Qabriel Qarsia Markes - “PATRİARXIN PAYIZI”

 

Həftənin sonuna yaxın quzğunlar saray pəncə­rələrinin dəmir barmaqlıqlarını dağıdıb içəri doluşdular, qanad çalıb saray otaqlarının uzun müddətdən bəri dəyişilməyən kifsəmiş havasını çalxaladılar… və bazar ertəsinin ala-toranında öz çürük əzəməti ilə bir əsrlik ölüm yuxusuna dalmış şəhər, axır ki, yuxudan ayıldı... biz yalnız bundan sonra içəri girməyə ürək elədik və artıq nə bəzi qoçaqların dediyi kimi, qədim qala divarlarına dırmaşmağa, nə də o birilərin düşündüyü kimi, giriş qapılarını öküz qoşqularıyla dağıdıb-sökməyə ehtiyac oldu. Bir vaxtlar Uilyam Deymperin gürzlərinə şərəflə davam gətirən binanın qapıları yüngülcə toxunmaqla öz-özünə açıldı… və biz ötüb-keçmiş əsrə qədəm qoyduq… sakitliyinin özü belə köhnə və kövrək olan, içindəki əşyalarıyla birlikdə bu kövrəkliyin və ilğımın içində dumanlanan bu qəsrin xarabalıqlarında, az qala, boğulduq; döşəməsi, az qala, buludlara dirənən qanqalın ağırlığından çatlayıb cadar-cadar olmuş birinci həyətdə biz saray qarovulunun, qəfil düşən qovhaqovda tələm-tələsik ora-bura atıb qaçdığı silah-sursatı, həyətin ortasındakı uzun, taxta stolda yarımçıq qalan naharın nimçələrdə çürüyən artıqlarını, bir vaxt dəftərxana yerləşən yarıqaranlıq tikilini, bu tikilinin divarlarını basmış rəngbərəng, zəhərli göbələkləri, uzun müddətdən bəri yaddan çıxdığından gedişatı məzmunsuz həyatın özündən də uzun çəkən, baxılmadığından qovluqlarının araları mamır bağlayan şəxsi işləri, qüllələri, az qala, buludlara dirənən bu sarayda üzü qədimdən bu yana yaşamış beş nəslin xaç suyuna çəkildiyi iri çəni, həyətin lap qurtaracağında vitse-kralın anbarı kimi istifadə olunan tövləni, orda güvə dumanı içində qaralan Böyük Qalmaqal dövrünün karetini, Taun zamanından qalan üstübağlı faytonu və Dünyanın Birinci Əsrinin əfsanəvi limuzinini gördük; hamısı yaxşı vəziyyətdəydi, milli bayraq rəngində boyanmış halda qalın tozun və hörümçək torlarının altında bozarmaqda idilər. O biri həyətdə – dəmir çəpərin o biri üzündə sanki ay tozundan tökülmüş gümüşü rəngli qızılgüllər açmışdı; bir vaxtlar bu güllərin kölgəsinə cüzamlı xəstələr sığınıb yatardı, indi isə baxımsızlıq üzündən bu əfsanəvi gül kolları çoxalıb, az qala, bütün həyəti bürümüşdü və bu səbəbdən havadan da qızılgül ətri gəlirdi… bu ətrə toyuq hininin, mal təzəyinin, qatı əsgər sidiyinin bağın dərinliyindən yayılan üfunəti də qarışmışdı; biz qızılgül kollarının boğanağından keçib qərənfil, ətirli astra, inciçiçəyi əkilmiş dibçəklərlə dolu tacşəkilli artırmaya çıxdıq; bura onun, qadınlarıyla əyləndiyi yer idi, üst-üstə qalanmış qarma-qarışıq tullantılardan, cürbəcür zir-zibildən və saysız-hesabsız tikiş maşınlarından təxminən bilmək olurdu ki, bu barakda nə qədər qadın və vaxtından tez doğulan nə qədər uşaq – bəlkə də, minədək – yaşayıb; biz çoxdan istifadə olunmayan kimsəsiz mətbəxlərdəki iyrəncliyi – ləyənlərdə qalıb iylənmiş yaş camaşırı, kişilər və qadınlar üçün genişləndirilmiş ümumi ayaqyolunu, bir vaxtlar Kiçik Asiya torpağında bitib göyərən, elə həmin torpaqla birlikdə nəhəng çəlləklərdə gətirilmiş, yarpaqlarının üstü sanki narın şeh bağlamış Babil söyüdlərini də gördük; söyüdlərdən sonra onun balaca sarayı – çərçivələri, dəmir barmaqlıqlarıyla birlikdə bir kökündən qoparılan pəncərələrində hələ də quzğunlar vurnuxan möhtəşəm, qəzəbli evi ucalırdı; qapıları sındırmaq lazım olmadı, elə öz-özünə elə bil səsimizin gücünə açıldılar və biz daş pillələrə salınmış, inək dırnağı altında tapdanıb eybəcər kökə düşən təmtəraqlı, teatral xalçaların üzəriylə qalxaraq binanın əsas mərtəbəsinə daxil olduq, birinci artırmadan axıracan – mərtəbənin lap qurtaracağındakı yataq otağına qədər bütün otaqlara baş çəkdik, xidməti yerlərdən saysız-hesabsız qəbul otaqlarına keçdik və hər yerdə üzləri heç nə ifadə eləməyən inəklərlə rastlaşdıq; onlar məxmər pərdələri çeynəyir, isti təzək və mebel sınıqları arasında saralan müqəddəs ikonaları və sərkərdələrin portretlərini tapdalaya-tapdalaya kresloların ipək üzlüklərini isladır, zəhlətökən moultularla qonaq otağında, konsert zalında ağa kimi gəzişirdilər; hər yer inəklə dolu idi… biz sınıq domino və bilyard stollarını, üstləri inəklərin sanki indicə otlayıb yalın qoyduqları yamyaşıl çəməni xatırladan açıq-yaşıl rəngli mahudu, künclərin birində öz doğma sahillərindən ayrı düşən ev sakinlərinə dəniz həsrətini unutdurmaq üçün işlədilən küləklər maşınını – dəniz küləyinin səsini çıxaran əcaib qurğunu, bir də hələ ötən həftədən üstünə yaylıq atılıb yaddan çıxmış quş qəfəslərini gördük; saysız-hesabsız pəncərələrdən isə şəhərin özü – hələ ki qədəm qoyduğu taleyüklü bazar ertəsinin ciddiliyini dərk eləməyən nəhəng əjdaha görünürdü… şəhərdən sonrasa bir vaxtlar dənizin yaşıl suları dalğalanan, indisə ay külünə bənzər kələ-kötür yarğanlar və vulkan dəlikləri açılmış ucsuz-bucaqsız çöllər uzanırdı; onun gizli iş otağından – bəzilərimizin, hələ bu hadisədən bir qədər əvvəl ürəklənib daxil olduğu yerdən isə çürüntü və cəmdək üfunətindən boğulub təngiyən quzğunların nəfəsi eşidilirdi və biz bu pis qoxunun iziylə qartalların ardınca gedib iclas zalına çıxdıq; orda yenə həmin inəkləri – bu dəfə zavallı heyvanların qurd basmış cəmdəklərini, bu cəmdəklərin zalın nəhəng güzgülərində birə-on artmış əzalarını gördük; sonra onun iş otağına aparan gizli qapını – arxa qapını itələdik və orda, axır ki, onun özünü orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldayan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basıbmış kimi, ovuclarına basıb gizlətmiş vəziyyətdə döşəmədə üzü üstə uzanmışdı; olsun ki, həmin görkəmdə qəddar-kahin ömrünün saysız-hesabsız, bitib-tükənməz gecələrini yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda həmin dəqiqə başa düşdük ki, onun şəxsiyyətinin təsdiq edilməsi təkcə saraya doluşan quzğunların onun üzünü dimdikləyib tanınmaz hala saldığı üçün yox, həm də sağlığında bu üzü əməlli-başlı görmədiyimizə görə baş tutan məsələ deyil. Hərçənd ki əjdahaşəkilli bayraqla təsvir olunmuş, cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi, biz bilirdik ki, bu əkslər onun lap uzaq keçmişlərdən bizim günlərə gəlib çıxan surətlərinin surətidi və Kometa ilindən bu yana etibarlı sayılmır; həmin ildən ki, onun kimliyi və görkəmi barədə valideynlərimiz öz ata-analarından, onlar da öz dədə-babaların­dan eşidib-öyrənmişdilər; biz isə lap uşaq yaşlarımızdan onun əbədi olduğuna və əbədi olaraq iqamətgahında sağ-salamat yaşadığına inanmağa alışmışdıq; bilirdik ki, kimsə nə vaxtsa bayram axşamı onun iqamətgahın çıraqlarını yandırdığını, kimsə prezident karetinin qaranlığından baxan kədərli gözlərini, qanı qaçmış solğun dodaqlarını, karet pəncərəsinin kahin cübbəsi kimi gümüşü saplardan hörülmüş pərdəsi altından kimsəsiz küçələrə xeyir-dua verən yuxulu əlini görmüşdü; biz onun sağ və salamat olduğunu bir neçə il bundan əvvəl unudulmuş şair Ruben Darionun şeirlərini küçənin ortasında beş sentə ucadan oxuduğuna görə tutulan, sonradan həmin o poeziya tədbirinə görə dəmir pulla mükafatlandırılıb azadlığa buraxılan gözləri kor bir tüfeylidən də öyrənib bilmişdik; o bədbəxt həmin o məlum səbəbdən generalın üzünü görə bilməmişdi, kor olmasaydı belə, onu onsuz da o səbəbdən görə bilməyəcəkdi ki, hələ Sarı Titrətmə dövründən bu yana onun üzünü Yer üzünün bir canlısı görməmişdi; amma biz bilirdik ki, o sağdı, Yer kürəsi də məhz buna görə hələ ki hərlənir, həyat davam edir, poçt işləyir, nəfəsli bələdiyyə orkestri də gecədən xeyli ötənədək Armas meydanının tozlu palmaları və kədərli fənərləri altında gic-gic valslar çalır, yeni, gənc musiqiçilər, qocalıb ölənlərin yerini tutur və hətta son illər onun hakimiyyət qəsrindən artıq insan səsi, mahnı, ya quş səsi eşidilməyəndə, saray hasarının zirehli darvazaları daha açılmayanda belə, biz bilirdik ki, sarayda kimsə var; çünki sarayın bir vaxt dənizə açılan dəyirmi pəncərələrində işıq yanırdı, yaxına getməyə ürək eləyənlər isə qala divarlarının o üzündən at ayaqlarının səsini və mal-qaranın ağır nəfəsini eşidirdilər; bir dəfə isə yanvar ayında biz prezident sarayının artırmalı eyvanında qürubu seyr edən inəyi də görmüşdük; bir təsəvvür edin, ana Vətənin fəxri eyvanında inək!? Biabırçılıq!.. Belə ölkəyə nə deyəsən?! Bunu görəndə hamımız çaşıb qaldıq: prezident sarayının eyvanı hara, inək hara?.. Yəni sarayda inək var?.. Yoxsa inəklər sarayın içi ilə, pilləkənlər boyu, xalçalar döşənmiş saray pillələri boyu özləri üçün rahat-rahat gəzişirlər?.. Onda bir hay-həşir düşdü ki, gəl görəsən, axırda heç özümüz də bilmədik nə baş verdi: bu lənətə gəlmiş inəyi biz prezident sarayının eyvanında gördük, yoxsa bu fağır heyvan gözümüzə Armas meydanında görünmüşdü?! Axı bu eyvanda, yaxınlıqdakı kəndçi xəstəxanasının məhəccərlərində mürgüləməkdən bezərək həmin o həlledici cümə gününün ala-toranında hücum çəkib sarayın pəncərələrini dağıdan qartallardan savayı, çoxdan idi ki, bir canlı belə görünmə­mişdi?! Həmin o gün qartallardan sonra bir vaxt dənizin, indi isə qatı toz dumanının yırğalandığı uzaq üfüqdən bir-birinin ardınca qatar-qatar ayrı quşlar da uçub gəlmişdi və quşların qırmızı buxaqlı, başı lələk taclı başçısı işarə verənəcən qartal dəstəsi bütün günü iqamətgahın başına dövrə vurmuşdu, sonra çilik-çilik olan şüşələrin səsi, möhtəşəm meyidin iyi gəlmişdi və qartallar oyan-buyana uça-uça insan nəfəsi gəlməyən bu kimsəsiz evin pəncərələrində vurnuxmağa başlamışdılar; bazar ertəsi biz də ürəklənib içəri girdik, bomboş iqamətgahın artıq uzaq keçmişdə qalan zəngin həyatının tör-töküntüsünü, onun qartalların didişdirib tanınmaz hala saldığı meyitini, incə qadın əllərini gördük; dövlət möhürü olan üzüyü onda sağ əlinin adsız barmağındaydı, bədəninin çox hissəsində, əsasən də qollarında və qasığında qəribə, xırda səpgilər gözə dəyirdi, qurşağında, qartalların niyəsə toxunmadığı nəhəng qarnını saxlayan brezent qayışın toqqası üfürülmüş öküz böyrəyini xatırladırdı; biz onu hamılıqla öz gözlərimizlə gördüksə də, öldüyünə yenə o səbəbdən inana bilmədik ki, onun bu sayaq “ölüsünü” bir vaxtlar da elə bu kabinetdəcə tapanlar çox olmuşdu, fərq bircə burasındaydı ki, bu dəfə o, bir vaxtlar görücü-falçının suya baxıb dediyi kimi, deyəsən, öz ölümü ilə – yuxuda ölmüşdü; o dövrlər isə ömrünün payızı hələ təzə-təzə qədəm qoymağına baxmayaraq özünü iş otağında o səbəbdən tam təhlükəsiz hiss edirdi ki, ölkə hələ kifayət qədər çiçəklənirdi; bəlkə də, elə buna görə ölkəni də elə idarə eləyirdi, elə bil qəti əmin idi ki, heç vaxt ölməyəcək; prezidentin sarayı, ətraf həyətləriylə birlikdə, saraydan çox, eşşəklərin ağır yüklərini boşaltdığı, dəhlizlərdən – tərəvəz və toyuq dolu səbətlər daşıyan ayaqyalın əsgərlərin arasından, ac-yalavac uşaqları qucağında, pilləkənlərin üstündə mürgü döyə-döyə hökumətdən mərhəmət payı uman qadınlarının arasından keçilə bilməyən bazar meydanını xatırladırdı; burda həm də onun gecədən qalıb soluxan güllərini təzələyən deyingən aşnalarının saray güldanlarından yuxarıdan aşağı boşaltdıqları bulanıq sulardan vaxtında qaçıb canını qurtarmaq lazım gəlirdi; burda döşəmələri yaş əsgilərlə silə-silə cuşa gələn qadınların xatakar məhəbbətdən oxuduğu mahnılar süpürgələrin xışıltısına, döşək çürüdən məmurların həyasız çığırtılarına qarışırdı; məmurlar yazı stollarının gözlərinə doluşub altdan-altdan yumurtlayan səfeh toyuqları qova-qova bir-biriylə söyüşürdülər; bu səsə ümumi ayaqyolundan gələn səslər, quşların qaqqıltısı və iclas zalında boğuşan küçə itlərinin səsi qarışırdı; bir sözlə, it yiyəsini tanımırdı və taybatay açılan yüzlərlə nəhəng qapılarından boylandıqca bu vay-həşirdə, bu basabasda nəyin harda olduğu, kimin nəyi idarə elədiyi, kimin kim, nəyin nə olduğu bilinmirdi; bütün bu vurhavurda, bu qarma-qarışıqlıqda saray sahibi nəinki şəxsən iştirak edirdi, bu məşəqqətin baş ilhamvericisi və təşkilatçısı da elə özü idi; elə ki prezidentin yataq otağının pəncərələrində işıq görünürdü – bu işıq isə birinci xoruz banından çox-çox qabaq yanırdı, səhərin ala-toranında prezident qvardiyası şeypurunun cır səsi eşidilməyə başlayırdı; Kondanın yaxınlıqda yerləşən kazarmaları isə həmin dəqiqə şeypurlara züy tutub saraydan gələn bu siqnalı daha uzaqlara – San-Xeronimodakı bazaya sarı ötürürdülər; ordan bu səslər liman qalasına çatdırılırdı, qalada isə bu siqnalı altı taktla, əvvəl paytaxtın sakinlərini, sonra isə bütün ölkəni oyada-oyada dönə-dönə təkrar eləyirdilər; ölkəni yuxudan oyadan bu “oyanma” mərasimi uzandıqca sarayın sahibi şəxsi ayaqyolunda oturub səhər düşüncələrinə dalır, şeypurların səsindən başına düşən uğultunu ovutmaqdan ötrü ovuclarını qulaqlarına basır, topaz təki tüstü rəngli boz dənizin dalğalarıyla üzən gəmilərin işıqlarına baxır, sonra gün ərzində nə qədər süd sağıldığını yoxlamaq, südün paylanmasına nəzarət eləmək üçün fermaya yollanırdı; südün hamısını prezident kareti ilə şəhərin kazarmalarına daşıtdırdıqdan sonra əlavə sağılan südün həcmini prezident şəxsən yoxlayırdı; əslində, o, südün paylanması məsələsinə hələ sarayda məskən saldığı ilk gündən nəzarət etməyə başlamışdı; nəzarət mərasimi başa çatdıqdan sonra mətbəxə keçib bir fincan qara qəhvə ilə bir tikə kasabe yeyə-yeyə yenicə başlamış günün nə ilə sona yetəcəyi barədə qətiyyən düşünmədən, bunu təsəvvürünə belə gətirmədən, nə edəcəyi haqqında fikirləşmədən, maraqla qulluqçuların söhbətlərinə qulaq asmağa başlayırdı; bu iqamətgahda dil tapdığı yeganə insanlar qulluqçular idi; qulluqçularla davranmaq o səbəbdən asan idi ki, onlardan öz ünvanına eşitdiyi tərifləri ciddi qəbul edir, bu sadə insanların qəlblərini rahatca oxuya bilirdi; beləliklə, bir fincan qəhvə ilə kasabesini yedikdən sonra o, saat doqquz radələrində həyətdəki şəxsi patiosunda, badam ağaclarının kölgəsindəki qranit vannasına girir, orda şəfalı otlarla ağzınacan dolu isti vannada saat on birəcən uzanaraq, gündəlik şuluqluqlardan əvvəl, canına yeriyən anlaşılmaz xofu əritməyə və sakitləşməyə çalışırdı; bir vaxtlar onu prezident kürsüsünə oturdan dəniz desantı hələ təzə-təzə şəhərə yerləşəndə o, desant qoşununun komandiri ilə öz kabinetinə girib qapını içəridən kilidləyir və onunla birlikdə vətənin taleyini həll edir, qüvvəyə minmiş müxtəlif qanunları və qərarları baş barmağının möhürü ilə imzalayır, o vaxtlar tam savadsız olduğundan, yazıb-oxuya bilmədiyindən və bu savadsızlığıyla vətənin taleyi ilə üzbəüz qaldığından bu qərara gəldi ki, məsuliyyət və diqqət tələb edən tikanlı qanunlara uyub qanını qaraltmaqdansa, ölkəni Allahın köməyi ilə idarə etsə yaxşıdı; bu minvalla ölkəni yaşına uyğun olmayan qıvraqlıqla, hakimiyyət pillələrində kəndirbaz ehtiyatıyla oynaya-oynaya idarə eləməyə başladısa da, ondan bir çimdik duz uman cüzamlı xəstələrin, korların, ifliclərin ittihamlarından can qurtara bilmədi; deyilənə görə, duz onun əlində məlhəmə dönürdü, ətrafındakı diplomlu siyasətbazlar, həyasız avaralar və yaltaqlar onu zəlzələlərin, bütün göy əlamətlərinin, təhlükəli illərin və Allahın digər səhvlərinin korrexidoru adlandırır, o isə ağır ayaqlarını qarda gəzən fil ləngliyi ilə sarayın dəhlizləri boyu sürüyə-sürüyə dövlət və məişət məsələlərini ötəri cəldliklə – bir qapını çərçivəsindən qopartdırıb ayrı yerə saldırdıqdan sonra elə həmin dəqiqə də ordan çıxartdırıb əvvəlki yerinə qaytardığı kimi – asanlıqla həll eləyirdi; ümumiyyətlə, onun bütün əmrləri, qala saatı zənginin günortalar və gecə yarısı, adəti üzrə, on iki dəfə yox, həyat olduğundan uzun görünsün deyə iki dəfə çalınması üçün verdiyi əmrin həmin dəqiqə yerinə yetirildiyi kimi, göz qırpımındaca, tərəddüdsüz icra olunurdu, bircə siestanın ölü saatlarında, hər şey sustalıb donuxanda, o öz yarıqaranlıq “qadın hininə” girər, arxasınca qapını bağlamadan, qadınların birini o birindən seçib ayırmadan, qabağına keçəni qamarlayıb yaxınlıqdakı taxtın, ya döşəmənin üstünə yıxar, cansıxıcı bürküyə məhəl qoymadan, qadını soyundurmadan, elə pallı-paltarlı işini görərdi… bütün saray isə onun it zingiltisini andıran ağır iniltisini, təngiyən nəfəsini, sol ayağının titrəyişindən əsib cingildəyən mahmızının səsini və arıq, qansız uşaqlarının onlara dikilən maraq dolu baxışlarından, az qala, yerə girən qadınların: “Rədd olun burdan! Marş həyətə! Belə şeylərə baxmaq olmaz! Uşaqlar belə şeylərə baxmaz!” – qışqıran həyəcan dolu səslərini eşidirdi; belə məqamlarda vətənin üstündən elə bil səssiz mələk ötüb-keçirdi; səslər kəsilir, hərəkət dayanır, bütün ölkə barmağını dodağına sıxıb: “Ss-s! Səs salmayın… nəfəs almayın, sakit! General eyş-işrətlə məşğuldur!” – deyirdi; amma onu tanıyanlar, onun ikiləşmə qabiliyyətinə bələd olanlar, bu işarası məhəbbət fasiləsinə o səbəbdən inanmırdılar ki, axşam saatlarında, yeddi radələrində onu qonaq otağında domino oynayan yerdə görənlər elə həmin vaxt, saat düz yeddidə mal təzəyini tüsdülədə-tüsdülədə iclas zalındakı mığmığaları qovduğunun şahidi olurdular: sarayın bütün pəncərələrində işıq sönməmiş, üç qıfılın, üç kilidin şırıqqıltısı, yataq otağının qapısının üç zəncirinin cingiltisi eşidilməmiş, gün ərzində gördüyü işlərdən ağırlaşmış yorğun bədəni nəhəng, sal daş kimi döşəməyə düşəndə körpə yuxusutək şirin yuxuya gedən bu fəndgir qocanın əvvəl qırıq-qırıq, sonra dənizin səviyyəsi ilə bir, su yuxarı qalxdıqca dərinləşib qaydasına düşən nəfəsi eşidilməmiş onun harda olduğunu bir kəs dəqiq bilə bilməzdi və məhz onda küləyin simləri gecənin sakitliyində təbillərin pərdəsi üstə çalantək tıqqıldayan cırcıramaların səsini içinə çəkir, nəhəng, köpüklü dalğa şahə qalxıb üzü qədimdən vitse-kralların və bukanyerlərin məskəni olan bu qoca şəhərin küçələrinə axır, ordan sarayın pəncərə­lərinə dolub binanı suyun içinə qərq edirdi; iclas zalının güzgülərinə yapışan ilbizlər isə balina ağzına bənzər ağızlarını açıb əsnəyir, dəniz, uzaq keçmişlərdəki kimi, okeanın dalğalandığı səviyyəyə qalxaraq bütün Yer üzünü, fəzanı və zamanı zəbt edirdi və bircə o – hərbi səhra geyimində, mahmızlı uzunboğazlarında, üzünü balışa basan təki ovuclarına basıb öz ay şüalı yuxu dənizində batıb boğulan tənha meyit kimi üzürdü; ikiləşmək istedadı, yəni eyni məqamda müxtəlif yerlərdə – ikinci mərtəbədə ola-ola həm də birinci mərtəbədə tək-tənha dayanaraq dənizin uzaq ənginliklərini seyr etməsi və elə həmin vaxtda da eyş-işrət nəşələrində titrəyib-əsməsi, nə bəzi yaltaqların dediyi kimi, onun qeyri-adi, ali bir sima ol­masına dəlalət edirdi, nə də bu, düşmənlərinin danışdığı kimi, kütləvi qarabasma-zad idi; sadəcə, bu adamın ona it sədaqətiylə qulluq etməyə, yolunda ölümə belə getməyə hazır olan, zahiri görünüşcə əkiz tayı – Patrisio Araqones adlı inanılmış adamı vardı; bu adam tamamilə təsadüfən, ax­tarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin bir günü pre­zidentə bu mətnli bir məlumat çatdırılmışdı: “Mənim ge­nera­lım, eynilə prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri özünü sizin adınızdan təq­dim edir və deyim ki, heç də pis alınmır, mənim generalım! Adam­­lar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin dodaqlarınızı, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə karetin pən­cərəsindən yolboyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin, general, allahsızlığa bax!..” Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə başına çuval keçirilib gizli yolla saraya gətirilməsini tapşırdı; deyilənə görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə sanki özü özünü kənardan görən prezidenti qəribə bir təhqir hissi bürümüşdü; bu küçə adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki onu görən prezident: “lənət şeytana, bu adam mən özüməm ki?!” – fikirləşmişdisə də, o vaxtlar o adam heç də özü deyildi, hətta onun amiranə səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın görünürdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı güllələmək əmri verməkdən də prezident məhz buna görə çəkinmişdi, görünür, bu avaranın ovcundakı tale xəttinin, nə cür olursa olsun, onun taleyinə təsir etməyindən qorxmuşdu; Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə prezidentin ağlına çox-çox sonralar, bu təhlükənin tam əsassız olduğunu anlayanda gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə döyüb yastıladaraq ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə gecikmək məqsədiylə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin guya dolaşıq düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə: “Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş gəlmir!” – deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında şüşə üfürməklə məşğul olanda zarafatcıl və çərənçi kimi tanınan bu adam indi həmsöhbətlərinin əslində nə demək istədiklərini, onların danışığına məhəl qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi; üstəlik, ona verilən suallara da o dəqiqə cavab verməyi tərgitmişdi, suallara: “Bəs siz necə bilirsiz?” – deyə sualla cavab verməyə, bir növ, adət eləmişdi: çolaqları və əlilləri bu yaxınlaracan hansı möcüzə iləsə müalicə edən bu fırıldaqçı sonradan işgüzar, ciddi bir adam oldu; o, bir dəqiqə bir yerdə oturmur, bütün günü nə isə həll eləyir, qabağına keçən arvadları qamarlayıb xoruz kimi belinə minir, gecələr quru döşəmənin üstündə pallı-paltarlı, döşəksiz-balışsız, üzünü ovuclarının içinə basıb yatırdı. Patrisio özünü, keçmişini tamam unutmaq üçün şüşəüfürən taleyinin üstündən birdəfəlik xətt çəkmişdi; bütün olan-qalanını ölüm riskinə – ali hakimiyyət sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daşın onsuz da qoyulmayacağı yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tədbirlərdə – prezidentin qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində, öz miskin taleyi ilə barışaraq ayrı adamın cildində iştirak etməli olurdu və bütün bunları tamahkarlığı ucbatından, yaxud hansısa daxili ehtiyacının, ya inamının diktəsi ilə eləmirdi; Patrisionun, sadəcə, seçmək imkanı yox idi: ya aya beş yüz peso alan riyakarın şahlıq həyatı, yaxud dar ağacı – daha burda burcutmağın yeri yox idi; lakin günlərin bir günü, axşamçağı ağası Patrisio Araqonesi dənizin sahilində pərt vəziyyətdə, qəm-qüssə içində, ətirli jasmin kollarını iyləyən yerdə tapdı və narahatlıqla onu qəmləndirə bilən hansı hadisənin baş verdiyini, bəlkə, nahar vaxtı kiminsə onu acıladığını, yaxud bəlkə, kiminsə gözünə gəldiyini soruşanda Patrisio Araqones: “Heç də yox, mənim generalım, vəziyyət daha qəlizdi!” – deyə cavab verdi və burda məlum oldu ki, Patrisio şənbə günü karnaval ilahəsinin başına tac qoyandan sonra onunla birinci valsı oynayıb, indi isə bu xatirəni qarnına, ya harasınasa soxub gizlətmək, quyunun dibinə basdırmaq, ya ondan qaçıb gizlənmək üçün bir qapı, bir yol ona görə tapa bilmir ki, “o ilahə dünyanın ələ düşməyən, ələ gəlməyən, yuxuya belə girməyən gözəllərindəndir, canlara dəyəndir, mənim generalım! Siz onu görsəydiniz?!” Onda general dərindən nəfəs dərib arvada görə bu kökə düşməyin mənasız olduğunu dedisə də, Patrisioya qadın ehtiyacını ödəmək üçün o gözəli oğurlamağı da təklif etdi; o özü də həmin ələ gəlməyən gözəllərdən çox oğurlamışdı və sonralar həmin gözəllər onunla məmmuniyyətlə yaşamışdılar. “Mən onu sənin yatağına saldıraram, – general dedi, – dörd əsgər qollarını burub saxlayar, sən də onun dadına ən yekə qaşıqlarla, doyanacan baxarsan. Qoy vurnuxsun! Hamısı boş şeydi! Onların ən tərbiyəlisi də əvvəl acıqlı olur, amma sonra ağlayıb: “Məni dişlənmiş alma kimi atmayın, mənim generalım…” – deyə yalvarır; lakin Patrisio Araqones bu təklifdən imtina elədi, çünki daha çox şey – o qadının məhəbbətini, nəhayət, onun məşuqəsi olmasını istəyirdi; “Axı o qadın, – Araqones deyirdi, – təkrarolunmazdı, əsl məhəbbətin nə olduğunu, nəyin necə olduğunu bilir. Onu görsəniz, özünüz bunu anlayacaqsınız, mənim generalım”. Onda ağa Patrisio Araqonesin dərdini bir az azaltmaq üçün ona öz rahatxanasına aparan gizli yolları göstərib hərəmlərindən istədiyi qədər, amma onun kimi, xoruzsayağı, ayaqüstü, soyunmadan, onları da soyundurmadan istifadə eləməyə icazə verdi və Patrisio Araqones öz ehtirasını, öz istəyini bu rahatxanada boğa biləcəyi ümidiylə bu özgə eyş-işrət bataqlığına baş vurdu, eyş-işrətlə, arzu və istəyinin gücündən alovlanıb daşan ehtirasdan, generalın dediyi kimi, ayaqüstü yox, məhəbbətin bütün ləzzəti ilə, həssas incəliklə, sevgiyə simic qadınları belə hərəkətə gətirərək onların daşlaşmış hisslərini oyadıb inildədə-inildədə məşğul olmağa başladı, sonra da heyrət içində sevinə-sevinə generala: “Ay xatakarsız ha, mənim generalım, qocaldıqca da canınız elə bil bir az da sulanır!” – dedi; və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə də qadınlar – kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu heç cür təyin edə bilmədi; beləliklə də Patrisio Araqones ağanın ən yaxınına, əzizinə və eyni zamanda, qorxub çəkindiyi adama çevrildi; Patrisioya görə, general çoxlu asudə vaxt əldə edib silahlı qüvvələrlə əsaslı surətdə məşğul olmağa başladı, bir vaxtlar bu böyük vəzifəyə seçilərkən elədiyi kimi, bütün diqqətini bu səmtə yönəltdi. Lakin bununla, bizim düşündüyümüz kimi, ona görə bu sayaq cidd-cəhdlə məşğul olmadı ki, silahlı qüvvələr onun hakimiyyətinin əsasını təşkil edirdi. Əksinə! General bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odur ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına o biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını alır – zabitlərin taleyinə yazılanları dəyişərək onları bir vəzifədən başqa birinə, bir yerdən o biri yerə köçürür, onu ora-bunu bura yerləşdirə-yerləşdirə aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə – saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstdə, daim generalın ürəyinin başında cingildəyirdi; dəstədəki bu açarların hərəsindən bircə dənə idi və müdafiə naziri, prezident qvardiyasının komandiri, milli təhlükəsizlik xidmətinin rəisi vəzifələrini aparan, hətta generalı dominoda udmaq ixtiyarına malik olan nadir adamlardan biri, onun əziz dostu, təcrübəli artilleriyaçı general Rodriqo de Aqiların kölgə kimi müşayiət etdiyi bu arsenalı ondan başqa heç kimin açıb buraxmağa ixtiyarı yox idi; məgər prezident karetinin sui-qəsd hazırlanan yerə çatmasına bir neçə dəqiqə qalmış dinamiti zərərsizləşdirən zaman sağ əlini itirən həmin bu Rodriqo de Aqilar deyildimi?.. Çox keçmədi, general Rodriqo de Aqilarla Patrisio Araqonesin kölgəsində özünü o qədər rahat və təhlükəsiz hiss etdi ki, özünümüdafiə instinkti tamam-kamal kütləşdi və tez-tez camaatın arasında görünməyə başladı; o, tək bir adyutantın müşayiətilə adi, gerbsiz karetdə şəhəri gəzir, yol boyu karetin pərdələrini açaraq adamlara əl eləyir, onun dekreti ilə ən gözəl kilsə elan edilən, qızılı daşlardan hörülmüş möhtəşəm kilsəyə, piştağlarında uzaq, yuxulu keçmiş uyuyan qırmızı kərpicli qədim evlərə, sarı bənizlərini dənizə, şehli səkilərə, yanıq şam kötüklərinin iyi gələn tərəfə, açıq eyvanlarda cansız üzlərindəki donuq bakirəliklə oturub, qərənfil dibçəkləri ilə şitillərin arasına sıxıla-sıxıla, yorulmadan şəbəkə toxuyan qızlara sarı çevrilən günəbaxanlara, bir vaxt ilk kometanın gəlişində klavikordların çaldığı musiqinin səsi gələn monastırın qaranlıq pəncərələrinə baxırdı; bir dəfə isə şıdırğı alver gedən məhəllənin Babilsayağı izdihamına qarışıb, adamların hay-küyünü batıran hiddətli musiqi sədaları altında, lotereya biletlərindən hörülən çələnglərə, çaxır dolu arabalara, iri iquana yumurtasından yığılan yumurta təpələrinə, günün altında ağaran türk piştaxtalarına, valideynlərinin sözündən çıxdığına görə əqrəbə çevrilən qızın vahiməli portretinə, axşamçağları şam yeməyinə bir-iki balıq qazanmaq, dərdini unutmaq üçün, şəbəkəli taxta balkonlara sərdikləri pal-paltar quruyanacan, piştaxtaların qabağında lüt-üryan peyda olub, göyərtisatanlarla latayır küçə söyüşü ilə söyüşən dul arvadların küçə boyu düzülən miskin komalarına baxdı. Sonra prezidentin üzünə çürük balıqqulağı iyi vurdu və o, uzaqdan, göz­qa­maş­dıran işıqlı göylə süzən qutan qatarını, limanın lap girəcəyində təpələrin üstünə səpilən rəngbərəng zənci komalarını da gördü; budur, bu da liman! Ah, liman! İylənmiş çiy taxtalarla döşənmiş liman! Elə bu vaxt karet, az qala, limanı gözdən keçirən kədərli qocanın simasında ölümün özünü görürmüş kimi, ürküb yerində səndələyən zənci qadını vuracaqdı. “Bu odur! – zənci qadın heyrətlə qışqırdı, – bu odur! Əsl kişiyə eşq olsun!” “Eşq olsun!” – deyə kişili-qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, “Eşq olsun! Eşq olsun!” – deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşqun insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə elə sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: “Adam qorxaq olmaz, leytenant, onlar məni sevir, buna mane olmayın!” Son günlərin təsirli təəssüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; “Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!” O heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik bayramı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində boyanmış köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədləri boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan cənnət quşlarını ürküdə-ürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin içindən ötərək prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə yollandı; stansiyalarda qatarı matəm havalarına bənzər ürəküzən musiqi ilə qarşılayır, kilsə zəngləri səslənir, onu müqəddəs üçlüyün sağ apostolu elan edən şüarlar dalğalanırdı; prezident vaqonunun yarıqaranlıq kupesində oturan rəhbəri şərəfləndirməkdən ötrü qatarın qabağına ilk əvvəl hindular çıxırdı, lakin vaqona yaxınlaşanlar pəncərənin tozlu şüşəsi arxasında bərəli qalmış gözlərdən, titrək dodaqlardan və salamlaşmaq məqsədilə yuxarı qalxan əldən savayı heç nə görmürdülər; prezidentin qolu görünmürdü deyə yuxarı qalxan ovucu havadan asılı qalmış kimi görünürdü; keşikçi-polkovnik onu pəncərədən kənara çəkməyə cəhd göstərərək: “Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!” – deyəndə o, qəribə özünəarxayınlıqla: “Narahat olma, polkovnik, bu adamlar məni sevir!” deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının çayın dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların böyründən üzdü. Uzaq üfüqdə Yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görü­nürdü.

 

Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət çatdırmaq istəyən adamlara baxıb kövrələ-kövrələ içini çəkir: “Bir baxın, kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...” – deyirdi.

Dekabr aylarında, Qəraib ölkələrinə yaz gələndə o öz karetində dağ yolu boyu dağın lap kəlləsində ucalan binaya qalxır, orda bir-iki gecə dünyanın müxtəlif ölkələrindən qovulan diktatorlarla, müxtəlif ölkələrdə taxtdan salınan millət ataları ilə – uzun illər bundan əvvəl siyasi sığınacaq verdiyi adamlarla domino oynayırdı. Burda, bu binanın artırmasında dalğın vücudlarıyla kreslolara yayxanan bu boşboğaz qurumsaqlar onun rəhm kölgəsi altında qocalıb qartıya-qartıya, günlərin bir günü ardlarınca gələn gəminin onları əvvəlki yerlərinə – öz kürsülərinə aparıb çıxaracağı gələcək barədə illüziyalara dalırdılar. Bu sığınacaq ölkələrdən qovulanların sayı çoxalandan sonra tikilmişdisə də, general üçün bu adamların hamısı bir adam idi, onların hamısı generalın yanına eyni cür – səhərin ala-toranında, gecə köynəyinin üstündən, necə gəldi, əyinlərinə keçirdikləri parad geyimində, bir əlində dövlət xəzinəsindən çırpışdırdığı pulla dolu sandıq, o biri əlində içinə orden-medallarının, səhifələrinə qəzet mətnləri yapışdırılan köhnə dəftərxana kitablarının və fotoalbomların doldurulduğu çanta ilə gəlirdilər. Millət atalarının hər biri bu albomları şəhadətnamə əvəzinə ge­nerala təqdim edərək dodaqaltı: “Baxın, general, – deyirdilər, – burda mən hələ leytenant rütbəsindəyəm, bu isə artıq prezidentliyə yenicə qədəm qoyduğum vaxtdır, burda isə prezidentliyimin on altıncı ildönümünü qeyd edirlər, amma burda...” Lakin general nə təzə gələnə, nə də onun şəhadətnamə əvəzi təqdim etmək istədiyi alboma məhəl qoyurdu, çünki belə hesab edirdi ki, taxtdan salınan prezidentin şəxsiyyətini təsdiq edə bilən yeganə ləyaqətli sənəd – onun ölümü barədə şəhadətnamədir və bunu hər yerdə ucadan deyirdi.

O hər gələnin yalnız müvəqqəti, az bir müddətdə gəldiyi barədə təmtəraqlı, üfürülmüş nitqinə nifrətlə qulaq asırdı:

 “Bircə o anacan, mənim generalım, xalqım məni yenidən geri çağıranacan!” Lakin general gözəl bilirdi ki, bütün bunlar boş sözdür, adi çərənçilikdir, siyasi sığınacaq almağın qəbul olunmuş qaydasıdır! O onların hər birindən, ən birinci gələndən axırıncıya kimi, eyni şeyi – onun nəyə görə taxtdan aşdığını, onu aşıranın bunu niyə elədiyini, vaxtilə onu yıxanın özünün də bir gün yıxılacağı barədə eyni məzmunlu mətni eşidirdi. Guya bu zırramalar anlamırlar ki, siyasət ilk əvvəl kişilik tələb edir, guya qanmırlar ki, hakimiyyət belə bir şeydi ki, it getdisə, ip də əldən çıxır və daha sarsaq illüziyalarla yaşamağın yeri yoxdur!

Bir-iki ay general təzə gələnin başını qatmaq məqsədilə bizim o biri generala son sentavosunu uduzanacan prezident sarayında domino oynadı, sonra günlərin bir günü təzə gələni dənizə açılan pəncərənin qabağına gətirib isti, kövrək sözlərlə həyatın puçluğundan danışdı: “Bu, həyat deyil, başdan-ayağa cəhənnəm əzabıdır, sizi inandırıram! Lakin Allah bir tərəfdən bağlayanda o biri yandan açır. Bir baxın, qayanın başındakı o evi görürsünüzmü? Dağların zirvəsinə ilişib-qalan nəhəng okean gəmisini görürsünüzmü? Bu gəmidə sizin üçün gözəl kayut, işıqlı otaq ayrılıb. Orda yaxşı yedirdirlər... orda sizin çoxlu asudə vaxtınız olacaq... orda öz həmdərdlərinizlə istirahət edəcəksiz... orda dənizə açılan gözəl artırma var!..”

O özü də bu evdə, bu artırmada dincəlməyi xoşlayırdı və burda bu vecsiz adam yığnağının içində domino oynamaqdan çox, öz vəziyyətinin üstünlüyündən həzz ala-ala, bu adamlardan biri olmadığına görə gizlicə sevinə-sevinə, bu vecsiz varlıqlara, bu çarəsiz insan bataqlığına baxıb bir az da gözəl yaşamağa – səhərin erkən çağında döşəmə süpürən işvəli cananları ayaq barmaqlarının üstündə gəzə-gəzə izləyə-izləyə, canını qı­dıq­­­layan şirin xəyalları həqiqətə çevirməyə, günah dolu arzularını doyuzdurmağa çalışırdı. O, qızların yataq otağının spesifik qoxusundan cuşa gəlir, onları ev boyu izləyir, xəlvətə düşəndə xoruz toyuğu qamarlayan kimi qamarlayıb küncə salırdı. Onda evin qaranlıq künclərindən açıq-aydın qaqqıltı səsləri eşidilirdi: “Siz lap quldursuz, mənim generalım! Qocaldıqca lap şorgöz olursuz!” Lakin sevgi dəqiqələrinin bitməyi ilə generalın qəm dəryasına batmağı bir olurdu və o bu qüssəni canından çıxarmaq üçün harasa xəlvət bir yerə çəkilib oxuyurdu: “Ah, yanvar ayı! Bir bax: sənin pəncərəndə mənim qəmim edam edilir!”

Bu bahar heç bir təhlükəli əlamət hiss olunmurdu, bəd xəbərlər eşidilmirdi və o, xalqının sədaqətinə o qədər arxayın idi ki, öz tor yelləncəyini anası Bendisyon Alvaradonun yaşadığı məmləkətin həyətində, həyətin uzaq, tənha bir küncündə asaraq canüzən siesta saatlarını burda, tamarindlərin kölgəsində, keşiksiz-filansız, yelləncəkdə tək-tənha uzanıb yellənə-yellənə keçirir, yuxuda sarayın yataq otağının divarları rəngində sularda üzən səyyah balıqları görür, “Vətən – ən gözəl uydurmadır, anacan!” – deyərək köks ötürürdü. Anası yeganə adam idi ki, ona qoltuğundan tər iyi gəldiyini deyə bilərdi. Siestadan sonra o öz iqamətgahına dünyadan razı ovqatda, möcüzəli Qəraib baharından, yanvar əməköməcindən doyub sakitləşərək qayıdırdı. Belə vaxtlar hətta Vatikan səfiriylə, yəni Roma papasının nunsisi ilə razılığa gəlirdi. Odur ki səfir tez-tez, çox vaxt da axşamüstü onun yanına gəlir, bir fincan şokoladla peçenye yeyə-yeyə bizim generalı katolik kilsəsinin ağuşuna qaytarmaq, onu yenidən xristianlığa doğmalaşdırmaq mövzusunda kövrək söhbətlər aparırdı. General isə gülməkdən uğuna-uğuna deyirdi ki, “əgər Allah-taala siz deyən kimi böyükdürsə, onda xahişimi ona çatdırın, qoy məni bu qulağagirən murdar ilbizdən uzaq eləsin…” Sonra köynəyini başına siyirib qarnını göstərərək: “Qoy bu köpdən canımı qurtarıb artıq havanı içimdən çıxarsın”. Lakin papa nunsisi inadkar idi, öz dediyindən əl çəkmirdi, yenə dönə-dönə israr edirdi ki, hər şeyi yaradan Allahdır, bütün dəyərlər müqəddəs Ali Ruhdan törənib. General isə əvvəlki məzə ilə: “Barıtı boşuna işlətməyin, müqəddəs ata, – deyirdi. – Mənə ağıl qoymağın mənası yoxdur, onsuz da, mən elə siz deyəni eləyirəm, daha nə istəyirsiz?..” Lakin onun yorğun körfəz kimi sakit qəlbi xoruz döyüşünə baxmaq üçün gəldiyi uzaq bir şəhərdə birdən-birə riqqətə gəlmişdi. Döyüşlərin birində vəhşiləşmiş xoruz öz rəqibinin başını boğazından qoparıb ləzzətlə dimdikləməyə, sərxoş orkestr qalibin şərəfinə təntənəli tuş çalanacan gözünü qan tutub azğınlaşan camaatın gözü qabağında yeməyə başladı. General döyüş meydanında baş verən bu hadisəni nəsə pis bir əlamət kimi, onun öz başına gələ biləcək incə bir işarə kimi yozdu.

O bunu bir anın içində hiss elədi və əsgərlərə, sümsü çalan musiqiçini həbs etməyi əmr etdi. Musiqiçini tutdular və belə məlum oldu ki, yanında silahı da varmış və o, camaat çıxışa tərəf axışanda bu silahdan generala atəş açacağını ağır işgəncələrdən sonra boynuna aldı. “Mən bunu o dəqiqə başa düşdüm, – general dedi, – başa düşdüm ki, atəşi o açmalıdı! Ona görə ki mən hamının gözünün içinə baxırdım, hamı da mənim gözümün içinə baxırdı, bircə bu yaramazdan, bu bədbəxt kütbeyindən savayı. Üzünü yana çevirib guya özü üçün sümsü çalırdı”. O gündən generalı yenə qorxu hissi izləməyə başlamışdı. Hərçənd yaxşı başa düşürdü ki, əslinə qalsa, məsələ heç bunda da deyildi, onu qorxudan heç də xoruz döyüşündə baş verən əhvalat deyildi. Təhlükəsizlik xidmətinin narahatlıq üçün heç bir əsasın olmadığı, hər şeyin öz qaydasıyla getdiyi barədə qəti bəyanatlarına baxmayaraq hər gecəsini sarayın qalın divarları arasında dəhşətli qorxu içində keçirirdi. Elə Patrisio Araqones də məhz burda kara gəldi! O, Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz qabından, özü yediyi yeməklərlə yedirtməyə başladı. Yəni ki, işdi, yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. “Heç olmasa, təkcə ölməyim!” – general fikirləşirdi...

İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləpirlərini andıran izləri bilinməsin deyə ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak işığının içiylə sanki üzürdülər.

Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin ayrılıq fiti sahil boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri dolurdu... Ya da hər ikisi üzücü sentyabr axşamları pəncərənin qabağında dayanıb əlindən bir iş gəlməyən aşiqlər kimi qaranquşları sayırdılar.

General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini elə itirmişdi ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah burda görünə-görünə, ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə oyanacağı ağlına belə gəlmirdi. Bəziləri hətta onun letargiya yuxusuna getdiyindən şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə çoxaldılmasına, prezident sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq deyirdilər ki, guya kimsə sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri görüb... Onda bütün məmləkət dərin sükut içində donmuş, günortadan sonra sübhün açılacağını gözləməyə başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-döşəyində, yuxuda öldüyü barədə şayiələr gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli məmurlar bu ölüm xəbərini ona görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd edə bilməyiblər.

O, yaxın günlərdə taleyində nə isə baş verəcəyini hiss etsə də, bütün bu söhbətlərə əhəmiyyət vermirdi. Hərdənbir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq kəsib general Rodriqo de Aqilardan soruşanda ki, “dostum, vəziyyət, ümumiyyətlə, necədir?”, onda o biri: “Hər şey öz əlimizdədir, mənim generalım, ölkədə sakitlikdir”, – deyirdisə də, o, canına yeriyən qorxudan azad ola bilmir, sarayın, mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində nə isə daha qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların dibində gəzir, oralarda da heç nə tapmayanda həyəcandan titrəyə-titrəyə anası Bendisyon Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarind ağaclarının sərin kölgəsində yellənə-yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa da, həyat eşqiylə alışıb-yanan anası da köhnə yelləncəkdə onunla yanaşı oturub təmiz havadan uda-uda yellənir, yan-yörəsində hərlənən toyuq-cücəni, tovuz quşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna yayxanıb şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: “İçin, sərinləyin, zat-aliləri…” – deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, anasına demək istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: “Ey mənim əziz anam Bendisyon Alvarado, sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu məşəqqətdən heç özüm də bilmirəm hara qaçmaq istəyirəm!..” Bu ah-tuxun əsl səbəbindən xəbərsiz anası da elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən bu qaraşın qızlardı. Odur ki axşam düşən kimi, şəhərin işıqları yanar-yanmaz, gizli yolla öz yerinə – saraya qayıdır, qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə qarovulun addımlarına diqqət kəsilirdi. Qəfildən onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: “Hər şey qaydasındadır, zati-aliləri! Tam sakitlikdir!” – deyə hesabat verirdi. General isə gözəl bilirdi ki, onlar bunu vəzifə borcları kimi qeyri-iradi deyir, onu da, özlərini də o səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə bir gərgin dövr idi ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər şey qaydasındadır. Generalı rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər qatıb hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu anlaşılmaz xof idi. Hər şey də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz döyüşündən sonra başladı! Gecələr quru döşəmənin üstündə uzanıb, yuxusuz­luqdan gözü acışa-acışa, hardansa uzaqdan – kasıbların toyundan eşidilən musiqinin, nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların, gecə saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca verdiyi asta ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan qızılgüllərin xışıltısına qulaq asır, bədəni soyuq tər basa-basa içini çəkir, bircə dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa gizli duyğusu, gecənin havası, anasıgildən qayıdarkən küçədə rastına çıxanlar ona çox şey deyirdi.

Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan küt­ləni, taybatay açılan pəncərələri, şəhərin qeyri-adi canlan­masından həyəcanlanıb dekabr səmasının mavi ənginliklərində uçan qaranquş qatarını gördü və hər şeyi bir az da aydın görmək üçün karetin pərdəsini aralayıb: “Mənə əziyyət verən, bax bu idi, ana! Üzüb əldən salan bu idi! Axır ki baş verdi!” – fikirləşdi və elə həmin an da dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng şarlara – qırmızı, yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə əcaib bir yüngüllük hiss elədi.

Sonra qəfildən nə oldusa, ürkmüş qaranquşların arasından göyə qalxan şarların hamısı birdən-birə səssizcə partladı… minlərlə rəngbərəng vərəqələr şəhərin üstünə səpildi və çovğunun süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. Prezident karetinin sürücüsü qarma-qarışıqlıq idi deyə atların başını geriyə döndərib izdihamın içindən kənara sıçradı. Heç kim bu karetə fikir vermədi, tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı. Camaat vərəqələri göydə tutur, ayaq altından yığırdı, hamı bir adam kimi yığırdı, mənim generalım! Vərəqələrin mətnini eyvanlardan ucadan oxuyurdular, döngələrdən: “Rədd olsun zülm! Cəllada ölüm!” – səsləri eşidilirdi. Hətta saray qarovulunun əsgərləri belə, dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: “Bir əsrlik despotizmə qarşı mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın arvada qarşı mübarizə aparan vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun quldurluq!” Bütün ölkənin minillik yuxudan ayıldığı bu dəqiqələrdə ən dəhşətli xəbəri o, karet tövləsində aldı: “Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!”

Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb üzüldüyündən Patrisio Araqonesə dəmir şahı atıb talelərini öyrənməyi təklif eləmişdi. “Pulu ataq, – demişdi, – qartal üzü düşsə, demək, birinci sən öləcəksən, o biri üzü düşsə, mən”. Patrisio Araqones isə püşk atmaqdan imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul atmağın da heç bir xeyri yoxdu, udan, uduzan olmayacaq. “Bəyəm unutmusunuz, pulun hər iki tərəfinə prezidentin profili döyülüb?” Onda general talelərini dominoda sınamağı təklif etdi: “İyirmi oyundan çox udan sağ qalacaq”. “Mən razı, – Patrisio Araqones dedi, – böyük məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə sizi udmaq hüququ verilməlidir”. Bu hüquq ona verildi və oynamağa başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə generala uduzan Patrisio Araqones iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin tutuşmanın üzüntüsündən tərləyib soyuyan üzünü silərək içini çəkdi: “Nə etməli, mənim generalım, təəssüf ki, mən də ölmək istəmirəm...” – dedi. Onda general domino daşlarını taxta qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan müəllim təbiriylə, özünün də, ələlxüsus da domino oynuna görə zorla ölməyə həvəsi olmadığından vaxtı çatanda öz ölümü ilə, öz yorğan-döşəyində, prezidentliyinin lap ilk günündən onun taleyini su ləyəninə baxıb oxuyan falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. “Amma bir yana baxanda, – dedi, – yenə heç nə dəqiq deyil, çünki anam Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda çəngəllə yazılanları oxuyum. Mən hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm və Allahına şükür elə ki, bütün bunların hamısı zarafatdı”. Onda bu zarafatın heç də adi zarafat olmadığı ağlına belə gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm püşkü, həqiqətən də, onlardan birinin payına düşəcək. Elə də oldu.

O, Patrisio Araqonesi otağında ölümqabağı işgəncələr içində qovrulan halda gördü. Xilasa ümid yox idi, oxun zəhəri həddən artıq qatıydı. İçəri girəndə Patrisio Araqonesi elə kandardan, romalılar kimi, əli başının üstə salamladı: “Eşq olsun, igid!” Sonra can verənin yatağına əyləşib yüngülləşdirici dava-dərmandan xəstəyə qaşıqla içirtməyə başladı. Patrisio Araqones isə generalın bu xidmətindən imtina eləmədisə də, ona zərrə qədər minnətdarlığını da bildirmədi və dərmanın növbəti qaşığını udandan sonra ürəyindən keçənlərin hamısını birnəfəsə döşədi: “Mən sizi bu murdar dünyada müvəqqəti tək qoyub gedirəm, mənim generalım... ürəyimə damıb ki, sizinlə cəhənnəmin yeddinci qatında görüşəcəyik... Mən – ağrıdan ip kimi gərilib düyünlənmiş, üç qatından keçən zəhərli oxla öldürülmüşün birisi, siz isə əlləriniz başınızın üstündə, özünüzü soxmağa yer tapmırsız, açıq danışdığıma görə üzr istəyirəm, mənim generalım, hər şeyi olduğu kimi deyirəm... İndi daha deyə bilərəm ki, sizi heç vaxt sevməmişəm, sizsə nəyə görəsə beyninizə yeritmisiz ki, guya mən sizi sevirəm... Yox, mən həmişə sizə nifrət eləmişəm... Azadlığımı sizin ucbatınızdan itirdim... kefim istəyən kimi veyillənməyə da imkan vermədiniz... o vaxtdan hər gün Allaha yalvarırdım ki, sizə ölüm versin, əziyyətli, ya yüngül bir ölüm, fərqi yoxdu... təki sizdən canım qurtarsın, təki siz mənim acı taleyimin cəzasını çəkəsiz... axı başıma daha nə oyun açmadınız?.. Taxta çəkiclə döyə-döyə dabanlarımı xurd-xəşil eləyib ayaqlarımın altını öz ayağınızın gününə saldınız ki, sizin kimi ayağımı sürüyə-sürüyə gəzim... qarnımda şiş əmələ gəlsin deyə böyrümü çəkmə qıyığı ilə deşdiniz, yazıb-oxumağı yadırğatmaq, bildiklərimi unutdurmaq üçün məni skipidar içməyə məcbur edirdiniz, çünki özünüz yazıb-oxumağı bacarmırdınız... yazıq anam isə mənə savad verməkdən ötrü nə qədər əziyyət çəkmişdi!.. Çox-çox rəsmi yerlərə, paradlara öz əvəzinizə məni göndərməklə guya özünüzü, dönə-dönə dediyiniz kimi, daha vacib, vətən üçün daha zəruri işlərdən ötrü qoruyurdunuz… amma yox, siz məni ona görə oralara göndərirdiniz ki, hər yerdə, lap o dılğır gözəllik müsabiqələrində hansısa fahişənin başına tac qoya-qoya, qəfil əcəlin səni hardan, hansı tərəfdən haqlayacağını fikirləşəndə ən qoçaq adamın da canına vicvicə düşür... açıq danışdığıma görə bağışlayın, mənim generalım...” Lakin generalı Patrisio Araqonesin həyasızlığından çox naşükürlüyü əsəbiləşdirdi: “Və bütün bunları sən deyirsən? Ömrü boyu burda şah kimi yaşayan, ömrüm boyu heç kəsə qıymadığımı verdiyim adam deyir?! Mən ki öz arvadlarımı da sənin ixtiyarına vermişdim!?” Burda Patrisio Araqones onun sözünü ağzında qoydu: “Bu barədə lazım deyil, mənim generalım. Bu bədbəxt qadınları, bu əzabkeş anaları, inəyi boğazlayan kimi, yerə yıxıb işini görməkdənsə, axtalanmaq yaxşıdı. Kələ gələn inəkdən bunların bircə fərqi odur ki, inəklər o məqam fınxırıb mouldayırlar, bunlarsa ələ gəlməyən, qupquru dallarını səninçün dikəldib özləri laqeydcəsinə kartof soyur, ya da yaxındakıları haylayıb, haqq-hesab bitənəcən, ocaq üstündə qaynayan düyü sıyığı yanmasın deyə ona göz qoymağı tapşırırlar... Bu heyvərəliyi təkcə siz məhəbbət adlandıra bilərsiz, mənim generalım, çünki bundan ayrı bir şey görməmisiniz… açıq danışdığım üçün üzr istəyirəm!” Burda general dözməyib bağırdı: “Sus! Mumla, zırrama! Yum ağzını, yoxsa pis olar!” Lakin Patrisio Araqones təmkinlə, sakit-sakit sözünə davam edirdi: “Yox, susmayacağam, mənim generalım... daha bundan sonra mənə neyləyə bilərsiz?.. Öldürəcəksiz məni? Mən onsuz da, demək olar ki, ölmüşəm... ondansa həqiqətin üzünə dik baxmağı öyrənəydiniz… məqamdı, mənim generalım... heç vaxt, heç kimin demədiyini, amma hamının fikirləşdiklərini dinləyəydiniz... axı sizə yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayırlar, ciblərində isə top-tüfəng gəzdirirlər... əslində, bu səmimiyyətimə görə mənə təşəkkür etməlisiz, mənim generalım... sizin ki yazığınız gələn yeganə adam mənəm... elə sizə də bu dünyada heç kimin yazığı mənim kimi gələ bilməz... çünki taleyin hökmü ilə, demək olar, elə mən də sizin özünüzəm – axı mən sizin əkiz tayınızam?! Odur ki mən o birilərin ürək eləyib sizə deyə bilmədiklərini, içərilərində saxlayıb gizlədiklərini bütün səmimili­yim­lə deyirəm... məsələ burasındadı ki, mənim generalım, sizdən prezident çıxmaz... əslində də heç kim sizi qanuni prezident hesab eləmir... sizi prezident kreslosunda ingilislər oturdub... onlardan sonra da amerikalılar zirehli gəmilərindən atdıqları bir cüt dağıdıcı yumurtayla dəstəkləyiblər sizi... axı bütün bunları gözümlə görmüşəm, axı hər şey yadımdadı... Qrinqo üstünüzə çımxırıb: “Qurtardı! İndi bu murdar fahişəxanada təm-təkcə qal! Görək bizsiz neyləyəcəksən?!” – deyəndə qorxudan başınızı itirib böcək kimi ora-bura qaçırdınız... Və o vaxtdan kreslodan ona görə düşmədiniz və düşmək fikriniz də ona görə olmadı ki, sizin üçün bu, sadəcə olaraq, qeyri-mümkün idi... Qorxu! Məsələ burasındadı... Boynunuza alın, mənim generalım, gözəl bilirsiniz ki, küçəyə adi adam kimi çıxsanız, camaat üstünüzə quduz it təki atılıb Santa-Mariya-del-Altardakı kütləvi qırğının, qala zindanındakı canavarlara çiy ət əvəzi diri-diri atılan dustaqların, yerdə qalanların gözünün odunu almaq məqsədilə diri-diri dərisi soyulub ailələrinə göndərilənlərin əvəzini çıxacaqlar...” Patrisio Araqones beləcə uzun-uzadı danışa-danışa, ötüb-keçmiş incikliklər kisəsindən bir-birinin ardınca saysız-hesabsız dəhşətli xatirələr çıxardıqca elə bil bu murdar rejimin qurbanlarının ruhuna dua oxuyurdu… qəfildən o susdu… elə bil qızmar yaba ilə içalatını oydular, ürəyi az qaldı dayana... sonra özünə gəlib asta-asta, təhqirsiz-filansız, yalvarış dolu səslə davam elədi: “Mənim generalım ... bu gözəl məqamı əldən buraxmayın, mənimlə birgə ölün... sizin üçün ən yaxşısı ölməkdi ... axı kim bilməsə də, mən bilirəm... axı mən elə sizəm... amma bir Allah şahiddir ki, mən bunu heç vaxt istəməmişəm ... heç vaxt əzəmət, şöhrət diləməmişəm, vətən qəhrəmanı olmaq arzusuna düşməmişəm... belə alındı... siz necə yaşayırsız, bunu mən bilirəm... sizin bütün həyatınızı təhlil eləməyə gücüm də çatar... çünki ürəyimin ən dərin guşəsində mən elə adi şüşəüfürən qalmışam, atam kimi şüşəüfürənlərdən biri olmuşam... Qorxmayın, mənim generalım! Ölüm siz düşünən qədər də ağrılı deyil...” O bu sözləri elə inamla, səmimiyyətlə dedi ki, bizim general ona etiraz eləmək üçün özündə hirsə, acığa oxşar bir şey tapa bilmədi, son tutmalar, son qıcolmalar başlayanacan çarpayının kənarında oturub Patrisionu yataqdan yumalanıb yerə düşməyə qoymadı. Patrisio Araqones qəfildən qarnını ikiəlli qucaqlayıb ağrıdan, xəcalətdən ağlaya-ağlaya: “Ay Allah! – dedi, – şalvarımı doldurdum, mənim generalım!” General, Patrisionun bu sözünü ayrı mənada, ölümqabağı qorxu kimi başa düşdü, amma elə bu dəm Patrisio dedi ki, şalvarını ayrı mənada yox, elə doğrudan doldurub. Onda general çığırıb: “Yalvarıram sənə, bir az döz! Vətən oğlu, nə olur olsun, kişi kimi öl­mə­lidi!” – dedisə də, artıq gec idi... Artıq vətənpərvərlik hiss­lə­rinin yeri deyildi... Patrisio Araqones döşəməyə yıxılıb son titrətmələrlə, ayaqlarını yerə döyə-döyə, göz yaşı və nəcis içində çapalayırdı...

O, Patrisionun meyitini iclas zalının yanındakı gizli yataq otağında öz əlləriylə yudu, əynində nə vardısa, hamısını soyunub meyitin əyninə geyindirdi, özü isə çılpaq qaldı. Qarnını saxlayan brezent qayışını da çıxarıb Patrisionun qurşağına bağladı. Uzunboğaz çəkmələrini soyunub Patrisionun ayaqlarına geyindirdi, qızılı mahmızı uzunboğazların sol tayının dabanına bərkitdi. Bütün bunları da öz tənhalığını dərk eləyə-eləyə, ağır kədər içində, bundan sonra daha tənha keçəcək həyatının acısını duya-duya elədisə də, bu kədər onu heç də karıxdırmadı, meyitlə apardığı əməliyyat boyu özündən bircə dənə olsun iz qoymadı, bir vaxt görücü-falçı qadının suyun aynasına baxıb qulluqçuların onun ölüsünü hansı vəziyyətdə tapacağı barədə dedikləri də yadından çıxmamışdı. Onu hələ o vaxt falçı qadın deyən kimi, öz təbii ölümü ilə öldüyü vəziyyətdə – orden-medalsız hərbi səhra geyimində, uzunboğaz çəkməsinin sol tayında qızılı mahmızı ilə döşəmədə üzüqoylu, üzünü balışa basıbmış kimi, ovuclarına sıxıb uzandığı yerdə tapmalıydılar… İşin qəribəsi isə o oldu ki, heç nə onun gözlədiyi kimi olmadı, heç kim onun öldüyünü təsdiq eləmədi, rejiminə sadiq qalanlar səbirlə nəyisə gözləyir, xəlvət məşvərətlər aparır, aralarında nə isə gizli razılaşmalara gəlirdilər. Üstəlik, onun ölümü barədə gəzən şayiələrin qarşısını da nəyə görəsə alırdılar, bizim hamımızı inandırmaq üçün ki, generalın anası Bendisyon Alvarado yaşlı deyil, arvadı alış-veriş yerlərində görünməyə məcbur eləyirdilər… “Əynimə güllü paltar keçirib məcbur elədilər ki, lazım oldu-olmadı, əlli cür çıncıq-mıncıq, quş lələkli şlyapa, daha ayrı zir-zibil alım, senyor, yəni hamı görsün ki, heç bir dərdim yoxdu, guya xoşbəxtəm... Ha deyirdim ki, a bala, indi bazarlıq vaxtı deyil, matəm vaxtıdı, indi ölkə göz yaşı içində boğulmalıdı. Axı mən məsələnin nə yerdə olduğunu bilmirdim, elə bilirdim ölən oğlumdu, bu hərbçilər isə durduğum yerdə fotoşəklimi çəkirdilər, çəkə-çəkə də məni məcbur eləyirdilər ki, gülümsəyim, özü də deyirdilər ki, vətən naminə belə lazımdı, senyora!”

Həmin dəqiqələr general xəlvət otağında gizlənib həyəcan və çaşqınlıqdan üzülə-üzülə özünü yeyib-tökürdü: “Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?” General bu suallarla özünü üzürdü ki, bu vaxt liman qalasında topdan atəş açıldı, kilsə zənglərinin səsi şəhəri bürüdü və bir əsrlik rəzalət yuxusuna getmiş şəhər bu səsə ayılıb elə bil çalxalandı, qarma-qarışıq, səs-küylü izdiham sarayın ətrafına axışdı...

Onda o, gizli yataq otağının qapısını azca aralayıb ordan, iclas zalının tən ortasında ətrafına yanar şamlar düzülən cansız bədənini – Roma papalarının cəsədlərindən də gözəl bəzədilən cəsədini gördü… güllərin içində ağaran pudralı sifətinə, boyalı dodaqlarına, orden-medalların ağırlığından çökən sinəsinin üstə çarpazladığı sümüklü əllərinə, bir vaxtlar kiminsə göylər generalı üçün özündən uydurub düzəltdiyi – hər tərəfində on ədəd günəşcik yanan, oyuncaq kralın əldəqayırma xəncərinə oxşar gödək qılınc taxılmış qundağına, parad libası geydirilmiş bədəninə baxdıqca içini xəcalət və dəhşət hissi bürüdü. Ən qəribəsi isə bu əldəqayırma qılıncın bütün ölçüləri baş-ayaq eləməsiydi. Bu gödək qılınca görə hər bir şey – hakimiyyət möhtəşəmliyinin bütün rəmzləri, ağır hüznlü yas mərasimi, hərbi təltiflər oyuncaq qılınc kimi cılız görünür, hər şey öz əzəmətini itirib adiləşir, tabutda yatan adamın bədən ölçüləriylə qəribə bir uyğunsuzluq yaradırdı. O isə ömrü boyu özünü kişi, üstəlik, hərb adamı hesab eləmişdi… odur ki cəsədə baxdıqca əsəbiləşir, öz-özünə: “Yəni bu mənəm? Lənət şeytana, ola bilməz!” – deyə fikirləşirdi. Ardı-arası kəsilməyən, ucu-bucağı görünməyən adam axını cənazənin başına dolanırdı… Bir anlıq o bütün bunların tamaşa olduğunu, bu tamaşanın məkrli məqsədini unudub özünü öz ölümündən təhqir olunmuş, alçaldılmış hiss elədi: “Bu ki ədalətsizlikdi, lənət şeytana!” – deyə təkrar eləyə-eləyə, onu ölmüş bilib bura gələn adamların davranışına göz qoya-qoya, öz-özlüyündə bir sıra məsələləri götür-qoy etməyə başladı. O, bir çoxlarının özünü itirib köməksiz vəziyyətə düşdüyünü gördükdə ürəkdən sevindi, onu itirdiklərinə görə öz həyatlarından silən biçarələrin halına acıdı, bunun ardınca isə nəfəsini içinə qısa-qısa, bura, generalın, həqiqətən, ölüb-ölmədiyini, kəfənin içindəkinin o, yoxsa ayrı bir kəs olduğunu, ümumiyyətlə, bütün bunların oyun olub-olmadığını öyrənmək üçün gələnlərin hərəkətlərini izlədi. Cənazənin önündə donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib, mərhumun üzüyündən öpən qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq lisey tələbəsini gördü və onları yaddaşında xüsusi bir yerə həkk elədi. Və bir də balıqsatan arvadı. Balıqsatan arvad ağzınacan balıqla dolu səbətini döşəməyə buraxıb özünü cəsədin üstünə atdı, pudralı-boyalı meyiti qucaqlayıb, səsi zalı başına götürə-götürə: “İlahi, indi biz neyləyəcəyik?! – bərkdən-bərkdən çığırdı – O ölüb! O ölüdür!” Onda hamı xısın-xısın pıçıldaşdı, xosunlaşdı: “Gördünüz, odur, özüdür! Özüdür ki var! Ölüb!” – “Odur! Odur!” – deyə Armas meydanında günün altında yanıb qara­la-qarala cavab gözləyən adamların bir-birinə ötürdüyü bu xəbərdən sonra ətrafdakı bütün kilsələrin zəngləri, dini bayramların müqəddəs çərşənbəsində olduğu kimi, şən zınqırovlarla cingildəməyə başladı… havaya pasxa fişəngləri atıldı, salyut fişəngləri buraxıldı, təbillər çalındı və o, bilərəkdən susub kənara çəkilən qarovulun yanından ötərək sarayın divarlarına dırmaşan, pəncərələrdən içəri doluşan qiyamçı dəstələrini gördü… onların cənazənin önündə duranları dəyənəklə qovduqlarını, meyitə sarılıb ağlamaqdan doymayan balıqsatan arvadı döşəməyə yıxdıqlarını, meyiti səkkiz ədəd pəzəvəng gül çələnginin içindən dartıb çıxardıqlarını, ayağından tutub pilləkən boyu sürütləyə-sürütləyə məsxərəyə qoyduqlarını, piləkəni düşürüb harasa bir az da aşağı apardıqlarını gördü... Qalanları isə içi naz-nemət dolu kədər sarayı talan eləməyə, əllərinə keçəni dağıdıb məhv eləməyə başladılar… qotika üslubundakı kərpic sütunları sökür, quş qəfəslərini, vitse-kralın tacını, royalı pəncərələrdən aşağı tolazlayır, naməlum cəngavərlərin külü yığılmış vazaları yerə çırpıb sındırır, məyus gəmilərdə xumarlanan gözəllər təsvir olunmuş qobelenləri yırtır, yepiskopların, qədim döyüş geyimlərində təsvir olunan hərbçilərin portretlərini, möhtəşəm dəniz müharibələri təsvir olunan şəkilləri od vurub elə yandırırdılar, elə bil bununla bu mənfur hakimiyyətin axırına biryolluq çıxırdılar. Hər şeyi elə dağıdıb-sökürdülər ki, gələcəkdə bu qan çanağını yada salmağa belə bircə iz qalmasın.

Bütün bunları o öz gözü ilə gördü, sonra özünü pəncərənin qabağına atıb bağlı taxtalar arasından çöldə baş verənləri, hər şeyi söküb məhv eləyən bu dağıdıcı dalğanın haralaracan gedib çıxdığını izlədi... “Elə bu an bayaqdan müşahidə elədiyim bu məşəqqətlərdən sızlayıb qan ağlayan gözlərimlə daha dəhşətli mənzərələri, misli görünməyən yaramazlığın və naşükürlüyün bariz nümunəsini gördüm, ana... Bəxtəvərlikdən ağıllarını itirmiş arvadlarım dingildəyə-dingildəyə evimi atıb gedirdilər. Hələ bu bəs deyil, özləri ilə fermanın inəklərini, sarayın mebelini, sənin bəslədiyin pətəklərin balını da vedrələrlə daşıyıb aparırdılar… mən öz balalarımı – qazan qapaqlarını gümüş qaşıqlarla təbil kimi çalan, bürünc ləyənləri büllur güldanlara vurub cingildədə-cingildədə: “Atam ölüb, yaşasın azadlıq!..” – deyə ulaşa-ulaşa ətürpərdən şənlik düzəldən bu alayarımçıq küçükləri öz gözlərimlə gördüm… Armas meydanında qalanan tonqalda yanıb külə dönən portretlərimi, litoqrafik təqvimləri gördüm!” O hamının zəhləsini tökmüş, hər dəqiqə, hər addım camaatın gözünü döyənək eləmiş portretlərinin alışıb yanmağına, sonra yenə öz bədəninə baxdı. Bədənini indi də fayton yolunun ortasıyla – orden-medalları, qızılı qaytanaları, məxmər gödəkcəsi, balaca qılıncı, poqonlarında göylər generalının qüruba enən günəşləri ilə birlikdə sürüyürdülər… “Bax gör, ana, gör məni neylədilər…” – pıçıldadı və küçə boyu meyitə tüpürən camaatın sulu tüpürcəyini bütün vücuduy­la, dərisinin hər toxumasıyla hiss elədi, eyvanlardan təpəsinə tökülən sidiyin üfunətini duydu, bədənini acı xəcalət təri basdı, sonra get-gedə bu xəcaləti dəhşətli qorxu əvəz elədi; onu şaqqalaya da bilərdilər... Onda ətini itlər didəcəkdi, bədənini qarğa-quzğun dəlik-dəlik eləyəcəkdi və bütün bu müsibət bu bayram şənliyinin – onun ölümünə qurulan şənliyin gurultulu təntənəsi olacaqdı! Bu dəhşətli bayram qasırğası sovuşub gedəndən sonra otağı çöldə çalınan müxtəlif musiqi səsləriylə doldu… Külək əsməsə də, musiqi sədaları şəhərin dörd bir yanından axıb içəri dolurdu… o öz tənha, xəlvət otağında gicəllənir, milçəkləri havada tutub ovcundaca boğur, qulağına qonub fikrini cəmləməyə mane olan mığmığaları da beləcə ovcuna sıxıb öldürməyə çalışır, üfüqdə közərən yanğının işığına, yaşıl işığı dəqiqədəbir yanıb-sönmək, pəncərənin taxta milləri arasından içəri süzülərək onu zolaqlı pələngə oxşadan mayaka baxır, çöldən eşidilən səslərə diqqət kəsilir, həyatın qaynar nəfəsini, onsuz keçən gündəlik həyatın – fövqəladə ölümü adiləşib, əsrlərin minlərlə ölüsünün adi ölümünə çevrildikcə dincəlib-rahatlanıb özünə qayıdan həyatın havasını duyur, tədricən adsız-ünvansız əbədiyyət bataqlığında əriyib yoxa çıxdığını hiss eləyirdi. Bu məqam o, ölümünün üstünə çımxırıb: “İtil cəhənnəmə, adamaoxşamaz!” – dedi və xəlvət otağından bu fikirlə çıxdı ki, artıq vaxtdı, gizlənməyin heç bir mənası yoxdu. Ayağını sürüyə-sürüyə, sökülüb dağılmış zalların içi ilə, ölü güllərin, şam yanığının iyindən baş çatlayan qaranlıq xarabalıqlarla gəzib-dolaşdı, Nazirlər Kabinetinin iclas salonuna çatıb qapını itələdi və tüstüdən göz-gözü görməyən bu qaranlıq otağa daxil oldu. Uzun, qədim stolun ətrafı xırıltılı adam səsləriylə uğuldayırdı... Dünəndən bəri axtardığı, görmək istədiyi adamların hamısı buradaydı. Federasiya uğrunda qazandıqları qələbəni pula dəyişən liberallar, onlardan bu qələbəni satın alan konservatorlar, yüksək rütbəli generallar, üç nazir, arxiyepiskop və səfir Şnotpern, hamı buradaydı, hamı! Hamı bir tələdə! Bir neçə dəqiqə əvvəl bu adamlar öz çılğın çıxışlarıyla hamını bir əsrlik despotizmə qarşı mübarizədə birliyə çağırırdılar, amma özləri ömürləri boyu bütün işlərdə ona züy tutmuşdular. İndi başları bütün bu murdarlığa o qədər qarışmış, gözləri elə qızmışdı ki, heç biri o dünyadan xortlayıb gələn prezidenti görmədi. Onda o, yumruğunu stola çırpıb: “Demək, belə?!” – dedi və zərblə çırpdığı yumruğunun stola dəyməyi ilə stolun ətrafındakıların göz qırpımında, çığır-bağırtıyla yoxa çıxmaqları bir oldu. Ortada siqaret kötüyü ilə dolu külqabılar, qəhvə fincanları, arxası üstə aşan kreslolar, bir də hərbi səhra geyimli, balaca, təmkinli general Rodriqo de Aqilar qaldı. O, tək qoluyla otağın ortasından pərdə kimi asılan tənbəki tüstüsünü qovub döşəməni göstərərək: “Yerə uzanın, mənim generalım! – dedi. – İndicə atəşfəşanlıq başlayacaq”. Bizim general özünü yerə, əziz dostunun yanına atmağı güclə çatdırdı və “Qiyamçılardan biri də sağ qalmamalıdır!” əmrini xüsusi dəqiqliklə yerinə yetirən prezident qvardiyasının qanlı bayramı, ölüm şənliyi başladı. Əmriniz yerinə yetirildi, mənim generalım, çöl qapısından aradan çıxmaq istəyənləri pulemyotla aşsüzənə döndərdilər, pəncərədən atılanlar havada tutuldu, yaxın evlərdə gizlənənlər isə qumbara tüstüsündə boğuldu. “Cəzadan qaçanlar əsrin sonunadək ən qorxunc düşmən elan olunsun!” prinsipinə əsasən, orda-burda sağ qalan yaralıları da yerlərindəcə güllələdilər. Bütün bu haqq-hesab zamanı o, general Rodriqo de Aqilardan iki addım aralıda, döşəmədə üzüüstə uzanaraq səbirlə qumbaraların səsinə qulaq asdı. Kürəyi hər partlayışdan pəncərələrdən içəri dolan şüşə qırıntılarıyla, divarlardan qopan suvaq parçalarıyla dola-dola, qumbaraların gurultusu altında, dua oxuyurmuş kimi birnəfəsə pıçıldadı: “Bitdi, əzizim, qurtardı daha, bundan sonra bütün əmrləri özüm verəcəyəm, bir küçüyün belə cınqırı çıxmayacaq, sabah səhər baxarıq görək, bu zırıltıdan sonra nə salamat qalıb… əgər oturmağa bir şey qalmayıbsa, bir cüt ucuz kətil, dəlmə-deşiyi tutmağa beş-altı həsir, bir-iki xəm-xırt da alınar, qab-qaşıq lazım deyil, kazarmalardakını işlədərik, daha əsgər-məsgər də saxlayan deyiləm, nə əsgər, nə zabit, hamısı cəhənnəm olsun süd əmməklərinə, qarma-qarışıqlıq düşəndə ələ bir kəs gəlmir, çörəkləri dizlərinin üstündədi köpək uşağının, bircə prezident qvardiyasını saxlayacağam, bir onlar qocaq və namusludurlar, nazirlər kabineti-zad da qurtardı… nəyimə gərəkdi, bircə qabiliyyətli səhiyyə naziri bəs eləyər… belə nazir, doğrudan, lazımdı, bir də xətti yaxşı olan bir nəfər, birdən nəsə yazmaq lazım oldu, vəssalam, bütün bu kazarmaları, nazirlikləri də kirayə verərik, o pula sarayı da saxlayarıq, indi adamdan çox, pula ehtiyac var, iki nəfər də bacarıqlı qulluqçu götürərik, qoy biri bişirib-düşürsün, yır-yığış eləsin, o biri yuyub ütüləsin, inəklərdən, quşlardan salamat qalanı varsa, onlara da özüm baxacağam, bir fahişənin də ayağı dəyməyəcək bundan sonra buralara, bu da o deyil ki, dəqiqə başı tumanlarını sivirib əsgərlərin yanına cumurdular… qızılgüllərin altında köpən cüzamlılar da rədd olsunlar başımdan, hüquqşünaslar, hər şeyi guya qabaqcadan bilən siyasətçi-alimlər də – hamısı cəhənnəm olsun, bura prezident sarayıdı, yankilərin sözü olmasın, murdar fahişəxana deyil… Patrisio Araqones də düz deyirdi, hər şeyin öhdəsindən özüm gələrəm, heç kim də mənə lazım deyil, ikinci kometa olmur, lap belə onuncusu olsun, daha ölmək fikrim yoxdur. Ölmək istəyən ölsün, boyunlarının ardını görərlər!” Bütün bunları o, dua kimi, ara vermədən, şeir əzbərləyəntək birnəfəsə dedi. Bu onun köhnə adəti idi, həmişə ən çətin dəqiqələrdə, müharibələrdə içini yeyən qorxunu canından çıxarmaq üçün fikirlərini öz-özünə danışır, sabah gələcək yeni yüzilliyin hansı tarixinin hansı saatınınsa dəqiq planını qururdu. Belədə elə bil yeri-göyü lərzəyə gətirən partlayışların səsi eşidilməz olurdu.

Axır ki çöldən sonuncu güllənin səsi eşidildi. Bu güllə ilə axırıncı yaralını öldürdülər. General Rodriqo de Aqilar pəncərəyə sarı sürünüb ayağa qalxdı, küçəyə boylanıb kiməsə meyitləri daşımaq üçün zibil furqonları gətirməyi əmr elədi, sonra prezidentə sarı çönüb: “Gecəniz xeyrə qalsın, mənim generalım!” – deyərək otaqdan çıxdı. “Xeyrə qarşı, – general cavab verdi, – xeyrə qarşı, dostum! Çox sağ ol!” Rodriqo gedəndən sonra o, bir müddət nazirlər kabinetinin matəm rənginə boyanmış qara, mərmər döşəməsi üstə uzanıb qaldı, sağ qolunun dirsəyi başının altında, üzü sol ovcunun içində, xaraba qalan otaqların tüstüsündən və qan gölməçələrinin əksindən qızaran ayın çəhrayı işığı altında, bu gecə ömrünə ilk qədəmini qoyan uğursuz payızın xəzəli qoynunda yarpaqların yumşaq laylasını dinləyə-dinləyə, həmişəkindən bir az da tənha vücuduyla yuxuya getdi. Səhəri gün isə hər şey gözlənilmədən ayrı cür oldu, dünəndən bəri fikirləşib qurduğu planları yerinə yetirməyə ehtiyac qalmadı. Ordu öz-özünə dağılmışdı – əsgərlər qaçmış, kazarmalarda dünənəcən müqavimət göstərən bir ovuc zabit könüllülər dəstəsinin köməyi ilə prezident qvardiyası tərəfindən öldürülmüş, nazirlərdən sağ qalanların hamısı, son dəqiqəyəcən ona sadiq qalan həkimindən, bir də ölkənin ən yaxşı kalliqrafından başqa, xaricə qaçmışdı. Maliyyə məsələlərində də ortaya bir o qədər çətinlik çıxmadı, borc üçün kiməsə, hansı xarici dövlətəsə ağız açıb boğaz çəkmək lazım olmadı. Sən demə, tərəfdarları az deyilmiş, onlar dövlət xəzinəsini qızıl üzüklərlə, bəzək əşyalarıyla doldurmuşdular. Ucuz kətil, dəfn günü sökülüb-dağılan uçuq-söküyü yamamaq üçün kilim almaq da lazım olmadı. Ona görə lazım olmadı ki, ölkənin sakitləşdirilib əmin-amanlıq yaradılması zəmnində prezident sarayı da bərpa edilib, əvvəlkindən daha zəngin və gözəl olmuşdu. Saray yenə başdan-başa içi cürbəcür quşlarla dolu qəfəslərlə bəzədilmişdi. Qəfəslərin bir qismində acıdil qaykamay tutuquşları oturub: “İspaniya olmur, Portuqaliya olsun” mahnısını oxuyurdular. Hər yer gül kimi tər-təmiz, dənizçi səliqəsi ilə par-par parıldayırdı. Bu dənizçi səliqəsi, bu sahman iki utancaq qadının əməyinin bəhrəsiydi. Pəncərələrdən içəri onun şəninə çalınan musiqi sədaları axır, fişənglər atılır, dünən ölümünə çalınan zənglər indi səhər-axşam onun ölməz əbədiliyinə cingildəyirdi. Armas meydanının həmişəhazır camaatı isə iri hərflərlə yazılmış: “Ölümünün üçünçü günü zühur edən zati-alilərini Allah hifz eləsin!” – şüarlarıyla hamını ölməz prezidentin ətrafında sıx birliyə səsləyirdilər. Bir sözlə, həyat, əvvəllər olduğu kimi, heç kimi, heç nəyi süni surətdə nəyəsə təhrik eləmədən, təbii şəkildə gündəlik bayrama çevrilmişdi. Hər şey öz-özünə düzəlirdi. Dövlət işləri yağ kimi gedir, vətən iri addımlarla irəliləyir, höküməti öz bildiyi, öz istədiyi kimi idarə eləyir, heç kim ona mane olmur, elə bil düşmənləri də öz-özünə harasa buxarlanırdı. Əziz dostu Rodriqonun işindən çox razı idi, odur ki, günlərin bir günü prezident qvardiyasının qiyam vaxtı xüsusi amansızlıq və şücaət göstərən bütün əsgərlərini sıraya düzdürüb hamısına zabit rütbəsi verdi, sonra da yadına düşdü ki, indi bu zabitlər kiməsə əmr verməlidir, bunun üçün də mütləq yenə ordu yaranmalıdı, çörəyi dizinin üstdə olan ordu. Dəxli yoxdu, o, sıravi əsgərlərin hamısına zabit rütbəsi verib, barmağıyla bir-bir onların sinəsini nişan ala-ala: “Sən – kapitan! Sən – mayor! Sən – polkovnik! Yox-yox, sən – general, o birilər – leytenant! Haydı, əzizlərim, ordunu qəbul edin!” – dedi. Ölümünə sidq-ürəkdən yananları da yaddan çıxarmadı, bu qədirbilən insanlara qarşı duyduğu coşqun minnətdarlıq hissiylə bütün vücudu alovlanan prezident vida mərasimində cənazənin önündə hüznlə dayanan həmin qoca veteranı, mərhumun üzüyünü öpən həmin kişini axtarıb tapmağı əmr elədi. Tabutu üstə ağlayan balıqsatan arvadı da tapdırdı və on dörd uşağı olan bu qadına çoxotaqlı mənzil bağışlayaraq zavallı ananın ən böyük ehtiyacını ödədi. Cənazəsi üstə tək gül qoyan lisey tələbəsini isə dənizçiyə ərə verərək qızın ən böyük arzusunu yerinə yetirdi. Bu hədiyyələr və təltiflərlə kifayətlənmək bilməyən kövrək qəlb yalnız San-Xeronimo kazarmalarının həyətində əli-qolu bağlı qiyamçıları görəndə sakitləşdi. Qorxudan və nifrətdən itiləşən yaddaşıyla onların hamısını bircə-bircə, qəddar dəqiqliklə tanıdı, əsirləri günah dərəcəsinə görə ayırdı: “Qiyama sən başçılıq eləyirdin – bu yana keç! Meyitin üstündə ağlayan arvadı itələyib yerə yıxan sən idin – bu yana! Mərhumu murdarlayıb pillələrlə, palçıqlı gölməçələrlə sürüyən siz idiniz – bura durun! Qalanları bu yana! İndi göstərərəm sizə, alçaqlar!” Amma cəzanın özü onu qətiyyən maraqlandırmırdı, adicə cəzayla heç nə həll olun­murdu. Ona o lazım idi ki, qiyama qalxan adamların hərəkətlərinin, “meyitinin” murdarlanmasının ümumxalq narazılığının partlayışı yox, bir dəstə heyvərənin əskik hərəkəti olduğunu özün özünə sübut eləsin. Odur ki əsirləri şəxsən özü dindirir, istədiyi yalanı onların boynuna qoyub öz dilləriylə etiraf elətdirirdi. Əsirlər isə heç cür heç nəyi boyunlarına almırdılar. Onda onların əl-qolunu bağlatdırıb, tavan taxtalarından tutuquşu kimi kəllə-mayallaq asdıraraq saatlarla başıaşağı saxlatdırırdı. Bundan da bir şey çıxmayanda qiyamçılardan birini qala zindanına atmağı əmr elədi ki, timsahlar diri-diri parçalayıb yesinlər, o birilər də buna tamaşa eləyib öz payını götürsün. Bu da kar eləməyəndə həbs olunanların hər dəstəsindən bir nəfər seçib əmr elədi ki, hamının gözü qabağında onların dərisini soysunlar və hər kəs ana bətninin pərdəsitək sarımtıl, incə dərilərə, qıpqırmızı əti görünən titrək bədənlərdən kazarmanın daş pillələri üzərinə süzülən qaynar qana baxıb öz dərsini götürsün. Yalnız bundan sonra bu inadkar heyvərələr hər şeyi boyunlarına aldılar. Boyunlarına aldılar ki, onları pulla şirnikləndirib, cənazəni murdarlayaraq bazar zibilliyi ilə sürütləmək üçün dörd yüz qızıl peso veriblər. Əvvəl buna razı olmayıblar, çünki ona qarşı çıxmaq istəməyiblər və ümumiyyətlə, belə şeylərin əleyhinədirlər, amma məsələ belə olub ki, gizli müşavirələrin birində iştirak eləyən iki hərbçi general onları cürbəcür sözlərlə qorxudaraq məcbur eləyib. “Biz ancaq buna görə razı olduq, işıq haqqı!” Onda rahat nəfəs alıb: “Aldadılmış zavalı balalar!” – dedi və onları doyunca yedirdib yatıb-dincəlmələrinə şərait yaradılmasını əmr elədi, səhərisi gün isə hamısını, yem əvəzi, timsahlara atdırdı. Bundan sonra qəlbinin şübhə kisəsinin açılıb boşalmasını hiss elədi və rahatlanıb: “Şeytana min lənət, indi hamı başa düşdü ki, xalqın heç bir təqsiri yoxdu, xalq məni sevir!” – deyə-deyə öz yerinə, saraya qayıtdı. Patrisio Araqonesin bir vaxtlar qəlbində qaladığı həyəcan tonqalının son közərtilərini tapdalayıb söndürərək işgəncələrin ləğvi barədə fərman verməyi qərara aldı və ürəyində özünə söz verdi ki, bu gözəl məmləkətdə bir daha işgəncəyə yol verilməyəcək. Qərardan sonra bütün timsahları öldürdülər, diri-diri adamların sümüklərini sındırıb üyüdən işgəncə kameralarını sökdülər, sonra əfvi-ümumi elan edildi, yalnız bundan sonra gələcək haqqında fikirləşərkən birdən-birə ölkəni fəlakətə sürükləyən bütün səbəblərin kökünü tapdı – bekarçılıqdan beyinlərində cürbəcür fikirlər dirçələn adamların həddən ziyadə boş vaxtını doldurmaq lazım idi. Bundan ötrü o, mart poeziya yarışlarını və gözəllik kraliçası adı qazanılan gözəllik müsabiqələrini yenidən bərpa elədi, Qəraib ölkələri içində ən gözəl həndbol meydançası, ən böyük bağlı stadion tikdirib “Ya qələbə, ya ölüm!” devizi altında oynamağı komandamızın boynuna qoydu. Hər kənddə pulsuz süpürgəçilər məktəbi açdırdı, orda təhsil alan qızlar isə ilhamlanıb nəinki evləri, hətta küçələri və maşın yollarını da süpürürdülər. Dəstə-dəstə adamlar zibil qalıqlarını bir kənddən o birinə, ordan da geriyə daşıya-daşıya çaşbaş halda bir-birinə baxırdılar. Hər zibil qalığı “Millətin təmizliyi qeydinə qalan müqəddəs apostolumuzu hifz et, ilahi!” – şüarları və dövlət bayraqlarıyla müşayiət olunurdu. O isə həmin dəqiqələr yalvara-yalvara ondan bir çimdik duz istəyən cüzamlı xəstələrlə, korlarla, ifliclərlə dolu bağın içiylə ayağını sürüyə-sürüyə gəzir, huşa getmiş heyvan aramlığıyla öz həmvətənləri üçün yeni-yeni məşğuliyyətlər fikirləşib tapır, yaxın günlərdə açıq səma altında, boş çənlərdə dünyaya gələn körpələri ayaqüstü xaç suyuna çəkir, onların hər birinə öz adını verirdi. Yaltaqlar: “Yeganə xilaskarımız!..” – deyib onu şərəfləndirirdilər. O isə elə doğrudan-doğruya yeganəydi… çünki daha əkiz tayı yox idi və günaşırı quş dolu qəfəslər göndərilən bu sarayda əkizinin yerinə də özü iştirak eləyirdi. Bu qəfəsləri saraya anası Bendisyon Alvaradonun bir vaxtlar quş satmaqla məşğul olduğu xəbəri yayılandan sonra göndərməyə başlamışdılar. Bəziləri bu qəfəsləri ona yaltaqlanmaq, yarınmaq məqsədilə göndərirdi, bəziləri isə açıq-açığına rişxəndlə, dolamaq məqsədilə. Hər halda, bir müddətdən sonra təzə gələn qəfəsləri asmaq üçün sarayda yer qalmadı. Bu qayğının üstünə saysız-hesabsız dövlət işləri də yığıldı və bütün bu məsələlərin birdəfəlik həlli tələb olundu. Otaqlara da o qədər adam doluşdu ki, məmurları qəbula gələn adamlardan ayırmaq mümkün olmadı. Darısqallıqdan can qurtarmaqdan ötrü divarları söküb o qədər pəncərə düzəltdilər ki, növbəyə duranlar sarayın pəncərələrindən dəniz mənzərəsini seyr edə bilsinlər, bir otaqdan o birinə, yelkənli gəmi payız günü açıq dənizdə küləyi yarıb keçən kimi keçsinlər. Lap üzü qədimdən bəri adamlar saray pəncərələrindən vıyıltıyla içəri dolan soyuq mart küləyini sülh və əmin-amanlıq küləyi adlandırmışdılar, mənim generalım və hətta uzun illərdən bəri qulağınızı yoran uğultunun da sülh və əmin-amanlıq səsi olduğunu təsdiq eləmişdilər. Şəxsi həkimi elə beləcə də demişdi: “Qulağınızda uğuldayan bu səs sülh və əmin-amanlıq səsidir, mənim generalım!” Həmin o gündən – ölüb-dirildiyi o taleyüklü gündən sonra yerdə və göydə, ətrafda nə vardısa, hər şey sülh və əmin-amanlıqdan, ümumi firavanlıqdan xəbər verirdi. O özü də buna sidq-ürəkdən inanırdı. İnanırdı ki, artıq sakitlik və firavanlıq dövrü gəlib çatıb… və bir gün buna elə inandı ki, yenə dekabrda dağın başına qalxdı, öz aralarında əttökən saxta qohum-qardaşlıq münasibətləri yaratmış keçmiş diktatorların miskinliyindən zövq almaq üçün dağın başındakı həmin evə getdi. Onlar da onu görən kimi domino oynunu yarımçıq kəsib, ovuclarında qalan daşları göstərə-göstərə: “Tutaq ki, məndə şeşqoşadı, bu kütbeyin konservatorlarda da, tutaq ki, üçqoşadı… o da var ki, keşişlərlə masonların əlaltı fırıldaqlarını bilmirdim...” İndi bu qoca çaqqala nə deyəsən?

Sonra o biri tula çərənləməyə başlayırdı ki, bax bu külqabı, tutaq, prezident sarayıdı, düşmən isə dörd yüz metr məsafədən küləyin istiqamətiylə buranı atəşə tutub və külək bu səmtə əsməsə, düşmən gülləsi saraya çata bilməz. “Və indi siz məni bu vəziyyətdə görürsünüzsə, bu, cəmi-cümlətanı səksəncə santimetrin işidi. Bədbəxtliyə bax!..” Sabiq diktatorların ən inadkarları belə bu uzunmüddətli sürgündən mənən sınmış, olan-qalan ümidlərini də itirmişdilər. Bircə o ümidlə yaşayırdılar ki, aradabir üfüqdə sezilən tüstüsünün rəngindən, fitinin səsindən tanıdıqları doğma gəmiləri görüb limana enəcək, yağış başlarına döyə-döyə zibil yeşiklərində eşələnəcək, dənizçilərin yemək bükmək üçün istifadə elədikləri qəzet parçalarını axtarıb tapacaq, onları sətirbəsətir həm soldan sağa, həm də sağdan sola oxuyacaq, bütün oxuduqlarından – məsələn, orda, vətəndə kimin kiminlə evləndiyi, kimin öldüyü, kimin ad gününə dəvət eləyib, kimi dəvət eləmədiyi barədə yazılardan öz ölkəsində baş verən hadisələrin siyasi proqnozunu dəqiqləşdirəcəklər. Hər biri də əvvəl-axır onun taleyini dəyişəcək hansısa qasırğanı – Allah qoysa, ölkənin üstündən əsib hər yeri viran qoyacaq qasırğanı, bütün körpüləri, bəndləri kökündən qoparıb aparacaq, aşıb-daşaraq əkin sahələrini, buğda zəmilərini yuya-yuya bütün məhsulu məhv edəcək, evləri aparıb əvəzində aclıq, vəba və ölüm gətirəcək qasırğanın gəlişini gözləyirdi. Onda camaatın ölkəni başına götürmüş bu bəladan, bu özbaşınalıqdan qurtarmaq üçün bir vaxt ölkədən qovub çıxartdıqları adamı köməyə çağırmaqdan başqa əlacı qalmayacaqdı. “Belə də olacaq, görərsiniz!” Həmin bu möhtəşəm məqamın yetişəcəyi anın həsrətiylə yaşaya-yaşaya da təzə gələnlərdən birini kənara çəkib sakitcə: “Siz Allah, bu iynəni saplayın, şalvarımı yamamalıyam… mən bu şalvarı ata bilmərəm, bu şalvar mənimçün əziz xatirədir…” – deməli olurdular. Paltarlarını gizlində yumalı, heç kəs görməsin deyə sığınacağa təzə gələnlərin ilk günlər zibil qutusuna tulladıqları ülgücləri ordan üsulluca yığmalı, dişsiz ağızlarını, qocalığın üzüqara xasiyyətini – özünü saxlaya bilməyib batırdığı şalvarlarını o birilərdən gizləməkdən ötrü otağının qapısını kilidləyib təklikdə nahar eləməli olurdular. Axırı da bununla qurtarırdı ki, qartıyıb lap əldən düşən qocanın sonuncu babat köynəyini əyninə geydirib, orden-medallarını döşünə yapışdırıb, bir vaxtlar qoyub qaçdığı ölkəsinin bayrağına büküb üstündə milli himnini oxuyur… və beləcə, bədbəxtləri bir-bir əbədilik dünyasına – qayaların altındakı sualtı saraya yola salırıq və yer üzündə bu zavallılardan, artırmada tək-tənha yellənən boş çimərlik stulundan savayı heç nə qalmır. “Biz də o stula əyləşib rəhmətliyin olan-qalan pal-paltarıyla əylənirik, mənim generalım, siz bu dünyanın işinə baxın, o boyda şan-şöhrət, axırda da bu cür ucuz ölüm”.

Ötən dekabrda, bu sığınacaq hələ təzə-təzə açılanda o həmin bu artırmaya çıxıb birdən-birə Qəraib sahillərinin şəhərlərini – boyunbağı kimi sırayla düzülən Antil adalarını gördü. Bu mənzərə həqiqətdən çox, yuxuya oxşayırdı. Amma bu, yuxu deyildi, çünki yanında dayanan kimsə barmağını dənizə uzada-uzada, inadkar bir həvəslə bu mənzərəni ona göstərməkdən yorulmurdu. “Ora baxın, mənim generalım, Martinika oradır”. Və o, Martinikanı – bu əsrarəngiz, sönmüş vulkanı, ordakı vərəm sanatoriyasını, kilsə sütunları arasında qubernator arvadlarına iri qardeniya kolları satan gipür köynəkli nəhəng zənciləri gördü. “Paramaribo isə, mənim generalım, ordadır”. Onda o, Paramaribonun cəhənnəmə oxşar bazarını – dənizin dibindən borularla sürünüb sahil kafesinin stollarına dırmaşan xərçəngləri, horra kimi mət yağışın altında dayana-dayana hind maskaları və zəncəfil kökləri satan gonbul zənci qarıların ağızlarında bərq vuran brilyant dişləri, Tanaquarene çimərliklərində günün altına yayxanan, qızılı inəklərə bənzər qadınları gördü. “Xalis qızıldı, mənim generalım!” İkicə reala skripkanın olan-qalan simində çala-çala ölümün özünü qovan quayralı kor sehrbazı, Trinidadın qızmar günortasını, daldalı gedən avtomobilləri, fil sümüyündən yonulmuş tumgöz mandarin fiqurları və təbii ipəkdən köynəklər satılan piştaxtaların qarşısında səkiyə çöməlib bayıra çıxan yaşıl paltarlı hinduları gördü. O, eləcə də Haiti dəhşətlərini – bu şəhərin küçələrində sümsünən göyərmiş, qotur itləri, səhər tezdən səkilərdən yığılıb öküz arabalarında harasa daşınan meyitləri, zanbaq işarəsiylə Hollandiyanın yenə buralara qayıtdığından xəbər verən benzin anbarlarını, qarlı qışa hesablanmış dəyirmansayağı evlərin şiş qüllələrini, şəhərin mərkəzi küçələriylə bir mehmanxanadan o birinə üzən əcaib okean gəmisini, Kartaxenanın daşdan hörülmüş tövlələrini, dəmir buxovla əhatəyə alınmış limanını, eyvanları, vitse-kral yeməyindən ötrü burnunun ucu göynəyə-göynəyə qəm-qüssə içində əsnəyən yorğun parad atlarını gördü… “Təzək iyi gəlir, mənim generalım! Möcüzədir! Dünya sərhədsizdir!” Dünya, doğrudan, sərhədsiz idi, həm də məkrli idi. Çünki bu dekabr general dağın başındakı sığınacağa oranın bədbəxt sakinləri ilə – ona dünyanın pis üzünü, bədbəxt tərəfini xatırladan bu mənfur qocalarla söhbət eləməkdən ötrü yox, həmin o sehrli anı – dekabrın soyuq günəşi şəffaflaşan məqam dənizin mavi sinəsinə salınmış əlvan boyunbağını xatırladan Antil tacını, Barbadosdan Verakrusacan uzanan Qəraib şəhərlərinin mənzərəsini görmək üçün gəlirdi. O mənzərə yerində idi, indi bu adalar ay işığının altında sahildə uyuyan timsahlara bənzəyirdi və hər şey yenə həmin o oktyabr cüməsinin ala-toranını xatırladırdı. Onda, yadına gəlir, səhər tezdən yataq otağından çıxanda bir də baxıb gördü ki, prezident sarayının bütün əhlinin başında qırmızı papaq var. Sonra gördü ki, otaqları süpürən, quş qəfəslərinin suyunu dəyişən arvadların da, ferma sağıcılarının da başında həmin bu qırmızı papaqdan var. Qarovulçular da, həmişə pilləkənlər boyu oturan ifliclər də, cüzamlılar da bu papaqdaydılar. Bazar günü şənliyində də, hamı başında bu qırmızı papaq, qızılgül kolları arasında gəzişirdi. O gecə general dünyanın bu düz vaxtında nə baş verdiyini heç cür anlaya bilmirdi, bütün şəhər camaatının qırmızı papaqda, hərənin əlində də bir dəstə şaq-şaqlı oyuncaqla gəzməyinin mənasını başa düşə bilmirdi. Uzun üzüntülərdən sonra, axır ki, o gün nə baş verdiyini ona izah eləyən bir adam tapıldı. “Bura hardansa xaricilər gəlib, mənim generalım, onlar ispan dilində danışır, amma bu bizim danışdığımız ispan dili deyil, çünki onlar dənizə “nə?” yox, “kim?” deyirlər, bizim tutuquşulara “papaqayo”, qayığa “almadiya”, dustaqxanaya isə “asaqay” deyirlər. Biz qayıqlarda dənizə çıxıb onların gəmiləri ətrafında fırlananda dor ağacına qalxıb bir-biriylə, qışqıra-qışqıra bizim biçimli bədənimizdən, gözəl üzümüzdən danışıb saçlarımızı tərifləyirdilər, saçımızı at saçına bənzədirdilər. Dərimiz gündən yanıb soyulmasın deyə bədənimizi rənglədiyimizi görəndə tutuquşu kimi quqquldaşdılar ki, biz nə onlar kimi ağıq, nə də generallar kimi qarayıq, bir Allah bilir, nə rəngdəyik, dərimizi də tünd-qəhvəyi rəngləmişik, sonra da gülüşdülər, biz də başa düşmədik bunlar nəyə gülür, axı tamam lüt idik, mənim generalım, anadangəlmə. Əslinə qalsa, gülməli olan onların özləriydi, o cəhənnəm istisində şahzadə kimi altdan geyinib üstdən qıfıllanmışdılar, “bürkü” sözünü də holland qaçaqmalçıları kimi deyirdilər, saçları da arvad saçına oxşayırdı. Aralarında bircə qadın belə yox idi, hamısı kişi idi, qışqırırdılar ki, niyə biz adam dilində, xristian dilində heç nə başa düşmürük, hərçənd özləri də adam dilində heç nə qanmırdılar. Sonra “almadiya” dedikləri qayıqlarda yanımıza üzdülər və ucu sabala balığının sümüyündən düzəldilən avarlarımıza baxıb təəccübləndilər. Onlar sabalaya “dişli balıq” deyirlər. Sonra da nəyimiz vardısa, hamısını qırmızı papaqlara və şıq-şıq şıqqıldayan oyuncaqlara dəyişdilər. Biz bu oyuncaqları boyun-boğazımıza taxıb xarici qonaqları bir xeyli güldürdük. Qalan şeylərimizi isə dəmir çax-çaxlara, nimçələrə, güzgülərə, cürbəcür xarici cıncıq-mıncığa dəyişdilər, mənim generalım və görəndə ki bunlardan bizə heç bir ziyan gəlməz, yavaş-yavaş, özləri də hiss eləmədən, sahilə yan aldıq. Burda da aləm qarışdı, nə qarışdı. Bir hay-həşir qopdu, bir bazar açıldı ki, gəl görəsən! Kimin əlinə nə keçdisə, eləmə tənbəllik, budur ha, sürütləyib gətirdi. Tutuquşu gətirən kim, şokolad, quş yumurtası daşıyan kim… Daşıhadaşı… Onlar da hər şeyi məmnuniyyətlə götürüb əvəzində camaata öz zir-zibillərini soxuşdururdular, hələ arada biri məxmər cübbəsini bizim birimizlə dəyişmək istədi ki, aparıb Avropada nümayiş elətdirsin. Təsəvvür eyləyirsiniz, mənim generalım?”

General çaşqınlıq və həyəcan içində duruxub qalmışdı, nə edəcəyini bilmirdi, bu qəribə işə onun qarışmağı lazım idimi?.. Bu işlərin ondan bir asılacağı vardımı? Beləcə, çaşqınlıq və həyəcan içində o, prezident sarayına – öz yataq otağına qayıdıb sabahkı günü gözlədi. Təzə açılacaq günün sübh şəfəqi hər şeyi aydınlaşdıracaqdı, onda sular durulacaq, ona danışılan bütün bu məşəqqətlərin, əslində, nə olduğu bilinəcəkdi. Amma pəncərəni açanda gözünə, ilk növbədə, nə vaxtsa dəniz desantının limanda qoyub getdiyi zirehli gəmidən savayı, acıqlı dənizin ortasında aramla yırğalanan üç karavella dəydi.

 

 

 

 

 

 

Onun ölüsünü yenə həmin kabinetdə, elə həmin vəziyyətdə, həmin geyimdə, qartalların didib-tökdüyü həmin üzüylə tapanda o qədər də qoca deyildik ki, meyitin birinci dəfə tapılanda eynilə bu cür, ya başqa cür olduğunu yadımıza sala bilək, amma dəqiq bilirdik ki, təkcə elə bir ölüm xəbəri ilə ölənin məhz o olduğuna qəti inanmaq olmaz. Çünki əvvəllər də bir neçə dəfə belə olmuşdu ki, hamıya məlum olan bir həqiqət onun özünə aid olanda izaholunmaz anlaşılmazlığa, şahidlərin dəlil-sübutları isə boşboğaz söz-söhbətə çevrilirdi. Məsələn, deyirdilər, guya o kiməsə müsahibə verəndə dəhşətli sancılardan qovrula-qovrula kreslodan yerə yıxılıb, ağzından da yamyaşıl öd köpüklənib; yaxud danışırdılar ki, Allah acıdilliyinə görə ona qənim olub, dilini qurudub və guya bircə söz belə deyə bilmir, təkcə ağzını zorla açıb-yuma bilir, onun əvəzinə isə pərdənin dalından ayrı adam danışır; sonra deyirdilər, əxlaqsız hərəkətlərinin ucbatından bədənini başdan-başa balıq puluna bənzər əcaib səpgi basıb, qarnı da hava dəyişəndə sancıdan elə doğranır ki, söyüşündən qulaq tutulur, deyirdilər, guya o, qarnını xüsusi arabaya qoyub gəzdirir ki, heç olmasa, əl-ayağını tərpədə bilsin; “odur ki, deməli, ölümünə az qalıb” – hamı bir ağızdan deyirdi. Söhbət gəzirdi ki, onun üstü qızılı çələnglərlə bəzədilmiş məxmər tabutunun sarayın arxa qapısından çıxarıldığını, Letisiya Nasarenonunsa Yağışlar bağçasında qanlı göz yaşları ilə ağladığını kimsə öz gözləriylə görüb. Amma onun ölümü barədə yayılan bu şayiələr nə qədər həqiqətə oxşayırdısa və bu xəbərlər nə qədər sevindirici olurdusa, sonradan onun əvvəlkindən də betər qıvraqlaşdığını görmək, hakimiyyət sükanını əlində möhkəm-möhkəm saxlaya-saxlaya, dünya durduqca bizim taleyimizi idarə eləməyinin şahidi olmaq bir o qədər kədərli olurdu. İlk baxışda elə bil hər şey çox sadə görünürdü; axı bu, məhz onun bədəniydi?! Axı dövlət möhürlü üzük təkcə onun barmağındaydı?! Yastı dabanları üstə yeriməkdən yorulmayan ayaqları, qartalların nəyə görəsə dəymədiyi dumbul qarnı haqqında çox eşitmişdik. Amma aramızda elələri də vardı ki, nə vaxtsa bir dəfə, əlində eynilə bu cür üzük olan, yekə ayaqlı, dumbul qarınlı meyiti görmüşdülər. Odur ki biz bütün sarayı gəzib-dolaşandan sonra tapdığımız ölünün əslini axtarmağı qərara aldıqsa da, sarayda aparılan ciddi yoxlamalar heç bir nəticə vermədi. Anasının – Bendisyon Alvaradonun yataq otağında quruyub qaxaca dönmüş ölü quşlarla dolu bir neçə sınıq qəfəs, inək təzəyinə bulanan hörmə kreslonu gördük, akvarel rəngləri ilə dolu tübiklər və bir xeyli fırça tapdıq.

Bendisyon Alvaradonun satışa çıxardığı mallar məhz bu rənglərlə, bu fırçalarla rənglənib bəzənir, bozarmış ütük cüllütlər gözəl qu quşuna çevrilir, sonra quş bazarında pəh-pəhlə satılırdı. Burda, Bendisyon Alvaradonun yataq otağında biz baxımsızlıqdan solmaq əvəzinə, yaşıllaşıb daha iri qol-budaqlar atan melissa kollarını gördük, onun şitilləri divarlarla qalxaraq portretlərə sarmaşmış, kətanların arxasında kök atıb, şəkillərdə təsvir olunan adamların gözlərini deşərək bu biri üzdən asılmış, ordan sürünüb pəncərələrə dırmanmış, çölə uzanıb bağçanın sıx yaşıllığına hörülmüşdü. Odur ki ölüsünü axtardığımız adamın buralarda gizlənə biləcəyinə zərrə qədər şübhə yeri qalmırdı. Letisiya Nasarenonun yataq otağında gözümüzə, ilk növbədə, dəyən isə təmtəraqlı sevgi yatağı – şəbəkəli pərdənin altında uyuyan, üstündə toyuqlar qaqqıldaşan nəhəng çarpayı oldu. Biz otaq boyu düzülmüş sandıqları açdıq və sandıqların içində çürüyən köhnə-kürüşü – güvələrin yeyib dağıdaraq bir yığın toza çevirdiyi tülkü dərilərini, uzunətəkli qadın paltarlarının altından geyilən, məftildən hörülmüş tor tumanları, tozlu çiyin örtüklərini, işləməli Brüssel döşlüklərini, aradabir qadınların da ayaqlarına keçirib gəzdikləri kişi başmaqlarını, qəbul günləri Letisiyanın şellənə-şellənə geyinib gəzdiyi qızıl tesmalı, hündürdabanlı atlaz çəkmələrini, üstünə fetrdən bənövşələr çəkilmiş uzunətəkli paltarını, yas mərasimlərində ali xanımlıq nişanəsi sayılan, ağır taftadan düzəldilmiş qara rəngli matəm lentlərini gördük.

Sandıqların birindən Letisiyanın bir vaxtlar Yamaykadan oğurlanıb büllur qab-qacaq yeşiyində bizim tərəflərə gətiriləndə əyninə geydiyi yun tələbəlik paltarını tapdıq. Həmin o əzablı səfərdən sonra Letisiyanı rahatca prezident xanımının taxtına oturtmuşdular. Bütün bunlara baxmayaraq Letisiyanın yataq otağında axtardığımız adamdan bircə əlamət belə tapa bilmədik və hətta Letisiyanın quldursayağı oğurlanmasıyla bağlı da əlimizə, bircə dənə də olsun, dəlil keçmədi. Biz onun Letisiyaya olan sonsuz məhəbbətinə aid də orda heç nə tapa bilmədik, elə bil heç ömründə o qadının yataq otağına ayaq basmamışdı. Ömrünün son illərini, ayağını çölə qoymadan, keçirdiyi yataq otağında isə üstü səliqəylə yığılmış əsgər çarpayısını, əntiqçilərin evlərdən ucuz qiymətə alıb yığdıqları qədim mizi, içindən doxsan iki orden çıxan dəmir sandığı, qartalların meyitin əynində dağıdıb tökdüyü nişansız hərbi səhra formasını tapdıq, lakin sandıqdan çıxardığımız hərbi mundirin döş hissəsi altı irihəcmli güllə ilə deşilmiş, güllələrin açdığı dəliklərin kənarları yanıb qaralmışdı və bu mənzərə bizi onun ölməzliyi barədə gedən söz-söhbətlərə, az qala, inandırmışdı. Deyilənə görə, guya ona heç bir güllə-filan təsir eləmirdi, guya kürəyinə xaincəsinə atılan güllə onun bədənindən xətərsiz-zədəsiz sivişib bu biri üzə düşür, üzbəüz açılan güllələr isə sinəsinə dəyib geriyə qayıdaraq gülləni atanın sinəsini dəlib keçirdi. Deyirdilər, o yalnız bircə halda, ona son dərəcə sədaqətli, yolunda ölümə getməyə hazır olan adamın gülləsindən ölə bilərdi. Güllə yalnız rəhmlə atılmalıydı ki, təsiri olsun, deyirdilər… onu yalnız rəhmlə atılan gülləylə öldürmək olardı. Tapdığımız bütün meyitlər onun bədəninə görə balaca idisə də, ələ keçirdiyimiz geyimin məhz onun mundiri olduğuna qəti əmindik, çünki az-maz da olsa, yüz yaşınacan boy atıb böyüməyindən xəbərimiz vardı, yüz əlli yaşına çatanda üçüncü dəfə təzə diş çıxarmağını da bilirik. Ağzındakı dişlər də elə xırdaydı, elə bil süd dişləriydi, sarımtıl ləkəli dərisi isə elə sallanırdı, elə bil nə vaxtsa həddindən artıq kök olmuşdu… qalan hər bir şeyi isə qaydasındaydı, bədəni ortaboylu adi adam bədəniydi, əcaib ölçülü yekə qarnından, qızılquşun caynağına bənzər əyridırnaqlı, dördkünc ayaqlarından savayı, qeyri-adi bir şeyi yox idi. Bir də nə vaxtsa qartalların dəlib çıxardıqları kədərli gözlərinin dəlikləri niyəsə həddindən artıq yekəydi. Bir sözlə, bu adam, tarixçilərin təsvir elədiyi kimi, o qədər də hündürboylu deyildi ki, sarayın dar və alçaq qapılarından keçə bilməsin. Bu, deyilən kimi, uşaqları və qaranquşları sevən, bir çox heyvanların dilini bilən, təbii fəlakətləri qabaqcadan hiss eləyən, gözlərə baxıb ürəkləri oxuyan, bir çimdik duzla cüzamlı yaralıları sağaldan, iflicli xəstələri ayağa qaldıran, şəfqət duzunun sirrini bilən adama oxşamırdı, onun haqqında bütün danışılanlar, əlimizə keçən mundirlərinin ölçülərindən fərqli olaraq, bu adamın həddindən artıq möhtəşəm cüssəsindən xəbər verirdi. Mənşəyinə gəldikdə isə bu barədə bütün məlumatların və qaynaqların məhv edilməsinə baxmayaraq hamı bilirdi ki, aran adamıdı, çünki onda bütün aranlılara məxsus hakimiyyət hərisliyi vardı. Qəddar idarəçilik üslubu – daim qanıqara gəzməsi də buna bir sübut idi, dənizimizi bilərəkdən xarici dövlətlərə satıb bizi ölü külünü andıran qupquru tozanağa bürünmüş ucsuz-bucaqsız səhrada yaşamağa məhkum etməsi də. Şəxsi həyatına qalanda isə deyirdilər, saysız-hesabsız sevgililərindən, daha doğrusu, yatdığı arvadlardan (əslinə qalsa, bu qadınların heç birini o sevməmişdi) beş mindən çox uşağı vardı və bu uşaqlardan heç birinə ağıllı-başlı, tamam-kamal adam demək olmazdı. Bu uşaqların heç biri onun adını, soyadını daşımırdı. Bircə Letisiya Nasarenodan olan oğlundan savayı. Bu uşaq, dünyaya gələr-gəlməz, general rütbəsi almış və ilk övlad hüququyla dairə diviziyasının komandanı vəzifəsinə təyin edilmişdi. O da ona görə ki bu uşağı Letisiya doğmuşdu. Qalan uşaqlara gələndə isə sahibləri belə hesab edirdi ki, uşaq tək bir anayla da kifayətlənə bilər. Çünki o özü də, digər görkəmli despotların taleyinə uyğun olaraq, atasının üzünü görməmişdi. Görüb tanıdığı bircə anası Bendisyon Alvarado olmuşdu. Bütün dərsliklərdə də yazılmışdı ki, Bendisyon da müqəddəs Mariya kimi yuxuda ikən bakirə hamiləlik möcüzəsi ilə boylu olub və ali qüvvələr uşağın alnına möminlik taleyi yazıb. Odur ki hakimiyyət zirvəsinə çatan kimi xüsusi dekretlə Bendisyon Alvaradonu Vətən anası elan etdi – çünki belə ana dünyada bircə dənə idi, “Ona görə ki, lənət şeytana, mənim anamdır!”

Əslində isə bu, nəsli-kökü bilinməyən, ağlasığmaz dərəcədə sadəlövh və dağınıq təbiətinə görə saraydaxili qayda-qanunları bütün ciddiliyi ilə qoruyub saxlayan əyanların nifrətini qazanan qəribə bir qadın idi. Heç kim bu qadının, yəni dövlət rəhbərinin anasının qəm-kədər çəkməsin deyə döşünə çörəkotu düyünü taxıb gəzməsiylə, kürünü çəngəllə, özü də hər dənəsini çəngələ ilişdirə-ilişdirə yeməsiylə, laklı çəkmələrini, ayaqlarından ağır qandallar asılıbmış kimi arxasınca sürüyən yerişiylə heç cür barışa bilmir, onun musiqi məşqləri keçirilən şüşəbənddə arı pətəkləri bəsləməyindən, dövlət idarəsinin binasında toyuq saxlamağından hiddətlənir, tükləri bozarmış, ütük quşları akvarel rəngləri ilə boyayıb bazarda satmasından, əzəldən tarixi nitqlər söylənilmiş mötəbər prezitdent eyvanında yuyulmuş paltarları qurutmağından əsəbiləşirdilər. Rəsmi qəbulların birində isə onun giley-güzarından hamının az qala ürəyi dayanmışdı. O, oğlunun prezidentlik əsarətindən azad olunması üçün gecə-gündüz Allaha yalvarmaqdan bezdiyinə görə prezident sarayında yaşamağın çətinliklərindən şikayətlənirdi: “Elə bil gecə-gündüz projektorların altındayam, senyor!” O bu sözləri milli bayram günündə, əlində boş şüşələrlə dolu səbət, fəxri qarovulu itələyib özünü prezident limuzininə dürtüşdürəndə dediyi kimi, elə-beləcə də söyləmişdi. Camaat əl çalır, təntənəli musiqi səslənir, yollara güllər səpilir, limuzin fəxri paradı açmağa hazırlaşır, Bendisyon Alvarado isə şüşə dolu səbətini maşına soxuşdurub: “Onsuz da dükana tərəf gedirsən, oğul, bu şüşələri də qaytar!” – deyirdi. Yazıq ana… Axı o nə biləydi ki, tarixi an nə deyilən şeydi?! Bu qadında zərrə qədər də olsun siyasi həssaslıq yox idi. Bu çatışmazlıq ələlxüsus admiral Hiqqinsin rəhbərlik etdiyi Amerika hərbi donanmasının yerləşdirilməsi şərəfinə verilən banketdə özünü büruzə verdi. Banketdə oğlunu ilk dəfə parad geyimində – döşü qızılı orden-medallarla bəzədilmiş formada, ipək əlcəklərdə görən Bendisyon Alvarado içinə sığmayan analıq qürurunu gizlədə bilməyib diplomatik korpus boyunca bərkdən-bərkdən: “Bilsəydim balam bu boyda ölkənin prezidenti olacaq, heç olmasa, onu oxudardım!” – dedi. Bu, misli görünməmiş fəlakət idi…

Prezident biabır olmuşdu... Buna görə Bendisyon Alvarado təcili surətdə saraydan birbaşa şəhər kənarındakı onbirotaqlı malikanəyə köçürüldü. Bu malikanəni oğlu həmin o tarixi gecə – qaçaq düşmüş konservatorların dəbdəbəli evləri qumara qoyulan gecə Federasiya tərəfdarlarının başçılarından udmuşdu. Lakin bu imperiya vaxtından qalan qədim ev qətiyyən Bendisyon Alvaradonun ürəyinə yatmırdı: “Buralara baxanda, senyor, elə bilirəm, Roma papasının arvadıyam”. Odur ki qadın evin ağalar yaşayan hissəsində yox, altı nəfər sədaqətli, ayağıyalın qulluqçularıyla birlikdə xidmətçilərin otağında yaşayır, vaxtının çox hissəsini həyətin kənarındakı sərin otaqda – quş qəfəslərinin və tikiş maşınının önündə keçirirdi. Bu yarıqaranlıq zirzəmiyə bənzər otağa, demək olar, heç vaxt isti toxunmur, axşamlar ağcaqanadlar da burda bir elə zəhlə tökmürdü. Bendisyon Alvarado burda, kimsəsiz həyətdən içəri sızan zəif işığın altında sakitcə öz işləri ilə məşğul olur, tikiş tikir, quşları, hər biri qu quşuna çönənəcən, akvarel rəngləri ilə rəngləyir, tamarindlərin təmiz havasını ciyərlərinə çəkə-çəkə öz-özünə: “Yazıq balam, bu nə zülmdü çəkir?! Andıra qalmış o dəniz ordusu onu saray dustağı eləyib. Yanında ana yox, qədirbilən arvad yox. Ayda aldığı ütük üç yüz pesoya görə canını əldən salıb. Yorulub əldən düşəndə, ağrısı kürəyindən çıxanda kim onun başına sığal çəkəcək?! Yazıq balam!..” – deyinirdi.

Ana bu sözləri elə-belə demirdi. Axı oğlu, demək olar, günaşırı – bütün şəhər siesta saatlarında bürküdən boğulanda anasına baş çəkməyə gəlir, onun xoşladığı şirniyyatlardan gətirir, dəniz piyadalarının əldəqayırma başçısı qismində payına düşən miskin qazancından gətirdiyi bu şirniyyatı təsadüfən nahar süfrəsinin üstünə atdığı salfetin altından çırpışdırdığından xərclədiyi hər qəpiyin, yeməyinin qalığının belə, lənətə gəlmiş qrinqoçuların öz hesab kitabçalarına qeyd etməsindən gileyli-gileyli danışır, qeybət qırıb ürəyini boşaldırdı. Bu yaxınlarda isə deyirdi, zirehli gəminin komandiri, başa düşmək olmurdu, astronomlar idi, ya xəritəçilər idi, kimlər idisə, sürüyüb özüylə saraya gətirmişdi. Onlar ona Allahın salamını belə verməmiş, onu adam yerinə qoymadan, dinməz-söyləməz, yerölçənlərlə otaqları eninə-uzununa ölçə-ölçə, ağızlarının içində nə isə hesablaya-hesablaya, onun üstünə tərcüməçi vasitəsilə: “Çəkil burdan! İşıqdan keç! Mane olma!” – deyə çımxırmışdılar. O da göstərişlərə sakitcə əməl edib, “çəkil” deyəndə çəkilmiş, işığın qabağını kəsməmək, əl-ayağa dolaşıb mane olmamaq üçün az qala küncə qısılmışdı. Gələnlər isə elə hey ölçüb-biçir, onu burdan-ora, ordan-bura qova-qova hər bir şeyi, hətta eyvanların hər pəncərəsindən içəri dolan işığın düşmə dərəcəsini belə hesablayırdılar.

“Hələ bu harasıdır, ana!” Sonra məlum oldu ki, onun iki aşnasını da saraydan qovub çölə atıblar, çünki admiral Qrinqonun fikrincə, “bu əyrimçə qızlar prezidentə layiq deyil­mişlər…” Bu səbəbdən prezident elə vəziyyətdəydi ki, xudahafizləşib evdən çıxanda çönüb özünü boş otaqlara salmasını, orda qabağına keçən qulluqçularla gizlənqaç oynamasını hiss eləyən anası quşlarını didişdirib qarma-qarışıqlıq saldı ki, yarıqaranlıq otaqlardan eşidilən biabırçı səslər – oğlunun yalvarışları, qulluqçunun boğuq səslə: “Əl çəkin, yoxsa ananıza deyərəm!” – sözləri quşların cikkiltiləri, qanad şıppıltıları içində əriyib itsin və qonşular bu işdən xəbər tutmasın. Bendisyon Alvarado qanadlı sakinlərinin halına acımadan yazıq quşları elə hey çimdikləyirdi ki, səslərini kəsməsinlər, bircə heç kim oğlunun qaynar nəfəsini – qadınları soyundurmadan, özü də soyunmadan, küçük kimi zingildəyib, acı tənhalıq yaşı yanağını islada-islada, özünü ayaqüstü rahatlayan bu kəmhövsələ, zəif kişinin səsini eşitməsin. Bütün bu vay-həşirdən ürkən toyuqlar otaqlara doluşub özlərini sərin künclərə soxdular. Hava isə sərinləmək bilmirdi ki, bilmirdi. Hava elə bil ərinmiş şüşə idi. “Can bala, avqustun bu cəhənnəm istisində, günorta saat üçdə bu nə sevgibazlıqdı?!”

Xarici dövlətlərin qoşunları ölkədən çıxıb gedənəcən prezident çox kasıb idi, ixtiyarı da öz əlində deyildi. Qoşun isə ölkəni çox tez – müqavilə müddəti başa çatmamış tərk etdi. Səbəbi sadə idi: ölkəni taun bürümüşdü. Taundan qorxuya düşmüş qoşun zabitlər yaşayan kottecləri hissə-hissə söküb yük maşınlarına yığır, çəmənliyə sərdikləri sintetik, mavi gölməçələri xalça kimi bürmələyib döşəmələrdən qoparır, bizim çayların bulanıq suyundan istifadə eləməmək üçün özləriylə gətirdikləri su sisternlərini boşaldıb zirzəmilərə yığır, tikib ucaltdıqları hərbi hospitalların ağ binalarını, kazarmaları partladırdılar ki, heç kim onların inşaat sirlərini öyrənə bilməsin. Bircə isti iyun gecələri tez-tez admiralın qorxunc ruhu görünən limanda yırğalanan qədim zirehli gəmiyə toxunmadılar. Hərbi donanmadan onlara yadigar qalan bircə bu zirehli gəmi oldu. Qalan nə vardısa, hamısını yığışdırıb öz yel qatarlarında apardılar. İstirahət avadanlıqlarını, xırda müharibələr üçün gətirdikləri ləvazimatı da özləriylə götürdülər. Bütün bunları aparmazdan əvvəl vicdan borclarını yerinə yetirməyi də unutmadılar – ölkə rəhbərini qarşılıqlı mehriban münasibətlərinə görə medalla təltif etdilər, sonra isə: “Vəssalam! İndi bu murdar məmləkətdə tək qal! Görərik, bizsiz neyləyəcəksən!” – deyib elə çığırdılar ki, səsləri ölkəni başına götürdü. Və getdilər. “Getdilər, ana, cəhənnəm oldular axır!” Və nəhayət ki, o, pilləkənlərlə ilk dəfə, daha naxıra girən öküz kimi yox, ağa kimi qalxa-qalxa, heç kimdən qorxmadan, heç nədən çəkinmədən ucadan əmrlər verməyə, bütün təklif və xahişlərə şəxsən nəzarət eləməyə başladı: “Xoruz döyüşlərinə icazə vermək olar?” – “Mən razı!” “Çərpələng necə, göyə çərpələng buraxmaq olar?” – “Olar!” O, qəsbkarların qadağan etdiyi bütün əyləncələri yenidən bərpa etdi və qadağaları ləğv etdikcə öz hökmranlığının əzəmətini duydu, sonradan görəndə ki onun bir sözünü iki eləyən yoxdu, hakimiyyəti doğrudan-doğruya təkbaşına idarə edir, ilk növbədə, milli bayrağın zolaqlarının yerini dəyişib yuxarı zolağı aşağıda, aşağı zolağı yuxarıda yerləşdirdi, dövlət gerbindəki firqə qapağını başıaşağı çevrilmiş əjdahayla əvəz eləməyi əmr etdi. Ona görə ki biz artıq xaltasızıq, ana! “Yaşasın taun!”

Xarici qəsbkarlar ölkədən çıxıb gedənəcən keçirdikləri miskin həyat – biabırçı asılılıq və kasıbçılıq, hətta aradabir dilənçi vəziyyətinə düşməkləri Bendisyon Alvaradonun heç cür yadından çıxmır, Patrisio Araqonesin ölümüylə qurulan tamaşadan sonra da, oğlu tabutdan xortlayıb üsyanı yatırdandan sonra da, bolluq və uğur dənizində üzəndə də Bendisyon Alvarado yenə ehtiyac içində yaşadıqlarından şikayətlənirdi. O günlər əvvəl-əvvəl heç nədən xəbəri olmayan bu qadın onu dinləməyə hövsələsi çatanlara, prezidentin anası ola-ola bu cındır tikiş maşınından savayı heç nəyi olmadığından, oğlunun müflis vəziyyətindən gileylənirdi: “Siz onu faytonda görürsünüz, senyor, onu məşəllərlə müşayiət edirlər, amma yazıq balamın qəbiristanlıqda ovuc boyda yeri belə yoxdur. Ayağını uzadıb ölməyə özü üçün bir qarış torpaq da almayıb balam. Bu da işdi, senyor?.. Bu qədər əlləş-vuruş, bu da axırı...” Bir qədərdən sonra isə arvad daha oğlunun dərdlərindən söz açmırdı, çünki oğlu daha öz dərdlərini anasıyla bölüşmür, ona heç nə barədə danışmır, əvvəlki kimi, aradabir vaxt tapanda yanına qaçıb dövlət işlərində qurduğu kilkəli torlardan, gizli sirlərindən söz açmırdı. Ümumiyyətlə, qəsbkarlar ölkədən çıxıb gedəndən sonra çox dəyişmişdi, hərdən Bendisyon Alvaradoya elə gəlirdi ki, oğlu ondan da qocadır, ona elə gəlirdi ki, oğlu, hansı möcüzəyləsə, vaxtı da qabaqlayır. Axır vaxtlar hiss eləməyə başlamışdı ki, oğlunun nitqi də get-gedə anlaşılmaz, qocasayağı əlaqəsiz olub, o, sözlərdə büdrəyir, fikirləri, sapı qırılmış muncuq kimi pərən-pərən düşür, hərdənbir də ağzının suyu axır... Onda Bendisyon Alvaradonun ruhu əzilirdi, ananın oğula yox, qızın ataya yazığı gələn kimi, ürəyinin başı sökülürdü. Bir dəfə oğlu qucağı hədiyyələrlə, paketlərlə, karton qutularla dolu içəri girib bağlamaların hamısını birdən açmaq istəmiş və Bendisyon Alvarado qayçını axtarıb tapanacan bağlamaların ipini dişiylə didişdirib, dırnaqlarını karton qutuların künclərində sındırandan sonra hövsələsi daralıb, hər şeyi stolun üstünə səpələyərək təntənənin həyəcanından boğulan nəfəsi təngiyə-təngiyə: “Bir bax, burda nələr var, ana! Görürsən? Bu, akvariumdakı diri su pərisidi, bu, oyuncaq mələkdi, doğurçu mələk boydadı, ora-bura uçub zəng çalacaq; bax bu, okean balıqqulağıdır, görürsən, nə boydadı?.. Bunu qulağına tutsan, ordan adi balıqqulaqları kimi okeanın səsi yox, bizim milli himni eşidəcəksən! Əla şeylərdi, düzdü, ana?.. Görürsən, dövlətli olmaq nədi?!.” – demişdi və ananın ürəyi ən çox elə bu zaman ağrımışdı. Oğlunun bu əcaib sevinci onda Bendisyonu açmamış və dinməz-söyləməz, quşları rənglədiyi fırçasının quyruğunu çeynəyə-çeynəyə, oğluna baxa-baxa qalmış, uzaq keçmişi, onun hakimiyyətdə nəyin bahasına qalmasını xatırlamışdı… bütün o məşəqqətlərin nəticəsi indi göz qabağındaydı...

“O vaxt indiki kimi deyildi, senyor, hakimiyyətin möhkəmliyini, budur bax, ovcunun içi kimi hiss edəsən. O vaxt hakimiyyət, balamın sözü olmasın, ovcunun içində oyan-buyana diyirlənən şüşə kürəcik təki bir şey idi – sabalo balığı kimi sürüşüb, Allahın nəzərindən qaçıb, bu qarma-qarışıq sarayın içində sülənə-sülənə sivişib aradan çıxmaq istəyirdi elə bil. Bütün bu qarma-qarışıqlıqda onu Federasiya uğrunda döyüşdə qalib gələn bir sürü tamahkar – bir vaxtlar şair-general Lautaro Munyos kimi diktatoru yıxmaqda ona kömək eləyənlər izləyir, sarayın divarlarından kənara çıxmağa imkan vermirdilər. Bu xidmətlərinə görə keçmiş həmfikirləri feodalların ölkəsindən sürüb gətirdikləri mal-qaranı və bir sıra torpaqları tələb etdilər, ölkəni də onlar bir neçə muxtar vilayətə bölüb hərəsi birinin başında oturdu və belə ərz elədilər ki, uğrunda qanlarını tökdükləri Federasiya elə bu deməkdi. “Qanımız və canımızla, mənim generalım!” Sonra da bu vilayətlərdə otura-otura özlərindən monarx düzəltdilər, öz qanunlarını yaratdılar, ad günlərini milli bayram elan elədilər, şəxsi imzalarıyla əsginaslar buraxdılar, qızıl və gümüşlə işlənmiş parad mundirlərində gəzməyə başladılar, qılınclarının qınını qızıldan düzəltdirib üstünə brilyantlar düzdürdülər, başlarına tovuz quşunun lələklərindən hazırlanmış üçkünc papaqlar taxdılar. Məlum məsələydi ki, bütün bunları vitse-kral dövrünün qədim litoqrafiyalarından baxıb götürürdülər. Onlar kəndçi idilər, senyor, yöndəmsiz, yonulmamış kəndçi, saraya da dəvətsiz-filansız gəlib soxulur, özlərini də heç sındırmırdılar: “Dövlət – bizik, mənim generalım, ölkə bizim hamımıza mənsubdur, – deyirdilər. – Ölkə də, uğrunda ölümə getdiyimiz bu saray da, elə deyil?” Onlar tək gəlmirdilər, özləriylə bir sürü arvadlarını da gətirib gəlirdilər. Çəkməsiz-filansız, iyli corablarda gəzən bu bir yığın qulduru, sözün əsl mənasında vəhşiləri şəxsi qarovul müşayiət eləyirdi. Xristian dilində, demək olar, danışa bilmirdilər, amma aşıq-aşıq, kart və digər oyunları fırıldaqla aparmağın, istənilən silahla davranmağın ustasıydılar. Ardı-arası kəsilməyən, çağırılmayan bu yöndəmsiz qonaqlara görə prezident sarayı qaraçı köçünü xatırladırdı, senyor. Burda bir iy vardı, elə bil çaylar bütün üfunətli sularını axıdıb buralara tökmüşdü. General qərargahının zabitləri sarayın bütün mebelini öz evlərinə daşıyıb aparmışdılar. Axı bu, respublikanın əmlakı idi, senyor!” Onlar hökumət imtiyazlarını dominoda – gecə-gündüz bu xarabada səliqə-sahman yaratmaqdan ötrü əldən-dildən düşə-düşə, azca da olsa, ortanın zir-zibilini təmizləməyə çalışan Bendisyon Alvaradonun deyintisini qulaqardına vura-vura bölüşdürdülər. Federalçıların liberal hərəkatının getdikcə eybəcər bir şeyə çevrildiyini, hər şeyin dağılıb məhv olduğunu görən yeganə adam Bendisyon Alvarado idi…

Federalçıların bu bayram əhvalından, yüksək dövlət vəzifələrini kartda bölüşdürmələrindən, fahişələri royalın dilləri üstə uzatmaqlarından əsəbiləşən Bendisyon Alvarado onları süpürgəylə də qovub saray otaqlarından çıxara bilmirdi. Alebastr amforlarına bayıra çıxdıqlarını görərək: “Yox, senyor, bu sizin üçün unitaz, qorşok deyil… amfordur, onu dənizin dibindən tapıb çıxarırlar…” – deyəndə belə onlar hırıldayaraq öz işlərinə davam edir, bu nadir amforları bulayıb eybəcər vəziyyətə salırdılar: “Ağzı üstə yerə yıxdığımız xozeyinlərin acığına, senyora! Qoy özlərindən amfor-mamfor düzəltməsinlər!” Onları heç cür saxlamaq olmurdu – general Adriano Qusmanı Allah saxlaya bilmədiyi kimi. Prezidentliyinin onilliyi günü generalın içib nə hoqqalar çıxardığı çox adamın yadındadı. “Bizim heç ağlımıza da gəlməzdi ki, o belə hərəkətlər edər!” Yüngül parçadan qar kimi ağappaq formada, mənə söz verdiyi kimi, silahsız-filansız gəlmişdi. Onu mülki geyimli fransız mühafizəçiləri – xarici legiondan çırpışdırdığı əsgərlər müşayiət edirdi. Qucağı da generalın Kayennadan nazirlər və saray arvadları üçün gətizdirdiyi hədiyyələrlə dolu idi. Qusman özü isə bir-bir hər qadının ərinin qabağında əzilib-büzülərək hədiyyəni təqdim eləmək üçün icazə istəyirdi. Bu ədanı da ona fransızlar öyrətmişdi, guya fransız saraylarında belə eləyirdilər. Qadınların hədiyyələri paylanandan sonra Adriano Qusman zalın küncündəki mizin arxasında əyləşib rəqslərə tamaşa eləməyə, başını yelləyə-yelləyə zövq almağa, bu rəqslərdən xoşlandığından və ümumiyyətlə, avropalıların rəqsindən çox xoşu gəldiyindən danışmağa başladı. İlk baxışda elə bil sakit idi, dinməz-söyləməz bir tərəfdə oturub rəqsə baxırdı, amma mən gördüm ki, cangüdənlərindən biri altdan-altdan elə hey onun badəsini şampanla doldurur.

Bir də gördüm, Qusman bu qazlı içkidən qızarıb elə kökə düşdü ki, ağ kitelinin düymələrini bir-bir açmağa, sonra hıçqırmağa, aradabir gəyirməyə başladı, sonra başını lap itirdi. Bir də gördüm, rəqslər arada kəsiləndə yerindən durub şalvarının qabağını açdı və budur ha, hamını, hər yeri “sulamağa” başladı. Bu qoca əyyaş qadınların ipək paltarlarını, tovuz lələyindən yelpiklərini, çəkmələrini də islatdı! Məlum məsələdi ki, aləm bir-birinə dəydi, bir haray-həşir qopdu ki, gəl görəsən. Qusmanınsa heç nə vecinə deyildi, camaatın üst-başını islada-islada özü üçün oxuyurdu: “Bu mənəm, üzüdönük sevgilim, qoy bağçanın güllərinə su səpim... Ah, gözəl güllər!” Heç kim də onun yaxasından tutub qırağa çəkməyə ürək eləmirdi. “Elə mən özüm də ürək eləmirdim. Hərçənd ki gücüm o biri generallara çatardı, amma ikisi birləşsəydi, ağlım kəsmir ki, əlimdən bir iş gələrdi”. Hə, belə-belə işlər, hələ onda heç kim prezidentin qranit kimi möhkəm olduğunu, hər şeyin mahiyyətini dəqiq gördüyünü, hamının qarnının altındakını bildiyini, beşcə dəqiqədən sonra nə edə biləcəyini, səbrinin və qəddarlığının həddini, dahiyanə pusub gözləmək və vaxtı çatanda məhv eləmək qabiliyyətini, demək olar, bilmirdi.

Həmin o dəhşətli gün ona ordu komandiri Narsiso Lopesin anis arağından ölüncə içib tualetdə əcnəbi bir zabitə qəmiş olaraq onu təcrübəli fahişə kimi qeyri-təbii cinsi əlaqəyə məcbur etməyini, sonra isə acığından və pərtliyindən zabiti iclas zalına sürütləyib orda nizəsiylə, kəpənəyi divara yapışdıran kimi, bahar mənzərəsi təsvir olunmuş divara oxladığını, bədbəxt zabitin düz üç gün həmin o divardan asılıb qaldığını, heç kimin də qorxudan meyitə yaxınlaşa bilmədiyini məruzə eləyəndə prezidentin gözlərinə nəhayətsiz bir kədər qonmuş, dodaqları ağarmış, qılıncının üstünə qonan incə əli titrəmişdi. Əslinə qalanda isə bu hadisədən ən az narahat olan elə prezidentin özü idi, əsas məsələ buydu ki, “təki ətrafındakılar birləşib ona qarşı çıxmasınlar”. Onların qalan hərəkətlərinə isə bir o qədər də əhəmiyyət vermirdi. Bu hərəkətlər gec-tez hamının diqqətini çəkəcək və gec-tez bu canbir qəlb arxadaşlar bir-birini məhv edəcəkdi. Elə də oldu. Günlərin bir günü ona xəbər çatdı ki, general Xesukristo Sançesi öz şəxsi mühafizəçiləri stulla öldürməyə məcbur olub­lar, çünki sən demə, necə olubsa, Sançesi pişik dişləyibmiş və onu quduzluq tutubmuş – zavallı Sançes! Bunun ardınca daha bir xəbər yayıldı ki, general Lotario Sereno çayda batıb. Deyilənə görə, çayı atla keçərkən qəfildən ata nəisə olub və yazıq at durduğu yerdə kəllə-mayallaq aşaraq, general Sereno gözünü açıb-yummağa macal tapmamış, suyun dibinə gedib – bədbəxtliyə bax! Bir az keçmişdi ki, bir təzə xəbər də yayıldı: “General Naseriqo de Lopes öz biabırçı homoseksuallığına dözə bilməyib və dinamiti bir yerinə soxaraq özünü partladıb, mənim generalım, özü də tikə-tikə olub!” Onların hamısı beləcə bir-birinin ardınca gedir, o isə kədərli üzüylə hər biri üçün: “Yazıq!” – deyirdi və heç kimin ağlına belə gəlmirdi ki, bütün bu qəfil ölümlər bilavasitə onun gizli əmriylə həyata keçirilir. Hər ölən haqqında hörmətlə rəsmi xəbərlərdə belə məlumat verilirdi: “Vəzifə borcunu yerinə yetirərkən həlak olub”. Hər biri də xüsusi təntənə ilə milli qəhrəmanların qəbiristanlığında dəfn edilirdi. “Qəhrəmansız vətən qapısız ev kimi bir şeydir, senyor!”

Onda ki müharibə illərinin od-alovundan onunla çiyin-çiyinə keçən generallardan bütün ölkədə cəmi altısı qaldı, onların hamısını – ağac spirtini barıtla qarışdırıb içən ən təhlükəli və xəbis general Xasinto Alqarabia daxil olmaqla, hamısını bir nəfər kimi öz ad gününə – prezident sarayındakı qonaqlığa dəvət elədi, senyor! “Özümüz olacağıq, – onlara dedi, – bizdən, silahdaşlardan savayı heç kim olmayacaq! Keçmişlərdəki kimi, silahsız-filansız bir yerə yığışıb kef edəcəyik! Hamımız birlikdə, süd qardaşları kimi baş-başa!” Generallar da gəldilər, senyor, sövdələşdikləri kimi silahsız-sursatsız banket zalına girdilər, amma cangüdənlərini də gətirmişdilər, onlar qonşu otaqda oturmuşdular.

Qonaqlar əliboş gəlməmişdilər, ona cürbəcür gözəl hədiyyələr gətirmişdilər: “Hamımızı birləşdirən yeganəmizə!” Onun bu dəvətinə hətta general Saturno Santos da səs vermişdi – əfsanəvi Saturno Santos, heç kimə inanmayan, xainqəlbli xalis hindu oğlu – qış-yay ayaqyalın gəzən, həmişə də: “Əsl kişi ayağının altında torpağı hiss eləməlidi”, – deyən Saturno. Həmin qonaq­lı­ğa o, arandakı oyuğundan çıxıb gəlmişdi. Ora da eləcə ayaq­yalın, üstündə əndərəbadi heyvan şəkilləri çəkilmiş əcaib pançoda, həmişəki kimi də təmtək, mühafizəçisiz, amma silahlı gəlmişdi. Silahı da təhvil verməkdən ona görə boyun qaçırmışdı ki, dediyinə görə, bu onun üçün döyüş silahı yox, əmək alətidi. “O mənə qızılquş bağışladı, ana, namuslu döyüş münasibətilə, üzbəüz, mərd döyüşə görə əsl döyüş quşu bağışladı. Özüylə arfa da gətirib gəlmişdi, ana… çovğunları yatırdıb bol məhsul bitirən müqəddəs arfa. O arfanı sidq-ürəkdən, xüsusi bir incəliklə çala-çala yadımıza kövrək müharibə illərini, müharibənin vahiməli başlanğıcını saldı. Bu xatirələr qoturluq gicişməsi kimi canımıza yeridi, burnumuza müharibənin iyi də gəldi. Bizi uzaq günlərə çəkib aparan döyüş atı haqqında mahnısıyla lap ürəyimizin başını sökdü və biz hamımız cuşa gəlib xorla, ürəkdən oxumağa başladıq: “...Körpüdən gözü yaşlı qayıtdım...” Onlar içinə gavalı basılan hinduşkanı, qızardılmış qabanı bircə göz qırpımında gəvələdilər… yedilər, içdilər, oxudular. Hər biri də içkini şəxsi flyaqasından içirdi. Bircə general Saturno Santosla o heç nə içmirdi və demək olar ki, yemirdilər, çünki həyatları boyu dillərinə içki dəyməmişdi, yeməyi də, adətən, aclığı öldürmək üçün yeyirdilər. Hərbi mahnılarından sonra generallar dostlarının şərəfinə gözləri yaşara-yaşara çar Davidin sübh dualarını oxudular, sonra səfir Panelin bir vaxlar prezidentə hədiyyə elədiyi “Ad günün mübarək!” mahnısınacan bütün təbrik mahnılarını. Keçmiş silahdaşlarını – qəm-kədərə batmış qanıqara qocanı, az qala, yalaya-yalaya, anqırışa-anqırışa oxu­ya-oxuya elə hey içdilər-içdilər. Sübhə yaxın məclis başa çatanda isə o, köhnə kazarma vərdişiylə əlində çıraq bütün sarayı gəzdi, bir-bir otaqlara baş çəkdi, öz döyüş dostlarına bir də, son dəfə baxdı: Saturno Santosdan başqa, onların altısı da içkinin təsirindən keyləşib ağırlaşaraq bir-birini qucaqlayıb yatmışdılar. Özləri quru döşəmənin üstünə sərilmişdilər, mühafizəçiləri də yanlarında əyləşmişdi. Bircə Saturno Santosdan savayı. Bircə onun mühafizəçisi yox idi. O birilərin mühafizəçiləri isə bir-birindən gözünü çəkmirdilər, çünki döşəmədə qardaş kimi qucaqlaşıb dərin yuxuya getmiş generalların həm də bir-birindən dəhşətli dərəcədə qorxduqlarından xəbərdar idilər. Onların hər biri həm də prezidentdən, prezident isə, öz növ­bə­sin­də, onlardan qorxurdu, belə hesab edirdi ki, iki nəfərin birliyi – artıq qiyam deməkdir. O, bir müddət yatanlara baxıb öz yataq otağına yollandı, çırağı qapısının yanındakı qırmağa keçirib kilidi üç dəfə açarladı, üç qıfılı bağlayıb, üç zənciri çəkərək üzüüstə döşəməyə düşdü, üzünü balışa basırmış kimi ovuclarına basıb uzandı və elə həmin dəqiqə saray gecə qarovulunun yaylım atəşlərinin gurultusundan titrəməyə gəldi. Bir! İki!.. “Vəssalam… və hər şey səs-küysüz, ah-naləsiz, birdəfəlik həll olundu!” Gurultudan sonra qalan isə barıtın havadan asılmış səssiz dumanı oldu.

Səhəri gün isə yuxudan ayılanda bir daha heç kimin və heç nəyin onun möhtəşəm hakimiyyətinə zərrə qədər xələl toxundura bilməyəcəyin­dən əmi­nliyini hiss edib rahatlandı. Əsgərlər ayaqlarını qanlı gölməçələr­lə şappıldada-şappıldada axşamkı qonaqlığın tör-töküntüsünü təmizləyir­di­lər, bu dəhşətli hadisədən az qala ağlını itirmiş Bendisyon Alvarado başını tutub əhəngləndikcə qan sızan divarlara baxırdı. Divarlar qanla tərləyirdi. Xalıları, sulu paltarı sıxantək nə qədər burub sıxırdılarsa, qanın ardı kəsilmirdi, dəhlizlər boyu qıpqırmızı şırımlarla axır, otaqlara dolurdu… Son müharibənin igid qəhrəmanlarının qətlini ört-basdır eləməkdən ötrü səylə yuyulub silinən, divarlardan qaşınan qan azalmaq əvəzinə, əksinə, elə bil get-gedə bir az da artıb çoxalırdı. Bu qanlı qətl barədə rəsmən elan olundu ki, müharibə veteranlarını, hansısa naməlum səbəbdən, birdən-birə ağıllarını itirmiş öz mühafizəçiləri öldürüblər. Daha sonra öldürülənlərin milli bayrağa bürünmüş cənazələri qəhrəmanlar qəbiristanlığında basdırıldı, dualarını isə yepiskopun özü oxudu. Generalların mühafizəçiləri də bu tələdən qaçıb canlarını qurtara bilmədilər. Bircə general Saturno Santos özünü xilas eləmişdi. O da ona görə ki həmişə döşündə onu güllədən zireh kimi qoruyan yeddi müqəddəs dua gəzdirirdi, “həm də ona görə ki senyor, o, iblis idi, istənilən an, nəyə istəsən, çevrilə bilərdi…” Tısbağa da ola bilərdi, gölməçəyə də dönə bilərdi, istəsəydi, lap ildırıma çevrilərdi. Prezident buna bir daha, Saturno Santos yaquar ovlayan xüsusi ov itləri tapa bilməyəndə inandı. Falçı qarının dediyinə görə də belə çıxırdı ki, Saturno Santos sağdır: “Budur o mənim generalım, bax, bu xaç padşah odur”. Onu nəyin bahasına olur olsun, tapmaq lazım idi, çünki bircə o hər şeyi korlaya bilərdi, çünki bircə o hər şeyi bilirdi. Odur ki Santosu gecə-gündüz, aylarla, illərlə axtardılar və yalnız günlərin bir günü prezident onu öz vaqonunun pəncərəsindən, müharibənin şıdırğı vaxtı bütün şəhər əhalisi federal ordusunun ardınca getdiyi kimi, ev əşyaları və mal-qarasıyla birlikdə, uşaqlı-arvadlı Santosun ardınca gedən camaatın arasında gördü. Gördü ki, adamlar bu solğunbənizli, əcaib geyimli, cırıq pançosunu çiyninə atıb yorğun-arğın yeriyən bu generalın ardınca, yağış başlarına döyə-döyə, qocalarını, xəstələrini ipdən hörülmüş həsirlərdə apararaq gedirlər. Bu adam özünü övliya adlandırmışdı deyə camaat onun ardınca gedirdi. Burda prezident əlini alnına vurub: “Bu ki odur, lənət şeytana! Bu ki Santosdur!” – dedi. Bu doğrudan da, Saturno Santos idi, özünü övliya elan elə­yib etimadını qazanmış adamların hesabına – öz sehrli ar­fa­sında çala-çala yaşayırdı. Bu o idi – adamların arasıyla, dilənçi kökündə, cırıq pançoda və nimdaş fetr şlyapasında, qaşqabaqlı üzüylə addımlayırdı. Bu miskin görünüşü ilə belə o, yenə qorxunc görünürdü.

Santosu ələ keçirmək asan məsələ deyildi. Həmin gecə qonaqlıqdan qaçanda onu tutmaq istəyən qarovulun ən cəsur və çevik əsgərlərinin üçünü də bircə həmləyə başsız qoyan o olmuşdu. Odur ki prezident qatarı qəbiristanlığı xatırladan bu hüznlü çölün düzündə, övliyanın başına yığışmış camaatın yanında saxlamağı əmr elədi. Milli bayraq rəngində rənglənmiş qatardan prezidentin əlisilahlı mühafizəçiləri sıçrayanda camaat göz qırpımında dağılışdı, əfsanəvi arfasının böyründə oturan Saturno Santosdan savayı, ortada bircə adam belə qalmadı. Saturnonun əli qılıncının dəstəyini sıxır, bərəlmiş gözləri prezident vaqonunun girəcəyinə zilləmişdi. O, vaqonun qapısında peyda olan orden-medalsız, hərbi səhra formasındakı silahlı adamı – öz qan düşmənini görəndə heyrətə gəldi. Bu adam o qədər qoca, o qədər yad idi ki, “elə bil biz yüz il idi görüşmürdük, mənim generalım!” Prezident Santosun gözünə yorğun və tənha, qaraciyərinin şıltaqlığından saralmış dərisi və sulu gözləriylə xəstəhal göründüsə də, həm də onun qoca vücudundan axan qəribə hökmranlıq dalğasını hiss elədi. Həmin bu dalğanın havasını prezident bu sayaq havaların digər sahiblərinin hesabına – onları bircə-bircə məhv eləyə-eləyə yığıb toplamışdı. Odur ki general Saturno Santos da artıq ölməyə hazır idi, hakimiyyət və yenə hakimiyyət ehtirasıyla yanan bu qocanı heç nəyin və heç kimin saxlaya bilməyəcəyini anlayıb müqavimət göstərmək fikrindən birdəfəlik vaz keçmişdi, lakin prezident Santosa öz əlini – manterayya balığının bədəni kimi yumru və yastı ovuclu əlini uzadıb: “Allah köməyin olsun, vətənin şanlı oğlu!..” – dedi. O, yaxşı bilirdi ki, qəddi əyilməyən qürurlu düşmənə qalib gəlmək üçün yeganə silah – ona dostyana uzatdığın əldir. Və general Saturno Santos onun qarşısında dizi üstə düşüb ayağının altındakı torpağı öpərək: “İcazə verin, əlim silah tutanacan sizə sidq-ürəklə və inamla xidmət edim, mənim generalım!” – dedi. Bundan sonra onu öz yanına xidmətə götürdü, şəxsi mühafizəçisi təyin edib belə bir şərt qoydu ki, Santos heç vaxt arxasında dayanmamalıdı. O, stolüstü oyunlarını da Saturno ilə birgə, dördələ oynaya-oynaya, dövlət xəzinəsiylə qaçıb gələn diktatorları udmaqla məşğul olmağa başladı. Bədəni heyvan iyi verən ayaqyalın Santosu öz karetində gəzdirir, özü ilə hər yerə – diplomatik qəbullara belə aparırdı. Santosun bəbir iyini andıran qorxunc qoxusundan itlər də ürküb kənara çəkilir, səfirlərin xanımlarının halı xarab olurdu. O, yuxusunu qorumağı belə Santosun ixtiyarına verib onu öz yataq otağının qapısı ağzında yatırdırdı. Özü isə tənhalıq dolu gecələrdə kiminsə lap yaxınlıqda yatdığından rahatlanır, onu hədsiz qorxudub əziyyət verən, yuxularına  girib onunla təkbətək, üzbəüz dayanan adamlardan beləcə qorunurdu…

Prezident onu uzun-uzadı illər – Santos podaqradan yatağa düşənə qədər, əlindəki arfa susana qədər, onun ayaqlarına yıxılıb: “Öldürün məni, general! Bircə sizin buna haqqınız var!..” – deyənə qədər, bir az aralıda da olsa, öz yanında saxladı. Sonra da babat təqaüd kəsdirib, sədaqətli xidmətinə görə döş nişanı ilə təltif edərək son mənzilinə qovuşmaqdan ötrü anadan olduğu düzənliyə göndərdi. Və hətta Santos olan-qalan qürurunu tapdayıb, zəifliyini gizləməkdən utanmadan: “Görürsüz, mənim generalım, ən qüvvətli kişilər belə, vaxt gəlir, arvad kimi heydən düşürlər, onların atabaatasının...” – deyəndə generalın gözü yaşardı. Bəli, oğlunun prezident kreslosuna nəyin bahasına gəlib çıxdığı Bendisyon Alvaradonun yaxşı yadındaydı və heç kim generalın əyər-əskiyini, dövlət xəzinəsini balaca uşaq şadyanalığıyla bərbad hala salmasını, xəzinənin pullarını uşaqlıq və gənclik çağı xərcləmək imkanı olmadığı üçün, necə gəldi, sağa-sola biməsrəf səpələməsini onun qədər yaxşı bilə bilməzdi. Odur ki adamların generalı asanlıqla aldatmaları, qiymətlərdən başı çıxmadığından, əllərinə gələni – cürbəcür xarici cıncıq-mıncığı ona yüz qatına sırımaqları ananı əsəbiləşdirirdi. Axı bütün bunların əsl qiymətini, kim də bilməsə, Allaha şükür, o ki bilirdi... Hər halda, bütün bunlar, ən azı, onun akvarellərlə boyayıb bazara çıxardığı quşlardan ucuz idi. Bu ütük quşların bu sayaq rənglənib ayrı bir qiyafəyə düşməsi əməlli-başlı əl qabiliyyəti və ustalıq tələb edirdi, ona isə bu boyda əziyyətinə görə heç kim dörd yüz pesodan artıq pul vermirdi. “Sənin bu oyuncaqlarına sözüm yoxdur, amma hər halda, gələcəyi də fikirləşmək lazımdı. Mən səni prezidentlikdən gedəndən sonra şlyapanı uzadıb dilənən görmək istəməzdim. Allah eləməsin, amma bu nə vaxtsa baş verə bilər, onda neyləyəcəksən? Yenə babat müğənni, ya arxiyepiskop, ya da heç olmasa, dənizçi olsaydın... Sən generalsan, bircə onu bilirsən ki, əmr verəsən: bir-iki! Bununla dolanmaq olar?..”

O, oğluna dövlət işlərinə ayrılmış xərclərdən qalan pulu gözdəniraq, arxayın bir yeri qazdırıb orda gizlətməyi öyrətdi və başa saldı ki, bu gizli yerdən heç kəsin xəbəri olmamalıdır. Bu pullar isə mütləq, öz ölkələrində taxtdan salınmış diktatorlara, unudulub yaddan çıxmış, nə vaxtsa onları vətənlərinə qaytarmaq üçün gələcək doğma gəmilərinin fitinə tamarzı qalmış prezidentlərə lazım olan kimi, bir gün ona da canını götürüb qaçacağı gün lazım olacaq: “Qayanın üstündəki o evdə yaşayanları tez-tez yadına sal və onlara baxdıqca bil ki, öz əksini görürsən”. Lakin general ya qadının sözlərini qulaqardına vurur, ya da həmişə dediyini deyirdi: “Heç nə olmaz, ay arvad, qorxma, xalq məni sevir!” Bendisyon Alvarado beləcə – kasıblıqdan şikayətlənə-şikayətlənə, bazarda bədxərclik eləyən qulluqçuları söyə-söyə, aradabir, xərcləri azaltmaq məqsədilə, öz naharından kəsə-kəsə yaşayırdı, heç kim də onun artıq çoxdan dünyanın ən dövlətli qadınlarından biri olduğunu üzünə deməyə cəsarət eləmirdi. Dövlət səviyyəsində gedən bütün fırıldaq əməliyyatlardan gələn gəlir Bendisyon Alvaradonun adına köçürülürdü. O, ucsuz-bucaqsız əkin sahələrinin, saysız-hesabsız mal-qara sürülərinin, tramvay xətlərinin, poçtun və teleqrafın, milli suların sahibi olduğundan xəbərsiz idi, bizim ərazinin sularına düşüb çaylarımızla üzən hər gəmidən alınan gömrüyün belə onun adına köçürülməsini bilmirdi. Bendisyon, bütün bu işlərlə yanaşı, oğlunun da, artıq onun təsəvvür elədiyi kimi, cürbəcür oyuncaqlardan heyrətə gələn böyük uşaq olmadığından xəbərsiz idi. O, oğlunun hələ lap çoxdan, mal-qaranın kəsilməyinə belə vergi qoymasından və bu vergilərin qəpiyinəcən onun şəxsi büdcəsinə axmasından, vəzifələrə rüşvətlə adam təyin eləməyindən, kiminsə vəzifəsini artırmaq üçün aldığı külli miqdarda puldan, əlaltılarının vaxtaşırı ona əlaltından ötürdükləri bahalı hədiyyələrdən, lotereya oyunlarını belə xırda incəliklərinəcən, onun mənafeyinə işləyən xüsusi mexanizmlə qurulmasından və ordan ağlasığmaz məbləğdə pullar udmasından da xəbərsiz idi.

Bu lotereya əməliyyatını o özü üçün düzəltdiyi yalançı ölüm tamaşasından sonra – Böyük Qalmaqal dövründə işə salmışdı, senyor. Həmin dövr isə bu adı, çoxlarının zənn elədiyi kimi, müqəddəs Eraklio gecəsi yerin altıyla yeriyib bütün ölkəni lərzəyə gətirən cəhənnəm zəlzələsinə görə yox, o illər hər yerdə hay-həşirlə bünövrələri qoyulan müxtəlif tikintilərə görə qazanmışdı. Bünövrələri yenicə qoyulan bu binalar “dünya əhəmiyyətli möhtəşəm tikintilər” elan olundularsa da, heç birinin tikintisi başa çatdırılmadı, amma hay-küyü çox olurdu, senyor. O vaxt onun belə bir adəti vardı ki, dövlət şurasının üzvlərini sarayda yox, siesta saatlarında, anasının tamarind budaqları arasında itib-batan malikanəsində yığırdı. Yelləncəyin ətrafına yığışıb öz mahud cübbələrində istidən buğlanan seyrəkbığlı boşboğazları, sellüloid yaxalıqlarında boğulan zəhləsigetmiş çərənçi nazirləri yelləncəkdə gözüyumulu uzanıb yellənə-yellənə, üzünü şlyapasıyla yelləyə-yelləyə dinləyirdi. Nazirlər hey zəvzəyir, o isə onların danışıqlarını, həyətdə toyuqların ardınca cuman xoruzların qanadlarının şappıltıları içində əridə-əridə, qonşuluqda nəfəs dərmədən: “Susanna, yanıma gəl, Susanna!” oxuyan qrammofonun səsinə, cırcıramaların cırıltısına qulaq asa-asa mürgüləyir, bunu görən nazirlər hörmətlə səslərini kəsərək: “Sakit, general yuxuya getdi!..” – pıçıldayıb aradan çıxmaq istəyəndə o, xorultusunu kəsmədən, gözünü açmadan: “Davam eləyin, eşidirəm!” – deyirdi. Və onlar, general siesta saatının canüzən mürgüsündən ayılıb: “Boş söhbətlərdi. İçinizdən bircə nəfər ortaya iş qoydu: o da səhiyyə naziri, mənim yerlim. Hə, ayrı sözünüz yoxdu ki? Di dağılışın, boşboğazlıq bununla da sona yetdi”, – deyərək iclası yekunlaşdıranacan sözlərinə davam edirdilər. Ən zəruri dövlət məsələlərini isə şəxsi köməkçiləri ilə – nahar vaxtı, bir əlində nimçə, bir əlində qaşıq, otaqda var-gəl eləyə-eləyə müzakirə edirdi. Bir çox məsələləri isə yolüstü, məsələn, pilləkəni çıxa-çıxa həll eləyirdi, bəzən də heç həll eləmirdi, elə öz-özünə: “Nə istəyirsiniz eləyin, onsuz da buranın yiyəsi mənəm”, – deyə-deyə ötüb gedirdi. Heç o qədər marağında da deyildi ki, onu sevirlər, yoxsa yox. Bu barədə söz düşəndə üzünü turşudaraq: “Boş şeydi” – deyirdi. O, tez-tez müxtəlif ictimai tədbirlərdə görünür, qırmızı lentləri hər yerdə özü kəsir, ən təhlükəsiz vaxtlarda belə çəkinib getmədiyi yerlərə gedir, canını təhlükəyə məruz qoya-qoya özünü camaata göstərirdi: “Heç nə olmaz!” – deyirdi. Qalan boş vaxtlarını isə yerlisi olan səhiyyə naziri ilə və general Rodriqo de Aqilarla saysız-hesabsız domino oyunlarına sərf eləyirdi. Təkcə bu iki nəfər ona kiminsə həbsdən buraxılması və ya kiminsə ölüm hökmünün ləğv edilməsi barədə ürək eləyib ağız aça bilərdi. Gözəllik ilahəsi Manuela Sançesi qəbul eləməyi də təkcə bu iki nəfər ondan xahiş eləmişdi...

Manuela Sançes sadə xalq içindən çıxmış gözəl bir qız idi. Onu İt döyüşü məhəlləsinin üfunət bataqlığı içində bitmiş ecazkar gülə bənzətmək olardı. Bu məhəllənin itləri bir dəqiqə dincəlmək bilmədən, bir-biriylə yola getmədən gecə-gündüz elə boğuşurdular ki, milli qvardiyanın əsgərləri belə bu tərəflərə ayaq basmağa ürək eləmirdi... Qvardiyaçılar bir də ona görə bura gəlməyə ürək eləmirdilər ki, bu məhəlləyə ayaq basanların göz qırpımında soyulmağından, maşınlarının sökülüb hissə-hissə daşınmağından xəbərləri vardı. Bu elə bir məhəlləydi ki, içində ətli-canlı bir eşşək azsaydı, ordan o eşşəyin əvəzinə bir çuval sümük çıxardı. İt döyüşü məhəlləsinin yolları o qədər dolam-dolaşıq idi ki, baş çıxarmaq olmurdu və həmin bu dolam-dolaşıqlığın içində neçə-neçə dövlətli ailənin uşaqları yoxa çıxmışdı. “Orda onları öldürüb qızardırlar, mənim generalım, sonra da aparıb bazarda, qızardılmış kolbasa yerinə satırlar, təsəvvür eləyirsiz?!” Manuela Sançes isə – gözəllik ilahəsi Manuela Sançes məhz bu məhəllədə doğulub böyümüşdü. Zibillik bənövşəsi! – “Bu qızın gözəlliyi bütün ölkəni sarsıdıb, mənim generalım!” Bu söhbət generalı elə maraqlandırdı: “Əgər o doğrudan, elə qeyri-adi gözəldirsə, onda mən nəinki onu qəbul edərəm, onunla bir tur vals da oynayaram, – dedi. – Cəhənnəmə, qoy qəzetlər nə istəyirlər, yazsınlar, belə şeylər qara camaatın xoşuna gəlir”. Lakin həmin axşam – Manuela Sançesi qəbul eləyəndən sonra general Rodriqo de Aqilara açıq təəssüf hissi ilə dedi ki, kasıbların bu tərifli kraliçası Allahın bir tur valsına də dəyməz. Dedi ki, bu, vur-tut İt döyüşü məhəlləsində yaşayan yüzlərlə Manuela Sançesdən biri – adi, ortabab bir qızdı: “Büzməli ipək paltarıyla, saxta daşlı qızılı tacıyla, əlindəki qızılgülüylə bir yerdə!.. İtaparan olsun, dediklərini də elədim. İki şey xahiş elədi məndən: İt döyüşü məhəlləsinə su və işıq çəkdirdim. Amma dedim ki, yanıma bir də xahişlə-filanla gəlməsin. Sümsük adamlardan zəhləm gedir. Bu cür ütüklərlə heç danışmaq düzgün deyil!” O bunu deyib domino partiyası başa çatmamış ayağa qalxdı, qapını çırpıb çıxdı, saat səkkizi vuranda isə fermada peyda oldu, inəklərə yem verib quru təzəkləri saraya daşımağı əmr etdi, sonra şam yeməyinə yollandı və adəti üzrə, əlində nimçə oyan-buyana var-gəl eləyə-eləyə, qızardılmış ətlə lobya, düyü və platan yarpaqlarından düzəldilmiş salatını yeyə-yeyə, sarayda hər şeyin yerli-yerində olduğunu yoxlamağa, saray darvazalarının keşiyindən tutmuş yataq otağının qapısında duran qarovulacan hamını bir-bir saymağa başladı və biləndə ki onların sayı lazım olan qədər – on dörd nəfərdir, onda şəxsi qarovulun yerində olub-olmadığını da yoxladı və qarovulun sarayın birinci girişində domino vurduğunu görüb qızılgül kollarının altında yatan cüzamlı xəstələrə, pilləkənlərdə yuxuya gedən ifliclərə də baş çəkdi, sonra şam yeməyini açıq pəncərələrdən birinin məhəccərinə qoyub, özünü yarıqaranlıq, üfunətli qadın yataqxanasına salaraq üç qadının öz bicləriylə yatdığı çarpayının yanında peyda oldu, özünü bu üfunətli bədən yığnağının arasına soxub ona maneə törədən iki başı və üç cüt ayağı qırağa çəkərək arvadların birini qamarladı. Nə generalın çənginə keçən qadın, nə də onun yanında yatanlar yuxudan ayılmadılar. Arada o biri çarpayılardakı yuxulu qadınların səsi eşidilirdi: “Bir az yavaş, mənim generalım, elə fısıldamayın, uşaqlar qorxar”.

Bundan sonra saraya qayıtdı, iyirmi üç pəncərənin iyirmi üçünün də cəftələrini bir-bir yoxladı, cücüləri qovmaq üçün dəhlizdə təzə təzəkdən ocaq qaladı.

O bu təzəkləri vestibüldən tutmuş otaqlaracan bir-birindən beş metr aralı qoya-qoya yandırır, tüstünü ciyərlərinə çəkə-çəkə uzaq, tumançaq uşaqlıq illərini xatırlayırdı... Belə də uşaqlıq illəri olardı?.. Əgər bu illər onun ciyərlərinə tüstü ilə birgə dolub, bir dəqiqədən sonra tüstü ilə də birgə canından çıxırdısa, bu necə illər idi?! Sonra otaqların işıqlarını bir-bir söndürə-söndürə vestibülə qayıtdı, quş qəfəslərinin üstünə örtüklər sala-sala saydı: “Qırx səkkiz ədəd olmalıdır”. Onlar düz qırx səkkiz ədəd idi, lakin bununla da generalın ürəyi soyumadı, əlində çıraq bütün sarayı bir də başdan-başa dolaşdı, sarayın on dörd güzgüsündə on dörd əksini – əlində yanar çıraq aparan on dörd əkiz generalı gördü. Saat onu vurdu. Hər şey qaydasındadı. O, qvardiyaçıların yatdığı otağa da baş çəkdi və oranın işığını da keçirdi: “Gecəniz xeyrə qalsın, senyorlar!” Sonra birinci mərtəbənin bütün otaqlarına – bütün qəbul otaqlarına və tualetlərə baş çəkdi, bütün pərdələrin arxasını, stolların altını yoxladı… heç yerdə heç kim yox idi. Onda cibindən bir dəstə açar çıxarıb əliylə yoxlaya-yoxlaya hər açarın öz qapısını təyin elədi, sonra bütün kabinetləri bir-bir açarladı, bundan sonra əsas mərtəbəyə qalxıb orda da bütün otaqları bir-bir gözdən keçirdi və hamısını açarladı, nəhayət, öz yataq otağına çatıb gizli mücrüsündən bal bankasını çıxararaq yuxusu şirin olsun deyə iki qaşıq uddu və anası Bendisyon Alvarado haqqında fikirləşməyə də vaxt tapdı.

O, Bendisyon Alvaradonu orda – öz malikanəsində, ətirli oreqano otları və melissa kollarının qoxusu içində yatdığını təsəvvürünə gətirdi… anasının adi boz quşu qu quşuna çevirən, indi isə yuxunun ağırlığından keyləşib hərəkətsiz qalan çevik əlini gördü. Arvadın yuxulu əli elə cansız idi, elə bil o yatmamışdı, ölmüşdü… “Gecən xeyrə qalsın, ana…” – pıçıldadı və elə həmin dəqiqə də orda – öz tənha malikanəsində yatan anasının gözlərini açmadan: “Xeyrə qarşı, oğul!” – dediyini eşitdi. Sonra çırağı yataq otağının girəcəyindəki asılqandan asdı – çıraq bütün gecəni yanmalıydı, onu söndürməyə heç kimin ixtiyarı çatmırdı, çünki bu çıraq ona günlərin bir günü, gecənin bir vaxtı qaçaqaç düşəndə lazım olacaqdı. Saat on biri vurdu və yenə bütün sarayı, bu dəfə heç bir işığı yandırmadan, qaranlıqda dolaşa-dolaşa, elə-belə, hər ehtimala qarşı gəzdi ki, işdi, ola bilər, kimsə onun yatdığını zənn edib buralara girib?! O, dənizdə yırğalanan mayakdan içəri süzülən yaşıl işığın içiylə, mahmızının parıltısı qaranlığa iz sala-sala sakitcə yeriyir, qaranlıq dəhlizlərdə azıb ayaq üstə yuxulayan cüzamlı xəstələri, onlara dəyib-toxunmadan, bağa – qızılgül kollarından birinin altına ötürür, qayıdıb qarovulu yenidən sayır, sonra yenə öz otağına qayıdırdı. Uzun-uzadı dəhlizlərlə pəncərələrin önündən keçə-keçə hər pəncərədən aprel ayının Qəraib dənizinə tamaşa eləyirdi.

O bu dənizə beləcə, ayaq saxlamadan, düz iyirmi üç dəfə tamaşa elədi və bu qərara gəldi ki, dəniz hər apreldə olduğu vəziyyətindədi, üstü qızılı hov atan bataqlığa bənzəyir.

Saat on ikini vurdu və saatın son zərbəsi ilə birlikdə hardansa içindən – qarnından üzüyuxarı yeriyən qorxunu hiss elədi. Bu qorxu bədəniylə üzüyuxarı qalxıb qulaqlarına doldu, orda elə bir cüyültü ilə cüyüldədi ki, az qala, qulaqları batdı və general vahimələnib qapısının üç kilidini, üç qıfılını, üç zəncirini çəkib bağladı, ayaqyoluna keçərək orda özünü sıxıb əzə-əzə, əvvəl iki, sonra dörd, daha sonra yeddi müsibətli damcını birtəhər süzüb üzüüstə döşəməyə sərildi və elə həmin dəqiqə də dərin yuxuya getdi. Və çox keçmədi ki, gecənin bir aləmi – üçə on beş dəqiqə qalmış tər-qan içində yuxudan ayıldı... Elə bil kimsə otağa daxil olmuşdu, indi qıfıl-kilidə toxunmadan, başı üstündə dayanıb düz onun üzünə baxırdı… bu baxışları üzündə hiss eləyib vahimə içində dik atıldı və qapı-pəncərəsi üst-üstə kilidlənmiş otağı boyu var-gəl eləyən Manuela Sançesi… divarları asanca yarıb keçən Manuela Sançesi, qorxulu gecənin Manuela Sançesini, nəfəsi səhləb çiçəyi ətri qoxuyan, ipək paltarlı Manuel Sançesi gördü... “De ki bu, həqiqət deyil, de ki bu, xəyaldı… – kəkələdi. – De ki bu sən deyilsən, de ki bu, başgicəlləndirən qoxu sənin nəfəsin deyil, səhləb çiçəyinin ətridir!” Lakin bu, Manuela Sançes idi… ovcunda saxladığı qızılgül rəng alıb-rəng verirdi, ilıq nəfəsi otağı ağzına almışdı... Hər şey Manuela Sançes idi… bütün dünya Manuela Sançes idi... İnadkar qaya dənizin möhtəşəmliyini özünə beləcə tabe eləyir... Axırımın Manuela Sançesi, sən ki ovucuma döyülən tale yollarında yoxsan! Axı nə qəhvə çöküntüsündəki falda, nə də suyun üzünə çıxan taleyimdə falçılar sənin barəndə heç nə deməyib. Odur ki məni yuxumdan eləmə… məni qadın ayağı dəyməyən, heç bir vaxt da dəy­mə­yəcək otağımın havasından eləmə, söndür o qızılgülünü!” – deyə əlini divarlar boyu sürütləyə-sürütləyə, işıq düyməsini axtara-axtara yalvardısa da, hər küncdə əlinin altına ağlını başdan çıxaran Manuela Sançes keçdi… “Lənət sənə, şeytan, mən səni heç vaxt itirməmişəmsə, niyə hər yerdə əlimin altına sən keçirsən?! Məndən nə istəyirsən?.. İstəyirsən, sarayımı verim sənə, hər şey sənin olsun, bütün ölkəni sənə verirəm, amma imkan ver bu işığı yandırım… ey gecəmin əqrəbi, iliyimə yeriyən Manuela Sançes, sənin ananın...”

O elə bilirdi ki, işığı yandırsa, Manuela Sançesin sehrli xəyalından canını qurtaracaq, odur ki var gücüylə çığırdı: “Rədd eləyin bunu burdan, canımı bundan qurtarın, boğazına daş bağlayıb dənizin dibinə salın, boğub öldürün ki, onun gülünün işığı bir də heç kimə əziyyət verməsin!” O, beləcə qaranlıq dəhlizlər boyu, aradabir ayağı təzəkdə sürüşə-sürüşə çığırır, hərdən də vahimə içində öz-özünə: “Bu nə işdi? – deyirdi. – Bir azdan saat səkkiz olacaq, səhər açılacaq, bu əclaf evdə isə hamı köpür”. Və birdən: “Durun ayağa, ay biqeyrətlər!..” – deyə qəfildən elə qışqırdı ki, o dəqiqə saray otaqlarının işıqları bir-bir yanmağa başladı, kazarmalarda şeypurlar çalındı və onların səsinə liman qalasından səs verildi… bu səsə San-Xeronimodakı şeypurlar da qoşuldu... Sübh şeypurları bütün ölkə boyu eşidildi… şəhər oyanmağa başladı… dağ kimi üst-üstə yığılan silahlar qorxu içində paylandı, qızılgüllər, sübh şehi hələ düşməmiş, iki saat əvvəl açıldı, saray qulluqçuları döşəmə əsgilərinin tozunu ulduzlu göyün altında çırpdılar, qəfəsdə mürgüləyən quşlara yem verildi, solmağa macal tapmayan güllər atılıb yerinə elə onlar kimi təzələri qoyuldu, daşyonanlar dəstəsi tələm-tələsik divar hörə-hörə hər pəncərəyə qızılı kağızdan kəsilmiş günəşlər yapışdırdılar. Bu yalançı günəşləri pəncərələrə, adətən, günün günorta çağı vururdular, lakin göy hələ də qaranlıq idi, təqvim hələ də istirahət gününü göstərirdi, bazar ertəsinin sübh şəfəqi hələ aprel dənizinə toxunmamışdı. Gecə hələ bitməmişdi, lakin camaşırxana müdirləri – qaraqışqırıqçı çinlilər artıq paltardaşıyanları yuxudan oyadıb küçələrə itələyir, çirkli döşəküzlərini yığmağa göndərdilər, kor falçılar fal açır, məmurlar, bazar ertəsinin səhəri açılıbmış kimi, stollarının gözlərində toyuqların qoyduğu yumurtaları tapır, küçələr başlarını itirib oyan-buyana qaçan adamlarla dolur, dövlət şurası üzvlərinin fövqəladə müşavirələri keçirilən otaqda – stolların altında saray itlərinin hərgünkü boğuşması başlayırdı. Onu isə heç nə təəccübləndirmədi, gözləri gözlənilmədən açılan səhərin sübh şəfəqindən qamaşa-qamaşa, bir-birinə macal vermədən onu “sübhü yaradan”, “zamanın hökmdarı”, “günəş şəfəqlərinin mühafizəkarı” – deyə vəsf edən yaltaqların müşayiəti ilə iclas zalına yollandı, general qərargahının zabitlərindən biri onun qabağını kəsib təzim edərək saatın səkkizi yox, dördə beş dəqiqə işlədiyini göstərdiyi barədə hesabat verəndə o, zabitin qulağının dibinə yağlı şillə ilişdirərək, səsi bütün ölkəni başına götürə-götürə: “Saat səkkizdir, lənət şeytana! Səkkizdir!” – deyib çığırdı.

Günorta saat üçdə anası Bendisyon Alvaradonun gözdəniraq malikanəsinə gələndə və anası onun halını görüb təəccüb içində: “Sənə nolub? Səni əqrəb vurub? Ürəyini niyə tutmusan?” – deyə soruşanda dinməz-söyləməz kresloya çökdü, əlini sinəsinin üstündən götürmək istədisə də, nəyisə xatırlayıb yenidən ürəyinin üstə qoydu. Bendisyon Alvarado quşları rənglədiyi fırçanı oğluna tərəf uzadıb bir az da təəccüblə: “Bu nədi belə, elə bil doğrudan-doğruya Müqəddəs Ruhun Elçisinə çevrilirsən… gözlərin, ürəyinin üstə qoyduğun əlin, hər bir şey onu xatırladır” – dedi.

O, əlini sinəsindən çəkib ayağa qalxdı, qapını çırpıb çıxdı, ürəyində anasını söyə-söyə saraya qayıtdı, əllərini cibinə soxub əsəbi addımlarla mərtəbələr boyu gəzişdi. Gəzişə-gəzişə pəncərələrdən görünən çölə, yağışın şüşələr boyu açdığı kədərli şırımlara, gümüşü kağızdan düzəldilmiş ulduzlara, pəncərələrin o biri üzündən – çöl tərəfdən şüşələrinə yapışdırılan, günortanın üçünü axşamın səkkizinə oxşadan latun aylara baxdı. Saray qarovulunun yaş paltarlı əsgərlərinə, kədərli dənizə və yağışa nəzər saldı. Yağışa... yağışa... o yağışa ki, onun hər damlası Manuela Sançes idi… əlçatmaz Manuela Sançes… onunku olmayan Manuela Sançes. Başdan-ayağa onun olan bu şəhərdə yaşaya-yaşaya onunku olmayan Manuela. Saray boyu dolaşdıqca kimsəsiz otaqların ürəküzən xofu onu qarabaqara izləyir, getdikcə çıxılmaz tənhalığa, bir neçə uzaq, ala-toran günlərin tənhalığına, Manuela Sançessiz daha bir gecənin tənhalığına çevrilirdi. “Lənət şeytana, – o, içini çəkdi, – bu nə olan işdi?.. İçim elə sızlayır, elə bil ordan nəyisə çəkib çıxarıblar…” Beləcə fikirləşib öz vəziyyətindən elə bil utandı, ürəyinə tərəf uzanan əli şalvarının içinə süründü... yağışın səsi altında mürgüləyən yumurtalığının üstünə qondu. Yumurtalığı həmişəki vəziyyətində idi, yenə əvvəlki şişmanlığında və ağırlığındaydı... Ağrısı da həmin ağrıydı, yenə altdan-altdan, aramla zoqquldamağındaydı... Amma budəfəki ağrı niyəsə daha dözülməz idi… elə bil ovcundakı yumurtalığı yox, ürəyiydi… dumduru, çılpaq ürəyi... Bu məqam o nə vaxtsa eşitdiyi sözlərin həqiqətini anladı: “Ürək üçüncü yumurtalıqdı, mənim generalım!” Ürpənib pəncərənin qabağından çəkildi, qəbul otağı boyu var-gəl eləyə-eləyə halsızlığından, bu çıxılmazlıq dolu əlacsızlıq durumundan bezə-bezə, ürəyinin başına balıq tıxı ilişibmiş kimi boğula-boğula dövlət şurasının iclasına yollandı, orda bir kənarda oturub həmişəki kimi heç nə eşitməyə-eşitməyə, heç nə anlamaya-anlamaya, az qala, mürgüləyə-mürgüləyə maliyyə vəziyyəti barədə darıxdırıcı məruzəyə qulaq asırdı ki, qəfildən elə bil iclas zalının havasında nə isə dəyişdi, nə isə qırılıb havadan asıldı, maliyyə naziri sözünü kəsib gözünü prezidentə zillədi, yerdə qalanlar da çönüb, ortasından qabarıb onu az qala iki yerə bölən qəfil ağrıdan ürəyi gedəcəkmiş kimi qovrulan prezidentə baxdılar. O özü də özünü kənardan uzun-uzadı stolun başında, öz tənha stulunda köməksiz üzüylə, prezidentə layiq olmayan saralmış bəniziylə oturan gördü… Ürəyini tutdu... Həyatı səhiyyə nazirinin zərgər gözü kimi iti gözləri qarşısında şam kimi əriyib gedirdi...

Əziz həmyerlisi elə bil onun içini cib saatının zəncirini əlinin içində oynada-oynada, dinməz-söyləməz seyr eləyirdi. “Ola bilsin ki, ürəyi sancdı…” – kimsə ehtiyatla dillənəndə o artıq hikkəsindən ağırlaşıb daşa dönmüş əlini sinəsindən çəkib stolun üstünə qoymuş, rəngi özünə qayıtmışdı. Hökmranlığını bir daha təsdiq eləyən iynəli sözləriylə elə bil hamını güllələdi: “Siz istəyərdiniz sancsın, hə, heyvərələr!.. Hə, nədi, diliniz qarnınıza girdi?.. Di davam eləyin!” Onlar da özləri öz dediklərini eşitməyə-eşitməyə, onun acığını, nəyə hirsləndiyini anlayaraq iclası davam etdirdilər, pıçapıç salıb, ehtiyatla barmaqlarını ona sarı uzada-uzada: “Siz bir ona baxın! O qədər əsəbidi ki, ürəyini tutub. Görən, nə olub? Çırtma vursan, qanı çıxar”. Bir qədər sonra isə sarayda söz-söhbət gəzdi ki, guya prezident səhiyyə nazirini təcili surətdə yanına çağırtdırıb, nazir də gəlib görüb ki, o, stolun üstünə qoyduğu sağ əlinə baxır, əli də kündə kimi köpüşüb. Deyirdilər, prezident səhiyyə nazirinə əmr edib ki, sağ əlini kəssin, çünki ona mane olur, yaşamağa qoymur, lazım olmayan yerlərə uzanır. Deyirdilər, ancaq səhiyyə naziri buna qəti etiraz eləyib və bildirib ki, başına güllə çaxsalar belə, bunu eləməz. “Səmimi sözümdü, mənim generalım, sizin əlinizi kəsməyə haqqım yoxdur, ona görə ki mən bütün varlığımla sizin bircə əlinizə dəymərəm”.

Bu əhvalat, onun səhhəti barədə gəzən şayiələr digər şayiələrə qarışıb, az qala, hər küçədə, hər tində danışılır, getdikcə tüstü kimi, duman kimi şəhərin canına hopur, o isə elə hey fermada öz əlləriylə süd sağır, sağa-sağa Manuela Sançesli, onun qızılgülü rəngində sabahın açıldığını hiss edirdi. Hər şey büsbütün Manuel Sançesə oxşayırdı… Odur ki qızılgül kollarının arasında yatan bütün yara-xoralıları qovdurmağı əmr etdi ki, güllər bu xəstələrin iyini tutmasın, Manuela Sançesin gülünün iyi korlanmasın. Sarayın ən kimsəsiz künc-bucaqlarını axtarırdı ki, orda heç kim onun oxuduğu: “Səninlə ilk valsı oynadım ki, məni unutmayasan, ey kraliçam! Bil ki, unutsan məni, ölüm olacaq cəzan!” mahnısını eşitməsin. Bir qədər sonra isə həmin bu mahnını içində əridə-əridə, canına dolan iztirablarını bir az yüngülləşdirmək üçün özünü qadın hərəmxanasına salıb, həmişəki səbirsiz xoruz rolundan çıxaraq, daha əvvəlki tələskənliyə yol vermədən, uzun-uzadı aramlı həzlər verib-almaqla qadınları heyrətləndirdi. Qadınlarsa qaranlıqda xoşbəxt-xoşbəxt qaqqıldayıb qaynar nəfəsləriylə: “Özünüzü əldən salırsız, mənim generalım, özü də bu yaşda!” – deyə pıçıldayırdılar. Lakin gözəl bilirdi ki, bütün bunlar özünü aldatmaqdan savayı bir şey deyil və olacağa çarə yoxdur, o gün əvvəl-axır gəlib çıxacaq və o, Manuela Sançesin ayağına gedəsi olacaq, dünyanın bütün müqəddəsliyi naminə and verib sevgisini dilənəcək… Manuela Sançesin İt Döyüşü məhəlləsinin göbəyindəki zibilliklərin arasında bitmiş qəddar sarayına yollanacaq, onu orda səbirlə axtaracaq… Oraya ən bürkülü günlərin birində – saat ikini ötəndən sonra, adi geyimdə, qarovulsuz-filansız, adi maşında yollanacaq, bir müddət siestanın ölüm rəngli saatlarında şəhərin kimsəsiz küçələriylə gəzəcək.

O, dükanlarla dolu küçələrdən ötüb-keçəndən sonra öz sonunu – Manuela Sançesin böyük dənizini gördü… üfüqdə ağaran tənha quşu, birbaşa Manuela Sançesin evinə aparıb çıxaran sınıq-salxaq tramvayları gördü və elə həmin dəqiqə bu sınıq-salxaq tramvayları yeniləri ilə – tutqun şüşəli, sapsarı tramvaylarla əvəz etməyi, vaqonların hər birində Manuela Sançes üçün ayrıca məxmər üzlü oturacaq qoydurmağı əmr elədi. Manuela Sançesin istirahət günlərini keçirdiyi çılpaq çimərlikləri gördü və ora soyunacaqlar qoymağı əmr elədi. Əmr elədi, hava haqqında məlumat verən dirəyə bayraq assınlar ki, çimməyin mümkün olub-olmadığı bilinsin və nəhayət, Manuela Sançesin ayrıca çimməsi üçün çimərliyin bir hissəsi hasara alınsın. O, dəniz sahili boyu uzanan mərmər meydançalara, onun mərhəməti sayəsində varlanan on dörd ailənin imarətlərinə, kimsəsiz hovuzlara nəzər saldı. Ən çox da dağın üstündə ucalan imarət nəzərini cəlb elədi.

Bu, həyəti fəvvarələrlə bəzədilmiş ən böyük imarət idi. Odur ki özündən asılı olmadan, həyəcanla: “İstəyirəm, bu ima­rətdə sən yaşayasan! Məni hər axşam burda gözləyəsən!” – deyə qışqırdı. Və əlbəttə ki, elə o dəqiqə də malikanə boşaldılıb Manuela Sançesə verildi… O bu fikirlərlə maşınının arxa oturacağında oturub xəyala dalır, öz arzularıyla aləmi bir-birinə qatıb-qarışdırır, dünyanı istədiyi kimi dəyişirdi. Lakin çox keçmədi ki, maşın sahili ötüb-keçdi, dənizin ecazkar nəfəsi sovuşub arxada qaldı və İt Döyüşü məhəlləsinin cəhənnəm uğultusu maşına doldu. Məhəllənin müdhiş mənzərəsindən qorxub öz-özünə: “Anacan, Bendisyon Alvarado, gör oğlun hara gəlib girib!? Məni xilas elə!” – pıçıldadı. Ancaq bu hay-həşirin içində heç kim onun qəmli gözlərinə, nazik dodaqlarına, yorğun sinəsinin üstə yatan koppuş əlinə məhəl qoymadı, heç kim ağ kətan kostyumlu, sadə kepkalı qədim qocanın səsini eşitmədi, başını maşının pəncərəsindən çıxarıb: “Mənim Manuela Sançesim, dilənçilər kraliçası, əlində qızılgül tutan senyora harda yaşayır?” – soruşan baba heç kimi maraqlandırmadı. O, Manuela Sançesin yaşadığı yeri soraqlaşa-soraqlaşa özü özünə: “Sən burda, bu ətürpərdən uğultunun içində – ağzından qan daman, gözündən cin çıxan bu quduz itlərin arasında necə yaşaya bilirsən, bu müsibətin, bu bataqlığın içində – ölüncə didilib tökülən itlərin quyruqlarını dallarına qısıb ulaya-ulaya yaralarını yaladığı bu eybəcər yerdə, iylənmiş gölməçələrin, qəlyanaltıxanalardan dəstə-dəstə küçəyə atılan sərxoşların çığırtıları arasında sənin şirin, səhləb çiçəyi qoxuyan nəfəsini necə hiss edim, necə, sənin atana lənət!.. Axı necə, ay mənim əzabım?! Səni bu əvvəli-axırı bilinməyən maranquanqo və burundanqo, qordolobo və manta-de-banderaların içində necə tapım?.. Bu Qara Adam və Xuansito Trukupeyanın yuxuyabənzər cənnətində – tünd-bənövşəyiyə çalan çatlar dolu pəncərəli, tutuquşu rəngində rənglənmiş şüşəli, göy çərçivəli, yaşıl evlərin arasında necə tapım?.. Əlindəki tabaq kimi açılmış qızılgülünlə olduğun evini necə tapım?.. Bu dəqiqə bu cəhənnəmin içində, görən, sənin saatın neçəni göstərir?.. Görən, sənin saatın günortanın üçünü, yoxsa dünən axşamın səkkizini göstərir?.. Hərçənd ki bu cəhənnəmin içində gecəylə gündüzü qarışıq salmaq mümkün deyil… Səni bu evlərin arasında, boş otaqlar boyu yanlarını burcuda-burcuda gəzib buludların istisini soyudan arvadların arasında necə tanımaq olar axı?..” – fikirləşirdi.

Belə fikirləşə-fikirləşə, açıq pəncərədən çölə boylana-boylana: “Mənim kədərim Manuela Sançes, paltarı brilyant köpüyünə bənzəyən, başında qızıl cıqqa olan Manuela Sançes harda yaşayır?” – soruşdu. Və nəhayət, bu cəhənnəm uğultusunun içində kimsə onu eşitdi: “Hə-ə, bildim kimi deyirsiniz! O belə dalı yekəni deyirsiz, özündən də elə razıdı, elə bil arşın udub. Orda yaşayır, senyor, bax o evdə!” – dedi.

Adi, ucuz rənglərlə rənglənmiş, kandarı it nəcisiylə dolu bir ev idi... Baxan kimi bilinirdi ki, kimsə evə girəndə ayağı qapının ağzındakı nəcisin içində sürüşüb. Bu ev görüş vaxtı şah kreslosunda oturan Manuela Sançesin görünüşünə qətiyyən uyuşmurdusa da, onun ocağı idi. “Anam mənim, Bendisyon Alvarado, mənə güc ver ki, bu qapıdan içəri girə bilim!..” İçəri girməmişdən əvvəl o, bütün məhəlləni azı on dəfə hərləndi, sonra nəfəsini dərib qapını üç dəfə, üç yalvarışa bənzər tıqqıltıyla döydü, sonra elə qapının ağzındaca – günün istisindən alışıb-yanan kölgəlikdə dayanıb gözlədi və bu üfunətin hardan gəldiyini bir müddət anlamadı. Yoxsa bu pis iyi havanın bürküsü əmələ gətirmişdi, ya da ola bilər, havanı o özü həyəcandan qarnına düşən ağrıdan korlamışdı?.. Nəhayət ki, qapını Manuela Sançesin anası açdı və onu içəri – ağırlaşmış balıq iyi verən geniş, sərin zala keçirib qızını oyatmağa getdi. O da oturub bu miskin zalı – yağışın isladıb qaraltdığı divarları, içi çökmüş divanı, oturacağı deşik kətilləri, dilləri qopmuş pianonu gözdən keçirdi. Zalda daha heç nə yox idi. “Heç nə, lənət şeytana, mənsə bu miskinliyi görmək üçün bu qədər əziyyət çəkmişəm!..” Çox keçmədi ki, Manuel Sançesin anası əlində zənbiltoxuyan qıyıq, zala qayıdıb kətillərin birinə oturdu və qızı o biri evdə geyinib, baş-gözünü darayanacan, qəfil qonağın gözünə yaxşı görünmək üçün ən yaxşı çəkmələrini axtaranacan başını aşağı salıb toxumağa başladı. O isə həyəcanını güclə içində boğa-boğa dodaqaltı: “Hardasan, ey mənim əzabım, ağrım o Manuela Sançes, səni görə bilmirəm, sənin səhləb çiçəyi ətri qoxuyan nəfəsini eşitmirəm, bunların əvəzinə, yemək qalıqlarının üfunətini duyuram… Axı sən hardasan… qızılgülün hardadır, ha­nı sənin məhəbbətin… gəl, gəl, qurtar məni bu it əzabından!” – deyə donquldanırdı. O, beləcə içini çəkə-çəkə öz-özünə danışırdı ki, birdən içəri otağın qapısında Manuela Sançes göründü: onun təsəvvür elədiyi kimi – yuxularında, sayıqlamalarında gördüyü kimi o həm də bir az ayrı cür – yuxunun güzgüdə görünən əksi kimi: ucuz çit paltarda, köhnə ayaqqabılarda, saçları necə gəldi, boynunun ardında daraqla yığılmış, amma yenə də dünyanın ən gözəl və ən qürurlu qadını kimi, əlində alışıb-yanan qızılgülüylə…

Bu elə bir ecazkar mənzərəydi ki, o ayağa qalxıb, qızın başını yüngülvari tərpədib, ağızucu salamlaşmağına cavab olaraq baş əyməyə özündə zorla güc tapdı. Qız şahanə bir səslə: “Allah sizə yar olsun, əlahəzrəti!” – dedi, sonra barmaqlarının arasındakı qızılgülü alışıb yana-yana divanın bir kənarında əyləşdi, iti baxışını qonağın gözünün içinə zillədi.

“…Mən onun yarasa dodaqlarını, suda boğulmuş meyitin suyun içindən baxan donuq gözlərinə bənzər gözlərini gördüm… tüksüz dərisini, torpaq rənginə çalan qırışlı üzünü, dərisi bir qədər tarıma çəkilmiş əllərini gördüm. Sağ əlini dizi üstə qoymuşdu, odur ki barmağındakı prezident möhürlü üzük yaxşı görünürdü… ağ, kətan kostyumu əynindən asılqana keçirilibmiş kimi asılmışdı, çəkmələri ayağına yekəydi… belə çəkmələri, adətən, ölülərə geydirirlər, senyor! Mən onun gizli fikirlərini oxuyurdum, əfsanəvi hakimiyyət gücünü – Yer üzünün ən qədim, ən qəddar, cümlə məmləkətin nifrətini qazanmış, qocalığı bir kəsin ürəyini zərrə qədər ağrıtmayan, halına acınmayan bu ahıl insanın hökmranlıq gücünü duyurdum… o isə kepkasını əlinin içində hərlədə-hərlədə susub danışmır, elə bil mənə hardansa, dünyanın o biri üzündən baxırdı. İlahi, bu nə qaradinməz adamdı!” – qorxu içində fikirləşirdim, özüm isə soyuq bir səslə: “Qulluğunuzdayam, əlahəzrəti” – dedim. O isə mənim sözümə təntənəli bir həyəcanla: “Mən elə-belə gəldim, kraliça! Elə-belə!..” – cavab verdi”.

Bu görüş ona rahatlıq gətirmədi. Və o, Manuelanın evini hər gün – siestanın ölgün saatlarında, günün ən isti vaxtlarında, adəti üzrə, anasının yanına getdiyi vaxtlarda ziyarət eləməyə başladı. Manuela Sançesin yanına getmək üçün qəsdən məhz bu saatları seçmişdi ki, hara getdiyindən milli təhlükəsizlik komitəsi xəbər tuta bilməsin, qoy onlar elə bilsinlər ki, həmin vaxtlar qayanın başındakı malikanədə – anasının yanındadı. Lakin ondan başqa bütün aləmə məlum idi ki, general Rodriqo de Aqiların əsgərləri onu damlarla sürünə-sürünə müşayiət edirlər, qəsdən küçələrdə qalmaqal salıb aləmi bir-birinə qatıb-qarışdırır, sonra güllə-baranla bütün bu hay-küyü yatırdırlar ki, onun keçib-gedəcəyi küçələrdə hərəkət dayansın. Rodriqo de Aqiların gizli əmrinə görə prezidentin hərəkət edəcəyi bütün küçələr saat ikidən beşəcən bomboş olmalıydı, əsgərlər bu saatlarda öz evlərinin balkonuna çıxanları belə xəbərdarlıqsız güllələmək əmri almışdılar. Lakin ən təcrübəsiz adamlar da küçələrdə, bər-bəzəksiz sadə maşın cildində peyda olan prezident limuzinini nəzərlərindən qaçırmamışdılar, maşının içində ağappaq kətan kostyumda əyləşən kəmhövsələ qocanı, onun gizli hüznlə göz yaşı axan avazımış üzünü, “ürəyi” tutanda, kim nə deyirsə desin, daha heç nəyi vecinə almayan qocanı görmüşdülər. Vücudu başdan-ayağa bir şey deyirdi: o öz qəlbinə hakim deyil və bu dəqiqə, günün bu qızmar saatında – havanın ərinmiş şüşəyə bənzədiyi bir məqamda, bu kimsəsiz küçələrlə başı kəsilməyə aparılan qurbanlıq qoyunla onun heç bir fərqi yoxdu. Bu qəribə və naməlum halsızlığı barədə söz-söhbətlər tədricən onun siesta saatlarını anası Bendisyon Alvaradonun evində yox, Manuela Sançesin sakit komasında – evin gizli bir guşəsində – Manuelanın, qızını bircə an qocayla təkbətək buraxmadan, yorulmaq bilmədən şəbəkə toxuya-toxuya, həm də necəsə, gözə görünməyən anasının iti baxışları altında keçirdiyi barədə şayiələrlə əvəz olunurdu. Manuelanın anasını da başa düşmək olardı. Axı qoca onun qızı üçün bu qədər pul tökürdü – bahalı oyuncaqlar, əndrəbadi maşınlar alır, qızı maqnetizmin sirlərinə yiyələndirməyə çalışır, ona dağ büllurundan pres-papye, cürbəcür astronomik, tibbi cihazlar, manometrlər, metronomlar bağışlayırdı!.. Bu cihazları harda görsə, alır, anasının deyintisini qulaqardına vurub öz simicliyini unudur, pullarını zibil kimi səpələyirdi.

O, dərin vətənpərvərlik hissiylə Manuela Sançesin qulağına içindən dəniz səsi əvəzinə hərbi marşlar eşidilən balıqqulağı qoymağı özünə xoşbəxtlik sanırdı… kibriti yandıraraq divar termometrinin altına tuturdu ki, Manuela Sançes civənin min bir çətinliklə yerindən oynayıb yuxarı dırmandığını öz gözləriylə görsün.

O, Manueladan heç nə istəmirdi, Manuelaya öz niyyətini bildirmədən, dinməz-söyləməz baxır, qızı ağlasığmaz hədiyyələrə qərq edir, sözlə deyə bilmədiyini bəxşişlərlə deməyə çalışırdı. Axı bütün arzularını da beləcə görünən, ələ gələn, konkret maddi nəticəylə həyata keçirməyə alışmışdı. Və bir dəfə – Manuela Sançesin doğum günü, ona pəncərəni açmağı, pəncərədən görünənlərə baxmağı təklif elədi ki, qızın könlü pərvazlansın.

“…Pəncərəni açdım, senyor və dəhşətdən yerimdəcə donuxub qaldım… Bunlar mənim zavallı İt Döyüşü məhəlləmi nə günə qoymuşdular?! Mən tələm-tələsikliklə tikilib əhənglə ağardılmış taxta evləri, fəvvarələri hərlənən sintetik gölməçələri, yalançı tovuz quşlarını, tüstüdən düzəldilmiş süni buludları gördüm, senyor… siz bir təsəvvür edin...” Bu nə vaxtsa dəniz donanmasının zabitləri üçün tikilmiş miskin əyalət mərkəzini andıran əcaib bir yer idi... Bütün bu işlər gecələr – hamı yatandan sonra, gizlincə görülmüşdü: səs-küy olmasın deyə məhəllənin it-pişiyi bircə-bircə güllələnir, yerli camaat evlərindən çıxarılıb ayrı xarabalıqlara köçürülür, sökülənlərin yerinə ayrı tikililər quraşdırılır, bir sözlə, tamamilə yeni bir kvartal – Manuela Sançesin kvartalı salınırdı. Bu kvartalı Manuela anadan olduğu gün evinin pəncərəsindən görməliydi. “Budur, kraliça, bax və xoşbəxt ol!” Bu bir növ, qızı hökmdarlıq zirvəsinin möhtəşəmliyindən heyrətləndirmək, hakimiyyətin hüdudsuz imkanlarıyla şirnikləndirmək, onun çox incə, incə olduğu qədər də qəddar alınmazlığını laxlatmaq cəhdi idi. “Xahiş edirəm, mənə bu cür sıxılmayın, əlahəzrəti! Axı anam burdadı!..” O, Manuelanın anasıyla – qızının namusunu qoruyan qarovulçuyla hesablaşmaya bilmirdi, odur ki, ehtirasını boğa-boğa, hirsini-acığını birtəhər uda-uda qalır, Manuela Sançes isə xəfif təbəssümlə gülümsəyərək ona qvanabano ağacının meyvə şirəsi qatılmış soyuq su gətirir, o, suyu qocasayağı aramlıqla – xırda qurtumlarla, gicgahında lükküldəyən soyuq ağrıya səbirlə dözə-dözə içirdi ki, Allah eləməmiş, birdən qız bunu qocalıq əlaməti kimi qəbul edər və onu xəstə, zavallı bir qocanı sevəntək sevər. Manuela Sançesin yanında elə bil bir az da tənhalaşır, bütün vücuduyla aramla tənhalıq bataqlığına qərq olur, bu köməksiz çıxılmazlıq vəziyyətindən üzülə-üzülə, divar saatı öz zəngini çalıb görüş vaxtının bitdiyini elan edənəcən, heç olmasa, nəfəsiylə də olsa, qıza toxunmaq üçün can verirdi... “Bu saatın zəngi mənim ölüm anımı çalır!”

O, Manuelanın hüzurunda keçirdiyi son dəqiqələri qəsdən uzada-uzada, havanın hər qurtumunu acgözlüklə uda-uda vaxtı ləngidir, oyuncaqları, dənizin nəm havasından paslanmasınlar deyə aramla qutularına yığırdı: “Bir dəqiqə, kraliça! Qoy bunları ortadan yığım”. Lakin nə qədər kədərli də olsa, son dəqiqə başa çatır, getmək vaxtı yetişirdi! Sabaha qədər isə ucsuz-bucaqsız bütöv bir ömür yaşamaq lazım idi, amma indi – saatın bu yersiz zəngindən sonra, əlində qızılgül donub-qalan, qocanın getməyini gözləyən bu bakirə qıza bir də baxmaq üçün bircə an çatışmırdı. Əvvəl-axır o çıxıb getməli olurdu, küçələrdə dolaşan kölgələrə qarışıb gözdən itirdi, camaatın gülüş hədəfinə çevrilmək qorxusuyla, xəcalət tərindən boğula-boğula yoxa çıxırdı. Daha xəbəri yox idi ki, artıq çoxdan camaatın gülüş hədəfinə çevrilib, onun sevgi macəraları haqqında, az qala, hər tində danışır, cürbəcür mahnılar qoşurdular. Bütün ölkə bu mahnıları əzbər bilirdi, bu mahnıları hətta tutuquşular da patiolarda boğazlarını cıra-cıra oxuyurdular:

 

General qovrulur eşqin oduna,

Göz yaşının, kədərinin oduna,

Əli yanır sinəsinin oduna...

Sən bir buna bax, buna,

Nə ləyaqəti qalıb, nə özünə hörməti.

Bunu da bilir hamı:

Bu boyda məmləkətə

Şahlıq edir yuxuda...

 

Çöl tutuquşuları bu mahnını ev tutuquşularından, qarğalar onlardan, qalan quşlar qarğalardan öyrənib oxumağa başlamışdılar. Bu minvalla mahnı məşhurlaşıb paytaxt sərhədlərini aşmış, bütün ölkəyə yayılmışdı, dəstə-dəstə adamlar bu mahnını küçələrdə gəzə-gəzə, xorla oxuyur, milli təhlükəsizlik nazirliyinin hərbi geyimli əsgərlərini görəndə isə dağılışır, mahnının növbəti bəndələrini qaça-qaça, hırıldaşa-hırıldaşa qoşurdular:

 

Bizim əziz general

Vətəni murdarladı.

Çox əlləşdi-vuruşdu,

Öz ağlı-kamalıyla

Yeni qanunlar qoşdu,

Başıyla yox, dalıyla...

 

Yeni bəndlər gün-gündən artıb-çoxalırdı. Tutuquşular da bəndlər qoşmağa başlamışdılar, bu mahnını kökündən kəsib yaddaşlardan çıxarmağa çalışan milli təhlükəsizlik nazirliyinin əsgərlərini də çaşdıran elə bu tutuquşular idi. Hərbi patrullar yeməkxanalara döyüşə tam hazır vəziyyətdə, ağır silahlarla doluşur, boğazlarını cıra-cıra mahnı oxuyan tutuquşuları güllələyir, qəfəslərdən çıxarıb diri-diri itlərə atırdılar. Ən çətini isə mahının bəzi açıq-saçıq bəndlərini camaatın dilindən çıxarmaq idi. Bu, camaata gördüyünü unutdurmaq kimi bir şey idi. Ələlxüsus da gecələr arxa girişdən oğrun-oğrun saraya girib, mətbəxdən ötüşərək, quru təzəklərin tüstüsündə itə-itə, ağcaqanadları qova-qova: “Sabahacan, kraliçam! Sabahacan!” – dediyi bəndi. Sabahı gün isə o, yenə həmin saatda, yenə qucağı saysız-hesabsız əndrəbadi hədiyyələrlə dolu Manuela Sançesin yanına gəlirdi. Bu hədiyyələr gün-gündən elə sürətlə çoxalırdı ki, onları yerləşdirmək məsələsi çətinləşirdi. Ona görə də qonşu evləri də Manuelanın evinə birləşdirib nəhəng bir zal düzəltməli oldular ki, qız öz qonağını burda qarşılaya bilsin. Zalın o biri hissəsi isə ürəksıxan anbara çevrilmişdi: burda nə desən tapmaq olardı – bütün dövrlərin saatları, müxtəlif markalı qrammofonlar – ən sadəsindən tutmuş silindrlisinəcən, son dəbli, nikelli səs pərdəsi, əllə, ayaqla işlədilən saysız-hesabsız paltartikən maşınlar, qalvanometr, musiqili mücrülər, optik fokuslu aparatlar, quru kəpənək kolleksiyaları, Asiya bitkiləri, fiziotera­pevtik laboratoriyalar, idman kabinələri üçün ləvazimatlar, ayaq üstə qurumuş diri adamlara oxşayan müxtəlif mexanizmli kuklalar və s. Bu anbarın böyük hissəsinə heç kim girib-çıxmırdı, şeylər necə qoyulmuşdusa, eləcə də tozun altında bozara-bozara qalmışdı, oraları heç süpürmürdülər də, kimin nəyinə lazım idi axı!? Manuela Sançesin isə həmin o qara şənbə günü, karnaval gecəsi tacqoyma mərasimindən sonra, ümumiyyətlə, dünya vecinə deyildi...

– Mən həmin o gün – gözəllik kraliçası elan edilən gün bədbəxt oldum! O gecə həyatımın sonuna nöqtə qoyuldu. Pərəstişkarlarım bir-bir qəfil ölümlərlə ölməyə başladılar; birinin ürəyi partladı, o birilər əcaib xəstəliklərdən öldülər, rəfiqələrimsə yoxa çıxdılar”. Öz evində oturanda da Manuela Sançes özünü tamam ayrı, yad bir yerdə hiss eləyirdi, çünki ətrafda nə vardısa, sökülüb yenidən tikilmişdi, dəyişib ayrı cildə düşmüşdü. O özü də bilmədən taleyin qurduğu məkrli tora keçmiş, təsəvvürəgəlməz hakimiyyət qüdrətinə malik qoca bir şorgözə əsir düşmüşdü. Ona “yox” deməyə cürəti çatmırdı, “hə” deməyə isə taqəti yox idi. Qoca isə miskin məhəbbətiylə onu qarabaqara izləyir, qıza qan-tər içində, üzünü ağ şlyapasıyla yelləyə-yelləyə, sərxoş baxışlarla baxırdı. Son günlər isə özünü elə itirmişdi ki, Manuela aradabir özü özünə: “Yəni, doğrudan, bu odu?.. – deyə soruşmaya bilmirdi. – Bəlkə, məni qara basır?!” Lakin Manuelanı qara-zad basmırdı. Qocanın yerişini, meyvə suyunu içməyini, həsir kresloda oturub mürgü vura-vura burnuyla əlindəki stəkanın içinə girməyini qız öz gözləriylə görürdü, qocanın mürgüsü dərinləşəndə və o xoruldamağa başlayanda Manuela oturduğu yerdə dik atılır, qocanın əlindən, az qala, sürüşüb düşən suyla dolu stəkanı havadaca tutur: “Ehtiyatlı olun, əlahəzrəti!” – deyirdi. Onda qoca həmin dəqiqə yuxudan ayılır, Manuelanın yerə düşən stəkanı havada tutmağına məhəl qoymadan, üzü qorxudan əyilə-əyilə: “Mən yatmamışdım, kraliça! Qətiyyən yatmamışdım! Elə-belə gözümü yummuşdum!” – deyirdi. O ümumiyyətlə, Manuelanın incə bicliklərini başa düşmür, onun nazıyla oynaya-oynaya, yanında ola-ola, həm də ondan üsulluca uzaqlaşdığını hiss eləmirdi. Hər şey elə beləcə də davam edirdi ki, bir gün qoca ağlasığmaz dərəcədə ehtiraslı bir vəziyyətdə Manuelanın yanına gəlib: “Bu gecə, kraliça, mən sənə ağlına gəlməyən hədiyyə edəcəyəm, kosmik hədiyyə! Bu gecə on ikiyə altı dəqiqə işləmiş sənin üçün göydə ulduz axacaq, kraliça, tək sənin üçün!” – dedi.

Bu o demək idi ki, kometa, nəhayət, yaxınlaşırdı; bizim üçün bu kometanın gəlişi dövrün ən kədərli, ən faciəli hadisəsi oldu. Çünki uzun illər camaat arasında belə şayiə gəzirdi ki, bizim generalın ömrü adi Yer vaxtına tabe deyil, kometanın gəlişi ilə bağlıdı. Deyirdilər, kometa gəlməyənəcən və kometanı görməyənəcən generala ölüm yoxdu. Bu onun alın yazısı idi. Yaltaqlar nə deyirlər desinlər, ona ikinci kometanı görmək müyəssər olmayacaqdı. Odur ki həmin o noyabr gecəsi biz kometanın gəlişini, dirçəliş gününü gözləyən kimi, əsrdə bir dəfə baş verəcək ən gözəl dünya hadisəsi kimi gözləyirdik və zəngləri, son yüzillikdə ilk dəfə olaraq, onun şərəfinə yox, ölümünə çalmağa hazırlaşırdıq; axşam saat on birdə düz on bir qulaqbatıran zəng çalınmalıydı... General özü isə kometanın gəlişini Manuela Sançesin evinin yastı damında, qızla anasının arasında otura-otura, ürəyinin həyəcanlı döyüntüsü eşidilməsin deyə dərindən nəfəs dərib, bərkdən-bərkdən ah çəkə-çəkə, donuq göyə qorxu içində baxa-baxa Manuela Sançesin onun bütün bədənini riqqətə gətirən şirin nəfəsini uda-uda gözləyirdi. Çox keçmədi ki, uzaqlardan, kometanın gəlişini həsrətlə gözləyənlərin pıçıltıyla oxuduqları duaları, dünyanın axırından xəbər gətirən bu əlamətin – sirli möcüzənin qarşısında diz çökən camaatın yeraltı vulkan təkanlarını xatırladan uğultusunu, təbillərin gurultusunu eşitdi və ömründə birinci dəfə zamanın hüdudsuz­luğunu hiss etdi… ilk dəfə, həqiqətən, nə vaxtsa öləcəyini bütün vücuduyla hiss elədi və həmin an gözü Manuelaya sataşdı: “Bax, kraliça, bu odur!”

Kometa ulduz kəhkəşanının uzaq ənginliklərindən, kainatın ucsuz-bucaqsız sonsuzluğundan gəlirdi... O bizim dünyamızdan çox-çox qədim idi, göyün tən yarısına sığmayan qəmli, alovlu meduzaya bənzəyirdi, saniyədə milyon kilometrlərlə uça-uça, onu doğma yerinə çəkib gətirən havayla bizə sarı axırdı... Tezliklə hamı onun hərəkətinin səsini – küləyin dalğalandırdığı dəmir saçağın səsini eşitdi, hamı onun hüznlü simasını, yaşla dolu gözlərini, kainat fırtınasından dağılıb açılan ilanabənzər hörüklərini gördü... O, arxasınca işıqlı ulduz tozu yaya-yaya, qəlpələrini havada vıyıldada-vıyıldada, möhtəşəm zərbələrindən Yer üzündə zaman məfhumundan çox-çox əvvəl nəhəng kömür yarğanları, dərin okean uçurumları açan yanar parçalarını ata-ata gəlirdi. “Bax, kraliça, yaxşı-yaxşı bax... O, bir də yüz ildən sonra gələcək!” – qoca pıçıldadı. Kometanın fosforlu işığı altında, ulduz tozunun dumanında əvvəlkindən daha gözəl görünən Manuela qorxu içində xaç çevirib onun əlindən yapışdı. “Anam mənim, Bendisyon Alvarado, nəhayət, bu baş verdi… o mənim əlimdən tutdu!..” Manuela isə qocanın əlindən nə vaxt tutduğunu hiss eləməmişdi… qarşısında gözlənilmədən açılan əbədiyyət uçurumundan dəhşətə gəldiyindən, özündən asılı olmayaraq kömək üçün qocanın əlindən – adsız barmağında prezident möhürü qaralan qəddar qocanın incə, şumal əlindən – hakimiyyət ocağında aramla bişib közərən əlindən tutmuşdu...

Biz bu ilahi möcüzədən – göyün üzünü örtüb ölkənin üstünə ulduz yağışı tökən bu odlu meduzanın gəlişindən bir o qədər də həyəcanlanmamışdıq, çünki fikrimiz ondaydı ki, görək bütün bunlar nə ilə nəticələnəcək. Aramızda ən ümidsizlər belə inanırdılar ki, nə isə olacaq, nə isə görünməmiş bir hadisə baş verəcək – dünya dağılacaq, xristianlığın əsasları alt-üst olacaq, üçüncü inam erası başlayacaq… Beləcə, böyük dəyişiklikləri gözləyə-gözləyə səhərəcən küçələrdə qaldıq, sonra yuxusuzluqdan əyilən üz-gözümüzlə evlərimizə dağılışdıq. O gecə biz evlərimizə ulduz tozu və odlu qəlpələr tökülmüş küçələrlə veyillənə-veyillənə getdik, süpürgəçilər artıq kometanın səpələdiyi səma tör-töküntüsünü süpürürdülər, biz isə yenə də heç nəyin baş vermədiyinə, böyük tarixi yalanın qurbanları olduğumuza inanmaq istəmirdik...

Axı rəsmi dairələr kometanın uğurlu uçuşunu dövlətin qara qüvvələr üzərində qələbəsi kimi qiymətləndirmişdilər; odlu meduzanın bu uğurlu uçuşu camaatın prezidentin ayağına yazdığı əcaib xəstəliklər barədə şayiələrə son qoymaq üçün də istifadə edildi, yəni məgər xəstə insan göyləri idarə edə bilərmi?.. Qəzetlərdə onun xalqa ünvanladığı rəsmi bəyanatı da dərc olundu. Bu müraciətdə o, ikinci kometanın gəlişinəcən öz vəzifəsində qalmağı qərara aldığını bildirirdi. Musiqi guruldayır, onun ölümünə, dövlət çevrilişinə hazırlanan fişənglər göyə atılırdı. Lakin o nə musiqini, nə əllərində şüarlar Armas meydanına axışıb gələn camaatın qışqıra-qışqıra: “Vətənin əbədi xilaskarına eşq olsun!.. Əsrlər boyu yaşasın!.. Bizdən gələcək nəsillərə xəbər aparsın!..” – deməklərini eşidirdi. Bütün bunlar, zərrə qədər olsun, onun diqqətini cəlb eləmir, dövlətin ən məsuliyyətli işləri belə yadına düşmür, bu işləri məmurlara həvalə edirdi. Çünki bütün içi Manuela Sançesin o gün ovcunun içində alışıb-yanan əlinin xatirəsiylə alışıb-yanırdı. O həmin xoşbəxt anı bir də yaşamaq üçün ölümə də razı idi, buna görə hər şeyi alt-üst eləməyə, dünyanı dağıtmağa dəyərdi. Həmin anı elə ehtirasla arzulayırdı ki, alimlərə yalvarıb yalançı kometa, uçan ulduz, alovlu göy əjdahası, bir sözlə, əbədilik qarşısında gənc, gözəl qadının başını gicəlləndirə biləcək təsirli bir göy hadisəsi kəşf etmələrini xahiş etməli oldu. Lakin alimlər yalnız bircə şeyi edə biləcəklərinə söz verdilər, bu da gələn həftənin çərşənbə günü, günorta saat dörddə günəşin batması hadisəsi ola bilərdi. Onun razılaşmaqdan başqa əlacı qalmadı. Günəşin batması əməliyyatı isə lazımi səviyyədə alındı, günün günorta çağı ölkəyə qaranlıq gecə çökdü, ulduzlar sayrışdı, güllər bükülüb bağlandı, toyuqlar hindəki yerlərini tutdular, it-pişik bir-birinə qarışdı və o, Manuela Sançeslə yanaşı oturub onun nəfəsini, qəfil qaranlığa aldanıb solan qızılgülünün qoxusunu içinə çəkdi. “Bu, yalnız sənin üçündü, kraliça! Bu sənin qaranlığındır!” Lakin bu dəfə Manuela Sançes heç bir cavab vemədi, əlindən də tutmadı və o daha qızın nəfəsini eşitmədi… Manuela qocaya yuxu kimi göründü… Onda əlini qıza sarı uzadıb qaranlıqda ona toxunmağa çalışdı, lakin əli boşluqdan asıldı, barmaqlarının ucu Manuelanın indicə oturduğu stula toxundu… stul hələ də Manuelanın iyini özündə saxlamış, amma qız yoxa çıxmışdı… odur ki bütün evi dolaşa-dolaşa, əlini divarlara, künclərə sürtə-sürtə, yuxulu gözləriylə qaranlığı axtara-axtara, yanıqlı-yanıqlı yalvarıb: “Hardasan, ey mənim bədbəxtliyim, Manuela Sançes?.. Mən səni axtarıram, amma səni sənin qaranlığında tapa bilmirəm. Hanı sənin o qəddar əlin, qızılgülün hanı?..” – deyə-deyə gəzdi. O, qaranlığın içiylə, dərin sularda azan üzgüçü kimi gah əfsanəvi lanqusta – qalvanometrə, gah ələkeçməyən mərcan daşlarına – zəngli saata, gah əcaib xərçənglərə – illüziya fokusları üçün ləvazimatlara toxuna-toxuna üzür, lakin bu qaranlıq sularda – hədiyyələr anbarına çevirdiyi bu evdə bircə Manuela Sançesi tapa bilmir, onun səhləb çiçəyinin qoxusunu andıran nəfəsini duya bilmir, yalançı gecənin qaranlığı get-gedə əriyib itir, qəddar işıq onun xəyallarını dağıdıb seyrəldirdi. Axşamüstü saat altıda açılan sübh çağı isə onu ömründə heç vaxt keçirmədiyi dərin kədər hissi bürüdü və özünü qəfildən Allahdan da qoca hiss elədi... Bu nəhəng, boş evin qaranlığındakı tənhalığını, olsun ki, bu dünyada bir kimsə hiss edə bilməzdi. “Sənsiz dünyamın tənhalığı, mənim kraliçam, bu sirli qaranlığın içində əriyib əbədiyyətə qovuşdu”. Bu hadisədən sonra o, ölkəni də uzun müddət beləcə – Manuela Sançesi evin gizli dəhlizlərində: “Hardasan, ey mənim məhvimin Manuela Sançesi?” – deyib axtara-axtara idarə elədi. Manuela Sançes isə həmin o gecə, günün üzü tutulanda elə bil qeybə çəkilmişdi…. Ona belə xəbərlər çatdırılırdı ki, guya Puerto-Rikodakı böyük karnavalda kimsə Manuelanı görübmüş, guya orda qız özünü Yelena kimi təqdim eləyibmiş və elə orda da onu kimsə bıçaqlayıbmış… bir qədər sonra da məlum olurdu ki, bu, Manuela deyilmiş... Gah da deyirdilər, guya rumbanın yaradıcısı Papa Monteronun şərəfinə keçirilən bayramda Manuela rumba rəqsi oynayırmış, sonra yenə məlum olurdu ki, rəqs edən başqasıymış. Deyirdilər, onu Barlovento adalarında – mağaraların girəcəyində rəqs edənlərin arasında görüblər, deyirdilər, onu Arakatakadakı şənliklərdə Panama dəflərinin ritmləri altında hərlənən görüblər, sonra da məlum olurdu ki, bu o deyilmiş: “Onu iblis aparıb, mənim generalım, iblis, ayrı cür ola da bilməz!..”

Onda o, acı kədərdən bircə ona görə ölmədi ki, özünü ölümün ixtiyarına vermək üçün hirsi-hikkəsi çatmadı, çünki bilirdi ki, sevgidən ölməyəcək, bilirdi ki, taleyinə belə bir ölüm yazılmayıb. O bunu həmin o uzaq gecə – hələ hakimiyyətə qədəm qoymamışdan qabaq, görücü-falçı qadının yanına gedib falına suda baxdırandan, sehrli suyun onun ovcunda yazılmayanları, kartda, qəhvə çöküntülərində və sairədə görünməyənləri açandan bilirdi. Yalnız əzəl suyun güzgüsü taleyin gizli sirlərini aça bilərdi. Və həmin əzəl suyun güzgüsündə o öz ölümünü görmüşdü… öz əcəliylə – yuxuda, iclas zalının yanındakı kabinetində, döşəmənin üstündə üzüüstə uzanan yerdə, ömrü boyu yatdığı həmin vəziyyətində – üzünü balış əvəzinə ovuclarının içində gizlədiyi yerdə, nişansız hərbi səhra geyimində, qızılı mahmızlı uzunboğaz çəkmələrdə, naməlum yaşda – yüz yeddi yaşla iki yüz otuz iki yaş arasında öldüyünü görmüşdü.

 

 

 

Ömrünün payızında da onu eynilə belə bir vəziyyətdə tapdıq, daha doğrusu, onu yox, Patrisio Araqonesin meyitini tapdıq və budur, yalançı ölümündən illər ötəndən sonra biz yenə onun meyitinə tamaşa edirdik – həmin o yerdə, həmin o vəziyyətdə və həmin o geyimdə; lakin həmin o hərc-mərclik dövründə heç kəs heç nəyə əmin deyildi və heç kəs qəti deyə bilməzdi ki, bu, həqiqətən, onun ölüsüdür, quzğunların dimdikləyib-parçaladığı, soxulcanların eşib-yediyi bu qoca cəsəd məhz onun meyitidir; çürüyüb eybəcər şəklə düşmüş bu əlin – qəlbi eşqlə çırpınan millət atasının əli, Böyük Qalmaqal əsrinin qənirsiz gözəlindən rədd cavabı aldıqda ürəyini tutan bir insanın əli olduğuna inanmaq qeyri-mümkün idi; bu meyitdə elə bir əlamət, ya nişanə yox idi ki, kimliyini müəyyən etmək mümkün olsun. Əslinə qalanda bu, təəccüb doğurmurdu, çünki öz şöhrətinin zirvəsində olduğu vaxtlarda da onun, həqiqətən, mövcud olub-olmadığına möhkəm şübhə vardı; hətta ona xidmət eləyənlərin də onun əsl yaşı və görkəmi barədə aydın təsəvvürü yox idi; o səbəbdən ki, müxtəlif yerlərdə və şəraitlərdə müxtəlif görkəmlərdə, qiyafələrdə olurdu: yarmarkada tombolada iştirak edəndə azı səksənyaşlı qocaya oxşayır, rəsmi qəbullarda altmış yaşı güclə vermək olurdu; bayramlarda isə ortaya qırxyaşlı kişi çevikliyi ilə atılıb meydan sulayırdı. Ona öz etimadnaməsini təqdim edən diplomatlardan biri – səfir Palmerston bizim ölkədə qadağan edilmiş memuarlarında yazmışdı ki, ondan qoca adam təsəvvür etmək çətindir, səfir əsasən də onun sarayında hökm sürən ağlasığmaz pintiliyi, qarma-qarışıqlığı təsvir eləmişdi: “Mən dağ kimi qalanmış kağız topalarının, inək təsi, at nəcisi qalaqlarının dövrəsindən hərlənib keçməli olurdum. Dəhlizlərdə itlərin gəmirdiyi sür-sümük çürüyürdü, itlərin özləri isə elə ordaca mürgüləyirdi... Xidməti otaqlarda küllənənlərdən heç biri bircə sualıma da cavab verə bilmədi və onda o dövrlər artıq yaşayış otaqlarını zəbt etmiş cüzamlı xəstələrə müraciət etdim ki, dövlət şurası salonunun yerini göstərsinlər. Həmin salonda isə toyuqlar dümələnir, qobelenlərdə təsvir edilmiş buğda zəmilərindəki sünbülləri dimdikləməyə can atırdılar… bir inək yepiskopun şəkli çəkilmiş kətanı divardan qoparmaqla məşğul idi. Prezidentə gəlincə isə dərhal başa düşdüm ki, min ilin karıdır. Yalnız ona görə yox ki, suallarıma uyğunsuz cavablar verirdi, həm də ona görə ki məni görcək öz təəssüfünü bildirərək qəfəsdəki quşların nədənsə susmağından möhkəm dilxor olduğunu bildirdi; halbuki quşlar həmin an nəfəs dərmədən, cəh-cəh vura-vura oxumaqlarındaydılar: hətta adama elə gəlirdi ki, sübhün erkən çağında baltadəyməmiş meşədəsən. Qəfildən o, etimadnamələrin təqdimatı mərasimini yarıda kəsərək, üzü işıqlana-işıqlana, ovuclarını yumurlayıb qulağına apara-apara başıyla arxanı – bir vaxtlar dənizin çalxalandığı, indi isə tozlu düzənliyin uzandığı pəncərəni göstərib, məni nədənsə Stitson zənn edərək var gücüylə: “Eşidirsən, əziz Stitson? Bu, qatır ayaqlarının tappıltısıdır! Onlar bura qaçırlar, çünki dəniz qayıdır! Eşidirsənmi?!” – deyə bağırdı. İnanmaq olmurdu ki, hay-hayı gedib, vay-vayı qalan bu qoca nə vaxtsa federalçıların cəsur başçısı, xalqın sevimlisi olub, öz hakimiyyətinin ilk illərində keşikçisiz-filansız, təkcə maçete ilə silahlanmış vur-tut bircə quahironun və mədəsinin vəziyyətindən asılı olaraq, barmağının bircə işarəsiylə təyin elədiyi millət vəkilləri və senatorlardan ibarət bir ovuc məiyyətin müşayiətiylə qəfildən şəhər və kəndlərdə peyda olmağı xoşlayıb. O hansısa kəndə gəlib məhsulun vəziyyəti, mal-qaranın sağlamlığı və hər bir sakinin şəxsi həyatı ilə maraqlanıb. Adətən, xalqla kənd meydanında, manqo ağaclarının kölgəsində qoyulmuş yelləncək-kreslosunda əyləşərək üzünü general furajkasıyla yox, o illər geydiyi adi papaqla yelpikləyə-yelpikləyə söhbət edib; və onda adama elə gəlirdi ki, o, bürküdən üzülmüş halda mürgüləyir, deyilənləri qulaqardına vurur, yaxud da heç eşitmir; əslində isə kəndin kişi və qadınlarının ona dediklərini son sözünəcən eşidib yadında saxlayırdı; bu adamları, adlarına, soyadlarına qədər tanıyırdı, ölkə sakinlərinin adbaad siyahısını, minlərlə rəqəmi, millətin bütün problemlərini əzbər bilirdi. “Xasinto Morales, bəri gəl, – deyə gözlərini açmadan məni çağırdı. – Danış görək, ötən il orduya göndərdiyim oğlun indi hardadı və necədi. Əsgərlikdəki imalələrin ona xeyri oldu, ya yox?” “Salam, Xuan Priyeto, – mənə dedi. – Cins düyən özünü necə hiss eləyir? Yadındadı, mənim cadu-ovsunumdan sonra qulağının soxulcanları necə töküldü?” Mənə isə dedi: “Hə, Matilda Peralta, qaçaq düşmüş ərini qaytardığıma görə mənə nə verəcəksən? Sən Allah, bir buna tamaşa elə, görürsən, boynuna kəndir salıb gətirmişəm, özünə də xəbərdarlıq eləmişəm ki, qanuni arvadından bir də qaçmaq istəsə, ömrünün axırınacan ayağında qandal, çürüyəcək”.

Məişət məsələlərində olduğu kimi, ictimai işlərdə də o hər məsələyə dərhal əncam çəkirdi; məsələn, qəssaba əmr edirdi ki, oğru xəzinədarın qolunu camaatın gözü qabağında kəssin, hər şey barədə, hətta pomidor və pomidor yetişdirən torpaq barədə belə bu sahənin ən təcrübəli mütəxəssisi ədasıyla mühakimə yürüdürdü; kiminsə bostanında bitən pomidorun dadına baxıb, onu müşayiət eləyən aqronomlara, alimlərə: “Bu torpağın gübrəsi çatışmır, özü də hansı gəldi yox ha, ulaq peyini. Özü də dişi eşşəyin yox, erkək eşşəyin peyini! Göstəriş verərəm, dövlət hesabına gətirərlər!” – deyə bildirir və gülə-gülə yoluna davam edirdi”.

“…Bir dəfə mənim pəncərəmə boylanıb sevinə-sevinə: “Paho, sənsən, Lorensa Lopes?! Tikiş maşının necə işləyir?” – dedi. O bu maşını mənə, azı iyirmi il əvvəl bağışlamışdı… dedim, “çoxdan canı çıxıb, neynəmək olar, bu dünyada heç nə əbədi deyil – nə insanlar, nə əşyalar”. Lakin o dedi ki, mən heç nə qanmıram, dünya əbədidir, sonra evə girdi və onu küçədə gözləyən məiyyətini büsbütün unudaraq burqacla tikiş maşınını sökməyə, hissələrini bir-bir maşın yağıyla yağlamağa başladı. Beləcə, tikiş maşınıyla bir xeyli əlləşdi… o, ləhləyir, buğa kimi fısıldayıb fınxırırdı, əlləri, pal-paltarı, üz-gözü də maşın yağına bulaşmışdı… üç saatdan sonra tikiş maşını təzə maşın kimi işlədi!” Bəli, o vaxtlar o bu cür adam idi, ən xırda məişət işiylə dövlət əhəmiyyətli iş arasında fərq görmürdü, bunları eyni ciddilik və inadkarlıqla həll edirdi, səmimi-qəlbdən inanırdı ki, insanlara xoşbəxtlik bəxş etmək, ölümü isə fərasətin və fəhmin köməyi ilə aldatmaq olar. İndi isə heysiz bir qoca idi! Halbuki bir vaxtlar onun hökmü elə əzəmətli və kəsərliydi ki, kimdənsə saatı soruşanda: “Saat neçəni əmr etsəniz, mənim generalım!” – cavabını alırdı və həqiqətən də, günləri, həftələri könlü istədiyi kimi idarə edir, ona lazım və sərfəli olanda gündüzləri gecə, gecələri gündüz bilməyi əmr edirdi; qəbul olunmuş ənənəvi bayram günlərini də istədiyi kimi dəyişdirirdi, təqvimi elə tərtib edirdi ki, onun ölkənin hansısa rayonuna gəlişi hansısa bayramla bir vaxta düşsün ki, özünü başqa yerdə də həmin bayrama çatdıra bilsin; hər yerdə də onu kölgəsi – əli maçeteli ayaqyalın hindu, qaragün senatorları və taxta qəfəslərdə döyüş xoruzları müşayiət edirdi: o, tamaşaçılarla hansısa xoruza görə ucadan mərc gəlir, təbil səsini andıran əcaib qəhqəhəsindən qaleranın taxta meydançası titrəyirdi; bu qəhqəhə musiqinin səsini də, göyə atılan fişənglərin parıltısını da asanca batırırdı, çünki biz hamımız onunla birgə qəhqəhə çəkməli, o susub həyəcanlananda iztirab içində susmalı, onun xoruzları bizim xoruzlara qalib gəldikdə bu qələbəni sürəkli alqışlarla qarşılamalıydıq; xoruzlarımız onun xoruzlarına basılmağa elə ustalıqla öyrəşmişdi ki, bu savaşlarda, demək olar, heç vaxt pərtlik olmurdu; yalnız bir dəfə Dionisio İquaranın qoçaq xoruzu qarşısıalınmaz sərt bir həmləylə adlı-sanlı qonağın göyümsov xoruzunu altına basıb boğazını üzmüşdü; o vaxt hamımız qorxudan yerimizdə donub-qalmışdıq, general isə qalxıb Dionisioya tərəf yönəlmiş və onun əlini sıxaraq: “Afərin! – demişdi. – Əsl kişisən!” Onda iş elə gətirmişdi ki, bu hadisə generalın kefinin yuxarı vaxtına təsadüf eləmişdi, ona görə də Dionisionun xoruzunun ədəbsizliyi kefini poza bilməmişdi. Əksinə, bu yeni növ hiss-həyəcana görə, bir növ, xoruzun sahibinə minnətdarlıq hissi duymuşdu.

Prezident: “Bu xoruza neçə verim?” – soruşanda Dionisio İquaran çəkinə-çəkinə: “Peşkəşdi, cənab general, – demişdi, – götürün”. Dionisio İquaran camaatın alıqışı, musiqi və fişəng səslərinin sədaları altında evinə yollananda və yol boyu hamıya məğlubedilməz, qırmızı xoruzunun əvəzinə ona peşkəş verilmiş altı ədəd yarlı-yaraşıqlı cins xoruzu göstərib öyünəndə çoxları qibtə eləmişdi; lakin elə həmin gecə Dionisio İquaran yataq otağına girib qapını arxadan bağlamış, bir şüşə əldəqayırma qamış romunu başına çəkib özünü qamakın kəndirindən asmışdı… çünki zavallı, generalın bu yüksək mükafatına, ənamına layiq görülmüş şəxsi hansı bədbəxtliyin və fəlakətlərin gözlədiyini yaxşı bilirdi; generalı isə belə şeylər əsla düşündürmürdü, bütün bu təntənəli mərasimlərdən və səfərlərdən sonra görüş vaxtı hal-əhval tutub söhbət elədiyi, yaxud sadəcə, adlarını çəkdiyi adamların başına bu qədər faciəli hadisələrin gəlməsi də niyəsə onu maraqlandırmır, arxasınca uzanan “arzuolunmaz şəxslərin” qanlı izi də narahat eləmirdi; onu sevənlərin yeganə qisməti lənət və ölüm idi; adi söhbətlər zamanı kimsəninsə onun adını səhv deməsi, ya hər hansı sözü başqa şəkildə işlətməsi kifayət idi ki, generalı müşayiət edən muzdlu əlaltıları bu təsadüfi xətanı heç bir günahı olmayan bu adamın təqibinə başlamaq işarəsi kimi yozsunlar.

O, ölkə boyu əcaib armadil yerişiylə gəzib-dolanır, üz-gözü tük basmış, qatı tər iyi verən vücuduyla qəfildən evlərin birində, yaxud kiminsə mətbəxində peyda olurdu; ilk baxışda fağır yolçunu andıran bu adamın gəlişi ev sakinlərinin canına vəlvələ salır, o, totumayla gil badyadan su götürür, fınxırtıyla içib yanğısını söndürür, yaxud qazana yaxınlaşıb əlini onun içinə soxur, ət tikələrini seçib götürür, ağzını marçıldada-marçıldada, köpənəcən yeyirdi; elə sadəydi ki, bu sadəlikdən adamların canına niyəsə üşütmə düşürdü, amma özünün ağlına da gəlmirdi ki, indən belə onun təşrifinin lənətli izi, ya nişanəsi həmişəlik olaraq bu evdə qalacaqdı; bir də o bunu hansısa siyasi məqsədlərlə yox, sonralar da olduğu kimi, xalqın məhəbbətini və pərəstişini qazanmaqdan ötrü eləyirdi, çünki bu məhəbbətə ehtiyaclıydı, bir də ona görə belə eləyirdi ki, əslində, çox sadəydi, necə görünürdüsə, elə həmin o adam idi. Həmin dövrdə hakimiyyət onun üçün sonralar toxluqdan çiyrinmiş payızında olduğu kimi adamı tədricən içinə soran bataqlıq yox, coşqun sel idi və həmin bu sel bizim hamımızın gözləri qarşısında ən qədim və dərin qatlardan fışqırıb üzə çıxan axına bənzəyirdi; hakimiyyət onu idarə eləmirdi, o, hakimiyyəti idarə edirdi və bar verməli olan ağacı barmağıyla göstərməyi kifayət idi ki, həmin ağac bar versin, balalamalı olan heyvanı göstərməyi kifayət idi ki, o heyvan balalasın, hansısa məqsədə yetmək istəyən adamı göstərməyi kifayət idi ki, həmin şəxs öz məqsədinə çatsın; o, yağışı məhsula ziyan verəcək yerlərdə dayandırıb quraq torpaqlara yağmağa məcbur eləməyi də bacarırdı. “Senyor, bütün bunları mən öz gözlərimlə görmüşəm!” Barəsində yayılan bu sayaq əfsanələr hakimi-mütləq olub, özü də buna inanandan çox-çox əvvəllər yaranmışdı, hələ o illərdə yaranmışdı ki, o, müxtəlif əlamətlərə, qara-qura yuxuların, vəhylərin yozumuna, cadu-pitiyə inanırdı.

Məsələn, yenicə başladığı səfərini yarıda kəsirdi ki, nə var-nə var, başı üzərindən uçub keçən piqva quşu bir-iki ağız cükküldəyib, yaxud xalqla baş tutmalı görüşü başqa vaxta keçirirdi ki, bəs anası Bendisyon Alvarado toyuq yumurtasında iki özək aşkar edib; bir dəfə isə – növbəti səfəri ərəfəsində onu hər yerə müşayiət edən məiyyətindən, özünün söyləməyə cəsarəti çatmadığı nitqləri onun əvəzinə söyləməli olan senatorlardan və millət vəkillərindən o səbəbdən imtina etmişdi ki, həmin gecə qorxulu yuxu görmüşdü… görmüşdü ki, böyük, mebelsiz bir otaqda, onu dörd tərəfdən əhatəyə almış, qəssab bıçaqlarıyla yaraqlanmış boz pencəkli kişilərin arasındadı… onlar irişə-irişə, əllərindəki bıçaqla onu kəsib-doğrayırlar, ha tərəfə çönürsə, ha yana gedirsə, üzünü yaralamağa, gözlərini oyub tökməyə köklənmiş bu bıçaqlarla üzləşdikcə, özünü bu əcaib təbəssümlü, ölü rəngli, qaradinməz qatillərin arasında qovulub boğazlanmış heyvan kimi hiss edir, onlar bu qurbanlıq mərasimini başa çatdıracaq ən sonuncu və həlledici zərbənin kimin vuracağını və bununla da kimin birinci olaraq onun qanından içmək şərəfinə nail olacağını götür-qoy edirlər; lakin o artıq nə qorxu, nə qəzəb hiss edir, daxilində qəribə bir əmin-amanlıq duyur, həyat bədənini tərk etdikcə bu dinclik canına bir az da çox yayılırdı; öz cismini, çəkisini daha duymurdu… ruhunu, qəlbini anlaşılmaz bir rahatlıq, izaholunmaz bir aydınlıq sarmışdı… o hətta gülümsəyirdi: öz qatillərinə, öz qismətinə gülümsəyirdi… və budur, nəhayət, həmin adamlardan biri – yuxuda onun oğlu olan şəxs əlindəki qəssab bıçağını onun qasığına soxub sonuncu havanı buraxdı… və qanı otağın ağ divarlarına, bu dəhşətin ağlığına çiləndi… “Onda qana bulaşmış ponçomu üzümə çəkdim, üzümü örtdüm ki, diri olarkən məni tanımayanlar ölü halımda da tanıya bilməsinlər və yerə yıxılıb can verməyə başladım…” Yuxu o qədər real idi ki, özünü saxlaya bilməyib öz həmyerlisinə – səhiyyə nazirinə danışdı, nazir də bu sayaq ölümün artıq tarixdə təsvir edildiyini söyləməklə onun xofunu bir az da artırdı. “Eynilə belə bir ölüm, mənim generalım!” Və səhiyyə naziri general Lautaro Munyosun kənarları yanmış qalın kitabını əlinə alıb eynilə bu cür qətlin təsvir olunduğu epizodu oxudu. “Hə, hər şey mənim yuxumda olduğu kimiydi, ana! Mən onu dinləyərkən hər şeyi yenidən xatırladım, unutduğum ən xırda detalları belə xatırladım… məsələn, yuxudan ayılandan sonra havanın küləksiz olmasına baxmayaraq, iyirmi üç pəncərənin öz-özünə açıldığını xatırladım… yuxuda da mənə düz iyirmi üç bıçaq zərbəsi vurulmuşdu. Bu nə dəhşətli uyarlıqdı?!” Uyarlıq tək bir bununla bitmədi, yuxu, bir növ, çin oldu, elə həmin həftə hərbi qüvvələrin səhlənkarlığı, yaxud bilərəkdən yaxalarını kənara çəkməsi nəticəsində senata və ali məhkəməyə quldur basqıları baş verdi; hücum edənlər milli sərvətimizin – senatın altını üstünə çevirdilər… o senatın ki, bir zamanlar müstəqillik uğrunda mübarizənin fədailəri ordan millətimizin suverenliyini elan etmişdilər; senat yandırıldı, yanğının alovları gecə yarısınadək tuğyan etdi, bu dəhşətli mənzərəni prezident iqamətgahının balkonundan da aydınca seyr etmək olurdu, yanğın bu tarixi binanın özülündən belə əsər-əlamət saxlamadı və kiminsə nəinki binanın özünü, onun xatirəsini də yaddaşlardan birdəfəlik silməyə çalışdığı xəbəri isə prezidenti zərrə qədər məyus etmədi; bizə vəd edildi ki, cinayətkarlar mütləq tapılacaq və tezliklə Qəhrəmanlar Evinin tam eyni olan bir bina ucaldılacaq; lakin cinayətkarlar tapılmadı, senat binasının xarabalığı isə indi də olduğu kimi qalmağındadır. Senatorlara, ali ədalət məhkəməsinin işçilərinə gəldikdə isə prezident öz yuxusunun bəd yozumunu heç də onlardan gizlətmək fikrində deyildi, əksinə, bir vaxtlar yuxuda aldığı xəbərdarlıqla öz hərəkətlərinə haqq qazandıraraq qanunvericiləri iti qovan kimi qovdu, köhnə respublikanın məhkəmə aparatını büsbütün dağıtdı, senatorları, millət vəkillərini, ali məhkəmə hakimlərini isə (onlara artıq heç bir ehtiyacı yox idi, o səbəbdən ki, hakimiyyətinin qanuniliyinin təsdiq edilməsinə ehtiyac duymurdu) mükafatlandırdı – pulu yağış kimi başlarına yağdırdı, sonra da bir-bir uzaq ölkələrə səfir göndərdi, öz yanında isə yalnız bircə nəfəri – öz kölgəsini, əli maçeteli, ayağıyalın, qaraqabaq hindunu saxladı; hindu onu bir an belə tək buraxmır, içəcəyi mayeni, yeyəcəyi yeməyi birinci öz üzərində sınaqdan keçirir, heç kəsə müəyyən olunmuş məsafədən yaxına gəlməyə imkan vermirdi. “Bu hindu prezident yanımda olduğu saatlarda da qapının ağzını kəsdirib dayanırdı. Söhbət gəzirdi ki, guya prezident mənim oynaşımdır, əslində isə o, yanıma ayda iki dəfə kart falına baxdırmağa gəlirdi. Bu, uzun illər davam etdi, o vaxtlar özünü hələ haçansa öləcək bəndə kimi hiss edirdi, hələ də şübhə və tərəddüdlər içindəydi, özü də etiraf edirdi ki, o da səhvə yol verə bilər və kart falına öz vəhşi, fitri instinktindən daha çox inanırdı. Adətən, yanıma nədənsə qorxub-ürkəndə, canını xof alanda, qorxudan qocalıb qartımış vəziyyətdə gəlirdi; mən onu ilk dəfə görəndə də eynilə belə bir vəziyyətdəydi… içəri daxil olub əllərini – qurbağa qarnı kimi tarıma çəkilmiş hamar dərili, yumru ovcunu mənə uzatdı… mən bu uzundan da uzun ovsunçu-falçı ömrümdə hələ bu cür gözəl əllər görməmişdim, heç sonralar da görmədim! O, lal yalvarış və ümidsizlik dolu gözlərini üzümə dikib hər iki əlini stolun üstünə qoydu… görürdüm axı içi gizli təşvişdən və özünə inamsızlıqdan necə doğranıb-tökülür, onu da görürdüm ki, daha ürəyində bircə dənə də olsun arzu, ümid qalmayıb, bədbinliyə qapılıb və onda məni onun əllərindən daha çox, hüdudsuz qüssəsi və yalqızlığı heyrətə gətirdi. Onun zavallı qəlbinə, şübhələrdən üzülmüş qoca qəlbinə acıdım və falına baxmağa başladım, lakin onun taleyi, alın yazısı mənim üçün anlaşılmaz, büsbütün qaranlıq qaldı. Ovcundan da, digər fal üsullarıyla da heç nəyi oxumaq olmurdu… onun kartlara toxunmağıyla kartlar rəngini dəyişir, bataqlıq suyuna düşən kimi qapqara qaralır, fincanın dibinə çökən qəhvə bulanıq palçığa çevrilirdi. Onun şəxsiyyəti ilə bağlı heç bir üsulla heç nə öyrənmək mümkün olmurdu… qəribədi ki, onun falında ünsiyyətdə olduğu yaxın adamların taleyi apaydın oxunurdu. Orda mən anasını – Bendisyon Alvaradonu görə bildim və ona anasının lap qocalandan, kar olmağa başlayandan sonra hansısa əcaib quşları necə rəngləyəcəyini də göstərdim, o isə: “Yazıq anam!” – deyib ah çəkdi. O biri dəfə falına baxanda şəhərimizin qasırğadan necə dağılacağını gördüm, qasırğa o qədər dəhşətliydi ki, onun qadın adını xatırladan adı belə iyrənc məsxərə kimi səslənirdi. Bir dəfə isə biz belində qılınc olan, yaşıl maskalı bir kişini gördük və prezident təşvişlə soruşdu ki, hazırda bu adam hardadı, kartlar cavab verdi ki, bu adam çərşənbə günləri, o biri günlərə nisbətən, prezidentə daha yaxın olur, o dedi: “Aha”, sonra soruşdu ki, bu adamın gözləri nə rəngdədir, kartlar cavab verdi ki, işıqda baxanda onun bir gözü quarapo – şərab rənginə, o birisi tünd rəngə çalır və o dedi: “Aha!”, sonra soruşdu ki, bu adamın niyyəti nədir? Mən daha dözə bilməyib bütün həqiqəti açıb ona danışdım; dedim ki, yaşıl maska – xəyanət və namərdliyə işarədir, o, təntənəylə: “Aha! – dedi. – Bilirəm o kimdi! Dəqiq bilirəm!” Bu adam onun yaxın köməkçilərindən biri, polkovnik Narsiso Miraval idi… bir neçə gündən sonra həmin polkovnik tapançanı qulağına sıxıb özünü vurdu və ölümündən sonra heç bir əlçim kağızı da tapılmadı ki, camaat onun bu intiharının səbəbini bilsin.

İnsanların və vətənin taleyini, onun tarixi yollarını o, beləcə kart falı əsasında müəyyən edirdi. Yalnız sonralar, adi suya baxaraq kimin nə vaxt və harada öləcəyini söyləyə bilən, bu sahədə misli-bərabəri olmayan görücü qarı haqqında eşitdiyi gündən, kart falı gözündən düşdü və o, maçete ilə silahlanmış mühafizəçisinin müşayiətilə hamıdan xəlvət həmin görücünü axtarmağa yollandı, yalnız qatar keçə bilən dağ cığırlarıyla, dərələrin dibiylə yeriyə-yeriyə gedib yayladakı tənha bir komaya çatdı; görücü qarı burda öz nəticəsiylə yaşayırdı, bu yaxınlarda ərini itirmiş nəticəsinin üç uşağı vardı, dördüncüsünü də bugün-sabah doğasıydı: o, qarını qaranlıq bir otağın küncündə, qamakda uzanmış halda tapdı; qarını iflic vurmuşdu, gözləri, demək olar, görmürdü: lakin qarı ona deyəndə ki, əllərini suyla dolu ləyənin üzərinə tut, qaranlıq dağıldı, ləyəndəki su duruldu, saflaşdı, işıq saçıb parıldadı… bu işıq hardansa, suyun dərinliyindən gəlirdi… o bu suda özünü güzgüdəki kimi apaydın gördü… rütbə nişanları taxılmamış hərbi-səhra geyimində, uzunboğaz çəkmələrdə, sol dabanında qızıl mahmız, döşəmədə üzüqoylu uzandığı yerdə gördü… qarıdan soruşdu ki, bu harada baş verir, döşəmədə üzüqoylu uzandığı bu yer haradır və qarı ləyəndəki suyun işıq şölələrini izləyə-izləyə cavab verdi ki, bu, bu dəqiqə oturduqları otaqdan böyük olmayan bir otaqda baş verir və o bu otağın içində yazı masasını, elektrik yelqovanını görür, dənizə açılan pəncərə görür, ağ divarları, hansısa atların şəklini və üzərində əjdaha təsvir olunan bayraq görür. Prezident dedi: “Aha!” O bu təsvirlə iclas salonunun qonşuluğunda yerləşən kabinetini tanımışdı… Odur ki: “Bəs mən necə öləcəyəm, öldürəcəklər, ya pis bir xəstəlikdən öləcəyəm?” – soruşdu. Qarı cavab verdi ki, yox, onu nə öldürəcəklər, nə də pis xəstəlikdən öləcək, öz əcəliylə öləcək və ölüm onu yuxuda ikən yaxalayacaq… özü də əziyyətsiz-filansız, rahat öləcək. Prezident: “Aha!” – deyib gizli bir həyəcanla: “Bəs bu nə vaxt baş verəcək?” – soruşdu. Qarı cavab verdi ki, qorxmasın, onun yaşı qədər – yüz yeddi il yaşayacaq, bundan sonra daha yüz iyirmi beş il ömür sürəcək və yalnız o zaman indicə suda gördüyü hadisə baş verəcək. O: “Aha!” – dedi və xəstə qarını öz peşəkar cəllad məharətiylə – ona heç bir işgəncə vermədən, öz qızıl mahmızının bağıyla üsulluca boğub öldürdü; baxmayaraq ki bu vaxtacan nə müharibədə, nə də dinc dövrlərdə bir kimsəni, yaxud heyvanı şəxsən özü öldürməmişdi, zavallı qarı öldürdüyü yeganə canlıydı; onu da ona görə öldürdü ki, yer üzündə özündən savayı heç kəs onun harda və nə vaxt öləcəyini bilməsin. Bu əclaflığı uzun-uzadı payız gecələrində də ruhunu narahat eləmir, vicdanını zərrəcə də ağrıtmırdı.

Əksinə, o bu hadisəni özünə alqış və öyüd kimi xatırlamağı sevirdi – bax bu cür zalım və qətiyyətli olmaq gərəkdir; Manuela Sançes, həmin o günəş tutulması hadisəsinin zülmətində qeyb olandan bəri o öz keçmiş əzmini və qətiyyətini dönə-dönə, təəssüflə xatırlayır, özünü ondan iyrəndirməyə çalışırdı ki, xəcalət hissindən qurtulsun, özünü alçaldılmış duymasın, içini yandırıb-yaxan məsxərə neştərini canından çıxarıb atsın; o, tamarindlərin altındakı qamakda uzanır, Manuela Sançes barədə yarpaqların xışıltısını dinləyə-dinləyə, yuxusuna haram qatan bir nifrətlə düşünür, silahlı qüvvələr Manuela Sançesi quruda və dənizdə, şora çıxarılan ucsuz-bucaqsız ölü səhralarda axtarmaqda ikən o, hey düşünür, aradabir hikkəylə öz-özünə: “Lənət şeytana, hara yoxa çıxmısan, haralara qaçıb gizlənmisən ki, ünüm sənə yetmir, səsim çatmır, səni heç cür ələ keçirə bilmirəm… ələ keçirə bilsəydim, onda bilərdin hakimiyyət nə deməkdi!” – deyinirdi. İndi o, hikkə və nifrətindən başqa heç nə duymurdu, sinəsinə qoyduğu şlyapası şiddətli ürək döyüntülərindən narın-narın titrəyir, anasının – ondan nə baş verdiyini öyrənməyə çalışan Bendisyon Alvaradonun sualını sanki heç eşitmirdi… “Gün tutulmasından sonra niyə belə qanıqara gəzirsən, bir kəslə kəlmə də kəsmirsən? Niyə içini yeyirsən?” O, dinməzcə ayağa qalxır, anasını ürəyində söyə-söyə, fil ayaqlarını arxasınca sürütləyə-sürütləyə çıxıb gedir, gedə-gedə, acı heyrətlə, bir Allah bilir, kimdənsə əsəbi-əsəbi: “Yəni, doğrudan, bu mənəm? Doğrudan, başım bu qədər xarab olub ki, neyləməyin, necə yaşamağın təhərini bilmirəm?.. Yəni, doğrudan, mən daha öz taleyimin ağası deyiləm? Bəlkə, hamısı ona görədi ki, o qızın evinə, bir zamanlar Fransisko Lineronun Santos-İqeronesdəki sərin və rahat evinə girdiyim kimi yox, qızın anasının icazəsiylə girirdim?” – soruşurdu.

 Fransisko Lineroyla bağlı əhvalat hələ Patrisio Araqonesdən əvvəl, o öz mübarək çöhərsini xalqa şəxsən özü göstərməyə məcbur olduğu vaxtlarda baş vermişdi.

 “O, qapını döymədən içəri girdi… ona görə girdi ki, könlü belə istəyirdi… saat on biri vuran zəngin sədaları altında içəri keçdi… mən pationun üstündəki eyvandaydım, onun qızıl mahmızının saatın zəngiylə həmahəng cingildədiyini eşidirdim; pationun kərpic döşəməsində fil kimi tappıldatdığı addımlarının səsini eşidirdim, onu bu vaxtacan görməsəm də, vücudunu, boy-buxununu əzəmətiylə bir təsəvvürümə gətirib o, hələ içəri eyvanın astanasında peyda olmamışdan dəhşətə gəldim; dan quşu qızılı ətirşahların arasında haray çəkir, o da saat on birin olmasından xəbər verir, qvineo bananlarının ətrindən məst olmuş sarıköynək cəh-cəh vurur, ağacın şirəli meyvələr dolu bir neçə budağı pationun çardağı altında yellənirdi; avqust ayının həmin o məşum çərşənbə axşamı günəşinin şəfəqləri yarpaqların, bal dadan sapsarı meyvələrin və bir gün əvvəl ərim Ponsio Dasanın sübh erkəndən gülləylə vurmuş və qanı axsın deyə çardağın altından, qvineo salxımlarının böyründən asdığı cavan maralın cəmdəyi üzərində oynaşırdı… Budur, o, içəri girdi, qara-qura yuxularda görə biləcəyindən daha qorxunc və zəhmli, tərdən islanmış xaki rəngli gödəkcədə, silahsız-qundaqsız içəri girdi… amma o, tək deyildi, yanında əlini maçetenin qulpuna qoymuş qaraqabaq bir hindu dayanmışdı. Mən onun içi çıxılmazlıqlar dolu, qəddar gözlərini gördüm. O öz incə, qadın əlini, yuxuluymuş kimi yavaş-yavaş qvineo budağına uzatdı, salxımlardan birini qoparıb acgöz-acgöz yedi, sonra birini də qoparıb yedi, sonra birini də, birini də, meyvələri ağzına basıb marçamarçla elə yeyirdi, elə bil bataqlıq lehməsi sümürülürdü…” O həm salxımları, həm də gözləriylə Fransisko Lineronun gözəl bədənini yeyirdi… biçarə qadınsa az qalırdı xəcalətdən əriyib yerə girsin… o çox cavan idi, təzəcə ərə getmişdi və bu cür baxışlardan sıxılırdı, amma onu da gözəl başa düşürdü ki, bu qorxunc adam bura öz ehtirasını, şəhvətini söndürmək üçün gəlib və olacağa çarə yoxdu, çünki baş vermək üzrə olan vaqiənin qarşısını almağa yalnız bir adamın gücü çatardı – o da bu əjdahanın özünün.

“Mən ərimin dəhşətdən təngiyən nəfəsini eşidirdim… o mənim yanımda oturdu, biz əl-ələ verib bir müddət daş kimi donub-qaldıq, elə bil ürəklərimiz də bir-birinə qovuşdu, bir ürək kimi vurmağa başladı… heybətli qoca isə ikicə addımlıqda dayanmışdı, gözü doymadan qvineo meyvələrindən basıb yeyir, çəyirdəkləri arxaya tullayır və gözlərini qırpmadan, mənə baxa-baxa ağacın bütün salxımlarının axırına çıxırdı… o, maral cəmdəyinin böyründən asılmış budağı tamam-kamal soyub qurtardı, ayaqyalın hindusuna işarə verib ərim Ponsio Dasaya: “Çıx çölə, dostumla bir az söhbət elə, səninlə bir məsələni yoluna qoymalıdı!” – dedi. Mən qorxudan titrətsəm də, başa düşürdüm ki, həyatımı xilas etməyin bircə çarəsi var – bu da mənimlə etmək istədiyinə imkan vermək, bütün hərəkətlərinə dözməkdi; odur ki, məni soyunduranda özüm də ona kömək eləyirdim, yoxsa krujevaların içində azıb-qalırdı, nəyi nə cür açmağın təhərini bilmirdi… onun iyrənc iyindən, otağa dolan üfunətindən, az qala, boğulurdum… axırda pəncəsinin bir zərbəsiylə paltarımı cırdı və məni vəhşi kimi sıxcalamağa, əlini hara gəldi atmağa başladı, mən isə qeyri-ixtiyari düşünürdüm; “Pərvərdigara, bu gün səhərdən başım marala elə qarışıb ki, qıçlarımın arasını yumağa da macalım olmayıb, rüsvayçılıqdır!” Nəhayət, o öz istəyinə çatdı, ancaq bunu elə tələm-tələsik, elə naşıcasına elədi ki, elə bil əldən düşmüş qoca, yaxud indiyəcən qadın görməmiş burnufırtıqlı yeniyetməydi. Öz acizliyindən özü də əməlli-başlı pərt olmuşdu, lap qurumsağa oxşayırdı… sıtqayıb ağlayır, sidik kimi isti göz yaşları axıdırdı… sifəti o qədər kədərli, gözləri o qədər qüssəliydi ki, üzündən də yetimsayağı bir kimsəsizlik, yazıq yalqızlıq yağırdı ki, ona ürəyim ağrıdı… ona da, elə dünyadakı bütün kişilərə də yazığım gəldi, barmaqlarımın ucuyla başını sığallamağa, ona təsəlli verməyə başladım: “Toxtayın, mənim generalım, bu cür dilxor olmağa dəyməz. Həyat hələ irəlidədir!”

Həmin o dəqiqələr ərim Ponsio Dasanı hindu bağın dərinliyinə aparıb orda maçete ilə öldürdü, əks təqdirdə general özü üçün barışmaz düşmən qazana bilərdi; hindu onu öldürüb, tikə-tikə doğradı, bu tikələri də donuzlar daşıyıb apardı, belə ki, zavallı Ponsionu dəfn etməzdən əvvəl meyitini bütövlükdə bir yerə yığmaq mümkün olmadı – bax o belə bir adamdı”.

Keçmiş günlərindən qalan bu sayaq xatirələri beynində dolaşıb qanını bir az da qaraldır, acı düşüncələr ürəyini sıxır, onu hövsələdən çıxarırdı; düşünürdü ki, demə, hakimiyyətinin qatı cövhərində xeyli su qarışığı varmış, belə olmasaydı, adicə, miskin bir günəş tutulması kimi cadu-ovsunun qarşısında bu cür aciz qalmazdı. O, domino oyunu masası arxasında əziz dostu, soyuqqanlı və təmkinli general Rodriqo de Aqilarla üzbəüz oturanda yenə ürəyindən qara qanlar axdı, bu general hərbçilərin içində inandığı, etibar elədiyi yeganə adam idi; qaraqabaq, ayaqyalın mühafizəçi-mələyi podaqra xəstəliyinə tutulandan bəri o öz həyatını yalnız bu generala etibar eləyirdi; generala baxır və fikirləşirdi ki, bəlkə də, bütün bu bədbəxtliklər onun öz əziz dostuna həddən çox inandığına, ona hədsiz böyük səlahiyyətlər verdiyinə görə baş verir.

“Bu əziz və sevimli dostumun əlləşib-vuruşduğu məgər onun üçün deyildimi ki, məni əl quzusuna çevirsin, məgər o çalışmırdımı ki, məni kaudilyo nişanələrindən məhrum eləsin, bu fərqlənmə nişanlarını ülgücləsin, sivirib atsın, işləri də qəsdən elə qururdu ki, hamı məni əlil, şikəst hesab eləsin, elə çarəsiz şikəst ki, əmrlərini qulaqardına da vurmaq olar; bu “əkiz tayı” məsələsini də beynimə o salmışdı, məhz onun fırıldağıyla mən başqa bir adamın kölgəsində gizlənməyə məcbur olmuşdum, iş o yerə gəlib çatmışdı ki, o məni bir sürü keşikçinin əhatəsində belə xalq qarşısında görünməkdən çəkinməyə məcbur etmək istəyirdi, halbuki vaxtilə bircə hindu tək canıyla: “Yol verin, qurumsaqlar, hökmdar gəlir!..” – bağıraraq öz maçetesi ilə izdihamı yara-yara mənə yol açırdı və heç bir pis hadisə baş vermirdi… baxmayaraq ki o vaxtlar biz hələ alqışların kükrədiyi bu insan meşəsində kimin əsl vətənpərvər, kimin məkrli xain və quldur olduğunu müəyyən eləməyi bacarmırdıq və yalnız indi bilirik ki, “Yaşasın əsl kişi!.. Yaşasın general!” – deyərək hamıdan bərk bağıranların çoxu satqın və əclafdır.

Bir hindu isə nəhəng izdihamın öhdəsindən asanlıqla, təkbaşına gəlirdi, bu əziz dostuma isə bütöv bir ordu da kifayət eləmir ki, tələb elədiyim qızı axtarıb tapsın. Belə məqamlar – o, qızın necə sürüşüb aradan çıxdığını, onun qocalıq şəhvətinin seyrək hasarı arasından necə asanlıqla sivişdiyini düşünəndə domino daşlarını qəzəblə yerə çırpır, oyunu ən həlledici məqamında yarımçıq kəsir, dünyanın ən biədəb söyüşlərini söyə-söyə çıxıb gedirdi; bir dəfə oyunu beləcə yarımçıq saxlayanda qəfildən içində dərin sarsıntı, əzginlik duydu və fikirləşdi ki, bu dünyada hər şey gec-tez öz yerini tutur, bircə o heç cür təsəlli tapa bilmir; nəfəsinin dözülməz təngimələrlə kəsildiyini, boğulduğunu hiss elədi, günün bu çağında, adətən, istinin səngidiyi bir vaxtda köynəyinin tərdən islandığına təəccübləndi, dənizdən buxarlanan buğun iyində leş qoxusunu duydu, nəmişin bürküsündən köpüşən şişi göynəyib tütək səsi çıxartdı… o nə baş verdiyini anlaya bilmədi və özünə təsəlli verə-verə, öz-özünə: “Bürküdəndi…” – dedi.

Lakin bunu da nagüman halda, mümkün olmayan bir şey haqqında düşünəntək düşündü… hansısa qeyri-müəyyən, məchul bir duyğu onu üzüb əldən salırdı; pəncərənin önündə dayanmışdı, çöldən görünən qəribə işığın nə olduğunu, nədən saçdığını anlamağa çalışırdı… şəhər sanki ölmüşdü, bir kimsə gözə dəymirdi, elə bil şəhərdə quzğunlardan savayı bir canlı qalmamışdı… lakin quzğunlar da həmişə mürgülədikləri yoxsullar xəstəxanasının məhəccərlərini tərk etməkdəydilər; deyəsən, şəhərdə qalan yeganə adam de Armas meydanında dayanan həmin o kor kişiydi… pəncərədən ona zillənən qocanın təşvişini sanki uzaqdan-uzağa duyaraq, çəliyini yuxarı qaldıraraq ona həyəcanla tələsik işarələr verir, nə isə qışqırır, ancaq nə dediyini anlamaq olmurdu; o bunu da baş vermək üzrə olan hansısa növbəti bədliyin sirli əlaməti kimi yozdu, lakin yenə öz-özünə: “Bu, bürküdəndi…” – deyib uzandı və pəncərələri astaca döyəcləyə-döyəcləyə, adama yuxu gətirən yağışın zümzüməsi altında yuxuya getdi… lakin ayıq yatdı… yuxunun dumanlı süzgəci arasından nə isə şüuruna nüfuz eləməkdəydi… qorxu içində oyanıb: “Kim var burda?” – bağırdı. Bu onun öz ürəyinin döyüntüsüydü, canına vicvicə salan isə günün bu çağında xoruzların nədənsə susması, banlamamasıydı… o susub sakitləşdi və hiss elədi, necə əmin-amanlıq gəmisi aramla onu tərk edərək məchul bir körfəzdə yoxa çıxır; dumana bürünmüş dəniz qəzəblə dalğalanır, kükrəyirdi… qurunun və dənizin bütün məxluqatı – ölümü duymaq qabiliyyətinə malik olan, kataklizmlərin yaxınlaşdığını ən dərin insan elmindən daha tez görməyi bacaran bütün canlılar dəhşət içində donub-qalmışdı… nəfəs almağa hava çatışmırdı, vaxt-zaman dayanmışdı və iş bu yerə çatanda o ayağa qalxdı, hiss etdi ki, ürəyi şişib və hər addımı atdıqca bir az da şişir, qulaq pərdələri partlayıb cırılır, burnundan odlu mayeyə bənzər nə isə süzülür və qana bulaşmış kitelinə baxıb: “Bu, ölümdü...” – düşündü, lakin ona etiraz elədilər: “Yox, mənim generalım, bu, siklondur, qasırğadır”. Bu, bir vaxtlar vahid Qəraib səltənətini ayrı-ayrı adalara parçalamış qasırğaların ən dağıdıcısı, ən dəhşətlisiydi… belə bir fəlakətin yaxınlaşdığını isə bütün insanların içindən yalnız o öz ibtidai instinktiylə – itlərin və toyuqların təşvişə düşməsindən xeyli qabaq hiss eləmişdi; qasırğa elə qəfil başlamışdı ki, qarma-qarışıqlığın içində ona ad tapmağa da macalları olmamışdı.

Başlarını itirmiş zabitlər qorxu içində: “Bu hər şeyin sonudur, mənim generalım! Ölkə yerlə-yeksan olur!” – deyir­dilər. Belə olanda o əmr verdi ki, bütün qapı və pəncərələri bərk-bərk bağlasınlar, keşikçilərə buyurdu ki, özlərini dəhlizlərdə oturduqları yerdə qayışla sarısınlar, göstəriş verdi ki, bütün inək və toyuqları birinci mərtəbədəki otaqlara salıb orda saxlasınlar, bütün əşyaları olduğu yerlərinə mismarlasınlar və de Armas meydanından başlamış ən ucqar guşəsinədək qorxu içində susmuş bu ələm səltənəti qasırğanın vahiməli çöhrəsi önündə lövbər salmış gəmiyə çevrildi; əmr verilmişdi ki, çaxnaşma əlaməti görünən kimi atəş açılsın, əvvəlcə xəbərdarlıq üçün iki dəfə havaya, bu da kömək etməsə, çaxnaşma salanın özünə atəş açılsın; lakin siklonun qarşısında hər şey aciz idi; qasırğanın quduzlaşmış həmlələrlə hərlənən pərləri bircə dəhşətli zərbəylə baş darvazanın zireh poladını yardı, baş giriş yolunu dağıdıb inəkləri havaya sovurdu; o bu zərbədən elə sarsılmışdı ki, nə baş verdiyini dərk eləmirdi… şırnaqları göydən yox, yerlə üfüqi vəziyyətdə fışqıra-fışqıra gələn selin su şırımları nəriltiylə üstünə töküldü; balkonları vulkan bombaları kimi partladaraq uçurdu… fırtınanın dənizin sualtı cəngəlliklərindən qaldırdığı əcaib canlılar havada qövs cızaraq şappıltıyla yerə dəydilər… lakin o bu fəlakətin miqyası və nəticələri barədə düşünmürdü; qasırğanın xaosunda o, qəlbinin kin və bədxahlıq ədvası dadan tamından həzz almağındaydı: “Haradasan, lənətə gəlmiş Manuela Sançes, şeytan qızı, harada gizlənmisən? Qisasımın qasırğasından harada nicat tapırsan?!” Qasırğa yatandan, sakit və mülayim havayla əvəz olunandan sonra isə dövlət şurasının iclas salonundan prezidentin öz yaxın köməkçiləriylə oturduğu avarlı gəmicik çıxdı və şəhəri xarabalığa çevirən bulanıq, lehmə suyun üzüylə üzdü; karetlərin saxlandığı tikilinin yanından ötdü, palmaların ucları və de Armas meydanındakı fənər dirəklərinin işıqları arasından burula-burula getdi… burda, bu lal sularda, kilsə günbəzlərinin ətrafında bitmiş bu kiçicik göldə bizim generalın ağlına ildırım çaxıntısıyla ani bir fikir gəldi… qəfildən anladı ki, bu hakimiyyəti ilə o heç vaxt ali qüdrətə sahib olmayacaq… çünki dünyada elə şeylər var ki, ona tabe deyil, onun gücündən xaricdədir, bu fikir ona möhkəm yer elədi və uzun müddət bu düşüncənin əsarətindən azad ola bilmədi… gəmicik isə öz işindəydi, kilsələrin künc-bucaqlarına dəyə-dəyə irəliləyirdi, gah zil qaranlıqda gözdən itir, gah pəncərə şüşələrinin şəbəkələrində gəzişir, gah da adda-budda görüntülərlə kilsənin zümrüd daşlarının, qızılı naxışlarının işartısında sezilirdi; diri-diri basdırılmış vitse-kralların, dərddən ölmüş arxiyepiskopların qəbir daşları sönük ilğımlarla işarır, Böyük Admiralın boş sərdabəsi – üzərində üç karavella həkk edilmiş sarkofaqının qraniti parıldayırdı… o bu məqbərəni bu məqsədlə tikdirmişdi ki, arzu etdiyi təqdirdə Böyük Admiralın sür-sümüyü bizim ölkədə uyusun; mehrabın arxasında əmələ gəlmiş kanalla üzüb kilsənin iç həyətinə çıxdılar; bura işıqlı akvariuma oxşayırdı, hörgülü dibində balıq sürüləri o baş-bu başa şütüyür, suyun içinə düşmüş günəbaxan zoğlarını yeyirdilər; avarlı gəmicik daha sonra zahidlərin ürəksıxan məskəninə – Biskay rahiblərinin monastırına sarı yönəldi və gəmidə oturanlar suyun altında qalmış boş hücrələri, hovuza çevrilmiş musiqi salonunun ortasında klavikordların səssizcə yırğalandığını, lal su qatının altında qalmış monastır yeməkxanasında isə qızları – monastırın bütün rahiblərini gördülər… onların hər biri öz yerində, uzun masanın arxasında oturduqları yerdə boğulub ölmüşdü; gəmi eyvanın girəcəyindən keçib monastırı tərk eləyəndə isə hamı heyrətlə baxıb gördü ki, şəhərin yerində, mavi səmanın altında nəhəng bir göl ləpələnir. “Olsun ki, qasırğa məni “Manuela Sançes” adlı əzablardan qurtarmaq üçün qopmuşdu, lənət şeytana, bu Allah-taalanın nə vəhşi üsulları varmış… Onunla müqayisədə biz quzuymuşuq!..”

O, şəhəri içində dəfn eləmiş bulanıq gölə – üstü ölü toyuqlarla örtülmüş ucsuz-bucaqsız sulara, üzərində yalnız kilsə günbəzinin, bir də mayak fənərinin göründüyü bulanıq sulara, bölgə vitse-krallarının daş saraylarının günəşli eyvanlarına məmnuniyyətlə tamaşa edirdi; bir vaxtlar qul alveri gedən liman ərazisində qasırğadan xilas ola bilmiş bir ovuc adamın sığındığı adda-budda adacıqlar gözə dəyirdi; adamlar böyürlərindən asta-asta üzüb ötən avarlı gəmiyə, onun, Sarqas dənizinin qırmızımtıl sıx yosunlarının arasıyla üzürmüş kimi, gölün üzünü başdan-başa örtmüş toyuq ölülərini yara-yara keçib getməsinə inanılmaz bir təəccüblə tamaşa edirdilər; lakin budur, adamlar milli bayraq rəngində olan bu Nuh gəmisində oturmuş şəxsi, axır ki tanıdılar, onun kədərli gözlərini, qanı qaçmış dodaqlarını gördülər, göylərin təmizlənməsi, günəşin işıq saçması naminə dörd bir tərəfə xaç çevirən tanış əli gördülər. “Və o, suda batıb boğulmuş toyuqlara da nəfəs verdi, sulara aşağı çökməyi buyurdu və sular çökdü!” Və kimsə kilsə zənglərinin şadyanalıq dolu harayına, gurultulu bayram atəşfəşanlığına başlamaq və qasırğa əjdahasını qaçırmış insanı öz mahnılarıyla şərəfləndirmək üçün de Armas meydanına toplaşmış izdihamın hay-həşirinin sədaları altında onun qoluna girib eyvana sarı apardı. “Axı bu dəqiqə xalq, hər şeydən əvvəl, məhz sizin mübarək sözünüzü, onlara ruh verəcək nitqinizi eşitmək istəyir!” O dartınıb müsahibinin əlindən qurtulmaq istədisə də, qurtula bilmədi və bircə andan sonra sarayın eyvanında dayandığını və minlərlə ağızdan yekdil sədayla göylərə ucalan bağırtıları eşitdi: “Yaşasın əsl kişi!” və bu yekdil səda qasırğa kimi canına işlədi… bütün hakimiyyəti boyu bu şəhərin önündə, kütlə qarşısında niyəsə həmişə özünü köməksiz duymuşdu, indi də beynindən ildırım kimi bir qəddar fikir keçdi ki, heç vaxt onun adi xalq kütlələrindən ibarət olan bu dibsiz uçurumun qarşısında beləcə – bütün vücuduyla, qorxusuz-ürküsüz dayanmağa cəsarəti çatmayıb və bundan sonra da çatmayacaq…

Bizlər – aşağıda, de Armas meydanında dayananlar, həmişəki kimi, yenə nə isə ağlasığmayan, irreal bir mənzərənin şahidi olduq; başı üzərində müqəddəslik oreolu hələ də işaran, ağ kətan libaslı qocanın sehrli simasını görə bildik; qoca dayandığı eyvanın yüksəkliyindən bizə səssizcə xeyir-dua verib dərhal da qeyb oldu; lakin bizlər üçün bu ani görüntü də kifayət idi; ən əsas o idi ki, o – orda öz yerindədir, gecə-gündüz yorulmadan keşiyimizi, qayğımızı çəkir, həmişə bizimlədir; o isə anası Bendisyon Alvarado balqabaqdan düzəldilmiş nimçədə mais dənini arıtlayarkən şəhərkənarı malikanəsinin patiosunda ucalan tarixi tamarindlərin kölgəsi altında hörmə yelləncək-kresloda əyləşərək, əlində limonad dolu stəkan, gözlərini yumub, nə haqdasa düşünə-düşünə, arıtlanıb təmizlənən mais toxumlarının xışıltısını dinləyirdi; qızmar ilğımın titrədiyi günortanın saat üç radələrində hələ də yelləncək-kreslosunda əyləşərək istinin arasından anasını seyr etməyindəydi.

Bendisyon Alvarado isə yan-yörəsində hərlənən toyuqlardan sayıqlığını itirənini cəld hərəkətlərlə qamarlayıb qoltuğuna sıxa-sıxa, bir qədər nəvazişlə quşun boynunu geriyə qarır, eyni zamanda oğlunu dilə tuturdu ki, bu gün saraya getməyə tələsməsin. “Bütün günü fikir eləyirsən, dilinə heç nə dəymir, axırda vərəm tutacaqsan!” Anası qoltuğunda çapalayan toyuqla onu tamaha sala-sala yalvardı ki, axşama qədər qalsın, yaxşıca şam eləsin; o da axırda buna razı oldu: “Di bəsdi, ay arvad, yaxşı, qalıram”, – dedi və yelləncək-kreslosunda aramla yellənə-yellənə, qazanda qaynayan toyuğun incə ətrini ciyərlərinə çəkə-çəkə talelərimizi düzüb-qoşmağa başladı. Biz bilirdik ki, bu dünyada mövcudluğumuzun yeganə təminatçısı odur, o var, o öz otağındadır, vəba da, qasırğa da, hətta zamanın özü də onun önündə acizdir, onun varlığı duyulmayan həyatı təsəvvürə gətirmək belə mümkün olan iş deyildi… o bizim rifahımız, bizim səadətimiz naminə dərin qayğılara qərq olmuş Məsihdi; bilirdik ki, heç vaxt bizim ziyanımıza iş görməz, axı bizə nə lazım olduğunu da, dəqiqdən dəqiq o bilirdi və bildiyi üçün də, məhz elə buna görə indiyəcən çərxi-fələyin gərdişlərinə davam gətirə bilmişdi; onun ölçü meyarı biz idik, bəli, bizə nəyin gərək olub-olmadığını məhz o bilirdi; nəyin sərfəli, nəyin sərfəsiz olduğunu bizim hamımızdan yaxşı bilirdi; ölkənin uzaq şərq sərhədinə – üzərində vətənin ərazi bütövlüyü uğrunda həlak olmuş sonuncu əsgərin adı, doğum və ölüm tarixi həkk edilmiş tarixi daşın olduğu yerə səfərdən sonra onun bu biliyi bir az da möhkəmlənmişdi… – “Ana, mən, axır ki, gedib oralara çıxa bildim!” O həmin yerə çatanda dincini almaq üçün həmin o tarixi daşın üstündə oturdu və sərhədin o biri tayında, qonşu məmləkətin ərazisində yerləşən, başı üzərindən soyuq yağış əskik olmayan, hisli-paslı dumana bürünmüş ürəksıxan şəhəri seyr eləməyə başladı; o, soyuq şəhərə baxır və küçələrdə şütüyən tramvayları, tramvayların salonlarında zövqlə geyinmiş adamları, kiminsə təmtəraqlı dəfn mərasimini görürdü: katafalkın arxasınca başı lələkli perşeronlar qoşulmuş karet düzümü hərəkət edirdi, o baxır və kilsənin sütunlu eyvanında qəzetlərə bürünərək yatmış uşaqları görüb təəccüblənirdi: “Lənət şeytana, burda nə qəribə adamlar yaşayır?! Olmaya bunların hamısı şairdi?..” Lakin kimsə böyürdən: “Heç də yox, mənim generalım, bunlar şair-zad deyil, kübarlardır, bu ölkəni onlar idarə edir”, – dedi. Həmin səfərdən əla əhval-ruhiyyədə qayıtmışdı, çünki özü üçün kəşf eləmişdi ki, dünyada heç bir yer ona hədsiz həzz verən xarlamış quayyavo meyvəsinin ətriylə, doğma şəhər-kəndlərin hay-küylü basabası ilə müqayisə edilə bilməz, bu dünyada heç nə günəşin qürub çağında qəlblərə çökən sirli qüssə və xiffət duyğusunu əvəz edə bilməz və o, bir də bu yoxsul ölkənin hüdudlarından kənara qədəm basmayacaq, ona görə ki… düşmənlərinin dediyi kimi, kreslosunu itirməkdən qorxur, – “Ona görə ki, ana, insan – öz meşəsində bitən ağacdı, ona görə ki insan elə bir heyvandı, öz yuvasını yalnız bir halda – özünə yem tapmaq üçün tərk edir”.

O bu sözləri, əslində, öz-özünə ölümqabağı tövbə səmimiyyətiylə deyirdi, siestanın mürgülü saatlarında isə bu barədə sadəcə düşünür, uzaq-uzaq illərin arxasında qalmış əski avqust gecəsini – hakimiyyətpərəstliyin də bir həddi olduğunu, öz ölkəsini idarə etməkdən o yana olan hansısa ayrı bir iddiası olmadığını etiraf eləməyə məcbur olduğu gecəni xatırlayırdı; bu həmin o axşam kabinetinin bürkülü alaqaranlığında qəbul etdiyi gənc əcnəbi ilə – coşqun azadlıq mübariziylə söhbəti zamanı ona məlum olmuşdu; bu, şöhrətpərəst niyyətlərlə yaşasa da, əbədi tənhalığa məhkum edilmiş utancaq bir oğlan idi… onun bu məhkumluğunu dərhal sezmək olurdu, çünki elə insanlar var ki, artıq doğulduğu günündən yalqızlıq damğasını daşıyır; gənc fədai qapının ağzında tərpənməz dayanmışdı, irəli keçməyə ürək eləmirdi, çünki gözləri hələ günün bu qızmar çağında qlisiniyaların məxsusi, kəskin ətir saçdığı alaqaranlığa alışmamışdı, bir neçə dəqiqədən sonra o nəhayət ki, kresloda əyləşmiş qocanı gördü – qocanın sol yumruğu masanın üstündəydi, prezident, bu sadə və solğun görkəmiylə, rəsmi təsvirlərindən yer-göy qədər fərqlənirdi; kabinetdə keşikçilər yox idi, qoca silahsız idi, köynəyi tərdən islanmışdı, başının ağrısını ovutmaqdan ötrü gicgahlarına adaçayı yarpağı yapışdırılmış adi bir bəndəydi… “Gəncliyimin qibləgahı, ən işıqlı ideallarımın canlı mücəssəməsi olan bir adamın içinəcən pas atmış bu qoca olduğunu dərk etməkdə çətinlik çəkirdim!” Nəhayət, gənc mübariz masaya yaxınlaşdı, işgüzar adamın cingiltili və aydın səsiylə özünü təqdim etdi, qoca da öz növbəsində süst yepiskop əlini uzadıb onunla xoşyana görüşdü və həyəcanlı nitqlə onun gözləri qarşısında bəşəriyyətin xoşbəxtliyinin sehrli mənzərələrini yaradaraq bu amansız müharibədə Alyaskadan tutmuş Pataqoniyaya qədər bütün mühafizəkar rejimləri birdəfəlik devirmək üçün ondan siyasi kömək və silah istəyən gənc əcnəbini getdikcə artan bir heyrətlə dinlədi: “Lənət şeytana, axı sən nə üçün başını bu cəncəlli işə soxursan? Axı nəyin naminə özünü qurban vermək istəyirsən?!” Bu suala gənc əcnəbi duruxmadan qətiyyətlə belə cavab verdi: “Vətənimin şərəfi naminə, zati-aliləri! Vətən naminə! Onun uğrunda ölmək – böyük səadətdi!” Onda o, gəncə rəhm edərək öz kədərli təbəssümüylə belə söylədi: “Sarsaqlama, bala, yer üzündə bir vətən var – həyat!” Və sol yumruğunu açıb ovcundakı şüşə kürəciyi ona göstərdi: “Bax, bunu görürsən? O ya var, ya yoxdu və bunun sahibi yalnız o şəxs ola bilər ki, bu əşya onda olsun, oğlan! Həyat və vətən məsələsi də belə bir şeydi!”

O bunu qonağı kabinetdən çıxara-çıxara, əliylə onun kürəyinə astaca vura-vura söylədi, onu beləcə heç bir şey – çürük qoz belə vəd eləmədən kabinetindən yola saldı və gənc əcnəbinin arxasınca qapını örtən yavərinə: “Bu uşağa dəyməyin, aydındır? Onu heç izləməyin də… boş yerə vaxt itirmiş olarsınız. O, təhlükəli deyil, əlindən də heç nə gəlmir, boş-boşuna xoruzlanır, beçə kimi lələklərinin dibi gicişir”. Bir çox illərdən sonra qasırğanın ötüşməsi münasibətilə siyasi dustaqlara amnistiya, sürgün olunanlara (beyni olanlardan savayı) vətənə qayıtmaq icazəsi verilən zaman da o, bunabənzər fikir söyləmişdi: “Bu adamlara heç vaxt vətənə qayıtmağa icazə vermərəm, cins xoruz tüklənəndə lələklərinin dibi gicişdiyi kimi, bunlar da belə gicişirlər. Özləri də heç nəyə yaramırlar, nəyə yarasalar da, inandırıram sizi ki, siyasətçilərdən, keşişlərdən də iyrəncdilər. Qalanları isə qoy qayıtsın… hamı – dərisinin rəngindən asılı olmayaraq, ölkə quruculuğu onları bir cərgədə birləşdirə bilər!” Hakimiyyət, əvvəlki kimi, tamam-kamal əlində idi – hərbi qüvvələr onu sözsüz dəstəkləyirdilər, ələlxüsus o, ərzaq və dərman partiyalarını, həmçinin sosial təminat fondundan daxil olan vəsaitləri – bir sözlə, təbii fəlakətdən zərərçəkənlərə yardım məqsədilə xaricdən göndərilən nə varsa, hamısını ali komandanlığın arasında bölüşdürdükdən sonra onun hər bir əmrinə müntəzir idi; nazirləri bir sözünü iki eləmirdi, çünki ailələri ilə birlikdə istirahət günlərini Qırmızı Xaç Cəmiyyətinin hərbi-səhra hospitallarının çimərliklərində keçirirdilər; deyək ki, xarici ticarət nazirliyi xaricdən müftə alınmış qan plazması və tonlarla quru südü səhiyyə nazirliyinə satır, bu nazirlik də aldığını yoxsullar üçün xəstəxanalarda xırıd eləyirdi; baş qərargahın zabitləri isə öz ehtiyaclarını səfir Uorrenin bizim ərazi sularımızda qeyri-məhdud balıqçılıq etmək hüququ əvəzinə öz ixtiyarımıza verdiyi əlahiddə istiqraz vəsaitləri ilə həyata keçirilən bərpa işləri üzrə proqram çərçivəsindəki ictimai tikintinin podratları hesabına təmin edirdilər. “Əşi, cəhənnəmə ki, qoy köpənəcən basıb yesinlər!” – deyə o həmin gün yola saldığı və o gündən sonra heç kimin görmədiyi gənc xəyalpərvərlə söhbətini, ona ovcundakı rəngli şüşə kürəciyi – kanikanı göstərərək: “Bu kimdə varsa, onda var”, – deməsini xatırlayırdı. O, ölkədə gedən bərpa işlərindən ruhlanmışdı, bu məsələ ilə şəxsən özü məşğul olur, ən kiçik detalların belə mahiyyətinə varır, hakimiyyətinin ilk illərində olduğu kimi, hər şeyi təkbaşına özü həll edirdi: seldən sonra lehmə palçıqla örtülmüş şəhər küçələrində qəfildən bataqlıq çəkmələrində və şlyapada peyda olur, şəhərin onun niyyətlərinə uyğun şəkildə bərpa edilməsinə göz qoyurdu; istədiyi o idi ki, şəhər – suyun altında qalıb boğulmuş bir yalqızın yuxuda görə biləcəyi şəkildə dirçəldilsin, o, zavallı yalqızın yuxusun gördüyü həmin şəhəri – millət atasının şöhrətini göylərə ucaldacaq əzəmətli, qənirsiz şəhəri ovcunun içi kimi apaydın təsəvvür edir, inşaatçılara öz göstərişlərini verirdi: “Bu qülləni iki metr də ucaldın ki, oradan okean gəmilərini görmək mümkün olsun…” – və dərhal qülləni iki metr ucaldırdılar; əmr edirdi: “Bu çayın axarını əks səmtə çevirin…” – bu buyruq da dərhal yerinə yetirildi; o artıq melanxoliya ilə qəm-qüssənin nə olduğunu unutmuşdu, başı tikintiyə elə qarışmışdı ki, bir an belə dincəlmək bilmirdi; dövlət işlərindən o qədər uzaqlaşmışdı ki, uşaqlarla bağlı problem barədə eşidəndə elə bil başına qaynar su əndərdilər. “Bəs bu uşaqları neynəyək?” – huşsuzluğu üzündən ondan soruşan yavəri bu sualı verməyəydi kaş. Lakin sual verilmişdi və bu sualı eşidən generalın elə bil başına qaynar su əndərmişdilər, o sanki indicə göydən düşübmüş kimi: “Lənət şeytana, nə uşaq, hansı uşaq?!” ­– soruşmuşdu. Bu yerdə o, uzun müddət ondan gizlədilən bir şeyi eşidib öyrəndi. Demə, növbəti lotereya tirajı keçirilərkən torbadan lotereya biletləri çıxaran uşaqlar ordu kazarmalarında həbsdə saxlanılırlar, çünki ehtimal olunur ki, uşaqlar dillərini dinc qoymaya və lotereya oyunlarının daimi qalibi olan prezidentin qələbəsinin sirrini açıb söyləyə bilərlər. “Valideynlər, uşaqlarının harda olmasını öyrənməyə çalışır, bizi günahlandırırlar ki, balalarını bağlıda saxlayırıq. Biz hər dəfə cavab veririk ki, bu, böhtandır, müxalifətin murdar uydurmasıdır, ancaq valideynlər heç cür sakitləşmirlər. Hətta bir dəfə qiyam qaldırıb kazarmaların birinə soxulmaq istədilər, iş o yerə gəlib çatdı ki onları minomyot atəşiylə geri oturtmalı olduq. Qan su yerinə axırdı, mənim generalım, əsl gülləbaran idi, lakin biz belə xırda işlərə görə sizi narahat eləmək istəmirdik. Uşaqlar, həqiqətən də, qala zirzəmisində bağlıda saxlanılır. Əlbəttə ki, onlar üçün hər cür şərait yaradılıb, özlərini gümrah hiss edirlər, lakin məsələ burasındadır ki, artıq orda iki minə qədər uşaq yığılıb, indi bilmirik bu məsələni nə cür həll eləyək ki, nə şiş yansın, nə kabab, mənim generalım!”

Uduzma olmayan lotereya oyunu üsulu qeyri-iradi bir fəhmlə – üzərində rəqəmlər qeyd edilmiş bilyard şarları şəklində tapılmışdı. İdeya dahiyanə dərəcədə sadə idi, elə sadə idi ki, onun həyata keçirilməsini yubandırmaq olmazdı – odur ki ümummilli lotereya günü elan edildi. Hələ gün günortaya çatmamış, qızmar istiyə baxmayaraq, bəxtini sınamağa can atan, lotereyanın nəcib təşkilatçısına alqış söyləyən çoxminlik izdiham de Armas meydanına toplaşmışdı; musiqiçilər və kəndirbazlar axışıb gəlmişdilər, ticarət köşkləri təşkil edilmişdi, fritanqa – istiot və balqabaqla birgə qızardılmış pomidor satan alverçilər camaatın arasıyla o baş-bu başa vurnuxur, Nuh əyyamından qalma ruletka və bileti, oyunçunun əvəzinə hansısa qoturun biri çıxardığı lotereya kimi bəsit oyunları oynayırdılar – bütün bu anaxronik fırıldaqlar, yoxa çıxmış dünyadan qalan qəlpələri, nəhəng çərxi-fələyin tör-töküntüsü hesabına ondan növbəti ilğım payı qoparmaq cəhdi idi. Budur, günorta saat üçdə lotereyanın oynanıldığı taxta meydançaya hələ yeddi yaşına çatmamış, oyunun ədalətli keçirilməsinə şübhə qalmasın deyə tamaşaçıların özləri tərəfindən seçilmiş üç uşaq qalxdı, hər uşağın əlində içində bilyard kürəcikləri olan torba və bu müxtəlif rəngli torbaların hər birində xüsusi nəzarətçilərin təsdiq etdiyi, sıfırdan nömrələnmiş on bilyard kürəciyi vardı. Diqqət, xanımlar və cənablar! Hər uşaq gözüyumulu vəziyyətdə torbadan bir ədəd kürəcik çıxaracaq. Uşaqlar ilk əvvəl əllərində tutduqları göy torbadan, sonra qırmızı torbadan, daha sonra sarı torbadan kürə çıxardılar. Üç uşaq bir-birinin ardınca əlini torbaya salıb kürəcikləri bir-bir əlləşdirir və əlhavasına, nisbətən soyuq olanı çıxarırdılar… bu barədə onlara qabaqcadan göstəriş verilmişdi. Hər torbada bir kürəcik qalanlarına nisbətən ona görə soyuq olurdu ki, onu bir neçə gün buzlu suda saxlayırdılar. Beləliklə, uşaqlardan hər biri öz torbasından bir kürəcik çıxarıb camaata göstərir, kürəciyin üstündəki rəqəmi elan edir və elan edilmiş üç nömrə xoş təsadüf üzündən prezidentin biletində göstərilmiş rəqəmlərə tam uyğun gəlirdi. “Bizim də heç ağlımıza gəlmirdi ki, axı uşaqlar bunu başqalarına danışa bilərlər?!” Belə bir təhlükənin olduğunu anlayandan sonra onları qapalı yerdə saxlamaqdan savayı əlacımız qalmadı. Əvvəlcə üçünü, sonra dördünü, sonra beşini; sonra uşaqların sayı artıb iyirmi oldu və beləcə çoxala-çoxala getdi, mənim generalım!” O, kələfin ucundan tutmuşdu, odur ki, yavərini hər şeyi olduğu kimi açıb söyləməyə məcbur elədi və belə məlum oldu ki, lotereya fırıldağında ordu və donanma zabitlərinin hamısının əli var, öyrəndi ki, uşaqların ilk beş-on nəfəri ata-analarının razılığıyla meydançaya qalxırmışlar və uşaqlara məhz hansı kürəciyi çıxarmağı həmin bu valideynlər lotereya oyununun gedişatına “züy tuta-tuta” öyrədirmişlər. Lakin sonrakı oyunlarda kürəcikləri çıxaran uşaqları bu fırıldağa zor və hədə gücünə məcbur edibmişlər. Burada artıq valideynlərin razılığı tələb olunmurdu, çünki belə şayiə gəzirdi ki, meydançaya bircə dəfə çıxan uşaqlar bir daha öz ailələrinə qayıtmır, izsiz-soraqsız yoxa çıxırlar. Növbəti lotereya oyununun keçirilməsi üçün tələb olunan uşaqları tapmaq məqsədilə xüsusi hücum dəstələri təşkil edilərək gecələr evlərə soxulmağa, valideynlər isə uşaqlarını bildikləri, bacardıqları kimi gizləməyə çalışırdılar. Xüsusi təyinatlı qoşunlar de Armas meydanını, ona deyildiyi kimi heç də ictimai emosiyaları tənzimləməkdən ötrü yox, heyvan sürüsü kimi qabağa təpilən insan kütlələrinin qabağını saxlamaq üçün mühasirəyə almışdı. Dövlət məmurları bu münaqişədə vasitəçilik etmək məqsədilə prezidentin qəbuluna düşmək istəyən diplomatları ən müxtəlif, özü də sarsaq bəhanələrlə tovlayırlar. Onun qəribədən də qəribə xəstəlikləri barədə köhnə nağıllar isə yenidən işə salınır. Məmurların bir hissəsi deyir ki, bəs prezidenti yuxusuzluq əldən salıb, çünki biçarə yalnız ayaq üstə yata bilir, çünki onun fəqərə sütununda iquana kərtənkələsinin bel sümüyü kimi diş-diş sümük daraq əmələ gəlib, o biri hissəsi bundan da sarsaq bəhanə gətirirdi: prezident sizi ona görə qəbul edə bilməz ki, qarnında xəstəlik var, zati-alilərinin içində qurbağalar əmələ gəlib. Məmurlar ona uşaqları azad etmək barədə vurulan etiraz teleqramlarının, xahişlərin bircəciyini belə göstərmirdilər, halbuki belə teleqram və xahişlər dünyanın hər yerindən axıb gəlirdi. Hətta Roma papasından gələn teleqramı da ondan gizlətmişdilər, bu teleqramda Roma papası günahsız körpələrin acı taleyi ilə bağlı öz apostol kədərini bildirirdi. Həbsxanalar qiyama qalxmış valideynlərlə ağzınacan dolu idi, növbəti lotereya oyununu keçirmək üçün bircə uşaq da tapmaq mümkün deyildi. “Lənət şeytana, çox pis ilişmişik, mənim generalım!” Lakin o, ayaqları altında açılan uçurumun bütün dərinliyini qəsrin içəri həyətindəki sallaqxanada sürü kimi bir yerə toplaşmış zavallı uşaqları görəndən sonra hiss elədi, yüzlərlə uşağın həmin o dəhşətli gecədən sonra zirzəmidən çıxıb neçə ayın qaranlıq zülmətinə öyrəşmiş gözləri günəş işığından tutula-tutula, sərsəm çəpişlərtək hara gəldi qaçışdığını görəndə anladı. Onlar işıqda azmışdılar, sayca çox olsalar da, həm də elə bir vəhdət təşkil edirdilər ki o, bu uşaqların hər birini ayrı-ayrılıqda yox, iki minə qədər müxtəlif uşaq kimi yox, min sifətli nəhəng heyvan kimi gördü… onlardan yanıq yun və nəcis iyi gəlirdi, onlar yeraltı sular kimi uğuldayırdı. Bu heyvanı dərhal məhv edilməkdən məhz onun minsifətli olması qorudu, çünki bu saysız-hesabsız həyatların hamısını yer üzünü lərzəyə salmadan qırmaq mümkün olan məsələ deyildi. “Heç nə eləmək mümkün deyil, lənət şeytana!” Lakin nə isə eləmək lazım idi və o, ali komandanlığın üzvlərinin hamısını yanına çağırtdırdı; zahirən cəsur və zəhmli on dörd nəfər hərbi komandan və sərkərdə dəhşətli qorxu içində olsalar da, onun qarşısında cəsur və zəhmli görünməyə çalışırdılar. O, hərbçilərin hər birinin gözünün içinə zilləndi və gördü ki, onlar əlbir, o isə təkdir. Bunu görəndən sonra başını dik tutub qətiyyətli səslə onları hərbi qüvvələrin namuslu adı və şərəfi şübhə altına alındığı bir zamanda hədsiz zəruri olan birliyə çağırdı. Qətiyyətlə bildirdi ki, öz sərkərdələrinin təqsirsiz olduğuna zərrə qədər şübhə etmir və yumruqlarını sıxaraq masanın üstünə qoydu, bununla da nagümanlığını, bütün vücudunu sarmış titrəməni gizləyə bildi. O, hərbçilərə öz postlarında qalmalarını, vəzifə borclarını həmişəki səy və qeyrətlə yerinə yetirmələrini, öz nüfuzlarını itirməkdən qorxmamalarını əmr etdi: “Hesab edin ki, heç nə olmayıb, senyorlar, iclas bağlı elan olunur, hər şeyə görə mən cavabdehəm!” Bundan sonra uşaqları qaladan çıxarıb furqonlara mindirdilər və gecənin zülmət qaranlığında ölkənin ucqar, kimsəsiz bir əyalətinə göndərdilər… ertəsi gün isə o, təntənəli sürətdə rəsmi bəyanat verərək bildirdi ki, guya ordu tərəfindən qapalı yerdə saxlanılan uşaqlar barədəki bütün söhbətlər həyasız bir yalandır, hökumət heç kəsi həbsdə saxlamır, ümumiyyətlə, ölkədə bir nəfər də məhbus yoxdur, dustaqxanalar bomboşdur, kütləvi həbslər haqda söz-söhbət isə xalqın vətənpərvərlik ruhunu sarsıtmaq istəyən mürtədlərin iyrənc uydurmalarıdır – ölkəmizin qapıları həqiqəti öyrənmək istəyənlərin hamısının üzünə açıqdır, buyurub gələ bilərlər! Bu çağırışa cavab olaraq ölkəyə Millətlər Birliyinin komissiyası təşrif buyurdu və burnunu soxmadığı deşik qoymadan hər yeri ələk-vələk elədi, dindirmək istədiyini dindirdi, hər şeyi bütün təfərrüatıyla saf-çürük elədi, axtarışlar apardı, hətta Bendisyon Alvaradonu da sorğu-suala çəkdi, arvad sonralar çox təəccüblənirdi: “Cadugərlərə oxşayan o qanmazlar kim idi?.. Evə soxulub iki min uşağı çarpayıların altında, sap qutusunda, az qala, fırça qablarında axtarmağa başladılar!” Axırda komissiya əmin oldu ki, həqiqətən də, məmləkətdə dustaqxanalar boşdur, hər yerdə qayda-qanun hökm sürür, bilərəkdən, ya bilməyərəkdən, insan hüquqlarının və humanizm prinsiplərinin pozulmasına, yaxud nə vaxtsa pozulduğuna dair heç bir dəlil-sübut yoxdur. “Rahat yatın, general! Sağlıqla qalın!” O, pəncərənin qabağında dayanmışdı, komissiyanı geriyə aparan gəminin körpüdən aralanmağına tamaşa edirdi, onlara işləməli yaylığını yelləyə-yelləyə ürəyində: “Əlvida, əziz kütbeyinlər, sizə sakit dəniz və uğurlu yol, xoş getdiniz!” – deyirdi. Sonra köks dolusu nəfəs dərdi: “Vəssalam, bu həngamə də belə bitdi!” Lakin general Rodriqo de Aqilar bilirdi ki, həngamə hələ bitməyib: “Uşaqlar ki qalıb, mənim generalım!” O, əliylə alnını şappıldatdı: “Lənət şeytana, tamam yadımdan çıxmışdı. Doğrudan da, indi bu uşaqları neyləyək?..” Bu cansıxıcı vəziyyətdən, müvəqqəti də olsa, qurtulmaq üçün göstəriş verdi ki, uşaqları gizlədikləri meşədən çıxarıb daim yağışlar yağan, küləksiz vilayətlərə göndərsinlər, çünki külək əsməsi xatalı məsələdi, uşaq səslərini kimlərinsə qulağına çatdıra bilər, əmr elədi, uşaqları elə bir yerə göndərsinlər ki, orada heyvanlar əbədi nəmişlikdən diri-diri çürüyür, hətta sözlər də nəmişlikdən kif atır… ağacların arasıyla isə sürüşkən dərili, selikli osminoqlar sürünür; əmr elədi ki, uşaqları And dağlarının o biri tayına – içində daim dumanlar sürünən oyuq mağaralara aparsınlar, elə bir yerə ki, heç kəs onları tapa bilməsin, orda olduqları bir kimsənin ağlına belə gəlməsin, əmr elədi ki, uşaqların yerini tez-tez dəyişdirsinlər – aranın çürük noyabrından dağətəyinin qızmar fevralına daşısınlar və əksinə; uşaqların qızdırmadan titrət­diklərini eşidəndə isə onlara kinə dərmanı və isti adyal göndərdi… onlar qızdırma xəstəliyinə Qırmızı Xaç Cəmiyyətinin müşahidəçi təyyarələrindən gizlənməkçün bir neçə gün çəltik tarlasında boğazlarınacan suyun içində dayanarkən tutulmuşdular; uşaqlar skarlatina xəstəliyindən əziyyət çəkəndə əmr elədi ki, günəşin gözqamaşdıran şüaları onların gözlərini ağrıtmasın deyə şüaların və ulduzların parıltısını saxta qırmızı işıqla kölgələndirsinlər; çinarlığın gənələri onları yeməsin deyə havanı həşərat dərmanıyla tozlandırsınlar; uşaqların başına vertolyotdan konfet yağışı, yağlı dondurma uçqunu yağır, Yeni il hədiyyələri göydən paraşütlə atılırdı… o, bütün bunları onun üçün eləyirdi ki, uşaqların taleyinə dair qəti qərarı qəbul eləyənəcən onlar yaxşı yaşasınlar, keflərini pozmasınlar. Bu sayaq xeyirxah işləriylə tədricən özünü sakitləşdirirdi və qərəzli: “Bəs bu uşaqları neynəyək?” – sualı da daha onu incitmirdi; bir qədərdən sonra, ümumiyyətlə, uşaqları unutdu, hüznlü yuxusuz gecələr, bir-birinə bənzər yeknəsəq gündüzlər bataqlığına gömüldü – daha heç bir şey onu narahat eləmirdi… və bu halı axşamların birinə qədər davam etdi. Çərşənbə gününün axşamı idi. Saat doqquzu vurdu və o, zamanın metal cingiltisini eşidib ayağa qalxdı, saray pəncərələrinin məhəccərlərində mürgüləyən toyuqları qovdu, qabağına qatıb hinə saldı, toyuqlar yerlərini tutandan sonra, adəti üzrə, onları saymağa başladı; bu vaxt içəri növbətçi quşabaxan – mulat qadın girib gün ərzində yumurtlanan yumurtaları yığmağa başladı; bu dəmdə o, xərclənməmiş illərinin qaynarlığını hiss etdi, qadının döşlüyünün xışıltısı onu cuşa gətirdi və qadına yaxınlaşdı. Qadın bütün bədəniylə titrəyərək: “Ehtiyatlı olun, general, yumurtaları sındırarsınız…” – dedi. O isə: “Cəhənnəmə ki… – deyib kəl kimi fısıldadı, – qoy sınsın…” və ruhunu saran anlaşılmaz duyğudan qurtulmaq naminə, yatmış toyuqların yaşıl zilinə bulaşmış bu mübarək çərşənbə günündə nəyinsə baş verəcəyi fikrindən xilas olmaq ümidiylə pəncəsinin bir zərbəsiylə qadını yıxıb yerə sərdi, ayağı sürüşdü, başı gicəlləndi və təsəvvürlər uçurumunun dibinə – ani xilasın ilğımvari dərinliyinə, adamboğan tər dalğalarının, güclü qadın nəfəsinin təlatümlü dənizinə, ona hər şeyi unutdurmağı vəd edən boşluğa uçdu… – o, arxada axar ulduzun qövsvari izini andıran bir iz sala-sala, cingiltili, qızıl mahmızının işıqlı izini qarlığa yaya-yaya, qaranlığı üfunətli fısıltılarıyla doldura-doldura, it kimi zingildəyə-zingildəyə uçur, həyat adlanan dəhşətin həzzini duya-duya, gözqamaşdıran ölüm od-alovunun, lal şimşəklərin içindən ötüşə-ötüşə uçurdu… lakin uçurumun dibində, dəryanın qurtaracağında onu yenə həmin bu toyuq hini, yaşıl toyuq zili, toyuqların yuxusuz mürgüsü, donu sınmış yumurtaların sarısına bulaşmış titrək bədənli mulat qadın gözləyirdi… – “Görürsüz, dedim axı sizə, general! Bütün yumurtaları sındırdınız!” O isə doymuş məmnun heysizliklə, növbəti sevgisiz eyş-işrətdən püskürən acı qəzəbini içində zorla boğa-boğa: “Say və qeyd elə neçəsi sınıb, pulunu maaşından çıxacağam…” – dedi və getdi. Saat onu göstərirdi. O, fermaya daxil olub bütün inəklərin damaqlarını bir-bir yoxladı. Girov qadınlar yaşayan tikilinin yanından ötəndə pəncərədən içəri boylandı və döşəməyə uzanmış zahı qadını gördü – mamaça bir az əvvəl doğulmuş çağanı qucağında tutmuşdu, ona: “Oğlan oldu, mənim generalım! Adını nə qoyaq?!” – deyirdi. “Nə istəyirsiz, qoyun”, – cavab verdi. Saat on biri göstərirdi. O, adəti üzrə, qarovulu saydı, qıfılları yoxladı, quş qəfəslərinin üstünə örtük çəkdi, bütün otaqların işıqlarını söndürdü. Gecə yarıya yaxınlaşırdı… ölkədə sakitlik idi, dünya yatırdı… o öz yataq otağına gecənin bu zülmət qaranlığında yollandı, dəhlizi mayakın ani parıltıyla hərlənib yoxa çıxan işığı altında ötdü, yataq otağına çatıb lampanı qapının yanındakı asılqandan asdı… qəfildən qaçıb aradan çıxmaq lazım gəlsəydi, bu lampa ona gərək olacaqdı… qapını arxasınca bağlayıb, üç qıfılı, üç cəftəni vurub, üç zənciri çəkdi və yığcam unitazında oturub zalım körpəsini – heybətli şişini nazlamağa, giziltisini ovutmağa başladı, şıltaq körpəsi ovucunun içində kiriyib yatanacan, ağrısı səngiyənəcən oturduğu vəziyyətdə qaldı. Lakin ağrının səngiməyi ilə yenidən baş qaldırması bir oldu.

Qəfil qorxu onu ildırım kimi vurdu – açıq pəncərədən içəri külək doldu, uzaq şora səhrasından əsən külək yataq otağını qum dənəciklərinə bənzər saysız-hesabsız uşaq səsləriylə doldurdu. Ölüm çöhrəli səhrada dolaşan kimsəsiz uşaqların qəlbindən qopan mahnı müharibəyə getmiş cəngavər barədə idi… “Hardadı cəngavər? Hardadı igid? Bu nə dərd, bu nə kədər… Qülləyə qalx, onun gəlişinə tamaşa elə, onda görəcəksən ki, məxmər üzlü tabutda qayıdıb o! Ah, bu nə bədbəxtlik!” Uzaqdan eşidilən bu səslər xorunu ulduz sayrışması da zənn etmək və özünü bu səslərin ulduz şərqisi olduğuna inandırıb rahatca yuxuya getmək olardı, lakin o, qəzəb içində ayağa sıçrayıb var gücüylə: “Yetər daha, lənət şeytana! Ya onlar, ya mən!” – bağırdı. Sözsüz ki, özünü seçdi. Hələ səhərin gözü açılmamış əmr verdi ki, uşaqları sement yüklənmiş barjaya doldurub mahnı oxuda-oxuda ərazi sularımızdan kənarlara aparsınlar; orda barja dinamitlə partladıldı və uşaqlar, nə baş verdiyini anlamağa macal tapmamış, daş kimi suyun dibinə getdilər. Üç zabit onun hüzuruna gəlib əmrinin yerinə yetirildiyini bildirəndə, ilk növbədə, zabitlərin hər birinin rütbəsini iki dərəcə qaldırdı və vətənə sədaqətli xidmətlərinə görə medalla təltif etdi, sonra da əmr verdi ki, onları cinayətkar kimi güllələsinlər… “Çünki elə əmrlər var ki, yerinə yetirilməməlidir, çünki bu əmrlərin icrası cinayətdir, lənət şeytana, zavallı çocuqlar!” Bu sayaq ağır sınaqlar onu bir daha əmin edirdi ki, ən təhlükəli düşmən rejimin öz daxilindədir, yəni etimad qazanaraq dövlət başçısının ürəyinə soxulmuş şəxsdir; bir daha əmin olurdu ki, ilk baxışda ona ən sadiq görünən, vaxtilə vəzifə pillələri ilə yüksəltdiyi və bu səbəbdən dayağı bildiyi adamlar gec-tez onları yedizdirən əli kəsib atmağa çalışırlar – o, belələrini pəncəsinin bircə zərbəsiylə yıxır, onların yerinə ayrılarını tapıb çıxarır, yüksək vəzifələrə təyin edir, fəhmi və barmağının bircə işarəsi ilə onlara müxtəlif rütbələr verirdi: “Sən – kapitansan, sən – polkovnik, sən – general, qalanları isə leytenant! Daha nə istəyirsiz?!” Sonra vaxt ötdükcə bu adamların tədricən qarın bağlamağına, enlənib-şişib, az qala, tikişləri cırılan mundirlərinə sığmamağına tamaşa eləyə-eləyə, özünə qarşı sədaqəti dəyərləndirərək onları gözdən itirirdi və yalnız iki min uşaqla bağlı bu gözlənilməz hadisədən sonra anladı ki, onu bir nəfər yox, hərbi qüvvələrin bütün komandanlığı aldadıb. “Bircə onu bilirlər ki, süd xərclərinin artırılmasını tələb eləsinlər, iş çətinə düşəndə isə indicə xörək yedikləri nimçəni batırmağa hazırdılar, halbuki onların hamısını mən Adəm Həvvanı yaratdığı kimi öz qabırğamdan yaratmışam!” Bu, həqiqətən də, belə idi, ancaq nolsun, o, bir an belə dinclik bilmir, onların naz-qozuyla oynamalı, iddia və təkəbbürləriylə hesablaşmalı olurdu. Ən təhlükəlilərini isə yanında saxlayırdı ki, göz qoymaq asan olsun, digərlərini sərhəd qarnizonlarında xidmətə göndərirdi, lakin bu tədbirlər də onu şübhələrdən xilas edə bilmirdi. Vaxtilə o, qrinqoların dəniz piyadasının ölkəyə desant çıxarmasına, səfir Tompsonun rəsmi məlumatında deyildiyi kimi, heç də sarı qızdırmaya qarşı birgə mübarizə aparmaq üçün yox, yaxud siyasi mühacirlərin iddia etdiyi kimi xalqın qəzəbindən qorxduğuna görə yox, məhz öz zabitlərinin xatirinə icazə vermişdi. “Mən istəyirdim ki, onlar bizim zabitləri adam eləsinlər, namuslu olmağı öyrətsinlər, ana! Onlar da öyrədirdilər, bizim zabitlərə ayaqqabını geyməyin, prezervativ və tualet kağızından istifadə etməyin qaydalarını öyrədirdilər, öyrətdikləri də elə bundan ibarət idi. Hərbçilərin müxtəlif yönlü dəstələri arasında ixtilaf, ya münaqişə düşsə, başları bir-birinə qarışar, məndən uzaq olarlar, mənim üçün milli təhlükəsizlik idarəsi, baş istintaq agentliyi, ictimai asayiş üzrə milli departament və sair bu sayaq, bir-birindən mənasız və lazımsız o qədər təşkilat və idarə uydurub yaratdılar ki, indi çoxunun adı yadımda deyil!” Əslində, hamısı milli təhlükəsizlik xidmətinin müxtəlif adları idi, lakin ona mənzərəni bu cür təsvir etmək sərfəliydi, guya bunlar müxtəlif təşkilatlar, müxtəlif xidmətlərdir. Bu ona çətin vaxtlarda manevrlər etmək imkanı yaradırdı.

Məsələn, milli təhlükəsizlik orqanının əməkdaşlarına təlqin edirdi ki, onlar baş istintaq agentliyi tərəfindən izlənilir, əslində isə bu təşkilatların hər ikisi ictimai asayiş agentliyinin müşahidə obyektiydi. O, zabitləri bir-biriylə toqquşdurur, etibarsız sayılan hərbi hissələrin barıtına dəniz qumu qatılması əmrini verir, birinə bir şey, o birinə tamam başqa bir şey deyir, hamını elə dolaşdırırdı ki, artıq heç kəs onun əsl niyyətindən baş aça bilmirdi. Bununla belə, onlar qiyama qalxdılar: “N” kazarması qiyam edib, mənim generalım!” Onda kazarmaya cumub ağzı köpüklənə-köpüklənə: “Çəkilin yoldan, qurumsaqlar, burda hökmdar mənəm, hakimiyyət də mənimdir!” – bağırırdı. O, ayaq saxlamadan, özlərini itirmiş, beşcə dəqiqə əvvəl onun portretlərini hədəf seçərək güllə ata-ata məşq edən zabitlərin yanından saymazyana ötüb-keçir və gedə-gedə: “Tərk-silah olsunlar!” – göstərişini verirdi. Hökm dolu səsində isə öz gücünə o qədər böyük inam vardı ki, zabitlərin özləri silahlarını yerə atırdılar. O: “Mundirləri çıxarın! – deyə əmr edirdi. – Bu paltarı yalnız kişilər geyə bilər!” Və zabitlər dərhal mundirlərini soyunurdular. “San-Xeronimo bazası qiyama qalxıb, mənim generalım!” Və o, bazanın ərazisinə baş darvazadan daxil oldu, iri, xəstə ayaqlarını ardınca qocafəndi sürüyə-sürüyə, qiyama qalxmış, lakin onu görcək quzu kimi sıraya düzülmüş qvardiyaçıların cərgələri arasından keçərək qiyam qərargahının ortasında tək və silahsız halda peyda olub amiranə səslə dedi: “Üzüüstə döşəməyə, düdəmələr! Döşəməyə!.. Dədələrindən bixəbər köpəy uşaqları!” Və Baş Qərargahın on doqquz zabiti müti halda ağzı üstə yerə döşəndi… bir müddətdən sonra onları dənizkənarı kəndlər boyu gəzdirir və torpaq yeməyə məcbur edirdilər ki, qoy hamı görsün, mundiri çıxarılmış zabit qoyun qədərində də deyil. “İt uşaqları!” – əsgərlərin arı pətəyitək qaynaşdığı kazarmalarda qışqırışırdılar, hamı prezidentin tələb elədiyi kimi, qiyamın təşəbbüskarlarının güllələnməsini, meyitlərinin od ələyən günün altında ayaqlarından asılmalarını tələb edirdilər ki, qoy allaha tüpürənlərin aqibətini hamı öz gözüylə görsün. “Bax belə, quldurlar!” Tələb yerinə yetirildi, lakin bütün bu qanlı cəza tədbirləri ona dinclik gətirmədi. Guya kökündən kəsdiyi yoluxucu xəstəliklər yenidən yayılmağa başlayır, qorxunc sui-qəsdlər yırtıcısı caynaqlarını yenidən buraxır, hakimiyyət dəhlizlərinin damı altında özünə yuva qura-qura, ən qətiyyətli zabitlərin imtiyazlı kölgəsində güc yığırdı. O, əqidəsinə zidd gedərək səlahiyyətlərinin artıq-urtuğunu onlarla bölüşməyə, bu adamlara etibar eləməyə məcbur idi. Çünki onlarsız keçinə bilməzdi, lakin məsələ burasındaydı ki, onlarla birgə yaşamaq, onlarla bir havayla nəfəs almaq da mümkün deyildi, lakin əbədi yaşamağa məhkum edildiyindən bununla barışmalıydı. “Lənət şeytana, bu ki ədalətsizlikdi!..” Əziz dostu general Rodriqo de Aqiların namusuna və sədaqətinə şübhə eləmək, sözün əsl mənasında, işgəncəydi, lakin… “O mənim kabinetimə girəndə sifəti meyit rəngindəydi… soruşdu ki, həmin o iki min uşağın aqibəti necə oldu? Doğrudanmı bütün dünyanın bildirdiyi kimi, biz uşaqları dənizdə boğmuşuq?” O, səsi belə titrəmədən, general Rodriqo de Aqilara bildirdi ki, bu yalnız şayiədir, xainlərin uydurmasıdır. “Mən hər gecə onların hardasa mahnı oxuduğunu eşidirəm!” – deyib əliylə hansısa qeyri-müəyyən istiqaməti göstərdi.

Ertəsi gün səfir Evansı da uşaqlar barədə gəzən bütün bu söz-söhbətin böhtandan savayı bir şey olmadığına inandıra bildi: “Başa düşmürəm, hansı uşaqları deyirsiz? Axı sizin ölkənizin Millətlər Birliyindəki nümayəndələri özləri dünya ictimaiyyəti qarşısında rəsmi şəkildə bildirdilər ki, uşaqlar sağ-salamatdırlar və məktəbə gedirlər. Sizə bundan artıq nə lazımdı?.. Vəssalam, həngamə bununla da bitdi!” Ancaq həngamə hələ bitməmişdi. Günlərin bir günü, gecənin bir yarısı onu yuxudan oyatdılar: “İki ən böyük qarnizon qiyama qalxıb, mənim generalım! Bundan savayı, Konde kazarmaları da üsyan edib, bu kazarmalar isə burdan cəmi bir məhəllə aralıdadır! Üsyana general Bonivento Barbosa başçılıq edir. Görürsüz, necə qudurub?! Onun ixtiyarında mükəmməl silahlanmış min beş yüz əsgər var. Bütün silah və sursatı müxalifətin tərəfinə keçən bəzi səfirliklərin köməyi ilə əldə ediblər. Vəziyyət elə də yaxşı deyil ki, oturub barmağını sorasan, mənim generalım! Təcili tədbir görülməsə, hər şey məhv olacaq!”

Əvvəlki illərdə siyasi vulkanın bu sayaq partlayışı onun mübarizə əzmini, risk etmək ehtirasını yalnız coşdura bilərdi, lakin indi… Məgər o öz yaşının bütün ağırlığını bilmirdimi?.. İradəsinin, demək olar ki, bütün gücü orqanizmində gedən gizli dağıntıların bərpasına sərf olunurdu, axı qış gecələrində ona dözülməz ağrılar verən öz qəddar körpəsini – soyuq havadan şişib qarpıza dönən dəbələk şişini ovutmadan yata bilmirdi: “Uyu, körpəciyim, günüm, günəşim mənim…” Ən əsası isə bu idi: heç cür müəyyən edə bilmirdi ki, kim kimdir, bu miskin sarayda qaçılmaz taleyin sınaq məqamında kimə bel bağlamaq olar. O bu sarayı, bu miskin evi, böyük məmnuniyyətlə, buradan mümkün qədər uzaq olan dılğır bir hindu kəndindəki ütük bir komaya dəyişərdi, elə bir yerə ki, orada heç kəs onu tanımasın, sayını hətta özünün də itirdiyi uzun illər boyu bu ölkənin dəyişilməz prezidenti olduğunu bilməsin, bu onun çoxdankı arzusu idi. Bununla belə, general Rodriqo de Aqilar ona hər iki tərəfi razı sala biləcək kompromislər əldə etmək məqsədilə qiyamçılara öz vasitəçiliyini təklif etmək niyyətini bildirəndə rəsmi qəbullarda mürgü döyən, olan-qalan ağlını da itirmiş qocanı yox, ötən dövrlərin nəhəngini, cəsur bizonu gördü… və bu böyük insan, bircə an belə tərəddüd etmədən, Aqilara dirsəyini göstərib qətiyyətlə: “Gələ!.. – dedi. – Elə şey yoxdu, mən hakimiyyətdən getməyəcəm!” General Rodriqo de Aqilar bildirdi ki, məsələ gedib-getməməkdə deyil, “hamı bir nəfər kimi sizin əleyhinizədir, mənim generalım, hətta kilsə də!” O isə yenə etiraz elədi: “Gözümün beşi aydın, kilsə – həmişə hakimiyyətdə olanın tərəfində olub!” General Rodriqo de Aqilar deyəndə ki, vasitəçilik zəruridir, çünki generallar artıq qırx səkkiz saatdı ki, məşvərət eləyirlərsə də, öz ara­larında razılığa gələ bilmirlər, o: “Dəxli yoxdu, qoy nə qədər istəyirlər boşboğazlıq eləsinlər, özün görəcəksən, kimin daha çox verdiyini eşidəndə hansı qərara gələcəklər!” – “Amma vətəndaş müxalifətinin başçıları üzlərindən maskaları atıblar və küçələrdə açıq-açığına mitinq edirlər!” – general Rodriqo de Aqilar son dəlilə əl atdı. O: “Lap yaxışı, əmr ver, Armas meydanındakı hər fənərdən bir nəfəri assınlar, qoy hamı görsün ki, güc kimin tərəfindədir!” – deyə cavab verdi. “Bu, mümkün deyil axı!.. – general Rodriqo de Aqilar etiraz etdi, – onların arxasında xalq dayanıb!” “Yalandır, – prezident dedi, – xalq mənim tərəfimdədir, odur ki, burdan mənim yalnız meyitim çıxacaq!”

Və həmişə qəti qərar qəbul eləyəndə olduğu kimi yumruğunu stola çırpıb yatmağa getdi, inəkləri sağmaq vaxtı çatanda yuxudan oyandı, ayağa qalxanda gördü ki, dövlət şurası iclaslarının keçirildiyi salon şüşə qırıqları və daş-kəsəklə doludu – məlum oldu ki, Konde kazarmalarının əsgərləri mancanağın köməyi ilə otağı daşa basıblar. Sonra da şüşələri sınmış pəncərələrdən içəri yanar kürələr atıblar. “Bütün gecəni yatmamışıq, ora-bura qaçıb yanğını suyla, adyallarla söndürməkdən əldən-dildən düşmüşük… yanğın isə ən gözlənilməz yerlərdə baş verirdi, mənim generalım!” O bu xəbəri biganə görkəmlə dinləyib, cansız ayaqlarını arxasınca sürüyə-sürüyə, içinə qum dolmuş dəhlizlərlə, yanmış xalçaların, qobelenlərin üstüylə addımladı… “Mən sizə dedim axı fikir verməyin!” “Amma axı onlar kirimirlər!.. – deyə ona etiraz etdilər, – xəbər də göndəriblər ki, yanar kürələr hələ yalnız xəbərdarlıqdı, bir azdan sarayı top atəşinə tutacaqlar!” “Fikir verməyin, lənət şeytana!” – deyib bağa çıxdı və heç kimə məhəl qoymadan, yenicə açılmış sübhün səssizliyində pardaxlanan qızılgüllərin xəfif xışıltısını dinləyə-dinləyə xiyaban boyu yeridi, yeriyə-yeriyə hiss eləyirdi ki, dəniz tərəfdən əsən külək onda bir ehtiras, bir istək oyadır.

“Bununla belə, indi biz neyləməliyik, general?” – “Fikir verməyin, lənət şeytana, axı bir sözü nə qədər təkrar eləmək olar?”

Həmişə günün bu vədəsində olduğu kimi, fermaya – inəklərin sağımına nəzarət eləməyə yollandı və hər səhər olduğu kimi, içinə altı süd çəlləyi yığılmış qatırlı araba Konde kazarmalarına yan aldı, südü gətirib gələn arabaçı prezidentin sözlərini qiyamçılara çatdıraraq dedi ki, president, adəti üzrə, öz fermasından əsgərlər üçün süd göndərib: “Tapşırıb ki, südü sizə çatdırım, cənab general, siz sizləri yedizdirən əli dişləsəniz də!” Arabaçı bunu elə ürək açıqlığıyla söylədi ki, general Bonivento Barbosa südü qəbul etməyi əmr etdi, ancaq şərt qoydu: süddən birinci arabaçı dadmalıdı ki, hamı südə zəhər qatılmadığına əmin olsun. Nəhayət, dəmir darvazalar açıldı və min beş yüz qiyamçı arabanın Konde kazarmalarının qənbər döşənmiş təlim meydançasına necə daxil olduğuna və meydançanın ortasında dayandığına eyvanlardan tamaşa eləməyə başladı. Onlar general Barbosanın denşikinin südün dadına baxmaq üçün əlində bardaq və çömçə arabaya dırmaşdığını, birinci çəlləyin ağzını açdığını və həmin dəqiqə gözqamaşdıran, qulaqbatıran partlayışın zərbəsindən havaya uçduğunu gördülər və daha heç nə görmədilər… və Axirət gününəcən də görə bilməyəcəklər: çünki zavallılar altı çəllək barıtın müdhiş partlayışıyla havaya sovrulan sarı binanın içindəcə püskürən vulkanın ağzına düşəntək bircə anın içində yanıb kömürə döndülər… gör nə idi ki, bu partlayışdan sonra uzun illər həmin yerdə bircə çiçək belə bitmədi! Barıt, Konde kazarmalarından əlavə, yaxınlıqda yerləşən daha dörd binanı da uçurmuş və şəhərin ucqarlarınadək bütün evlərdəki qab-qacağı sındırmışdı; partlayışın dalğasından yüngülcə diksinən prezident: “Vəssa­lam!” – deyib köksdolusu nəfəs almışdı; sursata qənaət etməkçün iki cərgəyə düzdürülüb güllələnmiş on səkkiz zabitin meyitini zibil furqonlarında liman qalasından çıxaranda isə prezident: “Vəssalam…” – deyib köksdolusu nəfəs almışdı, general Rodriqo de Aqilar isə onun qarşısında mil dayanaraq: “Bütün siyasi canilər yaxalanıb, dustaqxanalarda yer çatışmır, mənim generalım!” – deyə hesabat verəndə prezident köks dolusu nəfəs alıb yenə: “Vəssəlam!” – demişdi. Bu qələbənin şəninə çalınan kilsə zənglərinin nikbin harayını, bayram atəşfəşanlığının səs-küyünü, onu vəsf edən, sülh və əmin-amanlığın növbəti yüz ilinin gəlişindən xəbər verən himnlərin təntənəli melodiyalarını eşidəndə də: “Vəssalam!” – deyib köksdolusu nəfəs almışdı. “Vəssalam, lənət şeytana… – demişdi – bununla da bütün həngamə sona yetdi!” Bu hadisədən sonra onun öz gücünə inamı o qədər artmışdı ki, şəxsi təhlükəsizliyinə də səhlənkarlıqla yanaşmağa başlamış, bu sahədə bütün hissiyyatı elə korşalmışdı ki, günlərin bir günü sübh tezdən inək sağımından sonra saraya qayıdarkən qızılgül kolunun arxasından çıxıb ona sarı cuman cüzamlı xəstəni belə dərhal sezə bilməmişdi. Cüzamlı yalnız onun yolunu kəsəndən sonra, titrək barmağı qara poladı payız çiskinində parıldayan tapançanın tətiyini basmağa cəhd edəndə ayılmışdı… sinəsini irəli verib qollarını geniş açaraq: “Ürəkli ol, qurumsaq, ürəkli ol!” – deyə bağırmışdı. Həm də bir vaxtlar görücü-falçının yozduğu kimi, saf bulaq suyunda əks olunduğu kimi yox, tamam başqa cür öləcəyinə heyrətlənərək: “Kişisənsə, vur!” – çığırmışdı. Cüzamlı da özünü itirib duruxmuş, tərəddüd içində qalmış, gözləri sönmüş, alt dodağı iradəsiz zəifliklə sallanmışdı… bir qədər sonra isə gürz ağırlığında yumruğun zərbəsindən döşəməyə sərilmiş və orda ağnaya-ağnaya çənəsindən dəhşətli təpik zərbələri almışdı, sui-qəsdə məruz qalan isə başı üzərində sönük-sönük işaran yalqız ulduz görmüşdü və qışqırığına qaçıb gələn mühafizəçilərin ayaq səslərini, yuxudaymış kimi, hardansa, uzaqdan eşitmişdi. “Nolub, mənim generalım?!” Bu vaxt beş güllə açıldı, beş göyümtül parıltı bağı işıqlandırdı – cüzamlı xəstə prezident qvardiyasının – onun cəlladlarının əlinə diri keçməmək üçün daraqdakı patronların beşini də qarnına boşaltmışdı. O, qan içində qıvrılan cüzamlı xəstənin meyiti üzərindən adlayıb, əl-ayağa düşmüş saray sakinlərinin hay-həşirini gur səsiylə batıraraq əmr elədi ki, cüzamlı xəstənin meyitini şaqqalasınlar, ətini qaxac eləsinlər, başını duzlayıb hamıya ibrət olsun deyə de Armas meydanında tamaşaya qoysunlar, əmr etdi ki, sağ ayağını Santa-Mariya-del-Altar sərhədinə, sol ayağını qərb sərhədinə – şora çıxarılan səhraya göndərsinlər, əmr etdi ki, bir qolunu aran sakinlərinə, o biri qolunu meşə sakinlərinə nümayiş etdirsinlər, quyruq yağında qızardılmış tikələrini yeddi iqlimdə, bu iyrənc əyyaşxananın bütün vilayətlərində xalqa göstərsinlər, qoy hamı bilsin ki, öz atasına əl qaldıran şəxsi hansı aqibət gözləyir. Bu əmri verib hələ də qəzəbdən göyərmiş vücuduyla qızılgül kolluğuna girdi ki, keşikçilərin cüzamlı xəstələri böcək kəpənək kimi süngülərinə keçirib kolluqdan çıxardıqlarına tamaşa eləsin. “Açın üzünüzü, quldurlar!” Sarayın pillələriylə qalxa-qalxa, iflic olmuş xəstələri təpikləyib oyadır, onlarıdan onları bu dünyaya kimin gətirdiyini, analarını kimin mayalandırdığını soruşurdu. “Bic köpəkuşağı, barı bilirsiniz bunu kim eləyib?!” O, dəhlizlərlə gedə-gedə: “Çəkilin yoldan, lənət şeytana, hakimiyyət gəlir!” – deyə qışqırırdı. Qorxuya düşmüş məmurların, onu “Ölməz” adlandıran soyuqqanlı yaltaqların əhatəsində, özündən sonra arxasınca odlu vulkan axınına bənzər qızmar fısıltısını qoya-qoya getdi və dövlət şurasının iclas salonunda ani şimşək sayrışmasıyla görünüb öz yataq otağında gözdən itdi, otağın qapısını üç qıfıl, üç cəftə, üç zəncirlə bağlayıb, bulaşmış şalvarını barmaqlarının ucuyla, iyrənə-iyrənə soyunub atdı. Və elə həmin andan başlayaraq yenə rahatlığını itirdi… bir dəqiqə belə olsun sakitləşə bilmədi, məiyyətindən kimlərin, yaxud kimin cüzamlı xəstənin əlinə tapança verdiyini havanın iyindən bilməyə çalışaraq hey öz-özündən: onun məxfi düşməni kim ola? – deyə soruşdu. Hiss edirdi ki, bu düşmən, hardasa, lap yaxınlıqda, lap yanındadı… kimdisə, o qədər yaxın adamdı ki, onun öz balqabaqlarını harda gizlətdiyini də bilir, kimdisə, gözləri bütün qapıların deşiyindən onu izləyir, kimdisə, qulaqları bütün divarları dinşəyir və bu adamı günün istənilən vaxtı sarayda, sarayın istənilən otağında görmək mümkündür. “Mənim öz portretlərim kimi, lənət şeytana!” Düşmən hər yerdəydi, onun varlığı yanvar külək­lərinin əsimində də, bürkülü gecələrin jasmin ətrində də duyu­lurdu, bu adam onun yuxusuzluğunun özəyində, həmin o vahi­mənin canındaydı, zülmət qaranlığın içiylə gözəgörün­məz, qorxunc kabus ayaqlarıyla sarayın ən gizli künc-bucaqlarını gəzib-dolaşır, beləcə dolaşa-dolaşa, günlərin bir günü, axşam, domino oyunu zamanı ətə-qana doldu: ha­va­da bir anlıq asıla qalan qoşa beş daşıyla oyunu başa çatdı­ran əl onun əliydi və daxili bir səs dedi ki, bu əl həmin o düşmənin, xainin əlidir: “Bu odur, lənət şeytana, odur!”

O, bir anlıq duruxdusa da, özünü ələ ala bildi, başını qaldırdı və masanın üzərindən asılmış lampanın gur işığında öz əziz dostunun – sadiq generalı Rodriqo de Aqiların gözəl və ifadəli gözlərinə baxdı: “Bu, mümkün olan iş deyil, – fikirləşdi. – Axı Rodriqo de Aqilar mənim sağ əlimdi, biz müqəddəs dostluq telləriylə bağlıyıq, hər bir işdə mənə dayaq olub”. Lakin həqiqətdən qaçmaq olmazdı və o hər şeyi birdən-birə ayrı rəngdə gördü, illər uzunu ustalıqla qurulmuş, onu tora salıb dolaşdırdıqları oyunu, bütün bu hiylə və kələkləri öz fəhmiylə, bircə anın içində görə bildi! Bu illər ərzində heç ağlına da gəlməzdi ki, əziz dostu, əslində, ona doğma olan bir insan siyasi fahişələrə, bəxti yeyin siyasətbazlara nökərçilik eləyir! Bunun bir günahı da özündəydi, öz mənafeyi naminə bu hoqqabazları ən ucqar dəlmə-deşiklərdən gün işığına o özü çıxarmışdı, federasiya uğrundakı müharibədən sonra onlara misli görünməmiş imtiyazlar vermişdi. Özü hər cür imkan yaratmışdı ki, onlar elə onun özünə dayaqlanaraq yüksək mənsəbə yetsinlər, sərvət yığsınlar, elə bir mənsəb və sərvət ki, bir vaxtlar liberal hərəkatının tufanıyla yer üzündən süpürülmüş aristokratların heç yuxusuna da girməzdi. “Onların iştahası düşündüyümdən də böyük imiş, lənət şeytana, qudurmağa bir bax… Gör bir, sən demə, bunlar Allahın sevimlisinin yerinə – mənim yerimə göz dikiblərmiş, yarımçıq doğulmuşlar! Bunun üçün də mənim tam etibarımı qazanmış, mənə ən yaxın olan, dövlət sənədlərini mənə imzalatmağa gətirən şəxsdən istifadə etmək qərarına gəliblər!” Həqiqətən də, dövlət sənədlərini onun yanına imzalatmağa gətirməyə yalnız bir şəxsin – general Rodriqo de Aqiların səlahiyyəti çatırdı, çünki bütün fərmanlarını, çıxardığı bütün qanunları məhz Rodriqo de Aqilar rəsmi dilə salıb mətnləşdirirdi, əvvəlcə şifahi, prezidentin mübarək düzəlişlərindən sonra isə yazılı şəkildə ona imzalatmağa gətirirdi, o da hər bir sənədin aşağısına baş barmağını basırdı – bu onun imzasıydı; sonra bu qeyri-adi imzanı dövlət möhürüylə təsdiqləyirdi; onun möhür-üzük şifri yalnız özü bildiyi xüsusi seyfdə saxlanılırdı. O imzaladığı kağızları Rodriqo de Aqilara qaytaranda zarafata salıb: “Mənim gözəldən də gözəl, əziz dostum, – deyirdi, – daha ayaqyoluna getməyə kağızın var”. Və beləcə, onun sonsuz etimadından istifadə edən general Rodriqo de Aqilar öz idarəçilik mexanizmini, dövlət daxilində yaratdığı dövlətini bu minvalla idarə edirdi; görünür, bu ona istədiyi qədər gəlir gətirə bilməmişdi. “Onun gözü bununla doymurdu, altdan-altdan Konde kazarmalarının qiyamını hazırlayır, bu işdə ona yaxın dostu, onun qılıncoynatma müəllimi – birgə holland fahişələrinin qonağı olduqları səfir Norton kömək eləyirdi, məhz həmin bu Norton, diplomatları gömrükxana yoxlamasından və rüsum verməkdən azad edən qanundan istifadə edərək ölkəyə sursat gətirmişdi, domino oyunu zamanı isə məni tərifləyib göylərə qaldıra-qaldıra deyirdi ki, yer üzündə mənim hökumətimdən loyal, insanpərvər və ədalətli hökumət tanımır!

Saxta cüzamlının əlinə tapançanı da onlar vermişdi. Əlli min pesoya danışmışdılar, qəsdin muzdunu qatilə verəndə hər pul bağlamasından pulun yarısını götürmüşdülər, həmin bu yarımçıq pul bağlamaları sui-qəsdçinin evində axtarış zamanı tapılmışdı və məlum olmuşdu ki, bağlamaların oğurlanmış hissəsini qatilə mənim ölümümdən sonra əziz dostum general Rodriqo de Aqilar şəxsən özü təqdim etməliydi. Onlar sui-qəsd pozulandan sonra da sakitləşmədilər və başladılar plan cızmağa ki, qan tökmədən, dinc yolla məni aradan necə götürsünlər, gör iş nə yerə çatdı ki, general Rodriqo de Aqilar mənim barəmdə şahid ifadələri toplamağa başladı. İttihamları da bundan ibarət idi ki, guya mən gecələr yatmıram, güldanlarla danışıram, qaranlıqda qəhrəmanların və arxiyepiskopların portretləriylə söhbət eləyirəm, termometrlə inəklərin hərarətini ölçürəm, onlara cürbəcür dava-dərman, qızdırmanı salan həb verirəm, sonra, guya Böyük Admirala sərdabə tikdirmişəm və guya həmin o admiral yalnız mənim xəstə təsəvvürümdə mövcuddur, halbuki pəncərəmin altında lövbər salmış üç karavellanı öz gözlərimlə görmüşdüm! Dəlil-sübut yığırdılar ki, guya mən külli miqdarda dövlət vəsaitini hər cür mürəkkəb sistemli maşın və mexanizmlərin alınmasına sərf etmişəm, guya astronomları məcbur eləmişəm ki, Günəş sisteminin qanunlarını elə dəyişdirsinlər ki, gözəllik kraliçası mənə aşiq olsun, guya o qızı da özümdən uydurmuşam, qocalıqdan ağlımı o qədər itirmişəm ki, iki min uşağı sementlə dolu barjaya mindirib açıq dənizdə batırmağı əmr eləmişəm, görürsən bu köpəyuşağını?!” General Rodriqo de Aqilar bütün bu zəruri sübutları toplayaraq prezident qvardiyasının qərargahında onun bütün zabitləri ilə sazişə girib və qərara alınıb ki, prezident qocalar evinə göndərilsin; qayanın başında tikilmiş o evdə keçmiş diktatorlar yaşayırdı; bu əməliyyatın bu ilin mart ayının birində mühafizəçi və keşikçilərin himayədarı sayılan Müqəddəs Mühafizəçi Mələyin şərəfinə təşkil edilən ənənəvi axşam yeməyi zamanı həyata keçirilməsi qərara alınıb. – “Yəni üç gündən sonra, mənim generalım!” Onda o, bircə hərəkətiylə belə sezdirmədi ki, sui-qəsddən xəbəri var, bircə hərəkəti ilə belə bir kəsdə şübhə oyatmadı ki, hər şeyi bilir və təyin olunmuş gün öz qonaqlarını – şəxsi qvardiyasının ali zabitlərini qəbul etdi, onları banket stolunun arxasında əyləşdirdi və içki təklif etdi: “General Rodriqo de Aqilar gəlib əsas sağlığı deyənəcən bir az boğazımızı isladaq”. O, bütün qonaqlarla dostyana söhbət edir, zarafatlaşır, zabitlər isə bir-bir, guya ötəri təsadüflə, öz saatlarına baxır, saatı qulaqlarına tutur, silkələyir, qurur, vaxtı düzəldirdilər – artıq saat on ikiyə beş dəqiqə qalırdı, lakin general Rodriqo de Aqilar hələ də görünmürdü.

Hava gəmi qazanının istisiylə qızmışdı, ancaq bu, ətirli bir bürkü idi: qladiolosların, qərənfillərin və tər qönçələrin ətri otağı bürümüşdü, amma nəfəs almağa hava yox idi; kimsə qalxıb pəncərəni açdı. – “Və biz hamımız sinədolusu nəfəs aldıq, sonra yenə saatlarımıza baxdıq, açıq pəncərədən içəri bayram yeməklərinin iştahaçan qoxusu və meh doldu”. Ondan başqa hamı tər içindəydi və bir anlıq, hamı özünü necəsə naqolay hiss elədi: özünü oturanlardan, çoxdan ötüb-keçmiş illəriylə, qalxanla qorunan kimi qoruyan, qonaqlarına hardansa, öz məkanından – zamana dəxli olmayan dünyasından boylanan bu qoca heyvanın geniş açılmış, kirpik çalan gözlərinə baxmaqdan utandılar. O: “Sizin sağlığınıza… – deyib badəsini, yuxulu zanbağı qaldırantək yuxarı qaldırdı, – sizin sağlığınıza!” O, bütün axşamı badəsini, içkidən bir qurtum da almadan, bircə-bircə zabitlərin badəsiylə toqquşdurdu. Və budur, tam səssizlikdə saat mexanizminin sanki məşum uçurumun dibindən gələn boğuq zəngi eşidildi – saat on ikini vurmağa başladı. Lakin general Rodriqo de Aqilar hələ də gəlməmişdi. Kimsə ayağa qalxdı, sağollaşaraq aradan çıxmaq istədisə də, amiranə baxışların təsirindən yerinə mıxlandı, daşa çevrilib dondu, prezidentin səsi eşidildi: “Xahiş edirəm, getməyin!” Hamı da başa düşdü ki, saat on ikini vurub qurtarmayanacan hərəkət eləmək, nəfəs almaq, özünü diri göstərmək olmaz. Sonuncu zəng zərbəsi susanda isə qapıların pərdələri açıldı və qonaqlar çoxdan gözlədikləri general Rodriqo de Aqiları – görkəmli xadim, diviziya generalı Rodriqo de Aqiları bütün vücuduyla, dörd bir yanı gül kələmi salatlarıyla bəzədilmiş, içinə dəfnə yarpağı və ləvəngi doldurularaq təndirdə yaxşıca qızardılmış vəziyyətdə, beş qızılı badam dənəcikli, boş qolunda igidliyə görə tikişi olan, yaxası on dörd funt ağırlığında medallarla bəzədilmiş parad geyimində, ağzından cəfəri saplağı asılmış halda iri, gümüş məcməyidə oturan yerdə gördülər. Məcməyi bayram süfrəsinin ortasına qoyuldu və iltifatlı ofisiantlar, dəhşətdən daşa dönmüş qonaqlara məhəl qoymadan, süfrəyə gətirilmiş yeməyi bıçaqla doğrayıb bölməyə başladı və hər qonağın qabağındakı nimçəyə içi qoz ləpəsi və ədviyyatla doldurulmuş müdafiə nazirinin ətindən iri bir tikə qoydular, axşam yeməyinə başlamaq işarəsi verildi: “ Nuş olsun, senyorlar!”

 

 

 

O qədər zəlzələlərdən, taleyin uğursuz döngələrindən, odlu səma kürələrinin saysız-hesabsız təkan­larından sağ-salamat çıxmışdı ki, bizim dövrlərdə heç kim inanmırdı, bir vaxtlar görücü-falçı qadının dedikləri həyata keçəcək və haçansa öləcək. Bir sözlə, daha onun ölümünə heç cür inanmaq mümkün deyildi, bu, ağlasığmaz, mümkünsüz bir məsələyə çevrilmişdi, odur ki, aşkar edilmiş cəsədin səliqəyə salınıb dəfn edilməsinə icazə sənədləş­dirilənəcən, aramızdakı ən qatı mövhumatçılar belə boyunlarına almasalar da, gözləyirdilər ki, bu cəsəd, həqiqətən, onun bədənidirsə, bir vaxt deyilənlər, nəhayət, həyata keçəcək: onun ölüm günü durğun bataqlıqların kifsəmiş suları axar çaylara dolub qalxacaq, qanlı yağışlar yağacaq, toyuqlar beşguşəli yumurtalar yumurtlayacaq, Yer üzünə əbədi sükut və qaranlıq çökəcək – onun ölüm günü dünyanın axır günü olacaq. Ölümünə bir də ona görə inanmaq mümkün deyildi ki, diktatura rejimi illərindən salamat çıxan bir çox qəzetlər yenə əvvəlki qaydada onun ölümsüzlüyündən yazır, tarixi xidmətlərini şişirdərək yazılanları arxiv sənədləriylə təsdiq edirdilər; portreləri hər gün qəzetlərin birinci səhifəsində başlıqda göründükcə bizdə zaman donuqluğu ovqatı yaranırdı: biz hər gün qəzetlərdə həmin üzü poqonlarında beş şöhrət günəşi parıldayan həmin o mundiri görürdük, üzü fəaliyyət hərarəti və sağlamlıq saçan ləyaqətli bir adamın şəklini görürdük, halbuki onun yaş həddi çoxdan hamının yadından çıxmışdı.

Qəzetlər bir ucdan eyni faktları – onun gah artıq çoxdan açılmış hansısa abidələrin, gah əslində mövcud olmayan hansısa kommunal iş yönümlü idarələrin açılışında, guya dünən, əslində isə keçmiş əsrdə sədrlik etdiyi iclaslarda çəkilən şəkillərini verirdilər. Biz də axı bilirdik ki, bunlar qəzetlərin növbəti yalanıdı, çünki o, Letisiya Nasarenonun dəhşətli ölümündən sonra adam arasına çıxmırdı, öz kimsəsiz sarayında tək-tənha yaşayır, dövlət işləri isə elə özü özünə, onun hüdudsuz hakimiyyəti dövrlərindən bu yana, öz inersiyası hesabına gedirdi. Biz bilirdik ki, o, baxımsızlıqdan xarabalığa çevrilmiş bu binada rahib həyatını yaşayır və indi bizim kədər və qəm-qüssəylə gecənin düşməsinə baxdığımız həmin bu pəncərələrdən, uzun-uzadı illər – öz illüziyalar taxtında oturduğu dövrlər, ürəküzən, sıxıntılı axşamların düşməyinə, gecənin yaxınlaşmasına o da baxıb: biz mayakın hey göz vura-vura, ara-sıra əfsanəvi yaşıl dalğalarla otaqların xarabalıqlarında üzən işığını görürdük; növbəti təbii fəlakət vaxtı sahilyanı qəsəbələri su basdığından kasıbların elliklə tökülüşüb məskən saldığı nazirlik binalarının sınıq-salxaq pəncərələrində sönük işartılarla işıq saçan miskin lampaları görürdük; bir az aşağıda tüstüyə bürünmüş şəhəri görürdük, bir vaxtlar əcnəbilərə satılmış dənizin dalğalandığı, indi isə qupquru, nəhəng çalalar boyu sıralanan gümüşü kraterlərin üzəriylə sönük qığılcımlarla çaxan şimşəklərin işığında seçilən üfüqü görürdük; ölümünün birinci gecəsi biz birdən-birə onun nəhəng imperiyasının hüdudsuz mənzərəsini onsuz gördük; bu imperiyanın titrəməli göllərini, çayların qovşağında yerləşdiyindən havasız, nəmli buxar içində əriyən kəndlərini gördük, biz onun mülkiyyətini – acgöz, tikanlı məftillərlə hasara alınmış əyalətləri, saysız-hesabsız mal-qara sürülərini, prezidentin şəxsi möhürüylə – vərəsilik damğasıyla damğa­lanmış əla növ cins inəklərin otladığı sahələri gördük.

Biz onun yaşıyla bağlı cürbəcür zarafatlar eləməkdən doymurduq, yerişini qədim tısbağaların, xüsusən qoca fillərin yerişiylə müqayisə edirdik, qəlyanaltıxanalarda cürbəcür lətifələr qoşurduq: guya bir dəfə dövlət şurasına xəbər çatıb ki, prezident ölüb və nazirlər qorxa-qorxa bir-birinə baxa-baxa soruşublar ki, indi bu haqda kim gedib ona xəbər verəcək, ha-ha-ha! Yəqin, o dövrlər belə xəbərlər onu maraqlandırmırdı, çətin ki o, bütün bu danışılanların ciddi söhbət, yoxsa adi küçə anekdotu olduğunu anlayaydı, çünki o dövrlər onun yaddaş sandığında artıq bir neçə nimdaş xatirədən savayı bir şey qalmamışdı. Deyirdilər, yastıdaban, heysiz ayaqlarıyla tənha, yarıqaranlıq kabinetlərlə lal güzgü əksi kimi dolaşdığı an kabinetlərdən birində qarşısına çıxan nişastalı yaxalıqlı, qısa gödəkcəli adamın onu görcək əlindəki ağ yaylıqla kiməsə şərti işarələr verdiyi gözünə görünəndə: “Əlvida!” – deyibmiş. Bu qəribə təsadüf, deyilənə görə, sonradan rituala çevrilmişdi, saray xidmətçiləri hər onu görəndə ayağa qalxıb ağ yaylıq yellətməli və “Əlvida, mənim generalım, əlvida!” deməliymişlər. Lakin məsələ burasındaydı ki, o onları qətiyyən eşitmirdi. O dövrlər birdən-birə niyəsə ona elə gəlmişdi ki, quşlarının səsi səhər-axşam oxumaqdan batır, odur ki, ehtiyatda saxladığı beçə balından quşlara da yedirdir, onların daha gur səslə oxumağı üçün dimdiklərinə kantorin damlalarından damızdırır və fikirləşirdi ki, bu damlalar mütləq quşların səsinin açılmasına kömək etməlidi, sonra özü də quşlara qoşulub köhnə, unudulmuş mahnılardan oxuyurdu: “Ah, yanvar ayı!..” və yenə də heç cür başa düşə bilmirdi ki, quşların səsi heç də tutulmayıb, sadəcə, onun qulaqları pis eşidir.

Bir dəfə isə gecəyarısı qulağındakı vıjıltı səsi yerli-dibli yoxa çıxdı, elə bil çilik-çilik olub söndü, qeybə çəkildi, bunun əvəzinə qulağına arabir uzaqdan-uzağa, hakimiyyət dumanının ilğımında üzən gəmilərin zəif fitlərinin güclə eşidildiyi yumşaq hava doldu… sonra o hansısa qondarma küləklərin səsini eşitməyə başladı, bu səsin içinə quş civiltiləri də doldu, quşlar elə bil ürəyinin içində cükküldədilər və bu cükkültü onu quşlarının uzun-uzadı faciəvi lallığının dərdini çəkməkdən xilas elədi; o vaxt dövlət iqamətgahına buraxılan bir neçə adamın onu saat ikidən bu yana, günün ən isti saatlarını keçirdiyi talvar kölgəsində, hörmə yelləncək kresloda oturan yerdə gəlib görməyə ixtiyarı var idi. O öz yelləncək kreslosunda otura-otura, yuxularının arasından yaxınlıqdakı məktəbdə oxuyan qızların sarayın bir o qədər də möhkəm qorunmayan arxa darvazalarına dırmaşıb onu – gicgahında saralmış məlhəm otları, yuxusuz mürgülər içində tərpənmədən oturub qalmağını necə müşahidə etdiklərini, sapsarı gün şüalarının talvar yarpaqları arasından üstünə süzülə-süzülə onu ala-pələng bəbirə oxşamağına, dəniz iblisinin ağzı kimi açıq qalan ağzına baxdıqlarını görürdü... “Qoca kaftar!” – deyə qızlar onu cinlədir, o isə onların nə dediyini eşitmir, onlara havanın titrək bürküsündən baxa-baxa, mehriban-mehriban əl eləyirdi. Mığmığaların qulaqbatıran vızıltısını da eşitmirdi, ümumiyyətlə, heç nə eşitmirdi, bircə bataqlıqların və dəniz xərçənglərinin iyini hiss edirdi, bir də toyuqların arabir asta-asta dimdiklədiyi ayaqlarının barmaqlarını tərpədirdi. Onun real dünyayla bircə əlaqəsi cəmi-cümlətanı bir neçə qiymətli xatirələri idi, dövlət işlərindən uzaqlaşdığı gündən bəri o, bircə bu xatirələrlə yaşayır, heç nə fikirləşmədən, dumanlı hakimiyyət havasında gicəllənməklə məşğul olurdu: adamsız, tənha sarayın dəhlizləriylə sürünərək boş kabinetlərdə gizləndiyi gecələr, orda məruzə vərəqlərinin kənarlarını qopararaq boş haşiyələrində zərif xəttiylə sönük xatirələrini – onu ölümdən xilas edən xatirələrini yazdığı gecələr, qocalığın ölüm qorxusu yellərinə sinə gərib davam gətirməyə yalnız və yalnız bu xatirələr kömək olurdu.

Belə gecələrin birində o öz zərif xəttiylə: “Mənim adım Sakariasdır!” – sözlərini yazdı, sonra bu sözü mayakın işığında ötəri oxudu, sonra bir də və bir də oxudu; o qədər oxudu ki, öz adı ona yad göründü. Sonra: “Axı bu sənin nəyinə lazımdı?..” – özü özündən soruşdu və kağızı tikə-tikə cırıb yerə tökdü. “Mən elə mənəm!” Sonra ayrı kağız götürüb yazdı ki, yüz yaşı tamam olub; bu həmin o dövr idi ki, kometanın ikinci gəlişi də baş vermişdi; əslinə qalsa, özü buna dəqiq əmin deyildi, çünki kometaların gəlişlərini hansı dövrlər və neçə dəfə gördüyünü dəqiq xatırlamırdı; o biri kağız zolağında isə: “Namuslu döyüşdə yaralananlara eşq olsun, qəsbkarların tapdağı altında ölən cəsur döyüşçülərə eşq olsun!” yazdı; bu yazılar elə bir dövrə aid idi ki, o dövr haqqında indi nə desən, yazmaq olardı. Sonra bir parça karton götürüb: “Ayaqyolunda biabırçı əməllərlə məşğul olmaq qadağan edilsin!” yazdı və kartonu aparıb ayaqyolunun qapısına yapışdırdı: həmin ayaqyolunda bu yaxınlarda o, təsadüfən yüksək rütbəli bir zabitin biədəb əl şuluqluğunun şahidi olmuşdu, sonra qayıdıb yenə yadına düşənləri bir-bir yazmağa başlamışdı. “Letisiya Nasareno, – yazmışdı, – mənim yeganə qanuni arvadımdır”. Letisiya Nasareno həmin qadın idi ki, ona lap qoca vaxtlarında yazıb-oxumağı öyrətmişdi, ona görə də indi yaddaşında həmin qadının xatirəsini oyatmaq istəyirdi, cəmiyyət içində milli bayrağı xatırladan ikirəngli çətiri ilə, boynundakı qara tülkü dərisi ilə o biri qadınlardan fərqlənən birinci xanımın obrazını gözünün qarşısında canlandırmaq istəyirdisə də, arvadı onun yadına yalnız bir vəziyyətdə – çılpaq bədəni ilə miçətkənin arasında, günorta bürküsünün ağappaq işığı içində uzanan yerdə düşürdü; yadına onun elektrik ventilyatorunun sərin vıjıltısı altında uyuyan yumşaq, ağ bədəninin yuxulu cizgiləri düşürdü; qadının döşünün bərkliyini, it iyinə bənzər iyini, iş üzü görməyən sütül qollarının qoltuğundan gələn kəskin tər qoxusunu hiss edirdi; həmin qoxu südü çürüdürdü, qızılı paslandırırdı, gülləri soldururdu, lakin sevgi anlarında bu qollar nə qədər gözəl olurdu?! Letisiya Nasarenoya ağlasığmaz bir məsələni həll etmək müyəssər olmuşdu – sevgi saatlarında onu soyunmağa məcbur etmək. “Sən Allah, o uzunboğazlarını çıxart, – o deyirdi, – yoxsa mənim döşəkağılarımı bulayacaqsan”. – O da çıxarırdı. – “Sən Allah, o dəbilqələrini də soyun, yoxsa dəmir düymələrin ürəyimin başını deşəcək”. O da soyunurdu. “Sən Allah, o qılıncını da, qayışını da çıxar, hamısını çıxar ki, səni hiss eləyə bilim, həyatım mənim”. Və o nə əvvəllər, nə də Letisiya Nasarenodan sonra dünyada heç bir qadınla eləmədiyi kimi, əynində nə vardısa, hamısını çıxarıb bir kənara atırdı. “Mənim yeganə və həqiqi məhəbbətim”, – deyə ah çəkir və ahlarını həmin o Nuh əyyamının uzun-uzun məruzələrinin kənarlarından soyub çıxardığı saralmış kağız zolaqlarına yazır, sonra bu zolaqları siqaret kimi bürmələyib sarayın içini dörd dolaşaraq ən gizli yerlərində, dəlmə-deşiklərdə gizlədirdi; onları elə yerlərdə gizlədirdi ki, sonradan tapa bilsin. Odur ki bu yazılar heç vaxt heç kim tərəfindən tapılmadı.

Letisiya Nasarenonun surəti də bir gün onun yaddaş borularından süzülüb ha tərəfəsə axdı və onun yaddaşında tək bir xatirə – anası Bendisyon Alvaradonun xatirəsi qaldı; onun son günlərini, qayanın üstündəki malikanəsində, yamyaşıl artırmada, oğlu ölməyini hiss etməsin deyə qucağındakı ləyəndə qarğıdalı dənələrini qarışdırıb toyuqları çağıra-çağıra öz yelləncək kreslosunda oturan yerdə ölməyini, tamarindlərin kölgəsində asılmış tor yelləncəkdə yellənərkən ağrıdan güclə nəfəs aldığını oğlu sezməsin deyə öz ayaqlarıyla gedib ona meyvə şirəsi gətirməyini xatırladı; ona heç kimin köməyi və iştirakı olmadan hamilə olan, onu təmtəkcə doğan; diri-diri çürüyüb irinlədiyi xəstə vaxtlarında dinib-danışmayan, yalnız ağrıları dözüm kasasını daşdıranda oğlundan təbiətinə uyğun olmayan bir yazıqlıqla: “Bir kürəyimə bax, gör orda nə var, niyə ora elə od tutub yanır, elə yanır ki, daha dözə bilmirəm!” – deyə xahiş edib köynəyini soyunaraq kürəyini ona sarı çevirərkən dəhşətdən nəfəsi tutula-tutula, içində qurdlar qaynaşan üfunətli irinli yaralarını gördüyü anasını xatırladı.

Axı o dövrlər pis vaxtlar idi, mənim generalım, o vaxtlar dövlət sirri deyilən elə bir məsələ yox idi ki, camaat ondan xəbər tutmasın, elə bir əmr yox idi ki, ona əmmasız əməl edilməsin. Ələlxüsus da bu, bayram süfrəsinə ən lətif xörək kimi verilən general Rodriqo de Aqiların qovurmasından sonra məlum oldu. Lakin onu narahat eləyən, həyəcanlandıran bu deyildi. Dövlət işlərindəki çətinliklər Bendisyon Alvaradonun, oğlunun otağı ilə bitişik otaqda xəstəliyin aramlı alovunda qovrulduğu vaxtlar bütün əhəmiyyətini itirmişdi; onu bura xəstəliyinin ağır vəba, qoturluq, yaxud ayrı bir naməlum Asiya zəhrimarı olmadığı, bunun hansısa hindu cadusu olduğu və bu cadunun yalnız onu törədənlər tərəfindən aradan götürülməsinin mümkün olduğu Asiya xəstəliklərindən yaxşı baş çıxaran həkimlər tərəfindən müəyyənləşdiriləndən sonra yerləşdirmişdilər. Onda o bunun ölüm olduğunu anlamış və səhər-axşam özünü anasına həsr etmişdi, otağın qapısını içəridən açarlayıb arvada əsl ana qayğısıyla qulluq eləyirdi; böyük məmnuniyyətlə özü çürüməyə hazır idi, təki heç kim anasının diri-diri soxulcanlara yem olmasını görməsin; bu məqsədlə əmr də vermişdi ki, anasının bütün toyuqlarını, tovuz quşularını, digər quşlarını saraya gətirsinlər, təki anası öz kənd işləri üçün, evi üçün, həyəti üçün darıxmasın; anasının bədənindən gələn irin iyini heç kim hiss etməsin deyə bix ağacının ətirli budaqlarını öz əlləriylə yandırıb tüstülədirdi, bu yaralara öz əlləri ilə cürbəcür yaxmalar çəkir, anasının buna qədər çəkdiyi digər yaxmalardan qızarıb saralan, göyərən bədənini, cadudan ölüm kimi qorxan səhiyyə nazirinin etirazlarına məhəl qoymadan, türk balzamıyla müalicə eləməyə çalışırdı. “Cəhənnəm olsun hamısı, – deyirdi, – ikimiz də bir yerdə ölsəydik, pis olmazdı!”

Bendisyon Alvarado isə başa düşürdü ki, tək ölür, oğluna öz keçmişindən danışmağa tələsir, olub-keçənləri, bütün sirli işlərini heç cür özüylə qəbir evinə aparmaq istəmirdi; oğluna doğuşdan sonra içindən çıxarılan ciftin donuzlara atılmasından, küçədən ötüb-keçən cavanlardan hansının uşağın atası olduğunu müəyyənləşdirməyə çalışdığından, necə boylu olmağından – qəlyanaltıxananın arxa otağında çaxır çəlləklərinin arasında vızıldaşan gümüşü çalarlı göyümtül milçəklərin əlindən göz aça bilmədən, şlyapasını belə başından çıxarmağa macal tapmadan, ayaq üstə dayandığı yerdə hamilə olmasından danışdı. Vaxtından xeyli əvvəl, bir avqust səhəri, qadın monastırının darvazaları altında anadan olarkən ətirşaha bənzər küçə fənərlərinin solğun işığında körpənin yumurtalığının birinin əncir böyüklüyündə olduğunu gördüyündən danışdı. – “Sən ağlayırdın və işəyirdin, nəfəsin sinəndən, tuluq zurnasının səsini çıxara-çıxara, qırıq-qırıq çıxırdı...” Bazar günləri anası onu meydana gətirir, monastır rahibələrinin ona bağışladığı əsgiləri körpənin bədənindən açıb çılpaq uşağı camaata göstərirdi ki, bəlkə kimsə dəbəlikdən, raxitlikdən və sairədən müalicə üçün ucuz və etibarlı dərman adı məsləhət görə. Ona deyirdilər ki, hamısından yaxşısı arı balıdı, deyirdilər, alın yazısını pozmaq olmaz, deyirdilər, uşaq böyüyəndə nəfəsli alətlərdə çalmaqdan savayı, əlindən hər iş gələcək; günlərin bir günü isə təsadüfən küçədən keçən qara-qışqırıqçı bir falçı uşağa yaxınlaşaraq vay-şivən qoparanacan körpəyə bir o qədər də məhəl qoyan olmadı. Falçı isə uşağa baxıb təəccüblə: “Bu uşağın ovcunda tale xətləri yoxdu ki! Bu o deməkdi ki, körpə – padşah olacaq!” – söyləmişdi. “Görürsən, demək, o səhv eləməmişdi, oğul…” – anası deyirdi; o isə anasının danışdığı bütün bu tarixi salnamələri can verən adamın sayıqlamaları hesab edərək arvada yalvarırdı ki, keçmişdə olub-keçənləri az eşib-töksün, ondansa, bir az yuxulasın. O, anasına yalvara-yalvara, onu çit döşəkağıyla səriyirdi və bu sayaq yaraları incitməyən çoxlu nazik və yumşaq döşəkağılar tikdirməyi əmr etmişdi. Gecələr anasını böyrü üstə uzadıb ona, körpə uşağı yatırantək, layla deyir, qadınsa gözünə yuxu getmədən, əli sinəsində uzanıb qalırdı. – “Bax belə, anacan. Olub-keçənləri yada salmaq lazım deyil. Olan oldu, keçən keçdi, mən də, budur ha, gözünün qabağındayam”. O çalışırdı ki, anasının bu cür diri-diri çürüməsindən saraydan kənarda xəbər tutmasınlar; rəsmi dövlət mənbələri Bendisyon Alvaradonun xəstəliyi barədə saxta bülletenlər nəşr edir, bu bülletenləri ictimai yerlərdə carçılar bərkdən-bərkdən oxuyurdular, bu səbəbdən prezidentin anasının əsl xəstəliyi barədə söz-söhbətin qabağını almaq heç cür mümkün olmurdu. Carçılar növbəti bülleteni oxuyandan sonra şifahi surətdə təsdiq edirdilər ki, can verənin otağından gələn üfunətli çürümə iyi axır vaxtlar o qədər kəskinləşib ki, həyətdəki cüzamlı xəstələr belə bu iydən baş götürüb qaçıblar. Onlar danışırdılar ki, can verən xəstəni başı yenicə kəsilmiş qoyunların qanında çimdirirlər, deyirdilər, arvadın altından yığılan döşəküzülərin irinli ləkələri qaynatmaqla da getmir, prezident özü isə heç fermaya da ayaq basmır, ən çətin məqamlarında baş çəkdiyi arvadlarına belə dəymir, deyirdilər, prezident, anası üçün dua oxumağa gələn arxiyepiskopun özünü belə qapıdan qaytararaq: “Burda ölən-zad yoxdu, müqəddəs ata! Camaatın boş şayiələrinə inanmayın!” – deyib.

O, üfunətə məhəl qoymadan anasıyla bir nimçədən, bir qaşıqdan yeyir, hər axşam yatmamışdan əvvəl onu çimdirir, onu ən nəcib itin piyindən bişirilmiş sabunla sabunlayır, anasının vəsiyyətlərini – ölümündən sonra onun heyvanlarıyla necə rəftar etmək, onlara necə qulluq göstərilmək barədə dediklərini ürəyinin başı sökülə-sökülə dinləyir və bu söhbətlərdən kövrəlirdi. “Tovuz quşuların lələklərini qoparıb şlyapalara vurmağı qadağan edirəm...” – deyəndə axırıncı kəlmədə anasının səsi əsmişdi. O isə arvadın bədənini qatran yağı ilə yağlamağına davam edə-edə, bütün əmrlərinə: “Yaxşı, anacan!” – deyə cavab verirdi. “Quşları bayramlarda oxumağa məcbur eləməyin...” – “Yaxşı, ana!” – deyə o söz verirdi və arvadı təmiz döşəkağıya səriyirdi. “Qasırğadan qabaq quş yuvalarından yumurtaları yığışdırın, yoxsa ətcəbalalar quşların altında qalıb boğular...” – “Yaxşı, ana!” – o deyirdi və arvadın əlini ürəyinin üstünə qoyurdu: “Sən rahat yat”.

O, anasının alnından öpür, çarpayısının yanında döşəmənin üstünə uzanır, üzünü döşəməyə söykəyərək arvadın yuxusunun istiqamətini izləyir, ölüm yaxınlaşdıqca get-gedə məntiqə minən sonsuz sayıqlamala­rı­nı xüsusi bir diqqətlə dinləyirdi. Günlərin bir günü sonsuz gecələrlə üst-üstə yığılan qəzəbi, kin-küdurəti kədərli bir bazar ertəsinin sübhündə, sübhün vahiməli səssizliyində əriyib yoxa çıxdı. Həmin səhər yuxudan doğma anası Bendisyon Alvaradonun nəfəsinin dayanmasına oyandı. Ayağa qalxıb arvadın yara-xoralı bədəninə bürüdüyü döşəkağını açdı, bir müddət sübhün səsinə – ara-sıra eşidilən xoruz banlarına diqqət kəsildi, sonra qəfildən səhərin bozumtul ala-toranında, döşəkağıda anasının bədəninin qalan izi – qadın bədəninin heyrətamiz əksini – sağlam, cavan qadın bədəninin izini gördü; bu həm də onun anası Bendisyon Alvaradonun – neçə müddətdən bəri əli sinəsində, böyrü üstə uzanıb qalan anası Bendisyonun bədəninin izi idi… anasının, eynilə beləcə, o biri döşəkağıda da sanki yağla çəkilmiş hamar və aydın izi qalmışdı və bu gözəl izdən üfunət yox, otağın eybəcər, ağır xəstəxana havasına bənzər havasını təmizləyən diri çiçəklərin incə ətri gəlirdi; sonradan bu döşəkağıları sodayla qaynadaraq ha cürbəcür sabunlarla yuyurdularsa da, arvadın bədəninin izi döşəkağının üzündən və astarından getmirdi ki, getmirdi; bu iz parçanın, az qala, saplarının canına yerimişdi, onun ayrılmaz, silinməz hissəsinə çevrilmişdi. Lakin binəva oğul bu möcüzənin mənasını və əhəmiyyətini ilk anlar ona görə dərk edə bilmədi ki, bütün vücuduyla ölümə qarşı nifrət və qəzəbdən sarsılmışdı; o, qəzəbdən boğula-boğula, qapını çırpıb anasının otağını tərk etdi və bu zərbə, topdan atılan yaylım atəşi kimi, bütün sarayı titrətdi. Elə həmin dəqiqə kilsənin matəm zəngləri çalınmağa başladı, bu zənglərin səsinə o biri kilsələr də qoşuldu və ölkənin dörd bir yanından göyə matəm zəngləri ucaldı. Bu zənglər yüz gün dalbadal – yüz gecə və yüz gündüz fasiləsiz çalındı. Zənglərin elə birinci çalınmasından adamlar bədənləri üşünə-üşünə anladılar ki, o, yenə öz taxtında – iş başındadı, anladılar ki, onun ölüm qarşısında müvəqqəti olaraq acizləşən dəfolunmaz qəlbi yenidən güc toplayıb yer üzündə dərrakə, insan ləyaqəti deyilən hər nə varsa, hamısına qarşı bir az da qəddarlaşıb və budəfəki qəddarlaşmanın səbəbi iyirmi üç fevral, bazar ertəsinin sübh çağı vəfat edən Bendisyon Alvaradonun faciəli ölümüdür.

Bendisyon Alvaradonun ölümü ilə ölkə tamamilə yeni – qarma-qarışıq, narahat bir əsrə qədəm qoydu. Bizlərdən heç birimiz o qədər qoca deyildi ki, onun anasının dəfn tarixini dəqiq yadında saxlasın, lakin bu dəfn mərasimi haqda söz-söhbətlər bizim vaxtlara gəlib çatmışdı. Biz bilirdik ki, o, bir daha əvvəlki kimi, anasının sağlığında olduğu kimi olmayacaq – öz keçmiş həyat tərzinə qayıdacaq. Onun bu yetimçilik əhvalını nəinki həmin o yüz gün ərzində, sonralar da pozmağa heç kimin cürəti çatmadı və o özü də bu hüznlü sarayın – əbədi kədərə qərq olmuş bu qəm səltənətinin, matəm zənglərinin əbədi olaraq donub-qaldığı, saatların yalnız bir vaxtı – Bendisyon Alvaradonun ölüm vədəsini göstərdiyi, hamının ağır-ağır köks ötürə-ötürə danışdığı, qarovulun ayaqyalın gəzdiyi, rejimin ilk günlərindən toyuqlara azadlıq verildiyi, o matəm günündən sonra görünməz adama çevrilən, gücsüzlükdən və ələmdən ürəyi qan axan monarxın icazəsi olmadan heç bir hərəkətə icazə verilmədiyi sarayın sakinlərinin gözünə görünmədi. Həmin vaxtlar isə həyatın, ölümün çürüdə biləcəyindən daha pis çürütdüyü bədəniylə buzla bərkidilmiş taxta tilişkələriylə dolu tabutda yatan anası təntənəli matəm izdihamının çiynində ölkənin ən ucqar məhəllələrinə aparılırdı ki, hər kəs mərhuməylə vida görüşünün şərəfinə nail ola bilsin. Külək hər tərəfdən asılmış matəm bayraqlarını yellədirdi. Cənazəni zəhlətökən, darıxdırıcı matəm musiqisi ilə, bir vaxtlar prezident qatarını donuq simalarla qarşılayan həmin camaat qarşıladı. Cənazə bir vaxtlar darvazaları önündə bu alverçi-qadının sonradan hökmdar olacaq körpəsini doğduğu monastırın girəcəyinə də qoyuldu. Bu münasibətlə monastırın həmişə bağlı olan darvazaları, bəlkə də, yüz il ərzində birinci dəfə taybatay açıldı, atlı əsgərlər hinduları mal-qara sürüsü kimi məbədin qapılarına sarı qovdular, camaatı tüfəng qundaqlarıyla döyə-döyə itələyib monastırın içinə saldılar, içəridə isə camaat pəncərələrin şəbəkəli şüşələrinin rənglərindən sıxıla-sıxıla, zərxaralı doqquz yepiskopun mərhumənin ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsə xoru “Tanrı dərgahına yollan” ayinini oxuyur, məbədin çölündə yağış yağır və yağa-yağa, bir vaxtlar padşah olacaq uşağın doğulduğu gün təzəcə cücərməyə başlayan ətirşahları sulayır, monastır xadimələri şərab və donuz qabırğaları, təsbeh və içinə müqəddəs su yığılmış şüşələr satır, alver hər pationun daşdan hörülmüş girəcəyində gedir, yeməkxanalarda musiqi çalınır, arakəsmələrdə şıdırğı rəqs gedirdi. Sonu, axırı görünməyən bir bazar günü idi; uzun illərdən bəri gözlənilən bayram şənliyi gəlib çatmışdı; bu şənlik bir vaxt Bendisyon Alvaradonun gümrah vaxtlarında, oğlunun ardınca federasiya uğrunda mübarizəyə getdiyi həmin gizli cığırlarla, dumanlı dərələrlə irəliləməkdəydi. Həmin o odlu-alovlu müharibə illəri o, tersiananın odlu titrəməsindən yerə yıxılanda anası qoymamışdı ki, oğlu ordu atlarının tapdağı altında qalıb əzilsin, naməlum, yad dənizin sahillərində yaşayan əhali üçün təhlükələri əvvəlcədən duyub anlamağı da oğluna anası öyrətmişdi; arvad vitse-kralların abidələrindən, ümumiyyətlə, heykəllərdən yaman qorxurdu, bir də xərçənglərdən qorxurdu, ona nəyə görəsə elə gəlirdi ki, xərçənglər körpələrin göz yaşını içir; həmin o taleyüklü gecə bomboz yağışlar dumanı içində əriyib itən nəhəng Hökumət Evini görəndə isə arvadın həyəcandan əl-ayağı titrəmişdi və o gecə arvadın heç ağlına belə gəlməzdi ki, nə vaxtsa bir gün o elə həmin bu binada, oğlunun üzüüstə döşəməyə düşərək qəzəbdən boğula-boğula, dönə-dönə özü özünə: “Sən hara ilim-ilim itdin, lənət şeytana, ana, bu seyrək kol-kosun içində necə azdın, indi üzünə yığılan milçəkləri kim qovacaq?” – deyə inildəyəcəyi həmin bu möhtəşəm sarayda öləcək.

O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isə həmin məqam öz tabutunda – platan yarpaqlarından hörülmüş örtüyün altında üfunət saçan bataqlığın içi ilə irəliləyən izdihamın çiyinləri üstə üzür, üzə-üzə aradabir gah hansısa kənd məktəbinə, gah səhralıqdakı şora yığılan baraka, gah da ucqar bir hindu kəndinə qonaq olur, kəndlərin ən gözəl evlərinə girirdi; tabutun önünə Bendisyonun gənclik illərinin portreti qoyulurdu: bu portretdə Bendisyon ona görə gözəl və ecazkar görünürdü ki, portret çəkilən gün, zorla da olsa, yaxalığına naxışlı diadema taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa icazə vermişdi, ömründə ilk dəfə əlində zanbaq tutmuşdu. “Əlinizdəki gülü elə yox, bax belə tutun, senyora! Onu guya bilməyərəkdən ətəyinizə salın...” – ona demişdilər və həmin bu pozada şəklini Avropa monarxlarının şəklini çəkən venesiyalı fotoqraf çəkmişdi; bu portret – dövlətin bir nömrəli xanımının portreti də həmin o venesiyalının işiydi; portreti bu səbəbdən tabutla yanaşı qoyurdular ki, tabutda yatanın, həqiqətən, Bendisyon Alvaradonun özü olduğu sübut olsun və camaat şəkillə tabutdakı üzü tutuşdurub uyğunlaşdıra bilsin. Bir sözlə, hər şey əvvəlcədən düşünülmüşdü: meyitin vəziyyəti ciddi nəzarət altındaydı, dərisinə çəkilmiş kosmetika və parafin layı vaxtı-vaxtında dəyişdirilir, yağışlar vaxtı mərhumənin göz dəliklərinə yığılan kif təmizlənirdi; ordu dərziləri mərhumənin paltarına elə nəzarət edirdilər ki, baxanda adama elə gəlirdi, meyiti indicə geyindirib bəzəyiblər; meyitin başındakı (qız vaxtı taxmağa müyəssər olmadığı) ağappaq bakirəlik fatasının təmizliyinə də onlar nəzarət edirdilər.

“Qoy bu bütpərəstlərdən bircəsi belə desin ki, sən öz portretinə oxşamırsan, ana!” Əsrlər ötdükcə burda – hakimiyyətin yalnız və yalnız ona məxsus olduğunu unutmağa heç kimin haqqı olmadığı bu məmləkətin ən kasıb kəndlərində, ən ucqar, çəngəllik meşələrində belə, hakimiyyətin yenə yalnız və yalnız ona məxsus olacağına heç kimin şübhə eləyə bilmədiyi kimi, buna da kiminsə şübhə eləməyə cəsarəti çatmazdı. Günlərin bir günü, gecənin bir yarısı, bu məmləkətin gözdən-könüldən uzaq, sakit yerlərindən birində sanki Nuh əyyamından qalmış yelkənli gəmi peyda oldu, avarlarını suda şappıldada-şappıldada, göyərtəsində ara-sıra yanan işıqlarıyla qaranlıqlarda görünüb yox oldu; sahildəki camaat keçmiş, gözəl günlərin yenidən geriyə döndüyünü zənn edərək gəmini bayram təbillərini vura-vura qarşıladı. “Yaşasın əsl kişi! – yer-yerdən qışqırıqlar eşidildi. – Haqq naminə geri dönənə eşq olsun!” Sonra camaat suya doluşdu, üzə-üzə gəmiyə can atdılar ki, ora cürbəcür şirəli meyvələr və ye­mək­lər çatdırsınlar. Onlar gəminin naxışlı haşiyəli məhəc­cərlərinə dırmaşıb göyərtəyə soxulurdular ki, üzüb gətirdikləri nemətləri vətənin taleyini, adətən, domino oyunlarında həll edən dövlət başçısının ayaqları altına düzsünlər; lakin bunun əvəzinə onları tabutun önünə çəkib gətirdilər. Camaat heyrət içində, daş duz və buz qırıntılarıyla bəzədilmiş tabutun önündə donub-qalırdı; tabut isə prezident kayutunun tən ortasında, dörd bir tərəfi güzgülü otaqda qoyulmuşdu ki, güzgülü divarlarda birə-on çox görünsün.

Beləcə, bu qədim gəzinti gəmisi bir neçə ay, zamanın yuyub Yer üzündən sildiyi müvəqqəti adaların yanından ötüb keçə-keçə, elə bir uzun-uzadı səyahət elədi ki, axırda saysız-hesabsız axınların töküldüyü vahiməli, sulu cəngəlliklər içində, həmişəyaşıl çiçəklərin ağlı başdan çıxardığı yerdə, zamanın qurtaracaq nöqtəsində azdı və elə orda, dünyanın axırında dayazlıqda lövbər saldı, taxta çarxlarının pərləri qızılı qumda xırçıldayıb sındı, gəmi yarıyacan lehməyə batdı, döyülmüş buz da, daş duz da əriyib axdı, mərhumənin meyiti şişib taxta tilişkələrin arasında yırğalandı. – “Və elə həmin o an möcüzə baş verdi, mənim generalım! Məhz həmin o dəqiqə biz baxıb gördük ki, o, gözlərini açdı… gördük ki, onun gözləri yanvarda açılan akonita çiçəyi kimi, ay daşı kimi işım-işım işıldayır. Biz hamımız bir nəfər kimi onun nəfəsindən tabutun şəffaf şüşəli qapağının tərlədiyini, üzün tər damcılarıyla örtüldüyünü gördük… sonra bir də baxıb gördük ki, o gülümsəyir... Siz təsəvvürünüzə belə gətirə bilməzsiniz, onda orda nələr baş verdi, mənim generalım, ağlınıza belə gətirə bilməzsiniz, biz hansı təlatümlərin şahidi olduq, öz gözlərimizlə nələr gördük!.. Qısır madyanlar elə ordaca balaladılar, qupquru şoranlıqda şapan-şapan güllər açdı, lal-karlar öz səslərindən döyüküb qaldılar, “Möcüzə! Möcüzə! Möcüzə!” – deyə beşcə dəqiqə qabaq lal-kar olan adamlar çığırışdı, camaat hücum çəkib tabutun qapağını xıncım-xıncım sökdü, mərhumənin bədənini az qala tikə-parça elədi, çünki hər adam tabutdan yadigar kimi nə isə götürmək istəyirdi: bir batalyon əsgər göndərməli olduq ki, ağlı başından çıxmış kütləni birtəhər sakitləşdirsinlər. Camaat dörd bir yandan, bütün Qəraib adalarından gəmiyə axışmağa başladı – sizin ananız Bendisyon Alvaradonun təbiət qanunlarına sinə gərə bilən sehrli qüvvə alması xəbərini eşidənlərin ardı-arası kəsilmirdi. Bu adamlar ananızın kəfəninin saplarını belə satdılar, bu sapdan tikilmiş duaları, tabutun içinə yığılmış suyu, onun müqəddəs kraliça libasında təsvir olunmuş kağız ikonalarını satdılar, camaat isə bir ucdan elə hey axışıb gəlirdi, dəhşətli basabas yaranırdı, itələşə-itələşə özlərini gəmiyə təpənlər sanki adam yox, qabağına çıxan hər bir şeyi təpikləyib dağıdan, ayaq səsləri zəlzələ səsini xatırladan şüursuz, vəhşi öküz sürüsü idi. Siz o səsləri elə indi də eşidə bilərsiz, mənim generalım, diqqətlə qulaq assanız, elə burdan eşidə bilərsiz. Qulaq asın!” Onda o, ovuclarını bardaq kimi büküb uğultusu bir qədər azalan qulağına tutdu, diqqətlə sakitliyə qulaq asdı və göy gurultusunun uğultusunu andıran – “İlahi, anam mənim, Bendisyon Alvarado!” – deyən səsləri eşitdi, sonra pəncərədən nəhəng adam kütləsini, üfüqəcən yeri-göyü tutan, işıq seli kimi saraya yaxınlaşmaqda olan yanar şam axınını – gurultulu izdihamı gördü... Bu onun anası idi, onun canı-ciyəri Bendisyon Alvarado… doğulub boya-başa çatdığı, ömrü boyu qorxub-çəkindiyi ətürpərdən xatirələrindən bədəni lərzəyə gəldiyi aran yerlərinə qayıdırdı; şəhərə, ilk dəfə gəldiyi kimi, yenə çiyinlərdə daxil olurdu; o vaxt bu təşrif dörd bir yanın qanlı ət iyi verən qızğın müharibə günlərinə təsadüf eləmişdi, amma indi Bendisyon Alvaradonu şəhərə dinc əhali gətirib gəlirdi; bu şəhərdə daha nədənsə qorxmalı bir şey yox idi, çünki oğlu əmr vermişdi ki, bütün tədris kitablarından vitse-krallar haqqında yazılmış səhifələr qoparılsın, abidələr məhv edilsin, – “Və ümumiyyətlə, sənin yuxuna haram qatan bütün abidələr məhv ediləcək!” Onu tabutda yox, elə-beləcə açıq göyün altında, yalın çiyinlərində aparan dinc kütlənin arasında daha qorxudacaq bir şey yox idi; cənazə, üstünə dağ hündürlüyündə yığılan qızıl hədiyyələrin altında itib bata-bata, uzun-uzadı vaxtlardan bəri kədər içində uyuyan meşələrdən, düzlərdən, dağlardan keçib-gedirdi; iflic xəstələrin qızıldan düzəldilmiş qoltuqağacları, gəmi qəzalarından qurtulanların qızıl ulduzları, uzun müddətdən bəri sonsuzluq dərdindən üzüldükləri halda birdən-birə yaxınlıqdakı kolluqda təcili surətdə uşaq doğan qadınların Bendisyon Alvaradoya hədiyyə etdiyi qızıl gəlinciklər meyitin üstünə qalanmışdı. O, yenə, həmin o müharibə illərindəki kimi, adam axınının mərkəzində, dünyanı alt-üst edə biləcək möhtəşəm izdihamın tən ortasında idi, Bibliya köçərilərinə bənzər insan dənizinin – mal-qara sürülərini başlı-başına buraxıb, qoltuqlarında mətbəx ləvazimat­la­rı, həyatlarının qalan hissəsini harda, necə keçirəcəkləri özlərinə də məlum olmayan çaşqın adamların arasındaydı; bu adamların bircə ümidi – bir vaxt hadisələrin ən qızğın çağında bu yerlərə federalizm ideyalarından çox, dənizin nə olduğunu görmək arzusuyla gələn və başına qırmızı lent bağlayaraq: “Yaşasın liberal partiyası! Yaşasın federalistlər, lənət şeytana!” – çığıran oğlunu güllədən qoruyan Bendisyon Alvarado­nun möcüzəli dualarına idi. Bendisyon Alvaradonun meyitini şəhərə gətirən dilənçilər ordusu ölkəni mütəmadi olaraq çapıb-talayan o biri quldur dəstələrinin hamısından məsuliyyətsiz və şüursuz idi; “Bu sizin hakimiyyətiniz dövründə öz gözlərimizlə gördüklərimizin ən dəhşətlisi idi, mənim generalım! Dünya üzü hələ belə şey görməmişdi. Siz bir baxın, mənim generalım, görün bu nə möcüzədi!” Və o nəhayət, başa düşdü ki, yer üzündə, həqiqətən, möcüzə var, odur ki, qolunda qara matəm lenti, sapsarı hiddətli hüzn içində, anası Bendisyon Alvaradonun bütün xeyirxahlıqlarının müqəddəs möcüzələr olduğunu, bu möcüzəni var gücü və bütün dövlət imkanlarıyla sübuta yetirməyin vacibliyini anladı. Bu məqsədlə ən savadlı nazirləri Romaya göndərərək Roma papasının nunsisini öz hüzuruna – bir fincan şokoladla peçenyeyə dəvət elədi. O onu çox sadə şəkildə – təbii güllərdən yığılan talvarın altındakı tor yelləncəyində köynəksiz-filansız oturan yerdə, üzünü şlyapasıyla yelləyə-yelləyə qəbul elədi; nunsi onunla üzbəüz, təklif olunan yelləncək kresloda əyləşdi. “Bu kresloda əyləşməyi mən yalnız sizə təklif edirəm, müqəddəs ata!” – deyə isti şokoladla dolu fincanı əlinə götürüb xırda qurtumlarla içə-içə söhbətə başladı. Nunsi təzəcə ütülənmiş sutanada idi, ondan sütül lavanda iyi gəlirdi; bu yerlərə məxsus tropik sıxıntıya, bürküyə, tozanağa və rəhmətlik Bendisyonun quşlarının ara-sıra talvarın işıqlı məsamələrin­dən aşağı damızdırdıqları nəcisə məhəl qoymadan, laqeyd üzüylə ona qulaq asırdı. O, şokoladı qız utancaqlığıyla içir, peçenyeni qəsdən aramla çeynəyirdi ki, şokoladın son qurtumunu udub söhbətə başlayacağı anı bir qədər uzatsın. Nunsi uzun illər bundan əvvəl, əməköməcinin çiçəkləməyə başladığı gözəl günlərin birində başqa bir nunsinin – sadəlövh qocanın oturduğu həmin kresloda əyləşmişdi və öz həmsöhbətinin diqqətini xristian dininə cəlb edərək Foma Akvinskinin fitri vergilərini təhlil etməklə məşğul idi. “İndi isə mən sizi bir məsələdən agah eləməliyəm, müqəddəs ata. Sən saydığını say, gör fələk nə sayır! – deyirlər. İş elə gətirdi ki, daha mən də dindar oldum... Daha mən də dindar olmuşam”. O, gözlərini belə qırpmadan, əvvəlki kimi Allaha, İblisə, ümumiyyətlə, bu işıqlı dünyada heç nəyə inanmasa da, tək bircə şeyə inanırdı: anası Bendisyon Alvaradonun bütün həyatı boyu nümayiş etdirdiyi fanatikliyinə və bu nümunəvi həyata görə müqəddəs simalar sırasına daxil edilə biləcəyinə. Anasının müqəddəsliyini sübut etmək üçün o nə camaatın uydurduğu şişirdilmiş əfsanələrə – məsələn, guya mərhumənin meyiti aparılarkən qütb ulduzunun matəm izdihamının səmtinə yönələrək onunla bir hərəkət eləməsinə, nə də guya ayrı-ayrı yerlərdə musiqi alətlərinin öz-özünə çalmasına əsaslandı. Onun arxalandığı əsas dəlil – Bendisyon Alvaradonun can üstə olarkən bədəninin izi qaldığı ağ döşəkağı idi, həmin bu nazik, çit döşəkağı, qəribəydi ki, qadının yara-xoralı qoca vaxtının yox, gözəl cavanlıq illərinin bədən izlərini – qadının, sağlığındakı kimi, əli sinəsində, böyrü üstə uzanmış vəziyyətini olduğu şəkildə qoruyub saxlamışdı; oğlu onun incə güllərin ətirli qoxusunu andıran canlı tər qoxusunu duya-duya, bu möcüzənin sehrindən həyəcanlanıb cuşa gələrək, civildəşən quşların səsini dinləyə-dinləyə, döşəkağıda qalan möcüzəli izi barmağıyla sığallayır: “Bir baxın, müqəddəs ata! Möcüzədi! Quşlar da onu tanıyır!..” – deyərək nunsiyə qadının döşəkağının həm üzündə, həm astarında qalan əksini göstərirdi; lakin nunsi diqqətcil və sayıq idi, odur ki, döşəkağıda ustad rəssamların əl işlərini – vulkan külündən düzəldilmiş təsvirləri, şəkillərdə süni çatlar yaratmaq ustası olan ara rəssamlarının sənətkarlığını asanca seçdi və bu tapıntısına ürəyində bircə gilə belə olsun tərəddüd eləmirdi; bütün bunlar rənglərin oynaq çalarlarından bəlli olurdu; nunsi dünyanın harmoniyasını və gözəlliyini, vaxtın getmək əvəzinə həzin-həzin üzdüyü bir yerdə – təbiət muzeyində, Yer kürəsinin dairəvi cizgilərini ləzzətlə müşahidə etdikcə anlamışdı; odur ki, nəhayət, gözünü döşəkağıdan çəkməyi qərara alıb mülayim, həm də konkret şəkildə bildirdi ki, çitin üzərinə həkk olunmuş qadın bədəni heç də Allahın gizli niyyətinin məhsulu deyil: “Qətiyyən elə deyil, əla­həz­rətləri! Bu öz peşəsində olduğu kimi, fırıldaqçılıq sənətində də əli gətirən hansısa çevik rəssamın əl işidi. Rəssam sizin sadəlövhlüyünüzdən istifadə edərək yağlı boyaların yerinə, divar rənglənən keyfiyyətsiz rənglərlə işləyib, əlahəzrətləri! Bu rəngləri adi skipidardan düzəldirlər, sonra ona təbii kauçuk, gips əlavə edirlər... bu da onun qurumuş qabığı... kətanın həmişənəmiş vəziyyəti isə, sizə deyildiyi kimi, ananızın təri yox, rənglərin tünd düşdüyü yerlərin zeytun yağından islanmasıdır. Odur ki mən ürəkdən təəssüf edirəm, əlahəzrətlə­ri!” Sidq-ürəkdən kədərlənmiş nunsi tor yelləncəyində otura-otura gözünü qırpmadan, bircə dəfə belə olsun, sözünü kəsmədən, ona qəribə, asiyasayağı tərki-dünyalıq vəziyyətində dinməz-söyləməz baxan, qulaq asdıqca donub daşlaşan qocaya bundan artıq heç nə deyə bilmədi.

O, döşəküzünün möcüzəli çevrilmələrini öz gözləriylə, öz iki gözüylə gördüyünə baxmayaraq nunsinin bircə sözünə belə etiraz eləmədi, ağzını açmaq üçün dodaqlarını belə tərpətmədi: “Axı səni o döşəkağıya mən özüm bükmüşdüm, anam mənim, bax, bu əllərimlə bükmüşdüm, həmin o sübh çağı yuxudan oyananda dünyanı alt-üst edib sanki dənizin dibinə çökdürən ölümünün sakitliyində həmin o möcüzənin şahidi mən olmuşdum axı, lənət şeytana!..”

Bütün bunların heç birini o, nunsiyə demədi, iquana kirpiklərini çalmadan, gözünü ikicə dəfə qırpdı, zəif-zəif gülümsədi, sonra içini çəkib yavaşca: “Yaxşı, atacan, qoy siz deyən kimi olsun. Amma sizi xəbərdar edirəm ki, dediyiniz bu sözlərin məsuliyyətini ömrünüzün son gününəcən daşımalı olacaqsız. Sözbəsöz təkrar edirəm: bir daha heç vaxt, heç yerdə, qəbir evinəcən dediklərimi unutmayın: siz bütün ömrünüz boyu dediyiniz bu sözlərin məsuliyyətini daşımalı olacaqsız. Mən daha sizə cavabdeh deyiləm, müqəddəs ata!” – dedi. Həmin o bəd həftə elə bil dünya nəfəsini içinə çəkib dondu, o isə bütün həftəni dilinə çörək vurmadan, tor yelləncəkdə uzanıb yellənə-yellənə, çiynində oturmağa adət edən quşları yelpiklə qova-qova, aradabir talvarın məsamə­lərindən düşən gün şüalarını da quş bilib onları da yelpiklə ürküdə-ürküdə keçirdi. O həftə ərzində nə bir adam qəbul edildi, nə bir əmr verildi; ictimai asayişi qoruyan idarələrin fəaliyyətsizliyi üzündən isə bir dəstə fanatiklər ordusu Apostolik nunsiaturaya basqın etdi, nunsiaturanın muzeylərindəki tarixi sərvətlər darmadağın edildi, siestanın bu saatlarında adəti üzrə içəri həyətin hovuzunda dincələn nunsiyə hücum edildi, onu yaxalayıb lümlüt soyundurdular, küçəyə çıxarıb orda, camaatın gözü qarşısında başına min bir oyun açdılar. – “Təsəvvürünüzə gətirirsiz, mənim generalım?” O bu xəbərlərə yenə öz tor yelləncəyində oturduğu yerdə, yerindən tərpənmədən, qaşının ucunu belə tərpətmədən qulaq asdı, nunsinin eşşəyə mindirilib, küçələr boyu gəzdirilə-gəzdirilə, pəncərələrdən başına çirkab suları tökülə-tökülə, camaatın dörd bir yandan ona: “Ey, Vatikan xanımı, bəlkə, bir uşaq doğasan, ay yekəqarın!” – çığırması xəbərini də beləcə, sakit üzlə qarşıladı və nəhayət, xəbər gələndə ki, nunsini yarımcan vəziyyətdə sürütləyib bazarın zibil yığnağına atıblar və indi orda min bir üfunətli zir-zibilin içində ölümcül vəziyyətdə qalıb, o nəhayət, tor yelləncəyindən qalxıb çiyninə qonan quşları milçək kimi üstündən qova-qova iclas zalına yollandı. O, ora qolundakı qara, matəm lentini açmadan, üzündəki hüzur örtüyünü sanki əlləriylə soyub daxil oldu. Yuxusuzluqdan altı tuluqlanmış gözləriylə dörd bir yanına baxıb nunsi üçün xüsusi sal qayırılmasını və onun üçgünlük ərzaq ehtiyatıyla həmin sala mindirilərək Avropa sarıdan gələn gəmilərin yolu üstündə açıq dənizin ortasına buraxılmasını əmr etdi ki, vətənin qüdrətinə toxunan yadelli gəlmələrin axırının nə ilə qurtardığını hamı öz gözləriylə görsün. “Qoy papa birdəfəlik sırğa eləyib assın qulağından ki, o öz Romasında, qızıl taxtında papadı, daha burda yox, lənət şeytana!” Bu kəskin tədbirin əməlli-başlı nəticəsi oldu və o biri ilin axırına yaxın Bendisyon Alvaradonun müqəddəs simalar sırasına düşməsi – kanonizasiyası məsələsinə yenidən baxıldı. Ölməz bədənin ziyarətinə icazə verildi və tabut kafedral kilsənin baş kürsüsündə qoyuldu, xor həmd-səna oxudu, Vatikana elan edilmiş müharibə vəziyyətinə son qoyuldu, Armas meydanına toplaşan camaat Allaha şükür edir, əldə edilmiş sülh münasibətilə şüarlar səsləndirirdilər; təcili surətdə ritual konqreqasiya auditoru Müqəddəslər Müqəddəsindən, prokurordan və Bendisyon Alvaradonun müqəddəsliyinə şübhə qalmasın deyə onun həyatını bütün incəliyinəcən öyrənmək üçün gələn eritreyalıların postulatoru, monsenyor Demetrio Aldousdan müsahibələr alındı. “Siz burda istədiyi­niz qədər qala bilərsiz”, – deyə prezident eritreyalının əlini əlindən buraxmadan, qəhvəyi dərili bu afrikalının qəlbinə yol axtara-axtara danışırdı; işin yaxşı tərəfi o idi ki, həmin bu eritreyalı həyatı çox sevirdi – iquana yumurtası yeyir, xoruz döyüşləri mulat qadınların ehtiraslı rəqsləri üçün, bir sözlə, mənim generalım, hamımızın həzz aldığımız şeylər üçün o da sinov gedirdi. Odur ki bu ilahiyyatçının üzünə bir qapı da bağlı olmadı, üstəlik, belə bir sərəncam verildi ki, ona heç kim mane olmasın, qoy o öz gözləriylə görsün ki, bu sonsuz qəm dəryasına qərq olan vilayətdə insan gözündən kənarda qala biləcək Bendisyon Alvaradonun ali qüvvələr tərəfindən bəxş edilmiş müqəddəsliyini şübhə altına ala biləcək bir şey yoxdur. – “Bütün ölkə sizin ixtiyarınızdadır, müqəddəs ata – buyurun, baxın!”

Əsgərlər qarşısında, öz cavan, təmiz dərilərini nümayiş etdirməyə gələn cüzamlılarla dolu Apostolik nunsiaturada səliqə-sahman işləri aparırdılar; müqəddəs Vitta rəqsindən şəfa tapanlar bu möcüzəyə inanmayanlara iynələri bir göz qırpımında necə sapladıqlarını nümayiş etdirirdilər; ruletka oyunundan dövlətlənənlər öz uduşlarının səbəbini yuxularına girib onlara uduş nömrələrini qabaqcadan söyləyən Bendisyon Alvaradonun köməyilə əlaqələndirirdilər; nunsiaturanın həyətinə izsiz-soraqsız itənlərini axtaranlar, suda boğulanların meyitlərini tapanlar, əvvəllər acından günorta duran, indi var-dövləti başından aşanlar gəlirdi və ardı-arası kəsilməyən bu izdiham bir vaxtlar kannibalları qoşalüləylə məhv edən Uolter Reylicin qədim tısbağa çanaqlarıyla bəzədilmiş kabinetinin içindən keçib-gedir, həmin burada oturan yorulmaq bilməyən eritreyalı isə heç kimdən heç nə soruşmadan, heç bir mükaliməyə girişmədən, laqeyd baxışlarıyla hamıya qulaq asır, yüzlərlə adam bədəninin tərli iyinə, kabinetin havasızlığına məhəl qoymadan, ucuz siqaretlərdən birini o birinə calaya-calaya, Bendisyon Alvaradonun müqəddəsliyinin şahidlərinin dediklərini diqqətlə vərəqə köçürür, sonra onların hər birini ya adını yazmağa, ya hansısa işarəylə, yaxud barmağının iziylə imza atmağa məcbur edirdi. – “Eynilə sizin kimi, mənim generalım!” Hərə öz imzasını bacardığı kimi atıb həmin dəqiqə otaqdan çıxır, içəri bayaqkından heç nəyi ilə fərqlənməyən başqa birisi daxil olur və budur ha, başlanırdı: “Məni vərəm tutmuşdu, müqəddəs ata”. – “Məni vərəm tutmuşdu…” – o biri sözünün dalını gətirənəcən eritreyalı yazırdı. – “İndi isə qulaq asın, görün, mən necə oxuyuram!” Bir başqası daxil olur: “Mən kişilikdən düş­müşdüm, müqəddəs ata, – deyirdi. – İndi isə budur, baxın. İndi səhər-axşam elə bu kökdə də gəzirəm”. – “Mən kişilikdən düşmüşdüm”, – eritreyalı silinməyən mürəkkəblə yazırdı ki, bu yazıları insanlıq tarixinin sonunacan heç kim poza bilməsin. “Mənim qarnımda diri heyvan böyüyürdü, müqəddəs ata”. – “Mənim qarnımda diri heyvan böyüyürdü”, – o biri tünd qəhvədən içib gözünün acısını ovuda-ovuda, növbəti siqarın odlu kötüyünün tüstüsünü ciyərlərinə çəkə-çəkə, yenilməz, tərli sinəsini qabağa verib yazırdı. – “Bu kahin əsl kişidi, mənim generalım!” – “Bəli, senyor, o, əsl kişi idi. Belə kişilər indi çətin ələ düşər”. Auditor bircə dəqiqə başını yuxarı qaldırmadan, axşamacan fasiləsiz-filansız çalışır, gecə düşəndə belə istirahət eləmir, çimib, yamağı-yamağa calanan kətan cübbəsində, acından üzülən vücuduyla liman hamballarına qoşularaq uzun taxta stolun arxasında oturub it yalına bənzər şorbadan içir, qızardılmış balığın pulunu əliylə təmizləyir, qaranlığa işıq saçan tıxlarını dişiylə qoparır, şorbanı hindular kimi qaşıqsız-filansız, eləcə kasadan başına çəkirdi. “Siz bir onu görəydiniz, mənim generalım, o qarma-qarışığın, o boyda millətin içində, marimonda və yaşıl qvineo yükünü, dənizi olmayan Santyaqo-de-los Kabalyerosun, Kurasao və Quantanamonun güzgülü hotelləri üçün, dünyanın ən gözəl və ən qəmli adaları üçün sütül fahişələr daşıyan həmin o kirli yelkənçi-dənizçilərin arasında…” “Bir yadınıza salın, gəmilər ləngər vurub dənizə çıxanda biz nə günlərə düşürdük. Matilda Arenalesin evindəki tutuquşunun tale söyləməyi necə, yadınızdadı?.. Şorba dolu kasalarının içindən sürünüb çıxan dəniz xərçənglərini xatırlayın. Siz, müqəddəs ata, özünüz də dediniz ki, elə bil biz elə buralarda – İt Döyüşü kvartalının göbəyində anadan olmuşuq!” Müqəddəs ata çimərlikdə futbol oynayır, akkordeonda yerli virtuozlardan heç də pis çalmır, həvəskar müğənnilərdən geri qalmır, bizim söyüş söyənlərin qabağına beş qoyaraq qəliz dənizçi söyüşləriylə latınca söyür, əxlaqsız bazar adamlarının komalarında dənizçilərlə içib keflənirdi; deyilənə görə, hətta bir dəfə kimisə kafirliyinə görə təpiyinin altına salmışdı. “Onlar bir-birini o ki var yumruqladılar! İndi nə əmr edirsiz, nə edək, mənim generalım?” Əmr gəldi ki, dalaşanları ayırmayaq, əksinə, onların döyüş dairəsini bir az da genişləndirək ki, rahatca vuruşsunlar. Və bilirsiz nə oldu?! “Kahin qalib gəldi, mənim generalım!” – “Kahin? Mən elə də bilirdim. O, əsl kişidi!” O hamının zənn elədiyi kimi elə-belə, adi adam deyildi, Apostolik nunsiaturada keçirdiyi bütün keşməkeşli illər öyrənə bilmədiklərini həmin o qızğın gecələr öyrənmişdi. O yağışlı gecələrin birində isə prezidentin sayıq təhlükəsizlik xidmətini aldatdığını zənn edərək gizlicə gedib çıxdığı kəndin kənarındakı qəramətli malikanədə bildiklərindən daha çox şey başa düşmüşdü. Həmin gecə o, tavandan şırhaşırla süzülüb tökülən yağışın altında islana-islana, qorxudan əsə-əsə bütün malikanəni ələk-vələk eləmiş, künc-bucaqları gözdən keçirmişdi və bədəni, ən çox, Bendisyon Alvaradonun öz qulluqçuları üçün ayırdığı, dörd bir yanı zəhərli çiçəklər basmış yataq otağında əsim-əsim əsmişdi. – “Axı o çox xeyirxah qadın idi, çox təvazökar idi! Qulluqçularının yatağına çit döşəkağılar sərirdi, özü isə sınıq-sökük əsgər çarpayısında, qupquru həsirin üstündə yatırdı; o onlara öz gəzinti paltarlarını – ölkənin bir nömrəli xanımının paltarlarını geyməyə icazə verirdi; qulluqçular vannada yuyunanda onun ətirli duzlarından istifadə edir, arvadın başı işə qarışanda – quşlarının lələklərini rəngləyəndə, odunlu sobanın üstə öz tərəvəz şorbalarını bişirəndə, qonşularına lazım olacaq şəfqətli otlar əkəndə, çılpaq bədənləriylə bürünc şir ayaqları üstə dayanan nəhəng vannanın rəngli köpüyün içində uzana-uzana əsgərlərlə mazaqlaşırdılar. Qulluqçular daim gecələr onu yuxudan oyadırdılar. “Mədəmi sancılar doğrayır, senyora!” O da ayağa qalxıb xəstəyə çeynəmək üçün kress toxumları verirdi; “Oğlumun gözləri çəpləşir!” – və o, anaya epasot bişmə­si verirdi: “Mən ölürəm, senyora!” – deyə onu yuxudan oyadırdılar­sa da, ölən olmurdu, çünki bütün qonşuların canı onun əlində idi. O elə sağlığından müqəddəs idi, ata, özünü bütün çirkabdan öz bakirəliyi ilə qoruyurdu, bu yad təmtərağın içində, həmin bu günah dolu malikanədə öz bakirə dünyasına qapılıb yaşayırdı; onu ordan prezident sarayına – damından, vedrədən axırmış kimi, yağış tökən, yağış damlaları royalın dillərini, dəbdəbəli qonaq otağının, Bendisyon Alvaradonun: “Bu stolun arxasında oturmaq – mehrabı təhqir eləməkdi!” – deyərək heç vaxt arxasında oturmadığı ağappaq stolunu təbil kimi çalan xarabaya zorla gətirib gəldik. Siz bir fikir verin, müqəddəsliyin fövqünə bir baxın, ata!”

Lakin Bendisyon Alvaradonun qonşularının bu canfəşanlığı auditorun iblisanə fəhmini çaşdıra bilmədi və o qayanın üstündəki malikanənin sahibəsinin bütün bu hərəkətlərinin səbəbinin, onun xeyirxahlığından çox, yad mühitin qorxusu, kasıbçılıq vərdişi olduğunu, sadəcə, bütün o qaralmış palıddan yonulmuş neptunların, yerli iblis qalıqlarının, bir vaxt rəqs gecələri təşkil edilən boş zallarla süzən hərbi mundirli mələklərin, bir sözlə, hər şeyin Bendisyon Alvarado üçün anlaşılmaz və maraqsız olduğunu anladı. Beləliklə, auditor buralarda, Abissiniyanın bürkülü səhralarından arxasınca sürünüb gələn həqiqəti – üçüzlü vahid allahın izini belə tapa bilmədi. – “Axı o, həqiqəti olmayan yerdə axtarırdı, mənim generalım, odur ki, heç nə tapa bilmədi, belə-belə işlər!” Lakin monsenyor Demetrio Aldous bir şəhərdə öyrəndikləri ilə kifayətlənmədi, ata minib ölkənin buzlu ucqarlarını gəzə-gəzə, Bendisyon Alvaradonun müqəddəsliyinin dəlillərini həmin bu dövlət haləsinin əlinin çatmadığı yerlərdə axtarmağa başladı. Qarətçi pançosuna bürünmüş auditor yeddi arşınlıq uzunboğazlarında iblis ruhu kimi birdən-birə dumanın içindən peyda olaraq əvvəl hamını qorxuya salır, sonra özü də heç vaxt bu cür qaradərili adam görməyən camaatın marağına təəccüblənirdi. Hamıya ona əlləri ilə toxunmağı təklif edirdi ki, adamlar ondan kömür iyi gəlmədiyini anlasınlar; qaranlıqda camaata dişlərinin parıltısını nümayiş etdirir, kişilərə qoşulub əyyaşlıq edir, pendiri, qara camaat kimi, əliylə qoparıb yeyir, hamının içdiyi totuma cecəsindən içirdi.

Hiyləgər eritreyalı beləcə, ucqar kəndlərin gözdən-könüldən uzaq yeməkxanalarında yeyib içə-içə, camaata qaynayıb qarışa-qarışa, bir vaxt bu tərəflərdə dörd bir yanından boz quş balaları, qızılı tükanalarla, quaçarakalarla dolu qəfəslər asıldığından güclə yeriyən quşsatan qadını tanıyan adamların inamını qazanmaq istəyirdi; həmin bu quaçarakalar, qu quşu cildinə salınan bu adi boz quşlar matəm havalı ölgün bazarlarda avam kəndlilərə sırınmaq üçün rənglənirdi. “O, adətən, bax, orda otururdu, ata, ocağın lap yanında oturub gözləyirdi ki, bəlkə, kimsə onunla yeməkxananın arxa otağında, çaxır çəlləklərinin üstündəki həsirdə yatmaq istəyər. O, qarnını doyuzdurmaq üçün, kiminlə desən, yatmağa hazır idi, ata. Bircə nahara, vəssalam. Ona bircə bu lazım idi, çünki başını heç cür dolandıra bilmirdi; avam kəndlilərə sırıdığı quşların rəngi də bircə dəfə yağış yağan kimi yuyulub gedirdi, tovuz quşuların quyruqları elə yoldaca qopub düşürdü. Əslinə qalsa, bu işlərlə də elə avamlığından məşğul olurdu; bir sözlə, o, quşların hesabına yaşayırdı, bu düzəngahın hesabına yaşayırdı, necə istəyirsiz, elə də başa düşün, o ki qaldı adına, indi kimin yadındadı o vaxt onun adı nə idi, hər halda, Bendisyon Alvarado deyildi, bu bizim adlardan deyil, bu, dənizətrafı yerlərin adıdı, müqəddəs ata!”

Sən buna bax bir!.. Bu yerinəcən hər şeyi bitdə-bitdə öyrənib bu qara iblis-prokuror, bunu da, o biriləri də elə hey qurdalaya-qurdalaya axtarır, eritreyalının yolunda min bir maneələr yaradan prezident təhlükəsizlik xidmətinin gizli agentlərinin bütün səylərinə, onun üçün ustalıqla qurduqları saxta torlara baxmayaraq yeni-yeni həqiqətləri ortaya çıxarırdı. – “Necə bilirsiz, mənim generalım, onu bu uçurumun başında ovlamağın vaxtı çatıbmı? Atının büdrəmək vaxtı necə, çatıbmı?” Lakin yenə eritreyalının şəxsi təhlükəsizliyi təmin edilməklə güdülməsini davam etdirmək əmri alındı, öz missiyasını yerinə yetirmək üçün ona tam azad şərait yaradılması xüsusi bir ciddiliklə tapşırıldı: “Mən bunu inadla tələb edirəm, bu mənim ali istəyimdir, yerinə yetirin!” Bu cür qərar verməklə o anlayırdı ki, riskə gedir, anası haqqında yaranmış mifi – Bendisyon Alvarado mifini təhlükə altına salır, eritreyalının səyi ilə uzaq keçmişin damğalı xatirələrini – bir vaxtlar həyat eşqi ilə, lakin cır-cındır içində, ayaqyalın yaşayan, öz bədəni hesabına dolanan, xoruz quyruğunu rəngləyib tutuquşuların dalına calaya-calaya quakamaya quşu əvəzinə satan, tükü tökülmüş xəstə toyuqları hinduşkanın yelpincvari quyruqlarıy­la bəzəyib camaata cənnət quşu adıyla sırıyan bu yaraşıqlı və avam qadını biabır olmaq təhlükəsində qoyur.

Məlum məsələydi ki, heç kim bu qadına inanmırdı; dumanlı istirahət günləri bazarda tək-tənha dolaşan, bir quşa yüzcə peso verənə qalan quşları, az qala, havayı bağışlamağa hazır olan bu tənha quş alverçisinin avam bicliyinə kim uyardı axı?! Yaylaq yerlərində də bu sərsəm dilənçi qadını, demək olar, hamı yaxşı tanıyırdı, lakin onun şəxsiyyətini heç cür dəqiq müəyyənləşdirmək mümkün olmurdu, çünki xaç suyuna salındığı monastırlarda onun doğum günü barədə heç bir sənəd tapılmamış, kilsə şəhadətnaməsi belə ortaya çıxmamışdı; bunun əvəzinə oğlunun birdən-birə, nə az, nə çox, üç şəhadətnaməsi tapılmışdı: doğum gününü təsdiq edən üç fakt birdən; belə çıxırdı ki, onun oğlunun üç müxtəlif adı vardı, əsası üç dəfə müxtəlif şəraitlərdə qoyulmuşdu, üç dəfə üç tarixdə vaxtından əvvəl doğulmuşdu. Bütün bunlar bizim ölkənin tarixçilərinin – bizim tarixi yaradanların, onun yaranma tarixinin ört-basdır edilməsi üçün həqiqəti yalanla qarışdıranların əməlləri idi; lakin bütün bunlara baxmayaraq eritreyalı, demək olar, məsələnin kökünü axtarıb tapmışdı, bütün o yalan dumanlarını yarıb, axır ki, aydınlığa çıxmışdı; “Bu sirri aşkar eləmək bir o qədər də çətin olmadı, mənim generalım; boz Kordilyer dərələrində, düzlərində əks-səda verən atəş səsi eşidiləndə və buzlaqların önündən, əbədi qarlar içində uyuyan yüksəklik­lər­dən, axar çayların şaqraq sularının kükrədiyi yerlərdən, botanika ekspedisiyasının alim-həkimlərinin, hinduların belində otura-otura, öz sirli otlarını topladıqları ucuiti qayaların önündən, vəhşi maqnoliya güllərinin bitdiyi, bol yemək və isti geyim verən uzuntüklü cins qoyunların otladığı dağ mənzərələrindən, ucsuz-bucaqsız qəhvə sahələrindən, kimsəsiz eyvanları kağız güllərlə bəzədilmiş əyalətlərdən, bürkülü səhrayla dağ çaylarının gurultusu arasındakı sərhəddə yaşayan xəstələr yığnağından, dənlərindən şokolad düzəldilən, qırmızı giləmeyvə­si və gülləri olan qalınyarpaqlı kakao ağacıyla xaincəsinə kürəyindən vurulub öldürülən qocanın ölü bədəninin iyini axşam küləkləri gətirən yerlərdən, günəşin tərpənmədiyi, yandırıcı tozun, qarpız-yemişin, iki yüz millik ərazinin yeganə orkestrinin, yeganə məktəbin yerləşdiyi Atlantiko departamentinin, arıq, qəmli inək sürüsünün yanından uçurumun sonsuzluğuna yuvarlanan atın ətürpərdən kişnərtisi eşidiləndə yazıq heyvan, sulu qvanabano kimi dığırlanıb düz uçurumun dibinə – qvineo kollarının arasında yerə dəyib şappıldayaraq qırqovulları ürkütdü, sonra dərindən bir ah çəkdi. – “Onu vurdular, mənim generalım, pələng ovu tüfəngindən atdılar, Anima-Sola dərəsində!” “Mənim mühafizə təcrübəmə, qəti məzmunlu teleqramlarıma məhəl qoymadan, köpək uşağı?.. Lənət şeytana, indi görərlər mən kiməm!” – hirsindən sarala-sarala hədələyirdi; əslinə qalsa, hansısa agentlərin onun sözündən çıxmasından çox, nə isə vacib, əhəmiyyətli bir şeyin ondan gizlədilməsi ilə əlaqədar əsəbiləşmişdi. Onun şimşək saçan bu qəzəbini tez bir zamanda sakitləşdirməyə ürək eləyənlər tapıldı. O, hadisə barədə məlumat verənlərin nəfəsinə belə diqqətlə qulaq asır, yaxşı bilirdi ki, yalnız əsl həqiqəti bilənlər yalan danışmağa cəsarət edərlər. O kimin satqın olub-olmadığını dəqiqləşdirmək üçün, ilk növbədə, zabitlərin qarınlarının altındakıları anlamağa çalışırdı. – “Sən o adam deyilsən ki, heç nə olduğun halda, səni həmin o heç nədən yapıb düzəltmişəm? Sən o adam deyilsən ki, gecələri qupquru döşəmədə ağnayırdın, indi mənim hesabıma qızıl cıqqalı çarpayıda yatırsan? Sizi hansı ana doğub?” O kiminsə onun şəxsən imzaladığı, üzüyünün möhürüylə qatranladığı teleqramını qulaqardına vurduğunu yaxşı başa düşürdü; bu səbəbdən də təhlükəsizlik tədbirləri ilə şəxsən özü məşğul olmaq qərarına gəldi və belə bir əmr verdi: “Əmr edirəm: qırx səkkiz saat ərzində Demetrio Aldous tapılıb diri vəziyyətdə yanıma gətirilsin, ölüsü tapılsa belə, mənim yanıma diri vəziyyətdə gətirilməlidir və işdi, əgər o, ümumiyyətlə, tapılmasa, onun mənim hüzuruma gətirilməsi mütləqdir”. Əmr o qədər aydın və qorxulu idi ki, elan olunmuş vaxt başa çatmamış, bir-birinin ardınca xəbərlər gəldi: “Onu dərənin dibindən tapdılar, mənim generalım! Bütün yaraları, hansı möcüzəyləsə, orda bitən qızılı çiçəklərin məlhəmin­dən sağalıb. O bizlərdən diridi, mənim generalım, sapsağlam və zədəsiz­di və bütün bunlar xatirəsini murdarlamağa cəhd edən adama bir daha öz xeyirxahlığını və insanpərvərliyini sübut edən ananızın, həmin bu güllərə şəfa qabiliyyəti verən sehrli qüvvəsinin nəticəsidir”. Bu adamı iplə qarğıya sarıyıb qrenadyorlar dəstəsinin müşayiətilə gizli hindu cığırlarıyla dağlardan üzü aşağı endiriblər; qabaqda atlı çapır, kilsə zəngləri cingildəyə-cingildəyə dörd bir yana xəbər yayırdı ki, əlahəzrətin istəyi yerinə yetirildi, Demetrio Aldous tutulub diri gətirildi. Onu prezident sarayına gətirib səhiyyə nazirinin şəxsi nəzarəti altında, hörmətli qonaqlar üçün ayrılmış yataq otağında yerləşdirdilər ki, orda öz missiyasını başa çatdıra bilsin, hər biri üç yüz əlli səhifə olacaq yeddi qorxulu cildi hazırlayıb qurtara bilsin: “Mən, Demetrio Aldous, Allahın əmri ilə, Müqəddəs ritual konqreqatının auditoru, prokuror və postulator, bu ilin aprel ayının on dördüncü günü, yer üzündə ədalətin bərpası naminə, Allahın bərqərar olması naminə imza atıram və imzamı öz möhürümlə təsdiq edərək bildirirəm ki, burda yazılanların hamısı həqiqətdir, həqiqət və yalnız həqiqət”. – “Budur, baxın, əlahəzrətləri!” Və həqiqətən, hər biri qatran möhürlə möhürlənmiş həmin bu Bibliyaya bənzər yeddi nəhəng cildlərdə yazılanların hamısı həqiqət idi; bu aydın və qəddar həqiqətləri həsir kreslosunda oturub üzünü şlyapası ilə yelləyə-yelləyə gözünü qırpmadan oxunanlara qulaq asan və hər öldürücü həqiqətdən sonra güclə seçiləcək səsiylə “aha” deyən daşsifətli, donuq qocaya yalnız əsəbləri tam sakit adam oxuya bilərdi. “Aha”, – deyə o, şlyapasıyla naharın qalıqlarına yığışan aprel milçəklərini qovaraq bəzən kösöv kimi yandırıcı həqiqəti həqiqət dalınca udmalı olurdu. “Bütün bunlar uydurmadı, əlahəzrətləri, gülməli bir məzhəkədir…” – o, qulaq asır və yenə sakitcə “aha” deyirdi, çünki əslinə baxsan, bütün bu yazılanlar həqiqətən elə məzhəkə idi və bu tamaşanın müəllifi, özü də bilmədən, o özü olmuşdu; anasının meyitinin ümumxalq tamaşasına çıxarılmasından tutmuş Bendisyon Alvaradonun diri-diri çürüməsi barədə yayılan söz-söhbətlərə birdəfəlik son qoyulmasınacan; yaxud tabutun buz qırıqlarıyla doldurulub oba-oba gəzdirilməsi tamaşa, sirk deyildimi?! Yaxud anasının ölümündən sonra yaratdığı möcüzələrindən xəbər tutanda meyiti təntənəli izdihamın müşayiətilə ölkənin dindən-imandan uzaq ucqar yerlərinə göndərməsi… Ona bircə şey lazım idi: hamı başa düşsün ki, anasına bütün bu uzun-uzadı təhqiramiz illərdən sonra müqəddəslik verilib və bu müqəddəslik ona əzablı gənclik illərinin – əzab-əziyyətlə, min bir zəhmətlə quş quyruqları rənglədiyi illərinin, o fani günlərinin əvəzinə verilib. – “Mənim ağlıma belə gəlməzdi ki, həmin bu matəm izdihamından camaatı aldatmaq üçün istifadə edəcəklər!” Sən demə, elə birinci gündən izdihamı yalan müşayiət edirmiş… – hər şey ondan başladı ki, suçiçəyi çıxaranların yaraları camaatın gözü qarşısında birdən-birə yoxa çıxıb təmizləndi; məlum məsələydi ki, pulun hesabına; sonra iki yüz pesoya bir adam qəbirdən xortladı – ağzı torpaqla dolu, vahiməli cır-cındır içində izdihamın qarşısında yerin içindən çıxdı; sonra bütün bu möcüzələrin dövlət dairələrinin fırıldağı olduğunu deyən qaraçı qadına səkkiz yüz peso verdilər ki, o, camaatın gözü qarşısında, dediyi o qələtə görə cəza əlaməti kimi, ikibaşlı uşaq doğsun.

Bir nəfər belə olsun pul almayan möcüzə şahidi tapılmadı; ən başlıcası isə o idi ki, bütün bunların mərhumənin oğluna yaltaqlıqdan savayı bir şey olmadığını Demetrio Aldous hələ istintaqın əvvəlində yəqin etmişdi. – “Xeyr, əlahəzrətləri, bütün bunlar sizin əyanlarınızın murdar fırıldaqlarıdı!” Bu onun hakimiyyəti dövründə baş verən ən əxlaqsız, ən dinsiz-imansız, ən gözəçarpan fırıldaq idi. – “Çünki bütün bu möcüzələri düzüb-qoşanlar, pullu şahidlər yığanlar sizin rejimin ən sədaqətli ardıcılları idi, əlahəzrətləri!” – “Aha!” – “İzdihamı aparanlar da onlar idi, ananız Bendisyon Alvaradonun paltarının tikələrini camaata müqəddəs təbərrük kimi satanlar da onlar idi…” – “Aha!” – “Ananızın üzü təsvir olunmuş ikonaların, profili həkk olunan medalların istehsalını da onlar açmışdı”. – “Aha!” – “Ananızın saçlarını satıb dövlətlənənlər də onlar idi…” – “Aha!” – “…tabutunun suyunu satanlar da…” – “Aha!” – “Kələ-kötür rənglərlə mərhumənin bədəninin yeri həkk edilən döşəkağıla­rı satanlar da… – bu döşəkağıları bir əldən yüz-yüz hindu bazarlarında altdan satırdılar…” – “Aha!” – “Tabut kilsənin baş nefesində qoyulduğu zaman mərhumənin cənazəsi önündən keçən sonsuz izdiham dəhşətli dərəcədə aldadılmışdı; mərhumənin nəşi ona görə dəyişilməz qalmamışdı ki, bu bədən, camaata izah olunduğu kimi, müqəddəs idi, yaxud ona görə yox ki, oğlunun şəninə dərisi mum və kosmetikayla örtülmüşdü, ona görə yox ki, bu meyit, sadəcə, təbiət muzeylərinə düzülmüş heyvan müqəvvaları kimi, adi qaydada içinə saman təpilmiş müqəvva idi…” – “Aha!” – dedi və tezliklə bütün bu deyilənləri öz gözüylə görmək imkanı qazandı: “Mən şüşə sərdabənin qapağını açanda qara matəm lentləri nəfəsimdən ovulub töküldü, cansız kəlləyə taxılmış portağal çiçəklərindən hörülən çələngi çıxaranda isə gördüm ki, at tüküsayaq möhkəm saçların, demək olar, hamısını təbərrük kimi satmaq üçün kökündən qoparıblar və onda səni qucağıma götürdüm, ana; sənin qurumuş sümüklərini duvağın cırıq-sökük parçaları ilə birgə götürdüm; sən gün altında qurudulmuş balqabaq kimi yüpyüngül idin; səndən köhnə sandığın iyi gəlirdi; mən sənin içində nəyinsə qızdırmalı əsməcəylə vurnuxduğunu eşidirdim və düşünürdüm ki, bu sənin ruhunun pıçıltılarıdı, lakin bu öz iti bıçaqlarını içəridə oynada-oynada, səni yalaya-yalaya içindən yonan güvə idi; odur ki, uzun müddət səni qucağımdan yerə qoymadım, çünki elə mənim əllərimdəcə ovulub dağılırdın, hissə-hissə sökülürdün; axı sənin bütün içalatın ovulub çıxarılmışdı; daha əlləri sinəsi üstə yatan xoşbəxt ananın bədənindən əsər-əlamət qalmamışdı; bədəninin olub-qalan kövrək toz dumanı əllərimin içindəcə fosforlu qığılcımlar ata-ata külə çevrildi; qoyma şüşə gözlərinsə qürub çağı kilsənin al-qırmızı işığa bürünən mərmər döşəməsi boyu birə kimi atıla-atıla gəzdilər; sən heç nəyə çevrilmişdin, ana, ovulmuş ana tozuna dönmüşdün və əsgərlər bu tozu bellərlə yığıb tabutun içinə tökürdülər”.

Bütün bunlardan sonra da bu fasıq, donuq zalımın üzünün əzələsi belə tərpənmədi, onun iquana gözünə bənzər hərəkətsiz gözlərində nə onda, bu hadisələr baş verən zaman, nə də bu dünya üzündə onu həqiqət aynasıyla üzbəüz qoyan yeganə adamla təkbətək qalanda heç bir ifadə yaranmadı. Onlar adi karetlərdən heç nəyi ilə fərqlənməyən sadə, gerbsiz karetə oturub pərdələrin arasından, bir vaxt dəhşətli ölümlər və nakam sevgilər barədə, zəhərli güllər, istək öldürən sirli bitkilər barədə kitablar satılan, indi isə Bendisyon Alvaradonun bədəninin müxtəlif hissələri, əyninin geyimindən tikə-parçalar – yalançı təbərrüklər düzülən giriş darvazalarının kölgəsində istirahət edən dilənçilər sürüsünə baxırdılar. Monsenyor Demetrio Aldous gözünü alver meydanından çəkib istintaqın müsbət nəticələri barədə danışmağa başlayanda o öz həmsöhbətinin fikrini o dəqiqə tutdu. – “Mən əmin oldum ki, bu kasıb adamlar sizi öz həyatları qədər sevirlər”. Həqiqətən də, axı xəyanət deyilən nə vardısa, Demetrio Aldous prezident sarayında görmüşdü, yüksək dövlət vəzifələrində işləyənlərin, özünü gözə soxanların tamahkarlığının, yarınmağının, xəbis yaltaqlığının şahidi olmuşdu, kasıb kütlələr arasında, dilənçilər içində, heç nəyi olmayan, öz hökmdarlarından da heç nə ummayan adamlarınsa sadiq məhəbbətini görmüşdü; bu adamlar, ümumiyyətlə, heç kimdən heç nə istəmirdilər; onlar başları üstə duran hökmdarı torpaq kimi görünən və ələgələn olduğundan, ona toxuna biləcəklərinə görə ilahi bir sevgiylə sevirdilər. – “Allahın özünün paxıllığı tutası bir işdi, əlahəzrətləri!” Lakin əlahəzrətlərinin bu etirafı eşidəndən sonra da qaşının ucu belə tərpənmədi, halbuki ayrı vaxt olsaydı, ürəyi gizli bir sevinclə şirin-şirin gizildəyərdi, içini çəkib həyəcanını daxilində boğa-boğa özü özünə fikirləşərdi: “Sizsə istəyirdiniz ki, məni heç kim sevməsin, müqəddəs ata, ələlxüsus da indi, bu məmləkətdən gedib öz uydurma dünyanızın qızıl qüllələri altında mənim bu biabırçı vəziyyətimdən və ələmimdən həzz alacağınız bir vaxt, mənsə burda – üstümə yıxdığınız həqiqət yükü altında, bu dərdi mənimlə bölə biləcək qayğıkeş anasız, öz istəyimlə seçmədiyim anadan olmağımla qazandığım həmin bu məmləkətdə – əsrlərdən bəri olduğu kimi qalan vecsiz mənzərəli, nəcis iyli, razılığım olmadan, adıma yazılanlara dünyasında inanılmayan bu tarixsiz məmləkətdə, pərdəli karetin içində belə qırx dərəcə istisi, doxsan səkkiz faiz nəmişliyi olan, tozundan nəfəs tutulan, qəhvədan kimi hərdən yüngül fit verən şişimin ağrısından qovrulduğun bir yerdə, qəbullarda bircə partiya domino oynamağa adam tapılmayan və bütün bu həqiqətlərə inana bilən bircə adamın olmadığı bir ölkədə tək-tənha qalım, müqəddəs ata?.. Özünüzü mənim yerimə qoyun, müqəddəs ata!” O, güclə seziləcək tərzdə içini çəkib, iquana kirpiklərini yüngülcə qırparaq monsenyor Demetrio Aldousdan xahiş etdi ki, bu söhbət aralarında qalsın – “Siz mənə heç nə deməmisiniz, ata. Mən həqiqəti bilmirəm, oldu?” Monsenyor Demetrio Aldous da söz verdi: “Əlbəttə, əlahəzrətləri, siz həqiqəti bilmirsiz. Bu söhbət öz aramızda qalacaq, sizə kişi sözü verirəm”. Bendisyon Alvaradonun müqəddəslik titulu alması haqqında iş onun müqəddəsliyini sübut edə biləcək faktların azlığı səbəbindən yarımçıq dayandırıldı, Romanın qərarıyla, hökumətin rəsmi razılığı əsasında, onun amvonluqdan çıxarıldığı elan edildi, bu qərarla, həmçinin ictimai asayişin qorunmasına, hər hansı üsyan xarakterli çıxışlara nəzarət gücləndirilsə də, üsyançılar dəstəsi de Armas meydanın­da kafedral kilsənin darvazalarının şalbanlarından ocaqlar qalayanda, Apostolik nunsiatura sarayının mələklər və cəngavərlər təsvir olunmuş rəngli şüşələrini daşla sındırıb tökəndə yerli mühafizə qüvvələri heç bir müqavimət göstərmədi. – “Onlar hər yeri dağıdıb sökürlər, mənim generalım!” O öz yelləncəyində sakit-sakit yırğalanır, qaşının ucu belə tərpənmirdi. “Onlar monastırları mühasirəyə alıblar, rahibləri acından öldürmək istəyirlər. Onlar kilsələri, missionerlərin evlərini yarır, dinə aid nə varsa, məhv edirlər, mənim generalım!” Yüksək rütbəli zabitlərin hamısı bir nəfər kimi əmrin yerinə yetirilməsində aciz olduğunu, bu kütləvi həyəcanın, qan-qırğının qarşısını ala bilmədiyini boyunlarına almayınca o heç bir tədbir görmədən, laqeyd üzüylə öz yelləncəyində yellənə-yellənə, təbii güllərdən hörülmüş talvarın kölgəsində oturub qaldı. Yalnız bu kütləvi etirafdan sonra yelləncəkdən qalxıb uzun ayların düşüncələrinə qərq olduğundan daxil ola bilmədiyi kabinetinə sarı addımladı, orda xalqın yekdil rəyini ifadə eləmək məsuliyyətini öz üzərinə götürdüyü barədə qərar qəbul etdi və bu qərarı silahlı qüvvələri xəbərdar etmədən, nazirlərlə məsləhətləşmədən, öz fəhmiylə yaratdığı dekretdə əks etdirdi. Dekretin birinci maddəsi – azad və suveren xalqın ali istəyi ilə Bendisyon Alvaradonun vətəndaş müqəddəsliyini elan edir, Bendisyon Alvaradoya Millətin Himayədarı, Əzabkeşlərin Şəfaverəni, Quşların Mürəbbiyəsi titullarını verirdi, Bendisyon Alvaradonun anadan olan günü isə həmin maddədə milli bayram elan edilirdi. İkinci maddə – bu dekretin rəsmiləşdiyi gündən Vatikan dövlətinə və onun əhalisinə, bütün qayda-qanunuyla hüquq normalarına və beynəlxalq konvensiyalara uyğunlaşdırılmış əsaslarla müharibə elan edirdi. Üçüncü maddədə – cənab yepiskopun təcili surətdə ölkədən çıxarılması, o biri yepiskopların, apostolik prefektlərin, gəlmə kahinlərin və rahibələrin, ümumiyyətlə, din xadimlərinin, kilsə işləriylə hər hansı bir əlaqəsi olan yerli, yaxud gəlmə adamların qovulması qərara alınırdı. Bu adamların hamısına ölkənin ərazisində, yaxud hər hansı bir bəhanəylə ərazi sularının əlli dəniz milinədək yaxında olmaq qəti qadağan edilirdi. Və nəhayət, dördüncü maddə – bütün kilsə əmlakının müsadirə edilməsini elan edirdi. Məbədlər və monastırlar – məktəbləri, əkin sahələri, əmək alətləri və mal-qarasıyla bir yerdə, kilsələrə məxsus şəkər zavodları, fabriklər, emalatxanalar, bir sözlə, hər şey – din xadimlərinin ayağında olan, əslində isə kilsə mülkiyyəti sayılan hər bir şey müsadirə olundu. Bütün bunlar dekret ictimaiyyətə çatdırılandan, ucadan oxunandan və ali hökmdarın möhürüylə təsdiq ediləndən sonra Bendisyon Alvaradonun və onun quşlarının ölümündən sonrakı əmlakı elan edildi. “Tabe olun və əməl edin!” O, dekretdə yer almış bütün bu maddələrin yerinə yetirilməsinə, atəşfəşanlığın rəngli fişənglərinə, kilsə zənglərinin Bendisyon Alvaradonun övliyalar sırasına keçməsi şərəfinə çaldığı qələbə marşlarına məhəl qoymadan, şəxsən özü nəzarət edirdi ki, anasının müqəddəs ruhu bir daha növbəti yalanın qurbanına çevrilməsin. O, hakimiyyət cilovlarını yenidən öz əlinə aldı, öz atlaz əlcəkli incə əlləriylə kobud cilovlardan möhkəm yapışdı; bir vaxtlar elədiyi kimi, kasıb komalara girib toyuqların qırt oturuşuna, yaxud kəlçənin axtalanmağına baxarkən camaat onu pilləkənlərdə saxlayıb nə vaxtsa şəhərin küçələrində keçirilən atçapma mərasimlərini, çuvaliçi qaçış yarışlarını bərpa etməyini xahiş edir, o da onların xahişini yerinə yetirirdi. O, yenə əvvəlki kimi, hər işə özü qarışır, kilsə əmlakının inventarlaşma aktıyla şəxsən tanış olmaqdan boyun qaçırmır, müsadirənin gedişinə özü rəhbərlik edir, göz qoyurdu ki, onun göstərişləriylə həyata keçirilənlər arasında – dövlət sənədlərinin həqiqəti ilə real həyatın dəyişkən həqiqətləri arasında xırdaca belə boşluq olmasın. O, kralın saysız-hesabsız sərvətlərini gizlicə, ikidibli çamadanlarda, xüsusi məharətlə tikilmiş korsajların altında ölkədən çıxarmaq istəyən möhtəşəm kilsə icmalarının sürgünlərinə də şəxsən özü nəzarət edirdi. Kasıblar qəbiristanlığında basdırılan həmin bu sərvətlər, uzun illərin axtarışlarına baxmayaraq, Federasiya uğrunda döyüşənlər tərəfindən də tapılmamışdı. Odur ki belə bir əmr verildi: bircə kilsə xadimi, bir dəst alt paltarı dəyişəyindən savayı, özüylə yük apara bilməz; bundan başqa, onlara gəmiyə yalnız çılpaq, lüt anadangəlmə vəziyyətdə minməyə icazə verilirdi. Hamı əmrə tabe oldu: heç nə qanmayan, yaxalarından əl çəksinlər deyə ömürlərinin axırınacan lümlüt gəzməyə hazır olan kobud kənd kahinləri, din dairələrinin titrəmədən heydən düşmüş prefektləri, mötəbər, keçəl yepiskoplar, onların ardınca qadınlar – minilməmiş madyan təbiətli, utancaq rahibələr, səhralıqda tərəvəz əkməyə öyrəşən sadə missioner qadınlar, incə biləkli bakirə-selesiankalar…– hamı da lüt anadangəlmə, dünyaya gəldikləri dərilərində; onlara baxdıqca bu adamların sinfi mənşəyi, sosial vəziyyəti və məşğuliyyəti haqqında fikirləşməyə məcbur olurdun; onlar möhtəşəm axınla gömrüyün nəhəng binaları arasından, kakao tayları və qarmağa keçirilmiş çay balığı qaxaclarıyla dolu çuvalların böyründən ötüb-keçdikcə ürkmüş qoyun sürüsünü xatırladırdılar; ventilyatorların pərləri yolçuların saçlarını dalğalandırır, qadınlar döşlərini əlləriylə örtə-örtə, bir-birinin arxasında gizlənə-gizlənə, iquana gözlərinin ifadəsiz baxışını nizamsız axınla yeriyən çılpaq qadın bədənlərinə zilləyən, daş heykəl kimi donuq qocanın qarşısından ötüb-keçirdilər. Sonuncu qadın ölkənin ərazisini tərk edənəcən o gedənləri laqeyd üzüylə, tam ehtirassız baxışlarla müşahidə edirdi. – “Hamısı, bir nəfər kimi, rədd olub getdi, mənim generalım!” O isə hiss elədi ki, qadınlardan hansı birisisə – o birilərindən heç nəyi ilə fərqlənməyən, ürkmüş qadınların arasından ani baxışıyla seçdiyi bir qadın onun yaddaşına ilişib qalıb; bu, dolu və sağlam bədənli, ətli yançaqları, iri döşləri olan adi, enlikürək bir qadın idi, kələ-kötür əlləri vardı, saçları bağban qayçısıyla kəsilmiş, dişləri balta kimi iti və seyrək idi, burnu dik, ayaqlarının altı yastı idi; bir sözlə, o birilər kimi adi, sıravi rahibə idi; o dəqiqə anladı ki, bütün bu qadın sürüsünün içindən ürəyi tək bir onu istəyir, bircə o, başını qaldırıb üzünə belə baxmadısa da, yanından ötüb-keçəndə özündən sonra ürək titrədən, tünd meşə heyvanı iyi qoyub getdi; onda onun az qaldı nəfəsi kəsilə, gözlərini azca çəpləşdirdi ki, o qadını bir də görsün və elə bu vaxt gəmiyə minənlərin siyahısını oxuyan zabit ucadan; “Nasareno Letisiya!” – qışqırdı və qadın kobud kişi səsiylə: “Burda!” – cavab verdi. Bu ad içinə beləcə daxil oldu və həmin o “burda”yla qəbir evinəcən, onun ömrünün bir hissəsinə çevrildi; bu qadın da beləcə həyatına daxil oldu və son, ümidsiz xəyalları yaddaş uçurumla­rın­da əriyib itən dövrlərəcən xatirində yaşadı; yaddaşı onun surətini yerli-dibli yoxa çıxdıqca dönə-dönə xatirində canlandırır və ensiz kağız zolağında: “Mənim ruhumun Letisiya Nasarenosu, bir bax gör, sənsiz nə hala düşdüm…” – yazırdı. O bu kağızı beçə balını gizlədiyi xəlvəti divar mücrüsündə saxlayır, aradabir dəqiq əmin olanda ki, onu heç kim görmür, çıxarıb bir də oxuyur, yenə bürmələyib gizlədir və yenə həmin o unudulmaz, şəffaf yağışlı günü, bu barədə heç bir əmr verməsə də, Letisiya Nasarenonun vətənə qaytarıldığını bilən gün keçirdiyi gözəl anları yaşayırdı. Bomboz yük gəmisi üfüqdə itdikcə o, əvvəl özü özünə elə-belə: “Letisiya Nasareno…” – pıçıldadı, sonra bərkdən-bərkdən: “Letisiya Nasareno!!” – qışqırdı ki, bu adı unutmasın və elə bircə bu, prezidentin təhlükəsizlik xidmətinin Letisiyanı Yamayka monastırından oğurlayıb vətənə qaytarması üçün kifayət oldu. Ağzını dəsmalla bağlayıb, əyninə qolsuz köynək geyindirib, küncləri qatranla möhürlənmiş, şam ağacından yığılmış və üstündə qara hərflərlə: “Şüşə! Yuxarı! Qaytanlan­ma­sın!” – yazılmış konteynerə – taxta yeşiyə soxdular. Bu konteynerin prezident zirzəmisinin şampanlarından içmək üçün istifadə olunacaq iki min səkkiz yüz ədəd büllur badəni ölkəyə rüsumsuz keçirilməsi barədə icazəsi vardı; konteyneri gəmi gömrükxanasının zirzəmisində saxlayırdılar. Güclü yuxu dərmanlarıyla yatırılımış Letisiya ordan birbaş saraya gətirilmiş və çılpaq vəziyyətdə cansıxıcı qonaq otağının çarpayısına uzadılmışdı; o onu sonralar da elə o vəziyyətdə – günorta saat üçün ağappaq işığında, miçətkənin altında çılpaq bədəniylə uzandığı yerdə xatırlayırdı. O, burda müxtəlif vaxtlarda yatan yüzlərlə qadın kimi – bu yatağa heç bir istəyi olmadan ötürülən, lüminal içirildiyindən letargiya vəziyyətində olan və həmin yuxulu vəziyyətdə yaşadığı qadınlar kimi yatmışdı. Onda o, Letisiya Nasarenoya dəymədi, qadını uzun müddət uşaq heyrətiylə gözdən keçirərək bədəninin bu qədər dəyişdiyinə, bu bədənin gömrüyün barakında gördüyü qadın bədəninə qətiyyən bənzəmədiyinə təəccüb elədi. Qadının saçları burulmuş, bədəninin bəzi hissələri qırxılmış, əllərinin, ayaqlarının dırnaqları qırmızı lakla laklanmış, dodaqları, yanaqları boyanmış, kirpiklərinə sürmə çəkilmiş, dərisinə cürbəcür ətriyyat vurulmuşdu deyə ondan sirli, cazibədar heyvan iyinin əvəzinə şit kosmetika qoxusu gəlirdi. Bütün bu kosmetika örtüyü elə bil onun çılpaqlığını itirmişdi… – “Heyvərələr hər şeyi korlayıblar, dərdə bir bax!” O elə hey Letisiyaya, onun narkotik yuxudan keyiyən üzünə, tədricən yuxu bataqlığından çapalayıb çıxması­na, oyanmasına baxır, onu, ətrafını tədricən görməyini müşahidə edirdi. – “Bu məni dəli edib ağlımı başımdan çıxaran Letisiya Nasareno idi, ana!” Letisiya isə miçətkənin yüngül dumanı içindən ona baxan daş kimi donuq qocanı görəndə qorxudan dik atıldı, bu anlaşılmaz, ağır sükutun vahiməsindən dili tutuldu, heç ağlına da gəlmədi ki, yaşı, hakimiyyətinin hüdudu bilinməyən qoca həmin an ondan daha çox qorxuya düşüb. Qoca isə həmin an özünü ilk dəfə qadınla təmasda olduğu əlamətdar gündən daha tənha və köməksiz hiss eləməyə başlamışdı, bir vaxtlar çayda – əsgərlərin əyləndiyi bir küçə qadınını çimən yerdə görəndə düşdüyü çaşqın vəziyyətdən betər günə düşmüşdü. Onda o qadını heç əməlli-başlı görməmişdi də, bircə səsini eşitmişdi; qadının, suyun altına girib-çıxdıqca, inək kimi fınxırıb təngiməyini eşidir, bədəninin hüdudsuz nəhəngliyini təsəvvüründə canlandırır, qaranlıqda onun tənha, sirli gülüşünü eşidir, çimməkdən uçunan bədəninin həzzini duyurdusa da, üç müharibədə iştirak edib artilleriya leytenantı rütbəsi almasına baxmayaraq qadın görmədiyindən iflic vəziyyətdə donub yerindəcə qalmışdı. Lakin çox keçməmişdi ki, ömrünün axırınadək elə beləcə, bakirə qalmaq qorxusu o biri qorxulara üstün gəlmişdi və o, əynindəki pal-paltarı, silah-sursatı soyunmadan, qayışlı, corablı, yüklü, silahlı özünü çayın içinə atmış, silah-sursatıyla çayın ortasında bir səs-küy qoparmışdı ki, qadın əvvəl elə zənn eləmişdi, bu, yolu çaydan keçən hansısa atlıdı, amma görəndə ki, bu, cəmi-cümlətanı çaya düşən, qorxaq, yazıq bir kişidi, əlini rəhmlə uzadaraq onu qaranlıq sükutun içiylə öz ardınca apara-apara geriyə qanrılıb, qaranlığın içindən ana nəvazişi ilə: “Çiynimdən bərk yapış, – demişdi, – yoxsa su aparar səni. Özü də barmaqlarının ucunda dayanma, dizi üstə otur, rahat nəfəs al, yoxsa boğularsan”. O da deyiləni eləmişdi; onda o, qadının dediklərini uşaq kimi yerinə yetirə-yetirə özlüyündə: “Anam mənim, Bendisyon Alvarado, bu qadınlara özlərini hansı an necə aparmağı, kişi kimi olmağı kim öyrədib?” – fikirləşirdi. O bu fikirlərdə ikən qadın onun əynindəkiləri – döyüş üçün zəruri olan, bu axınla əzablı mübarizədə isə ona mane olan əşyaları soyundururdu; su xirtdəyinə çatsa da, onu qorxudan qadının qatranlı sabun iyi verən bədəni xilas edirdi. Sonra necə olmuşdusa, qadın onun qayışının düymələrini açdıqca qəfildən əli suyun içində üfürülmüş qurbağa kimi üzən nə isə yekə bir şeyə dəymiş və qadının vahimədən az qala ürəyi dayanmışdı, əlini qorxu içində geriyə çəkib ondan uzaqlaşmış və: “Get ananın yanına, qoy səni ayrısına dəyişsin, yoxsa bu cür heç nəyə yaramırsan!” – deyib aralanmışdı.

İndi yenə həmin o qorxu, bəlkə, ondan bir az da betəri onu Letisiya Nasarenonun bədənini görəndə bürümüş və anlamışdı ki, bu qadının rəhmdil köməyi olmadan heç cür onun sirli sularının qoynuna baş vura bilməyəcək. Odur ki bu rəhmdil köməyin intizarında qadının üstünü döşəkağıyla örtüb, qrammofonda ona bədbəxt Delqadinanın günahkar məhəbbət haqda mahınısını, val yeyilənədək oxutdururdu; o, Letisiya Nasarenonun yataq otağındakı gül vazlarına parçadan düzəldilmiş yalançı güllər qoymağı əmr etmişdi, çünki təbii güllər qadının bircə toxunuşun­dan solurdu; o, Letisiyanın hər şıltaqlığıyla oynamağa razı idi, təki qadın həmin qapısı bağlı otaqda çılpaq vəziyyətdə o qədər otursun ki, bu qoca, lakin imkanlı adamın sevgilisi olmaqdan savayı əlacı olmadığını anlasın. Letisiya isə bunu həmin dəqiqə başa düşdü və məsələni uzatmadan, əmrlərini verməyə başladı: “General, pəncərəni açın, havam çatmır!” Qoca bu əmri yerinə yetirən kimi ardı gəlirdi: “Bağlayın! Ay düz üzümə düşür!” Qoca itaətlə onun bu əmrini də, o birilərini də yerinə yetirirdi və gündən-günə elə bil daha itaətkar olurdu; günlərin bir günü isə şəffaf yağışlar yağan gün qoca ürəklənib özünü pallı-paltarlı Letisiyanın yatağına saldı, qadına dəyib-toxunmadan, yanında uzanıb susdu. Beləcə, qadınla böyür-böyürə uzana-uzana, uzun-uzadı gecələr keçirdi, onun get-gedə isinən nəfəsini, bədəninin sirli qoxusunu – vəhşi heyvan qoxusunu duydu. Aradabir Letisiya yuxudan ayılıb onu yatağında görəndə dik atılır: “Gedin burdan, gene­ral!” – üstünə çımxırır, o, mədəni surətdə yataqdan düşürdüsə də, qadın yuxuya gedən kimi yenidən özünü onun yanına salırdı. Düz bir il o, beləcə – Letisiyaya dəyib-toxunmadan, yuxudan oyananda onu öz yanında görməyə öyrəşdirdi; qadın bir müddət hakimiyyət həzlərini, min bir həyat sevincini onun bədənini seyr eləməyə dəyişən qocanın qəlbinin gizli arzularını anlaya bilmirdi. Günlərin bir günü – növbəti şəffaf yağışlar yağan gün ürkək qoca, axır ki, yuxulu Letisiyayla təmasda olmaq qərarına gəldi və bir vaxtlar elədiyi kimi, nə vaxtsa bir küçə qadınının çimdiyi çaya pallı-paltarlı girdiyi kimi, əynindəkiləri soyunmadan, nişansız səhra geyimində, qılıncı qınında, şalvarının cibində bir dəstə açar, sol tayında qızılı mahmız parıldayan əsgər uzunboğazlarında özünü Letisiyanın yatağına salıb qəti hücuma keçdi; Letisiya vahimə içində yuxudan dik atılıb qocanın qucağından çıxmağa çalışdısa da, onun qəti inadını hiss edib bicliklə yaxa qurtarmağı qərara aldı. “Yəhər-qayışınızı çıxarın, general, yoxsa toqqalarınızla döşümü kəsərsiz”. Qoca ləvazimatlarını çıxaranda Letisiya ardını tələb elədi: “Mahmızınızı açın, general, yoxsa ulduzları qoltuqlarımı cızar! Cibinizdəki açarları da çıxarın, böyrümə dirəniblər”. O da qılınclı qınını soyunmaq qərarına gəlməyə üç ay vaxt getməsinə baxmayaraq qadının bütün tələblərini yerinə yetirdi. “Bunlar məni boğur, general!” – bir ay da frençi soyunmağına getdi. – “Bu düymələr adamın lap qəlbini cızır, general!”

Bu, Letisiya tərəfindən qəsdlə uzadılan, qocanı qəzəblən­dirmədən, qarşılıqlı güzəştlər üzərində qurulan uzunmüddətli, çətin, soyuq müharibə idi və müharibənin sonunda – Letisiyanın oğurlanmasının üçüncü ildönümündə, axır ki, onların arasında nə isə baş verdi, lakin heç biri başa düşə bilmədi ki, baş verən nə idi. Adi gecələrin birində onun tale xətləri olmayan yumşaq ovucları rahibənin hansısa gizli qadın simlərinə toxundu və Letisiya yuxudan ehtirasdan titrədə-titrədə ayıldı, bədəninə zəli kimi sarılan vəhşi heyvanı özündən uzaqlaşdırmağı ağlına belə gətirmədi, bircə yazıq səslə: “Uzunboğazlarını soyun, yoxsa mənim holland döşəkağıları­mı bulayarsan!” – dedi. Sonra qoca onları çıxardıqca ardını gətirdi: “Şalvarını soyun, qurşağını çıxar, hər şeyini soyun, yoxsa səni hiss eləmirəm, həyatım mənim!” Və qoca birdən-birə özünü, bir vaxt anasının onu monastırın darvazası ağzında, ətirşah güllərinin sayrışan yarpaqları önündə doğanda olduğu kimi, tam azad hiss elədi; sonra özündə döyüş öküzünün gücünü hiss edərək bircə həmləyə hər şeyi alt-üst edib Letisiya Nasarenonun dişlərinin gəmi dorunun cırıltısına bənzər səsi eşidilən sükut uçurumunun dibinə üzüüstə yıxılıb qaldı. – “Nasareno Letisiya!..” – “Burda!” – “Və o, saçlarımdan ikiəlli yapışdı ki, həmin o dibsiz burulğanda, mənim kimi, tək-tənha ölüb-itməsin…” Lakin qoca Letisiyanı həmin o burulğanda təmtək qoydu və unutdu, özü də tək-tənha, fırtlığının uzun-uzadı, sulu sapları arasında dolaşa-dolaşa, sarsıntıdan üzülə-üzülə, özü özünü göz yaşlarının şor sularında axtardı: “Anam Bendisyon Alvarado, bu şirin əziyyəti dadmadan, bu qədər uzun ömrü necə yaşamaq olardı?” Az qala bağırsaqlarınacan işləyən anlaşılmaz, əzablı-şirinli ağrılardan başını itirə-itirə, bütün bədənini titrədən bu qızdırmanın nə olduğunu, niyə özünü bu cür – başı kəsilmiş heyvan kimi hiss elədiyini, bu şəffaf örtüklü yorğan-döşəyin holland döşəkağılarını bulayan şəffaf cövhərin nə olduğunu, nəhayət, həmin bu şəffaf yağışlı gün nə baş verdiyini, büllur havanın niyə birdən-birə üfunət yayıldığını başa düşmədən ağlayırdı, siz anlamırdınız ki, sadəcə olaraq, qurtarmışdınız, mənim generalım!..

 

 

 

 

 

Axşama yaxın biz saraydan iylənmiş inək cəm­dəklərini yığışdırdıq, bu fantastik xarabalıqda, cüzi də olsa, sahmana oxşar bir şey yarada bildik, amma yenə tapdığımız meyiti müvafiq görünüşünə – əfsanəvi hökmdar görünüşünə salmağa qabiliyyətimiz çatmadı; biz meyitin dərisini balıqtəmizləyən bıçaqla qaşıdıq, dənizin dibinə batıb qalan gəmilərin üstünü örtən mamır qatına bənzər sürüşkən örtüyünü birtəhər soya bildik, sonra onu qatran yağıyla yağlayıb duzlu məhlulda yuduq ki, çürümə ləkələri yoxa çıxsın, quzğunların meyitin üzündə oyub açdığı dəlmə-deşiklərə doldurulmuş mumun üstünü quru nişastayla pudraladıq, yanaqlarına çəhrayı boya, dodaqlarına pomada çəkib üzünə həyat rəngi verdik, içiboş göz oyuqlarına şüşə gözlər taxdıqsa da, cəsəddə ümumxalq nümayişinə çıxarılmaq üçün zəruri olan hökmdar siması yarada bilmədik. Bir yandan məhkəmələr gedir, işlər oxunur, dövlət şurasının iclas zalında əsrlik despotizmin qalıqlarına qarşı mübarizəyə, ümumxalq birliyinə, mərhumun qırmağından salamat çıxan mülkiyyətin – dünənəcən qorxunc qocanın toxunulmaz əmlakı sayılan nə varsa, hamısının azad surətdə bölünməsinə səsləyən şüarlar eşidilirdi. Onun ölüm xəbəri, inadlı şəkildə gizlədilməsinə baxmayaraq, sehrli bir sürətlə göz qırpımında ölkənin dörd bir yanına yayıldı, bir vaxt vətəndən didərgin düşənlər geriyə döndülər; uzunmüddətli sürgün illərində qarşılıqlı iddialarını unudan liberallar və konservatorlar, hakimiyyət iyi hələ də burunlarından getməmiş ali rütbəli generallar, axırıncı üç mülki nazir, baş arxiyepiskop, bir sözlə, qoca despotun qoz ağacından uzun stolunun arxasında görmək istəmədiyi camaat geriyə qayıtdı, sonra həmin bu adamlar min cür tədbir tökməyə başladılar ki, prezidentin ölümünü xalqa necə çatdırsınlar ki, hay-küy qalxmasın, xalq kütlələri kortəbii surətdə küçələrə tökülüşməsin. Nəhayət, bu qərara gəldilər ki, xəbər iki bülleten şəklində xalqa çatdırılsın: bir nömrəli bülletendə prezidentin səhhətinin yüngülcə pozulması və onun məhz bu səbəbdən bir sıra rəsmi ictimai tədbirlərdə və audiensiyalarda şəxsən iştirak edə bilməməsi açıqlanırdı; iki nömrəli bülletendə deyilirdi ki, əlahəzrətləri öz yataq otağından təbii bir səbəb üzündən – qocalıq zəifliyindən çıxa bilmir. Həmin bu bülletenlərin ardınca, bürkülü bir avqust günü, çərşənbə gününün sübh şəfəqi çəhrayı rəngə bürünən vaxt kilsə zənglərinin səsi hökmdarın ölüm xəbərini elan etdisə də, yenə heç kim onun ölümünə, ölənin məhz o olduğuna inana bilmədi. Nə idisə, onun ölüm xəbəri bizi möhkəm çaşdırmışdı, üfunətli meyiti əl-qolumuzu keyitmişdi, bəlkə də, biz ona görə bu günə düşmüşdük ki, bu əllamə qocanı əvəz edə biləcək adamın kim ola biləcəyini təsəvvürümüzə belə gətirə bilmirdik, axı o, xudbinliyindən sağlığında özünə davamçı seçmək haqqında nəinki heç fikirləşməmişdi, bu barədə, ümumiyyətlə, eşitmək belə istəmirdi; qocalıq hikkəsiylə ölümündən sonra olacaqları müzakirə etməkdən boyun qaçırır, ələlxüsus da dövlət aparatı yeni, şüşəli beton binaya köçəndən və o öz iqamətgahında tək-tənha qalandan bəri bu barədə söz düşəndə yüz bəhanəylə söhbətin mövzusunu dəyişirdi. O, orda, yuxunun içi ilə gəzirmiş kimi təzəklərin arasıyla dolaşır, qızılgül kollarının altında, xəstəlikdən çox qocalıqdan ölən korlardan, cüzamlılardan və ifliclərdən savayı kimsəyə əmr verməyə ürək eləmirdi. Amma elə ki söz yenə davamçıdan, vətənin gələcək taleyindən düşürdü, o dəqiqə tərsliyi tutur, bütün müəyyənliklər qeyri-müəyyənliyə çevrilir, bütün cümlələr müdrik bir uzaqgörənliklə müşayiət olunurdu. – “Məndən sonra dünyada nə baş verəcəyi haqqında fikirləşmək ölümün özü qədər qaranlıq məsələdi! Sizin nəyinizə lazımdı axı? Nədən belə narahat olursunuz? Mən başımı yerə qoyan kimi siyasətçilər yığışıb bu andır ölkəni bir vaxt böldükləri kimi böləcəklər! Bax görərsiz, bu bölüşmə mərasiminə keşişlər də tökülüşüb gələcək, dövlətlilər də özlərini yetirəcək və hər şeyi çapıb talayacaqlar, kasıblarasa yenə də heç nə çatmayacaq, onların güzəranı əvvəlkindən də pis olacaq. O bədbəxtlərin taleyi belədi, nəcisə beşcə qəpik verən tapılsa, bu adamlar dalsız doğulmağa başlayacaqlar! Elə də olacaq, görərsiz!” Sonra o kiminsə bir vaxt onun şan-şöhrətli dövrlərində dediyi kəlamı misal gətirib, özü özünü rişxəndlə ələ salıb gülə-gülə deyirdi ki, onu ölümündən sonra Yerusəlimdə, peyğəmbərin məqbərəsiylə yanaşı yerləşdirməyə zəhmət çəkməsinlər, çünki o, cəmi üçcə gün ölü qalacaq. – “Bir də bütün bu söhbətlər boş cəfəngiyyatdır. Sizə bu gün ağlasığmaz görünən məsələlər, gün gələcək, həyata keçəcək. Mən əbədiyəm!” Həqiqətən də, o vaxtlar onun taleyi və şəxsiyyəti ilə bağlı məsələlərə heç kim şübhəylə yanaşmırdı. Heç nəyi sübut eləmək olmadığı kimi, heç nəyi rədd eləmək də mümkün olmurdu. Biz hətta dəqiq bilə bilmirdik ki, bu onun bədənidi, yoxsa yox. Biz vətənimiz haqqında, onun tarixini əhatə eləyən tarixdən savayı ayrı bir tarix bilmirdik, onun öz istəyinə uyğun yaratdığı Kainat ölçülərinin dəyişib, zamanın özünü belə öz istədiyi şəkildə axmağa məcbur etdiyi vətəndən savayı bir vətən tanımırdıq. Tarixin bu səhifələri, ölkənin mənzərəsiylə birlikdə, onun xatirələr bulağının lap çeşməsində, yaddaşının dumanlı, ucqar bir döngəsində parlayıb yox olurdu; o bu xatirələrlə sarayın içiylə məqsədsiz-filansız, daim alçaqlığın yuva saldığı, bircə dəfə belə olsun xoşbəxtlik qığılcımı çırtlamadığı dəhlizlərlə gəzib-dolaşır, yelləncəyin ətrafına qarğıdalı dəni tökə-tökə toyuqlarını yedirdir, qulluqçusunu lazımsız əmrlərlə çərlədir, gah limonad dolu stəkan gözünün qabağında ola-ola buzlu limonad tələb edir, sonra ona barmağının ucuyla belə toxunmur, gah hansısa stulu bir yerdən götürüb başqa bir yerə qoydurur, sonra əksinə, əvvəlki yerinə gətirtdirirdi; bütün bu xırda şıltaqlıqlar onun hakimiyyət hərisliyi ocağına atdığı son, miskin kömürlər idi; o, ölkəni heç nə eləmədən, mürgü içində, uzaq uşaqlıq xatirələrində gicəllənə-gicəllənə idarə edir, hərdənbir mürgülərinin içində nə isə aydınlaşır, köhnə konstruktorun hakimiyyətə gəlişinə qədərki dövrün hansısa detalı onu mürgüdən ayıldır, bu nəhəng ölkəyə – bu sonsuz tropik bitkilər, keçilməz bataqlıqlar, qədim, dibsiz uçurumlar şahlığına, bir vaxt cəsur ovçuların canavarları yalın əllərlə tutduqları yerlərə nəzər salır. “Bax belə!” – deyərək şəhadət barmağını ağzına soxub damağına dirəyə-dirəyə fikrə gedirdi. Sonra danışırdı ki, bir dəfə – bir qaynar cümə gününün axşamı o, əvvəl küləyin uğultusunu eşidərək sonradan onun qəribə qoxusunu – köz iyini hiss edibmiş və baxıb görübmüş ki, sən demə, bu, külək yox, günün günorta çağı göyün üzünü tutub, qabağına çıxanları dağıdıb sökən, özündən sonra çımçılpaq mənzərələr, ara-sıra göy işığı qoya-qoya yaxınlaşan çəyirtkə bulududu; çəyirtkələrdən sonra Yer üzü yarandığı günün mənzərəsini xatırladırdı; o bu fəlakəti yaxşı xatırlayırdı, xoruzların kəsik boğazlarından damcı-damcı yerə süzülən qanı xatırlayırdı; həmin gün həmin o böyük, qədim kənddə bir qadın vəfat eləmişdi; o, dəfn mərasimində iştirakını da yaxşı xatırlayırdı – anasının əlindən tutaraq, cır-cındırla bəzədilmiş meyit uzadılan xərəyin ardınca ayağıyalın yeriyirdi, çəyirtkələr isə elə hey külək kimi uğuldaya-uğuldaya bir ucdan uçub gəlir, meyitin üstünə, saysız-hesabsız güllər kimi səpilirdilər. – “Bizim ölkə o vaxt bu vəziyyətdə idi!” Adamlar ölülərini tabutsuz basdırırdılar, çünki heç nələri yox idi. O, bir dəfə kiminsə artıq istifadə edib özünü asdığı iplə başqa birisinin özünün asdığının da şahidi olmuşdu. Bu ip kənd meydanının tən ortasında bitən ağacın budağından asılı vəziyyətdə qalmışdı, ancaq o biri adam özünü asandan sonra ona görə qırılıb yerə düşmüşdü ki, ip artıq çürümüşdü, özünü asan bədbəxt isə yerə yıxılıb kilsəyə yollanan qadınların gözü qarşısında çənə ata-ata çırpınmağa, qadınları qorxutmağa başlamışdı. O ölməmişdi. Onu özünü nə üçün asması ilə maraqlanmadan, dəyənəklə döyə-döyə ayağa qalxmağa məcbur eləmişdilər. Bu kim idisə, qərib bir adam idi; qərib də o adam sayılırdı ki, onu yerli kilsəyə gələnlər tanımasınlar. Hə, demək, onu dəyənəklə döyə-döyə ayağa qaldırmışdılar, ayaqlarına Çin qandalları vurub qızmar günəşin altına – yeddi küləyin qovşağına, özü kimi bədbəxtlərin arasına atmışdılar. – “Həmin o illər vəziyyət belə idi, Allahın qüdrətinin dövlətinkindən üstün olduğu o dövrlər hal-qəziyyə bu cür idi!” Hakimiyyətə gələn kimi o, bütün kənd meydanlarındakı ağacları kökündən kəsmək əmrini verdi ki, dar ağacları bazar günləri camaatı qorxutmasın, Çin qandallarıyla aparılan ictimai işgəncələri ləğv elədi, tabutsuz dəfnləri qadağan elədi, onun bərqərar olacağından xəbər verən o dövrləri xatırladan hər bir şeyi qadağan elədi. Dağlara dəmir yolu çəkdirdi ki, heyvərə qatırların ucbatından baş verən qəzaların qabağı birdəfəlik alınsın, qəhvə plantasiyalarında bal-maskaradlar keçirmək üçün sahələrə otuz qatırın belində otuz royal göndəriləndə baş verən bədbəxt hadisə bir də təkrarlanmasın. Bu qəza haqqında hətta xaricdə də çox yazırdılar və danışırdılar, amma hadisənin əsl mahiyyətini ondan savayı heç kim bilmirdi; o da ona görə ki hadisə baş verən zaman bircə o, təsadüfən pəncərədən boylanmış və qarlı zirvənin kənarında büdrəyib bir-birinin ardınca uçurumun dibinə yuvarlanan qatır karvanını görmüşdü. Bunu bircə o görmüşdü, uçurumun dibinə uçan qatırların dəhşətli kişnərtisini, royalın, karvanın süqutunu müşayiət edən, göy gurultusuna bənzər akkordlarını bircə o eşitmişdi; ölkənin yerdə qalan hay-küy həvəskarları isə gecə-gündüz, hələ də daş-kəsəyin üstə ağ toz dumanı qalan uçurumun ətrafında vurnuxur, Avstriyadan gətirilən bu royalların hansı möcüzəylə tikə-parça olub uçurumun dibinə dağılmasının səbəblərini araşdırırdılar. Bu qəzanın acı mənzərəsi, dillə deyə bilmədiyi ayrı vaqiələr də dönə-dönə onun gözləri qarşısında canlanırdı – kövrək xatirələri, bəzi həyat lövhələri, yaxud qızdırmalı vaxtlarında eşitdiyi hadisələr…. Bəlkə də, bütün bunları o nə vaxtsa siyasi və ictimai durğunluq dövrlərində həzz ala-ala səyahət haqqındakı kitabların səhifələrində oxumuş, bu kitablarda təsvir olunan qravürləri saatlarla beyninə həkk eləmişdi?! “Bir də, indi bunun nə əhəmiyyəti vardı ki? Bütün bunlar həqiqət idi, ya uydurma idi – fərqi nə idi ki? Onsuz da zaman keçdikcə, hər şey həqiqətə çevriləcək, hər əhəmiyyətsiz şey çönüb ciddi həqiqət olacaq!” – deyirdi və doğrudan da, elə bilirdi ki, onun əsl uşaqlığı, uşaqlıq çağları heç də göründüyü qədər uzaqda – kövrək xatirələr bataqlığında, inək təzəklərinin tüstüsündən yaranan və həmin dəqiqə də orda yoxa çıxan hansısa adda-budda, qırıq-qırıq assosiasiyalarda yox, elə burdaca – onu hər gün saat ikidən dördəcən gül-çiçəkli talvarın altındakı məktəbli partasının arxasında oturdub oxumağı öyrədən yeganə qanuni arvadı Letisiya Nasarenonun yanında keçmişdi. Bu, qadının böyük şücaəti idi; o bu dərslərə bütün rahibəlik qabiliyyətini, son gücünü sərf edirdi, qoca da onun bu səylərinə öz nəhəng iradəsinin gücüylə, bütün qəlbini və qabiliyyətini tədrisə həsr etməklə, tükənməz qocalıq hövsələsiylə cavab verirdi.

Dünyada hər şeyi unudub: “Pəncərənin önündəki şam ağacı yu-xu-lu şehin için-də-dir” – höccələyə-höccələyə, özü öz səsini eşitmədən oxuyurdu; anasının narahat quşlarının səs-küyündən onu, ümumiyyətlə, heç kim eşitmirdi, o da elə hey ucadan oxuyurdu: “Hin-du ma-zı ban-ka-ya qoyur… A-ta qəl-ya-nı tən-bə-ki i-lə dol-du-rur… Se-si-li-ya pen-dir, ka-hı, çu-ğun-dur, xa-ma, do-nuz pi-yi, si-yənək, şə-kər sa-tır… Sesiliya hər şey satır” – deyirdi və gülürdü, rahibənin ona ibrətamiz səslə, uşaqlara dərs verən müəllimə ədasıyla söylədiyi mətnin sözlərini mığmığaların vızıltısına uyğun ritmlə oxuyur, sonra bütün dünya, bütün Yer üzü bu səsə bürünürdü və bu hüdudsuz, kədərli ölkədə, məlum həqiqətlərdən savayı, heç bir şey qalmırdı; gözə dəyən, ələ gələn cəmi bir neçə şey – göydəki ay, qoyun və banan, don Viktorun öküzü, bir də Otiliyanın gözəl paltarı qalırdı… Onun bu qiraət dərsləri səhər-axşam hər yerdə, hər adamın qulağının dibində səslənməyə başlayırdı, portretləri kimi hamını qarabaqara izləyirdi. Hollandiyanın maliyyə naziri prezidentin rəsmi qəbulunda baş tutan söhbətin işgüzar havasından özü də bilmədən ona görə azıb çıxdı ki, qaraqabaq qoca ipək əlcəkli əlinin hərəkətiylə nazirin sözünü kəsərək onu da özüylə bərabər: “Mən ana-mı se-virəm… İs-ma-yıl a-da-nı ax-ta-rır-dı… Xanım po-mi-dor ye-yir-di…” – oxumağa məcbur elədi. Beləcə, oxuya-oxuya, barmağını metronom kimi tərpədə-tərpədə, pauzaların müddətini ölçür, bu çərşənbə axşamına verilən ev tapşırıqlarını səylə təkrarlaya-təkrarlaya istəyinə nail olur – Hollandiyanın təqdim elədiyi sənədlərin ödəniş vaxtı uzadılırdı. – “Bu barədə bir gün vaxt tapıb söhbət edərik, cənab nazir!” Sübh tezdən qızılgül kollarının altında oyanan korlar, cüzamlı, iflic xəstələr ibadət mərasimlərindəki kimi oxuya-oxuya onları xaçın altından keçirən acıqlı qocanı görəndə mat-məəttəl qalırdılar: – “Göylər sultanıyam mən – qanunu sevirəm mən, bəsirətli adamlar tənha səhrada ulayar! Mayak – hündür qaladır, işığıyla gəmiləri gecəyə yollayan qaladır!” O, Letisiya Nasarenonun ona bəxş etdiyi bu gecikmiş xoşbəxtlikdən nəşələnə-nəşələnə cümlələrin hər birini üç dəfə oxudu. Zamanın özü Letisiya Nasareno idi, – “Mənim həyatımın Letisiya Nasarenosu!” Siestanın bürkülü xərçəng iyi hopmuş ağır havasında Letisiya Nasareno ilə böyür-böyürə, tərdən nəmlənmiş döşəkağının üstündə, elektrik ventilyatorlarının yarasa qanadına oxşar pərləri altında uzanmaqdan savayı, ləzzətli bir şey yox idi; “Sənin yançaqlarının işığından savayı, ayrı işıq yox idi, Letisiya, sənin totemik idolların döşünə bənzər döşlərindən, yastıdaban ayaqlarından, şəfqətli sədəfotu budağı qoxuyan iyindən, bir də bir vaxtlar, tənha bir sübh çağı dünyaya gəlib bataqlıq çürüntüsünün iyini ciyərlərinə çəkdiyin uzaq Antiqua adasının canüzən yanvar istisindən savayı, heç nə yox idi!” Onlar xüsusi fəxri qonaqlar üçün ayrılmış yataq otağına çəkilir, belə vaxtlar heç kim onlara mane olmağa, otağın qapısına beşcə metr yaxına getməyə belə ürək eləmirdi. – “Çünki mən çox məşğulam – mən oxumağı və yazmağı öyrənirəm!” Onu hətta kənd camaatının sarı titrətmədən qırılıb tökülməsi xəbəriylə də narahat eləməyə ürək eləmirdilər; – o öyrənirdi, ürəyinin döyüntüləri Letisiyanın vəhşi heyvan iyindən həssaslaşıb metronomun zərbələrinin ritmini ötüb-keçirdi, o öyrənir və təkrar edirdi: “Cırtdan bir aya-ğı üstə rəqs e-dir! Eş-şək də-yir-ma-na ge-dir! O-ti-li-ya yay-lı-ğı-nı ya-xa-la-yır! Yay-lıq “a” hərfi ilə yazılır!”

Letisiya isə bir qulağı onda, sevgi məşğələləri zamanı bulanmış döşəkağıları yığışdırır, onu ilıq vannaya salır, ətirli sabunla sabunlayıb lifləyir, sonra şəfalı otların cövhərinə çəkir və onunla birlikdə təkrarlayırdı: “x” hərfi “xor”, “xaç”, “xırman” və sair bu kimi sözlərdə əvvəldə yazılır!” Sonra onun ayaqlarının quruyub qaxaclaşmış qatlarını, qaşınmadan qızaran dərisini kakao dənələrinin yağıyla yağlayır, balaca körpələri pudralayan kimi, sısqa yançaqlarını ağ tozla pud­ralaya-pudralaya, nəvazişlə şillələyir və: “Bax bu, Hollandiya maliyyə nazirinə görə! Al! Al!” – deyirdi. Sonra Letisiya onu, günahlarını yudurtmaq üçün, bir vaxt ölkədən qovdurduğu kilsə əyanlarını geri qaytarmağa məcbur elədi – axı xəstə­xanalarla, yetimxanalarla, Allaha yaxın digər yerlərlə kimsə məşğul olmalıydı!.. İş bu yerə çatanda bir müddət heç bir şey alınmadı, qoca ona kinli üzünü göstərib: “Heç vaxt!” – dedi. İctimaiyyətin gözü qarşısında bir dəfə qəbul olunmuş qərarı dəyişməyə heç kimin gücü çatmaz; lakin Letisiya inadından dönmədi, onu sevgi anlarının ən təngnəfəs döngələrində yaxaladı, dilə tutub: “Bircə bunu xahiş eləyirəm sənnən, həyatım mənim, bircə bunu! Qoy bu zavallı dindarlar öz yerlərinə qayıtsınlar, axı onlar heç vaxt sənin bir işinə qarışmayıblar, heç vaxt heç bir işinə burun soxmayıblar!” – söylədi. O isə həmişəki hövsələsiz ehtirasında boğula-boğula: “Heç vaxt, əzizim, – deyirdi, – eşşək əvəzinə hinduları minib gəzən, ucuzlu şüşə muncuqları qızıl nariqerilərə və arrekadalara dəyişən bu arvadağızların geri qayıtmasına icazə verməkdənsə, ölərəm!” Buna cavab olaraq Letisiya onun şəhvətli istəklərini rədd edir, bədəninə toxunmağa icazə vermir, inadla, dövlətin müsadirə etdiyi kilsə məktəblərinin ruhani idarələrinə qaytarılmasını, kilsə mülkiyyətindən sekvestrin götürülməsini, şəkər zavodlarının, kazarmaya çevrilmiş məbədlərin monastırlara qaytarılması­nı xahiş eləməyinə davam edirdi. Onda o, qətiyyətlə üzünü divara çevirib dillənirdi: “Bu Allah quldurlarına, neçə yüzilliklər boyu ölkənin ciyərlərini yeyib-sökən bu quzğunlara imkan verməkdənsə, sənin bu sonsuz məhəbbətinin ləzzətli əzablarından imtina eləsəm yaxşıdı. Heç vaxt! Onların ayağı buralara dəyməyəcək!”

“Lakin onlar geri qayıtdılar, mənim generalım!”

Onlar ölkəyə sizin məxfi əmrinizə əsasən, ən darısqal, gözəgörün­məz cığırlarla, gözdən-könüldən uzaq limanlarda sakitcə, gizlicə dayana-dayana qayıdırdılar. Letisiyanın xahiş elədiyi adamların, demək olar, hamısı geri qayıdırdı, onlara dəyən zərər artıqlamasıyla ödənilirdi, müsadirə olunmuş əmlakı – bütün mülkiyyəti kilsəyə qaytaranda vətəndaş kəbinləri və boşanmaları haqqında qanun, məktəbin kilsədən ayrılması haqqında qanun və Bendisyon Alvaradonun müqəddəslər sırasına daxil edilməsinə etiraza cavab olaraq qəbul edilmiş bütün qərarlar ləğv edildi, Allah ona rəhmət eləsin! “Sənə daha nə lazımdı?” Letisiya Nasarenoya isə hələ çox şey lazım idi, odur ki, günlərin bir günü qocaya: “Qulağını qarnıma qoy, – dedi, – onda görərsən ki, qarnımda böyüyən uşaq sənə necə səs verir”. Letisiya özü də içindən, bətnindən, dölətrafı bol suların qoynunda yır­ğa­­lanan canın səsindən qorxub diksindi. “Sənin qanındı... – Letisiya dedi; onda qoca eşidən qulağını onun qarnına dirəyib dinlədi və kör­pənin ürək döyüntülərini eşitdi. “Bizim günahın övladıdı, – Letisiya dedi, – günah dolu sevgimizin övladı, bizim oğlumuz, – “Emmanuel” adlanacaq oğlumuz… bu, müqəddəs addı, onun alnında mənsub olduğu əsil-nəcabətin işarəsi parlayacaq, anasından fədakarlığı, atasından böyüklüyü mənimsəyəcək, o da atası kimi, taleyin hökmüylə, bütün canlı aləmin rəhbəri, aparıcı qüvvəsi olacaq, lakin atası müqəddəs mehrabın önün­də bu vaxtacan qadağalı eyş-işrət, kafirlik sayılan bu əlaqəni qanuniləşdirməsə, o, göylər tərəfindən lənətlənib bic doğulan uşaqlar sırasında, öz vətəni tərəfindən gözdən salınacaq!” Onda o, yatağın üstündəki naxışlı örtüyü kənara atıb ayağa qalxdı, nəfəsi, gəmi sobasının gurultusu kimi, uğuldaya-uğuldaya, qəzəblə: “Heç vaxt! – çığırdı. – Ölərəm, evlənmərəm!” – deyərək nəhəng ayaqlarını döşəmə boyu sürütləyib xışıldada-xışıldada, gün-gündən yadlaşan sarayın Bendisyon Alvaradonun rəsmi dəfn matəminin son gecəsindən sonra xüsusi ecazkarlıqla şövqlənən zallarından keçərək gözdən itdi. Pəncərədən matəm pərdələri açılmışdı deyə otaqları günəşin gur işığı bürümüşdü, dənizin nəfəsi içəri dolmuş, eyvanlarda güllər açmışdı, çöldən hərbi marşların səsi eşidilirdi; bütün bunlar onun vermədiyi əmrin şərəfinə idi, bu əmri o verməmişdisə də, şübhəsiz ki, onun üslubunda olan əmr idi; əmrdə onun təmkinli qətiyyəti, üslubu hiss olu­nurdu. Odur ki o, əmri qəbul elədi: “Razıyam!” Sonra yenə onun vermədiyi, lakin mətniylə razılaşdığı ayrı bir əmrlə bağlı məbədlərin qapıları açıldı, monastırlar və qəbiristanlıqlar müqəddəs ataların ixtiyarı­na verildi, kilsə bayramları və müqəddəs orucluq bərpa edildi; açıq pəncərə­lər­dən diz çökərək ona dua edən camaatın xoş səsi eşidilirdi, onlar Allahın yerdəki nümayəndəsinin ölkəyə qədəm qoyması münasibətilə şadyanalıq edirdilər. Bu nümayəndə Letisiyanın göstərişiylə gəmilərdən birində gətirilirdi; bu, Letisiyanın yataq otağında birdən-birə ağlına gəlib özbaşına qəbul elədiyi və camaatın gözü qarşısında hörmətini itirməmək üçün rəsmi surətdə təsdiqləməyə məcbur olduğu qərarlardan biri idi.

Letisiya onun pəncərədən gizli təəccüblə müşahidə etdiyi ucsuz-bucaqsız dindarlar izdihamının təkanverici qüvvəsi idi; bu izdiham say etibarıyla Bendisyon Alvaradonun külünə sitayiş etmək üçün bir vaxt küçələrə çıxan fanatiklər ordusundan qat-qat çox idi. Bendisyon Alvaradonun xatirəsi hər cür üsullarla məhv edilirdi; həmin bu möminlər kütləsi Bendisyon Alvaradonun külünü, quruyub çürümüş gəlinlik fatasının ovuntularını küləyə verirdilər, adı yazılmış qəbirüstü lövhə tərs üzünə çevrilib sərdabənin üz tərəfinə – divara həkk edildi ki, bu yerlərdə ömrü boyu boz quşları qu quşuna çevirməkdən ötrü fırçası əlindən düşməyən mərhum quş alverçisini yada sala bilən bir iz qalmasın. – “Və bütün bunlar sənin əmrinlə, sənin istəyinlə baş verdi ki, ayrı bir qadının xatirəsi sənin mənə olan sevginə kölgə sala bilməsin, mənim dərdim, Letisiya Nasareno, it qızı!” Letisiya onu elə bir yaş həddində dəyişdirmiş­di ki, bu yaşda insanı dəyişmək mümkün deyildi, belə yaşda insanı yalnız ölüm dəyişdirə bilərdi; evlənməkdən yüz bəhanə ilə boyun qaçırıb uşaq şıltaqlığıyla dediyi: “Ölərəm – evlənmərəm” söhbətini isə Letisiya yataqdaca, şirin sevgi dəqiqələri ərzində usta fəndlərlə kökündən kəsmişdi, üstəlik, onu təzə qurşaq taxmağa məcbur eləmişdi, “yoxsa qoca, qara quzunun dərisində azmış zınqırovu kimi, yellənə-yellənə qalmışdı…” Qadın onu bir vaxt gözəllik kraliçalarıyla vals oynadığı laklı uzunboğazları geyməyə, ölənəcən ali hakimiyyət simvolu kimi taxmağa məhkum olduğu qızıl mahmızı uzunboğazın sol tayına keçirməyə, Böyük Admiralın ona şəxsən bağışladığı, qızılı saplarla, baftayla işlənmiş epoletli ağır kitelini – gün üzünə çıxmadığı uzun illərdən bəri, prezident karetinin pəncərəsində dərin fikirlərə qərq olmuş profilinin, qəmli baxışının, ipək əlcəkli əlinin hüznlü hərəkəti göz qırpımında görünən vaxtlardan bəri geymədiyi kitelini geyməyə, kişi ətri vurmağa, döyüş qılıncını, bütün orden-medallarını, Roma papasının müsadirə edilmiş kilsə əmlakının geri qaytarılmasına görə onu təltif etdiyi Tanrı Dərgahı ordenini, kavaler lentini taxmağa məcbur elədi. – “Sən məni lap bayram yemişi kimi bəzədin!” Sübh tezdən həmin bu görkəmdə Letisiya onu təm-təkcə, müşayiətsiz-şahidsiz, tül fatasının dumanı içində, yeddi aylıq biabırçı qarnını ikimərtəbəli kətan tumanının – gips təkər kimi kobud, qalın alt və sürüşkən üst tumanın altında gizlədə-gizlədə, mum şamların və pəncərələr boyu solan portağal budaqlarının qarışığından qəlyanaltı iyi verən alaqaranlıq iclas zalına apardı. Onlar bədheybət zalın dörd bir tərəfindən, usanmadan çalxalanıb uğuldayan ucsuz-bucaqsız adam dənizinin sahilində don vurmuş kimi key vəziyyətdə, tər içində yanaşı dayanmışdılar. Zalın bütün giriş-çıxışları bağlı idi, pəncərələr dövlət gerbli qalın pərdələrlə tutulmuşdu; zal ölüm qoxusu saçan, anlaşılmaz, ölü bir mərasimə – onların kəbin mərasiminə hazırlaşırdı; bu mərasim dövlət sirri kimi gizlin saxlanılmalı, dünyada bircə adam belə bunu bilməməliydi. Letisiya havasızlıqdan boğulur, bətninin qaranlıq sularında üzən körpəsinin səbirsiz təpiklərindən əziyyət çəkirdi – bu onun körpəsi idi, onun oğlu idi. – “Axı sən özün istəyirdin ki, oğlun olsun! Bu da oğlan!”

Təntənəli geyimli arxiyepiskopun harasından çıxdığı məlum olmayan asta səsiylə Allahın şərəfinə oxuduğu duaları dəhlizlər boyu mürgüləyən qarovulçulara belə gedib çatmırdı. Zəhmli qocaya: “Sən Letisiya Mersedes Mariya Nasareno ilə evlənməyə razısanmı” – sualını verərkən, az qala, ürəyi dayanan arxiyepiskopun qorxusu ana bətninin dərin sularında azmış dalğıcın qorxusu qədər anlaşılmaz və qaranlıq idi. Bu vaxta qədər heç kimin ona bu sualı verməyə cəsarəti çatmazdı. Necə yəni, o kimisə özünə arvad eləməyə razıdırmı?! Heç vaxt heç kim ona belə bir sual verə bilməzdi! Cavabında gözünü yüngülcə qırpıb: “Razıyam!” – dedi və ürəyinin döyüntüsündən sinəsində tərpənən orden-medalların cingiltisi eşidildi. “Razıyam!” sözü yenilməz qürurla səsləndi və elə həmin an Letisiya Nasarenonun bətnindəki körpə dölətrafı sularda öz istiqamətini müəyyənləşdirib işığa sarı yön aldı. Letisiya ağrıdan üçqat olub təngiyə-təngiyə: “İlahi, pərvərdigara, sənin müqəddəs qanunlarını öz şəhvətini doyurmaqla yerinə yetirən sadiq rahibəni əfv et! Sənin cəzanı qəbul edirəm, İlahi!” – deyə çanaq sümüklərinin cırıltısını gizləmək üçün naxışlı paltarını cırıb sökdü və ikilaylı tumanının dolaşığından öz yarımçıq bicini çəkib çıxartdı. Körpə təzə doğulmuş buzov ölçüsündə, elə buzov kimi də köməksiz idi. Letisiya körpəni əlinə alıb yuxarı qaldırdı, onu rəngbərəng mehrabın zəif işığında gözdən keçirib oğlan uşağı olduğunu dəqiqləşdirdi. – “Siz necə istəmişdiniz, mənim generalım – oğlan!” Müqəddəs Emmanuel adı daşımalı olacaq, lakin heç bir əməli ilə Allahın adına şərəf gətirə bilməyəcək bu körpə çəlimsiz bir oğlan uşağı idi; atası onu qurbanlıq daşının üstünə qoyub göbəyini öz qılıncıyla kəsərək yeganə qanuni oğlu elan etdi və həmin gündən bəri uşaq, bütün səlahiyyətləri ona verilmiş diviziyanın generalı təyin edildi. – “Onu xaç suyuna salın, müqəddəs ata!”

Bu qəribə hadisə qədəm qoyan yeni dövrün müqəddiməsinə çevrildi, dəhşətli, ağır dövrlərin başlanğıcı oldu. O dövrlər camaatın yadında, küçələrin, hələ səhərin gözü açılmamışdan, xüsusi karton lövhələrlə dövrəyə alınmasıyla qalmışdı; ordu bazar alverçilərini tüfənglərin qundağıyla o baş-bu başa qova-qova, hay-küy sala-sala camaatın gözünün odunu alırdılar ki, hamı pəncərə və eyvanlarını kip bağlasın; heç kim küçələrdən güllə kimi ötən qızıl dəstəkli limuzini görməməliydi; damlarda, bacalarda hansısa təsadüf üzündən gizlənib oğrun-oğrun aşağı boylanmaq nəsib olanlarsa küçələrdən yel kimi vıyıldayan hökumət limuzinini, prezidentin şəxsi limuzinini – maşının içində, başında, kənarları güllü fetr şlyapa, boğazında bir düjün tülkü dərisi olan balacaboy rahibəni görürdülər; görməmişin oğlu oldu, günorta çıraq yandırdı! Biz hər çərşənbə, səhər tezdən bazarın girəcəyində maşından düşüb balaca generalın əlindən tutaraq bir dəstə əsgərin müşayiətilə bazara girən Letisiyanı görürdük; o zaman uşağın üç yaşı ancaq olardı, həm də uşaq o qədər arıq və çəlimsiz idi ki, oğlandan çox, qızılı saplarla işlənmiş hərbi mundir geyimli qıza oxşayırdı; mundir uşağın əyninə elə kip otururdu, elə bil elə mundirdə doğulmuşdu; bu mundiri o, diş yeri təzə-təzə yarılandan – Letisiya onu arabada atasının təmsil etdiyi rəsmi mərasimlərə gətirəndən, anasının qucağında otura-otura öz ordusuna tamaşa eləməyə başlayandan bəri geyirdi; bu forma həndbol oyunlarının sonunda camaatın gənc generalın şərəfinə səsləndirdiyi alqışlar altında, anasının əlləri üstə göylərə qaldırıldığı vaxtlardan onun əynində idi; həmin bu formada o, milli bayram münasibətilə keçirilən paradda, üstüaçıq avtomobildə otura-otura anasının döşünü əmirdi; Letisiya süddən üfürlənmiş döşünə buzov kimi təpilən körpə generalı camaatın çoxmənalı baxışlarla süzə-süzə, bir-birinə göz vurmasına qətiyyən məhəl qoymurdu; diplomatik qəbullarda isə uşaq artıq heç kimin köməyinə ehtiyacı olmadığı vaxtlardan iştirak etməyə başlamışdı; bu qəbullara o, təkcə hərbi mundir geyməklə kifayətlənmir, atasının mücrüsündən öz zövqünə uyğun seçdiyi döyüş medallarını da sinəsinə taxırdı; bu, qəribə təbiətli, ciddi bir oğlan idi, artıq altı yaşında cəmiyyət içində özünü lazımi səviyyədə apara bilirdi, böyük adamlarla, bərabər tərəf-müqabili kimi, şampan əvəzinə meyvə şirəsindən qurtum-qurtum içə-içə söhbət edirdi; qəribədi ki, adamlarla münasibətdə çox mədəni və qılıqlı idi, bu keyfiyyətləri kimdən qazandığı məlum deyildi; düzdü, bəzən elə də olurdu ki, qəbul mərasiminin ab-havası, qara buludlarla dolmuş kimi, tutulur – zavallı vəliəhd əsnəməyə başlayır və yuxulayırdı. Onda sanki zaman dayanır, söhbətlər cümlənin yarısındın qırılıb havadan asılı qalır, hərəkətlər donur və kiminsə: “Sakit, balaca general yuxuya gedib!” – pıçıltısı eşidilirdi; sonra adyutant onu, məzəmmət dolu təbəssümünü yelpiclərinin arxasında gizlədə-gizlədə: “Biabırçılıq! Əlahəzrətlərin gözündən iraq!” – deyən rəsmiyyətpərəst xanımlar və sığallı casuslar yığnağını yara-yara otağına aparırdı; general isə beyninə yeritmişdi ki, guya bunlardan xəbərsizdi, hətta özü özünü inandırmışdı ki, ona, yüzlərlə bic uşağın arasından seçib yeganə oğlu elan elədiyi bu balaca uşağın hoqqalarına fikir vermək düzgün deyil, belə xırda məişət məsələlərinə məhəl qoymaq Letisiya Nasarenonun saysız-hesabsız iddialarına məhəl qoymaq kimi bir şeydi. Hə, demək, çərşənbə günlərinin sübh çağı o öz oyuncaq generalının əlindən tutaraq bir sürü kazarma aşpazı və əsgər forması geymiş başkəsən quldurların müşayiətilə şəhər bazarına gəlirdi. Bu adamlar sübhün kal şəfəqləri altında, canlı adamlardan çox, ölü ruhlara oxşayır, günəşin Qəraib dənizinin sonsuz səthi üzərində yaratdığı ani, sehrli mənzərə qədər gözlənilməz təsir bağışlayırdılar; onlar bellərinəcən limanın üfunətli sularına girir, ordan birbaş bu ticarət limanına, Martinikadan gül-çiçək, Paramaribodan zəncəfil gətirib gələn tarım yelkənli gəmilərə soxulub onları tarmar edirdilər; qabaqlarına çıxan hər kəsi talayıb soyur, gözlərinə dəyən hər bir şeyi hücumla ələ keçirirdilər; balıqçıların ovunu əllərindən alırdılar; hətta satlıq donuzlara yem əvəzi verilən tullantı balıqları belə qamarlayırdılar; donuzları tüfəngin qundağıyla döyür, bir vaxt qulların çəkildiyi, Nuh əyyamından qalan, lakin hələ də işləyən tərəzilərin içinə yığılmış tullantı balıqları da yığışdırırdılar; həmin bu tərəzidə, onun hakimiyyətinə qədərki qədim dövrlərdə Seneqaldan gətirilən ilahi gözəlliyə malik qul qadınlar və onların ağırlığında qızıl ölçülürdü.

“Onlar hər şeyi söküb talan elədilər, mənim generalım! Çəyirtkədən də qorxulu həşəratdılar!” Qoca, günbəgün yetişib sulana-sulana, növbəsini gözləyən bu söhbəti həmin o çərşənbədən sonra açmadı; bu söhbət o biri çərşənbədən sonra da açılmadı; Letisiya, şəxsən onun cəsarət eləmədiklərini eləyəndən sonra da. Bu qadın boynundakı tülkünün parıldayan gözlərinə hürən bir sürü küçə itlərinin müşayiətilə özünü quş və tərəvəz satılan piştaxtaların arasına salır, hürüşməyə məhəl qoymadan, ədalı yerişiylə ticarət zalının nəhəng arakəsmələri ilə, bədii təsvirlərlə işlənmiş dəmir sütunların arasıyla, sarı şüşədən düzəldilmiş nəhəng yarpaqların və dəmir budaqların, çəhrayı şüşədən tökülmüş nəhəng almaların, mavi şüşədən tökülmüş, içi əfsanəvi bitki səltənətiylə dolu bolluq buynuzlarının altıyla gəzməyinə davam edirdi. O ən şirəli, yeməli meyvələri, ən təzə, təravətli tərəvəzləri seçib götürürdüsə də, əli dəyən meyvə o dəqiqə öz təzəliyini, təravətini, gözəlliyini itirib solurdu; bu onun əlinin qəribə, naməlum xüsusiyyəti idi – toxunduğu hər bir şeyi korlayıb məhv etmək. Onun ani toxunmasından təzə, isti çörək quruyub kiflənirdi, barmağındakı nişan üzüyünün qızılı isə qaralırdı. Lakin bu xüsusiyyətini heç cür boynuna almaq istəmir, bazar alverçiləriylə mübahisə edib hay-küy salırdı ki, guya onlar təzə mallarını gizlədib, qəsdən pislərini, çürüklərini ona sırıyırlar. “Bu eybəcər manqoları ancaq donuz­­lara yedirtmək olar! Fırıldaqçılar! Auyamalarını mənə elə soxuşdururlar, elə bil kar-zadam, bunun, düşük musiqiçi kimi, özü özünə cingildəməyini eşitmirəm!” Bir qədər sonra bazarın o biri başından onun ayrı çığırtısı gəlirdi: “Guya indi bu, mal ətidir? Qancıqlar! Bu, içi qurd basmış təzəkdi, təzək!” “Baxan kimi görünür ki, bu, qaban qabırğaları yox, vəbadan gəbərmiş eşşəyin sümükləridi, it qızları!” O, beləcə qoltuğu zənbilli aşpazlarıyla, əli vedrəli əsgərləriylə dörd bir yanı çapıb-taladıqca dil boğaza qoymur, səsi batanacan ulayırdı. Letisiyanın bu quldursayağı çığırtıları Şahzadə Edvard adasının qar basmış tülkü yuvasının iyini hələ də özündə saxlayan boynundakı tülkü dərilərinə qısqıran itlərin hürüşündən daha ətürpərdən, söyüşləri danışan tutuquşula­rın, sahiblərinin böyük məmnuniyyətlə Letisiyanın üzünə demək istədik­lə­ri, lakin heç cür deyə bilmədikləri söyüşləri mənimsəyən qırmızı quakamayaların söyüşlərindən daha qəliz və kobud idi. Onlar ləzzətlə Letisiyanın üzünə: “Oğru Letisiya, fahişə-rahibə!” – çığırırdılar. Həmin bu sözləri bazarın qülləsi altındakı dəmir sütunlarda, tozlu şüşə yarpaqların üstündə oturan tutuquşular çığırırdı; burda onlar bazarın içinə düşən quldursayağı çaxnaşmadan, hər çərşənbənin sübh çağı təkrar olunan bukanyer sambapalosundan çox-çox yuxarıda – əlçatmaz bir yerdə otururdular; bütün bu mənzərə səsi gün-gündən mülayimləşib mehribanlaşan, hərəkətləri bişdikcə, oyuncaq qılıncını zorla da olsa arxasınca sürüyə-sürüyə özünü kişiyə oxşatmağa çalışan, əl boyda oyuncaq generalın uşaqlıq dövrünün ən yaddaqalan əlaməti idi.

Uşaq bütün bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam sakit və laqeyd idi, özünü, anasının öyrətdiyi kimi, alicənab kökdən hesab olunması üçün qürur və ləyaqətlə aparırdı; Letisiya isə başlarına al-əlvan parçadan çalma sarımış, dinməz, qarabuğdayı qarıların gözü qarşısında həyasız ləçər kimi ən pis küçə söyüşlərini işə salıb hamını bazarın çirkabına salıb-çıxarırdı; qarılar onun yeddimərtəbəli söyüşlərinə dinməzcə qulaq asır, bu biabırçı talanı laqeyd üzlərlə, müqəddəs simaların portretlərindəkitək, gözlərini belə qırpmadan, üzlərini yelpicləriylə yelləyə-yelləyə müşahidə edirdilər; adama elə gəlirdi, onlar nəfəs belə almırlar; sonu Letisiya Nasarenonun balaca generalın əlindən tutaraq, əshabələrinin müşayiətilə quduz itləri yara-yara: “Hesabı dövlətə göndərərsiz, hamısı ödəniləcək!” – deyə-deyə çıxışa sarı addımlamasıyla bitən bütün bu biabırçılığı, bu abırsız soyğunçuluğu sakitcə qəbul etmək üçün bütün bu baş verənlərə tənbəki yarpağına bükülmüş koka yarpağının məstedici kürələrini ağızlarının içində çeynəyə-çeynəyə baxır, içlərini gözə dəymədən, yüngülcə çəkib: “İlahi! Əgər bütün bunları general bilsəydi!? Kaş, heç olmasa, ucundan-qulağından ona çatdıraydılar!” – deyirdilər. Zavallı qarılar elə bilirdilər ki, general, az qala, bütün dünyanın bildiyi bu biabırçılıqdan xəbərsizdi, arvadı Letisiya Nasarenonun hindu piştaxtalarından, eybəcər şüşə qu-quşularından tutmuş balıqqulağından yığılmış çərçivəli güzgülərəcən, mərcan külqabılara­­can, ərəblərin dükanından matəm lentləri üçün nəzərdə tutul­muş taftanı, ticarət küçəsində küçə zərgərlərinin piştaxtalarından qızılbalıq, yumulu yumruq quruluşlu amuletli qızıl boyunbağıları çırpışdırdı­ğı­nı bilmir; yazıq zərgərlərin əlindən isə Letisiyanın üzünə: “Sən boynunda­kı o tülkülərdən də betərsən” – deməkdən savayı bir şey gəlmir­di. O, ac gözlərinə dəyən hər şeyi qamarlayır, rahibəlik həyatından mənim­sə­di­yi yeganə xasiyyətini – pis, səviyyəsiz zövqünü və lazım oldu-olma­dı, dilənmək ehtiyacını beləcə təmin edirdi.

Fərq bircə burasındaydı ki, əgər bir vaxtlar o, vitse-kralın jasmin qoxuyan kvartalının girişlərində dilənərək xırda-xuruş yığırdısa, indi nəhəng hərbi furqonları xoşuna gələn qiymətli əşyalarla doldurub haqq-hesabın hökumətə göndərilməsi bəhanəsiylə aradan çıxırdı. Bu, “pul hesabının” Allahın özünə təqdim olunmasına oxşar bir şey idi, çünki artıq çoxdan bəri idi, ölkədə bir kimsə dəqiq bilmirdi ki, bu tərəflərdə, ümumiyyətlə, dövlət adında bir şey var, yoxsa görünənlər onun kölgəsidi. Biz de Armas meydanının qarşısındakı təpəlikdən qala divarlarını görürdük; bir vaxt tarixi nitqlərin səsləndiyi, naxışlı pərdəli pəncərələri və gül vazlarıyla məşhur eyvanları olan hakimiyyət evini görürdük. Gecələr bu bina göy üzündə üzən gəmiyə bənzəyirdi və nəinki şəhərin istənilən küncündən – dənizin yeddi millik məsafəsindən görünürdü; bu bina, əsasən, məşhur şair Ruben Darionun ölkəyə gəlişi münasibətilə ağ rənglə rənglənib, dörd bir yanından şar kimi dəyirmi fənlərlə işıqlandırılandan bəri gözə çarpmağa başlamışdı. Lakin bütün bunlar da cəm halda yenə bizi prezidentin həmin bu ağ divarların arasında, həmin bu hökumət evində yaşadığına inandıra bilmirdi. Əksinə, əlimizdə dəqiq əsasımız vardı belə güman edək ki, bütün bunlar vur-tut gözdən pərdə asmaqdı; hərb maşınının, prezidentin qocalıqdan mistisizm aləminə qərq olması, ictimai tədbirlərdən, əyləncələrdən uzaqlaşması, özünün öz üzərinə epitimya qoyması, ömrünün son günlərində bütün qabiliyyətləri­ni itirdiyini gizlətməsi, ruhunu dərviş əbasıyla sakitləşdirə­rək canını yüz cür dəmir avadanlıqlarla rahatlaması barədə söz-söhbətlərə son qoyması üçün normal həyat barədə tamaşa düzəltməsi idi; həm də danışırdılar ki, o, tək bir qara çörək və quyu suyuyla dolanır, yataq həzlərini isə Biskay monastırlarının dərviş əbası geymiş çılpaq xidmətçiləri ödəyir; deyirdilər, o, beləcə, zorla cinsi əlaqəyə girdiyi bir qadına görə, bircə Allahın köməkliyi ilə hələ bütün ali ordenləri ala bilməyən bu rahibənin ondan uşaq doğmağının günahını yuyanacan bu vəziyyətdə də qalacaq. Lakin bütün bu söz-söhbətlər söhbət olaraq da qalır, hər şey öz əvvəlki qaydasında – onun hüdudsuz kədər səltənətində olduğu kimi, yenə öz yoluyla davam etməkdəydi, çünki hakimiyyətin açarları hələ də Letisiya Nasarenonun əlindəydi və o, pul hesablarının dövlət tərəfindən ödəniləcəyini bildirəndə onu da deməyi unutmurdu ki, bu, şəxsən prezidentin öz arzusudu. “Hesabı hökumət ödəyəcək!” – ilk günlər bu ifadə, azca da olsa, ümid işığı yaradırdısa, günlər ötdükcə öz dəyərini, ciddiliyini itirirdi: “Hesabı hökumət ödəyəcək!” Hadisələr bu minvalla davam etməyindəydi ki, uzun-uzadı illərdən sonra günlərin bir günü cəsarətli kreditorlar əllərindəki çamadanlarla özlərini prezident sarayının qəbul bölməsinə yetirdilər. Ən qəribəsi o idi ki, bizə nə “hə”, nə də “yox” deyən oldu. Növbətçi bizi çox qanacaqlı və cavan bir zabit oturmuş yığcam qəbul otağına ötürdü, orda zabit, öz növbəsində, gülər üzlə qəhvə təklif etdi: “Prezidentin öz məhsulundadı, cənablar!” Bundan sonra o bizə pəncərələri dəmir çərçivəli, tavanları ventilyatorlu, gur işıqlı, ağ kabinetləri göstərdi; bu kabinetlər elə təmiz, elə işıqlı, hər şey o qədər saf və insanpərvər idi ki, özümüzü itirə-itirə bir-birimizdən: “Bəs deyilən o çürük hakimiyyət havası hanı? Öz işləri ilə tələsmədən, sakitcə məşğul olan bu ipək köynəkli məmurlar, bu mülayim adamlar necə qəddar və simic ola bilərlər axı?” – soruşduq.

Cavan zabit isə bizi hey saray otaqlarıyla gəzdirirdi; o bizi Letisiya Nasarenonun sübh şehi və səhərin təmiz havası, kor və iflic xəstələrin üfunətindən korlanmasın deyə dibindən kəsilən qızılgül kollarıyla bəzənmiş içəri həyətə apardı və bir vaxt kənizlərin yaşadıqları hinəbənzər barakları göstərdi… pas atmış tikiş maşınlarını, hərəmxana sakinlərinin iki-iki, bəzən üç-üç yatdığı kazarma çarpayılarını göstərdi və izah elədi ki, bu qəfəsəbənzər biabırçı barakı söküb yerində kiçik kilsə tikəcəklər; o bizə prezident sarayının ən müqəddəs yerini – günorta günəşinin işığından qızılı rəngə çalan təbii güllərdən hörülmüş talvarın altında dayanan, yaşıl taxtalardan yığılmış stolu, prezidentin Letisiya Nasareno və oğluyla – bu stolun arxasında oturmağa ixtiyarları çatan yeganə adam­larla təzəcə nahar elədiyi yeri göstərdi; əfsanəvi seybanı – prezidentin siestanın ən bürkülü saatlarını ikirəngli parçadan tikilmiş milli bayrağın kölgəsində keçirdiyi yelləncəyi, süd fermasını, pendir düzəldilən dəzgahları göstərdi; biz prezidentin hər səhər süd sağımına nəzarət etmək üçün gəldiyi yolla geriyə qayıdanda isə cavan zabit ayaq saxlayaraq palçığın içində qalan uzunboğaz çəkmənin izini göstərib: “Baxın, bu onun izidir!” – dedi. Və biz, nəhəng çəkmənin izinə baxa-baxa yerimizdəcə donub-qaldıq. Bu izdən möhtəşəmlik və əzəmət duyulurdu; bu, tənhalığa öyrəşən bəbirin hökmranlığının izi idi; bu izə baxdıqca özümüzü, prezidentin özündən çox, ecazkar hakimiyyət havasının bizə məlum olmayan gizli sirlərinin yaxınlığında hiss etdik və hər şey onunla bitdi ki, yüksək rütbəli hərbçilər ali komandanlığın, dövlətin, nəhayət, prezidentin özünün hüquqlarından daha böyük imtiyazlara malik olan özündənrazı, yekəxana qadına qarşı üsyana qalxdı. Şöhrətdən başı gicəllənən, özündən süni surətdə kraliça düzəldən Letisiya Nasareno həddini o qədər aşdı ki, axırda baş qərargah daha dözə bilməyib bizlərdən birini əlahəzrətlərin yaxınlığına buraxmağa məcbur oldu: “Yalnız bir adam, – bizə dedilər, – qoy o, generalın kürəyi arxasında baş verənlər barədə, ucundan-qulağından da olsa, bir arayış versin”. – “Məsələ də bax belə alındı ki, mən onu gördüm. O, qar kimi ağappaq otağında tək idi. Divarlardan cins ingilis atlarının qravürləri asılmışdı. O, yumşaq kresloda söykənəcəyə ehmalca söykənmiş vəziyyətdə oturmuşdu, başının üstə ventilyator pərləri hərlənirdi. Orden-medalsız, bürünc düyməli, ağ, əzik, kətan formadaydı, ipək əlcəkli əli, üstündə üç cüt eyni qızılı çərçivəli eynəkdən savayı heç nə olmayan yazı stolunun üzərində idi. Kürəyinin arxasında içi insan dərisinə bənzər cildli, tozlu mühasibat kitablarıyla dolu rəflər vardı; sağ tərəfində dəmir tor vurulmuş açıq pəncərədən bütün şəhər, dənizə qədər bircə quş görünməyən buludsuz, açıq səma görünürdü. Mən özümü çox yüngül hiss edirdim, çünki onun, əshabələrinə nisbətdə, çox sadə görkəmi vardı; portretlərindəkindən fərqli olaraq ev görkəmində idi, bəlkə də, buna görə ona ürəyim ağrıdı; ona aid olan hər bir şey nimdaş və qoca idi; özü isə çarəsiz xəstəlikdən üzülmüş xəstələr kimi o qədər zəif idi ki, “əyləşin” deməyə belə gücü çatmadı və ipək əlcəkli əlinin hərəkəti ilə mənə oturmağı təklif etdi, sonra harasa kənara baxa-baxa, nəfəsindən gələn ammonyak iyi kabinetin içini doldura-doldura, ağır xışıltı ilə nəfəs ala-ala məni dinləməyə başla dı; sonra uzun müddət pul sənədlərini gözdən keçirdi. Abstrakt təfəkkür ona yad olduğu üçün mən, məktəb dərsliklərin­də keçdiklərimdən istifadə edərək bu kağızlarda nədən yazıldığını sadə sözlərlə ona izah etdim. Ondan başladım ki, Letisiya Nasarenonun borca götürdüyü taftanın uzunluğu burdan Santa Mariya-del-Altaracan gedib-qayıtmaq qədərdir, yəni yüz doxsan dəniz milindən çox; onda o: “Aha”, – dedi; elə dedi, elə bil bu sözü özü özünə söyləyirdi. Sözümü onunla bitirdim ki, Letisiyanın borcları, sizin, əlahəzrətlərinin güzəştini nəzərə alsaq, son on ildə lotereya oyununun altı ən böyük uduşuna bərabərdir. O, yenə: “Aha”, – dedi və ancaq onda gözü gözümə sataşdı. Gözündə eynək yox idi və mən gördüm ki, gözləri ürkək və qəmlidi, danışanda isə səsi elə qəribə çıxırdı, elə bil sinəsində fisqarmon çalınırdı. “Sizin gətirdiyiniz dəlillər inandırıcı və ədalətlidir!” – o dedi.

 Bəli, o dövrlər o məhz belə idi; Letisiya Nasareno onu istədiyi kimi dəyişib daş dövründən qalan vəhşi Bendisyon Alvaradonun mağara tərbiyəsini canından çıxartdığı dövrlər onu yalnız bu səviyyədə görmək olardı. Letisiya ona süfrə arxasında yox, ayaq üstə yeriyə-yeriyə, bir əlində kasa, o biri əlində qaşıq dala-qabağa var-gəl eləyə-eləyə, nahar etmək adətini tərgitmişdi, indi onlar üçlükdə, çiçəkli sarmaşıqlardan hörülmüş talvarın altındakı bağ stolunun arxasında nahar edirdilər; nahar vaxtı o, uşaqla üzbəüz otururdu, Letisiya isə böyürdə oturub hər ikisinə seçmə ədalar, yeməyin bədənə daha çox fayda verməsi üçün xüsusi qəbul qaydalarını öyrədirdi; onlara stol arxasında düzgün vəziyyətdə – kürəyi stulun söykənəcəyinə söykəyib oturmağı, çəngəli sol, bıçağı sağ əldə tutmağı, tikəni düzgün çeynəmək qaydasını – başını dik tutaraq, ağzını açmadan on beş dəfə bir ovurdunda, on beş dəfə o biri ovurdunda çeynəməyi öyrədirdi və ərinin aradabir bütün bunların kazarma intizamına oxşadığını deməsinə qətiyyən məhəl qoymurdu. Nahardan sonra Letisiya onu rəsmi dövlət xəbərlərini – xüsusi təsisçisi və fəxri redaktoru şəxsən özü olduğu qəzeti oxumağa məcbur edirdi. Qadın bu qəzeti ona nahardan sonra, pationun nəhəng artırmasında, kölgədəki yelləncəkdə uzanıb mürgüləmək istəyən vaxt oxutdururdu. – “Dövlət başçısı dünyada baş verən bütün hadisələrdən xəbərdar olmalıdı”. Letisiya qızıl çərçivəli eynəyini onun burnuna taxır və o öz xəbərlər müjdəçisinin şişirdilmiş sulu cümlələrlə dolu səhifələrinə yola düzəlirdi; Letisiya, oğlunun idman məşğələləri ilə məşğul olur, monastırda öyrəndiyi top-top oyununu uşağa öyrədir, əlahəzrət isə belə məqamlar qəzetlərdə nəşr olunmuş qədim fotoşəkillərini nəzərdən keçirirdi; bu şəkillər o qədər qədim idi ki, çoxunda özü özünə oxşamırdı, elə bil nə vaxtsa, lap çoxdan onun əvəzinə ölmüş əkiztayı idi; kometanın gəlişindən bu yana, bircə iclas keçirməyən prezident, keçən çərşənbə nazirlər şurasının iclasında sədrlik etdiyi zaman çəkilən şəklinə baxır, burnunu, az qala, sətirlərə dirəyə-dirəyə, yüksək rütbəli nazirlərin onun adından yazdıqları aforizmlərlə, tarixi fikirlərlə tanış olur, sonra tutqun avqust gününün istisindən üzülə-üzülə: “Bu nə zay qəzetdi, lənət şeytana! Bu yazıq camaat bunu necə oxuyur?!” – deyə-deyə siestanın boğanaq havasında yuxuya gedir, hər belə duzsuz qiraətdən beynində, azca da olsa, nə isə qalırdı və həmin o cüzi olan nə isə onun beynində yeni ideyaların yaranmasına təkan verirdi, onda o, qısa, dayaz yuxusundan ayılıb Letisiya Nasareno vasitəsilə öz nazirlərinə müxtəlif tapşırıqlar göndərirdi; nazirlər də, öz növbələrində, onun fikirlərini bu xanımın dedikləri əsasında müəyyənləşdirməyə cəhd edərək cavablarını elə Letisiya vasitəsilə verirdilər. “Çünki mənim rəmmalım sən idin, bircə sən mənim fikirlərimi oxuya bilirdin, demək istədiyimi deyə bilirdin, mənim ən qəliz fikirlərimi yalnız sən nizamlaya bilirdin, sən mənim səsim idin, mənim şüurum və qüvvəm idin, sən – dünyanın dörd bir yandan daim üstümə odlu axınla yeriyən sonsuz uğultu içində lazım olanları eşidən ən iti qulağım idin”. O belə deyirdi, əslinə qalanda isə bəhrələnib istiqamətləndiyi ən etibarlı xəbərlər mənbəyi ümumi saray tualetlərinin divarlarında yazılan anonim xəbərlər idi; bu informasiyalar­dan o heç kimin, “hətta Letisiya, sənin özünün belə” deməyə cürət eləmədiyi həqiqətləri öyrənirdi; o bu informasiyaları sübh tezdən, inəklərin səhər sağımından sonra, gündüz növbətçiləri onları divarlardan yuyanacan oxuyur və tualetlərin divarlarını hər gün ağartdırmağı əmr edirdi ki, heç kim öz qəlbinin çirkabını, içinin acığını bəyaz divarlara tökməyə heyif­si­lən­məsin; həmin bu imzasız məktublardan öz zabitlərinin dərd­lərini öyrənir, onun köməyilə yüksək rütbəyə çatıb üzü dö­nən­ləri, ürəyində ona nifrət edənləri bircə-bircə tanımağa başlayır və məhz beləcə insan qəlblərinin gizli guşələrinə baş vurduqca özünü tam qüvvətli hiss edirdi; bu qəlblərə o çox asanca, ifşa güzgülərinə – tualetlərin divarına – boylandıqca baş vururdu.

O dövrlər uzun-uzadı illər bundan əvvəl tərgitdiyi mahnılarını yenidən oxumağa başladı; yenə miçətkənin dumanı içində Letisiya Nasarenonun, ləpənin vurub dayaza atdığı balina cəmdəyinə bənzər bədənini nəzərdən keçirə-keçirə: “Di oyan, Letisiya, mənim qəlbimdə artıq səhərdir! Həyat davam edir! Dəniz sahilini sığallayır!” – oxuyurdu. Həyat beləcə davam edir, Letisiya Nasarenonun – boş bir şey­dən – səhərlər onunla bir yataqda oyanmaqdan savayı, istədiyi hər bir şeyi ondan ala bilən yeganə qadının qəribə əhvalatları davam edirdi. Hər axşam o, sevgi nəşələrindən doyandan sonra otağına gedir, öz subay yataq otağının qapısından, işdi, birdən qovhaqov düşərsə, ona mütləq lazım olacaq yanar lampasını asır, kilidi üç dəfə açarlayıb üç zənciri, üç cəftəni bağlayır, Letisiya Nasarenoya qədər olduğu kimi və Letisiyadan sonra ömrünün son gecəsinədək olacağı kimi, geyimli-kecimli, üzüüstə döşəməyə düşüb suda boğulan tənha adamın yuxusunu görürdü. Lakin hər səhər inəklərin sağılmasına nəzarət eləyəndən sonra Letisiyanın yeni arzularını həyata keçirməkdən ötrü – onun tamahkar gözünü, rəhmətlik anası Bendisyon Alvaradonun hüdudsuz vərəsəliyi ilə müqayisəyə belə gəlməyən bahalı hə­diy­yələrlə doldurmaqdan ötrü yenidən qadının yataq otağına – hələ də vəhşi heyvan iyi gələn otağa qayıdırdı. Lakin məsələ tək Letisiya ilə qurtarmırdı, Letisiyanın hansısa Antil adalarından tökülüşüb gələn qohumlarının da tamahkar gözünü doyurmaq lazım gəlirdi; bu heç nəyi olmayan, bircə Nasareno nəslinə aidiyyəti olan yoğun səsli, ac-yalavac şorgöz dəstə idi. Letisiyanın qohum-əqrəbası bütün duz, tütün, içməli su satışını ələ keçirdilər, ordu rəhbərlərinin arasında bölüşdürül­müş ticarət sahələrinə də soxuldular. Demək, məsələ beləydi ki, ac-yalavac Nasareno sülaləsi onun-bunun tikəsini əlindən qamarlaya-qamarlaya camaatın hesabına dövlətlənməyə başladılar və guya bütün bunlar prezidentin razılığıyla həyata keçirilirdi; əslində isə qərarı Letisiya verir, prezident də bu qərarla razılaşmalı olurdu. Həmin dövr o, Letisiyanın təkidiylə vəhşi edamları – adamları dörd atın arasında şaqqalamaq cəzasını ləğv etdi və bu dəhşətli cəza növünü yadelli desantın ölkədə olduğu illər, desantın komandanının şəxsən ona bağışladığı elektrik stulu ilə əvəz etməyə cəhd etdi; yəni ki, bizdə də ölüm cəzasının ən müasir növündən istifadə edirlər.

Bu məqsədlə o, liman qalasının həbsxanalarına – ən cansız siyasi dustaqların təcrübə dovşanı kimi saxlanıldığı dəhşətli laboratoriyalara baş çəkdi: işə salınanda bütün şəhərin elektrik enerjisini udan ölüm taxtının idarə sistemi bu adamların bədənində sınaqdan keçirilməliydi; biz bu eksperimentlərin vaxtını dəqiq bilirdik; bunu müəyyən eləmək bir o qədər də çətin deyildi, işıqlar qəfil sönürdü və biz dəhşətdən itən nəfəsimizlə qaranlıqda donub qala-qala, liman qəlyanaltıxanalarında ölənlərin ruhunu badə qaldıraraq bir dəqiqəlik sükutla yad edirdik və bilirdik ki, bu adamlar bir dəfə yox, bir neçə dəfə ölürlər; bilirdik ki, dustaqların çoxu birinci dəfədən ölmürdü, yarımcan vəziyyətdə kabab kimi tüstülənə-tüstülənə qayışdan asılıb qalır, cəlladlardan biri əməliyyatı iki-üç dəfə təkrar edəndən sonra, bu yazıqları gülləylə vurub öldürməyincə, dəhşətli ağrılardan xır-xır xırıldayırdılar. – “Hərsənə görə idi, Letisiya! Türmə kameraları sənin istəyinlə boşaldılmışdı, sənin istəyinlə düşmənlərimi əfv edib vətənə qayıtmalarına icazə verdim!”

Pasxa qabağı o, vicdan azadlığını bərqərar edən, fərqli fikrə görə cəzaları qadağan edən qərarı rəsmiləşdirdi, çünki ömrünün payızının yetkin çağı səmimi-qəlbdən anladı ki, ən qatı düşmənlərinin belə əfsanəvi yanvar gecələri Letisiya Nasareno ilə onu göyərtədə, bircə alt tumanında oturan vəziyyətdə, ayın işıldatdığı nəhəng qarnını görmək şərəfinə nail olan yeganə qadınla keçirdiyi xoşbəxtliyin ən xırdaca payına da olsa hüquqları çatır; onda o, Letisiya ilə birlikdə Babil hökmdarlarının göndərdiyi, Yağışlar Bağında əkilən gümüşü söyüdləri, leysan yağışın günəşin büllur şüalarıyla kəsilməsini, yaşıl cəngəlliklər içində itib-batan Qütb ulduzunu seyr edir, radioların, dünyanın bütün paytaxtlarının adı və meqahers rəqəmləriylə dolu olan şkalasını gözdən keçirir, Letisiya ilə birlikdə dünyanın qarma-qarışıq səsləri və öz orbitləri ətrafında ətürpərdən uğultu yaradan planetlərin səsi içində hər axşam Santyaqo-de-Kubadan verilən, hər fəsli ürək kövrəldən – “Təki sabaha sağ çıxaydıq” sözləri ilə bitən radioromanın növbəti fəslinə qulaq asırdı. Gecələr, yatmamışdan əvvəl isə uşaqla məşğul olur, ona silahlar barədə, hansı silahın harda işlədilməsi barədə danışırdı; axı bu onun xırdalıqlarına qədər bələd olduğu yeganə sahə idi!.. Siyasi müdriklik dərslərinə gəldikdə isə o hər dəfə uşağa eyni şeyi təkrar deyirdi: “Əgər sözünün yerə düşəcəyindən şübhələnirsənsə, heç vaxt əmr vermə!” Hər dəfə də uşağı bu kəlamı onunla birlikdə təkrar eləməyə məcbur edirdi, o, birdəfəlik başa düşsün ki, yüksək vəzifəli şəxsin yeganə səhvi – yerinə yetiriləcəyinə dəqiq əmin olmadığı vəziyyətdə əmr verməyidi; məlum məsələydi ki, bu, yetkin dövlət xadimindən, həyat təcrübəsi görmüş müdrik atadan çox, nəfəsindən artıq süd iyi gələn heysiz qocanın məsləhətiydi və işdi, əgər Allah-taala uşağa da bu qədər ömür bəxş etməli olsaydı, o bu məsləhəti qəbir evinəcən yadından çıxarmayacaqdı, çünki bu düsturu ilk dəfə altı yaşında – atasının rəhbərliyi altında ağır qurğudan atəş açdığı gün eşitmişdi, odur ki, yaddaşına həmin bu dəhşətli gurultuyla birlikdə həkk olunmuşdu; biz isə o dəqiqə başa düşdük ki, həmin bu ağır qurğudan açılan atəş yaxın vaxtlarda baş verəcək təhlükəli təbii fəlakətin xəbərdarlıq əlamətidi, çünki atəşdən sonra dəhşətli bir qasırğa – yağışsız, lakin şimşəkli, gurultulu bir qasırğa başladı; bir gurultu qopdu, elə bil yeraltı vulkanların hamısı birdən oyandı, Komodoro-Rivadavia tərəfindən isə vahiməli qütb küləyi əsməyə başladı; külək dənizi alt-üst edib suları çalxaladı, köhnə ticarət limanı meydanında məskən salan köçəri sirki saman çöpü kimi hərləyib özüylə apardı və biz bir qədər sonra su boyu trapesiyalarda üzən filləri, suda boğulmuş klounları və zürafələri torla tutmağa başladıq; onlar buralara qasırğanın ilk həm­lə­sin­dən düşmüşdülər, külək onları ordan trapesiyaqarışıq dənizə salmışdı; həmin bu dəlisov qasırğa, az qala, göyərtəsində sonradan Ruben Dario adı ilə məşhurlaşan gənc şair Feliks Ruben Qarsia Sarmentonun gəldiyi banandaşıyan gəmini də batıracaqdı; gəmi yalnız qasırğa dayanandan düz bir saat sonra bizim limana daxil ola bildi.

Günorta saat dörd olardı, qasırğanın təzələdiyi hava cücülərin şən vızıltısıyla dolmuşdu, dəniz sakitləşmişdi; əlahəzrətləri öz yataq otağının pəncərəsindən boylanaraq qasırğanın çalxalayıb sağ böyrü üstə yıxdığı və indi heysiz-heysiz limanın qızılı, hamar sularıyla üzən ağ gəmiciyi gördü; sükanın arxasında kapitan dayanmışdı və gəminin geriyə yan almasına şəxsən özü rəhbərlik edirdi, kapitanın yanında isə əynində tünd mahud gödəkcə və ikibortlu jilet olan sərnişin durmuşdu; general bu adam haqqında növbəti bazar gününədək heç nə eşitməmişdi, bazar günü isə Letisiya Nasareno ərindən ağlasığmaz bir şey xahiş elədi: “İstəyirəm, biz bu axşam Milli Teatra, poeziya gecəsinə gedək!” O, Letisiya ilə bu poeziya gecəsinə getməyə razılıq verdi. Həmin axşam biz prezidenti düz üç saat ayaq üstə dayana-dayana, havasız zalın istisindən tər tökə-tökə, gecədən bir neçə dəqiqə əvvəl məcburən əynimizə geydirilən parad kostyum­larında boğula-boğula gözlədik. Və nəhayət, budur, milli himn səsləndi və biz əl çala-çala, tafta paltarın üstündən boynuna qara tülkü dərisi taxmış, buruq lələkli şlyapalı, dolubədənli rahibənin göründüyü dövlət lojasına sarı çöndük; qadın, alqışlara məhəl qoymadan, general mundiri geymiş oğlan uşağını yanında oturtdu, oğlan isə zanbaq rənginə çalan əlcəyini çıxarıb camaata əl elədi; anasına görə, qədim vaxtların şahzadələri camaatı bu cür salamlayırmış; hökumət lojasında daha heç kim gözə dəymirdi, lakin o, ordadı, biz onun gözəgörünməz iştirakını – dinc qəlbimizin sakitliyini poeziyanın üsyankar havasından qoruyan insanın iştirakını hiss edirdik… axı bizim sevgi hissimizin ölçüsünü, ümumiyyətlə, hisslərimizin ölçüsünü, az qala, ölüm vaxtımızı belə o müəyyənləşdirirdi. Bəli, o, ordaydı, lojanın bizlərə görünməyən, qaranlıq küncündə, şairin görə bilmədiyi yerdə oturmuşdu, şair əzəmətli səsiylə onun gözünə möhtəşəm minotavr kimi görünürdü; bu səsin ahəngi sanki darısqal zaldan yox, açıq dənizdən gəlirdi; bu səs, qeyri-ixtiyari, əlahəzrətlərini oturduğu lojadan, bu zaldan, bütün bu yer ölçülərindən yuxarıya – qızıl şeypurların çalındığı yerlərə qaldırdı, şeypurların bu gümüşü sədaları altında Marsın və Minervanın triumfal girişləri – şöhrət səltənətinin triumfal girişi göründü. – “Sizin şöhrətinizin yox, mənim generalım!” O, pəhləvan-cəngavərləri, adamı ölümcül qapan qara itləri, dəmir nallı döyüş altarını, kobud lələkli şlyapalı, əlinizəli, cüssəli bayraqdarları, bu cəngavərlərin qəribə, yad bayrağı zəbt etdiyini gördü. – “Sizin silahınızın hesabına zəbt etmədilər, mənim generalım!” O, vətəndaş müharibəsində ayaqyalın əsgər kimi döyüşdüyü vaxtlar qızdırmalı sayıqlamalarda duyub hiss etdiklərinə – vətənin şərəfi və əbədiliyi naminə qızmar yay günəşinə, soyuq qışın qarına və küləyinə, gecəyə, şaxtaya, ölümə meydan oxuyan bütöv bir qəzəbli gənclər ordusunu gördü, gurultulu alqış partlayışı içində özünü xırda və miskin hiss etdisə də, öz qaranlıq küncündən camaata qoşulub əl çala-çala, özü özünə: “Anam mənim, Bendisyon Alvarado, zəfər buna deyərlər! Buna baxanda camaatın mənim üçün elədikləri heç nədi!”

O özünü tənha və atılmış, bürkünün və uzunayaqlı ağcaqanadların dumanı altında əzilmiş hiss edir, fəxri lojasının qızıl naxışlı sütunlarına, rəngi itmiş məxmərinə görə xəcalət çəkirdi. – “Lənət şeytana, axı necə ola bilər ki, bu hindu dalını yuyan əl belə bir gözəl əsər yazsın?” Qoca ona tam aydın olmayan bu poetik dildən qəlbinin dərinliklərinəcən riqqətə gələrək özünə yer tapa bilmir, yekə ayaqlarını möhtəşəm sətirlərin təntənəli ritminə uyğunlaşdırmağa çalışaraq qəzəbli fil kimi o baş-bu başa var-gəl edir, aradabir Letisiya Nasarenonun pationun nəhəng ağaclarının budaqlarından yığılmış triumfal girişində təşkil etdiyi ehtiraslı, zil səsli xorun ritmi altında yuxuya gedirdi; o, qəlbini riqqətə gətirən bu şeirləri tualetlərin divarlarında yazır, poemanın yadında qalan parçalarını süd fermasında, isti təzək dağının üstünə çıxıb birnəfəsə əzbərdən deməyə hazırlaşırdı ki, bu məqam karet sarayındakı prezident limuzininin arxasında qoyulmuş dinamit nəzərdə tutulan vaxtdan əvvəl partladı… – “Bu, dəhşət idi, mənim generalım, elə möhkəm partlayış olmuşdu ki, biz maşının dəmir-dümürünü hələ bir neçə aydan sonra şəhərin müxtəlif kvartallarından tapırdıq. Məhz bu maşında, Letisiya Nasareno, hər çərşənbə olduğu kimi, bazarı çapıb-talamağa yollanacaqdı. “Odur ki sui-qəsd onun üçün hazırlanmışdı, mənim generalım, ayrı bir kəs üçün yox!” Burda o, alnına vurub: “Lənət şeytana, necə olub ki, mən bunu hiss eləməmişəm?” Həqiqətən də, onun əfsanəvi duyumu hara yoxa çıxmışdı?! Axı son bir neçə ayı tualet divarlarındakı yazılar da, həmişə olduğu kimi, ona qarşı, yaxud nazirlərdən hansınasa qarşı yox, məhz dişlərini gene­ralitetin mənafeyinə, kilsə knyazlarına qıcıyan həyasızlaş­mış Nasarenolara qarşı yönəlmişdi. Düzdür, o, belə hesab eləyirdi ki, bir vaxtlar bu divarlarda anasının müqəddəsliyi əleyhinə yazılan təhqiramiz yazılar kimi bu yazıların da elə bir təhlükəsi yoxdu, bütün bunlar tədricən adi söyüşə çevrilən tutuquşu kəkələməsindən savayı bir şey deyil, tualetin isti havasından yaranan acığın nəticəsidir; bu acığın böyüyüb şişərək bir gün belə bir hay-küyə səbəb olmasına, əslində, o özü şərait yaradırdı ki, camaat içindəki acığı beləcə çıxarıb soyusun, amma daha belə yox ki, bir dinamitin əvəzinə ikisini qoysun!.. İşə bir bax ki, dinamit gör gəlib hara çıxmışdı!.. Hakimiyyətin göbəyinə! Bu necə ola bilərdi axı, necə ola bilərdi?! Poeziyanın qanadlı sətirlərinə bu dərəcədə uyaraq öz incə pələng duyumunu necə itirə bilərdi? Necə olmuşdu ki, bu köhnə tanış qoxunu – təhlükə hissinin qoxusunu vaxtında duymamışdı? Bu nə biabırçılıq idi?.. O, təcili surətdə bütün generaliteti – təşviş içində ağaran on dörd zabiti yanına çağırdı; uzun illərin məcburi xidmətindən sonra onlar yenidən iki addımlıqlarında, adi insan bədəninə malik olması daim heyrət doğuran qocanı gördülər. – “O bizi iclas zalında sıravi əsgər formasında öz taxtında, prezident kreslosunda oturduğu yerdə qəbul elədi; ondan skunsdan gələn sidik iyi gəlirdi; gözündə nazik, qızıl çərçivəli eynək vardı; son günlərin portretlərində onun üzündə bu eynək təsvir edilməmişdi; hədsiz dərəcədə qoca və bizdən ağlasığmaz dərəcədə uzaqdaydı; ipək əlcəklərini soyunanda gördük ki, onun əlləri heç də qoca hərbçi əllərinə oxşamır, bu əllər qadın əlləri kimi incə idi və bu adamdan qat-qat cavan, incəqəlbli adamın əllərinə oxşayırdı; qalan hər bir şey isə perqament kağızı kimi süni və bədheybət idi; biz diqqətlə baxdıqca gördük ki, həyatının son nəfəsi onun etibarsız müvəqqəti bədənində dolaşmaqdadır, bu nəfəs – inadkar hakimiyyətpərəstlik, bölünməz, mütləq hökmranlıq həvəsi idi; içində qara tüstü kimi dolaşan bu xəbis iblisi saxlamaq vəhşi atın cilovunu çəkib saxlamaq qədər çətin idi; bizim hər birimiz onunla, baş komandanla rəsmi görüş qaydasıyla görüşürdük; o isə bircə kəlmə belə olsun danışmır, başını belə tərpətmirdi; sonra hamılıqla onun əhatəsinə yarımdairəvi şəkildə düzülən kreslolarda əyləşdikdə isə eynəyini çıxarıb sınayıcı nəzərlərlə bir-bir bizim hər birimizi gözdən keçirməyə başladı; o bizim gizli fikirlərimizin xəlvət döngələrini, bu gizli fikirlərin aramla öz xəlvət yuvalarına sürünmələrini görür, onları dinməz-söyləməz, bir-birinin ardınca qəddarcasına ifşa edirdi; bu prosesə onun bir dumanlı axşam barmağının işarəsiylə bizlərə hərbi rütbələr təyin etdiyi gündən bu yana kimin nə qədər dəyişildiyini müəyyənləşdirməsinə sərf etdiyi qədər vaxt lazım oldu.

O öz baxışlarıyla nə qədər bu zabitlərin beyinlərini oyurdusa, sui-qəsdin məhz bu on dörd gizli düşmənin arasında təşkil olunduğuna bir o qədər əmin olurdu; sonra nə oldusa, birdən-birə özünü bu adamların arasında o qədər tənha və köməksiz hiss elədi ki, kirpiklərini iquana kimi qırpıb başını qaldırdı və onları birliyə səslədi. – “Bu gün birlik qədər bizə lazım olan ayrı bir şey yoxdu, çünki söhbət vətənin taleyindən və hərbi qüvvələrin qeyrətindən gedir!” O onlara təmkinli olmağı, üzərlərinə düşən fəxri vəzifələri layiqincə yerinə yetirməyi tövsiyə etdi; sui-qəsdin təşkilatçıları təcili surətdə tapılıb hərbi ədliyyəyə təhvil verilməliydi. “Bu qədər, cənablar”, – deyə sui-qəsdin təşkilatçılarının bu adamlardan biri, yaxud hamısının birlikdə olduğuna qəti əmin olaraq sözünü yekunlaşdırdı.

Letisiya Nasarenonun həyatının Allahın yox, məhz onun əlində olduğunu, onu, əvvəl-axır, lənət şeytana, mütləq baş verəcək təhlükədən yalnız müdrikliyinin qoruya biləcəyini anladıqca qəlbinin qanla dolub tikə-tikə söküldüyünü hiss edirdi. O, Letisiyanı ictimai tədbirlərdə iştirak etməkdən imtina etməyə, ən tamahkar qohumlarını hərbi generallığın mənafe dairəsindən rədd olmağa məcbur edirdi; az-çox qananları konsul təyin edir, ən lütləri isə bazarın yabanı kolları arasından axıb gedən çirkab suların içində görünürdülər; bir gün o, uzun illər iştirak etmədiyi nazirlər kabinetinin iclasında yenidən peyda oldu, öz kreslosuna əyləşərək ruhani idarələrin dövlət işlərinə qarışmasını qəti qadağan etdi. – “Səni düşmənlərdən qorumaq üçün, Letisiya!” Sonra öz generalitetini bir daha dişinə vurub bu qənaətə gəldi ki, o görüşdən sonra yeddi hərbi rəis ona ortabab münasibətdədi; o ki qaldı müdafiə nazirinə, onun köhnə tanışı idi; beləliklə, bel bağlamadığı altı nəfər hərbi rəis qalırdı, onun gecələrini uzun-uzadı uzadan, Letisiya Nasarenonun ölüm məhkumluğuna möhür vuraraq yuxularına zəhər qatan altı tapmaca qalırdı; bəzən ona elə gəlirdi ki, tələb etdiyi bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq, ələlxüsus, çörəyin içindən balıq tıxı çıxandan sonra bütün yeməklərin dadına baxdırmağı məcbur etməsinə baxmayaraq Letisiya Nasarenonu gözləri qarşısında öldürürlər; Letisiyanın yaşadığı otaqların havası hər gün yoxlanırdı, çünki qorxurdu ki, zəhər cücüləri qırmaq üçün işlədilən aerozol şüşəsinə də doldurula bilər; nahar vaxtı Letisiyanın rənginin saralmasından diksinirdi, yataqda sevişdikləri yerdə səsinin xırıldamasın­dan titrəyib əsirdi, ona elə gəlirdi ki, Letisiyanın içdiyi suya sarı titrəmə mikrobları, gözünə tökdüyü damcılara isə kuporos qata bilərlər; müxtəlif növ qəsd üsulları barədə qəramətli fikirləri o günlər həyatının hər dəqiqəsinə zəhər qatır, gecənin bir aləmi ona həqiqət kimi görünən vahiməli yuxularından – Letisiyanın hindu cadugərlərinin cadusundan qan-qəltan içində üzdüyünü gördüyü yuxularından dik atılırdı. O, arvadının başına gələ biləcək yüzlərlə təsadüfi, real təhlükələrdən, az qala, havalanırdı, odur ki, Letisiyaya hər şübhəli şəxsə güllə açmağa hüququ olan ən amansız qvardiyaçıların müşayiəti olmadan küçəyə çıxmağı qəti qadağan etdi.

Bütün bunlara baxmayaraq Letisiya yenə hər çərşənbə saraydan çıxır, o, pəncərənin qarşısında dayanaraq arvadının balaca oğluyla yenicə zirehlənmiş avtomobilə minməyinə tamaşa edir, təhlükələrdən qorunma duasını əliylə havada cızaraq ürəyində: “Anam mənim, Bendisyon Alvarado, onları qoru! Ona tuşlanan güllələri geri qaytar, zəhərlə dolu piyaləni kənar elə, gizlini aşkar elə!” – deyirdi.

O, Letisiya Nasarenonu müşayiət edən qvardiyaçıların de Armas meydanından verdiyi siqnalını eşidənəcən, Letisiya oğluyla mayakın sübh işığından qızaran pationun yolu üstə görünənəcən bircə dəqiqə də rahat olmurdu. Letisiya isə səfərdən həyəcanlı və xoşbəxt əhval-ruhiyyədə qayıdır, rahat səsiylə maşından diri hinduşkaları, Enviqado orxideyasını, yeni il axşamı yandırılacaq rəngli işıqları və sairəni düşürən mühafizə dəstəsinin əsgərlərinə müxtəlif əmrlər verirdi; belə günlər küçələr, adətən, generalın sərəncamıyla, cürbəcür işıqlar və transparantlarla qəsdən bəzədilirdi ki, onun narahatlığı bütün bu al-əlvanlığın içində əriyib itsin; o, Letisiyanı pilləkənin başında, boynundakı tülkü dərisinin naftalin iyini, turşumuş tər qoxusunu, yağlı saçlarının iyini ciyərlərinə çəkə-çəkə qarşılayır, həyat yoldaşının sağ-salamat olmasına sevinirdi; Letsiyaya, talayıb gətirdiyi növbəti şikarını yataq otağına ötürməkdə kömək edir, özünü son dərəcə xoşbəxt sayır və belə hesab edirdi ki, bu cür xoşbəxtliyin dadını, ümumiyyətlə, bilməsən yaxşıdı! Bu bədbəxtliyin qarşısını almaq tədbirləri bir-bir tapıldıqca onu bir az da dərin kədər hissi bürüyürdü, bütün qoruyucu duaları elə bil bu fəlakəti bir az da yaxınlaşdırırdı; hər gün həmin o dəhşətli çərşənbəni – Letisiya Nasarenonun həyatı üçün əbədi qorxu və təşvişlərdən yoğrulan o günü yaxınlaşdırırdı, odur ki, hövsələsi darala-darala: “Axır olacağa çarə yoxdu, nə olur-olsun, lənət şeytana! Qoy lap bir az da tez olsun!” –  fikirləşdi. O, beynindən keçən bu ani fikrin fərqinə varmamış, fikri, əmr kimi, ildırım sürətiylə yerinə yetirildi – kabinetə iki adyutant daxil olub Letisiyanın və uşağın indicə bazarda quduzlaşmış itlər tərəfindən parçalanıb yeyilməsi barədə hesabat verdilər.

“İtlər onları diri-diri yedilər, mənim generalım! Amma bizim adi küçə itləri deyildi, dəriləri köpəkbalığının dərisi kimi hamar, sarı gözlü, vəhşi qoyun itləri idi! Kimsə onları Letisiyanın boynundakı tülkü dərisinə qısqırtmışdı! Altmış it, mənim generalım, altmış eyni sifətli, eyni biçimli it! Heç kim gözünü belə açmağa macal tapmamış onlar tərəvəz piştaxtalarının arxasından atılıb Letisiyayla uşağın üstünə cumdular. Bizsə güllə atmağa ürək eləmədik ki, güllələr itlərin əvəzinə onlara dəyə bilərdi, mənim generalım!”

Bu, iblisin qanlı qiyaməti idi, dəhşətli ölüm burulğanı idi, içindən gah Letisiyanın, gah da uşağın əlləri yalvarışla göyə uzanan vahiməli it yumağı idi; hər iki qurban göz qırpımında, itlərin acgözlüklə təpişdirdiyi ət parçalarına çev­rildilər və bütün bunlar bazar camaatının gözü qarşısında – yüzlərlə adamın qarşısında baş verdi; bəzilərinin üzü dəhşətdən əyilmişdi, bəziləri intiqam hissiylə alışıb-yanan gözlərinin sevincini gizlədə bilmir, bəziləri isə ürək ağrısıyla ağlayırdılar; çox keçmədi ki, bu qanlı tamaşa sona yetdi və hamı yerdə Letisiyadan qalan fetr bənövşələrlə bəzədilmiş şlyapanı gördü… üst-başlarına qan sıçramış, dəhşətdən yerlərində donub-qalan göyərtisatan arvadlar səssizcə: “İlahi, generalın razılığı olmasaydı, bu heç vaxt baş verə bilməzdi!” – deyib içlərini çəkdilər. Bütün bu mənzərə qanlı tərəvəzlərin arasından yalnız ətsiz sümükləri yığıb-yığışdırmağa macal tapan prezident qvardiyasının biabırçı gücsüzlüyünü nümayiş etdirdi. “Təkcə ağappaq sümüklər, mənim generalım!” Düzdü, sümüklərdən savayı, uşağın medalları, oyuncaq padşahın balaca qılıncı, Letisiya Nasarenonun nəyə görəsə bazardan bir mil aralıda, liman sularının qoynunda üzən tumac ayaqqabıları, rəngbərəng şüşələrdən yığılmış muncuq və zireh parçasından düzəldilmiş pul kisəsi də tapıldı. – “Bu əşyaları sizə təqdim edirik, mənim generalım, həm də bax bu üç açarı, qaralmış qızıl nişan üzüyünü və bu əlli sentavonu – beş onluq sentavonu. Buyurun, sayın, xahiş edirik! Bundan savayı orda heç nə tapılmadı!”

Əgər o bilsəydi ki, cəmi bir neçə ildən sonra həmin bu taleyüklü çərşənbə günü baş verənləri unudacaq, bütün bu faciənin onun üçün bir qara qəpik əhəmiyyəti olmazdı, amma o gecə qəzəbdən hönkür-hönkür ağlaya-ağlaya səhəri adamyeyən itlərin ulaşması altında açdı, uzun müddət heç cür bu itlərə hansı növ cəza verəcəyini qərarlaşdıra bilmədi, çünki belə hesab edirdi ki, itlərin öldürülməsi Letisiya ilə uşağın təkrar ölümüdü, çünki onlar hələ ki bu heyvanların qarnındadılar; o, tərəvəz bazarının dəmir pavilyonunu sökdürüb yerində səhləb çiçəkləri əkilmiş bağ saldırmağı, bağın ortasında mərmər xaç ucaldılmasını əmr etdi, xaç mayakdan uca və parlaq olmalıydı ki, gələcək nəsillər generalın özünün abidə sökülməmişdən çox-çox əvvəl unutduğu bu tarixi qadını unutmasınlar; bu abidəni isə adi gecələrin birində partlatdılar və bu partlayış heç kimi təəccübləndirmədi; səhləb çiçəklərini isə donuzlar yedilər; bağ durğun və üfunətli gölə çevrildi; lakin general bu mənzərəni heç vaxt görmədi, təkcə ona görə yox ki, öz sürücüsünə əmr vermişdi, maşını, lap dünyanın başına hərlənməli olsa da, bir vaxt tərəvəz bazarının yerləşdiyi o ərazidən sürməsin, həm də ona görə ki, nazirlikləri şüşəli binaya köçürəndən və sarayda bir ovuc xidmətçisiylə təmtək qalandan bəri o, ümumiyyətlə, şəhərə çıxmırdı; sarayda saraylıq əlaməti qalmamış­dı, o, Letisiya Nasarenonun sarayda şahlıq iddiasıyla qurub düzəltdiyi nə vardısa hamısını məhv eləməyi əmr etmişdi; bu hadisədən sonra o, generalitet üzrə ara-sıra xırda-xuruş göstərişlər verməklə, nazirlər kabinetinin aradabir qəliz məsələlər həll olunan və prezidentin rəyi tələb olunan iclaslarında iştirak etməklə vaxtını keçirir, qalan vaxtları tək-tənha kimsəsiz dəhlizlərdə, boş otaqlarda məqsədsiz-mənasız gəzib-dolaşırdı; bundan savayı, o, gecədən keçənədək seybanın kölgəsində oturub Baltimordan gətirdiyi konfetlərə qonaq eləyə-eləyə, çılpaq qadın şəkilləriylə dolu jurnallardan dürtüşdürə-dürtüşdürə onu xarici borclarını ölkənin ərazi sularının hesabına ödəməyə razı salmağa çalışan səfir Uilsonun xəbis təşriflərinə də dözməli olurdu; səfirə doyunca danışmağa şərait yaradır, özü isə lazım olanlara qulaq asır, lazım olmayanları isə sadəcə eşitmirdi; səfirin çərənləməsi həddindən artıq darıxdırıcı olanda isə bu mənasız söz axınını qulaqardına vurur, bunun əvəzinə, ara-sıra, yaxınlıqda yerləşən qızlar məktəbindən axıb gələn qızlar xorunun yaşıl ağacda oturan qırmızı quş haqqında oxuduğu mahnılara qulaq asırdı; hava qaralanda isə səfiri patiodan yola sala-sala qonağı başa salmağa cəhd edirdi ki, o bir dənizdən savayı ürəyi nə istəyir, tələb eləyə bilər. – “Dənizsiz pəncərələr mənim nəyimə gərəkdi? Bu boyda tənha evdə dənizsiz mən nə edərəm? Sübh, yaxud qürub çağı dənizin yanar bataqlığa oxşadığı mənzərəni görməsəm, necə yaşayaram? Dekabr gecələri mayakın yaşıl işığına məhəl qoymadan, sınıq şüşələrdən uğul­tuyla içəri dolan küləklərsiz necə yaşaya bilərəm? Mən – öz dumanlı səhralığını ataraq qızdırmalı titrətmədən üzülə-üzülə özünü vətəndaş müharibəsinin alovuna, tərcümeyi-halımda yazıldığı kimi, dərin vətənpərvərlik hissin­dən, yaxud bəzilərinin hesab elədiyi kimi, fırıldaq məqsədilə, yaxud federalizm ideyaları uğrunda da yox, təkcə bu dənizi görmək üçün salan adam! Qalan hər şey boş məsələdi, mənim əzizim Uilson, odur ki, siz ayrı bir şey fikirləşin”, – deyə əlini yüngülcə səfirin çiyninə toxunduraraq onunla xudahafizləşirdi. Səfiri yola salandan sonra isə geri – öz iqamətgahına qayıdır, bir vaxt rəsmi idarələrə mənsub olan boş kabinetlərin işıqlarını yandırırdı; günlərin bir günü isə axşamçağı o, sarayın dəhlizlərində hansı təsadüf üzündənsə buralarda azıb qalan inəyə rast gəldi, onu pilləkənlərə sarı qovdu, heyvan, ayağı xalçanın dəlmə-deşiyinə ilişdiyindən kəllə-mayallaq aşıb baş-gözünü partlatdı və bunun­la da acından üzülən cüzamlı xəstələri ağlasığmaz dərəcədə sevindirdi; xəstələr cumub cəmdəyi bölüşdürdülər; Letisiya Nasarenonun ölümündən sonra bütün cüzamlılar və ifliclər, korlar geri qayıdaraq əvvəlki kimi bağda, qızılgül kollarının altında yaşayırdılar, yenə əvvəlki kimi ondan bir çimdik şəfqət duzu dilənir, ulduzlu gecələrdə mahnılar oxuyurdular; o da onlara qoşulub: “Susanna, yanıma gəl, Susanna!”nı oxuyurdu; axşamüstü saat beşdə isə tövlənin pəncərəsindən yola boylanıb mavi döşlükdə, qısa corablarda məktəbdən qayıdan hörüklü qızlara baxır, tamahdan nəfəsi darala-darala, əlcəkli barmaqlarını pəncərənin dəmir qəfəsində oynada-oynada onları yanına çağırırdı: “Ay qız, ay qız, bir bura gəl, gəl, səni əlləyim!” – deyirdi. “Vay dədə, vay! Biz ondan ilan gözlü iblisdən qaçan kimi qaçırdıq!” O isə qızların qaçdığını görüb: “Anam mənim, Bendisyon Alvarado, indiki qızlar necə də cavandı!” – fikirləşirdi; ona özünə gülməkdən savayı, bir şeyə yaramadığını boynuna almaqdan başqa heç nə qalmırdı; daim nahara dəvət elədiyi səhiyyə naziri gözünün içinə baxaraq nəbzini yoxlamaqla kifayətlənməyib, qocalıq sklerozunun qarşısını almaq, yaddaşının durğun kanallarını bağlamaq üçün ona sulu dərman yazanda isə nazirin ağzından vurub: “İşim-gücüm yoxdu, dərman içəcəyəm! – deyirdi. – Məndə müharibə illəri tutuldu­ğum titrətmədən savayı heç bir xəstəlik ola bilməz!”

Axır vaxtlar isə bütün dünyaya arxa çevirib dünyadan küsmüş adamlar kimi təmtək nahar eləməyə başlamışdı; böyük zəka sahibi, səfir Meyrilendin dediyinə görə, qədim Mərakeş kralları məhz bu cür nahar edirdilər; o, nahar vaxtı, dümdüz, başıdik oturmağa çalışır, çəngəli sol, bıçağı sağ əlində tutaraq keçmiş müəlliminin qoyduğu qayda-qanunla, tikəni yaxşı-yaxşı çeynəyə-çeynəyə yeyirdi; sonra bütün sarayı başdan-başa gəzib-dolaşaraq bal gizlətdiyi gizli divar hücrələrini axtarır, tapdığı yeri ikicə saatdan sonra yenidən itirir və axtarışa təzədən başlayırdı; ordan bal əvəzinə bir vaxt siqaret kimi büküb dəlmə-deşiyə soxduğu kağız bükmələrini tapırdı… çox-çox qədimlərdə, keçmiş dövrlərdə o bu kağız zolaqlarını, artıq çox illər keçdiyindən və nə yazdığını unutduğu cümlələri yenidən yazmaq üçün kağızların haşiyələrindən qoparırdı: “Sabah çərşənbə axşamıdı…” – zolağın birində yazılmışdı, o birində isə: “Sənin ağ yaylığında qırmızı saplarla kiminsə adının baş hərfləri yazılıb, amma bu sənin adın deyil, mənim hökmdarım…” – yazılmışdı; o bundan heç nə anlamadı və o biri zolağı açıb oxudu: “Canım Letisiya Nasareno, gör bir sənsiz nə günlərə qalmışam…” – “Letisiya Nasareno” – bu ada, demək olar, hər kağız zolağında təsadüf edirdi və heç cür başa düşə bilmirdi ki, özündən sonra bu qədər yazılı ah-uf, bu qədər dərd-qəm qoyub getmiş bu bədbəxt kimdi. – “Özü də mənim xəttimin bura nə dəxli var, lənət şeytana?” Bu onun xətti idi, özünü sakitləşdirmək üçün tualetlərin divarlarını: “Yaşasın general!” – yaza-yaza bəzəyən solaxayın təkrarolunmaz kalliqrafiyası idi. O artıq öz zıqqılığına görə, səviyyəsinin quru qoşun qüvvələrinin, yaxud dəniz donanmasının sıravi əsgərinkindən də aşağı düşməsinə görə, kağız zolaqlarında karandaşla yazılmış adından savayı heç nəyi qalmayan adi monastır rahibəsindən ötrü üzülməyinə görə əsəbiləşmirdi; sadəcə, bütün bunların, həmin o taleyüklü çərşənbə günündən sonra, adyutantların onun yazı stolunun üstünə qoyduğu əşyalara – Letisiyanın və uşağın şeylərinə əl vurmaqdan imtina etdiyindən sonra nə olduğunu xatırlamırdı; onda üzünü yana çevirib: “Bu çəkmələri aparın burdan, bu medalları da, ölənləri yadıma sala bilən nə varsa yığışdırın burdan”, – demişdi. Odur ki onlara aid bütün əşyaları Letisiyanın yataq otağına – onun bir vaxtlar ehtiraslı siesta saatlarını keçirdiyi otağa yığmışdılar. – “O otaqların bütün qapı-pəncərələrini mıxlayın ki, lənət şeytana, mən əmr eləsəm belə, heç kim ora girə bilməsin”. Bu əmri verdikdən sonra o, uzun illər dəhşətli qıcolmalar içində qovrula-qovrula, Letisiyanı uşağıyla birlikdə gəmirən itlərin ulaşmasına qulaq asır, hər hansı itin dəri soyulan məntəqələrə göndərilməsinə ürək eləmir və yenə fikirləşirdi ki, onlara əzab vermək – əziz mərhumlarına əzab vermək deməkdi; günlərlə tor yelləncəyinə pərçim olub doğmalarının qatillərini unutmağa çalışaraq qəzəbini içində boğur, qatilləri evinin içində gördükcə alçalıb təhqir olunurdusa da, bu miskin vəziyyətə o səbəbdən dözməyə məcbur olurdu ki, həmin günlər hələ qatillərin boynunu sındırmaq gücü yox idi; o, əzizləri üçün təntənəli dəfn mərasimi təşkil etmədi, yanına başsağlığı verməyə gəlməyi də qadağan etmişdi; matəm elan etməmişdi – nəhəng seybanın kölgəsində, öz yelləncəyində, acığından dil-dodağını gəmirə-gəmirə öz saatını – öz vaxt-vədəsini gözləmişdi; bir dəfə isə yaxın tanışlardan biri həmin seybanın altında generalitetin rəyini ifadə edərək guya generalitetin xalqın bu dəhşətli faciəni sakit, dözümlə keçirdiyinə görə fəxr etdiyini demişdi. “Hər yerdə sakitlik və səliqə-sahman hökm sürür”. Onda o, azca seziləcək tərzdə gülümsünüb: “Axmaq-axmaq danışmayın, dostum! – dedi. – Elə ən pisi də, odur ki, sakitlik və əmin-amanlıqdı! Demək, bu bədbəxt faciənin adamlara zərrə qədər də təsiri olmayıb!” O günlər o, bütün qəzetləri sətirbəsətir, soldan-sağa, sağdan-sola oxuyur, rəsmi xəbərlərdən savayı, daha nə isə tapmağa çalışır, rədioqəbuledicini yanına qoydururdu ki, bircə vacib xəbəri belə ötürməsin və nəhayət, günlərin bir günü arzusuna çatdı – Verakrus radiostansiyasından Riobambaya qədər bütün radiostansiyalar xəbər verdi ki, milli təhlükəsizlik xidməti sui-qəsd təşkilatçılarının izinə düşüb. “Bəs necə, kərtənkələ uşağı!” – öz-özünə, dodaqaltı dedi, radio isə ardını xəbər verirdi ki, sui-qəsdin təşkilatçıları şəhərkənarı fahişəxanaların birində, minomyotdan atəş açılan binada aşkar edilib. “Bax belə, – deyə dərindən nəfəsini dərdi, – yazıq insanlar!” Lakin bütün bunlardan sonra o, yenə donuq üzüylə fikrindən keçənləri, azacıq da olsa, üzünə buraxmadan öz tor yelləncəyində uzanıb qaldı və öz-özünə: “Anam mənim, Bendisyon Alvarado, sən məni intiqam üçün qoru, əlimdən tut, mənə ilham ver!” – deyə-deyə yalvardı.

Anasının onun yalvarışlarını eşidib xahişini yerinə yetirəcəyinə o qədər arxayın idi ki, tez bir zamanda özünü ələ alıb dərd-qəm yükünü, axır ki, bir kənara ata bildi. Bunu baş qərargahdan onun yanına hesabata gələn ictimai asayişə məsul milli təhlükəsizlik zabitləri o dəqiqə hiss etdilər. “Mənim generalım, sui-qəsdin üç təşkilatçısının üçü də ictimai asayişi mühafizə dəstələri ilə atışmada öldürüldülər, ikisi həbs edilib San-Xeronimo kameralarında yerləşdirilib!” O isə əlində meyvə şirəsi, öz tor yelləncəyində otura-otura: “Aha!” – dedi və sərrast atıcı əli ilə hamıya meyvə şirəsi süzdü. – “…O, həmişəkindən bir az da müdrik və həssas idi, o qədər həssas və diqqətcil idi ki, bizim ürəyimizdən keçənləri dərhal hiss elədi və bizə siqaret çəkməyə icazə verdi. Bu, nə isə, ağlasığmaz bir şey idi… vəzifə başında siqaret çəkməyə icazə vermək!” “Bu ağacın altında biz hamımız bərabərik”, – o dedi və bazarda baş verən cinayətin necə qurulması və həyata keçirilməsi barədə, Şotlandiyadan ayrı-ayrı partiyalarla səksən iki ov itinin gətirilməsi barədə, bu səksən iki itin iyirmi ikisinin müxtəlif səbəbdən ölməsi barədə, qalan altmışının cinayət məqsədilə təkcə Letisiya Nasarenonun boynundakı tülkü dərisinə yox, Letisiyanın özünə və uşağına qısqırdılması üçün xüsusi təlim keçməsi barədə ətraflı məruzəni sakitcə dinlədi. – “İtlərə, bax, bu əşyaları iylədiblər, mənim generalım! Onlara saray camaşırxanalarından oğurlan­mış bax bunları – Letisiya Nasarenonun korsajını, bax bu yaylığı, bu corabları, uşağın bu mundirini iylədiblər, mənim generalım! Siz bu əşyaları tanıyırsız?” O təqdim edilən əşyalara baxmadan, sakitcə: “Aha!” – dedi və diqqətlə izahatın ardına qulaq asdı: “Həmin bu altmış itə hürmək lazım gəlməyəndə susmağı öyrədibmişlər, onları insan ətinə dadandırıbmışlar, mənim generalım, Allahın işığına həsrət qoyub bağlı saxlayıbmışlar; onlarla bir neçə il paytaxtdan yeddi mil aralıdakı baxımsız Çin fermasında təlim keçiribmişlər; bu fermada Letisiya Nasarenonun və uşağın boyu ölçüdə, onların paltarı geyindirilmiş müqəvvalar tapılıb, bundan savayı, itlərə bu portretləri və qəzet fotoşəkilləri­ni göstərərək uşağı və Letisiyanı üzdən tanımağı öyrədibmiş­lər”, – deyə hərbçilər ona səhifələrinə həmin şəkillər yapışdırılmış albomu göstərdilər ki, görülən işin dəyərini başa düşsün. – “Hərə öz xidməti borcunu yerinə yetirir, mənim generalım!” O isə yenə onlara baxmadan bircə öz “aha”sını dedi və zabitlər söhbətin ən vacib yerini açdılar; güman var ki, təşkilatçılar özbaşlarına hərəkət etməyiblər, mərkəzi xaricdə yerləşən hansısa gizli təşkilatın agentləri olublar. – “Bu onların emblemidi, əlahəzrətləri!” Və onlar gizli təşkilatçıların emblemini – qaz lələyi ilə çarpazlanmış xəncər emblemini göstərdilər, o da: “Aha!” – dedi. Daha sonra zabitlər öz məruzələrinə davam edərək bildirdilər ki, bütün təşkilatçılar əvvəlki cinayətlərinə görə ədalət mühakiməsi orqanlarından gizlənən adamlardı. Sonra hərbçilər ona bu adamların polis məntəqələrin­dən yığılan cürbəcür fotoşəkilləri yapışdırılmış albomu göstərdilər: “Bax, bu üçü öldürülüb, bu ikisi isə həbs edilərək San-Xeronimonun zirzəmilərində saxlanılır, mənim generalım! Onların taleyini necə həll etmək barədə qərarı siz verməlisiz! Bunlar iyirmi səkkiz və iyirmi üç yaşlı Maurisio və Qumaro Ponse de Leon qardaşlarıdır. Onlardan biri silahlı qüvvələrin sıralarından qaçıb, daimi yaşayış yeri yoxdur, heç yerdə işləmir; o biri kənd məktəbində dulusçuluqdan dərs deyir; bu adamı görəndə həmin itlər sevincdən quyruqlarını hərləyir, bütün davranışlarıyla ona öz sədaqətlərini göstərirlər və bizcə, bu həmin şəxsin günahkar olmasına şəksiz sübutdur, mənim generalım!” O bu sözdən sonra da öz “aha”sını dedi, üstəlik, günün nəticələri barədə rəsmi göstərişlərində istintaqı aparan bu üç zabitin şərəfinə tərifli sözlər də qeyd etməyi unutmadı və onları “Vətənə sədaqətli hərbi əsgər xidməti” medalı ilə təltif etdi; bu medalı zabitlərə şəxsən özü təqdim etdi və elə həmin təqdimat mərasimində də Maurisio və Qumaro Ponse de Leon qardaşlarına güllələnmə hökmü kəsəcək hərbi məhkəməni yaratdı: “Əmr, əlahəzrətləri fikrini dəyişməzsə, oxunduğu dəqiqədən qırx səkkiz saat ərzində yerinə yetirilməlidir!”

Bütün bu qırx səkkiz saatı o, dərin fikirlər içində, öz tor yelləncəyində tək-tənha uzana-uzana, əfv barədə dünyanın dörd bir səmtindən axıb gələn yalvarışlara kar vəziyyətdə qaldı; radioyla Millətlər İcmasında gedən mənasız çərənləmələrə, bir qisim ölkələrdə ünvanına yağdırılan söyüşlərə, digər ölkələrdə təriflənib müdafiə edilməsinə qulaq asdı; sonra öz nazirlərini qəbul edib rəhmdillik barədə danışanlara da, qəti qərar qəbul edilməsini tələb edənlərə də eyni diqqətlə qulaq asdı; yolunu azmış iki qoyunun taleyindən narahat olan Roma papasının şəxsi göstərişiylə qəbuluna can atan nunsiylə görüşməkdən imtina etdi; bütün ölkənin onun susmasından narahat olub təlaşa düşməsi barədə xəbərlərə, uzaqdan eşidilən gülləbaranın səsinə qulaq asantək, dinməz-söyləməz qulaq asdı. – “On bir ölən, səksən iki yaralanan var, mənim generalım, gəmi tam yararsız vəziyyətdədi!” – “Yaxşı!” – yataq otağının pəncərəsin­dən limanın girəcəyində alovlanan tonqala baxa-baxa dedi. Bu, San-Xeronimo hərbi bazasında ölüm cəzası kəsilmiş qardaşlar üçün hökmün yerinə yetirilməsini gözlədikləri son gecənin başlanğıcı idi. Həmin dəqiqələr ərzində onların fotoşəkildə gördüyü üzlərini – eyni qaşları, bir cüt su damlasıtək bir-birinə bənzəyən üzləri təsəvvürünə gətirdi; qardaşları qorxudan əsim-əsim titrəyən bədənləriylə, tənha, köməksiz üzlərlə, boğazlarında nömrə yazılmış lövhəciklərlə, ölümə məhkumlar kamerasının fasiləsiz, gur işığı altında təsəvvürünə gətirdi və hiss elədi ki, onların da fikri bu dəqiqə ona yönəlib, hiss elədi ki, həmin qardaşlar əfv ediləcəklərinə ümid bəsləyir və Allaha yalvarırlar; onun bircə hərəkətin­dən belə nə edəcəyini müəyyən eləmək mümkün olmurdu; o öz adi iş gününü həmişəki qaydada başa vurdu, yataq otağının qapısı ağzında onun hər dəqiqə qəbul edə biləcəyi yeni qərarını ictimaiyyətə çatdırmaq üçün gözləyən növbətçi zabitlə görüşərkən zabitə baxmadan, etinasız halda: “Gecəniz xeyrə qalsın, kapitan!” – dedi, lampasını qırmağa keçirib üç qıfılı, üç kilidi bağladı, üç zənciri çəkib üzüüstə döşəməyə uzandı və hökmün qəddarlığından nəfəsini içinə çəkib qaralan şəhərin küçələrində, ara-sıra həyətlərdə hürüşən itlərin səsini, sanitar maşınlarının sirenasını, hansısa şübhəli bayram şənliyində atılan fişənglərin və musiqinin səsini dinləyə-dinləyə həssas bir yuxuya getdi; gecənin bir aləmi kilsə zənglərinin səsinə yuxudan ayıldı… sonra bu səsə ikinci dəfə ayıldı, üçüncü dəfə, pəncərələrin şüşələrini və dəmir çərçivələrini cırmaqlayan yağışın səsinə ayıldı, yerindən qaban tərpənişinə bənzər dolama-dolaşıq, ağır bir hərəkətlə – əvvəl dalını qaldırıb qabaq ayaqlarına dirənərək, sonra başını qaldıraraq ayağa qalxdı; beləcə, ağır qaban hərəkəti ilə ayağa qalxandan sonra zabitə əmr verdi ki, əvvəla, itləri onun pəncərələri altın­dan yığışdırıb hara istəyirlər aparsınlar ki, onların səsini bir daha eşitməsin, amma öldürməsinlər, heyvanlar qocalıb əldən düşənəcən dövlətin hesabına saxlanılsın; ikinci əmr bu idi ki, Letisiya Nasarenonu və uşağı həmin o taleyüklü çərşənbə günü müşayiət edən günahkar əsgərlər azad edilsin; üçüncü əmr Maurisio və Qumaro de Leon qardaşlarının təcili surətdə edam edilməsi barədə idi; özü də hərbi-səhra məhkəməsinin qərarındakı kimi güllələnmə yoluyla yox, dörd ata bağlanıb şaqqalanmaqla; Ponse de Leon qardaşları, əmrdə yazıldığı kimi, atlarla şaqqalandı, bədənlərinin ayrı-ayrı hissələri nəhəng matəm səltənətimizin ayrı-ayrı məhəllələrində gözəgörünən yerlərdən asıldı ki, camaatın canına vəlvələ salsın.

“Yazıq uşaqlar…” – o, nəhəng fil ayaqlarını sürütləyə-sürütləyə ürəyində deyirdi, sonra qəfildən ehtiraslı bir səslə özü özünə: “Anam mənim, Bendisyon Alvarado, mənə kömək elə, əlimdən tut, apar! Mənə bu günahsız qana görə qisas ala biləcək bir adam bəxş et!” – deyə yalvarırdı. Özü də gecə-gündüz belə bir adamı arzulayırdı; elə bir adamı ki, fitri güdmək qabiliyyətinə malik olsun. O bu adamı öz xəyallarında təsəvvürünə də gətirmişdi; gizli bir həyəcanla həmin şəxsi rastına çıxdığı adamların arasında – onların gözlərinin dərinliklərinə baş vura-vura tapmağa çalışır, ətrafındakıların səsinə diqqət kəsilib onu səsinin hansısa bənzərsiz ahəngindən tanımaq istəyirdi; aradabir öz içinə – qəlbinin səsinə də diqqət kəsilirdi, yaddaşının künc-bucağını eşələyə-eşələyə onu orda da tapmaq ümidini üzmək üzrəydi ki, həmin bu adam gözləri qarşısında qəfil bir gözlənilməzliklə, öz ecazkar gözəlliyi ilə özü peyda oldu. “Bu mənim gözlərimin bu vaxta qədər görüb seçdiyi adamların ən bənzərsizi idi, anacan!” Keçmiş zadəganlar sayağı geyimdəydi; əynində ilgəklərinə qardeniyalar taxılmış Henri Poul frakı, Pekover şalvarı və parıldayan gümüşü parçadan jilet vardı; buzov böyüklüyündə, adamgözlü, qaraqabaq dobermanıyla Avropanın ən kübar salonlarında parlamağa alışmış bir adam idi. “Xose İqnasio Saens de la Barra, – deyə özünü təqdim etdi. – Qulluğunuzda olum, əlahəzrətləri!” Bu, kübar cəmiyyətinin azadfikirli nümayəndələrindən sonuncusu, bizim vətəndaş müharibəsinin qasırğasında əriyib itən, federalist kaudilyosu ordusu tərəfindən darmadağın edilən vətən torpaqlarından böyüklük iddiası, nəhəng, melanxolik torpaqları və fransız ləhcəsiylə birlikdə silinmiş otuz yeddi yaşlı, yeddi xarici dil bilməsindən, Dovil müsabiqəsində qazandığı dörd ov prizindən savayı heç nəyi olmayan, əsil-nəcabətli, gözəl kapral idi; ortaboy, qədd-qamətli, dərisi dəmir rənginə çalan, saçları, bir kəkilini çıxmaqla, qara rənglə rənglənmiş bu iradəli adam möhkəm dodaqlarıyla, son dərəcə iti, qətiyyətli baxışlarıyla salon qobelenlərində təsvir olunan idillik bahar peyzajlarının fonunda rəngli fotoşəkillər üçün poza qurmağı xoşlayırdı; kapralı görcək əlahəzrətləri sinəsidolu rahat nəfəs dərdi: “Budur! Mənə lazım olan adam budur!” Və Xose İqnasio Saens de la Barra bircə şərtini kəsdikdən sonra bizim generalın yanında xidmətə düzəldi: “Əlahəzrətləri mənə səksən beş milyon peso həcmində pul vəsaiti ayırır ki, həmin bu məbləğ barədə mən sizdən savayı, heç kimə tabe olmadığım kimi, sizdən başqa, heç kəsə də hesabat vermirəm. Öz tərəfimdən də söz verirəm ki, iki il müddətinə sizə Letisiya Nasarenonun və oğlunuzun əsl qatillərinin başlarını təqdim eləyəcəm!” Şərt qəbul olundu: “Razıyam!” General, Xose İqnasio Saens de la Barranı qısa müddət ərzində bir çox sınaqlardan keçirərək, qəlbinin gizli labirintlərinə baş vurub iradəsinin nə dərəcədə qüvvətli olmağına, sədaqətinə əmin oldu, onun heç nəyi şişirtmədən iş gördüyünün şahidi oldu, xarakterinin ən zəif cəhətinin şahidi oldu və bu ən zəif cəhəti dəqiqləşdirdi; ən sonuncu sınaq – Xose İqnasio Saens de la Barranın düşünülməmiş bir cəsarətlə generalı udduğu amansız domino oyunları idi. “Bu mənim görüb tanıdığım cəsur adamların ən cəsarətlisi idi, anam mənim!” O, son dərəcə səbirliydi, qəhvənin yetmiş iki dəmləmə üsulunu bilirdi, molyusk­la­­rın cinsini ayırd edirdi, not qrammatikasından, korların əlifbasın­­dan başı çıxırdı, uzun-uzadı, dinməz-söyləməz mənim gözləri­min içinə baxa bilirdi və mən bu sakit baxışların altında bilmirdim başımı hara soxub gizlədim; çeçələ barmağındakı saf sulu almazını işıldadan incə əl hərəkətlərinin qarşısında çaşıb özümü itirirdim; bilmirdim onun qəddar və sayıq bir ədayla ayağının altında mürgü vuran, aradabir dərisini – diri məxmər örtüyünü tərpədən nəhəng itinin əlindən canımı hara qoyum, losyon ətri qoxuyan bu adamın əlindən hara qaçım, ölümdən qorxmayan bu heyrətamiz gözəllik sahibindən necə xilas olum və bir gün mənə qətiyyən hərbçiyə oxşamadığımı, yalnız hansısa ali məqsədlərə görə hərbçi olduğumu deməyə bu adamın cürəti çatdı: “Siz bu hərbçilərin tayı deyilsiz, general! Bu adamlar xırda ambisiyalı, sıravi, primitiv adamlardı. Onlar üçün rütbə hakimiyyətdən irəlidi, onlar idarə etməkdən çox, əmr verməyi xoşlayırlar, nəyə yox, kiməsə xidmət edirlər, ona görə də onları idarə eləmək o qədər asandı ki… xüsusən birinin arasını o biriylə vuranda”, – o dedi və mən bircə əziz dostum, Allah ona rəhmət eləsin, Rodriqo de Aqiları çıxmaq şərtiylə, bütün idarəçilik dövrümdə heç kimə rəva görmədiyim hüquqları verdiyim bu parlaq adamdan öz fikirlərimi heç cür gizlədə bilməyəcəyimi fikirləşib gülümsündüm. “Və beləcə, general öz-özlüyündə Xose İqnasio Saens de la Barranı öz daxili, gizli imperiyasının sahibi elan etdi. Bu, gizli repressiyalar və qətllər xidməti idi, bu xidmətin dəqiq yeri də məlum deyildi; bu proses bütün ölkə boyu gedirdi və eyni zamanda heç yerdə heç nə baş vermirdi, həm də hər şey elə bil irrealdı. Çünki bu işlərə görə məsuliyyət daşıyan yox idi, lakin həm də bütün olanlar mövcud həqiqət, bu dəhşətli fantastika, həm də acı reallıq idi; o öz görünməz qüvvəsiylə, hələ ali hərbçilər onun böyük sirayətedici qüvvəsini hiss edəndən çox-çox əvvəl, dövlətin digər reqressiv orqanlarını özünə tabe eləmişdi” – general özü də bu qorxulu prosesin nə ilə nəticələnəcəyini əvvəlcədən bilmirdi. – “Mən şahzadə geyimli iblisin fitvasına uyub bu acgöz adamyeyənin caynağına nə vaxt keçdiyimi hiss eləmədim”. Günlərin bir günü isə o, prezident sarayına içi kokos qozuyla dolu qalın çuval gətirib gəldi və onu, əl-ayağa dolaşmasın deyə bir kənara qoydurmağı əmr elədi: “Bunu lazımsız arxiv materilları yığılan şkafa soxun!” Çuvalı şkafa soxdular və bu barədə unutdular, üç gündən sonra isə sarayın divarlarına hopub buxar kimi güzgülərin üzünə çökən meyit iyindən nəfəs almaq olmurdu; biz bu üfunətin kökünü mətbəxdə axtardıq, tövlələri yoxladıq, bu iyi kabinetlərdən siqaret tüstüsüylə qovmağa çalışdıq, o isə müşavirə zalına doldu. Çürümüş qızılgül iyini xatırladan bu üfunət ən gizli dəlmə-deşiklərə – heç vaxt heç bir iyin gedib çatmadığı, hətta vəba illəri xəstəliklə yoluxmuş küləyin havasının belə dəymədiyi yerlərə dolurdu; iy bizim ağlımıza gəlməyən yerdən – arxiv materiallarıyla dolu şkafın içindən – Xose İqnasio Saens de la Barranın göstərişiylə qoyulmuş, guya kokos qozuyla dolu, kobud çuvaldan gəlirdi; məlum oldu ki, bu çuval, onun generalla razılaşdığı kimi, ilk ödənişinə görə doldurulmuşdu; hər bir yiyəsinin ölüm səbəbi göstərilən şəhadətnaməsi olan altı ədəd kəsik baş.

Burada, radikallar partiyasının bünövrəsini qoymuş sonuncu böyük müharibə əlili, daş dövrünün nümayəndəsi, ürək damarlarının qocalıq sklerozundan on dörd may tarixində vəfat etmiş, patris ilə nəslindən olan doxsan dörd yaşlı Nepomuseno Estradanın, onun oğlu, atasıyla eyni gündə həmin ürək xəstəliyindən əlli yeddi yaşında vəfat edən homeopat-həkim Nepomuseno Estrada de la Fuentenin, ölüm şəhadətnaməsində göstərildi­yi kimi, sərxoşluq əlbəyaxasında itiuclu alətlə ağır bədən xəsarəti almış iyirmi bir yaşlı Eliser Kastorun, gizli abort nəticəsində otuz iki yaşında həlak olmuş Lidise Santyaqonun, o birilərin öldüyü gün alkoqol zəhərlənməsindən ölən otuz səkkiz yaşlı, rəngli şar istehsalçısı Roke Pinsonun – yəni gözəgörünməz Xasintonun, “On yeddi oktyabr” gizli hərəkatının lideri, ölüm şəhadətnaməsində göstərildiyi kimi, nakam məhəbbəti uğrunda özünü ağzına dirədiyi tapançadan atıb öldürən otuz iki yaşlı Natalisio Ruisin başları vardı. “Beləliklə, altı baş, əlahəzrətləri! Bu qəbzi qəbul etməniz barədə imza atın!” O, ciyəri dəhşətdən və üfunətdən, az qala, ağzına gələ-gələ qəbzi imzalamışdı: “Anam mənim, Bendisyon Alvarado, bu adam vəhşiymiş! Onun o seçmə incə ədaları hara, ilgəyindəki gül hara, bu qaniçənlik hara?” Ona isə ucadan: “Mənə bir də tasaxo göndərməyin, Naço; şifahi izahlarınız kifayətdi”, – demişdi. Lakin Xose İqnasio Saens de la Barra bu sözə etiraz etmişdi: “Sizinlə bağladığımız müqavilə kişi sözüdü, əlahəzrətləri! Yox, əgər əsl həqiqətin gözünün içinə dik baxmağa bir yeriniz çatmırsa, onda götürün, bu da qızılınız, gəlin xudahafizləşək! Bu nə hərəkətdi?! Şəxsən mən özüm, işdi, lazım gələrsə, doğma anamı belə güllələyərəm!” “Di yaxşı, Naço, – general sülhpərvər səslə demişdi, – bu qədər dərinə getmək lazım deyil, öz vəzifə borcunuzu yerinə yetirin!” Odur ki yenə bir ucdan saraya, içinə guya kokos doldurulmuş, kəsilmiş başlarla dolu həmin bu kobud parçalı çuvallar daxil olmağa başladı. Generalın da içalatı, az qala, ağzına gəlirdi və o: “Bunları burdan rədd edin!” – deyə əmr edirdisə də, başlara əlavə olunan şəhadətnamələrdə yazılanlara qulaq asıb növbəti qəbzi imza­la­yır­dı; bu minvalla o, ümumi sayı doqquz yüz on səkkiz ədəd ən barış­maz siyasi düşmənlərinin başının alınması barədə qəbzlərə imza atdı və həmin gecə başların sayı bu rəqəmə çatanda yuxuda özünü səhralıqda yeridikcə arxasınca baş barmağının uzun-uzadı uzanan izini qoyub gedən hansısa eybəcər bir heyvanın simasında gördü və yuxudan ağzı öd dada-dada ayılıb sübh çağı fermada baş verə biləcək hansısa təlatümdən xoflanaraq, sönük xatirələr dəryasına qərq olaraq kəsik başları hesabladı, hesabladıqca da elə bil qocalır, qulağının dibində cırıldayan zəhlətökən cırcıramanın səsini çürük otların arasından eşidilən cücü cızıltılarıyla qarışıq salırdı: “Anam mənim, Bendisiyon Alvarado, – o fikirləşirdi, – axı nəyə görə mənim bu qədər düşmənim olmalıdı? Əsl günahkarlarsa bir yanda qalıb!”

Düşmənlərin sayına gəldikdə Xose İqnasio Saens de la Barra ona izah etmişdi: “Altmışına görə altı yüzünü, altı yüzünə görə altı minini, altı mininə görə altmış milyonunu qazanacağıq!” “Bu ki bütün ölkədi, lənət şeytana, – o çığırmışdı, – belə getsə, biz bu işi heç vaxt başa çatdıra bilməyəcəyik!” Lakin Xose İqnasio Saens de la Barra sakitcə: “Rahat yatın, general! Bizim işimiz onlar bitib-tükənəndə sona çatacaq!!!” – cavab vermişdi. “Vəhşinin dediyi sözə bir bax!”

Bu adamın heç nəyə, zərrə qədər olsun, şübhəsi yox idi, öz niyyətlərindən bircə addım belə geri çəkilmək, beyninə girmiş fikirlərini ayrıları ilə əvəz eləməyə işıq ucu boyda da yeri yox idi; o, iti doberman kimi daimi iştirakıyla sahibində özünəinam və arxayınlıq yaradırdı; Xose İqnasio ilk dəfə onun kabinetinə, dünyada yeganə qorxmaz və ən qəddar adama – tək bir sahibinə tabe olan, civə kimi parlaq əzələli, sürüşkən dərili nəhəng iti ilə, həmin bu yekəpər dobermanla daxil olanda general: “İti qapının o üzündə qoyun”, – demişdi. Lakin Xose İqnasio Saens de la Barranın generalın sözünə əməl eləmək fikri yox idi: “Bu mümkün deyil, general! Dünyada hələ elə bir yer yoxdur ki, ora mən Lord Köxelsiz ayaq basım!” Odur ki it daim öz yiyəsi ilə birlikdə kabinetə daxil olur, sahibi generalla kəsilmiş başların gündəlik hesabatını çürüdənəcən sakitcə onun ayaqları altında mürgüləyir, general səsini ucaldanda dikəlib bütün vücuduyla amansız sıçrayışa hazır vəziyyət alırdı. “Onun dəhşətli dərəcədə qadın gözünə bənzər gözləri mənə fikirləşməyə mane olurdu, mən onun insan nəfəsindən diksinirdim; növbəti çuvalda öz köhnə adyutantlarımdan birinin başını taparkən qəzəb içində yumruğumu stola çırpanda onun üzü göz qırpımında buğlandı, bədəni qaynar qazan kimi pıqqıldadı, dişlərini qıcıdı və üstümə atıldı”. Bu adyutant onun sınaqdan çıxmış çoxdankı domino müqabili, həm də demək olar, tanışı, dostu idi, odur ki, qəzəbini heç cür gizlədə bilmədi: “Daha bəsdi, lənət şeytana! Yığışdırın bu hərc-mərcliyi!” Lakin Xose İqnasio Saens de la Barra, həmişəki kimi, onun hirsini hansısa dəlil-sübutla yox, vəhşi itlərin qəddar təlimçisi üsullarıyla yatırtdı. Gecələr general onunla vassalı kimi rəftar edən bu yeganə adama – Saens de la Barraya tabe olduğuna görə özünə min bir lənət yağdırır, bu tipin onun daxilində qurduğu imperiyaya qarşı öz-özlüyündə, təkbaşına üsyan edir, tədricən bütün dövlət strukturlarına sirayət etməyə başlamış kölə tabeliyini canından çıxartmağa çalışırdı. – “Günü sabah bu biabırçılığa son qoyulacaq, – o, ürəyində deyirdi, – daha bəsdir, lənət şeytana! Hər şey bir yana, Bendisyon Alvarado məni əmr yerinə yetirmək üçün yox, əmr vermək üçün yaradıb!” Lakin bütün gecəni fikirləşib qurduqları Xose İqnasio Saens de la Barra öz itiylə onun hüzurunda peyda olduğu an darmadağın olurdu və general yenidən, ilgəyinə diri qardeniya taxılmış gur səsli, losyon ətri qoxuyan, nişastalı qolçaqlarında zümrüd sancaqlar bərq vuran, zəhmli çəlikli, incə ədalarından göz qamaşan bu ən lazımlı və ən dözülməz adamın şikarına çevrilirdi. “Gözümə dəyən adamlar içindən!” deyə fikirləşirdisə də, onu görən kimi: “Şişirtmək lazım deyil, Naço, öz vəzifə borcunuzu yerinə yetirin!” – deyirdi və yenə bir ucdan içi kəsik başlarla dolu çuvalları qəbul edir, növbəti qəbzlərə imza atır, ayağının altını hiss eləmədən sonsuzluğa çökəntək, etibarsız hakimiyyət qumluğunun içiylə harasa aşağı enir, dibə çökürdü; səhərlər isə hər addımda, hər birindən yalnız dəniz görünən pəncərələrin qarşısında ayaq saxlayıb özü özünə: “Bu dünyada nələr baş verir? – deyirdi. – Saat artıq on birdir, bu evdə isə bircə adam belə gözə dəymir! Burda kimsə var?..” – ucadan çağırırdısa da, səsinə səs verən olmurdu. Sarayda tamam tək idi deyə çox vaxt ona elə gəlirdi ki, öz sarayında yox, hardasa yad bir yerdədi. – “Eşşəklərin belindən ağır yükləri boşaldıb yalın ayaqlarıyla dəhlizlər boyu, içi tərəvəz və toyuqla dolu zənbilləri daşıyan bir düjün əsgərim hara yoxa çıxdı? Gecələrlə solan güllərin əvəzinə təzələrini qoymaq üçün güldanların iyli sularını çölə töküb üfunətli gölməçələr yaradan çərənçi arvadlarım hanı? “Susanna, yanıma gəl, Susanna, sevginin həsrətindəyəm…” mahnısını oxuya-oxuya, quş qəfəslərinin havasını dəyişib içini təmizləyən, eyvanlarda süpürgələriylə xalçalar çırpan qadınlarım hanı? Hər qapının arxasında ayaq üstündə işəyən və sidiyiylə müşavirələr zalının divarlarında dəvə şəkilləri çəkən sısqa, bic uşaqlarım hanı? Yazı stollarının siyirmələrində yumurtlayan toyuqları qova-qova otaqlardan çıxaran həyəcanlı məmurlarım hanı? Ümumi tualetlərdə əsgərlərlə eyş-işrətlə məşğul olan fahişələrim hanı? Diplomatlara hürən saysız-hesabsız itlərim hanı? Mənim iflic xəstələrimi pilləkənlərdən qovub, qızılgül kollarının altında yatan cüzamlıları rədd eləyib, yaltaq əyanlarımı məndən kim uzaqlaşdırıb?..” O, generalitetdən olan-qalan yaxın dostlarını o birilərdən güclə ayırır, onlara cangüdənlərin, yeni yaxınlarının kürəyi arxasından baxırdı; ona tərkibi tamamilə ayrı bir adam tərəfindən təsdiq olunan Nazirlər Kabinetinin iclasında çıxış eləməyə böyük minnətlə icazə verirdilər; bu onun fikirlərini qabaqlayaraq bütün dövlət işlərini onunla məsləhətləşmədən həll edən qara, hüznlü pencəkli, nişastalı yaxalıqlı altı elmlər doktoru idi. “Lənət şeytana! Hökumət mən özüməm!” – deyə o, aradabir özündən çıxırdısa da, Xose İqnasio Saens de la Barra sakitcə: “Qətiyyən, general! Siz hökumət yox hakimiyyətsiniz!” – deyə izah edirdi. Axşamlar darıxmaqdan üzülə-üzülə domino oynayır, tərəf­-müqabillərinin ən usta oyunçu olmasına baxmayaraq üzücü sıxıntıdan xilas ola bilmir, ha bic fəndlərlə üzləşirdisə də, bircə partiya belə uduzmaq ona müyəssər olmurdu. Naharı hər dəfə, ən azı, bir saat ona görə gözləməli olurdu ki, nəzarətçilər hər tikənin dadına bircə-bircə baxmadan onu stola yaxın buraxmırdılar; gizli divar mücrülərindən içi bal dolu bankalar yoxa çıxmağa başlamışdı, odur ki, o, Saens de la Barraya şikayətlənirdi: “Bu nə hakimiyyətdi? Məgər mən belə hakimiyyət deyirdim?” Saens de la Barra da cavab verirdi ki, ayrı cür hakimiyyət olmur: “Olanı budur, general!” Bir zamanların büsatlı cənnət həyatı – istirahət günlərinin bazarını xatırladan saray həyatı onun letargik yuxusuna çevrildi və yeni həyatını, gündə-gündə dördcə saat, yerli radiostansiyanın bədbəxt sevgi barədə verdiyi romana qulaq asmağın intizarında yaşamağa başladı; o, romanın hər fəslini top yelləncəyində uzana-uzana, əlində içilməmiş meyvə şirəsiylə dolu stəkan tuta-tuta dinləyir, gözləri dolur, növbəti fəsil başa çatandan sonra radioromanın baş qəhrəmanı olan cavan qızın ölüb-ölməyəcəyi sualıyla özünü üzüb əldən salırdı. Xose İqnasio Saens de la Barra bu barədə də onun üçün informasiya toplayıb xəbər verdi: “Bəli, general, qız öləcək!” – “Qoy ölməsin, lənət şeytana! – o əmr etdi. – Qoy bütün adamlar kimi ərə gedib uşaq doğsun, sonra qocalıb ölsün!” Və Saens de la Barra generalın hakimiyyət illüziyalarında rahatlığı üçün ssenarini dəyişdirməyi əmr etdi. O gündən sonra radioromanların qəhrəmanları onun icazəsi olmadan ölmür, əsərin keçmiş fəsillərində ölmüş personajlar onun arzusuyla dirilir, mənfi qəhrəmanlar vaxtından əvvəl cəza­lan­dırılır, müsbət qəhrəmanlar xoşbəxt olurdular; bu xoşbəxtliklər onun əmriylə baş tuturdu; bütün bunlar fəaliyyət illüziyası yaradaraq həyatına nə isə bir dolğunluq gətirirdi; axı lap çoxdan məşğul olmağa özünə iş tapmırdı; axşamlar, saat səkkizdə, əlində lampa, öz malikanəsində gəzib-dolaşdıqca belə məlum olurdu ki, artıq kimsə itləri yemləyib və prezident qvardiyasının otaqlarının işığını söndürüb, kimsə qulluqçuya yatmaq əmri verib və o yatıb; mətbəx tərtəmiz yığışdırılıb, döşəmələr yuyulub, üstündə ət doğranan taxtalar qaşınaraq, karbolla dərmanlanıb; kimsə onun görəcəyi işləri artıq yerinə yetirib; sonra məlum olurdu ki, kimsə pəncərələrin şpin­qaletlərini də endirib, kabinet qapılarının açarlarının yalnız və yalnız onda olmasına baxmayaraq bütün qapıları da açarlayıb; vestibüldən onun yataq otağınacan asılan divar işıqları o, əlini düyməyə uzatmağa macal tapmamış, bir-bir sönürdü və o, qaranlıqda əsir düşmüş monarx kimi ayaqlarını ağır-ağır çəkə-çəkə, izinə heç kim düşə bilməsin deyə qara məxmərin içindəki mahmızını ardınca sürüyə-sürüyə, əksi güzgülərə düşmədən yeriyirdi; pəncərələrin önündən keçib-getdikcə həmin dənizi – yanvar ayının Qəraib dənizini görürdü; o, dənizə düz iyirmi üç dəfə baxdı və iyirmi üçündə də onu öz yanvar mənzərəsində – üzünə qırmızı örtük çəkilmiş cənnət bataqlığına oxşar vəziyyətdə gördü. O hər axşamını beləcə, bu minvalla keçirdi; həmin avqust axşamı da yenə hər şey olduğu kimi idi; qaranlıqda ayaqlarını xışıldada-xışıldada öz otağına getdiyi yerdə yolüstü, hələ də melisa kolu bitən dibçək, çoxdan ölmüş quşların qəfəsləri, anasının diri-diri çürüyüb canını tapşırdığı əzablar kəcavəsi həmişəki yerində dayanan otağa – Bendisyon Alvaradonun yataq otağına baş çəkdi. “Gecən xeyrə qalsın, ana!” – səssizcə deyib uzun müddətdən bəri eşitmədiyi: “Gecən xeyrə qalsın, Allah amanatında, oğul!” – cavabını yenə də eşitmədi. Anasının otağından çıxıb, işdi, əgər qalmaqal düşərsə, qaçıb aradan çıxmaq üçün karına gələcək lampayla yoluna işıq saça-saça öz yataq otağına gedirdi ki, birdən-birə bədəni qorxudan qıc olub gərildi – lampanın işığı hardasa qaranlığın dibində, Lord Köxelin kösöv kimi işaran bəbəklərində közərirdi… kişi odekolonu ətri gəldi və general bu odekolon ətri gələn adamın ona olan nifrətini, hakim gücünü hiss etdi. O, zülmət qaranlıqda duranın kim olduğunu, əyninə parad kostyumu geyib bura bu gecənin tarixi bir gecə olduğunu ona xatırlatmaq üçün gələn adamın Xose İqnasio Saens de la Barra olduğunu gözəl bilsə də: “Kim var burda?” – soruşdu. – “Bu gün avqustun on ikisidir, general! Böyük, tarixi gündür! Sizin hakimiyyətə gəlişinizin düz yüzüncü ildönümü­dür! Odur ki general, dünyanın dörd bir tərəfindən qonaqlar təşrif buyurub! Bəs necə?! Axı belə bayramda, ən uzun ömür ərzində belə, cəmi bircə dəfə iştirak etmək müyəssər olur. Bu günü bütün ölkə qeyd edir, bəs siz?!” O, Xose İqnasionun inadkar tələblərinə – bu yaddaqalan gecəni xalqın gurultulu alqışları və odlu məhəbbətinin şüarları altında keçirmək barədə bütün xahişlərinə cavab olaraq öz yuxu kamerasına həmişəkindən bir az da tez çəkilib üç kilidi və üç qıfılı bağladı, üç zənciri çəkib, soyunmadan, orden-medalsız, kobud kətan formasında, sol tayı qızıl mahmızlı uzunboğazlarında döşəməyə uzanaraq üzünü balışa basırmış kimi ovuclarına sıxdı və elə bu vəziyyətdəcə – öz əbədi vəziyyətində, bizim onu bir vaxt tapacağımız vəziyyətdə – quzğunların didib-dağıtdığı, dərisini min bir həşərat və dəniz yosunlarının basdığı vəziyyətdə donub-qaldı və yuxusuz gözlərinin içiylə, dumanlı şehin arasıyla uzaqdan eşidilən bayram atəşfəşanlığının, şən musiqinin, təntənəli kilsə zənglərinin cingiltisini, şüarlar çığıra-çığıra lil axını kimi irəliləyən kütlələrin səsini eşitdi; o, bütün bunları eşidir, qəmlənməkdən çox, təəccüblənir və öz-özünə: “Anam mənim, taleyim mənim, Bendisyon Alvarado! O vaxtdan artıq düz yüz il keçir! Lənət şeytana, vaxt necə də tez gedir!” – dedi.

 

 

 

 

Deməli, o elə ordaydı, özü də bu onun oxşarı yox, məhz özüydü, qəbul salonunda, ziyafət masasının üstündə, dünyasını dəyişmiş Roma papası kimi təmtəraqlı geyimdə, təpədən-dırnağacan gül-çiçəyin içində, bir dəfə nə vaxtsa ölüb uzandığı kimi, həmin bu stolun üstündəcə çürüdüyü kimi, sağlığındakı kin-küdurətindən bir az da qatı, kinli ölümüylə, içinə pambıq tıxanmış şişkin, ipək əlcəklərdə, sinəsi abırsız əlaltılarının düzüb-qoşduğu əldəqayırma müharibələrdəki uydurma qalibiyyətlərinə görə qazandığı saysız-hesabsız orden-medallarla dolu, tovuz quşuna bənzər al-əlvan parad mundirində, uzunboğazının sol tayındakı qızıl mahmızıyla, poqonlarındakı on ədəd Kainat Generalının qəmli günəşiylə (bu rütbəni ona lap ölümqabağı vermişdilər) hamının görə biləcəyi elə yaxın bir yerdə uzanmışdı ki, ilk dəfə onun real varlığına bizdə bircə damla belə şübhə yeri qalmadı; hərçənd ki, əslinə qalsa, ictimaiyyətin nümayişinə çıxarılan, bizim müşavirə zalında hələ də axıracan inana bilmədiyimiz rəsmi xəbərin hər sözünü götür-qoy elədiyimiz vaxt, qonşu zalda şamların aram odunda elə bil get-gedə pörtüb qızaran bu meyit qədər bu dünyada ona az oxşayan, hər ədasıyla ondan seçilən ikinci bir adam, yəqin ki, tapılmazdı. “Məni hərbi yük maşınlarının boğuq uğultusu oyatdı: silah-sursatın, boyun­larından asılı avtomatların ağırlığından beli bükülən yaşıl dəbilqəli əsgərlər dəstə-dəstə hələ də adamsız səkilərlə addımlayır, girişlərdə gizlənir, yolayrıclarında dayanır, dövlət binalarının darvazaları önündə ayaq saxlayırdılar; onlardan bəziləri günün altında bərq vuran lülələrini böyürlərinə qoyub alış-veriş küçəsindəki piştaxtaların altına uzanmışdı­lar, bəziləri ağır pulemyotlarını vitse-kralın məhəlləsindəki evlərin damına çıxartmışdılar; bütün bunları mən öz gözlərimlə gördüm; patiodan yığdığım tər qərənfil dəstəsini qoymağa yer axtara-axtara eyvanın qapısını açanda isə əsgərlərin çəkmələrinin küt tappıltısını və kobud danışıqlarını eşitdim; leytenantın başçılığı altında bir dəstə patrul onun-bunun qapısını döyəcləyib alverə başlamaq istəyən dükanları bağlamağı tələb edirdi. “Əmri yuxarılar verib! Bu gün milli bayramdı!” Qərənfilin birini leytenanta tullayıb soruşdum ki, bu nə hay-həşirdi, niyə küçələrdə bu qədər əsgər var?! Leytenant gülü havadaca tutub, əvvəl çiyinlərini çəkdi: “Biz də heç nə bilmirik, əzizim”, – dedi, sonra mənə göz vurub uzun-uzadı qəhqəhə çəkdi. – “Bəlkə, rəhmətlik dirilib, hə?” Bu sözlərdə qəribə heç bir şey yox idi, əksinə, bizlərə onun bu dünyadakı varlığının sona yetməsi dərkolunmaz və təəccüblü gəlirdi və biz onun dövlət işləriylə maraqlanmadığı uzun illərdən sonra ölüm yatağından qalxıb hakimiyyət cilovlarını yenidən əlinə yığdığına, tanış çıraqların əvvəlki vaxtlardakı kimi yandırıldığı ecazkar Hökumət İqamətgahının ucu-bucağı görünməyən, döşəməsi xalılı dəhlizləriylə enli, yastı dabanlarını həmişəki qaydasıyla, hələ əvvəlkindən bir qədər də şövqlə sürüdüyünə daha asanlıqla inanırdıq; biz asanca inanırdıq ki, inəkləri qovan ayrı bir kəs yox, məhz o özüdür; de Armas meydanının çatlaq plitələri arasından çırtlayan otu qırpıb yeyə-yeyə aramla yeriyən, həmin o plitələrin üstündə, palma kölgəsinin altında otura-otura, inəklərin yerişini əsgər çəkməsinin səsiylə qarışıq salan korun yanındaca otlayan inəkləri də o qovmuşdu, küçələrdən hələ də inəklərin ayaq səsləri eşidilirdi və o, ölümə sinə gərərək evinə qələbəylə dönən xoşbəxt cəngavər haqqında şeir söyləməyə başladı; şeiri əllərini yarımçıq tikililərin böyür-başında qıvrılan şitilləri gövşəyən laqeyd üzlü inəklərə açaraq birnəfəsə dedi – onlar üçün – yem üçün saray pillələrini qalxıb-enməyə öyrəşmiş inəklər üçün; buralar inəklərin ürəyinə yatırdı, odur ki, heyvanlar burda – çöl kameliyalarından çələng taxmış musiqi ilahələrinin və Milli Teatrın uçuq-sökük binasını bəzədiyi, liralarından meymunların sallandığı yerlərdə yem axtarmağa öyrəşmişdilər; susuzluqdan üzülən inəklər vitse-kral məhəlləsinin yarıqaranlıq, sərin girişlərinə elə səs-küylə cumurdular, elə bil girişlərdə bir yığın gül dibçəyi yerə dəyib çilik-çilik olurdu, sonra da susuzluqdan yana-yana başlarını patiodakı nohura soxurdular; heyvanlar nə qədər su içsələr də, onları buralardan qovan olmurdu, çünki inəklərin hər birinin boynunda prezident möhürünün izləri gözə dəyirdi; hamı bu heyvanlara müqəddəs canlılar kimi baxırdı, hətta əsgərlər belə ən dar, qızğın alver gedən küçələrdə onlara yol verirdilər.

Küçə həmişəki şən karnaval ovqatını, öz iblisanə cəlbediciliyini çoxdan itirmiş, buşpritlər dövründən bu yana zaman-zaman gəmirilərək sınıq qabırğaya bənzəməyə başlayan şpanqout və dorların bir vaxtlar dənizimiz olanda gəmilərin, az qala alver piştaxtaları arasında lövbər saldığı, təzə balıq və tərəvəz satılan ərazilərdə yaranmış üfunətli bataqlıqlarda çürüməkdə olan lazımsız avadanlıqların zibilliyinə çevril­miş­di; onun prezidentliyinin ilk illəri hind bazarının qızğın alış-veriş aparıldığı boş pavilyonlarından axan qatı üfunət havadan asılı qalmışdı; sonra hindlilər də buralardan çıxıb getdilər, ona heç “sağ ol” da demədilər. “Bunlara bir bax!” – onların ardınca qocasayağı, səbirsiz hikkəylə çığırdı: – “İtilin ingilislərin yanına, onların zir-zibilini təmizlə­mə­yə!” Hindlilər onun sözlərini eşitmədilər, onlardan sonra bazarda birdən-birə hardansa tilsimli boyunbağılar, ilan zəhərinə qarşı təmrinlər satan alverçilər peyda oldu, çürüntüdən, zir-zibildən münbitləşmiş yaxın torpaqlarda isə bir-birinin ardınca içi nazik arakəsmələrlə bölünən, gecə-gündüz yeyilmiş patefon vallarının zəhlətökən xırıltısının müşayiətilə eşq macəraları altında cırıldayan çarpayıların səsi eşidilən xırda komalar bitməyə başladı; bu çarpayılar, kilsə zəngləri milli matəmin başlanmasını elan edənəcən əsgər qundaqları altında darma­dağın olub getdi. Bəli, kim nə deyir-desin, bu, əsl matəm idi… və kədər də saxta deyildi, çünki onun uzun müddətdən bəri həsrətlə gözlədiyimiz ölümü bizim özümüzdə də çox şeyi aşkar eləmişdi və hər şeydən əvvəl, onun tutulduğu hansısa monarx mərəzindən gəbərəcəyini, dəfələrlə ağızdan-ağıza gəzən, hər dəfə də yalan çıxan ölüm xəbərinin, nəhayət ki, həqiqət olacağını ümidsizliklə gözləyirdik ki, bunu gözləyə-gözləyə özümüz, az qala, öldük, quruyub qaxaca döndük və indi biz onun son gedişinə, bu xəbərin yenə həqiqət olmadığına görə yox, ona görə inanmırdıq ki, daha buna özümüz inanmaq istəmirdik, çünki artıq qəlbimizin dərinliyində ölümünü istəmirdik; biz artıq təsəvvürümüzə belə gətirmirdik ki, ondan sonra necə yaşayacağıq, ümumiyyətlə, onun əsaslı yer tutduğu həyatımız onsuz necə davam edəcək. “O mənim üçün hər şey idi… bu adam mənə heç bir kişinin verə bilmədiyi, on iki illik xoşbəxtlik bəxş etmişdi! Onu lap çoxdan – fermanın xırda pəncərəsindən şorgöz-şorgöz bizlərə – saat beşdə məktəb­dən qayıdan mavi paltarlı qızlara baxıb: “Ah, anam mənim, Bendisyon Alvarado, bu sütül bədənlər necə də gözəldi!” – dediyi vaxtlardan yadım­da saxlamışam. Biz onun ac gözlərini, səfir Fourbisin göndərdiyi nabatların cingiltisini qızlara eşitdirmək üçün içi nabatla dolu yaraşıqlı bankanı cındır əlcəkli əlində oynada-oynada atıb-tutduğunu görürdük və çönüb qaça-qaça ordan uzaqlaşırdıq; tək bircə dəfə – heç kəsin görmədiyini dəqiqləşdirib oğrun-oğrun pəncərəyə yaxınlaşdım, əlimi güllü bankaya uzatdım, nabatların səsi çox cəlbedici idi; o, əllərimi möhkəmcə, eyni zamanda incə-incə sıxdı, məni yumşaq pələng hərəkətləriylə havaya qaldırdı, heç bir ağrı vermədən, pəncərədən içəri elə saldı ki, formamın bircə qırçını belə əzilmədi; sonra məni qatı sidik iyi verən samanlığa uzadıb nə isə demək üçün ağzını açdısa da, danışa bilmədi; dili elə bil damağına yapışmışdı, elə bildim o məndən çox qorxuya düşüb; ürəyi elə vururdu ki, hər döyüntüsü sinəsinə yapışmış köynəyindən hiss olunurdu; rəngi ağappaq ağarmışdı, gözləri yaşarmışdı; bu göz yaşlarını sonralar mənimlə yatan heç bir kişinin gözündə görmədim; o, qırmaq kimi iti barmaqlarıyla mənim titrək bədənimi dinməz-söyləməz, elə qüvvətlə, elə ehtiras və incəliklə əlləşdirirdi ki, bu həzzi mən bir daha heç kimdən duymadım; barmaqları qarnım boyu üzüyuxarı sürüşür, aradabir qıcolmuş kimi gərilirdi və mən bu əllərin altında döşlərimin gilələrinin böyüyüb qönçə kimi açıldığını hiss edir, samanlığın içində ağnaya-ağnaya, yad kişi təri qoxuyan nəm köynəyə bir az da bərk sıxılırdım; daha ona səfir Beyldriçin nabatları lazım olmadı – daha özüm samanlıqda məni içi yeməklə dolu zənbillə gözləyən qəmli, lakin sağlam ürəkli bu adamın qucağında olmaq xoşbəxtliyini bir də yaşamaq arzusuyla tövlənin pəncərəsindən içəri soxulurdum; o, bədənimin iyini çox sevirdi, mənə də bu iyi sevməyi öyrətmişdi; o bizim yediyimiz yeməklərə də iyimin hopmasını istəyirdi: “Ləzzətlisən, – pıçıldayırdı, – əcəb dizin var… sənin öz şirəndə bişmiş böyrəklərini tərinin duzuna batırıb elə yeyərdim ki...” O, sabahı olmayan hər eşq axşamı bədənimi başdan-ayağa ehtirasının acı istiotuyla, dəfnə yarpaqla­rıy­la ədvalayır, yalvarışlarının aram odunda bişirirdi; məni səxavətlə yedirdib doyuzdurur, özü də yeyirdi; sonralar bu şəhvəti, bu səxavəti heç bir kişidə görmədim; yeyib doyandan sonra sulu tikanlı dilləriylə bizi yalamaq istəyən inəkləri qovub aradabir ürəyinin sıxıldığından, hər şeyə tüpürərək baş götürüb buralardan getmək istədiyindən danışardı; özü də bu barədə sakitcə, taleyindən şikayətlənmədən, heç nədən umub-küsmə­dən, yalnız ümidsiz bir çığırtının poza biləcəyi təmkinlə, elə bil öz-özüylə danışırdı; səsi aram idi, uzun dırnaqlı barmaqları yenə bədənimə toxunurdu; bir sözlə, mərd və yenilməz idi – mənim həyatımın yeganə mənası idi. On dörd yaşım yenicə tamam olmuşdu ki, evimizə poqonlarında çoxlu ulduz parlayan iki hərbçi gəldi; onlar içindəki qızıl dublonlardan şişib ağırlaş­mış çamadanlarla gəldilər; məni valideynlərimlə birgə, gecənin bir yarısı hansısa əcnəbi gəmiyə oturtdular və beləcə, qürbətdə yaşamalı oldum. Onun ölüm xəbərini eşidənəcən – onun ağuşunu öz darıxdırıcı, miskin həyatım boyu xatırladıqca gündə yüz dəfə ölüb-dirilməyimdən, hər qarşıma çıxanla yata-yata bu dünyada ondan yaxşı kişinin olub-olmadığını yoxlayaraq bir adam kimi hamıdan üz çevirdiyimdən xəbərsiz öldüyünü eşidən günəcən uzun-uzadı illər elə orda da qaldım; vətənə qocalıb-qartımış vəziyyətdə, müxtəlif kişilərdən doğduğum bir düjün uşaqla onun ölüm ayağında, dumanlı xatirələrlə də olsa məni xatırlayacağı ümidiylə qayıtdım...” Lakin general onu fermanın pəncərəsində görmədiyi günün səhərisi unudub ayrı birisini, sonra daha bir ayrısını ələ keçirdi... beləliklə, hər axşam bir-birindən seçilməyən, eyni formalı məktəbli qızlarla məşğul oldu; bu qızların hamısı elə bil bir-birinə bənzəyirdi, böyründən mavi sürüylə ötəndə ona iti dillərini göstərir, “Qoca kaftar!” – qışqırıb şən-şən gülüşür, səfir Rimpelmeyerin hədiyyə verdiyi nabat şüşəsinə əyri-əyri baxırdılar; o isə işindən qalmırdı, qızları bir-bir pəncərəyə çağırır, əlinə keçənin dünənki, yaxud təzəsi olduğuyla heç maraqlanmır, onların hamısını dənizçi yaxalıqlı, mavi paltarlı vahid canlı şəklində təsəvvür edirdi; bu təsəvvür gün-gündən artıb-çoxalan borcunun əvəzinə ərazi sularının verilməsi tələbini eşitməmək üçün ona elektron gücləndiricili qrammofon ruporu bağışlayan səfir Ştreymberqin zəhlətökən, yeknəsəq mülahizələrini mürgüləyə-mürgüləyə qulaqardına vurduğu dəqiqələrdə ruhunu şirin-şirin oxşayırdı. O bu tələbi və bu tələbin böyür-başındakıları əzbər bilirdisə də, yenə melanxolik bir yeknəsəqliklə: “Qətiyyən, əzizim Stivenson! Dənizdən başqa nə istəyirsən götür!” – deyir və metal səsli gücləndiricini söndürürdü ki, iqtisadiyyatdan az-çox başı çıxan iqtisadçılarının çoxdan bəri: “Biz lütük, mənim generalım, qəpiyimiz belə yoxdu”, – deyə-deyə ona başa salmağa çalışdıqlarını bir də dönə-dönə təkrar eləməsin. Amma onsuz da bilirdi ki, xəzinə bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdan dağıdılıb, ölkə borc hesabına yaşayır; yaxşı yadındaydı ki, müstəqillik uğrunda müharibələr dövründən bu yana yığılan borcları ödəməkdən ötrü ilk əvvəl istiqraz almışdı, sonra gecikdirilmiş ödənişin faizlərini ödəmək üçün ayrı istiqrazlar gəldi, sonra faizlərin ödənişi xirtdəyə dirəndi, sonra pul çatışmazdığından qəzəb­lənmiş kreditorları sakit­ləş­dirmək üçün pulun əvəzinə nələrisə vermək məcburiyyəti ortaya çıxdı, kinə ağacı və tütünü ingilislərə, kauçuk və kakaonu hollandlara, dəmir yolu tikintisi konsepsiyasını və su yollarını almanlara, bir sözlə, hər şeyi, gizli, ya açıq şəkildə – əsasən, əlbəttə ki, gizlicə – bu yadelli qrinqolara verməli olduq; bəzən bu işlər o qədər gizli gedirdi ki, bunlar barədə o özü sonradan – Xose İqnasio de la Barranın biabırçı ifşasından və qətlindən sonra xəbər tuturdu. – Allah onu, əbədi olaraq, cəhənnəm odunda yandırsın! Buna baxmayaraq həmin o çətin ildən başlayaraq, Hamburq bankirlərinə – xirtdəyinə keçən bu xəsislərə ödəniləcək haqqın təxirə salınması barədə əmr verdiyi həmin o çətin ildən başlayaraq, yenə hər maliyyə nazirindən: “Bizim ayrı yolumuz yoxdu, mənim generalım!” – sözünü eşidirdi; bu, alman eskadrilyasının limanı mühasirəyə aldığı dövrlər idi; qəfildən reydə çıxan ingilis zirehli gəmisi xəbərdarlıq atəşi açmışdı və mərmiylə kilsənin qülləsini dağıtmışdı; lakin bu top atəşləri də onu qorxutmadı. “İngilis kralının lap belə... Rədd olsun kayzer! Ölərəm, təslim olmaram!” – deyə bağırdı və onun kimi ehtiraslı domino həvəskarı olan səfir Çarlz U.Treykolerin köməyi ilə lap axır məqamda – hər şeyin bitdiyi güman edilən son anda xilas edildi; səfirin təmsil etdiyi bu dövlət özünü generalın Avropa üzrə məsuliyyətinin təminatçısı elan edərək əvəzində bizim təbii sərvətləri istismar etmək hüququ qazandı. Həmin bu məsələdən sonra ölkə müflis vəziyyətə düşdü, bizsə ömürlük dilənçiyə çevrildik. “Biz, mənim generalım, əynimizdəki alt paltarına görə də borcluyuq”.

 Onu heç nə çaşdırmadı, əvvəlki vaxtlarda olduğu kimi, səfiri əzəmətlə, pilləkənlərə qədər ötürür, onunla bütün səfirlərlə xudahafizləş­di­yi qaydada, bir xeyli çərənləyəndən sonra çiynini şappıldadaraq: “Xeyr a-a-a, əzizim Beykster! Ölərəm, amma dənizi vermərəm!” – deyərək sağollaşırdı.

Onu etimadını heç cür doğrultmayan, lənətə gəlmiş Xose İqnasio Saens de la Barranın – Letisiya Nasarenoyla körpəsini məhv edən bədxahlardan savayı, hamının başını bədənindən ayırtdıran bu qatilin günahı üzündən içində qəbiristanlıq sükutu və kimsəsizlik hökm sürən sarayı ödənilməyən borclardan daha çox narahat edirdi. O, tutuquşuların boğazına nə qədər şəfqətli dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; qonşuluqdakı məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan hissəsi isə döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə və onlarla məzələnməyə gedirdi; ya da siestanın bürkülü saatlarında yamyaşıl talvarın altında təmtəkcə oturub çoxlu dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan televizya filmində baş verən əhvalatın ipini əldən buraxmamaqdan ötrü aradabir yarımürgünün içindən oyanıb yenidən mürgüləyə-mürgüləyə keçirirdi; bu filmlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud ən azı, onun təsəvvürüncə həyat elə-belə də olmalıdı; uzun müddət ağlına belə gəlmirdi ki, bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim olduğu, məhəbbətin şərə qalib gəldiyi bu filmləri biz onun zövqünü oxşamaqdan ötrü – Xose İqnasionun tapşırığı ilə, xüsusi radioötürücülərlə, ya da televizya verilişlərini kəsib ayrıca kanalla verirdik; hər şeyi bilə-bilə, onu vicdansızcasına aldadırdıq ki, özünü xoşbəxt hiss etsin; o da özünü son günlərinəcən, qocalıb lap heydən düşənəcən xoşbəxt sayırdı; axırı-sonu görünməyən, uzun-uzadı qocalıq illərində bir də əyinlərindəki dənizçi formalarında tir-tir titrəyən balaca qızları əlləşdirəndə özünü belə xoşbəxt hiss edirdi; lakin günlərin bir günü o soruşanda: “Sənə məktəbdə nə öyrətdilər?” və mən də cavab verəndə: “Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman fahişəsiyəm!” – dərhal məni qulağına dediyimi təkrar eləməyə məcbur elədi… olsun, elə bilmişdi ki, səhv eşidib; dediyimi heca-heca təkrar elədim ki, məktəbli deyiləm, liman fa-hi-şə-si-yəm; dedim ki, məni qatranlı sabunla yuyub, lifləyib, dənizçi yaxalıqlı mavi paltar geydirib hər axşam saat beşdə onun pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən tək qaçmırdım, böyrümlə sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub, mənim kimi, məktəbli forması və oğlan botinkaları geydirildiyi, başlarına at quyruğundan hörüklər taxılmış fahişələr də qaçırdı; baxın, bu saçlar başa adi sancaqla taxılır; bizi xəbərdar etmişdilər ki, əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan qorxmağa dəyməz, bircə onu edəcək ki, soyundurub həkim kimi ora-buranıza baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, sizin elədiklərinizi dedilər, mənim generalım, bizsə gözlərimizi yumub guya ehtirasdan alovlana-alovlana: “Ax, mənim sevgilim... sevgilim mənim...” – deməliydik, necə ki hər axşam mən deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl bu səhnəni oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on qara qəpik, vəssalam: sanitar vergisini və serjant üçün komisyon xərclərini çıxanda bizə cəmi dörd ütük peso qalır. Bütün bunları mənə gözünü qırpmadan qulaq asan qaraqabaq qocanın üzünə dedim”.

“Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..” – öz-özünə fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını büruzə verir, vəziyyəti dolayı yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı və çox keçmədi ki, o, Dövlət Evinin qonşuluğundakı qızlar məktəbinin çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, məktəbli qızları həmin indi qabağımızdakı banket stolunun üstündə nə iləsə, sousun içində üzüyuxarı üzən sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın caynağından qurtarmaq üçün şəxsən maarif nazirinin özünün, yepiskopun xeyir-duası altında, var-dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq dəniz kənarında yeni, üçmərtəbəli məktəbin tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun malvların, kimsəsiz düzənliklərin, ay kraterlərinin sönük şüaları – onsuz açılan ilk səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-çiçək meyitin rəngini bir qədər də saraldırdı… o, nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, əsiri kim olduğu dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan içəri və çöl tərəfdən ağ rənglə boyananda otaqların, dəhlizlərin divarlarına söykənə-söykənə, kənar bir adam kimi rəngsazların işinə tamaşa edir, onu tanımayan rəngsazlar: “Burda sizlik bir iş yoxdu, senyor, rəngi korlayırsız!” – deyə üstünə qışqırırdılar. O da təzəcə ağardılmış divarlara toxunmadan, ehtiyatla sivişib gedirdi. “Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!” – o biri yandan çığırırdılar və dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu yerdə balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – “Çəkil, kaftarın biri kaftar, yoxsa gilə yapışarsan!” – o da sıravi əsgər itaəti ilə deyilənə tabe olur, geri çəkilir, guya rahatlığı üçün aparılan bu səfeh yenidənqurmanın dözülməz əməliyyatlarına səbirlə dözürdü; özü özünə məxsus olmadığına görə cangüdənlərinin baxışların­dan heç cür qurtara bilmirdi; cangüdənlərin kinli baxışları elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi; onlar onun yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal ehtiyatlarının xəlvəti yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə qızıl mahmıza üz çəkir, cürbəcür ehtiyat tədbirləri görürdülər; bütün bu işlər, olsun ki, köhnə dostuna – Saturno Santosa yaman gülməli gələrdi; on bir başkəsənin səhərdən-axşamacan, sirk kəndirbazları kimi, böyür-başına hərlənməsi, əlli metrlik məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları, doğrudan, gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı maşın bir-biriylə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən tez-tez yerini dəyişən maşınların arasında özünün hansı maşında olduğunu qarışdırırdı; lakin bütün bu ehtiyat tədbirləri quzğuna güllə atmaq kimi mənasız bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda gördü ki, özünü könüllü surətdə dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da prezidentin limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı, divarda fırçayla yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu; orda nə yazıldığını soruşanda dedilər: “Yeni vətən qurucusuna eşq olsun!” Şüarın başdan-ayağa yalan olduğunu anladısa da, başını tərpətdi, “yoxsa silməzdilər” – fikirləşdi; dənizə qədər uzanan palmalı, gül-çiçəkli, geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlıq idi; qədim sütunlu eyvanı, bir-birinə bənzər yeni villalar tikilmiş, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar zibilxana olan yerdə sıx Amazon yaşıllıqlarıyla dövrələnmiş hotelləri gördü; əyri-üyrü küçələrlə tısbağa yerişiylə gedən sonsuz av­to­mobil sürüsünü gördü; səkinin gün düşən tərəfiylə veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü; səkinin kölgə hissəsində isə vergi idarəsinin harın-harın o baş-bu başa gəzişən məmurları səkinin kölgəli yerində dayanmağa görə haqq alırdılar; odur ki, yazıq camaata günün altında qovrulmaqdan savayı bir şey qalmırdı!

Amma onu ən çox getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir tabuta bənzər prezident limuzininin heç kəsin tükünü belə tərpətməməyi heyrətə gətirdi. Donuq gözlərini, həyəcan və təəccübdən səyriyən dodaqlarını da heç kəs tanımadı; onun əlinə – ona əhəmiyyət verməyən camaata tərəf yellətdiyi məşhur əlinə də diqqət yetirən olmadı; maşın irəlilədikcə qəzet və boyunbağı satanların haray-həşiri, dondurma arabalarının cırıltısı, lotereyaları bayraq kimi yellədən lotereyasatanların ətürpərdən çığırtıları – küçə dünyasının bütün uğultuları arxada qaldı. “Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?” – deyən qocanın qəlbində nələr baş verdiyinin bu küçə dünyasına heç bir dəxli yox idi. Buralar elə dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar paltarları eyvanların məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə eləmək üçün qürub çağı xırda dükanlara girərək alverçilərlə söyüşən ərsiz qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında çöməlib bayıra çıxan hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı? Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı? Hanı üfunətli bataqlığa çevrilən quldur yuvaları?.. Maşın küçəni buruldu və onun gözünün qabağına boynubükük qutanlar gəldi, birdən-birə ürəyi sıxıldı: liman! Bəs liman hanı? Hanı o qaçaqmalçı qayıqları? Bir vaxt desantların atıb getdiyi zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb? Yoox, bu dünyaya nə isə olub, əgər limuzindən düşüb vaqona mindikdən sonra da onun pəncərədə görünən zərif əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim tanımırsa, bu dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan ilk qatarın yarıaçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi. Qatar bir vaxtlar malyariya bataqlığı olan ətirli çöllərdən keçib qara-qışqırıqçı bataqlıq quşlarının dolaşdığı düyü zəmilərinin yanından ötərək, prezident möhürü vurulmuş inək sürülərini ürküdərək ağlasığmaz mavi çalarlı düzənliklərə sarı şütüyürdü; o isə vaqonun səyahətdən çox matəm mərasimlərinə daha çox yarayan qara, məxmər üzlü kupesində oturaraq özü özünə: “Lənət şeytana, bəs mənim köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət quşlarının nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar hara yox oldu, anam mənim?”

Keçmiş vaxtları bircə stansiyalar və ingilis şlyapaları taxmış qaradinməz hindu qadınları oturan yarımstansiyalar yada salırdı: bu qadınlar müxtəlif heyvanlar şəklində bişirilmiş şəkərli meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-çiçəkdən yığılmış “Vətənin böyük atasına əbədi eşq olsun!” şüarı görünən arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki möhtəşəmliyində, əvvəlki qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi; adı yenə əvvəlki qaydada hamını diksindirirdi; axı ölkədə baş verən hər şey yenə onun adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü təqib olunan qaçqın kimi hiss edirdi, səbir kasası daşanda isə: “Belə yaşamaq ölümdən də betərdi!” – deyə Xose İqnasio Saens de la Barranın üstünə çımxırır, cavabında: “Elə deyil, general, bu, qanun çərçivəsində gedən Tərəqqidir!” – kəlamını eşidirdi, bu cümlənin ardınca məlahətli təbəssümlə müşayiət olunan, min cür ən ağlasığmaz, sirli və inandırıcı sözlər gəlirdi. Və onsuz, özünü tamamilə tənha hiss etdiyi bu lənətə gəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu yırtıcıyla – yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakimi-mütləq və gərəkli olan bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala, ayaqyoluna gedəndə belə ondan ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə günün günorta çağı üzündəki mülayim təbəssümlə peyda olmağıyla bizim generalın gecəki qəzəbinin sovuşmağı bir olurdu; general həmin dəqiqə bütün acığını, kin-küdurətini unudur, onun təklif elədiyi hər bir şeyi ürəkdən bəyənir və deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan buna görə ürəyinin dərinliyində əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir dəyişikliyi tutan kimi general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi öz əvvəlki yerinə qoyurdu: “Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə yetirin!”

Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəfolunmazlığıyla öz zindanına – prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza kombinatına, bir vaxtlar holland dəlixanası olmuş kolonial memarlıq binasına qayıdırdı. “Sizin saray kimi möhtəşəm bir saraya, mənim generalım”. Bu, badam pöhrələrinin arasında itib-batan, qabağı çöl bənövşələriylə dolu yaşıl çəmənlik olan bir bina idi; birinci mərtəbəsində axtarış xidməti və vətəndaşlıq aktları qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpərdən fantaziyayla hazırlanmışdı ki, o bunlara baxmaq belə istəmədi və Saens de la Barraya: “Naço, vətən qarşısındakı borcunuzu daha yüksək səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən heç nə bilmirəm, heç bir şey görməmişəm, idarənizdə də heç vaxt olmamışam!” – dedi. Xose İqnasio Saens de la Barra onun qarşısında dərin ehtiramla təzim edib kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir, valideynlərinin dilini açmaqdan ötrü beş yaşına çatmayan uşaqların cinsi orqanlarına elektrik cərəyanı buraxmaq kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün də üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əlahəzrət qorxurdu ki, lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq bütün bu iyrəncliklərdən sonra yenə üstünə hücum çəksin. Əmr yerinə yetirildisə də, o, yenə, hardasa yaxında işləyən dəhşətlər emalatxanasını unuda bilmədi; bir də axı necə unudaydı ki, səssiz, aylı gecələr yaxından ötüb-keçən qatarların taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində, Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecəyarısı işgəncə verilənlərin iniltilərini batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının seli kimi tüğyan edir, özündən sonra bir vaxtlar holland lunatiklərinin yaşadığı bu vahiməli dəlixananın binasına – cəza evinə düşən cavan gəlinlərin fatalarından ba­dam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı vahiməli-vahiməli ağardırdı… Bəli, zati-aliləri, həyatlarını işgəncələrdə itirən insanların iniltilərinin və lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən bir adam barədə – Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü. Saens de la Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, yaxası qəribə, monoqramlı ipək köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara yığılmış diri qardeniyalar, etiketlərində şəcərə gerblər döydürülmüş fransız losyonları alır, qalan məsələlərdə isə özünə sərt qadağalar qoyurdu; məşuqəsi yox idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-filanı, hətta öz evi belə yox idi, möminlər kimi dörd divarın arasında yaşayır, gecə-gündüz o qədər işləyirdi ki, axşamlar yorğunluqdan iş otağındakı divana pallı-paltarlı sərilir, üç saatdan çox yatmırdı; qapısının ağzında onu mühafizsiz, tapançasız, deyilənə görə, yediyi yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti bağırsaqlarını almayanda, az qala, öz dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq, yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə kabinetə yaxınlaşdığını hiss edən köpək həmin dəqiqə qaynar qazan kimi qaynayıb dərhal sahibini oyadırdı; kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da, heç kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları heç kimlə məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədik­dən sonra özü qəbul edirdi; ölkədə baş verən ən mənasız hadisə belə – dünyanın hər hansı guşəsində ən adi qaçqının nəfəs alması da Xose İqnasio Saens de la Barraya gözəgörünməz hörümçək toru telləriylə bəlli olurdu; o, qorxu, şantaj və səxavətli rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə salmışdı; düzdür, səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, xəbər gətirənləri çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmənnasız xidmətlə təkcə o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya onun muzdla tutduğu cəlladlar, xəfiyyələr və casuslar camaatdan fantastik məbləğdə haqq aldıqlarına görə hər cür cinayətə getməyə hazırdılar; bu adamların bir çoxu öz xidmətinə görə haqq istəmirdi; bu adamlar öz analarını belə şaqqalayıb qanlı tikələrini donuzlara yedirtməyə hazır idilər, təki bu könüllü halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar vəhşiliklərinə və kiçicik mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış fransız cəllad-rasionalistlərinin əlinin altında işləmək üçün nümunəvi davranış barədə zəmanət məktubu və arayış əvəzinə törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu könüllü xəfiyyələr, cəlladlar, Saensin dediyi kimi, həmin o “qanun çərçivəsində tərəqqi” söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma kafelərinin taxtapuşları altına uzanıb sərinləyənlər, Çin restoranında qəzetləri gözdən keçirənlər, ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə qadınlara verənlər də onlar idi; elektrik və santexnik işləyənlər, həyatlarının yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla yanaşı yaşayanlar, okean laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin təsadüfi ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist agentlərinin əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç kəsin ağlına belə gətirə bilmədiyi bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı yatırmağa kömək edənlər, təhlükəli adamları aradan götürənlər, həddən artıq çılğın və qətiyyətli beyinlərdə hələ tam yetişməmiş sui-qəsd planlarının üstünü açanlar da onlar idi. Onlar öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul olurdular, sözün əsl mənasında vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən prezidentin xəbəri yoxdu: “Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…” – deyə ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə xatırlayır və uşaq sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri generalın qulağına çatsaydı, Saens de la Barra çoxdan bu satqınları liman qalasının yanındakı qəbiristanlığa sürütləyərdi; odur ki, əsl vətənpərvərlərdən biri, nəhayət, özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə danışdı və sarsıldı… general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından assın: bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, heç kəslə heç bir şey haqda danışmayıb; bunları deyəndən sonra qoca sınayıcı baxışlarla bir müddət həmin bu vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca sakitləşmişdi, amma bu sakitlik çox az çəkdi; kəsilmiş başlarla dolu kisələr bir ucdan saraya daxil olmaqda idi; kisələr o qədər çoxalmışdı ki, daha Xose İqnasio Saens de la Barranın bu qədər insan qanını heç bir şəxsi məqsəd güdmədən tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin öz miskin gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qaldırılmasını da istəməmələri ona lap məntiqsiz gəlirdi; hərbçilərin müəmmalı itaətkarlığının, üsyan etməmələrinin, bu cür azğın hərəkətlər edən bu adamın aradan götürülməsini tələb etməmələrinin əsl səbəbini öyrənmək üçün onların vəziyyətiylə daha yaxından tanış olmaq qərarına gəldi; bir dəfə ən uzaqgörən, cəsur hərbçidən soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: “Ah, yox, mənim generalım, bir az şişirdirsiniz”. O vaxtdan bəri qoca hər dəfə ona lotereyalarla bağlı bədbəxt uşaqların taleyini xatırladan bu ölüm qoxulu “qanun çərçivəsində tərəqqi” adlı bic qurğuda kimin kim tərəfində olduğunu, kimin kimə zidd getdiyini heç cür ayırd edə bilmirdi; Xose İqnasio Saens de la Barra da ayıq-sayıq idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla yatırdırdı: “Rahat yatın, mənim generalım, dünya sizindi!” – tez-tez təkrarlaya-təkrarlaya generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox sadədi, aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odur ki, həyat öz axarıyla gedirdi; o həmin qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident sərdabəsinin qaranlıq dəhlizlərində vurnuxur, tez-tez bu vurnuxmadan bezir və ümidsizliklə özü özünə: “Lənət şeytana, axı mən kiməm – insanam, yoxsa insanın güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda ins-cins yoxdusa, onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu belə yoxdu…” – fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün ala-toranlığından yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic xəstələrin hay-küyü eşidilən dövrləri, camaatın pilləkənlərə tökülüb-qalmış inək təzəklərinin üstüylə sürüşdüyü, uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı, saysız-hesabsız adamın qarşısında diz çöküb yaralarını sağaltmağı, uşaqlarını xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş edib yalvaran günləri yadına saldı: “Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – köksümə dolmuş bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!.. Bir dənizə baxın, mənim generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin, buludların pərdəsini yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba yalnız sizdən qorxur!” – deyirdilər. Hüzuruna can atan minlərlə adam onun hər şeyə qadir olduğuna, küləyi belə öz iradəsinə tabe etmək qabiliyyətinə, bütün Yer üzündə qayda-qanun yaratmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın özüylə də baş-başa gələ bilmək iqtidarına malik olduğuna qəti əmin idilər; o özü də yavaş-yavaş bu mövhumatçı inama qapılır, camaatın istəyini yerinə yetirə-yetirə hər kəsə, imkan daxilində, istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu boyda fədakarlıqla inananları, əsl və uydurma əzəmətini tərənnüm edənləri, azca da olsa, sevindirməyə bilməzdi; amma indi heç kəs ondan heç nə istəmirdi, heç adicə: “Sabahınız xeyir, mənim generalım! Necə yatmısız?” – deyən də yox idi. Pəncərə şüşələrini çilikləyərək ordunun canına vəlvələ salsa da, əcaib təsəlli kimi onu hələ ki sağ olduğuna inandıran gecə partlayışları da yox idi… sarayın gecələr onu yatmağa qoymayan bu ölü sakitliyindən həmin partlayışlar daha yaxşıydı; indi o guya hakimi-mütləq idi, amma divardakı kölgəsindən də gücsüzüydü; verdiyi, yaxud verməyə hazırlaşdığı bütün əmrlər ağzını açmağa macal tapmamış yerinə yetirilirdi; ağlına yenicə gələn gizli arzuları artıq kiminsə tərəfindən icra olunurdu; siesta saatlarında, adəti üzrə, tor yelləncəyində uzana-uzana oxuduğu rəsmi qəzetlər də bu barədə yazırdı. Yekə-yekə hərflər onun hər addımı, havanı necə udması, bütün niyyətləri barədə bar-bar bağırırdı; şəkillərdə, onun tikdirmək niyyətində olduğu, lakin bu barədə əmr verməyi unutduğu körpü, uşaqlara yalnız küçə süpürmək qaydaları öyrədilən məktəb və nəhayət, onun özünə də məlum olmayan nəyinsə təntənəli açılışında, sağmal inəyin və çörək ağacının yanında ordenli, bər-bəzəkli formasında lent kəsdiyi məqam həkk olunmuşdu; o heç cür rahat olmur, iri, ağır ayaqlarını kimsəsiz, boş otaqlar boyu qoca fil kimi sürüyə-sürüyə yeriyir, elə hey nəyi isə axtarır, nəyisə itirmək qorxusu canından əl çəkmirdi; otaqları gəzdikcə isə belə məlum olurdu ki, yenə kimsə quş qəfəslərinin üstünə tünd örtük çəkib; fermadakı inəkləri sayıb bütün pəncərələrdən görünən dənizə baxdı: hər şey yerində və salamat idi deyə çırağı əlinə alıb yataq otağına getdi, bir dəfə isə dəhlizdə gəzişərkən, qəfildən prezident qvardiyasının qarovul otağında qulağına öz səsi gəldi; oğrun-oğrun ora boylananda tüstüdən dumana bürünmüş otaqda, televizor ekranının tutqun işığı altında mürgüləyən bir qrup zabiti gördü; ekrandakı o özüydü, indikindən bir az arıq, səliqəli geyimdə: “Hər halda, bu mən idim, ana!”

Dövlət gerbinin qarşısında, üstündə üç cüt qızıl çərçivəli gözlük olan masa arxasında falçı arvadın dediyi – ölməli olduğu kabinetində oturmuşdu; əslində, heç vaxt dilinə gətirə bilmədiyi çətin elmi terminlərlə danışaraq dövlət işlərinin analiziylə bağlı çıxış edirdi; bu mənzərə onu bir vaxt gül-çiçək içində itib-batan meyitinin tamaşasına baxdığı andan daha çox həyəcanlandırdı: “Bu diri adam özüm idim, ana, utandığından camaatın üzünə çıxa bilməyən, xalqın qarşısında çıxış etməkdən xoflanan adam indi öz səsiylə danışırdı!.. Bu doğruçu, adi insan mən idim, ana! Bu möcüzənin nə demək olduğunu ha götür-qoy elədimsə də, bir şey anlamadım, yerimdəcə donub-qaldım!” Həmin bu televiziya verilişi gene­ralda böyük qəzəb partlayışı, rejimin sonsuz illəri ərzində yeganə narazılıq partlayışı oyatdı; Xose İqnasio Saens de la Barra onun hüzurunda özünü soyuqqanlı aparırdı: “Şişirtməyə dəyməz, general, – Xose İqnasio şirin səsiylə deyirdi, – bu qanunsız yollara “qanun çərçivəsində tərəqqi” adlı gəmimizi qəzadan qurtarmaq naminə əl atmalı olduq. Bu, ilahidən gələn buyruq idi, general, onun köməyilə də xalqın canlı insanın hakimiyyətinə, sizin varlığınıza olan şübhələrini azalda bildik, general! Camaat bilməlidir ki, hər ayın son çərşənbəsi siz hökumətin fəaliyyəti barədə məruzə edirsiz. Onlar bunu dövlətin radio-televiziyasıyla eşidib-görməlidirlər. Axı bu sayaq məruzələr ümumi qəm-qüssəni aradan qaldırır!.. “Məsuliyyəti öz üzərimə götürürəm, general! Mikrofonlu günəbaxana oxşayan bu vazı bura mən qoymuşam. Bütün dedikləriniz, cümə günləri sizdən soruşduğum sualların cavabları bu mikrofonla yazılırdı. Verdiyiniz sadəlövh cavabların hər ay millətə olan müraciətlərinizin bir hissəsini təşkil etdiyi heç ağlınıza belə gəlmirdi! Amma onu da deyim ki, sizin əvəzinizə özgəsinin şəkli istifadə olunan kadrlarda demədiyiniz sözlərdən istifadə olunmayıb. Buna özünüz də əmin ola bilərsiz: bu da kinolentləri və qrammofon yazısı olan vallar!” Xose İqnasio Saens de la Barra kinolentləri və valları, bir də gördüyü işlərin siyahısı yazılmış vərəqi stolun üstünə qoydu: “General, bu vərəqi elə yanınızda imzalayıram ki, taleyimi istədiyiniz kimi həll edəsiz!” O, gözlərini heyrətlə Xose İqnasio Saens de la Barraya zillədi və birdən-birə anladı ki, Xose İqnasio onun yanına ilk dəfədi ki, köpəksiz, silahsız, ölü kimi solğun sifətdə gəlib… ah çəkib: “Yaxşı, Naço, vəzifənizi icra edin”, – dedi və həmişəkindən bir az da qoca, hədsiz yorğun vəziyyətdə, yumşaq kreslosuna yayxanıb şəkillərdəki qəhrəmanın satqın gözlərinə baxmağa başladı; qoca qəmli və tutqun idi, sifətində müəmmalı niyyətlərinin əbədi ifadəsi donub-qalmışdı; həmin bu daşlaşmış ifadəni Xose İqnasio Saens de la Barra iki həftə sonra – öz dobermanını zorla sürüyə-sürüyə, onun kabinetinə təqdimatsız-filansız girəndə gördü: “Mühüm xəbər var, əlahəzrətləri! Silahlı üsyan hazırlanır! Bunun qabağını ancaq siz ala bilərsiz!”

General, axır ki, uzun illərdən bəri bu divar kimi yarılmaz adamın, cadugər qəlbi kimi sirli qəlbində aradığı kiçik çatı gördü: “Anam mənim, Bendisyon Alvarado… bu bədbəxt-qurumsaq qorxusundan ölür ki!” – fikirləşdisə də, içindəkini büruzə vermədən Saens de la Barranı nəvazişlə qarşıladı və: “Narahat olmayın, Naço, vaxtımız çoxdu hələ, bizə bu qarma-qarışıq xəbərlərin içindən əsl həqiqəti tapmağa mane olan yoxdu!” – dedi. Bunu eşidən Saens de la Barra cib saatına baxıb: “Yeddiyə az qalıb, general! Bu dəqiqə qoşun komandirləri öz evlərində arvad-uşaqlarıyla şam yeməyini başa vururlar, şam yeməyini evdə yeyirlər ki, ailələri heç nədən şübhələnməsin; onlar evlərinin arxa qapısından adi geyimdə, mühafizəçisiz-filansız çıxıb qapılarının ağzında gözləyən xidməti avtomobilə minəcəklər; onları izləyəcək adamlarımızı çaşdırmaq üçün bu maşınları telefonla çağırtdırıblar. Sürücüləri bizim adamlardı, general, amma bu onların ağıllarına da gəlmir!” “Aha! – general gülümsədi. – Belə həyəcanlanmaq lazım deyil, Naço! Bir məni yaxşı-yaxşı başa salın görüm, kəsdiyiniz başların reyestrinə əsasən, belə çıxır, düşmənlərimizin sayı əsgərlərin sayından çoxdu, onda necə olub ki, siz indiyə qədər sağ-salamat qalmısız?” Saens de la Barra isə cib saatının zəif çıqqıltılarına qulaq asırdı, çünki həyatı bu dəqiqə bu çıqqıltılardan asılıydı: “Üç saatdan az qalıb, general! Piyada qoşunlarının komandiri indi Kondedəki kazarmalara, hərbi dəniz qüvvələri komandiri liman qalasına, hava donanması komandiri isə San-Xeronimo bazasına yola düşür. Onları hələ ki ələ keçirmək olar. Komandirlərin ardınca tərəvəz furqonu cildində milli təhlükəsizlik furqonları düşüb”. Generalın əhvalı bu sözdən sonra da dəyişmədi; hiss edirdi ki, Xose İqnasio Saens de la Barranın get-gedə artan bu həyəcanı onu bu adamın ağır yükə çevrilmiş xidmətindən – onun hakimiyyətpərəstlik yükündən də ağır olan xidmətin­dən azad edir. “Sakit olun, Naço, – dedi, – sakit olun və məni başa salın ki, niyə siz özünüzə gəmi boyda nəhəng bir mülk almırsız? Sizi pul maraqlandırmırsa, onda niyə gecə-gündüz uzunqulaq kimi işləyirsiz? Niyə əsgər kimi kazarmada yaşayırsız, axı ən əxlaqlı qadınlar belə sizinlə yatmaqdan ötrü sinov gedir. Nədi bu, Naço, siz rahiblərdən də müqəddəssiz?” Xose İqnasio Saens de la Barra isə boğulurdu, bədənini buz kimi soyuq tər basırdı, otağın kremasiya sobasınınkı kimi cəhənnəm alovu onun soyuqqanlılıq maskasını əridib tərlədirdi. “Saat on birdi, – o dedi, – fürsət əldən çıxdı! Bu dəqiqə onlar bütün ölkə boyu qiyam qaldırmaq üçün şərti siqnalları teleqrafla bütün qarnizonlara ötürürlər!” Həmin vaxt, həqiqətən, qiyamçı generallar hakimiyyətə gələcək xunta üçün şəkil çəkdirməyə hazırlaşır, ordenlərini parad mundirlərinə taxır, generalların yavərləri bu rəqibsiz döyüşdə onların adından son əmrləri verirdilər; döyüş əməliyyatları onunla nəticələndi ki, ordu rabitə mərkəzi və mühüm hökumət binaları üzərində öz nəzarətini bərqərar etdi. Prezidentin otağında isə əlahəzrətləri gözünü qırpmağa macal tapmamış məxmər dərili Lord Köxel təhlükə duyub əzələləri titrəyə-titrəyə, ağzının suyu süzülə-süzülə döşəmədən qalxdı. “Qorxmayın, Naço, – general dedi, – yaxşısı budur, başa salın görək, niyə ölümdən bu qədər qorxursuz?” Xose İqnasio Saens de la Barra tərdən islanmış sellüloid boyunluğunu çəkib qopartdısa da, daşa dönmüş bariton müğənnisi sifətini dəyişə bilmədi. “Bu, təbiidi, ölümqabağı xof – xoşbəxt həyatdan miras qalan közərmiş kömürdü. Bu hiss sizin üçün əlçatmazdı, odur ki, onu duya bilməzsiz, general!” – dedi və adəti üzrə, kilsə zənginin zərbələrini sayıb ayağa qalxdı: “On iki! Hər şey bitdi! Bu dünyada sizə sadiq olan heç kəs qalmadı daha! Mən sonuncuydum, general!” Lakin general de Armas meydanı boyu irəliləyən ağır tankların səsindən titrəyən yerin gurultusunu eşidənəcən kreslosundan tərpənmədi, tankların uğultusu eşidiləndə isə: “Yanılırsız, Naço, mənim xalqım var”, – deyib gülümsündü.

 Bu, həqiqətən də, beləydi! Onun hələ xalqı vardı… yenilməz qocanın gizli planıyla sübh çağından xeyli əvvəl küçələrə çıxan yoxsul, sədaqətli xalqı; o, dövlət radio və televiziyasıyla bütün xalqa – siyasi əqidəsindən asılı olmayaraq bütün vətənpərvərlərə həyəcanla müraciət edib bildirdi ki, şəxsi əmriylə xalqın suveren iradəsini ifadə edən bütün qoşun dəstələri rejimin qüdrətli ideallarından ruhlanaraq, həmişəki kimi, kütlələrin haqlı qəzəbinə gəlmiş bu qanahəris adamın terror maşınını bu tarixi gecə birdəfəlik darmadağın etmişlər!”; bu adamı xalq özü mühaki­mə edib cəzalandırdı. “Siz əlləri qana batmış bu cəlladın əcnəbi səfirliklə­rin heç birində gizlənə bilməməsi, siyasi sığınacaq istəməməsi üçün uzaqgörənlik edib bizə səfirliklər olan rayonu mühasirəyə almaq əmrini verəndə, mənim generalım, Xose İqnasio Saens de la Barra, sizin buyruğunuza uyğun olaraq, de Armas meydanındakı fənərdən – cinsi orqanı ağzında, ayaqlarından başıaşağı asıldı. Asılmamışdan qabaq camaat onu daşa basdı, amma bundan əvvəl biz dörd mülki adamın içalatını yeyib-tökən, dörd əsgəri ölümcül dişləyən yırtıcı köpəyi güllələyib aşsüzənə döndərməli olduq; bütün bunlar bu yaramaz cəlladın iqamətgahına hücum zamanı baş verdi. Camaat onun pəncərələrindən iki yüzdən çox etiketli, zərxaralı, təptəzə jilet, geyilməmiş üç min italyan ayaqqabısı… üç min, mənim generalım, dövlətin pulunu gör bir bu nəyə xərcləyirmiş!.. Allah bilir, nə qədər qardeniya qutusu, axı onun ilgəklərində həmişə təzə qardeniya olurdu… və Bruknerin bütün vallarını bayıra tulladı. Sonra adamlar zirzəmiləri açıb dustaqları çölə buraxdılar “Generala eşq olsun, yaşasın əsl kişi! Yaşasın həqiqəti üzə çıxaran!” – hamı qışqıra-qışqıra keçmiş holland dəlixanasının işgəncə kameralarını yandırdılar… axı hamıya elə gəlirdi ki, siz heç nə bilmirdiz, mənim generalım, ürəyiyumşaqlığınızdan təhlükəsizlik xidmətinin xəbis cəlladları istifadə ediblər. Üsyan vaxtı onları siçovulları tuturmuşuq kimi tutduq, mənim generalım, sizin köməyinizlə tutduq, çünki təhlükəsizlik xidmətinin uzun sürən hökmranlığı zamanı camaatın üst-üstə yığılan nifrətini üzə çıxarmaq üçün onların hər hansı müdafiə və mühafizədən məhrum olunması əmrini də siz verdiniz, mənim generalım”.

O, xalqın bütün hərəkətlərini bəyəndi – “Razıyam!” Ona minnət­dar­lıq edən camaatın istiqlal nəğmələrindən, şadyanalıqla çalınan zəng səslərindən və sevincək hay-küylərdən kövrəldi; de Armas meydanına toplaşan adamların əllərində iri transparantlar vardı: “İlahi, bizi terror zülmətindən qurtaran dahilər dahisini hifz et!” Zəng sədaları və camaatın uğultusu çoxdankı xoş xatirələri yadına saldı. Bu həmin o gözəl illərin efemer əks-sədası idi; o bu səslərə, uğultuya qulaq asa-asa hakimiyyət daxilində yaranan katorqa zəncirlərini qırmaqda ona kömək etmiş zabit kadrlarını öz patiosuna yığdı, gücdən düşmüş rejiminin son ali komandanlığını barmağının bircə işarəsiylə bu zabitlərdən təşkil etdi. Onlar Letisiya Nasarenonun və uşağının qatillərini – siyasi sığınacaq almağa çalışarkən əcnəbi səfirliklərin qapılarındaca alt paltarında tutulan generalları əvəz etdilər. İndi onların heç birini xatırlamırdı, adlarını da unutmuşdu; ən əsası isə o idi ki, ölənəcən ürəyində saxlamaq istədiyi qəzəbin közünü axtararkən alçaq xudbinliyinin külündən savayı heç nə tapa bilmədi. Bu külü üfürüb alovlandırmağa dəyməzdi: “Qoy rədd olsunlar!” – əmr verdi. Qatil generalları gəmiyə mindirdilər və gəmi elə bir yerə yön aldı ki, orda onlar heç kimə lazım deyildilər, orda bu bədbəxt qurumsaqlar heç kəsin yadına belə düşməyəcəkdilər. O, yeni hökumətin ilk iclasını – yeni əsrin yeni nəslinin bütün bu say-seçmə nümunələrinin əvvəlki tozlu sürtuklu, süst mülki nazirlərindən ibarət olduğunu həmin dəqiqə hiss edərək, bu yenilərin əvvəlkilərindən daha şöhrəstpərəst, daha qorxaq və yaltaq, daha faydasız və yararsız olduğunu anla­yaraq ciddi məsuliyyət hissi ilə aparırdı. Matəm içində olan ölkənin xarici borcları satılası hər bir şeyin qiymətini ötüb-keçmişdi. “Sonuncu qatar arandan keçən dəmir yolundan uçuruma, səhləb çiçəklərinin arasına yuvarlanıb, mənim generalım, indi onun yumşaq oturacaqlarında bəbirlər mürgüləyir. Nuh əyyamından qalma təkərli gəminin sınıqları çəltik zəmilərinə dağılıb. Məktublar gəminin apardığı poçt kisələrində çürüyüb. Bir cüt Steller inəyi prezident kayutunun güzgüləri arasında məzələnməkdədi. Sizinsə bundan xəbəriniz yoxdu, mənim generalım! Əlbəttə, sizinçün cəmi bir nüsxədə çap olunan qəzetdə sizi cazibə və həzz dünyasına – bu adi, zəhlətökən siestadan fərqli aləmə aparan sərfəli xəbərlər, xoşunuza gələn fotoşəkillər, reklam və elanlar da dərc olunduğundan qanun çərçivəsində Tərəqqiyə asanlıqla inanırdız!”

“Mən heç nəyə inanmayan bu gözlərimlə nazirlik binalarının möhtəşəm parıltısı arxasında həmin limanın – təpələr boyu sıralanan ala-bəzək, zənci komalarının gizləndiyini, dənizin sahilə çıxaraq bulvar boyu əkilmiş palma və eyvanları bir-birinə oxşayan, klassik üslublu, yalançı mülkləri saysız-hesabsız qasırğalarla dağıdıb tökdüyü xaraba məhəllələri görməsəydim, prezident vaqonunun pəncərəsindən gördüyüm dünyanı mənə, anam Bendisyon Alvaradonun bir-birinə oxşayan boz quşcuğazlarını rənglədiyi akvarel boyaları kimi bu cür ala-bəzək göstərməkçün, dəmir yolunun hər iki tərəfi boyu uzanan gül-çiçəklərin doğruçu olduğuna inana bilməzdim!” Yeni əyanları bir vaxt general Rodriqo de Aqiların elədiyi kimi ona yarınmaq məqsədilə, yaxud Letisiya Nasareno kimi sevgidən çox rəhmdillikdən, yaxud onu artıq narahatlıqdan qurtarmaq, əslində isə sonradan onu öz hakimiyyətinin quluna çevirmək məqsədilə aldatmırdılar; hər şey illüziya və yalan idi, hətta məktəbli qızların xoru, onların yaşıl ağaca qonan çopur quşcuğaz haqqında oxuduqları mahnı da saxtaydı; bir sözlə, doğruçu olan bir şey yox idi. Bu, həyat deyil, Allah bilir, nədir! O, dövlətin çiçəklənməsi naminə, ölkənin kinə və başqa dərmanlar istehsal edən müəssisələrinin bərpası haqda dekret imzaladı və bütün yalanları unutmağa, reallıqla barışmağa çalışdı, reallıq isə onun gözləmədiyi sürprizlərlə dolu idi; dünyanın bu qədər dəyişdiyi, həyatda ona tabe olmayan nəyinsə olduğu ağlına belə gəlməzdi. “Sənayemizi necə dirçəldək, mənim generalım, axı yalnız sizin səmərəsiz yerə dağıdılan saysız-hesabsız şəxsi sərvətləriniz­dən savayı, nə kinə ağacımız, nə kakaomuz, nə indiqomuz, nə də ayrı bir şeyimiz qalıb! O bu məqamda da özünü itirmədi, qoca səfir Rauksberiyə kəskin mətnli bir məktub göndərdi ki, bəlkə, səfir domino oyunu ərəfəsində xilas üçün, heç olmasa, bir şey tapa; səfir də elə onun üslubunda cavab verdi: “Heç nə eləyə bilməyəcəksiz, zati-aliləri! Dənizi çıxmaqla bu ölkə qara qəpiyə də dəyməz. Dəniziniz o qədər şəffaf və iştahaaçandı ki, bütün dünyanı doyura biləcək xərçəng şorbası bişirmək üçün bircə altını odlamaq qalır. Bax belə, zati-aliləri, odur ki, fikirləşin, borclarınızın əvəzinə dənizi qəbul etməyə hazırıq, yoxsa borclarınızı sizin kimi işgüzar qəhrəmanların heç yüz nəsli də ödəyə bilməyəcək!”

 O, Rauksberinin təklifini ciddi qəbul etmədi, onu pilləkənəcən ötürə-ötürə: “Anam Bendisyon Alvarado, bax bir gör, bu qrinqolar necə vəhşidilər! – fikirləşdi. – Bunların beynində bircə şey var: necə olursa olsun, dənizi həzm-rabedən keçirtmək”. O, qonaqla adəti üzrə, onun çiynini şappıldada-şappıldada ayrıldı, yenə tək-tənha xəyallar dumanına qərq oldu, xəyalən yaylaqların dumanlıqlarına üz qoydu, azmış adamlar kimi dörd bir yanı bomboş sarayda dolaşdı; camaat isə artıq de Armas meydanını boşaltmışdı, standart plakatları özləriylə aparmış, hökumətin verdiyi trafaret şüarları gizləmişdi ki, bir də belə bir hadisəyə bənzər nə isə baş verəndə istifadə etsinlər. Camaat, əsgərlər çəpiklərə ara veriləndə, payladıqları pulsuz yemək-içmək bitən kimi çıxıb getdi; indi təkcə de Armas meydanı yox, onun hər bir kəsin istədiyi vaxt içəri girə bilməsi üçün qapıları açıq qoymağı əmr etməsinə baxmayaraq sarayın özü də bomboş idi; bir vaxtlarsa bura hamının eviydi, daha indiki kimi dəfn kontoruna oxşamırdı. Bir də ki, lap elə də tək deyildi; cüzamlı xəstələr, ifliclər, korlar – bir sözlə, uzun illərini iqamətgahın divarları dibində yola salanlar – Yerusəlim darvazalarının önündə, günün altında qaralan Demetrio Aldousun bu çarəsiz xəstələrin bura qayıtdığını təsəvvür elədiyi kimi geri qayıtmışdılar; onlar bilirdilər ki, taleyin bütun zərbələrini dadan, ən sərt ehtiraslara əyilməyən, unutqanlığın ən məkrli tələlərindən ölməz olduğuna görə yaxasını qurtaran bu adamın əlindən şəfa duzu istəyəcəklər. Hə, Demetrio Aldousun təsəvvürünə gətirdikləri düz çıxdı; səhər sağımından sonra fermadan qayıdarkən general bütün bu məsləkdaşlarını yenidən gördü; onlar kərpiclərdən ocağabənzər nə isə düzəldərək konserv qablarında zir-zibildən özlərinə nahar hazırlayırdılar; bütün patio onlarla doluydu; yara-xoralılar yaralarının şirəsindən üzülüb cırılan həsirlərini ətirli qızılgül kollarının altına sərib əlləri qoyunlarında uzanmışdılar; onlara yemək hazırlamaqdan ötrü əməlli-başlı ocaq çatmağı tapşırdı, təzə həsirlər aldı; xəstələrin iqamətgaha daxil olması üçün pationun içəri hissəsində palma yarpaqlarından talvar hazırlamağa göstəriş verdi; amma xeyri yox idi, yenə elə bir gün olmurdu ki, gah bu cüzamlını, gah o birini İran xalçalarının üstündən durğuzmasınlar, ya hansısa kor sarayın içində azıb qalmasın, ifliclərdən biri pilləkənlərdən yumbalanıb ölümcül əzilməsin; o, cüzamlıların içəri girərkən divarlara söykənə-söykənə öz irin və qan ləkələrini ora-bura yaxmaması üçün qapıları bağlamağı əmr etdi; saray əyyaşlarının karbol turşusu iyi vermə­si­ni qadağan etməsinə baxmayaraq sanitar xidməti binaya həmin o turşudan səpdi; xidmətçilər cüzamlıları, korları və iflicləri bir ucdan hey qovur, onlar isə elə hey iqamətgaha, saray otaqlarına soxulurdular; görünür, onları bura yenə artıq heç kimin heç nə umub gözləmədiyi köməksiz qocanın ecazkar sovqatlarıyla şəfa tapacaqlarına olan yenilməz, qədim, vəhşi bir inam sürükləyirdi. Qoca yuxulu adamlarsayağı öz xatirələr bataqlığında veyillənir, hara gəldi dürtdüyü yaddaş kağızlarının köməyi ilə haraya gedəcəyini əlhavasına tapır, tor yelləncəyində keçirdiyi saatlarda yeni səfir Fişerdən yaxasını necə qurtarmaq barədə düşünürdü; səfir ölkədə sarı qızdırma epidemiyasının başlandığının elan edilməsini tələb edirdi; səfirin təkidi, əslində, öz ölkəsinin gəmiləriylə buranın ərazisinə dəniz piyadalarının yeridilməsi üçün bir bəhanə idi; qarşılıqlı yardım müqaviləsinə görə, dəniz piyadaları qeyri-müəyyən müddətə – can verən ölkəmizə yeni nəfəs gələnəcən burada qalmalıydılar. O nə edəcəyini götür-qoy edir, yadına rejimin ilk illərini salır və xatırlayırdı ki, o vaxt epidemiyaya əsaslanaraq öz üzərinə bütün fövqəladə səlahiyyətləri götürmüşdü, xalq kütlələrinin təlatümündən yaranan ciddi təhlükəyə cavab olaraq hərbi qanunları tətbiq etmişdi. Lakin onda o, ölkədə sarı qızdırma yox, taun olduğunu elan etmiş, mayakın üstündə sarı bayraq qaldırılmış, liman bağlanmış, istirahət günləri ləğv edilmiş, ölənlər üçün elliklə göz yaşı tökmək, dəfn zamanı hüznlü marşlar səsləndirmək qadağan edilmişdi; prezidentin fövqəladə tapşırıqlarının icrasını təmin eləməyə cəlb olunmuş silahlı qüvvələr yoluxmuş adamlarla istədiklərini etmək hüququ qazanmışdılar; qollarında sanitar sarğısı olan əsgərlər müxtəlif mövqeli adamları kütləvi şəkildə qətlə yetirir, rejimdən narazılıqda şübhələndikləri sakinlərin mənzillərinin qapılarına qırmızı dairələr cızır, cinayətkarların, kişisifət lesbiyankaların və narkomanların alınlarını, mal-qaranı nişanlayırmış kimi işarələyir; səfir Mitçelin təkidiylə gələn sanitar missiyası prezident sarayı sakinlərini tauna yoluxmaqdan xilas etməklə məşğul olurdu; missiyanın üzvləri döşəmənin zir-zibilini analiz adıyla yığıb lupayla tədqiq edir, su qablarına dezinfek­si­­ya həbləri atır, laboratoriya heyvanlarına hansısa ürəkbulandırı­cı horra yedizdirirdilər, generalsa gülməkdən uğunub tərcüməçiylə onlara: “Axmaqlıq eləməyin, cənablar, burda sizdən başqa xəstə-filan yoxdu!” – deyirdi. Onlarsa: “Yox-yox, var, zati-aliləri! Yuxarıdan əmr almışıq ki, var. Əmr almışıq ki, olmalıdır!” – cavab verirdilər. Onlar nə isə yaşıl rəngli, balaoxşar, müalicəvi məhlul hazırlayıb bu zəhrimardan bir ucdan, sarayın bütün sakinlərinin – üzlərinə belə baxmadan, hamının – ən arıqların və ən adlı-sanlıların bədənlərinə yaxırdılar; prezidentin qəbuluna gələnlər hamılıqla müəyyən məsafəyə riayət etməliydilər; o, salonun elə bir küncündə otururdu ki, qəbula gələnlərin bura nəfəsi yox, ancaq səsləri çatırdı; burda yüksək rütbəli çılpaq adamlarla işgüzar məsələləri ucadan qışqıra-qışqıra müzakirə edirdi; kandarda dayanan adamlarsa bir əllərini ona uzadıb: “Zati-aliləri” – deyir, o biri əlləriylə iyrənc maz yaxılmış sallaq cinsi orqanlarını örtməyə çalışırdılar; bütün bunlar yuxusuz­luqdan əziyyət çəkdiyindən uydurduğu yoluxucu xəstəlik fəlakətinin gedişini bütün xırdalıqlarına qədər işləyib quran, camaatın canına vəlvələ salan şayiələr buraxdıra-buraxdıra “xalq az anladıqca çox qorxacaq” əqidəsinə əsaslanaraq onları öz axır-zaman peyğəmbərliyinə inanmağa məcbur edən bu adamı xəstəlikdən qorumaqçun idi. Odur ki qorxudan rəngi meyit rəngi alan yavərlərindən biri ona: “Mənim generalım, əhali arasında taundan ölənlərin sayı yaman çoxdu”, – deyə məlumat verəndə qaşının ucu belə tərpənmədi. Prezident karetinin tutqun şüşələrindən bomboş, adamsız küçələri, onun əmriylə dayandırılıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları gördü; qırmızı dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin pəncərələrinə qonmuş tox quzğunları, bir də həlak olanları, həlak olanları və yenə həlak olanları gördü... Dörd bir tərəf adam cəsədləri ilə dolu idi, o qədər cəsəd vardı ki, saymaqla qurtarmazdı; meyitlər üfunətli bataqlıqlarda da gözə dəyirdi, günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər bazarın tən ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi, hər halda, onun güman olunan düşmənlərinin sayından çox idi, görmək istədiyindən xeyli çox idi; bir çoxunu gəbərmiş köpək kimi zibil yeşiklərinə tullamışdılar; o, qoturluq qoxusunu – əsl taun qoxusunu çürüyən meyitlərin üfunətindən, küçələrin həmişəki başgicəlləndirən üfunəti içindən yaxşı duyurdusa da, yenə özünü hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən bu dəhşətli fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı istəyən yalvarışları eşitmirdi, geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa nə bəndənin, nə də Allahın qüdrəti çatdığı bilinəndə küçələrdə naməlum karet göründü: bunun buz kimi qorxunc hakimiyyət kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi qara, matəm məxmərli karetin pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, bir də evlərin qapılarına bir çimdik duz atan ağ əlcəkli əl görünürdü; biz qardeniya cəngəlliklərinin arasıyla bəbirləri ürküdə-ürküdə şütüyən, sanki dırnağı üstə ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; vaqonun pərdəsi arxasında tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti olmayan əli gördük; qrammofonun şux mazurkalar yağdıra-yağdıra qumsal dayazlıqların, meşəni böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları arasıyla güc-bəlayla irəliləyən, Nuh əyyamından qalma təkərli paroxodu gördük; prezident kayutunun pəncərəsindən biz qürub günəşi kimi sönmüş gözləri, solğun dodaqları, susuz­luqdan inildəyən kəndlərə bir çimdik şəfa duzu səpən bu əlin ancaq bir barmağını gördük; bu duzu dadanlar, yaxud duzlu yeri yalayanlar dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan uzaq olurdular.

İndi – axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə həmin işlənmiş, köhnə bəhanələrlə ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, amma: “Qoy dəniz piyadaları qayıtsın, general, qoy onlar insan ömrünü yüz iləcən uzadan, ağ binalı xəstəxanaların önündəki yaşıl çəmənliklərə pestisid səpən fəvvarəli maşınlarla gəlsinlər. Qoy gəlib nə istəyirlər götürsünlər!” – deyən sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-Kuin onun düz gözünün içinə: “Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zati-aliləri, sizin rejim vədlər, nifrət, hətta terror üzərində də yox, ətalət üzərində dayanıb və gündən-günə qarşısıalınmaz bir şəkildə dağılır, zati-aliləri, yaxşısı budur, küçələrə çıxıb həqiqətin gözünə baxasız, siz sonuncu döngədəsiniz – ya dəniz piyadaları gəlməlidi, ya da biz dənizi götürəcə­yik, başqa çıxış yolu yoxdu…” – deyənəcən o, yumruğunu masaya çırpır, heç cür buna razı olmurdu. – “Ayrı yol yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!”

Səfir İvinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri bizim fırtınalardan uzaqlarda – Arizona səması altında yığmaq üçün nömrələdilər və dənizi, mənim generalım, bütün nemətləriylə, şəhərlərimizin əksi düşən sularıyla, dəlisov sellərimiz və suda boğulanlarımızla birlikdə apardılar. O bu soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün öz zəngin biclik kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri oldu; bunun yenə hakim dairənin arzusuyla həyata keçirildiyi, növbəti sıravi manevr olduğu ağlımıza belə gəlməzdi; qoy nə olur olsun, lap dənizi aparsınlar, cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı olan bu ölkəni zəbt eləsinlər! – biz fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib bu soyğunçuluğun qabağını almaq, vətən naminə küçələrə çıxmaq, “Rədd olsun, qrinqolar!” – deyə ucadan qışqırmaq üçün bizə yalvaran hərbçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq sözlərinə qarşı kar olmuşduq; həmin bu adamlar da bizi yadellilərin dükanlarını, villalarını qarət etməyə, yandırmağa çağırır, pul verirdilər ki, orduyla əlbir olub onun mühafizəsi altında hərbi təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da çıxmadı, mənim generalım, çünki camaat hərbçilərin bir vaxtlar kişi kimi söz verib sonra guya xalq arasına soxulmuş təxribatçıların hərbi bölmələrə atəş açması bəhanəsiylə adamları güllələməsini unutmamışdı: “Bəli, mənim generalım, bu dəfə xalq sizinlə deyil”.

“Və mən bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə desant yeridilməsindənsə, anam mənim, Bendisyon Alva­ra­do, dənizsiz qalmağın daha məqsədəuyğun olduğunu hamıdan gözəl anlayan adam kimi bu aktı imzaladım. Axı özlərindən gündə bir əmr çıxaran həmin bu dəniz piyadalarıydı, ölkəyə Bibliyanı və sifilisi gətirən də onlar idi, artistləri pederasta çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, zəncirlərin iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi harada çox pul varsa, oranın vətən olmasına, hökumətin, qoşunların pulsuz döyüşməsi üçün “Hərbi şərəf” adlı boş bir mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün bunlar təkrar olunmasın deyə onlara ərazi sularımızdan bəşəriyyətin maraqları və xalqlar arasında sülhün yaradılması çərçivəsində istədikləri kimi istifadə etmək hüququ verdim!”

O, təkcə yataq otağının pəncərəsindən üfüqəcən görünən fiziki suları yox, bu suların fauna və florasını, küləklər rejimini və atmosferini sonuncu millibarına qədər, bütün hava şıltaqlıqlarıyla birlikdə verdi; onların sonradan ney­lə­yəcəkləri isə ağlına belə gəlməmişdi; onlar bizim qədim dənizimizin şahmat taxtasısayağı nömrələnmiş ləpələrini nəhəng nasoslarla şlüzlərə çəkib apardılar deyə dənizin sönmüş vulkanlarla dolu dibi üzə çıxdı və biz nəhəng kraterlərdən birində dənizin nə vaxtsa qəfildən udduğu şəhərin, qədim Santa-Mariya-del-Darienin xarabalıqları­na rast gəldik. Sonra bütün dəniz və okeanların dahi admiralının flaqman gəmisini gördük: “Mən onu eləcə, pəncərəmdən görmüşdüm, ana!” – gəmi hələ tarixi gəmi qəzasına müvafiq status verilməmişdən əvvəl, bir vaxt bombaların qoparıb yerin dibindən çıxardığı mərcanların arasında ilişib-qalmışdı. Onlar qocanın hökmranlığının əsasını təşkil edən, mühari­bə­­­­lə­­ri­nin mənası olan hər şeyi apardılar; özlərindən sonra bircə Ay səhralığına oxşar qupquru düzəngah qoydular; o, pəncərələrin qabağından keçdikcə bu müdhiş mənzərənin seyrinə dalır, içini çəkib köks ötürürdü: “Anam mənim, Bendisyon Alvarado, öz müdrikliyinin işığıyla qoru məni!” O yatdığı yerdə, vətən uğrunda həlak olanların bir gün qəbirlərdən qalxıb satılmış dənizə görə ondan haqq-hesab tələb edəcəkləri fikri ilə yuxudan dəhşət içində dik atılırdı. Yuxuda onların divarlar boyu sürünə-sürünə üzüyuxarı dırmaşmaqlarını, o biri dünyadan gələn boğuq səslərini aydınca eşidir, bataqlığa çökürmüş kimi, saray divarlarının dibiylə sürüdüyü nəhəng kələz ayaqlarına açar dəliyindən dikilən baxışlar altında, bir vaxtlar səfir Ebergeytin ona bağışladığı, dəniz küləklərini əvəz edən xüsusi külək maşınlarının passat və mistral küləkləri altında otaqlarda gəzişir, qayanın zirvəsində, keçmiş diktatorların sığınacağında közərən işığı görəndə: “Kefdədilər, mən burda əzablar içində qovruluram, bu harın donuzlarsa yatırlar!” – özü özünə deyinirdi. Anası Bendisyon Alvaradonun ölümqabağı guruldayan xorultusunu, bu zəhmətkeş qadının oreqano kolunu bəslədiyi otaqdakı rahat yuxusunu xatırladı: “Kaş taundan qorxmayan, sevgidən ehtiyat etməyən, ölümdən çəkinmədən rahat yatan anamla olaydım!” Elə üzülmüşdü ki, mayakın, dənizsiz mayakın işartısı da ona şübhəli, ölülərin qəbirdən xortlamaq əlaməti kimi göründü, mayakın fırlana-fırlana ətrafa ölülərin iliyindən alınan işıqlı toz şüaları səpdiyini təsəvvürünə gətirib dəhşətə gəldi və bu yazıq işıldaquşdan qaça-qaça: “Söndürün!” – bağırdı; mayakı söndürdülər; o əmr elədi ki, evin bütün dəlmə-deşiyini içəridən tıxayıb yamasınlar ki, bircə deşik belə qalmasın; qoy gecənin ölüm qoxulu zərrəsi belə evə girə bilməsin; o bu qaranlıq zülmətdə tək-tənha dayana-dayana, evin nəmişli, ağır havasından boğula-boğula bütün güzgülərə nifrət elədi, güzgülərin önündən onlara tərəf çönüb baxmadan, onları duya-duya keçdi; güzgülərsə ona tənhalığını unutdurub otaqda tək olmadığını düşünməyə məcbur elədilər – o, qurumuş dəniz vulkanlarının krateri boyu çapan atlını gördü; onun atının ayaqlarından qəribə, iri qığılcımlar çıxırdı, yoxsa bu, ağ rəngli solğun ayın əksiydi?! “Rədd eləyin onu! – çığırdı. – Ulduzları söndürün, lənət şeytana, Allahın adıyla əmr edirəm!” Onun bu çığırtılarına bir kəs hay vermədi, heç kəs onu eşitmədi, bircə keçmiş nazirliyin otaqlarında mürgüləyən ifliclər, pilləkənlərdə yatan korlar, paltarları şehdən nəm çəkən cüzamlılar səksənib ayıldılar, onun qabağını kəsib şəfqətli əlindən şəfa duzu dilədilər; axı bütün bunlar olmuşdu, ay nainsaflar, o, böyrümüzdən ötüb keçə-keçə hamımızın başını sığallayır, öz müdrik əliylə – həqiqət saçan əliylə hər birimizin yarasına toxunur və biz həmin dəqiqə bədənimizdə cərəyan edən sağlam həyat qüvvəsinin – ruhumuzda sakitliyin və həyat eşqinin artdığını duyurduq; biz gözləri açılan, lakin yenə qızılgüllərin şöləsindən kor olan korları görürdük, pilləkənlərlə oyan-buyana qaçışan iflicləri görürdük, bax bu da mənim dərim, körpə dərisi, sağalan yaralarımın yeri, erkən zanbaqların ətri hopmuş bu dəri dünyanın bütün bazarlarında kafirləri rüsvay edib, pozğunları xəbərdar eləmək üçün nümayiş etdirdiyim dəri!” Bu sözləri şəhər və kəndləri veyillənə-veyillənə, xeyir-şər mərasimlərində çığıranlar canımıza bu möcüzəyə inamdan savayı, həm də qorxu yeridirdilər; onlara çoxdan heç kim inanmırdı; biz bir vaxtlar onları fərmanları xalqa çatdırmağa göndərilən saray əhlinə oxşadıb şübhələnmişdik; demək, indi istəyirdilər ki, artıq inanılası olmayan bir şeyə – onun cüzamlıları sağaltmasına, korların gözünə nur bəxş etməsinə, iflicləri yeritməsinə inanaq; bizə elə gəlirdi ki, bu yolla onlar prezidentin real mövcudluğu təəssüratını yaratmağa çalışırlar. Onun şəxsi əmriylə işə yenicə çıxan mühafizə patrulları ixtisar edilmişdi; dövlət şurasının üzvləri hamılıqla bu qərarın əleyhinə çıxmışdılar: “Yox, mənim generalım, daha bu, karabinyerlər rotasından da azdır, ehtiyatı əldən vermək olmaz”; o isə inadla etiraz edərək: “Sizin kimi bivec nazirlərdən, bir də avara komandirlərimdən savayı, məni öldürməyə heç kəsin nə ehtiyacı var, nə də həvəsi. Siz də məni öldürməyə cürət etməzsiz, çünki bilirsiz ki, məni aradan götürən kimi bir-birinizi qıracaqsız…” – deyir və beləcə, inəklərin vestibüllə dövlət şurasının iclas salonu arasında gicəlləndiyi bu baxımsız sarayda bircə bığ yeri təzəcə tərləyən gənc patrullar qaldı.

– “İnəklər çəmənlik mənzərəli divar xalçasını çeynədilər, arxivləri yeyib-tökdülər, mənim generalım!” – o isə heç nə eşitmirdi, təkcə bir dəfə oktyabr leysanlarının ürküdüb saraya saldığı inəkləri qovmağa çalışdı, “İnək... inək...” – deyə-deyə hardansa “inək” sözündə “k” hərfinin olduğu yadına düşdü və dayandı; bir dəfə də, dünyanın düz vaxtında ətrafa nur səpən çırağın abajurunu çeynəyən bir inək görmüşdü və fikirləşmişdi ki, heyvanları pilləkənlər boyu ayaq döyə-döyə qovmağa dəyməz; ziyafət salonunda bellərinin gənəsini toyuqlar dimdikləyən bir cüt inəklə rastlaşanda da təəccüblənmədi; belə gecələr biz bəzən pəncərələrin arxasında yanıb-sönən işığı gördük, iri heyvanların sarayın içindən yayılan ağır ayaq səslərini eşidirdik… – bu, əlində gəmi fənəri inəklərə yatacaq yeri axtaran generalın ayaq səsləriydi. Ölkənin rəsmi həyatı öz əvvəlki axarında onsuz davam edir – dövlət qəzetləri onun, qəbulların xarakterinə uyğun, cürbəcür mundirlərdə peyda olduğu təntənəli mərasimlərdən saxta şəkillər çap edir, radio müntəzəm surətdə çox-çox uzun illər əvvəl milli bayramlarda eşitdiyimiz çıxışlarını verirdi; o, əvvəlki qaydada, bizimlə birgə yaşamaqdaydı – fotoşəkillərə əsasən, guya saraydan küçəyə çıxır, kilsəyə daxil olur, yatır, yeyib-içirdisə də, hamı onun həmişəki uzunboğazlarında, xarabalığa çevrilmiş sarayında zorla yeridiyindən xəbərdar idi. Onu yedizdirən və bal ehtiyatı görən xidmətçilərdən, sarayda cəmi üç-dörd denşikin qaldığından xəbərimiz vardı; bir dəfə isə xidmətçilərin qovduğu inəklər baş qərargah otağına girib oranı darmadağın etdilər və bir vaxtlar, falçının dediyi, onun öləcəyi gizli kabinetində bütün çini marşalları yerə salıb sındırdılar; denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o, fənəri kandardan asdıqdan sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq otağının qapısından üç qıfılın və üç zəncirin çıqqıltısı və cingiltisi eşidiləndən sonra onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə birinci mərtəbədəki otaqlarına getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini çəkir, ağır ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yeriyə, yan-yörəsindəki inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan toyuqların qaqqıltısına məhəl qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona keçmiş dənizin yerində bitən ay işıqlı çöllüyün küləyini xatırladırdı; o, görkəmli latınşünas, general Lautaro Munyosun (Allah bu axmağa rəhmət eləsin), özlərini məhv etdikləri sonuncu barrikadaları hələ küçələrdə müqavimət göstərən vaxt Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin – Livio Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini yaşıl budaqlı süpürgəsiylə süpürən anasını – Bendisyon Alvaradonu gördü. Onun üçün boşaldılan iqamətgaha daxil olarkən, anası Bendisyon Alvaradoyla birgə, şəxsi mühafizəsinin meyitləri üzərindən keçib pationu ötdülər, zülmət qaranlıqda prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən yuxarı aparan pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı qoxusundan nəfəs almaq olmurdu: “Biz orda yalın ayaqların qanlı izlərini gördük, görünür, burdan at qanından yığılan gölməçələri tapdayıb gələnlər keçmişdilər; dəhlizlərin divarlarında da biz eynilə bu cür qanlı əl izləri gördük, iclas salonunda isə sinəsinə döyüş qılıncı sancılmış, yaraşıqlı bir florensiyalının qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; sonra alnına güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük – bu da prezidentin doqquzyaşlı qızıydı. Və nəhayət, biz on bir il ərzində hakimiyyət uğrunda qanlı mübarizələrdə bir-birinə qalib gələn on dörd federalist generallardan ən zirəyi və ağıllısını – haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini gördük… bu, ingilis konsuluna “mənim öz ana dilim var” deməyə cəsarəti çatan yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; Britaniya eskadrilyasının cəlladlarına qismət olmasın deyə əvvəl arvadını qılıncla vurub qızını güllələmiş, sonra qırx iki ədəd Əndəlüs atını məhv etdikdən sonra özü öz ağzına açdığı güllədən, başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların komandanı Kitçener meyiti göstərərək generalımıza: “Görürsən də, general, atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa vəzifə başında olsan, bütün bunlar yadından çıxmasın!” – demişdi. “O “nə vaxtsa” dedi, amma mən uzun-uzadı, yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş komandanı və respublikanın prezidenti elan olunmuşdum”. Bu qərarı senatın və deputatlar palatasının razılığıyla sonuncu federal şura yekdilliklə qəbul etmişdi deyə qərar ingilis eskadrası tərəfindən də təsdiq olundu və gecələrin birində konsul Mak-Doneyllə oynadığı domino daşları arasında çapa imzalandı.

“Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanırdıq”. Kim inanardı axı?! Həmin o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə qərara Bendisyon Alvaradonun özü də inanmırdı; o lap axır günlərə qədər – ölüm yatağında da dövlət idarəçiliyinə nədən başlayacağını qətiyyən bilməyən oğluna inanmırdı; onlar mebelsiz-əşyasız, bomboş otaqlarda, keçmiş ispan hökmranlığı dövründən qalmış vitse-kral və arxiyepiskopların milçəklər bulamış portretlərindən savayı, qiymətli bir şey olmayan bu evdə titrəmədən yaxa qurtarmaq üçün dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları əvvəlki prezidentlər tərəfindən daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir olunan divar xalçalarının yeri artıq çoxdan asıldığı divarın rənginə uyğunlaşmışdı, yataq otaqları çirkli əsgər kazarmaları kimi zibil içindəydi, divarlarda prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; bürünüb qızınmağa bircə həsir belə yox idi: “Odur ki anam Bendisyon Alvarado pəncərənin tozlu pərdəsini qoparıb məni səridi və məni baş pilləkənin küncündə uzatdı, özü isə yaşıl budaqlı süpürgəsiylə ingilis desantının soyub talaması üçün artıq bir şey qalmadığı otaqları süpürməyə başladı”; qapıların arxasında canını onu zorlamaq istəyən quldurlardan süpürgəsiylə qurtara-qurtara döşəmələri təmizlədi, səhərə az qalmış əsas pilləkənin yuxarı pilləsində tər-su içində məxmər pərdəyə bürünmüş oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək verməklə soyutmağa çalışaraq dedi ki, bu qarma-qarışıqlığa fikir verməyə dəyməz, bir-iki ucuz dəri kətil alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: “Bunu özüm eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki bu evə, yəqin ki, çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl, alüminium nimçələr alarıq. Əsgər həyatı üçün başqası yaramaz. İçməli su üçün qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da dövlət hesabına”, – deyə-deyə oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin gözü açılar-açılmaz ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməkö­mə­ci­­lər, qan kimi al-qırmızı, bu gecə qanı axan bədən kimi ağappaq… – bu nəhəng işıq seli altında elə bil həqiqətin əsl gizli mahiyyəti üzə çıxdı və belə məlum oldu ki, o, pilləkəndə qızdırmadan titrəyə-titrəyə fikrə dalan miskin qocadan savayı bir şey deyil. “Elə bu? Ütülmüş at ətinin iyi, mənəvi puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün on iki avqust sübhlərinin eyni olan bu sübh çağı – hakimiyyət elə budur?.. Bu nə zibil idi, düşdük, ana!” Dənizin sahilində səhərin açılmasından xoşhallanan xoruzların banlamağına, saray boyu sərilmiş meyitləri yığa-yığa ingilislərin şən mahnılar oxumasına baxmayaraq onu qəfil zülmət qarşısında çulğayan heyvani bir qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə çıxarıb dedi ki, əsas narahatlıq – bir dəst döşəkağı məsələsidi, vəssalam, ayrı heç bir problem yoxdu, onları da yaxşıca yuyub təmizləmək lazımdı; məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə bil ayaqlarının altının möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: “Eybi yox, rahat yat, ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar. Allah eləsin, burada, heç olmasa, yarım ay yaşayım”, – dedi. Bu sözlərinə təkcə onda yox, indi də, uzun-uzadı, qəddar dərviş ömrünün bütün anlarında olduğu kimi, yenə də sidq-ürəkdən inanırdı; hökmdarların bir gününün o birinə oxşamadığına nə qədər çox əmin olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına baş nazirin hansısa gizli məqsəd güdən, yalan dolu, üfürülmüş məruzələri düşdükcə yüngülcə gülümsəyib: “Mənə həqiqəti deməyin, litsensiat, risk edirsiz – sizə inana bilərəm!” – deməyini xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının onun sorğu-sualsız imza atacağına arxayın olduğu bütün nəhəng strategiyasını puça çevirdi. “O heç zaman mənə bu qədər fərasətli görünməmişdi. Rəsmi qəbullarda guya özündən asılı olmadan şalvarına işəməyi ilə bağlı şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da”. – “Məncə, o qocaldıqca daha sərt olurdu, yalın ayaqlarını şappıldada-şappıldada, qulplarından biri sapdan olan eynəklə gəzirdi”. – “Get-gedə daha dözümlü, daha duyğulu olurdu, odur ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını seçib, baxıb-oxumadan imza atır, “Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu…” – deyib gülümsəyirdi. “Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün fermada iri taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri başını kabinetinin pəncərəsindən içəri soxub yazı masasının, bu vətən mehrabının üstündəki kağız çiçəkləri çeynəyir, gülümsəyib: “Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına nə bədbəxtlik gəlirsə, hamısı mənə qulaq asmamağın nəticəsidi…” – deyirdi. “Bu yaşda zəkanın qeyri-adi aydınlığına bir bax”.

Səfir Kiplinq isə qadağan olunmuş memuarlarında yazırdı ki, onu uşaqlığına qapılıb-qalmış və əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, onun bədəninin bütün məsamələri aramsız halda maye buraxır, bədəni suda batmış adamın bədəni kimi şişkindi, hərəkətləri isə dalğaların atıb-tutduğu ölünün hərəkətləri kimi süst və ləngdi. – “O, köynəyinin yaxasını açıb, dəniz həşəratlarının sallaq dəri qatlarının arasına yığıldığı sulu sinəsini də mənə göstərmişdi”; o özü də deyirdi ki, kürəyində remoralar, qoltuqlarının altında polip və xırda əqrəblər var və bütün bunları, əzizim Conson, aldığınız dənizin təbii surətdə geri qayıtması əlamətləri kimi qəbul edirdi, çünki dəniz də pişiklər kimi həmişə geri qayıdır; o əmin idi ki, qasığındakı xərçəngəbənzər həşərat yığnağı bəşəriyyət tarixində bütün dahi adamlarda olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini öyrənmək üçün dünyanı axtarmaqdan yorulduğu, yataq otağının pəncərəsini açıb dəniz və okeanlar admiralının üç karavellasını gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o onu axtarırdı, hətta dənizçilərdən, onun qonşu dənizlərin saysız-hesabsız adalarını xəritələşdirməkdən, bunlara konkistadorların əvəzinə kralların və müqəddəslərin adlarını verməkdən savayı, həm də yerli qəbilələrin elmiylə maraqlanaraq dazlaşma əleyhinə dərman axtardığını eşidəndə əmr eləmişdi də ki, zorla da olsa onu tapıb gətirsinlər. Fransiskan monaxının qəhvəyi əbasına bürünən, əlindəki şıx-şıxla istirahət gününün günorta çağı bazar camaatının arasında gəzən bu tövbəli müqəssiri heç prezidentin özü də tanımamışdı.

Biz onu yenidən görmək ümidini itirmişdik və heç cür inana bilmirdik ki, bir vaxt sahil boyu qaliblər kimi hərbi addımlarla addımlayan, qəbul salonunda qırmızı kamzolda, qızıl mahmızda gördüyü­müz o adam odu; amma onu limuzinə otuzdurmaq əmri veriləndə, mənim generalım, göz qırpımında izi-tozu da qalmadı – elə bil bu adam yerin içinə girdi – deyirdilər, guya müsəlmanlığı qəbul eləyib, guya Seneqalda pelaqra xəstəliyindən vəfat edib və dünyanın üç müxtəlif şəhərində, eyni vaxtda üç qəbirdə dəfn olunub; əslində isə deyirdilər heç basdırılmamışdı da, çünki torpaq onu heç bir qəbrə buraxmamışdı, demək, Qiyamət gününə qədər bir qəbirdən o birinə səyahət eləməliydi; Allah ona min cür əyri işlərinə görə bu cür cəza verirdi, çünki bu adam fırıldaqçı idi, mənim generalım, pulun özündən də murdar idi; lakin general bu deyilənlərə heç vaxt inanmır, pərəstiş elədiyi bu adamın elə hey gəlişini gözləyirdi; qocalığın lap axır günlərində belə – səhiyyə nazirinin onun bədənindən gənələri maqqaşla qopardığı vaxtlarda da bu həsrətlə yaşayır və naziri inandırmağa çalışırdı ki, bədəninə yapışan bu həşərat gənə deyil, dənizin geriyə qayıtması əlamətidi; özü də o qədər məntiqlə, inamla danışırdı ki, nazir fikirləşirdi: “O heç də özünü camaata göstərdiyi kimi, sadəlövh deyil”. Amma yaman qocalmışdı, hərtərəfli tədqiqatlar göstərirdi ki, damarları tamam ölgünləşib, böyrəklərində də o qədər qum var, elə bil çimərliyin bütün qumunu udub, ürəyi isə sevgisizlikdən çatlayıb, odur ki, qocaman həkimi dost münasibətlərindən istifadə edib onun üzünə elə belə də demişdi: “Daha vədə çatıb, general! Hakimiyyəti kimə verəcəyinizi düşünmək vaxtıdı. Bizi taleyin ixtiyarına başlı-başına buraxmaq olmaz axı!..”

O isə təəccüb içində: “Axı niyə sizə elə gəlir ki, mən ölüm ayağındayam, əzizim doktor? Bu nə cəfəngiyyatdır? Qoy başqaları ölsün, mən hələ tələsmirəm” – cavab vermişdi, sonra zarafatla: “Srağagün axşam özümü televizorda gördüm. Görkəmim həmişəkindən yaxşıdı. Lap korrida öküzü kimiyəm!” – deyib qəhqəhə çəkdi, bir axşam başında yaş dəsmal, burnunu çəkə-çəkə, səssiz televizorun qabağında oturub qətiyyətli ədalarına – Fransadan, Türkiyədən, yaxud İsveçdən gələn qəşəng xanımlarla cavansayağı davranmağına baxa-baxa özü özünə təəccüblənməyi yadına düşdü; bu xanımlardan heç şeytanın özü də baş açmazdı; onların hamısı indi onun üçün eyni sifətdə idi, bir də o vaxtlardan, bu kadrların çəkildiyi günlərdən o qədər vaxt keçmişdi ki, bu qəşəng xanımların arasında, həqiqətən, olub-olmamasını yadına sala bilmirdi, xatırlaya bilmirdi ki, axşam qəbulunda göründüyü bu gözəl mundirdə, əlində içilməmiş şampan qədəhi tutan, hakimiyyətə gəlməyinin növbəti ildönümünü – on iki avqust, ya on dörd yanvar qələbə günü, ya da on üç mart doğum günü şərəfinə – bu tarixlərdən şeytan da baş açmaz! – keçirilən ziyafətlərdə görünən bu adam özüdü, ya yox. Onun hakimiyyəti illərində belə tarixi günlər o qədər idi ki, indi çaşbaş qalıb, hansının nə üçün olduğunu heç cür yadına sala bilmirdi; bu tarixi günləri xatırlamaq üçün bir vaxt səliqəylə büküb cürbəcür dəlmə-deşiyə dürtdüyü, zaman keçdikcə ona hər şeyi xatırlamağa kömək edəcək kağızlar da kara gəlmədi; o bu kağızlara arxayın olub hər şeyi unutmuşdu deyə təsadüfən əlinə keçəni oxuyurdusa da, heç nə anlamırdı; məsələn, bal gizlətdiyi divar mücrülərinin birindən tapdığı vərəqi höccələyə-höccələyə belə oxuyurdu: “Ap-re-lin yed-di-si dok-tor Mar-kos de Le-on-un do-ğum gü-nü o-na hə-diy-yə ki-mi bir ne-çə ya-qu-ar gön-dər-mək la-zım-dır”. Xətt, sözsüz ki, onunku idi, amma söhbətin kimdən getdiyini, bu doktor Markosun kim olduğunu qətiyyən başa düşmürdü və fikirləşirdi ki, insana öz varlığının vəfasızlığından, bədə­ninin və yaddaşının zəiflə­mə­sin­dən alçaq və eyni zamanda ədalətli cəza yoxdu; əslində, bunu Xose İqnasio Saens de la Barranın unudulmaz dövründən xeyli əvvəl – hüdudsuz məmləkətinin müxtəlif rayonlarından, kənd və qəsəbələrindən gələn kənd sakinlərinin adlarını, soyadlarını, nə vaxtsa bircə-bircə yadında saxladığı, hamısını üzdən tanıdığı halda, qəfildən, heç kəsi tanımadığı, kimin kim olduğunu xatır­la­madığını hiss etdiyi dövrlər anlamışdı; iş o yerə gəlib çıxmışdı ki, karetinin pəncərəsindən gördüyü tanış üzlü oğlanı hardan tanıdığını heç cür xatırlaya bilmədi, huşsuzluğundan xoflanıb mühafizəçilərə oğlanı tutmağı əmr etdi: “Onu hardan tanıdığımı yadıma salanacan qoy otursun”. Bu bədbəxt kəndli balası məhkəmə məmurlarının əvvəlcədən müəyyənləşdirib tam uyğun­laş­dır­dı­­ğı sözləri gündən-günə təkrar edə-edə düz iyirmi iki il həbsxanada oturdu; oğlan səhər-axşam eyni sözləri təkrar edirdi; adı – Braulio Linares Moskotedir, çay donanmasının dənizçisi Markos Linare­sin və Delfina Mos­kotenin – yaquar ovlayan itlər yetişdirənlərin kəbindənkənar oğludur, onların hər ikisi Rosale del Virreydə yaşayır, o özü də orda yaşayır və paytaxta ömründə birinci dəfədi gəlir; bura da ona görə gəlib ki, anasının böyütdüyü küçüklərdən ikisini camaatın mart gəzintiləri vaxtı ortaya qoyub satsın; o, paytaxta icarəyə götürdüyü eşşəkdə gəldiyini, həmin cümə axşamı tutularkən əynindəkindən savayı paltarının olmadığını, həmin gün bazar qəlyanaltıxanasında kətan günlüyün altında oturub ucuz qəhvə içdiyini, alverçilərdən gələcəkdə yaquar ovlayacaq – iki hibrid küçük almaq istəyən bir adam tanıyıb-tanımadıqları­nı soruşduğunu, onların belə bir adamı tanımadıqlarını söylədiklərini, elə bu əsnada vurnuxma və qaçaqaç düşdüyünü, təbillərin vurulduğunu, şeypurların səsləndiyini, göyə rəngbərəng raketlər buraxıldığını, bazarın yanındakı adamların: “Gəlir! Gəlir! Əsl kişi gəlir! Budur o!” – çığırdığını təkrarlamaqdan yorulmurdu; alverçilərdən isə o soruşmuşdu ki, bu “əsl kişi” kimdi? Ona demişdilər: “Necə yəni kimdi? Hakimiyyət başında olan adamdı!” Onda oğlan küçükləri qutuya basıb alverçilərdən xahiş eləmişdi ki, o qayıdana kimi onlara baxsınlar, özü isə küçəyə qaçıb, kiminsə pəncərəsinin altlığına taxçaya dırmaşıb, camaatın başı üstündən qapısında əjdaha şəkli olan kareti müşayiət eləyən atlı dəstəsini, qızılı pullu, parlaq kəkilli atları, karetin pəncərəsindən yellənən ipək əlcəkli əli görmüşdü; hökmdarın solğun çöhrəsini, sallaq, təbəssümsüz dodaqlarını, hüznlü gözlərini görmüşdü və bu gözlər qəfildən minlərlə adamın içindən oğlana zillənmişdi, onu iynəni dənizin içindən tapan kimi tapmışdı, karetin pəncərəsindən çölə uzanan barmaq düz ona tuşlanmışdı: “Bax bunu – pəncərədəkini – həbs edin onu! Onu harda gördüyümü yadıma salanacan qoy içəridə otursun”. Beləliklə də oğlanı tutdular, hökmdarın onu harda gördüyünü boynuna alması üçün qılıncla dərisini soymağa, əzalarını kömürün üstə yandırmağa başladılarsa da, liman qalasının divarları arxasındakı dəhşətlər kamerasında verilən işgəncələr dustağı müqəddəs həqiqətdən başqa bir şey deməyə vadar eləyə bilmədi; o, həqiqəti yorulmadan elə inam və əyilməz cəsarətlə təkrarlayırdı ki, axırda general öz səhvini boynuna almağa məcbur oldu və etiraf elədi ki, Braulio Linares Moskoteni əvvəllər heç vaxt görməyib. – “Amma indi başqa çıxış yolu yoxdu – qoy otursun! Axı onunla elə pis rəftar ediblər ki, düşmən olmasa da, düşmənə çevrilə bilər”. Odur ki bu bədbəxt öz kamerasında çürüyür, general isə yenə öz yaddaşsız xatirələriylə elə hey tutqun iqamətgahda gicəllənir, öz-özünə: “Anam mənim, yaxşı günlərimin Bendisyon Alvaradosu, mənə kömək elə, mantilyanı kənara çəkib mənə bax ki, üzünü görə bilim! Kömək elə mənə, ana. Əgər qocalıq bataqlığına çöküb nədənsə təsəlli taparaq qüvvə toplamaq üçün heç nəyi xatırlaya bilmirsənsə, bu qəddar, şanlı hadisələrdən, bu qədər zəfərlərdən ötrü əzab çəkməyə dəyərdimi?” Həyatının ən acı müsibətləri də, ən şirin anları da, əzəmətinin ən şanlı dəqiqələri də – hamısı bir-birinə qarışıb qapqara yaddaşsızlıq dəliyinə yuvarlandı. Gizli divar mücrülərinin birindən təsadüfən onun xətti ilə yazılmış kağız parçası tapılmasaydı, krallara layiq təntənəylə dəfn edilməsini tapşırdığı doxsan altı yaşlı Fransisko Lineronun kim olduğunu heç vaxt yadına sala bilməyəcəkdi; hələ bu bir yana, görmə qabiliyyətini də itirmişdi deyə hakimiyyəti kor-koranə idarə eləmək məcburiyyətində qalmışdı; üst-üstə taxdığı on bir cüt eynək də kömək edə bilmirdisə də, yenə onları taxırdı; o, yazı masasının siyirməsindən istədiyi eynəyi çıxarıb burnunun üstünə ilişdirirdi və belədə söhbət elədiyi şəxsi guya yaxşı görən adam təsiri bağışlayırdı, əslində isə müsahiblərinin səsini belə eşitmir, qarşısında oturanın kimliyini yalnız hissiyyatıyla müəyyən edir, onları bədənsiz ruh kimi hiss edirdi; bir sözlə, elə vəziyyətdəydi, adama elə gəlirdi ki, elə indicə canını tapşıracaq; onun bu halı audiensiyaların birində müdafiə nazirini də yaman qorxutmuşdu; general qə­fildən asqıranda müdafiə naziri: “Sağlam olun, general!” – demişdisə də, general yenə asqırmışdı, onda nazir ikinci dəfə: “Sağlam olun!” – demiş, generalınsa asqırağının arası kəsilməmişdi. – “…doqquzuncu dəfə asqıranda daha heç nə demədim – onun pörtüb köpürmüş sifətindən, yaşla dolu bərəlmiş gözlərindən, o dünyanın dibindən mənə zillənmiş kinli baxışlarından qorxdum, canı çıxan kaftar heyvanın dili kimi çölə pırtlayan dilini gördüm və gözümün qabağında baş verən bu ölüm səhnəsində günahsızlığımı sübut edəcək heç bir şahidin olmadığından xoflanıb cəld otaqdan sürüşmək qərarına gəldim – axı yanımızda bircə nəfər belə yox idi. Tez qaçıb canımı qurtarmaq istəyirdim ki, o, asqıraqların arasından: “Ağciyər olmayın, general Rosendo Sakristan! Dinc durun, lənət şeytana, mən bir o qədər gic deyiləm ki, sizin yanınızda öləm!” – çığırdı. Müdafiə naziri yerində donub-qaldı, o isə həqiqətən, ölümlə burun-buruna vurub, az qala, huşunu itirə-itirə asqırmağına davam edirdi; qarşısında milyardlarla işıldaböcəyə­bən­zər qığılcımlar qaynaşırdısa da, bütün varlığıyla inanırdı ki, anası Bendisyon Alvarado belə bir biabırçılığa yol verməz, qoymaz ki, o asqırmaqdan, hələ üstəlik, tabeliyində olan bir adamın qabağında ölsün: “Eybi yox, biz hələ yaşayacağıq! Heç bir şey mənim qəddimi əyə bilməz!”

Bu hadisədən sonra o belə bir nəticəyə gəlmişdi ki, insanın ləyaqətsiz ölümünə şərait yaradan adamların arasında yaşamaqdansa, inəklərlə birgə ömür sürmək daha yaxşıdı.  “Niyə onlar hamılıqla təslim oldular?” O, papa nunsisini (Roma papasının nümayəndəsi) qəbul etməyi, onunla Allah haqqında höcətləşməyi ona görə tərgitdi ki, şokoladı körpə uşaq kimi qaşıqla içməyə məcbur idi və istəmirdi ki, nunsi bunu görsün; domino oynamağını da ona görə tərgitmişdi ki, qorxurdu kiminsə ona yazığı gələr və oyunu qəsdən uduzar; heç kimi görmək istəmirdi, çünki özünü əməlli-başlı idarə edə bilmir, yastı dabanlarını sürüyə-sürüyə gəzirdi; ömrü boyu ayaqlarını beləcə sürüyə-sürüyə gəzməsinə baxmaya­raq, indi bunu gizlətmək baş tutan iş deyildi; istəmirdi ki, qocalığını gizlədə bilmədiyini kimsə görsün; özünü, qayanın başındakı malikanədə sığınacaq hüququ qazanmış adamlardan yox, dustaq kimi saxladığı sonuncu bədbəxt diktatorların yerində – çarəsizlik uçurumunun kənarında hiss edərək yaşından da utanmağa başlamışdı. Bu diktatorlar dünyanı heyvərəlik taunuyla yoluxdurmamaq üçün orda – qayadakı sığınacaqda üzülürdülər; həmin üzüntü hissini o, içəri həyətdəki hovuzda – müalicəvi suyun içində tək-tənha uzanıb mürgülədiyi həmin uğursuz gün duydu və öz gücsüzlüyündən iyrəndi: “Səni yuxuda gördüm, ana… gördüm ki, çiçəkləri başımın üstündə pardaxlanan badam ağacının yarpağı üstə oturub cırıldayan cırcıramaları sən yaratmısan, nəğməkar sarıköynəklərin ala-bəzək səslərini öz fırçanla sən rəngləmisən… amma mən bağırsaqlarımın qəfil ifrazatından ayıldım, ana, bu biabırçı, murdar suların, gücsüz qəzəbin içində ayıldım: bu murdar sularda oreqano və malvaların ətirli ləçəkləri, portağal ağacından tökülən ləçəklər üzürdü; ikotea tısbağaları, sevinə-sevinə, içalatımdan püskürən qızılı məhlula sarı üzürdülər, bax belə, ana!” – o qartımış bədəninin bu hərəkətinə, yaşının başqa iyrəncliklərinə də dözdü, xidmətçilərin sayını da bu məqsədlə lap azaltdı ki, bu sayaq murdar vəziyyətlərinin – gündə bir hoqqanın şahidi olmasınlar, bir sözlə, başını nəm dəsmalla sarıyıb, heysiz ümidsizliyi içində üzülə-üzülə divarlara söykəndiyini, mal çibinlərindən bezib, dözülməz baş ağrılarından ağlını itirib kimsəsiz iqamətgahda veyilləndi­yi­ni heç kəs görməsin; başının ağrıdığı haqda öz şəxsi həkiminə belə heç nə demədi, çünki bilirdi ki, bu ağrı da qocalıqdandı; ağrı hissi ilk əvvəl ona ağrı duyumuyla gəlirdi, ona səmada tufanqabağı buludlar görünməmişdən əvvəl guruldayan şimşək çaxıntılarıyla yaxınlaşırdı; onda əmr eləyirdi ki, onu heç kəs narahat eləməsin; bir qədər sonra isə – ağrı gicgahlarını oymağa başlayanda qışqırırdı ki, nə olur olsun, evə heç kəsi burax­masınlar; beyni, içindəki polad turniketin dönüşündən dağılmağa başlayanda isə bağırırdı ki, Allahın özü göydən yerə düşsə belə, heç kəsi evə buraxmasınlar. “Lap ölsəm də, buralara bir kəs buraxılmasın!”

Ağrı onu qəddar bir inadla, bir anlıq da olsa nəfəsini dərməyə qoymadan yandırıb-yaxır, Qiyamət gününün ümidsizliyinə qapılmağa belə imkan vermirdi; amma elə ki leysan yağışı tökürdü, ağrı ram olurdu, onda bizi yanına çağırırdı; belə məqamlar o elə görünürdü, elə bil dünyaya təzədən gəlmişdi; televizorun qabağında, yemək stolunun arxasında otururdu; biz ona şam yeməyi verirdik; lobyalı bekon bozartması, sürtkəcdən keçirilmiş kokos və qızardılmış banan – bu yaşda adam üçün ağlagəlməz yeməklər! Amma şam yeməyinə çox vaxt əl dəymirdi, o, Nuh əyyamından qalma televizya filminə baxırdı; bu filmin televiziyanın xüsusi kanalıyla təkrar-təkrar verilməsi, özü də tələsiklikdən lentin baş-ayaq getməsi dövlət işlərində nə isə xoşagəlməz vəziyyət yarandığından xəbər verirdi; o, hökumətin yenə nəyisə açıq-aşkar ört-basdır etməklə məşğul olduğunu anlayır: “Bu nə hoqqadı, bunlar çıxarır?” – deyinir və elə o dəqiqə də özünü inandırdı ki, ondan heç nə gizlədə bilməzlər, ciddi bir şey olsaydı, çoxdan bilərdi; bu fikirlərlə tək-tənha otura-otura şam yeməyini də soyudurdu, kilsə saatının zəngləri saat səkkizi vuranda isə uzun müddətdən bəri axşam saatlarında elədiyi kimi, ayağa qalxıb nimçədəki yeməkləri unitaza boşaldırdı ki, düşdüyü bu miskin vəziyyətindən heç kəs xəbər tutmasın; mədəsi daha heç nə götürmürdüsə də, çalışırdı camaat elə bilsin ki, o elə əvvəlki adamdı, şanlı çağların əfsanələrinin təsvir elədiyi həmin adam bu əfsanələrlə də təsəlli tapır, özünə qarşı duyduğu nifrətdən, bədəninin hər növbəti pozğun nömrəsindən sonra içini bürüyən ikrah hissini bununla dağıdırdı; artıq zorla yaşadığını, ayaqyolunun divarlarında: “Yaşasın general! Yaşasın əsl kişi!” – sözlərini özünün yazdığını unutmağa, bir gecədə üç qadınla üç dəfə olmaq üçün gizli türkəçarə dərmanını içdiyini, sonra bu səfehliyinə görə acı gücsüzlüyün göz yaşlarını tökdüyünü yaddan çıxarmağa çalışır, bütün bu biabırçılıqlara görə ayaq­yolunda oturub suaxıdanın qulpundan yapışaraq: “Anam, ürəyim, Bendisyon Alvarado, nifrət elə mənə, öz yanar suyunda pak elə məni!” – deyib ağlayırdı. Bir də bu biabırçılığın kökü ona bəlliydi; dəfələrlə uğursuzluğa düçar olmasının səbəbi də ona məlum idi; yaxşı başa düşürdü ki, hər şeyin günahı, həmişəki kimi, kişilik gücsüzlüyü yox, sevgisizliyi, dostunun – baş nazirin ona dürtüşdürdüyü qadınlardan, azca da olsa, soyuq olmayan qadınların çatışmazlığı idi. “O bu qadınları mənim üçün qonşuluqdakı qızlar məktəbi bağlanandan sonra göndərirdi: “Bu cananların sanki sümüyü yox idi”. – “Məxsusi sizinçün, mənim generalım!” Bu qadınlar təyyarəylə Amsterdam vitrinlərindən, Budapeşt kinofestivallarından, Aralıq dənizinin İtaliyada­kı mavi sahillərindən gətirilirdi. – “Bir baxın, general, bu möcüzəyə tamaşa edin! Bunlar dünyanın ən gözəl qadınlarıdı!” Bu qadınlar onu yarıqaranlıq, kimsəsiz kabinetində utancaq nəğmə müəllimi pozasında gözləyir, ustalıqla soyuna-soyuna gözəl bədənlərini onun tamaşasına təqdim edirdilər, çimərlik paltarlarının cizgiləri bal rənginə çalan isti dərilərində fotoyla çap olunmuş kimi görünürdü; onlar nanəli diş tozu və çiçək losyonu ətri saçan bədənləriylə məxmər üzlü divanda, beton parçasına oxşayan nəhəng öküzün yanında uzanırdılar. – “O isə heç cür formasını əynindən çıxartmaq istəmir, soyunmağı ağlına belə gətirmirdi. Mən nə qədər çalışdım, daha nə hoqqalar çıxarmadım?! Xeyri olmadı ki, olmadı!” – “Bu gözəl, soyuq, ölü balığın zarafatları məni boğaza yığdı, ona dedim ki, daha bəsdi, qızım, sən rahibəliyə getsən, pis olmaz!” Hə, haqları ən yüksək qiymətlərlə ödənilən bu yadelli gözəllərlə belə alındı; amma günlərin bir günü, axşam saat səkkiz radələrində o, saray camaşırxanasında əsgər ağları yuyan qadına rast gəldi və bircə həmləyə onu boş təknəyə yıxdı; qadın vurnuxub aradan çıxmaq istədi və qorxa-qorxa özünə haqq qazandıraraq: “Bu gün alınmaz, general. Üzrlü səbəbim var”, – dedisə də, o heç nə eşitmirmiş kimi qadının belini əyib, üzünü paltar yuyulan taxtaya elə dirədi ki, yazıq qadının kürəyi xırçıldadı, arvad inildəyib: “Siz lap vəhşisiniz ki, general!.. Yəqin, bunu eşşəklərdən öyrənmisiz!” – dedi; bu inilti ona ətrafında dolaşan peşəkar yaltaqların ən təmtəraqlı mədhiyyələrindən daha çox ləzzət elədi, odur ki, bu qadına gələcək uşaqları tərbiyə etməsi üçün ömürlük müavinət təyin elədi; bir müddətdən sonra isə inəklərə gecə yeməyi hazırlaya-hazırlaya yenə də “Ah, yanvar ayı!” mahnısını oxumağa başladı; o oxuyur, ölümü haqqında qətiyyən fikirləşmirdi, dəqiq bilirdi ki, həyatının son gecəsində belə zəiflik göstərməyəcək; inəkləri bir-bir sayıb özü özünə “Sən – zülmət yollarımın nurusan, sən – dan ulduzusan…” – mahnısını oxudu. İki dəfə sayandan sonra bildi ki, inəklərin dördü çatmır və saraya yollandı, burda vitse-kral dövründən asılqanların üstündə yatan bütün toyuqları saydı, quş qəfəslərinin örtüklərini çıxarıb onları da saydı – “qırx səkkiz”. Sonra inəklərin gün ərzində sarayda veyillənə-veyillənə yerə tökdükləri quru peyinləri yandırdı; yanıq mal peyininin iyi və tüstüsü, həmişəki kimi, yenə uşaqlıq xatirələrini oyatdı; budəfəki görüntülər ani və dumanlı deyildi, əksinə, çox aydın idi; o, yaylaqdan əsib gələn bumbuz küləyin soyuğundan titrəyən bədəniylə anası Bendisyon Alvaradonun əlindən tutub dayanmışdı… anası, iliyinəcən tir-tir əsən oğlunu yedizdirmək üçün, zibillikdə eşələnən quzğunların dimdiyindən asılmış qoyun içalatını çəkib çıxartdı...

Saat on biri vurdu və o, dəhlizin, boş otaqların işıqlarını söndürməyə başladı; çırağı əlinə alıb sarayı bir də başdan-başa dolaşdı, on dörd güzgüdə on dörd dəfə öz əksini – əlində yanar çıraq olan on dörd eyni generalı gördü; güzgülərdən birinin dərinliyində – konsert salonun­da, gözləri arxaya diyirlənmiş, ayaqları yuxarıya uzanmış inəyə sataşdı və o: “İnək, inək!” – çağırdı, sonra öz-özünə: “Bu necə şeydi?.. Deyəsən, bu ölüb axı?!” – dedi. Sonra mühafizəçilərin yataq otağına getdi ki, indicə güzgüdə ölü inək gördüyünü onlara desin: “Sabah sübh tezdən mütləq onu burdan rədd eləmək lazımdı, yoxsa burda qanadlı əjdahaların əlindən tərpənmək olmayacaq!” Bu əmri verən kimi çırağı əlinə alıb çatışmayan o biri üç inəyi də birinci mərtəbədə axtarmağa başladı; onları ayaqyolularında, stolların altında, hər güzgünün içində axtardı, sonra bir mərtəbə də yuxarı qalxdı, orda da bütün otaqlara baş çəkib inəkləri aradısa da, adını çoxdan unutduğu hansısa rahibənin çarpayısında, çəhrayı naxışlı örtüyün altında kürt yatan toyuqdan savayı, heç yerdə heç nəyə rast gəlmədi, sonra, adəti üzrə, yuxudan əvvəl bir qaşıq balını yeyib bankasını öz yerinə – gizli divar mücrüsünə qoyanda orda saysız-hesabsız yazılı kağızlarından birini tapdı; kağızda görkəmli şair Ruben Darioyla bağlı hansısa əlamətdar tarix yazılmışdı; Allah onun o dünyadakı yerini uca eləsin! Kağızı oxudusa da, heç nə anlamadı, bürmələyib əvvəlki yerinə qoydu və dua elədi: “Atamız, göylərin sehrkar hakimi, aeroplanları havada, gəmiləri dənizdə saxlayan...” və beləcə, yuxusuzluq zilləti içində dua eləyə-eləyə yeridi, mayakın son, ani yaşıl şəfəqləri, son yaşıl işıq seli onun nəhəng fil ayaqlarını işıqlandırdı; satdığı dəniz üçün ağı deyən külək­lərin vıyıltısını, zamanın xəyali uzaqlıqlarında, Allahın eh­tiyat­sızlığı ucbatından, az qala, kürəyinə bıçaq sancılacaq hansısa toy gəzintisinin musiqisini eşitdi... və birdən azmış inəyə rast gəlib yolunu kəsərək: “İnək, ay inək, çıx get burdan!” – deyə heyvanı yolundan qaytarıb yataq otağına sarı yeridi; iyirmi üç pəncərənin hər birindən dənizindən məhrum edilmiş şəhərin işıqlarını gördü; bütün pəncərələrdən onu şəhər içinin xəlvət yerlərinin bürkülü iyləri vurdu… minlərlə adamın sirli nəfəsi – şəhərin nəfəsi gəlirdi; bütün pəncərələrdən iyirmi üç dəfə adı xalq olan bu nəhəng, ölçüyəgəlməz okeanın böyük və qorxunc dəyişikliyini, həmişəki kimi, yeni qüvvəylə hiss elədi; xalqı – əli ürəyinin üstə, xəyallar qoynuna qərq olmuş vəziyyətdə təsəvvür eləyirdi; sən demə, öz generalını guya hamıdan çox sevənlərin nifrəti necə dərin ola bilirmiş! Axı onun üçün, müqəddəs adamlar üçün edildiyi kimi, şam yandırırdılar, adını, doğan qadınların, ağır yüklərindən rahat qurtarması naminə çəkirdilər ki, ölüm yatağında olan bu adamlardan ölüm uzaqlaşsın, amma həm də onu doğana lənət yağdırırdılar… qədim Somnambulik limuzininin güllə keçirməyən şüşəsindən iquana kimi qəmli gözlərini, hüznlü dodaqlarını, qız əli kimi incə əlini görəndə anasını lənətləyirdilər… uzunboğaz çəkməsinin palçıqda qalan izini öpürdülər, sonra da arxasınca lənət yağdırırdılar; şəhərin hər patiosundan, kimsəsiz iqamətgahın laqeyd pəncərələrindən çölə süzülən solğun işıqlar görünəndə bir ağızdan ona ölüm diləyirdilər. “Bizi heç kəs sevmir…” – deyə o, köksünü ötürüb rəhmətlik quş sənətkarının, sarıköynəklər rəssamının – anası Ben­disyon Alvaradonun yataq otağına baş çəkdi; anasının dəfn zirzəmisində saxlanılan bədəni çoxdan çürümüşdü. “Ölü­mün xeyrə qalsın, ana…” – pıçıldadı. – “Ölümün xeyrə qalsın, oğul…” – anası qəbirdən cavab verdi.

Bədənini bürüyən dəhşətli ağrılardan qovrula-qovrula çırağı yataq otağının qapısındakı qarmaqdan asanda saat düz on iki idi; ağrı hər yeri, bütün dünyanı, fəzanı tutmuşdu; dünyada ağrıdan başqa heç nə yox idi… qapının üç açarını, üç qıfılını, üç zəncirini çəkib bağladı; axırıncı dəfə gücənib öz kiçik ayaqyoluna son qurbanını verdi, sonra əynindəkiləri soyunmadan, bütün qəbul və audiensiyalar ləğv olunandan sonra daim geydiyi cod parçalı şalvarında, yaxasız, zolaqlı köynəyində, miskin yolçu başmaqlarında üzüqoylu vəziyyətdə yalın döşəməyə sərildi, üzünü ovcu­nun içinə, yastığa basırmış kimi, sıxıb dərhal yuxuya getdi… üçə on dəqiqə işləmiş isə yuxudan ağırlaşmış dumanlı başıyla, həmişə tufanqabağı olduğu kimi, tər-su içində ayıldı. “Kimdi?” – titrək səslə soruşdu və yadına düşdü ki, kim idisə, onu yuxuda çağırırdı, amma öz adıyla yox, beləcə: “Nikanor!..” Sonra bir də: Nikanor! – Bu kim idisə, qıfıllara toxunmadan, divarların içindən keçməyi bacaran məxluq idi; diqqətlə baxıb gördü ki, bu – Ölümdü. – “O, əynində tövbəli günahkarın cır-cındırı, əlində ucu qarmaqlı əsa olan ölümünüz idi, mənim genera­lım… kəlləsinə məzarlıq otları sarılmış, sümüklərinin daraqlar arasından yeraltı çiçəklər cücərmişdi, göz dəliklərində qədim falçının sınayıcı gözləri yanıb-sönürdü…” Onu başdan-ayağa görəndə isə niyə “Nikanor! Nikanor!” çağırıldığını anladı. Axı ürəyinə yatan hər bir adamı Ölüm elə bu adla səsləyir. O isə bərkdən: “Dayan bir, ölüm! Vaxtım hələ çatmayıb axı! Mən – yuxuda, yarıqaranlıq kabinetimdə ölməliyəm. Bunu mənə suların aynasına baxan kor falçı qadın deyib…” – dedi. Ölüm isə: “Yox, general! Siz indi, özü də burda öləcəksiz. Siz, əyninizdəki bu dilənçi paltarında – meyitinizi tapanlar sizi bu kabinetdə, poqonsuz hərbi formada, sol tayı qızılı mahmızlı uzunboğazlarda tapdıqlarını desələr də, elə beləcə, ayaqyalın öləcəksiz. Onlar əfsanənin ziddinə getməmək üçün, buna inamın itməməsi üçün belə deyəcəklər” – cavab verdi. O, ölümün dediyi qaydada – ölümü həmişəkindən az istədiyi bir vaxt – uzun illərin bəhrəsiz illüziyalarından, özü özünü aldatmasından sonra, nəhayət, insanların yaşa­madıqlarını, yalnız mövcud olduğunu dərk elədiyi ən uzun və yaradıcı həyatının yalnız sonunda – insan həyatını yaşamağı öyrənməyə çatdığını anlayan vaxt öldü. O, həyatının ümumi nəticəsini – bir vaxtlar, falçıların kartı və xətsiz ovuclarının əlamətinə görə, sevmək qabiliyyətindən məhrum olduğuna inandığından insan sevgisini hakimiyyət sevgisi ilə əvəz etdiyini, ömrü boyu qəlbində hakimiyyət iblisini yetişdirərək hər bir şeyi ona qurban verdiyini, könüllü qurbana çevirdiyini anlayan bir vaxt öldü. O öz şüşə kürəciyini dünyanın lap sonunacan ovcunda bərk-bərk saxlamaq üçün ömürboyu yalan və cinayətlərlə qidalana-qidalana, qəddarlıq və şərəfsizlik üzərində ucalmışdı, simiclik titrətməsini, ana­dan­gəlmə qor­xusunu boğub gizlətmiş­di, lakin başa düşməmişdi ki, ha­ki­miyyətdən təkcə bizim dün­ya­nın yox, heç o biri dünyaların da axırınacan doymaq mümkün deyil, mənim generalım!

Amma lap ilk günlərdən bilirdi ki, onu aldadan, ilk növbədə, ətrafındakı yaltaqlardı; onların hər tərifə görə qabaq düşdüklərindən xəbərdar idi, onu sevinə-sevinə tərifləyən və əbədi həyat arzulayan kütlələrin silah gücünə saxlandığını bilirdi; bütün bunları yaxşı bilirdi və özünü bu yalanla, miskin, alçaq şöhrət həzləriylə yaşamağa öyrədirdi; axı uzun-uzadı illərin təcrübəsindən dəfələrlə əmin olmuşdu ki, yalan – şübhədən sərfəli, sevgidən faydalı, həqiqətdən uzunömürlüdü; hökmranlı­ğı­nın biabırçı mərhələsinə gəlib çatanda isə artıq heç nəyə təəccüblənmir, heç kim ona tabe olmayanda yenə hökm eləməyinə davam edir, heç bir nüfuzu qalmayanda, heç olmasa, yan-yörəsindəkilərin ona tabe olmasından təsəlli tapırdı. O yalnız öz payızının sarı xəzan illərində əmin oldu ki, heç bir vaxt həqiqi hakimiyyət sahibi olmayacaq, heç bir vaxt həyatı bütünlüklə qavraya bilməyəcək, çünki onun yalnız astar tərəfini dərk edə bilər, bünövrəsinin bənd yerlərini görə bilər, hansısa bağlarını açıb, illüziya qobeleninin – bu qaçılmaz reallıq qobeleninin naxışlı düyünlərini sökə bilərdi; lap son günlərinəcən anlamadı, ağlına belə gəlmədi ki, onun əsl, həqiqi həyatı hamının gözü qabağında keçib; biz onun bu həyatını tamam ayrı gözlə görürdük, mənim generalım, məzlumların gözüylə; biz onu ağrı-acılarımızın bitib-tükənməyən illəri arasından – uzun-uzadı payızının qızılı xəzan illərinin arasından görə-görə elə də yaşayırdıq; bədbəxtliyimiz bədbəxtlik, xoşbəxt anlarımız isə ani də olsa, xoşbəxtlik idi; bilirdik ki, sizə olan sevgimiz ölüm viruslu sevgidi, amma əsl sevgidi, əbədi sevgidi, mənim generalım! Vaqon pəncərəsinin tozlu şüşəsi arxasından görünən dumanlı xəyalınız həyat məşəliydi; ötəri görünən məsum, titrək solğun dodaqlar, ipək əlcəkli əlin ayrılıq işarəsi – tale xətlərindən məhrum qoca əlin işarəsi – həyatımızın yanar məşəliydi. Biz bu qocanın əslində kim olduğunu heç vaxt öyrənə bilmədik; onun təsəvvürünə gətirməyə belə hünəri çatmadığı, bizimsə tükənməz ehtirasla sevdiyimiz bu həyatın arxa və üz tərəflərini ayırd eləyə bilməyən bu cəllad bizim mifimiz idi, bəlkə?.. O bizim anladığımız həqiqəti – həyatın çətin və ani olduğunu və bundan savayı bir həyatın olmadığını dərk eləməyə qorxurdu; bizsə bu yeganə gerçək həyatımızdan xoflanmırdıq, çünki kimliyimizi yaxşı dərk edirdik, onun – şişkin qarnını zorla sürüyə-sürüyə gəzən bu qocanın kimliyi isə son günəcən nə bizə, nə də özünə aydın oldu və axır ki, o, ölüm qayığının çürük yelkənlərindən yapışaraq, bitib-tükənməz zamanının, nəhayət ki, sona yetdiyi xəbərini insanlara, bütün dünyaya car çəkən təbillərin gurultusunu, kilsə zənglərinin səsini, bayram atəşfəşanlığını, küçələrə tökülüşüb qəlbləri fərəh və qalibiyyət dolu sevinclə mahnılar oxuyan xalq kütlələrinin səsini eşitmədən, öz payızının son, donuq xəzəl axarıyla qaranlıq əbədiyyətə yollandı…