YOL ÜSTƏ
Afaq Məsud
İŞTİRAK EDİRLƏR:
Məxmirə Qəndabova – yaşı 70-i adlamış qocaman aktrisa.
Xasay Dilgir – bir vaxtlar böyük vəzifələrdə çalışmış, həmin dövrlər bir sıra orden-medal və fəxri adlara layiq görülmüş, ömrünün ahıl çağında hansısa naməlum səbəbdən müflisləşib gününü vağzal perronlarında keçirən qocaman yazıçı.
Nəzarətçi – xidməti uniformada guya perronlara nəzarət edən, əslində isə “ovunu” sidqi-ürəklə ələ keçirməyə çalışan, bəzi məqamlar hansısa əlamətləriylə şeytanı xatırladan ortayaşlı, dolubədənli dəmiryolu işçisi.
Tumsatan qadın, baş rejissor, köməkçiləri, fəhlələr və sair.
BİRİNCİ HİSSƏ
Vağzal perronunu andıran yarıqaranlıq məkan. Sağ tərəfdə çarxların üstündə qurulmuş qatarların hərəkət cədvəli, tən ortada hündür dirəyin başından asılmış dəyirmi vağzal saatı, adda-budda işıq dirəkləri və skamyalar gözə dəyir. Arxa məkanı səhnədən ayıran şəffaf örtüyün o biri üzündən əli çamadanlı sərnişin kölgələri görünür. Yük daşıyan arabaların səsi sərnişin səslərinə qarışıb.
Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Üçüncü, altıncı, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! Təkrar edirəm: üçüncü, altıncı, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır.
Hardansa, yaxınlıqdan aramla işə düşən qatar təkərlərinin səsi və fiti eşidilir. Səslər getdikcə azalır və səngiyir. Məkana sakitlik çökür.
Naməlum ərazidən səslər.
Yaşlı kişi səsi. Bura haradı, bala?
Cavan oğlan səsi. (Kədərlə) Vağzaldı... qatarların yorulub susduğu məkan...
Yaşlı kişi səsi. Bəs bu adamlar...
Cavan oğlan. Sərnişinlərdi... burada hər kəs öz qatarını gözləyir...
Qadın səsi. Burada hamı yol üstədi…
Səhnə aramla işıqlanır. “Per Günt” operasından musiqi. Perrona hər iki əlində nəhəng çamadan, bir qoltuğunda iri fikus dibçəyi, o biri qoltuğunda nəhəng çətir Məxmirə Qəndabova daxil olur. İri addımlarla saat dirəyinin üstünə yeriyir, əlindəkiləri yerə qoyub qol saatının əqrəblərini vağzal saatının əqrəbləri ilə uyğunlaşdırır, sonra çamadanların dəstəyindən yapışıb, gah qoltuğundakı fikus dibçəyini, gah çətirini sürüşdürüb yerə sala-sala, skamyaların ətrafında dolaşır.
Səhnənin digər tərəfindən perrona nimdaş, əzik geyimli Xasay Dilgir daxil olur. O, Məxmirəni sezmədən, dağınıq addımlarla perronun mərkəzinə yeriyir, vağzal saatı asılmış dirəyə çatıb ayaq saxlayır, dağınıq hərəkətlərlə pencəyinin qolçağını sivirib dəstəyi pürçüklənmiş qol saatının əqrəblərini vağzal saatının əqrəbləriylə uyğunlaşdırır. Hansısa yaxınlıqdan aramla təkan götürüb yola düşən qatarın səsi və fiti eşidilir. Xasay fit səsinə çevrilib doluxsunmuş halda görünməz qatarın ardınca baxır, cibindən çıxardığı əzik burun yaylığıyla gözlərini silir. Yaylığı cibinə basıb oturmağa yer axtarır və qəfildən gözü skamyaların arasıyla gəzişən Məxmirəyə sataşır. Məxmirə Xasayı sezmədən, bir-bir skamyaların möhkəmliyini yoxlayır və axır ki, birini seçib əlindəkiləri skamyanın böyür-başında yerbəyer edir, tən ortasında özü əyləşir.
Məxmirə. (Ha tərəfindənsə çəkib-çıxardığı qara rəngli, tüklü yelpiyini açıb üzünü yelləyir). Off... öldüm! Yaman istidi! (Qəfildən əlini saxlayıb şübhəli halda tamaşaçılara) Yoxsa, mənə istidi, hə?..
Xasay matdım-matdım Məxmirəyə göz qoyur. Məxmirə bir müddət üzünü yelpiklədikdən sonra bezmiş kimi yelpiyi bir kənara atır, cibindən çıxardığı qədim krujevalı burun yaylığıyla üzünün, sinəsinin tərini qurulayır, sumkasını dizinin üstünə qoyub içindən əl güzgüsü və pomada çıxarır, zümzümə edə-edə dodaqlarını pomadalamağa başlayır və bu məqam gözü kənardan matdım-matdım ona zillənən Xasaya sataşır. Cəld hərəkətlərlə çamadanlarını yoxlayır, hər ikisinin yerində olduğundan arxayınlaşandan sonra işinə davam edir.
Məxmirə. (Astadan tamaşaçılara) Gör nə marıtdıyıb? Fürsət gəzir e, əl-ayaq qoysun çamadannarın başına. (Xasaya işarə ilə) Ay sən özün öləsən! Bədbəxt bilmir e-e, kimə ilişib! (Uzaqlara zillənir, kədərlə) E-eh, vaxtında o qədər belələrini qapazlamışam ki... Elə bu vağzalın özündə! Drujinnikliy eliyən vaxtlarımda! (Güzgünü sumkasına basıb nəfəsini dərir, hüznlə) E-eh gidi dünya… (qəfildən ayrı səslə) Sənnən tay kimlər keçmədi?!.
Xasay pərəstiş dolu gözlərlə Məxmirəni izləməyə davam edir. Bir neçə addım atıb, ona yaxınlaşmaq istəyirsə də, nə fikirləşirsə ürkək-ürkək geriyə çəkilir.
Məxmirə. (Sumkasının ağzını şaraqqıltıyla bağlayır. Xasay səsə dik atılırsa da, gözünü Məxmirədən çəkmir. Xasayı əyri-əyri süzür) Əstəğfürullah, zibilə keçmədiy? (Xasaya) A bala… (Xasay özünü eşitməzliyə vurur, əllərini ciblərinə salıb, harasa, əks tərəfə baxır) Ay qardaş! (Xasay hay vermir) Ay yoldaş!
Xasay çönüb sevincək addımlarla Məxmirənin üstünə yeriyir.
Məxmirə. Bismillah!..
Xasay. (Gəlib Məxmirəylə üzbəüz dayanır, son dərəcə nəzakətlə) Mənimləsiniz? (Cavab gözləmədən) Elə də bilirdim. Bildim ki, tanıyacaqsınız. Mən də bayaqdan elə sizə baxıram. Deyirəm elə… (susur, utancaq təbəssümlə başını aşağı salır) Bildiz də nəyi deyirəm.
Məxmirə. (Xasayı şübhəli baxışlarla altdan-yuxarı süzə-süzə, astadan) Pul istiyirsə-ən? (Cavab gözləmədən, qayışının ha tərəfindənsə çəkib çıxardığı naxışlı pul kisəciyinin ağzını açır, içindən sivirdiyi pulu şəstlə Xasaya uzadır) Gələ!
Xasay. (Üzü dəyişir. Pula, təhlükəli nəyəsə baxantək) Yox-yox, siz neyləyirsiz? Lazım deyil, xahiş edirəm. Bu lap… Siz məni lap…
Məxmirə. Götür-götür, utamma! (Tamaşaçılara, hüznlə) Kim də bilməsə, mən bilirəm o ehtiyac-əclaf nə olan şeydi! (Qulam geriyə çəkilirsə də, Məxmirə əlini qaytarmır) Götür, sən mənim canım, naz eləmə. (Qəfildən sərt) Eşitmirsən alə?
Xasay. (Pərt halda) Siz məni anlamadınız. Bilmək istəyirsinizsə, mənə heç də bu lazım deyil və sizdən heç nə də ummuram. (Həyəcanla) Ümumiyyətlə, mənim xislətimdə yoxdu belə şeylər!
Məxmirə. Priçom tut xislət, ay başuva dönüm? Sənə pul verirəm də, balam, pislik eliyirəm? Tay özüvi naza niyə qoyursan?
Xasay. (Son dərəcə nəzakətlə) Lazım deyil, xahiş edirəm. Belə şeylər eləmiyin.
Məxmirə. (Əllərini belinə vurur) İndi sən guya qordısan da, hə?
Xasay. Siz… məni anlamadız. Mən onu demirəm. Mən sadəcə demək istəyirdim ki… (yerində vurnuxur) demək istəyirdim ki... (qəfildən susur, çaşqın halda öz-özünə) Mən nə demək istəyirdim?
Məxmirə. Bilirəm də nə demək istiyirdin! Demək istiyirdin ki, dilənçi döyülsən, pula ehtiyacun yoxdu. Bunu demək istəyirdin də-ə, elə döyül? Bunu bilirik də-ə! Şəhər sənin kimi intelegent-dərnən doludu, hamısı da acınnan ölür! Amma qozdanmağlarınnan da qalmıllar!
Xasay. (Sarsılmış halda) Mən… (başını aşağı salır) …siz məni təhqir edirsiz. Mən, sözün əsl mənasında, xəcalət çəkirəm.
Məxmirə. (Üzünü turşudur) Xəcalət çəkirsən? Bayaqdannan gözlərüvi zilləmisən çamadannarıma xəcalət çəkmirsən, pulu götürməyə xəcalət çəkirsən, hə?
Xasay. (İncik halda) Bilmək istəyirsinizsə, mən sizin çamadanlarınıza yox, sizə baxırdım!
Məxmirə. Mənə baxırdun? (Xasayı altdan-yuxarı süzür, astadan tamaşaçılara) Külü qoyum təpövə!
Xasay. Sadəcə... (nəyisə xatırlamağa çalışır, saçlarını dəli kimi bir-birinə qarışdırır) …bayaqdan yadıma sala bilmirəm…
Məxmirə. (Qayışını düzəldə-düzəldə, tamaşaçılara) Yadun qalıb ki, içinə nəsə də salasan? (Xasaya) Nəyi salmaq istəyirdin yaduva, ay yazığ?
Xasay. (Doluxsunmuş halda) Axı siz… (udqunur) axı niyə məni təhqir edirsiz?
Məxmirə. (Üzünü turşudur) Neynirəm səni? Allahu əkbər! Balam, pul vermək haçannan təhqir sayılıb? Ürəyim yanır sənə, verirəm də! Bu da mənim qanacağım, qabiliyyətim! İstəmirsən, belə cəhənnəmə istə! (Pulu kisəciyin içinə basıb, ipini çəkir.) Bunun naz-qozuna bax e, sən mənim canım! Cındırınnan cin hürkür…
"Cin" sözündən Xasayın halı dəyişir, başı gicəllənəntək, yana səndələyir.
Məxmirə. Adə-adə?.. (Ayağa sıçrayıb onu tutur) Noldu sənə? (Yolundan sürüyə-sürüyə gətirib skamyaya oturdur, yelpiyini açıb Xasayın üzünü yelləyir. Xasay tədricən özünə gəlir) Şükür Allaha... (Xasaya astadan) Bura bax, uşaqlıqda miningit-zad keçirtməmisən?
Xasay. (Heysiz sayıqlamalarla) …o da elə bilirdi… siz belə düşünürsüz… amma heç də elə olmayıb… hamınız səhv edirsiz… (qəfildən bəyanat verəntək, dikəlib sağ əlini havaya qaldırır) Mən hər zaman öz ideallarıma sadiq qalmışam!
Məxmirə. Bismillah...
Xasay. Çünki inanmışam! Sidqi-ürəkdən! Sona qədər! Ruhumu da heç nəyə satmamışam!
Məxmirə. (Astadan kənara) Anon ölsün, necə ki ölüb! (Xasaya astadan) Bura bax, diyirəm, uşaqlıqda sluçaynı miningit-filan keçirtmisən?
Xasay. (Ayılır) Onu dəqiq xatırlamıram. Amma dayanın-dayanın… (xatırlamağa çalışır) Yadıma gəlir, bir dəfə… lap uşaq idim… başımı möhkəm-möhkəm sarımışdılar. Bintnən. Anam da… hardansa, la-ap yuxarıdan mənə baxıb ağlayırdı... (doluxsunur) Elə ağlayırdı, elə ağlayırdı, elə ağlayırdı... (üzünü tutub səssiz-səssiz ağlayır).
Məxmirə. (Qalib tərzdə tamaşaçılara) Diyirəm də! Məndə bu, fitri istedaddı də! Adama baxdım a-a, tut je içini görürəm!
Xasay. (Məxmirəni indicə görmüş kimi qəfildən dik atılıb ayağa qalxır, ehtiyatla) Mən… Bilirsiz, bayaqdan sizə demək istəyirdim… amma bax adınızı heç cür yadıma sala bilmirəm. Onu demək istəyirdim ki... (pərt təbəssümlə) …danışmağa da imkan vermirsiz…
Məxmirə. (Əl sumkasını dizinin üstə qoyub içində eşələnir.) Yaxşı tay, danışma! Nəfəsün kəsildi!
Xasay. Demək istəyirdim ki… (qəfildən üzü işıqlanır) mən... sizi tanıyıram!
Məxmirə. (Tamaşaçı zalına) Bəli də-ə! İşimiz var da!
Xasay. Amma bax adınızı… bayaqdan ha xatırlamağa çalışıram… bu dəqiqə-bu dəqiqə… (xatırlamağa çalışır, yenə saçlarını qarışdırır, əli eynəyinə dəyir, eynəyi burnunun üstündən sürüşüb yerə düşür).
Məxmirə. (Eynəyi yerdən qaldırıb Xasaya uzadır, rəhmlə) Adımı neyniyirsən, qadası?
Xasay. (Həyəcanlanır) Axı siz bilmirsiz! Axı mən… (utana-utana söz axtarır) mən… (ucadan) sizin pərəstişkarınızam!..
Məxmirə. (Turşumuş sifətlə) Nəyimsən-nəyimsən?..
Xasay. (Utancaq addımlarla Məxmirəyə yaxınlaşır, doluxsunmuş halda) Pərəstişkarınız! (Dizi üstə düşür) İcazə verin… İcazə verin, əlinizdən öpüm!
Məxmirə "pərəstişkar" sözündən dəyişir, özünü skamyanın kürəkliyinə atıb nazlı ədayla saçlarını düzəldir.
Məxmirə. (Süni teatral səslə) Ayağa qalxın, xahiş edirəm. Lütfən… (ətrafa boylana-boylana) Camaat nə deyər?
Xasay. (Ayağa qalxır, həyəcanla) Qoy kim nə deyir-desin! Siz elə böyük sənətkarsınız ki… Əslində… (söz axtarır, getdikcə coşur) Əslində, hər kəs, hamı, bütün xalq, məmləkət sizin qarşınızda diz çökməlidi!
Məxmirə. (Məmnunluqdan əriyə-əriyə həmin süniliklə) Bəsdirin siz Allah, lazım deyil. (Tamaşaçılara göz vurur) Amma… başa düşmədim bu sözləri mənə niyə deyirsiz? Bəlkə, məni kiminləsə səhv salırsınız?..
Xasay. Səhv salıram? Siz nə danışırsız? Sizi səhv salmaqmı olar? Bu səsi, bu ecazkar gülüşü səhv salmaqmı olar? Sizi həmin dəqiqə tanıdım! Yelpiyinizdən! Bu… səhv eləmirəmsə… "Bonetta" tamaşasındakı həmin yelpikdi, yox? Baronessa Turandotun nəfəsdonduran monoloqu zamanı üzünüzə tutduğunuz həmin sehrli yelpik!!!
Məxmirə. (Çiyinlərini çəkir) Turandot?
Xasay. Turandot-Turandot… (əlində görünməz yelpik qəribə poza alıb dayanır).
Məxmirə. Hə-ə-ə… başa düşdüm, kimi deyirsiz… (süni nazla) Siz… olsun ki, həmin o məşhur aktrisanı deyirsiz! (Ayağa qalxır, yelpiyini açıb Karmen pozası alır. Dolu tamaşa zalının alqış səsləri eşidilir).
Xasay. (Ovsuna düşmüş kimi geriyə səndələyir) Aha-aha… özüdü ki var...
Məxmirə. (Roldan çıxır, yelpiyi qanıqara halda harasa arxaya tullayıb yerinə əyləşir) Amma mən o döyiləm ki...
Xasay. (Heyrət içində) O deyilsiz?
Məxmirə. Yox.
Xasay. Necə o deyilsiz? (Qəfildən pafosla) Qoyma ya rəbb, zalimi bir kimsəni xar etməyə! Kimsəyə zülm eyləyib, dərdə giriftar etməyə!
Məxmirə. (Acı kədərlə astadan) Hadidəndi… ikinci pərdə, dördüncü şəkil. (İçini çəkir, öz-özünə danışırmış kimi) Amma yanılırsan, qardaş, mən o deyiləm.
Xasay. O deyilsiz?.. (İnamsız addımlarla Məxmirə oturan skamyanın başına dolanır, ona gah sağdan, gah soldan baxır) Necə o deyilsiz? (Qəfildən bağırır) Osuz!!! Məni də aldada bilməzsiz! (Məxmirə özünü saxlaya bilmir, qaqqanaq çəkib gülür) İlahi!!! Həmin gülüşdü! İllərlə qaranlıq tamaşaçı zalından, susuz adam su içəntək, canıma çəkdiyim həmin sulu gülüş!
Məxmirə. (Üzünü turşudur, Xasaya) Bu kimnəndi? (Xasay gözlərini döyür) Deyirəm, yəni kimin əsərinnəndi bu dediyün? Sulu gülüş məsələsi!
Xasay. (Köks ötürür, kədərlə) Biri var idi… Xasay… Dilgir…
Məxmirə. (Sumkasının içində nə isə axtara-axtara) O kimdi? Yadıma gəlmir…
Xasay. (Uzaqlara baxa-baxa acı istehzayla) Axmağın biri... (söhbəti cəld dəyişir) Sizi ilk dəfə görəndə… Hardaydı o, heç cür yadıma sala bilmirəm… (xatırlamağa çalışır) Səhv eləmirəmsə…
Məxmirə. (Əlini saxlayır, kədərlə) Ola bilsün, elə burda. Qastrol səfərinə yola düşdüyüm vaxtlar…
Xasay. Yadıma düşdü! Özüdü ki var! Məxmirə!!! Məxmirə Qəndabova! Sevimli aktrisa! (Məxmirəyə sarı çönür, həyəcanla) Əziz Məxmirə xanım! Qüdrətli sənətkar!.. Sizin o qəhqəhənizdə nə desən vardı! Üsyan! İnqilab! Böyük məğlubiyyətlər və yenə qələbə!..
Məxmirə. (Acı kədərlə) O qələbə ki, heç bilmirsən nəyüvə gərəkdi…
Xasay. Yanılmıramsa, ispan dramaturqunun əsəri idi... 16-cı əsr…
Məxmirə. (Fikirdən ayılır, əsəbi halda Xasaya) Sözü neçə dəfə diyərlər e adama? Didim, o döyüləm də! (Tamaşaçı zalına) Diyirəm, bu məşhurluq da nə axmaq şeymiş e-e! Rahat yaşamağ olmur ki! Blilmirsən başuvı bu duzsuz pərəstişkarların əlindən hara soxasan da! (Birnəfəsə) Dükana girirsən, üstüvə cumurlar, küçəyə çıxırsan, ağzuva girirlər! Bilmirsən, haraynan yeriyəsən? (Yaxalığındakı daş-qaşlı sancağı çıxarıb paltarının ayrı tərəfinə taxmağa çalışır).
Xasay. (Səssiz addımlarla bir qədər kənara çəkilir. Ehtiyatla) Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinləyin. (Pencəyini düymələyib, saçlarını səliqəyə salır) Əvvəla istəyirəm biləsiniz ki, mən hər sənətkarı bəyənən insan deyiləm! Lakin sizin istedadınız… Bu elə bir… (söz axtarır)
Məxmirə. (Xasaya işarə ilə, tamaşaçılara) Bu da bunun küçə avarası! İ to məni tanıyır! Amma gəl indi gör bu birilər? Sənət aləmini diyirəm a-a! Gör ki ya, insana (xüsusi vurğuyla), sənətkara, sənətə qiymət verən var? Bunlara sənət lazım döyül ki?! Bularınkı… (skamyanın kürəkliyinə yayxanır, bədənini, göbək rəqsi ifa edirmiş kimi yırğalamağa başlayır. Xasay gözləri böyümüş halda Məxmirəni müşahidə edir) … budu! (Dikəlib üst-başını səliqəyə salır) Odu ki, bu gündəyik! Ara qarışıb, məssəb itib! “Teatr” deyəndə, adamın burnuna turşumuş çaxır iyi gəlir! O cür müqəddəs məbədi, sənət ocağını görün bir nə günə qoydular?! Rol üstündə bir-birini vilkalıyan kim, qrimlərə kislata tökən kim, fəxri addan ötri çəngəl udan kim… (özünü hikkəylə skamyanın kürəkliyinə çırpır, qollarını qoltuğuna vurub əsəbi halda) Ölüllər, balam bu fəxri addarçun də! Pa atonnan! O diyir: “ona narodnı verdilər, mən qaldım”, bu diyir: “o “əməkdar” oldu, mən yox!” (Səsi enir, kədərlə) Əsl sənət də qalıb küncdə-bucağda… (fikrə gedir, sonra ayağa qalxır, bir əlini belinə vurub, o biri əlini qaldırır, pafosla) Ey vah! Sevgi, məhəbbətdir Allah rizası! Sevgisiz könüllər şeytan yuvası!! (Alqış səsləri. Xasay pərəstiş dolu gözlərlə Məxmirəyə baxa-baxa əl çalır).
Məxmirə Xasaya məhəl qoymadan, yerinə əyləşir, ayaqlarını yellədə-yellədə, ayaqqabılarına tamaşa edir. Uzaqlardan ləng hərəkətlə yola düşən qatarın səsi eşidilir.
Reproduktordan səs. İkinci, altıncı, yeddinci xətdən yola düşən qatarlara minik birinci perrondan başlayır. Sərnişinlərdən xahiş olunur perrona yaxınlaşsınlar. Təkrar edirəm. İkinci, altıncı…
Xasay. (Ehtiyatla Məxmirəyə yaxınlaşır) Deyirəm, həyat necə də qəribədi… İnsan bilmir sabahkı gün onun üçün nə hazırlayır. Kimin ağlına gələrdi? Kimin ağlına gələrdi ki, biz sizinlə ömrümüzün bu çağında bax burada… hamının bir-birindən ayrıldığı bu kədərli məkanda görüşəcəyik?
Məxmirə. (Xasaya məhəl qoymadan, tamaşaçılara) Nolar, eybi yox. Heç eybi yox! Amma indi görərlər! Başa düşərlər! Başa düşərlər kimi əldən verdilər! Çox yox, ikicə aya! Qoy hələ bir gedim çatım… Birinci elə o ciyəriyanmış Safali… Sarafali… (dili dolaşır) Sarafaliverdiberkov başa düşəcək! Onu görüm, ciyərsiz qalsun elə! (Dilini şişirdə-şişirdə yamsılayır) “Bu boyda qarınnan Ofeliya oynamaq olar?” Külü qoyum elə o daz başuva! (Məxmirin yanında əyləşməyə hazırlaşan Xasay dik atılır) Durub deyəsən ki, bəs bu baş-göznən, bu bisavaddığnan baş rejissor olmaq olar, hə? Yoxsa o əyriqıç çəyirtkələrə Ofeliyalıq yaraşır, hə? Adama da oxşamırlar! Özlərindən də bir razıdılar, bir razıdılar, elə bil alçaq dağları bunlar yaradıb! Nə var-nə var, arıqdılar! Heç dəxli var? Arıqlıq da hünərmiş! (Əl atıb ayaqqabısının bir tayını çıxarır, laxlaq sancağını düzəldə-düzəldə tamaşaçılara) Hünər o döyül e-e… (qəfildən bəyanat verəntək, ucadan) Hünər odu ki, buralardan adam balası kimi, salamat çıxa biləsən!
Xasay. Bu... indicə dediyiniz… kimdəndi? Y-yəni hansı əsərdəndi? Monoloqu deyirəm. Sözlər tanış gəlir, amma yadıma sala bilmirəm...
Məxmirə. (Xasaya məhəl qoymadan, tamaşaçılara) Deyirəm ona ki, “ay başuva dönüm, bəyəm Şekspir yazıb orda ki ya, Ofelya arıqdı? Nolsun ki, cavandı? O qədər 15-16 yaşında totuğ-motuğ qızlar var ki?! Bir də guyam ki ya, bu vaxteycən Leylini nənəm yaşında arvadlar oynamıyıb? Yoxsa, Məcnunı babam yaşında əyyriqıç, daz kişilər oynamıyıb? (Xasay nə isə demək istəyir, Məxmirə skamyanın söykənəcəyinə yayxanıb, gözlərini yumur, bir əlini xanəndə kimi qulağının dibinə qoyub, segah üstündə oxumağa başlayır) Didi Məcnun mənə ki, get, ey Leyli… (tar səsi eşidilir) Ge-et, gözümnən uzağ olginə-ə-ə-n… Sənə mən “get” deyirəmsə… Sənə mən “ge-et” deyirəmsə, dimey tay getməlisə-ə-ən… (doluxsunur, boğazına tutan qəhəri udub susur).
Xasay. (Çaşqın halda) Amma gərək ki, orijinalda belə deyil axı?!
Məxmirə. (Xasaya məhəl qoymadan, burnunu çəkir, tamaşaçılara) E-eh, bunlar adam döyüllər ki?! Bunlara nə Füzuli lazımdı, nə Şekspir, nə Anna Manyani! Bunlarınkı budu... (ayağa sıçrayıb əllərini kiməsə yalvarantək, sinəsinin qarşısında cütləyir, qaş-gözünü oynada-oynada, süni pafosla) Yox-yox, elə demə, Əfzəldin! Əgər sən qəlbimi yaxan alovun şiddətindən xəbər tutsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın! Ülvi, pak hisslərimi ayaqlar altına atıb tap-tap taptalamazdın!
Xasay. (Heyranlıqla) Siz… siz, həqiqətən, böyük sənətkarsınız!
Məxmirə. (Xasayı eşitmir, qanıqara halda yerinə oturur) Tfu!!! Odu ki də, tarix boyu böyük sənətkarlar bu məmləkətdən baş götürüb gediblər! Getməyənlər də getmək arzusuyla bu vağzallarda çürüyib ölüblər! (Səsi enir, matəmlə) İndi də mən gedirəm. (Qəfildən bəyanat formasında ucadan harasa arxaya) Həmişəlik! Bu da mənim… (əl sumkasının içində eşələnir) Hanı o-o? Şoğərib a-a!...
Xasay. (Sarsılmış halda) Siz… siz nə dediniz?.. Gedirsiz? (Məxmirə cavab vermir) Bizi… bu məmləkəti atıb gedirsiniz?
Məxmirə. (Sumkasını əsəbi halda qapayıb, harasa kənara) Xah-tfu üzünə, surəti-murdar dilənçi! (Ayağa qalxıb iri addımlarla o baş-bu başa var-gəl edir, harasa arxaya.) Tüpürüm sizün o turşumuş çaxır iyi verən teatruvuza da, mənə verəcəyiniz o dılğır rollara da!!!
Xasay. (Həyəcan içində əllərini ovuşdurur) Sizi anlayıram... yaxşı başa düşürəm... tamamilə haqlısınız. Burada, bu məmləkətdə sənətə qiymət vermirlər. Nə qədər ki, sağsan, səni görmürlər, elə ki öldün, bir qiyamət qopur ki, gəl görəsən! Belə çıxır ki… (yazıq-yazıq tamaşaçılara) …ölməlisən… Acından, ya hansısa ayrı səbəbdən. (Məxmirəyə) Bu, həmişə belə olub... Tarix boyu belə olub və belə də olacaq. Biz yalnız ölmüş sənətkarı sevirik. Amma inanın mənə, zaman hər kəsin dəyərini verəcək! Gün gələcək, bax burada… olsun ki, lap bu vağzalın özündə sizin heykəliniz ucaldılacaq! (Dizi üstə düşür) Sizi and verirəm Allaha! Yalvarıram! Bizi, bu məmləkəti atıb getməyin!
Məxmirə. (Turşumuş sifətlə Xasaya) Sən də dur ayağa, özüvi biabır eləmə! (Tamaşa zalına) Axır vaxtlar əsəblərim tamam stroydan çıxıb. O gün də maaşımı aldığım yerdə bir də gördüm gözüm qaraldı… Elə bil cin vurdu təpəmə! (Xasayın halı yenə “cin” sözündən dəyişir, qarnını tutub kənara çəkilir) Durduğum yerdə öz-özümə necə hirsləndimsə, dilim-ağzım necə qurudusa, bir dənə tüpürmək tüpürdüm... (səsi enir, üzü işıqlanır) o tüpürməyi rəhmətdiy Ağahüseyn öyrətmişdi mənə… “Cadugər” tamaşasında… fitnəkar qarı rolunu oynayanda… Düz otuz bir il baş rejissorumuz oldu rəhmətdiy… (harasa yuxarılara) Allah sənə rəhmət eləsin, Aquli! (Tamaşaçılara) Qoxma Məxi, rəhmətdiy diyirdi, ürəklə tüpür! Elə tüpür, elə bil canuva yığılan bütün hirsüvi, ağrı-acuvı tüpürürsən! (İçini çəkir, acı kədərlə) E-eh… ağrı-acı da, birdi, ikidi? Tüpürməynən çıxır bəyəm? (Gözləri yol çəkir) Ağrılar var ki, onları gərək ancaq qusasan!!! (Xasay dik atılır, heysiz halda yaxındakı skamyaya əyləşir. Uzaqlardan qatar təkərlərinin səsi eşidilir.) İndikilər heç bilirlər ki ya, baş rejissor nəmənə olan şeydi?
Xasay. (Məxmirəyə ehtiyatla, astadan) Görün sizə nə deyirəm. Bax, o gün… daha doğrusu, günlərin bir günü (sirr açan kimi astadan) elə bax burada… bu vağzalın özündə…
Məxmirə. (Xasaya məhəl qoymadan, sözünə davam edir) …O gün qəbrinin üstə getmişdim… (qəfildən Xasaya) Ağahüseyn Aqaverdibekovu tanıyırdu-un? (Cavab gözləmədən, mütəfəkkir obrazı alır, qalın bas səslə) Bilseydin nə qədər üzgündür ömür… Əgərçi bilseydin, sual verməzdin… Bilmədən, bəlkə də, söylədin ki, sən… (susur, ardını yadına salmağa çalışır, özünü o yerə qoymadan) …nədən fərəhlənib gülə bilmirsən? (Öz-özünə) Yoxsa, ölə bilmirsən idi?.. (Xasaya) Yaduva düşdü? (Cavab gözləmədən, tamaşaçılara) Ad günü idi… qərənfilləri şəklinin altına düzə-düzə: “yetim qoydun məni, Aquli” – dedim, sonra da o ki var, ağladım... (üzünü tutub, çiyinləri əsə-əsə, səssiz-səssiz ağlayır).
Məxmirə ağladıqca Xasay əsəbi-əsəbi dırnaqlarını didişdirir. Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmirə fit səsinə diqqət kəsilir, qolunu çirmələyib saatına baxır, sonra yenə iştahla ağlamağa davam edir. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.
Xasay. (Kədərlə) Göz yaşları qəlbin fəryadıdır... qəlb yalnız bu dildə danışır...
Məxmirə. (Sirr açantək, astadan) …elə bunu demişdim, bir də gördüm, sopsoyuq bir meh əsdi... Yayın cırhacırında ya-a!.. (Çoxmənalı təbəssümlə) O dəqiqə bildim, odu. Mənə təsəlli vermək istəyir… (yazıqlaşır) o elə idi axı… hamının dərdini çəkən, qayğısına qalan... (doluxsunur, burnunu çəkib fikrə gedir).
Xasay. Allah rəhmət eləsin. Görürəm, sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, Allah bilir, məni avaranın biri hesab edirsiz... (başını aşağı salır) Bəlkə də, haqlısız… amma… amma mən avara deyiləm. Mən də… (boğazını qəhər tutur) …sizin kimi... (qəfildən həyəcanlanır) Axı əslində biz hər ikimiz…
Məxmirə. (Xasaya məhəl qoymadan, əllərini oturan yerdə belinə vurur, tamaşaçılara) İndi sən gör ki, ya-a, məndən savayı, teatrdan o qəbiristanlığa bir adam gəlmişdi? İndi tüpürməyəsən bunların üzünə, neyləyəsən, hə? (Skamyanın kürəkliyinə yayxanır, məmnun təbəssümlə) Elə bilirsüz tüpürmədim? Səhəri gün birbaş teatra getdim, özümü bufetə salıb (ayağa qalxır, ucadan) tfu-u-u!!! – dedim, hamuvuzun üzünə! (Xasay dik atılb özünü yığışdırır) “Budu, didim, sizin qanacağuvuz, qabillyətüvüz?.. Didim, sizi kim adam eliyib, ağəz? O zərri-zibalı adları, məməş... (səhvini düzəldir) döşüvüzə taxıb, özüvüzi əsdirə-əsdirə (çiyinlərini əsdirir) gəzdirdiyüvüz o salxım-salxım medalları kim verdirib sizə? (Doluxsunur, səsi enir, yazıq-yazıq) Xəstə ayaqlarıyla kabinet-kabinet gəzib, birüvüzə ev, o birivüzə pensiya verdirən bu bədbəxtin oğlu döyüldi? İndi noldu, nə tez unutduz yetimi? Cümlə xəyanətlərə bais olan kimdi? Artist! Tfu, İblis e, Allah keçsin günahımnan…
Perronun bir tərəfinə qaranlıq çökür. Vahiməli musiqi. Qaranlığın dərinliyində xüsusi xidməti uniformada Nəzarətçi görünür. Xasay Nəzarətçini görcək, cərəyan vurmuş kimi, aramla ayağa qalxır, aradan sivişmək istədiyi bilinir. Nəzarətçi iri addımlarla onlara sarı addımlayırsa da, Məxmirənin dediyi "İblis" kəlməsindən duruxub ayaq saxlayır, kənara çəkilib cədvəlin arxasında gizlənir.
Məxmirə. …Bunu Allah götürər, sən mənim canım? Dedim, sağlığında qalstukundan asılıb yellənən siz döyüldüz, ağəz? (Yamsılayır) Aquşa... Aqaşa... Azzar Aquşa, çor Aqaşa! (Yenə yazıqlaşır) Başdaşındakı şəklinə baxa-baxa “indi özün gör! Gör ki, sənə kim qaldı!”, – dedim… O başlarına fır-fır fırrandığun çəyirtkələr, bu da mən! Amma di gəl, baş rolları, orden-medalları o həşəratlara verdirirdün də! Yadunnan çıxıb, bəlkə? Mənə çatanda, diyirdün “uca dağa nə bələdçi?” (Boğazına dolan qəhəri udur) Mən ölmüş də, sən nə diyirdün, inanırdım. Ən bivec rolları verirdin mənə, deyirdim nolar, rolun nə böyüyü, nə kiçiyi? Gözəgörünməz əcinnə rolu – diyirdim “baş üstə!”, küçədən ötən paçtalyon – "gözüm üstə!" (Danışdıqca coşur) hasardan boylanan dördünci qonşu – “o da baş üstə!”, səhnənin dalından “urra!” çığıran komsomolçu qız – belə o da mənim gözlərim üstə! Acığım tutanda da diyirdün "nolsun ki, özün görünmürsən, sənətün ki, görünür!" (Şəhadət barmağını yuxarı qaldırır, sirr açantək, astadan) Elə bunu demişdim, bir də gördüm, meh diyandı… (perrona sirli sakitlik çökür, cırcırama səsləri eşidilir. Xasay xoflu baxışlarla ətrafa boylanırlar) O dəqiqə bildim... xəcalət çəkir... (rəhmlə Xasaya baxır) o eləydi axı… (qəfildən yenə əsəbi halda tamaşaçılara) Amma, didim, bircə dəfə də olsun, adımı bir siyahıya saldırmadın! Nolar, dedim, mən, dedim, heç vaxt ad ölüsü olmamışam! Adama öz adı yaraşıq versin! (Xasaya işarəylə) Bude-e, hələ bu, vağzal avarasıdı, i to məni tanıyır! Həmişə demişəm, indi də deyirəm! İnsana ad yaraşıq vermir, insan ada yaraşıq verir! Əsas məsələ odu ki... (qəbirlə danışan kimi, aşağı əyilir) …bu gün hamıyçun var! Bax, kişi o kəsə deyərəm ki, o günə alnıaçıq, üzüağ çıxa bilsin!
İşıq dəyişir. Perrona qaranlıq çökür. Əcaib musiqi. Bir-birinin yanından sürətlə ötən qatarların səsi və həyəcanlı fiti eşidilir. Məkan qatara tələsə-tələsə bir-biriylə itələyən sərnişinlərlə dolur. Xasay özü də bilmədən izdihama qarışır. Reproduktordan qatarların reysləri barədə qarmaqarışıq elanlar eşidilir. Yük arabalarından biri Xasayı cənginə alıb aparmaq istəyəndə Məxmirə özünü irəli atır, Xasayı, yaxasından çəkib kənara çıxarır. Vağzal uğultusu tədricən səngiyir. Məkan işıqlaşır.
Məxmirə. (Xasayı sürüyə-sürüyə izdihamın ardınca) A bala, nolu-ub, nə xəbər? Öldürmüşdüz ki, yazığı?! Bu nə vay-həşirdi? Nöş qırırsuz bir-birivüzi? Onsuz da hamuvuz gediceysüz! (Xasayı skamyaya oturdur, kədərlə) Onsuz da əvvəl-axır hamı gedəcək… (Xasayı dümsükləyib hırıltıyla) Öz aramızdı, az qalmışdı ya! Aparırdılar a-a, səni! (Sumkasını açıb içində nə isə axtarır) Dayan-dayan, indi dərman verəceyəm sənə… Srokopos!!!
Xasay. (Özünə gəlir, heysiz halda) Əslində biz… (tamaşaçılara) …elə hamımız… yol üstəyik… (doluxsunub susur).
Məxmirə. (Sumkasından çıxardığı sulu dərmanı qaşığa sızdıra-sızdıra) Mən nə deyirəm? (Dərmanı Xasaya içirir. Dərmandan, ya nədənsə Xasayın halı dəyişir, üzünü bürüşdürüb, əlini sinəsinə qoyur).
Xasay. (Həyəcanla) Dayanın! Elə bil o daha vurmur...
Məxmirə. (Çamadanlardan birinin qapağını açıb içində nə isə axtara-axtara.) Yaxşı görüm a-a, ağciyər olma!
Perrona uzunətəkli paltarda Tumsatan qadın daxil olur, özünü yellədə-yellədə Məxmirəyə yaxınlaşır.
Tumsatan. Yaxşı tumum var, ay bacı! Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdı.
Məxmirə. (Ağızucu) Sağ ol, istəmirəm.
Tumsatan. A-a? İstəmirsü-üz? Bəs qatarınız gələneycən burda boş-bikar oturaceysü-üz?
Məxmirə. (Üzünü yana çevirir, əsəbi) Allahu əkbər! İşə düşmədiy? (Tumsatana) Didim istəmirəm də-ə! Didim axıı?!
Xasayın gözü Tumsatanın zənbilində – içinə tum töküb satmaq üçün bükülüb iç-içə yığılan kağız parçalarına sataşır. Aramla ayağa qalxıb Tumsatan qadının arxasına keçir, əlini ehtiyatla zənbilə uzadır, bükülülərdən birini çəkib cıxarır, qatını açıb oxumağa başlayır.
Tumsatan. Axı niyə? Nə səbəbə?
Məxmirə. Heç dəxli var? Ay bacım, ay anam, buna da səbəb lazımdı? Balam, istəmirəm, vəssəlam da! Başa düşmədün?
Tumsatan. Dişünnən qorxursansa, buna heç diş lazım döyül ki! Maloçnıdı, ağzuva atmağunnan əriməyi bir olur.
Məxmirə. Əstəğfürullah! Zibilə keçmədiy? (Tumsatana) Ay bacım, maloçnıdı? Slivoçnıdı? İstəmirəm balam də-ə! A-a?! İşə düşmədik? (Tamaşaçılara) Bu xarabanın heç harasında insana rahatdığ yoxdu də-ə! Bu da bunun vağzalı!
Tumsatan. (Əsəbi halda) Tay niyə çığırırsan? Bununku lap dava-davadı ey! Adam balası kimi denən istəmirəm də-ə! (Gedə-gedə) Camaatın başı lap xarab olub e! Harda da dəli var, yığışır bu xarabaya! Nə qanır, nə qandırırlar! (Qəfildən gözü skamyalardan birində oturub kağız bükülüsünü oxuyan Xasaya sataşır. Cəld üst-başını sahmana salıb ona yaxınlaşır) Qardaş?! Yaxşı tumum var, sən al, heç olmaya.
Xasay. (Fikirdən ayılır) Nə olmaya?..
Tumsatan. (Yanıqlı-yanıqlı) Bir ayrı-ılı-ıq, bir ölü-ü-üm... (zənbildəki tuma işarə ilə) Deyirəm maloçnıdı, al, peşman olmazsan.
Məxmirə. (Tumsatana) Ağəz, onun pulu var, yapışmısan yaxasına ki, a-al? Görmürsən cındırından cin hürkür?..
“Cin” sözündən perronun bir tərəfinə qaranlıq çökür. Hər üçü qaranlıq çökən tərəfə baxırlar. Vahiməli səslər.
Məxmirə. Bisimillah... Bu nədi belə? Elə bil hava qaraldı…
Tumsatan. (Göyə baxa-baxa çıxışa sarı gedir) Axşama yağış deyiblər. Ondan ötrü deyirdim e, tum çırtdıyın ki, heç nə vecinizə gəlməsin!
Əcaib səslər.
Məxmirə. (Səslərə diqqət kəsilir) Bu nə səsdi belə?..
Tumsatan. (Gedə-gedə) Hələ bu nədi ki? Burda elə şeylər olur ki... yatsanız, yuxunuza girməz! (Çıxır).
Məxmirə. (Xoflu baxışlarla ətrafına göz gəzdirir) Belə də hava qaralar? Bu tərəfdə… (sağ tərəfə yeriyib göyə baxır) göyün üzü açıqdı… (sol tərəfə yeriyib göyə baxır) …bu tərəfdə zülmət qaranlıq... (bayquş buppultusu eşidilir).
Xasay. (Dik atılıb vahimə içində Məxmirəyə) Elə bil bayquş uladı...
Məxmirə. (Xasaya əyri-əyri baxır) Sən də nə gic-gic danışırsan? Vağzalda da bayquş ulayar? (Tamaşaçı zalına) Bu lap bisavadmış ki?! (Xasaya) Bu da səninçün 16-cı əsr ispan dramaturqunun əsəri döyül e! (Göyə baxır) Bu… (xüsusi vurğuyla) …əlamətdi-əlamət!!! İşarə! Bəs rəhmətdiy Foma Akvinski nə dimişdi? “Allah”, dimişdi, “demək istədiyini işarələr və əlamətlərlə bildirir”! (Xasaya) Foma Akvinskini tanıyırdu-un?
Səslər güclənir. Xasay pencəyinin yaxalığını qaldırıb, skamyanın küncünə qısılır.
Məxmirə. (Tamaşaçılara, işgüzar tərzdə) Əslinə qalanda, qurbanolduğum belə əlamətlərdən iki gündən bir göndərir də! Bəs o daşqınlar, o zəlzələlər, o əcaib-əcaib xəstəliklər, iqlim dəyişkənliyi, vaxt sürətlənməsi nədi? Yəni deyir, a bala, ayıl, nə qədər gec döyül! Bu dünya, özüvüzçün qurub-düzəltdiyüvüz o pasterizovınnı həyat döyül! Bu dünya… (söz axtarır)
Uğultu səsi.
Xasay. (Vahimə içində yerə baxır) Yer titrəyir...
Məxmirə. Ay aton rəhmətdiy! Amma nolsun? Kimə deyirsən? Gör ki ya, başa düşürlər? O boyda hadisələr, zəlzələlər, daşqınlar veclərinədi?.. Suğra xalanı… qonşumuzu diyirəm, yazığın, yetimin biridi… zəlzələ ki başdamadı, kürəyimə atıb çıxdım e, aradan! Elə tini burulmuşdum ki, bir də görürəm qəzet budkasının dalında iki nəfər xosunlaşır. Biri deyir “əlli”, o biri deyir “yüz”, o deyir “əlli”, bu deyir “ölsön də yüz!” Baxıb görürəm, kim ola? Bizim bu başıbatmış uçaskovı Mirzoppa! Sən bir insanda qanmazlığın, allahsızlığın dərəcəsinə bax ki, bütün şəhər lərzəyə gəlib, evlər uçulur, trasın ortasında əjdaha boyda yarğanlar açılır, özünü balkondan atan kim, lüt-üryan sabunlu-sabunlu küçəyə qaçan kim… bunlar burda pul davası döyürlər! Onda başımı qaldırıb üzümü göylərə tutdum, dedim şükür məsləhətüvə! Bu mament… (sim qırılmasını andıran səs) …bir dənə talçok getdi yerin altınnan....
Xasay. (Xoflu baxışlarla ətrafa göz gəzdirir, vahimə içində) Eşitdiniz?.. O nə səs idi? Elə bil hardasa nəsə qırıldı... ya açıldı?..
Məxmirə. (Ağızucu) Prisepi açdılar… (yerini rahatlaya-rahatlaya) Prisepin səsini mən tanımasam, kim tanıyıcey? (Perrona göz gəzdirə-gəzdirə) Can çürütmüşəm e-e, buralarda! Düz beş il! (Sim qırılmasını andıran səs. Qəfildən nə isə anlamış kimi, yerə zillənir) Dayan-dayan, yoxsa bu odu?
Xasay. (Vahimə içində) Kim – o?
Məxmirə. (Yerə diqqət kəsilir) Eşidirsən?..
Xasay. (Vahimə içində) Nəyi?..
Məxmirə. (Anlamış kimi astadan) Onu…
Xasay. (Az qala ağlaya-ağlaya) Kimi-i-i?..
Məxmirə. S-s-s… (pıçıltıyla) Yeri!!! Danışır…
Xasay. (Gözləri bərələ-bərələ) Yeri-i-i?
Məxmirə dizi üstə düşüb qulağını yerə dayayır. Xasay vahimə içində ayağa qalxır.
Məxmirə. (Nə eşidirsə, rəhmlə döşəməyə) Ca-a-an, qadalaruvı alaram elə. (Xasaya astadan) Bilirsən nə diyir? Diyir, nə qədər ki, üstümdə gəzirsüz, min hoqqadan çıxırsuz... (xüsusi vurğuyla tamaşaçılara) Bizə diyir a-a! Diyir, nə qədər ki, üstümdə gəzirsüz sizi tamahuvuz, nəfsüvüz yeyir… O gün ki, sizləri obratnı geriyə – mənə qaytaracaqlar a-a! Hə-ə, bax onda baxacağam haluvuza!
İşıq dəyişir. Əcaib səslər.
Xasay. (Xoflu halda ətrafına baxır) Siz… neylədiz? Burda nə baş verir?
Məxmirə. (Qalxıb yerinə əyləşir) A priçom tut mən? (Tamaşaçılara) Yox, vapşe ta, sözün düzünə qalanda, məndə belə şeylər olur. Məsələn. Bir də görürsən, nə haqdasa sidqi-ürəkdən fikirləşdim a-a, Yer hərəkətə gəlir!! (Möhtəşəm cırıltı səsi. Səhnə sanki əyilir. Öz-özünə) Elə bil davlenim qalxdı?!
Səhnə hərəkətə gəlir. Qatarların hərəkət cədvəli, işıq dirəkləri çarxların üstə sürüşən təl yerlərini dəyişir. Xasay yerinə qaçır, dizlərini qucaqlayıb başını arasında gizlədir.
Məxmirə. (Gicgahlarını ovuşdura-ovuşdura) Uzun sözün qısası, yəni dediyim odu ki, bu insan ki var, qəliz məsələdi! Bu boyda ağıl, kamal, dərrakə, boy, buxun… Amma nolsun? Ölüllər balam, puldan ötrü də-ə! Bunların ata-anası da, qiblə-Məkkəsi də puldu-pul!! Ha qurbanolduğum bunlara işarələrlə başa salmaq istiyir, başları müsibətlər çəkir, gözlərinin qabağında dağ boyda pəhləvanları yer “hap!” eliyib udur, ölümlər, xəstəliklər… bu gün şah olub, sabahı dilənçiyə çevrilənlər… Kimə diyirsən? Bunlara deyən gərək, a bala, yazığsuz, bir ətrafuvuza baxun, bir başuvuzu qaldırıb… (göyə baxır) …göyə baxun… ayılun, nə qədər gec döyül… başa düşün bir, ki… bu dünya manat-məzənnə dünyası döyül, villa, mersedes, cakuzi meydanı döyül… Vallah döyül, billah döyül… (qəfildən ayrı səslə) İnammırsuz döyül? Mən ölüm, inanmırsuz?..
Xasay. (Ovsuna düşmüş kimi, astadan) Mən inanıram… həm də bilirəm…
Məxmirə. (Turşumuş sifətlə Xasaya) Nə bilirsən?
Xasay. (Sirr açantək, yarıpıçıltıyla) Hamı burdadı...
Məxmirə. (Maraqla) Kimi diyirsən?
Xasay. (Astadan) S-s-s!! Gedənləri deyirəm… bu dünyadan köçənləri… o biri üzə köçsələr də, bizimlə üz-üzə, göz-gözə qalanları deyirəm… (xoflu baxışlarla ətrafına göz gəzdirir, pıçıltıyla) Hamı budu, burdadı… (yaxınında dayanmış görünməz kiməsə nəzakətlə) Axşamınız xeyir, bağışlayın siz Allah, bayaqdan arxam sizə dayanmışam… (qəfildən arxaya çevrilib, digər görünməzə) …salam-əleyküm… görmədim, üzürlü sayın... (Məxmirənin böyrünü dümsükləyir, görünməzlərdən birinə işarə ilə, qulağına) Bilirsən kimdi?..
Məxmirə. (Gözlərini qıyıb nə isə sezməyə çalışır) Kimi diyirsən?
Xasay. (Başı və əl hərəkətləriylə nə isə başa salmağa çalışır, astadan) Bu da, görmürsən? Surlakovdu da.
Məxmirə. (Qaş-qabağını tökür) O kimdi?
Xasay. (Astadan gizli qürurla) Keçmiş partiya silahdaşlarımdandı… (kimlərəsə eşitdirəntək, ucadan) O gün… müsəlmanın o günü… təxminən bir ay bundan əvvəl təsadüfən yolum Fəxri Xiyabana düşmüşdü… Özümü elə yenicə salmışdım ağacların arasına ki…
Məxmirə. Fəxri Xiyabanda nə itün azmışdı?
Xasay. (Pərt halda) Heç, elə-belə gəzişirdim də özümçün…
Məxmirə. Gəzişirdün? Başuva yer qəhətdi?
Xasay. Havası təmizdi axı… Quşlar oxuyur, gül-çiçəyin ətrindən adam sərxoş olur… Həm də insan orada özünü, belə… necə deyim… qorunmuş kimi hiss edir... (kövrəlir) Bu, çox qəribə, nostalji bir haldır...
Məxmirə. (Ağzının içində kənara) Külü qoyum təpövə! Camaat gəzməyə bulvara, konsertə gedir, bu külbaşın getdiyi yerə bax! Niyabəttdiydü də!
Xasay. …Hə, bir də baxıram, əynində qara kostyum, döşündə deputat nişanı, bir nəfər aramlı addımlarla mənə sarı gəlir…
Məxmirə. (Fikirli-fikirli) Kim ola bu-u? (Öz-özünə) Təki xortayanlardan olmasın.
Xasay. (Qıdığı tutmuş kimi, uğunur) Bizim Amasya!
Məxmirə. (Üzünü turşudur) Kim-kim? Amasya?..
Xasay. Soyadı Amanzadədir, onu öz aramızda belə çağırırdıq…
Məxmirə. Kim – biz?
Xasay. Mən, partiya təşkilatının rəhbəri Mironov, büro üzvləri Smirnov, Meranaşvili… (üzü işıqlanır) …uzun illər bir cəbhədə döyüşmüşük.
Məxmirə. Davada olmusuz?
Xasay. Yox, bir partiyada çalışmışıq.
Məxmirə. (Ayağa qalxıb yerini dəyişənləri – vağzal saatını, qatarların hərəkət cədvəlini, işıq dirəklərini yerinə qaytara-qaytara) Sən gəl, ağluvı başuva yığ, ahıl adamsan, tək-tənha üz tutursan qəbiristanlığa. Ora da ki, sənə diyim, elə-belə yer döyül a-a! Gecələr bir qiyamət qopur orda, bir vaqeələr baş verir, gəl görəsən! İclas eləyən kim, sxodka aparan kim… Neçə kərə öz gözlərimlə görmüşəm! (Göy guruldayır) Olsun ki, yağış yağacaq. Yol üstə yağışın ayrı ləzzəti var. İnşa Allah! Bu sözün mənasını bilirsən, alə? (Xasay döyükmüş halda başını yelləyir) İnşa! Yəni yaratma! Uşaqlıqda məktəbdə inşa-zad yazmamısan?
Xasay. (Kədərlə) Yazmışam… elə sonralar da… o yolla getdim.
Məxmirə. Hansı yolla? İnşaatçı oldun?
Xasay. (Köks ötürür) Yox, yazıçı… oldum… daha doğrusu idim.
Məxmirə. (Üzünü turşudur) Yazıçı? (Xasayı yenicə görmüş kimi, başdan-ayağa süzür) İndi diməy sən yazıçısan da, hə? Bəs buralarda nə itün azıb? (Qəfildən nə isə anlamış kimi) Olmaya… sən də mənim kimi...
Uzaqlardan qatar fitinin səsi eşidilir.
Xasay. (Uzaqlara zillənir) Məni bura zaman sürüklədi...
Məxmirə. Hansı Zaman, icrako-om?
Xasay. (Məxmirəni eşitmir. Acı kədərlə) …bir kimsəyə rəhmi gəlməyən zalım çərxi-fələk... (Musiqi) Bir vaxtlar mən də sizin kimi məşhur idim… kitablarım əl-əl gəzirdi…
Məxmirə. (Keçib yerinə oturur, əllərini qoltuğuna vurur) Sora noldu bəs? Pişiy asqırdı?
Xasay. Sonra… belə alındı ki… (boğazını qəhər tutur, danışa bilmir) …belə məlum oldu ki…
Məxmirə. Yaxşı tay, ürəyim çekildi! Allah ürəyüvi çeksün!
Xasay. …belə məlum oldu ki… bütün zəhmətim… gecələrlə yuxumu ərşə çəkib, sübhəcən yazıb- yaratdıqlarım… əsərlərim… (qəfildən coşur, tamaşaçılara) Cild-cild əsərlər! (Səsi enir) Demə… sən demə… (cibindən Tumsatan qadının zənbilindən götürdüyü əzik kağız bükülüsünü çıxarıb, əlləri titrəyə-titrəyə Məxmirəyə uzadır, üzünü tutub səssiz-səssiz ağlayır).
Məxmirə. (Vərəqi açıb höccələyə-höccələyə oxuyur) Zə-fər yü-rüş-ü… (turşumuş sifətlə) Zəfər yürüşi nədi, alə? Başuva mövzu söz qəhətdi?
Xasay. (Pərt halda) Bu… bu, mənim erkən yaradıcılığımdı! Sonralar mövzu dairəm daha da genişləndi! (Qəfildən diktor təbiri ilə tamaşaçılara) O dövrlər ədəbiyyat dövlət ideologiyasının aparıcı qolu idi! Deyərdim, ən aparıcı və vacib!! Xalq kütlələrinin maariflənməsi uğrunda sovet ideologiyasını tərənnüm edən əsərlərə kəskin ehtiyac yaranmışdı! Xalqlar dostluğu, sosializm yarışları, əmək qabaqcıllarının portretləri… (səsi getdikcə enir, duruxub xoflu halda Məxmirəyə baxır).
Məxmirə. (Döyükmüş halda) Onu bildik. Mən ayrı şey diyirəm. Diyirəm, o “zaman” didiyün var, oturuşunu, duruşunu bilən, qanacağlı, mərifətli oğlandı.
Xasay. (Məxmirəni eşitmir, sözünün ardını gətirir) …sosializm yarışları, əmək qabaqcılları… (qəfildən gözü perronun arxa tərəfindən gizli-gizli onları pusan Nəzarətçiyə sataşır, cəld ayağa qalxıb əks tərəfə addımlayır).
Məxmirə. (Xasayı dinləyə-dinləyə. Burun yaylığını çıxarıb fikusun yarpaqlarının tozunu silir) Əmək qabağcılları? Əmək qabağcılları nədi, alə? Sən vampirrərdən yazaydun, diyərdim hə! (Gözü aradan çıxmaq istəyən Xasaya sataşır) Hara?.. A bala! Ay qardaş! Diyan, diyirəm sənə! (Özünü Xasaya yetirib qabağını kəsir, qolundan yapışıb skamyaya sarı sürüyür) Başuva at təpib? İstiyirsən, yenə arabaya basıb aparsınnar səni?..
Xasay. (Gözü Nəzarətçidə) Yo-o-ox... (əlini mədəsinin üstünə qoyur) …amma … nə isə belə… özümü elə bil birdən-birə pis hiss elədim... Ürəyim döyündü.
Məxmirə. (Ana nəvazişi ilə Xasayın yaxalığını, saçlarını sahmana sala-sala) Ürək döyünər, balam də-ə! Neynəsin, dayansun? (Tamaşaçılara) Diyirəm, bu insan məxluqatı ki var, naşükürdü! Bu ürək nədən ötrü yaradılıb? Döyünür, diyir, “döyünür”, döyünmür, diyir “diyandı”! (Xasayın əlinə işarə ilə) Bir də o, ürək döyül ki… O, mədədi-mədə! Acsan, qarnun ağrıyır. (Sumkasını dizinin üstünə qoyub açır, içindən cığaraya bükülmüş bir yığın yumurta çıxarıb skamyanın üstünə qoyur).
Xasay. (Yumurtalara baxa-baxa həyəcanla) Yox-yox, mən ac deyiləm! Qəti surətdə! Sizə and içirəm ki…
Məxmirə. (Xasaya məhəl qoymadan, yumurtalardan birini skamyanın dəmirinə vurub soymağa başlayır) Yolunku budu də! Klassika!.. (Yumurtanı duzlayıb Xasayın ovcuna basır və o biriləri soymağa girişir) Hə, onu diyirdim axı...
Nəzarətçi qətiyyətli addımlarla perrona daxil olur. Bir müddət Məxmirəylə Xasayı görmürmüş kimi, skamyaların ətrafında dolaşır, saatı və işıq dirəklərini əl fənəri ilə yoxlayır, sonra qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini silməyə başlayır.
Xasay. (Gözü Nəzarətçidə Məxmirənin böyrünə qısılır, kəkələyə-kəkələyə) O gün b-burda…
b-beləcə dayandığım... oturduğum yerdə… bir də gördüm, bir nəfər… b-belə hü-ündürboy adam… əynində də uniforma…
Məxmirə. (Gözü Nəzarətçiyə sataşır, dirsəyi ilə Xasayı dümsükləyir) Bu kimdü?
Xasay. (Gözləri bərələ-bərələ astadan) Odu!..
Məxmirə. Kim – o? (Nəzarətçini əyri-əyri süzür)
Xasay. (Yandırıcı pıçıltıyla) Uniforma!!! Nəzarətçi!!!
Məxmirə. (Üzünü turşudur) Nəzarətçi? Püf-püf-püf! Nəzarətçi kimdi? Bunnarın dirextırı məni görəndə mil diyanır, bu nə karədi ki? (Tamaşaçılara) Diyirəm, camaatın başı lap xarab olub e! Hərə özünnən naçalnik düzəldir. Bunnara diyən lazım, bu dünyanın bir naçalniki var, o da… (göylərə işarə ilə) qurbanolduğumun özü! (Nəzarətçinin hərəkətlərinə göz qoyur) İndi bunun baz-buruduna bax, gördüyi işə bax! Guya nəzarət eliyir də kişinin oğlu! (Nəzarətçiyə) A bala! (Nəzarətçi eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silir) Ay yoldaş!
Nəzarətçi. (Geriyə qanrılır, Məxmirəni sanki indi görürmüş kimi ədəbli addımlarla onlara yaxınlaşır, diktor təbiri ilə) Axşamınız xeyir, hörmətli tamaşaçı… tfu, sərnişinlər.
Məxmirə. (Nəzarətçini altdan-yuxarı süzə-süzə) Abatun xeyir. Bizi axtarırsan?
Nəzarətçi. (Özünü itirir) Xeyr, xanım, sizi niyə axtarmalıyam kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.
Məxmirə. (Üzünü turşudur) Vəzifə borcuvu yerinə yetirirsən? Şüşəsilənsən? (Nəzarətçi duruxur) Diyirəm, yəni buraların təmizdiyinə baxırsan?
Nəzarətçi. (Çaşqın halda) Yox, canım, niyə kin? Bu mənim… (söz axtarır, saxta səmimiyyətlə) bir vətəndaş olaraq, daxili ehtiyacımdan irəli gələn...
Məxmirə. (Yumurtanı dişləyib yeyə-yeyə) Nədi sənün daxili ehtiyacun, şüşə silməy? Başuva iş qəhətdi?
Nəzarətçi. Yox, mən… (qəfildən süni qəhərlə tamaşaçılara) …Bu mənim… hələ lap uşaqlıqdan qalmış köhnə vərdişimdi… ağır uşaqlıq illərinin yadigarıdır… (saxta səsimiyyətlə Məxmirəyə) Heç bilmirəm bunları niyə sizə danışıram… İndinin özündə də nə görürəm, silirəm, təmizləyirəm, əlimin altına nə keçdi, tozunu alıram, parıldadıram… (qəfildən coşqun) Bu elə bir maniakal-depressiv haldır ki…
Məxmirə. Manyaksan?..
Nəzarətçi. Xeyr, xanım, məni düz başa düşmədüz… (başını aşağı salır, kədərlə) …dediyim odu ki, ta uşaqlıq illərindən bura evin hər işi hər zaman mənimlə olub… şüşə də silmişəm, döşəmə də süpürmüşəm, yeri gələndə lap… (doluxsunur) unitaz da…
Məxmirə. Yaxşi tay, ürəyimiz bulandı! (Kənara) İyrənci köpəyoğlı! (Nəzarətçiyə) Amma belə nə isə gözüm su içmir e, sənnən. Elə bil səni hardasa görmüşəm… (xatırlamağa çalışır) …hansısa kinoda... ya türməyidi, haraydı? Heç cür yadıma sala bilmirəm də indi.
Nəzarətçi. (Qulaqlarını çəkir) Allah eləməsin, siz nə danışırsız, ay xanım? Türmə nədi, zad nədi? Mən hələ lap uşaqlıqdan… e-e, gör bir haçannan burda çalışıram. 14 yaşımdan dispetçer köməkçisi olmuşam, bir bölük yetim bacı-qardaşımı saxlayıb böyütmüşəm…
Xasay. (Məxmirəni dümsükləyir, qulağına) Ona inanmayın!!!
Məxmirə. (Xasaya məhəl qoymadan Nəzarətçiyə) Ax vot ono şto? Papa Terez!
Nəzarətçi. (Duruxmuş halda) Anlamadım…
Məxmirə. Diyirəm, yəni malades də! (Nəzarətçi susub başını aşağı salır. Məxmirə qollarını qoltuğuna vurub, nə isə gözləyəntək Nəzarətçiyə baxır. Bir anlıq ortaya yöndəmsiz sükut düşür) Hə, diyirsən neyniyək indi?
Nəzarətçi. Nəyi neyləyək, xanım?
Məxmirə. Diyirəm, yəni niyə dayandun?
Nəzarətçi. Dayanmıyım?..
Məxmirə. İstiyirsən dayan. (Tamaşaçılara) Bu da bunun Nəzarətçisi! (Nəzarətçiyə) Diyirəm, yəni işün-gücün yoxdu, balam?
Nəzarətçi. Elə şeymi olar, xanım? Bu boytana vağzalın nəzarətçisinin işi olmazmı?
Məxmirə. Ay aton rəhmətdiy! Mən nə deyirəm? Balam, yeri get, işüvə-gücüvə də, a?!
Nəzarətçi. (Çaşqın halda) Gedim? Nə diyirəm, xanım, get deyirsiz, gedim də. Sağ olun. Çox sağ olun! (Çönüb nizamlı addımlarla gəldiyi tərəfə yeriyir) Sağ olun. Allah sizdən razı olsun.
Məxmirə. (Gözü Nəzarətçidə fikirli) Yadıma sala bilmədim də bu vələdüznanı hardan tanıyıram də!
Xasay. (Məxmirəyə həyəcanla) Siz neylədiz?..
Məxmirə. (Duruxur) Neynədim?
Xasay. (Ağlamsınır) İndi o bizi rahat buraxmayacaq!
Məxmirə. (Üzünü turşudur) Kim alə, bu?
Xasay. Siz onu tanımırsız! Kim olduğunu bilmirsiz. O… o… nəzarətçi deyil!
Məxmirə. Nəzarətçi döyül?.. Bəs kimdi?
Xasay. (Nə isə demək istəyirsə də, ürək eləmir) Yox, mən qorxaq deyiləm. Cinə, şeytana da inanmıram! (Səsi enir) Daha doğrusu, inanmırdım.
Məxmirə. (Xasaya işarə ilə tamaşaçılara, astadan) Bunun da axırına çıxıblar. (İçini çəkir) E-eh, buralardan kim salamat çıxa bilir ki? Uzağa getməyək, götürək elə məni. Bu boyda insan… Sənətkar! (Səsi enir, yazıqlaşır) …bütün həyatını fəda elədi sizlərə... Siz neynədiz?
Xasay. (Nəzarətçinin ardınca baxır) Buranın nəzarətçilərini mən yaxşı tanıyıram. Onların uniforması ayrı cür olur.
Məxmirə. (Xasayı eşitmir) Bu da bunnarın mənə verdiyi qiymət! (Əsəbi hərəkətlərlə çamadanlardan birini açır, içindən qırmızı məxmərə bükülmüş iri ölçülü fəxri diplomu çıxarır) Qırx illik yaradıcılığa verilən qiymət! (Diplomu o üz-bu üzünə çevirir, burnuna tutub iyləyir) Püff!! Nöüt iyi verir! (Səliqə ilə büküb əvvəlki yerinə qoyur, çamadanın ağzını bağlamaq istəyirsə də, qapaq bağlanmır. Əvvəl iki əli ilə, sonra üstünə çııxıb dizi ilə basırsa da, bağlanmır. Məcbur olub, üstünə oturur və axır ki, ağzını kilidləyir) Andıra qalasan a-a!
Xasay. Sizi anlayıram. Bzim məmləkətdə sənətə, sənətkara qiymət verilmir. Mən özüm də, bir də görürsən, küçədə getdiyim yerdə gözüm vitrinə düşən əksimə sataşanda, deyirəm: Xasay… (acı qəhərlə) Xasay Sarabıç… bu, sənsən?..
Məxmirə. (Xasaya məhəl qoymadan, tamaşaçılara) Nolar, buna da şükür! Biz, Allaha min şükür öyrəncəliyik! Aclığ da görmüşüy, qıtlığ da, belə soyqırımı da! Amma tay hər şeyin də bir əndazəsi var axı, ay başuvuza dönüm… (əlini qulağının dibinə qoyub, gözlərini yumur, segah üstündə oxumağa başlayır) Didi könlüm mənə ki, hər şeyin əndazəsi va-ar… (tar müşayiət edir) Didi könlüm mənə ki, hər şeyin əndazəsi va-ar… Etmə sən qəlbə xəyanət… Gəl etmə sən qəlbə xəya-anə-ət… Çün onun da səndən gizli bir sevdası va-ar… Yar əman-əman-əman… Ey dad, ey dad, ey da-a-au-ud…
Ortaya ağır sakitik çökür. Uzaqlardan ötən qatarın səsi və fiti eşidilir. Məxmirə qollarını qoltuğuna vurub mürgüləyir. Vahiməli musiqi. Nəzarətçi səhnənin dərinliyindən qırmızı gözlərlə Xasaya zillənir.
Xasay. (Nəzarətçini sezmədən, xoflu baxışlarla ətrafa baxır) Mən… hiss edirəm! Burda nə isə xoşagəlməz bir hadisə baş verəcək… (əlini sinəsinə qoyur, həyəcanla) …ürək döyüntülərim də zəifləyir… (qəfildən həyəcanla) Mən… mən zəifləyirəm… (Məxmirəyə yazıq-yazıq) Axı serdeçnikəm...
Məxmirə. (Gözüyumulu) Hə, nolsun? Mən də peçonoçnikəm. Ciyərim budu bax… (Xasayın əlini dartıb qabırğasının altına sıxır) …pakrışka kimi şişib dayanıb. Gör ki ya, qorxuram? (Gözlərini açır) O işığa kor baxım ki... (qəfildən gözlərini tutur, teatral pafosla) Heyhat!!! Gözlərim!!! (Xasay vahimə içində əlini geriyə çəkir. Məxmirə ayağa qalxıb kor hərəkətləri ilə boşluğu yoxlaya-yoxlaya) Eyvah! İşıqlı dünya!!! (Üzünü göylərə tutub. gözüyumulu uzaq boşluqlara) Əlvida, ey Günəş, ey odlu səma! Bir daha açılmaz nurlu sabahlar! Bir daha yetişməz gül üzlü bahar! (Əlləriylə üzünü qapayır).
Xasay özünü Məxmirənin köməyinə yetirir, qolundan tutur. Nəzarətçi aradan çıxır.
Məxmirə. (Roldan çıxır, Xasayı kənara itələyir) Nə var e? Heç bayırlığun yoxmuş ki sənün! (Qalib addımlarla keçib yerinə əyləşir, soyulmuş yumurtalardan birini duzlayıb yeyə-yeyə) Gəl otur, tikön yarımçıq qalıb. (Xasay kor-peşman Məxmirənin böyründə əyləşir, yarımçıq qalmış yumurtanı əlinə alıb həvəssiz-həvəssiz yeməyə başlayır. Xasaya) Bilmədün hansı əsərdəndi? “Korun əfsanəsi”-nnəndi də!
Xasay. (Tikəsi boğazında qalır) Koru-un?.. Klassikadandı? (Xatırlamağa çalışır) Heç yadıma gəlmir. Olsun maarifçilərdəndi.
Məxmirə bağlamadan xiyar çıxarıb iki bölür, yarısını Xasayın ovcuna basır. Xiyarı dişləyib yeyə-yeyə ayaqlarını yerdən ayırıb yelləməyə başlayır. Asta göy gurultusu eşidilir. Hər ikisi yumurta yeyə-yeyə göyə baxırlar.
Məxmirə. (Gözaltı Xasayın yumurta yeməyinə baxa-baxa içini çəkir, kədərlə ağzının içində) Səni də analar doğub… yuxusuz gecələrlə beşik başında keşik çəkib... (xiyarın qalanını ağzına basır, dolu ovurdlarla teatral pafosla ucadan) Ay mənim ipək balam! (Xasayın tikəsi boğazında qalır) Bununmuçun böyütdü anan səni? Ağuşunda gecələrlə səhərləri bəklədi? (Tikəsini udub, səsini bir ton da yüksəldir) Nə bileydim – nə bileydim mən-fəqir ruzigarın yazdığı bu zor hökmü? (Qəfildən susur, öz-özünə) “zor” idi, “zır” idi? (Yadına sala bilmir, ardını gətirir) Bilsəydim ki, əgər mən...
Xasay. (Qəfildən ilhamlanır, xiyar dolu ovurdlarla Məxmirənin “monoloqunu” davam etdirməyə çalışır) …Taleyin yazdığı min cür ağrılı, paslı… (ardını gətirə bilmirsə də, özünü o yerə qoymur, ayaqlarını yellədə-yellədə xiyar yeməyinə davam edir).
Məxmirə. (Turşumuş üzlə) Noldu?
Xasay. Nə noldu?
Məxmirə. Pasın axırını diyirəm... (Xasay dinmir, başını aşağı salıb pərt halda ağzındakını çeynəyir. Bir müddət hər ikisi yeyə-yeyə tamaşa zalına baxırlar. Qəfildən Xasayın qulağına) Yaxşı tay, görürəm mənim adamımsan. Bircə sənə diyirəm… (pıçıltıyla) Mən oyam!
Xasay. (Duruxur, dəhşətdən böyümüş gözlərlə Məxmirəyə baxır) O?.. (Yediyi tikə boğazında qalır, öskürək tutmasında boğula-boğula) O-o-o?
Məxmirə. İrağ olsun. (Xasayın kürəyini döyəcləyir) Adə, ya yi, ya danış da! Ölmüşdün ki?..
Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Tiflis-Bakı qatarının qəbulu iki saat gecikir. Əlavə məlumat üçün üçüncü perronun birinci mərtəbəsində yerləşən məlumat bürosuna yaxınlaşa bilərsiniz. Diqqət-diqqət…
Məxmirə. (Xasayın kürəyini var gücü ilə döyəcləyir, reproduktora işarəylə) Bunun da bu gic-gic məlumatlarınnan cana yığıldığ da! Səsi özünə xoş gəlib bədbəxtin! Neyləsin yazığ, yatıb-durub, özünü görüb də-ə! (Qəfildən ayağa sıçrayır, ucadan opera səsiylə oxumağa başlayır) Daya-nı-ı-ın, dayanı-ı-ın!!! (Xasayın gözləri bərələ qalır) Ayaq saxlayı-ı-ı-n!! (Xasaya) Əgər qüssədirsə alın yazımı-ız… Onda ləngimədən biz uduzarı-ı-ı-ız... (qəfildən ayrı poza alır, uzaq boşluqlara) Haydı igidlərim, haydı meydana! (Susur, öz-özünə) Yox, qarışdırdım, bu, “Cavanşir” dəndi... (yadına düşür) Hə! (Havaya atılır, ehmal addımlarla aradan çıxmaq istəyən Xasayın yolunu kəsib yaxasından yapışır) Lorensi, Lorensi, Layerti çağır! De ki, təhlükədir bu gecəyarı, dəniz səyyahını yuxuda görmək! (Xasay Məxmirənin əlindən sivişib çıxmaq istəyirsə də, imkan vermir, çevik ritmdə) De ki, yubanmasın, onadır ümid. Yox, əgər yetməzsə, məhv olar igid!.. (Uzaqdan alqış səsləri eşidilir. Roldan çıxır, nəfəsi təngiyə-təngiyə yerinə qayıdır. Xasaya) Hə, necədi?
Xasay. (Udqunur, üzrxahlıqla) Zənnimcə… Səhv eləmirəmsə… bu… Şekspirdir... Amma həm də tam Şekspir deyil… elə bil.
Məxmirə. (Dayana bilmir, alovlu baxışlarla ətrafını süzə-süzə) E-eh, hələ bu nədi ki? Vaxt vardı, Cülyettanın manaloqunı diyəndə bütün zal ağlayırdı! (Səhnənin ortasına yeriyir, bir anlıq susur, qəfildən zərif cingiltili səslə) Əzizim Romeo, bil ki səni mən yuxularımda da belə görürəm. Əsli nəcabətli, qılınclı, qıvraq, ağ atın üstündə dik duran qoçaq! Dayəmə demişəm, o qoçaq sənsən. Bunu kim bilməsə, sən ki bilirsən?! (Tamaşa zalının alqış səsləri eşidilir).
Xasay. (Əsəbi halda) Axı orada belə deyil? Orijinalda belədir: “Romeo yuxuda məni səsləyir... Mənsə ona sarı yüyürən çocuq… (çaşıb dayanır, xatırlamağa çalışır) …yox, qarışdırdım…
İşıq enir. Xasay ehtiyatla ətrafına boylanır. Nəzarətçi səhnənin arxasından çamadanlara zillənib.
Reproduktordan səs. Diqqət! Diqqət! Vətəndaş sərnişinlər! Perronlarda gigiyenik qaydalara riayət edin! Su və limonad şüşələrini, dondurma və konfet kağızlarını perronlarda qoyulmuş xüsusi zibil qutularına atmanız xahiş olunur. (Elanın ardınca reproduktordan əcaib musiqi səslənir).
Məxmirə. (Yelpiyi əlinə alıb üzünü yelləyə-yelləyə tamaşaçılara) Verdikləri mahnıya bax də! (Reproduktora) Niyabəddiyivüz öz başuuzda çatdasun elə! Camaat yol üstədi, bu da bunnarın qabiliyyəti!
Reproduktordan naməlum kişi səsi. Mən sənsiz uçarammı? Qol açıb qaçarammı? Qanadsız bir quşam mən... vağzala qonmuşam mən…
Məxmirə. (Duruxur, Xasaya) O kim idi elə, səndün?
Xasay. Yo-ox…
Məxmirə. Olsun xəttə radio düşüb.
Perrona əlində iri bloknot Nəzarətçi daxil olur, iri addımlarla qatarların hərəkət cədvəlinə sarı yeriyir, qarşısında dayanıb bloknotuna nələrsə qeyd edir. Xasay Nəzarətçini görcək skamyanın arxasında gizlənir.
Nəzarətçi. Ayə, bunlar haçağ adam olacağ? (Məxmirəni indi görürmüş kimi) Bıy, siz hələ burdasuz? Vaxtuvuza çox qalıbsa, veş-vüşüvüzü saxlama kamerasına təhvil verin! Sizə məsləhətim budu. Bu yerlərdə o qədər... (boylanıb skamyanın arxasında gizlənən Xasaya baxır) …avara-uvara dolaşır kin...
Məxmirə. Qorxma, bizə dəyib-dolaşan olmaz! (Tamaşaçılara astadan) Belə vələdüznaları gözlərinin içindən tanıyıram! Bunların qarnının bir ağrısı var! (Barmaqlarını bir-birinə sürtür)
Nəzarətçi. (Kənara baxa-baxa) Hə-ə, onda demək kin, sizin qatar ikinci xətdən yola düşür. (Çönüb cədvələ baxır) Özüdü ki var: Mesrobabad! (Təəccüblə) Amma vaxtuvuza bir o qədər də qalmıyıb. Bə niyə minmirsüz? Kimi gözləyirsüz?
Məxmirə. (Ayağa qalxır, qarnını qabağa verə-verə Nəzarətçinin üstünə yeriyir, qalstukundan yapışıb, düzəldirmiş kimi, düyününü sıxa-sıxa onu boğur) Tünnüyü sevmirik də, qədeş! Qoy, hamı minsün, rahatdansun… (Nəzarətçi bir təhər sivişib Məxmirənin əlindən çıxır, boğulub öskürə-öskürə uzaqlaşır. (Uzaqlara işarəylə) Ode-ey, gör nə vurhavurdu? Elə də gedirlər, elə bil tay geri qayıtmayacaqlar... Bu saat yerbəyer olub bağlamalarını açıblar… (üzünü turşudur) katlet iyi aləmi başına götürüb! Mənim də ki, əzəldən… lap belə bağça vaxtlarımdan a-a, zəhləm gedir də katletdən! (Qəfildən Nəzarətçiyə) Diyan e, sluçaynı, sən vtaroy paralelnidəki bağçaya getməmisən?
Nəzarətçi. (Canını qurtarmaq cəhdiylə tələsik addımlarla Məxmirədən uzaqlaşa-uzaqlaşa) Baxun da xanım, özüvüz bilən məsləhətdi. Amma çox da ləngimiyin. Buralarda vaxt yaman tez ötür. (Çıxhaçıxda geriyə çönüb Məxmirəyə) Bağça da kin… mən çox bağçalarda olmuşam… (qəfildən oxuyur) Hara baxsan, gül-çiçəkdir, bağça-bağdı-ı-ı-ır, bəh-bəh!.. (Səhnədən çıxırsa da, səsi bir müddət pərdənin arxasından eşidilir) …qəşəngdir bəh-bəh, gözəldir bəh-bəh!..
Məxmirə. (Nəzarətçinin ardınca baxa-baxa) Bunu mən hardan tanıyıram? Heç cür yadıma sala bilmirəm də!
Xasay. (Nəzarətçinin ardınca baxa-baxa, xoflu) Bu vağzal nəzarətçiləri də adamı görən kimi, elə nə isə istəyirlər.
Məxmirə. (Xasayın kürəyindən vurub hırıldaya-hırıldaya) Mənim adamımsan! Diyirəm axı, niyə o dəqiqə quşum qondu sənə? (Bağlamasından iki ədəd pomidor çıxardır) Vağzaldı, qatardı, bunlarınkı yumurtadı, pomidordı! Nə isitməy lazımdı, nə iyi var… (pomidorun birini duzlayıb Xasayın ovcuna basır, o birini özü yeyir).
Xasay. (Ağlamsınır) Amma… axı… daha yeyə bilmirəm...
Məxmirə. (Xasaya məhəl qoymadan, dolu ovurdlarla xəyala dalır) Bax, günlərin bir günü eynilə beləcə, bu vağzalda rəhmətdiy Mustafa müəllimlə yumurta yemişəm. Mənə: “yi, qızım, utamma” – diyirdi. Mən onda… (tikəsi boğazında qalır, çeçəyib öskürə-öskürə) Bax, onda da eynilə beləcə, eyni ilə bu cür… (qəfildən harasa, yuxarı) Allah sənə rəhmət eləsin, məllim! Didi mənə ki… qızım, nə oxuya bilərsən? Nəcib insan idi, rəhmətliy. Hər sözi brilyant idi, brilyant! Didim “bildiyimi oxuyum, məllim?” Didi: ”oxu!” Mən də oxudum. Çox bəyəndi, “sənün böyük gələcəyün var, qızım” – didi. (Qanıqara) Bu da gələcək… (Yerini rahatlayır, kədərlə içini çəkir) İndi tay qabaqkı kimi oxuya bilmirəm. Amma o vaxt… (xəyala dalır, qəfildən həyəcanla) …istəsəydim, lap opera müğənnisi olardım. Əslinə qalanda, mən elə opera müğənnisi olmağa hazırlaşırdım də! (Ayağa sıçrayır, ha tərəfindənsə sivirib çıxardığı yelpiyi üzünə tutub Karmensayağı ədalarla gəzişə-gəzişə oxumağa başlayır. Simfonik orkestrin səsi eşidilir)
Minyo bassorino-o-o telbassa-a-a!..
Santa Mariya sorronto-o-o!..
Suekostra-a-a!.. Suekostra-a-a!
Du-re massa!!!
Məxmirə oxuduqca, coşur, səhnə boyu hərlənə-hərlənə ispan rəqsi ifa edir. Xasay və cədvəlin arxasında gizlənən Nəzarətçi heyrət içində onu müşahidə edirlər.
Uzaqlardan qatar fitinin səsi eşidilir. Məxmirə səsə ayaq saxlayır.
Məxmirə. (Tövşüyə-tövşüyə Xasaya) Səninkidi? (Yerinə qayıdır, burun yaylığını çıxarıb üzünün, sinəsinin tərini silə-silə) Heç demədün, ha tərəfə gedirsən?
Xasay. (Kədərlə uzaqlara zillənir) Onu bir Allah bilir.
Vağzal saatının əqrəbləri hərəkətə gəlir, zəngi çalınır. Hər ikisi dik atılıb saata baxırlar.
Məxmirə. (Ətrafına göz gəzdirir, acı kədərlə) Əlvida ey vətən, ey gözləl diyar! (Qəfildən əsəbi) Eybi yox-eybi yox, qoy hələ bir gedim çatım! Onda görərlər kimdi Qəndablı Məxmirə! Heç eybi yox! Onda bilərlər kimi əldən verdilər! (Tamaşaçılara) A, siz elə bilirsüz, mənə tiatr lazımdı? Elə bilirsüz, mən-nədi, məşşur olmaqdan ötrü ölürəm?.. (Yazıqlaşır) Əslinə qalanda mən… hələ lap uşaqlıqdan e, bərbər olmaq istiyirdım! İstiyirdim diyəndə ki, heç mənim kimi saç kəsən vardı? (Əlindəki görünməz qayçıyla havanı doğraya-doğraya) Buna “rod-boks”, o birinə “vengerka”, bu birinə “briz”, “şarlotta”, “balqarka”! Balacalarınkı nulyovkaydı! Beş dəyqənin içində qırxıb qoyurdum yerə! (Danışdıqlarını Xasayın başında göstərir) Burdan çubçik, yerdə qalanını ülgücnən! (Kiminsə dalından təpik vurantək) Xoş getdün! Superi özümünki idi… “Məxmiri!” Özüm fikirləşib tapmışdım! (Özündə göstərir) Burdan çolka, burdan naços… Alayi şey idi! Vıxadnoylar qapımda bi dənə oçered yığılırdı, bir vay-həşir qopurdu ki, gəl, görəsən! (Səsi enir, kədərlə) Camaat-qaragün nə gündəydi ki, hələ bir dəlləyə də gedəydilər? Müharibə, aclıq… Odu ki, bütün məhəllə cumurdu üstümə! Məndə də ki, atkaz diyilən şey yoxdu də! Qayçını alırdım əlimə, kəs ki, kəsəsən! Evimiz tüknən dolurdı. Nənəm rəhmətdiy torba-torba yığıb mütəkkə düzəldirdi… o mütəkkələrdən aparıb 3 manatdan teatra da verirdim. O vaxt evimiz teatrın düz arsandaydı, Zərgərpalanda… (səsi enir) Onlar da zərxaradan üz çəkib, saray səhnələrində istifadə edirdilər...
Xasay. Demək ki, teatrla tanışlığınız belə başlayıb...
Məxmirə. (Xasaya məhəl qoymadan) …E-eh, yaxşı günnər idi… pul yox, ürəy tox! Əlüvə keçəni qazana atıb soğanbozbaşıdan, əriştədən bişirirdün, qonum-qonşunı başuva yığıb qarmonun qayışını çiyninə atıb… (sifariş verəntək kiməsə işarə edir) …bir dənə “Keçiməməsi!”
Qarmonda çalınan oynaq musiqi. Məxmirə görünməz qarmonun kəmərini çiyninə salıb ayağa qalxır, çala-çala oynayır. Xasayla Nəzarətçi bərəlmiş gözlərlə onu müşahidə edirlər.
Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Bakı-Moskva qatarına minik başlayır. Əlavə məlumat üçün üçüncü perronun birinci mərtəbəsində yerəşən məlumat bürosuna yaxınlaşa bilərsiniz.
Musiqi qırılır. Məxmirənin qolları yanına düşür, qanıqara halda yerinə qayıdır.
Məxmirə. (İri, krujevalı yaylığıyla üzünün, sinəsinin tərini silə-silə tamaşaçılara) Qoydular ki?! O ciyəriyanmış vergi müfəttişlərini diyirəm e! (Çönüb uzaq boşluqlara) Ay sizi müfəttişsiz qalasuz elə!!! Necə ki də qalduz. (Tamaşaçılara) Həftə səkkiz, mən doqquz, kəsdirdilər qapımızın ağzını ki, düş tasa! Qansız imansızlar!
Xasay. (Ehtiyatla) Amma axı sizin təhsiliniz… gərək ki… səhv eləmirəmsə, İncəsənət İnstitutunu bitirdiniz axı? Tərcümeyi-halınızda oxudum… Milli ensiklopediyada.
Məxmirə. (Əsəbi) Nə təhsil, alə? Təhsili adama… (yuxarılara işarə ilə) …O versün! O da ki… özü bilir də, onu kimə verir, kimə yox. O məktəbdi, institutdı, mən nə bilim, pedtexnikumdı, hamısı boş-boş şeylərdi! (Özünü skamyanın kürəkliyinə atır) Bir də var talant!
Xasay. Onu düz deyirsiz. Mən bunu həmişə demişəm. (Tamaşaçılara) Yazıçılığın, şairliyin institutu ki yoxdur? Bu elə bir sahədi ki…
Məxmirə. (Xasaya məhəl qoymadan tamaşaçılara) Talant alayı şeydi! Bax, o gün də biri gəlmişdi... Tərsliydən də mal vuran gün! Kəsdirəllər qapının ağzını ki, “salam əleyküm, gəlmişiy!” İy bilir də zalım uşağı da! (Xasay heyrətlə onu dinləyir) Mən də ədəb-ərkannan… (ayağa qalxıb işgüzar yerişlə kiminsə qabağına yeriyir) …necə lazımdı, qarşıladım. Xoş-beş… (kimlərləsə kişisayağı əl verib görüşür) Tay bu işdə, Allaha şükür, rusdar dimişkən “na etom dele sabaku syeli”! Nə isə, sözüm onda yox, maskovski kişkavoy sasiskanın xadavoy gedən vaxtlarıdı… mən də eləmə tənbəlliy, iki refrejeratır vurdurmuşam. Çaxırım da vardı, nə yaxşı, onu aformit eləməmişdim. Uzun sözün qısası, bəydadaşlar gəldilər, nə gəldilər! (Xasay ağzını açıb danışmaq istəyirsə də, imkan vermir) Tut je uşağları göndərdim “Dəvədabanı”na! (Xasaya) Yerün məlum, bir dənə dəvə kababı verillər orda, yiyəndə adamın belə (qarnını əsdirir) qarnı titriyir!
Xasay. (Dəhşət içində udqunur) Məgər… dəvədən kabab...
Məxmirə. (Xasaya işarə ilə tamaşaçılara) Bu lap aydan düşüb e! (Xasaya) Adə, sən dinən bizdə nə olmur! (Tamaşaçılara) Srağagün uşaqlar bir dənə delfin qutabı bişirtdirmişdilər, xalis çim yağ!
Xasay. Delfin?..
Məxmirə. (Xasaya məhəl qoymadan) Hacıleylək yumurtasınnan bir dənə kükü düzəldillər orda... pah-pah-pah! Əfsanədi-əfsanə! (Qəfildən susur, gözləri yol çəkir, kədərlə tamaşaçılara) O nankor adam olsaydı, mənim səhnədə nə azarım var idi, marketi neynirdim?.. (Yazıqlaşır) Oturardım bütün arvadlar kimi xanım-xatın evimdə, dolmamı bükərdim, uşaqlarımı çimizdirərdim... O cürə kukla kimi qız idim...
Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Baqajlarını skamyaların üstünə səliqəsiz halda atıb başları söhbətə qarışan bəzi-bəzi sərnişinlərdən xahiş olunur, təcili surətdə perronları tərk etsinlər! Profilaktik sanitar tədbirləri keçirilir!
Məxmirə. (Reproduktora) Külü qoyum başuva elə! (Tamaşaçılara) Mının da gözü elə məni tutub! Məşşur olmağın belə zibilləri var da!..
Reproduktorun səsi ilə bir Nəzarətçi peyda olur, iri addımlarla onlara yaxınlaşıb bir əli ilə fikus dibçəyindən, o biri əli ilə Xasayın kürəkliyindən yapışıb çıxışa sarı sürümək istəyəndə Məxmirə qabağını kəsir.
Məxmirə. Stop alə! Hara? Nə xəbər?
Nəzarətçi. (Xidməti rəsmiyyətlə) Yol verin, vətəndaş sərnişin! Dezinfeksiya! (Reproduktora işarəylə) Eşitmədü-üz?..
Məxmirə. (Əllərini belinə vurur) Yerinə qoy ikisini də! Yerinə qoy diyirəm, yoxsa…
Nəzarətçi. (Xasayı buraxır. Xasay üzü üstə yerə düşüb hərəkətsiz qalır. Fikus dibçəyini qoltuğuna sıxa-sıxa) Ay xanım, indicə öz qulağlaruvuznan eşitmədüz nə dedilər? Balam, tifə yoluxmağ istiyirsüz?..
Məxmirə. (Əl atıb Nəzarətçinin qalstukundan yapışır) Bura bax, diyəsən üzüvə yaxşı baxdım, özüvi itirdün a-a! Görürəm, yaman canfəşannığ eliyirsən a-a buralarda. Diyəsən, qara qızın dərdi var axı?! Yoxsa, quyruğun qapı arasında qalıb, hə?
Nəzarətçi. (Çaşqın halda çiyninin üstündən qanrılıb arxasına baxır) Quyruğ? Hansı quyruğ?
Məxmirə. Özüvü gicdiyə qoyma, gədə! Yoxsa…
Nəzarətçi. (Üzü də, səsi də dəyişir, məkrlə, astadan) Yoxsa nə?
Məxmirə. Başuva bir oyun açaram, bir oyun açaram, böyük tikön qulağun boyda olar!
Nəzarətçi. (Burnunu çəkir) Bah! Xox qorxdum!
Məxmirə. Qorxmursan, hə? Kişisən, əlündəkini yerə qoyma!
Nəzarətçi. (Fikus dibçəyini arxasında gizləyə-gizləyə, nəfəssiz halda yıxılıb qalmış Xasaya işarə ilə) Ay xanım, neynədüz? Öldürdüz ki, yetimi?
Məxmirə. (Xasaya baxır, təlaşla) Ay aman! (Dizi üstə düşüb Xasayın başını qucağına alır) Sənə noldu, ay başuva dönüm? (Doluxsunmuş halda ətrafa) Kömək eliyin! Ay camaat!!! (Ağlamsınır) Bu nə işdi gətirdilər başımıza, ay Allah!..
Nəzarətçi fikus dibçəyini ehtiyatla yerə qoyub aradan çıxır.
Məxmirə. (Xasayın başını sinəsinə sıxır) Belə də müsibət olar?.. Bu bədbəxtdən nə istiyirlər, kimə neyniyib yazıq? Durduğu, dayandığı yerdə...
Reproduktordan qalın kişi səsi. Vətəndaş sərnişinlərin nəzərinə! Hay-küy salıb sərnişinlərin dincliyini pozmamanız xahiş olunar! Əks təqdirdə…
Məxmirə. (Üzünü turşudub reproduktora) Əks təqdirdə nə, hə?..
Reproduktordan səs. Əşyalarınızı yığışdırıb basın burdan bayıra!!!
Məxmirə. (Tamaşaçılara) ...Bu nə danışır? (Reproduktora) Sən kimsən axı? Diyan-diyan, qoy (Xasaya işarə ilə) bunu yerbəyer eliyim, görün başuuza nə oyun açıram! (Qulağını Xasayın sinəsinə dayayır) Vurur hələ… (Xasaya) Bu saat… döz bir az… (Xasayı sürüyə-sürüyə çəkib skamyanın yanına gətirir, sumkasından çıxardığı şüşədəki suyu ağzına doldurub Xasayın üzünə üfürür. Xasay diksinib gözlərini açır) Ay malades… Sən döz bir az. İndi gəlirəm. Qoy o nanəcibi tapım… (Xasayı bir təhər qaldırıb skamyaya oturdur, Nəzarətçinin ardınca qaçırsa da, nə fikirləşirsə, geriyə qayıdır, çamadanların birindən çıxardığı butofor qandallarla Xasayın bir qolunu skamyanın dəmirinə bağlayır) Bax, belə. İndi tay bir adam səni yeründən tərpədə bilməz! (Gedə-gedə) Döz bir az, qadası, gəlirəm… Sən mənim canım, ölmə! (Paltarının uzun ətəkləri ayaqlarına dolaşa-dolaşa Nəzarətçinin ardınca götürülür) Adə, tut onı!! Kriminal köpəy oğlu!!! (Qaça-qaça geriyə qanrılır Xasaya) Ölmə ya!! Eşidirsə-ən?.. (Çıxır. Səsi bir müddət hardasa uzaqlarda əks-səda verir) Ölmə-ə-ə!!!
Perrona sirli qaranlıq çökür. Musiqi.
Reproduktordan kişi səsi. …ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır…
BİRİNCİ HİSSƏNİN SONU
İKİNCİ HİSSƏ
Həmin məkan. Aramla yola düşən qatar çarxlarının səsi, ara-sıra uzaqlardan eşidilən təcili yardım maşınının sirenalarına qarışıb.
Reproduktordan yorğun kişi səsi. (Ləng avazla) Diqqət…diqqət… Ay camaat, səbrüüz olsun… Səbr Allahın adıdu. (Ha tərəfdəsə nələrsə aşıb gurumbultuyla yerə dağılır) Diqqət…diqqət... ay camaat, tələsmiyün… Nolub, nə xəbər? Onsuz da hamuvuz gediceysüz... Çətini yola düşməydi... (xırıltılı öskürəklə öskürür, səsi enir) Diqqətüvüzə görə sağ olun… (mikrofon xırıldayıb susur).
Səhnə aydınlaşır. Xasay vurnuxa-vurnuxa skamyanın dəmirinə keçirilmiş qandalı açmağa çalışır. Çox keçmir ki, Məxmirə döyüşdən qayıdan qalib əsgər yerişi ilə səhnəyə daxil olur, ayaq saxlayıb əlindəki su şüşəsini başına çəkir.
Məxmirə. (Gəldiyi səmtə sarı) Ciyərün yansun elə! (Skamyaya əyləşib suyun qalanını Xasaya içirdir. Xasay suyu əvvəl heysiz halda içir, sonra iştaha gəlib şüşəni Məxmirənin əlindən alır və acgözlüklə başına çəkir) Yavaş alə, çeçiyərsən, qoy oturmuşuq, sən Allah! (Tamaşaçılara astadan) Ciyəri yanırmış fağırın... (dərdli-dərdli içini çəkir) E-eh, bu boyda məmləkətdə bircə sənət xiridarı tapdım, o da bu gündə...
Xasay. (Qolundakı qandala işarəylə) Mümkünsə, bunları aça bilərsiniz?..
Məxmirə. (Xasaya məhəl qoymadan, kədərlə) E-eh… gidi dünya! Bilmədün sənətkaruvun qədrini də!
Xasay. (Skamyanın ətrafında birqollu vurnuxa-vurnuxa qandallardan azad olmağa çalışır) Sizdən atıq dərəcədə xahiş edirəm… (ağlamsınır) məni azad edin!
Məxmirə. Bir səbrün olsun, balam də. Altıaylığ döyülsən ki? Tələsmə, qoy hələ bir görək nolur, nə baş verir. Özün görürsən də, dəqiqədə bir hoqqa çıxarırlar. Onu istiyirsən, genə arabaya basıb aparsunnar səni?.. (Cib telefonu zəng çalır. Telefonu qayışının ha tərəfindənsə çəkib çıxarmağa çalışır) Şoğərib a… (düyməsini basıb rəsmi) Buyurun, eşidirəm… (üzü dəyişir, nazla) O-o-o, Mixal Mixalıç! Rada, rada vas slışat! Da-da-da, kaneşna-kaneşna… (əli ilə telefonun mikrofonunu qapayır, Xasaya) Qosdumadandı! (Telefona, bayaqkı nazla) Da-da! Da nu şto vı? (Mikrofonu əli ilə qapayıb tamaşaçılara) Vot pajalusta! Sora da diyillər “nöş diyirsüz böyük rus xalqı?” Böyükdü, balam də-ə! (Telefona bayaqkı nazla) Spasibo, sbasibo aqromnoe. Nu-u… abijayete. Kak je bez etoqo ta? Ved eto simvol naşey drujbı?! (Kənara) Qarnuva şiş batsun elə! Adam nə qədər xurma tıxar? (Telefona) Vseqo-vseqo xoroşeqo... (telefonu qapayıb qürurla tamaşaçılara) Gələ, bu da rus! Məxmirəyə verdiyi qiymətə bax! (Telefonu əvvəlki yerinə basır).
Xasay. (Qolundakı qandala işarəylə) Yaman sıxır… deyirəm, bəlkə… bir az boşaldasınız?
Məxmirə. (Ayılır) A-a, qolundakını diyirsən? A-a, bu… (uğunur) …nastayaşşi döyül ki? “Casus” tamaşasınnandu də! Na vsyakiy sluçay özümnən götürdüm ki, yola çıxıram, gərəyim olar. (Xasayın böyrünü dümsükləyir) Eşitdün alə? Moskvaynan danışırdım e, eşitdün?..
Xasay. (Acı kədərlə uzaq boşluqlara) …Mən bir kor qartal idim… Yuvamdan uçurdular… Vətənimə qayıtdım, qanadımı qırdılar… (səssiz-səssiz ağlayır və özündən gedir).
Məxmirə. A-a? Adə, noldu sənə? (Xasayın üzünü şillələyir. Yazıqlaşır) Ay mənim başım batsın, ağzım qızışıb söhbətə… (qandalı açmağa çalışırsa da aça bilmir, ayağa qalxıb təşfişlə) Qoy gedim görüm kimi tapıram! (Çıxışa tərəf qaça-qaça kiməsə) A bala, buranın medpunktı hardadı?.. Xaraba qalsun buranı elə! (Çıxır).
Məxmirənin çıxmağıyla Nəzarətçinin peyda olmağı bir olur. O qəribə bir uçuşla Xasayn üstünə şığıyıb xirtdəyindən yapışır.
Nəzarətçi. (Astadan) Axır keçdün əlimə, ay vələdüzna-a? Daha bu dəfə heç hara qaça bilməyəcəksən! Yazığım da gəlməyəcək daha sənə! Yığmısan hamını burda boğaza! (Başıyla harasa yuxarılara işarə edir) İndi orda ağluvı gətirəllər başuva!..
Xasay. (Yazıq-yazıq) Siz… məndən nə istəyirsiz?.. Mənim ki, bir kəsə zərərim dəymir… Bu bircə qarış yeri də çox görürsüz mənə?..
Məxmirə. (Əlində dərman, təlaş içində perrona daxil olur. Nəzarətçini görüb üstünə hücum çəkir, kənara itələyib, güləşçi pozasında üstünə yeriyir) Ağıllanmadun, qəde-eş? İstiyirsən vurub-öldürüm səni bu vağzalın içində?
Nəzarətçi. (Qorxu içində geriyə səndələyir. Yalvarışlı səslə) Ay xanım, mən neynədim? Sənədləri yoxlayıram da… (qəfildən dəyişir, özünü dikəldib, süni rəsmiyyətlə) Vətəndaş sərnişin, niyə bu qədər hay-küy salırsuz? (Əsəbi) Bilmədiyivüz işlərə qarışırsuz! Vağzal asayişinin qorunmasına əngəllər törədirsüz!
Məxmirə. Özüvi gicdiyə vurma, alə! (Yamsılayır) Vağzal asayişi! Asayiş gözdiyən olub mənimçün! (Yenə qarnını qabağa verib Nəzarətçinin üstünə yeriyir) Di görüm, bu yetimnən nə istəyirsən!
Nəzarətçi. (Geriyə səndələyir, çaşqın halda) Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..
Məxmirə. Mən kiməm?.. (Tamaşaçılara) İnsanda həyasızlığın dərəcəsinə bax da! Mən buna diməydən ki, “a balam, sən kimsən, nəkarəsən ki, oturduğumuz yerdə keçmisən xirtdəyimizə ki, “asayiş belə gəldi, dizinfeksiya belə getdi”, imkan verimirsən ağzımızdakı sözü axıra çatdırağ, bu mənə diyir! (Qəfildən Nəzarətçiyə astadan) Diyəsən məni tanımadun a, qədeş… (qəfildən əl atıb Nəzarətçinin yaxasından yapışır) Məni tanımırsan, alə?..
Nəzarətçi. (Çaşqın halda başını yelləyir) Yo-ox…
Məxmirə. (Nəzarətçinin yaxasından tutub özünə sarı çəkir) Denən, sən öl tanımıram?
Nəzarətçi. (Duruxur) Özüm ölüm, tanımıram… amma belə… (Məxmirəni indicə görürmüş kimi, başdan-ayağa süzür) …elə bil kiməsə oxşadıram... Amma kimə... onu yadıma sala bilmirəm də…
Məxmirə. (Nəzarətçinin yaxasını buraxıb astadan qulağına) Bax, kişi sözü verirəm: düzünü disön a, işim olmıyıcey səniynən… (öz yanağına vurur) Bu ölsün, düz sözümdi!
Nəzarətçi. (Kəkələyə-kəkələyə) N-n-nəyin d-düzünü?..
Məxmirə. (Astadan) Bu yazığdan nə istədiyüvün düzünü! Bu yazığa nə vermirsən, ala bilmirsən, onu di! (Səsi dəyişir, Xasaya baxa-baxa rəhmlə) Görürsən ki, onsuz da ölür də öz gününə. Elə ayağ üstə diyandığı yerdə ölür bədbəxt. Özün görürsən də…. (işıq dirəyinə işarə ilə) Bax, o işığa and olsun, işim olmıyacey səniynən!
Nəzarətçi. (İşıq dirəyinə baxır) Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdı, vəssalam! Sərnişinlərin sənədlərini yoxlamaq bizim xidməti borcumuzdu, xanım.
Məxmirə. (Üzünü turşudur) Xidməti borc?..
Nəzarətçi. (Öz yanağına şapalaq vurur) Bu ölsün! İndi iraq-iraq, rəisdən-zaddan gəlib çıxsa ya buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovacağ işdən!
Məxmirə. Pa atonnan! Yaxşı ki, rəisdən-zaddan olmamısan! Yoxsa buralarda uçurmadığun dam qalmazdı! İndi bu fıştırığ boyda vağzalı sənə tapşırıblar diyə, camaatın gününü qara eləyiceysən? Bu yer atonnan qalıb? (Qollarını qoltuğuna vurur) Yox e, dinən, biz də biləy balam də-ə!
Nəzarətçi. (Məxmirəni kənara çəkir, oğrun-oğrun ətrafa baxa-baxa qulağına astadan) Axı siz bilmirsüz, xanım… (Xasaya işarə ilə) …biz isə onu tanıyırıq. (Hər ikisi çönüb Xasaya baxırlar. Xasay onların baxışlarından təşfişə düşür, əsəbi-əsəbi qolundakı qandalı didişdirir) Bu adam buraların daimi sakinidi. Gör neçə illərdi gecəsi-gündüzü buralarda keçir. Halbuki… hərçənd ki…
Məxmirə. Hə, nolsun? Bəlkə, işi var, gücü var, adam qarşılayır, ya yola salır… Kürəyündə oturub?
Nəzarətçi. (Astadan) O sizə elə gəlir, xanım. O heç kəsi qarşılamır, nə də yola salası bir kəsi yoxdu. Onun, ümumiyyətlə, heç kəsi, heç nəyi yoxdu! (Pıçıltı ilə) Bu adam… bomjdu – bomj!
Məxmirə. (Üzünü turşudur) Bomj? (Çönüb şübhəli baxışlarla Xasaya baxır).
Nəzarətçi. (Xasaya baxa-baxa içini çəkir) Dünyanın işləri belədi… amma bir vaxtlar böyük vəzifələrdə olub bədbəxt. Bir yeşik orden-medalı da var. Amma ki… (mənalı-mənalı gülümsəyə-gülümsəyə susur).
Məxmirə. (Gözü Xasayda) Amma ki, nə?
Nəzarətçi. (Qımışır) Dəyib də uje...
Məxmirə. (Qaş-qabağını tökür) Başa düşmədim.
Nəzarətçi. Yəni ki… (başıyla harasa, arxaya işarə edə-edə) …vaxtı çatıb da. (Məxmirə duruxmuş halda Nəzarətçiyə baxır) Anlamaduz? (Gizli məmnunluqla) Belə məqamlar tay orden-medallar da adamın karına gəlmir.
Məxmirə. (Xasaya baxa-baxa) Bunun medalları da var?
Nəzarətçi. Bir yeşiy! (Tamaşaçılara) Pa atennən! Deyirəm, bu da xalqa xidmətin axırı! O qədər külüng çal, axırda da Tolstoy kimi gəl çıx vağzala kin, bəs o söz…
Məxmirə. Külüng? Nefçi olub bəyəm?
Nəzarətçi. Neftçi olseydi, nə vardı ki? Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan tapıb qurdalanardı orda öziyçün. Yazıçı olub bədbəxt. Yazıçı!! Oxxartana da kitab yazıb ki, indi ha simişka büküb satıllar, qurtarmaq bilmir. Onun o trilogiyası var e... Adı nəydi? (Yadına salmağa çalışır) Hər nəydisə… tək bir dənə ona əlli ton simişka büksön qurtarmaz!
Məxmirə. (Xasaya baxır. Xasay Məxmirənin baxışları altında pərt hərəkətlərlə üst-başını sahmana salır) Belə de-e… Yazıçıymış diməy… Diyirəm axı… 16-cı əsr ispan dramaturqu… əmək qabaqcılları… (gözlərini qıyır) …diyan-diyan… bu…
Nəzarətçi. (Saxta kədərlə) Bəli-bəli, özüdü ki, var.
Məxmirə. Ləqəbi də birtəhər idi ye... ləfkir idi, cibgir idi?..
Nəzarətçi. Dilgir… (hüznlə) Xasay Dilgir!
Məxmirə. Yadıma düşdi… Dilgir, Dilgir… Biz də zarafata salıb “dılğır” diyirdiy...
Nəzarətçi. İlmidam da nöüt buruğlarınnan yazırdı ye, yaduuza gəlir? (Qəfildən pafosla) Vətənimin qara gözəli! Qara gözəl e! Qara rəngdə də gözəl olar, sən mənim canım? (Yenidən pafosla) Xalqıma qara qızıl bəxş edən sevgili buruğum! (Tamaşaçılara) Ay başuva dönüm, buruğdan da sevgili olar?
Məxmirə. (Üzünü turşudur, çönüb tərs-tərs Xasaya baxır. Xasay üst-başını sahmana salır) Yadıma gəli-ir… bezdarnı bir pyesi də vardı… “Şəfəqli sabah”! Mənə də orda fstringi bir rol vermişdilər… kankan rolu! Kankan e! (Xasaya əyri-əyri baxır) Bütün tamaşanı əyri vedrəynən guya quyu dibindən nöüt çıxarırdım…
Nəzarətçi. (Qəfildən yağlı opera səsi ilə oxuyur)
Canım Bakı, gözüm Bakı, a-na Vətə-ən...
Yaranmısan kammunizmin qüdrətində-ən…
Qara qanın qaranlığa işıq saçı-ır,
Ağ günlərə, gələcəyə yollar açı-ır…
Məxmirə. Bunu da bu yazıb?
Nəzarətçi. Yox, əşşi. Bunu başqa bir kliyentim yazmışdı, indi yazmasun.
Xasay. Siz məni qınayırsınız. Amma belə əsərlər bu gün də lazımdı. Bax, məsələn, indiki yazarlar Qarabağ savaşından yazmırlar. Axı bu, birbaşa zamanın tələbidir?! Qoy lap bədii cəhətdən zəif olsun! Formaca zəif, məzmunca vətənpərvər! Niyə yazarlarımız özlərini müsəlləh əsgər saymırlar? (Qəfildən ürəyini tutur, heysiz halda) Axı niyə...
Məxmirə. (gözü Xasayda astadan) Şükür məsləhətüvə!
Xasay. (Qəfildən boğulurmuş kimi, yerində vurnuxmağa başlayır) Buraxın məni burdan! Havam çatmır! Havam çatmı-ı-ır!..
Məxmirə. A-a-a, buna bax e, ağzım qızışıb söhbətə… Gedim kəlbətindən-zaddan görüm nə tapıram… (tələsik addımlarla çıxır).
Nəzarətçi. (Alıcı quş kimi Xasayın başının üstünü kəsdirir, qulağına astadan) Hə, Dılğır, nu kak dela? Gedirik?
Xasay. (Titrəyə-titrəyə) Mən… öz qatarımı gözləyirəm… məni rahat buraxın… Yalvarıram sizə…
Nəzarətçi. Qatarı neynirsən, ay axmaq? Səni təyyarəynən aparıram! (Uzaqları göstərir) Ode-ey, görürsən? Qartal kimi diyanıb orda! Bizi gözləyir!
Xasay. (Üzünü bir əli ilə qapayır) Yo-ox, görmürəm…heç nə görmürəm…məni rahat buraxın…
Nəzarətçi. Özüü gicdiyə vurma, gədə! Məni görürsən, o boyda təyyarəni görmürsən?
Xasay. (Gözlərini yumub ayaqlarını balaca uşaq kimi yerə döyəcləyir) Görmürəm-görmürəm…
Nəzarətçi. (Yan-yörəsinə boylanır, Xasayın qulağına astadan) Orda bilirsən nə mükafatlar verillər? Qırmızı Qələmlər Ordeni! Yanar Fikir medalı! Əbədi Çəngəl laureatı! Hamısı da qızıldan! Oxucu da ki, itüvə tök! Bir Fəxri Xiyabanı var oranın, bay dədə! Görən diyir “basdırun e, məni burda!”
Xasay. (Qorxudan titrəyir) Yox-yox, istəmirəm… Nə orden... nə Fəxri Xiyaban… (ağlamsınır) …mən… öz qatarımı gözləyirəm…
Nəzarətçi. (Üzünü turşudur) Noldu, o gün istiyirdün, indi istəmirsən?..
Xasay. (Duruxur) O gün? Haçan?..
Nəzarətçi. Tonnarnan kitab yazdığun günləri diyirəm.
Xasay. (Yazıq-yazıq) Siz nə danışırsız?.. Mənim ki, cəmi-cümlətanı… on, ya on beş kitabım çıxıb.
Nəzarətçi. Bəs o çoxciliddiklər? (Xasayın böyrünü dümsükləyir) Qruzavoynan göndərirdün e-e, camaatın evinə, yadunnan çıxıb? Camaatın evini arxivə döndərmişdün! Qusdura-qusdura oxutdururdun e, cızma-qaralaruvı…
Xasay. Qruzavoy?.. Siz… hansı qruzavoyu deyirsiniz?
Nəzarətçi. Artisdiy eləmə, gədə!.. (Dizinə dirsəklənir) Bir əlünnən şeir yazırdun, bir əlünnən roman, ayağunnan pyes... Hamısı da (lağla) şanlı, əziz partiyadan, Lenindən… (yamsılayır) “dədəm” diyəndə, yadıma Lenin düşür, “bobam” diyəndə, gözümə Marks görünür... (tamaşaçılara) Elə bil Marks-Lenin əkib-doğmuşdu bunu! Hanı sənün o şanlı, əziz partiyon? Gəlib mərifətnən, qanacağnan yola salsunnar da səni!
Xasay. (Yazıq-yazıq) O dövrlər… (kədərlə) …bu, zamanın tələbiydi…
Nəzarətçi. Axı ay… (yumruğunu havaya qaldırıb Qulamın başına vurmaq istəyirsə də, özünü saxlayır. Müəllim təbiri ilə) Axı o boyda istedad verilmişdi sənə, (xüsusi vurğuyla) qələm verilmişdi! Sən neynədün? Nələrə xərclədün o qabiliyyətüvi? Gör bir nə boyda imkanlar verildi sənə! Sovetin o zəqqutun vaxtında Tac-Mahaldan vurub Kolizeydən çıxdun…
Xasay. (Üzü işıqlanır) Eyfel qülləsi… Azadlıq statuyası…
Nəzarətçi. Tay sənə nələr verilmədi? Dalunnan təpiyi vurub Çin səddineycən göndərdilər! Kommunist ola-ola Məkkəyə gedib çıxdun! (Ağzının içində dua oxuyur) Amma adam olmadun ki, olmadun! Ayağuvun ikisini də bir başmağa soxub “Zamanın bayrağdarı!” diyib durdun! Bu da axırun... (qatar fitinin səsi eşidilir. Saata baxır) Yaxşı tay, vaxtdı, dur ayağa, işim başımdan aşır. (O yan-bu yanına boylanır) O qədər buralarda sənün kimi avara-uvara dolaşır ki... Ode-ey, biri də dayanıb o tərəfdə. Violonçeliynən gəlib. (Tamaşaçılara) İndi gəl bunu o boyda fısqırığnan yola sal, görüm, necə salırsan də!
Məxmirə əlində kəlbətin, tövşüyə-tövşüyə özünü Xasaya yetirir. Nəzarətçi Məxmirəni görən kimi aradan sivişir.
Məxmirə. Tapdım axır ki! (Kəlbətinlə Xasayın qolundakı qandalları açır. Xasay qolunu ovuşdurur, sonra ürəyini tutur) Nədi? Genə tutdı? (Sumkasından çıxardığı dərmanı stəkana damızdıra-damızdıra ağzının içində) Sən də bəla oldun də başıma! (Dərmanlı suyu Xasaya içirdir) Gələ, iç... (stəkanı Xasaydan alıb yenə dərman damızdırır) …qoy mən də içim… Bu boyda zıppıltıya ürəy dözər? Bu gethagetdə düşüb ölməsəm yaxşıdı. (Dərmanı başına çəkir).
Hardansa yaxın məsafələrdən vıyıltıyla ötən qatarın səsi eşidilir. Vağzal saatı işə düşüb zəngini çalır.
Məxmirə. (Çönüb saata baxır) Bisimillah! Bunun zəngi də varmış ki… (tamaşaçılara şövqlə) …eynilə Anna Karenina tamaşasının axırıncı səhnəsində Anna özünü qatarın altına atmazdan əvvəl vağzal saatının çaldığı həmin səsidi… (fikrə gedir, kədərlə) …o rolu mənə versəydilər, elə oynayardım ki… (skamyanın kürəkliyinə yayxanır, tamaşaçılara) Amma düzünə qalanda… (çönüb Xasaya) …təmiz söhbətdi ya-a! Mənim ən böyük arzum Otello rolunu oynamaq olub!
Musiqi. Məxmirə ayağa qalxıb çamadanlardan birinin qapağını açır, oradan çıxardığı pariki başına taxıb, uzunətəkli ağ libasa bürünür, başını çamadanın qapağı arxasında gizləyib üzünə nə isə yaxır. Xasay heyrətlə onu izləyir. Məxmirə qrim işini bitirib, xırda addımlarla pərdənin arxasına qaçır və çox keçmir ki, oradan Otellonun qiyafəsində – qara qrimdə, iri, ağır addımlarla çıxıb səhnənin ortasına yeriyir. Təntənəli şeypur səsləri eşidilir. Xasay Məxmirənin qara zənci üzünü görüncə dəhşət içində ayağa qalxır.
Məxmirə. (ətrafını seyr edə-edə qalın bas səslə) Heyhat!!! Bu sərinlik, bu könül oxşayan gözəl laləzar! (Ayrı səmtə çönür) Bu donuq baxışlı, süd üzlü bahar… (susub ardını yadına salmağa çalışır) …De, kimə gərəkdi sənsiz, ey nigar?
Reproduktordan səs. Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı xətlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədi! Sərnişinlərdən xahiş olunur, yerlərini tutsunlar. Təkrar edirəm. İkinci, üçüncü…
Məxmirə. (Təşfiş içində Xasaya) Mənimkidi! (Özünü çamadanlara atıb, cəld hərəkətlərlə yır-yığış edir).
Perronun dərinliyində Nəzarətçi görünür. Guya yolun o biri üzündəki sərnişinlərə göstərişlər verə-verə, o baş-bu başa yeriyir.
Nəzarətçi. Ay uşağ, qırağa çəkilün! Görürsuz da, işarə qoyulub! Sənnənəm, ay xala! Bir başuvı qaldır, yol nişanına bax də-ə! Ayə, ayə, hara soxursuz özüüzu? Qatar görməmisüz, nədi?..
Məxmirə. (Çamadanlarını bağlaya-bağlaya) Fikir ver-fikir ver, indi guya bu vəzifə başındadı də! Kişinin oğlu sahman yaradır! Buna hələ balaca səlahiyyət verilib a-a! Gör ki, indi Allah eləməmiş-Allah eləməmiş, ağıllı-başdı bir vəzifə verələr a-a...
Nəzarətçi. (Onlara yaxınlaşır, rəsmi tonda) Vətəndaş sərnişinlər… (gözü Məxmirənin qara qrimli üzünə sataşır) Bıy? Bu… (Xasaya) Bu kimdi belə? Əcnəbidü? (Xasay döyükmüş halda çiyinlərini çəkir. Məxmirəyə) Ay yoldaş, siz…
Məxmirə. (Nəzarətçinin ona uzanan əlindən vurur) Əlnən danışma, alə!
Nəzarətçi. (Duruxur) A-a? Bu… sizsüz? Üzüuz niyə bu rəngdədi?
Məxmirə. Günnən qaralıb, sora?..
Nəzarətçi. Bəs niyə minmirsüz? (Saata baxır) Vaxtuvuza az qalıb ki?!
Məxmirə. (Qollarını qoltuğuna vurur) Kefimizə belə düşüb!
Nəzarətçi. (Başını qaldırıb göyə, sonra Məxmirəyə baxır) Nə deyirəm, özüuz bilən yaxşıdı. (Xasaya yaxınlaşır, əlini açır) Vətəndaş, biletivüzü göstərün.
Məxmirə. (Nəzarətçinin əlini itələyir) Əlüvi yığışdır, alə!
Nəzarətçi. Ay qardaş… tfu, ay xanım, niyə belə eliyirsüz? Niyə bizi işləməyə qoymursuz? Üzüvüzə də qara yaxmısuz… (tamaşaçılara çaşqın halda) …Hələ həyatımda… ömrümdə ha… belə hallarla rastlaşmamışam… (Məxmirəyə) Belə də olmaz axı, hər şeyin də bir ölçüsü, əndazəsi var…
Məxmirə. Ay səni “axı”lar öldürsün elə! (Sumkasında eşələnir, oradan tapıb çıxardığı bileti şəstlə Nəzarətçiyə uzadır) Gələ, sox gözüvə! Esveyədi! İkinəfərriy!
Nəzarətçi. (Bileti əlinə alır, gözü Məxmirədə) Bəs axı siz… (astadan) niyə bu rəydəsüz?..
Məxmirə. Sənün nə borcuva? Heç dəxli var?
Nəzarətçi bileti cibindən çıxardığı əl fənəri ilə yoxlayır, arada bir fənəri Məxmirənin üzünə də tutur.
Nəzarətçi. Ay bacım, ay anam, bu, bilet döyül axı?!
Məxmirə. (İztehzayla) Bilet döyül, hə? Bəs nədi?
Nəzarətçi. (Bileti əlinin içində o üz-bu üzə çevirə-çevirə) Pamoymu bu, harasa buraxılış vərəqəsidi. İnanmırsuz, buyurun, özüuz baxun. Budey, küncündə "Dinamo" yazılıb.
Məxmirə. (Bileti əlinə alıb baxmadan, tamaşaçılara) Bisavaddığın dərəcəsinə bax da! Millət gör nə gündədi! (Nəzarətçini altdan-yuxarı kinayə ilə süzür) Azərbaycanca da oxuya bilmirsən, ay bədbəxt? Burda ki, aydın yazılıb! (Biletdə yazılanları oxumaq istəyəndə duruxub qalır) A-a?! Mənə bax e! Dinamoya buraxılış vərəqəsini verirəm e, sənə! Diyan-diyan, bu saat… (əl sumkasının içində eşələnir).
Nəzarətçi. (Xasaya işarə ilə) Bu vətəndaş sizinlədir?
Məxmirə. (Bileti axtara-axtara) Həri-həri, məniynəndi…
Nəzarətçi. (Xasaya yaxınlaşır) Sənədlərinizi xahiş edirəm.
Xasay. (Kəkələyir) S-sənəd? Hansı sənəd?
Məxmirə. (Ayağa qalxıb sumka əlində, Nəzarətçinin üstünə yeriyir, onu qarnıyla itələyə-itələyə Xasaydan uzaqlaşdırır) Bura bax ey! Həddüvi aşdun a-a! Səhərdənnən dinmirəm, ağını çıxartdun a, lap!
Nəzarətçi. (Geriyə səndələyirsə də, özünü ələ alır) Xanım, mən nə dedim ki?! Sənədləri, biletləri yoxlamaq mənim vəzifə borcumdu!
Məxmirə. (Nəzarətçinin ağzını əyir) Bah-bah, vəzifə bocudı! Nədi alə, sənün vəzifə borcun, camaatın qarnına girmək? Səhərdənnən göz verib işığ vermirsən bizə… (başıyla reproduktora işarə edir) …o birini də dəqiqədə bir qızışdırıb salırsan canımıza… elə bilirsən başa düşmürəm? (Nəzarətçi nə isə demək istəyirsə, imkan vermir) İstədiyün nədi, balam, de, biz də bilək də-ə! Nə vermisən bu yetimə, ala bilmirsən? Bu bədbəxtin qol-qanadını qırmaq istiyirsən?
Nəzarətçi. Ay xanım, belə də olmaz, vallah! Hər şeyin öz qaydası var. Qanad öz yerində, sənəd öz yerində.
Məxmirə. Yeri get işüvə! (Nəzarətçini necə itələyirsə, o biri səndələyib yerə oturur) Dijurnı olub mənimçün! Mən buralarda drujinnikliy eliyəndə, sən haralardaydun, ay yazığ?
Nəzarətçi. (Ayağa qalxıb üst-başını çırpa-çırpa) Nə deyim vallah? Özüuz bilərsüz… (çönüb çıxışa sarı addımlaya-addımlaya) …amma bax, deyirəm, sənədlərüüz qaydasında döyülsə, yolda başuvuz ağrıyacağ.
Nəzarətçi gedə-gedə qatarların hərəkət cədvəlini sürüyüb özüylə aparır, səhnənin arxasında dayanan kimlərəsə işarə verir. Bir neçə əcaib qiyafəli adam səhnəyə çıxaraq, işıq dirəklərini, skamyaları və vağzal saatını sürüyüb aparırlar. Xasay kədərlə baş verənləri izləyir. Perronu andıran məkan boş qalır.
Məxmirə. (Baş verənləri sezmədən, çamadanlarını, fikus dibçəyini götürüb Xasaya) Ardımca gəl… (Xasay ayağa qalxıb pencəyini düymələyir, heysiz addımlarla Məxmirənin ardınca yeriyir) Eybi yox! Heç eybi yox! Bu milləti oyatsa-oyatsa, mənim o üçpərdəli, dördşəkilli tragikomediyam oyada bilərdi, onu da xudsovetdən buraxmadılar! Qandıqları qrafa var ki? (Qəfildən ayaq saxlayıb çamadanları yerə qoyur. Xasay ayaq saxlayıb matdım-matdım ətrafa baxır. Fikus dibçəyi qucağında, tamaşaçılara) Təkcə o axırıncı səhnə… Qiyamət günü səhnəsi! (Əlini əlinə vurur, gözlərində qığılcımlar oynayır) Şedevrdi, şedevr! (Ovsuna düşür) Demək lap axırda… kuliminasiya səhnəsi… onda ki insanlar axır başa düşüllər ki, hər şey boş xülya imiş… (şəhadət barmağını, nəyəsə işarə verirmiş kimi yuxarı qaldırır) …yer titrəməyə başlayır! U-u-u!.. (Yerin altından həqiqi zəlzələ uğultusu eşidilməyə başlayır) …ha tərəfdənsə güclü külək torpağı göyə sovurur! Fş-ş-ş!!! (Külək uğultusu eşidilir) Göy üzü şimşəklərdən dağılır!..
İşıq dəyişir. Qorxulu musiqi. Möhtəşəm ildırım çaxıntıları zəlzələ uğultusu, külək vıyıltısı bir-birinə qarışır. Külək Xasayı yerindən qoparıb səhnənin dərinliyinə aparır.
Məxmirə. (Saçları küləkdən dalğalana-dalğalana, səsi əks-səda verə-verə) İnsanlar başlarını itiriblər… hərə bir yana qaçır... Nə ana oğlunun hayındadı, nə qardaş bacının, nə ər arvadının...
Şimşək və külək uğultusu getdikcə güclənir. Xasay küləyin içi ilə, səhrada azmıştək, kimisə, nəyisə axtarır. Uzaqlardan ötən sürət qatarının vahiməli fiti eşidilir. Xasay ayaq saxlayıb səs gələn tərəfə baxır.
Məxmirə. (Küləyin müqavimətindən ləngər vura-vura) Bu məqam uca yüksəkliklərdən səda eşidilir... (skamyanın üstünə çıxır) Oyanın, siz ey Adəmin övladları! (Səsi külək uğultusu, şimşək çaxıntıları içində əks-səda verir) İndi deyin! Bu gününüzdə dadınıza kim çatacaq? Siz bir-birinizin gözündə yaxşı olmağa çalışdınız... (səsi enir, kədərlə) Bir dəfə düşündünüzmü, mənim gözümdə yaxşı olasız? (Cəld yerə enib diz çökür, əllərini sinəsində cütləyib yalvarışlı, incə səslə bayaq dayandığı boş yerə) Keç günahımızdan, pərvərdigara! Əhv et bizləri! (Qəhərlə) Biz… həqiqətən, günaha batmışlarıq…
Ecazkar işıq bərqləri. Məxmirə işıq bərqlərinə geriyə çevrilir. Qatar çarxlarının və fitinin səsi getdikcə güclənir. Xasay qollarını açıb işıq selinə dixil olur və orda əriyib yoxa çıxır.
Məxmirə. (Ayağa qalxır, təşfişlə) Xasa-a-ay!!! Hara-a-a?..
Sürətlə uzaqlaşan qatarın səsi və fiti Məxmirənin səsini eşidilməz edir. Məxmirə Xasayın ardınca qaçır və işıq selinə düşür. Qatar fiti və çarxların səsi getdikcə uzaqlaşır, azalır və itir. Məkan aydınlaşır. Məxmirə səhnənin tən ortasında Otellonun uzunətəkli ağ libasında qara qrimdə tək-tənha dayanıb. Bayaqdan perron təəssüratı bağışlayan məkanda Məxmirənin iki çamadanından və fikusundan savayı heç nə gözə dəymir. Məxmirə əlini başına aparıb aramla pariki çıxarır. İşıq və musiqi dəyişir.
Məxmirə. (Tamaşaçı zalına) Ey Adəmin övladları! Göylər mənim buyruğumla sütunsuz dayanır! (Acı kədərlə) Sizlərin qəlbi isə mənə itaətə gəlmir ki, gəlmir... (sağ əlini, şəhadət verirmiş kimi, yuxarı qaldırır) Ey iman gətirənlər! Məni tez-tez anın! Şükr edin ki, bağışlanmışlardan olasınız…
Qəfildən səhnənin və tamaşa zalının işıqları yandırılır.
Məxmirə. Oy!!! (Çaşqın halda yerində vurnuxur) Mən… Bura… bura haradı?..
Səhnəyə xidməti geyimdə fəhlələr daxil olurlar, özləri ilə sürüyüb gətirdikləri işıq dirəklərini, vağzal saatını, skamyaları və qatarların hərəkət cədvəlini yerbəyer etməyə başlayırlar.
Məxmirə. (Həyəcandan pörtə-pörtə səhnəyə göz gəzdirir) Bura necə gəlib çıxdım?.. Mənim heç ağlıma da gəlməzdi... (gah fəhlələrə, gah tamaşa zalına baxır, tələsik hərəkətlərlə üst-başını, saçlarını səliqəyə sala-sala pərt təbəssümlə) Axı mən… Mən… Doğurdan deyrəm, düz sözümdü vallah... bilet almışdım! Esveyə! İnammırsu-uz?.. (Çamadanlarına işarə ilə) Bu da mənim çamadanlarım…
Səhnəyə ətrafında köməkçi və assistenti Rejissor daxil olur.
Rejissor. (Məxmirəni görcək ayaq saxlayır, əsəbi halda yanındakılara) Bunu yenə kim buraxdı bura? (Məxmirə rejissoru görüb harasa dayaqlanmaq, ya gizlənmək üçün yer axtarırsa da, tapa bilmir) Axı belə müsibət olmaz, ay əzizim, belə işləmək olmaz! Vallah olmaz, billah olmaz! (Qəfildən əsəbi çığırtıyla) Bu xarabanın bir gözətçisi var, ya yox? (Yanındakılara) Sizinləyəm! (Assistent və köməkçi günahkar halda başlarını aşağı salırlar. Əlindəki kağızları nifrətlə yerə çırpır və əsəbi addımlarla çıxır).
Rejissor assistenti fəhlələrə nə işarə verirsə, onlar əllərindəki işi buraxıb Məxmirəni dövrəyə alırlar, çamadanlar və fikusla bir Məxmirəni çıxışa sarı sürüyürlər.
Məxmirə. (Qolundan tutub sürüyən fəhlələrdən birinə) Baləmi-i-i? Məni qovlayırsan? Səni bura gətirib çörək verəni qovlayırsa-an? Sən… siz nə naxələf adamsuz, alə? Tfu sifətüvüzə!!!
Fəhlələr Məxmirəni, dediklərinə məhəl qoymadan çıxışa sarı sürüyürlər.
Məxmirə. (Fəhlələrin əlində vurnuxur) Buraxun məni! Adə burax diyirəm! (Qəfildən ayaqlarını yerə dirəyib rejissora işarə ilə) Məniynəndi o? A balam, nə ox olub batmışam bunun gözünə? Neynəmişəm mən-yazığ? Kimə mane olmuşam, kimin yerini daraltmışam? Rol vermir, belə cəhənnəmə versün! İndi nədi, vurub öldüricey məni?..
Birinci fəhlə. İcazə vermir də, xanım, incimiyün. (Rejissora işarə ilə astadan) Görürsüz də, əsəbiləşir, sora da hirsini bizim üstümüzə tökür.
Məxmirə. (Sivişib fəhlələrin əlindən çıxır, əllərini belinə vurur) A, siz elə bilirsüz mən – nədi, tiatrdan ötrü ölürəm? Belə tüpürüm… (qəfildən susur) Məni bu günə o qoymadı, bəlkə?..
İkinci fəhlə. Nahaq bizə qeyzlənirsiz. Biz kimik ki?.. (Məxmirənin qoluna girib çıxışa sarı sürüyür) Bu gün o, ümumiyyətlə, əsəbidi. Premyera günü həmişə belə olur. Özünüz bilirsiz də.
Məxmirə. (İldırım vurmuş kimi, dayanır) Premyera? Nə premyera? A bala, dünyanı xəstəliklər cənginə alıb, hər yer od tutub yanır, şəhərrəri su aparır, meşələr özünü yandırır, siz tamaşa göstərirsüz?
Birinci fəhlə. (Məxmirəni çıxışa sarı sürüyə-sürüyə) Bir azdan tamaşa başlanacaq, camaatı zala buraxacaqlar.
İkinci fəhlə. Belə də olmaz da, ay Məxmirə xanım. Axı sizi o cürə təmtərağnan yola saldılar, şəklinizi foyenin yuxarı başından asdılar, adamı tay nə cür yola salallar? Gedün evə, dincəlün, istirahət eliyün... (Məxmirəni çıxışa sarı sürüyür).
Məxmirə. (Sarsılmış halda) Evə?..
İkinci fəhlə. Evə-evə.
Məxmirə. (Vurnuxur) Hansı evə? Mənim ki, evim… (Musiqi. Doluxsuna-doluxsuna səhnəyə, tamaşa zalına göz gəzdirir, yazıq səslə tamaşaçılara) Heç özüm də bilmirəm necə oldu ki, gəlib çıxdım bura... Mən ki vağzala yollanmışdım… (fəhlələr qoluna girib onu çıxışa sarı sürüyürlər) İnanmırsuz vağzala yollanmışdı-ım? (Fəhlələrə) Doğurdan inanmırsu-uz? Biletim də var, göstərim? (Vurnuxub sumkasının ağzını açmaq istəyirsə də, fəhlələr imkan vermir). A bala, burax göstərim də-ə, a-a! (Qəfildən qoçusayağı fəhlələrdən birinə) Əlüvi çək, alə! Diyirəm çək əlüvi! Sənə diyirəm “biletim var”, elə sürüyürsən! İnanmırsan var? (Əlini birtəhər çıxarıb üzünü şillələyir) Bu ölsün var! Özüm ölüm, var! (Fəhlələr Məxmirəni səhnədən tamaşaçı zalına düşürürlər və parterlərin arasıyla sürüyüb foyeyə çıxarırlar). Dinən, sən öl, inammıram? Dinən, bu ölsün inammıram?..
PƏRDƏ
2006