Ziqmund Freyd - " Biz və ölüm"
(məruzə)
Hörmətli sədarət və əziz qardaşlar! Xahiş edirəm, elə düşünməyəsiniz ki, mən məruzəmə bu qorxunc adı, şuluqluq salmaq, yaxud diqqət cəlb etmək məqsədi ilə vermişəm.
Mən dəqiq bilirəm ki, çoxları ölüm barədə eşitmək belə istəmir. Ola bilər, bu dəqiqə bu zalda sizin aranızda da belələri var və mən qətiyyən onları bu yığıncağa cəlb edib bütöv bir saatı əzab çəkdirmək istəməzdim. Bundan savayı, mən məruzəmin adının ikinci hissəsini dəyişib “Biz və Ölüm” yox, “Biz, yəhudilər və Ölüm” qoymaq istərdim, çünki ölümə münasibət haqqında indi sizə danışacağım cəhəti daha çox və daha parlaq şəkildə məhz biz – yəhudilər büruzə veririk.
Beləliklə – bu gün bizlərin ölümə münasibəti nədir?.. Məncə, bu, təəccüb doğurası bir münasibətdir.
Biz, ümumiyyətlə, özümüzü elə aparırıq, elə bil ölümü həyatımızdan xaric eləmək, kənarlaşdırmaq istəyirik. Onun barədə, necə deyərlər, qəbir sükutu ilə susuruq, bu barədə – ölüm – yəni yoxluq, heçlik barədə fikirləşən kimi fikirləşirik…
Mənim təmsil etdiyim psixoanaliz məktəbi bu yaxınlarda, bizlərin hər birimizin, əslində qəlbimizin dərinliyində öz ölümünə inanmadığını rəsmən təsdiq edib. Bu, bizlərin sadəcə Ölümün nə olduğunu təsəvvür etmək qabiliyyətinə malik olmamağımızla bağlıdır. Lakin nə qədər qəribə də olsa, biz həm də bütün həyatımız boyu ölümümüzdən sonra baş verəcəkləri – kimin bizə necə ağlayacağını, kimin hansı məqam nə deyəcəyini, nə edəcəyini təsəvvür etmək cəhdlərində də bulunuruq. Bu isə o deməkdir ki, biz Ölümə inanmasaq da, bütün ömrümüz boyu daim onu – yəni öz ölümümüzü müşahidə etməklə məşğul oluruq.
Həqiqətən də, hər bir adamın ayrı-ayrılıqda öz ölümünü bütün dərinliyi ilə qavraması çətindir. O birilərin ölümü barədə isə yalnız qəddar və acıqlı adamlar fikirləşir və bundan özünəməxsus bir rahatlıq tapır. Bizimlə sizin kimi yumşaq qəlbli, xeyirxah adamlar isə bu sayaq qəddar fikirlərə müqavimət göstəririk, xüsusən, dünyasını dəyişənin ölümü bizlərə hər hansı bir xeyir – azadlıq, vəzifə, maddi təminat və sair bu kimi üstünlüklər gətirə biləcəyi hallarda.
Lakin, əgər günlərin bir günü belə bir hadisə baş verirsə və həmin o, “başqa birisi” düşüb ölürsə, bizlər nədənsə ona heyran oluruq, ona – ağlasığmaz, həlledilməz, çətin bir məsələnin öhdəsindən gəlmiş qəhrəman kimi baxırıq. Bu vaxtacan onunla ədavət aparırdıqsa, ölümündən sonra dərhal onunla barışırıq, onun bütün günahlarından elə o dəqiqə vaz keçirik.
Axı biz yaxşı bilirik ki, ölənlər barədə ya yaxşılığına danışmalıyıq, ya da ümumiyyətlə, heç nə danışmamalıyıq. Onun başdaşına ən gözəl uydurmanın, bəlağətli tərif epitafiyasının cızılmasına da məmnuniyyətlə razılıq veririk.
…Lakin, elə ki, Ölüm bizə yaxın adamları – valideynlərimizdən birini, ərimizi, ya arvadımızı, bacımızı, ya qardaşımızı, ya uşağımızı haqlayır, biz tamamilə ayrı adamlara çevrilirik, köməksiz, yazıq vəziyyətlərə düşürük. Onlarla birgə öz ümidlərimizi, iddialarımızı, sevinclərimizi torpağa basdırırıq, bütün təsəlliləri rədd edir və heç bir vəchlə itirdiyimizi nə iləsə əvəz eləmək belə istəmirik. Özümüzü, az qala, Əzra davamçıları kimi – öz sevgililəri ilə birgə ölən adamlar kimi aparırıq. Biz əzizlərimizlə birgə ölmürük, lakin, Ölümün bu mənzərəsi bizim həyatımızda öz dərin izini buraxır. Həyatımızı kasıblaşdırır, rəngsizləşdirir, emosional doğmalıq əlaqələri kədərimizin dözülməz intensivliyi bizləri, daim özümüzə, ya yaxınlarımıza yaxınlaşan hansısa təhlükədən qorunan qorxaqlara çevirir.
İnsan üçün həyat öz məzmununu və marağını onda itirir ki, həyat mübarizəsindən ən yüksək istinad nöqtəsi, yəni həyatın özü yoxa çıxır və həyat amerikasayağı mazaq kimi şit və mənasız olur. Belə vaxtlar, həyatın bu miskinliyindən qurtulmaqdan ötrü biz təsəvvür dünyasına – ədəbiyyata, teatra üz tuturuq. Səhnədə, hələ də ölməyi bacaran adamları tapırıq, üstəlik, ölməyi bacaran bu adamların biz yox, yalnız o birilər olduğunu anlayırıq. Bununla biz o birilər üçün, istisna ola bilən hansısa yeni növ həyatın özünü görmək ehtiyacımızı ödəyirik. Bir də axı biz Ölümə bəlkə də heç vaxt etiraz etməzdik… Əgər o, bizlərə yalnız bircə dəfə verilən həyatımıza son qoymaq qabiliyyətinə malik olmasaydı…
Lakin, qəddarlıqlar baş verir və həyatda da, bizim başımıza, şahmatda başımıza gələnlər gəlir: bircə səhv gediş – bizləri, öz uğursuzluğumuzu etiraf etməyə məcbur edir, burda bircə fərq ondadır ki, şahmatda biz növbəti partiyada vəziyyəti dəyişə bilirik.
Xəyalımızda isə biz ehtiyac duyduğumuz bir çox müxtəlif həyatları tapırıq. Biz qəhrəmanların biri ilə ölürük, ona acıyırıq, fürsət düşəndə, digər bir qəhrəmanın ölümü ilə bir də, bu dəfə, özümüzə zərrəcən xətər toxundurmadan ölürük və sair və ilaxır.
…Buracan mən, əziz qardaşlar, elə bilirəm, elə bir şey demədim ki, siz onu mənim anladığım, ya duyduğum səviyyədə qavraya bilməyəsiz.
İndi isə mən, Ölüm barədə sizin bilmədiyiniz və sizlərə yəqin ki, şübhəli görünəcək bəzi məqamlar barədə danışacağam.
Beləliklə, gəlin baxaq: ibtidai insanın ölümə münasibəti nə idi?.. Araşdırmaların göstərdiyi kimi, ibtidai insanın ölümə münasibəti daha həssas, hər hansı labüdlükdən uzaq, daha dəqiq desək, ziddiyyətli idi. Lakin, tələsməyək, getdikcə biz bu ziddiyyətli münasibətin səbəbini anlayacağıq.
Hələ lap qədim dövrlərdən insan bir tərəfdən ölümü ciddi qəbul edir, onu, həyatın məhvi olduğunu anlayır, ondan bu mənada istifadə edir, digər tərəfdənsə, onu inkar və istisna edirdi. Bu, necə baş verirdi?.. Belə ki, ayrı birisinin – yəni özgənin, düşmənin ölümünü o, əslində, öz ölümü kimi qəbul etmirdi. Ayrı birinin ölümü onda heç bir etiraz doğurmurdu, o, bu ölümü yalnız bir mənada – kiminsə məhvi kimi anlayırdı və belə olan halda insan həmin bu ölümə can atırdı. Qədim tarix başdan-başa belə ölüm hadisələri ilə doludur. Və bu gün də uşaqlarımızın məktəblərdə öyrəndiyi qədim tarix özü-özlüyündə məğz etibarı ilə başdan-başa genosidlərlə doludur. İnsanlığın, hələ qədim zamanlardan mənimsədiyi, sonradan bir çox dinlər tərəfindən əzəli günah etirafına çevrildiyi qədim, bulanıq günah hissinin məsuliyyəti də görünür ki, ibtidai insanların payına düşən həmin bu cinayətlərdən xatirədir.
Xristian din məxəzlərindən biz bu cinayətin nədən ibarət olduğunu anlaya bilərik. Əgər Allahın oğlu, insanlığın əzəli günahını yumaqdan ötrü öz həyatını qurban verirsə, onda bu günah talion qanununa görə, yəni əvəz-əvəz prinsipi ilə öldürülmə, insan qətlidir. Yalnız bu, öz əvəzinə belə bir qurbanı – insan həyatını tələb edə bilərdi.
Lakin, gəlin, yenə də ibtidai insana, onun Ölümə olan münasibətinə qayıdaq: Biz ibtidai insanın, ona yad olan o birisinin ölümünə münasibəti barədə eşitdik. Onun öz ölümü isə ona, bu gün bizlərin hər birimizə göründüyü kimi, ağlasığmaz və uydurma görünürdü. Lakin, bəzən elə məqamlar da olurdu ki, Ölümlə bağlı bu iki müxtəlif qütblü təsəvvürlər qarşı-qarşıya durur və öz aralarında anlaşılmaz ziddiyyətlər yaradırdı. Söhbət – ibtidai insanın, öz yaxın adamlarından birinin – arvadının, uşağının, yaxud dostunun, yaxud bizlərin öz əzizlərimizi sevdiyimiz sevgiylə sevdiyi əzizlərinin ölümünü gördüyü məqamlardan gedir. Beləcə ibtidai insan, öz həyat təcrübəsi boyu get-gedə insanın özünün də ölümlü olduğunu anlamağa başlayır. Vaxt ötdükcə itirdiyi əziz adamlarının hər birinin onun “Mən”inin bir hissəsi olduğunu dərk edir. Digər tərəfdən isə o, sevdiyi bu əziz, doğma adamlarının hər birində, ona yad olan məqamları da hiss edir. Hələ ki, bu günəcən öz dəyərini itirməyən psixologiya qanunlarına əsasən, dediyimiz həmin bu əziz adamlara insanda yadlar, düşmənlər kimi ədavət, kin-küdurət hissi oyadır.
Bunu qədim filosoflar də təsdiq edirdilər ki, ölüm mənzərəsinin ibtidai insan üçün qurduğu intellektual tapmaca onu düşünməyə vadar edir və şüurlu düşüncələrin təkanverici mənbəyinə çevrilirdi…
Mən isə bu postulatı bir qədər düzəltmək və məhdudlaşdırmaq istərdim. İnsanda Ölümə qarşı bu marağı – nə Ölümün onun üçün qurduğu intellektual tapmaca, nə də hər hansı bir ölüm hadisəsi yaratdı. Bu maraq – ona əziz və eyni zamanda yad, bəlkə də ikrah bəslədiyi adamların ölümünə yaranan ikili hisslərin konfliktindən yarandı… Bir qədər sonra isə, məhz həmin bu hisslər ziddiyyətindən insan psixologiyası yarandı…
… Bir müddətdən sonra ibtidai insan artıq Ölümü inkar edə bilmirdi. O, bunun nə olduğunu, öz kədərli təcrübəsi boyu yalnız hissə-hissə anlayırdı… Lakin, bununla belə o, öz ölümünü yenə də heç cür qəbul etmək istəmirdi, çünki heç cür özünü ölümsüz təsəvvür edə bilmirdi. Onda o, özü-özlüyündə Ölümə belə bir gizli güzəştə getdi: o, Ölümün mövcudluğunu özlüyündə təsdiqləyib onu, xəyalən düşmənlərinə şamil etdiyi həmin o məhv olduğunu inkar etdi. O, əziz adamlarının ölümündən sonra onların cansız bədənləri üzərinə üzən ruhları, daha sonra isə bədəndən ayrılmış bircə ruhu icad etdi, cismi bədənə və ruha ayıran təsəvvürlər yaratdı… Daha sonra, ölmüşlərini xatırladıqca, o, öz-özü üçün mövcudluğun digər formalarını, Ölümünsə hansısa yeni mövcudluq formalarının başlanğıcı olduğunu kəşf etdi, ölümdən sonra yaşanacaq O dünyanı yaratdı…
… Həmin bu sonrakı mövcudluq, O dünya barədə təsəvvürlər əvvəl-əvvəl bulanıq və məzmunsuz idi. Bu təsəvvürlər yalnız sonradan, müxtəlif dinlər tərəfindən öz ləyaqətli, dəyərli mənzərələrini qazandı. Son ucu ölümlü həyat isə, ona yenidən və yenidən qayıtmağa hazırlıq mərhələsi qiymətini aldı…
Sonra insan həyatı bütün ardıcıllığı ilə keçmişə tərəf də davam etdirilməyə başladı: əvvəlki mövcudluqlar, təkrar doğuluşlar, ruhların bədəndən-bədənə keçməsi və sair bu sayaq təsəvvürlər yalnız bircə şeyə – Ölümə, onun öz mənasından xilas etməyə xidmət edirdi… Lakin, xoşbəxtlikdən bizim Müqəddəs Yazı, insanın bu ehtiyacını nəzərə almadı, əksinə, o, Allahın, yalnız dirilər tərəfindən tərifləndiyini dedi…
…İndi ibtidai insanı bir kənara qoyub özümüzə, öz ruhi həyatımıza qayıdaq. Yəqin bilirsiz ki, bizlər, öz tədqiqat üsullarımızda, qəlblərimizin ən dərin qatlarında, şüurumuzdan gizlin yerlərdə baş verənləri müəyyənləşdirmək qabiliyyətinə malikik. Beləliklə, biz özümüz-özümüzdən soruşuruq: “Bizim bilinosizliyimiz Ölümə nə münasibət bəsləyir?.”
...Və burda elə bir şey ortaya çıxır ki, sizin ona inanmağınız belə gəlməyəcək… Hərçənd ki,. Bu, özlüyündə sizin üçün təzə bir şey də deyil, çünki. İndi deyəcəklərimin bir mənzərəsini mən sizə bir qədər əvvəl təsvir etdim.
Beləliklə, özümüzə bir qədər səmimi olsaq, aydınlaşdırarıq ki, bilinosizliyimiz Ölümə – ibtidai insanın Ölümə bəslədiyi həmin o münasibətində qalmağındadır. Belə çıxır ki, bu və digər mənada həmin o ibtidai insan bizlərdə yaşamağındadır. Beləliklə, bizim bilinosizliyimiz öz ölümünə inanmır. O, özünü, biz guya ölümsüzük kimi aparır. Çox güman ki, bir çox qəhrəmanlıqların sirri də burdadır.
Bizlərin, düşündüyümüzdən daha tez-tez əzabla duyduğumuz Ölüm qorxusu qəribədir ki, bu bədgümanlığımızla heç cür uyuşmur.
Digər tərəfdən, biz eynilə həmin o ibtidai insanlar kimi yadların, düşmənlərin və sairələrin ölümünü asanlıqla qəbul edirik. Fərqi bircə bundadır ki, biz o ölümü onlara ünvanlamırıq, sadəcə, bu barədə düşünürük və onu arzulayırıq. Lakin, siz bu psixoloji reallığın həqiqət olduğunu qəbul etsəniz deyəcəksiz ki: “Belə çıxır ki, biz öz bilinosizliyimizlə başdan-başa qatillər icmasıyıq?!.”
Öz gizli düşüncələrimizdə biz, bizi incidən, yə qəzəbləndirən hər bir kəsi yolumuzdan rədd etməyə hazırıq. Tez-tez dilimizin ucunda hərlədiyimiz, ağızucu dediyimiz “lənətə gəlsin!..” kəlməsi, biləsiniz ki, əslində: “Onu görüm ölsün!..” deməkdi.
Bizim bilinosizliyimizdə isə bu ifadə çox ciddi və əsaslı məna daşıyır. Bunu da bilək ki, bizim bilinosizliyimiz hətta ən xırda işlərə görə belə ölüm hökmü kəsməyə qadirdir.
Odur ki, özümüzü azdırmayaq: biz uzaq əcdadlarımızın davamçılarıyıq, ibtidai dövrlərdə yaşayan həmin o qatillərik.
Mən bu barədə çox rahat danışıram, çünki bilirəm ki, siz buna onsuz da inanmırsız. Siz daha çox bu sayaq fərziyyələri acı böhtan kimi qəbul edən şüurunuza inanırsız.
Əziz qardaşlar! Sizə, ibtidai insanla bizim bilinosizliyimizi uyuşduran bir məqamı da deyim. Bu, sevimli, əziz bir adamımıza – ya valideynlərimizdən birinə, ya həyat yoldaşımıza, ya bacı, yaxud qardaşlarımıza, övladlarımıza yönələn ölüm, yaxud ölüm təhlükəsi məqamıdır. Bu əziz adamlar bir tərəfdən daxilən bizə aiddirlər, bizim “Mən”in tərkibinə daxildirlər, digər tərəfdən onlar həm də qismən bizə yaddırlar, yəni düşməndirlər. Bizim ən səmimi, ən isti münasibətlərimizdə isə (nadir situasiyaları çıxmaqla) mütləq xırdaca da olsa, hər birimizin bilinosizliyində ölüm arzusuna təkan verəcək düşmənçilik payları mövcuddur. Və məhz bu ikili münasibətin ziddiyyətindən, insan qəlbinin hansısa mənzərəsi, yaxud mənəvi etikası barədə hər hansı anlayış yox, bizim qəlb həyatımızla olduğu kimi, yəni daha dərindən tanış olmağa imkan yaradan nevroz əmələ gəlir…
Ölənin ailə üzvlərinin bir-birinə həddən ziyadə zərif qayğısı, özlərini tamamilə əsassız yerə saysız-hesabsız qınaqlarla üzməsi, bizlərin nəzərini, çox-çox dərinliklərimizdə gizlənmiş ölüm sərvətinin diapazonuna və ciddiliyinə yönəldir.
Bu mənzərənin astar üzünü isə sizə təsvir etmək istəməzdim. Bu, sizi sadəcə vahiməyə və sözün əsl mənasında vahimə doğuracaq vəziyyətlərə salar. Burda da təbiət hər bir şeyi, bizlərin biləcəyindən qat-qat incə həll edir.
Bizlərin yəqin ki, ağlına belə gəlməzdi ki, məhəbbətlə nifrətin bu sayaq birliyi, elə bizlərincə xeyrinə yönələ bilər… Lakin, nə qədər ki, təbiət bu cür ziddiyyətlərlə işləyir, o, bizləri vaxtında ayıldır, sevgi və bağlılıq hisslərimizi daim yerindən oynadaraq yeniləşdirməyə sövq edir ki, onu, arxasında gizlənən nifrətdən qoruya bilsin. Yeri gəlmişkən, bunu da deməyi lazım bilirəm ki, məhəbbət hisslərinin sinəmizi vaxtaşırı doldurduğu gözəl təzahürləri bizlərə tuşlanan gizli ölüm ehtiraslarının zəhərli neştərlərinə müqavimət reaksiyasıdır…
…Beləliklə, nəticələrimizə nəzər salaq: bizim bilinosizliyimiz öz ölümümüzdən eyni ilə ibtidai insan kimi xəbərsizdir, yadlara qarşı eynilə ibtidai insan kimi qaniçəndir, əziz adamlarımıza həmin o ikili, ziddiyyətli münasibətində qalmağındadır…
Məktəbdə biz qədim rumluların: “Yaşamaq istəyirsənsə, müharibəyə hazır ol!” kəlamını eşitmişik. Biz bu fikri, bugünkü vəziyyətimizə görə beləcə dəyişə bilərik:
“Həyatla ayaqlaşmaq istəyirsənsə, Ölümə hazır ol!..”
Materialı hazırladı və çevirdi:
A.Məsud