Mənsur Həllac

(İkihissəli faciəvi dram)

 

 

İŞTİRAK EDİRLƏR:

 

Mənsur Həllac – mömin sufi, şeyx.

 

Sultan İbrahim – Bağdad valisi, Abbasilər hakimiyyətinin davamçısı.

 

Əbül Qasim əl-Cüneyd – şeyx.

 

Əbu Bəkr əş-Şibli – şeyx.

 

Həmid ibn Abbas – baş vəzir.

 

Şəfiq ibn Müzəyyəm – vəzir.

 

Həbib ibn Müsəlləm – vəzir.

 

Minbaşi Əli ibn İsa – qoşun başçısı.

 

Tayyib ibn Mürsəlat – əmir.

 

Dərviş

 

Qonaq

 

İblis

 

Fərraş

 

Gizir

 

Qarı

 

Müridlər

 

Dustaqlar

 

Zindan keşikçiləri

 

Əsgərlər

 

Bağdad sakinləri

 

 

 BİRİNCİ HİSSƏ

  BİRİNCİ ŞƏKİL

 

 Sultan İbrahimin yanar çıraqlarla əhatələnmiş sarayı. Sultan,

baş vəzir Həmid ibn Abbas, vəzirlər Şəfiq ibn Müzəyyəm və Həbib ibn

Müsəlləm daxil olurlar.

 

 

Sultan İbrahim.    ...camaatı çaşdıran da budu. (Keçib taxtına əyləşir.) Amma o nəyə nail olmaq istəyir axı? Niyyəti nədi?

Həmid ibn Abbas. Bu bir müəmmadır, şah sağ olsun. Onun niyyəti gizlidədi. Bir tərəfdən o, camaatı dinə, Məhəmməd əleyhissalamın... (salavat çevirir) Allahumməsəlli əla Muhəmmədin və ali Muhəmməd, (sultan və  vəzirlər də salavat çevirirlər) Quranına çağırır, o biri tərəfdən özünü Allahın dostu elan edir, Ona olan sevgisindən dəm vurur.

Sultan İbrahim. Sevgi?.. Əstəğfürullah. Bəlkə, biçarə ağlını itirib?

Həmid ibn Abbas. Bəziləri belə hesab edir, şah sağ olsun. Lakin mötəbər şeyxlər, Bağdadın baş məclisinin – Ali Çıraq Cərgəsinin üzvləri Mənsura, hər kəsə nəsib olmayan ali verginin – ilahi biliyin bəxş edildiyini israr edirlər.

Sultan İbrahim. İlahi bilik? O nə olan şeydi?

Həmid ibn Abbas. Kitablarda olmayan, heç harada yazılmayan, Allah-taalanın müstəsna rəhmiylə verilən sirli bilik. Şeyxlər belə deyir.

Sultan İbrahim (qeyzlə). Bu nə axmaq söhbətlərdi? Uca şeyxlik rütbəsinə yaraşmayan lüzumsuz mülahizələr! (Bəyanat verən tək, ucadan) İlahi bilik tək bir uca və qüdrətli Yaradana məxsusdu ki, yaranmışlara nəsib olmaz! (Fikrə gedir, saraya gərgin sakitlik çökür. Bir qədərdən sonra Həmid ibn Abbasa) Sən özün nə düşünürsən bu barədə?

Həmid ibn Abbas. Açığı... mən… (söz axtarır.)

Sultan İbrahim. Sən nə? 

Həmid ibn Abbas (ehtiyatla). Düzünü desəm, mən özüm də bir qədər tərəddüd içindəyəm, şahım.

Sultan İbrahim (duruxur). Anlamadım…

Həmid ibn Abbas. Elm-zəkalarına, dərin biliklərinə hər zaman heyran olduğum uca şeyxlərin bu qərarı, düzü, məni çaşqınlığa salır. Onların dediyindən belə çıxır ki... (sirr açan tək, astadan) Mənsura insan qəlbinin gizlinlərini fəth edən sirli bilik verilib.


Külək uğultusunu, sovrulmanı andıran əcaib səslər.


Sultan İbrahim (qaşlarını çatır). Sirli bilik? (Vəzirlərə baxır.)

Həmid ibn Abbas (ehtiyatla). Mənsurun sözləri insanlara bir ayrı cür təsir edir, şahım. Mən özüm də dəfələrlə bunun şahidi olmuşam. Onun moizələrindən sonra şəhərin halı dəyişir. Bağdada qəribə bir sükut çökür…

Sultan İbrahim (taxtına söykənir). Hətta belə?.. 

Həmid ibn Abbas (xof dolu ehtiyatla). Bu adamın sözlərində, (tərəddüdlə) ya səsində… qəribə bir tilsim var. Onun moizələrindən sonra küçələr, dükan-bazar bomboş boşalır. Alış-veriş dayanır...

Şəfiq ibn Müzəyyəm. Bu, bir möcüzədi, şahım! Deyirlər onun moizələri insanın ayağını bu dünyadan üzür, onu ayrı, sehrli bir aləmə salır.

Həbib ibn Müsəlləm. Danışırlar ki, Mənsurun dediklərini ucqar kəndlərdə də eşidirlər!..

 

Sim qırılmasını andıran əcaib səs.

 

Sultan İbrahim (qaşqabaqlı). Bu nə sayıqlamalardı? (Qeyzlə) Nə dediyinin fərqinə varırsanmı, Həbib?

Həbib ibn Müsəlləm (qorxu dolu gözlərlə). Bunu haman kəndlərin camaatı danışır, şah sağ olsun.

Sultan İbrahim (qəzəblə). Yalan danışırlar!

Həbib ibn Müsəlləm. Onlar Mənsurun sözlərini olduğu kimi təkrar edirlər.

Sultan İbrahim. Nə deyirlər?

Həbib ibn Müsəlləm. Deyirlər... (bir qədər susur, sonra çəkinə-çəkinə) bu dünyanın bir sahibi, bir sultanı var… bu da, hamıdan uca və mərhəmətli olan Allahdı...

Sultan İbrahim.  Allahu əkbər! (Salavat çevirir) Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd. (Əyanlar da salavat çevirirlər.)  Bunu dananmı var?

Həbib ibn Müsəlləm (ehtiyatla ardını gətirir). ...və ondan savayı, ayrı sultanlıq yoxdu.

Sultan İbrahim (pərt olursa da, büruzə vermir. Boğazını arıtlayır). Çox əcəb. (Vəzirlər ehtiyatla bir-birinə baxırlar.)

Həmid ibn Abbas. Məsələ bununla bitmir, şah sağ olsun. Mənsur bu dünyanın ilahi eşqdən yarandığını, var olan hər bir şeyin o eşqdən qaynaqlandığını deyir. Onun bütün nəzəriyyələri və təlimləri həmin o eşqə dayaqlanır.

Sultan İbrahim. Bu nə küfrdü? Eşqin bura nə dəxli? Əcəba, əgər o, Quran əhlidirsə, İslamın cəmi müsəlman ümmətinə vacib bildiyi zəruri əməllərə riayət etməli, böyük Axirət və Allah qorxusunu canında bəsləməlidi. O isə, eşqdən danışır.

Şəfiq ibn Müzəyyəm. Onun sözləri insanlara bir ayrı cür təsir edir, şahım. O, beyinlər dumanlandıran, ağıl çaşdıran sözlər danışır. Sanki avam camaatı yolundan azdırmaq istəyir.

Sultan İbrahim. Bu sərsəmin son məqsədi nədi axı?

Həmid ibn Abbas. Onun məqsədi… (bir anlıq susur, ehtiyatla Şəfiq ibn Müzəyyəmə baxır). Onun məqsədi məlumdu, şah sağ olsun. Mötəbər taxt-taca, əzəmətli Abbasilər dövlətinin qüdrətinə kölgə salmaq! (Sim titrəyişini andıran səs. Vəzirlər ehtiyatla bir-birlərinə baxırlar.)

Sultan İbrahim (qaşlarını çatır). Belə de…

Həmid ibn Abbas. Mənsurun təlim və moizələri bir mətləbə dayaqlanır: Bağdadın, eləcə də cəm bəşər övladının tək və yeganə sultanı olan uca Allaha tapınmaq!

Sultan İbrahim (qaşqabağını tökür, fikirli). Hm-m. Sonra?

Şəfiq ibn Müzəyyəm.  O, avam camaatı yolundan azdırır, qibleyi-aləm, «padşahınız da, sultanınız da odur» – deyir. «Xilasınız yalnız ondadır» – deyir.

Sultan İbrahim (gizli pərtliklə). İnsanları Allaha itaətə çağırmaqda əcaib nə var ki? Amma… (səsi enir) bu xilas məsələsini anlamadım. O, hansı xilasdan danışır?  

Şəfiq ibn Müzəyyəm (təzimlə). Bunu izah etməkdə acizəm, şahım.

Həmid ibn Abbas. Mənsurun məramı budu: hansı yolla olur-olsun, qüdrətli Abbasilər hakimiyyətini gözdən salmaq, zati-alilərinizin nüfuzuna xələl yetirmək! Onun moizə və təlimləri dövlətçiliyə, zati-alilərinizə qarşı qaçılmaz təhlükəyə çevrilib, şahım. Bu adam dediklərini əyani şəkildə sübuta yetirməkdən ötrü min bir üsula əl atır, şəhərdə özbaşınalıqlar yaradır!

Sultan İbrahim (dik atılır, qəzəblə). Özbaşınalıqlar?

Həmid ibn Abbas. İş bu yerə çatıb ki, Mənsur Bağdadın baş bazarına daxil olub, piştaxtaları talan edir. Camaatın malını ona-buna paylayıb tacirlərə: «bunları sizmi yaratdınız ki, satırsız?» – deyir. Camaat da ona qoşulub quldurluq edir!

Sultan İbrahim (sarsılmış halda). Bu nə azğınlıqdı? (Qəfildən hiddətlə) Bəs siz hara baxırdız? Osman ibn Bəkr hara baxır?

Həmid ibn Abbas. Osman… Osman ibn Bəkr… (susur.)

Sultan İbrahim (əsəbi). Hə! Sözünün ardını gətir, Həmid!

Həmid ibn Abbas. Osman, Mənsur aşiqlərindəndi, şahım.

Sultan İbrahim (qəzəbdən boğula-boğula, astadan). Belə de…

(Sarsılmış halda) Bu da mənim güvənib-arxalandığım Osman… (əli ilə üzünü qapayır.)


Saraya ağır sükut çökür. Əcaib səslər. Vəzirlər xoflu halda   bir-birinə, sultana baxırlar.

 

Sultan İbrahim (hüznlə). Bütün bunlar nə vaxt baş verib? (Vəzirlər günahkar sükutla susurlar, qəfildən əsəbi) Niyə mənim bu azğınlıqlardan xəbərim yoxdu?

Həmid ibn Abbas (ehtiyatla). Bu qərara gəlmişdik ki, özümüz ölçü götürək. Zati-alilərinizi narahat etməməkdən ötrü, yəni. Biz bütün üsullara əl atdıq, şah sağ olsun… (səsi enir) lakin cəhdlərimiz boşa çıxdı. Cəmi Bağdad, Mənsur aşiqidi.

Sultan İbrahim (hiddətlə). Cəmi Bağdad deyirsən? Bir küçə avarasına… cır-cınıdıra bürünmüş, pulsuz-parasız dilənçiyə aşiqdi?.. (Həmid ibn Abbas günahkar sükutla susur.)

Həbib ibn Müsəlləm. Bu bir bəladır, şahım! Görünməmiş bəla! Yadelli düşmən hücumundan amansız fəlakət! Bu adamın sözlərində zirehli qoşun gücü var!.. Elə ki o, Bağdadın baş meydanında peyda olur, insanların sanki nitqi quruyur!

Şəfiq ibn Müzəyyəm. Bağdadın nüfuzlu şeyxləri arasında Mənsuru Allahın elçisi, peyğəmbər hesab edənlər də var! 

Sultan İbrahim (duruxur). Yox, bu daha lap ağ oldu! Bir məmləkətin ki, şeyxləri küçə avarasının birini peyğəmbər hesab edir… (söz axtarır, qəfildən hiddətlə) onların yeri dar ağacıdı! (Vəzirlər döyükmüş halda bir-birinə baxırlar.) Onların adlarını de!

Həmid ibn Abbas (çəkinə-çəkinə). Qanınızı qaraltmağın mənası nədi, şahım? Bəlkə…

Sultan İbrahim (bağırır). Adlarını de!!!

Həmid ibn Abbas (ehtiyatla). Sizin hörmət və ehtiram bəslədiyiniz… (susur.)

Sultan İbrahim. Hə!

Həmid ibn Abbas. Əbül Qasim əl-Cüneyd. (Sim qırılmasını andıran titrəyiş səsi. Sultan dik atılır) Əbu Bəkr əş-Şibli… Səhl bin Abdulla Tustari... Abbas Tusi… (adlar sadalandıqca, sultanın halı dəyişir, əli ilə üzünü qapayır) Osman Nuri Topbaş...

Sultan İbrahim (heysiz halda). Kifayətdi. (Öz-özünə) Bu nə bədbəxtlikdi sarıb məmləkəti?.. Kimə inanasan? Bu da mənim dərin bilikli, zəkalı üləmalarım.  Qarnına bir loxma çörək tapmayan avara sərsəmin toruna düşüblər…

Həbib ibn Müsəlləm. Mənsurun toruna düşən, tək bir onlar deyil, şahım. Bu tor bütün məmləkəti cənginə alıb! İnsanları tanımaq olmur. Elə bil, haman o bir qarın çörəyə ehtiyaclı olan qara camaat deyil!

Sultan İbrahim (qanıqara). Kimin kölgəsi altında yaşadıqlarını unudublar, ona görə! Kimə minnətdar olmalı olduqları yadlarından çıxıb!

Şəfiq ibn Müzəyyəm. Mənsurun sözləri... (qəfildən, ovsuna düşmüş kimi) ...yoxsa səsi... insanlara bir ayrı cür təsir edir. Ona, Allaha inananlar da, inanmayanlar da inanır! Deyirlər, onun moizələrini karlar da eşidir!..


Külək uğultusu. Külək saray pəncərələrinin laylarını taybatay açıb içəri dolur, pərdələri yerindən oynadır.

 

Sultan İbrahim (vəzirlərə). Nə durub baxırsız?

 

Vəzirlər özlərini pəncərələrə atıb, layları bağlamağa çalışırlar.

 

Həmid ibn Abbas (giriş qapısına sarı). Fərraş!!!

 

Fərraş, yanında xidmətçiləri, otağa daxil olurlar. Vəziyyəti görüb, əmri özləmədən, pəncərələri bağlayırlar. Saraya sakitlik çökür.

 

Fərraş (təzim edir). Qibleyi-aləm sağ olsun.

Sultan İbrahim (Fərraşa sərt). Gedin! (Fərraş və xidmətçilər təzim edib çıxırlar.) Davam elə, Şəfiq. Deyirsən, Mənsurun moizələrini karlar da eşidir. (Acı gülüşlə) Qəbiristanlıqda yatan ölülər necə, eşitmirlər? (Gülürsə də, ona qoşulan olmur. Məkrlə) Beləsinin biri də vardı. İsrayıl övladı Məryəmin oğlu İsa! Özünü Allahın oğlu elan eləmişdi! Saray ənənələrini dağıtmaq, insanlarda çaşqınlıq yaratmaq istəyirdi. Çarmıxa çəkiləndə isə, insan kimi göz yaşı axıtdı... (uzaq məchulluqlara zillənir) Qan itirdikcə, solub-saraldı... (Öz-özünə) Bunların hansı mənsəbə qulluq etdikləri bəllidi. (Ucadan) Bu nakəslər şahlıq iddiasına düşmüş xudbin dələduzlardır ki, hamısının axırı dar ağacının altında bitir! (Səsi enir) Mənim başıbilən şeyxlərimsə, beləsini Allahın elçisi elan edir. (Qəfildən nə isə anlamış kimi başını qaldırır, Həmid ibn Abbasa) Axı niyə, nə səbəbə?

Həmid ibn Abbas. Onlar dediklərinə sübut olaraq, Mənsurun moizələrində dünyasını Allah qorxusuyla dəyişmiş, İslamı qəbul etmiş minlərlə adamı misal gətirirlər, zati-aliləri.

Sultan İbrahim (pərt olur). Heç nə anlamıram.  Bu necə ola bilər? (Qəfildən hiddətlə) Yalandı! Hamısı ağ yalandı!

Həmid ibn Abbas (ehtiyatla). Buna Davud əl-Səədin özü də şəhadət verir, qibleyi-aləm. 

Sultan İbrahim (heyrətlə). Davud?..

Həmid ibn Abbas. Vəziyyət son dərəcə ağırdır, şah sağ olsun. Mənsurun kütlə arasında böyük nüfuzu var.

Şəfiq ibn Müzəyyəm. Onun moizələrinə o biri şəhərlərdən də insan axını qatılır. Hindistanlılar onu «Əbül Qeys», Çin əhli «Əbül Moin» çağırır. Xorasanlılar ona «Əbül mehr», Bəsrə əhli «Mühəbbər» ləqəbi veriblər. İranlılar üçün o, «Əbu Abdallah»dır. Bağdad isə onu «Müstəlam» adlandırır.

Sultan İbrahim. Müstəlam? (Qaşlarını çatıb fikrə gedir, hiddət dolu səslə astadan) Burda bir İblis qurğusu var. Abbasilər hakimiyyətinin süqutuna susayan İblisin qurğusu… (qəfildən qəzəblə) Bu adam kafirdi! Özünü qeyb aləminin elçisi kimi qələmə verən dələduz kafir! Bu... (hiddət içində söz axtarır.)

Həmid ibn Abbas.  Bu üsyandır, şah sağ olsun! Mənsurun havaya atdığı hər sözündə bir üsyan toxumu cücərir. Odur ki, qərarınızı verin, şahım.

Sultan İbrahim (ağır-ağır nəfəs dərir). Dayan bir… mənə qaranlıq qalan məqamlar var. Bu məluna Bağdadın baş məscidində moizə oxumağa kim icazə verib? (Vəzirlər döyükmüş halda bir-birinə baxırlar.)

Həmid ibn Abbas. Möhtərəm Şeyxülislam həzrətlərinin özü Mənsurun baş məsciddə moizə oxumasını təqdirəlayiq bilir, qibleyi-aləm. Siz özünüz də buna razılıq vermisiniz.

Sultan İbrahim (ilan sancmış kimi dik atılır). Mə-ən?..

Həmid ibn Abbas. Mənsur zati-alilərinizi sarı titrətmədən müalicə edən zamanlar.

Sultan İbrahim (sarsılmış halda taxtına söykənir). Lənətə gəlsin o müalicəni. Yaman baha başa gəldi.

 

Fərraş daxil olur.

 

Fərraş (təzim edir). Aləmlərin sultanına eşq olsun!

Sultan İbrahim (əsəbi). Nə axmaq-axmaq danışırsan, gədə! Minbaşı Əli ibn İsanı çağır gəlsin!

Fərraş. Minbaşı burdadı, sultan sağ olsun, divan üzvləri ilə birgə dəvətinizi gözləyir.

Sultan İbrahim. Divan üzvləri?.. Onlar nə istəyirlər?

Fərraş. Onlar bura sizin dəvətinizlə təşrif buyurublar, şah sağ olsun! Bu günə təyin etdiyiniz Divan məclisinin toplantısına.

Sultan İbrahim (yadına düşür). Hm-m. Gözləsinlər. Əli ibn İsa gəlsin.

 

Fərraş təzimlə geriyə addımlayır və çıxır. Zirehli sərkərdə geyimində

Minbaşı Əli ibn İsa daxil olur.

 

Minbaşı (təzim edir). Şah sağ olsun.

Sultan İbrahim. Qulağıma qəribə xəbərlər çatır, Əli ibn İsa. Bu nə özbaşınalıqlardı bürüyüb vilayəti?

Minbaşı (vəzirlərə baxır). Sizə səhv məlumat verilib, qibleyi-aləm. Məmləkətdə əmin-amanlıq və sakitlik hökm sürür.   

Sultan İbrahim (minbaşını sınayıcı nəzərlərlə süzür). Yoxsa, yorulmusan, Əli ibn İsa? (Qəfildən əsəbi) Əmin-amanlıq deyirsən? Günün günorta çağı şəhərin bazarları talan edilir, Bağdadın baş məscidi kafir oylağına çevrilib, dələduz avaranın biri özünü Allahın dostu elan eləyib avam camaatı yolundan azdırır,  əmin-amanlıq dediyin budu?..

Minbaşı. Siz... (ehtiyatla) şeyx həzrətləri Mənsur Həllacı deyirsiz, bəlkə?

Sultan İbrahim (gözləri bərəlir). Şeyx həzrətləri?.. Yoxsa, sən də o kafirin aşiqlərindənsən, Əli ibn İsa? (Minbaşı dinmir.) Səninləyəm, cavab ver!

Minbaşı. Mənsur... bir Allah şahiddi ki, Allaha olan eşqindən ağlını itirmək həddinə çatmış müqəddəs mömindi. İşi-peşəsi Allahı, Onun gözəlliklərini vəsf etmək, insanları dinə, imana səsləməkdi…

Sultan İbrahim (hiddətdən gözləri qıyılır). Sən nə dediyinin fərqindəsənmi, Əli ibn İsa? Allaha şərik qoşan dələduzun birini «müqəddəs mömin» adlandırırsan? (Minbaşı başını aşağı salır) Bu hətərən-pətərən danışıqlarının hesabatını verəcəksən!

Minbaşı (başını qaldırır, hüznlə). Mənsur ilahi çırağın cəzbinə düşmüş eşq pərvanəsidi ki, son istəyi özünü oda vurub yandırmaqdı. Bundan savayı, onun ayrı bir məqsədi yoxdu.

Sultan İbrahim. Bazarları talan eləmək, küfr yayıb avam camaatı yolundan azdırmaq! Budumu, eşq pərvanəliyi?..

Minbaşı. Sizə yanlış məlumat verilib, şah sağ olsun. Əslində, hər şey ayrı cürdü. İzn verin, zati-alilərinizə izah edim.

Sultan İbrahim (sərt). Kəs səsini! İzahatına lüzum yoxdu daha! Sənin o eşq pərvanən zindana atılacaq!

Minbaşı (həyəcanla). Lütf edin, şahım! Mənsur günahsızdır! Ondan ötrü bu dünyanın özü bir məhbəsdi!

Sultan İbrahim (qəzəbdən nəfəsi təngiyə-təngiyə). Mənim hökmümə şəkk gətirirsən, Əli ibn İsa?..

Minbaşı (başını günahkar təslimlə aşağı salır). Hökmünüzə müntəzirəm, şah sağ olsun.

Sultan İbrahim (minbaşını başdan-ayağa süzür. Acı istehzayla). Demək sən də… mənim tədbirli, cəsur minbaşım, öz xəstə, xam xəyallarının əsirinə çevrilmiş dələduza uymusanmış... (Saraya sükut çökür, hamı ehtiyatla bir-birinə baxır)  Get, səninlə söhbət sonraya qalsın. (Minbaşı təzim edir və çıxır.)

Sultan İbrahim (aramla taxtına söykənir, qanıqara). Bu da mənim tədbirli minbaşım Əli ibn İsa.

Həmid ibn Abbas (sultanın qulağına sarı əyilir, astadan). Zati-alilərinizə bildirim ki, Mənsur tilsiminin toruna düşən, tək bir Əli ibn İsa deyil. Həllac ovsunu qarşısında, bu uca saray divarları da acizdir, şahım! (Sultan xof dolu nəzərlərini vəzirlərin üzündə gəzdirir) Əli ibn İsanı dəfələrlə Mənsurun moizələrində vəcd halında görənlər olub. (Əcaib səslər. Musiqi.) 

Sultan İbrahim (sarsılmış halda). Hətta belə?..

Həmid ibn Abbas (astadan). Əli ibn İsa Abbasilər hakimiyyətinə qarşı hazırlanan gizli üsyan tərəfdarlarındandır.

Sultan İbrahim (astadan). Bərəkallah… Bu tor nə yaman dərin imiş!..

 

Fərraş daxil olur.

 

Fərraş (təzim edir). Divan üzvləri dəvətinizi gözləyirlər, qibleyi-aləm!

Sultan İbrahim (Həmid ibn Abbasa astadan). Əlinin atası Əmir Zeynal Abdin ibn Şəmsiyyə Abbasilər uğrunda Fərat döyüşlərində həlak olanlardandı. (Köks ötürür.) Gidi dünya… (Ayılır. Fərraşa). Gəlsinlər. (Həmid ibn Abbasa) Söhbəti axşama saxlayaq.

 

Musiqi. Divan üzvləri bir-bir içəri daxil olurlar. Növbə ilə irəli keçib Sultanın hüzurunda təzim edir və yerlərini tuturlar. Həbib ibn Müsəlləm və Şəfiq ibn Müzəyyəm də Divan üzvləri sırasında yerlərini tuturlar. Həmid ibn Abbas sultanın yanında – taxtın sağ tərəfində dayanmağa davam edir.

 

Sultan İbrahim. Bismillahir-rəhmanir-rəhim (salavat çevirir.) Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd. (Divan əhli və vəzirlər də salavat çevirirlər.) Uca və Mərhəmətli Allahın adıyla! Divanın bugünkü məclisini açıq elan edirəm. (Divan üzvləri arasında dayanmış əmir Tayyib ibn Mürsəlata) Buyursun Əmir Tayyib ibn Mürsəlat, bizləri məmləkətin durumundan hali etsin, sonra o biri, qalan məsələlərə keçək.

   

Tayyib ibn Mürsəlat irəli çıxıb təzim edir.

 

Tayyib ibn Mürsəlat. Dünyalar xaqanı Sultan İbrahimə salam olsun! (Susur, ehtiyatla) Qorxum budu ki, könlünüzü aça biləcək xəbərlərlə gəlməmişəm, şah sağ olsun.

Sultan İbrahim (taxtın qoltuqluğuna dirsəklənir). Nə ilə gəlmisən, buyur, danış. (Ağzının içində) Bu sabah onsuz da xoş xəbərlərlə açılmadı.

Tayyib ibn Mürsəlat. Zati-alilərinizə xatırladım ki, hələ ötən dəfə mən bu məclisdə, Bağdada hakim kəsilmiş davamlı quraqlıq səbəbindən məmləkətin üzləşdiyi çətinliklər barədə müfəssəl məlumat vermişdim…

Sultan İbrahim (qanıqara). Vəziyyət indi nə yerdədi?

Tayyib ibn Mürsəlat (çiyinlərini çəkir, günahkar səslə). Vəziyyət bir az da ağırlaşıb, qibleyi-aləm. Su və ərzaq ehtiyatı tükənmək üzrədi. Bu ilin quraqlığı, yaranandan bəri məmləkətimizə üz verməmiş bədbəxtlik, görünməmiş bəladı!

Sultan İbrahim (fikirli halda). Hm-m.

Tayyib ibn Mürsəlat. Zəmilər il uzunu bircə damla belə olsun, yağış üzü görmədi. Əkin sahələri tam yararsız hala düşüb. Buğda ehtiyatı, demək olar ki, bitib. Məmləkət böyük aclıq təhlükəsindədi.  

Sultan İbrahim (qanıqara). Bütün bunlardan agaham, Tayyib. Sizləri bura toplamaqda məqsədim də budu. (Divan üzvlərinə) Buyurun, təkliflərinizi verin.

Divan üzvləri (hürkmüş halda). Təklif verməkdə acizik, şahım! Burda heç bir təklif kara gəlmir…

Tayyib ibn Mürsəlat (təzim edir). Şah sağ olsun, ərz edim ki, bura, sizin mübarək hüzurunuza gəlməzdən əvvəl mən çox adamlarla görüşdüm. Bağdadın ən bilici münəccimləri və rəmmallarının, qüdrətli şeyxlərin – Ali Çıraq Cərgəsinin fikirlərini öyrəndim. Məqsədim bu idi ki, yaranan bu vəziyyətlə bağlı onlar da öz sözünü desin. 

Sultan İbrahim (dikəlir, maraqla). Belə.

Tayyib ibn Mürsəlat. Mən məmləkətin böyük təhlükə qarşısında olduğu barədə, şəhərin baş anbarlarında buğda və su ehtiyatının tükəndiyi haqda onlara ətraflı məlumat verdim, tədbir töküb çıxış yolunu göstərməyi xahiş etdim.

Sultan İbrahim (səbirsiz). Onlar nə dedilər?

Tayyib ibn Mürsəlat. Onlar məndən vaxt istədilər, şahım.

Sultan İbrahim. Hm-m.

Tayyib ibn Mürsəlat. Mən bir müddət gözlədim… (Başını aşağı salıb susur.)

Sultan İbrahim. Niyə susdun, Tayyib ibn Mürsəlat? Ardını gətir! Yoxsa, onlar da səni əliboş yola saldılar?

Tayyib ibn Mürsəlat. Sizin rəhminiz və səxavətiniz qarşısında acizəm, şahım. Lakin burda belə məlum oldu ki… (ehtiyatla) məsələ bir ayrı cürdü. (Susur.)

Sultan İbrahim. Ayrı cürdü? Anlamadım. (Qəfildən əsəbi) Sözü uzatma Tayyib, mətləbə keç! Şeyxlərin dediyini söylə!

Tayyib ibn Mürsəlat. Uca şeyxlərin dediyindən belə məlum oldu ki... (səsi titrəyir) burda insan əməli acizdi…

 

Sim qırılmasını andıran səs. Sultan və əyanları duruxmuş halda bir-birinə baxırlar. 

 

Tayyib ibn Mürsəlat. Müdrik şeyxlər bu fəlakətin insan əməli ilə aradan qaldırılmasını mümkünsüz hesab etdilər, şahım. Onlara görə yağışların da, quraqlığın da sahibi olan uca Yaradanın hökmü olmadan, yaranmış vəziyyəti aradan qaldırmaq mümkün olmayacaq.

Sultan İbrahim (qanıqara). Belə-ə… Onların verdiyi məsləhət budu, demək.

Tayyib ibn Mürsəlat. Şeyxlər fəqir-füqəraya nəzir-niyaz paylamağı, dualar edib, uca Allaha yalvarmağı məsləhət gördülər.

Sultan İbrahim (Möhürlü üzük taxılmış əli ilə taxtın dirsəkliyini tıqqıldada-tıqqıldada, fikirli). Belə-ə. Demək, yalvarmalıyıq…

Təyyub ibn Mürsəlat (ehtiyatla) . Bir də onlar… (qəfildən susur.)

Sultan İbrahim (fikirdən ayılır). Onlar nə? (Tayyib ibn Mürsəlat susur). Danış, Tayyib! Dilini uddun, yoxsa?

Tayyib ibn Mürsəlat (ehtiyatla). Allahımız çox qüdrətlidi, şahım, dərd göndərəndə, dərmanını da göndərir. Şeyxlər bu məsələdə bizlərə kömək edə biləcək bir adamı məsləhət gördülər mənə. Duaları uca Yaradan tərəfindən eşidilən mömin müqəddəs bir kəsin bu işdə yardımçı ola biləcəyini dedilər. (Sultan və vəzirlər bir-birinə baxırlar.) Onlara görə o mömin müqəddəs Allahdan yağış göndərməsini xahiş edərsə…

Sultan İbrahim (sözünü kəsir). Dayan bir. (Qəzəbdən boğula-boğula astadan) Yoxsa, sən də haman o kafir Həllacı deyirsən?  

Tayyib ibn Mürsəlat. (Çaşqın halda). Elədir ki, var, qibleyi-aləm sağ olsun. 

 

Sim qırılmasını andıran səs. Sultanla Həmid ibn Abbas bir-birinə baxırlar.

 

Həbib ibn Müsəlləm (astadan sultanın qulağına). Baxın: «üsyan» dediyim budur!

Tayyib ibn Mürsəlat (həyəcanlanır). Zati-alilərinizin ucalığına və qüdrətinə and olsun ki, bu adamı son məqamda Bağdadın ən nüfuzlu şeyxləri cəmləşən Ali Çıraq Cərgəsi məsləhət gördü. Yoxsa mənim özbaşına belə bir qərar çıxarmağa cürətim çatmazdı.

Sultan İbrahim (qəzəblə, astadan). Bu da mənim tədbirli şeyxlərim.

Tayyib ibn Mürsəlat. Mənsurun uca Yaradan sarıdan eşidildiyini Əhvazda, Beyzdə, Susda da danışırlar, şahım! 

Sultan İbrahim (qəfildən qeyzlə). Hərzə-hərzə danışıb özünü biabır eləmə, Tayyib! Mənsur Allahın sevimlisi olsaydı, ona ən azından ağıl və kamal bəxş edərdi. Daha cır-cındıra büründürüb, şəhərləri ac-yalavac, ayağıyalın dolaşdırmazdı! (Ağzının içində) Lə iləhə illəllah… (salavat çevirir.)


Divan üzvləri Sultanın ardınca «lə iləhə illəllah!» deyib salavat çevirirlər.

 

Divan üzvü Şeyx əbu Tofiq (bir addım irəli çıxıb təzim edir). Zati-aliləri! İzninizlə, mən də söz deyim.

Sultan İbrahim (əsəbi halda). Sən buyur, əbu Tofiq! Sən de, görək, kimə möhtacıq!

Əbu Tofiq. Şah sağ olsun, (sağ əlini şəhadət verən kimi sinəsinə qoyur) şəhadət verirəm ki, Tayyib ibn Mürsəlatın sözlərində həqiqət var. (Sultan və divan əhli duruxurlar).

Sultan İbrahim. (acı kinayə ilə) Əhsən Əbu Tofiq! Bərəkallah!

Əbu Tofiq. Ricam budur ki, məni sona qədər dinləyəsiniz, qibleyi-aləm.

Sultan İbrahim (qanıqara). Danış, Tofiq... qurtuluş və xilas yolunun səmtini indi də sən göstər bizlərə. (Səsi enir.) Bu məmləkət, deyəsən, həqiqətən, lənətə gəlib.

Əbu Tofiq (təzim edir). Əgər biz bu quraqlığa, onu yaradana… Allaha inanırıqsa, xilas yolu tapılacaq.

Sultan İbrahim (əsəbi hövsələsizliklə üzünü turşudur). Sözü uzatma, əbu Tofiq! Mətləbə keç!

Əbu Tofiq. Mənsur, həqiqətən, seçilmiş müqəddəslərdəndi, şah sağ olsun. Onun möcüzələrindən bütün Yaxın Şərqdə – İranda, Hindistanda, Rumda, Çində danışırlar, şahım. Onun moizələrində on bir min adam müsəlmanlığı qəbul edib, minlərlə müsəlman…  

Sultan İbrahim (əsəbi halda Əbu Tofiqin sözünü kəsir). Sözünün canı nədi, əbu Tofiq? Deyirsən, indi bu hoqqabaz üzünü Allaha tutub desə ki, yağış yağsın, yağış yağacaq, hə?


Divan üzvləri, vəzirlər gülüşürlər.

 

Əbu Tofiq. Həllac, qəlbi, niyyəti saf, uca mömindi, şah sağ olsun. Ona Allah tərəfindən ilahi bilik verilib. Onu dəryalar dibində yatan nadir inciyə bənzətmək olar.

Sultan İbrahim (səsi enir, qəzəbdən nəfəsi təngiyə-təngiyə). Bu da mənim başbilən əmirim! Dünyaya meydan oxuyan Abbasilər taxt-tacını gör bir, kimə möhtac bilir! Ölkədə azğınlıqlar yaradan dinsiz-imansız, dələduzun birinə! Sənə göstərilən etimadın əvəzidimi bu, əbu Tofiq?

 

Əbu Tofiq günahkar halda başını aşağı salır. Saraya gərgin sükut çökür. Divan üzvləri oğrun-oğrun bir-birinə baxırlar.Sultan əlini çənəsinə vurub fikrə gedir.Külək uğultusu eşidilir. Əcaib səslər. İşıq dəyişir.

 

Sultan İbrahim (küləyin səsinə fikirdən ayılır). Bu nə səsdi belə? Bu nədi? Elə bil çıraqların işığı azaldı?..

 

Divan üzvləri, vəzirlər duruxmuş halda ətraflarına baxırlar. Möhtəşəm cırıltısı səsi. Hamı duruxub sakitliyə diqqət kəsilir.  Saray otağının qapıları taybatay açılır və içəri uzun əbalı, üzübağlı Qonaq daxil olur. Sultan, vəzirlər və divan üzvləri heyrət içində donub qalırlar. Qonaq dinib-danışmadan, oturmağa yer axtarırmış kimi, otağı dörd dolana-dolana künc-bucağa göz gəzdirir.

   

Sultan İbrahim (ovsunlaşmış halda Qonağa). Sən… kimsən? (Səsi otaq boyu əks-səda verir.)

Qonaq (ayaq saxlayır). Mən?.. (Etinasız) Yoldan ötən yolçu.

Sultan İbrahim (təəccüblə). Yolçu?.. (Əsəbi) Bura nə cürətlə gəlmisən? Sənə nə lazımdı?

Qonaq (oturmağa yer axtaran tək oyan-buyanına baxır). Özümə bu karvansarada oturmağa münasib yer axtarıram. 

Sultan İbrahim (heyrətlə). Karvansara?.. (Qəzəblənir). Amma axı bura karvansara deyil, mənim sarayımdı! Nə cürətlə belə danışırsan?

Qonaq (halı dəyişmədən, ətrafdakılara). Burda kim mənə deyə bilər, bu saray əvvəllər kimin olub? (Divan üzvləri, vəzirlər vahimə içində susurlar.)

Sultan İbrahim (ayağa qalxır, hiddətlə). Mənim atamın!

Qonaq (əhvalı dəyişmədən, Sultana). Bəs ona qədər?

Sultan İbrahim. Babam Sultan Cahangir ibn Osmanın! 

Qonaq. Bir yerin ki, sakinlərinin biri gedib, o biriləri gələ, karvansara deyil, nədi?


Sim titrəyişini andıran səs.

 

Sultan İbrahim (heyrət içində). Sən...  kimsən?.. (Səsi məkanı bürüyür, otağın sakitliyində əks-səda verir). Bura nə məqsədlə gəlmisən? (Qonaq dinmir. Qeyzlə) Mənə cavab ver!

Qonaq (sanki qeybdən gələn ilahi səslə). İbrahim!.. Nə qədər ki, ölməmisən oyan!..

Sultan İbrahim (dəhşət içində geriyə səndələyir). Sən… kimsən?

 

İşıq dəyişir. Qəfil fırtınanı andıran qorxulu musiqi. Divan üzvləri və vəzirlər vahimə içində donub qalırlar.Fərraş, ardınca yaraqlı əsgərlər daxil olurlar.

 

Sultan İbrahim (Qonağa işarə ilə, Fərraşa). Tutun onu!

 

Əsgərlər hücum edincə, Qonaq yox olur. Heyrət səsləri.İşıq dəyişir.  «Yox oldu», «qeybə çəkildi...» deyən səslər bir-birinə qarışır.

 

Sultan İbrahim (sarsılmış halda taxta çökür. Astadan). Gedin… (Saraya sakitlik çökür. Əsəbi bağırtıyla) Hamınız gedin!!! (Səsi enir.) Məni tək buraxın... 

 

Musiqi. Fərraş və əsgərlər, divan üzvləri növbə ilə təzim edə-edə otağı tərk edirlər.Sultan tək qalır. İşıq və musiqi dəyişir. Çıraqların xəfif titrəyişi otağın yarıqaranlığında əcaib kölgələr rəqsini andırır. Sultan ovsunlanmış kimi kölgələrin rəqsini müşahidə edir.

 

Sultan İbrahim (vahimə içində). Nədən belə titrəyirsiz? Nədən qorxursunuz?..

 

Kölgələrin rəqsi getdikcə, böyüyür, tonqal alovunun dilimlərini andıran kölgələr sultanı dövrəyə alır. Sultan başını tutub səsi gəldikcə bağırır. Kölgələr yoxa çıxırlar.  O, heysiz halda dizi üstə düşür. Möhtəşəm külək vıyıltısı. Pəncərə layları taybatay açılır. Saraya dolan güclü külək, pərdələri şahə qaldırır, çıraqları söndürür.


 

İKİNCİ ŞƏKİL

 

Uca minarəli məscidin həyəti. Həyət ikibir-üçbir dayanıb öz aralarında söhbət edən başı-çalmalı, uzun əbalı adamlarla doludur. Şeyxlər – Əbül Qasım əl-Cüneyd, Əbu Bəkr əş-Şibli də onların arasındadır.

 

Birinci adam (narazı halda).  ...O həmişə belə eləyir. Ötən dəfə də camaatı gün enənə qədər gözlətdi. Harda ləngidiyini soruşanda da, düzəməlli cavab vermir.

İkinci adam.  Onun harada ləngidiyini bilmək, küləyin ha tərəfdən əsdiyini bilmək qədər mümkünsüz işdi. (Gözucu səmaya baxır) Çünki harada ləngidiyini o, özü də bilmir.

Birinci adam. Əstəğfürullah. Bəlkə, demək istəyirsən o, nözənbillah, laməkandı?


Adamlar danışanlara diqqət kəsilirlər.

 

Üçüncü adam (hamı eşitsin deyə, bərkdən). İbadullah düz deyir! O, bunu qəsdən eləyir! Camaatı gözlətməkdən həzz alır! (Bir qədər də ucadan) Amma mən bilmək istəyirəm: onun, bu boyda camaatı, ağsaqqal hacıları bu qədər gözlətməkdə niyyəti nədi?

İzdihamdan səslər. Düz deyir! Mənsurun nəyi bizlərdən artıqdı ki, camaatı bu qədər gözlədir?

İkinci adam (adamlara, ucadan). Onun bizlərdən üstünlüyü, bizlərin ona ehtiyaclı olmasıdı. O isə, bu dünyada hamıdan və hər şeydən azaddı! (Həyətə sakitlik çökür).

Dördüncü adam. Mənsur, bir xilasdı ki, rəhmli Allahımız onu bizlərə, bu məmləkətə bəxş edib. Bir Allah şahiddi ki, onun sözünə Bağdadın ən qüdrətli şeyxləri də möhtacdı.

Əbül Qasım əl-Cüneyd (Əbu Bəkr əş-Şibliyə astadan). Onun halı Kərbəlaya son ziyarətdən sonra tamam çönüb. Ziyarət boyu dilinə nə bir tikə çörək, nə su dəymədi. Gecələr sübh açılana qədər namaz qılmaqdan dəqiqədə bir huşunu itirirdi...

Əbu Bəkr Əş-Şibli. Onun niyyəti budu: cisminə qalib gəlmək!

 

İzdihama çaxnaşma düşür. «Gəlir-gəlir!», «Mənsur gəlir!» deyən həyəcanlı səslər eşidilir. Musiqi. Məkana, ardınca bir neçə cavan mürid, Mənsur Həllac daxil olur. Adamlar aralanıb Mənsura yol verirlər. Mənsur adamların arasından keçib, məscidə yaxınlaşır, qapıya çatar-çatmaz ayaq saxlayır.Sim qırılmasını andıran səs.

 

İzdihamdan asta səslər. O dayandı…

                                        O niyə dayandı?

                                        Elə bil nədənsə ehtiyat edir…

                                        Elə bil məscidə girməyə ürək eləmir…

Müridlərdən biri (mənsura astadan). Sənə noldu, şeyx?

Mənsur (vahimə ilə göylərə, sonra məscidin qapısına baxır, öz-özünə danışırmış kimi astadan). Ondan uzaqlaşanda məni vahimə bürüyür… yaxınına gələndə isə… ölürəm...

Əbül Qasım əl-Cüneyd (Əbu Bəkr əş-Şibliyə astadan). Bismillah... o yenə özündə deyil…

Əbu Bəkr Əş-Şibli (astadan). Onun ayağı, hər gələn günlə bu dünyadan üzülür…

İzdihamdan səslər. Qəlblər sultanı Mənsura eşq olsun!..

Böyük xilaskara, öyüd və xilas gəmisinin başçısına eşq olsun!..

                                  

Mənsur məscidə daxil olur və çox keçmir ki, uca minarənin başında görünür. Sərxoş baxışlarla yuxarıdan aşağı məscidin həyətinə, ona diqqət kəsilən izdihama baxır. Məkana sakitlik çökür. «Bisimilləh» deyən asta səslər eşidilir.

 

İzdihamdan səslər. Danış, Mənsur! Ey qəlblər sultanı!

                                 Bir söz de, Mənsur! Oyat bu yatmış qəlbləri!  

                                 Sənin işığına yığışmışıq, ey şəm!

                                 Dilə gəl, bu dünyanın qaranlıqları yarılsın!

Mənsur (nədənsə ehtiyat edən tək, astadan). Bismillahir-rəhmanir-rahim… (Meydana sakitlik çökür, «bismillahir-rəhmanir-rəhim» deyən asta səslər eşidilir). Mərhəmətli və rəhmdil Allahın adıyla… Lə iləhə illəllah!..


İzdihamdan «Lə iləhə illəllah» deyən asta səslər eşidilir.

 

Mənsur. Bu dünyada mənim Allahdan savayı, fərəhim yoxdu. Ona üz tutur, ona arxalanıram… (Qəfildən, kürəyinə ox sancılmış kimi, üzü büzülür. Doluxsunmuş halda göylərlə, astadan) Məni rahat burax, nolar?.. Qopar özündən. Mən… (aşağıdakı adamlara işarəylə) onlardan biriyəm…

İzdihamdan səslər: O, nə deyir, eşidirsiz? 

                               Ucadan danış, Mənsur!

                               Biz həqiqəti bilmək istəyirik!

                               Bu yer üzündə ədalət varmı?

                              Varsa, onu bizlərə göstər!..

Mənsur (ayılır). Ədalət? (Həyətə sakitlik çökür.) Ədalət (göylərə işarə ilə) onun mövcudluğudu…

Asta külək uğultusu eşidilir.

    

İzdihamdan asta səslər. O, Allahı deyir...

                                       Ondan danışır...

Mənsur. …Onun uzaqlığı, uzaq olmaq demək deyil, məsafədi... (musiqi) Qeybi, yoxluq deyil… pərdələnmədi...

Adamlardan biri. Ucadan danış Mənsur, biz səni eşitmirik! Allahı biz harda axtaraq? O, hardadı?..

Mənsur (yuxudan oyanmış kimi). Onu axtarmayın... O, hər yerdədi. (Ucadan) Ey Allahı axtaranlar! Qulaq asın, eşidin və agah olun! (Həyətə sakitlik çökür). Allahdan yuxarıda bir kimsə yoxdu ki, üstünə kölgə salsın. Allahdan aşağıda bir kimsə yoxdu ki, Onu çiynində saxlasın. Allahdan irəlidə bir kimsə yoxdu ki, Ona rast gələ bilsin. Allahdan arxada bir kimsə yoxdu, qaçıb Ona yetə bilsin. (Heysiz təslimlə) Nöqtə bölünməzdi... (başı, gücü tükənmiş kimi aşağı enir.)

 

İşıq dəyişir. Musiqi. Həyət ilğımvari rənglərlə dolub-daşır.İnsanlar ovsunlanmış halda ətrafa diqqət kəsilirlər.

 

İzdihamdan səslər.  Bu nədi belə?

                                  Elə bil nə isə dəyişdi…

                                  Burda nə baş verir?

Mənsur (özüylə danışan tək, məchul boşluqlara). Mən səni hər yerdə axtardım… Küləklərin içində, buludların arasında, ağac budaqlarında… Səhraları, məbədləri dolaşdım... (adamlara baxır) Səni bütün üzlərdə axtardım... (yazıqlaşır) Sən... hardasan?..

İzdihamdan asta səslər: O nə deyir?

                                         Göylərlə danışır...

Adamlardan biri. Mənsur, ucadan danış! Biz heç nə anlamırıq!..

Mənsur (səsləri eşitmir, ağrıdan qovrulan tək, göylərə, astadan). Zəiflət məni… Gücüm çatmır daha. Dözə bilmirəm. Məni gözdən sal. Qoy hamı üz çevirsin məndən! Bezsinlər məndən! (Səsi titrəyir)  Səndən savayı, bir kimsəyə borclu qalmayım... Ya da öldür!  

İzdihamdan asta səslər. O nə deyir?

                                        «Öldür» deyir…

                                        O, Allahdan ölüm istəyir…

                                        O, ölmək istəyir…

Yaşıl əmmaməli hacı (irəli çıxır, adamlara). Hələ dayanın bir, ona sualım var. (Mənsura) İndi sən mənim bir sualıma cavab ver, mirzə! Bu, necə olur ki, biz bura yığışanda hər şeyi başa düşürük. Amma elə ki, dağılışıb evlərimizə gedirik, baxırıq ki, heç nə başa düşməmişik. Haman dünyadı ki, dayanıb. Yenə haman ədalətsizlik, haman quldurluq, haman haqsızlıq…

Mənsur (ayılır, adamlara). Yatana toxunanda o ayılır. Sizsə ayılmırsız. Siz… ölüsüz… (İzdiham uğultusu.)

İzdihamdan həcəyanlı səslər.  O nə dedi?

                                                 O, bizə «ölü» dedi!

                                                 Bizə «ölü» dedi!..            

Yaşıl əmmaməli hacı. Ay camaat, eşitdiz o nə dedi? Qoy dediyinin izahatını versin! O bizə «ölü» dedi! Əgər biz ölüyüksə, onda o qəbiristanlıqda yatanlar kimdi?

 

İzdihamda çaxnaşma yaranır. Müridlər yaşıl əmmaməli hacının qollarından tutub həyətdən çıxarmaq istəyirlər.

 

Mənsur. Ona toxunmayın! (Meydana sakitlik çökür.) Qoy qulaq assın. Dinləyib agah olsun. Xilas – eşitməkdə, anlayıb agah olmaqdadı!  Odu ki, qulaq asın. Eşidin, anlayın və xilas olun. (Başını aşağı salır, özü ilə danışırmış kimi astadan) Siz ey Allahı axtaranlar… (Başını qaldırır, ucadan) Siz ey Allahı axtaranlar! Onu kitablarda, şüurlarda, məntiqdə axtarmayın! (Səsi enir) O nə məntiqə, nə kitablara, nə şüurlara sığan deyil. Əgər kim desə ki, «mən onu dərk etdim», bilin ki, o kəs ondan xəbərsizdi. O, bütün biliklərin və kitabların o biri üzündədi! (Sim titrəyişini andıran səs. Səsi enir)  Sizinsə lap yaxınınızdadı. Bunu anlasaydınız...

Sarı əmmaməli hacı. Bunu vaxtı ilə İsa da demişdi, onu çarmıxa çəkdilər!

Mənsur (sağ əlini şəhadət verirmiş kimi yuxarı qaldırır). Siz ey Allaha inananlar! (Səsi enir) Allaha inanırsınızmı?.. (İzdihama sakitlik çökür. «Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd» deyən asta səslər eşidilir). Eşidin və agah olun… İsa Məhəmməddi… (sim titrəyişini andıran səslər) Məhəmməd Musadı… Musa İbrahimdi… İbrahim Adəmdi…


İşıq dəyişir. İnsanlar xof içində bir-birinə baxırlar.

 

İzdihamdan səslər. Bu nə danışır?

                               Onun ağlı çaşıb...

                               O, dəlidi!..

Əbül Qasım əl-Cüneyd (sarsılmış halda Əbu Bəkr əş-Şibliyə astadan). O, vəhydədi.

Mənsur (səslərə məhəl qoymadan, ucadan). Siz ey iman gətirlənlər! Bilin!.. Bizdən əvvəlkilər biz idik!.. (Meydana sakitlik çökür, səsi enir) Sabah gələnlər də, biz olacağıq… Peyğəmbərlər də beləcə. Adlar, ləqəblər başqa-başqadı… hamı bir adamdı. Gövdə birdi, budaqlar ayrı-ayrıdı.


Musiqi. Məkan ecazkar rənglərə bürünür.

 

İzdihamdan səslər. O nə deyir?

                                O hansı peyğəmbərləri deyir?

                                İsayla Musanın bura nə dəxli?

                                O, ağlını itirmiş divanədi!..

Mənsur (səsləri eşitmir, şövqlə). Şamın başına dolanan pərvanə, nə onun işığından, nə istisindən doymaz… Özünü oda vurub yoxa çıxarar. Pərvanənin geriyə dönəcəyini, şam işığında nələr gördüyünü deyəcəyini gözləyənlər olar. O isə qayıtmaz. (Üzü işıqlanır.) O, şam işığına qərq olub… Özündən nə bir iz, nə nişanə qoyub...

İzdiham uğultusu.

 

Sarı əmmaməli hacı. Görün bir, o nə deyir, ay camaat!

O, salləllahu aleyhi və səlləmi xaçpərəst İsaya tay tutur!

Adamlardan biri. Ona qulaq asmayın, ay camaat! O, bizi çaşdırmaq, yolumuzdan azdırmaq istəyir!

Mənsur (səsləri eşitmir, adamlara).Şam odunu özünüzdə, öz içinizdə axtarın! Onu kimsədən borc ala bilməyəcəksiz!..

Adamlardan biri. Bu adam ağlını çaşdırıb, ay camaat! Elə danışır, elə bil Allahın yanından gəlir! (İrəliyə çıxıb Mənsura)  Sən Allahı görmüsən? Görmüsənsə, təsvir elə! 

Adamlar. Hacı düz deyir! Təsvir elə!.. (İzdiham uğultusu.)

Mənsur (zəif təbəssümlə). Şüanı, qoxunu təsvir etmək mümkündümü? O… (naməlum məchulluğa zillənir) bütün təsvirlərin, təxəyyülün o biri üzündədi...

Əbül Qasım (Əbu Bəkr əl Cünayda astadan). Ürəyimdə bir narahatlıq var. Onu burdan aparmaq lazımdı. (İrəli çıxmaq istəyir, Əbu Bəkr saxlayır.)

Əbu Bəkr. Ona toxunma. O özündə deyil. İndi o, havaya dağılmaq istəyən ətir kimidi. 

Sarı əmmaməli hacı (irəli çıxır Mənsura). Əgər Allah səni eşidirsə, dostundan xahiş elə, Bağdada yağış yağdırsın! Zəmilər quraqlıqdan od tutub yanır!

Yaşıl əmmaməli adam.  Hacı düz deyir! Bağdad susuzluqdan yanır! Belə fərasətlisən, ona de, yağış yağdırsın! 

İzdihamdan səslər. Məmləkəti bu bəladan xilas et, Mənsur!..                                   

                               Dua et, qoy rəhmli Allahımız

                               bol yağış göndərsin!

                               

Mənsur başını aşağı salıb susur. İzdihama sakitlik çökür. Hava sovrulmasını andıran sirli səslər.

 

İzdihamdan səslər. Baxın, o susur!

                                O, niyə susdu?

                                Yaxşı yerdə yaxalandı!

                                 Burda deyiblər: yalançını evinəcən qovarlar…

İzdihamdan səslər. Ey qəlblər sultanı! Sən bu cahil kəslərə qulaq asma!

                                Çırağını uca tut, Mənsur!

Mənsur (sağ əlini şəhadət verirmiş kimi qaldırır, üzü ildırım çaxıntısının qığılcımını andıran ani işıqla nurlanır). Ən əl-Həqq!!!

 

«Ən əl-Həqq» kəlməsi məkanı bürüyür. İnsanlar hürkü içində geriyə çəkilirlər. Musiqi. İşıq dəyişir.

 

İzdihamdan səslər.  Baxın, o, yenə dedi!

O: «mən Allaham» – dedi!

O, kafirdi!..

O, məcnundu!..

Ona qulaq asmayın, ay camaat!

 İblis onun qəlbinə hakim kəsilib!

       

Müridlərlə adamlar arasında qarşıdurma yaranır.Azan səsi eşidilir. İnsanlar azan səsinə əl saxlayırlar.

 

Mənsur. Siz ey müsəlmanlar! Sizdən bir təvəqqem var. Mənə kömək edin… Yalvarıram sizə! (Göylərə işarə ilə bağırır.) Alın məni onun əlindən! (Adamlar vahimə içində salavat çevirirlər.) Ay camaat!! Allah mənim qanımı sizlərə halal edib! (Səsi enir.) Niyə bunu anlamırsız?..

 

İzdihamdan həyəcan dolu «Allahumməsalli əla Muhəmmədin və ali Muhəmməd» səsləri eşidilir.Mənsur minarənin məhəccərinə qalxıb, qollarını yanlara açır.Əbasının uzun ətəkli qolçaqları Mənsuru uçmağa qanad götürən quşa bənzədir.

 

İzdihamdan heyrət səsləri. Ona baxın!

                                              O, özünü atmaq istəyir!

                                              Özünü atacaq!..

 

İşıq dəyişir. Əcaib səslər. Mənsurun minarənin məhəccərindən aşağı uçan silueti görünür. Mənsur əbasının «qanadlarında» həyətə – adamların arasına enir. Adamlar vahimə içində geriyə çəkilirlər.

 

Mənsur (ağlar səslə adamlara). Öldürün məni, dostlar! Niyə dayanmısınız? Öldürün, mükafatınız veriləcək! (Ağrıdan qovrulan yaralı tək) Öldürün, mən də rahatlıq tapım... (qəfildən bəyanat verirmiş kimi, əlini sinəsinə vura-vura bağırır) Mən istəyirəm bu lənətəgəlmiş qətlə yetirilsin!!!

 

İzdihamdan heyrət səsləri. Musiqi. İşıq dəyişir. Məscid həyəti göylərin dərinliyindən sızıb aramla aşağı enən şüaya, dumanabənzər işıq selinə bürünür. Mənsurun vücudu başdan-ayağa işıq saçır.

 

Mənsur (işıq selində ecazkar bərqlər vura-vura, qeybdən gələn ilahi sədayla). Ən əl-Həqq!!!


 Heyrət səsləri. «Əstəğfürullah!» deyən həyəcanlı səslər eşidilir.

 İşıq dəyişir.

 

İzdihamdan səslər. Ay camaat, bu adam kafirdi!

                              Onun dediyi küfrdü!

                              Onu susdurun!

                              Daş-qalaq edin onu!

               

İnsanlar yerdən daş götürüb Mənsura atırlar. Mənsurun üzü başının qanına bulanır. Şeyxlər və müridlər adamlara mane olmaq istəyirlər. Adamlar onları da daşlayırlar.

 

Mənsur (başının qanına bulaşmış əllərinə baxır. Adam səsləri içində tənhalaşmış asta səslə). Şükürlər olsun… 

İzdihamdan səslər. Öldürün məlunu!

                                Allahın adından danışan dələduz kafir!

                                Dinsiz-imansız kafirə ölüm!

Mənsur (bədəninə, qollarına dəyən daşlara məhəl qoymadan, özü ilə danışırmış kimi, asta səslə göylərə). Səndən bir təvəqqem var… bağışla onları. Onlar anlamırlar. Əgər anlasaydılar, səndən uzaqlaşmazdılar. Bağışla... Bütün günahları mənim ayağıma yaz...

Adamlardan biri. Ona qulaq asmayın, ay camaat! O, yalan danışır! Bizi haqq yolundan azdırır! Dələduz kafir! O, Allahlıq iddiasındadı, o «mən Allaham» deyir! Daşlayın onu! (Adamlar Mənsuru daşlayırlar.)

Mənsur (daşlayanlara). Sağ olun, dostlar! Siz necə də rəhmlisiniz? Öldürün məni! Axı məni öldürmək – mənə həyat verməkdi?! Axı mənim həyatım – ölüm, ölümüm – həyatdı!..

Əbu Bəkr əş-Şibli (özünü Mənsura sipər edir). Dayanın, ay camaat! Əl saxlayın! Siz neyləyirsiz?

Adamlar (əl saxlayırlar). Dinsiz-imansız kafiri daşlayırıq!

                 Bəsdi daha onun küfrünü dinlədik!

                 O «mən Allaham» deyir, eşitmirsən, bəlkə?               

Əbu Bəkr. Siz anlamırsız! O «mən – Allaham» demir! Bunu o demir!

 

Adamlar Əbu Bəkri kənara itələyib Mənsuru daşlamağa davam edirlər. Əbu Bəkrin səsi vəhşiləşmiş insan səsləri içində itib-batır.Mənsuru dövrəyə alan müridlər də, daş zərbələrinə tuş gəlirlər.

 

Mənsur (alnının qanı üzünə yayıla-yayıla məchul boşluqlara). Günəşə, sonra çönüb özünə baxan kəs Günəş şüalarıyla dolduğunu anlayar və «mən – Günəşəm!..» deyər... 

Əl Cüneyd (ucadan). Əl saxlayın, ay camaat! Eşidin məni! O, Allah eşqindən kor olmuş, divanədi! Qıymayın ona! Yalvarıram sizə... (Adamlar Əl-Cüneydə məhəl qoymurlar.)

Adamlar. Kafirə qahmar çıxan, kafirdi! (Əl-Cüneydi də daşlayırlar.)

Mənsur (səsləri eşitmir, göylərə). Səninlə mən (bədəninə baxır) bu bədəndə məskunlaşmış iki aşiqik. Məni görən, səni görər... Səni görən, hər ikimizi...

 

 Məkana Minbaşı Əli ibn İsa və əlinizəli əsgərlər daxil olurlar. Minbaşını görcək, insanlar əl saxlayıb aralanırlar.

 

Minbaşı. Burda nə baş verir?


Meydana sakitlik çökür.

 

Adamlar (Mənsura işarə ilə). Bu, haman kafir Mənsur Həllacdı! İnsanları yolundan azdırıb küfr yayan Həllac! O, özünü Allaha şərik qoşur! «Mən Allaham» deyir…

Minbaşı. Daşları yerə atın!

 

Adamlar əllərindəki daşları yerə atırlar. Minbaşı Mənsura yaxınlaşır. Onunla üzbəüz dayanır. Musiqi.

 

Minbaşı (Mənsura astadan). Sənə verilən iztirablar inamın, ümidin, sevginin qələbəsidi, şeyx...

 

Aramlı göy gurultusu eşidilir. Adamlar başlarını qaldırıb göyə baxırlar.

 

Minbaşı (əsgərlərə). Aparın. (Əsgərlər Mənsurun qollarını qandallayıb aparırlar.) 

                         

Adda-budda yağış damlalarının səsi eşidilir. İnsanlar əllərini göyə açır, yağış damlalarını ovuclarına yığırlar.

 

Kimsə (heyrətlə). Ay camaat, baxın, yağış yağır…

Adamlar. Yağış!.. Biz xilas olduq…

Şükürlər olsun rəhmli Yaradana!

 

Musiqi. İşıq dəyişir. Göy gurultusu. Yağış yağır. Qeybdən «ən əl-Həqq» kəlməsini andıran sirli səslər eşidilir. İnsanlar heyrət içində donub göylərə baxırlar.

 

Birinci hissənin sonu

 

 İKİNCİ HİSSƏ

 

ÜÇÜNCÜ ŞƏKİL

 

Yarıqaranlıq saray otağı. Sultan İbrahim ipək üzlü yorğan-döşəyin içində yatıb. Yatağın yanındakı dolabçanın üstündə şam yanır. Hardansa, yuxarıdan – damdan ayaq səsləri eşidilir. Sultan səsə yuxudan ayılır,dikəlib yerinin içində oturur, tavandan eşidilən səslərə diqqət kəsilir.Əcaib musiqi.

 

Sultan İbrahim (tavana, ucadan). Ey, kimdi orda?..

Yuxarıdan asta gülüş səsləri eşidilir.

 

Yuxarıdan səslər. Sən tanıdıqların. 

Sultan İbrahim (vahimə içində). Siz... kimsiz? Orada neyləyirsiz?

Yuxarıdan səslər.  Biz...  (asta pıqqıltı səsləri eşidilir) itkin düşmüş dəvəmizi axtarırıq.

 

Əcaib səslər. Sultan yorğanı üstündən atıb, ayağa qalxır.

Vahimədən böyümüş gözlərlə tavana zillənir.

 

Sultan İbrahim (çaşqın halda). Dəvə?.. Gümbəzdə də dəvə axtararlar?

Yuxarıdan bir müddət səs-səmir gəlmir.

 

Sultan İbrahim. Ey mənim tanımadığım kəslər, mənə cavab verin! Gümbəzdə necə dəvə axtarmaq olar? 

Yuxarıdan səslər. Bəs Sultan libası geyib necə Allahı axtarmaq olar?.. 

 

Sim qırılmasını andıran səs. Sultan dəhşət içində geriyə səndələyir. İşıq dəyişir. Sultan, boğulurmuş kimi, otaq boyu vurnuxur. Möhtəşəm cırıltı səsi. Sultan vahimə içində qapıya sarı boylanır.

Fərraş əlində yanar şam içəri daxil olur.

 

Fərraş (təzim edir). Hüzurunuzdayam, şahım.

Sultan İbrahim (xof içində ətrafına boylanır, Fərraşa). Niyə gəldin?

Fərraş (yuxulu halda). Siz çağırdınız, şah sağ olsun, mən də gəldim.

Sultan İbrahim (gözləri bərəlir). Mə-ən???

Fərraş. Lazımınız deyiləmsə, mürəxxəs olum. (Geriyə bir neçə addım atıb təzim edir.)

Sultan İbrahim. Yox-yox, dayan. (İpək arxalığını geyinir) Sən buralarda (tavana işarə ilə) səs eşitmədin?

Fərraş (tavana baxır, çaşqın). Xeyir, əlahəzrətləri.

Sultan İbrahim (qəfildən əsəbi). Siz orda nə ilə məşğulsuz, başa düşə bilmirəm? Gümbəzdə adamlar gəzir, sizsə qəflət yuxusundasız!

Fərraş (heyrətlə). Adamlar? (Təəccüblə tavana baxır, sakitliyə diqqət kəsilir. Damda sakitlikdir.) Olsun qulağınıza səs gəlib, sultanım. Ya, olsun, yuxu görmüsünüz. 

Sultan İbrahim. Yuxu nədi, gədə? İndicə onlarla danışırdım!

Fərraş (tavana zillənir, ehtiyatla). Çöldə güclü külək qalxıb, şahım. Olsun, onun səsindən narahat olmusuz. Bəzən mənimlə də belə olur. Qulağıma hayandansa əcaib səslər gəlir…

Sultan İbrahim. Axmaq-axmaq danışma burda! Səncə, mən külək səsiylə adam səsini ayıra bilmirəm? (Tavana işarə ilə) Qulaq as. (Hər ikisi sakitliyə diqqət kəsilir. Damda sakitlikdir.)

Fərraş. Vallah, Qurana and olsun ki, bir kəs cürət edib ora qalxa bilməz. Sarayın dörd bir yanı əlinizəli əsgərlərlə, çavuşlarla doludu, qibleyi-aləm. Buralardan, sizin izniniz olmadan, quş uça bilməz.


Çöldən küləyin canavar ulartısını andıran vahiməli vıyıltısı eşidilir.

Sultan küləyin səsinə diqqət kəsilir.

 

Sultan İbrahim (yatağının kənarına əyləşir, öz-özünə). Yoxsa dəli oluram?

Fərraş. Nə buyurdunuz, şahım?

Sultan İbrahim (Fərraşa sarı baxmadan, fikirli). Get.

 

Fərraş təzim edir, çiyni əlindəki şamdana dəyir, şam sıçrayıb

döşəməyə düşür, sultanın yatağına sarı diyirlənir, bir ucu döşəməyə düşmüş ipək örtük tüstüləməyə başlayır.

 

Sultan İbrahim (fikirdən ayılır, dəhşət içində). Sən neylədin?..

Fərraş. Ay aman!.. (Özünü yatağın üstünə atıb alovu söndürürsə də, otaq tüstüyə qərq olur, əcaib səslər.) 

Sultan İbrahim (tüstüdən boğula-boğula, hiddətlə). İtil gözümdən, əbləh!

 

Fərraş yanğından qaralmış şamı ətəyinə büküb günahkar təzimlə otağı tərk edir. Sultan yarıqaranlıq yataq otağında tək qalır.Çöldən güclü küləyin səsi eşidilir. Sultan bir ucu yanı-qaralmış örtüyü əlinə alıb baxır.Musiqi. Otağa sirli sakitlik çökür.

Dolabçanın üstündə yanan şamın zəif şöləsi titrəyib, Sultanın vahimədən dəyişib tanınmaz hala düşmüş üzünü işıqlandırır.Əcaib səslər. Sultan geriyə qanrılır və gözü üzbəüzdəki güzgüyə düşən əksinə sataşır. Şamdanı əlinə alıb güzgüyə sarı gedir. Əksi ilə üzbəüz dayanır.

 

Sultan İbrahim (şam işığında kölgələnən əksinə). Sənə nə olub, İbrahim?

 

İşıq dəyişir. Sultanın güzgüyə düşən əksi ucsuz-bucaqsız səhralıqla əvəz olunur. Sultan vahimə içində geriyə səndələyir. Külək uğultusu. Çöldə əsən güclü külək pəncərə laylarını taybatay açıb içəri dolur, güzgüdə görünən səhralığın qumunu otağa doldurur. Əcaib səslər. İşıq dəyişir.Sultan səhralıqda – üstlərinə ağ örtük çəkilmiş insan cəsədlərinin önündə peyda olur.

 

Sultan İbrahim (heyrət içində donub qalır. Özüylə danışırmış kimi astadan). Bu nə görəcəkdi?.. (Ətrafına, qumun üzərinə sərilmiş ağ örtüklü cəsədlərə baxır.) 

Üstünə ağ örtük çəkilmiş cəsədlərin hansı birininsə zarıltısı eşidilir.

Sultan örtüyü qaldırır.

 

Sultan İbrahim. Sən kimsən?

Dərviş (nəfəsi kəsilə-kəsilə). Mən dərvişəm… (yanındakı üstüörtülü cəsədlərə işarə ilə) Gördüyün bu adamlar da dərvişlərdi. 

Sultan İbrahim (çöməlib dərvişin başını qucağına alır). Burda nə baş verib?

Dərviş (ağır-ağır nəfəs dərir). Biz çətin bir yolun yolçularıyıq. Bu, elə bir yoldu ki, onu ehtiyatla getmək gərək idi. Biz isə, ehtiyatı əldən verdik…

Sultan İbrahim. Mənə hər şeyi olduğu kimi danış.


Dərviş bir anlıq, nəfəsi kəsilmiş kimi, gözlərini yumub susur.

 

Sultan İbrahim (Dərvişi silkələyir). Danış, dərviş, susma!

Dərviş (gözlərini açır, nəfəsini dərib heysiz səslə). Ey yolçu, bil ki, Allahı nə qədər sevsən də, məsafəni gözləməlisən. Gərək ondan nə çox uzaqda, nə də həddən ziyadə yaxında olmayasan. Biz isə… (kəsilməkdə olan nəfəsini dərib sözünə davam edir) qaydanı pozduq. Vacib olan odu ki, (göylərə işarə ilə) onun hökmünə riayətdə sayıq olasan… (nəfəsi kəsilir, gözləri bağlanır.)

Sultan İbrahim (Dərvişi silkələyir). Danış, dərviş, susma!

Dərviş (gözlərini açır) Ey mənim tanımadığım kəs… bil ki, mən və gördüyün bu adamlar Allaha, Ondan savayı, bir kimsəni sevməyəcəyimizə and içmişdik… (Musiqi.) Hər addımımızı Onun adıyla Ona sarı atacağımıza söz vermişdik. Amma sözümüzə əməl edə bilmədik. Belə oldu ki, ziyarətdən dönərkən yolda biz Allahın sevimlisi Xıdır İlyasla rastlaşdıq. Bundan şad olub, onu salamladıq… dedik «şükürlər olsun, əziyyətlərimiz hədər getmədi, səninlə görüşmək səadəti bizə nəsib oldu». Vəssalam. Elə bunu demişdik… (Aramlı göy gurultuları. Dərviş və Sultan vahimə içində göyə baxırlar.)

Qeybdən səda. Siz, ey Mənə and verənlər! Verdiyiniz andı pozdunuz! Məni, Mənim yaratdıqlarımla unutdunuz!

 

Külək uğultusu güclənir, qumu havaya sovurub ətrafı toz dumanına qərq edir.

 

Dərviş (səsi külək uğultusunun içində itə-itə). İndi ey yolçu, gördüyün bu adamlar həmin o sədadan ölənlərdi. Odu ki, İbrahim, (sultan adını eşidcək heyrətə gəlir) bunu indi həll elə. Ona aparan yolla gedəcəksən, yoxsa geriyə evinə qayıdacaqsan…

 

Dərviş sözünü bitirər-bitirməz, Sultanın qolları üstünə düşür. Sultan dərvişin gözlərini bağlayır, bədənini yerə endirib kəfəni üzünə çəkir.Ayağa qalxıb xurcununu çiyninə aşırır, yola düzəlmək istəyir ki, şimşək çaxır.

 

Qeybdən səda. İbrahim! Nə qədər ki, ölməmisən, oyan!

 

Şimşək çaxıntıları. Sultan vahimə içində göylərə baxır. Musiqi.Külək və tozanaq səngiyir. İşıq dəyişir. Məkan aydınlaşır.Sultan İbrahimin yataq otağı ay işığına bənzər işığa qərq olur.O, əlində şamdan, güzgünün qarşısında dayanıb.

 

Sultan İbrahim (geriyə çevrilir). Anladım. Bu taxt-tac, bu saray… (göylərə) məni səndən ayıran dar qəfəsmiş, demə...

 

Uzaqlardan azan səsi eşidilir. Sultan şamdanı aramla güzgünün qarşısına qoyur, ipək arxalığını soyunub yerə atır. Möhürlü üzüyü barmağından çıxarıb arxalığın üstünə atır, Uzunətəkli, ağ gecə köynəyində dizi üstə düşür.

 

Sultan İbrahim (göylərə). Sənə aparan yolları mənə göstər!..

 

Musiqi. Güzgü süd rəngli işıq selinə bürünür. İşıq seli otağa dolub Sultanı dövrəyə alır, yataq otağını bürüyüb, hər şeyi görünməz edir.

 

 

   DÖRDÜNCÜ ŞƏKİL

 

Yarıqaranlıq zindan. Mənsur alçaq kötüyün üstündə oturub yazır. Döşəmə yazılı vərəqlərlə doludur.

 

Mənsur (əl saxlayır, öz-özüylə danışırmış kimi). Özünü necə bildirdinsə, indi məndə səndən savayı heç nə yoxdu… (qəfildən üzü dəyişir) Axı niyə?.. Niyə bildirdin özünü mənə? Niyə sevdirdin?.. Mən ki, səndən xəbərsiz, rahat yaşayırdım?!

 

Zindana enən pillələrdə əlisilahlı zindan keşikçiləri görünür. Keşikçilər asta addımlarla aşağı düşürlər, əllərindəki yanar çıraqları yuxarı qaldırıb dəmir barmaqlıqlı qapıdan içəri boylanırlar.

 

Yaşlı keşikçi (astadan). O, burdadı. Budu, bax. 

Cavan keşikçi (həyəcanla, astadan). Bisimillah… Bu, möcüzədi, vallah. Bayaq, o, burda yox idi. Qapını özüm açdım. Müqəddəs Quranımıza and olsun ki, o, burda yox idi!

Yaşlı keşikçi (ehtiyatla yuxarı boylanır, astadan). Yavaş danış, (yuxarılara işarə ilə) eşidərlər! (Yarıpıçıltıyla) İkimizin də boynunu o söz...

 

Yaşlı keşikçi qayış yerindən asılmış topa açardan birini çıxarıb qapını açır. Keşikçilər içəri daxil olurlar.

 

Mənsur (keşikçilərə). Xoş gördük. (Döşəmədəki yazılı vərəqlərə işarə ilə) Aclığınız varsa, buyurun, qonaq olun. (Keşikçilər bərəlmiş gözlərlə döşəməyə dağılmış vərəqlərə baxırlar.) Bu, elə bir təamdı ki, onun dadına baxan kəs, bu dünyanın dadını unudur, bütün təamlardan və dadlardan azad olur! 

Yaşlı keşikçi (Mənsura yaxınlaşır, xof içində astadan). Bura bax, sən gəl, başımızı xarab eləmə. Ondansa, düzünü de: bir az bundan qabaq haradaydın!

 

Mənsur keşikçinin nə dediyini anlamırmış kimi, dinməz-söyləməz oturub qalır.

 

Yaşlı keşikçi (mümkün qədər astadan). Cavab ver, Mənsur, ürəyimizi partlatma. Biz bunu bilməliyik. Bu, lənət şeytana, bizim vəzifə borcumuzdu! Bir az bundan əvvəl bu uşaq burda olub. Səni tapmayıb. Qapı da bağlı olub. Burda (zindanın pəncərəsiz divarlarına işarə ilə) nəfəslik də yoxdu ki, ağlımıza ayrı bir şey gələ. (Qəfildən yazıq-yazıq) O bir Allahın xatirinə düzünü de. Hardaydın?

Mənsur (başını aşağı salıb yaza-yaza, başıyla yuxarılara işarəylə). Orda.


 Keşikçilər bir-birinə baxırlar.

 

Yaşlı keşikçi. Orda, yəni harda?

Mənsur (yaza-yaza). Onun yanında.

Yaşlı keşikçi (duruxur, əsəbi). Sən məni ələ salırsan? Atan yaşında adamı ələ salırsan? (Mənsur dinmir, yazmağına davam edir. Səsi enir, yalvarışla) Sən gəl, daşı tök ətəyindən, oğul. Bizə düzünü söylə, Mənsur. Bu yaşlı vaxtımda məni çətinliyə salma. Bir bölük ailənin çörəyinə bais olma. Aç bizə bu sirri.

Mənsur (başını qaldırır, dağınıq halda). Hansı sirri?

Yaşlı keşikçi (astadan). Bir az əvvəl harda olduğunun sirrini! Bu dəmir barmaqlıqların arasında quş da qanad çala bilməz.

Mənsur. Quş? (Pəncərəsiz divarlara göz gəzdirir, fikirli) Hə… haqlısan, qoca. Quşun belə dar qəfəsdə nə işi?..

Yaşlı keşikçi (yalvarışla). Sözü dəyişmə, şeyx, bizə rəhmin gəlsin. Mənə rəhmin gəlmir-gəlmir, (yanındakı cavan keşikçiyə işarə ilə) bu cavana yazığın gəlsin. Dünən səhər yoxlamaya mən düşmüşdüm. Dünən sən buradaydın, zindan yoxa çıxmışdı. Bu gün əksinə. Zindan yerində olub, sən olmamısan. Bu nə oyundu, gətirirsən başımıza?

Cavan keşikçi (həyəcanla). Bir Allah şahiddi ki, dünən səhər bu zindan burda yox idi! Sənsə burdaydın... haman bu kötüyün üstə oturmuşdun. Bu səhər isə yoxa çıxan sən idin!

Mənsur (keşikçilərə baxır, astadan). Yaxına gəlin. (Keşikçilər Mənsura yaxınlaşırlar, astadan) Sirri açıram (keşikçilər bir-birinə, sonra Mənsura baxırlar). Bayaq, bir az bundan əvvəl mən… (yuxarılara işarə ilə) onun yanında idim… (Sim titrəyişini andıran səs dalğası. Keşikçilər dik atılıb ətrafa göz gəzdirirlər.)

Yaşlı keşikçi (həyəcanla astadan). Onun, yəni…

Mənsur (yuxarı baxır, keşikçilər də bərəlmiş gözlərlə tavana baxırlar). Dünən isə, o mənim yanımda idi.

Yaşlı keşikçi (həyəcanla cavan keşikçiyə). Allahı deyir!..

 

Əcaib səslər. İşıq dəyişir. Keşikçilər havalanmış halda zindanı tərk edirlər. Yarıqaranlıq zindanın dərinliyindən – dəmir barmaqlıqla o biri qapının arxasından qonşu zindanda yatan dustaqlar görünür.

 

Qoca dustaq. Bunu biz də gördük.

Mənsur (başını yazının üstündən qaldırır). Nə gördüz? 

Qoca dustaq. Biz sirri heç kəsə açan deyilik. Amma, izah elə. Bu necə olur?.. Bunu biz öz gözlərimizlə gördük.

Mənsur. Nə gördüz?

Orta yaşlı dustaq. Bu səhər sən burda yox idin!

O biri dustaqlar. İzah elə, şeyx!

                              Biz də xilas olmaq istəyirik!

                              Xilas yolunu göstər! (Dustaqlar səs-səsə verirlər.)

                              Xilas et… xilas et…

Mənsur (qələmi yerə qoyub dustaqalra sarı çönür). Xilas?.. O, sizdədi. İçinizdəki bağlı qapıları açın.

Orta yaşlı dustaq. Sən hansı qapıları deyirsən? Biz onları tapa bilmirik!

Cavan dustaq. Bizdə heç nə alınmır, ustad! Bizə başa sal, bunu necə edək?

Qoca dustaq. Sən nə dedin, elədik, amma… haman zülmət qaranlıqdı ki, qaranlıqdı…

Mənsur (bir qədər fikirləşir). Yaxşı, siz deyən olsun. (Qələmi kötüyün üstünə qoyub ayağa qalxır, qollarını yana açıb ağac şəkli alır.)  Bax, indi təsəvvür edin ki, mən xurma ağacıyam. (Dustaqlar mat-məəttəl Mənsura, sonra bir-birlərinə baxırlar.) Siz təsəvvür edin, təsəvvür edin…

Cavan dustaq (bir müddət dinməz-söyləməz Mənsura baxdıqdan sonra). Məndə alınmır.

Orta yaşlı dustaq (Mənsura). Bu başa gələn iş deyil, şeyx. Sən alim adamsan. Bir özün başa düş. Bunu necə təsəvvür etmək olar axı? Sən adamsan, xurma ağacı –xurma ağacı…

Orta yaşlı dustaq. Bizi qınama, şeyx. Heç nə görmürük.

Qoca dustaq. Sən gəl, bizi imtahana çəkmə. Biz bisavad kəndçi babalarıq…

Mənsur (nə isə kəşf edən tək, məchul boşluqlara). Baxın, mən adamam. Amma, təsəvvürün gücü məndən də, adamdan da, ağacdan da üstündü. O… sərhədsizdi...  (Səsi məkan boyu əks-səda verir.)

 

İşıq dəyişir. Mənsur qollarını rəqsvari hərəkətlərlə tərpədə-tərpədə müxtəlif şəkillərə salır. Əcaib səslər. Dustaqlar dəmir barmaqlıqların arxasından matdım-matdım Mənsura tamaşa edirlər.

 

Mənsur (səsi məkanı doldura-doldura, ovsunda). …Onun qarşısında hər şey acizdi... Bilik, savad, elm… Onun qarşısında bu dünya da acizdi…

 

Zindan divarları getdikcə şəffaflaşır. Musiqi. Mənsurun əbasının uzunətəkli qolçaqlarından döşəməyə xurmalar tökülür. Döşəmə xurmalarla dolur. Zindan divarları əriyib yoxa çıxır.

 

Cavan dustaq (heyrətlə). Ah!.. Bu nədi? (Üzü işıqlanır) Mən… görürəm! Xurma!

Qoca dustaq (döşəməyə baxır). Mən heç nə görmürəm.

Orta yaşlı dustaq (cavan dustağa). Sən nə görürsən?

Cavan dustaq (həyəcanla). Xurmalar!..

Orta yaşlı dustaq. Mən heç nə görmürəm!

Qoca dustaq. Mən də… görmürəm…

Cavan dustaq (döşəmə boyu dığırlanan xurmalara işarə ilə qışqırır). Odu, baxın!.. Bu qədər xurmanı görmürsüz?.. (Əl atıb birini götürür, dişləyib iştahla yeməyə başlayır.)   

Mənsur (səma rəqsini andıran hərəkətlərlə yerində fırlanır). Lə-ə-ə… iləhə-ə-ə… illəlla-a-ah… (səsi məkan boyu əks-səda verir.)

 

Mənsur qollarını silkələdikcə, zindan döşəməsi narıncı xurmalarla dolur. Dustaqlar əllərini barmaqlıqların arasından uzadıb xurmalardan götürür, acgöz-acgöz yeyirlər. Musiqi.

 

Cavan dustaq (xurma yeyə-yeyə heyrətlə içini çəkir). İbadullah!.. Zindan yoxa çıxdı!

Qoca dustaq (ətrafına baxır, heyrətlə). Ay Allah, bu nə möcüzədi?

Orta yaşlı dustaq (üzü işıqlanır). Biz azadıq! (Bağırır, səsi məkan boyu əks-səda verir) Biz azadı-ı-ıq!!

 

Dustaqlar «biz azadıq!» qışqırışa-qışrırışa bir-birini qucaqlayırlar. Mənsurun səmavi rəqsi aramla səngiyir, qolları yanlarına düşür.Musiqi kəsilir. Zindan divarları görünür. Döşəmə, dustaqların əlləri boşdur. Onlar heyrətlə boş əllərinə baxırlar.

 

Yaşlı dustaq. Bisimillah…

Dustaqlar. Bu nə idi?

                  Yuxu gördük, nədi?..

Orta yaşlı dustaq (Mənsura işarə ilə astadan). O, cadugərdi. Camaatı da belə aldadır. Bizi də gözbağlayıcı ilə aldatdı.

Qoca dustaq (Mənsura incik qəhərlə). Sən bizi ələ saldın?


Mənsur heysiz halda kötüyün üstünə çökür.

 

Yaşlı dustaq (əsəbi). Xurmalar hanı?

Cavan dustaq. O, bizi aldatmır. Bu, bizim təsəvvürümüzdü. Anlamırsız? Bax, mən… elə bil doydum.

Orta yaşlı dustaq. O, sənə elə gəlir.

Qoca dustaq (əlini mədəsinin üstünə qoyur). Hə, elə bil mən də… toxam.

Cavan dustaq. Sizsə inanmırdınız.

Mənsur (başını heysiz halda divara söykəyir, astadan). Adəm övladı, tək bir çörəklə doymaz… (susur) İsa Məsih deyib. Xilas dediyiniz budu.

Orta yaşlı dustaq. O, nə deyir? Anlamıram…

Cavan dustaq (Mənsura diqqət kəsilib). Qulaq as. O, sirr açır.

Mənsur. Hər birinizdə öz doğuluşunu gözləyən məsih var. O, sizdədi. Onu axtarın… (gözlərini yumur.)

Cavan dustaq. Bizi tərk eləmə, Mənsur. Sən olmayanda bu zindana ölüm qaranlığı çökür!

 

Yuxarıdan səslər eşidilir. Dustaqlar səslərə diqqət kəsilirlər. Mənsur yuxudan ayılır.

 

Orta yaşlı dustaq. Eşidirsiz? Bu nə səslərdi?

Cavan dustaq. Yuxarıda adamlar var!

Qoca dustaq (səslərə diqqət kəsilir). Hə… yuxarıda nə isə baş verir.

Cavan dustaq. Qulaq asın! Orada (həyəcanla) sanki döyüş gedir…

Qoca dustaq (səslərə diqqət kəsilir, üzü işıqlanır). Hə, olsun ki, bu, odu! Üsyan! Nəhayət, o, baş verdi! Zalım Abbasilər hakimiyyətinin sonu yetişdi!

Dustaqlar. Şükürlər olsun! 

 

Səslər getdikcə yaxınlaşır. Çox keçmir ki, zindan pillələrində əlisilahlı dəstə görünür. Qolları bağlı zindan keşikçiləri onların arasındadır.

 

Üsyançı (Mənsuru görcək, yuxarılara ucadan). Mənsur burdadı! (Mənsura) Şükürlər olsun uca Yaradana!

 

Yaşlı keşikçinin qollarını açırlar. Keşikçi topa açarlardan birini ayırıb zindanın qapısını açır. Adamlar içəri daxil olurlar. Qonşu zindanın da qapısını açıb dustaqları azad edirlər.

 

Dustaqlar (bir-birini qucaqlayırlar). Allaha şükürlər olsun!

Üsyançı (Mənsura yaxınlaşır). Sən azadsan, şeyx!

Mənsur (üsyançıya yarıyuxulu səslə). Sənə nə lazımdı, cavan?

Üsyançı (pərt). Bütün Bağdad sənin məhbəsinə üsyana qalxıb, Mənsur! Qalanın ətrafı insan kütlələri ilə doludu! Səni gözləyirlər!

 

Uzaqlardan, Bağdadın baş meydanından «Həllac-Həllac!» qışqıran sədalar eşidilir.

 

Mənsur (özünü dikəldir, hüznlə). Mən bu günə moizə təyin etməmişəm. (Döşəməyə dağılmış vərəqləri bir-bir qaldırıb səliqə ilə üst-üstə yığır.)

 

Üsyançılar çaşqın halda bir-birinə baxırlar. Keşikçilər və dustaqlar heyrət içində susurlar.

 

O biri üsyançı. Bizi peşman eləmə, şeyx! Səni bu qaranlıq məhbəsdən azad etməkdən ötrü çəkdiyimiz əziyyətləri yerə vurma! Qalx ayağa, bizimlə gedək! Sənin məhbəs həyatına son qoyuldu!

Üsyançılar. Bundan ötrü düz iki aydı yol gəlirik, şeyx!

                   Bizi yolda ləngiməyə qoymayan sənə olan sevgimizdi, Mənsur!

Mənsur (vərəqləri ehmal-ehmal bir-birinin üstünə yığa-yığa). Siz bilmirsiz. Əgər bilsəydiniz… (Tarazsızlığa düşmüş kimi susur. Üsyançılar, dustaqlar donub qalırlar) Bu məhbəs mənə neyləyə bilər? Əgər mənim qəlbimdə olanın zərrəsi dağlara düşsə, onlar əriyər.

 

Yuxarıdan ayaq səsləri eşidilir. Hamı vahimə içində səslərə diqqət kəsilir.

 

Dustaqlar (həyəcanla). Tez ol, Mənsur! Vaxt azdır!

Mənsur (vərəqləri dizinin üstünə qoyub bayaqkı kimi divara söykənir, gözlərini yumur, astadan). Gedin. Mənə mane olmayın.

Dustaqlar (ağlar səslə). Sən neyləyirsən, Mənsur? Özünü düşünmürsən, bizi düşün!

 

Çox keçmir ki, zindan pillələrində əli nizəli, dəmir dəbilqəli saray əsgərləri və Gizir görünür. Əsgərlərlə üsyançılar arasında qarşıdurma yaranır. Musiqi. Əsgərlər üsyançıların qollarını qandallayırlar.Zindan keşikçiləri Gizirin işarəsi ilə dustaqları dəmir barmaqlıqlı qapının arxasına salırlar.Onlar qapını kilidləyib Mənsura yaxınlaşırlar.

 

Gizir (əsgərlərə). Ona toxunmayın! (Acı təbəssümlə) Onun edam gününə hələ çox var. Qoy məhbəs həyatının tamını doyunca dadsın…

  

Əsgərlər üsyançıları aparırlar.

 

Üsyançılardan biri (pillələri qalxa-qalxa). Sən neylədin, Mənsur?..

Dustaqlar (ağlar səslərlə). Səni görüm lənətə gələsən, Mənsur!


Mənsur gözünü açmadan susmağa davam edir.

 

 

 BEŞİNCİ ŞƏKİL

 

FİNAL

 

Qızmar günəşli səhra. Üz-gözü tük basmış, çal saçları çiyinlərinə dağılmış Sultan İbrahim çiynində xurcun, əlində çomaq, uzunətəkli dərviş libasında yol gedir. Musiqi. Hardansa, uzaqlardan eşidilən azan səsinə ayaq saxlayıb xurcununu yerə endirir, içindən çıxardığı su tuluğunun qapağını açıb ağzına aparır. Tuluq boşdur. Başını qaldırıb Günəşə baxır. Əcaib səslər. İşıq dəyişir. Sultan İbrahimin qarşısında uzun ətəkli qara geyimdə İblis peyda olur.

 

Sultan İbrahim (heyrətdən geriyə səndələyir). Sən… kimsən?

İblis (əcaib gülüşlə gülür, səsi məkanı bürüyür). Gör bir sən neylədin, İbrahim! Səni yolundan azdırdılar! Ləl-cəvahirat dolu sarayından, şahlıqdan imtina edib Allaha tapındın… Kəbəyə üz tütüb, pay-piyada ziyarətə getdin. Əvəzi noldu?.. O əziyyətlərinin qarşılığıdımı bu?.. Müqəddəs bildiyin bu ziyarət yolunda içməyə bir qurtum su da tapmırsan! (Qəhqəhə çəkir.)

Sultan İbrahim (vahimədən heysizləşmiş halda göylərə). Məni özünə dost bildin, oyatdın. İndi yoluma niyə düşmən çıxardın?..

 

Günəşin üzü tutulur, məkana sirli qaranlıq çökür.Sim qırılmasını andıran səs.

 

Qeybdən səda. İbrahim! Cibindəki gümüş pulları yerə at!

 

Sultan yuxudan ayılmış kimi, əlini libasının ciblərinə salır, oradan tapıb çıxardığı gümüş pulları, əllərini yandırırmış kimi, tələsik yerə atır. İblis yoxa çıxır. Məkan aydınlaşır.Sultan qəhərlə göylərə baxır. Gözlərinin yaşını silir. Xurcununu çiyninə aşırıb, yoluna davam edir.Uzaqdan şeypur səsləri eşidilir. Çox keçmir ki, Sultan İbrahim Bağdadın baş meydanında peyda olur. Meydanın mərkəzində qurulmuş dar ağacının ətrafı insan kütlələri ilə dolub-daşır. Bağdad şeyxləri Əbül Qasım əl-Cüneyd və Əbu Bəkr əş-Şibli də adamların arasındadırlar.Meydanın baş kürsüsündə hündür dəstəkli Abbasilər bayrağı dalğalanır. Sultanın taxtında baş vəzir Həmid ibn Abbas,onun yanında vəzirər Həbib ibn Müsəlləm, Şəfiq ibn Müzəyyəm və əyanlar əyləşiblər.

 

Sultan İbrahim (izdihama qarışıb adamların arasında dayanır. Yaxınında dayanan qarıya). Burda nə baş verir?

Qarı (Sultan İbrahimə baxırsa da, onu tanımır). Kasıbların sultanı Mənsuru edam edəcəklər. (Qəhərlə, astadan) Kimə neyləmişdi binəva? Allahı sevmək nə zamandan günah sayılıb? Bunu Allah götürər? (Qəfildən qəzəblə) O Sultan İbrahimi görüm lənətə gəlsin, necə ki, gəldi! (Sultan İbrahim adını eşidcək sarsılırsa da, büruzə vermir.) Bu edamın baiskarı odu! Eybi yox. Heç eybi yox! Allahımız qüdrətlidi! Gün gələr, bu kürsüdə onun öz başı vurular! (Sultan pərt halda qarıdan kənarlaşır.)

  

Şeypur səsləri eşidilir.

 

İzdihamdan səslər: Gətirirlər-gətirirlər!

                                  Mənsuru gətirirlər!

                                  Həllacı gətirirlər!

 

İzdiham aralanır. Əsgərlərin müşayiəti ilə meydana qolları qandallı Mənsur Həllac daxil olur. Musiqi. Mənsur dar ağacına sarı əcaibhərəkətlərlə rəqs edə-edə gedir. İzdihamdan heyrət səsləri.

 

İzdihamdan heyrət dolu asta səslər:  Ona baxın, rəqs edir…

                                                             Baxın, o, rəqs edir!

                                                             O, ağlını itirib!

                                                             Siz bir ona baxın!..

Əbu Bəkr əş-Şibli kədərlə Əbül Qasım əl-Cüneydə baxır.

      

İzdihamdan səslər: O, cadugərdi!

                                  O, İblisdi!

                                  O, ölümlə rəqs edir!

 

İzdihamdan «kafirə ölüm!», «Allaha şərik qoşana ölüm!» şüarları eşidilir. Mənsuru edam kürsüsünün pillələri ilə yuxarı qaldırırlar, qıçlarından vurub kötüyün yanında dizi üstə oturdurlar.

 

Adamlardan biri (irəli çıxır, rişxəndlə Mənsura). Ey Allahın dostu! Niyə oturmusan, dostunu köməyə çağır, gəlib xilas eləsin səni! (Saxta gülüşlə gülürsə də, səsinə səs verən olmur.)

Mənsur (kötüyə astadan). Xoş gördük, başı kəsik, üzü şumal, qoca kötük. (Meydana sakitlik çökür.)  Sən ki, bilirsən, ölüm yoxdu…

İzdihamdan səslər. O, nə dedi?

                                O, kötüklə danışır…

Edam kürsüsünə, əlində qotazlı kağız bükülüsü Carçı qalxır.

 

Carçı (bükülünü açıb ucadan oxuyur). Əbu Əbdallah əl-Hüseyn ibn Mənsur əl-Həllac! Uca Allahın adına şərik qoşmaqda, küfr yaymaqda, moizələri ilə Bağdad əhlinin etiqadına xələl yetirməkdə, şəhərdə özbaşınalıqlar yaratmaqda, qüdrətli Abbasilər hakimiyyətinin şərəf və ləyaqətini alçaldan çıxış və hərəkətlərdə təqsirləndirilir! Bədən əzaları kəsilməklə boynunun vurulması hökm olunur! İmza: Sultan ibn Səid əl-İbrahim! (Bükülünü bürmələyib aşağı enir.)

 

Sultan İbrahim əlləri ilə üzünü qapayır. İzdihamdan «ölüm!», «lənətəgəlmiş kafirə ölüm!» səsləri ucalır.Həmid ibn Abbas və əyanları məmnun halda bir-birinə baxırlar.

 

Mənsur (səsləri eşitmir, üzü Günəş şüalarının titrəyişindən işıqlana-işıqlana Günəşə). Ey şəm... de, bu xəfif titrəyişin nədəndi?..

 

İzdiham heyrət içində susur. Həmid ibn Abbas kürsüdən aşağıya –Gizirə işarə verir.Gizirin başının işarəsi ilə Mənsuru qamçılamağa başlayırlar. İzdihamdan adda-budda «ya rəbb!», «sən özün kömək ol!» deyən ağlar səslər eşidilir.

     

Müridlərdən biri (adamların arasından Mənsura, qəhərlə). Bizi tərk etmə, şeyx! Müridlərini bu «dünya» adlı məhbəsdə tənha qoyma! 

Mənsur (ağrıdan sərxoş baxışlarla Müridə). Yadındadı, məndən «sevgi nədi?» soruşmuşdun… (Meydana sakitlik çökür. Adamlar Mənsura diqqət kəsilirlər). Bu gördüyün odu! Sən onu sabah da, o biri gün də görəcəksən...

O biri mürid (ucadan). Dünya mərifətə can atır! Sənsə Allaha! Ona olan eşqin səni hamıdan ayırdı… (Qəhərlə) Müstəsna etdi!..

 

Gizirin işarəsi ilə qamçılar susur. Təbillər çalınır. Edam kürsüsünə üzübağlı cəllad qalxır. Cəllad Mənsurun qollarını kötüyün üstünə qoyub qandalını açır. Baltasını havaya qaldırır. İzdihamdan qışqırıq səsləri. Cəllad baltanı kötüyün üstünə endirir. Mənsurun biləkdən vurulmuş qollarının qanı adamların üzünə sıçrayır. İnsanlar dəhşət içində geriyə çəkilirlər. Şeyxlər üzlərini yana çevirir, müridlər başlarını tutub ağlayır.Mənsur kəsik qollarının qanını üzünə, boyun-boğazına yaxıb, al qana boyayır. İnsanlar bu mənzərədən dəhşətə gəlirlər. Heyrət səsləri.

Musiqi.

 

Mənsur (şövqlə). Baxın! Mənə baxın!.. Dar ağacında doğulana tamaşa edin!.. (Gözü adamların arasında dayanan Əbu Bəkr əş-Şibli sataşır). Əbu Bəkr əş-Şibli!

(Əbu Bəkr əş-Şibli izdihamı yarıb irəli çıxır) Novruz dediyin budu, bax! (Ağrıdan nəfəsi kəsilə-kəsilə)  Qanımla dəstəmaz aldım...

Əbu Bəkr əş-Şibli (ağlar səslə). Sənin bu iztirabların inamın qələbəsidi, şeyx!

Mənsur (heysizləşir, başını qaldırıb göylərə). Bu ağrıdan qovrulan - mənimlə sənin aranda olan miskin varlıqdı! (Səsi enir)  Ona fikir vermə… (başı sinəsinə düşür.)

  

Cəllad növbəti həmləni endirməkdən ötrü baltanı havaya qaldırır.İzdihamdan bağırtı səsləri. Sultan İbrahim izdihamı yarıb irəli çıxır.Cəlladın əli havadan asıla qalır.

 

Sultan İbrahim. Dayanın! Əl saxlayın!

Həmid ibn Abbas (yanaşı oturan vəzir Həbib ibn Müsəlləmə). Bu kimdi?..

Sultan İbrahim (ağlar səslə adamlara). Siz nə edirsiz? Allah bu günahı bizə bağışlamayacaq! Siz məni öldürün! Qanımı sizə halal edirəm!..

Həmid ibn Abbas (duruxmuş halda Həbib ibn Müsəlləmə, astadan). Bu adamın səsi mənə tanış gəlir. (Qəfildən Sultan İbrahimi tanıyır, ilan çalmış kimi, vəzirə astadan) Onu həbs edin! (Vəzir işarə vermək üçün əlini qaldıranda onu saxlayır) İndi yox.

İzdiham uğultusu.

 

Adamlardan biri. Mən onu tanıyıram! Bu dərviş Mənsur müridlərindəndi! Daşqalaq edin onu!

Adamlar yerdən daş götürüb Sultan İbrahimə atırlar.

 

Sultan İbrahim (üzü, başı yaralana-yaralana). Hökmümü geri götürürəm! Ona dəyməyin! O, günahsızdı! (Səsi izdiham uğultusunun içində itir, heysiz təslimlə yerə çökür) Bizi bağışlamayacaqlar…

Həmid ibn Abbas (Həbib ibn Müsəlləmə astadan). Uzatmayın, hökmü icra edin!

 

Həbib ibn Müsəlləmin işarəsi ilə Cəlladın baltası aşağı enir.Dizi üstə oturulmuş Mənsurun ayaqları topuqlarından vurulur.İzdihamdan bağırtı səsləri. Əbu Bəkr əş-Şibli üzünü tutub kürsüdən kənarlaşır.

 

Mənsur (ağrıdan bükülür, heysiz halda Əbül Qasım əl-Cüneydə). Əbül Qasım!.. (Meydana sakitlik çökür.) Ağrının insanı ucaltmaq qüdrəti yoxdu, bil! (Ağrıdan titryə-titrəyə göylərə) Sevgilimə qəlbimin gözləri ilə nəzər saldım... O: «sən kimsən?» dedi… Mən: «sən!» dedim… (başı sinəsinə asılır.)

İzdihamdan səslər: Ay Allah, sən özün rəhm elə!

                                  Lə iləhə illəllah!

Mənsur (ağrıdan titrəyə-titrəyə uzaq boşluqlara). Ey uca! (Səsi enir) Mənə cavab ver! (Var qüvvəsini toplayırsa da, səsi zəifləyir) Elə bir günah varmı ki, içində iman olmasın?.. (Meydana sakitlik çökür. Səsi məkanı bürüyür, səsləri eşidilməz edir.) Elə bir iman varmı ki, içində günah olmasın?..

 

                                   Şimşək çaxıntıları.

 

Mənsur (qəfildən ağrı hiss etmirmiş kimi dikəlir, öz səsinə oxşamayan ilahi sədayla). Ən əl-Həqq!!! (Şimşək «ən əl-Həqq» kəlməsi ilə bir çaxır.)

 

İzdihamdan heyrət səsləri. Musiqi. Adamlar vahimə içində geri çəkilirlər. Həbib ibn Müsəlləmin işarəsi ilə cəlladın baltası havaya qalxır və sonuncu dəfə kötüyün üstünə enir. Bağırtı səsləri.

 

Qeybdən səda: Ən əl-Həqq!!!

 

Şimşək çaxıntıları. Adamlar dəhşət içində göyə baxırlar.«Bisimillah» deyən hürkü dolu səslər eşidilir. Həmid ibn Abbas və əyanları sıçrayıb ayağa qalxırlar, vahimədən böyümüş gözlərlə göylərə zillənirlər.Külək uğultusu. Külək «ən əl-Həqq!» sədasını məkan boyu əsdirir.İnsanlar vahimə içində ətrafa boylanırlar.

 

Sultan İbrahim (ağlar səslə). Siz neylədiniz?.. (İzdiham aralanır.)

   

Sultan İbrahim heysiz addımlarla edam kürsüsünə yaxınlaşır, Mənsurun qana bələnmiş cəsədinə baxır.Meydana sakitlik çökür. Həmid ibn Abbas sarsılmış halda aramla taxtına çökür.

 

Sultan İbrahim (hüznlə adamlara). Qarşınızda dayanan bu dilənçi-dərviş bir vaxtlar bu məmləkətin padşahı Sultan İbrahimdi!..

İzdihamdan heyrət səsləri.

 

İzdihamdan heyrət dolu səslər. Bu… odu! Sultanımız İbrahimdi!

                                                     Sultan…

                                                     Sultan İbrahim!

Sultan İbrahim (əlini yuxarı qaldırır. Meydana sakitlik çökür). İndi qarşınızda dayanan dilənçilər dilənçisi, yolçu İbrahim söz deyəcək. (Asta külək uğultusu) Əgər bu «ən əl-Həqq» kəlməsi ağacdan gəlsəydi, siz onun qarşısında diz çökərdiniz. «Bu ağac müqəddəsdi» deyib ona baş əyərdiniz. Mənsuru isə, ölümə məhkum etdiniz. (Adamlar başlarını aşağı salırlar) Amma bu kəlməni dünyanın bütün seçilmişləri, müqəddəslər deyiblər. Bunu onlar yox, onların dili ilə danışan uca Allah deyib!

Həmid ibn Abbas (kürsüdən hiddətlə). Onu susdurun! Bu dələduz Mənsur küfrünün davamçısıdı! Onu həbs edin!   

 

Həmid ibn Abbasın hökmü icra olunmur. Minbaşı və əsgərlər sarsıntı içində Sultan İbrahimə diqqət kəsiliblər.

            

Sultan İbrahim (Həmid ibn Abbasa). Üstündə arxayınlıqla oturduğun o taxta bel bağlama, Həmid! O, ölmüş ağacdı! (Həmid ibn Abbas döyükmüş halda ətrafına baxır, kürsüdə dalğalanan bayrağa işarə ilə) «Bir daha enməz» dediyin bu bayraq isə, şiddətli küləklər qalxanda aşağı endirilər…                            

 

Külək şiddətlənir. Meydanı tozanaq bürüyür. İşıq dəyişir. Külək əsib, kürsünün məhəccərinə sancılmış bayrağı kökündən qoparır, meydan boyu uçurub ayaqlar altına salır.İzdihamdan heyrət səsləri. Adamlar aralanıb yerə düşən bayrağa

baxırlar. Göy gurultuları. Şimşək çaxıntıları. İnsanlar vahimə içində göyə baxırlar. Yağış yağır. Cəllad baltasını atıb qaçır. Həmid ibn Abbas və əyanları, insanlar meydanı tərk edirlər. Yağış Mənsurun qana bələnmiş cəsədini yuyur… Musiqi.

Külək səngiyir. Məkan aydınlaşır. Meydanda Mənsurun cansız bədəni önündə diz çökmüş müridlərindən və şeyxlərdən savayı kimsə yoxdu.

 

Mürid (ayağa qalxır, tamaşaçılara). Baxın. Bu, Allaha olan eşqinə görə öldürülən Mənsur Həllacdı. Fırtınalı Hüseyn Mənsur Həllac dəryasında qeyb olmuş Həllac...

O biri mürid (ayağa qalxır, tamaşaçılara). Mənsur bizlərin, bu dünyanın günahlarını öz üzərinə götürən müqəddəsdi. Onun iztirabları inamın qələbəsidi.

O biri mürid (ayağa qalxır, Mənsura işarə ilə tamaşaçılara). Bu adamlar bütün insanlıq üçün böyük xilas və təsəllidi. Bu fani dünyanın naqisliyinə tutarlı iraddı. Onların varlığı müstəbidləri təhqir edər, ölümləri cəlladları heyrətə gətirər.

Şeyx Əbu Bəkr əş-Şibli (tamaşaçılara). O, insan qəlbinin ən gizli imkanlarını aşkara çıxarmağa nail oldu. Kamil sevginin insanı hansı dərəcələrə yüksəltdiyini, ilahi eşqin bəşər övladı üçün yeganə xilas və qurtuluş yolu olduğunu sübuta yetirdi.

Şeyx Əbül Qasım əl-Cüneyd Və o bunu, müqəddəslik pilləsində ucalmaqdan ötrü yox, bu eşqdə yaşamaq və onun uğrunda ölməkdən ötrü etdi…        

 

Musiqi. Məkan əlişamlı insan kütlələri ilə dolur. İnsanlar Həllacın cəsədi önündə diz çökürlər.

 

Pərdə