DAHİLİYİN ASTANASINDA

Bu dünyada qorxub çəkindiyim məqamlardan biri də, məişət işləridi. Havanın tozunu acgözlüklə özünə çəkən künclərin, çirkli paltarları eybəcər sirr kimi içində saxlayan paltaryuyanın, yağlı qablar qucağında, arxamca pis-pis baxan əl-üzyuyanın səbri tükənəcəyi təqdirdə mənimlə nələr edə biləcəyini təsəvvürümə gətirdikcə, tozu, ona yerə çökməyə imkan vermədən, havadaca tozsoranla sovurur, qabları yağı soyumamış yuyur, paltaryuyanı dolmağa qoymuram. Uzun illlərlə canıma yerimiş bu qorxu məndə unikal evdarlıq qabiliyyəti yaradıb. Belə ki, dörd saatlıq işi otuz dəqiqəyə yerləşdirə, öhdəsindən bəlkə on qadının gələ biləcəyi işlərin axırına göz qırpımında çıxır, boks rinqinin gərginliyində həyata keçrdiyim bu prosesdən qətiyyən də yorulmuram. Dəqiq bildiyim budu ki, bu işləri əllərimlə yox, beynimlə həyata keçirir, onları zamanın içinə yox, zamanı onların içinə yerləşdirirəm.

 

Bu, ən azı dahilikdi.