O
Əli arvadının buruq saçına dəyəndə dik atıldı… sinirləri qıc oldu, çəkilib öz yerinə girdi, yorğanı başına çəkib ürəyi döyünə-döyünə gözlədi. İndi olsun ki, arvadı gözünü ona zilləmişdi. Gözləri də gecənin bu qatı qaranlığında bayquş gözü kimi par-par parıldayırdı.
Bir anlıq sabah səhər bu yorğanın altından necə, hansı sifətlə çıxacağını fikirləşdi. Sonra beyni yenə elə bil dondu və anladığı həmişəki kimi yenə bir bu oldu ki, özüylə bacarmır, bədəni sözünə baxmır. Əsəbilikdən, ya başına çəkdiyi yorğanın istisindən ürəyi sıxıla-sıxıla düşündü ki, görən, bu axmaq vəziyyətdən nə vaxt qurtulacaq?.. Sonra tərin içində boğula-boğula fikirləşdi: əslinə qalsa, bu binəva bədənin də günahı yoxdu. İndi, gecənin bu vədəsində, öz yorğan-döşəyində arvadıyla böyür-böyürə yatdığı yerdə yenə Onu istəyən şüursuz toxumalardı, toxumaları. Minlərlə, milyonlarla gözəgörünməz əclaf hüceyrələri. Onlar idi onu bu günə salan, həyatını dağıdıb gününü göy əsgiyə bükən, sevib, seçib evləndiyi qadını da, uşaqlarını da yetim qoyan elə başını da onlar xarab eləmişdi – o balaca, gözəgörünməz əclaflar.
Fikirləşdikcə, bədəni, əl-ayağı boyu xəbis-xəbis qaynaşan toxumalarını hiss elədi. Toxumaları yenə ac idi.
Arvadı içini çəkib əsəbi-əsəbi yerinin içində qurcalandı, bir anlıq sükutdan sonra qəfildən, ilan çalmış kimi, sıçrayıb ayağa qalxdı, yalın ayaqlarını hikkəylə döşəməyə vura-vura, yorğanını dalınca sürüyə-sürüyə otaqdan çıxıb qapını çırpdı.
Arvadı otaqdan çıxan kimi yağışın səsi eşidilməyə başladı… Yağış yenə elə bil lap yaxında yağdı... yağdıqca da yataq otağını, bayaqdan bədənini qır qazanı kimi dağlayan yatağını da elə bil sərinlətdi...
Fikirləşdi ki, gör bir neçə vaxtdan bəridi, gecə-gündüz, ara vermədən yağış yağır. Sonra xatırladı – onunla tanış olan gündən yağırdı.
Tavandan süzülüb küncdəki vedrəni dolduran damcıların səsi eşidilməyə başladı və yenə damcıların səsiylə bir Onun qoxusu dəydi burnuna, başı hərləndi… ürəyi əsdi, həm də elə bil rahatlandı. Yorğanı üstündən atıb əllərini başının altına qoydu, nəfəsini dərib gözlərini yumdu və yenə Onu gördü...
O, yarıqaranlıq dəhlizin başında kiminləsə danışa-danışa ona baxıb gülümsəyirdi. O, elə dayandığı yerdən Onun saçlarının qoxusunu hiss eləyirdi… şimal bölgələrində dağlarda bitən hansısa çöl çiçəyini andıran bu ecazkar qoxudan başı hərlənirdi… çöldə isə yağış yağırdı...
Fikirləşdi ki, görən, niyə Onunla tanış olandan, elə bil həmişə yağış yağır?.. Düz iki il idi ki, tanış idilər və düz iki il idi ki, gecə-gündüz yağış yağırdı. Bu aramsız yağışlardan şəhərin ağacları yoğunlayıb boy atmışdı, küçələrin, binaların hisi-pası yuyulmuşdu… Tavanları isə budaq kimi çat atmışdı...
***
Arvadı səhər yeməyində onunla üzbəüz oturmadı, hardasa o biri otaqlarda hövsələsiz hərəkətlərlə nələrisə yığıb açmaqla məşğul oldu. Aradabir, ucuiti nə iləsə elə bil divarı o biri üzdən qaşıdı...
Çörəyi həvəssiz-həvəssiz çeynəyə-çeynəyə fikirləşdi ki, arvadı olsun ki, divarı başıyla deşir.
Uşaqları üzbəüz oturub dolu ovurdlarla, dinməz-söyləməz ona elə baxırdılar, elə bil yazıqları gəlirdi.
***
Bir neçə saatdan sonra evlərindən iki küçə yuxarıda yağış başına döyə-döyə Onunla üzbəüz dayanmışdı.
– Qurban olum, heç olmasa bircə saatlıq… – deyib Onun yumşaq əllərini sinəsinə sıxdı.
– Bu gün heç cür mümkün deyil, – O dedi və günahkar təbəssümlə gülümsədi.
Çiskindən idi, nə idisə, Onun üzü avazımış, xəstəhal görünürdü. Səsi də solmuş, gözlərinin altı qaralmışdı… bəbəkləri hardansa, uzaqlardan baxırdı ona – gözləri elə bil dustaqxanadaydı.
Yolun kənarıyla vıyıldayıb ötən maşın gölməçənin palçığını sıçradıb ikisinin də üstünü buladı.
– Bu gün də getməsək, başım xarab olacaq… – dedi və hiss elədi ki, bu dəqiqə çığırmasa, ürəyi partlayacaq. Odu ki, Onun qollarından tutub silkələyə-silkələyə dişlərinin arasından:
– Başa düşürsən?.. – deyib, az qala, bütün küçəyə çığırdı.
O, gözlərini aşağı dikdi, kirpiklərinin arasına yığılan yağış damlaları yanaqlarından boğazına, ordan da süzülüb gödəkcəsinin yaxalığına töküldü.
Əlini Onun üzünə çəkdi:
– Gedək, qurban olum, gedək… gedək, gedək…
***
…Bir neçə saatdan sonra dayandıqları lehməli küçədən çox-çox uzaq, kimsəsiz bir evdə, çirkli yorğan-döşəkdə yanaşı uzanıb tavana baxırdılar…
Bədəni isti, rahat idi. Nəbzi düzəlmişdi. Ürəyi saat kimi aramla vururdu.
Sonra birdən-birə, rahat uzandığı yerdə, necəsə başa düşdü ki, görünür, bədəniylə daha heç vaxt bacarmayacaq, günbəgün, saatbasaat bitəcəyini gözlədiyi bu hamısının da sonu olmayacaq. Özü də yorulsa, bədəni istəyəcək Onu; bədəni əldən düşəndə, toxumaları acıyacaq. Bir sözlə, molla düz demişdi. Bu, onun axırı idi, həyatının qurtaracaq nöqtəsiydi. Burda hər şey sona yetirdi. Özü də, ailəsi də, canını boğazına yığıb heç cür bitib qurtarmaq bilməyən dissertasiyası da. Sonra bu fikirdən ürəyi döyündü.
– Bunun axırı nolacaq?..
Bunu O dedi. Başı sinəsinin üstə asta səslə elə dedi, elə bil nə vaxtsa, hardasa birlikdə dinlədikləri tanış melodiyanı oxudu…
– Nəyin?..
– Bütün bunların.
– Heç nə.
– …
– Bir az da gözləyək.
– Nəyi?..
– Bəlkə, tədricən keçib-getdi?..
– Keçmir axı...
– Hə, keçmir.
– Düz iki ildi.
– Hə iki ildi.
– Bəlkə, elə bu gün…
– Nə, bu gün?..
– Qurtaraq hər şeyi... – Onun səsi xırıldadı.
– Nəyi?..
– Hər şeyi.
– Necə?..
– Bir-birimizi görməyək.
– Onda nolacaq ki?..
– Bir-birimizi görməsək, keçib-gedəcək. Səni hər görəndə, ürəyim qopub ayağımın altına düşür, – O dedi və səsi, indicə ağlayacaqmış kimi titrədi.
– Mümkün deyil, yüz dəfə gəlib çıxmışıq bura. Hara getsən, ora gələcəyəm.
– Bilmirəm səndən nə istəyirəm. Bilsəydim, alardım, canım qurtarardı.
– …
– Yorulmuşam…
– Nədən?
– …
Sinəsinə isti damcılar düşdü elə bil.
– Yenə ağlayırsan?..
– …
– Niyə, başına dönüm?..
– …
O, üzünü onun sinəsinə basdı, gözünün yaşı elə bil fincandan töküldü üstünə. Sonra lap astadan:
– Darıxıram sənsiz… – dedi.
Əyilib Onun saçlarından öpdü.
– Yaman pis darıxıram – O dedi və əvvəl astaca, sonra qəfildən hönkürtüylə ağladı.
Qucaqlayıb Onun üzünü, alnını öpdü… sonra yenə hər ikisi tavana baxa-baxa, dinməz-söyləməz, yanaşı uzandılar.
– Hər şey Allahın köməkliyiylə yaxşı olacaq, – dedi və ehmalca Onun başını sığalladı.
– Yaxşı, yəni necə?..
– Hər şey necə olur? Əvvəl-axır bir yerdə bitir, tükənir, qurtarır. Ola bilməz ki, bu da nə vaxtsa qurtarmasın.
Bu sözdən sonra uzun-uzadı sükut çökdü. Bir qədərdən sonra O, həyat əhəmiyyətli qərar çıxarmış kimi:
– Heç nə bitməyəcək, – dedi.
– Onda evlənərik.
– …
– Səni götürüb buralardan gedəcəyəm.
– Hara?..
– Uzaq bir yerə.
– Hara getsək, tapacaqlar.
– Tapmazlar.
– Bəs uşaqlar?
– Uşaqlar?!.
Uşaqları arvadıyla bir gəldi gözünün qabağına. Uşaqları analarını bərk-bərk qucaqlayıb ağlaya-ağlaya ona elə baxırdılar, elə bil o, nə isə eləmişdi hər üçünə. Bir müddət uşaqları barədə fikirləşdi və:
– Uşaqlar anasıyla qalar, – dedi, sonra nə fikirləşdisə, Onu çiyinlərindən tutub özünə sıxdı, ağlamaqdan şişib qızaran gözlərinin içinə baxa-baxa:
– Hər şey yaxşı olacaq, – dedi və öpdü… öpə-öpə də fikirləşdi ki, bunu, bəlkə də, yüzüncü dəfə deyir Ona. Hər dəfə də elə deyir, elə bil bu fikir indicə ağlına gəlib.
***
Axşam televizorun qabağında otura-otura mürgülədikcə, yuxunun hansısa dərinliklərində bütün bədəninin gizildədiyini hiss eləyirdi... Televizorun qəfil çıqqıltıyla sönməsindən dik atılıb gözlərini açdı.
Arvadı idi, əllərini belinə vurub onunla üzbəüz dayanmışdı:
– Dur, get yerində yat.
– Televizoru niyə keçirdin?
– Baxmırsan, mən də keçirdim.
– Yandır.
– Yandırmıram.
– Yandır, dedim sənə.
– Yandırmayacağam!
– Tfu, sənin… Dəliynən bir quyuya düşmədik?! – ayağa sıçrayıb arvadını ekranın qabağından itələdi, televizorun düyməsini basıb bayaqkı yerinə əyləşdi.
Arvadı səndələyib qapıya dəydi, qapının şüşəsi çatladı. Çatın qol-budaqlı naxışından, yoxsa neçə vaxtdan bəri dinib söylənmədən, gizli-gizli canına yığıb şişirtdiyi qəzəb dolu hikkədən arvadının üzü yığıldı, çönüb elə bil boş dəhlizdə dayanmış kimlərəsə:
– Bəh-bəh!.. Çatın biri tavanda, biri də qapıda. Bir yekəsi də döşəmədə açılsaydı, bu xaraba dörd bölünərdi, ikimizin də canı bir-birindən qurtarardı!.. – deyib ayaqlarını hikkəylə döşəməyə çırpa-çırpa o biri otağa keçdi, orda nələrisə o yan-bu yana çırpa-çırpa, bir xeyli də orda deyindisə də, dedikləri, pəncərələrin şüşələrini, damın dəmirlərini şiddətlə döyəcləməyə başlayan yağışın səsindən eşidilməz oldu.
Çox keçmədi ki, arvadının səsi dəhlizin o biri başından eşidildi:
– Bilirsən, nə var?.. Çağır onu, gəlib uşaqlarına da baxsın, xörəyinizi də bişirsin! Daha mən burdakı qulluqçuluq fəaliyyətimi başa vururam!..
Dəhlizə çıxıb:
– O kimdi?.. – dedisə də, arvadının əsəbilikdən xırıldayan səsi qapının o üzündən eşidildi:
– Özün yaxşı bilirsən!..
Çöl qapısı elə bil onun üzünə çırpıldı. Yuxudan ayılan kimi, ayılıb divar saatına baxdı.
On ikiyə bir neçə dəqiqə qalırdı...
Özünü tələsik eyvana salıb, qonşular eşitməsin deyə, mümkün qədər astadan:
– Dayan, hara?.. – deyə çağırdısa da, arvadı göydən vedrəylə tökən leysan yağışın içiylə ayaqqabılarının hündür dabanlarıyla kimsəsiz küçənin qaranlığına taqqıltı sala-sala, harasa üzüaşağı getdi.
Məhəccərdən aşağı asılıb var gücü ilə:
– Gecənin bu vaxtı hara gedirsən axı??. – deyə qışqıranda arvadı ayaq saxlayıb geriyə çöndü, əllərini plaşının ciblərinə salıb:
– Ölməyə!.. – dedi.
Arvadının bu bəyanatından sonra yağış birdən-birə kəsdi.
Üşüdüb içəri keçdi, eyvanın qapısını kip bağlayıb özünü kreslonun yumşaq oturacağına saldı, pultun düyməsini basıb gözü ekranda, bir müddət arvadının – bu beyinsiz, əsəbi toyuğun gedə biləcəyi ünvanlar barədə fikirləşdi. Sonra necə oldusa, qəfildən özü-özünü elə bil kənardan gördü…
Gecənin bu vədəsində əlində pult, kreslosunda oturub arvadının hansısa naməlum maşında, hara gedə biləcəyi barədə fikirləşən qurumsaq…
Ürəyi sıxıla-sıxıla düşündü ki, bu nə gündü axı salıb özünü?!. Gör bir neçə aylardı heç hara getmir, heç kimi görmək istəmir, heç nə ilə maraqlanmır, dostlardan qırılıb, qohumlar çoxdan ondan əlini üzüb, ailə bu kökdə, dissertasiyanın axırıncı cümləsini toz basıb… O alıb onu hamıdan.
Bunu fikirləşəndə, yenə O, qəmli üzüylə gəlib durdu gözünün qabağında. Yenə ürəyi içinə düşdü, dizləri boşaldı... üz-gözünü ovub pəncərədən görünən qaranlıq göyün bir parçasına baxa-baxa ürəyində: “Sən özün kömək ol…” – dedi, sonra bir müddət kimsəsiz küçənin yağışdan sonrakı təmiz sükutuna qulaq asa-asa öz-özünə:
– Mənə ağıl ver… – dedi və elə bil bu sözdən sonra bir az özünə gəldi.
– Ana!..
Oğlunun səsiydi. Olsun ki, arvadının bayaqkı qışqırtısına ayılmışdı.
Ayağa sıçrayıb özünü tələm-tələsik uşaqların yataq otağına saldı, əl atıb qapının yanındakı divar lampasını yandırdı.
…Oğlu gecə alt köynəyində yerinin içində dayanmışdı, gözünün birini ova-ova günahkar görkəmlə ona baxırdı:
– Ana hanı?..
– Neynirsən onu, sən yat.
– Qarnım ağrıyır… – uşaq deyib yazıq-yazıq zıqqıldadı.
– Gəl qucuma, – əyilib oğlunu çarpayıdan qaldırmaq istədisə də, oğlu çarpayının o biri başına qaçdı, üzünü balaca əlləriylə qapayıb:
– Yox, qoy ana gəlsin… – deyib bu dəfə ağlamağa başladı.
Uşağı qucağına alanda burnuna dəyən iydən məsələnin nə yerdə olduğunu başa düşdü və əli bulaşmasın deyə, uşağı çanta kimi qoluna keçirib hamama apardı, orda soyundurub isti suyla yuduqca, o ki var, öyüdü. Öyüdükcə də uşaq pərtliyindən eyni sualı əlli dəfə verdi:
– Ana hardadı?..
***
“Səhərə yaxın yuxudan yenə üşüyüb ayıldı…
Yağış olsun ki, gecədən yağmağa başlamışdı. Yenə otağın ha tərəfindənsə, tavanın hansısa çatından süzülən damcıların səsi eşidilirdi.
Verilişləri nə vaxtsa kəsilmiş televizorun ekranında qara-ağ nöqtələr qaynaşırdı…”
Bundan sonra ağ vərəq gəlirdi… Burda elə bil hər şey qurtarırdı.
Bundan sonra nə yazmalıydı?!.. Və ümumiyyətlə, niyə yazırdı axı bütün bunları?.. Bəlkə, ona görə ki, Ona qədər və Ondan sonra heç nə olmamışdı?.. Əlini, dərin qırışlar dolu alnında gəzdirə-gəzdirə fikirləşdi ki, axı, həqiqətən də, həyatında Ondan başqa, nə olmuşdu ki?.. Saysız-hesabsız üzlər, səslər, məclislər, bir yığın mənasız kağız-kuğuz, hədiyyələr, maşın hissələri, pulsuzluq, çoxlu pul…
Qələmi kağızın üstə atıb nəfəsini dərdi. Stolunun bir kənarında sakitcə dayanıb onu gözləyən ürək həblərindən ikisini ovcuna atıb dilinin altına qoydu və pəncərədən görünən mavi göyün bir hissəsinə baxdı.
Çoxdannan bəri yağış yağmırdı… Bu səbəbdən, ya daha nədənsə, maviliyi getdikcə tündləşmiş bu göy parçası da çoxdannan bəriydi ki, daha ona heç nəyi xatırlatmırdı. İndi bu sakit, yarıqaranlıq otağı da, üstü ağ əhənglə suvanmış tavanda uzaq keçmişdən qalan solğun çat izləri də daha nələrisə ona xatırlatmaqda aciz idilər. İndi həmin bu tavanı rənglənmiş, səliqəli otaqdan çönüb keçmişə baxanda hər şey ayrı cür – hay-küylü və mənasız görünürdü. Elə bil bütün ömrünü adamla dolu hay-küylü stadionla qaçmışdı… qaça-qaça böyümüşdü, kökəlmişdi, üz-gözü, əl-ayağı qırışmış, qaşları ağarmışdı, beli bükülmüş, əldən düşmüşdü və quruca canını zorla sürüyə-sürüyə gətirib bu otağa çıxarmışdı. Aradakı fasilə – bircə O idi. O və onunla əlaqədar olanlar… Yaddaşında qalan təkcə onlar idi… Bütün xırdalıqlarına qədər hər şey yadındaydı. Daha doğrusu, o uzaq, unudulmaz illərdə nə baş vermişdisə, hamısı onun özündəydi. Onun hər sözü, səs keçidləri…
Ürək sıxıntıları yenə dəmir qəfəs kimi sinəsini tutdu.
Ayaqlarını sürüyə-sürüyə özünü birtəhər yaxındakı divana saldı, başını söykənəcəyə atıb nəfəsini dərə-dərə pəncərəyə baxdı.
…Yağış yağırdı…
…O gün də hava beləydi… hə… eynilə beləydi… – fikirləşdi.
Xəstəxananın ağ divarlı, ağ çarpayılı otağında Ondan başqa, bir kimsə yox idi. Sarğısı qana bulanmış çəlimsiz qoluna damcı-damcı şəffaf məhlul ötürən bir neçə iynə sancılmışdı.
Yadına gəlir, içəri girəndə O doluxsundu, üzünü divara çevirib yazıq bir sükutla susdu… Çarpayısının ayaq tərəfinə əyləşib əlini əlinin içinə aldı, ehmal-ehmal tumarladı…
…Onun bənizi çoxlu qan itirdiyindən solmuşdu, dodaqları qupquru, rəngsiz idi, üzü divara uzana-uzana susurdu.
– Niyə belə elədin?
– …
– Nahaq gəldim, hə?.. Məni görmək istəmirsən?
O, bir müddət tərpənmədi… elə bil eşitmədi, bir qədərdən sonra üzünü çevirib bəbəyi böyümüş gözlərlə yazıq-yazıq üzünə baxdı və yenə dillənmədi. Elə bil dili tutulmuşdu.
– Niyə dinmirsən?.. İstəyirsən, çıxım gedim.
– Yox, – O haçandan-haçana necəsə, dodaqlarını tərpətmədən dedi. Elə bil səsi gözündən çıxdı.
Əlini dodaqlarına sıxıb öpdü.
Onun əli quş qanadı kimi zərif və isti idi.
– Necəsən indi?..
O ağrıdan, ya nədənsə böyümüş gözləriylə bir müddət ona baxa-baxa susdu, sonra heç kim eşitməsin deyə lap astadan:
– Darıxıram sənsiz – deyə pıçıldadı. Sonra iynəsiz qolunu ona sarı uzadıb barmaqlarını sıxdı, dodaqlarına aparıb zəif-zəif öpdü.
Bir müddət beləcə bir əli Onun yanağında, o biri əli dodaqlarında dinməz-söyləməz bir-birinin üzünə baxa-baxa qaldılar. Sonra nə oldusa, O, qəfildən dəyişdi, yataqdan sıçrayıb soyuq qollarıyla onun boynuna sarıldı, güclə anlaşılan qırıq kəlmələrlə:
– Da-rı-xı-ram… sən-siz… Çox da-rı-xıram… Darıxı-ra-a-am… – deyə yaralı heyvan kimi inildədi… sonra bağırdı…
– Da-rı-xı-ra-a-am!!!
…Yadına gəlir, Onun səsinə şəfqət bacıları palataya doluşdu, köməkləşib Onu ondan ayırmağa çalışdılarsa da, ayıra bilmədilər… dırnaqları quş caynaqlarıtək, kürəyinin dərisinə keçmişdi… O, şəfqət bacılarının əllərində vurnuxur, bədəni cərəyan almış kimi titrəyir, qoluna taxılan iynələr yerindən oynayıb ətini qanadırdısa da, o heç nə hiss eləmirdi... Sonra içəri girən həkimin başıyla ona qapını göstərib üzünün lal hərəkətiylə “Çıx get” – deməsini, xəstəxananın ölüm qoxulu mərmər döşəməli dar dəhlizləriylə nəfəsi darala-darala qaçmağını, qaçdıqca Onun, şimşək gurultusu tək, dörd bir yanı titrədən ağrı və iztirab dolu səsini xatırladı…
– Darıxıra-a-am!!! Da-rı-xı-ra-a-am!!!
Onun səsi xəstəxananın bütün mərtəbələrində, nəhəng həyətində, sonradan gözləri qarala-qarala, dəli kimi qaçdığı izdihamlı küçələrdə də eşidilirdi…
Həmin axşam yadına gəlir, o səs yataq otağının qaranlıq künc-bucağına da qısılmışdı, gecənin ölüm sükutunda, külək xışıltısını andıran qorxunc xışıltılar otaqların arasıyla sürünürdü…
Onu bir neçə gündən sonra üstünə çəhrayı örtük salınmış tabutda, kimsəsiz qəbiristanlığın kol-kos yollarıyla basdırmağa aparanda isə, daha qışqırmırdı… örtüyün altında dinməz uzanıb ona diqqət kəsilmişdi…
…Otağın aşağı başında nə isə tərpəndi… hardasa lap yaxınında asılıb tül pərdə kimi yelləndi…
Ürəyi zəif-zəif çırpındı… həyəcandan, ya ayağa yöndəmsiz sıçradığından, beli tutdu, bükülü qaldı. Kreslonun söykənəcəyinə dayaqlanıb eləcə bükülü qala-qala fikirləşdi ki, gərək, əslində, hər şeyi necə olmuşdusa, elə yazsın. Həmin o alovlu məhəbbətinin getdikcə adi, fiziki tələbata çevrilməsindən, günəş işığında bircə-bircə görünən saysız-hesabsız çillərindən, gözlərinin ətrafında iz salan narın qırışlardan ürəyinin sıxılmasından, dostlarının qarşısında əttökən sevgi etiraflarına görə xəcalət çəkməsindən və sair və ilaxırı…
Bütün bunları necə yazaydı?..
…Hava qaralmışdı. Yağış doluya keçib pəncərələrin şüşələrini döyəcləyə-döyəcləyə otağa vahimə salırdı… Külək qalxmışdı, pəncərələrin çərçivələrini titrədə-titrədə canına üşütmə salırdı. Şimşək də çaxdı… göy vahiməli-vahiməli guruldayıb susdu.
Gözləri doldu.
…O, cani idi. Bu vaxta qədər niyə boynuna almamışdı axı?.. Bütün ömrünü, “uğurlu qalibiyyətlərlə” yaşaya-yaşaya, özünü ağıllı və güclü hiss etməkdən ötrümü?..
…Qapı astaca tıqqıldayıb aralandı. Böyük qızıydı:
– Ata… Səni bir dəqiqəlik olar?.. – deyib çəkildi.
Özünü birtəhər dikəldib əli belində dəhlizə çıxdı.
Qonaq otağı adamla dolu idi. Qızları, kürəkənləri, oğlu, nəvələri onu görən kimi, bir ağızdan:
– Təb-rik edi-rik!.. – deyib əl çaldılar.
Sonra arvadı, dərisi bürüşmüş sümüklü əllərində tort içəri girib:
– Nə gözlərini döyüb baxırsan?.. Yetmiş yaşın mübarək! – dedi və tortu süfrəyə qoyub şamlarını yandırmağa başladı.
Sonra üstünə atılan nəvələriylə öpüşüb qucaqlaşa-qucaqlaşa fikirləşdi ki, elə bu adamlar da canidir. Çünki Onu o, bunlarla birlikdə öldürmüşdü.
Süfrənin üstünə əyilib tortun şamlarını söndürəndə isə fikirləşdi ki, bir adamın ölümü gör bir neçə adamı xoşbəxt edə bilərmiş?!.
***
Bütün axşamı göy vahiməli-vahiməli guruldadıqca hamının əhvalı yüksəldi.
Arvadı bir gözü onun üzündə, xoşbəxt səslə yorulmadan nə haqdasa danışdı. Danışdıqca da, hamı gözünü ona dikib saxta təbəssümlə gülümsədi… sonra yenə şimşək çaxdı...
Şimşək bu dəfə elə bil içində çaxdı.. Göylər də elə bil içindəydi, guruldayıb bütün bədənini titrətdi... Fincanını əlinə alıb dodağına yaxınlaşdırdısa da, içə bilmədi. Çönüb pəncərəyə baxdı.
…Pəncərə arxasındakı qaranlıq, yağışlı-tufanlı gecənin içindən kimsə ona baxırdı… Baxır və ağlayırdı… yoxsa yağış yağırdı?..
Qəfildən anladı… O idi… otuz il əvvəlki solğun bəniziylə pəncərə şüşəsinin o biri üzündən – hansısa uzaqlardan, həm də elə bil lap yaxından, budu burdan ona baxırdı… baxa-baxa nə isə deyirdi… Bir anlıq süfrəətrafı səs-küydən qırılıb pəncərənin o biri üzündəki gecənin səsinə diqqət kəsildi və… Onun xəfif külək vıyıltısını andıran nəfəsini eşitdi…
– Darıxıra-a-am… – pəncərənin o üzündə elə bil xəzan xışıldadı – …darıxıra-am sənsiz…
Ayağa qalxıb fincanı əlində pəncərəyə yaxınlaşdı, üzünü şüşəyə dirədi, çölün zülmət qaranlığına zilləndi…
Heç nə görünmürdü… amma hardansa, yaxından insan nəfəsini andıran tanış bir hava axdı… əli pəncərənin cəftəsinə uzandı və onu burdu…
Çölün qasırğalı tufanı otağa dolub pərdələri havaya üfürdü, süfrəni dəniz kimi dalğalandırıb üstündəkiləri döşəməyə dağıtdı... ağır, büllur çilçıraq ləngər vurub saat kəfkiri kimi yellənməyə başladı… Hamı içini çəkib çığırdı… işıq keçdi…
…Bədənini küləyin müqavimətindən zorla saxlaya-saxlaya, üz-gözü yağışdan islana-islana gözlərini qıyıb dolunun, yağışın arasından, zülmət gecənin içinə baxırdı… baxdıqca da hardasa uzaqlarda, küləyin göyə üfürdüyü ilğımabənzər tozanaqdan savayı, ayrı bir şey görmürdü… sonra kimsə onu kənara itələdi, yaxındakı divana yıxıb pəncərəni bağladı və otağa sakitlik çökdü… sonra, deyəsən, arvadıydı, o biri otaqdan şamla gəlib onunla üzbəüz dayandı, əyilib hürkmüş üzüylə ona yaxından baxdı, elə bil nə isə soruşdu… sonra o biri “qaniçənlər” gəldilər, başına yığışıb şamın işığında bir-birinə bənzəyən sifətləriylə üzünə zilləndilər…
…Nəsə demək istədisə də, səsi çıxmadı… dodaqları heysiz-heysiz büzüldü. Sonra haçandan-haçana özünü toplayıb:
– Darıxıram… – dedi və öz səsindən az qaldı ürəyi dayana.
Bunu deyən O idi…
1992