SÜRƏT QATARINDA

 

Son illərin, getdikcə sürətlənən zaman axarında - bir-birini il-ildən daha sürətlə qovan gecə-gündüz qapatmaları arasında özümü, pəncərəsindən görünən mənzərələri lilli çay suyu tək, böyür-başımdan axıda-axıda, məni harasa uzaqlara - son mənzili, ünvanı təsəvvürümə sığmayan uzaq, sirli boşluqlara aparan sürət qatarında hiss edirəm... Qatarda məndən savayı ayrı sərnişinlərin olduğunu bilsəm də, özümü qatarın yeganə ayıq sərnişini, bəzənsə, bu dəli uçuşdan ilhamlanıb sürəti bir az da artıran sürücüsü hiss edirəm... Nə qədər çalışsam da, nəfəsimi dərib özümü ələ ala, qatarın sürətiylə bir harasa, irəliyə sovrulan duyğularımı saxlaya, kağıza köçürə bilmirəm...

Bu dəli sürətin cəngindən qurtulmaqdan ötrü mənimlə yanaşı, hardasa havayla paralel şəkildə uçan yazı ərazimə keçməli olduğumu, daha doğrusu, ora, yanaşı qaçan çaparaq atların birindən o birinə atılan tək, atılmalı olduğumu anlayır, bütün qüvvə və bacarığımı bu taleyüklü sıçrayışa hazırlayıram...