu cür dolaşıq tələblərin qoyulmasını ciddi irad sayan ekspertlərə isə dərslik müəllifinin özü belə cavab verir:
“Bu yaşda uşaq quşu heyvandan ayıra bilir, amma kenqurunun kisəli heyvan olduğunu bilmir. Əgər sinifdə beləsi varsa və bu tapşırıqda başqa qanunauyğunluq tapa bilirsə, müəllim yalnız onu alqışlamalıdır (Əgər kimsə bu izahatdan bir şey anlayırsa, alqış məhz ona düşür. – A.Məs.) və bilməlidir ki, yanaşmadan asılı olaraq, bu cür tapşırıqların bir neçə cavabı ola bilər.”
Hörmətli dərslik müəllifi, əgər bu tapşırıq, həqiqətən, dediyiniz kimi, çoxcavablılığı nəzərdə tutursa, olmazdımı onun şərti: “Şəkildə təsvir olunanları fərqləndir” kimi sadə və aydın dildə yazılsın?..
Yaxud 21-ci səhifədəki “Qızların adlarını tap” şərtli “tapmaca-tapşırıqda” ayrı-ayrılıqda verilmiş dörd qız şəklinin adlarını açıqlayan rəsmlərdən birində gül və nar (yəni “Gülnar”), digərində ay və tac (yəni “Aytac”), digərində isə göz və əl şəkli çəkilib. Müəllifin təbirincə “Gözəl” adının mənası “göz” və “əl”dir.
Lakin “Gözəl” adının, yaxud sözünün mənası göz və əldirmi?.. Yaxud “a” hərfinin öyrənilməsi səhifəsinə yerləşdirilmiş bu “Gözəl” sözünün “a” hərfinə hansı aidiyyəti var?..
Eynilə bu sayaq əcaibliklərə dərsliyin 24-cü səhifəsində – “ə” hərfi keçilən şəkildə də rast gəlinir. 1, 2, 3 rəqəmləri ilə fərqlənən qalibiyyət pyedestalının birinci pilləsində dayanan balaca idmançının sinəsindən medal əvəzinə asılmış “Ən” sözünün də hansı məna daşıyıcısı olduğu anlaşılmır. Birincinin də “ən”i olur?.. Yoxsa dilimiz “ə” hərfi işlənən sözlərin qıtlığından əziyyət çəkir? Yoxsa bu əziyyəti dərslik müəllifinin özü çəkir?..
Dərsliyin “o” hərfi keçilən 44-cü səhifəsində şərti olmayan (?) tapşırıqda verilmiş insan üzlü çəhrayı yumurta şəklinin və onun kənarlarına yığılmış müxtəlif rəngli hərflərin hansı məna daşıdığını anlamaqdan ötrü də baş sındırmaq lazımdır. İnsan düşünür ki, əgər bu yumurta şəkli ətrafına yığılmış hərflər, “o” hərfinin işlənəcəyi sözləri yaratmaq məqsədi daşıyırsa, nə “yumurta” sözünün özündə, nə də onun qaş-gözünə dair “qaş”, “göz”, “ağız”, “burun” sözlərində “o” hərfi yoxdur. Yox, əgər bu çəhrayı yumurtanın özü “o” hərfidirsə, o halda niyə bu “o”, uşaqlarda çaşqınlıq yaradan ağız-burunlu, göz-qaşlı verilib?..
Dərsliyin daha faciəvi tərəfi burda yer almış mətnlərdir. “Bayramlar ayı” adlanan mətni olduğu kimi nəzərinizə çatdırıram. (səh. 43)
BAYRAMLAR AYI
“May ayı bayramlar ayıdır. (Hansı bayramlar, bilinmir və müəllif yenə MMV-yə müraciət etməyi məsləhət görür. – A.Məs.) Bayramların birində (hansında? – A. Məs.) ailə talada idi (Bayram hara, tala hara? Bəlkə, sovetin 1 May bayramının “mayovkası” nəzərdə tutulur? – A.Məs.). Bayram atın yalını darayırdı. (Fikir verin: “Bayramlar ayı” adlanan mətnin baş qəhrəmanın adı da Bayramdır. – A.Məs.) Aydın tayanın yanında yatırdı. (Nə şən bayram əhval-ruhiyyəsidir? – A.Məs.). (“Bayramlar ayı”nın finalının isə şərhə ehtiyacı yoxdur. – A.Məs.) Ayan ilə Maya da talada idilər”.
Mətnin məna və məzmun məziyyətləri barədə də, elə bilirəm, əlavə şərhə ehtiyac yoxdur.
45-ci səhifədə verilmiş “Yardım” mətni də diqqəti, məna və məzmun, Azərbaycan dilinin norma və qaydalarının “mükəmməlliyi” baxımından çəkir. Bu mətni də olduğu kimi nəzərinizə çatdırıram:
YARDIM
“Yay idi. Ramil Boran adlı iti ilə dərədə oynayırdı. (Niyə dağda, çəmənlikdə, meşəlikdə, dəniz sahilində yox, məhz dərədə? – A. Məs.) Birdən Boran dayanıb otları iylədi, talaya boylandı.
– Nədir? – Ramil dilləndi.
Talada olan (?) yaralı bir dovşan idi. (Cümlə azərbaycan dilində deyil. – A. Məs.) Ramil yaralını (sanki söhbət müharibədə güllə yarası almış əsgərdən gedir. – A.Məs.) əlinə alıb Bayram babanın yanına yollandı (Fikir verin, yenə Bayram. Bu dəfə baba qismində. Müəllif ad sarıdan da əziyyət çəkir – A.Məs.). Baba yaranı (kimin yarasını?– A.Məs.) yodladı, dərmanladı. İndi dovşan taladadır.”
(Mətnin sonluğu hədsiz “ibrətamizdir” – A.Məs.)
Dərsliyin 89-cu səhifədə “Mətni üzündən köçür” (bəlkə, sadəcə, “Mətni köçür”? – A.Məs.) şərtli tapşırığa dair verilmiş mətni də olduğu kimi nəzərinizə çatdırıram:
KÜLƏK NƏDİR
Rauf küləyin nə olduğunu bilmirdi. Nənəsi onu bağçaya apardı. Külək uğuldayır, yarpaqlar tərpənirdi. Nənənin yaylığı yellənirdi. Rauf küləyin nə olduğunu başa düşdü. (Təbiətin ən möhtəşəm hadisələrindən biri olan küləyin təyinatı budurmu?.. – A.Məs.)
Dərslik bu sayaq məna və məzmun, üslub, dil və ifadə baxımından qüsurlu mətn və tapşırıqlarla doludur. Mətnlərdə bəzən uşaqların yaşlarına uyğun olmayan loru ifadələr işlənməsi ikrah hissi doğurur.
”Gəzinti” mətnindən: (səh. 33).
Tələt:
– Ata, mənə təyyarə al. Mətanətə at al.
Mətanət:
– Nə at? Mən at minənəm? (?)
Bu və digər baxımdan qüsurlu olan növbəti mətni – dərsliyin 49-cu səhifəsində yer almış “Nurlan” adlı oxu parçasını da, olduğu kimi nəzərinizə çatdırıram:
NURLAN
“Nuru baba bostanı sulayırdı. Birdən o dayanıb (?) (baba bostanı sulayarkən, məgər yol gedirdi? Bəlkə, “əl saxlayıb”? – A. Məs.) Nurlanı səslədi. Nurlan barının yanında oynayırdı. O, babasına sarı boylanmadı. (Bəlkə, “babasının səsinə hay vermədi”? A.Məs.) Anası Nurlana:
– Utanmırsan, Nurlan? Baban səni səsləyir, sən isə ona əl tutmursan. (?) (Adamı səsləyənə əl tutarlar, yoxsa hay verərlər? – A. Məs.)
Bir də axı niyə mətn uşaqların diqqətini, babasını eşitsə də, özünü eşitməzliyə vurmaq kimi, saf uşaq təbiətinə xas olmayan, xoşagəlməz insan naqisliyinə yönəldir? Və niyə dərslik başdan-başa valideynlərinə, qoca nənə-babalarına laqeyd, tənbəl, cığal, pəltək, pinti, zəif görmə qabiliyyətli uşaq obrazlarıyla doludur?..
Nənəsinin: “Al, 10 manat. Mənə nanə ilə ət al” (balaca nəvəsinə ət aldıran nənənin bu hərəkəti də qəribədir – A.Məs.) deyən nənəsinə laqeyd olan Nəbi (səh.35), “r” hərfini deyə bilmədiyindən adının “kələm” səslənəcəyindən ehtiyat edib, adı soruşularkən, susan Kərəm (səh.94), kostyumuna ləkə salan Kərəm (səh.51) (yenə Kərəm – A.Məs.), nənəsinin eynəyini axtarmaq istəməyən Sənan (səh.90), gözləri pis gördüyündən həkimə gedən Orxan (səh.91.), çörəyin qədrini bilməyən, tikələrini kolluğa atan Çingiz (səh.77), saat 11 olsa da, balaca bacısı yatmış otaqda oyuncaqlarla oynayan Samir (səh. 47), yeməkdən qalan zibilləri dənizə tullayan Zeynal (səh.47), barmağının əyildiyini bəhanə gətirib sinifdə dərs yazmaqdan boyun qaçıran Vüsal (səh.146) və sair və ilaxır.
Çalışqanlığı, cəsurluğu, fədakarlığı, qorxmazlığı, işgüzarlığı, vətən sevgisi, ədəbi və savadı ilə seçilən uşaqlarımız hardadır?.. Niyə bu keyfiyyətlər mətnlər boyu uşaqlara ya valideynləri, ya da kimlər tərəfindənsə tövsiyə edilir?..
Dərslikdə yer almış, uşaq psixikası üçün yolverilməz zədə ola biləcək bir mətni də nəzərə çatdırmağı vacib bilirəm.
“BALIĞIN SƏSİ” (səh.95)
“Bir gün Əhməd düşündü. Qurbağa quruldayır, qoyun mələyir, xoruz banlayır. Bəs, görəsən, balıq necə səs çıxarır?
Bu zaman anası mətbəxdə balıq qızardırdı. Əhməd birdən qışqırdı:
– Bildim, balıq tavada cızıldayır.” (?)
Dərslik müəllifi balığın səs çıxara bilməməsini, sanki ələ salır.
Dərsliyin digər qüsuru – burada tanınmış simaların ədəbi nümunələri ilə yanaşı, müəllifi imzası tanınmayan, ədəbi-bədii baxımdan uğursuz, bəsit mətnlərin yer almasıdır. Ekspertlərin bununla bağlı iradına dərslik müəllifinin verdiyi: “Bu şeirlərin müəllifi dərslik tərtibçilərinin özüdür” cavabı isə, kitaba olan laqeyd münasibətdən xəbər verir. Məgər dərslik həvəskarların yaradıcılıq emalatxanasıdır?..
***
Göründüyü kimi, təhsil üzrə illər uzunu ərsəyə gətirilən işlərin – dərslik tərtibi sahəsinə ayrılan gen-bol dövlət vəsaitinin, müxtəlif formatlı islahatların (bərbad dərsliklərin yeniləri ilə əvəz edilməsi, müəllimlərin mütəmadi şəkildə ixtisasartırma kurslarına göndərilməsi, məktəb binalarının tikintisi və abadlaşdırılması, yeni müasir avadanlıqların alınması və sair və ilaxır) son nəticədə havadan asılı qalması, gözlənilən nəticənin əldə oluna bilməməsi, bu sahəyə daha təfərrüatlı və incə yanaşma tələb edir və qabaqcıl Avropa ölkələrində birbaşa Avropa Şurasının təyin etdiyi konsepsiyalar əsasında aparılan dərslik siyasətinin, nəhayət, bizdə də – ölkənin tanınmış alim və mütəxəssislərinin, dil və ədəbiyyat xadimlərinin təmsil olunacağı aidiyyətli qurumların nəzarətinə verilməsinin vacibliyini gündəmə gətirir.
Mənə isə sözümü, bir vaxtlar bu sayaq bərbad Ana dili və Ədəbiyyat kitabları barədə yazdığım məqalələrimdən birinin – “Vətən nədən başlayır? Əlifbanın ilk hərfindən” (19 dekabr 2009, 525-ci qəzet) başlıqlı yazımın sonluğu ilə bitirmək qalır:
“…”Vətən haradan başlayır? Əlifbanın ilk hərfindən…” misrası Vətənin məhz Əlifbadan başladığını, artıq çoxdan anlamış əcnəbi bir şairin gəldiyi ölkə və millət əhəmiyyətli qənaətidir.
Bəs bizlər üçün?.. Vətən haradan başlayır?..”
(“525-ci” qəzet) 2013-cü il