II İOHAN
(hekayə-roman)
Vaqif Bayatlıya ithaf olunur.
Roma Papası II İohan Pavelin yaxın vaxtlarda ölkəyə təşrif buyuracağı barədə yayılan xəbərlər qəzetlərin bol informasiya yeknəsəqliyində xəbərdən çox, hansısa uzaq, eyni zamanda ən yaxın məsafələrdən sızan sirli həniri andırırdı. Papanın bir vaxtlar hansısa, ayrı dünyanın dəbinə uyğun – başı-ayağı bilinməyən, uzunətəkli, ağ qiyafədə, hündür Katolik Kilsə tacında çəkdirdiyi lal şəkli də, qəzet səhifələrində bir-birinə bənzər ağ-qara üzlərlə görünən insan fotoları arasında şəkildən çox, hadisə təəssüratı yaradırdı.
Hadisə – bu vaxtacan yalnız televizor ekranlarında, çox vaxt Vatikanın cənnət guşəsini andıran küləksiz həyətində keçirilən açıq skripka konsertlərində, yaxud izdihamlı meydan moizələrində gördüyüm əfsanəvi ruhaninin ömrünün bu çağında, köməksiz xəstə halında bura – xristianlıqdan tam uzaq bir məmləkətə gəlməsi idi.
İnformasiya agentliklərinin bir qismi xristian dünyasının böyük nüfuz sahibi sayılan ruhaninin ölkəyə, dövlət başçısının rəsmi dəvətiylə təşrif buyurduğunu bildirirdi. Deyilənə görə, son illərin acınacaqlı müharibə probleminin bir həllini də ölkə başçısı xristian təriqətli mötəbər din xadiminin bu məsələyə müdaxiləsində görürdü. Digər rəsmi mənbələr Papanın bura dövlət səviyyəsində heç bir rəsmi, ya qeyri-rəsmi dəvət almadan, öz şəxsi təşəbbüsü ilə gəldiyini bildirirdi. Məlumatlarda deyilənə görə, səfərin başlıca məqsədi qoca pontifikin dünya müsəlmanlarına və xristianlarına məhz bu ölkədən müraciət etmək arzusu, bəşəriyyəti birliyə, qarşılıqlı dözümə və mərhəmətə çağırmaq niyyəti idi.
– Papa dünya müsəlmanlarına və xristianlarına məhz bu ölkədən müraciət etmək niyyətindədir. – Vatikanın Cənubi Qafqaz üzrə səfiri, apostol, nunsiy Klaudzio Quçerotti informasiya agentliklərinə verdiyi müsahibəsində tarixi təşrifin məqsədini belə açıqlamışdı.
O günlər Papanın ömrünün bu çağında, yeriməyə, danışmağa taqəti olmadığı köməksiz, xəstə halında dünyaya ünvanlayacağı müraciətinin əslində, məhz burda – amansız maddiyyat qanunlarını özündə sabit sədaqətlə yaşadan bu məmləkətdə nəyisə dəyişəcəyini hansısa altıncı hissimlə anlayan, bəlkə də, tək bir mən idim.
– Mənim müraciətim duadır. Böyük Tanrıya ünvanladığım bu duanı mən müqəddəs Məryəm Anayla birgə oxuyuram. Bu duanı, əslində, mən hamınızla birgə oxuyuram. Bu, insanın insan naminə oxuduğu duadır. Yer üzünün bütün insanları naminə, bu dünyada tarix boyu yaşamış və yaşamaqda olan dirilər və ölülər naminə oxunan duadır…
Papanın bir vaxtlar izdihamlı moizə mərasimlərindən birində dediyi bu sözlərdən yadımdadı ki, nə vaxtsa, çoxdan, olsun ki, uzaq uşaqlıq illərində itirdiyim tanış tarazlığımı tapmışdım. Özümü uşaqlarımla, cavan yaşlarında itirdiyim ata-anamla bir, bu möhtəşəm duanın mühafizəsində hiss eləmiş, dünyanın hüdudsuzluğunu anlamışdım…
* * *
Papanın ölkəyə təşrifi ərəfəsində mənimlə qəribə işlər baş vermişdi. Günlərin bir günü küçədə köhnə bir tanışımla – bir vaxtlar yığcam ədəbi məclislərdə oxuduğu təsirli şeirlərindən vəcdə gəldiyimiz, sonradan ədəbi həyatımızın hansı döngəsindəsə itirdiyimiz keçmiş həmkarımla rastlaşmışdım. Qısa hal-əhvaldan sonra məni ən çox narahat edən mövzuya – Vatikan rəsmisinin ölkəyə gəlişinə keçərkən, keçmiş həmkarımın halının dəyişdiyindən çaşqınlığa düşsəm də, bunu büruzə verməmişdim.
O gün biz onunla sanki tamam təsadüfən, keçmiş həmkarımın işlədiyi mötəbər idarənin küləkli səkisində rastlaşmışdıq. O, küçənin o biri tərəfində dinməz parlaqlıqla bərq vuran qara dövlət maşınına sarı addımlayarkən, qəfildən ayaq saxlamışdı, mənə tərəf baxmadan, ani cəldliklə ürəyində nəyisə götür-qoy eləyib aramlı addımlarla səkiyə yaxınlaşmışdı.
Keçmiş həmkarımın dövlət əhəmiyyətli idarəyə keçəndən bəri düşdüyü bu halı – bizlərlə, ədəbiyyata vaxtı ilə onunla bir gəlmiş sadə qələm adamlarıyla rastlaşarkən, səbəbi naməlum pərtliyə, anlaşılmaz çaşqınlığa düşməsi, gah özünü görməzliyə vurub sürətli addımlarla o yerdən uzaqlaşması, gah da cinayət üstündə yaxalanmış kimi, döyüküb yerində laxlaması mənə həmişə qəribə gəlirdi. Çoxları bunu onun, ən çətin, iztirablı illərində ona yaşamağa sığınacaq vermiş Ədəbiyyat qarşısında hansısa gizli günahlar daşıdığı ilə əlaqələndirirdilər. Mən isə bunun, sadəcə, xudbin məmur lovğalığından savayı, ayrı bir şey olmadığına əmin idim. Bu, o gün də baş verdi. Mən Vatikan rəsmisinin səfəriylə bağlı mistik düşüncələrimi, Papanın niyyətinin ilahi aliliyini sübuta yetirən əlaqəsiz fikirlərimi bölüşdükcə, o, məni hansısa uzaqlıqlardan dinləyirdi. Bir qədər keçmiş isə yorğun gözlərini ətrafa gəzdirib sakitcə:
– Onu bir vaxtlar Lyolik çağırırdılar. Axı əvvəllər o, artistlik eləyirdi?!. Sonradan yazıçılığa girişdi. Axırda da Papa oldu – dedi və pərtliyimin dərəcəsini müəyyənləşdirməkdən ötrü gözaltı üzümə zilləndi.
Onun insanları, xüsusən kasıb və hissiyyatlı ədəbiyyat adamlarını pərt eləyib utandırmaqdan, “gücsüz naçarlıqlarını” “ifşa eləyib” lağa qoymaqdan yandırıcı zövq aldığını mən, hələ bir neçə il bundan əvvəl, o həmin bu mühüm məsələlər üzrə dövlət idarəsinə keçməmişdən qabaq, buranın ədəbiyyat sahəsinə nəzarət edən şöbəsində sıravi işçi işlədiyi dövrlər anlamışdımsa da, içi qaramtıl acıq dolu bu həzzin ona nə kimi təsəlli gətirdiyindən baş aça bilməmişdim.
…O, üzbəüz səkinin kənarında yolunu gözləyən qara dövlət maşınını unudub iri addımlarla mənimlə yanaşı addımlayırdı. Gizli dövlət tapşırığı almıştək, düşünülmüş ardıcıllıqla Papanın dünya siyasətinə əlaltı müdaxilələrindən, dünyəvi reformlarda əsaslı dəyişikliklər yaratmağa qadir “məkrli barmağının” nüfuzlu işarələrindən danışırdı.
Mən onun gövdəli vücuduna yaraşmayan balaca ayaqqabılarına baxır, bayaqkı “yersiz uçuşlarıma” görə peşmançılıq hissi keçirirdim. Onun, getdikcə, uzaqlaşdığımız bu mühüm idarəyə keçəndən bəri öz səsindən diksinən sayıq baxışlı ürkək məmura çevrilməsinin səbəbini mən uzun illər bu idarənin qəribə tarımlıqla gərilən pəncərələrinin o biri üzündə qısa, becid addımlarla səhər-axşam o baş-bu başa yeriyən işlək məmurların darısqal əhatəsi ilə bağlayırdım. Bir vaxtlar ölçüsüz duyğularından, az qala, dərisi çatlayan bu “azadlıq carçısının” son illərin müxtəlif rəsmi toplantılarında – beynəlxalq müşavirələrdə və konfranslarda darıxdırıcı saatlar uzunu əlaçı şagird nizamı ilə oturmasını, boğazında tarım düyünlü qalstuk, qulaqlarında tərcümə qulaqcıqları, gözündə eynək, topdağıtmaz təmkinlə qarşısındakı ağ vərəqlərdə hey səliqə ilə nə isə yazmasını müşahidə etdikcə, onun axır ki, bu havasız salonlardan cana doyub bezəcəyini, bütün bu darısqallıqları öz yenilməz şair azadlığı ilə, ölü balığın qarnını yırtantək, yırtıb kənara sıçrayacağını gözləyirdim. Lakin aylar, illər ötür, onun darıxmaq əlaməti sezilməyən üzündə, sıxıntı və kədər duyulmayan gözlərində iztirab və üzüntü əvəzinə, tox məmnunluq izlərini tutduqca, ədəbiyyat və onun seçdiyi fərdlərlə bağlı tam məlumatsız olduğumu anlayır, sirli insan mahiyyətinin gizli imkanları barədə düşüncələrə qapılırdım.
…Biz yolun o biri üzünə keçmişdik, şəhərin mərkəzi xiyabanlarından birinin səkisi ilə üzüaşağı addımlayırdıq. Mən onun ürəyini yumşaltmaq, üzünə sızmaqda davamlı olan acı istehzasını əritməkdən ötrü Papa haqqında bildiklərimi danışırdım. Onun müsəlman ölkələrinə səfərləri zamanı məscidləri ziyarət etməyindən, kimsəsizlərə və kasıblara öz şəxsi büdcəsindən yardım göstərməsindən, moizələr vaxtı duaları poetikləşdirib şeir üslubunda oxumasından, Vatikanın tabeçiliyində olan kilsə icmalarına göndərdiyi hər ensiklikanı poetik misralarla yazdığı dualarla bitirməsindən, darıxdırıcı liturgiyaları səmimi söz məclislərinə çevirməsindən danışırdım…
O məni, yeridikcə balaca ayaqqabılarına baxa-baxa, qəlbinə toxunulmuş uşaq kimi, büzülmüş dodaqlarını gəmirə-gəmirə dinləyir, çox vaxt da susurdu.
Onun cüssəli bədəni ilə qəti uyuşmayan bu balaca ayaqqabıları, qəribədi ki, hələ o vaxtlar – o, gözlərini yumub, dayandığı yerdən sanki bir pillə kənara çəkilib, ilahi şeirlərini oxumağa başladığı dövrlər, şeirlərin mənasını, sehrini necəsə itirirdi…
Mən Papanın bir vaxtlar müqəddəs Pyotr meydanından yayımlanan moizə vaxtı qəfildən duasını kəsib, ucsuz-bucaqsız izdihama sarı çönərək: – “Qorxmayın...” – deməsini xatırlayır, onun, insanlığı bütün ərazilərin və sərhədlərin, təriqətlərin və dinlərin fövqündə, bu dünyadan əsrlər və qərinələrlə köçüb getmiş saysız-hesabsız ruhlarıyla birgə duyduğunu ona anlatmağa çalışırdım.
O, qətiyyətlə susurdu. İçində laxlamaq istəyən hansısa əsaslı hörgülərin nizamını itirib dağılacağından çəkindiyi bilinirdi.
Mən Papanın öz ədəbiyyat sevgisi ilə qədim Vatikan kilsəsində qeyri-ənənəvi ab-hava yaratdığından, əsrlərdən bəri daşlaşmış kilsə qanunlarını laxlatmasından, bununla bütün Vatikanı və mötəbər Kardinallar Gildiyasını sarsıtmasından danışır, bu ədib-möminin Vatikana gəlişi ilə soyuq kilsə qanunlarının arasıyla işə düşən tamamilə ayrı – yazılmamış Ədəbiyyat qanunlarının yaratdığı ab-havanı ona bacardığım qədər təsvir eləməyə çalışırdım...
O, dinmirdi. Üzünün narazı ifadəsi dediklərimin onda heç nəyi dəyişdirmədiyini bildirirdi. Mənsə, öz dediklərimdən axmaq bir kövrəkliklə təsirlənir, boğazıma dolan qəhərimi gizləməkdən ötrü tez-tez öskürür, tələsik yeridiyimdən, ya birnəfəsə danışdığımdan təntidiyimi hiss edirdimsə də, addımlarımı yavaşıda bilmirdim. Bayaqdan, az qala, vaxtı qabaqlaya-qabaqlaya çatmağa tələsdiyim vacib ünvan da, görəcəyim əhəmiyyətli işlər də vacibliyini və əhəmiyyətini itirmişdi... İndi biz keçmiş həmkarımla, sadəcə gəzişirdik.
– Kişi sənət adamıdı. Şairliyini işə salmağa yaxşı məqam tapıb. – Nəhayət ki, o dilləndi və mənə sarı baxmadan, kinayə dolu acı gülüşlə dodaqaltı güldü.
Mühüm idarəyə keçəndən bəri onun bütün ədəbiyyat adamlarına, qələmə sarılmış kasıb və köməksiz şair-yazıçılara duyduğu gizli kinayənin səbəbinin, bu “zəif” və “əfəl” adamların həmin o “köməksiz zəiflikləri” ilə ona o mühüm idarədə, qalın meşin qapılı mötəbər iş otağında necəsə, mane olduğunu, onun “bədii söz”lə bağlı gizli, sarsıdıcı əzablar çəkdiyini mən, təxminən bir neçə ay bundan əvvəl, həmin bu mötəbər idarənin səkisində rastlaşdığımız gün anlamışdım. Ötüb-keçmiş ədəbiyyat havalı, ehtiyac və nisgil dolu günlərimizi, bu dünyadan köçmüş qələm dostlarımızı xatırladıqca və mən gödək Yer radiuslarından çıxıb Bədii Sözün hüdudsuz ənginliklərində pərvazlandıqca o həmin gizli kinayə ilə qımışmışdı:
– Siz Allah, qurtarın bu komediyanı. Sehr nədi, filan nədi?!.. – deyib sözümü kəsmişdisə də, sonradan öz-özünə nədənsə əzildiyi hiss olumuşdu. Məhz həmin an mən Bədii Sözdən onu məhv edə biləcək qüvvətli və möhtəşəm olan nədənsə qorxantək, qorxduğunu anlamışdım.
…O, həmin gün də o xofun içindəydi. Rəngi avazımış, dəqiqədəbir səyriyən dodaqlarının rəngi qaçmışdı. Özünü sındırmadan, ləng və rahat addımlarla yerisə də, içində vurnuxduğu, nəyisə qabaqlayıb qalib çıxmaq istədiyi bilinirdi.
Bir qədər sonra biz mühüm idarənin binasından xeyli uzaqlaşmışdıq. Heç hara tələsmədən, asta addımlarla dənizkənarı xiyabanın yaşıllıqları ilə addımlayırdıq.
O, hələ də işgüzar inadla mənim “Papa eyforiyamı” dağıtmaqla məşğul idi və elə bil o da, bir müddət əvvəl getməyə hazırlaşdığı vacib yeri və daha vacib nələrisə unutmuşdu.
– Bütün bu danışdıqların yaradıcılıqdı. Yazıçı təxəyyülünə işləyən materialdı – O, bitməsi təcili vacib olan nəyəsə möhür vuran kimi, dedi. – Bu dünyada sehr axtarmaq, suyun altında quş axtarmaq kimi, bir şeydi – əlavə eləyib susdu.
Mənimsə təslim olmaq fikrim yox idi. Mən yorulmadan, Papanın bir vaxtlar Yer üzünü lərzəyə gətirən Səlib yürüşlərinə görə bütün müsəlman dünyasından üzr istəməsini, Katolik Kilsəsinin tarixində baş vermiş bütün xoşagəlməzliklərə görə, xristian Şərqi ilə pravoslavlar arasında əlaqələrin kəsilməsinə gətirib çıxaran dini münaqişələrə və inkvizisiyalara görə, hətta nə vaxtsa, orta əsrlərdə yaşamış dahi riyaziyyatçı-astronom Qalileo Qalileyin inkvizisiya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilməsinə görə yer üzünün bütün insanlarından üzr istəməsini, bütün bu tarixi günahları öz üzərinə götürməsini xatırlayır, bir vaxtlar Günəşin Yer kürəsinin və başqa planetlərin başına yox, əksinə, Yer kürəsinin və planetlərin Günəşin başına hərləndiyini sübuta yetirmiş Qalileyin, ölümündən 340 il keçməsinə baxmayaraq, Papanın təkidi ilə bəraət almasını yada salırdım...
O, qarşısından ötüb-keçdiyimiz mağazaların vitrinlərinə baxa-baxa yeriyirdi. Sonra elə o tərəflərə baxa-baxa da:
– Bu, əfsanədi. İnsanı ölümündən sonra nədən azad eləmək olar axı?.. – deyib, üzü o tərəfə pis-pis güldü.
Onda mən yer üzündə kəsilən cəzaların, o biri dünyada davamı ilə bağlı fərziyyələrimi ona açıqladım. Dini kitablardan, qədim yunan əsatirlərindən misallar gətirdim.
O, niyəsə bundan bərk əsəbiləşdi və yolun davamını üzünü mənə sarı çevirmədən yeridi. Biz bir müddət gərgin sükut içində addımladıq.
Mən Papanın təşrifi ilə əlaqədar onun içini oymaqda olan xofun səbəbi barədə düşünür, bir tərəfi ilə Ədəbiyyata, o biri yarısı ilə darısqal məmur mühitinə aid olan bu acıqlı insanın həyatında əsaslı rol oynamış zəhərli arvadını xatırlayırdım…
…Bu qadının zəhərli olduğunu, bu keçmiş həmkarımın ictimai yerlərdə, rəsmi tədbirlərdə arvadıyla, təhlükəli və öldürücü olan nə iləsə rəftar edəntək, gizli ehtiyatla, sayıq ehtiramla davranmasından, arvadının ayaqqabılarına, əlcəklərinə həsr elədiyi xof dolu şeirlərini, oxunması vacib buyrulan dövlət sənədini oxuyantək, məsul gərginliklə oxumasından hiss etmişdim. Vaxtının əksər hissəsini həmin o idarədə – təkadamlıq kameranı andıran darısqal iş otağında keçirməsini, bu zəhərli qadınla üzbəüz tənhalıqda qalmağın dəhşətindən qurtulmaq cəhdi olduğunu anlamışdımsa da, sonradan hər şeyi yaşadığımız dünyanın incə şair ruhunu dağıdan amansız qanunlarının ayağına yazmışdım. Onun işıq pulunu ödəyə bilmədiyi vaxtları, soyuq qış ayları işıqsız və isidicisiz qalan balaca mənzilini, ehtiyac qanıqaraçılığından qırışı heç vaxt açılmayan köynəklərini xatırladıqca ürəyim sıxılır, bir vaxtlar işə xarabalıqlar bayquşunu andıran kədərli vücuduyla gəlib, küncdəki iş masasının arxasına keçən və ordan məlul baxışlarla üzümüzə zillənən bu adamın zaman ötdükcə, iblisanə dəyişikliyə uğramasının, bu sayaq sintetik məmura çevrilməsinin üsulları barədə düşünürdüm. Onun içində, aradabir gizli yarasından köynəyinə sızantək, üzünə sızan çoxlu sayda günahlar gəzdirdiyi gözlərinin növbənöv qorxular və vahimələr gizləyən ifadəsindən sezilirdi. Mən bu günahların çoxlu sayda ayrı səbəbləri olduğu barədə düşünürdümsə də, bunun nə olduğunu anlaya bilmirdim. Daha doğrusu, buna gücüm çatmırdı. Hər dəfə o “naməlum səbəblər” ərazisinə keçmək istəyərkən, uzun müddətdən bəri dəyişilmədiyindən ağırlaşmış havadan zəhərlənəntək zəhərləndiyimi duyurdum.
Biz xiyabanı ötüb dənizkənarı prospektə çıxmışdıq. Keçmiş həmkarım dayanmadan siqaret çəkir, rəngini siqaretin tüstüsü, ya illərin axarıyla itirib bozaran vücudu tunc heykəli xatırladırdı. O, sanki kimlərinsə gözündən yayınmaqdan ötrü tam səssiz addımlarla yeriyir, ayaqlarını ehmal-ehmal ata-ata, elə bil mənim dediklərimi yox, düşündüklərimi eşitmək istəyirdi.
Mənsə hələ də Papadan danışırdım. Həmkarımın zəhlətökən istehzasının axırına çıxmaqdan ötrü, Papanın keçirdiyi əlamətdar rituallardan, tüpürcəyinin, niyəsə radionun içindən çıxdığını deyib, qorxunc bağırtılarla döşəmədə qıvrılan yeniyetmə qızı İblisin tələsindən azad etdiyi tarixi hadisəni xatırlayırdım…
“İblis bu dünyaya ağalıq edir. O, bizləri ən gözlənilməz məqamlarda öz təsiri altına salmaq bacarığını əldən vermir”.
Papanın bir vaxtlar İblis barədə dediyi bu sözlərdən, nəhayət ki, həmkarımın rənginin qaçdığını, üzünün qəribə tarımlıqla dartılıb dəyişdiyini hiss etdim və söhbəti bitirdim.
O günün axşamı biz onunla bir də rastlaşdıq. Bu dəfə həmkarım mənim yuxumda peyda oldu…
Heç cür bitib qurtarmayan həmin o yuxuda mən onun göstərişi ilə xırda işarələr və hərflərlə dolu əcaib cədvəlləri doldurmaqla məşğul olmuşdum… Yuxunun bir aləmi hərflərin və işarələrin hədsiz xırdalığından gözlərimin qaraldığını, başımın ağırlaşdığını hiss edib ayağa sıçramaq, kağız və toz iyi qoxuyan bu məşəqqətli yerdən qaçmaq istəmişdimsə də, tərpənə bilməmişdim… Qorxunc cədvəldoldurma əməliyyatı axır ki, bitib başa çatmışdı. Həmkarım onları nəhəng qovluqlara doldurub ayağa qalxmışdı, üzündəki qalib təbəssümlə mənə:
– Səni təbrik edirəm, əmrin artıq verildi. Sabahdan vergi müfəttişi işləyəcəksən. – deyib mürəxxəs olmuşdu…
Səhəri günü mən yuxumu xatırlamasam da, axşama yaxın, işıq idarəsindən gələnlər qapımızı döyərkən, qəfildən həmkarımın yuxuda mənə elədiyi təklifi xatırlamış, bundan qəribə bir məmnunluq duyduğumdan dəhşətə gəlmişdim…
* * *
Bir vaxtlar şəhərin ucqar, kasıb məhəllələrində yaşayan, səhərlər soyuq, qarlı küləkləri nazik, nimdaş pencəyi ilə yara-yara pay-piyada işə gələn bu məmur-dostumun dünyanın küləksiz tərəfinə həyatının hansı döngəsində, hansı gizli qüvvənin hökmüylə keçdiyini düşündükcə, niyəsə həmişə gözümün qabağına onun akvarium balıqlarını andıran dəyirmi sifətli uşaqları, kasıbçılığın, əziyyətli və ucuz həyatın məftil kimi burub qaraltdığı zəhərli arvadı gəlirdi... Gözünü onun adamdoyurmaz maaşına və ara-sıra aldığı ütük qonorarına dikmiş bu əzabkeş qadının bəzən cana yığılıb, zülmət qaranlıq gecələrlə onu “vecsiz” şair qələmi ilə döydüyünü, sonra həmin o qələmi aylar və illərlə yazıb üst-üstə yığdığı bir qalaq “cəfəngiyyatıyla” bir çörək əvəzinə, özünün və uşaqlarının ağzına tıxayıb yediyini təsəvvürümə gətirir, bundan ürəyimin sıxıldığını hiss edirdim.
O, indi də şeir yazırdı. Bu şeirlərdə yenə tənhalıqdan, sarsıntılardan üzüldüyünü etiraf edir, Allahı, insanları köməyə çağırırdı. Lakin misraları adama daha əvvəlki kimi toxunmurdu. Bəzən mən onun bu heysiz sözlərini qucağıma yığıb hardasa gizləmək, onu bu lazımsız söz külliyyatından xilas eləmək, incə şair ruhunu məhv edib, əvəzində şərti reflekslər üzrə yaşayan böcək yetişdirmiş həmin o sirli qüvvəni tapıb meydana çıxarmaq istəyirdim…
* * *
Hər şey gündəlik axarıyla davam etməkdə olan adi günlərin birində baş verdi. Bir səhər mən necəsə qəfildən dörd bir yanımı əhatə edən əşyaların – zahirən heç bir təhlükə saçmayan bu cansız ünsürlərin hansısa xüsusi təsir gücünə malik olduğunu hiss etdim…
Bu, yazqabağı qış geyimlərini şkaf rəflərindən boşaldıb, yay geyimləri yığılan çamadanlara yerləşdirmək istədiyim havasız bir gündə baş verdi. Çamadanlardan boşaldılmış yüngül yay geyimləri qış geyimlərinə qarışıb ətürpədən bir mənzərə yaratmışdı… Mən rəngbərəng köynəklərin və jaketlərin, papaqların və əlcəklərin, şalvarların və çimərlik geyimlərinin başgicəlləndirən fəvvarəsinə düşmüşdüm… nə eləməli, hardan başlamalı olduğumu anlaya bilmir, ürəyim bulana-bulana, gözlərim qarala-qarala dayanıb qalmışdım… Nəhayət, halımın xarablaşdığını duyub yatağıma sərilmiş və axşama qədər gün vurmasından zədələnmiştək, yatmışdım.
Eyni ilə belə bir hal mənimlə bir qədər sonra – həmin bu məmur həmkarımın ad günündə, onun şəhərin mənzərəli yerlərindən birində ucaldılmış üçmərtəbəli, zəngin malikanəsində, dörd bir yanı dəbdəbə və sarsıntı saçdığı möhtəşəm imarətdə baş vermişdi... Həmin o axşam mən əlli adamlıq əntiq stolun cərgəli düzülüşündən, masanın üstünü dolduran müxtəlif ölçülü və quruluşlu qabların çoxluğundan, otağın yuxarı başında əkiz pəhləvantək, qoşa dayanan pəzəvəng bufetlərin duruşundan vahimələnmişdim... Bədənimdən öldürücü cərəyanların ötüşdüyünü hiss etdikcə, bunun, çıxılmaz tələyəbənzər nəyinsə içinə düşməyimin xofu olduğunu, məni iblisanə bir yekdilliklə dövrəyə alan əşyaların həbsində olduğumu anlamışdım…
* * *
…Həmin gün şair dostumun süfrəyə xüsusi bir nizamla düzülmüş lətif qab-qaşıqla, çini nimçələr və şərabın rəngini xüsusi çalarda oynadan büllur badələrlə qəribə bir sayqıyla, sayıq və ehmal ehtiramla rəftar etdiyini, çəngəl-bıçağı, işlənməsin deyə, az qala, yeməyə toxundurmadan, havada işlətdiyini, hər qurtumdan sonra badəsini, qəribə bir ehtiyatlıqla yerinə qoymasını, xanımının içi qab-qacaq dolu əzəmətli bufetlərin qarşısından dərin təvazö ilə ötməsini müşahidə etdikcə, bu insanların öz əşyalarından qəribə bir məsuliyyətlə çəkindiyini, onlarla, müqəddəratlarını həll edən ali varlıqlarla hesablaşantək, hesablaşdıqlarını öz gözlərimlə görmüşdüm, zahirən cansız əşya təsiri bağışlayan bu məişət xırdalığının sirli qüvvəyə malik olduğunu, öz davamlılığı və əbədiliyi ilə canı olan hər bir şeydən hansısa üstünlüklər təşkil etdiyini anlamışdım.
Mənim bu xəstəhal əşya qorxum nə iləsə, məmur həmkarımın həmin o gizli Ədəbiyyat qorxusunun davamına, ya bəlkə də, əvvəlinə bənzəyirdi. Bəzən mən bu qorxular kəsiyində bircə şeyi dəqiq anlayırdım ki, dostumla mən, bu dünyanın bir-birinin qəsdinə duran və eyni zamanda biri o birini qəribə bir uyarlıqla tamamlayan hansısa zidd qütbləri ilə – bədənin ruhla, şüurun duyğuyla, aşkarın gizliylə bir-birinə qənim kəsildiyi, yaxud bir-birini necəsə istisna etdiyi hansısa sirli qanunauyğunluqlarla bir-birimizdən qorxuruq…
* * *
Papanın ölkəyə səfəri ilə əlaqədar dövlət səviyyəsində də hazırlıq işləri gedirdi. Mötəbər ruhaninin qarşılanma mərasiminin, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşünün, şəhərin ən iri idman komplekslərindən birində nəzərdə tutulan kütləvi moizə mərasiminin yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görülürdü. Vatikan rəsmisinin ölkədə olacağı vaxt qalacağı nəzərdə tutulan Prezident İqamətgahında da – şəhər yüksəkliyinin mənzərəli xiyabanlarından birində ucalan dəbdəbəli sarayda da mötəbər qonağın gəlişinə hazırlıq işləri gedirdi. Müqəddəsin ölkəyə gəlişinə bir gün qalmış isə qəzetlər Vatikanın Xüsusi İdarəsinin səfərlə bağlı verdiyi açıqlamalarda Papanın, onun üçün hazırlanmış Prezident İqamətgahında yox, şəhərin kənar məhəllələrindən birində yerləşən balaca, görkəmsiz hoteldə yaşayacağının qərara alındığı barədə məlumatlar yaydı.
Pontifikin Prezident İqamətgahında yerləşdirilməsi təklifini qəbul etməməsinin səbəbləri barədə nə rəsmi Vatikan, nə də yerli dövlət qurumları tərəfindən heç bir açıqlama verilmədi. Lakin elə həmin gün şəhərin küçələrində, uzunətəkli geyimlərdə, boyunlarındakı yoğun zəncirlərini xışıldada-xışıldada gəzişən əcnəbi katoliklər, çəhrayı üzlü cavan keşişlər görünməyə başlamışdı.
* * *
Müqəddəs Pyotrun xələfi, əfsanəvi Roma Papası II İohanın ölkəyə təşrif buyuracağı gün şəhərə narın yağış çiləyirdi... Yazın son ayı olmasına baxmayaraq, bəzən narın çilərtinin sulu buz dənəciklərini andıran doluya keçməsi də müşahidə edilirdi. Sanki kimsə, hardansa yuxarılardan, tarlaya toxum səpəntək, aşağılara dolu səpirdi…
Papanın ölkəyə qədəm qoyduğu günün axşamından başlayaraq isə bütün gecəni paytaxt səması göyümtül-mavi şimşəklərdən dağılmağa başladı. Şimşəyin səsinə çölə boylananlar bu məmləkətdə heç vaxt görmədikləri əfsanəvi mənzərənin – ecazkar səma atəşfəşanlığının şahidi oldular.
Göy üzünü qeyri-mütənasib şırımlarla dörd yerə bölən göyümtül səma çaxıntılarına baxdıqca mən o günün günortasını – tutqun səmalı yaz günortasını, uzaq Vatikandan uçub şəhərdən bir neçə kilometr aralıdakı hava limanında aramla yerə enən qırmızı zolaqlı təyyarəni, bir qədərdən sonra təyyarə qapısında görünən titrək qocanı xatırlayır, vaxtı ilə onun Kardinallar gildiyasının fövqəladə toplantısını çağırtdırıb, Roma Katolik kilsəsinin Allah və insanlar qarşısında tövbəsi barədə qəbul etdirdiyi heyrətamiz qərarını xatırlayır, ahıl dindarın, neçə-neçə müqəddəsin uyuduğu əzəmətli Vatikan divarları arasında baş vermiş hansı günahları nəzərdə tutduğunu düşünür, ürəyimin sıxıldığını hiss edirdim...
* * *
Dünyaşöhrətli Yepiskopun ömrünün bu çağında – yeriməyə, danışmağa taqəti olmadığı xəstə vəziyyətində dünya xalqlarına müraciət etməkdən ötrü məhz bura təşrif buyurması, o günlər hamıya qəribə gəlirdi. Əfsanəvi Roma müqəddəsini buna vadar edən nə idi, görən?.. Bu balaca, qarabuğdayı müsəlman məmləkəti bu ağbənizli, dünya şöhrətli qoca xristian üçün hansı əhəmiyyət kəsb edirdi?!.
Papa barədə o dövrlər az-çox məlumatlı olanlar bu fikirdə idilər ki, pontifik ölkəyə, həqiqətən, dünya xalqlarına müraciət etmək, dünyanın diqqətini son illərin siyasi qarışıqlığında torpaqlarını itirmiş, saysız-hesabsız şəhidlər vermiş bu məmləkətə yönəltmək məqsədi ilə gəlmişdi. Xilas duasının məhz burda, az qala, səsin də maddiləşdiyi bir ölkədə oxunmasının bizlərin bilə bilmədiyi nə isə daha əsaslı və gizli səbəbləri var idi, görünür.
* * *
Qarşılanma günü mərasimin yayımlanması məqsədi ilə aeroporta axışan yerli və xarici jurnalistlərin, foto-müxbirlərin və yöndəmsiz telekameraların sayı-hesabı yox idi… Dövlət rəsmiləri qayğılı və yorğun halda qarşılanma zolağının yan tərəfində dayanmışdılar.
Qırmızı zolaqlı Vatikan təyyarəsi səmada göründüyü an limana ümumi sakitlik çökmüş, təyyarə aramlı ləngərtilərlə yerə endikdən sonra qapısına eniş pilləkəni ötürülmüş və az sonra müşayiət dəstəsinin köməyi ilə çölə çıxarılan Papanın ağ geyimli bəyaz vücudu görünmüşdü…
Papanın təyyarə qapısında görünməyi ilə, qarşılanma zolağının arxa tərəfində işarə gözləyən hərbi orkestr Vatikanın kədərli himnini çalmağa başlamış, dövlət rəsmiləri aramlı addımlarla təyyarəyə yaxınlaşmışdılar.
Ruhaninin səhhətinin hədsiz ağır olduğu, hava limanından birbaşa yayımlanan telereportajda da gözə çarpırdı. O, köməksiz hərəkət edə bilmir, eniş pillələrindən endirilən arabasına zorla dayaqlanır, ətrafı, dünyaya yenicə göz açmış quş balası kimi, anlaqsız baxışlarla seyr edir, üzündən geriyə qayıtmaq həvəsi oxunurdu…
Deyilənə görə, bir vaxtlar o öz qənimi, Müqəddəs Pyotr meydanına yaxın binaların birindən güllə açaraq, onu ağır yaralayan Məhəmməd Əli Ağcayla təkadamlıq kamerada görüş zamanı ona da həmin bu anlaqsız gözlərlə baxmışdı…
Papanın ölmədiyindən heyrətə gəlmiş Ağca, ona baş çəkməyə gələn pontifikə:
– Siz niyə ölmədiz?.. Axı bilirəm ki, dəqiq nişan almışdım?! – dedikdə, pontifik duasını bitirib səssiz addımlarla kameranı tərk etmişdi. Dustaqla təkbətək keçirilmiş bir saatlıq görüşün gedişi ictimaiyyətə açıqlanmadan, məxfi saxlanılmış, zindanı tərk edib kilsəyə dönən pontifik qatilinin əfv edilməsi barədə bəyanatını imzalamışdı. Bu hadisə ilə bağlı sonrakı açıqlamalarından birində o:
– Bu dünyanın insanı xoşbəxt etmək gücü yoxdur… – demişdi.
O dövrlər Papanın Məhəmməd Əli Ağca ilə bağlı açdığı yeganə sirr – ona açılan güllənin trayektoriyasının ilahi möcüzəylə – müqəddəs Məryəm Ananın əli ilə dəyişdirilməsi, görünməz əlin son məqamda onu ölümün astanasında saxlaması idi...
* * *
Bütün bunlar rəvayətdi deyib, yenə həmin tanış sınayıcı baxışlarla üzümə zillənən şair-dostum məni Papanın ölkəyə gəlişi ilə əlaqədar təşkil olunmuş tədbirlərin birində, adamla dolu nəhəng zalın içində qəribə bir çevikliklə tapmışdı. Səsindəki arxayınlıq, üzünün rahat məmnunluq ifadəsi və daha nələrsə, o axşam onun nədəsə haqlı olduğunu deyirdi.
Həmin tədbirdə şən musiqinin, gur səsli gümrah adamların əhatəsində mən öz gücsüzlüyümü, Papayla bağlı qənaətlərimin əsassızlığını anlayıb özüm-özümə təslim olmuş, niyəsə, qəfildən özümü, ölkənin ucqar dağ kəndlərindən dəbdəbəli şəhər mühitinə düşmüş yöndəmsiz əyalət adamı kimi hiss etmişdim. Tədbiri yarımçıq tərk edib evə dönmüş, televizoru, kompüteri açmadan, yerimə girib yuxulamışdım və bütün yuxunu inadkar həmkarıma təslim olmağa davam eləmişdim...
Yuxu qəribə ardıcıllıqla, bir-birinin ardınca meydana çıxan sənədli dəlillərlə Qalileo Qalileyin üç yüz qırx il bundan əvvəl elmi səhvə yol verdiyini, Yerin və planetlərin Günəşin ətrafına yox, əksinə, Günəşin Yerin və planetlərin ətrafına dövrə vurduğunu sübuta yetirir, mən gözlərim qarala-qarala bağışlanmaz səhv etdiyimi, Qalileo Qalileyin də, Papanın da, özümün də gücsüzlüyümü anlayırdım…
* * *
Müqəddəs Atayla Prezident Sarayında keçirilən təntənəli görüş, səhnəyə cavan kahinlərin köməkliyi ilə çıxarılan qoca pontifikin gurultulu alqışlarla qarşılanması ilə başladı.
Pontifik səhnənin ortasına sarı bir neçə zəif addım atıb dayandı, titrək əlini havaya qaldırıb salondakıları salamladı, yalnız bundan sonra arxasında dayanan rahiblərin köməyi ilə hündür söykənəcəkli, qırmızı, məxmər üzlü kresloya əyləşdi.
Mərasimi xoş sözlərlə açan ölkə başçısı son illərin ağır siyasi burulğanlarında çapalayan məmləkətin durumundan – itirilmiş torpaqlardan, ağır qaçqın və köçkünlər probleminin həlli yollarından danışaraq, dünyanın bütün təriqətlərinin, dini icmaların, eləcə də ayrı-ayrı nüfuzlu din xadimlərinin bu insanəhəmiyyətli məsələdə öz sözünü deyəcəyinə ümidlər bəslədiyini bildirdi.
Qoca pontifik çıxışçını sanki eşitmir, qocalıqdan, ya səfər yorğunluğundan ağırlaşan göz qapaqları bağlanır, yuxunun ağırlaşdırdığı bəyaz başı sinəsinə asılırdı. Vaxtaşırı kreslosunun arxasında müntəzir dayanan cavan rahiblərin ehtiyatlı pıçıltısına dik atılır, ətrafı, indicə görürmüş kimi, yuxulu gözlərlə seyr edir, sonra yenə mürgü dəryasına qərq olurdu. Bəzən onun, mürgü görüntülərinin hüdudsuzluğunda nələrəsə toxunub sarsıldığı, titrək əlləriylə üzünü, başını qapayıb oralardan tezcə uzaqlaşmaq istədiyi bilinirdi. Bəzən oturduğu yerdə öz-özünə kövrəlir, gözünə dolan yaşı saxlamağa gücü yetmədən, sakit-sakit ağlayırdı.
– Bunun başı xarabdı – kimsə sağlam səslə arxada pıçıldadı.
– O ağlamır. Gözlərinin suyu axır. Deyən lazım ki, balam, qocasan, qaxıl otur yerində də – yanında oturan birisi digərinin “səhvini düzəltdi”.
…Ölkə başçısından sonra söz Roma Papasına verildi.
Ruhani sözünə ayağa qalxmadan, danışmağa heyi çatsın deyə, nəfəsini bir müddət nizamladıqdan sonra başladı. Xəstəliyin keyidib ağırlaşdırdığı dilini ağzının içində zorla hərəkətə gətirə-gətirə güclə anlaşılan qırıq kəlmələrlə İlahi Rəhmin sonsuzluğundan, Yer üzünün ehtiyaclı olduğu qarşılıqlı dözüm və insan mərhəmətindən, dünyanı xilas edə biləcək Bədii Sözün şəfqətli gücündən danışdıqca təngiyib doluxsundu, dəqiqədəbir susub boğazına dolan qəhərini uddu...
O danışdıqca səhnədən tamaşa salonunun yarıqaranlığına axan dalğayabənzər nəyinsə içəridə nələrisə dəyişdiyi, görüş iştirakçılarını çaşdırıb pərt elədiyi bilinir, bəziləri içəri dolmağa davam edən bu anlaşılmaz, yad havaya müqavimətlə gizli-gizli əsnəyir, digərləri arxa cərgələrdə əsəbi-əsəbi pıçıldaşırdılar…
– Heç nə eşidilmir…
– Anlamaq olmur, o nə deyir. Bunların tərcüməçisi-filanı yoxdumu, görən?..
Papanın titrək səsi salona yayıldıqca onun bura, bu duyğusuz, küləkli məmləkətə bizləri anlamadığımız nələrdənsə – hansı uçurumlardan və təhlükələrdən qorumaq, gizli ağrılardan və darısqallıqlardan azad etmək naminə, yoxsa, tək bir məndən ötrü – bu dünyada məhv olmadan yaşamaqdan ötrü zəruri olan köndələn duyğularımın həqiqiliyini təsdiqləməyə gəldiyini anlayır, böyük İlahi Rəhmin hüdudsuzluğunu dərk edirdim...
…Pontifik danışdıqca fikirləri tez-tez qırılır, gözləri məchulluğa zillənib qalır, sanki dediklərini ordan oxuyur, danışanda əzab çəkdiyi bilinirdi. Çıxışının sonunda o, rahiblərin köməyi ilə ayağa qalxdı, titrək əlini havada saxlayıb kiməsə qəzəblə:
– Aclar qarşısında yemə!.. – dedi, sonra dayandığı yerdə heysiz ləngərtiylə yellənib, – yeyirsənsə, onları da süfrənə dəvət elə... – deyib susdu.
Papanın bu qəfil çağırışından sonra salona pıçhapıç düşdü. Bayram təntənəsi saçan qırmızı örtüklü səhnə bir müddət hərəkətsiz donuqluqda qaldı...
Ortaya düşən pərtliyi səhnəyə çıxarılan uşaq xoru pozdu.
* * *
…Vatikan başçısının səfəri bitib başa çatandan və qoca pontifik gəldiyi minvalla qırmızı zolaqlı təyyarəsinə mindirilib vətəninə yola salındıqdan sonra ölkə ərazisində qəribə iqlim dəyişiklikləri işə düşdü. Axşama yaxın ucqar dağ rayonlarına, o yerlərdə bineyi qədimdən görünməmiş, güclü tropik yağışlarını andıran yağışlar yağdı. Bol yağış kütləsinin bir sıra yaşayış məntəqələrini, əkin sahələrini və zəmiləri suyun altına alması əhali arasında çaşqınlıqlar yaratdı. Paytaxtda vəziyyət bir qədər sabit olsa da, o biri günün axşamı şəhər səmasını tutmuş qalın bulud topalarının arxasından aramlı göy gurultuları eşidilməyə başladı. Gecəyə yaxın, küçələri bol yağış sularıyla dolduran güclü yağıntı şəhər nəqliyyatını ağuşuna aldı. Yerli hidrometeoroloqlar anomal yağıntını ölkə ərazisinə şimal bölgəsindən axan qalın bulud örtüyü ilə əlaqələndirsələr də, mən bunun Papanın yağışları olduğunu anlayırdım. Pəncərə şüşələrini, damın dəmirlərini səhər-axşam, gecələrlə morze ötürücüsü kimi, döyəcləyən yağışların səsi altında yazdığım hekayə də başdan-başa yağışla dolu idi. Bəzən mən Papanın yağışlarını kəsilməyə qoymayanın mənim bədii yağışlarım olduğunu düşünür, onlarla mümkün qədər ehtiyatlı davranmağa çalışırdım. İş o yerə çatmışdı ki, bu yağışları, öz bədii yağışlarımı idarə eləyən kimi idarə eləyir, yol getdiyim yerdə istənilən yerdə onları dayandıra, sonra yenidən yağdıra bilirdim. Yerli hidrometeoroloqların “siklon yağışları” adlandırdığı bu yağıntının tezliklə kəsiləcəyi barədə günaşırı yaydıqları proqnozların hər dəfə səhv çıxması məni təəccübləndirmir, yenicə biçilmiş ot qoxusu saçan bu şüurlu yağıntının, deyildiyi kimi, “şimal küləklərinin qovub gətirdiyi bol bulud yağıntısı” yox, bu məmləkətə, buraları başdan-başa yuyub təmizləmək niyyəti ilə gəlmiş Papanın yağışları olduğunu anlayırdım...
Papadan sonra ölkədə, həqiqətən, nəyinsə dəyişdiyi, nəyinsə sona yetib bitdiyi bilinirdi… İl uzunu gah şimaldan, gah cənub istiqamətindən əsən küləklərin bulandırıb bozartdığı dənizin də, tozanağın altında bozara qalan yaşıllıqların da rəngi dəyişmişdi. Papanın şəfqətli yağışlarından sonra elə bil insanlar da dəyişmişdi. Şəhərin küçələrini yorğun izdihamla dolduran paytaxt əhlinin seyrəlməsi müşahidə olunurdu. Xüsusi işlər üzrə dövlət idarəsinin binasında da nə isə dəyişmişdi. Bina sanki nədənsə hürkmüş kimi, dayandığı yerdən bir addım geriyə çəkilmiş, balacalaşmışdı. Qarşısındakı geniş səki də qəribə ürkəkliklə yığılıb ensizləşmişdi. Aramsız yağışların gölməçələr yaratdığı maşın yolu boşalmış, binanın monumental girəcəyi – qızılı haşiyəli nəhəng giriş qapıları davamlı yağışlardan, ya başqa nədənsə parlaqlığını itirib qaralmışdı.
…Mənsə, az qala, yuxuda da yazır, bəzən yazdıqlarımın xəstəhal yazıçı uydurması olduğundan xofa düşür, yazılı vərəqləri cırıb zibil qutusuna atır, sonra cırdıqlarımı yenidən yazırdım. Bəzənsə yuxularıma xüsusi uniformada gələn keçmiş həmkarımın sərt göstərişlərini və düzəlişlərini yerinə yetirir, qızdırmalı sayıqlamaları andıran bu darısqallığın cəngindən qurtula bilmir, ona təslim olurdum. Bəzi yuxularda isə mənim bədii yağışlarımın içinə düşüb başlarını itirən, xof 4dolu üzlərlə harasa tələsən qələm dostlarımla rastlaşır, onları nələrdənsə xilas eləməkdən ötrü həyəcandan boğula-boğula:
– Qorxmayın… qorxmayın... – deyir və niyəsə, özüm-özümdən vahimələnirdim...
2003