«VƏTƏN nədən başlayır?.. ƏLİFBA - nın ilk hərfindən…»
«VƏTƏN nədən başlayır?..
ƏLİFBA - nın ilk hərfindən...»
Çağdaş rus poeziyasından
Əgər yadınızdadırsa, bir neçə il bundan əvvəl ibtidai siniflərdə keçilən, əcaib şəkillər və mətnlərlə dolu «ƏLİFBA» dərsliyi haqqında yazdığım «Qorxulu Əlifba», daha bir il sonra «Əvəzolunmaz Yəhya Kərimovun Azərbaycan dili dərsliyi» başlıqlı məqalələr, hər iki dərslik müəllifinin (əgər onlara «dərslik» demək mümkün idisə) təhqirlər dolu, əsəbi cavablarıyla «dəf edildi».
Lakin növbəti dərs mövsümü, uşaqlarımızı illərlə «maarifləndirmiş» bu «kitablar» tədris dövriyyəsindən çıxarıldı.
İbtidai təfəkkürü «Qorxunc Əlifba»yla formalaşmış bəsit düşüncəli vətəndaşlar isə bizimlə qaldı...
İxtisasca bioloq olan və uzun illərdən bəri Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifələrdən birində çalışan böyük qardaşım İlyas, təxminən 80-ci illərin ortalarında mənə belə bir əhvalat danışmışdı ki, qonaq olduğu hansısa məclisdə, Şekspirin «Hamlet» əsərindən söz düşərkən, məclis əhlindən birinin - yüksək rütbəli ədliyyə işçisinin söhbətə qarışaraq: «Hamlet fransız şairi olub, özü də kor» - deməsindən təəccüblənmiş, müsahibinin səhvini düzəltməyə çalışaraq: «Siz nəyisə qarışdırırsınız, Şekspirin yazdığı Hamlet Danimarka krallığının şahzadəsidir» - demişdisə də, ədliyyə məmuru əsəbiləşib özündən çıxmış, qəribə bir bədgümanlıqla qardaşıma: «Siz ədəbiyyatçı deyilsiniz, odur ki, bilə bilməzsiniz. Hamlet fransız şairi olub, özü də kor» - deyərək, mübahisəni qapatmışdı.
O vaxtlar ədəbi savadsızlığına bir xeyli gülüşdüyümüz ədliyyə məmurunun bu əlamətdar «çıxışı», yadımdadı ki, onda bizdə həqiqi heyrət doğurmuşdu. Belə bir sanballı vəzifə sahibinin, bu məlum və məşhur ədəbi personajı tanımaması, o illər bizlər üçün, həqiqətən, «xoruz səsi eşitməyən» əcaib nonsens idi.
Bu gün isə elementar ibtidai savadı axsayan elm və təhsil adamlarımızın, kənd təsərrüfatı və səhiyyə işçilərimizin, maarif və mədəniyyət nümayəndələrimizin, jurnalistlərin və yüksək rütbəli məmurların və s.-nin, əslində, gülüş doğurası bu sayaq «deyimlərinə» daha gülməyimiz gəlmir. Gündəlik həyatımıza, efir və danışıq mədəniyyətimizə, kitablarımıza və ədəbi əsərlərimizə, bunlarla bir, bütövlükdə mənəviyyatımıza hopmuş bu cəhalət dalğasının bulanıq sularında boğulub ölməməkdən ötrü bir qədər kənara çəkilmək, hər şeyə yenidən baxmaq, bizləri bu mənəvi iflasa, əqli şikəstliyə sürükləyən amillərin qaynaq və mənbələrini arayıb-axtarmaq ehtiyacı duyduqca, bu gün hər şeyi əldə edə-edə, ən qiymətli sərvətini - Ruhunu itirmək üzrə olan Məmləkətimizin şah damarında - illərdən bəri simasını dəyişdirməyə çalışdığımız Təhsil və Tədris Mədəniyyətimizdə, bu mədəniyyətin özəl mahiyyət daşıyıcısı olan dərsliklərimizdə ilişib qalırıq...
Dərsliklər və Ədəbiyyat
Hər il dövlət büdcəsindən ölkə təhsilinin müxtəlif sahələrinə külli miqdarda maddi vəsait ayrılır, bu vəsaitlərin hesabına yeni-yeni məktəb binaları tikilir, bir çox təhsil müəssisələrində təmir və abadlıq işləri aparılır, bədii-estetik səviyyəsi ilə müasir nəşr tələblərinə cavab verməyə cəhd edən dərsliklər buraxılır. Kifayət qədər dövlət vəsaiti və insan zəhməti sərf olunan bu mütərəqqi əhəmiyyətli işlər, ölkənin maarifçilik ənənələrinin uğurlu davamı kimi qiymətləndirilsə də, təhsil və maarifçiliyin mahiyyət daşıyıcısı, ayrı sözlə desək, onun keyfiyyət göstəricisi olan dərslik tərtibi mədəniyyətimizin, illər uzunu davam etməkdə olan fəsadlı durumunu dəyişə bilmir.
Balalarımıza, az qala həkim resepti ilə yazılmış dərman kimi, gündə-gündə, illərlə «yedirtdiyimiz», yemək istəməyəndə, ürəkləri bulana-bulana boğazlarına tökdüyümüz dərsliklərimizin, gələcəyimiz üçün hansı təhlükə olduğunu anlamaqdan ötrü cəmiyyətimizin bugünkü mənəvi durumuna - ali savad sahiblərimizin danışıq və davranış mədəniyyətinə, «mütəxəssislərimizin» peşəkarlıq qabiliyyətinə, alim və müəllimlərimizin intellektinə və dünyagörüşünə, mədəni həyatımızda baş verən anomal əcaibliklərə - ədəbi fikir meydanında at oynadan şair-müfəttişlərin, romançı-prokurorların, aqronom-dramaturqların «yazıb-yaratdığı» və bu gün «milli ədəbiyyatımızın simasını təyin edən əsərlər» qismində dərsliklərimizə daxil edilməkdə olan «ədəbi nümunələrə», efirlərimizə nəzər yetirsək, kifayətdir.
Bütün bu məşəqqətlər, ürəkbulandıran və qanqaraldan mənzərələr bizləri, həlli qaçılmaz olan, mühüm və vacib bir dilemma ilə qarşı-qarşıya qoyur:
əgər biz, intellektual və mənəvi kasadlığından, insani və təhsil savadsızlığından, heysiyyətsizliyindən və vətəndaşlıq qabiliyyətsizliyindən, həmin bu keyfiyyətlər üzündən də, ifrat maddiləşməsindən və deqradəsindən əziyyət çəkdiyimiz cəmiyyətimizi mümkün qədər sağlam və mütərəqqi görmək istəyiriksə, ilk növbədə, bizləri uşaq yaşlarımızdan əqli və ruhi cəhətdən formalaşdıran, dünyagörüşümüzü və intellektimizi qurub-yaradan dərsliklərimizə, bu sahənin intellekt və maarifçilik səviyyəsinin yetərliyinə, milli və dövlət əhəmiyyətli məsul məsələ kimi yanaşmalı olduğumuzun ciddiliyini anlamalıyıq.
Bu kontekstdə, Ədəbiyyat fənninin, yeniyetmə yaddaşı məhdud ixtisaslar üzrə savadlandıran coğrafiya və biologiyadan, fizika və həndəsədən, cəbr və astronomiyadan, tarix və kimyadan özəl və fərqli üstünlüyünü - tək bir əqli və intellektual qavrayışın yox, insan atributu üçün həyat əhəmiyyətli olan mənəvi quruculuq qabiliyyətini etiraf etməli, maarifin məhz bu sahəsinə daha həssas və ciddi yanaşılmanın fərqində olmalıyıq. Məşhur «Alim olmaq asandır, insan olmaq çətindir» - deyiminin açması da budur.
İlk əvvəl, Ana dili və Ədəbiyyat dərsliklərinin məni - ev, idarə və yaradıcılıq işləriylə kifayət qədər məşğul adamı narahat etməsinin səbəbləri barədə:
Günlərin bir günü mən necəsə, yerli oxucu üçün «hədsiz qəliz», dünya oxucusu üçün isə, hətta tərcümədə belə, kifayət qədər asan qavranılan əsərlərimin, həmçinin, neçə illərdən bəri bilavasitə tərcüməsi və «Xəzər» dünya ədəbiyyatı jurnalında nəşri ilə məşğul olduğum aparıcı dünya ədəbiyyatı nümunələrinin «çətinliklə dərk edilən» oxu vəsaiti olduğunu hiss edib, bu kütləvi ədəbi qabiliyyətsizliyin nədən və hardan qaynaqlandığını, bir vaxtlar işıqlı maarifçiləri və ədəbiyyatpərvərliyi ilə göz yaşardan milli oxucumuzu bu sayaq fikir və duyğu darısqallığına, qəlb cəhalətinə sürükləyənin nə olduğunu araşdırmağa başlamışdım. Və uzun axtarışlardan sonra bu milli bəlanın, heç bir «məkrli dünya siyasəti»nin, yaxud «gizli düşmən qurğusu»nun milli düşüncəmizin məhvinə yönəltdiyi dağıdıcı deqradə proqramı olmadığını, bu ürəkağrıdan qəlb azarının, nə qədər qəribə və kədərli də olsa, əsasən, bizim öz doğma və əziz məktəblərimizdən - məktəb divarları arasında övladlarımıza mənimsətdiyimiz, uşaq qavrayışı üçün hədsiz mürəkkəb və maraqsız, quru elmi fikirlər, səhvlər və təkrarlar dolu dərsliklərimizdən - bu sıradan, insanın ağıl və qəlb dünyasına güclü sirayət qabiliyyətinə malik olan Ədəbiyyat və Ana dili kitablarımızdan bəhrələndiyini anlamışdım... Və mənim üçün gözlənilməz olan bu qənaətimdən, məşum 20 Yanvar hadisələri zamanı qəfildən dövlətsiz və ordusuz bir məmləkətin vətəndaşı olduğumu duyub, sarsılantək sarsılmışdım...