"ƏDƏBİYYAT HADİSƏLƏRİN YOX, HİSSLƏRİN SÜJETİDİ..."

- Sizə elə gəlmir ki, öz əsərlərinizlə artıq çoxdannan Azərbaycan ədəbiyyatında qəbul olunmuş çərçivələri dağıtmısız?

- Nəyinsə dağıdılmasının tərəfdarı deyiləm. Üstəlik də ədəbiyyatda. Dediyiniz o dağıdıcı proses, ola bilsin ki, əsərlərimin milli ədəbiyyatımızın ənənəvi normalarından bir qədər kənara çıxmasıdır. Mən bunu, milli təfəkkürə tam yad dildə yazmağımla bağlayıram. Dediyiniz dağıdıcı təsir təəssüratını yaradan olsun ki, budur. Lakin istənilən halda azadlığın dağıdıcı nəticələri olur. Əslində, buna ədəbi qayə də demək olmaz. Məncə, ədəbiyyat - hadisələrin yox, hisslərin süjetidi.

- Ölkədə baş verən hər hansı mühüm hadisə, siyasi dəyişikliklər o andaca yaradıcılığınızda özünə yer tapır. Bunu bir növ baş verən hadisələrə yazıçı prizmasından verdiyiniz qiymət kimi başa düşmək olarmı? Söhbət «Azadlıq» romanından gedir...

- Bunu «yazıçı prizmasından verilən qiymət» kimi də başa düşmək olar. Amma əslində, «Azadlıq» son illər ölkəmizdə baş verən siyasi-ictimayi proseslərə reaksiya kimi, yaranmayıb. Mən, sadəcə, qədim tarixi, zəngin mədəniyyəti və ənənələri olan bir millətin uzun-uzadı tarixi dönəmlər və «tərəqqilər» mərhələlərindən ötüşüb, yenə həmin «Nehrəm kəndinin sakinləri» olaraq, qalmaları barədə yazmaq istədim, əvəzində bu alındı. Romanın nəşrindən sonra inciyib küsən çox oldu. Çox adam burda özünü gördü və olduğu kimi, yazılmış həqiqətlərdən incidi. Mənə isə bu, qəribə gəlir. Bioqrafiyamın ən mübhəm incəliklərini qadına xas olmayan cəsarət və səmimiyyətlə bölüşdüyüm hekayələrimi ləzzətlə oxuyub, bu açıqlıqdan və səmimiyyətdən zövq duyduqlarını bildirənlər, burda özlərini görəndə qeyzləndilər. Ortaya sual çıxır: ədəbiyyatda qadağa varmı?.. Və bu qadağaları kim müəyyən edib?

- "Azadlıq" romanınızla nə iləsə tərcümə etdiyiniz əsəri - Qabriel Qarsiya Markesin "Patriarxın Payızı" arasında oxşarlıqlar var, bir qədər də təhkiyəsində. Bunu tərcümənin təsiri kimi anlamaq olar, yoxsa?..

- Bilirsiz ki, Markesin "Patriarxın Payızı" nağıl üslubunda - «deyirlər», "deyilənə görə" kimi köməkçi vasitələrlə nəqletmə üzərində qurulub. Əslində, bu üslubu Markes kəşf etməyib. Bundan, dünyanın bir çox yazıçıları - ən yaxın keçmişdən bizə bəlli olan, XX əsrin əvvələrində yaşamış amerikalı Tomas Vulfacan bəhrələniblər. Deməyim odu ki, əslində bu, kifayət qədər işlənmiş ədəbi üslubdur ki, ona zaman-zaman ehtiyac gələrsə, müraciət olunur. Bir də, dediyiniz həmin o oxşar nəqletmə üslubu on dörd çap vərəqi həcmli «Azadlıq» romanın yalnız birinci fəslində - əsərə giriş xarakteri daşıyan qırx beş səhifəlik hissədə yer alıb və fikrimcə, bunu, bir patriarxdan-o birinə keçid kimi də qəbl etmək olardı. Çox adam bunu elə belə də qəbul etdi. «Azadlığ»ın bu sayaq ədəbi fəndlə başlamasınını səbəbi, əslində, irihəcmli ayrıca əsərə sığacaq o hadisələrin mümkün qədər qısa çatdırılması niyyəti idi. Hakimiyyəti ələ keçirmiş bir qrup naşı «inqilabçıların» az qala iki il ərzində ölkədə törətdikləri ağlasığmazlıqları təsvir etməyin yolu bircə bu idi. Ayrı halda, roman onların «yaradıcılığına» həsr olunmalıydı ki, bu da yolverilməz idi. Mənə sadəcə, romanın əhatə elədiyi zaman kəsiyinin mənzərəsini bildirmək lazım idi. «Azadlıq» romanıyla Markeçin «Patriarxı» arasındakı oxşarlığa gəlincə, romanlar tam fərqli nəsrlərdir. Onlar ümumiyyətlə nəsrin ayrı-ayrı janrlarında yazılıblar. «Azadlıq» - mistik psixoloji roman, Markesin «Patriarxı» isə «balaqan janrı» deyilən üslubda yazılmış müasir nağıldır. Markes öz Patriarxını və onun gülməli işləklərini seyrçi mövqeyi ilə qələmə alıb. «Azadlıq» isə Generalın keçilməz iç dünyasında, sirlər və müəmmalar dolu şüuraltısında baş verənlərlə məşğuldur. Burda baş qəhrəmanlar da tam fərqlidir. Markesin Patriarxı qocalıqdan və huşsuzluqdan zaman və məkan əraziləri arasında azmış, bədən istəklərinin əsirinə çevrilmiş «qunduz iyi qoxulu» gülməli bir qocadır. Mənim Generalım - həyatını xalqının, ölkəsinin rifahı uğrunda çarpışmalara sərf etsə də, ölkədən getməyi ilə unudulmuş, xəyanətlər və riya dolu əhatəsi ilə üz-üzə qalmış, içi ağrılı xatirələr, zədəli yuxularla dolu dövlət başçısıdır. Romanla bağlı bütün bu incəlikləri əslində, əlbəttə ki, ədəbi tənqid araşdırmalı idi. Amma bizdə nədənsə, bu barədə susdular. Elə bil söhbətin nədən və kimdən getdiyini anlayıb fikir deməyə ehtiyat elədilər. Odu ki, neçə illərdir ki, bu romanla bağlı ortaya çıxan sualları özüm cavablandırmalı oluram.

- Sonuncu müsahibənizdə belə bir söz demisiniz ki, "Ədəbiyyatın predmeti insandır. Amma insan daha köhnəlib". Bu fikrin çılpaq mənası ədəbiyyatın köhnəlməyi deməkdir. Sizcə, ədəbiyyat köhnələ bilər?..

- Mən «insan köhnəlib» deyəndə, əsla ədəbiyyatı nəzərdə tutmuram və «Ədəbiyyatın predmeti insandır» yanaşmasının özünə də bir qədər fərqli baxıram. Əksər əsərlərim - «İzdiham», «Sərçələr», «O məni sevir» və sair əslində, Yeni İnsana ünvanlanmış ədəbiyyatlardır. Bunlar ədəbiyyatımızda yeni fazadır. Mən «ədəbiyyatın predmeti olan» insanın özüylə yox, onun dünya dönəmində üz-üzə, göz-gözə qaldığı məhkumluqların, aşılmaz qanunauyğunluqların özünü açmağa cəhd eləmişəm. İnsanın özünə gəlincə bu, Kainatın diqtəsi üzrə gedən sirli proseslər axarında daim dəyişkənliklərə uğrayan ilahi substansiyadır və zamaın axarıyla o, mahiyyətini, dəyərlərini köklü şəkildə dəyişib. Dünyaya yeni insanlar gəlməkdədir. Bu, tamamilə yeni baxışlı, yeni təfəkkürlü sülhsevər, azad varlıqlardır. Bu mənada, ədəbiyyatın insan predmeti də köklü şəkildə dəyişməlidi. Bu, qaçılmaz prosesdir.


***


- Yenə «Azadlıq» romanı üzərində dayanmaq istərdim. Realist - sürrealist əsasda altı fəsildən ibarət romanda cəmiyyətə yuxu, halüsinasiya və «deyirlər», yəni, fərziyyələr arxasından baxılır. Və bu, birinci fəsildə daha çox hiss olunur. Düşünmək olarmı ki, orada real tarixi hadisələr və cəmiyyətdə baş verən proseslərdən bəhs olunduğu üçün səhv etməkdən çəkinmiş və dolayı münasibətə üstünlük vermisiz?

- Birinci fəsildə yer almış hadisələr yaxın keçmişimizdə gözümüzün qabağında baş verənlərdir. Bir sıra komik situasiyalar o günlər camaatın dilində anektoda çevrilmiş reallıqlardır. Roman özü isə o dövrlər dillərdən düşməyən «azadlığın» absurdluğu, insanın nəyinki, reallıqda, yəni yaşadığı cəmiyyətdə, öz ailəsində, hətta təklikdə, öz yatağında yatıb gördüyü yuxularında belə, azad ola bilməməsi barədədir. Dediyiniz həmin o «dolayı münasibət», yəni konkret olaraq, yuxular insanın sonradan qazandığı həyati faktorlardan qat-qat əzəli, ibtidai və ən real həyatıdır. İnsan məhz yuxularda tam özüdür. Ziqmund Freyd yuxuların gün ərzində insan yaddaşına köçürülən assosiativ görüntülərdən savayı ayrı bir şey olmadığını sübut edirsə də, mənə görə bu ayrı bir reallıqdır.

- «Azadlıq» bədii cəhətdən istedadla yazılsa da, 1988-1993-cü illərdəki prosesləri, xüsusən, Xalq Hakimiyyətinin fəaliyyətini birtərəfli təsvir edir. Ayrı sözlə desək, müəllifin hərəkata münasibəti özünü büruzə verir.

- «Azadlıq» tarixi roman deyil və dediyiniz həmin o qısa, tarixi mərhələni təsvir etmək məqsədi ilə yazılmayıb. Kimisə müəllifin xalq hərəkatına münasibəti qane etməyə bilər, bu, ayrı məsələdi. Mən isə duyub anladıqlarımı yazmışam. O illər «Azadlıq» meydanına yığışan yüz minlərlə azərbaycanlının birlik təntənəsi, hamı kimi məni də sarsıtmışdı. Həmin o izdihamlı mitinqlərə mən də gedirdim, orda saatlarla dayanıb deyilənlərə qulaq asır, hamıyla bir həyəcanladır, nəyinsə baş verəcəyini gözləyirdim. Lakin günlər keçir, mitinq təntənəsi, vətəpərvərlik pafosu gündən-günə artıb çoxalır, mahiyyət etibarı ilə isə heç nə dəyişmirdi. Günlərin biri mən həmin o baş verməli olanı gözləməyimin mənasız olduğunu, tribunadan oxunan bütün o təsirli şeirlərin, Vətənin, millətin sağlığına ucaldılan təriflərin nə erməni işğalçılarına, nə də uzaq, qarlı Rus meşələrinin möhtəşəmliyinə zərrə qədər təsiri olmadığını anlayıb pərt oldum. Bu, dəhşətli, acı həqiqət idi. Günlər ötür, meydanın ab-havası geidikcə dəyişir, əcyayib «meydan dövləti» yaranmağa başlayırdı. Bu dövlətin öz daxili qanunları, ierarxiya sistemi, öz ərzaq qovşağı formalaşır, hər şey qapanır və yuvarlaqlaşırdı. Məsələnin ən faciəvi tərəfi bu kiçik «dövlət»in hakim dairələrinin, 18-ci ildə olduğu kimi, az savadlı fəhlə-kəndli zümrəsi olması idi. Teatral pafos, millətin sarı siminə toxunan təsirli sözlər insanları elə bir eyforik həddə çatdırmışdı ki, onları istənilən məqam kütləvi şəkildə meydanın arxa tərəfində dalğalanan dənizə sürükləmək olardı. Yüz minlərlə azərbaycanlı öz milli həmrəyliyini sübuta yetirməkdən ötrü, bu gün əli cibində küçələrlə boş-bekar veyillənən bir neçə adamın əmrinə müntəzir halda çöməlib-qalxır, deyilənlərə riayət edirdi. Bütün bunlar bir tərəfdən gülməli, digər tərəfdən ağlamalı idi. Biz hədsiz sadəlövh və səmimi xalqıq. Xüsusən, hissə qapılanda ağlımızı tamam itiririk. Xalq birliyini, milli özünüdərki ifadə edən bu meydan hərəkatı olsun ki, lent yazılarında, arxivlərdə tarixi sənəd kimi saxlanılacaq və bəlkə də gələcək nəsillərimizin qürur mənbəyinə çevriləcək. Lakin, gəlin indi o hadisələrə bir qədər soyuq başla yanaşaq. Dediyiniz o xalq hərəkatının Azərbaycanın müstəqillik qazanmasında, yaxud o illər addımbaaddım torpaqlarımıza yeriyən erməni işğalçılarının qarşısının alınmasında hansı rolu oldu?.. Tribunadan Vətən, torpaq barədə deyilən o bəlağətli şüarlar, insanları kövrəldib ağladan o milli ruhlu şeirlər, saz havaları nəyə nail ola bildi?.. Azərbaycanın müstəqil dövlət statusu qazanması, bilirsiz ki, o dövrlər tarixi labüdlük idi. Sovet ittifaqı dağılmaq ərəfəsindəydi və eyni proseslər bildiyiniz kimi, qonşu respublikalarda da gedirdi. Sosial-ictimayi uzaqgörənliyimin qənaətbəxş olub-olmadığına gəlincə, xalq hərəkatı öndərlərinin 1992-93-cü illərdə qurduqları əldəqayırma hakimiyyət, bütün o biabırçılıqlar, Allaha şükür, hamımızın yadındadı. Bilirsiz, bir var xalq, bir də var, xalqı ifadə edən yığma kütlə. Son illər baş verən kütləvi aksiyalar bu iki məfhumun fərqli bir şey olduğunu göstərdi.

- Ümumiyyətlə, son illərin gerçək ictimayi-siyasi proseslərini əks etdirən əsərlərin çoxunda «Azadlıq» da daxil olmaqla, fəlsəfi-psixoloji ümumiləşdirmələrə rast gəlinir, təsvirçiliyə, hadisələrin çöldən seyrinə üstünlük verilir. Bəlkə bu suala indi cavab verəsiz: Sizcə, Xalq Hərəkatının fəlsəfəsi nədə idi?

- Xalq hərəkatı barədə mən öz fikrimi dedim. «Partiya», «hərəkat» dediyiniz o kütləvi proseslərin, qurumların heç bir fəlsəfəsi ola bilməz. Burda ümumiyyətlə, fəlsəfə sözünü işlətmək absurddur. Kütlənin hansı fəlsəfəsi ola biər?.. Fridrix Nitsşenin kütlə barədə gözəl bir fikri var. «İki insan ki, bir-birinin yanında dayandı, biri öz ağlını o birinə ötürür». Xalq hərəkatının fəlsəfəsi budur. Xalq ölkənin çətin məqamında Azadlıq meydanına çıxıb, əvvəl ağıllı adamlarını dinlədi, sonra özü öz birliyindən kövrəlib qürrələndi. Bir müddət sonra bu birlikdən ilhamlanan xalq kütlələri həmin o «durbinədə» ağıllı adamları tapmasa da, meydan həyatına öyrəşdilər. Yəni dediyim odur ki, hadisələrin bu şəkli almasında indi günahkar axtarmağın yeri yoxdur və burda, inanın mənə, heç bir fəlsəfə də yoxdur.

- Mən bura qədər «Azadlığ»ın ictimayi fikirdə doğurduğu rəylərdən çıxış etdim. Onun bədii uğurları da çoxdur. Amma təəssüf ki, ədəbi rəy ictimayi rəydən çox passivdir. Ədəbi tənqidin vəzifəsini açıq cəmiyyətin öz üzərinə götürməsi sizi gələcək yaradıcılığınızda faktoloji məsələlərdən gendə durmağa sövq etməyəcək ki?

- Dediyiniz «açıq cəmiyyətlə» peşəkar tənqidin fərqi, şəxsən mənim üçün, deyilən fikrin nə dərəcədə əsaslı və konstruktiv olmasındadır. Neçə-neçə peşəkar tənqidçi yaradıcılığımla bağlı o qədər səthi təhlillərlə təriflər yazıb ki. Yaxud, əksinə. Ədəbiyyatdan tam uzaq, lakin, duyğulu oxucularımdan o qədər faydalı iradlar qəbul etmişəm ki. Ədəbiyyat qəliz sahədir. Hər bir ədəbi əsər, onu oxumaq və qavramaq iqtidarında olan hər bir kəs üçün fərdi məna daşıyır. Bu səbəbdən məni heç vaxt nə tənqid, nə iradlar qorxutmayıb. Son vaxtlar haqqımda yazılan qıcıq və ikrah dolu yazıları da maraqla oxuyuram. Düzdü, gündəlik qəzet oxumaq adətim olmadığından, bəzən barəmdə yazılanlardan xəbər tutmadığımdan, onları bir neçə aydan, bəzən ildən sonra oxuyuram. Bütün bu yazılanlar mənim üçün, hər şeydən əvvəl, öz müəllifləri barədə verdiyi məlumat kimi maraqlıdı. Oxucu auditoriyam müxtəlifdir. Bəzi oxucularım mənə psixi müayinədən keçməyi məsləhət görür, digərləri məni filosof, o biriləri həddən ziyadə qəddar yazıçı sayır. Əsərlərimdə milli kolorit axtarıb tapmayanlar, məni dünyanın ən böyük yazarı hesab edib, təcili surətdə dillərə tərcümə olunmağı təkid edənlər, yaxud, çox çalışsalar da, yazdıqlarımdan heç nə anlamadıqlarını deyib təəssüflənənlər... Məgər bu pisdi? Siyasi, hüquqi, milli azadlıq, üstə gəl, daxili azalıq. Yuxu və ölüm azadlığı. «Azadlıq» romanının altı fəslində bütün bu azadlıqların mahiyyətinə varılır. Bütün bu azadlıqlardan keçilərək, insanın, əslində, hər bir sahədə azadsızlığı, qəbul olunmuş qadağalar və çərçivələr formatında yaşamaq məhkumluğu üzə çıxır. O illər meydana yığışan insanlar «azadlıq» deyəndə nəyi nəzərdə tuturdular?.. Azərbaycanın Rusiyanın tərkibindən çıxarılıb müstəqil ölkəyə çevrilmə tələbi idi bu?.. O günlər gözləri qorxu və kədər saçan o adamları üzüb kövrəldən həqiqətənmi, yaşadıqları məmləkətin Rusiyanın tərkibində olması idi?.. Yoxsa, onlar «azadlıq» deyəndə, erməni işğalçıları üzərində qalibiyyəti nəzərdə tuturdular?.. Mənsə hiss edirdim... Nə baş verdiyini anlamasam da, burda - hadisələrin alt qatında işləməkdə olan sirli, ilahi bir prosesi duyurdum. Bu, «şəfqətli» azadlığı dörd bir yanında axtaran həyəcanlı insan kütlələrinin çıxılmazlıqlar dolu azadsızlığı idi...