FATMA

...Xırıltı səsinə ayıldı… Anası ölürdü. Hə, xırıldayırdı. Budu burada, yanındaca… gecələr anasıyla yan-yana, burun-buruna yatdıqları ikiyataqlı çarpayının o biri gözündə…

          Çöldən az-maz işıq düşürdü içəri. Ayın işığıydı, ya səhər açılırdı, başa düşmək olmurdu.

          Ürəyinin döyüntüsü gicgahında lükküldəyə-lükküldəyə anasının yarımaçıq qalan ağzına, uzanıb nazilən burnuna baxdı… Deyəsən, anası nəfəs almırdı… Bəlkə, artıq… 

          Bu fikirdən bədəni necə uçundusa, özünü çarpayıdan necə atdığını hiss eləmədi. Tərslikdən əyninə gecəköynəyi də geyməmişdi. Əl atıb adyalı özünə bürüdü, tələm-tələsik çarpayının dirəndiyi divarı döyəclədi, qəhərdən boğula-boğula:

– Gülağa! Ay Gülağa!... Arvad öldü!.. – deyib qışqırdısa da, səsi çıxmadı… gözü anasında, divarın dibinə qısılıb qaldı…

          ...Anası bir gecənin içində necə dəyişmişdisə, özünə oxşamırdı. Elə bil tanımadığı, yad bir qadın idi, ölmək üçün gəlib bura uzanmışdı.

          Özünü şkafa sarı atıb, oradan əlinə keçəni əyninə geyinirdi ki, arxadan anasının, hansı dərinlikliyindənsə qopan qəfil nəfəsinə dik atılıb geriyə çöndü. Dəhşətdən başının tükləri qabara-qabara: “Olsun ki, keçindi” – fikirləşdi və divarı bu dəfə ikiəlli döyüb:

– Gülağa! Ay Gülağa! – deyə-deyə bərkdən ağladı.

          Divarın o biri üzündə nə isə tərpəndi. Yoxsa ona elə gəldi?..

          Əlini yarıqaranlığın içində divar boyu gəzdirib işıq düyməsini axtara-axtara, anasının nəfəsi tamam kəsiləndən sonra hansı vəziyyətlərə düşəcəyini təsəvvürünə gətirdi və gözünün qabağına gələnlərdən halı lap pisləşdi.

          Anası son nəfəsində əl atıb onun qolundan, ya xirtdəyindən yapışırdı, gücü gəldikcə onu boğurdu, boğurdu… Bəzi görüntülər isə anasının, bataqlığa düşüb batantək çapaladığını, gözləri hədəqəsindən çıxa-çıxa, əl-qol atıb, onun üz-gözünü, boyun-boğazını cırmağını göstərirdi...

          Allah bilir, hələ daha nələr olacaqdı… Anasına oxşayan bu yad qadın Allah bilir, onunla daha nələr edəcəkdi, hansı vəziyyətlərə düşəcəkdi?..

         Anasının öləndən sonra düşəcəyi müxtəlif növ əcaib ölüm səhnələrini gözünün qabağına gətirdi... Əlləri, ölümqabağı qıcolmalardan quruyub, qartal caynağıtək gərilmiş yerdə... dişləri qıcanıb, gözləri ağara qalan vəziyyətdə və sair və ilaxır…

       

          Üstünə güllü divar kağızı çəkilmiş faner divarın o biri üzündə, nəhayət ki, tərpəniş səsləri eşidildi. Olsun ki, Gülağa yataqdan qalxıb geyinməyə başladı. Bunu faner divarın o biri üzündə eşidilən çarpayı cırıltısından anladı. Bir qədər keçmiş, Gülağanın yuxulu, xırıltılı öskürəyi eşidildi.

– Gülağa!..

– Noldı genə?.. – Gülağanın səsi bu dəfə qulağının dibində eşidildi.

Ağzını açıb nə isə demək istədisə də, deyə bilmədi, qəhər boğazını tutdu… Başını divara dirəyib için-için hönkürdü...

Divarın o üzündən Gülağanın:

– Burnunu sıx, düzəlicey! – Deyən səsi, ardınca aralıq divarı lərzəyə gətirən öskürəyi eşidildi.

Anası da həmişə deyirdi bunu Gülağaya: “At kimi kişnəyirsən, – deyirdi, – at o zibili, çəkmə!”

– Öl elə! – Divarın o biri üzündən Gülağanın arvadının yuxulu səsi eşidildi. – Min kərə deyirsən, çəkmə də o zəhirmarı!

Qulağı divarda, gözü burnunun ucu saralmaqda olan anasında, hönkür-hönkür ağladı…

Anasının xırıltısı tamam-kamal kəsilmişdi, burnunun sarılığı tədricən üzünə yayılmaqdaydı...

          “Arvad keçindi”... Bunu özü fikirləşdi, ya bu sözlər divarın o biri üzündən eşidildi?..

          Bir istədi, qapını açıb özünü çölə ata... amma anasını bu vəziyyətdə necə qoyub getsin? Bunu edə bilməyəcək, sadəcə, gücü çatmayacaq. Nə gücü, nə iradəsi. Odu ki, yerə çöməlib astadan:

– Anam öldü-öldü... – deyib ağladı, sonra öz dediyindən ürəklənib ayağa qalxdı, gözünün yaşını silib, anasına baxdı.

          Anasının üzü hərəksiz idi.

          Divarın o biri üzündə nə isə guruppultuyla yerə dəydi, qardaşı arvadı Məsmənin əsəbi səsi eşidildi:

– Ciyərin yansın elə!..

          Yuxarıdakılar da, deyəsən, ayılmışdılar. Bunu, tavanın ortasından asılmış üçbudaqlı çılçırağın titrəməyindən bildi.

          Yox, daha dözə bilmir... Anasının bu vahiməli cansızlığına baxmağa daha taqəti yoxdu.

          Çöl qapısını açıb, özünü artırmaya atdı, məhəccərə dirsəklənib bir çin nəfəsini dərdi, sonra başını qaldırıb qaranlıq göyün dərinliklərinə baxdı və fikirləşdi.

          Daha anası yoxdu. O bu dünyada tək qaldı. Bu evdə də təmtək yaşayacaq. İşə gedəcək, evə qayıdacaq, özünə xörək bişirəcək. Biradamlıq xörək...

          …Həyət qaranlıq idi. Qonşular dərin yuxuda idilər və heç kimin baş verəndən xəbəri yox idi. Ətraf həyətlərdən də səs-səmir gəlmirdi. Elə bil o biri həyətlərdə də hamı nəfəsini içinə qısıb anasının ölüm xəbərini gözləyirdi.  

          Bu fikirdən ürəyi sıxıldı. Qapını ehtiyatla aralayıb içəri boylandı.

          Anası indi də mum rəngi almışdı. Elə bil sinəsi ara-sıra, bilinər-bilinməz tərpənirdi… Yoxsa, onun gözünə belə görünürdü?

          İçəri girib, ayaqlarını döşəməyə ehtiyatla basa-basa anasının yatağına yaxınlaş­dı, nəfəsini içinə çəkib sakitliyə diqqət kəsildi…

          Anası nəfəs alırdı… Sinəsinin xırıltısı arada bir yoxa çıxır, elə bil bir qədər yuxarı qalxıb boğazının yolunda qaynayır, sonra yenidən sinəsinə enirdi. Burnunun vəziyyəti isə həminki idi. Nazilmiş, ucu aşağı uzanmışdı.

          Can üstə olan bütün zəvvarların (yas məclislərində mollalar, adətən mərhumları belə adlandırırdılar) burnunun mütləq şəkildə məhz bu şəkli almasını və bunun, insanın O biri üzə keçdiyinin ilk əlaməti olduğunu o, lap çoxdannan, nənəsinin can üstə olduğu günlərdən bilirdi. Bu barədə anasının, o biri qohumlarının canüstü məqamlarıyla bağlı danışdığı söhbətlərindən də agah idi, anasından on-on iki yaş böyük xalaları can verəndə də, bunun canlı şahidi olmuşdu…

          Anasının, bir vaxtlar can üstə olan böyük xalasının ayaq tərəfində dayana-dayana, vahimədən kədərli üzlə dediyi: “Xəstənin ki, burnu nazildi, ucu saraldı, bil ki, üzü o yanadı” sözlərini xatırladı və bədənindən xoşagəlməz bir gizilti keçdi.

          Otağın havası ağırlaşmışdı. Anasının yatağı üzərinə dumana bənzər nə isə çökmüşdü…

          Özünü dəhlizə atdı, qapının yanında divara qısılıb qaldı.

          Axır ki, Gülağagilin qapısı açıldı… Gülağa, əyninə necə gəldi keçirdiyi əzik şalvarda və maykanda artırmaya çıxdı, ona məhəl qoymadan, birbaş içəri – yataq otağına keçdi, anasının üstünə əyilib çiynini tərpədə-tərpədə:

– Məmə… ay məmə… – dedisə də, arvad gözlərini açmadı.

          Ürəyi yerindən qopa-qopa fikirləşdi ki, anası artıq o dünyadadı… tənhalıq və sakitlik içində uyuyan qış gecəsinə bənzər yarıqaranlıq, soyuq bir aləmdə… qanad çalıb, sapsarı kəpənək kimi pərvazlanır oralarda… heç üşüyüb eləmir də…

Anası axır vaxtlar yuxusunda görürdü bunu. Ona da danışmışdı, necə tül kimi zərif qanadlı, sapsarı kəpənəyə dönüb, ucsuz-bucaqsız, ağappaq səhralıqlarla uçur, uçur… Hər dəfə də yuxudan sübhün ala-qaranlığında oyanıb, gözləri yaşara-yaşara:

– Bu gecə Cənnətdəydim, – deyirdi, – yenə kəpənəyə dönmüşdüm...

          Gülağanın səsindən ürəklənib içəri girdi.

          …Anasının bənizi saralmışdı, üzünə, təbəssüməbənzər qəribə, incik bir ifadə qonmuşdu. Allah bilir, yenə sarı kəpənəyə dönmüşdü və yenə haralardasa uçmaqda idi... Anası xoşbəxt idi, arzusuna çatmışdı, əbədi olaraq, buralardan canını qurtarıb kəpənəyə dönmüşdü… Bir də geri qayıtmayacaqdı, ağappaq səhralıqlarla uça-uça buralardan əbədilik uzaqlaşacaqdı…

Bu fikirdən ürəyi sıxıldı.

– Nəfəsi gəlir hələ… – Gülağa gözü anasında, ağzının içində buppuldadı, sonra qəfildən ona sarı çönüb, – nə var, gözüvün midiyini niyə axıdırsan? – Dedi və dikəlib əllərini belinə vurdu. Sonra nə fikirləşdisə, başını qaşıya-qaşıya otaqdan çıxdı. Olsun ki, həkim dalınca getdi.

          Dizləri titrəyə-titrəyə çarpayının yaxınlığındakı kətilə oturdu, ürəyi əsə-əsə astaca:

– Ana… – dedisə də, anası hay vermədi.

          Bir qədər keçmiş Gülağa geri qayıtdı. Bu dəfə əynində ütülü ağ köynək, qara şalvar vardı. Çarpayıya yaxınlaşıb, bu dəfə əsəbi halda bərkdən-bərkdən:

– Ay mə-ə!!.. – deyə çığırdı.

          …Anası dik atılıb incik səslə zarıdı, yarıaçıq ağzının içində bayaqdan taxta parçasıtək, hərəkətsiz qalan quru dili hərəkətə gəldi:

– Ay ca-an…

          Gülağa gözü anasında, ona astadan:

– Yeri, bizdən bal gətir, şərbət elə, içsin, – dedi, sonra başmaqlarını sürüyə-sürüyə qapıya sarı getdi, orda ayaq saxlayıb:

– Özün də yıxıl yat, – dedi və çıxdı.

Çox keçmədi ki, yuxarıdan Əlibalagil düşüb gəldilər. Əlibala, arvadı və iki balaca oğlu. Bir dəstə yuxulu adam evə doluşub, bir müddət key-key anasına və ona baxdılar. Əlibala bir qədər dayanıb, Gülağanın ardınca işarə ilə:

– Nolub? Genə içib? – dedi.

 

***

…Anası yuxudan doymuşdu, böyrü üstə çönüb rahat-rahat əsnəyirdi. Yerin uzanıb, üzünü anasına çevirdi, yazıq-yazıq:

– Bizi niyə qorxudursan, ay mama? – Dedisə də, anası cavab vermədi. Elə bil eşitmədi onu.

Dolabın üstündəki işığı keçirib gözlərini yumdu, o baş-bu başa çevrilib yuxulamağa çalışdı, amma gözünə yuxu getmədi. Bayaqkı qorxusu hələ də canındaydı. Anası indi də arxası ona uzanmışdı, o üzdə uzanan kiminləsə danışırmış kimi astadan:

– Nə istəyirdi o? – dedi.

– Kim?

– Gülağa də.

– Heç nə. 

– Bəs gecənin bu aləmi niyə gəlmişdi?

– Mən çağırmışdım.

Anası çönüb onun üzünə baxdı:

Genə xırıldıyırdım, hə? – dedi.

Boğazına dolan qəhəri udub, başını təsdiq işarəsi ilə tərpətdi. Onda anası kürəyi üstə uzanıb, yenə, sanki o biri tərəfində uzanan kiməsə:

– Can ay bala… – dedi, sonra, nəhayət, ona sarı çevrilib asta səslə, – qorxma, balamsan, hələ ölmərəm, – dedi. – Səni yerbəyer eləməmiş hara ölürəm? O dünyada necə rahatlıq taparam? O bir Allahdan bircə arzum budu, sənə halal bir adam yetirsin. O gün yuxuda da görmüşəm. – Anası deyib, elə bil azca dikəldə. – Hə, görürəm evdəyəm, səhərin sübh çağıdı… Birdən qapı döyülür, gedib açıram… Nə görsəm yaxşıdı? Baxıram ki, həyətin tən ortasında ağappaq, şumal bir at dayanıb… atın belində də gözəl bir oğlan… Hə, oğlan: “su ver,” – deyir mənə, deyir – “yaman susamışam, ana…”

– Bəs sən neylədin, verdin?!

Anasından səs çıxmadı, yuxuya getdi, nədi?.. Bir qədər keçmiş, anasının bayaqkı xırıltısı eşidildi. Daha qorxmadı. Axır vaxtlar anası belə xoruldayırdı. Anlamaq olmurdu xoruldayır, ya xırıldayır.

Böyrü üstə çöndü, gözlərini yumub ha yuxulamağa çalışdısa da, yata bilmədi.

Pəncərədən göyün, çəhrayılaşmaqda olan kiçicik hissəsi görünürdü… Göyün əlvan çəhrayılığına baxa-baxa fikirləşdi ki, bu nə həyatdı, yaşayır?.. Nə gündüzü var, nə gecəsi. Yaşıdları hamısı ərdə, ya nişanlılarıyla kinoda, gəzməkdə. İndi daha nişanlı qalan yaşıdı da yoxdu. Çoxusunun məktəb yaşlı uşaqları var. Bircə odu, dörd divarın arasında, qoca anasıyla burun-buruna oturmaqdan heyva kimi saralıb… Yox, yadına düşdü, bir dayısı qızı da qalıb… həmyaşıdı… o da hələ ərə getməyib. Vaxtında heç kimi bəyənmədi, hərəyə bir mız qoyub dodaq büzdü, indi də həmin o bəyənmədiyi, dodaq büzdüyü oğlanları bayır-bacaqda görəndə elə pərt olur, elə bil yanlarında əyri işi var, utandığından salam da vermir heç birinə. Hamısı da elə dəyişib, kökəlib, gözəlləşib, həm də elə bil boy atıblar. Yanlarında da arvad-uşaqları… Böyründən elə ədayla ötürlər, elə bil alçaq dağları bunlar yaradıb.

“Pah!..” – ürəyində deyib, o biri böyrü üstə çöndü. – Böyük qəhrəmanlıq eləyiblər”. Sonra da fikirləşdi ki, bəs o nə eləyib?.. Tələbəlik illəri bir adamı bəyənmədi, hərədə bir nöqsan tapdı. İnstitutu bitirəndən sonra işə düzələ bilmədi, hara getdi, “vakansiya yoxdur” – dedilər. İşləsəydi, səhərlər geyinib-kecinib evdən çıxardı, bir də axşam qayıdardı. Yoxsa, bütün günü bu dörd divarın arasında böcək kimi o baş – bu başa hərlənməkdən başı gicəllənə-gicəllənə qalıb. Rəngi də solub...

Qəfildən beyninə gələn fikirdən ürəyi döyündü. Bəlkə, rənginin solğunluğu, bu gün-sabah otuz beşi haqlayacaq yaşındandı?..

Yox, havasızlıqdandı… Anası da deyir həmişə. İçini çəkib qəribə bir hüznlə: “havasızlıqdan gömgöy göyərmisən” – deyir. 

Gecəni də rahat yata bilmir. Olsun ki, bu da havasızlıqdandı. Ayrı otaq da yoxdu ki, keçib heç olmasa, orda yatsın. Anasının xırıltılarından uzaq bir yerdə. Razıdı, lap quru döşəmənin üstündə yatsın, təki baş-qulağı dinc, qorxusuz-hürküsüz yatsın.

          Fikirləşdi ki, bəlkə, bu gecədən yerini mətbəxdə salıb yatsın?.. Sonra yadına, ara-sıra mətbəxin tozlu tavanında gördüyü xırda, boz kərtənkələlər düşdü… Bir dəfə o kərtənkələlərdən birinin ölüsünü çaydanın içində tapmışdı… Çaydanı, əlini yandıran­tək, yerə atıb dəhlizə qaçmışdı. Olsun ki, kərtənkələ susayıb, çaydanın lüləyindən içinə girmişdi, suyun içinə düşüb boğulmuşdu. Mətbəxdə yatsaydı, kərtənkələlər onun burnunu çaydan lüləyi bilib içinə doluşacaqdılar, ordan beyninə, boğazına dolub bədəninin içində o baş – bu başa qaçışacaqdılar...

          Sonra bunu təsəvvürünə də gətirdi və bu mənzərədən əti ürpəşdi, yorğanı başına çəkib burnunu əlləşdirdi.

          Burnu çaydanın lüləyindən enli idi.

          Gülağagil də, deyəsən, yatmamışdı. Uşaqlı-böyüklü divarın o üzündə astadan nə isə xısınlaşa-xısınlaşa yerlərində qurcalanırdılar. Allah bilə, Gülağanın arvadı yuxularına haram qatdığına görə ona lənət yağdırırdı.

Fikirləşdi ki, ümumiyyətlə, onun bu vasvasılığından, hər şeyi üfürüb filə çöndərməyindən hamı, bütün həyət cana yığılmışdı. Hamını da hər şeydən çox cana yığan – onun, həyətin o biri qızları kimi ərə gedib, ər evinə köçməməsi, səhər-axşam yöndəmsiz vücudu və hərəkətləriylə gözləri döyənək eləməsi idi.

Sonra da fikirləşdi ki, bu da sözdü? Əgər kiminsə xoşuna gəlmirsə, ürəyinə yatmırsa, neyləməlidi? Gedib zorla kiminsə boynundan asılmalıdı? Vaxtında o bəyənmədi, indi də onu bəyənmirlər.

Bunu fikirləşib dərindən ah çəkdi.

Ərə getməməyi, hamıdan çox qardaşı Gülağagilin vəziyyətini çətinləşdirirdi. “Çıxıb birinə getsəydi, bu faneri ortadan sökərdik, uşaqlar genişliyə çıxardı…” – Gülağanın arvadının dəfələrlə divarın o üzündən ona eşitdirə-eşitdirə, bərkdən-bərkdən dediyi sözlər hər dəfə neştər kimi ürəyinə batırdısa da, özünü eşitməzliyə vururdu.

Divarın o biri üzündə uşaqlardan hansısa incik səslə mızıldadı, Gülağa əsəbi-əsəbi öskürdü.

Ürəyi döyünə-döyünə fikirləşdi ki, o vahimədən sonra adamın gözünə yuxu gedər? Çönüb anasına baxdı. Anası mışıl-mışıl yatırdı, kəsik asta xorultularla xoruldayırdı.

Bir qədər keçmiş divarın o üzünə sakitlik çökdü. Olsun ki, Gülağagil axır ki, yuxuya getdilər. Yuxarı da sakitlik idi.

Səhər açılırdı…

 

***

          …Televizorda, hava haqqında qorxulu proqnozlar verən diktorun səsi evi başına götürmüşdü. Anası mətbəxdə göyərti təmizləyirdi.

Əl-üzünü yuyub güzgünün qabağında əyləşdi. Üzü gecənin yuxusuzluğundan şişmişdi, gözlərinin altı tuluqlanmışdı.

Ayağa qalxıb özünə böyürdən baxdı. Qarnı, anasıyla xalalarının bir-birinə qoşulub, danışa-danışa bişirib-tökdüyü Novruz şəkərburalarından piylənib tuluqlan­mış­dı. Qarnını əlləşdirə-əlləşdirə fikirləşdi ki, hamiləlikdə qarın təxminən belə üfürlənir. İndi küçəyə çıxsa, onu tanımayanlar hamilə olduğunu fikirləşəcəklər.

Bu fikirdən ürəyi qəribə bir həyəcanla döyündü, özünü, tanımadığı insanların gözüylə kənardan gördü... Kimlərsə, ailə qurmamış qızlar onun ardınca həsrətlə baxacaqdılar, olsun qibtə edənlər də tapılacaqdı. Və heç kim həqiqəti bilməyəcəkdi. 

Kətilə qalxıb, şkafın üstündə döşəküzünün içində saxladığı dəmir halqaları bir-bir aşağı düşürtdü, tozunu alıb, hamısını üst-üstə belinə keçirdi, qollarını, halqalara mane olmasın deyə, başının üstə çarpazlayıb bədənini dairəvi hərəkətlərlə hərləməyə başladı. Halqalar hərləndikcə, bir-birinə dəyib cingildədilər... və çox keçmədi ki, mətbəxdən anasının həyəcanlı səsi eşidildi:

– A bala, o nəyidi sındı?..

– Heç nə sınmayıb! – Mətbəxə sarı qışqırdı, – idman eləyirəm!

Bədənini hərlədikcə, nəfəsi təngidi, boyun-boğazının təri sinəsini, kürəyini islatdı.

Divarın o biri üzü döyüldü, kimsə bərkdən-bərkdən:

– Uşağlar yatıb, ay qız! – dedi.

Gülağanın arvadı Məsiydi.

Halqaları saxlayıb belindən çıxardı, ehmalca şkafın böyrünə sürüşdürə-sürüşdü­rə fikirləşdi ki, bəs nə vaxt idman eləsin? Günorta deyir uşaq yatıb, axşam Gülağa işdən yorğun qayıdıb, səhər də belə… Hamama keçib, boyun-boğazının tərini yuyub qurulaya-qurulaya fikirləşdi ki, əslinə qalanda, bu halqa-filan boş şeydi. Ötən il bu halqaları belinə keçirib, düz iki ay nəfəsi kəsilə-kəsilə hərlədi, axırı noldu? Beli təzəcə nazilməyə başlayırdı ki, anasının könlünə quymaq düşdü, iki gün dalbadal yağlı quymağı qablara yayıb, üstünü şəkərlədi, qabağına qoyub, özü də “pəh-pəh”lə, qaşığı, az qala uda-uda yedi. Quymağın iyi evi başına götürdü, nə qədər elədi, özüylə bacarmadı, yenə anasının məşhur “dünya beşgünlükdü” kəlamını xatırlayıb, hər şeyə tüpürüb, quymağı gözünə təpdi. Quymaq yeyib halqa hərlətməyin mənası nədi?.. – fikirləşib halqaları şkafın üstünə atdı.

          Odu ki, arıqlaya bilmir, bilməyəcək də. Nə qədər ki, bu evdə – səhər-axşam dolmanın iyi plovun, plovun iyi xəngəlin iyinə qarışdığı bu bataqlıqda yaşayır, nə beli incələcək, nə qarnı əriyəcək. Odu ki, beli həmişəki yoğunluğunda, qarnı həmin yekəliyində qalıb, hələ əksinə, əvvəlkindən də artıq piylənib. Elə belə oldu ki, halqaları da yaddan çıxartdı.

Keçib yenə güzgünün qabağında əyləşdi, üzünü kremləyib, buxağını əllərinin arxasıyla şillələyə-şillələyə fikirləşdi ki, axı niyə nə yeyirsə, yediyi gün-gündən nazilən qol-qıçına yox, birbaş belinə, qarnına, buxağına yığılır? Bu nə bəladı? Camaat istədiyi qədər yeyir də, içir də, heç kökəlib-eləmir. Ya da kökələndə də, adam balası kimi, qol-qıçı, yançaqları kökəlir. Bir odu, tikəni ağzına qoymağıyla, yediyi qarnında, belində bitir. Axır vaxtlar burnu da piylənir. Elə bil yedikləri, necəsə burnuna da yol tapıb. Odu ki, burnu gün-gündən yekəlir. Buxağı isə lap əndazədən çıxıb, il-ildən yoğunlaya-yoğunlaya qat-qat olub, birazdan xəz yaxalıq kimi boynunu qucaqlayacaq. Bir anlıq özünü həmin “yaxalıq-buxaq”la təsəvvürünə gətirdi… bu mənzərədən gözləri qaraldı.

Güzgünün qabağındakı əl radiosunu yandırdı, əllərini kremləyib, radiodan süzülən oynaq musiqinin ritmi altında buxağını döyəcləməyə başladı.

– Yenə özünü döyür...

Bunu, mətbəxdən anası dedi.

Musiqinin şən sədaları ürəyini oxşaya-oxşaya fikirləşdi ki, nahaq özünə qarşı bu qədər tələbkardı. Niyə ağlına belə axmaq fikirlər gəlir? Bəlkə, bu buxaq özü də bir yaraşıqdı?.. Hansı şairinsə şeiri düşdü yadına: “buxağında xal, sənə qurban…” Yoxsa, ayrı cür idi? Xatırlaya bilmədi.

Daraqla saçlarını tən ortadan ayırıb tüklərin dibinə baxdı.    

Saçlarının dibi ağarmışdı, rəngləmək vaxtı yaxınlaşırdı.

Sonra əl güzgüsü ilə başına arxadan, böyürdən baxdı, sonra darağa baxdı.

Darağın dişləri saçla dolu idi. Saçı yenə tökülürdü…

Darağın dişlərinə dolan saçlarını ovcuna yığıb yaxından baxdı, sonra bir-bir səliqə ilə güzgünün qarşısına düzüb saydı. Otuz yeddi ədəd. Otuz yeddini əvvəl bir ayın, sonra bir ilin sayına vurdu. 120750 ədəd saç eləyirdi…

Dəstəyinə doqquz ədəd bir-birindən xırda fillər düzülmüş darağına baxa-baxa, özünü seyrək saçlarla, sonra tamam saçsız təsəvvürünə gətirdi və bundan ürəyi pis-pis bulandı. Sonra fil sümüyündən düzəldilmiş bu hind darağını hansı zülümlə axtarıb tapmağı, ona görə məhəllə alverçisi Səkinəyə bir ətək pul verməyi yadına düşdü…

Onda Səkinə atasının qəbrinə and içib, darağın dəstəsinə düzülən bu doqquz filin, sahibinə gətirəcəyi xoşbəxtlikdən, həyatında yaradacağı köklü dəyişikliklərdən danışmışdı, sonra onu müqəddəs tutiya kimi ehmalca çantasından çıxarıb masanın üstünə qoymuşdu. Bu darağı alandan düz altı il idi ki, saçlarını onunla darayırdı, evdən qəribə hisslərlə çıxır, küçələrlə gedə-gedə, dayanacaqda dura-dura, avtobuslara minib düşə-düşə ehtiyatla ətrafına boylanırdı. Amma Səkinənin dediyi həmin o “köklü dəyişiklik” baş vermirdi ki, vermirdi…

İçini çəkib üzü işığa oturdu, böyüdücü güzgünü əlinə alıb burnunun altında saralan narın bığlarına baxdı.

Bığları yenə çoxalmışdı… həm də elə bil qalınlaşmışdı. Ötən həftə bütün üzünü, həmçinin də bığlarını, gözləri yaşara-yaşara, 4 faizli perekislə saraltmışdı. Bığlarının rəngi açılmışdısa da, elə bil uzanmışdı. Elə uzanmışdı, uclarını lap bəylər bığlarını burantək, burmaq da olardı, – fikirləşdisə də, gülməyi gəlmədi. Başını arxaya əyib güzgünü buxağına tuşladı və buxağın piy qatlarının arasıyla seyrək cığırlar salan tükləri də gördü.

Fikirləşdi ki, bu da saqqalıdı, yəqin. Tamam-kamal kişiləşmək üçün bircə sinəsində qıvrılacaq tükləri çatışmır.

Bəh-bəh, görməli günləri varmış. Saçlar tökülür, bığlar uzanır, buxaq piylənir, burun, bel, qarın enlənir, qıçlar nazilir… Bir sözlə, yavaş-yavaş qulyabanıya çevrilir.

Yaxasını açıb kremi sinəsinə yaxmağa başladı və dəhşətdən az qaldı ürəyi dayana...

Burada da tüklər bitmişdi… döşlərinin arasında. Olsun, bu, təzəlikcə baş vermişdi.

Ürəyi döyünə-döyünə ötən həftə kosmetoloq Nazilənin, ətrafdakılar eşitməsin deyə, qulağına astadan dediyi sözlər düşdü yadına...

“Biləsən ki, qız uşaqları elə-belə, durduğu yerdə tüklənmir. Hələ harasıdı?.. Bir azdan saqqalın da çıxacaq. Bə nə? Təbiətə zidd getmək olmaz, bacım. Hər yaşın öz tələbi var. Yaş ki, gəlib çatdı, qız ərə getməlidi, ana olmalıdı. Sənsə, bu gün-sabah qırxı tamamlayacaqsan, hələ əlinə kişi əli dəyməyib. Odu ki, bığın da çıxacaq, saqqalın da…”

Onda Nazilə müəllim kimi danışmışdı. Nazilənin o sözlərindən, yadına gəlir, o gecə yuxuda ağzının, bəbəklərinin içindən qapqara zoğlarla bitib sarmaşıq kimi bədəninə dolanan tükləri kəsib-doğramaqdan, qayçılamaqdan əldən düşmüşdüsə də, bu qorxunc tük selinin qabağını ala bilməmişdi… Tüklər, getdikcə uzana-uzana qol-qıçına sarınıb axırda boğazına dolanmışdı və onu, gücü gəldikcə boğmuşdu…

Səhəri günü isə, yadına gəlir, yuxusunu qonşuları Minayə xalaya danışanda o: “yuxuda tük ruzudu, bala…” – demişdi.

Sinəsindəki tükləri pinsetlə bir-bir qopara-qopara fikirləşdi ki, belə getsə, bir-iki ilə meymuna dönəcək. Sonra hardansa yadına, hansısa rus verilişində öz gözüylə gördüyü, hansısa naməlum səbəbdən, qəfildən kişiyə çevrilmiş müğənni-qadın düşdü. Qadın, yadına gəlir, içinə silikon doldurulmuş iri dodaqlarını zorla hərəkətə gətirə-gətirə kişiyə çevrilməsinin tarixçəsini danışırdı: “Mən bunu qəfildən hiss etdim. Bir də baxdım ki, bədənim tədricən tüklənməyə başlayır…”

– Ağəz!.. – Anasının səsi mətbəxdən gəldi. – Gəl, bir tikə xəşildən yi!..

Əyilib aralıqdan görünən mətbəxə – sobanın üstündə paqqapaqla qaynayan qazanın buğunda, tər-qan içində xəşil bulayan anasına baxıb fikirləşdi ki, hamısının günahı anasındadı. Kökəlib bu vəziyyətə düşməyinin də, tüklənməyinin də. Adama nə qədər xəmir yedirdərlər?..

Elə bil anası qəsdən eləyir bunu. Xəşili xəngələ, xəngəli quymağa calayıb onu yedirdir ki, bir az da kökəlsin, onu piyləndirirdi ki, ərə getməsin, yoğunlayıb əndazədən çıxsın ki, ona tərəf baxan belə olmasın. Hə, anası qəsdən eləyir… Ona görə belə eləyir ki, tək qalmaqdan qorxur, istəyi bir budu ki, o, ərə getməsin, dizini qatlayıb, ömrünün sonunacan onun böyründə – bu nəmiş iyi qoxuyan, havasız evdə otursun.

Hə, anası onu heç kimə vermək istəmir… – hirsindən gözləri qarala-qarala fikirləşdi. – Yoxsa, səhərin gözü açılar-açılmaz, əl-ayağa düşüb quymağı xəşilə, xəşili halvaya qatmazdı. Əlli dəfə bunu diliylə də demişdi ona ki, yağlı, unlu xörəklər bişirməsin, tərəvəzli-göyərtili, yüngül yeməklər bişirsin. Amma kimə deyirsən?

– Sən mənim canım, o doşan yeməklərinin adını çəkmə, – anası o dəqiqə deyirdi, – göy-göyərtiynən də adam doyar?

Dedikləri anasına kar eləmirdi. Fikirləşdi ki, anası, ümumiyyətlə, elə bil eşitmirdi onu. Ya da olsun, eşidirdi, məhəl qoymurdu?

Anası onu hələ də uşaq sayırdı. Odu ki, qonum-qonşu anasından, onun niyə hələ də ərə getmədiyini soruşanda, anası o dəqiqə həyəcanla: “A-a, nolub, nə xəbər?.. Uşağımın hələ nə yaşı var ki?!..” – deyib dururdu.

Odu ki, bu gündəydi… Qarnının üst-üstə qatlanan piyini ovxalaya-ovxalaya güzgüyə baxdı. Kökəldikcə anasına oxşamağa başlayır. Buxağı eynilə anasının buxağı kimi, gün-gündən mərtəbə-mərtəbə piy bağlayır, alnı dərin qırışlar atır, oturanda qarnı onunku kimi, budlarının üstünə düşür. Gündən-günə yaş fərqləri də elə bil azalır. Axır vaxtlar anasıyla küçədə gedəndə, onları dəyişik salanlar da olurdu. Elə bil bir yaşda, bir boyun-buxunda cüt bacıydılar. Fərq bircə bu idi ki, anasının, onun kimi bığ-saqqalı yox idi.

          …Qapının arasından anasının, xəşillə əlləşməkdən pörtüşmüş üzü göründü. Anası təngənəfəs həyəcanla mətbəxdən:

– Gəl otur, çəkirəm! – deyib çəkildi.

Bir istədi elə burdan, oturduğu yerdən bərkdən qışqıra-qışqıra: “İstəmirəm! Yeməyəcəyəm! Bu gündən pəhrizə otururam!” – desin, amma xəşilin burnuna, oradan mədəsinə dolan dadlı qoxusuna tab gətirməyəcəyini anlayıb ayağa qalxdı…

          …Anası, əlində aş buluduna bənzər iri nimçələrə çəkdiyi xəşil buğlana-buğlana otağa girdi, nimçənin birini onun, o birini öz qabağına qoyub, mətbəxə qayıtdı və çox keçmədi ki, bir əlində ərinmiş yağ, o birində doşab dolu kasalar, içəri girdi, gətirdiklərini ortaya qoyub əyləşdi, sonra əl atıb doşab kasasını hər iki nimçənin üzəriylə gəzdirə-gəzdirə:

– Bəh-bəh-bəh… Məcundu! Ölü yisə, dirilər! – dedi və qaşığı əlinə alıb xəşilə girişdi.

Üzünü turşudub:

– Yoxsa ki, tay o qədər zəifləmişik ki… – dedi və kəhrəba rəngli yağın altında yumşaq-yumşaq uyuyan xəşilə baxıb udqundu.

Anası xəşildən qaşıq-qaşıq qoparıb, yağla doşabın içində bulaya-bulaya, üfürə-üfürə yeyir, yedikcə “bəh-bəh-bəh” deməkdən yorulmurdu.

Qaşığı yağlı doşabın içiylə gəzdirə-gəzdirə fikirləşdi ki, indi bu xəşili yeyən kimi yuxusu gələcək… özünü, bədəninin istisi gecədən bura hələ soyumayan yatağına salıb yorğanı başına çəkəcək, hər şeyi – piylərini də, bığlarını da unudub yatdıqca, yatacaq… Xəmir kimi yumşaq, yağlı yuxuların dərin qatlarına qərq olacaq… Yuxudan bir də, günortadan keçmiş oyanacaq və yenidən acacaq…  Anasının axşama hazırladığı o biri xəmirli xörəyi yeyəcək… sonra yenə yuxusu gələcək… yenə yatacaq, sonra yenə acacaq…

          …Anası ağzına qoyduğu hər qaşıqdan sonra içini çəkib indi də ləzzətlə: “bay-bay-bay…” – deyə-deyə, ağzını elə marçıldadırdı, elə bil yediyi xəşil içində közərən yarayabənzər nəyisə məlhəm kimi yağlayıb ağrısını kəsirdi.

          Qaşıqla xəşildən bir qisim qoparıb yağlı doşabın içində buladı, ağzına aparmaq istəyirdi ki, nə baş verdisə, ürəyi qalxdı…

          Qaşığı xəşilin içinə atıb nimçəni geriyə itələdi.

Noldu?.. – anası əlini saxlayıb gözləri, az qala, hədəqəsindən çıxa-çıxa ona baxdı.

Başını bulayıb:

– İstəmirəm… – deyib ayağa qalxdı.

Xəşil dolu qaşıq anasının əlində qaldı:

– Niyə? Noldu axı?

O biri otağa keçə-keçə:

– Ürəyim bulanır… – dedi, arxadan anasının ardınca:

– Bəlkə, xəstələnmisən?.. – deyən səsini eşitdisə də, cavab vermədi, yataq otağına keçib qapını bağladı və yenə güzgüylə üzbəüz, təkbətək qaldı.

          Axır bir neçə ili bu güzgünün qabağına, müttəhim kürsüsünə gələn kimi, gəlib dayanır. Elə dayanır, elə bil bütün bu eybəcərliklərinə görə son hökmü bu şabalıdı rəngli taxta çərçivəli qədim güzgü verəcək. İllər ötürdü, güzgü heç bir hökm-filan vermirdi… Ona qoşulub, dinməz sükutla üzünə, boy-buxununa tamaşa edir, heç nəyi dəyişə bilmirdi.

Əllərini daraqlayıb saçlarına keçirdi, başını gah sağa, gah sola çevirib özünə profildən baxa-baxa fikirləşdi ki, o yeməkləri ki o yeyir, o həyatı ki, o sürür, burda güzgü neyləsin?.. Bu yazıq güzgünün eləyə bildiyi – onu özünə olduğu şəkildə göstərmək idi. Olsun ki, çıxardığı hökmü də elə bu idi. 

Üzünü yana çevirib, burnuna baxdı.

Burnunu kəsdirməliydi. Nədənsə çəkinməyin, günü-günə satmağın mənası yox idi. Ötən il qonşu Süsənin qızı zirək tərpənib burnunu kəsdirməyi ilə, donqarını yondurub ucunu gödəltməyi ilə nişanlanıb ərə getməyi bir olmuşdu. Əməliyyatdan sonra burnunun şişi düz-əməlli yatmamış elçilər qapılarının ağzını kəsdirmişdilər.

Burnunu barmaqlarının arasında iki-üç dəfə sıxıb-buraxdı. Burun pərələri, təzə bişmiş köpmə çörək xəmiri kimi yığılıb-açıldı.

– Güzgüyə çox baxmazlar, bala, havalanarsan…

          …Anası aralı qapının ağzında dayanıb yazıq-yazıq ona baxırdı:

– Onnansa, dur ayağa, işdən-gücdən yapış. Bazara get, göy-göyərti al. Ürəyimə haçandı göy qutabı düşüb. Çörəyimiz də qurtarıb…

 

***

   

          …Çörək növbəsində dayananların hamısı əsnəyirdi. Gecəni pis yatmışdılar nədi? Yoxsa, havadan idi? Axır nə idisə, hamının gözü qızarmışdı, yuxulu, əsəbi üzlərlə növbələrini gözləyə-gözləyə addım-addım piştaxtaya yaxınlaşırdılar.

          Növbənin lap axırında dayanmışdı. Ürəyi çırpına-çırpına, piştaxtaya çatanda çörəksatanın – üzügülər, mehriban oğlanın, həmin çoxmənalı təbəssümlə gülümsəyə­rək, xüsusi vurğuyla ona, növbəyə duranların heç birinə demədiyi: “sabahınız xeyir” – deyib pulu onun əlindən xüsusi nəvazişlə alacağını gözləyirdi. Oğlan belə deyəndə, yenə hamı çönüb mənalı-mənalı bir ona, bir satıcıya baxacaqdı və hamıya hər şey aydın olacaqdı…

          Ürəyi əsə-əsə fikirləşdi ki, piştaxtaya çatanda, həmin o “sabahınız xeyir” – dən sonra nə desin? Desin: “zəhmət olmasa, bir çörək verin”, ya elə qısaca: “ağ çörək, bir dənə” desin?.. Ya bəlkə, heç nə deməsin, çörəyin pulunu dinməz-söyləməz piştaxtanın üstünə qoyub gözünü yerə diksin, yaxud da eləcə piştaxtanın bir tərəfinə yığılan isti çörəklərə baxsın?..

          Hələ ötən dəfə çörək pulunu oğlana uzadanda, o, pulu onun əlindən qəribə bir ehtiyatla almışdı, gözünü gözünə zilləyib, onun astadan, ədəblə dediyi: “bir ədəd” sözünə mənalı-mənalı gülümsünmüş və növbədəkilərin heç birinə demədiyi: “gözüm üstə” demişdi. Ondan əvvəl isə, yağışlı bir payız səhəri – o, dükanın qarşısındakı maşın yolundan ötəndə, qəfildən gözü yolun kənarında dayanan qırmızı maşının sükanı arxasında oturub oğrun-oğrun ona baxan həmin bu oğlana sataşmışdı… Oğlan işə salmağa hazırlaşdığı maşınının mühərrikini söndürüb, başını pəncərədən çıxarıb, maşını məhz ona görə saxladığını bildirmək üçün  qəribə, romantik səslə:

          – Buyur, bacım… – demişdi. 

          Onda yolun o biri üzünə necə keçmişdi, onu bir Allah bilir. Təzə, dikdaban ayaqqabılarının üstündə laxlayıb büdrəyə-büdrəyə, bütün bədəni, əl-ayağı titrəyib, nəfəsi kəsilə-kəsilə…

          …Növbədə dayananların çoxu ev başmağında idi... Bircə o idi, toya, teatra geyindiyi zərli ayaqqabılarında gəlmişdi və bayaqdan bəri arxasında dayanan iki qadının onun ayaqlarına baxıb öz aralarında nə isə xısınlaşdığını hiss etsə də, buna məhəl qoymurdı.

          Ürəyində “lağa qoyurlar, qoy qoysunlar” – fikirləşdi, bu ayaqqabıları bura da geyməyib hara geyinəcəkdi ki? Onları alandan bəri, tərslikdən nə teatra, nə kinoya yolu düşmürdü, toya da çağıran yox idi. Ayaqqabılarsa dəbdən düşürdü. “Bir də… – fikirləşdi, – əslinə qalsa, çörək dükanının özü də cəmiyyətdi”. Bunu orta məktəbdə oxuyanda müəlliməsi – ağ jabolu yaxalığına həmişə həsədlə baxdıqları Zərqələm müəllimə də deyirdi. “İnsanın hər bir şeyi gözəl olmalıdı. Özü də, əməli də, geyimi də”.

          Bir də, ötən dəfə bu dükana gələndə oğlanın, piştaxtanın arasından onun ayaqqabılarına necə baxdığını öz gözləriylə görmüşdü. Onda oğlan ayaqqabılarından sonra, gözlərini aramla qaldırıb, onun gözlərinə zilləmişdi, sonra yenə həmişə elədiyi kimi, mənalı-mənalı gülümsəmişdi.

          O günün gecəsi satıcı oğlan (onun adını da bilirdi: “Arif) həmin o mənalı təbəssümüylə yuxusuna da girmişdi… Yuxuda o yenə çörək dükanını qabağındakı həmin yolu keçirdi… Arifin qırmızı maşını da yenə həmin yerdə, qəfildən dayanmışdı... Amma bu dəfə o, maşından düşüb ona yaxınlaşmışdı, əlindən tutub onu maşına sarı aparmışdı… maşında yanaşı otururub hey bir-birinə baxmışdılar…

O gecə, yadına gəlir, yuxudan tər-qan içində oyanmışdı… Oyanıb, səhərin gözünü nəfəsi təngiyə-təngiyə, yuxunun ardını təsəvvüründə canlandıra-canlandıra açmışdı…

          …Növbəsi yaxınlaşdıqca, kürəyində, buxağında muncuqlanan tər damcılarının tədricən paltarının yaxalığına hopduğunu hiss etdi. Burun yaylığını çıxarıb alnını, boynunu quruladı, sonra cibində saxladığı xırda pulları ovcuna doldurub saya-saya fikirləşdi ki, axır vaxtlar niyə bu qədər tərləyir?.. Yol yeriyəndə, pilləkənləri çıxıb-düşəndə, danışıb-güləndə, hətta yuxuda da...

          Dərisinin altı elə bil suyla doludu.

          İrəlidə hələ üç adam vardı. Oğlan müştərilərdən yığdığı xırda pulları əlinin altındakı dəmir qutuya tullayır, kağız pulları səliqə ilə qatlayıb döş cibinə qoyur, qalıqları möhür kimi piştaxtanın üstünə çırpırdı.

          Növbə ona çatdı. Oğlanla üzbəüz dayanıb pulu, gözünü qaldırmadan, ehmalca piştaxtanın üstünə qoydu. Bu məqam, həyəcandan oldu, ya nə baş verdisə, ovcundakı qalan qəpiklər əlindən sürüşüb piştaxtanın üstünə, döşəməyə səpildi, xırda, dəmir təkərlər kimi o baş-bu başa diyirləndi...

          Yerə əyilib pulları yığmaq istəyirdi ki, satıcının hövsələsiz səsinə dik atıldı. Satıcı çörəyi piştaxtanın üstünə atıb, o biri əliylə piştaxtanı döyəclədi:

– Tez ol, bacım… – deyib, arxadakıların uzatdığı qəpikləri yığmağa başladı.

          …Arxadakı qadınlardan hansısa kağız pulu satıcıya uzatdı:

– Bir dənə də qara… – deyib, elə bil bədəni ilə onu qabağa itələdi. Çönüb narazı üzlə qadına baxdısa da, o biri ona məhəl qoymadan, satıcıya:

– Bir dənə də ağ, – dedi.

          Oğlan pulu alıb saymadan, döş cibinə basdı, çörəyi piştaxtanın üstünə qoyub, bir az da arxada dayanan kiməsə:

– Sizə hansından?.. – dedi.

Çörəyi, piştaxtadan aralanmadan, mümkün qədər nəzakətlə əlinə alıb səliqəylə, özüylə gətirib gəldiyi cığara torbanın içinə saldı, özünəməxsus nəvazişlə satıcıya:

– Çox sağ olun… – dedisə də, oğlan elə bil onu eşitmədi, əlini piştaxtanın üstünə çırpa-çırpa, alıcılardın yığdığı xırda pulları dəmir qutunun içinə ata-ata işin davam etdi.

Növbədən aralandıqca, adamların necə nifrətlə onun ardınca baxdığını hiss etdisə də, özünü o yerə qoymadı, saçlarının dibi tərləyə-tərləyə dükandan uzaqlaşdı.

Küçəyə çıxıb, ayaqqabılarının hündür, nazik dabanları yolun qənbər daşlarının arasına ilişib onu yerində laxlada-laxlada getdi...

Gedə-gedə fikirləşdi ki, Allah bilir, indi çörəksatan oğlan onun haqqında nə fikirləşəcək. Onun, əfəlin, astagəlin biri olduğunu düşünəcək və onunla bağlı ürəyində qurduğu bütün planlarını alt-üst edəcək.

Bu fikirdən ürəyi pis-pis bulandı. Yolun sağından çıxıb, az qala üstünə yeriyən maşının siqnalına dik atıldı.

Sürücü başını maşının pəncərəsindən çıxarıb əsəbi səslə:

– Bir bax haraynan gedirsən də-ə! – Deyib qazı basdı.

          Maşının ardınca baxa-baxa fikirləşdi ki, görən oğlanın qanı niyə belə qara idi? Nə baş vermişdi? Yoxsa, onun əfəlliyinə qəzəblənmişdi?

          Yolun o biri üzünə keçə-keçə fikirləşdi ki, yox axı, hələ heç növbəsi yetişməmiş, pullar əlindən yerə tökülməmişdən əvvəl də, bircə dəfə belə olsun, ona tərəf baxmadı. Bu gün pis görünürdü, nədi?!..

Ayaq saxlayıb, qarşısından ötdüyü vitrinə düşən əksinə baxdı.

Sən deyən, elə də pis görünmürdü. Bircə bayaq, evdən çıxhaçıxda dəhlizdə saçına taxdığı çəhrayı güllü sancağı boşalıb üzüaşağı sallanmışdı. Olsun ki, o da, bayaq, sumkasının içində eşələnəndə boşalmışdı.

          …Xəcalətdən, ya nədənsə yenə bədəninə isti tər gəldi. Tini burulub, bazara aparan yolla üzüyuxarı gedə-gedə fikirləşdi ki, olsun ki, evdə nə isə baş verib, ya da başında bir iş var. Anası demişkən: “Həyatdı, adam bilmir, sabah başına nə gələcək…”

          …Bazara çathaçatda sağ ayağının orta barmağındakı döyənək göynəməyə başladı. Ayaqqabısını çıxarıb döyənəyə baxdı. Döyənək qızarıb suluqlanmışdı, bir az da getsəydi, qanayacaqdı.

          Hündür kablukda gəzməyin axırı budu, bax. Nənəsi də həmişə deyirdi bunu, deyirdi o ayaqqabılar ayaqlarını sıradan çıxaracaq, qıçları əyiləcək və sair.

Gedə-gedə çönüb, qarşısından ötdüyü mağazanın vitrinində qıçlarına baxdı. Qıçları hələ ki, əyilməmişdi.

          …Bazar adamla dolu idi... Satıcıların səsi, mer-meyvə dolu yeşikləri piştaxtaların arasıyla daşıyan arabaların səsinə qarışmışdı.     

          Hər dəfə bura gələndə, xüsusən də göyərti satılan cərgələr tərəfdən ötəndə, getdiyi yerdə ayağı burxulurdu, həyəcandan az qalırdı üzü üstə yerə yıxıla. Göyərtisatanlar – onun yaşıdları, yaxud ondan da cavan, qaraqaş, qaragöz, gülərüz kənd uşaqları hər dəfə ona elə baxırdılar, elə bil gecə-gündüz, səhər-axşam burada dayana-dayana onun yolunu gözləyirdilər…

– Qəşəng qız, yaxşı vəzəri var a-a!..

– Ceyran, belə soğanı, bütün bazarı axtar, tapmazsan!

          Hər dəfə də fikir verirdi, göyərtisatanlar ancaq onu görəndə belə eləyirdilər, göyərtiləri onun ayaqları altına atmaq istəyirmiş kimi, ona tuşlayıb, az qala piştaxta­nın üstünə sərilirdilər... Onun da, bütün bu vay-həşirdən az qalırdı nəfəsi kəsilə…

          …Göyərti dolu piştaxtaların o biri başından kimsə ona sarı əyilib:

– Bəri gəl, bəri gəl, bəri gəl... – deyə oxudusa da, başını o tərəfə çevirmədi, həmişə göyərti aldığı piştaxtaya – qoca, qırmızıyanaq kişiyə yaxınlaşıb:

– Qutab göyü verin, hərəsindən iki dəstə... – dedi.

 

***

Məhəlləyə girəndə, dalanda topaldıqaç oynayan qonşu uşaqlar onu görüb qışqırışdılar, ardınca qaçıb, polietilen torbada daşıdığı göyərtilərdən qopara-qopapa:

– Şəngülüm, şüngülüm, buynuzumda ot gətirmişəm… – deyə-deyə gülüşdülər...

Pilləkənləri qalxa-qalxa, evlərindən yayılan qoxudan anladı ki, qutabın xəmiri hazırdı.

          …Xalaları da burdaydı, başlarında ləçək, unlu üzlərlə anasıyla bir mətbəxdə – palazın üstündə oturub xəmir yayırdılar. Hərə bir ucdan xəmir açır, kündə tuturdu. Onu görüb əllərini saxladılar.

– Xalası qurban olsun boyuna, Fatma! – Böyük xalası əlinin arxasıyla unlu kirpiyini silə-silə dedi, o biri xalası qolundan yapışıb, onu aşağı əydi, sulu dodaqlarıyla o üzündən-bu üzündən öpdü.

– Tez ol, bala, xəmir gəlir… – anası dedi, sonra göyərti dolu torbaya işarə elədi, – təmizlə, yu, doğra, ver dolduraq… 

 

***

          …Hamamın içindən, həmişəki nəmişlə kif qarışığının iyi gəlirdi... Qaynar suyun buxarından göz-gözü görmürdü, ləyənlərin danqıltısından qulaq tutulurdu.

Anası ləyəni qaynar suyla doldurub daşın üstünə tökdü.

– Hə, di otur indi, pak oldu, – dedi və boşalmış ləyəni əlinə alıb, hamamın sulu döşəməsiylə sürüşə-sürüşə yuxarı başa – arvadların növbəyə düzüldüyü ümumi kranta tərəf getdi.      

Daşın üstünə yığılan suyu sivirib yerə axıtdı, üstünə oturub, evdən gətirdiyi hamam torbasını boşaltdı. İki (anası və özü üçün) kisəni, sabunu, lifi, daraq və qayçıları çıxarıb, bir-bir, səliqəylə daşın üstünə düzdü.

Bir qədər keçmiş, anası, əlində qaynar su dolu ikinci ləyən gəlib yanında əyləşdi, suyu başına əndərib:

– Oxay! Əcəbdi… – deyib kisəni əlinə aldı və qırış-büküşlərlə dolu bədənini kisələməyə başladı… Sonra kisəni çiyninə atıb, ləyəni götürüb getdi, krantın altında doldurub bir hovur da başına əndərdi, sonra ona sarı çönüb səsi hamamın içində əks-səda verə-verə, bərkdən-bərkdən:

– Nə durmusan, ağəz? Başuvı islat də! – dedi və krantı açıb qaynar suyu bu dəfə niyəsə yerə axıtdı.

          Saçlarını açıb, ləyənini əlinə alıb ayağa qalxdı, anasının Ərəbzəngitək, başını kəsdirdiyi krantın altına qoyub doldurdu.

          …Anası arxadakı sütunlardan hansı birininsə arxasında dayanıb kiminləsə bərk­dən-bərkdən qışqıra-qışqıra söhbət edirdi.

          Parçı suyla doldurub başına tökdü, saçlarını, üzünü sabunladı, əlini, gözlərini sabun yandırmasın deyə açmadan, daşın üstüylə gəzdirib, xırda dişli darağını axtardı ki, saçlarını sabunlu-sabunlu darasın... Əlinin darağa dəyməyi ilə darağın sıçrayıb yerə düşməyi bir oldu. Əyilib darağı gözüyumulu halda döşəmədə axtardı… və əlinə darağın əvəzinə, yumşaq nə isə keçdi…

          Gözünün sabununu əlinin arxasıyla silib baxdı...

          Ağ çitdən tuman idi… kişi tumanı… Döşəmənin çirkab suları axan nohurun içi ilə axıb-axıb, onun ayağı altında dayanmışdı. 

          …Tumanı, əlini yandırantək döşəməyə atdı:

– Ay Allah! Bu nədi belə?.. – qışqırıb, ayağa sıçradı, ürəyi yerindən qopa-qopa, dörd bir yana baxıb anasını axtardı…

Anası hələ də, hardasa arxada – buğ dumanının içində dayanıb kiminləsə danışırdı… Kisəni əlinə keçirib, həmsöhbətinin – qırmızıyanaq, gombul gəlinin kürəyini kisələyirdi...

Üzbəüzdə oturan cavan gəlin sabunlu saçlarını iri daraqla daraya-daraya:

– Qorxma, ay qız… – dedi. – Dünən axı kişilərin günüydü. Olsun, kiminsə yadından çıxıb qalıb. Pivədən o qədər içirlər ki, adları da yadlarından çıxır…

Gəlin bunu deyib çirkli, köpüklü suya qarışa-qarışa axıb ondan uzaqlaşan tumanın ardınca baxdı, sonra yanında buğlanan su dolu ləyəni başına əndərdi.

 – Biabırçılıqdı... – yan tərəfdəki daşın üstündə oturub, qucağındakı balaca qız uşağını lifləyən arıq gəlin dedi, – natəmizlikdi. Kişi hamamı ayrı olmalıdı, arvad hamamı ayrı. Ta qədimdən də belə olub...

Anası arvadların söhbətini eşitmirdi, hansısa daşın üstündə oturub, ayağının birini o biri dizinə qoyub, buğ dumanın içində hıqqıldaya-hıqqıldaya dabanını sürtürdü…

Kişi tumanı axıb-axıb, su yolunu tıxac kimi tutmuşdu. İndi bütün hamamın sabunlu, köpüklü suları yolundan çıxıb, döşəmə boyu arvadların ayaqları altından axırdı…

Hamamdan qayıdandan sonra iki stəkan çay içib yerinə girdi, yorğanı başına çəkib, havasızlıqdan boğula-boğula hamamdakı söhbətlər haqqında fikirləşə-fikirləşə nə vaxt yuxuya getdi, bilmədi…

Yuxuda yenə hamamda idi.. yenə sabunlu saçlarını daraya-daraya arvadların söhbətinə qulaq asırdı… Bu məqam hardansa, hamama tumanın yiyəsi gəlib çıxdı, içəri girib, gözləri bərələ-bərələ:

– Tumanımı verin! – deyə çığırdı…

          Bədəni qorxudan əsə-əsə ayağa qalxıb tumanı axar suların arasıyla axtardı, tapıb təmiz suyun altında yaxaladı, sıxıb yiyəsinə verdi… Tumanın yiyəsi gedəndə, baxıb gördü həmin çörəksatan oğlandı…

  

***

 

          …Komisyon dükanının qəbul məntəqəsində növbəyə duranların üzlərindən əzab tökülürdü. Hərə qucağında bağlama, dükanın künc-bucağına söykənib, yorğun üzlərlə dağ-divara, döşəməyə, hərdən də bir-birlərinə baxırdılar. Fatmanın bağlaması hamınınkından böyük idi deyə, daha çox onun bağlamasına baxırdılar.

Növbənin axırında yer tutan qələm kimi iki arıq qız gözlərini ondan çəkmirdilər, qoltuğundakı bağlamanı əyri-əyri süzə-süzə, öz aralarında nə isə xısınlaşır, arada bir uğunub özlərindən gedirdilər. Ona gülürdülər, nədi?..

Dükanın tozlu manikenlər düzülmüş tutqun şüşəli vitrininə düşən əksinə baxdı. Elə bil hər şey öz qaydasındaydı. Saçı, əyin-başı… Böyürdən baxanda, azca qarnı çıxırdı, vəssalam. Bunun özü də bir gözəllik idi. Qonşu Xavər xala deyirdi həmişə. “Qız-gəlinin, azca da olsa, bir köynək əti olmalıdı”.

…O biri tərəfə çevrilib, özünə indi də bu böyürdən baxdı və qəfildən gözü, dünən gecədən saçlarının uclarına keçirib yatdığı, bu səhər isə, dükanda növbə tutmaqdan ötrü ala-qaranlıqdan oyanıb, tələm-tələsik geyinərkən çıxarmağı unutduğu çəhrayı biqudiyə sataşdı…

Əlini ehmallıca boynunun ardına aparıb biqudini aşağı sürüşdürdü, saçından çıxarıb, üsulluca plaşının cibinə basdı.

Qızlar bayaqdan bunu gözləyirmiş kimi, qaqqanaq çəkib əməlli-başlı gülüşdü­lər...

          …Malları ortayaşlı, eynəkli, daz bir adam qəbul eləyirdi. Növbəsi çatanın bağlamasını əlindən alıb  piştaxtanın üstünə qoyur, səliqə ilə açıb içindəkiləri bir-bir çıxararaq, məsuliyyət dolu ciddiyyətlə nəzərdən keçirir, gah gün işığına tutub uzaqdan baxır, gah burnuna yaxınlaşdırıb tikişlərini, düymələrini istintaq müvəkkili kimi bir-bir elə yoxlayırdı, elə bil cinayət tərkibli nəyinsə izinə düşmüşdü.

          “Bir o qalıb ki, dişləyib dadına baxa…” – Fatma hövsələsi darala-darala fikirləşib bir addım qabağa yeridi, bağlamasını piştaxtanın üstünə qoyub açdı, içindəkiləri çıxarıb səliqəylə yan-yana düzdü.

          Komissionçu cığara paketlərin içində təptəzə kimi görünən iki jaketi, bir uzunətəkli yubkanı və bir ədəd mavi rəngli yun jileti tələsmədən, bir-bir əlinə alıb işığa tutdu, tikişlərini, düymə və ciblərini yoxlayıb doyandan sonra, eynəyini başının üstə keçirib Fatmaya elə baxdı, elə bil indi də Fatmanın özünü yoxlamaq fikrinə düşmüşdü.

– Nə deyirsiz?.. – Fatma arxadakılar eşitməsin deyə, utana-utana, astadan pıçıldadı.

– Üçünə yüz manat… – kişi deyib əlindəkiləri zibil vedrəsinə atan kimi, harasa kənara vızıldatdı.

Fatmanın gözləri böyüdü:

–Yüz manat?!..

Kişi duruxub əllərini belinə vurdu, sonra başını qaşıya-qaşıya eynəyini gözünə qaytarıb:

– Axır qiyməti olsun yuz iyirmi beş! Bir qəpik də artıq verə bilməyəcəyəm, – dedi.

Bir müddət dinməz-söyləməz, piştaxtanın arxa rəfində bir-birinin üstə qalanan geyimlərinə baxdı. Onların hər birinə bir ətək pul verməyi, yaxın günlərəcən hər birini ehmal ehtiyatla ­– özünü xırdaca su damlasından, xörək ləkəsindən qoruya-qoruya, oturub-durduğu yerin təmizliyini, dörd bir yanını yoxlaya-yoxlaya, səliqə ilə geyin­mə­­yi yadına düşdü…

– Axı mən… – Fatma nə isə demək istədisə də, kişi aman vermədi, qəbz yazmaq üçün hazırladığı qələmi hövsələsiz hərəkətlə piştaxtanın üstünə atıb:

– Bacım, vaxtım yoxdu, razısan, pulunu verim, döyülsən, şələ-küləni yığışdır, xoş gəldin... – deyib, bayaq arxa rəfə vızıldatdığı pal-paltarı, necə gəldi yığışdırıb Fatmanın qucağına basdı.

 

          …Küçəyə çıxanda hava qaralmışdı. Saatına baxdı.

          Yeddiyə işləyirdi. Kişinin, ovcuna basdığı iki əzik əlliliyi və bir iyirmibeşliyi səliqə ilə qatlayıb pul kisəsinin içinə qoydu.

          İndi Xədicə əsəbindən sol ayağını əsdirə-əsdirə onu gözləyirdi. Axırıncı dəfə dönə-dönə tapşırmışdı da ona: “Orucluq ayı girənəcən gəlməsən, bil ki, gecikdin…” – demişdi.

 

***

 Maşın Binəyə çatar-çatmaz, sürücü geriyə çönmədən, boğuq səslə:

– Binənin ha tərəfinə gedirsən?.. dedi.

– Bazarın arxa küçəsinə, – deyib pəncərədən, getdikcə qaranlıqlaşan torpaqlı küçələrə baxdı.   

Sürücü bu dəfə güzgüdən baxdı ona:

–Xədicəgilə gedirsən?

Qızarıb özünü itirdisə də, özünü o yerə qoymadı. Saçlarını düzəldib pəncərədən baxmağa davam edə-edə astadan:

– Hm… – dedi. – Yaxşı qazanır zalım… – sürücü deyib, yenə güzgüdən baxdı ona.

– …

– Xədicəni deyirəm e… Keçən ay “24” aldı. Diyillər, Mərdəkanda bir dənə villa tikdirib, gəl görəsən. Nə deyim, vallah? Bacarana can qurban! Elə döyül, bacı?

          Sürücünün ürəyi deyəsən dolu idi, sözünü bitirib, güzgüdən ona baxa-baxa ondan cavab gözlədisə də, Fatma dinmədi, bilmədi “hə” desin, “yox” desin…

– Deyirəm, Allaha qurban olum, at olan yerdə ot yoxdu, ot olan yerdə at. O qədər mal, pul, var-dövlət… nə oğul var, nə qız. Kimə qalacaq bu boyda haqq-hesab? Deyirlər, neçə dəfə evini də aparmaq istəyiblər, amma zalım qızı o dəqiqə hiss eləyib, zəlil eləyib oğruları…

Fatma fikirləşdi ki, Allah bu Xədicənin ürəyinə qüvvət versin ki, onun da dərdinə əlac eləsin.


***

              Mərdəkanda “görücü” adını qazanmış Xədicənin qəbuluna gələnlərin növbəsi komisyon mağazasındakı növbədən daha uzun idi, bir ucu Xədicəgilin dalanından həyətin çıxışına qədər uzanırdı. Növbənin axırına düşənlər vaxtlarını itirmədən, həyətin meyvə-tərəvəz köşklərindən xımır-xımır bazarlıqlarını da eləyirdilər.

          Qəribəydi, elə bil təyyarə meydanı da hardasa yaxınlıqdaydı. Dəqiqəbaşı, növbəyə dayananların başları üstündən o yan-bu yana təyyarələr uçur, gurultudan ağız deyəni qulaq eşitmir, arvadlar bir-biriylə çığıra-çığıra danışırdı...

– Mənə demişdi cadu döşəyin içindədi, inanmadım. Gəldi, əliynən çıxartdı! – Danışmaqdan üzü, hamamdan çıxmış kimi, pörtmüş arvadın səsi həyəti başına götürmüşdü.

Fatma növbənin dalana yaxın hissəsində dayanmışdı. Çığıra-çığıra danışıb, aradabir onu əyri-əyri süzən arvadların onun burnuna, yoxsa bığlarına tamaşa elədiyini müəyyən edə bilmirdi.

Fikirləşdi ki, gərək vaxt tapıb özünü Nazilənin yanına salsın, bığlarını bir də saraltdırsın. Sonra da fikirləşdi ki, görəsən, bığları niyə, nə səbəbə daha tez qaralmağa başlayır? Həm də elə bil getdikcə qalınlaşır?

Əlini bığına aparıb barmaqlarını gizlicə, bilinər-bilinməz tüklərin üstü ilə gəzdirib qalınlığını yoxladı. Bığları məftil kimi cod və qalın idi…

Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə, birdəfəlik dibindən qırxıb yerə qoysun bu zibilləri?.. Sonra yadına kosmetoloq Nazilənin bığlar barədə dediyi: “tüklər ülgücü sevir, dəyən kimi birə-beş qalınlaşacaq” sözləri düşdü və bundan ürəyi pis-pis bulanmağa başladı...

 

          …Xədicənin evi həmişəki kimi yarıqaranlıq və havasız idi... Dəhlizvari uzunluqla iç-içə açılan otaqların hamısı adamla doluydu. Arvadların bayaqkı baxışlarından idi, ya Xədicənin deyəcəyi sözlərin xofundan idi, nə idisə qulaqları elə guruldayırdı, elə bil yan-yörəsindəki arvadlarla bir təyyarədə uçur.

Fatma özünü dəhlizə salıb bir küncdə dayandı. Dəhlizdə adam çox idi. Hamı növbəsini gözləyir, səbrini basa-basa içəri boylanırdılar. İçəri otaqlarda yerə döşənmiş xalça-palazın üstündə dizi üstə oturanlar diz-dizi sürünə-sürünə bir-bir Xədicənin hüzuruna yaxınlaşır, yerlərini rahatladıqdan sonra ciblərindən çıxardıqları şəkilləri falçının qabağındakı alçaq mizin üstünə düzür, dərdlərini asta-asta pıçıldaya-pıçıldaya elə sıtqıyırdılar, elə bil bayaqdan səsləri həyəti bürüyən bunlar deyildi.

Xədicə üzündə matəm ifadəsi, noxudları ovcunun içində oynada-oynada onları dinləyir, məqamı çatanda ovcunu armudu stəkanın içinə boşaldıb çalxalayır, zər atan kimi, qabağındakı balaca mizin üstünə atıb fikrə gedir, aradabir əlini saxlayıb o biri otaqlarda, dəhlizdə növbə gözləməkdən cana yığılıb, bir-biriylə ünsiyyətə girən, ordan-burdan danışıb hay-küy salan arvadlara:

Sükut!!!.. – deyə çığırır, bir qədər sonra otaqlara çökmüş gərginliyi aradan qaldırmaq üçün mülayim səslə:

– Fikrim dağılır axı, bacım… Belə olmaz axı, bacılar?!.. – Deyir və işinə davam edirdi.

Xədicənin çığırtısından təşvişə düşən arvadlar özlərini itirib bir-birinə elə baxırdılar, elə bil bu dəqiqə nə isə baş verəcək, onları rahat yerlərindən tərpədib çölə çıxaracaqlar, yaxud Xədicə həmişə elədiyi kimi, əlləri belində dəhlizə çıxıb:

– Bsyo! Bu günlük bitdi! İnformasiya kəsildi! – deyəcək, dəhlizin işığını keçirib, qapıları onların üzünə bağlayacaq və sair və ilaxır.

 

          …Növbə Fatmaya çatanda, hava artıq qaralmışdı, otaqların, dəhlizin künc-bucağında oturub hələ də növbəsini gözləyən ac, susuz arvadların hərəsi bir yana əyilmişdi. Hardansa, evin hansısa küncündən asta xorultu səsi gəlirdi…

          Xədicə də əldən düşmüşdü, başını iki əliylə tutub onu gözaltı süzə-süzə o birilərə:

– Gedin tay, informasiyam kəsildi... – dedi, sonra döşəkçəsinin altından sivirib çıxardığı ləçəyi alnına bağlayıb bərk-bərk sıxdı.

Arvadlar bir müddət qımıldanmadılar. Aşağı başdan kimsə yarıyuxulu, xırıltılı səslə:

– Ay Xədicə, qurbanın olum, mən bədbəxt ki o başdannan burdayam. Uşaqları çölə töküb gəlmişəm… – dedisə də, cavab gəlmədi.

Xədicə ləçəyini bir az da bərk sıxıb yazıq-yazıq inildədi, sonra qəfildən başını tutub gözüyumulu:

– Rədd olun!!! – deyib elə çığırdı, hamı dik atılıb yerlərində qurcalandılar, sonra ayağa qalxıb, dinməz-söyləməz, kor-peşman dağılışmağa başladılar.

Fatma ayağa qalxmaq istəyəndə, Xədicənin əli dizinin üstünə qondu:

– Sən otur… – Xədicə alnını ovuşdura-ovuşdura gözüyumulu dedi, sonra dəhlizə sarı – Ay uşaq, bu qapını bağla! – Qışqırdı və qapını həmin andaca bağladılar.  

Arvadlar dağılışandan sonra Xədicənin balaca evi elə bil böyüdü. Fatma dörd bir yana göz gəzdirib fikirləşdi ki, sən demə, həmişə darısqal bilib ürəyi sıxılan bu alçaq tavanlı otaq əməlli-başlı geniş bir yer imiş.

– Hə, nə qərara gəldin? – Xədicə hələ də alnını ovuşdura-ovuşdura, gözüyumulu dedi, sonra gözünü açıb Fatmaya elə baxdı, elə bil qabağında oturanın o olduğunu indi başa düşdü. Ləçəyinin düyününü boşaldıb onu başdan-ayağa süzə-süzə:

– Yox, yaxşısan maşallah… – dedi, – o dəfə zəfəran kimiydin. İndi yanağından qan damır, maşallah… Hə, nə qərara gəldin, gedirik?..

Başını aşağı salıb dinmədi.

– Yoxsa bir qərara gəlməmisən hələ?..

– Gəlmişəm… – dedi, – anama da demişəm.

– O nə dedi?

– Dedi, “gedin, görək nolur”.

Xədicə dizinə çırpıb:

– Allah mərdimazarın evini yıxsın!.. – dedi, sonra yenə köhnə dərdi təzələndi. – Məni bu günə mərdimazar qoymadı?!.. Gələ, bu gün-sabah əllim tamam olur, nə ər var, nə oğul var, nə uşaq. Bu boyda mal-dövlət, cah-cəlal, di gəl ki, yeyənim yoxdu, bacım! Kim eləyib, onu görüm əzizi çapalasın qabağında!

– Kimin?

– Mənə cadu-piti eləyən it qızının! O göydəki Allaha tapşırıram onu!.. – Xədicə deyib susdu, ləçəyini çiyninə salıb, gözləri yol çəkə-çəkə – Deyirəm, bir gün elə-beləcə, camaat dağılışıb evinə-eşiyinə gedəndən sonra bu dörd divarın arasında bayquş kimi tək-tənha ölüb gedəcəyəm… Ağlayanım da olmayacaq.

– Allah eləməsin, ay Xədicə... – Fatma dedi, sonra da fikirləşdi ki, gərək “Xədicə xanım” deyəydi, nə qədər olmasa, ondan neçə bayram böyükdü.  

– Bilirəm, qəbrimin üstə gəlsən, bir sən gələcəksən, dizini yerə qoyub başdaşımdakı şəklimə baxa-baxa “can ay Xədicə” deyəcəksən... – Xədicə deyib susdu. Boğazını qəhər tutdu deyə sözünün ardını gətirə bilmədi. İri yaş damlaları mizin üstünə xırda bilyard daşları kimi dağılmış noxudların üstünə sıçradı.

          Əlini Xədicənin çiyninə qoyub:

– Nə yaşın var ölüm haqqında fikirləşirsən? Cavansan, inşallah sənin də yolun açılar… – dedi.

          Xədicə bu sözlərdən bir qədər toxtadı, burnunu silib yazıq-yazıq Fatmanın üzünə baxdı:

– Bu dünyada bir inandığım, ürək qızdırdığım bir adam varsa, o da sənsən, – dedi. – Odu ki, qulaq as, gör, nə deyirəm. Ora Ayın buludsuz göydə par-par parıldadığı gecə getməliyik…

– Ayrı cür olmaz?

– Nədi, qorxursan yoxsa?..

– ...

– Bəsdi ağəz, güldürmə məni, yekə ar… yekə cuvənəzənsən. Əvvəla, qəbiris­tan­lıq bu dünyada ən təmiz yerlərdən biridi, bunu bil. İkincisi, sən ora tək getməyə­cək­sən. Mən ölmüşəm bəyəm? Üçüncüsü, sən ölülərdən yox, dirilərdən qorx, bacım, sənə cadu eliyib taleyinə şilt qatanlardan qorx! Ölü sənə neyləyəcək?..

Fatma başını aşağı salıb ətəyinin güllərini didişdirdi utana-utana:

– Amma bu dəfə pulun yüzünü verəcəyəm. Qalanını…

– Bəsdi, sən allah, sənnən pul istiyən var? Versön də sağ ol, verməsön də! İllərlə çəkdiyün müsibət gözümün qabağında döyül? And olsun o bir Allaha ki, sənin yolunu bağlayıb cadukunluq eləyən ifritəni gərək elə bimar eliyib yorğan-döşəyə yıxam ki, tay bir də ayağa qalxmasın!..

          Xədicənin bu sözlərindən boğazını qəhər tutdu, qəhərini udub, bir istədi falçıya nə isə isti bir söz desin, deyə bilmədi. Xədicənin ürəyi yanırdı ona, ürəkdən deyirdi bu sözləri. Olsun ki, yazığı gəlirdi... Hə, yazığı gəlirdi. Yazıqgəlməli idi də…

          …Xədicə noxudları ovucunda silkələyib bu dəfə döşəməyə – xalçanın üstünə atdı, gözləri noxudların düzülüşündə fikirli-fikirli:

– Sənə tərəf gələn var, bacım… – dedi. – Kimdisə, təmiz ürəynən gəlir. Özü də lap yaxınındadı… lap belə beşcə addımlığında. Özü də əbədilik gəlir yanına… sənə qovuşmaqdan ötrü gəlir… – Xədicə noxudların düzülüşündə nə gördüsə, əlini şarappıltıyla mizin üstünə çırpıb – Qovuşursuz!.. – dedi, noxudlara işarə ilə – Budey! Özü də birdəfəlik! Şad-xürrəm həyat yolu görürəm… balaca balalar görürəm…

Xədicənin sözlərindən içində, hardasa lap dərinliklərdə çəhrayı işığabənzər nə isə yandı elə bil… Xədicənin dediyi bu xoş sonluq, nə vaxtsa, orta məktəbdə oxuduğu illər, oxuduğu yaxşı nağılların sonluğunu xatırladırdı...

Xədicə ləçəyi boynundan çıxarıb, bir də təzədən bərk-bərk bağlayıb sıxdı, noxudları yerdən yığıb stəkana tökdü, yorğun-yorğun Fatmaya:

– Get bacım… başımın ağrısı, deyəsən, bərkiyir, – dedi, sonra ayağa qalxıb qəribə, sərxoş yerişlə içəri otağa, olsun ki, yatağına uzanmağa getdi.

Xədicənin ardınca baxa-baxa fikirləşdi ki, həqiqətən, bu qədər adamın dərdini çəkmək asan iş deyil.

 

***

 

Xədicəgildən çıxanda, yağış yağırdı. Həyətin torpağı yağışın suyundan islanıb lilli sularla həyətin ortasından axır, yolun o biri üzünə keçməyə imkan vermirdi.

Dayanacağa aparan palçıqlı yollarla sürüşə-sürüşə getdi. Bütün yolu Xədicənin təsvir etdiyi “xoş sonluq” gözlərinin qarşısından getmədi. Yadına bir-bir, qonşu evlərdə yaşayan, səhər-axşam məhəllənin tinində dayanıb gələn-gedənə göz qoyan, tanıdığı, tanımadığı oğlanları saldı. Evlərinin tinindəki çörək dükanının satıcısından, göyərtisatanlardan, bir də tibb bacısı işlədiyi doğum evinin baş həkimi – çalbaş Cəbiyevdən savayı, yadına ayrı bir kəs düşmədi.

Evə çatanda əlləri ciblərində tində dayanıb tum çırtlaya-çırtlaya asta-asta söhbət eləyən məhəllə uşaqları – qonşu oğlanlar onu görüb ədəb-ərkanla aralanaraq yol verdilər.

Gülağanın səsi həyəti başına götürmüşdü:

– Gecənin bu vaxtında hardadı bu başıbatmış?..

– Niyə çığırırsan, ay Gülağa? Olsun ki, apirasiyaya saxlayıblar, ya gecə növbəsi var… nə bilim?.. – Anası dili topuq vura-vura deyirdi.

– Bəs niyə zəng eləmiyib?..

– İndi harda olsa, xəbər çıxar, hirsdənmə. Hər şeydən ötrü niyə çıxırsan özündən?..

Anasının səsi elə bil nəhəng küpənin dibindən gəlirdi. Gülağa içməyəndə anası həmişə elə bil qorxurdu ondan.

Gülağa yenə maykadaydı, onun həyətə girdiyini görüb hirslə evə girdi, qapını elə çırpdı, aşağıda nə isə çatladı.

 

          …Anası rəngi avazımış halda eyvanda dayanmışdı, onu görüb yazıq-yazıq:

– Harda qalmısan, a bala? Saat doqquza işləyir? Qardaşın öldürdü məni axı?!

– Ağır xəstə vardı… – deyib pilləkənləri tələsik qalxdı.

– Hə?..

          İçəri keçib dəhlizdə ayaqqabılarını, plaşını soyundu.

          Anası ardınca içəri girib mətbəxə keçdi, orda qazanların qapaqlarını taqqıldada-taqqıldada:

– Gülağa başa düşür ki? – Dedi, sonra ardınca tələsik – Əntiqə xəngəl eləmişəm, ye, canın isinsin, – dedi.

          – Yenə xəmir? Ay Allah! Ay mə, keçən dəfə dedim axı xəmir eləmə, kökəlirəm? Xəmirin, bilirsən nə boyda zərəri var?

Anası üzünü turşutdu:

– Onu kim deyir? Bu dağlı mələsi ki, var, burda hamı ilmi dam xəmir xörəyi yeyib, hamıdan da qüvvətli olublar. Hamıdan çox yaşıyannar da olar olub. Müsəlman xörəyi ye bala, o salatdı, malatdı boş-boş şeylərdi. Samballı xörəy ye ki, ürəyinə qut olsun.

– Qut nədi?..

– Qut? Yəni ki, taqət, qüvvət! – Anası mətbəxdən deyib, deyəsən xəngəli süzgəcə boşaltdı, mətbəxin buğu evə doldu.

– Yenə qüvvət… – ev xalatını geyinə-geyinə ağzının içində dedi – elə bil güləşə hazırlaşıram.

          …Stolun üstündə yenə iki iri bulud buğlanırdı. Buludun biri anasının qabağındaydı. Fatma mətbəxə keçəndə anası buludu yarı eləmişdi, çəngəlini buludun dibi ilə gəzdirə-gəzdirə bir-birinə yapışmış xəngəlləri səliqə ilə ayırmaqla məşğul idi.

– Məsməyə də verdim. Dedim, iy gedər, şişib-eliyər yazıq, zahıdı... – anası deyib ağzını elə marçıldatdı, acından ürəyi sivrildi.

          Çəngəli əlinə alıb xəngələ girişdi. Anası ona baxıb yeyə-yeyə:

– Əcəb qəşəngləşmisən… – dedi – yanaqların quba almasına oxşıyır.

          Çönüb, servantın şüşəsinə düşən əksinə baxdı. Servantın şüşəsində üzü göyümtül rəngə çalırdı. Ya işıq belə düşürdü?!..

– Xəşil yeyəndə, yanaqların həmişə belə allanır, bax. – Anası fərəhlə deyib stolun üstündəki ərinmiş yağ dolu fincanı əlinə aldı, buludun üzəriylə gəzdirə-gəzdirə xəngəlin qalan hissəsini yağladı.

          Soyuducunun üstündəki balaca televizorda “Qız qalası” baletini göstərirdilər. Rəngbərəng tül paltarlı incə qızlar dırnaqları üstə fırfıra kimi fırlanır, rəqs edirdilər.

Anası xəngəli bitirib, ləçəyinin ucuyla üzünün tərini sildi, televizorda rəqs edən balerinalara baxıb:

– Xəşili bunlara yidirtmək lazımdı bax. Bir az əmələ gəlsinlər. Üzləri çay qaşığı boydadı.

          Anasının bu sözündən sonra televizorda rəqs edən qızlar sanki coşub daha həvəslə fırlanmağa, kəpənək kimi yüngül, pərvazlı sıçrayışlarla səhnənin bu başından o başına tullanmağa, bir ayağını göyə qaldırıb pərgar kimi hərlənməyə başladılar.

– Uy Allah, sən saxla! Bular niyə belə elədilər?..

          Balerinalara baxa-baxa fikirləşdi ki, indi həmin bu qısa, tül paltarları onun əyninə geyindirsəilər… Sonra bunu gözünün qabağına da gətirdi. Əynində piyli qarnını, köklükdən bir-birinə pərçiməlnmiş budlarını bütün cizgiləri ilə göstərən tül paltar, qaça-qaça səhnənin bir başından o biri başına tullanır… paltarın, kəpənək qanadı zərifliyində əlvan ətəyi dalğalanıb havaya qalxdıqca, budları görünür… səhnə təpiklərinin ağırlığından cırıldayıb, gəmi göyərtəsi kimi cırıldayır… balerinalar başlarını tutub, vahimə içində: “Boje moy! Boje moy!” – deyə-deyə o yan-bu yana qaçışır, tamaşaçılar ayağa qalxıb: “Bu kərgədanı bura kim buraxıb?..” – deyə qışqırışırlar…

Fikirləşdi ki, dəqiq hər şey belə olacaqdı. Ayrı necə ola bilərdi ki?! Bu nərmənazik balerinaların yanında o eni-uzunu bilinməyən, yöndəmsiz kərgədana oxşamırdı, bəlkə?

Bu fikirdən ürəyi sıxıldı, sonra ərinmiş yağ dolu fincanı əlinə alıb xəngəlin qalan hissəsini yağlaya-yağlaya fikirləşdi ki, kərgədan olsaydı, dərdi nəydi ki?! Kərgədanların hamısı bir cür olur, gözəli-kifiri, ağı-qarası, kökü-arığı olmur. Yeyib-içib, baş-başa verib ailə kimi sürü ilə yatırlar. Nə saçlarını rəngləyirlər, nə bığlarını saraldırlar, nə kökəlməkdən qorxurlar…

          Çöl qapısı astaca döyüldü. Gələn, alt mərtəbədəki qonşuları Rza kişiydi.

          Rza kişi o qədər qoca idi ki, danışmağa, demək olar ki, heyi yox idi. Səhər-axşam balaca, birotaqlı evində oturub radioya qulaq asır, hərdənbir də, ələlxüsus yağışlı, küləkli havalarda onlara qalxır, içəri keçib, mətbəxin bir küncündə oturur, dinməz-söyləməz qabağına qoyulan çay-çörəkdən yeyib anasının söhbətlərinə qulaq asır, hava qaralanda taxta pillələri əsə-əsə düşüb evlərinə gedirdi.

Rza kişi içəri girib dayandı, elə bil addım atmağa heyi çatmadı, qapının ağzındakı balaca kətilin üstünə oturub qaldı.

– Gəl, ay Rza… orda niyə oturdun? – Anası deyib ayağa qalxdı, qazanda qalan xəngəli buluda süzüb buğlana-buğlana geri qayıtdı, buludu stolun üstünə qoyub, fincandakı ərinmiş yağı üstündə gəzdirdi, sonra keçib öz yerində oturdu Rza kişiyə bərkdən-bərkdən:

  Gəl ye, canın isinsin.

 

…Rza kişi xəngəli dişsiz ağzıyla elə yeyirdi, elə bil nə vaxtdan bəri xəngəl həsrətindəydi. Anası öz xəngəlini bitirib, buludun dibində qalan yağı barmağıyla sivirdi, əllərini qarnının üstə cütləyib qəribə ləzzətlə Rza kişinin yeməyinə tamaşa eləməyə başladı.

          Rza kişi xəngəli bitirən kimi anası ayağa qalxıb stolun üstündəkiləri yığışdırdı, geriyə çayla qayıtdı. İki armudu stəkana süzdüyü çaylardan birini, qəndi və doğranmış limonu Rza kişinin qabağına qoyub keçib yerinə oturdu, əlini çənəsinə vurub nəfəsini dərdi:

– Hə, indi danış görüm, nə var-nə yox... – dedisə də, Rza kişinin bayaqdan televizorun ekranına zillənən gözlərinin ifadəsi də dəyişmədi. Onda anası öz çayından bir qurtum alıb, dil-dodağını yalayıb xüsusi ləzzətlə həmişəki söhbətinə başladı. Həyətin tarixindən, köhnə məhəllənin artıq ölüb-getmiş adamlarından, onların həyat hekayələrindən danışıb gah güldü, gah təsirləndi...

          Dəfələrlə eşitdiyi bu hekayətləri yüzüncü dəfə eşitməməkdən ötrü, ayağa qalxıb yataq otağına keçdi, orada yerinə girib, təzəcə aldığı “Gözəlliyin sirri” jurnalını vərəqləməyə başladı. Rəngli, illüstrasiyalı jurnalın səhifələrindən gülümsəyən incəbel qızların geyimlərinə, saç düzümlərinə baxa-baxa, anasının mətbəxdən eşidilən hekayətləri altında yuxuya getdi…

          Yuxuda, qəfildən incəlib qolu yoğunluğunda olan belinə, nazik, biçimli ayaqlarına baxa-baxa, əynindəki narıncı tül paltarında hərlənə-hərlənə rəqs edirdi… Çəkisiz bədəniylə havaya atılır,  yüngül çəkisizlikdə süzür, başı hərlənə-hərlənə yerə enir, dırnaqları üstə fırlanır, fırlanır…

          …Yuxudan, ürək bulanmasına ayıldı… Xəngəlin yağı boğazının yolunda qaynayırdı…

          Mətbəxə açılan qapının arasından stolun, bir də Rza kişinin bədəninin yarısı görünürdü. Rza kişi ağzının içində nə isə deyirdi, elə bil dua oxuyurdu. Anası əllərini qoltuğuna vurub dərdli-dərdli yellənə-yellənə fikrə getmişdi. Sonra Rza kişi ayağa qalxıb ləngərləyə-ləngərləyə dəhlizə çıxdı, sonra çöl qapısının cırıltısı eşidildi.

          Rza kişi gedəndən sonra anası televizoru keçirib içəri girdi, örpəyinin ucundakı düyünü aça-aça:

– Bu kişinin duası köməyin olsun… – dedi – gərək, xahiş edim ondan sənin üzünə tüpürsün.

Dik atıldı:

– Üzümə niyə tüpürsün ki?

– Seyiddi, bala! Onun tüpürcəyində bilirsən, nə boyda şəfqət var?! O boyda millət o tüpürcəyin eşqinə axışıb gəlmir? Hamısı da şəfa tapıb gedir. Onun cəddinə qurban olum.

          Anası xalatını soyunub, gecə köynəyini geydi, işığı keçirib hıqqıldaya-hıqqıldaya yerinə girdi.

– Allah onu bu həyətdən əskik eləməsin, – dedi.

          Fatma o biri böyrü üstə çönüb Rza kişinin həmin o dişsiz ağzıyla necə üzünə tüpürdüyünü təsəvvürünə gətirdi və bundan ürəyi lap pis bulandı.

 

***

– Ölünün gözünü yummaq üçün gərək əməlli-başlı dəstəmaz alıb pak olasan. Bir də ölüdən gərək qorxmayasan. – Anası üzü o yana, kiminləsə danışırmış kimi astadan dedi. – Axı ölü də diridi, bizim kimi ətdən-sümükdən ibarət insandı. – Anası bunu deyib ona sarı çevrildi, ona yarıqaranlığın içindən baxdı. – Onda olmayan – bircə nəfəsdi. Onun da qulağı bizimki kimi eşidir, saçları, dırnağı da, torpağa qoyulandan sonra hələ bir müddət bizimki kimi uzanır. Anam keçinəndə, yadımdadı, sinəmi cırıb necə qışqırdımsa, bir də gördüm, arvadın gözündən yaş damlası süzüldü.

          Bura çatanda anasının da gözündən yaş damlası süzüldü. Anası yorğanın ucuyla gözünün yaşını sildi.

– Odu ki, mən öləndə qorxma. – Sonra yenə boğazını qəhər tutdu. – Anam… yazıq anam… olsun ki, özüyçün ağlayırdı. Bilirdi axı, məndən savayı ağlayası adamı yoxdu. Bir kimsəsi yox… bacı-qardaşları dünyanın o biri üzündə... Bax a-a, məni məscidə yumağa aparanda, nəbadə mürdəşirlə təkbətək qoyasan a-a! İndi tay mürdəşirlərin də zayı çıxıb. Meyiti ki, yiyəsiz gördülər, necə gəldi yuyub kəfənləyirlər. Ölü də ki, təmiz yuyulmadı, pak olmadı, nəyə lazım?

Anası ölülərlə davranma qaydalarını axır vaxtlar demək olar, hər gecə, yuxuya getməzdən əvvəl, hərdən də yuxuda danışırdı. Hər dəfə də bu mövzuda yarıyuxulu halda danışmağa başlayırdısa da, axırdan-axıra kürəyi üstə çönüb, iri-iri açılan gözlərini tavana zilləyə-zilləyə qalırdı, yuxusu ərşə çəkilirdi.

Fikirləşirdi ki, anası öləndə neyləməlidi?.. Ən pisi o idi ki, anasının ölüm xəbərini eşidcək bütün məhəllə tökülüşüb evlərinə gələcəkdi, anasının meyitini dövrəyə alıb oturacaq, gözlərini ona zilləyəcəkdilər ki, baxsınlar o necə ağlayır.

– Ölü ki, torpağa pak qoyulmadı, hə-ə, onda qəbir əzabları çətinləşir. Cənnətə yol bağlanır. – Anası deyib uzun-uzadı əsnədi. – Bir də, deyilənə görə, ananın meyiti yuyularkən, qızı iştirakçı olarsa, yeri behiştlik olar.

Anası sözünün bu yerində salavat çevirdi, sonra elə həmin dəqiqə də xırda-xırda xoruldamağa başladı.

Anasının yarımaçıq ağzına baxa-baxa fikirləşdi ki, indi beş-on dəqiqə beləcə asta-asta mürgüləyib dərin yuxuya gedəcək, sonra həmin o dərinliklərdə çəkdiyi xorna səsinə dik atılacaq və heç nə olmayıbmış kimi, sözünə davam edəcək.

– Mürdəşirin payını da ayırmışam. – Anası, qəfildən dedi. – Bir kəlağayı, bir cüt corab, bir dəst ipək gecə köynəyi.

– Bilirəm, ana, bunu neçə dəfə demisən mənə?

– Taxçadadı, sarı butalı boğçaya büküb qoymuşam. Açan kimi görəcəksən.

Həmin o sarı butalı boğça və onun içindəkilər haqqında anası günaşırı, yuxuya getməzdən əvvəl danışırdı. Elə bil mürdəşir üçün hazırladığı, içi pay-pürüş dolu boğçadan danışdıqca, rahatlanırdı. Anası bir neçə dəfə həmin o boğçanı açıb içindəkiləri ona göstərmişdi də, mürdəşirə pay aldığı mavi ipəkdən gecə köynəyini əyninə geyib evin içində o baş-bu başa da gəzinmişdi…

– Bax, bir də deyirəm: məni yerdən götürəndə, üstümə ayrı molla çağırmaya­san. İndi tay mollaların da zayı çıxıb. Qurandan qandıqları qrafa yoxdu, ağızlarına gələni oxuyurlar. Rza kişiyə tapşırmışam, İnşa Allah, özü aparacaq məclisimi. Quranımı da özü tapşıracaq.

Sonra anası mürdəşirlə bağlı daha nə isə dedisə də Fatma eşitmədi, göz qapaqlarının ağırlığı altında yuxuya getdi...

 

…Növbədə, həmişəki kimi adam çox idi. Çoxu da qızlar, ortayaşlı qadınlar idi. Çəkmələrin dik dabanları hamını əldən salmışdı. Neçə saatdan bəri ayaq üstə dayanmaqdan əldən düşüb bir-birinə söykənmişdilər. Onun da ayaqları şişmişdi.

Əyilib ayaqlarına baxdı.

Yuxarıdan baxanda damarları, mavi ilbizlər kimi üfürlənmiş qıçları, qıçdan başqa nəyə desən oxşayırdı.

Növbə ona çatanda, içəri otaqda piştaxtanın arxasında dayanan ağ xalatlı qız onu içəri buraxıb əvvəl boynunu, sonra belini, sonra burnunun enini və uzununu ölçüb kağızda nə isə qeyd elədi, möhürləyib ona uzatdı:

– Burda soyunun. Soldan ikinci qapı...

Paltarını soyunub səliqə ilə stulun başına asdı, döşlərini əlləri ilə örtub həyəcandan dizləri əsə-əsə dayanıb qaldı.

Qız eynəyini çıxarıb ona altdan-yuxarı tərs-tərs baxdı:

Tamam, tamam soyunun, – dedi, sinəsinə işarə ilə – onu da çıxarın, – əlavə etdi.

Xəcalətdən saçının dibi gizildəyə-gizildəyə çılpaq soyunub, yalın ayaqlarını soyuq döşəməyə qoya-qoya getdi. Sola dönüb, üstündə 2 yazılmış qapını döydü.

İçəridən hay verən olmadı. Sonra qapı elə bil öz-özünə açıldı.

Dörd tərəfi güzgülü, gur işıqlı otaq idi. Ağ xalatlı, ağ papaqlı iki qadın əlləri bellərində qapıyla üzbəüz dayanıb olsun ki, onu gözləyirdilər. 

Yaxın gəl! – onu görən kimi deyib özləri də qabağına yeridilər.

Yalın döşlərini əlləri ilə örtə-örtə, utana-utana bir-iki addım atıb dayandı.

Ağ xalatlı qadınlar onun əllərini sinəsindən yığışdırıb, aşağı saldılar, çənəsini yuxarı qaldırıb diqqətlə boynuna, sonra dişlərinə baxdılar, gözlərini və qulaqlarının içini yoxladılar. Sonra qol-qıçını, qarnını əlləşdirə-əlləşdirə öz aralarında onun başa düşmədiyi dildə nə isə danışdılar.

Sonra qadınlardan biri:

– Qanını yoxlamaq lazımdı, – dedi, – yanağındakı ləkələr nə isə xoşuma gəlmir.

O biri, bir qədər alçaq boylu qadın başını yelləyib narazı halda:

– O sonranın işidi. Birinci növbədə bax, bu həll olunmalıdı, – deyə əl atıb onun burnunu sıxdı.

Balaca qadın bunu deyəndə, o biri qadın əlini cibinə atıb oradan dərzi qayçısına bənzər dəmir alət çıxartdı, onu havada işlədə-işlədə, nəyisə kəsən kimi, çaq-çaq çaqqıldadıb:

– O asan məsələdi, – dedi və üzünə elə zilləndi elə bil onun burnunu kəsməyə hazırlaşırdı.

Dəhşətdən gözləri qaraldı, burnunu tutub aradan çıxmaq istədisə də, ayaqları yerindən tərpənmədi və o ağ xalatlı qadının əlində tutduğu həmin o “qayçının” bağlanıb açıla-açıla uzandığını, böyüyüb, enlənib, qayçıdan çox, yabaya oxşamağa başladığını öz gözləriylə gördü...

Vahimədən ürəyi əsə-əsə divara qısıldı, soyuqdan, qorxudan nəfəsi itə-itə:

Lazım deyil, xahiş eləyirəm… – dedi – yalvarıram, eləməyin…

Qadınlar bir ağızdan:

– Necə yəni lazım deyil?.. – dedilər. – Nə lazım deyil?.. Onda burada nə gəzirsən? Ələ salmısan bizi, nədi? Yoxsa bilmirsən bura nədən ötrü gəlirlər?..

Qadınların ürəyini almaqdan ötrü yazıq səslə:

Bilirəm… – dedi, – sonra üzünü tutub hönkür-hönkür ağladı.

– Kəs səsini, həyasız! Bunun ağlamağına bir bax!

Qadınlar ikisi də bir səslə danışırdılar. Elə bil ikisi bir adam idi.

Ağlaya-ağlaya dizi üstə düşdü, sinəsini saçlarıyla örtüb:

– Bağışlayın məni. Keçin günahımdan, – dedi, – bir səhvdi eləmişəm. Daha ərə getmək istəmirəm. Vallah düz sözümdü, istəmirəm. Qoy burnum necə var, elə də qalsın, xahiş edirəm…

Qadınlar elə bil ondan əl çəkmək fikrində deyildilər, qollarını çirmələyib onun üstünə yeridilər. Həm lap yaxındaydılar, həm də qəribədi ki, hələ də ona sarı gəlirdilər...

Bilirik, nə istəyirsən… Hər şey gün kimi aydındı! Özünü yazıqlığa vurma!

          Qadınlar ona çatıb biri saçından, o biri bığından dartdılar, quş civiltisinə bənzər əcaib səslə:

– Saçını, bığlarını bundan ötrü saraltmırdınmı?.. – deyib civildədilər.

Balaca qadın qolunu çimdikləyib, şeir söyləyəntək:

– İki gündən bir falçılara bundan ötrü qaçmırdınmı? Çörək dükanına, toya gedəntək, dikdaban ayaqqabılarda qaçmırdınmı? – deyib başını əsəbi-əsəbi əsdirdi.

Qadını, yalnız indi – başının bu hərəkətindən tanıdı. Bir vaxtlar oxuduğu orta məktəbin direktoru Bikə müəlliməydi. O biri qadın da oradan idi, amma kim olduğunu dəqiq xatırlaya bilmədi. Gücü bir ona çatdı ki, məktəb illəri elədiyi kimi, ağlayıb gözlərini ova-ova:

– Bir də eləmərəm, müəllimə, atam canı, anam canı… – deyib balaca qız kimi ağlasın.

Bikə müəllimə əl atıb saçlarını biləyinə doladı, sivri çənəsini üzünə yaxınlaşdı­rıb, xırda gözlərini ağarda-ağarda:

– Bir də səni falçıya gedən görsəm a!.. – dedisə də, ardını gətirmədi.

Bikə müəllimənin nəfəsindən naşatır iyi gəlirdi… Başı hərləndi… ürəyinin yığılıb balacalaşdığını, əsim-əsim əsib sinəsinin ortasından ölü quş kimi asıldığını hiss elədi…

          Bikə müəllimə nə isə hiss etmiş kimi gözlərini qıyıb:

– Bu nə deməkdi?!.. – Dedi. – Ürəyini niyə sıxdın?.. – Sonra əlini onun sinəsinə salıb ürəyini, meyvəni budaqdan üzəntək üzüb götürdü, bir müddət qırışlı əlinin içində saxlayıb qulağına tutdu, sonra ovcunu açıb əlinin içindəkini o biri qadına göstərdi…

Gözləri qarala-qarala baxıb gördü Bikə müəllimənin ovcundakı balaca, boz sərçədi... Ovuc açılan kimi, sərçə silkinib ayıldı, balaca qanadlarını çırpa-çırpa uçub getdi... O da beləcə – bomboş sinəsiylə, ürəksiz, nəfəssiz halda qoca müəllimlərin ayaqları altına yıxılıb qaldı… bir müddət havasızlıqdan boğula-boğula çırpınıb çapaladı və…

          …yuxudan tər-qan içində ayıldı… Anasının kök biləyi ağzına dirənib onu nəfəs almağa qoymurdu…

          Yorğanı üstündən atıb dərindən nəfəs aldı, çönüb anasına baxdı. Anası qollarını yana açıb elə yatmışdı, elə bil qumlu sahillərdə, qumsallıqlarda özünü günə verirdi. Olsun ki, anası yuxuda dəniz sahilində, ya da bəlkə, Novxanıdakı bağlarındaydı… 

Ürəyi elə çırpınırdı, elə bil sinəsinin içində, doğrudan, sərçə vardı, çırpınıb özünü çölə atmaq istəyirdi. Nəfəsini bir təhər nizama salıb fikirləşdi ki, bu nə yuxulardı axır vaxtlar görür?.. Bikə müəllimə hardan gəlib girmişdi yuxusuna? İndi ki, Allaha şükür, daha məktəbə getmirdi, nə onu, nə də o biri əzazil müəllimləri görmürdü?!..

Sonra yadına, bayaq evə qayıdanda, məktəbin qaranlıq həyətindən ötüb keçməyi düşdü. Həmin o həyətdən iyirmi iki il əvvəllər ötəndə ürəyi necə sıxılmışdısa, eynilə həmin sıxıntıyla sıxılmışdı. Məktəbin binası iyirmi iki il əvvəlki kimi yenə dustaqxanaya, dəmir qəfəsli pəncərələrindən çölə baxan məktəbli uşaqlar yenə məhbusa oxşayırdılar. Uşaqların üzü yenə eləydi, elə bil ayaqlarında ağır qandallar vardı. Bayaq məktəb binasının qabağından ötəndə yenə yadına, Bikə müəllimənin hər səhər, üzündən zəhər yağa-yağa məktəbin zindan kimi ağır, hündür qapıları qarşısında dayanıb əllərində balaca çanta dərsə gələn uşaqları bir-bir yoxlamağı düşmüşdü. Cibindən siqaret çıxan oğlanların bir tərəfə, dırnaqları manikürlü qızların o biri tərəfə yığılmağı, oğlanların dərsə buraxılmamağı, qızların dırnaqlarının Bikə müəllimənin hər zaman cibində ehtiyat saxladığı iti ülgüclə qaşınmağı...

Fikirləşdi ki, gör bir neçə ildi məktəbi bitirib, amma bu yarıqaranlıq, ürəksıxan xatirələr ondan əl çəkmir ki, əl çəkmir. Bikə müəllimə əlindəki həmin o ülgüclə indi də yuxularında onu izləyir… ala-qaranlıq məhəllələr, dar küçələrlə kabus kimi arxasınca gəlir… o, ürəyi əsim-əsim əsə-əsə, qorxudan bədəninə soyuq tər gələ-gələ qaçıb özünü məktəbin həyətinə salır… qaça-qaça dırnaqlarını yoxlayır, görsün manikürlüdü, ya yox… sonra uşaq axınına qoşulub özünü məktəbin binasına salır… qapının ağzında cəllad duruşu ilə dayanan Bikə müəllimənin gözünün qabağından, çənəsinin altından keçib gedir... Bikə müəllimə elə bil görmür onu, ya özünü görməzliyə vurur… və çox keçmir ki, arxadan ardınca dəhlizin özü uzunluğunda uzanan qırmağabənzər dəmir barmağı maqqaş kimi köynəyinin ətəyinə ilişib, onu uşaqların arasından geriyə sivirir… gətirib həmin nəhəng giriş qapısının ağzında, Bikə müəllimənin sivri çənəsinin altında saxlayır... Yadına gəlir, Bikə müəlliməyə bu nümunəvi intizam metoduna görə o vaxt orden də vermişdilər. Bikə müəllimə o ordeni yay-qış fərəhlə yaxasında gəzdirirdi. O ordendən sonra Bikə müəllimə elə bil bir az da əzazil olmuşdu, çənəsi elə bil bir az da sivriləşmiş, itiləşmişdi…      

Yerində qurcalana-qurcalana fikirləşdi ki, görən, Bikə müəllimə niyə elə əzazil idi?.. Uşaqlardan, ələlxüsus da ondan elə bil nəyinsə, kiminsə qisasını alırdı?..

Otağın yarıqaranlığında iki yaşıl düymə parıldadı, sonra pəncərə cırıltısını andıran miyoltu səsi eşidildi.

Fikirləşdi ki, yenə yaz gəlir. İndi düz bir ay baş-qulaqları pişiyin zarıltısından dəng olacaq. Sonra da fikirləşdi ki, bəlkə, gedib bir erkək pişik tapsın, gətirib evə buraxsın, evləndirsin bunları?..

…Uzaqdan azan səsi eşidilməyə başladı. Səhər açılırdı.

Anası yuxudan oyanıb yerinin içində qurcalandı, nəfəsini dərib:

Ya Allah!.. – dedi və dikəlib yerinin içində oturdu, sonra ağzının içində – Əlhəmdülillah… – deyib ayağa qalxdı, başmaqlarını sürüyə-sürüyə mətbəxə getdi.

 

***

Üzü çilli gəlin qarnını elə qucaqlamışdı, elə bil içindəki uşaq yox, çini qab-qacaq dolu boğça idi, yüngül toxunuşdan sınıb tökülə bilərdi.

Həkim gəlinin qolunu o üz-bu üzünə çevirib:

– Damarlar çox nazikdi, həm də üzdədir, – dedi, sonra çönüb ona baxdı, elə bil gəlinin damarlarını o naziltmişdi.

İynəni həkimin göstərdiyi yerə – damarın nisbətən qalın hissəsinə keçirib dərmanı yeritməyə başlayanda, gəlinin qarnının nəhəng ürək kimi döyündüyünü hiss elədi. Əlini gəlinin qarnına qoydu. Balaca, yumşaq ayaq ovcunu təpiklədi, noxud yumruqlar barmaqlarını qıdıqladı. Gülümsünüb:

– İncitmir? – dedi.

Gəlin başını yelləyib “yox” dedi.

O biri otaqdan həkimin səsi eşidildi:

– İki ampula qlükoza!..

O biri otaqda ginekoloji kresloda uzanan cavan qadının rəngi boğulmuşdu. Arada bir heysiz səslə yanında döyükmüş üzlə dayanan yaşlı qadına nə isə deyə-deyə zarıyırdı.

– Təzyiqi çox aşağıdı... – həkim, əli qadının qarnında fikirli-fikirli döşəməyə baxırdı. Bir qədər keçmiş başını qaldırıb Fatmaya baxdı.

Həkimin baxışından ürəyi düşdüsə də, özünü ələ aldı.

Əvvəllər, yadına gəlir, professorun bu sayaq baxışlarından özünü elə itirirdi, əməliyyat alətlərini əlindən salır, nə elədiyini bilmir, evə başı hərlənə-hərlənə gedirdi. Gecələr yuxusu ərşə çəkilir, yerinin içində səhərəcən vurnuxa-vurnuxa qalır, arvadı bir neçə il bundan əvvəl dünyasını dəyişmiş, ortayaşlı, dul professorun baxışlarının nə kimi mənalar kəsb etdiyi barədə düşünüb daşınır, səhərlər yuxudan oyana bilmirdi. Bir ara ona elə gəlirdi, daha doğrusu, bunu dəqiq hiss eləyirdi ki, professor ona aşiq olub. Çünki bir dəfə əməliyyat bitəndən sonra, professor ağzındakı örtüyü açıb, məhz ona yaxınlaşmışdı, bir müddət dinməz-söyləməz gözünü gözünə zilləmiş, sonra əlini əlinin içinə alıb, dodaqlarına yaxınlaşdırıb ehtiramla öpmüşdü. Həmin axşam, yadına gəlir, evə çatar-çatmaz, əynini dəyişməmiş, çörəyini yeməmiş, çardağa qalxıb orda – illərlə maaşından yığıb aldığı, səliqəylə üst-üstə, böyür-böyürə yığıb saxladığı cehizlərini qutularından çıxarıb bir-bir tozunu silmişdi, süfrələri çırpıb, çilçırağın büllur asmalarını sabunlu suyla yuyub parıldatmışdı, uzun müddətdən bəri bağlı qaldığından qaralan gümüş çəngəlləri aşağı düşürüb süfrəyə sərmiş, diş tozuyla bir-bir sürtüb ağartmışdı. Amma üstündən bircə həftə keçməmiş, növbəti əməliyyatdan sonra professor ağzının örtüyünü çıxarıb, əməliyyata girmiş o biri tibb bacısının əlini öpmüşdü… Bunu Fatma öz gözləriylə görmüşdü. Onda bütün dünya başına hərlənmişdi, əlindəki dəmir alətlər yerə düşüb hamını səksəndirmişdi… özü isə, ağlamağını o birilər görməsin deyə, başıalovlu o biri otağa qaçmışdı, orada axmaq xəyalpərvərliyinə görə özünə nifrət eləyə-eləyə səssizcə hıçqırıb ağlamışdı.

          …Professor, əli gəlinin qarnında hələ də ona baxa-baxa fikrə dalmışdı.

          Olsun ki, fikri ayrı yerdədi... – Fatma fikirləşdi və dayandığı yerdən bir addım kənara çəkildi.

          Yanılmamışdı… Professorun ala gözləri onun boş yerinə tuşlanıb qaldı.

          …Xəstənin gözlərinin ifadəsi get-gedə itir, rəngi avazıyırdı...

– Əməliyyata hazırlayın... – professor, nəhayət, qərar verib ayağa qalxdı, xəstəyə elə baxdı, elə bil yazığı gəldi, sonra çönüb, əməliyyat otağına sarı getdi. Orada ayaq saxlayıb geriyə çöndü, qəfildən qəribə, doğma bir səslə ona:

– Sənə nolub, gözümə birtəhər dəyirsən?.. – dedi. – Xəstələnib eləməmisən?..

Ürəyi titrəyə-titrəyə:

–Yox. – dedi və xəstənin qolundakı rezin tutqacın düyününü boşaltdı.

– Qoy əməliyyata Səfurə çıxsın, – professor otaqdan çıxhaçıxda dedi. – Sən azadsan.

Çaşıb qaldı. Bilmədi, professora təşəkkür eləsin, yoxsa bu alicənablığının səbəbini soruşsun. Qızarıb pörtə-pörtə:

– Çox sağ olun… – dedisə də, dəhlizin o biri başında çırpılan qapının səsindən anladı ki, professor onu eşitmədi.

Küçəyə çıxanda əməliyyata onun yerinə girəcək Səfurəyə təşəkkür eləmədiyi yadına düşdüsə də, geriyə qayıtmağa həvəsi olmadı, küləyin qoparıb havaya üfürdüyü sarı xəzəl başına səpilə-səpilə hara getdi, özü də bilmədi…

Hara getdiyini, daha doğrusu getmək istədiyini ha fikirləşib yadına salmağa çalışdısa da, başa düşdü ki, sən demə iş saatlarında, elə ondan sonra da gedəsi bir yeri yoxdu. Evə getsəydi, anası onu görən kimi mətbəxə cumub xəngəl süzəcəkdi, sonra da üzbəüz oturub, əlini çənəsinə vurub gözünü üzünə zilləyə-zilləyə o qədər sual yağdıracaqdı ki, halı xarablaşacaqdı.

          Külək bu dəfə lap möhkəm əsdi, hardasa arxa küçələrdə kiminsə açıq pəncərəsi çırpıldı, yerə tökülən sınıq şüşə səsindən ürəyi sıxıla-sıxıla fikirləşdi ki, indi bu küləkdə, bu soyuq-qiyamətdə evə getməsin, hara getsin? Darıxmaqdan, saatları, gün­lə­ri, içi qənbər daşlar dolu, zindan kimi daşımaqdan üzülüb bezən bu yazıq canını hara qoysun?..

Tini burulub dənizkənarı parka sarı addımlamağa başladı. Bu küçədə külək bir o qədər də bərk əsmirdi. Yarpaqlarını yenicə tökmüş ağaclara baxa-baxa, bir neçə aydan sonra gələcək yamyaşıl yaz haqqında fikirləşə-fikirləşə getdi. Maşın yolunu keçəndə külək qəfildən necə əsdisə, səkilərin kənarına yığılan sarı, quru xəzəli yerdən sovurub onun üzünə çırpdı. Qupquru xəzəl burnunu, yanaqlarını göynətdi, qumu gözünə doldu.

Burun yaylığını çıxarıb üz-gözünün tozunu sildi və birdən nə oldusa, boğazını qəhər tutdu… Fikirləşdi, olsun ki, professorun da ona yazığı gəlir. Əlindən də buna görə öpür, tez-tez, lazım oldu-olmadı, onu evə buraxır. Sonra ürəyi sıxıla-sıxıla ötən həftə əməliyyatın ən gərgin dəqiqəsi huşunu itirib yerə yıxılmağı, xəstəxanada çaxnaşma yaratması düşdü… və ağlına gələn növbəti fikirdən ürəyi əsdi...

Professor bir daha onu əməliyyata buraxmayacaqdı. Onun bu bədbəxt vücudu­nu gündə-gündə görməməkdən ötrü, olsun ki, ümumiyyətlə, onu işdən azad edəcəkdi. Onda o, səhərdən-axşamacan xalçalı-palazlı dustaqxananı xatırladan o balaca mənzil­də anası və pişiklə burun-buruna qalacaqdı. Pişik səhər-axşam miyoldayıb zarıyacaq, anası xəngəli qutaba, qutabı xəşilə calayıb onu o ki var yedirdəcək, o da yeyib yata-yata şişib-şişib nəhəng döşəyə çönəcəkdi.

Boğazına dolan qəhəri udub fikirləşdi ki, həqiqət nə qədər də acı olsa, insan onu qəbul etməyə özündə güc tapmalıdı.

Bəli, professor onu bir daha əməliyyata buraxmayacaqdı. Bunu professorun, axır vaxtlar üzündə dolaşan çoxmənalı ifadəsi bildirirdi. Bir də axır vaxtlar professor niyəsə onunla danışanda, bircə dəfə belə olsun, üzünə baxmırdı. Elə bil utanırdı ondan, yoxsa zəhləsi gedirdi?.. Olsun ki, zəhləsi gedirdi... – fikrləşdi. – Zəhləsi getməliydi də. Çünki həmin o gün – huşunu itirib, ölü kimi əməliyyat otağının döşəməsinə səriləndə, bütün tibb personalı çaşıb özlərini itirmişdilər. Xəstə də yaddan çıxmışdı, kəsik damarların qanını saxlayan sıxac açılıb xəstənin olan-qalan qanını axıdıb qarın boşluğuna dolmuşdu. Sıxacı qaytarıb damara keçirənəcən, xəstə xeyli qan itirmişdi. Əməliyyat bitər-bitməz professorun da halı dəyişmişdi, maskasını çıxarıb özünü dəhlizə zorla çatdırmışdı. Məhz həmin o gündən sonra professor onun üzünə baxmırdı, daha doğrusu, baxa bilmirdi. Həmin o gündən sonra professor ona nifrət eləyirdi.

          Tozanağın ağzına doldurduğu qumu, kimsə görməsin deyə, ehtiyatla yaylığına tüpürüb fikirləşdi ki, axı niyə onda huşunu itirmişdi? Nə baş vermişdi? Birinci dəfə idimi əməliyyata girirdi? Sonra yadına düşdü… necə xəstənin kəsik damarına keçirilmiş sıxaca baxa-baxa, əməliyyata hazırlaşdığı burnunun beləcə kəsiləcəyini gözünün qabağına gətirmişdi... gözləri həmin andaca qaralmış, ayaqları keyimişdi…

          Yeridikcə ayağının altında əzilən quru xəzəlin xışıltısına qulaq asa-asa fikirləşdi ki, professorun onu otağına çağırtdırıb: “Özünə ayrı iş axtar...” – deyəcəyi gün lap yaxındadı. Onda o, professora nə cavab verəcəkdi?.. Deyəcəkdi: “ayrı iş istəmirəm”? Yoxsa, başını aşağı salıb dilənçi kimi yazıq-yazıq inildəməliydi, professora yalvarıb, onu işdən qovmamağı xahiş etməliydi?

          …Ürəyi sıxıldı. Fikirləşdi ki, bu nə dərddi gəlib tapdı axı onu? Yeməyi, Allaha şükür, vaxtlı-vaxtında yeyir, havada gəzir...

Sonra yenə hardansa yadına, Nazilənin qəribə bir yanğıyla dediyi sözləri düşdü… “Axır bir xəstəlik tapacaqsan, ay yazıq…” – Nazilə bu sözü ona hər dəfə – bığlarını saraltmaqdan ötrü onun yanına gedəndə deyirdi. “Təbiətə zidd getmək olmaz, ay qız, – deyirdi, – bu gün-sabah qırx yaşa çatacaqsan, əlinə kişi əli dəyməyib hələ...”

Nazilənin bu sözü beyninin elə bir nöqtəsinə yerimişdi ki, yaddaşında “kişi əlləri” deyilən, siqnala, svetofor işığı xəbərdarlığına bənzər nə isə yaratmışdı. Odu ki, hər əməliyyat zamanı professorun əllərinə, professora dəxli olmayan, əcaib məxluqlara baxan kimi baxırdı. Professorun, bir tərəfi xırda tüklər qıvrılan ağ, daim təmiz əlləri, belə baxanda adi adam əlləri idi. Amma onlardan hansı birininsə onun əlinə, ya qoluna toxunduğunu təsəvvürünə gətirəndə,  nədənsə başı hərlənirdi.

Fikirləşdi ki, hamısı Nazilənin “kişi əli” haqqında ona oxuduğu mühazirələrinin nəticəsiydi. Olsun ki, Nazilə haqlı idi və ürəkkeçmələri də, elə onun dediyi: “Təbiətə zidd getməyinin” nəticəsiydi.

 

***

Dənizkənarı parkda gəzişə-gəzişə, necə olmuşdusa, hərlənib Nazilə işləyən gözəllik salonunun qabağına gəlib çıxmışdı.

Yarımaçıq qapısından ütülmüş tük, şampun və buxar qarışığı qoxusu çölə yayılan salonun qabağında durub bir müddət fikirləşdi ki, qəribədi, bığlarını saraltmağın vaxtı yetişdiyi yadından çıxsa da, ayaqları özbaşına onu gətirib bura çıxarıb. 

          …Nazilə onu görər-görməz salonun o biri başından:

– Hardasan, ay qız?.. – deyib əl yellədi.

Nazilə güzgünün qabağında narazı sifətlə oturub, dəli maraqla öz üzünə zillənən arıq, əsəbi bir qadının saçlarını rəngləyirdi, Fatma yaxınlaşanda əlindəki fırçanı güzgünün qabağındakı balaca, plastmas qaba atıb, qadının boğazına keçirdiyi dəsmalı açdı, güzgünün üstündə divardan asılan  saata baxıb:

– Saata baxın, otuz-otuz beş dəqiqə gözləməlisiniz, – dedi və qadının ayağa qalxmasını gözləməyə səbri çatmadan, Fatmanı kənara çəkib, sevincindən az qala boğula-boğula, o birilər eşitməsin deyə, astadan:

– Sənə jenix tapmışam! Tay bu, yüz faizlikdi! – dedi.

– Jenix?..

– Ər də...

– …

– Xalam tapıb. Alimdi, fizik. İki il əvvəl arvadı ölüb. Ən əsası da – uşağı yoxdu. Əsas məsələ! Şəklini görüb.

Ürəyi çırpındı...

– Deyib: “pis deyil, gərək özünü görəm”.

Ürəyi lap bərk döyündü:

– Necə görəcək məni?..

– Onu da həll eləmişəm. Bacın ölmiyib!

Nazilə bunu deyib əllərini xalatının ciblərinə saldı və qəfildən, onu indicə görürmüş kimi içini çəkib gözlərini bərəldə-bərəldə:

– Nə gündəsən, ay qız?!.. – dedi və qolundan çəkib onu, yenicə boşalmış çarxlı kresloya oturtdu, böyüdücü eynəyi gözünə taxıb üzünə işıq sala-sala sağdan, sonra soldan baxdı:

– Bəh-bəh-bəh! Qiyamətdi! Üz qara, qaş qara, bığ qara, saç qara... Hələ bığlara bax! Gör bir hara gəlib çatıb?

Nazilə deyib dikəldi, əllərini belinə vurub müəllim təbiri ilə:

– Demək belə, – dedi. – Təcili şəkildə saçın rəngi açılmalıdı, bığlar yerli-dibli götürülməlidi.

Əl güzgüsünün böyüdücü şüşəsində burnuna, burnunun içinə və altında qıvrılan bığlarına baxdı. Burnunun içi qaranlıq, qədim mağaraya oxşayırdı... 

          Xəcalətdən pörtüb qızara-qızara fikirləşdi ki, necə olmuşdu ki, hər gün qabağında saatlarla oturub, özünə sağdan, soldan, arxadan baxdığı o boyda güzgüdə bu biabırçılığı görməmişdi?.. Olsun gözü öyrəşmişdi, ya otağın yarıqaranlığı bütün bu biabırçılığı görməyə imkan verməmişdi?

          Ürəyi döyündü… Başını qaldırıb həyəcanla Naziləyə:

          – Bəlkə, qırxaq bunları? – dedi.

Nazilə gözləri hədəqəsindən çıxa-çıxa:

– Nə danışırsan, ay qız? Bunlara ülgüc dəysə ha, birə-beş çoxalacaq, – dedi. – Üstəlik də qalınlaşacaq. Bilmirsən bəyəm, tüklər ülgücü sevir? Bəs uşaqların başını niyə qırxırlar? Qırxırlar ki, saçları möhkəmlənsin, qalınlaşsın və tez uzansın.

          Nazilə bunu deyib güzgünün siyirmələrini açıb bağlaya-bağlaya nə isə axtardı:

– Bunların bircə əlacı var: tok!.. – dedi və yeşiklərin hansı birininsə içindən tapıb çıxardığı uzun şnurlu qələməoxşar əcaib, iti aləti onun gözü arşısın o yan-bu yana hərlədi.  

– Bu nədi belə?

– Lazer epilyasiyası! – Nazilə deyib, “qələmin” şnurunu toka keçirdi və toka taxılandan sonra əcaib bənövşəyi-qırmızı rənglər saça-saça vığıldayan aləti üzünə yaxınlaşdırdı.

          …Qələmin iti, qaynar ucundan sıçrayan xırda, yandırıcı cərəyanlar burnunun altını göynətdikcə, gözləri yaşardısa da, səsini içinə salıb boğdu.

          Nazilə gözündə böyüdücü eynək, diqqəti əlindəki qələmdə:

– Altı gün gələcəksən. Hər gün otuz dəqiqə kifayət edər, – dedi.

Dəhşətdən az qaldı nəfəsi kəsilə. Nazilənin işinə mane olmamaqdan ötrü ağzının bir tərəfi ilə: 

– Otuz dəqiqə? Otuz dəqiqə buna dözmək olar?.. – dedisə də, Nazilə vığıltıdan, deyəsən, heç nə eşitmədi.

– Ağzını açma, ətinə keçər, – deyib “neştərin” yerini dəyişə-dəyişə, arada bir burnunun içinə də toxundurdu.

Ağrıdan gözlərindən qığılcım çıxdı, Nazilənin əlini kənara itələyib, nəfəsi təngiyə-təngiyə:

– Daha ora yox da! Ağrıya dözə bilmərəm, – dedi.

          Nazilə əlini saxladı, eynəyi başına keçirib:

– Mənə bax, ərə getmək istəyirsən? – dedi.

Dinməz-söyləməz dayanıb qaldı. Bilmədi nə desin və ani qığılcımla yadına, Nazilənin bir dəfə də – bir neçə il bundan əvvəl ona tapdığı “ərlə” bağlı əhvalat düşdü…

          Nazilənin o dəfə tapdığı, ortayaşlı, balacaboy, utancaq bir adam idi, hər sözdən pörtüb, az qala göyərirdi. Balaca bir maşını da vardı, küçə ilə getdiyi yerdə bir də görürdü, yolun ortasında saxlayıb şüşənin arxasından dinməz-söyləməz ona baxır…

          Cəmi bircə görüşləri baş tutmuşdu. Yadına gəlir, bir dəfə işdən evə qayıdanda, “adaxlı” utanıb qarala-qarala ona yaxınlaşmışdı, yolun kənarında dayanan maşınını göstərib, salam-kəlamsız:

– Adım Tağıdı, əyləş aparım, – demişdi.

O da əyləşmişdi. Bütün yolu maşını bürüyən qatı odekolon iyindən boğula-boğula, dinməz-söyləməz getmişdilər. Evlərinə çatanda, yadına gəlir, Tağı maşını yarıqaranlıq dalana salıb saxlamışdı, gözünü gözünə dikib titrək səslə:

– Mənimlə evlənmək istəyirsən? – demişdi. 

Onda yadına gəlir, özü də qızarıb Tağının gününə düşmüşdü… başını aşağı dikib dinməmişdi. Sualın, necəsə tərsinə verildiyini hiss etsə də, tərsinə olanın, məhz nə olduğunu anlaya bilməmişdi deyə susmağa davam etmişdi. Sonra nə baş vermiş­disə, həmin o utancaq Tağı bayaqkı halına yaraşmayan qəribə utanmazlıqla onun yanağından öpmüşdü. Elə nataraz bir öpüşlə öpmüşdü onu, tüpürcəyi yanağında qalıb, meh vurduqca soyumuşdu... Onda yadına gəlir, ürəyi qalxmışdı, burun yaylığını çıxarıb yanağını dönə-dönə silmişdi... Yadına gəlir, yanağını sildikcə, Tağı bozarıb qızarmışdı… və o gedən getmişdi…

Gözləri Nazilənin yenidən işə salıb, indi də çənəsinin altında vığıldatdığı “qələmin”dən yaşara-yaşara fikirləşdi ki, olsun ki, Tağı onun o hərəkətindən incimiş­di. Ya da, bəlkə, həmin vaxtlar rastına ayrı birisi çıxmışdı? Bunu bir Allah bilir…

 

***

          …Nazilənin xalası qapını açıb, gözlərini eynilə Nazilə kimi bərəltdi, başıyla içəri otağa işarə edib saxta səslə:

– Ay, görün kim gəlib! Xoş gəlmisən, Fatyacan! Həmişə sən gələsən, keç içəri… – dedi, sonra cəld ağzını qulağına yapışdırıb yandırıcı pıçıltıyla:

– Hardasan, ay zalım? Çoxdannan gəlib... – dedi, sonra yenə bayaqkı saxta nəzakətlə ucadan – Biz də tək deyilik, mötəbər qonağımız var, – deyə əlavə etdi.  

          …Həyəcandan oldu, ya nə baş verdisə, otağa girəndə başı hərləndi, gözləri qaraldı, qulaqları uğuldadı… Bir müddət ha tərəfə gedəcəyini bilmədən, otağın qapısı ağzında döyüküb qaldı...

          Kim idisə qolundan çəkib onu otağın ortasına – dəyirmi stolun yanına gətirdi, çiynindən basıb oturtdu. Gözləri hannan-hana ətrafı – otağın içini, işım-işım işıldayan döşəməsini, arxasında əyləşdiyi dəyirmi stolun o biri üzündən üzünə zillənən eynəkli adamı gördü...

          Bu, yenə ortayaşlı, qarabəniz, arıq bir adam idi. Ağzının içində nə isə asta-asta çeynəyə-çeynəyə ifadəsiz, laqeyd bir üzlə ona baxırdı.

Əvvəl bir istədi salam vesin, sonra fikirləşdi ki, gərək salamı otağa girəndə verəydi. Bir də, – fikirləşdi – tanımadığı kişiyə salam verməyin özü nə qədər düz hərəkətdi?

Odu ki, başını aşağı salıb dırnaqlarını didişdirdi və elə həmin dəqiqə də başa düşdü ki, salamlaşmamağı da düz çıxmır, onun tərəfindən, bir növ mədəniyyətsizlik alınır. İndi, Allah bilir, onun haqqında nə fikirləşəcək…

– Səhərdən səni gözləyirik, xörək soyuyur, harda qalmısan səhərdən?

Bunu stulunu çəkib onunla yanaşı oturan Nazilə dedi, arxadan kürəyini dümsükləyib pərt-pərt gülümsündü.

Həyəcandan, ya pərtlikdən Nazilənin sualını cavabsız qoydu, başını aşağı dikib, pörtüb qarala-qarala dırnaqlarını bir az da bərk-bərk didişdirdi.

“Adaxlı” indi də ona iri fincandan çay içə-içə baxırdı, arada bir qabağındakı tort dilimindən qaşıqlayıb ağzına qoyur, çaydan içib, tənbəl baxışlarla ona baxmağa davam edirdi.

          Nazilənin xalası “adaxlının” yanında oturmuşdu, oğlan görməsin deyə, bir qədər arxaya söykənib ona qaş-göz eləyə-eləyə yenə nə isə başa salmağa çalışırdı.

          Xəcalət və yöndəmsizlik tərində qovrula-qovrula fikirləşdi ki, Nazilə, onun bu qaş-gözü vəsməli, kök xalası nə istəyir ondan?! Niyə belə əl-ayağa düşüblər? Nəylərinə lazımdı axı o, ərə gedir, ya getmir?

– Bunu özüm hazırlamışam, – Nazilənin xalası yenə ona qaş-göz eləyə-eləyə, torta işarə ilə dedi, – Fatma öyrədib mənə. Elə asandı desəm, inanmazsız…

          Xala bunu deyib tortdan bir dilim də kəsdi və dilimi səliqəylə “adaxlının” nimçəsinə yerləşdirə-yerləşdirə:

– Demək üç yumurta, bir stəkan un, bir qaşıq bal, sonra canım sizə desin...

          Stolun altından kimsə ayağını təpiklədi… Nazilə idi, gözlərini bərəldə-bərəldə başıyla “adaxlıya”, sonra öz ağzına işarə edə-edə ona nə isə başa salmağa çalışırdı…

          Bir müddət Nazilənin lal işarələrinin mənasını anlamağa çalışa-çalışa döyüküb qaldı, sonra, necəsə birdən bunun: “ağzını aç, danış” demək olduğunu başa düşdü.

Ürəyi döyünə-döyünə fikirləşdi ki, nə danışsın?

Otağın yuxarı başında nəhəng pəhləvan kimi dayanıb duran saat əqrəblərini cütləyib, kəfkirini hərəkətə gətirdi və pis-pis danqıldadı...

“Adaxlı” saata baxıb köks ötürdü, qaşığı əlinə alıb tortun növbəti dilimini qaşıqladı.

– Azan vaxtıdı…

Bunu Fatma dedi və elə həmin dəqiqə də fikirləşdi ki, azanın bura nə dəxli var və qıpqırmızı qızardı. “Adaxlı” çeçəyib boğula-boğula öskürməyə başladı. Nazilə çönüb ona gözünü ağartdı, “adaxlının” kürəyini yumruqlayıb başını yelləyə-yelləyə:

– Halal, halal… – dedi.

“Adaxlı” öskürək boğulmalarından pörtüb, qapqara qaraldı, sonra nəfəsini dərib, qalstukunun düyününü yoxladı və pərt hərəkətlərlə tortu yeməyinə davam elədi.

Nazilə başını narazı-narazı yellədi. Yəni ki: “ay-hay!”

Dırnaqlarını didişdirə-didişdirə yaddaşını ələk-vələk eləyib, yadına, söhbət mövzusu ola biləcək nə isə salmağa çalışdısa da, mürdəşirlərdən, hamilə arvadlardan və xəmir xörəklərin yayılma qaydasından savayı yadına heç nə düşmədi.

– Bilmirəm, bu, mənə belə gəlir, ya yanılıram, amma elə bil sizinlə hardasa görüşmüşük… – Nazilə deyib gözlərini süzdürdü.

Oğlan qaşığı nimçənin kənarına qoyub eynəyini düzəltdi, Naziləyə baxıb asta səslə:

Ola bilər, bəlkə də, – dedi.

Sonra yenə saat danqıldadı və Nazilənin xalası ayağa qalxıb televizoru yandırdı.

Televizorda müharibə filmi gedirdi, tanklar guruldayır, yaralı əsgərlər zarıldaya-zarıldaya səngərlər boyu o yan-bu yana sürünürdülər… Otaqda qəribə bir rahatlıq yaranmışdı, hamı televizora baxırdı. Çox keçmədi ki, Nazilənin xalası oturan yerdə yuxuladı, başı sinəsinə asıldı. Nazilə gülümsünüb, pərt-pərt:

– Qəribədi… televizor həmişə yaşlı adamlara yuxu gətirir, – dedi və qəfildən pişik kimi qıvrılıb, “adaxlıya” sarı çöndü, onun əlini əlinə alıb ovcunu açdı, “istəyirsiz, falınıza baxım... – deyib oğlanın gözlərinin içinə zilləndi.

 Nazilənin bu qəfil hərəkətindən, ya nədənsə, oğlanın gözlərinin altı qaraldı. Nazilə cavab gözləmədən, oğlanın ovcuna yazılanları oxuyurmuş kimi:

          – Qəribə tale izləri görürəm burda… sevgi... ayrılıq... əzablı yollar… – sonra başını qaldırıb müəllim təbiri ilə – Siz sevmək üçün yaranmısız, cavan oğlan... – dedi – və bu taledən heç hara qaça bilməyəcəksiz.

“Adaxlı” başını aşağı salıb, bir müddət günahkar görkəmlə susdu, elə bil fikrə getdi. Naziləni durduğu yerdə qəribə qıdıq tutdu elə bil… Oğlanın əlini sığallayıb, Fatmanın heç vaxt eşitmədiyi əcaib bir gülüşlə qaqqıldadı:

– Elə bil məni eşitmirsiz… Yoxsa eşidirsiz?

Oğlan udqunub, cibindən çıxardığı burun yaylığıyla alnının tərini sildi, Nazilə bu yerdə sözünü yarımçıq kəsib elə bil oturduğu yerdə ləngər vurdu, əlini “adaxlının” əlindən çəkib ağzının içində astadan nə dedisə, “adaxlı” yay kimi ona tərəf əyilib qaldı. Bu məqam yenə saat danqıldadı və Nazilə yuxudan ayılan kimi, dik atılıb, qəribə, sərxoş baxışlarla ona baxdı, Fatmanın heç vaxt eşitmədiyi əcaib, nazik səslə:

– Tamam yadımdan çıxıb… bu xanım mənim rəfiqəmdi, tanış olun, – dedi.

“Adaxlı” başını Fatmaya sarı çevirdisə də, elə bil ona yox, harasa kənara baxdı...

 

***

 

          …Hava qaraldıqca, qəbiristanlıqdan çıxanların sayı azalırdı. Fatma qəbiristanlı­ğın girişinə çatanda, içəridən, başında yastı molla papağı, belibükük qoca çıxırdı. Molla Fatmanın yanından ötüb, yaxınlıqdakı dayanacaqda, sanki yolunu gözləyən avtobusa mindi, avtobus qapılarını bağlayıb getdi və qəbiristanlığın girişinə zülmət qaranlıq və sakitlik çökdü.  

          …Vahimədən, ya həyəcandan, ürəyi az qalırdı sinəsindən çıxa. Əslinə qalanda, ölülərdən qorxmurdu. Anası demişkən, onlar da onun kimi adi adamlar idi, bunu bilirdi. Amma hava qaraldıqca, qəbiristanlığı dövrəyə alan daş hasarın içəri üzündən – üstünə qaranlıq çökən qəbirlərin arasından ona sarı axan buz dumanına bənzər, qəribə soyuqluğu, necəsə, bütün vücuduyla hiss edirdi… aradabir oralardan əcaib səslər də eşidilirdi… yoxsa bu səslər qulağına gəlirdi?..

          Paltosunun yaxalığını qaldırıb, üşüyə-üşüyə içəri boylandı… və gördüyü mənzərədən ürəyi düşdü...

          Elə bil qəbirlərin arası adamla dolu idi… Adamların üzləri görünmürdü, orada-burada asta-asta pıçıldaşa-pıçıldaşa, elə bil ona baxırdılar… 

Yoldan ötən maşının işığından ürəklənib, darvazaya yaxınlaşdı, gözlərini qıyıb, içəri diqqətlə baxdı.

Qəbirlərin arasında, küləyin bir-birinə çırpıb xışıldatdığı ağaclardan savayı, gözünə ayrı bir şey dəymədi.

Hava, qəfildən soyudu. Elə bil az-maz qar çiləməyə başladı.

Qəbiristanlıq, deyəsən, axır ki, tamam boşaldı. Axırıncı çıxan – iki qoca molla oldu. Onlar da Fatmanı təəccüblə başdan-ayağa süzüb, dayanacağa üz tutdular, avtobusa minib getdilər.

Qəbiristanlığın mərkəzi girişi və küçə tamam boşaldı, ətrafa əcaib bir sakitlik çökdü.

Bircə o idi, gecənin bu vaxtında, bu dünya ilə o biri dünyanın arasında ala qarğa kimi dayanıb durmuşdu.

Fikirləşdi ki, indi nə olar, buralardan Gülağa, yaxud məhəllə uşaqlarından biri keçə və onun gecənin bu vaxtında burada tək-tənha dayandığını görə. Sonra bunu gözünün qabağına da gətirdi. Necə Gülağa onu görüb, maşını saxladır, düşüb iti addımlarla üstünə yeriyir, çathaçatda özünü saxlaya bilməyib, üzünə yağlı bil şillə ilişdirir, qolundan tutub sürüyə-sürüyə maşına mindirir...

Bu mənzərədən bədənindən ayrı növ üşütmə keçdi…  Boynundakı ipək şərfi açıb başına bağladı və üzünü qəbiristanlığa sarı çevirib elə dayandı ki, yoldan ötən kim olsa, onu tanıya bilməsin.

Saatına baxıb, ayaqları donmasın deyə, o baş-bu başa var-gəl eləməyə başladı. Çox keçmədi ki, uzaqdan Xədicənin qara maşını göründü. Maşın tini burulub qəbiristanlığın girişinə sarı irəlilədi, işıqlarını gur yandırıb, düz Fatmanın qarşısında dayandı, qapısı açılanda içəridən əvvəl Xədicənin kök qıçları, sonra özü göründü. Xədicə yöndəmsiz, dolu bədənini zorla hərlədib tıncıxa-tıncıxa:

– Çoxdan gəlmisən?.. – deyə soruşdu.

– Bir az var, – Fatma astadan deyib kənara çəkildi.

Xədicə maşından düşüb qapını çırpdı, amiranə səslə sürücüsünə:

– Aşağıda saxla, yarım saata gələrsən, – dedi və becid addımlarla qabağa düşüb, birbaş qəbiristanlığın dərinliyinə aparan ensiz yolla, harasa üzüaşağı getdi.

…Bir istədi, arxadan Xədicəni çağırıb desin ki, ölülərdən qorxmasa da, gecənin bu qaranlığında qəbiristanlığın dərinliyinə getmək nə dərəcədə doğrudur, bir də desin, evə vaxtında gedib çıxa bilməsə, Gülağa ətini şişə çəkəcək, amma baxıb gördü Xədicə, dolu bədəninin ağırlığına uyuşmayan yüngül addımlarla, az qala uça-uça, artıq çox-çox uzaqlardadı... Canını dişinə tutub, Xədicənin ardınca yollandı.

Qəbirlərin arasıyla, hansısa sirli, məchul qaranlıqlara uzanan darısqal yollarla yeridikcə, dörd bir yanından axan göyümtül havaya, yolun kənarıyla bu nəhəng ölulər şəhərinin cangüdənləri kimi, çiyin-çiyinə dayanıb ona zillənən adamboylu büst və heykəllərə məhəl qomamağa çalışdısa da, dizləri titrədi, ayaqları sözünə baxmadı, başdaşılarından ona dikilən qorxunc baxışları bütün vücudunda hiss elədikcə, addımlarını yeyinlətdi.

Xədicə görünmürdü… olsun ki, lap uzaqda, hansı qəbirlərinsə arasındaydı.

Nəfəsini içinə çəkib, var gücünü toplayıb:

– Xədicə bacı! – deyə çağırdısa da, qəbirlərin arasıyla dolaşıb geriyə qayıdan öz səsindən savayı, ayrı səda gəlmədi.

Vahimədən bədəni uçundu, çantasını sinəsinə basıb gücü gəldikcə, Xədicənin ardınca yüyürdü.

Xədicə qəbiristanlığın sağ cinahında – xırda başdaşılı, köhnə qəbirlərin arasındaydı… dizi üstə oturub, torpağın içində nə isə axtarırdı…

Tövşüyə-tövşüyə özünü aralığa saldı, nəfəsi kəsilə-kəsilə:

– Bir gözlə də… nəfəsim kəsildi ki… – deyib, qəbirlərin yaxınlığındakı nəhəng palıdın gövdəsinə söykəndi.

Xədicə, əlində iri xörək qaşığı, torpağı qazıyır, oradan nələrsə tapıb əvvəl ovcuna, oradan nəyi nədənsə ayırıb bir kənara yığır, özü ilə gətirib gəldiyi xırda düyünçədən çıxardığı sapaoxşar nələrisə bir-birinə bağlayıb torpağa basdırır, arada bir başını qaldırıb göyün üzünə baxırdı. Sonra gözü göydə, qəfildən:

– Bu andır harda qaldı?.. – dedi.

– Nəyi deyirsən?

– Ayı deyirəm… – Xədicə deyib qoluyla burnunu sildi. – Ay olmasa, heç nə alınmayacaq… – sonra çönüb qaranlığın içindən aşağıdan-yuxarı Fatmaya baxdı, – bu cadu ki var, bacım, onu Aysız batil eləmək mümkün olan iş döyül də… – dedi.

Fatma başını qaldırıb göyə baxdı. Ay, doğrudan, yox idi. Heç ulduzlar da görünmürdü. Olsun ki, göyün üzünü qalın buludlar örtmüşdü. Sonra da göyə baxa-baxa fikirləşdi ki, ümumiyyətlə, buranın göyü adi göy deyil. Elə bil göy yox, qapqara, nəhəng qapaqdı. İndi o, Xədicə və bir yığın ölüylə bir bu qara qapağın altında qalmışdılar.

…Üzünə haradansa yuxarıdan, bir ovuc narın qar çiləndi elə bil… Ya ona elə gəldi?

– Deyirəm, bəlkə, günü səhv salmışıq? – deyib Xədicəyə baxdısa da, onu yerində tapmadı. Xədicə, haradasa uzaqlarda – indi də ayrı qəbirlərin arasında eşələnirdi, gah yerə, gah da əlini belinə vurub, göyə zillənirdi. Olsun ki, Ayı indi də oralardan axtarırdı, ağzının içində donquldanıb elə bil onu söyürdü…

Tikanlı kol-kosun üstündən ehtiyatla adlayıb özünü Xədicəyə yetirdi:

– İndi necə bilək hansı qəbirdi? – Deyib Xədicənin üzünə baxdı.

Xədicənin üzü, qaranlıqdan, ya nədənsə, gözünə ayrı cür dəydi… Elə bil ayrı adamın üzü idi...

– Necə nə bilək? – Xədicə dizi üstə dayanıb əllərini belinə vurdu. – Bəs mən nəyəm burda? Srağagün gecə yuxuda göstərdilər mənə o qəbri. Allah-taala özü əyan elədi mənə, yolunu da, yerini də – dedi və qəbirlərin arasından atılıb, o birilərinin arasına düşdü, tövşəyə-tövşəyə – Bəs sən nə bilirsən? – deyib yola düzəldi. 

Xədicə qəbirlərin arasıyla qəbiristanlığın dərinliyinə yeriyir, yeriyə-yeriyə danışır, aradabir ayaq saxlayıb nəfəsini dərə-dərə göyə baxır, elə bil yenə Ayı axtarırdı...

Qəbiristanlığın dərininə getdikcə, yol daralır, qəbirlər çoxalır, Xədicənin səsi itirdi... Bir qədərdən sonra yol tamam-kamal bitdi və Fatma baxıb gördü ki, hər ikisi, qəbirlərin keçilməz daraq kimi bir-birinin dibindən bitdiyi dalanabənzər, əcaib bir yerdədirlər.

Xədicə ayaq saxlayıb gödəkcəsinin cibindən balaca əl güzgüsü çıxartdı, bu dəfə göyə güzgüdən baxdı.

– Şükür sənə!.. – deyib nəfəsini dərdi.

Başını qaldırıb göyə baxdı.

Göyün üzü bayaqkı kimi qapqara idi… tən ortasında, haradasa, çox-çox uzaqlarda açılan nəfəsliyə, pəcərəyəbənzər nəyinsə işartısını andıran xırda işıq dəydi gözünə: 

– Bu, odu? – deyib Xədicəyə baxdı.

Xədicə elə bil onu eşitmədi, gözü qaranlığın uzaq dərinliyində:

– Bu yana gedəcəyik, – deyib sola buruldu, köhnə qəbirlərin üstündən atıla-atıla, harasa üzüaşağı getdi və gözdən itdi.

Bir anlıq hiss elədi ki, ürəyi dayandı. Bunu, sinəsinin sol cinahının bərkiyib, küt ağrıyla sancmasından bildi. Nəfəsini çəkmək istədi, nəfəsi gəlmədi... tərpənmək, addım atmaq istədi, ayağı hərəkətə gəlmədi… Döyüküb ətrafına baxdı…

Dörd bir yanı qəbirlər idi… qəbirlər lap yaxınındaydılar… get-gedə, elə bil bir az da yaxınlaşırdılar ona… başdaşları, az qala burnuna dəyirdi, əlinə, qoluna toxunurdu… Başdaşları əliylə itələyib aralamaq istədi… əlləri keyimişdi, barmaqları­nı belə, tərpədə bilmədi... Bu məqam, hardansa yadına, anasının, adətən yuxuqabağı ona o dünya haqqında danışdıqları düşdü… Həlim, asta səslə: “ölü də diridi, bala…” – deyən anasının qəribə, fərəh dolu təbəssümlə gülümsəyən üzü gözünün qabağına gəldi… Bu məqam hardansa, lap yaxından, qaranlıq ağaclığın dibindən bayquş buppultusu eşidildi və qəbirlərin hansı birininsə içindən yoğun çəngəltək, ona sarı uzanan qara əl qolundan tutub onu aşağı çəkdi…

Çığırtısı qəbiristanlığı bürüdü... və həmin qaranlıqdan peyda olan ikinci əl onun ağzını yumdu:

– Nə çığırırsan, ağəz?..

Xədicə idi, niyəsə pıçıltıyla danışırdı:

– Gedib bir də təzədən qayıtmışam. Harda batıb qalmısan?.. – Xədicə bunu deyib onu silkələdi, sonra qolundan tutub sürüyə-sürüyə qəbirlərin arasıyla harasa, daha qaranlıq yerə apardı.

          …Bir qədərdən sonra tikanlı kol-kos basmış xırda başdaşlarının arasında idilər. Bura elə bil qəbiristanlığın qurtaracağı idi, qəbirlər də burada ayrı cür idi. Hamısı elə bil Nuh əyyamından qalmışdı, çoxusu uşaq qəbirlərinə oxşayan xırda başdaşıların yazıları uzun illərin yağışı, küləyi altında yeyilib getmişdi.

Xədicə, deyəsən, axır ki, axtardığını tapmışdı, irigövdəli çinarın altında daya­nıb, üz-gözünün tərini silirdi.

– Hə, deyəsən, gəlib çatdıq axır ki. Özüdü ki, var. Axır tapdıq, – dedi və paltosunun düyməsini açıb, jaketinin cibindən əl boyda güzgü çıxardıb göyə tutdu, orada nəyinsə hərəkətini izləyirmiş kimi, güzgüyə baxmağa başladı. Və nə baş verdisə, Xədicənin üzü, əlindəki güzgüdən işıqlandı…

Fatma başını qaldırıb göyə baxdı.

Bayaqkı xərda işartı böyüyüb bədirlənmiş Aya dönmüşdü, Xədicənin balaca güzgüsünə düşən əksi hər yana işıq saçırdı…

Xədicə paltosunu soyunub səliqəylə qəbirlərin arasına qoydu, sonra, qəbirlər­dən birinin ayaq tərəfində çöməlib çantasından yenə həmin qaşığaoxşar nəyisə çıxartdı və torpağı qazmağa başladı.

Qəbir qədimlikdən, ya nədənsə, yerin içindən əyri bitən nataraz bitki kimi, harasa yana əyilmişdi. Xədicə, qəbrin içinə girəcəkmiş kimi, torpağı qəribə bir həyəcanla qazırdı, arada əlini saxlayıb:

– Nə durmusan, ağəz? Otur, sən də qaz... – dedi və çantasından çıxardığı ikinci qaşığı ona sarı atdı.

Paltosunun qollarını çirmələyib, çöməldi, Xədicənin ona sarı atdığı qaşığabən­zər dəmiri əlinə alıb baxdı ki, bu, həqiqətən, xörək qaşığıdı və qaza-qaza fikirləşdi ki, görən, Xədicə bu qaşıqları neyləyəcək, zibil vedrəsinə tullayacaq, ya elə burada qoyub gedəcək?..

Neyləyəcəm? – Xədicə, onun fikirlərini oxuyurmuş kimi, cavab verdi. – Belə qəşəngcə yuyub-quruluyub bozbaş yeyəcəm, – dedi.

Fatmanı elə bil ildırım vurdu, torpağın içini eşə-eşə fikirləşdi ki, demək Xədicə fikirləri də oxuya bilirmiş, amma bu barədə ona heç nə deməyib.

Çönüb gözaltı, tər-qan içində torpağı qazıyan Xədicəyə baxdı...

Xədicə gecənin bu qaranlığında gözündən qığılcımlar çıxan qorxunc ifritəyə oxşayırdı... Başını aşağı salıb torpağı eşələyə-eşələyə, Xədicəni ona caladığına görə ürəyində Naziləni söydü, Nazilədən nə vaxt bir xeyir görüb ki, indi də görə?

Xədicə əlini saxlayıb torpağa zillənmişdi… elə bil qəbrin ayaq tərəfində nə isə tapmışdı. Sonra nə baş verdisə, Xədicə qaşığı bir kənara tullayab torpağın içini yalın əllərlə eşməyə başladı və oradan tapıb çıxardığı içiboş su şüşəsini Ay işığına tutub, o üz-bu üzünə çevidi, sonra şüşəni əsəbi hərəkətlə, harasa arxaya vızıldadıb ona:

– Nə durmusan, qaz da, – dedi və qaşığı götürüb yenə qazmağa girişdi.

          …Quru torpağı eşməkdən ovcunun içi göynəyirdi. Qaşığı yerə atıb ovuclarını açdı. Ovuclarının dərisi qırış-qırış idi, elə bil qoca qarı əlləri idi.

          Fikirləşdi ki, insan yəqin, belə qocalır... əvvəl əlləri, qolları, sonra yanaqları, qulaqları… Onun qocalığı əllərindən başlamışdı…

          Sonra fikirləşdi ki, özünü niyə aldadır? Hər ayın axırı saçlarının dibindən çıxan ağ tükləri rəngləyən o deyil? Qocalmağını, saçlarına dən düşdüyünü boynuna almaqdan qorxur, nədi? Məgər bilmir ki, rəngləmək vaxtını bircə ay gecikdirsə, ağappaq başıyla qarıya oxşaya bilər? Sonra da fikirləşdi ki, qocalıb qarıdığını, olsun ki hamı, özü də çoxdannan bilir. Onu hələ də uşaq bilib, səhərlər quymaq, xəşil yedirdib “cana gətirən” anası da, özü də bilir, amma özünü bilməzliyə vurur, boş xəyallarla, səfeh ümidlərlə aldadır. Tfu!

Bu fikirlərdən oldu, ya nə oldusa, ürəyi sıxıldı, torpağın üstünə oturdu, ürəyi sıxıla-sıxıla:

– Yaman gec oldu., Gülağa öldürəcək məni, – dedi.

Xədicə torpağı qaza-qaza, qəbrin içinə əyilmişdi, başı dərindəydi deyə, onu eşitmədi.

Qorxudan, ya soyuqdan əl-ayağı elə donmuşdu.

– O dəfə bundan tez tapdın…

– O dəfəki yeddiillik idi. Bunu əbədiliyə eliyib köpəy uşağı…   

Xədicənin səsi elə bil yerin o üzündən gəlirdi:

– Görüm əlləri qurusun, ciyəri piltə-piltə olub ağzından gəlsin!..

Xədicə başını qəbirdən çıxardı, tövşüyə-tövşüyə:

– Deyən lazım bunnara ki, a balam, nə istəyirsiz bu yazığdan, niyə qoymursuz bu fağır da bir evin arvadı olsun, işığını yandırsın, oğul-uşaq sahibi olsun? – deyib yenidən qəbirin altına girdi.

Xədicənin bu sözlərindən boğazını qəhər tutdu, gözünün yaşı, havanın şaxtasından, ya içinin hərarətindən buxarlana-buxarlana yanağından boynuna süzüldü. Xədicənin yarısı görünən bədəninə baxa-baxa fikirləşdi ki, nə yaxşı, bu dünyada Xədicə və xədicəkimilər var, yoxsa onu gözügötürməyən paxıl qonşularla, tanış-bilişlə necə bacarardı?

Xədicənin, ona elədiyi eynilə belə bir caduya görə əks cadu göndərib yorğan-döşəyə saldığı qonşu gəlini xatırladı. Onda yadına gəlir, gəlin düz iki ay eşikdə-bacada görünmədi, qonşular bir də xəbər tutdular ki, pankriatit olub. Xədicə elə də demişdi. Demişdi, bu dəfə öldürmürəm, balaları var, amma… – demişdi – bir də xəbər tutsam, ona elə bir dərd göndərrəm, gedib ölümnən burun-buruna dayanar. Sonra elə də olmuşdu. Həmin o paxılın, qapının ağzında dayanıb yola saldığı rəfiqəsinə: “Getdim, o dünyanı gördüm, qayıtdım…” – dediyini öz qulaqlarıyla eşitmişdi.

Ürəyi titrədi… fikirləşdi ki, xeyri nədi, paxıllıq ki, sağalan xəstəlik deyil. Necə ki, o paxıla pankriatit də dərs olmadı, bəd əməllərindən əl çəkmədi. Heç olmaya, uşaqlarına yazığı gələydi. Onlara da yazığı gəlmədi. Yenə səhərlər – o bəzənib-düzənib küçəyə çıxan məqam, aralı saxladığı qapısından, ardınca  içi cadupiti dolu, çirkab su tökməyə davam elədi. Odu ki, Xədicənin də noxudları hərlənib-fırlanıb, məhz onun üstündə – alt qatda yaşayan həmin ağyanız gəlinin üstündə dayanmışdı.

Xədicənin, torpağı qazdıqca əcaib bir təlatümlə titrəyən yançaqlarına baxa-baxa fikirləşdi ki, görən, o xınasaç, ağyanız gəlin ondan nə istəyir, nə verib ona, ala bilmir, nə pisliyi, nə yaxşılığı dəymədiyi bu adam niyə ona belə acıqlıdı? Gözəl-göyçək, evi, ailəsi, uşaqları, küçəyə çıxanda, hamının gözü onda qalır...

Hardasa, yaxınlıqda bayquş uladı…

Paltosunun yaxalığını sıxcalayıb oğrun-oğrun ətrafına baxdı.

– Qorxma, buralarda bayquş olur. Adama dəymirlər… – Xədicənin səsi, qazdığı qəbrin dərinliyindən eşidildi. Səs, elə bil o dünyadan gəlirdi…

…Xədicənin dediyinə görə gəlin onu ərinə qısqanırdı. Gəlinin əri boylu-buxunlu, yaraşıqlı bir adam idi, gəlinin isə boyu balaca idi. “Ağlıqla, üz göyçəkliyiylə iş keçmir, – Xədicə deyirdi, – əsas boy-buxundu, o da onda yoxdu”.

Gəlinin qısqanclığının səbəbini Xədicə hərdən bir cür izah edirdi. Gah bunu gəlinin boy-buxunuyla, gah ayaqlarının, bədəninə uyuşmayan nazikliyi ilə, gah ayrı nə isə ilə. Hər izahın axırı da mütləq eyni sonluqla bitirdi: “İnsan çiy süd əmib, bacım, kimin qəlbində nə var, onu bilə bilməzsən”.

Fikirləşdi ki, görən, o gəlinin niyə məhz ondan bu qədər zəhləsi gedir? Gözü götürmür onu, nədi? Yoxsa, Xədicə demiş, onun qayğısız, azad həyatına paxıllıq edir? Amma qəribəsi bu idi ki, neçə dəfə olmuşdu ki, məhəllədə onunla üzbəüz gəlmişdi, gəlin ona elə baxmışdı, elə bil ömründə birinici dəfə görürdü onu, elə baxmışdı, elə bil heç tanımırdı onu. Xədicə isə deyirdi “tanıyır, özü də lap yaxşı tanıyır, köpək qızı, özünü artistliyə vurur, iz itirir”.

Xədicə başa düşməsin deyə, ehtiyatla fikirləşdi ki, bəlkə, Xədicə cadu edəni səhv salır, bəlkə, heç bu məsələdə zavallı gəlinin günahı yoxdu, bəlkə, bu, həyətin sol cinahında, həmin o gəlinlə üzbəüz mənzildə yaşayan cüt bacıların – onun gur saçlarının paxıllığını çəkən, hər paltarının rənginə uyğun geyindiyi rəngbərəng, zərli ayaqqabılarını əyri-əyri süzən qarımış qızların işidi?..

Xədicə deyirdi gəlinin işidi. Noxudlar da onu göstərirdi, qəhvə çöküntüləri də, kartlar da. “Tavanı onun döşəməsinə baxan, iki uşaq anası, xınasaç, ağyanız gəlin”. Bir də, – fikirləşdi – əgər ona cadu elətdirən həmin xınasaç deyildisə, onda niyə Xədicənin hər “cavab cadusundan” kimsə yox, məhz o yatağa düşürdü, bimar olub aylarla xəstəxanalarda yatırdı?.. Axır nə idisə, baş açmaq olmurdu. Anası da deyirdi, deyirdi: “bu dünyanın işlərindən baş açmaq olmur, bala”.

– Ay sənin əkib-doğanının…

Xədicə nə isə tapmışdı, qazıb çıxardığı torpaq təpəsinin üstündə oturmuşdu, torpaqlı əlləriylə tapdığını didişdirirdi.

Özünü Xədicənin yanına atdı. Xədicə ovcunda saxladığı düyünçəyəbənzər xırda bükülünü o üz-bu üzə çevirə-çevirə:

– Sən bundakı paxıllığın dərəcəsinə bir bax… – dedi və başını qaldırıb Fatma­nın üzünə zilləndi.

– Nədi bu? – Fatma deyib udqundu.

– Nədi? İndi görərsən nədi! Mənə hər şey əyandı, bacım. Bu sən, bu mən, bu da şeytan əməli! Buyur, özün bax! – Xədicə deyib, düyünçəni yaxınlıqdakı qəbrin üstünə sərdi və əlini yandırırmış kimi, ehtiyatla açdı… və içindəkiləri – bir qom tük, bir ədəd xırda qıfıl, beş-altı qıyıq batırılmış mum qırığını yan-yana düzdü, burnunu qoluyla silib:

– Baxırsan? – Dedi, sonra üzünü Aya tutub ağzının içində dua oxudu.

Düyünçədən çıxanlar Ayın zəif işığında, Xədicənin dediyi cadu-pitidən də qorxulu, nə isə daha dəhşətli mənalar kəsb etməyə başladı… Fatma, bədəninə dolan soyuq giziltidən titrədə-titrədə fikirləşdi ki, yəqin, qıyıqlar batırılmış mum onun özüdü. Batırılıb ki, bədəni ağrısın, xəstəliklər tapsın. Ağzıbağlı qıfıl isə yolunu bağlamaq üçündü ki, ərə getməsin, ailə qurmasın. Bəs bu bir qom tük nədən ötrü idi?.. Bunu anlaya bilmədi, əlini uzadıb tükü əlinə almaq istəyirdi ki, Xədicənin səsinə dik atıldı:

– Dəymə, toxunmaq olmaz! Gərək murdarlansınlar, – Xədicə niyəsə pıçıltıyla dedi, sonra yana dartılıb qazdığı qəbrin böyrünə atdığı çantasını əlinə aldı, üst cibinin düyməsini açıb, ordan çıxardığı kibriti yandırdı və düyünçənin üstünə atdı.

Düyünçə uzun müddət torpağın altında qalmaqdan nəmlənmişdi deyə, alovlanmadı, eləcə tüstülənə-tüstülənə qaralıb qaldı. Xədicə çantanı Fatmaya sarı itələyib:

– Əlim torpaqlıdı, içini aç, orada ayrı kibrit var, onu ver, – dedi.

Fatma çantanı əlinə alıb zəncirini açdı, əlini içinə salıb ehtiyatla Xədicənin dediyi kibriti axtardı...

Çantada nə desən vardı… cürbəcür ölçüdə qayçılar, qıyıqlar, qıfıl və mıxlar... Kibriti tapdı… Bu, adi kibrit ölçüsündən xeyli böyük, çöpləri az qala karandaş boyda olan nəhəng bir kibrit qutusu idi.

Xədicə kibriti əlinə alıb necə çaxmaqladısa, çöpün kükürdü sıçrayıb Fatmanın saçına düşdü, Fatma xəbər tutunca, o yan-bu yana hərlənincə, saçını od tutdu…

Vaxsey!.. – Xədicə necə qıyya çəkib iki əliylə Fatmanın başına qapaz saldısa, qızın gözündən qığılcım çıxdı, amma başının tüstüsü kəsilmədi. Onda Xədicə özünü itirmədi, üstündə oturduğu torpaq təpəsindən ovuclayıb Fatmanın başına tökdü və tüstü kəsildi.

 

***

 

Maşın qəbiristanlıqdan uzaqlaşdıqca, Fatmanın gözünün yaşı artırdı. Saçlarının dibinə dolan torpaq boynuna, oradan kürəyinə tökülür, bundan ürəyi sıxılır, evdə dişlərini qıcayıb yolunu gözləyən Gülağanı gözünün qarşısına gətirirdi…

– Tay qurtardı! Bitdi! – Xədicə əlinin torpağını, cibindən çıxardığı iri burun yaylığına silə-silə dedi. – İndi yolun açıqdı. Batil oldu! Gedib qəşəng-qəşəng çimərsən, verdiyim o duanı oxuyub, bir stəkan suda isladarsan, o suyu içib yatarsan.

Bayaq qəbiristanlıqda Xədicənin çantasından çıxarıb ona uzatdığı uzun, ensiz lentəoxşar kağızı açıb baxdı.

Dua ərəb hərfləriylə yazılmışdı.

– Bunu necə oxuyacağam? Bu ki, ərəb dilindədi, deyib gözünün yaşını sildi.

– Arxasında transkripsiyası yazılıb. Bu ən möhkəmidi. – Xədicə deyib, pulları saydı. 

…Pəncərədən qaranlıq küçələrə baxa-baxa, bu dəqiqə işıqlı evində əri və uşaqlarıyla rahatca oturub şam eləyən, ya televizora baxan qonşu gəlini, qəbiristanlığın bayaqkı ucqarlığındakı həmin o başdaşısı əyilmiş, köhnə qəbrin ayaq tərəfini qazıyan yerdə, qazıyıb, iynə-sap dolu düyünçəni ora basdıran yerdə təsəvvürünə gətirdi… Necə gəlin qollarını çirmələyib tər-qan içində torpağı qazır, necə qəbrin ayaq tərəfinə girib, gözlərindən ifritəsayağı qığılcımlar çıxa-çıxa, onun başa düşmədiyi əcaib dildə dualar oxuyur…

Maşın tini burulub, bir vaxtlar Fatmanın oxuduğu məktəbin qabağından keçir­di…

Məktəbin, dustaqxana nəfəsliyini xatırladan dəmir barmaqlıqlı xırda pəncərələrinə baxdıqca ürəyi sıxıldı…

Şəhərin dağlıq ərazisində yerləşən hündür məhəllələrindən görünən bu bina, xüsusən gecələr, hava qaralanda daha qorxunc olurdu və daha çox dustaqxana binasını xatırladırdı... Pəncərələri – çıxılmaz qaranlıqlara, giriş qapısı – sanki adamudan əjdahanın qarnına aparan binayla bir, hər dəfə binanın girişində patrul xidmətində durantək, dayanıb, səhərlər dərsə gələn qızların saç və dırnaqlarını, oğlanların ciblərini və papaqlarını yoxlayan qorxunc məktəb direktoru – uzunsov üzü, donqar beli, ağ, pırtlaşıq saçlarıyla qədim dinozavrları xatırladan Bikə müəllimə də gözünün qabağına gəlirdi.

Məktəb illəri, yadına gəlir, o da hamı kimi düşünürdü ki, Bikə müəllimə məktəbdə yaşayır, gecələr də orada yatır. Bunu çox adam – məktəbin birinci mərtəbəsində yerləşən direktor otağının işığının gecələr yandığının şahidi olanlar danışırdılar. Bikə müəllimənin qozbel siluetinin, həmin o işığı yanan pəncərənin pərdələri arxasında o baş-bu başa gəzdiyini, orada kimyəvi təcrübə aparırmış kimi, qəribə tüstü və qoxuların səhərlər də mərtəbənin dəhlizlərində qaldığını deyənlər çox idi. Deyirdilər, gecədən xeyli keçmiş Bikə müəllimənin işığı axır ki, sönürdü, amma onun məktəbdən çıxıb evinə getdiyini görən olmurdu. Deyilənə görə, Bikə müəllimə gecələr həmin o qorxunc küpəgirən qarı vücuduyla məktəbin qaranlıq dəhlizləriylə gəzirdi. Bəzi gecələr qoca direktrisanın, məktəb binasının ayrı-ayrı mərtəbələrinin pəncərəsindən çölə baxdığını görənlər də olurdu. Deyirdilər, belədə Bikə müəllimə, pəncərələrin o biri üzündən görünən uzunsov, acıqlı üzü, adam üzündən çox, hansısa əfsanəvi, vəhşi quşun üzünü xatırladırdı...

Görüm, onun ciyəri ağzına gəlsin!

Xədicənin səsinə dik atıldı:

Kimi deyirsən?

Bikəni diyirəm də, bu xarabanın müdirini, – Xədicə deyib, geriyə çöndü, arxada qalan məktəb binasına baxa-baxa, əsəbi hərəkətlərlə yaylığının düyününü bərkitdi.

Sən hardan tanıyırsan Bikə müəlliməni?

– Hardan tanıyıram? Mən bu xarabada oxumamışam bəyəm? O ifritə mənim başıma az oyun açıb? Dırnağlarımı ülgücnən az qaşıtdırıb?

Pəncərənin şüşəsini endirib, məktəbin arxada qalan binasına baxa-baxa fikirləş­di ki, gör bir, Bikə nə vaxtın Bikəsidi…

– Bir dəfə nə var-nə var, fasilədə sinif yoldaşımla, qonşuluqda yaşayır, dayanıb söhbət eləmişdim, bütün sinfin gözü qabağında hörüyümün birini dibindən kəsmədi? Rəhmətliyin qızı Qacar idi elə bil!

Xədicəni bu yerdə ağlamaq tutdu, boğazına dolan qəhər sözünün ardını gətir­mə­yə imkan vermədi, bayaq əllərinin torpağını sildiyi yaylığı gözlərinə basdı və boğuq, yanıqlı səslə danışmağa başladı:

– Bunun üstündə evdə məni o ki var çubuqladılar, o biri hörüyümü də kəsib yerə qoydular. Qaldım başıütük. Oğlanlar gülüb, “ütükbaş” deyə məni ələ salırdılar… mən dərsdən qaçmağa başladım, heç kimin gözünə görünmək istəmirdim. Dərslərə həvəsim tamam ölmüşdü, bir dərdim var idi – ütük başımı uşaqlardan gizləmək. Odu ki, məktəbi də tamam-kamal bitirə bilmədim… Belə-belə işlər…

Ömründə ilk dəfə, hamıdan güclü saydığı Xədicəyə yazığı gəldi… Daha doğrusu bilmədi, hansı daha çox yazıqdı – Xədicə, yoxsa o?..

Başını pəncərədən çıxarıb uzaqlardan, yalnız üst mərtəbələri görünən məktəb binasına baxdı… yadına, həmin bu binada Xədicənin başına gətirilənlərə oxşar hadisələr düşdü… qulağına Bikə müəllimənin xırıltılı səsi gəldi… “Get, valideynin gəlsin…”

Bədənindən yenə soyuq gizilti keçdi, pəncərənin şüşəsini qaldırıb titrədə-titrədə:

– Hava soyudu elə bil, – dedi.

 

***

…Gülağa kətili həyətin ortasında qoyub oturmuşdu, qıçının birini əsəbi-əsəbi titrədə-titrədə onu gözləyirdi.

Həyətə girməiyi ilə, Gülağanın ayağa qalxıb, qulağının dibinə şillə ilişdirməyi bir oldu.

– Evə bir də bu vaxt qayıtsan, ananı ağlar qoyaram, it qızı! – Gülağa dişini qıcıda-qıcıda dedi və əsəbilikdən gözünün biri səyridi.

Şillədən sonra Gülağanın hirsi elə bil bir az soyudu, bir müddət fısıldaya-fısıldaya bacısının məzlum görkəminə baxıb nəfəsini dərdi, sonra yumruqlarını düyünləyib yanıqlı səslə:

Allah mənə ölüm versin! – dedi və başmaqlarını sürüyə-sürüyə içəri keçdi.

Fatma, əli yanağında, özünü yataq otağına zorla çatdırdı, çəkməli-paltolu üzü­qoy­lu çarpayısına yıxıldı, üzünü balışın içinə basıb, hönkür-hönkür ağladı… Ağladıq­ca, ürək döyüntülərinin indicə dayanacağını, ürəyinin qapqara qanla dolub partlayaca­ğı­nı düşündüsə də, heç nə baş vermədi…

…Anası gəlib çarpayının kənarında əyləşmişdi, içini çəkib yanıqlı-yanıqlı:

– Allaha xoş getməz, bala, axşam vaxtı ağlamazdar, – dedi. – Böyük qardaşındı, hirslənib. Qız xeylağı bu vaxt küçədə qalar? Dur ayağa, soyun, əl-üzünü yu, təzə çay dəmləmişəm.

Nəfəsi daraldı… kürəyi üstə çevrilib, anası şillənin izini görməsin deyə, üzünü tutdu.

Fikirləşdi ki, ayağa qalxa bilməyəcək. Əvvəla bayaqkı şilləyə görə anasından utanır. Bir də ayağa qalxıb soyunmağa, yenə həmin yaşıl zolaqlı ev xalatını geyinib mətbəxə keçməyə, orada anasıyla üzbəüz oturub, onun yeknəsəq suallarını cavablandırmağa daha gücü yoxdu. Ümumiyyətlə, daha heç nəyə gücü, qüvvəsi yoxdu. Ölmək, yoxa çıxmaq istəyir, vəssalam. Kaş ki, bayaq saçına düşən alovu söndürməyə qoymayaydı, alov saçıqarışıq bütün başını, ordan bədəninə yayılıb, onu sümüyünəcən yandıraydı onu. Axı kimə lazım idi? Anasına, ya Gülağaya, yoxsa o biri qohumlarına? Hamıonun, bu yaşda evdə qalıb qarımağına görə fikir eləyirdilər, utanıb xəcalət çəkirdilər… İşdə də ondan xilas olmaq istəyirdilər, çünki beyni gic-gic işlərlə məşğul idi, deyiləni eşitmirdi, tapşırılanı anlamırdı… Sir-sifət, bədən də ki, bu kökdə...

Böyrü üstə çönüb, səsi çıxmasın deyə, yumruğunu ağzına basdı, gözünün yaşı balışı islada-islada, ürəyində dönə-dönə: “Ay Allah, ey böyük Allah, mənə ölüm göndər! Qurtar məni bu əzabdan!” – dedi və elə bil bundan rahatlandı… ürək döyüntüləri yavaşıdı, nəfəsi sahmana düşdü, göz qapaqları ağırlaşdı… sonra gördüklərinin yuxu, ya gerçəklik olduğunu anlamadan, ilıq, yumşaq boşluğa qərq oldu…

…Boşluğun içində bir o idi, bir də bir yığın adam. O, ondan can qurtarmaq üçün dəli bir həyəcanla qaçıb uzaqlaşan bu adamların ardınca qaçırdı... Qaçanlar – Gülağa, onun arvad-uşağı, qonum-qonşu, bir də Rza kişi idi…

Qaça-qaça, nəfəsi kəsilə-kəsilə:

– Qulaq asın, ay cama-a-a-at! Mən heç də sizin ardınızca qaçmıra-a-a-m! Mən qaçıram, sizə deyim ki… mə-ə-ən… sizin ardınızca qaçmıra-a-am!.. – deyə qışqırırdı.

Adamlar ona inanmırdılar, arada bir geriyə çönür, onun qaçdığını görüb, ayaqlarını bir az da yeyinlədirdilər…

Qaçdıqca, hiss eləyirdi, necə əynindəkilər, soğan qurumuş qabığını tökən kimi, soyulub, küləyin içiylə, harasa geriyə sovrulur… arxada qalır… Əynindəkiləri tutub saxlamaq istədisə də, kimsə əlini kənara çəkdi…

…Anası idi… ehmal-ehmal soyundururdu onu. Yaylığını yavaşca sürüşdürüb boynundan çıxarırdı, köynəyinin düymələrini açırdı... oyandığını görüb başını sığalladı, astaca:

Gətirim çayını, burda iç, – dedi və yazıq gözlərlə üzünə zilləndi.

Cavab vermədi. Daha öz səsini də eşitmək istəmirdi, daha doğrusu buna gücü çatmırdı.

– Qonşuya hüzür düşüb. Yazıq gəlin, iki uşaq anası... Allaha qurban olum, özü bilən məsləhətdi. Əri elə ağlayırdı, “məni də öldürün, bu tifilləri də” – deyirdi… Allah, sən özün saxla! 

Qulaqlarına inanmadı… anası kimi deyirdi? Yoxsa…

Dəhşətindən, az qaldı nəfəsi kəsilə...

– Ana, kim?.. O… ağnayız…

– Hə, bala, aşağıdakı ağyanız, xınasaç gəlin.

“Onun qurbanı…” – ürəyinə qara qanlar dola-dola fikirləşdi və elə həmin an, bir neçə gün əvvəl Xədicənin, boğazının damarları şişə-şişə, qapqara, xırda bəbəkləri qəzəbindən, ya nifrətdən, az qala hədəqəsindən çıxa-çıxa dedikləri qulağını yandır­dı… “İndi onu yerlə yeksan eləyim, sən də bax!”

Gör bir nə iş tutmuşdular, neyləmişdilər… Adam öldürmüşdülər. Özü də nəyə görə?

– Belə dərdlər var, bala... Odu ki, deyirəm, hər şeyi ürəyinə salma, ölüm-itim dünyasıdı, hər şeydən ötrü özünü üzməyə dəyməz – anası deyib ayağa qalxdı, başmaqlarını sürüyə-sürüyə mətbəxə getdi.

Anasının səsiylə bir, qonşu gəlinin, hər paltar sərəndə həyəti bürüyüb yuxarı mərtəbələrə yayılan incə ətir qoxusu, günəş şəfəqlərinin altında qızılı ipəktək araq-varaq verən xınalı saçları, bir-birindən göyçək, ağıllı uşaqları gözünün qabağına gəldi…

Özünü, ayağa qalxıb, həyətə atılmaqdan, orada dizi üstə düşüb: “Mənəm günahkar! Məni öldürün!” – deyərək, sinəsini yandıran hönkürtülərini çölə buraxmaq­dan zorla saxladı... Gülağanın yuxusuzluqdan yorğun üzü gözünün qabağına gəldi.

Bir də hiss elədi ki, ayağa qalxmağa heyi yoxdu, tükənib.

Üzünü balışın içinə basıb hönkürdü...

…Mətbəxdən qazan-qapağın səsi gəlirdi… Anası, olsun ki, yenə nə isə bişirirdi.

Bayırda möhkəm külək qalxmışdı. Xədicənin küləklə bağlı dediklərini xatırladı: “Külək qalxdı, bil ki, cadu batil oldu”.

Demək, cadu, həqiqətən, sınmışdı… – ağlaya-ağlaya fikirləşdi, – Xədicənin dediyi kimi, yolu açılmışdı... Demək, indi o, yolunu bağlayan gəlinin axırına çıxıb, öz işıqlı, ağ gələcəyinə doğru irəliləyə bilərdi”.

…Ürəyi bulandı… Elə bulandı, elə bil qurbağa udmuşdu.

Başının arxası gizildəyirdi. Bayaq saçına düşən alovu söndürərkən Xədicənin, başına ilişdirdiyi yağlı qapazının yeriydi, yəqin.

– Balamsan, dur ayağa, – qapının arasından anasının başı göründü, – bura gəl, gör bir nə bişirmişəm səninçün?!.. – Anası deyib geri çəkildi, sonra mətbəxdən təzə dəmlənmiş çay qoxusu gəldi.

Susuzluqdan, ya həyəcandan dilinin qupquru quruduğunu, təzə dəmlənmiş isti çaya ehtiyacı olduğunu hiss elədi və elə həmin andaca ağlına gələn fikir bu oldu ki, belə də ola bilər ki, aşağı mərtəbədə baş vermiş faciənin, Xədicəylə, onun ötən gecə qəbiristanlıqda apardığı əməliyyatlarla heç bir əlaqəsi yoxdu. O qədər bədbəxt hadisələr baş verir ki… bu da olsun, onlardan biri... və yadına, bir neçə ay əvvəl Xədicənin: “Budey bax: sənə tərəf gələn var…” deyib, altdan-altdan üzünə qəribə, mənalı gözlərlə zillənməyini xatırladı...

Fikirləşdi ki, kim idi axı o gələn ki, gəlib çıxmadı?.. Bu aylar ərzində nə ona yaxınlaşan, nə adını çəkən olmamışdı? Ya, bəlkə, o adam, Xədicənin dediyi kimi, var idi və olsun ki, ona tərəf də gəlirdi, amma maneələr, nəzər, cadu və sair, onu ona qovuşmağa imkan vermirdi.

Ağlamaqdan burnu şişmişdi. Anası, əlində məcməyi otağa daxil oldu, gətirdiyi çayla mürəbbəni, bir də təzə südçörək dilimləri yığılmış nimçəni Fatmanın dolabının üstünə yığdı:

– Dikəl otur, çayını iç. Südçörəyi təzə bişirmişəm, ye qurbanın olum… – deyib otağın işığını keçirdi, əl lampasını yandırıb xalatını soyundu, gecə köynəyini geyinib yerinə girdi. Bir müddət yerinin içində ayaqlarının ağrısından ufulduya-ufulduya qurcalandı, sonra elə bil yuxuya getdi.

Çayı dil-dodağını yandıra-yandıra, qurtum-qurtum içə-içə fikirləşdi ki, anası lap qocalıb daha, taqətdən düşüb, evin içində özünü zorla hərləyir. Günlərin birində beləcə ufuldayıb-ufuldayıb gözlərini əbədi yumacaq və o tamamilə tək qalacaq.

          Çönüb otağın yarıqaranlığında anasına baxdı.

          Anası yenə elə bil nəfəs almırdı.

          Bir müddət nəfəsini saxlayıb, anasının yarımaçıq qalan ağzına, hərəkətsiz sinəsinə baxdı.

          Hə, anası nəfəs almırdı…

          Ürəyi əsə-əsə yastığa dirsəkləndi, qulağını anasının ağzına yaxınlaşdırdı.

          Anası, qəfildən əcaib bir xırıltıyla xoruldayıb, sanki bayaqdan bura harasındasa gizləyib saxladığı nəfəsini çölə üfürdü.

          Dik atılıb geriyə sıçradı, bədənini soyuq tər basdı, yerinə uzanıb yorğanı başına çəkdi. Bayaqkı mənzərə – qaranlıq qəbiristanlıq, Xədicənin torpaqlı əlləri, xınasaç gəlinin ölümünü xəbər verən anasının kədərli üzü gözünün qabağına gəldi...

…Böyründən soyuq hava axdı... və lap burnunun ucunda bir cüt yaşıl işıq yandı. Əlini yorğanın altından çıxarıb, yastığının ətrafıyla gəzişən pişiyin belini tumarladı.

Pişik mırıldayıb başını onun üzünə sürtdü, quyruğunu fırladıb dolça kimi oturdu.

Nədi?.. – Anası oyanmasın deyə, pıçıldadı.

Pişik quyruğunu qabardıb, sinəsini döşəyə basdı, caynaqlarını işə salıb yastığın üzünü didişdirə-didişdirə mırıldadı.

Yorğanın ucunu qaldırıb pişiyi içəri saldı, sinəsinə sıxıb başını, belini tumarladı. Pişik Fatmanın nəvazişindən xumarlanıb gözlərini yumdu, ləzzətlə mırıldamağa, üzünü onun üzünə, boynuna sürtməyə başladı.

Fikirləşdi ki, indi əgər bu pişik erkək olsaydı, itələyib onu yerə salacaqdı, başmağının bir tayını da ardınca tulazlayacaqdı ki, bir də qələt eləyib yatağına dırmaşmasın. Amma bu bədbəxt də onun kimi qız idi. Onun kimi başı qara, üzü ağ, qarımış qız xeylağı.

Pişik üzünü onun sinəsinə, boynuna sürtdükcə, gözlərinin qapağı ağırlaşırdı… qolları, əlləri ağırlaşıb, harasa, dərinə – çarpayının dibinə düşdü… Pişik də ağırlaş­dı… üzünü Fatmanın sinəsinə, boynuna sürtməkdən yorulub onu öpməyə başladı... öpdük­cə qalın kişi səsi ilə: “bilirəm… dedi – məni çox gözlədin… Mən gəldim artıq, amma bir xahişim var: gəldiyimi heç kim bilməsin… Yoxsa səni də öldürərlər, məni də…”

Qollarını pişiyin boynuna dolayıb: “De ki, məni atmayacaqsan” deyə yalvardı, sonra qəribə, yanıqlı hönkürtüylə hönkürüb ağladı…

Pişik dinmədi, onun boynunu, saçlarını öpməyə davam elədi...

– Niyə dinmirsən? – dedi və qəfildən başa düşdü. Boğazını acı qəhər tutdu, pişiyi kənara itələyib, – Deməli, atacaqsan… – dedi və pişikdən yenə səs çıxmadı.

– Onda, rədd ol! Rəd ol! – deyib qışqırdısa da, pişiyin mırıltısı kəsilmədi, əl-qol atmağa, pişiyi itələyib yerə salmağa çalışdısa da, heyvanın ağırlığından tərpənə bilmədi, pişiyin zolaqlı qolları Fatmanın boynuna dolanmış vəziyyətdə qaldı.

          Nəhəng pişiyin ağırlığı altında qıvrıla-qıvrıla ha əlləşib-vuruşub:

– Rədd ol! Ana!, Ay ana! – deyib qışıqırdısa da, səsinə səs verən olmadı. Haçandan-haçana pişik başını qaldırıb üzünə baxdı...

          Və dəhşətdən Fatmanın, az qaldı nəfəsi kəsilə…

          Qışqırmaq, adamları köməyə çağırmaq istədi, kiminsə əli ağzına basıldı...

Qonşuları, nurani üzlü Rza kişiydi… Kibrit çöpü kimi nazik, əyri barmağını dişsiz ağzının üstünə tutub:

– S-s… – deyirdi, – sakit ol... yoxsa hər ikimizi öldürərlər…

Rza kişinin əli ağız-burnunu elə kip bağlamışdı, nəfəs almağa iynə ucu boyda belə yer qalmamışdı. Odu ki, eləcə, Rza kişinin qucağında çapalaya-çapalaya boğulub öldü.

Rza kişi onun öldüyünü görüb ehmalca gözlərini bağladı, belini qabardıb pişik kimi yerə atıldı, yatağının altından sivişib dəhlizə, oradan həyətə qaçdı…

Bir qədər sonra həyətdən Rza kişinin ağlar səslə dediyi:

– Ay camaat! Fatma öldü! Yazıq bala! – sözləri eşidildi… və evləri adamla doldu. Arvadlar ağlaşa-ağlaşa otağa doluşub, böyründə hələ də xorna çəkib yatan anasının başına yığıldılar, “can ay bala… can ay Fatma!” – deyib ulaşa-ulaşa ağlaşdılar. Gülağa da gəldi, bir neçə adamla anasını döşəkağıya büküb qaldırdılar, arvadların arasıyla itələşib yol aça-aça evdən çıxardılar. Olsun ki, məscidə yumağa apardılar… Bu yerdə qəfildən ağlına gələn bu oldu ki, axı anasını niyə, ölən ki o idi?!..

          …Bir istədi ayağa sıçrayıb, Gülağanın yolunu kəsə, səsi gəldikcə qışqırıb: “Siz neyləyirsiz, sappasağ arvadı hara aparırsız? Ölən mənəm!” deyə, amma fikirləşdi ki, belə eləsə, anasını yerinə qoyub, onu aparacaqlar, məscid mürdəşirlərinə təhvil verib, özləri həyətdə – təmiz havada dura-dura ölüyuma mərasiminin bitib başa çatmağını gözləyəcəklər… mürdəşirlər onu ölü yuyulan daşın üstünə sərib, üstünə vedrə-vedrə soyuq-isti su əndərə-əndərə, döşəməni yuyan kimi, yuyacaqlar…

          Odu ki, səsini çıxarmadı, səsini içinə salıb gizlicə ağlaya-ağlaya fikirləşdi ki, anası da onun badına getdi… yazıq arvad... Sonra o qədər yazığı gəldi anasına, ürəyi o qədər ağrıyıb əzildi, hiss elədi ki, qışqırmasa, ürəyi dayanacaq...

– Ana-a-a! Ay ana-a-a! – deyib gücü gəldikcə qışqırdı…

– Bisimillah – bisimillah... ayıl, ay bala…

          …Otaq qaranlıq idi… hardansa uzaqdan azan səsi gəlirdi...

Anası yatağının içində çöməlib, onun başına əl-ayaq qoyurdu:

– Lənət şeytana... Dur ayağa, bala, dur, get əl-üzünə su vur. Yuxunu suya danış...

Qalxıb yerinin içində oturdu. Pişik çarpayısıyla üzbəüz döşəmədə oturub, gözlərini yaşıl düymələr kimi parıldada-parıldada ona baxırdı...

Anası ayaqlarını çarpayıdan salladıb başmaqlarını geyindi, ağzının içində: “Bu nə görəcəkdi, ay Allah, bu nə sınaqlardı verirsən bizə?” – deyə-deyə otaqdan çıxdı.

Ürəyi bulanırdı… Elə bulanırdı, elə bil nədənsə zəhərlənmişdi… Dünən nə yediyini yadına salmağa çalışdısa da, yadına heç nə düşmədi. Özünü yastığın üstünə atıb qarnını ovuşdura-ovuşdura zarıdı…

Anası onun zarıltısını eşitmədi, hamamda əl-üzünü yuyub dəstəmaz aldı, sonra səssiz addımlarla o biri otağa keçib, başına kəlağayı salıb, bir küncdə namazı qılmağa başladı.

…İçində – qarnının sol tərəfində nə isə tərpəndi elə bil... Elə bil balıq idi, hardansa düşmüşdü içinə. Beynini toparlayıb ha fikirləşdisə də, nə vaxt balıq yediyini xatırlamadı… Qarnındakı əcaib tərpənişdən ürəyi lap pis bulandı, başını çarpayıdan sallıyıb ögüdü.

Anası hövlnak özünü içəri saldı, bir müddət qorxunc nəyəsə baxantək, ona baxdı, o hər ögüdükcə:

– Ay Allah, özün saxla... – dedi.

Ögüməkdən gözləri qaraldı, başı gicəlləndi… içindəki bulanma get-gedə artıb boğazının yoluna dirəndi. Elə bil mədəsinə iri çömçə salıb, dovğa bulayan kimi, bulayırdılar...

Anası ehmalca onu kürəyi üstə yastığın üstünə yıxıb, yanağını, saçlarını sığalladı, içi qorxu dolu gözlərlə:

– Sənə noldu, mənim balam? – Dedisə də, Fatmadan cavab gəlmədi.

…Fatma içinə diqqət kəsilmişdi… içəridə – qarnının sol cinahında tərpənənin qurbağa, ya balıq, yoxsa daha nə ola biləcəyi barədə düşünür, əlini ehtiyatla göbəyinin üzəriylə gəzdirir, ovcunun içəridən qıdıqlandığını getdikcə daha aydın hiss edirdi...

Ürəyi döyünə-döyünə yadına bir-bir dünən, srağagün, ta srağagün yediklərini saldı. Hamısı xəmir idi.

Anası əlində şərbət dolu fincan içəri girib, çarpayısının kənarına əyləşdi, başını qaldırıb şərbəti ona içirdə-içirdə, ağlamsına-ağlamsına:

– Sənə noldu, a bala? Gözəmi gətirdilər? – dedi.

Şərbət o qədər şirin idi, elə bil mürəbbə idi. Ögüyüb içdiyinin hamısını yorğan-döşəyə tökdü.

Anası rəngi ağara-ağara:

– Soyuqlamısan, – dedi. 

Bir azdan yataq otağı adamla doluydu. Gülağanın arvad-uşağı, Əlibalagil, xalaları, Rza kişi, qonum-qonşu yatağının ətrafında dövrə vurub, dinməz-söyləməz üzünə baxırdılar. Bircə Gülağa içəri keçmirdi, mətbəxdə oturub siqareti-siqaretə calayırdı.

Bir qədərdən sonra uşaqlar mətbəxdən otağa, otaqdan mətbəxə qaçır, stolların altında maşın sürüb qışqırışır, qadınlar söhbət edir, kişilər eyvanda nərd oynayırdılar.

Rza kişi qəndi dişsiz ağzında əridə-əridə çay içir, anası mətbəxdə biş-düş edir, evi sarıköklə ərinmiş yağın iyi bürüyürdü.

Bu iydən ürəkbulanması bir az da artdı deyə, yorğanı burnuna qədər çəkib gözlərini yumdu.

Bir azdan yağlı quymaq iri nimçələrə çəkilib süfrəyə gələcəkdi, hərə süfrə başında öz yerini tutub quymağı şəkərləyəcək və ləzzətlə yeməyə başlayacaqdı...

Bu mənzərədən halı lap xarablaşdı, yorğanı başına çəkib üzünü divara çevirdi. Bu məqam uşaqlar dəstə ilə içəri doluşub:

– Gəldilər!.. Gəldilər!.. – deyə qışqırmağa başladılar və içəri, əllərində çanta, iki ağ xalatlı həkim daxil oldu.

Həkimlər çantalarını yerə qoyub, yatağıyla üzbəüz əyləşdilər: 

– Şikayətiniz nədir? – deyib, şübhəli baxışlarla üzünə zilləndilər.

Həkimlərdən təmiz hava iyi gəlirdi…

Ağzını açıb danışmaq istəyirdi ki, otaqdakılar imkan vermədilər.

– Gecədən bura ögüyür, doktor, – Gülağanın arvadı dedi. – Rənginə baxırsız? Sapsarıdı.

 – Neçə vaxtdı, yaxşı yemir, – bunu başının üstündə dayanan anası dedi. – Yuxusu da çəkilib.

Həkim üzünü turşudub Fatmanın nəbzini yoxladı, sonra qan təzyiqini ölçüb:

– Dünən nə yemisiniz? – dedi.

Fatma həmin dəqiqə xatırladı:

Xəngəl, – deyib, nədənsə qızardı.

Həkim bir müddət susub fikrə getdi, sonra qaşlarını çatıb, harasa kənara:

– Soyuqdəyməyə oxşayır, – dedi. – Ayrı ciddi bir şey görmürəm.

Həkim bunu deyib, çantasını dizinin üstünə qoydu, oradan çıxardığı balaca kağızda nə isə yazmağa başladı.

Bir istədi, qarnının aşağı hissəsini həkimə göstərib, orada əcaib hərəkətlərlə tərpənən “nə isə” barədə desin, amma gözü, otağın aşağı başında, qoşa qartal kimi çiyin-çiyinə dayanıb qara, çatma qaşlarının altından acıqlı-acıqlı ona zillənən Gülağayla Əlibalaya sataşdı, odu ki, heç nə demədi.

…Həkimlər və adamlar dağılışandan sonra içindəki xırda “balıq” yenə tərpəndi… balaca üzgəclərini titrədib elə bil qarnının içiylə o baş-bu başa üzdü də...

Ürəyi döyünə-döyünə fikirləşdi ki, bu nə dərddi düşdü? İndi dərdini kimə desin?

Anası hardasa yaxında əyləşmişdi, ona qalın geyinməklə bağlı ibrətamiz nəsihətlər verə-verə, dərdli-dərdli yellənirdi.

Əlini qarnına qoyub:

– Ana, – dedi, – burada nə isə tərpənir.

Anası yaxına gəlib çarpayının kənarına əyləşdi, əlini Fatmanın qarnına qoyub dairəvi hərəkətlə ovuşdura-ovuşdura:

– Bağırsaqdı, bala, soyuq çəkəndə elə olur, – dedi. – Odu ki, deyirəm, altdan qalın geyin, qulaqardına vurursan.

 

***

…Həkim göbəyinin alt hissəsini ehtiyatla barmaqladıqdan sonra eynəyini saçla­rı­­na keçirib:

Üç ay yarımlıqdı, – dedi.

Həkimin bu sözündən Fatmanın başı hərləndi, gözləri qaraldı…

– Nə üç ay yarımlıqdı?..

Həkim rezin əlcəkləri dartışdırıb əlindən çıxara-çıxara:

          – Körpəniz, – dedi. 

          – Körpə?

– Bəli, – həkim dedi, sonra gizli təəccüblə, – bəs siz nə düşünürdünüz? – Deyə sözünün ardını gətirdi.

          Fatma özünü itirdi, dili topuq vura-vura:

– Mən… daha doğrusu, demək istəyirəm… – dili dolaşdı deyə, cümləsini tamamlaya bilmədi.

Həkim eynəyini gözünə endirib, bu dəfə Fatmanın üzünü müayinə edirmiş kimi, gözlərinin içinə baxdı, mülayim, məhrəm bir səslə :

– Buyurun, danışın, – dedi, – çəkinməyin, bura qadın məsləhətxanasıdır.

Fatma boğazına dolan qəhəri udub, xəcalətdən pörtüb qarala-qarala:

– Mən… ərdə deyiləm… – deyə dodaqaltı mızıldandı və başını, bağışlanmaz günah üstə yaxalanmış kimi aşağı saldı.

– Ərdə deyilsiz? – Həkim deyib, stolunun arxasına keçdi, kreslosuna əyləşib, barmaqlarını bir-birinə daraqladı və qəribə müəllim təbiri ilə – əlbəttə, burada – qadın məsləhətxanasında belə hallara rast gəlinir, amma çox nadir hallarda – dedi. – Özünüz də bilirsiniz ki, bu, bizim  mentallığa yad bir şeydir, Amma ayrı əlac görmürəm, uşağı doğuluşa hazırlamaq lazımdır.

– Doğuluşa?.. – Fatma, gözləri hədəqəsindən çıxa-çıxa dedi.

– Bəli, o səbəbdən ki, abort dövrünü ötüşdürmüsünüz, döl həddən ziyadə böyükdür. 

…Vahimədən saçlarının dibi gizildəyə-gizildəyə:

– Axı… – dedisə də, həkim sözünün ardını gətirməyə imkan vermədi:

– Sizi anlayıram, amma ayrı cür mümkün deyil.

İtmək üzrə olan nəfəsini bir təhər nizamlayıb, özünü toparlayıb: 

– Məni sonacan dinləyin… – dedi, – məsələ burasındadır ki, mən… – bilmədi ardını necə gətirsin… bu yerdə elə bil kimsə kürəyindən dümsükləyib, hövsələsi darala-darala qulağına: “di qurtar, ürəkli ol, de, uzatma” dedi, – iş burasındadır ki, mən… Mən qadın deyiləm.

– Anlamadım, – həkim deyib qaşlarını çatdı.

– Doğrudan, çox qəribədi, amma sizə həqiqəti deyirəm.

          …Küçəyə çıxanda çiskinləyirdi. Maşın yolunun ortasıyla, üstünə yaşıl ipək örtük salınmış tabut aparırdılar. Tabutun qabağında mərhumun rəngli portreti gedirdi. Portretdəki qarı bir suyu ilə, məktəb direktorları Bikə müəlliməni xatırladırdı.

          Fikirləşdi ki, bəlkə, bu, elə odu?..

 

***

…Axşamüstü ürəkbulanması bir az da bərkidi. Hamamın əlüzyuyanına dirsəklənib ödü ağzına gələ-gələ, o ki var öyüdü.

Anası hamamın qapısı ağzında əli sinəsində dayanıb, bəbəyi irilmiş gözlərlə ona baxırdı...

 

…Bir azdan yataq otağının işığını keçirib, yanaşı uzanmışdılar, dinməz-söylə­məz qaranlıq tavana baxırdılar.

Anası ağzının içində dua oxuya-oxuya tavana elə baxırdı, elə bil ondan kömək istəyirdi.

Astadan anasına:

– Niyə yatmırsan?.. – deyə pıçıldadı.

– İmamların ruhuna dua oxuyuram, kömək olsunlar sənə, – anası deyib susdu.

Qəfildən anasına da, özünə də yazığı gəldi… üzünü divara çevirib sakitcə ağladı.

– Bilirəm, – anası tavanla danışırmış kimi, yenə yuxarı baxırdı, – gün kimi təmiz, su kimi safsan. Allahın işidi, bala, qarışa bilmərik, – dedi.

Bu biri böyrü üstə çönüb, anasının yorğanının altına girdi, uşaq vaxtı elədiyi kimi, başını sinəsinə qoydu, üzünü boynuna sıxdı.

Anasının boynu isti və yumşaq idi, saçlarından, yenə o vaxtlardakı kimi, təzə bişmiş südçörəyi ətri gəlirdi...

– Dua elə bala… hər şeyin açarı duadı, – anası başını sığallaya-sığallaya dedi, sonra elə bil  yuxuya getdi.

Asta xorultu səsləri tədricən otağın qaranlığına sızmağa başladı və bir müddətdən sonra kəsildi.

 

***

Aylar ötdü, illər dolandı, Fatma yaşa doldu… Anasını son mənzilə yola salandan sonra da, saçları ağarıb beli bükülsə də, ürəkbulanması kəsmədi ki, kəsmədi. Bətnindəki körpəsi də böyümədi ki, böyümədi, qarnının içində balaca, qızıl balıq kimi hey o başdan bu başa, bu başdan o başa üzdü, üzdü…

Fatma xoşbəxt idi… Necəsə, bu ürəkbulanmayla yaşamağa, səhər-axşam bətnindəki körpəsiylə bir, dörd divarın arasında öz analıq həyatını sürməyə alışmışdı. Səhərlər körpəsini yuxudan oyadır, ona mahnılar oxuyur, axşamlar əlini qarnının üzəriylə gəzdirib körpənin üzünü, başını, sığallaya-sığallaya nağıllar danışır, özünü dünyanın ən bəxtəvər qadını hesab edirdi...

Axır vaxtlar qarnının dərisi nazilib tül kimi şəffaf olmuşdu deyə, Fatma qarnının içini ovcunun içi kimi, apaydın görürdü. Günün əksər saatlarını eyvanın gündəyən tərəfində keçirir, köynəyini yuxarı sivirib körpəsini günə verir, barmaqlarının ucuyla yanaqlarını, burnunu qıdıqlayır, yumulu gözlərinə, saçlarına sığal çəkirdi.

Bir ana kimi körpəsinin hansı yeməyi xoşlayıb-xoşlamadığını da Fatma dəqiq bilirdi. Bilirdi ki, balası turş yeməkləri qətiyyən sevmir. Çünki ağzına turş nə isə qoyan kimi, uşaq, tısbağa qınına yığılantək, əl-ayağını yığıb qarnının bir küncünə çəkilir, Fatmanın nəvazişlərinə bir müddət məhəl qoymur, küsüb hərəkətsiz qalırdı. Onda Fatma tez tərpənib, evin künc-bucağını axtarır, tapdığı baldan, mürəbbədən yeyib, üstündən şirin çay, ya şərbət içirdi ki, körpənin ürəyini alsın.

Bəzən isə elə olurdu ki, Fatmanın bətninə elə bil qapqara duman çökürdü, qarnının içi ağır, qənbər daşlarla dolantək, bərkiyib ağırlaşırdı. Belədə o, pəncərənin qabağına keçib üzügünəşə oturur, qarnını gün işığına verib, dərisini nəvazişlə sığallayırdısa da, bətnindəki qaranlıq çəkilmirdi ki, çəkilmirdi. Onda Fatma uzun-uzadı diqqətlə ayaqlarına, əllərinə baxırdı… balaca körpəsini ovuclarında, barmaqları­nın ucunda axtarırdı… beyni dumanlana-dumanlana, bir-birinə bənzəyən qarmaqarı­şıq fikirlərin içində dolaşa-dolaşa olub-keçənləri xatırlamağa çalışır, olanların nə olduğunu, yaxud həqiqətənmi olub-olmadığını, olduğu halda, niyə olmadığını düşün­dü­yü­nü, yaxud olmadığı halda, niyə olduğunu zənn etdiyi barədə uzun-uzadı, dolama-dolaşıq fikirlərə qərq olurdu...

          Həyətdə top-top oynayan uşaqların arada bir eyvana dırmaşıb ona:

– Fatma xala, bir dəfə də qarnını göstər də, nolar? – deməsindən, yuxudan oyanantək ayılır, köynəyini sivirib uşaqlara, qarnını sığallamağa imkan verir, balaca əllər qarnının üzəriylə gəzişdikcə, qəribə rahat bir məmnunluq hiss edir, hər şeyi ayrı cür xatırlamağa başlayırdı…

 

 1987