KƏRBƏLA

(ikihissəli epik dram)

                            

 İŞTİRAK EDİRLƏR:

 

Xanım Zeynəb –  İmam Hüseynin bacısı.

 

İmam Zeynal Abdin Səccad – İmam Hüseynin oğlu.

 

Ummu Gülsüm – İmam Hüseynin bacısı.                                                                    

 

Yezid İbn Müaviyə – Xəlifə.

 

Ubeydullah ibn Ziyad – Bəsrə və Kufə valisi.                                                                        

 

Ömər İbn Səd – Sərkərdə.

 

Əbhər İbn Kəb – Minbaşı.

 

Şimr İbn Zil Coşən – Minbaşı.

 

Şəbu ibn Rəbi – Minbaşı.

 

Məhəmməd ibn Əşəs – Yezidin silahdaşı.

 

Əmr ibn Haris – Yezidin silahdaşı.

 

İbn Mərvan – Yezidin silahdaşı.

 

Səkinə, Fatimə  İmam Hüseynin qızları.                                                                      

 

Hind – Yezid ibn Müaviyənin zövcəsi.

                                                                               

Bənna Səyyad – Kufə sakini.

 

Fərraş


Möminlərin əsir zövcələri, kənizlər, əyanlar, əsgərlər, Kufə və Dəməşq əhli.

 

                    

BİRİNCİ HİSSƏ

 

 KƏRBƏLA ÇÖLÜ

 

Günəşin qürub çağı. Səhralığı andıran ucsuz-bucaqsız məkan. Küləyin

uğultusu dəli hayqırtılarla kişnəyən atların səsinə, insan nalələrinə qarışıb. «Va Hüseyn!!!», «Ya Əli!», «Allahu Əkbər!!..» qışqıran səslər, vəhşi bağırtılar eşidildikcə, toz burulğanları şahə qalxır. Səslər getdikcə, azalır və kəsilir.Külək daha qəzəblə uğuldayır. Kimsəsiz səhralıqla uçan qara çarşab tənha kola sarılıb yellənir. Küləyin içi ilə körpə Xanım Zeynəbin ürkək səsi eşidilir.

 

Xanım Zeynəbin səsi (qorxu içində.) Baba… Babacan… Dünən gecə yuxuda gördüm ki, şiddətli tufan qopub… Bütün dünya və onun içindəkilər zülmət qaranlığa qərq olublar… Külək o qədər gücləndi ki, məni bir tərəfdən o biri tərəfə atdı… Sonra böyük bir ağac gördüm… Tez qaçıb ona sarıldım… Bu zaman külək ağacı kökündən qoparıb yerə sərdi… Onda mən ağacın şah budağına sarıldım… amma külək onu da sındırdı… Mən başqa bir budaqdan yapışdım… O da sındı… Onda mən üçüncü və dördüncü budaqlara sarıldım və yuxudan ayıldım…

Rəsulullahın səsi. Bala, Zeynəbim, o ağac mənəm… baban Mühəmməd… (At kişnərtisi eşidilir). Sarıldığın o iki şah budağın biri – atan Əmirəl-möminin Əli, digəri – anan Fatimeyi-Zəhradı. (Səsi enir, kədərlə) Sonuncu iki budaq  qardaşların Həsən və Hüseyndi ki, dünya onların yoxluğundan qaranlığa boyanar, qəm libası geyinər…

 

Külək güclənir. Məkana qatı zülmət çökür. Qaranlıqda uğuldayan

möhtəşəm küləyin səsindən savayı ayrı bir səs eşidilmir. Pauza.

Qaranlığın dərinliyini qara, keçilməz toru yaran tək, yarıb çıxan ağsaçlı

Xanım Zeynəb görünür. Küləyin qəzəbli uğultusu altında tamaşaçı zalına

zillənərək, susub dayanır. O, susduqca külək daha şiddətlə uğuldayır. 

 

Xanım Zeynəb (əlini şəhadət verirmiş kimi, sinəsinə qoyur). Mən – Zeynəbəm… Mühəmməd Səlləllahu Əleyhi və Alihi Vəsəlləmin nəvəsi. (Güclü yağış səsi.) Əmirəl-mömininin qızı.  (Şimşək çaxıntıları. Səsi enir.) Xanım Fatimeyi-Zəhranın övladı… (Uzaqlardan eşidilən asta, həzin musiqi.) Atasını və qardaşlarını bu dünyanın amansızlğı və cahilliyi içrə itirmiş yaralı qərib... (Yağışın səsi getdikcə azalır və itir. Sakitlikdə əsən küləyin uğultusu eşidilir.) Babam Mühəmməd bizlərə insanları sevməyi öyrətmişdi. Biz elə də yaşayırdıq. Bu dünyanı doğma evimiz, sığınacağımız, hər bir insanı Allahı, Qiyamət Gününü tanıyan bacı-qardaşımız sanırdıq. (Səsi dəyişir. Matəmlə.) Lakin gün gəldi, bu sevginin, bu məhrəm doğmalığın cavabı riya və xəyanətlə, zor və işgəncə ilə qaytarıldı. Rəsulullah nəslinin pak övladları Kərbəla çölündə vəhşicəsinə qətlə yetirildi. Bu dünyaya aydınlıq nuru saçmağa göndərilmiş mömin imamlar şəhid edildilər. Xeymələrimiz odlandı, qız-gəlinlərimiz əsir götürüldü. Kəsik qollar, başsız bədənlər məzarlığı yaradıldı. (Narazı izdihamın uğultusu eşidilir. Əlini şəhadət verirmiş kimi, yuxarı qaldırır.) Lakin susun. Bu dünya heç nəyi itirmir və unutmur. Bu qanlı hadisənin də sonu, qurtaracağı, dayanacağı yoxdur. (Səsi enir.) Mühəmməd ümməti yenə qətlə yetirilməkdə, mömin bədənlərdən sızan qan torpağın bağrını islatmaqdadı. Döyüş davam edir…

 

Uzaq uca boşluqlardan sızan qızğın döyüş səsləri – at kişnərtilərinin, bir-birinə

çaxılan qılıncların səsi insan nalələrinə qarışıb. «Allahu Əkbər!» sədaları göylərə ucalır. 

 

Xanım Zeynəb (səslərin fonunda). Məni dinləyin!.. Bu, bəşər övladı üçün - Allaha və Qiyamət Gününə tapınan hər bir kəs üçün böyük tarixi dərsdir. Onun adı Kərbəladır.       

 

İşıq dəyişir. Zeynəb görünməz olur. Məkanın arxa hissəsində Kərbəla

çölündə baş tutan döyüş səhnəsi görünür. Atların kişnərtisi, nizələrin vıyıltısı, bir-birinə çaxılan qılıncların cingiltisi, insan bağırtıları, «Va cəddah!», «Ya Mühəmməd!», «Ya Əli!», «Allahu Əkbər!» qışqıran nalələr göylərə ucalır. Atların ayağı altından havaya qalxan toz dumanının içiylə döyüş meydanında yaralanıb atından yerə yıxalan, sinəsinə oxlar sancılan, qalxanı əlindən düşən, başları nizələrə keçirilən insan siluetləri görünür.

Məkanın qabaq hissəsində Yezid qoşununun əsgərləri Əhli-beyt xeymələrini  talan edir, qız-gəlinlərin baş örtüklərini sivirir, boyun-boğazlarındakı zinətləri dartıb çıxarır, xeymələri odlayırlar. Qadın nalələri, uşaq bağırtıları tüstü dumanına qərq olur.

Uzaq boşluqlardan Əmirəl-möminin Əlinin qeybdən gələn səsi eşidilir.

 

Qeybdən Əmirəl-mömininin səsi. Bu xəbəri mənə Həzrət Peyğəmbər çatdırdı. O mənə: «Qarşıda qanlı  döyüş gözlənilir. – dedi. – Mühəmməd ümməti bu döyüşdə qətlə yetiriləcək. Qız-gəlinlər əsir götürüləcək. Lakin nə Allah, nə Rəsulullah sevgisi bu nurlu qəlblərdən silinməyəcək…» – dedi.

 

Arxa məkanda gedən döyüş şahə qalxan atların möhtəşəm kişnərtisiylə

sona yetir. Hər tərəfə sakitlik və qaranlııq çökür. Məkan tədricən aydınlaşır.

Qumluğa sərilmiş insan cəsədləri, oxlar və nizələr sancılmış qanlı sinələr,

kəsik qollar və bədənlər görünür. Tənha külək canavar ulartısıyla qanlı

qumluğun üzəriylə əsir. Musiqi.

Möhtəşəm göy gurultusu. Göy qübbəsinin dərinliyindən sızan işıq seli

qumluğu ağ bəyazlığa bələyir. Qan izləri bu ağlığın içində əriyib itir.

Tənha at kişnərtisi. Musiqi. Məkana pal-paltarları cırılmış, üzləri, əl-ayaqları

yanar odun hisinə bulanmış Xanım Zeynəb, İmam Səccad və Ummu Gülsüm

daxil olurlar. Xanım Zeynəb dəhşəti görcək, üzü üstə yerə yıxılır.

 

Xanım Zeynəb  (üzünü torpağa bulayır). Mənə güc ver, İlahi!.. (Hönkürüb ağlayır. Dikəlib dizi üstə oturur, qumluğa sərilmiş cəsədlərə baxa-baxa.) Şah Hüseynim!.. Kor olsun bu gözlər ki, sənin bu halını görür!.. (Dizin-dizin sürünüb İmam Hüseynin başsız bədəninə sarılır. Havalanmış kimi.) Bu, sənsən, Hüseyn?.. Mənim Hüseynim?.. Atam oğlu… (Ağlayır.) Ümid çırağım, bu sənsən?.. (Qəfildən susur, dəhşət içində.) Sən Mühəmməd Mustafanın sevimlisi Hüseynsən?.. Əliyyul-Mürtəzanın oğlu?.. (Nalə çəkir.) Fatimeyi-Zəhranın gözünün nuru???.. (Uzaq boşluqlara, ucadan.) Ağam Hüseyn qətlə yetirildii!!!.. (Hönkürür) Vəsilər ağasının oğlu öldürüldü! (Başını qaldırıb Göylərə.) Ya Rəsulullah!.. Bu gördüyün qanına bələnmiş, əzaları doğranıb kəsilmiş – Hüseyndi!.. (Möhtəşəm şimşək çaxıntıları. İşıq dəyişir.)

 

 Fatimə, Səkinə və digər qadınlar özlərini meydana atırlar,

 ağlaya-ağlaya cansız bədənlərin başına dolanırlar. 

 

Ummu Gülsüm (göylərə, ağlaya-ağlaya). Ya Mühəmməda!.. Ya Əliyya!.. Ya Fatiməta!.. (İmam Hüseynin bədənini görcək, yazıqlaşır, ağlaya-ağlaya dizi üstə düşür) Va Hüseynah…  

Fatimə (kəsik bədənlərin arasıyla diz-dizi sürünə-sürünə). Vay atam!.. Vay qardaşım! Vay arxa-dayaqlarım!.. (Göylərə.) Ya Fatimə! Gör bir, balaların nə hala salınıb?!.. (İmam Hüseynin bədənini görcək yazıqlaşır, səsi enir, Göylərə.) Bu, başı kəsik bədən – oğlun Hüseyndi… (Başını yerə qoyub hönkürür.)

Xanım Zeynəb (aramla dikəlir, ağlayanlara sarı çönüb sərt). Ağlamayın! (Matəm dolu qürurla.) Bu, Allahın və Rəsulullahın yolunda qazanılan uca şəhidlikdi. Hər insan övladına nəsib olmayan böyük şərəf və ucalıqdı. 

Ummu Gülsüm (İmam Hüseynin başsız bədəni önündə diz çökür, titrək səslə oxuyur). Mə-ən… Əlinin oğlu Hüseynə-əm…And içmişəm, kimsəyə boyun əyməyə-əm… (başını İmam Hüseynin sinəsinə qoyub hönkürür.)   

İmam Səccad (Xanım Zeynəbin yanında dizi üstə düşür, üzünü İmam Hüseynin ayaqlarına sıxıb ağlaya-ağlaya). Mən Haşim nəslinin, pak Əlinin oğluyam… (Hönkürə-hönkürə göylərə.) Rəbbim!.. Səndən başqa, Allah yoxdur! Təqdirinə və imtahanlarına səbrliyik!.. (Ağlayır.)  

 

Meydana Yezid ibn Müaviyənin əli nizəli əsgərləri, Ömər ibn Səd və

Şimr ibn Zil Coşən daxil olurlar. Əsgərlər Şimrin işarəsiylə İmam Səccadın

və qadınların üzərinə şığıyırlar, onları İmam Hüseynin bədənindən

ayırırlar. Şimr özünü İmam Səccada yetirib qılıncını sivirir. 

 

Xanım Zeynəb (özünü İmam Səccadın üstünə atır, bədənini ona sipər edir). And olsun Allaha, məni öldürməmiş onu öldürə bilməyəcəksən! Allahsızlar!.. Siz yeniyetməyə də əl qaldırırsız?..

Ömər ibn Səd (Şimrin əlini saxlayır, astadan). Əl saxla. Allahdan həya eləmirsən?.. Bu xəstə yeniyetmənin də qanına susamısan?..

Şimr. Əmr belədir. Ubeydullah ibn Ziyad Əli nəslindən olan kişi cinsinin bütün nümayəndələrinin şərt-şəksiz qətlə yetirilməsini buyurub.

Ömər ibn Səd (astadan). Ona dəymə. Görürsən ki, xəstədi. Qoy bu günahı İbn Ziyad özü götürsün boynuna. (İmam Səccada işarə ilə.) Bu cavanı onsuz da qarşıda uzun, əzablı bir yol – əsirlik işgəncəsi gözləyir... 

Ummu Gülsüm (əsgərlərin əlində vurnuxur). Buraxın, imansızlar!.. (Ağlayır.) Qoyun, qanlarına qəltan elədiklərinizə doyunca ağlayaq!.. Rəsulullahın can paralarına ağlayaq… (Hönkürür.)

Şimr (qılıncını qınına keçirir). Ağlamağa vaxtınız çox olacaq. Yol uzundu. (Xanım Zeynəbə çımxırır.) Ayağa qalx!

 

Əsgərlər Şimrin işarəsiylə Xanım Zeynəbi İmam Səccaddan ayırıb ayağa

qaldırırlar, qollarını və ayaqlarını qandallayırlar.

 

Fatimə (hörüklərini üzünə salır. Yazıq-yazıq). Sizi and verirəm Allaha, örpəklərimizi qaytarın…

Səkinə (əlləriylə boyun-boğazını bağlayır). Bizi bu halda hara aparırsız?..

Şimr. Şəhərə, tamaşaya! Qoy Kufə əhli Yezid hakimiyyətinə qarşı qiyama qalxanların aqibətini öz gözləriylə görsün!

Fatimə (qorxu içində dua oxuyur. Astadan). Əlhəmdülillahil Rəbbil Aləmin… Ər rəhmanir rəhim…

 

Əsgərlərdən biri nizəylə Fatimənin yalın başından vurur. O, huşunu

itirərək, yerə yıxılır. Bunu görən Xanım Zeynəb əsgərin üstünə şığımaq istəyirsə,

o biri əsgərlər ona mane olurlar.

 

Xanım Zeynəb (bağırır). Neyləyirsiz, ay imansızlar?!.. 

Ömər ibn Səd (Şimrə, Xanım Zeynəbə işarə ilə astadan). Bu, odu – Zeynəbdi. Onu səsindən tanıdım. (Sarsılmış halda) Bu səs həmişə mənə təsir edir, (ovsuna düşmüş kimi) elə bil iliyimə işləyir...

Xanım Zeynəb (əsgərlərin əlində vurnuxa-vurnuxa Ömər ibn Sədə). Ey Ömər!.. (Ömər ibn Səd sarsılmış halda Xanım Zeynəbə sarı çönür. Acı istehza ilə.) Hüseynin dayağı!.. De görüm, səni nə ilə satın aldılar?..

Ömər ibn Səd (Şimrə, sərt). Bu qadının səsini kəsin!

 

Əsgərlər Şimrin işarəsi ilə Xanım Zeynəbi qamçılayırlarsa

da, o, sözünə davam edir.

 

Xanım Zeynəb (Ömər ibn Sədə). Müaviyə oğlu azğın Yezidin hiyləsinə səndəmi uydun?.. O da öz cani xislətini büruzə verməyə əlverişli məqam tapdı. Əhli-beyti otu biçən kimi, biçdirib qanına qəltan elədi!.. (Qəzəb püskürür.) Cavabını səninlə bir Qiyamətdə alacaq!.. 

Şimr (əsgərlərin üstünə çımxırır). Aparın!..

 

Əsgərlər Xanım Zeynəbi, İmam Səccadı və qadınları aparırlar.

Musiqi.

 

Qeybdən İlahi Səda. «Həqiqətən mən, mənə olan sevgi ilə bu dünyada olanlara sevgini bir qəlbdə yerləşdirmirəm…»

 

Məkan boşalır. Həzin musiqi. Çöllüyü bürümüş al-qırmızı qan

göylərdən enən ecazkar Nur Selinin ağlığına bələnir.

İşıq effektləri. «Nur Seli» getdikcə topalaşıb, bir dəstə qırmızı dimdikli,

qırmızı caynaqlı ağ göyərçinə çevrilir. Göyərçinlərin səsi məkanı bürüyür,

musiqini eşidilməz edir.

           

Dəməşq. Bəni-Üməyyə Sarayı

Yezid ibn Müaviyə taxtda əyləşib. Sərkərdə Ubeydullah ibn Ziyad,

Əbhər ibn Kəb və əyanları Yezidin əhatəsində əyləşiblər.

 

Əbhər ibn Kəb. …Hüseyni Kufəyə köməyə çağıranların xahişini gecəylə Mədinəyə Əliyul-Mürtəzanın yaxın silahdaşları çatdırıb, ya Xəlifə. Onlar Kufəni ev-ev gəzib imza toplamış, məktubu atlı çaparla Mədinəyə göndərmişlər. Camaatı yoldan çıxaran da onlar olub. Amma… (Gülümsəmək istəyirsə də, qəfildən öskürəyi tutur. Öskürək tutmasında boğula-boğula,) …istəkləri baş tut… madı…

Yezid (narazı baxışlarla Əbhər Kəbə baxır, gözləri yol çəkə-çəkə). Onu demək hələ çox tezdi.

Əbhər ibn Kəb (öskürəyini bir təhər nizamlayır, boğuq səslə). Kufə əhli ayılıb artıq. İndi insanlar tamam ayrı bir qərardadırlar. Həqiqəti anlayıblar. Allaha min şükürlər olsun ki, sular duruldu. Əsir karvanı da artıq yoldadır.

Yezid (qanıqara). Bir karvanla iş aşmaz. (Fikirli halda uzaqlara zillənir.) Qulağıma sədalar çatır ki, Kufə camaatının hələ də Hüseynə rəğbəti var.

İbn Ziyad. Səbrinizi basın, ya Xəlifə. Qara kütlə tarix boyu nə istədiyini bilməyib. Dünənə qədər sevdiklərini bu gün daş-qalaq eləməyə həmişə hazır olublar.


Fərraş daxil olub təzim edir.

 

Fərraş. Minbaşı Şəbu ibn Rəbi hüzurunuza təşrif buyurub.

Yezid (fikirdən ayılır. Sevincək). Gəlsin.

 

Minbaşı Şəbu ibn Rəbi daxil olur.      

 

Şəbu ibn Rəbi (təzim edir). Xəlifə ibn Müaviyəyə salam olsun!

Yezid. Əleykəssəlam! Nə xəbərlə gəlmisən, Şəbu?..

Şəbu ibn Rəbi. Əhli-beyt karvanı Kufəyə sarı hərəkət edir, ya əmir. Əmrinizə müntəzirik.

Yezid (məkr dolu məmnunluqla). Belə-ə-ə... Gəlirlər demək. (Yanındakılara) Haşim övladları Yezid hakimiyyəti ilə çox oynadılar, heç bir xəbər də, vəhy də nazil olmadı. (Gülüşürlər. İbn Rəbiyə) Sən Hüseyndən danış.

Şəbu ibn Rəbi (gizli kədərlə). Qətlə yetirilib. Nizəyə keçirilmiş kəsik başı əsir karvanının ön sıralarında gətirilir.

Yezid (yanındakılara). Halal olsun Şimrə!.. Qiyamçıya yaraşan ölümdü bu! (İbn Rəbiyə.) Bəs o birilər?..

Şəbu ibn Rəbi (qanıqara...) O birilər də… Öldürülüb. Əli nəslindən olan kişi cinsinin hamısı. Bir nəfər kimi. (Səsi enir.) Qalan – qız-gəlinlərdi… Bir də Hüseynin yeniyetmə oğlu Zeynəl-Abdin ibn Səccad.

Yezid (duruxur). Zeynəl-Abdin? (Qaş-qabağını tökür.) Elə niyə?..

Şəbu ibn Rəbi. Olsun, xəstə olduğuna qıymayıblar.

Yezid. Xəstə?.. (İbn Ziyada, əsəbi halda.) Şimrin qəzəbini heç bir bəhanə sarsıda bilməz!.. Bu necə baş verib?..

İbn Ziyad. Səbrinizi basın, Yezid sağ olsun. Karvan hüzurunuza sarı hərəkət edir. Son qərar sizin olacaq.

Yezid (halı İbn Ziyadın sözündən bir qədər düzəlir. Taxtın kürəkliyinə yayxanıb istehzayla yanındakılara). Əcəba, babaları Əmirəl-mömininin cəddi kömək olmadı bu məzlumlara?!.. (Gülüşürlər.)

Əbhər Kəb. Haşimilər törəməsinin küfr və yalanları əvvəl-axır faş olmalıydı ki, bu da baş verdi. Qoy indi Kufə və Şam əhli özü şahid olsun bu riyaya.

Yezid  (İbn Rəbiyə). Yaxşı, hələ, de görüm, qalanlar kimlərdi?..

Şəbu ibn Rəbi. Qadınlar və uşaqlardı, ya Xəlifə.

Yezid (gözləri qəzəb saçır). Onların qadınları kişilərindən də kinli və amansızdırlar! (İbn Rəbiyə) Xarabalığa yerləşdirin! Elə bir xarabalığa ki, şəhərdən aralıda olsun. Ac və susuz saxlayın! Qırıldıqca xəndəklərdə basdırın! 

Şəbu ibn Rəbi (qanıqara). Əmrinizə müntəzirik, ya xəlifə.

Yezid (sınayıcı nəzərlərlə ibn Rəbinin gözlərinin içinə zillənir). Neçə nəfərdirlər, deyirsən?

Şəbu ibn Rəbi. Çoxdular, ya Əmir.

Yezid. Çoxdular? Bəs niyə belə?.. Səncə, öldürməyə ürəkləri gəlməyib? Yoxsa, ayrı bir səbəb var?..

Şəbu ibn Rəbi. Döyüşə Ömər ibn Səd başçılıq edib.

Yezid (gözləri uzaqlara zillənir). Ömər… Onun qisası ağırdır. Amma… (İbn Ziyada baxır.)

İbn Ziyad. Narahatlığa bir əsas görmürəm, ya Xəlifə. Günortalar qızmar Günəşin, gecələr qaynar Səmum yelinin qovurduğu xarabalıq onsuz da bu canavar törəməsinin axırına çıxacaq.

Yezid (gözləri qəzəb saçır). Səhvin var, Ubeydullah ibn Ziyad! Haşim övladları canavardan da təhlükəlidirlər! İstər kişisi olsun, istər qadını!.. Onların hər törəməsi şoranlıqda ot bitirən toxum kimidi. Hara düşərlərsə, cücərib qol-budaq atarlar. (Şəbu ibn Rəbiyə.) Xarabalıqda məskunlaşsınlar! Sonrasına baxarıq.

Şəbu ibn Rəbi. Əmrinizə müntəzirəm, Yezid Həzrətləri. Amma…

Yezid. Nə amma?..

Şəbu ibn Rəbi (ehtiyatla). Əsirlər susuzdurlar. Neçə vaxtdan bəri mühasirədə qaldıqlarından, su ehtiyatlarını tamamlıqla itiriblər.

Yezid (sınayıcı nəzərlərlə ibn Rəbiyə zillənir). Nə yaman mərhəmətliymişsən, Şəbu?.. Bilməzdim, bilməzdim. Olmaya, bu quzğun törəməsinə sənin də yazığın gəldi?.. Nə yaman yuxa qəlbin varmış?!.. Belə bilsəydim, səni sarayın baş dayəsi təyin edərdim. (Hamı gülür. Şəbu ibn Rəbi başını aşağı salır.) Ya bəlkə… (Yan-yörəsindəkilərə baxıb irişə-irişə.) …zövcələrin arasında ürəyinə yatanı var, hə? (İbn Rəbi dinmir.) Varsa, çəkinmə, de!.. (Şaqqanaq çəkib gülür.) Ürəyinə yatan birisi varsa, götür apar, sənin olsun!

 

Sim qırılmasını andıran səs.

 

Şəbu ibn Rəbi (başını qaldırır, sarsılmış halda). «Əstəğfürullah» deyin, ya Xəlifə! Bunlar Peyğəmbər əhli-beyti, Əmirəl-mömininin övladlarıdı!..

Yezid (xoflu baxışlarla ətrafındakılara baxır. Ayağa qalxıb Minbaşıya yaxınlaşır. Sınayıcı nəzərlərlə onu başdan-ayağa süzür). Gözümün içinə düz bax, Şəbu. Səsində xoşagəlməz titrəyişlər sezirəm. Olmaya, bu nəslə sevgin var, hə?..

Şəbu ibn Rəbi (udqunur. Səsi titrəyir). Bu qətliamı Allah bizə bağışlamayacaq.

 

Hamı xof dolu baxışlarla bir-birinə zillənir. Ortalığa ağır sükut çökür.

 

Yezid (İbn Rəbiyə zillənir, əsəbilikdən bığlarını gəmirə-gəmirə). Yazığın gəlir, demək. Haşim övladlarına verilən bu dərs ürəyincə deyil, demək.

Şəbu ibn Rəbi (sarsılmış halda). Dünən Şama və Xorasana qan yağışı yağıb. (Səsi enir.) Bu qətlə Göylər də qan ağlayır...

Yezid. Qan yağışı?.. (Əsəbi gülüşlə ətrafındakılara.) Bu nə əfsanədi?.. (İbn Rəbiyə, istehzayla.) Bu da mənim fəxarətli minbaşım! Fərəhlənib qürur duyduğum cəsur Şəbu ibn Rəbi! (Səsi dəyişir. İbn Rəbiyə.) Avam camaatın sözünə uymusan, Şəbu?.. (Qəfildən qəzəblə.) O yağış dediyin – Ərəfat dağından qopan od püskürtüləridi ki, hər yazın əvvəli hərəkətə gəlib, Göy qübbəsini al qırmızı rəngə boyayar!..

Şəbu ibn Rəbi (vahimə içində). O yağışın ləkələri evlərin divarlarından getmir, ya Xəlifə!.. Onlar silinmir… Yuyulmur!..

Yezid (nifrətlə ibn Rəbiyə). Səni bu qədər aciz, təpərsiz bilməzdim. (bir müddət sınayıcı nəzərlərlə ibn Rəbiyə zillənir.) Olmaya, yuxu görmüsən?.. (İbn Rəbi dinmir. Hamı ehtiyatla bir-birinə baxır. Keçib yerinə əyləşir, nifrətlə) Əgər o od püskürtüsünü sən də qan yağışı hesab eləyirsənsə, demək Haşimiliərə sevgin var!

 

İbn Rəbi başını aşağı salıb susur. Ortalığa gərgin sakitlik

çökür. Uzaqdan Azan səsi eşidilir. Otaqdakılar bu səsdən səksənirlər.


Yezid (İbn Rəbiyə qəzəblə). Cavab ver!

Şəbu ibn Rəbi (başını qaldırır, şövqlə). Lə İləhə İlləllah!.. (Hamı duruxur, vahimə içində bir-birinə zillənirlər. Uca boşluqlardan sızan ecazkar musiqi) Mühəmmədin Rəsulillah!..

Yezid (ilan vurmuş kimi, ayağa sıçrayr). Sus, xain məlun! Rədd ol, gözlərim bir daha səni görməsin!

 

Şəbu ibn Rəbi çıxır. Musiqi kəsilir.

 

Yezid (İbn Rəbinin ardınca baxa-baxa, qəzəbdən boğula-boğula yanındakılara). Onu nəzarətə alın. Bu məlun tayfası mənim ən sadiq adamlarımı belə, yoldan çıxarmağı özlərinə ar bilmir!

İbn Ziyad. İzn verin gedim, ya Əmir.

Yezid. (Fikirli) Get, Ubeydullah, get. Qiyamın kökü yaman yoğun imiş...

 

İbn Ziyad və Əbhər ibn Kəb çıxırlar.

Yezid. (Taxtın önündə dayanmış zənci qula.) De, şərab gətirsinlər! (Əyanlara, qanıqara.) Haşimilər törəməsinin süqutuna badə qaldıraq! (Səsi enir.) Əməvilərin qələbəsinə şadyanalıq edək!.. (Qəfildən dəli bağırtıyla.) Rəqqasələr gəlsin!..

 

Zərb alətlərində çalınan ritmik musiqi eşidilir. Zənci xidmətçilər iri məcməyilərdə şərab, meyvə və qəlyanaltılar gətirirlər. Badələrə şərab süzüb, Yezidə və əyanlarına paylayırlar. Yezid şərabla dolu badəni acgözlüklə başına çəkir.

Otağa rəqs edə-edə rəqqasələr daxil olurlar. Yezidin və əyanlarının qarşısında rəqs edib, onları əyləndirməyə başlayırlar.

Yezid. (Şərabı birnəfəsə başına çəkib, badəsini bir də doldurur. Yuxarı qaldırıb bağırır.) Qüreyşilər tayfasının bel sütunu qırıldı!.. Mənə beyəti rəva bilməyən Hüseynin kəsik başı hüzuruma gəlsin!..

           

Ayağa qalxır, rəqqasələrdən birinin belini qucaqlayıb onunla rəqs eləməyə

başlayır. Səslər getdikcə azalır və itir. İşıq dəyişir

Məkana sakitlik çökür.


Qeybdən İlahi Səda. «Mən sizləri azad yaratdim. Sizsə özünüzü tamahınızın və dünya malının quluna çevirdiniz…»

Karvan Kufə şəhərinə daxil olur

 

Kufə şəhərinin girəcəyi. Bənna Səyyad qala divarlarının söküklərinə

kərpic tıxayıb malalayır. Uzaqlardan əsir karvanını müşayiət edən dəvələrin

zınqırov səsləri eşidilir. Bənna Səyyad əlini saxlayıb səs gələn tərəfə diqqət kəsilir,

əlini gözünün üstünə qoyub uzaqlara zillənir.

Məkana əlində gil dolu teşt, Bənna İmran daxil olur.

 

Bənna Səyyad (səs gələn tərəfə zillənib). İmran, bu nə səslərdi belə?.. Eşidirsən?.. Orda nə baş verib, görən?

Bənna İmran (teştin ağırlığından əyilə-əyilə). Yezid ibn Müaviyəyə qarşı qiyam etmiş birinin başını Kufəyə gətirirlər.

Bənna Səyyad (duruxur). Kimdi o qiyamçı?

Bənna İmran (teşti hıqqıldaya-hıqqıldaya yerə qoyur). Hüseyn ibn Əli.

Bənna Səyyad (əlindəki kərpic yerə düşür, İmranın çiyinlərindən tutub silkələyə-silkələyə). Sən nə danışırsan?.. Sən hansı Hüseyni deyirsən?..

Bənna İmran (çaşqın halda). Bazarda danışırdılar… Deyirlər, kəsik baş Fatimeyi-Zəhranın oğlu Hüseynin başıdı.

Bənna Səyyad (dizi üstə düşür). Ey vah!.. Qulaqlarım kar olaydı… (Göylərə) İlahi! Bu nə qorxunc xəbərdi yetirdilər mənə?.. Doğrusa, yalan olsun!..

 

Dəvə zınqırovlarının səsi getdikcə, aydın eşidilməyə başlayır. Musiqi. Üstünə qara örtük salınmış kəsik baş keçirilmiş nizə, onun ardınca Yezid əsgərlərinin müşayiət etdiyi Əhli-beyt karvanı qala qapılarından içəri daxil olur.

Qol-qıçları qandallı, üzləri qızmar Günəşin altında yol getməkdən yanıb qaralmış, saçları üzlərinə, çiyinlərinə dağılmış, paltarları cırıq-cırıq olmuş Əhli-beyt heysiz addımlarla Bənna Səyyadın qarşısından ötürlər.

 

Bənna Səyyad (əllərini Göylərə qaldırır). Va Əliyya!.. Va Fatiməta!.. Buna necə dözdün?.. (Ağlaya-ağlaya, kəsik başa.) Ağam Hüseyn!.. Kor olsun bu gözlər ki, sənin bu halını görür!  (Ağlaya-ağlaya əsgərlərə) Sizi görüm lənətə gələsiz!.. Allahsızlar!.. Əliniz qurusun!.. Necə qıydınız?.. Fatimənin oğluna, vəsilər ağası Hüseyni neylədiz?..

 

Karvan ayaq saxlayır. Şimr irəli çıxır, şallağını havada oynadıb,

Bənna Səyyadın üzündən vurur. Bənna yerə yıxılır.

 

Şimr (əsgərlərə). Qandallayın!.. Yezid hakimiyyətinə qarşı çıxan hər kəsin aqibəti bu olacaq!

 

Musiqi. Əsgərlər bənna Səyyadın qollarını qandallayıb

sürüyürlər. İşıq dəyişir. Əsgərlər Əhli-beyti qamçılayırlar.

Məkan hərəkətə gəlir. Karvan yola düzəlir. Qollara, ayaqlara

vurulan ağır qandalların səsi musiqi sədalarına qarışır. İmam

Səccad heysiz halda dizi üstə düşür. Əsgərlərdən biri onu

nizəsiylə dümsükləyir.

 

Əsgər. Ayağa qalx! Qalx ayağa, deyirəm sənə!..

İmam Səccad. (Qalxa bilmir. Susuzluqdan qurumuş dodaqlarını zorla tərpədə-tərpədə əsgərə.) Qalxa bilmirəm. Taqətim yoxdu…

Səkinə. (Heysiz halda.) Ona dəyməyin… Yazığınız gəlsin. O, xəstədi. Neçə  gündü dilinə su dəyməyib. O böyük Allahın xatirinə ona su verin…

 

Səkinənin müraciəti əsgərə təsir edir. O, bir anlıq

tərəddüddən sonra əlini qundağına atır, ordan çəkib çıxardığı

kiçik su bardağının ağzını açıb, İmam Səccada uzatmaq istəyərkən

Şimr əsgərin üstünə şığıyır, şallağını havada oynadıb əsgərin

əlindən vurur. Su bardağı əsgərin əlindən yerə düşür. Su torpağa

dağılır.


Şimr (qəzəblə). Kim icazə verib??.. Sərsəm!.. (Şallağın birini də əsgərin üzündən vurur.)

Xanım Zeynəb (heysiz halda Şimrə). Göylərdən yağdırılan o pak sular haramınız olsun…

Balaca qız uşağı (Şimrə). Baba, Allah xatirinə bizə su ver…

   

Şimr Xanım Zeynəbi, sonra çönüb balaca qız uşağını

qamçılayır. İmam Səccadı qamçılayıb yerdən qaldırır. Qız-gəlin

ağlaşır. Səhnə hərəkətə gəlir. Karvan yoluna davam edir.   

Şiddətli külək uğultusu. Musiqi. Qeybdən İlahi səda eşidilir. Sədanı

Əhli-beytdən savayı bir kimsə eşitmir. 

    

Qeybdən İlahi Səda. «Siz ey rəsulullahın balalar!.. Dözün və səbr edin. Görün bir, tamah və ehtiraslar küləyi nə qədər çıraqlar söndürüb?!.. Şöhrət və var azarı nə qədər insanı yolundan azdırıb?!.. Nə qədər sağlamı onun öz sağlamlığı öldürüb… və nə qədər alimi onun cahilliyi məhv edib?!.. Nə qədər dövlətli qiyamət günündə kasıblıq arzulayıb?!.. Və ölüm  nə qədər hökmdarı diz çökdürüb?!.. (küləyin səsi güclənir, əsirlərin və əsgərlərinin paltarlarını bayraqlar kimi yellədir.) Həqiqətən, möminlər mənə və mənim rəsuluma inananlardı. Bu, o kəslərdi ki, onlara pislik edənlərə yaxşılıq edərlər, onlara dönə-dönə yalan satanları dönə-dönə bağışlayarlar…» 

 

Musiqi. Əsir karvanı Kufənin küçələri boyu irəlilədikcə, onların tamaşasına

yığışan şəhər əhli görünür. Adamlar qadın əsirlərin yalın başlarını, yanğının hisindən

və Günəş şüalarından qaralıb tanınmaz hala düşmüş üzlərini, cırıq pal-paltarlarını məsxərəyə qoyub gülüşürlər.

 

Qırmızısifət kişi. Baxın, ay camaat, bunların üzləri Cəhənnəmin odundan qaralıb!.. (Gülüş səsləri.)

Ortayaşlı kişi. Yaxşı nəsil olsaydınız, aqibətiniz bu olmazdı!..

Cavan oğlan  (Səkinəyə işarə ilə). Bu qızın nə gözəl saçları var?.. Şair burda deyib «Ey zülfü pərişan!..» (Gülüş səsləri.)

O biri oğlan (Xanım Zeynəbə, rişxəndlə). Örtüyün hanı, ay xala?.. Yellər apardı?.. (Yanındakı cavanlara qoşulub gülür)

Səkinə (başını Xanım Zeynəbin çiyninə qoyur, heysiz səslə). Daha dözə bilmirəm, bibi… Ölüm səadətdi…

Xanım Zeynəb. Döz, bala… Gərək dözəsən. Biz səbr oyuğuyuq, dözüm çalasıyıq. Bunu baban Rəsulullah öyrətmişdi bizlərə.

Əsgərlər (ləngiyən əsirləri nizələri ilə itələyirlər). Tərpən-tərpən!.. Becid-becid!

 

Kufə camaatının arasından bir neçə qadın torbalarından

çıxardıqları çörəkləri paralayıb, əsir qadınlara və uşaqlara paylayırlar.

 

Ummu Gülsüm (çörəyi, ağzına aparan uşağın əlindən alıb yerə atır, çörək verən qadınlara). Siz neyləyirsiz?.. Sədəqə bizlərə haramdı!..

 

Ummu Gülsümün bu hərəkətindən meydana sakitlik çökür.

Adda-budda xısın-xısın ağlaşan qadınların iniltiləri eşidilir.

 

Xanım Zeynəb (zəif təbəssümlə qadınlara). Siz… ağlayırsız?.. Kişiləriniz bizi qırır, başımıza olmazın müsibətlər gətirir, siz ağlayırsız?.. (Məkana sakitlik çökür. Dikəlib izdihama sarı çönür, ucadan.) Ey Kufə əhli!.. Ey yalan və xəyanət əhli!.. (Həzin musiqi. Səsi enir.) Ey dinarlar və dirhəmlər qulları... Deyin, qəlblərinizi nə ilə satın aldılar?.. Bu dünyanın hansı sərvətinə dəyişdiniz onları?.. (Acı istehza ilə.) O dünyanın ki, əvvəli də, axırı da bir arşınlıq, qara xəndəkdi?.. (Şimr və əsgərləri Xanım Zeynəbin səsinin ovsununa düşmüş tək, donub qalıblar.) Mənə cavab verin!.. Niyə dinmirsiz?.. Yəni aranızda alçaldılmamış, riya və tamah çirkabına bulanmamış birisi qalmayıb?.. (Astadan ağlar qadın səsləri eşidilir.) Ağlayırsız... Qəlbləriniz nə yaman kövrək imiş?!.. Göz yaşınız nə qədər bol imiş?!..  Ağlayın-ağlayın. Bu halınızla siz o qadına bənzəyirsiz ki, yunu əyirib sap düzəldər, sonradan sapı buraxıb, yenidən yuna çevirər... (İnsanlar donuxmuş halda Xanım Zeynəbə diqqət kəsiliblər. Matəmlə.) Kufəyə köməyə çağırıb, məhvə uğratdığınız o İmam Rəsulullahın xələfi idi... (Hamı heyrət içində donub qalıb. Nizəyə taxılan başa işarə ilə.) Başını nizələrə taxdığınız bu Ağa kimsəsizlərinizin pənahı, köməksizlərinizin dayağı idi... (İzdihamın içindən astadan «Ağam Hüsey…» deyən ağlar səslər eşidilir.)

 

Adamların arasından kimsə Xanım Zeynəbə işarə ilə

«Baxın, bu, Zeynəbdi!.. İmam Hüseynin bacısı!..» deyə qışqırır.

Hamı heyrətlə içini çəkir.

 

Xanım Zeynəb (səs gələn səmtə). Sən haqlısan, cavan. Mən – Zeynəbəm. Can paralarını Kərbəla çölündə buraxıb, yollara salınmış binəva məsumələr anası…

Narazı izdihamın uğultusu.


Şimr (ayılır. Əsgərlərə, sərt). Nə qoyun kimi durub baxırsız? Dağıdın adamları burdan! Camaatı dağıdın! Günəş enir! Mənzil başına hələ çox var.

 

Musiqi. Əli nizəli əsgərlər adamların üstünə yeriyirlər. Camaatı

qovub karvandan uzaqlaşdırmağa cəhd edirlərsə də, insanlar müqa

vimət göstərirlər. Əsgərlərlə Kufə əhli arasında çaxnaşma yaranır.

«Qoy Zeynəb danışsın!», «Biz Əlinin qızı Zeynəbi dinləmək

istəyirik!» deyən qışqırtılar eşidilir.

Qəfil qopan möhtəşəm külək uğultusu izdihamın səsini eşidilməz

edir. Musiqi kəsilir.


Əsgərlərdən biri (duruxub əl saxlayır. Səsə diqqət kəsilir. Vahimə içində). Bu nə səsdi belə?..

O biri əsgər (vahimə içində ətrafa boylanır). Elə bil küləkdi… Amma ayrı cür əsir…

Xanım Zeynəb (səsi küləyin uğultusunda aydın eşidilir) Sən haqlısan, əsgər. Bu – küləkdi… (Üzü küləyə dayanır. Külək saçlarını dalğalandırdıqca səsi böyüyüb məkanı bürüyür.) Sübh çağının şəfəqindən baş alıb, gecələrin qaranlıqlarına əsən Ulu Külək. Qiyamət Küləyi… Böyük Axirət Küləyi…

 

Vahiməyə düşmüş izdihamın uğultusu eşidilir. Hamı xof içində

bir-birinə zillənir. Şimr xoflu baxışlarla Zeynəbə zillənib.

Ortaya, külək uğultusundan savayı ayrı bir səs eşidilməyən ağır

sakitlik çökür. 

 

Kufəli qadın (nizəyə keçirilmiş başa baxa-baxa). Sənə qurban, ağam ya Hüseyn!.. Günahımız böyükdü… (Hönkürtüylə dizi üstə çökür.)

Şimr (qadının səsinə ayılır, qamçını onun başına endirir. Qadın nalə təpib yerə yıxılır). Sərsəm qadın! (Üzünü izdihama tutur. Hamı eşitsin deyə, ucadan.) Bu məlunlara inanmayın, ay camaat! Əgər bunlar, özləri dedikləri kimi, övliyadırlarsa, babaları Rəsulullah niyə kömək olmadı bunlara?.. Niyə «möminlər Əmiri» dediklərinin ruhu arxa durmadı?.. (Saxta gülüşlə gülürsə də, ona qoşulub gülən olmur.)

Digər kufəli qadın. Sizi görüm lənətə gələsiz! Necə ki, gəldiniz artıq!.. Cəzanız ağır olacaq!

Şimr (qamçıyla o qadını da vurur. Qadın inildəyib yerə yıxılır). Sus, ləçər!.. (Əsgərlərə) Nə durub baxırsız?.. Dağıdın adamları! Yol boşaldın!

 

Musiqi. Əsgərlər adamların üstünə yeriyirlər, nizələrini

işə salıb izdihamı dağıtmağa müvəffəq olurlar. Karvan yola

düzəlir. Səhnə hərəkətə gəlir. Karvan əsir qandallarının cingiltiləri

altında Kufənin küçələri ilə irəliləyir. Səkilərdən, yollardan ötən

insanlar ayaq saxlayıb karvanın tamaşasına dayanırlar.


Əsgərlərdən biri (o biri əsgərə. Şimr eşitməsin deyə, astadan). Zeynəb danışanda halım dəyişir. Boğazımı qəhər tutur…

O biri əsgər (yan-yörəsinə baxır. Heç kim eşitməsin deyə, astadan). Onun səsində nə isə var. (Kövrəlir) Çox doğma və əziz olan nə isə…

 

Xanım Zeynəb ayaq saxlayır. Onun dayanması karvana təsir

edir və hamı dayanır.

 

Xanım Zeynəb (Şimrə). Sən ey yazıq!.. Bu karvanı hara aparırsan?..

Şimr (çaşqınlığa düşürsə də, özünü dərhal ələ alır). Məgər bilmirsən?.. Kufə əhlinin tamaşasına aparırıq sizləri!  Qoy hamı görsün Yezid ibn Müaviyə hakimiyyətinə qarşı çıxanların aqibəti nə olur!

Xanım Zeynəb (acı təbəssümlə). Ay bədbəxt… Bu gün sən Yezidin gözündə yaxşı olmağa çalışırsan. Amma ömründə bircə dəfə düşünmüsənmi ki, (Göylərə işarə ilə.) Onun gözündə yaxşı olasan?..

 

Sim qırılmasını andıran səs. Şimr və əsgərləri heyrət içində donurlar.

 

Şimr. İnsanları çaşqınlığa salıb, Möminlər Əmiri Yezidə qarşı qaldıranları cəzalandırmaq (Göylərə işarə ilə.) Onun qarşısında yerinə yetirilən ən müqəddəs borcdur!..

Xanım Zeynəb (Səsi dəyişir). Möminlərin bir Əmiri var idi. Onu da alçaq Müaviyə öz çirkab niyyətlərinə görə qanına qəltan elətdirdi! (Qəzəblə.) O qanın gölməçəsində boğulub ölmək nəsibiniz olacaq!.. 

Şimr (qamçını Xanım Zeynəbin başına endirir). Sus, əfi ilan!..

 

Xanım Zeynəb qamçının ağrısından ikiqat olub dizi üstə düşür.

Əsir qadınlar onu dövrəyə alırlarsa da, onlar da Şimrin qamçı

sının zərbələrinə tuş gəlirlər. Xanım Zeynəb başını qaldırıb

səmaya zillənir.

 

Xanım Zeynəb (Göylərə.) Lə-ə hövlə və lə-ə qüvvətə İllə-ə billəhil Əliyyil əzim!..

 

Göy qübbəsi Xanım Zeynəbin müraciətinə cavab olaraq, möhtəşəm

şimşək çaxıntılarından dağılmağa başlayır. Məkan bənövşəyi bərqlərə bürünür.   

Şimr və əsgərlər bu mənzərədən vahiməyə düşüb, kənara çəkilirlər. Bir

anlığa bütün səsləri kəsilir. Göy aramla guruldamağa başlayır. Hamı

heyrət içində Göylərə zillənir. Şimşək çaxıntıları. Yağış yağır. Musiqi.

Əsir qadınlar, qız-gəlinlər üzlərini yağışa tutub, su içirlər. Yağış damlalarını

ovuclarına doldurub üzlərini, saçlarını isladır, uşaqların ağızlarına tökürlər.

Şimr və əsgərlər bu mənzərəni vahimə dolu heyrət içində müşahidə edirlər. 

 

Şimr (ayılır. Özünü ələ alıb, əsgərlərə çımxırır). Nə baxırsız? Yağış görməmisiz-nədi?.. Tərpənin! (Nifrətlə Xanım Zeynəbə baxır, səsi enir) Yolçu yolda gərək!

 

 Əsgərlər nizələrini işə salıb, əsirləri itələyə-itələyə

 hərəkətə gətirirlər. Karvan yola düzəlir. Musiqi.

     

 

 BİRİNCİ HİSSƏNİN SONU

 

 İKİNCİ HİSSƏ

 

 Kufəyə qan yağışı yağır

 

 

Kimsəsiz şəhər meydanı. Sübh çağı. Şəhərə sakitlik çöküb. Dolu damlalarla

yağan yağıntı səsi eşidilir. Yağış yağdıqca Məkan tədricən al qırmızı rəngə boyanır.

Yağışın səsinə evlərindən çıxan başı örtüklü qadınlar göydən axan al qırmızı

yağıntının altına düşürlər, əlləri, üzləri, baş örtükləri al-qırmızı rəngə boyanır. Hamı

heyrət içində bir-birinə, öz əllərinə, üst-başlarına, sonra başlarını qaldırıb göyə

baxırlar. «Bu nə görəcəkdi?..», «İlahi, Pərvərdigara?!..», «Sübhanallah!» deyən

xoflu nidalar eşidilir.

Məkan başdan-başa al-qırmızı rəngə boyanıb.             

 

Ortayaşlı qadın (qan rənginə boyanmış əllərinə baxır). Bu nədi belə?.. (Vahimə içində göylərə baxır.) Allah, sən özün kömək ol!..

Cavan qadın (pəncərədən göyə zillənir). Sənəm, bu yağan nədi belə?..

Ortayaşlı qadın (ovuclarını doldurub iyləyir və vahimə içində əllərinə zillənir). Gülsüm, bura gəl!

 

Qadınlar bir yerə toplaşırlar.   

 

Ortayaşlı qadın (ovuclarını qadınlara göstərir, vahimə içində). Bu… qandı… Amma çiçək ətri qoxuyur…

O biri qadınlar (öz əllərinə baxırlar, vahimə içində). Qan…

 

Hər üçü göyə zillənir. Uzaqlardan «Qan!..», «Göydən qan yağır!..»,

«Kufəyə qan yağır, ay camaat!..» deyən şəhər əhlinin həyəcanlı

səsləri eşidilir.

Meydan adamla dolur. Qeybdən Rəsulullahın səsi eşidilr. Bu

 səsi məkandakılar eşitmirlər.

 

Qeydbən Rəsulullahın səsi. Cəbrayıl mənə xəbər vermişdi ki, nəvəm Hüseyn İraq torpağında qətlə yetiriləcək…

                 

     Yezidin yuxusu

 

Bəni-Üməyya sarayı. Yezid və əyanları sərxoşdurlar, yarıçılpaq kənizlərlə

qol-boyun olub, xəlilərin üzərinə atılmış ipək mütəkkələrə söykəniblər. Ortada

rəqs edən rəqqasəyə baxa-baxa şərab içib, əylənirlər.

 

Yezid (qəfildən nə isə xatırlayır, qucağındakı kənizi kənara itələyir. Dikəlib sərxoş bağırtılarla). Bəs mənim Yezid əbu Qeysim hanı?.. (Musiqi kəsilir. Rəqqasə qaçır.) Sizdən soruşuram: hanı əbu Qeys??? Onu təcili surətdə yanıma gətirin! (Səsi enir, doluxsunur. Sərxoşluqdan dili dolaşa-dolaşa.) Gör bir, neçə gündü, onun o ağıllı başını sığallamıram?!..

 

Qapılar açılır, zənci xidmətçilər iri qəfəsin içində Yezidin

sevimli meymunu Yezid əbu Qeysi gətirirlər. Qəfəsi taxtın yanındakı

mizin üstünə qoyub, Yezidə təzim edirlər.

 

Yezid (qalxıb qəfəsin yanına gəlir, əlini dəmirlərin arasından içəri salıb, Qeysin başını sığallayır). Sadiq dostum mənim… Riya və xəyanət dolu bu zalım dünyada mənə qalan bir sən olacaqsan, bilirəm. (Qəfildən əyanlara və rəqqasələrə sarı çönür, qəzəblə) Rədd olun burdan!.. Hamınız rədd olun!.. Mən əbu Qeyslə tək qalmaq istəyirəm.

 

Sərxoş əyanlar ayağa qalxmaq istəyirlərsə də, qalxa

bilmirlər. Nökərlər onları çölə sürüyürlər. Kənizlər qaçır.

   

Yezid (hüzurunda müntəzi dayanmış nökərlərə). Siz də rədd olun! 

 

Nökərlər çıxır. Yezid meymunu Qeyslə saray otağında tək qalır.

 

Yezid (Qeysin başını tumarlayır). Əziz dostum, (Qəhərlənir) sən olmasaydın, bəlkə də, mən özümü bu dünyanın ən kimsəsiz, ən tənha adamı hesab edərdim. (Çıxanların ardınca astadan) Bu məlunlar mənə yox, mənim puluma sadiqdilər, bunu bilirəm. Gözlərinin dərinliyində oynayan xain qığılcımları da hər an görürəm. O qığılcımlar gecələrlə yatağımın içinə dolur, ürəyimi dağlayır, canımı yandırır… məni rahat yaşamağa qoymur. (Kuzəni əlinə alıb şərab süzür, badəni qəfəsin dəmirlərindən içəri salıb meymuna içirdməyə çalışır.) Al, iç. Bu dünyanın dadı budu!.. (Meymun qədəhi vurub Yezidin əlindən salır. Əsəbiləşir.) Ax məlun!.. Ağanla şərab içməkdən boyun qaçırırsan?.. (Barmağıyla meymunu hədələyir.) Olmaya, sən də bu xainlərlə əlbirsən, hə?.. Elə isə, sən də rədd ol! (Qəfəsi kənara itələyib, sərxoş halda mütəkkənin üzərinə yıxılır və yuxuya gedir.) 

 

Musiqi. İşıq dəyişir. Yezid yuxu görür. Çöldən əsir qandallarının,

karvanı müşayət edən dəvə zınqırovlarının və meydana toplaşan insan

kütlələrinin səsi eşidilir. Yezid ayağa qalxıb, ehmal addımlarla pəncərə

yə yaxınlaşır, çölə boylanır.

 

Yezid (öz-özünə astadan) Yetişdi karvan…

 

Çöldən «Va Hüseyn!», «Ya Mühəmməd!», «Ya Əli!»,

«Yezidə Ölüm!..», «Müaviyə hakimiyyətinə ölüm!!!» qışqırışan

insanların səsi eşidilir. Yezid ilan çalmış kimi, pəncərənin

qarşısından kənara sıçrayır, əsəbi addımlarla otaq boyu var-gəl eləyir.


Yezid (əl çalır). Fərraş!

 

Fərraş daxil olub təzim edir.

 

Yezid. Sərkərdələrimi yanıma çağır! Xəbər göndər! De ki… (Qəfildən vəhşi bağırtılarla.) De ki, Dəməşq dağılır!.. De ki, saray mühasirədədi! Xəlifə Həzrətlərinə edam hazırlanır!..

 

Fərraş təzim edib çıxır. Meymun Qeys qəfəs boyu vurnuxmağa,

dəli çığırtılarla çığırmağa başlayır.

 

Yezid (qəfəsə yaxınlaşır, məkrlə). Sən də qışqırırsan?.. Olmaya, sən də «Hüseyn» deyirsən?.. (Səsi enir.) Sən də daha əvvəlki Qeys deyilsən. (Sınayıcı nəzərlərlə Qeysə zillənir) Əgər elə isə…

 

Nifrətlə meymuna zillənib qalır, sonra nə fikirləşirsə, əlini qəfəsin içinə salıb meymunun boğazına keçirir və onu gücü gəldikcə, boğur.

İşıq dəyişir. Musiqi.

Meymun, boğazı Yezidin ovcunda bir müddət çapalayır və cansız halda qəfəsin dibinə düşür. Meymunun öldüyünü görən Yezid dəhşət içində geriyə sıçrayır.

 

Yezid. Aman Allah!.. (Hər iki əlini qəfəsin içinə salıb, Qeysin cansız başını ovuclarına alır.) Qeys!!!.. (Səsi enir. Qəhərlə.) Mənim zavallı Qeysim…    

 

Qapı açılır. Yezid yuxudan ayılır. Fərraş daxil olur.

 

Fərraş. Xanımınız təşrif buyurub, Xəlifə sağ olsun.

 

Yezid yuxunun təsirindən keyləşmiş halda Fərraşa, sonra çönüb layları bağlı pəncərəyə baxır. Ayağa qalxıb pəncərənin qabağına keçir, laylarını taybatay açıb çölə boylanır. Çöldən quş civiltiləri eşidilir.

 

Yezid. (Pəncərədən çölə baxa-baxa, Fərraşa.) Yaxın gəl. (Fərraş pəncərənin qabağına gəlir.) Eşidirsən?..

Fərraş. (döyükmüş halda.) Nəyi?..

Yezid. Qulağına buralardan səs dəymədi?

Fərraş. Xeyir, Yezid Həzrətləri.

Yezid (çönüb xoflu nəzərlərlə qəfəsə baxır. Meymun qəfəsin ortasında oturub nə isə çeynəyir. Keçib taxtına əyləşir, öz-özünə). Olsun, məni qara basıb. (Qanıqara halda Fərraşa) Deyirsən Hind gəlib?

Fərraş. Bəli, Yezid Həzrətləri.

Yezid  (gözləri yol çəkir). Bu nə vaxtın gəlişidi belə?.. (Fərraşa baxır. Fərraş çiyinlərini çəkir. Qanıqara halda.) Qoy gəlsin. (Qəfildən nə isə xatırlayır, qapıdan çıxmaq istəyən Fərraşa) İbn Əşəsi də yanıma çağır!.. Özü də tez! Tərpən!.. (Fərraş çıxmaq istəyərkən) Dayan! (Qəfəsə işarə ilə) Bunu apar burdan.

 

Fərraş qəfəsi əlinə alır, təzim edib otaqdan çıxır.Yezidin xanımı Hind daxil olur. İçəri girib bir müddət qapının ağzından Yezidə zillənir.

 

Yezid (üzünü yana çevirir, qanıqara halda kənara). Xeyirdimi gəlişin?

Hind. Allahın qəhrindən qorxmursan, Yezid?…

Yezid (qəzəblə həmin kənara). Gəlişinin səbəbini de!..

Hind. Mənə bu sarayda qalmaq haramdı daha! Burda yediyim hər tikə burnumdan gəlsin!

Yezid (əsəbi). Sözü uzatma, axmaq qadın!..

Hind (qəhərlə). Bütün Şam qan yağışına bələnib! Sənsə burda əyyaşlıq edirsən…

Yezid (əsəbi gülüşlə). Sərsəmləmə, avam arvad! Olmaya, qiyamçılara qahmar çıxmaq həvəsin var?  

Hind (qəhərlə). Kaş ki, nizəyə taxdırdığın o kəsik baş mənim başım olaydı!

Yezid (məkrlə). Darıxma, quzum… Sənin bu istəyini də yerinə yetirərəm.

Hind (nifrətlə). Mühəmmədin ümmətinə «qiyamçı» deyirsən. Bu azğın vəhşiliyinlə Allaha  qiyama qalxan özün deyilsən, bəlkə?.. Atan Müaviyənin xainliyindən yaxşı bəhrələnmisən.

Yezid (ayağa sıçrayır). Sus, rəzil qadın! Dövlət siyasəti sən girən kol deyil!

Hind. Lənət olsun sənə də, mömin qanları bahasına saxlamaq istədiyin bu dövlətinə də!.. (Qapını çırpıb otaqdan çıxır.)

Yezid (Hindin ardınca, qəzəbdən boğula-boğula). Yaxşı, Hind. Səni qaranlıq zirzəmiyə basdırıb, ağzını torpaqla doldurmaq mənə borc olsun! (Narahat baxışlarla ətrafına boylanır.)

 

Fərraş daxil olur.

 

Fərraş. Əmr ibn Haris və Məhəmməd ibn Əşəs burdadırlar!..

Yezid (gözləri qəzəb saça-saça). Gəlsinlər. (Fərraş çıxır. Öz-özünə astadan) Qiyamın kökü daha dərin imiş.

 

Əmr ibn Haris, Məhəmməd ibn Əşəs içəri daxil olurlar. Hər ikisi təzim edir.

 

Əmr ibn Haris. Xəlifəyə salam olsun!

Məhəmməd ibn Əşəs (baş əyir). Hüzurunda müntəzirik.

Yezid (qanıqara). Əyləşin. (Əyləşirlər.) Qulağıma Mühəmmədin qiyamçı ümmətinə ağlayan sədalar dəyir.

Məhəmməd ibn Əşəs (İbn Harislə bir-birinə baxırlar, çiyinlərini çəkirlər.) Elə bir şey duymamışıq, Yezid sağ olsun.

Əmr ibn Haris. Narahatlığa əsas yoxdu, ya Xəlifə. Şəhər qoşunun nəzarəti altındadır.

Yezid (narahat baxışlarla). Mənsə, hiss edirəm…

Məhəmməd ibn Əşəs. Hiss edirsiz?.. Nə hiss edirsiz?

Yezid (gözləri yol çəkir). Şəhərdə narahatlıq hiss edirəm. Təhlükə… Dəməşqi və Şamı bürüməkdə olan böyük təhlükə hiss edirəm!..

Əmr ibn Haris. Əmriniz deyildiyi qaydada yerinə yetirilib, ya Xəlifə. Əli nəslinin kişi cinsindən olan bütün törəmələri və onların yaxın silahdaşları qətlə yetirilib. Əsir karvanı dediyiniz kimi, şəhər kənarındakı xarabalığa yerləşdirilib. Şəhər öz gündəlik həyatını yaşamağa davam edir.    

Yezid (sınayıcı nəzərlərlə İbn Harisə baxır). Belə. Deyirsiz, məni zənnim aldadır?..

Məhəmməd ibn Əşəs. Narahatlığa bir əsas yoxdu, Xəlifə sağ olsun.

Yezid (əhvalı bu məlumatdan bir qədər düzəlirsə də, taxtın söykənəcəyinə yayxanıb narahat baxışlarla sərkərdələrə zillənir). Olsun. Buna da inanaq. Yaxşı… İndi deyin görüm, Haşim övladının malından, pulundan ələ keçən nə olub?..

Əmr ibn Haris. Bu bədbəxtlərin elə bir malı da ələ gəlmədi, ya Əmir. Bir-iki nimdaş xalça-palaz, yeddi dəvə, övrətlərinin boyun-qulağından çıxarılmış bir-iki mərcan boyunbağı. Vəssalam.

Yezid (lağla). Məğrur Haşimilər nəslinin sərvəti buymuş?!.. (Gülürlər. Qəfildən ciddiləşir.) Amma baxın. Əsirlərə nəzarəti hər ikinizə tapşırıram. Göz olun, şəhər əhli xarabalığa üz tutmasın. Bu tayfanın insanlara sirayət etmək qabiliyyətinə bələdəm. Onların ölüsü də özünü xalqa sevdirə bilir.

 

Musiqi. Məkanda nə isə dəyişir. Yezid və əshabələri çaşqınlıqçində ətrafa boylanırlar. Azan səsi eşidilir.

 

Qeybdən İlahi səda. «Ey adəm övladı!.. Bil ki, bu gün min bir əziyyətlə tikib qurduqların bir gün sökülüb dağılacaq. Və sənin həyatın da beləcə… bir gün söküləcək, dağılacaq…»

 

Hər üçü xoflu baxışlarla bir-birlərinə zillənirlər.

                  

               Dəməşq. Xarabalıq məsciddə

 

 

Şəhərkənarı xarabalıq məscid. Gecədir. Susuzluqdan, yol yorğunluğundan heydən düşmüş əsir qadınlar və uşaqlar yarıqaranlıq xarabalığın daş-kəsəyi üstə yatıblar. Ara-sıra ağlar uşaq səsləri, iniltilər eşidilir. «Ana, acam, çörək ver», «Əmmə su…»          

Xanım Zeynəb xarabalığın bir kənarında, Ay işığının tənha zolağında dizi üstə oturub.

 

Xanım Zeynəb (göylərə, astadan). Subhanallah... Gecələrin qatı zülmətini Ayın işığıyla aydınlaşdıran Rəhmli Allahım... Yalnız Sənə güvənir, Sənə tapınırıq. Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna. Qəzəbə düçar olub haqqdan azmışların yoluna yox. (Başını aşağı salır, öz-özünə astadan.) Kafirləri qəzəbinə uğratsan da, uğratmasan da ayılmazlar. Sənə iman gətirməzlər...

QEYBDƏN İLAHİ SƏDA. ONLARIN QƏLBLƏRİ DƏ, QULAQLARI DA MÖHÜRLÜDÜ. (Xanım Zeynəb heyrətlə Göylərə zillənir.) GÖZLƏRİ ÖNÜNDƏ PƏRDƏ VAR, QƏLBLƏRİNDƏ XƏSTƏLİK… ONLARI QARŞIDA BÖYÜK ƏZABLAR GÖZLƏYİR.

Xanım Zeynəb. (Ağlar səslə astadan Göylərə) Ya Rəbbim!.. Sənə iman gətirən pak bəndələri Kərbəla çölündə öldürdülər!.. 

Qeybdən İlahi səda. «Mənim yolumda öldürülənlərə «ölülər» deməyin. Onlar diridirlər. Bunu anlamırsız.»

 

İşıq dəyişir. Məkan mavi-bənövşəyi bərqlərə bürünür. Xanım

Zeynəb Məkanın dəyişməsindən heyrətə gəlir.

 

Qeybdən İlahi səda. «…və məni soruşsalar, de ki, yaxındayam…»

 

İlahi səslər. Məkanda Əmirəl-mömininin, İmam Hüseynin və

Fatimeyi-Zəhranın ilahi nura bələnmiş ruhları peyda olur. Xanım

Zeynəb heyrət içində ayağa sıçrayır. İlahi səslər.

 

Əmirəl-mömininin Ruhu. Qızım, Zeynəb…

Xanım Zeynəb (heyrət içində). Ata!..

Əmirəl-mömininin Ruhu. And olsun Kəbənin Rəbbinə ki, Kərbəla çölündə baş tutan o qanlı şəhidlik Allahın və Onun Rəsulunun mənə xəbər verdiyi uca məqam idi ki, baş tutdu.

Xanım Zeynəb (dizi üstə düşür, qəhərlə Göylərə). Sübhanallah…

İmam Hüseynin Ruhu. Canım, Zeynəbim… Kərbəla çölünə yetişərkən, sənə demədimmi ki, «Dəvələrdən enin! Bura son iqamətgahımız, məzarlığımız, qanlarımızın töküləcəyi yerdi?..»

Xanım Zeynəb (ağlar səslə). Dedin, qardaşım, dedin, gözlərim nuru… (Ağlayır.)

Fatimeyi-Zəhranın Ruhu. Ağlama, Zeynəb. Səbr elə, qızım. Sən Rəsulullah nəvəsi, Əmirəl-möminin övladı, İmam Hüseyn bacısısan. Bunu unutma.

Xanım Zeynəb (Fatimeyi-Zəhraya). Bu dərdə dözə bilmirəm, ana!.. (Ağlayır.)

Əmirəl-mömininin Ruhu. Sakit ol və məni dinlə, Zeynəb. (Xanım Zeynəb gözlərinin yaşını silir.) Rəsulullahın əqidə davamçılığı, Uca Rəbbimizin buyruğuyla bu zamandan etibarən qardaşın Əli ibn Hüseynin oğlu Zeynəl Abdinə verildi. Sən ona yardımçısan. (Səsi enir.) Bu, həddən ziyadə çətin yol, Allaha, Rəsulullaha böyük sevgi və sədaqət, fəda və dözüm istəyən uca yolçuluqdu!..

Fatimeyi-Zəhranın Ruhu. Hər insana nəsib olmayan böyük səadət, alilik və ucalıqdı. Çalış, buna layiq ol, bala. Rəsulullah etiqadının düşmən tələsindən, riya və çirkabdan qorunması bu zamandan etibarən sizə tapşırıldı, bunu bil.

Xanım Zeynəb (sarsılmış halda). Axı mən… Mən…

İmam Hüseynin Ruhu. Bu işin öhdəsindən gələcəksiz, bacım. Allaha və Onun elçisinə olan sevginiz və dəyanətinizlə.   

 

Qaranlığın dərinliyindən səslər eşidilir. Ruhlar qeybə çəkilir.İşıq dəyişir. Səslər kəsilir. Əsirlər yuxudan oyanırlar.

 

İmam Səccad (ayağa qalxıb qaranlığa zillənir, Xanım Zeynəbə). Gələn var.

Ummu Gülsüm (qaranlığa zillənir). Kim ola bu vaxt?..

Səkinə (qaranlığa zillənir). Bir neçə qadın xeylağıdı. Bura gəlirlər.

 

Xanım Zeynəb ayağa qalxır. Yezid ibn Müaviyənin zövcəsi Hind, yanında bir neçə    kənizi ilə xarabalığa daxil olur.

 

İmam Səccad (irəliyə çıxır. Sərt). Dayanın! Sizi kim göndərib?

Hind. Mən Əbdullah ibn Amirin qızı Hindəm.

Xanım Zeynəb (Hindi tanıyır). Hind?..

Hind (özünü Xanım Zeynəbin ayaqlarına atır, əllərini öpür). Mənəm, Hindəm, Zeynəb Həzrətəri! Kəniziniz Hind.

Xanım Zeynəb (Hindin çiyinlərindən tutub qaldırır). Bura niyə gəldin?.. Yeziddən qorxmursan?..

Hind (başını aşağı salır). Allah Yezidə lənət eləsin.

 

 Yezid adını eşidən qadınların «Yezidin zövcəsidi», «Bu, Hinddi…» deyən asta səsləri eşidilir. Xanım Zeynəb əlini

 qaldırıb, qadınların susmasına işarə edir. Qadınlar susurlar.

 

Hind. Məni bura gətirən Rəsulullahın pak və müqəddəs nəslinə olan uca sevgimdi. Atamın ölümündən sonra mənə verdiyiniz sığınacaq – bu dünyada olduğum yerlərin ən rahatı, süfrənizdən yediyim çörək – çörəklərin ən şirini olub.

İmam Səccad. Gəlişinin məqsədi nədi?

Hind. Sizə çörək və su gətirmişəm.

Qadınlar. Yezidin çörəyi də, suyu da bizə haramdı!

Hind (ayağa qalxır, qadınlara). Yezidin çörəyi mənə də, Allahı, Onun Rəsulunu tanıyan hər bir müsəlmana da haramdı. Amma bu suyu biz… (İçi su dolu bardağı kənizin əlindən alır.) çaydan yığmışıq. (O biri kənizlərin əllərində saxladıqları çörəklərə işarə ilə.) Çörəyi isə öz puluma almışam. Odu ki, nuşluqla yeyin.

 

 Musiqi. Kənizlər özləri ilə gətirib gəldikləri parçlara su süzüb, çörəkləri parçalayıb qadınlara və uşaqlara uzadırlarsa da, heç  kim nə suya, nə də çörəyə toxunmur.

 

Xanım Zeynəb (qadınlara). Yeyin. Bu, Əbdullah ibn Amirin qızı Hinddi. Əmiril Mömininin öz himayəsində saxlayıb böyütdüyü yetim qızcığaz… Zəhra kənizidi. 

 

Qadınlar bardaş qurub əyləşir, parçları əllərinə alıb uşaqlara içirdir, çörəkləri öz aralarında bölüşüb yeməyə başlayırlar. Xanım Zeynəblə Hind bardaş qurub bir kənarda əyləşirlər.

 

Hind (gözlərindən axan yaşı silir). Bu xəbəri eşidəndə, dünya başıma uçuldu. Ağam Hüseynin nurlu çöhrəsi gözlərimin qarşısından getmir. (Ağlayır.)

Xanım Zeynəb. Ağlama, Hind. Allah sevdiklərini sınağa çəkər. Bunu babam Rəsulullah deyərdi həmişə. (Uzaqlara zillənir.) Kərbəla vaqeəsi Allah-taalanın Mühəmməd nəslinə göndərdiyi böyük imtahan idi ki, baş tutdu.

Qadınlar və uşaqlar Xanım Zeynəbin başına toplaşırlar. Bardaş

qurub ətrafında əyləşirlər.

 

Fatimə. Bibi, bizə babamdan, atamdan danış. Bəlkə sözlərini eşidib yuxumuza gələlər.

O biri qadınlar və uşaqlar. (Yer-yerdən) Danış, əmmə, danış! 

Xanım Zeynəb. (Üzündə matəm kölgəsi dolanır.) Siz deyən olsun. (Qolunu yanında əyləşmiş İmam Səccadın çiyninə salır, gözləri uzaqlara zilləndikcə, səsi dəyişir. Həzin musiqi.) Kufədən məktub gələn gün ağam Hüseyn: «Biz Kufə əhlini köməksiz qoya bilmərik» – dedi. – «Möminləri azğın Yezidin əsarətindən xilas etməliyik» Və yola tədarük görməyi buyurdu…

 

İşıq dəyişir. Musiqi. Arxa məkanda səhralıqla hərəkət edən dəvə karvanının, dəvələrin üstündə oturmuş başı örtüklü qadın və kişilərin, qucaqlarında körpələri əyləşmiş gəlinlərin siluetləri görünür. Musiqi və səhra küləyinin səsi.

               

Xanım Zeynəbin səsi. Kərbəla torpağına qədəm qoyan gün ağam Hüseyn «Dəvələrdən aşağı enək! – dedi. – Bura son iqamətgahımızdı. Qanlarımızın töküldüyü yer, məzarlığımızdır.» Ondan niyə belə dediyini soruşanda o: «Bunu babam Rəsulullah mənə xəbər verdi» dedi. (Musiqi kəsilir. İşıq dəyişir. Əvvəlki məkan. Tamaşaçılara.) Kərbəla çölündə baş tutacaq o qiyamətdən İmam Hüseyn də, Əmirəl-möminin də, babam Rəsulullah da əvvəlcədən xəbərdar idilər. Bu, silinməz bir Yazı – Uca Şəhidlik Məqamı idi ki, Məhəmməd ümmətinin Allaha olan eşqi əbədi olaraq, bəşər tarixinin yaddaşına həkk olunsun. (İzdiham uğultusu eşidilir. Əlini yuxarı qaldırır. Tamaşaçılara sarı çevrilir.) Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilən körpə uşaqların adlarını siz də yaddaşlarınızda saxlayın. İmam Həsən Müctəbanın Suğra və Zəhra adında iki qızı… (İşıq dəyişir. Musiqi.) …Əbdür Rəhman ibn Əbu Talibin Səəd və Əqil adında iki oğlu… (Xanım Zeynəb Kərbəla çölündə qətlə yetirilmiş körpələrin adlarını çəkdikcə, Məkan bəyaz ağlığa bürünmüş uşaq ruhları ilə dolur. Nə Xanım Zeynəb, nə İmam Səccad, nə də digərləri onları görmürlər.) …Müslim ibn Əqilin yeddi yaşlı qızı Atikə və əbu Səid ibn Talibin yeddi yaşlı oğlu Mühəmməd…

       

Ruhlar çəkisiz addımlarla əsirlərə yaxınlaşır, bardaş qurub uşaqların arasında otururlar. Xanım Zeynəb danışmağa davam edir.  

               

 İmam səccad Bəni-Üməyyə sarayında

 

Günəşin qürub çağı. Yezid taxtında əyləşib, fikrə dalıb. Taxtın yanında dayanmış zənci qaravaş uzun dəstəkli yelpiyi aramla yelləyir. Musiqi.

Yezid (əlindəki şərab dolu badəyə baxa-baxa, qanıqara halda astadan). Badə… Qan çanağı… Heç ələ almalı deyil. (Susur, bir qədər fikrə gedir. Çöldən quş səsləri eşidilir. Başını qaldırıb səslərə diqqət kəsilir. Öz-özünə.)

Qəşş elə mümkün ikən, badeyi-nab alma ələ.

Elə ki, aldın ələ, heç yerə qoymalı deyil…

Ləbinə oxşadığıyçün meyə meyl etdi könül.

Amma bu qan çanağı heç ələ almalı deyil. (Köks ötürür.)

Elə ki, aldın ələ, heç yerə qoymalı deyil. (Şərabı başına çəkir.)

Qapılar açılır. Fərraş daxil olur.

Fərraş (təzim edir). Ubeydullah ibn Ziyad!

Yezid. (Qanıqara.) Gəlsin.

Ubeydullah ibn Ziyad və Əbhər Kəb daxil olurlar.

Ubeydullah ibn Ziyad. Xəlifəyə salam olsun! (Hər ikisi təzim edir.)

Yezid. Əyləşin.

 

Hər ikisi bardaş qurub əyləşir.

Yezid. Əgər pis xəbərlə gəlmisinizsə, susun. (Səsi enir.) O halda deyiləm…

Ubeydullah ibn Ziyadla Əbhər Kəb bir-birinə baxırlar.

İbn Ziyad (qanıqara). Elə bir hal baş verib ki, onun barəsində susa bilmərik, ya Xəlifə!..

Yezid (həyəcanla). Nə baş verib?

İbn Kəb (gizli həyəcanla). Hüseynin başının kəsilməsi xəbəri bütün Şama yayılıb, Yezid sağ olsun. Xalq arasında böyük narazılıqlar var. 

Yezid (təlaş içində). Allah Şimrə lənət eləsin! (Səsi enir, kənara.) O, böyük cinayət törətdi.

 

İbn Ziyadla Əbhər Kəb bir-birinə baxırlar.

 

Ubeydullah ibn Ziyad. Karvanın Dəməşqə daxil olması xəbəri şəhəri lərzəyə gətirib. Şəhər əhalisinin bu nəslə böyük sevgisi var imiş, Xəlifə sağ olsun. Qorxuram, hadisələr bu yönü alarsa...

Yezid (narahat baxışlarla). Nə yön? Hansı yön?.. Nə hərzə-hərzə danışırsan?..

İbn Ziyad. Onlar xalqı o xarabalıqdan da öz arxalarınca aparmağa qadirdilər. Qüreyşilər tayfasının əzəldən o gücü var, ya Şeyx!.. Odu ki, xətt-hərəkətimizdə dəyişikliklər etməliyik. 

Yezid (gözləri bərəlir). Dəyişikliklər?.. Hansı dəyişikliklər?.. (Qəfildən hirsli.) Sözünün canını de, Ubeydullah ibn Ziyad!..

İbn Ziyad. Şəhəri sakitləşdirmək üçün əsirlərlə bir qədər yumşaq davranmaq, onları yola gətirmək lazımdı.

 

Fərraş daxil olur.

Fərraş (təzim edir). İbn Mərvan buyurub, ya Xəlifə!..

Yezid (çaşqınlığa düşür). İbn Mərvan?.. (İbn Ziyada baxır.) Xeyir ola?.. (Fərraşa) Gəlsin!

 

Fərraş çıxır. Məkana ibn Mərvan daxil olur.

 

İbn Mərvan (təzim edir). Əmirlər əmiri Xəlifəyə salam olsun! Mənə çatan gizli məlumatlara görə şəhərdə üsyan hazırlanır. Qiyamçılar saraya hücum edib, sizi qətlə yetirmək niyyətindədirlər. Əmriniz nə olacaq?..

Yezid (gözləri hədəqəsindən çıxa-çıxa). Belə-ə?!..

Əbhər Kəb. Əhli-beytin Şamda qalmağı bizim xeyrimizə deyil, ya Xəlifə. Onları tezliklə geriyə – Mədinəyə yola salmaq lazımdı.

Yezid. Mədinəyə?..

İbn Ziyad. Qoy öz yurdlarına qayıdıb, həyatlarını yaşasınlar. Sənin də canın təhlükədən  qurtarsın. Tapşırmışam, Hüseynin oğlu Zeynəl Abdini bura gətiriblər. Onu qəbul elə, könlünü al.

Yezid (həyəcanla). Zeynəl Abdin? O südəmər uşaq?.. Məni ələ salırsız, nədi?

İbn Ziyad. Yeniyetmə də olsa, Əli nəslinin yeganə kişi davamçısı odur.

Yezid (bir qədər susur. Qanıqara halda ibn Mərvana). Qoy gəlsin.

 

Əsgərlər İmam Zeynəl Abdin ibn Səccadı gətirirlər. Ortalığa ağır sükut çökür. 

 

Yezid (İmam Səccadı sınayıcı nəzərlərlə başdan-ayağa süzür, istehzayla). Allahın adıyla salam olsun! (İmam cavab vermir.) Halınız necədir, Peyğəmbər övladı?..

İmam Səccad. Əsir olan bir kəsin halı necə olarsa, elə. Qadınlarımızın başı açıq, ayaqları yalın, uşaqlar ac və susuzdurlar. Bu halımızla biz Firon əhlinin işində İsrail övladları kimiyik. İsrail övladlarının da kişilərini öldürüb, başlarını kəsir, qadınlarını əsir götürürdülər…

Yezid (pərt). Hm-m.

İmam Səccad. Biz qalan yerin tavanı yoxdur. Körpələr, qadınlar Günəşin qızmar şüaları altında yanıb-yaxılırlar. Döşəyimiz daş-kəsək, örtüyümüz – ulduzlardı.

Yezid (saxta qəzəblə yanındakıların üstünə çımxırır). Bu nədi?.. Qadınları, körpələri nə hala salmısız?.. Kim icazə verib? (İbn Ziyadla Əbhər Kəb bir-birlərinə baxırlar, başlarını aşağı salırlar. İmam Səccada, yalançı rəhmlə.) Mənim bu işdən xəbərim yoxdu, inan, bala! Düşdüyünüz bu vəziyyətdən tam xəbərsizəm! (Yanındakılara, yalançı qəzəblə.) Bütün bunlar o lənətəgəlmiş Şimrin fitvalarıdı! Ona divan tutmaq mənə borc olsun!.. (Yenidən dəyişir. Yalançı mərhəmətlə İmam Səccada.) Məndən əsla çəkinmə, Zeynal Abdin, nə diləyin varsa, buyur, de. Sənin bütün istəklərini yerinə yetirəcəyəm. Söz verirəm.  

İmam Səccad. Ölüm – səadət, düşmən himayəsi altında yaşamaq – bu dünyanın ən ağır əzabıdı.

Yezid duruxur. Hamı çaşqın nəzərlərlə bir-birinə zillənir.

Yezid (İbn Ziyada). Bu nə deyir?.. (İmam Səccada qəzəblə.) Mənə diləyini söylə, Hüseynin oğlu Zeynəl Abdin!

İmam Səccad. Səndən diləyəsi bir diləyim yoxdu. Tələbim budu ki, ağam Hüseynin başını bizə verin. İkinci tələbim odu ki, bizdən aldıqlarınızı geriyə qaytarın!..

Yezid (istehzayla). Bah!.. Nə qədər sərvətiniz vardı ki?.. (Yanındakılara baxıb qımışırsa da, o birilərin üzü dəyişmir.)

İmam Səccad. Mən qadınlarımızın baş örtüklərini deyirəm. (Ortaya pərt sükut çökür.) Üçüncü tələbim budu ki, bizi öldürməyi qərara almısansa, bir kəsi təlimatlandır, bizləri babamın hərəminə – Mədinəyə aparıb orda qətlə yetirsinlər.

Yezid (sarsılmış halda). Hüseynin başını heç vaxt görməyəcəksiz! (Səsi enir.) Sizdən götürülənlər artıqlaması ilə özünüzə qaytarılacaq. Səni öldürməkdən isə vaz keçdim. (Əsgərlərə.) Aparın!

 

Əsgərlər İmam Səccadı aparırlar.

 

Yezid (İmam Səccadın ardınca baxır). Bunların kökü kəsilməlidi ki, insanların qəlbində bu canavar sürüsünə mərhəmətdən əsər qalmasın!.. (İbn Ziyada) Buyur, bu da sənin təklifin! 

İbn Ziyad. Təklifim budu ki, Dəməşqin baş meydanında məhkəmə qurulsun! Əsirlər xalqın gözü qarşısında mühakimə olunsunlar ki, qara camaat o qanlı qiyamın səbəbini anlasın!

İbn Kəb. Mən də bu fikirdəyəm, ya Xəlifə. Bizim, sadəcə, ayrı yolumuz yoxdu.

İdn Ziyad. Açıq Qapı günü elan olunsun! Əsirlərin məhkəməsinə bütün Şam və Xorasan qatılsın. Qoy Müaviyə hakimiyyətinə qarşı qiyama qalxanların aqibətini hər kəs öz gözləriylə görsün!

Yezid (bir qədər susur. Gözləri yol çəkə-çəkə astadan). Olsun.

 

 

 Dəməşqin Baş meydanı.

 

Meydan insan kütlələri ilə dolub daşır. İzdiham uğultusu.Carçının səsi eşidilir.

Carçının səsi. Yezid ibn Müaviyə!!..

Məkan əli nizəli əsgərlərlə dolur. Əsgərlər nizələrlə adamları kənarlaşdırıb Müaviyə hakimiyyətinin nümayəndələrinə yol açırlar, nizələrini yerə dirəyib cərgəyə düzülürlər. Yezid ibn Müaviyə Ubeydullah ibn Ziyadın, Əbhər Kəbin, Əmr ibn Harisin və Şimrin müşayiəti ilə meydana daxil olur, baş tərəfdə qurulmuş hündür pyedestala qalxıb taxta əyləşir. O birilər taxtın ətrafında dayanırlar.

    

İzdihamdan səslər.  – Möminlər əmiri Yezidə eşq olsun!..

                                  – Yaşasın sultanlar sultanı, qüdrətli Yezid ibn Müaviyə!..

                                  – Əməvi hakimiyyətinə qiyam qaldıranlara ölüm!..

                                  – Var olsun basılmaz Yezid ibn Müaviyə!..

 

Yezid sağ əlini qaldırır, məmnun təbəssümlə izdihamı salamlayır.İzdiham Yezidin bu hərəkətindən lərzəyə gəlib qələbə təntənəsi ilə uğuldayır.

 

Ubeydullah ibn Ziyad (Yezidin qulağına astadan). Xalq sizi sevir, möhtərəm Xəlifə. Bu, böyük səadətdi!..

 

Yezid bu dəfə sol əlini yuxarı qaldıraraq, adamların susmasına işarə edir. İzdiham sakitləşir. Meydana sakitlik çökür. Yezid başıyla İbn Ziyada əsirlərin gətirilməsi işarəsini verir.

 

İbn Ziyad (uzaqlara). Gətirin!

İzdihamın içindən qışqırtılar. Gətirirlər!.. Qiyamçı dəstəni gətirirlər!

 

İzdihama uğultu düşür. İnsanlar kənara çəkilir və meydana tanınmaz hala düşmüş əsirlər – Xanım Zeynəb, İmam Səccad, Ummu Gülsüm, Fatimə, Səkinə və digər qolları, ayaqları qandallı qız-gəlinlər, uşaqlar daxil olurlar.


İzdihamın içindən orta yaşlı bir kişi (istehza ilə.) Qiyamınız yaman sitəmli oldu!.. (Adamlar gülüşürlər.)

Cavan oğlan. Tac gətirin, bunların başına qoyaq!.. Bəlkə, canları xəlifəlik azarından şəfqət tapa!..

 

İzdihamdan gülüş səsləri eşidilir. Əsirlər heysiz halda bir-birinə söykənirlər.

 

İbn Ziyad (Yezidin işarəsi ilə kimlərəsə ucadan). Gətirin!

 

Musiqi. Əsgərlər İmam Hüseynin, üstünə qara örtük salınmış başını

gətirirlər. İzdihama çaxnaşma düşür. Adda-budda nalə səsləri eşidilir.


İmam Səccad. Ata!.. (özünü məcməyinin üzərinə atmaq istəyirsə də, əsgər nizələrinə tuş gəlir.)

 

Ummu Gülsüm İmam Səccadı qucaqlayıb bağrına basır. Hər ikisi baş-başa verib ağlayırlar. Əsir qadınlar və uşaqlar ağlaşırlar. İzdihamın içindən «Ölüm!», «Qiyamçılara ölüm!» nidaları eşidilir. Xanım Zeynəb özünü teştin üzərinə atmaq istəyirsə də, çalın-çarpaz əsgər nizələri yolunu kəsir.


Xanım Zeynəb (nalə təpir). Ey Rəsulullah sevimlisi!.. (İmam Hüseynin kəsik başına baxa-baxa.) Səni iki bölmək istədilər… Bölə bilmədilər!.. Sən ki Ay kimi, Günəş kimi bölünməzsən?!.. (Ağlayır.)

 

Meydana matəm dolu gərgin sükut çökür. Ağlar səslər eşidilir. Aramlı göy gurultuları eşidilir. Hamı başını qaldırıb göylərə zillənir. Gurultu səsi Yerin tərkindən eşidilməyə başlayır. İnsanlar çaşqınlığa düşürlər.

 

Yezid (duruxur. Astadan ibn Ziyada). Bu nə səsdi belə?..

İbn Ziyad (uğultuya diqqət kəsilir. Astadan). Anlamıram.

Yezid. Elə bir yer titrəyir.

İbn Ziyad (vahimə içində yerə diqqət kəsilib). Səs yerin tərkindən gəlir.

İzdihamın içindən kimsə. Ay camaat! Yer titrəyir!!!..

Kimsə. Zəlzələ!!!

İzdihama çaxnaşma düşür. Yezid vahimə içində ayağa sıçrayır.

Yezid (vahimə içində). Bu nə səsdi?..

İbn Kəb (həyəcan içində). Səs Yerin tərkindən gəlir, ya Xəlifə!..

Xanım Zeynəb (səsi izdihamın uğultusunu yarır). …Onda ki, Yer şiddətli ləngərlərlə hərəkətə gələr… (Hamı susub Xanım Zeynəbə zillənir. Əsgərlər hürkmüş kimi, Zeynəbin qollarını buraxıb kənara çəkilirlər.) …Yer ağır yüklərini üstündən atar… Və insan: «Yerə nə oldu?.. Yer titrəyir…» – deyər, o gün Yer insanlığa öz xəbərini söyləyər: «Axirət əzabı yaxınlıqdadı…»

İzdihamın içindən «Zeynəbdi!..», «İmam Hüseynin bacısı Zeynəbdi danışan!..» deyən səslər eşidilir.

Yezid (Xanım Zeynəbə, qəzəblə). Sus, qadın! Camaatın beynini atandan  yadigar qalmış küfrlə dumanlandırma!.. Kim olduğunuz hamıya məlum oldu artıq!..

Xanım Zeynəb (gözlərindən qan dama-dama Yezidə). Sən ey Yezid!.. (Meydana sakitlik çökür. Uğultu kəsilir.) Bizi əsir eləyib, Göyləri başımıza daraltmaqla, əl-qolumuzu qandallayıb şəhərbəşəhər məsxərəyə çıxarmaqla Rəsulullah nəslinə qalib gəldiyinimi zənn edirsən?.. (Yezid duruxub susur, gözləri qorxu və təlaş saçır.) Güman edirsən, bununla ad-san qazanıb, bizləri xar etdin?.. Elə bilirsən, bu dünya və onun içindəkilər sənin ixtyarındadı və işlər sənin arzuna uyğun gedir?.. (Qəfildən dəyişir, sərt.) Aram ol… iti yerimə!..

Xanım Zeynəbin bu sözlərindən izdihama çaxnaşma düşür.

 

Yezid (öz-özünə, astadan). Zeynəb… Dişi canavar!.. (İbn Ziyada) Onun səsi mənə həmişə pis təsir edir. (Əllərini, özünü boğurmuş kimi, xirtdəyinə keçirir.) Boğazıma tıxanır!.. İçimi dağlayır… Yanar köz kimi!..

Xanım Zeynəb. Yezid!.. Bu ədalətdəndimi ki, öz qadınlarını, kənizlərini bağlı pərdələr arxasında gizlədirsən, Peyğəmbər ümmətinin qız-gəlinlərini isə başıaçıq, ayağıyalın çöllərə saldırırsan?.. (İzdiham köks ötürənlərin hənirtiləri ilə dolub daşır.) …Bu kənddən o kəndə, bu şəhərdən o şəhərə dolandırıb, məsxərəyə qoydurursan?.. Və bunun, Allahın müqabilində, guya Rəsulullah etiqadını inkar edənlərə verilən cəza olduğunu bəyan edirsən?!.. (İzdihama pıçhapıç düşür.) Bütün bu işlərin sənin kimi bir kafər tərəfindən törədilməsi heç təəccüblü deyil. Şəhidlərin ciyərlərini ağızlarından çıxaran Müaviyənin nəslindən daha nə gözləmək olar?.. (Hamı eşitsin deyə, ucadan) Həzrət Mühəmmədə qarşı müharibə alovu alovlandırmış, dəstələr toplayıb, nizələr qaldırmış alçaq Əbu Süfyanın nəvəsindən bundan artıq nə gözləmək olar?..

İzdihamdan səslər. Bu, Zeynəbdi…–  Danışan – Zeynəbdi…

Külək uğultusu eşidilir.

Xanım Zeynəb (tamaşaçılara). Mən – Zeynəbəm. Səlləllahu Əleyhi və alihi Vəsəlləmin törəməsi. (İzdihamın içindən «Allahuməsəlli əla Mühəmməd və ali Mühəmməd» deyən titrək nidalar eşidilir.) Babam Rəsulullah bizlərə insanları sevməyi öyrətmişdi. Biz elə də yaşayırdıq. Bu dünyanı doğma evimiz, sığınacağımız, hər bir insanı Allahı və böyük Qiyamət Gününü tanıyanı bacı-qardaşımız, doğmamız sanırdıq. (Səsi enir) Lakin gün gəldi, bu sevginin, bu məhrəm doğmalığın əvəzi riya və xəyanətlə, zor və işgəncə ilə qaytarıldı. Rəsulullah övladları Kəlbəla çölündə vəhşicəsinə qətlə yetirildi! Bu dünyaya aydınlıq işığı saçmağa göndərilmiş pak imamlar şəhid edildi…

İzdiham həyəcan dolu səslərlə dalğalanır. «Allahumməsəlli Əla Mühəmməd və Ali Mühəmməd» deyən səslər getdikcə çoxalır.

Yezid (qorxuya düşür, ibn Ziyada astadan). Onu susdurun!! Bu dişi canavarı susdurun!!!

İbn Ziyad (əsgərlərə, ucadan). Susdurun onu!..

 

Əsgərlər İbn Ziyadın işarəsi ilə Zeynəbi meydandan aparmaq istəyirlərsə də, izdihamın müqavimətinə tuş gəlirlər. «Qoy danışsın!», «Qoy Zeynəb danışsın!» qışqıran səslər eşidilir. Əsgərlər döyüküb dayanırlar.

 

Xanım Zeynəb (insanlara). Məni eşidin! (Meydana sakitlik çökür. Musiqi.) Kərbəla çölündə baş vermiş o qanlı hadisə Bədr döyüşündə qətlə yetirilmiş bir dəstə kafirin – Rəsulullah etiqadına qarşı qalxan bütpərəstlərin intiqamını almaq, hakimiyyəti ələ keçirmək niyyətidi!.. (İzdiham həyəcan içində dalğalanır.)

İzdihamdan səslər. O, düz deyir!..

                                 Bədr döyüşü…

                                Alçaq əbu Süfyan!..

Xanım Zeynəb (Yezidə). Yezid!.. Bu gün sən istədiyin bir işi həyata keçirtdin. Amma bu hərəkətinlə özünə dərindən dərin quyu qazdın. And olsun bizə vəhy, Kitab və peyğəmbərlik verməklə seçən Allaha ki, sən bizim kimliyimizi dərk edə bilməzsən! Amma onu bil ki, həyatın günbəgün, damla-damla axıb qurtarmaqda, sən günbəgün öz qəbrinə yaxınlaşmaqdasan. Cəhənnəmdən qurtulacağına əminsənmi?..

        

Yezid və silahdaşları dəhşət içində donub qalıblar.

 

Xanım Zeynəb (adamlara). Ay camaat! Kərbəla çölündə törədilmiş bu qətl – müsəlman tarixində törədilmiş ən böyük haram, bütün insanlığın cavab verəcəyi ən qatı cinayətdir!!!.. (İzdiham uğuldayır. Səsi mülayimləşir) Bir yadınıza salın: sizləri cəhalət zülmətindən, qızlarınızı, diri-diri torpağın altına basdırılmaqdan Rəsulullah qurtarmadımı?.. Canlarınızı, ruhlarınızı namaz və dualarla xəstəliklərdən və çirkabdan Rəsulullah sağaltmadımı?..

Bəs siz neylədiz?.. (İzdihamın böyük əksəriyyəti dizi üstə düşüb ağlayır.) Dünya həzləri və tamah sizləri ölü canlara, içiboş qovaqlara çevirib. İndi yaşayın bu halınızla.

 

Göy gurultusu. Xanım Zeynəb başını aşağı salıb susur. Yezid və tərəfdaşları vahimə içində Göylərə zillənirlər.

 

Ağsaçlı qoca (irəliyə çıxır, adamlara). Ay camaat, biz neyləyirik?.. Bunlar Rəsulullahın övladları, Mühəmməd ümmətidirlər!.. (Xanım Zeynəbə.) Bu qoca canım sizə fəda olsun!.. Qocalarınız bu dünyanın ən yaxşı qocası, cavanlarınız ən yaxşı cavanı, qadınlarınız ən yaxşı qadınıdı. Sizlərdən bir kəs nə bir pislik, nə zərər görməyib. Sizlər heç zaman nə xar olar, nə əyilər, nə sınarsınız! (Dizi üstə düşüb ağlayır.)

           

Xalq arasından etiraz səsləri eşidilir. «Ar olsun!», «Rəsulullah Ümmətinə divan tutanlara lənət olsun!», «Yezid ibn Müaviyəyə ölüm!!!» qışqıran səslər eşidilir. Yezid və sərkərdələri ayağa sıçrayırlar. İzdihamdan həyəcanlı səslər eşidilir.

 

Birinci səs. Biz sanki qəflət yuxusundaydıq!

İkinci səs. Məst olub yolumuzu azmışdıq!..

Üçüncü səs. Sənin səsin bizləri oyatdı, Zeynəb!..

Dördüncü səs. Bu səs Haqqın səsidi, ay camaat!..

Beşinci səs. Bu səs Rəsulullahın, Həzrət Əlinin səsidi!.. 

Yezid və silahdaşları dəhşət içində duruxub qalıblar.

İbn Ziyad (Yezidin işarəsi ilə Şimrə). Dağıdın kütləni!..

 

Əsgərlər Şimrin işarəsi ilə nizələrini işə salıb əhalini meydandan çıxarmağa  çalışırlarsa da, kütlənin müqavimətinə tuş gəlirlər. İğtişaş yaranır.Musiqi. Əsgərlərdən «Ya Hüseyn!», «Ya Rəsulullah!» deyib dəbilqəsini çıxaran, xalqın tərəfinə keçib, Yezid qoşununa qarşı savaşa girənlər gözə dəyir. Yezid sərkərdələrin və əli nizəli mühafizə dəstəsinin köməyi ilə aradan çıxır. İnsanlar əsirlərin qandallarını yerdən yığdıqları daşlarla vurub sındırır, qadınlar örtüklərini çıxarıb əsir qadınların başlarına salırlar.

Musiqi izdihamın səsini eşidilməz edir. İşıq və məkan dəyişir. Səhnə hərəkətə gəlir.

Xanım Zeynəb, İmam Səccad, Ummu Gülsüm, Fatimə və Səkinə pay-piyada yol   gedirlər.

 

Xanım Zeynəb (gedə-gedə tamaşaçılara). Biz yenə ora – Kərbəla çölünə qayıdırıq. Orda hələ də döyüş gedir. Qanlı-qadalı, ədalətsiz döyüş. Bu döyüşün sonu, qurtaracağı yoxdur. Uca Allaha və Mühəmmədə olan sevginin və imanın sonu, qurtaracağı olmadığı kimi…

 

Xorun səsi eşidilir. Xanım Zeynəb, Ummu Gülsüm, İmam Səccad, Fatimə və Səkinə işıq bərqlərinin üzəriylə yeriyir və Məkanı tərk edrlər. Səhnəyə iki başı örtüklü yaşlı qadın və uzun əbalı qoca çıxır.

 

Birinci qadın (Xanım Zeynəbin ardınca baxa-baxa). Bu, həmin o Zeynəbdi ki, sözləri minlərlə ölü qəlbləri diriltdi, yatmış ürəkləri oyatdı, azğın və xəstə beyinlərə şəfa gətirdi.         

Kişi (tamaşaçılara). Həmin o Zeynəbdi ki, Rəsulullah ümmətinin uca şəhidliyini təsdiqə yetirdi.

İkinci qadın. O, varlıq aləminin bəxtəvər siması, Allah-taalanın fərqli yaratdığı insan nümunəsidi. Böyük ilahi ayətlər məzhəri və bəşəriyyətin iftixar mənbəyidir. Allah ona yar olsun!


 Xorun səsi güclənir. Hər üçü gedənlərin ardınca baxırlar.

 

 

 

 

PƏRDƏ

                                                                                                                                      2012