TANIŞLIQ

(Müsahibələrindən)

 

 

Kütləvi tanınmaqdan qorxuram. Kütlə qanunlarıyla fərd qanunları heç cür uyuşmur. 

 

*** 

Ümidvaram ki, kütlə malına çevrilməyəcəyəm.

 

***

Tez-tez kitab buraxmağın, oxucuların zəhləsini tökməyin əleyhinəyəm.

 

***

Heç vaxt çərçivələri şüurlu şəkildə dağıtmamışam, sadəcə, ayrı cür yaza bilməmişəm.

 

***

Mənə dəxli olmayan məlumatlardan zəhərlənirəm. Başım ağrıyır, ürəyim bulanmağa başlayır...

 

***

Yazdıqlarıma görə heç vaxt heç bir təmənna güdməmişəm.

 

***

Yaşadığım həyatı bir də yaşamaq istəmərəm.

 

*** 

Sadəcə, adi gözlə görünməyən, duyulmayan müəyyən gizli məlumatları insanlara bədii formada ötürmək imkanına malik olan adi bir adamam.

 

***

Elə məqamlar da olur ki, «antenamla» tutduğum bəzi ilahi həqiqətləri kağıza köçürməkdə aciz qalıram... 

 

***

Ədəbiyyata cərəyanlar çərçivəsindən baxmıram və düşünürəm ki, bu, ədəbiyyat üçün göstərici deyil.

 

*** 

Fikrimcə, ədəbiyyat, nəinki, kişi-qadın prizmasından, millət, ərazi, hətta zaman prizmasından yanaşanda da birdir.

 

*** 

Mənə elə gəlir, fiziki ömürdən daha uzun ömür yaşamışam. Amma harada, necə, bunu bilə bilmirəm.

 

*** 

Yaradıcılığımla bağlı Vyana universitetində müdafiə edilmiş doktorluq işi də, mənim qadın qəhrəmanlarımın üzüntülərini, hüququ tapdanmış Şərq qadını üzüntüləri kimi dəyərləndirir.

 

*** 

Yazıçılıq - bu dünyada diri-diri boğulub ölməməkdən ötrü içində öz-özünlə apardığın savaşlardan yaranır.

 

***  

Yazmaq bir vaxtlar mənim üçün də xilas yolu olub. Uzun illərlə yazılarımda gizlənmişəm. İndi isə yazmaq mənim həyat tərzimdir.

 

*** 

"Duyğular imperiyası"nda da tez-tez rastlaşdığınız "o məni sevir" ifadəsi ilə yazılanlar İlahidən aldığım sevgi təəssüratlarından, yalnız kağıza köçürə bildiklərimdir.

 

*** 

Ola bilsin, kimlərsə bu yazıların mənim yazıçı təxəyyülümün məhsulu olduğunu düşünür. Lakin bu belə deyil.

 

*** 

Dəfələrlə azərbaycandilli oxucularımın, yazdıqlarımı anlamadığına görə utandığını görmüşəm.

 

***  

Bütün əzabları mənə öz içimdə veriblər.

 

***  

Mənə görə ədəbiyyatda dil faktoru önəmli deyil.

 

*** 

Babam – xalq yazıçısı Əli Vəliyevin ara-sıra zarafatla mənə: “salam kolleqa” - deməsindən, yazdıqlarımı oxuduğunu anlayırdım.

 

*** 

Ədəbiyyatda qadın-kişi bölgüsü mənə, bizim məclislərdə tez-tez rast gəlinən kişi-qadın bölgüsünü xatırladır. Baxırsan ki, gözəl süfrə açılıb, kişilər masanın bir tərəfində, qadınlar o biri tərəfində oturub. Və yuxarı başda mütləq kişi oturub.

 

*** 

Açığını deyim, son vaxtlar bədii ədəbiyyat oxumuram. Oxuya bilmirəm. Ədəbiyyat, bədiilik mənə darıxdırıcı və mənasız gəlir.

 

***  

Təhsil almaq, hər hansı peşənin sahibi olmaq, ailə qurmaq, övlad böyütmək, bütün bunlardan və daha nələrdənsə qürur duymaq... hədsiz mənasızdı.

 

***  

Babam Əli Vəliyevin Budağın xatirələri romanı məni heyran etdi.

 

***  

Məişət, əslində yaşadığım əraziyə tam zidd qütb olduğundan, məni həmişə qıcıqlandırıb.

 

*** 

 

Hər halda böyük xoşbəxtlikdir ki, hələ bir o qədər də tanınmıram.

 

*** 

Ədəbiyyatla bağlı son qənaətim budur ki, fikirlər nə qədər dərin və mürəkkəb olsa da, ifadə və cümlələr sadə, təsvirlər aydın olmalıdır.

 

***  

Qadınlar, adətən qocalmaqdan qorxur, yaşlarını gizlədirlər. Nə yaxşı ki, məndə belə bir qorxu yoxdur.

 

*** 

İnsan, onun bu dünyada mövcudluğu, dünya və Kainat barədə bildiklərim məndə bu dünyaya bir də qayıtmağa maraq yaratmır. 

 

*** 

Sufi mətnləri ilə işləmək – tam fərqli ərazilərə düşmək deməkdir.