Tomas Vulf - Dünyanın hörümçək toru

ÖN SÖZ ƏVƏZİ


«Baxın, bu kitabı min doqquz yüzüncü ildə Amerikanın Şimali Karolina ştatının Eşvilində anadan olmuş nəhəng bir insan yazıb. O artıq çoxdannan torpağa qovuşub, amma özündən sonra dörd nəhəng roman qoyub. O, qasırğa, tufan idi… dağları yerindən oynadır, küləkləri sinəsinə çəkirdi. Bu dünyada cəmi 38 il yaşadı. Min doqquz yüz otuz səkkizinci ildə Baltimorun Con Hopkins xəstəxanasında qədim və qorxunc bir xəstəlikdən – ağ ciyər iltihabından vəfat edəndə, ondan qalan tək bir karandaşla yazıb doldurduğu əlyazmalarla dolu çemodanından savayı heç nəyi qalmadı...»

Bu sətirləri yazıçı haqqında, incə psixologizmi ilə Tomas Vulfun oxşarı olan Rey Bredberi yazmışdı.

      Nəzərinizə təqdim olunan - «Dünyanın hörümçək toru» romanı XX əsr Amerika ədəbiyyatının klassiki adını qazanmış Tomas Vulfun Azərbaycanda işıq üzü görən ilk əsəridir. Bu əsər nə barədədir?.. - Öz taleləri, övlad-uşaqlarıyla bir Yer üzünü hörümçək toru kimi bürümüş insanlıq barədə… insanın torpağa, öz yaxınlarına, övladlarına bağlılığı, insan sevgisi və sədaqəti, insan dözümü və mərhəməti barədədi.    

          «O hər şeyi gördüyü nəhənglik və möhtəşəmliklə təsvir etməyi sevirdi. Ona həqiqi möhtəşəmlik lazım idi… Amma o, Yer üzündə bu möhtəşəmliyi tapa bilmədi...»

 

 

Roman 

 

 

…o il… o çəyirtkə gələn il… hə, bu, məhz həmin o çəyirtkə gələn ildə baş verdi… onda mən iki səs eşitdim… bala-bala-bala!.. Sən bir buna bax… gör bir, çəyirtkələrin ağaclarımızı yeyib lüt qoyduğu o vaxtlardan neçə illər keçib… nələr olub, nə qədər sular axıb?!..

- Kimdi orda?.. - deyirəm…

Deyir: «İki…iki»… o birisi deyir: «İyirmi… iyirmi».

Onda mən atana:

- İki!.. – qışqırıram. – İyirmi-iyirmi!.. Yəni eşitmirsən?.. – sonra yenə budu ha, eşidirəm… yenə bir səs pəncərənin dalında «İki… iki» - deyir, o birisi isə lap qulağımın dibində «İyirmi… iyirmi…» - pıçıldayır...

- Doğrudan eşitmirsən, mister Qant?!.. – deyirəm.

- Ay allah, ay arvad, - atan deyir, – sən canın, bəsdi!.. Nə deyirsən axı?!.. Burda heç kim yoxdu!.. – deyir.

- Var axı?! - deyirəm və elə bu vaxt yenə eşidirəm… «İki… iki…», «İyirmi… iyirmi…»

- Budu bax, onlar burdadılar!.. - deyirəm.

- Ay səni missis Qant, - atan deyir, - səni qara basıb, bayaqdan mürgüləyirdin, yəqin yuxu görmüsən.

- Yox, yox, - deyirəm, - yuxu görməmişəm. Onlar burdadılar. Dəqiq bilirəm, burdadılar.

…mən hiss eləyirdim, bala, hiss eləyirdim… axı öz qulaqlarımla eşidirdim?!..

Atan deyirdi:

- Hamısı onnandı ki, boylusan, yorğunsan, əsəbisən. Odu ki, də qara basır səni…

Bu vaxt kilsə zəngləri çalınmağa başladı… və o ayağa qalxdı ki, gedə…

- Aman Allah, getmə!.. – deyirəm ona. – Sən Allah, getmə...

    …mən elə bil hiss eləyirdim, bala, başa düşürsən?.. Onun getməyini heç istəmirdim… elə bu vaxt yenə eşidirəm... bir səs qulağımın dibində «İki…iki…», o birisi «İyirmi… iyirmi…» - deyir… mənsə hiss eləyirəm, bala, hiss eləyirəm!.. Bəs necə?!.. Pərvərdigara?!.. Bunu unutmaqmı olar?.. Saatınacan, gününı, ilinə, dəqiqəsinəcən, hamısı indiki kimi yadımdadı... axı həmin il çəyirtgələr hücum çəkib bütün ağaclarımızı yemişdilər?!.. Hələ ardına qulaq as!.. Ben… Stiv… Lyuk… Tfu səni!.. Bala!.. Bu Lyukdu… özüdü… məni xatırlayır, ona görə hər dəqiqə adınızı çaşdırıram… deməli… hə?.. Sözüm harda qaldı?..

- Deyirdin, səslər eşidirsən…

- Hə, hə, səslər… Bəs necə?.. Demək, mən… dayan bir!.. Bu nədi belə, hə?..

- Liman gəmiləridi, ana.

- Necə dedin?.. Liman?.. Gəmilər?.. Hə, hə, olsun ki, onlardı… liman o tərəflərdəydi axı?!..

- Yox, ana, bu biri tərəfdədi. Sən o yana çöndün. Əksinə, bu biri tərəfdədi, bu yanda.

- Hə?.. Bu biri tərəfdə?.. Yox, bala, ola bilməz… sən düzünü deyirsən?.. Hə, indi deyim sənə… lap dolaşıb qaldım… hamısı da yəqin onnandı ki, tunellə gəlmişik… amma, açıq havada məni yolumdan azdıra bilməzsdin… mənə bircə yerini nişan ver, haranı desən, gedib tapım… bax, sənə deyim… bəli də-ə… odu ha, yenə uladı!.. Lənətə gələsən!.. Lap elə bil qoca inəkdi, böyürür... özü də lap qulağımın dibində!.. Hansı ağılla gəlib belə bir yerə çıxmısan, başa düşə bilmirəm… ay Allah?!.. Qulaq as… eşidirsən?.. Bu, yəqin ən yekəsidi… dənizə yola düşür… İlahi, pərvərdigara!.. Hamınız bir bezin qırağısız!.. Atan da beləydi… məqam axtarırdı, ipini qırıb aradan çıxsın… mən olmasaydım, ömrünün axırınacan düz dünyanı boş-boşuna veyillənməkdən savayı əlindən bir iş gəlməyəcəkdi… odu ki, sənə deyirəm… bala, bala, sən ömrün boyu sərgərdan veyillənə bilməzsən… ürəyim çox narahatdı… sən burda məndən uzaqlarda - yad adamların arasındasan... axı sən ömrün boyu bu yad adamların arasında tək-tənha yaşaya bilməzsən, oğul?!.. Geriyə qayıt, bala… doğmalarının yanına dön, oğul… ürəyim yaman narahatdı… evinə qayıt…

 

 

***

 

…hə, deməli onu deyirdim axı?!.. Axşam eşidirəm… bir səs… Tfu, gəmi yiyəsi!.. Yenə fitdədi… qulaq as, bala, sənə deyim, bu fitin səsini eşidəndə, vallah adam hərdən o gəmiyə minib, baş götürüb buralardan getmək istəyir… vallah… axı mən sən deyən, elə də qoca deyiləm?!.. Məndən olsa, elə bu dəqiqə yola düşərəm… və sənə deyim, bax, bu dəqiqə üzüb dünyanı gəzməkdən ötrü burnumun ucu göynəyir… Hə?.. Bütün ölkələri, bizim bütün qohum-əqrəbanın doğulduğu  yerləri, İngiltərəni, Fransanı, Almaniyanı, İtaliyanı, eləmi?.. İsveçrəni görməyi isə həmişə arzulamışam… oralar yəqin hər yerdən gözəldi... O necə deyirdilər?.. Təbiət xəzinəsi… qulaq as… hə, bax, indi eşidirəm… indi başa düşdüm… Əlbəttə!.. Hə, səs bax, o tərəfdən gəlir... bəs onda gecə ilə gəldiyimiz körpü ha yandadı?..

- O burda, küçənin qurtaracağındadı. Budu, pəncərəyə yaxın gəl, bax. Yadına düşdü, bura necə gəldik?..

- Yadına düşdüyə bir bax… Hələ bir soruşursan da!.. İlahi?!.. Mənim elə şeylər yadımdadı ki, sən onların bircəciyini belə bir kitabda oxuya bilməzsən... hər şey də olduğu kimi!.. Belə şeylər kitablarda yazılmır… olsun ki, nə vaxtsa bu barədə kitablarda yazmaq istəyiblər… bütün qarşıdurmalar və müharibələr barədə… və mənə elə gəlir ki, bala, bu barədə onlar nə isə də yaza biliblər... amma nə?.. Ay Allah… axı onlar bunu öz gözləriylə görməyiblər?!.. Görə də bilməzdilər… axı o vaxtlar onların bu dünyada heç izi-tozu yox idi?!.. Onlar hardan billə bilərdilər, hər şey əslində, necə olub?!.. Odu ki, bütün kitablarda yazılanlar elə yazılıb, elə bil hər şey lap çoxdannan olub… ayrı öləkələrdə baş verib… onlar hardan biləydilər axı, əslində, hər şey necəydi?!.. Külək necə əsirdi, günəş necə işıq saçırdı, həyətlərin ocağı necə tüstüləyirdi… anam necə oxuyurdu, suda pörtdədilmiş toyuğun tüklərini necə yolurdu… yağışdan sonra çay necə daşmışdı… və çay kənarıyla müharibədən evlərinə qayıdan kişilər yola sarı necə boylanırdılar… biz nə danışırdıq… necə ölülərin səsini eşidirdik… hava necə işıqlaşırdı və necə axşam düşürdü… bütün bunlara baxmaq necə mənim ürəyimi üzürdü… Biz Bob Pattonun həyətində dayananda, qadınlar necə ağlaşırdı… və bizim yanımızdan ötən kişilər necə addımlayırdılar… necə onlar addımladıqca yerdən toz qalxırdı… və biz başa düşürdük ki, müharibənin sonu çatıb… İlahi, pərvərdigara?!.. Bunları unutmaqmı olar?.. Hər şey indiki kimi yadımdadı, mənim balam, hər şey də məhz belə olmuşdu…

…iki yaşımdan bəri nə olubsa, hamısı yadımdadı, bala… və sənə deyim ki, bu illər ərzində mən çox az şeyi unutmuşam… bəs necə?!.. Hər şey yadımdadı… bir dəfə nə təhər əlimdən tutub məni bulaq başına apardılar… qorxudub yarımcan elədilər… Bob Patton və sənin əmin Corc… iki heyvərə... onlar sən demə, bulaq başındakı qara torpaqdan Vili və Lyusinda Pattonların heykəllərini yapıb düzəltmişdilər… mənim də xəbərim yox… bilirsən, o torpaq adamın ovcu içində mum kimi yumşalırdı… bu kabus-heykəlləri görəndə, mən o ki, var ağlayıb uladım… tanıyırdım axı onları?!.. İndi də tanımışdım… axı mən onların ikisini də sağlıqlarında görmüşdüm… dəfələrlə onlarla ünsiyyətdə olmuşdum… onlar mənim yadımdaydılar…

…Vili və Lüsinda kapitan Pattonun qulları idi... sənin indiyəcən gördüyün zəncilərin ən kifirləri, ən qaraları… atan da həmişə zarafata salıb deyərdi ki, «onları gərək kömürlə boyayasan ki, bəlkə ağararlar.» Onların ata-analarını Afrika cəngəlliklərindən tutub gətirmişdilər… dişləri ağappaq, par-par parıldayırdı… iyləri də ki… Aman Allah!.. Dünyanın heç bir qoxusuyla müqayisəyə gəlməyən, heç nə ilə yuyulmayan, silinməyən qapqara əbədi zənci iyi… anam rəhmətlik o iyi heç götürə bilmirdi. Bir də görürdün odu ha, otağın içindən keçib getdilər… iyləri isə havadan asılıb qaldı… bəli də, anamın halı o dəqiqə xarablaşırdı… bir müddət özünə gələ bilmirdi… bu iki vələdüzna da torpaqdan onların heykəllərini düzəltmişdilər… bulağın altındakı çınqıllardan da yığıb ağızlarına basmışdılar… guya bu bunların dişləri idi... sən bir özün fikirləş, iki yaşında körpə uşaqla da belə zarafat eləyərlər?..

- Bu nədi, - deyirəm, - yəni doğrudan Vili və Lüsinda sağdırlar?..

Onda Bob qayıtdı:

- Bax, indi yeyəcəklər səni!..

Mən də qışqırıb ağladım... dəhşət idi… hər şey elə bil dünən olub… bəs qardaşım Villini Hindu məqbərəsinə aparmaqları?.. Söz gəzirdi ki, Hinduları orda basdırıblar, odu ki, ora «məqbərə» deyirdilər... o məqbərənin altından qapqara, yağlı bir arx axıb gedirdi... atam da hamıya sübut eləmək istəyirdi ki, orda neft var… deyirdi, kim orda quyu qaza bilsə, həmin dəqiqə varlanacaq… Villi onda iki yaş altı aylıq idi… Corc da qayıdıb deyəndə ki, bu yağ Hinduların bədənindən süzülür, Villi o dəqiqə zırıldayıb ağladı...

- Bu nədi bala?.. – anam dedi. – Uşağa da belə şeylər danışarlar?.. Sənin o sarsaq başını yerindən qopartmaq da azdı, gicin biri gic!..

    …e-eh… hansını deyim?.. Hələ o qış yolun o tərəfindəki dağların başından qaçıb gələn o maral da yadımdadı… necə beş addımlığımda dayanıb mənə baxırdı… mənsə onun buynuzlarını görəndə ağlayıb özümü öldürdüm… İlahi?!.. Mən ki, o vaxta qədər maral görməmişdim?!.. Heç bilmirdim, bu nədi… o isə o dəqiqə qaçdı… qaçıb meşəyə getdi... bunu anama danışanda o:

 - Maral görmüsən yəqin. – dedi. - Əlbəttə bu, maral olub. Ondan savayı nə ola bilər?.. Yəqin ovçular dağın başındakı meşədən qovub gətiriblər.

…indi qulaq as, gör bir nə deyirəm… o yaz mən artıq böyümüşdüm… dörd yaşım vardı… hər şeyi olduğu kimi yadımda saxlamışam... onda amerikalılar bizim tərəflərə dadanmışdılar… o qaniçənləri gözümlə görmüşdüm… bir cüt oğlan oğurluq atlarda yollardan güllə kimi ötdülər… elə bil dallarınca cinlər qaçırdı… hər şey indiki kimi yadımdadı… onların görkəmi necəydi, o da yadımdadı… hər ikisi əsgər paltarlarındaydılar… boylarındakı alapələng yaylıqların ucları da küləkdən elə dartılmışdı, elə bil onları nişastalamışdılar… necə uçurdular, ilahi?!.. Bizimkilərsə eşidirəm, çığırırlar… yolun ağzından səs-səsə veriblər ki, «əsgərlər gəlir!..» Arvadlar da əl-ayağa düşüb kişilərini gizlədirdilər… anam da özünü didib tökürdü… «İlahi, pərvərdigara, gəlirlər!» - deyirdi... Addi Patton da dağdan qaça-qaça gəldi… qorxudan elə bil ayaqlarını hiss eləmirdi, yazıq…

- Vay-vay, gəlirlər!.. Babam orda təkdi!.. – deyib çığırırdı. - Onu öldürəcəklər, öldürəcəklər!..

…əlbəttə, biz onda bilmirdik ki, bu avara amerikalılar cəmi ikicə nəfərdi... elə bilidik, onları bura Şermanın dəstəsi göndərib... Amma belə oldu ki, o birilər hələ bir həftə gözə görünmədilər… o iki quldur görünür ki, özlərini onlardan əvvəl yetirmişdilər... ola bilsin, istəyirmişlər görsünlər ki, çoxmu çapıb talaya bilərlər… hə… elə ki, kişilər gördülər ki, onlar təkdilər, güllə atmağa başladılar… onlar da atların başını buraxıb nəfəsləri kəsilə-kəsilə dağlara qaçdılar… bəs müharibədən sonra Bedford dairəsindən qayıdıb gələnlər?.. Təsəvür eliyirsən?.. Onlar gəlib öz atlarını tələb eləyirdilər... hər biri də öz atını o dəqiqə tanıyırdı… deyilənə görə həmin o iki nəfər qaçırdıbmış onları... əşşi, hansını deyim!?.. Bəs Amandu Stivens?.. Onun haqqında daha nələr danışmırdılar?.. Deyirdilər guya o öz əlləri ilə Sevirin o biri sahilindəki körpünü yandırmışdı və guya Tennesidən gələn əsgərlər orda buna görə bir həftəyəcən ləngiyib o biri üzə keçə bilməmişdilər... o isə dayanıb-dayanıb onlara gülürdü… bir də deyirdilər, guya o onlara demişdi ki… İlahi?!.. Deyirəm, ölsəm də inanmaram ki, o belə bir şeyi dilinə gətirə!.. Amma, yalan nə deyim, ağzı yaman pis idi, heç danışığını bilmirdi… sonra hamı bir ağızdan dedi ki, guya Amandu qışqıra-qışqıra deyibmiş ki: «Ay camaat, yəni siz bu boyda arxdan körpüsüz keçə bilməyəcəksiniz?.. Eh, onda bir qəpiklik adamlığınız yoxdu!.. Bizdə, - guya deyibmiş, - o kəs ki, bu sahildən o sahilə keçə bilmir, onu kişi saymırlar!..» Onda amerikalılar əlbəttə ki, gülüşdülər… Düz sözə nə deyəsən?..

…və… hə, sonra camaat amerikanların şəhərə girməyindən və qoca Mekeri tutmaqlarından danışırdılar... mənə elə gəlir, onlar elə belə, onu dolamaq istəyirdilər, çünki əslinə qalanda, ortada elə bir ciddi şey yox idi... bilirsən, belə nəhəng gövdəli, qəhvəyi sifətli, buruq saçlı bi adam idi… belə söz gəzirdi ki, guya onun zənciylə qarışığı vardı... bunu o özü də boynuna alırdı… sən bir təsəvvür elə!.. Beyninə nə girirdisə, gah amerikanlara belə deyirdi, gah elə... yəqin elə bilirdi, onu əvvəl-axır buraxacaqlar... amerikanlarsa deyirdilər ki, əgər sübut eləsən ki, zəncisən, buraxarıq!. O isə onlara:

- Sübut eləyərəm! - dedi.

- Necə sübut eləyərsən? - soruşdular.

Onda amerikalı bir kapitan:

- İndi deyərəm sizə necə. - dedi və əsgərlərdən birini yanına çağırıb, - Cim, onunla bir-iki dəfə o yan-bu yana qaç görüm. - dedi.

…və onlar qaçmağa başladılar... əsgərlə həmin bu Mekeri… küçənin o biri başınacan, nəfəsləri itənəcən, bu başdan o başa, o başdan-bu başa, gün təpələrinə döyə-döyə o ki, var qaçdılar… qayıdıb gələndə, Mekerinin təri dabanından gedirdi… onda həmin bu amerikalı kapitan ona yaxınlaşıb boynunu iylədi və:

- Allah haqqı düz deyir, uşaqlar!.. Özüdü ki, var!.. Zəncirdi bu, buraxın!.. - deyə çığırmağa başladı.

…yalan-doğru, belə deyirlər… hə... bunları unutmaqmı olar?.. Necə əsgərlər lap böyrümüzdən addımlayıb keçirdilər, çayı ötüb şəhərə daxil olurdular… necə camaat qapılarını açıb onları evlərinə buraxırdı… biz isə Con əminin həyətinə yığışıb onlara ordan baxırdıq… ata-anam və biz - bütün uşaqlar, Pattonlar da bütün nəsil-nəcabətilə… Aleksanderlər, Pantlendlər və Con Pattonun xidmətçiləri – iki qara afrikalı - Vili və Lüsinda Patton və sənin ulu baban, oğul, qoca Vill Pentlend. Onu papaqçı Bill çağırırdılar, çünki o, papaqları o vaxt ən yaxşı fetrdən düzəldirdi… yununu özü öz əlləriylə təmizləyirdi, əyirirdi… onda o cür papaq hardaydı?!.. Yadımdadı, lap balacaydım, bizə qoca fermer gəlmişdi… papağını düzəltdirmək üçün Sem əmiyə verdi və:

- Sem, - dedi – bu şlyapanı qoca Bill Patlend mənə iyirmi il bundan əvvəl tikib, amma, - dedi, – hələ də elə bil təzədi, bir balaca ora-burasını düzəldib təmizləmək lazımdı.

…hələ bu bir yana qalsın, onu tanıyanların hamısı bunu bir ağızdan deyirdi ki, Bill Pentlend misilsiz ağıl sahibidi… sənə deyim, oğul, bunu həmişə demişəm, yenə də deyirəm – səndə nə qabiliyyət varsa, hamısı məndən keçmədi... Məlum məsələdi ki, Bill Petlend kimi bir adamın təhsili olsaydı, o daha çox qabağa gedərdi... düzdü, onun kitablarla bir o qədər də arası yox idi, amma deyirdilər, elə kəlləsi var idi ki, hər şeyin altını-üstünü kitablarsız da bilirdi… və deyim ki, qocanın canı lap axırıncı saatınacan sulu idi… Hə… günlərin bir günü o, Semi yanına çağırtdırıb qayıtdı ki:

 - Sem…

    Sem də yol gəlməyindən danışırdı… onda qoca ağzının içində zümzümə eləyə-eləyə ocaq qaladı… sevinə-sevinə:

    -Sem, – deyir, – elə sevinirəm ki, gəlməyinə. İstəyirəm səninlə bir-iki məsləni aydınlaşdıram.

- Nolar, lap yaxşı. – Sem ağzının içində mızıldayır...

- Bax, get o çarpayıya uzan, - qoca deyir, - sakitcə söhbət eləyək özümüz üçün.

      Semə də elə bu lazım idi… Off, ikinci bu cür tənbələ dünyanın heç harasında rast gələ bilməhsən!.. Onunku odu ki, harda gəldi özünü böyrü üstə yıxıb uzansın, ağzına gələni çərənləsin. Amma bu dəfə:

- Niyə? - Sem deyir. – Bu nə deməkdi axı?.. Nə baş verib?.. Xəstələnib eləməmisən?..

- Yox, - Bill deyir, – mən həmişəki kimi sağlamam, amma daha sizinlə qala bilməyəcəm. Bu qərara gəlmişəm ki, öləm, Sem, indi istəyirəm gedənəcən ev-eşiyimi sahmana salım.

- Sən nə danışırsan, ata?.. - Semin gözləri təpəsinə çıxır, - sən nə haqda danışırsan, məni bir başa sal görüm. Sənin ki, heç haran ağramır?!..

     Bill:

- Nolsun ki… - deyir.

- Sən hələ çox yaşayacaqsan. - Sem deyir.

- Yox, Sem, - qoca başını beləcə yelləyir. – Mən bu qərara gəldim ki, vaxtım çatıb artıq. Bilirsən, mən yeddi on ili başa vurmuşam, hələ bəlkə bir az da çox. Hiss eləyirəm ki, bu dünyada daha mənlik bir iş qalmayıb. Odu ki, bu qərara gəldim.

- Bu qərara gəldin?.. – Sem soruşur. – Hansı qərara axı?..

- Necə, hansı qərara?.. Ölmək qərarına, Sem.

- Sənə nolub ata, sən nə danışırsan?.. Sən ölə bilməzsən!

- Yox, - Bill deyir, - mən günü sabah ölməyi qərara almışam. Sabah axşam. - deyir, - yeddiyə on dəqiqə işləmiş. Səni də elə buna görə çağırmışam.

    …bax beləcə… onlar sobaya o qədər odun yığdılar ki, sobanın borusu uğuldamağa başladı… və bütün gecəni ata-bala oturub o ki, var, söhbət elədilər… sən bir fikir ver... sonralar Sem danışırdı, o gecə necə külək ulayırdı, vıy-vıy vıyıldayırdı… necə onlar gecədən keçənə qədər, hərə öz yatağında uzana-uzana hey danışırdılar, danışırdılar… sübhün gözü açılanda özlərinə səhər yeməyi düzəldib yenə yerlərinə uzanırdılar və yenə danışırdılar, danışırdılar, danışırdılar… sonra nahar vaxtı gəlirdi və onlar yenə ayağa qalxıb özlərinə nahar yeməyi hazırlayırdılar və yenə danışırdılar, danışırdılar… qoca isə, Sem deyirdi, həmişəki kimi sapsağlam, canı sulu, ürəyi açıq, atam balası… qəlbində bircə gilə belə olsun, nisgili, kədəri yox idi… amma saat altını vuranda, eşidirsən, oğul?.. Demək istəyirəm, gör bir bu, necə adam idi!.. Saat 6-nı vuranda o Semə sarı çönüb:

- Di hazırlaş, Sem. – dedi və yeddiyə düz 10 dəqiqə işləmiş o bir də oğluna baxdı və, - Əlvida, Sem… Daha vaxtdı, gedirəm, oğul. – dedi və üzünü divara çevirib öldü, bala!..

    …bax, Bill belə adam idi!.. Bu xasiyyətin, gücün, iradənin yiyəsi idi… və bunu da bil ki, mənim balam, bu xislət bizim hamımızda var… bax, həmin o vaxt gəlib bizə də çatanda biz də bilirik...

     …mənim atam da dünyasını bu cür dəyişdi, bala… ölən günü axşamacan elə hey soruşurdu: «Saat altı olmadı?..» başa düşürsən, elə bil başına düşmüşdü… «Yox, ay ata, - deyirəm – günortadı hələ…» özümsə fikirləşirəm «Nə altı-altı salıb səhərdənnən?.. Qoy bir gedim baxım, bəlkə elə altı olub?..» …və elə həmin gün, ağam, axşam saat 6-nın axırıncı zərbəsində o, dünyasını dəyişdi... mən o dəqiqə Cimin qulağına pıçıldadım:

    - Altı!..

   O da başını tərpədib:

    - Hə… - dedi.

    …biz, vaxtımız ki, çatdı, özümüz bilirik, bala, buna heç şübhən olmasın…

 …amma o gün o da orada idi… heç bunu unutmaqmı olar?.. Qoca Bill Petlend bizimlə birgə həyətin ortasında dayanmışdı… qapının qənşərindən ötüb keçən əsgərlərə baxırdı... top kimi sağlam, nəhəng adam…

       …o iki dəfə evlənmişdi… bir yığın uşağı vardı... səkkizi birinci arvadından - Marta Pattondan, (atam, bu biri tərəfdən idi) on dördü də o birisindən… və nə gizlədim, onun hələ bir qızı da vardı… Cənubi Karolinadan olan bir qadından… onlar əlbəttə ki, evli deyildilər və mənə elə gəlir ki, camaat elə düzünü deyirdi ki, guya o, qızı evinə gətirmişdi, onu o birilərlə birgə süfrə arxasına oturdub hamıya elan eləmişdi ki, «Bu qadın bu gündən etibarən hamınızın bacısıdı, onunla adam kimi rəftar eləyin».

   …mən hər şeyi necə var, elə danışıram, bala... amma indi gör sonra nə oldu… o uşaqların hərəsi bir yana dağılışdı… hərə özünə ailə qurdu… əlbəttə, ölən və öldürülən uşaqlardan savayı... indi onların sayı yüzü ötüb... Katoba dağlarına, Corciyə, Texasa köçənlər oldu… bir sözlə, bütün yer üzünə yayıldılar… hörümçək toru kimi… hamısı da burdan - bir qocadan… inqilab vaxtı Yansidə mis yataqları qazmaq üçün köçüb bura gələn bir ingilis balasından... deyirdilər, guya İngiltərədə ulu babamızdan bizə böyük malikanələr, varidat qalmışdı… Bob əmi Bill Petlendin ölümündən sonra atamın yanına gəlib demişdi ki, bütün bunlarla atam özü məşğul olmalıdı, amma çox götür-qoydan sonra bu qərara gəlmişdilər ki, hər şeydən imtina eləsinlər, çünki astarı üzündən baha otururdu, xərci həddindən çox çıxırdı…

    …hə, harda qaldım?.. Hə, onu deyirdim axı?!.. Demək, Bill Petlend də o gün ordaydı, bizimlə bir həyətdə dayanıb müharibədən qayıdanlara baxırdı... əsgərlər keçib getdikcə, kişilər qışqırır, qadınlar ağlayırdı…

   …bir də görürdün budu bax, biri sıradan çıxıb qaçdı… arvadlarsa yenə ağlaşırdılar… elə bu vaxt Bob əmi gəldi… onda onun cəmi-cümlətanı on altı yaşı olardı… mənə isə o, o vaxtlar qoca gəlirdi... ayağı yalın, başında da ipək üzlü slindr… Allah bilir, kimin dükanından oğurlanmışdı… bizə yaxınlaşdı… o dəqiqə hamımızın gözü doldu…

       Salamlaşıb:

     - Bax, buna varam!.. – deyir… zarafat eləyir, başa düşürsən?.. Bizi güldürmək istəyir...

- Mənsə elə bilirdim, gəlişimə sevinəcəklər. Gözləməzdim, - deyir, - məni göz yaşlarıyla qarşılayacaqlar. İndi ki, məni belə qarşılayırsız, - deyir, görünür geri qayıtmalı olacağam.

- Bob, Bob, - anası deyir, - axı, sənin ayaqqabın belə yoxdu?!.. Mənim yazıq balam… Sən ki, tamam ayaqyalınsan?!..

- Yox əşşi, - Bob deyir, - mən onları yolda yırtdım. Evə o qədər tələsirdim ki, yoldaca ayağımdan çıxdı. Amma bilsəydim, - deyir, məni belə qarşılayacaqsınız, yolu yavaş-yavaş gələrdim.

      …onda hamı gülüşdü… arvadlarsa, bala, ona görə ağlamırdılar… sonra hamımız evə qayıtdıq… bişirdik-düşürdük… bir həftəlik bişmiş qayırdıq… sənə deyim, kasıb da olsaq, kefin istəyən yemək hazırlamışdıq... daha indikilər kimi yox ki, ancaq dodaqlarını yağlamağa çatsın... otuz ədəd cücə qızartdıq… bişmiş qaxacdan tutmuş, donuz ətinəcən, qarğıdalıya, şirin kartofa, sütül lobyayacan süfrəyə yığdıq… mais çörəyi, peçeniye, alma-armudlu piroqlar… üstündən də neçə cür şirniyyat, marmeladlar, saysız-hesabsız piroqlar, pirojnalar… bir çəllək də yaxşıca süzülmüş çaxır… Və sən bir görəydin, Bob Rufus Aleksanderlə Feyt Paton bunları necə təpişdirirdilər… anam onda onlara baxıb-baxıb:

- Elə bil bu gədələr müharibəyə gedəndən bura doyunca yemək yeməyiblər. – dedi.

           …yəqin ki, elə eləydi... hə də, onda mənim ağlımkəsən vaxtım idi… beş yaşım vardı… hər şeyi hiss eləyirdim… hər şey də, hətta çox-çox əvvəl olanlar da indiki kimi yadımdadı… ayrı cür ola da bilməzdi… axı o vaxtlar hər şeyi özümüz, öz əllərimizlə düzəldirdik?!.. Süfrədə nə vardısa, hər şeyi özümüz yetişdirirdik, yunu da özümüz qırxırdıq, rəngləyirdik də, rəng üçün ağac qabığı gətirməyə, yemşan dərməyə də meşəyə özümüz gedirdik... yunu yaşıl qətranda yaxalayırdıq, onda rəngi getməyən qatı qara alınırdı, o rəng parıltısını heç vaxt itirmirdi... heç onu indiki parçalarla müqayisə eləmək olar?.. Bütün işləri də bax, bu əllərimlə görürdüm… ən yaxşı rənglər yaşıl, sarı, qırmızı idi… yun də əyirə bilirdim… özüm də  ağardırdım… ən gözəl köynəkləri, döşəkağıları, süfrələri özüm tikirdim, özüm toxuyurdum...

  …o günlər indiki kimi yadımdadı… off, ütülmüş lələklərin o eybəcər iyi!..  anam həyətdə toyuq yolurdu… ocağın iyi, quyunun başındakı təzə şam ağıclarının iyinə qarışmışdı… sənin də həssaslığın bax, burdan gəlir, bala!.. Külək qupquru otların arasıyla vıyıldayıı, fışıldayır… bunları dinlədikcə, içimi qəm, kədər bürüyür…

       …onda Salli yenicə vəfat eləmişdi… oturmuşam… cəhrənin tağlağı hərlənir… hər şey elə bil indicə baş verir… hər şey olduğu kimi yadımdadı, bala… necə onlar çay kənarındakı yolla gedirlər… uzaqdan çığırtıları, ulaşmaları eşidilir… «Urra!.. Urra!..» qışqırırlar… olsun ki, şəhərə - seçkiyə yollanrlar... bir tərəfdən - «Urra!.. Xeyesə eşq olsun!..» qışqırırlar, o biriləri - «Tildenə eşq olsun!..» - bağırırlar... İlahi?!.. Hamısı yadımdadı… bunları unutmaqmı olar?.. Elə şeylər yadımdadı ki, sən onları heç yuxularında da görməmisən, oğul…

 

 

 ***

 

          - Bəs o səslər?.. Eşitdiyin səsləri deyirəm…

- Hə?.. Hə də, mən elə onu deyirəm də, qulaq as… «İki-iki…» - bir səs deyir, o birisi «İyirmi-iyirmi…»

 - Bıy?.. Bu nədi belə?.. – deyirəm… və yenə eşidirəm…

 «İki… iki» - birinci səs deyir, o birisi də onun ardınca - «İyirmi… iyirmi…» …hə… bax, ən maraqlısı da budu... mən o günlər də elə bu haqda fikirləşirdim… qəribədi… fikirləşəndə, baxıb görürsən, hər şey sən demə, necə də qəribədi?!.. Hə-ə… həmin gün - sentyabrın iyirmi yeddisi idi… deməli, o gün ona görə yadımda qalıb ki, ikicə gün ondan əvvəl ayın iyirmi beşində mən Ambroz Reydinkerlə söhbət eləyirdim… bəli, dəqiq iyirmi beşi idi… səhər saat on birdə... onda atan hələ emalatxanadaydı… Biverdmandan gələn bir adam üçün başdaşının üstündə ad yonurdu… onun arvadı ölmüşdü…. bu vaxt da həmin o… nədi o?.. Mel Porter gəlib çıxdı… atan deyirdi, o düz emalatxanaya girib ona zillənib… atan deyirdi, o gün o elə kədərli, elə qəmliydi, elə bil bədbəxtlik basmışdı onu... onda atan başını qaldırıb ona:

- Xeyir ola, Mel?.. – deyib. -  Səni heç vaxt bu sifətdə gördüyüm olmayıb.

- Eh, Vill - Vill… - o deyib… özü də dayanıb başını yelləyir, - əgər bilsəydin… bilsəydin, sənə necə paxıllığım tutur?!.. Əlində gül kimi sənətin, nə dərdin var, nə sərin. Səninlə yerimi dəyişmək üçün bütün dünyanı verərdim.

- O nə deməkdi?.. Mənnən yerini niyə dəyişəsən ki?.. - atan deyir. - Sən təcrübəli vəkilsən, mənimsə əllərim döyənəyə dönüb. Səhər-axşam sifariş gözləməkdən zinhara gəlmişəm… Sifariş də ki, bir gün var, bir gün yox… Mənim günüm itin günüdü. - atan deyib.

…lap elə belə də demişdi… bilirsən də, o necə danışırdı?.. Baltanı kökündən vururdu rəhmətlik… sözdən ötrün heç vaxt məəttəl qalmazdı...

 - Hə, - deyir. - Bir qələtdi eləyib bu işin ucundan yapışmışam. İndi səhər-axşam gözləyirəm kimsə öləcək, sifariş verəcək... Ölən də yoxdu. Ya da bir də gördün, kimsə öldü… qohum-əqrabası isə sifarişi qonşuna verdilər. Əgər mən ömrümü mənalı keçirmək istəsəydim, özümə yaraşan bir məşğuliyyət seçərdim… sənin kimi hüququ öyrənib vəkil olardım.

…amma sənə deyim, camaat da bunu deyirdi... deyirdilər, «mister Qantın çox sərbəst, ahəngdar nitqi var, ondan, öz aramızdı, gözəl vəkil çıxardı...»

- Eh, Vill, Vill, - bu birisi deyir, - sən nə danışırsan?.. Gərək bir yeyib, bir Allah yolunda nəzir verəsən ki, bu sənətə yiyələnmisən, bir tikə çörək qazanmaq haqqında fikirləşirsən. Gecə də evinə qayıdanda, – deyir, - yorğan-döşəyinə girib rahat yata bilirsən.

- Nə danışırsan, Mel?.. – atan deyir. – Sənə nə gəlib axı?.. Səndə söz var, deyəsən, rəng-rufundan görürəm…

- Eh Vill, - bu biri deyir, - yaxşı deyiblər, insan çiy süd əmib. Mən gecələri yatmıram, sübhün gözünü diri açıram...

      …o gecə o heç kəsin adını çəkməmişdi… amma atan o dəqiqə başa düşmüşdü ki, o, Ed Mirsdən, Lourens Ueynedən və dairə düstaqxanasında yatan o biri üç casusdan danışır…. o, bir neçə gündən sonra məhkəmədə onları müdafiə eləməliydi… o gecə də olsun ki, onların yanından qayıdırdı… atan baxan kimi bilmişdi ki, ordan gəlir… çünki çəkmələri də, şalvarının balaqları da zənci şəhərinin xınayı toz-torpağına bulaşmış vəziyyətdə idi… o rəngdə toz-torpaq daha ayrı harda ola bilərdi ki?.. Nə isə…

- Hə, Mel, - atan deyib, - başa düşürəm, çox axmaq bir vəziyyət alınıb. Amma özünü nahaq bu işdə günahkar hesab eləyirsən. Vəkilin öhdəsinə düşəni eləmisən. - deyib, - Əlindən gələni, necə lazımdısa, eləmisən. İndi başa düşürəm, özünü niyə günahkar hesab eliyirsən?..

- Eh, Vill, - Mel deyir, - bilsəydin bütün bu söz-söhbət mənim atama necə od vurdu, necə od vurdu?!.. Bax, onları dar ağacından qurtarmaqdan ötrü elə bil hər şey elədim… - deyir, - Daha bundan artıq adama neyləyərlər, hə?.. Amma yenə də - deyir, - bir şey çıxmadı, onları yəqin ki asacaqlar… Özü də ikisinin də arvad-uşağı var. Bütün qohum-əqrəbası da mənə yalvarır ki, xilas eləyim onları… mənsə - deyir, - ağlıma sığışdıra bilmirəm ki, daha neyləyə bilərəm?!.. - və deyir, - Gecə-gündüz – deyir, başımı sındırıram ki, onları ordan necə qurtarım… Amma görürəm ki, - deyir - faydası yoxdu, onsuz da dar ağacına çəkiləcəklər… Allah-Allah, bunu fikirləşəndə, dəhşət bürüyür məni…

…özü də danışa-danışa, belə başını yelləyir... atan deyirdi, həmin gecə o, sifətdən də arıqlamışdı…

- Bir özün fikirləş, - o deyirmiş, - hər birinin arvadı… hər arvadın da qucağında uşağı… hamısı da o ləkəylə böyüyəcəklər… biləcəklər ki, atalarını adam öldürməyə görə asıblar. Bu dəhşətdi, Vill, dəhşətdi! – deyirmiş. - Gecələr yuxum ərşə çəkilir… elə hey onları fkirləşirəm.

…bütün bunları atan evə nahar eləməyə gələndə açıb danışmışdı.

Deyirdi:

- Sənə deyim ki, onun işi başdan-ayağa əzabdı ha. Mənə elə gəlir, o əlindən gələni eləyib, amma yenə də ona elə gəlir ki, nədəsə günahkardı, nəyisə əldən buraxıb, yoxsa, onları xilas eləyə bilərdi. Ona baxanda lap ürəyim əriyir, - deyirdi, – rəngi meyid kimi ağappaqdı, sir-sifətindən də elə yuxusuzluq tökülür, elə bil bir həftə yatmayıb.

- Hm… - dedim, – hələ elə vəkil görməmişəm gecələr yatmasın ki, nə var - nə var kimisə asacaqlar. Başımı verərəm, - deyirəm - əgər Mel Porter buna görə yuxusuz qalıbsa. Onlar, - dedim, - ancaq o vaxt yuxusuz qalırlar ki, ya qorxurlar haqqlarını verməcəklər, ya da səhərəcən kiminsə başından basıb qabağa keçmək haqqında fikirləşirlər. Onun sənə dedikləri isə - deyirəm, - başdan-ayağa yalandı, burda nəsə bir fırıldaq var.

- Yox, nə danışırsan?.. - atan dedi, – Məncə, sən səhv eləyirsən… Məncə, - deyir, - sən ona qarşı haqsızsan…

- Əşşi, sən Allah bəsdi, mister Qant!.. – deyirəm. – Yəni mən bu qədər qoyunam? Bu söhbət başdan-ayağa fırıldaqdı, sənin də o dəqiqə ürəyin yumşaldı, əlüstü hər şeyə inanırsan.

…atan eləydi, bala… bir də görürdün, söyüb batırdı, çığırıb bağırdı… bilmədin canını hara götürüb qaçasan… sonra da bir də baxırsan ki, kiminsə yazıq-yazıq mızıldanmağına yumşalıb kövrəldi, bircə sözə bənd idi ki, axırıncı köynəyini çıxarıb versin… eh, hansını deyim?..

…Omelin qardaşı – o xeyrə-şərə yaramayan qoca kaftar Rufus Porter… o bir Allah şahiddir ki, bu gün o nə zülümlər çəkirsə, haqqına çəkir… içməkdən xərçəng kimi qıp-qırmızı qızarıb pörtmüş sifətiylə… yadıma gəlir, onda balaca qız idim… bir də gördüm budu ha gəlirlər…  «Ayıqlar cəmiyyətinin» iclasına daxil olub cərgələrin arasından keçdilər…

Çeter Aleksanderlə qol-qola… ikisi də yazılı surətdə and içib altından da imza atıblar ki, bəs filan beşməkan... İlahi!.. Yüz dəfə demişəm, yenə deyirəm: onların qarınlarına tökdükləri bütün o çaxırı bir yerə yığsan, içinə gəmi buraxmaq olar... bax həmin o Rufus Porter atanın yanına gəlib onu dilə tutdu ki, banka gedib onun əvəzinə min dörd yüz dollarlıq çekə imza atsın… hər yadıma düşəndə… tfu!.. Mən onda  atana dedim:

- Bax belələrini asmaq lazımdı! Öz əllərimlə, – dedim – asardım beləsini!..

Onda o dilinin şirin yerinə salıb:

- Hər şey öz qaydasında olacaq, Vill. Qoymaram, - deyir, - sən bir dollar belə itirəsən.

…özününsə altında bir qəpiyi belə yoxdu ha!..

- Sən mənim canım, mister Qant, - sonra deyirdim ona, – hansı ağıl yiyəsi belə axmaq iş tutar, hə?..

- Yox, - deyir, - görmədin necə and içdi ki, gedib yer qazaram, hamballıq eləyərəm, hamısını qəpiyinəcən qaytararam?..

- Bəs elə deyəcək də, - deyirəm, - sən də o qədər səfehsən ki, buna inandın, hə?..

- Eybi yox, - atan dedi. – Qoy bu mənə dərs olsun. Çətin ki, - deyir, - bundan sonra məni bir adam aldada billə.

- Yaxşı, - deyirəm, - yaşayarıq, görərik.

…amma heç iki il keçməmişdi ki, Rufus Porter onun başına yenə oyun açmaq istədi… insanda həyasızlığın dərəcəsinə bir bax ki, atanın kabinetinə girib bu dəfə onun üçün beş yüz dollarlıq vekseli imzalamağı xahiş elədi… atan da elə hirsləndi ki, onun boynunun ardından yapışıb sürütləyə-sürütləyə düz meydana apardı, yerə yıxıb:

- Səni bir də buralarda görsəm ha, qotur kaftar…

…bax, lap elə belə də demişdi… atanın danışığını özün ki, bilirsən. Hirsi vurdu beyninə, qurtardı…

- Səni öldürəcəyəm!.. – atan dedi.

Bəli!.. Bu yandan da sən demə, şəhər sovetinin pilləkənində polis rəisi Bill Someyzers durubmuş və hər şeyi görürmüş… üzünü atana tutub:

- Bax belə, mister Qant. - deyib, - Bir də o buralara gəlsə, sizə canla-başla kömək eləyərəm. Siz, – deyir, - lap əcəb eləyirsiz, amma heyif ki, bu gün – deyir, – öldürmədiniz onu.

Atan ki, evə gəlib bunu mənə danışdı, mən:

 – Hə… - dedim, - Düz sözə nə deyim?!.. O əclafı elə yerindəcə gəbərtmək lazım idi. Gərək elə də eləyəydin. Gorbagor olaydı.

 Elə pis olmuşdum… Bir özün fikirləş, evdə altı uşaq, atan da pulunu bu avara əyyaşa verir… O sarsaqlığına görə az qalırdım boğam onu. –

- Yaxşı oldu. – dedim, - ona. Qoy sənə də dərs olsun. Bundan sonra qəpiyinin qiymətini bilərsən. Və ümumiyyətlə, mənə demədən, heç kimə borc vermə. Ailəli adamsan, körpə balaların var… Sənin borcun - ancaq onların qayğısına qalmaqdı.

…söz verdi ki, bir daha belə şeylər eləməyəcək, mən də görününür, ona inandım… amma bu söhbətin üstündən heç üçcə gün keçməmişdi ki, bir də gördüm, bəli, lül-atəş evə qayıtdı… heç ayaq üstə dayana bilmirdi... yadıma gəlir, Ambroz Reydikerin qəlyanaltıxanasından bizə xəbər göndərmişdilər ki, o ordadı, gəlib aparaq onu, özləri heç cür yola gətirə bilmirlər... Mən də getdim... ay Allah?!.. Yox bala, sən onun qoca, əldən düşən vaxtlarını görmüsən… hələ onda deyirdin, daha bundan pis ola bilməz... bala-bala, əgər sən bilsəydin?!.. Sən onu heç vaxt o vəziyyətdə görməmişdin axı?!.. Reydikerin yolladığı həmin o zənci dedi mənə… indiki kimi yadımdadı, ucaboy, sarışın, axsaq zənci… o həmin o qəlyanaltıxanada işləyirdi… qaça-qaça gəlib xəbər verdi ki, «atan dörd kişinin payını içib…» dedi ki… eşidirsən?.. Öz gözləriylə görüb, necə atan piştaxtaya yaxınlaşıb iki şüşə çovdar viskisini bir dəfəyə başına çəkib…

- Nə danışırsan?.. - Ambroz Reydikerə deyirəm. – O istədi, siz də verdiniz?.. Sizin, – deyirəm, özüm də düz gözünün içinə baxıram… Üz-gözü də elə gündədi, elə bil əzizi ölüb, bu göy haqqı!.. Sizin də - deyirəm – eviniz, arvad-uşağınız var. Amma vicdanınız yoxdu. Utanmırsız, - deyirəm, -evli-ailəli adamın cibini soyursuz?.. Sizin kimilərin, – deyirəm, – başına it oyunu açıb buralardan qovmaq lazımdı!..

…düzdü, mən də tay lap ağ elədim, amma ona elə belə də dedim… ola bilsin, xətrinə yaman dəydim… o bir dəqiqəlik susdu… amma onu da deyim, üz-gözü əyildi… Kxx!.. Bir günə düşdü ki, yerə girsəydi, ondan yaxşıydı… sonra bir az elə bil özünə gəldi...

- Siz nə danışırsız, Eliza!.. – deyir, - bizə onun pulu lazım deyil. Ehtiyacımız da yoxdu. Sizin ürəyiniz düz gəlsin bizinən. Bizə – deyir, - çox adam gəlirb-gedir, yeyib-içirlər. Hamı da özünü adam kimi aparır. Axı, siz özünüz də bunu yaxşı bilirsiz ki, - deyir, - onu biz yoldan çıxarmırıq. Vallah əgər mister Qant and içsəydi ki, bir daha dilinə vurmayacaq, sonra dediyinin üstündə də dursaydı, mən – deyir, – dünyanın ən xoşbəxt adamı olardım. Çünki, - deyir, - o cür adamın gərək dilinə bircə damcı da olsun, dəyməyə. Yaxşı, bir qədəh içdin, çıxdın getdin işinə… Bu isə yox… Onun üçün bir qədəh nədi ki?.. Bunu özünə də demişəm. Dedim, «sənə yarım şüşə lazımdı ki, ağzın dada gələ, ardından da ki, - dedim, – Allah saxlasın.» Onunla dil tapmaq mümkün olan iş deyil. Bilmək olmur, bircə dəqiqədən sonra nə oyun çıxaracaq. Yo-ox, - deyir – onunla yola getmək çətin məsələdi. Bilirsiz, - deyir, - bir də görürsən, ağlına elə şeylər gəlir ki, Allah, sən özün saxla. Heç vaxt da bilmək olmur, sonrası nolacaq. Yadımdadı, bir dəfə – Ambroz deyir, - o Lidiya barədə nə isə danışıb-danışıb qara-qışqırıq saldı. And da içirdi ki, guya o, qəbirdən çıxıb kölgə kimi onun dalınca sürünür, gecə-gündüz dinclik vermir ona. Bir də görürdün oturduğu yerdə «Odu bax!..» – qışqırır, - «Odu-odu, görmürsən?..» Əliylə də künc-bucağı göstərir… sonra da deyir ki, «o mənim arxamda gizlənib» və boylanıb dəli kimi ora baxır. «Yox, əşşi, - deyirəm, – orda heç kim yoxdu… gözünə görünüb.» O isə qışqırıb «Yalan deyirsən!» - mənə deyir, – «Sən iblissən, qəsdən onu gizlədirsən. Çəkil, - deyir, - yoldan. Yoxsa, öldürərəm!..» Sonra da bir də gördük ayağa sıçradı, yarıyacan dolu litrlik şüşəni necə başıma tolazladısa… Sözün qısası, böyük şeydi ki, - deyir, - ölmədim. «Bir də görürəm,- deyir, - şüşə üstümə gəlir… elə başımı əymişdim ki, rəfdəki stəkanlar çilik-çilik oldu, sonra da dizi üstə çöküb yalvarmağa başladı ki, «Lidiya!.. Lidiya!.. De ki, mənim günahımdan keçirsən, əziz balam...» Sonra Lidiyanın gözlərindən danışırdı… «Odu bax!.. Gözləri məni yandırıb-tökür! Görmürsən, nədi?.. Ay Allah, mənə yazığın gəlsin!.. – qışqırır. – O qəbirdən qayıdıb gəlib ki, lənətləsin məni!» Adam ona qulaq asanda, ayağı yerə yapışır, - deyir – Mənim zəncim Dan isə - deyir, - qorxudan aradan çıxdı… Sonra iki gün ilim-ilim itdi. Siz ki, bilirsiz, - deyir, - zəncilər necə dindardılar, belə şeyləri eşidəndə qorxudan bağırları çatlayır.

- Orası elədi, - deyirəm, - amma öz aramızdı, bu adi dindarlıqdan savayı bir şey deyil.

Onda Ambroz belə qəribə baxışlarla baxdı mənə… çox qəribə… və deyir:

 – Nə mənada, Eliza?.. Axı siz bilirsiz ki, əslində, bu heç də belə deyil?!..

- Necə deyim, - cavab verirəm, - mən sizə olduqca qəribə əhvalatlar danışa bilərdim… Danışa bilərdim, öz gözümlə nələr görmüşəm… – deyirəm, - Amma bilirəm ki, siz bunu da, necə deyərlər, o dünyadan gələn səslər kimi izah edəcəksiz.

 Onda onun üzünü görəydin!.. Gözlərini üzümə zilləyib:

- Lidiya kimdi?.. – deyir. - O qadın onu tanıyırdı?..

         - Hə, - deyirəm, - tanıyırdı, hələ sizinlə tanış olmamışdan çox-çox əvvəl.

         - O hansıdı, ölən arvadıdı?

- Hə, - deyirəm, - odu. Özüdü ki, var. Onun da – deyirəm, - yada salası, heyfsilənəsi çox xatirələri var.

 Mən daha heç nə demədim... ona başa saldım ki, atanın hələ iki arvadı da vardı, amma demədim ki, Lidiya ilə evlənməmişdən əvvəl ştatın şərq hissəsində bir qadınla boşanmışdı, evdə isə əlbəttə ki, ancaq Lidiya haqqında bilirdilər… onda evdəkilərə Meqqi Efferd barədə danışmağa yəqin utanmışdım, o vaxtlar boşanmış kişi ilə yaşamaq biabırçılıq sayılırdı. Boşanmış qadını isə... az qala fahişə hesab eləyirdilər. Bunu toydan əvvəl bilsəydim, çətin ki, ona ərə gedərdim… Yüz il qala, özümü bu qədər alçaltmazdım. O isə məlum məsələdi ki, mənə heç nə deməmişdi. Bir kəlmə belə olsun!.. Mən məsələdən hali olanda toyumuzdan artıq bir il keçmişdi…

    …toydan sonra isə əlbəttə ki, dedi… axır boynuna almalı oldu… İlahi?!.. Qoca Missis Meyson... mənim balam, bilsəydin, onun haqqında necə tez-tez fikirləşirəm?!.. Yazıq qarı, nə qədər dərd çəkdi?!.. Toydan bir il sonra bizə köcdü… istəyirdi ki, oğlunun yenidən necə yerbəyer olduğunu öz gözləriylə görsün… ailədə bir əmin-amanlıq yaransın… Eler Bils yenə Conla birləşsin… Conla Lidiya onun birinci ərindən olan uşaqları idi… Bils onun familiyası idi…

Bir gün o:

- Eh, Eliza, mən əlimdən gələn qədər sənə kömək eləyəcəyəm. Qız ondan uzaqlaşsa, o sakitləşər. Əgər mən onları ayıra bilsəydim… Əgər mən onu Conun yanına qayıtmağa və əxlaqlı qadın kimi yaşamağa razı sala bilsəydim, elə bilərdim həyatım əbəs keçməyib. Sakit ölərdim… - deyirdi və ağlayırdı… elə ağlayırdı…

…sən bilmirsən, bilmirsən, mən nələr çəkmişəm, oğul…. Bax, elə onda o, hər şeyi mənə danışdı, başa düşdün?.. Onunla necə tanış olmaqlarını, ilk dəfə Sidneydə - onların evinə köçəndə görüşməklərini… onda atan Cənuba yenicə köçmüşdü və orda Con Arturun yanında daşyonan işləyirdi… ştatın dustaqxanaları üçün sifarişləri yerinə yetirirdi və mənə elə gəlir, əvvəl-əvvəl o heç kimlə oturub-durmamışdı… axı o xalis amerikalıydı?!.. O illər də, o Rekonstruksiya dövrü hamının acığı içinə yığılmışdı axı?!.. Bəs necə?!.. Özünün də… deməli, Baltimordan Cənuba köçəndə, bizə necə acığı tutmuşdu?!.. Deyirdi, bura tamam təsadüfən gəlib çıxıb…

 - Əvvəl qəti qərara gəlmişdim ki, - deyir – Qərbə qaçım…

…o, oralara uşaqlıqdan can atırdı.

 -…və əgər Con Artur məktub yazıb məni bura işləməyə çağırmasaydı, yəqin ki, gedəxəkdim.

…biz isə… Off!!.. O bizə «lənətəgəlmiş üsyankarlar» deyirdi… deyirdi, bizi dar ağacından assalar da, azdı… Bəs nə?!.. Axı onlar Len və Cefferson Devisi satqın kimi, dama basmaq istəyirdilər?!.. Üstəlik də onun böyük qardaşını Qettisberq altında öldürmüşdülər… ona görə bizi görməyə gözü yox idi, bildin?.. Hər şeyi biləndə isə, elə bil içində nə isə alt-üst oldu, hökuməti lənətlədi ki, gör bir nə dərəcəyə çatdırıblar ki, zəncilər öz qanunçuluq iclaslarını keçirirlər… o, belə şeyləri Sidneydə də çox görmüşdü, sonra Kolubusada, Cənubi Karolinada, Con Artur üçün dustaqxana tikəndə də... dəhşət idi… qapqara zəncilər içib keflənirdilər, aləmi yeyib dağıdırdılar, hökumətin pulunu göyə sovururdular… əyinlərində napnazik mahud, damaqlarında da, bəxtəvər başımıza, siqara, ayaqlarını stolun üstünə tirlədib otururdular… murdar məxluqlardı... məgər bütün bunları biz Tom Diksonun kitabında «Millətin yaranması»nda oxumamışıq?.. Hə, atan deyirdi, bütün bunlar başdan ayağa həqiqətdi... mənsə, həyatda bundan daha dəhşətli şeylər görmüşəm, bala...

….bir sözlə, atan bu tərəflərdə bax, beləcə peyda oldu… sonra qoca missis Meysongilə köçdü… onlar onu kirayənişin götürdülər, başa düşürsən?.. Qarı sonralar onu çox tərifləirdi… deyirdi «o bizə köçəndə elə sevinirdik?!.. Tək-tənha yaşayırdıq, - deyir, - kişisiz ev bir qəpiyə dəyməz. Onunla özümüzü rahat hiss eləyirdik. Sizə deyim ki, - deyir – evdə belə kişinin olması çox yaxşıdı. Əşşi, nə deyim vallah, hələ ki, rastıma ikinci beləsi çıxmayıb.» - deyir.

Əlbəttə, onunla necə razılaşmayasan axı, hər nəyi varsa da, avara, köntöy də olsa, yer üzündə onun kimi ailəcanlı adam tapmazsan!.. Gör bir sənə nə deyirəm, oğul, atan o evdə hər işin öhdəsindən gəlirdi… nə istəsən, düzəldirdi, yamayırdı… bir sözlə, əlləri qızıl idi... onu da deyim ki, bala, hər səhər mətbəxə düşəndə, bir də onu görürdüm pilətə budu ha, gurhagurla yanır… tay alışqanla qurdalamaq, nəyisə gözləmək lazım deyildi… bilirsən, o yeməyi çox xoşlayırdı, ona görə də həmişə pilətəni mənim üçün hazır vəziyyətdə saxlayırdı.

- Ay allah, - deyirdim, – sən ki, odu belə qalayırsan, onu elə nənəm də eləyər. Yarım bedon nöyütü odunun üstünə əndərəndə belə olacaq da!.. Allahdan qorx!.. – qışqırıram… – Axır günlərin bir günü hamımızı yandıracaqsan, özüm ölüm!..

 …bala, bala, bala!.. Bircə onun o bədxərcliyi olmayaydı!.. O səfeh əliaçıqlığı olmayaydı!.. Of-of-of!.. Soba elə guruldayırdı, uğultudanbütün ev titrəyirdi... Amma bax, burda haqqında demək lazımdı… burada məsələyə bir az soyuqqanlı yanaşmaq lazımdı, oğul… təkcə onu gunahlandırmaq olmaz… gunah təkcə onda deyildi… bunu qarı da boynuna almışdı…

- Siz bir qulaq asın, missis Meyson, - deyirəm ona, – o sizin evə köçəndə, siz onun haqqında heç nə bilməyə bilməzdiniz axı?!.. Axı o sizin şəhərdə yaşayırdı və yəqin ki, onunla Meqqi Eferd haqqında, hələ o sizə köçənə qədər bir şey eşitmisdiniz!.. Axı belə balaca şəhərdə yaşaya-yaşaya, heç cür inana bilmirəm ki, bu boyda söz-söhbət sizin qulağınıza çatmayıb. Siz mütləq nə isə bilirdiniz!

…bax, burda o hər şeyi boynuna almalı oldu.

- Hə, bilirdik. - deyir.

…düzdü, camaat deyirdi, o onunla evlənməyə məcbur olmuşdu... özü də onu, qızın atasıyla qardaşları məcbur eləmişdilər… və mənə elə gəlir, məhz elə buna görə də o, qıza nifrət elədi... görünür, elə buna görə də onunla boşandı… deməli, indi düz onun gözünün içinə baxa-baxa deyirəm:

- Deməli, bunu elə-belə də, siz mənə o boşanmış kişiyə ərə getməyə icazə verdiniz!.. Bircə söz, belə demədiniz!.. Niyə siz bu haqda mənə heç nə demədiniz?.. – deyirəm... özüm də düz gözünün içinə baxıram. – O özü yüz il qala, bu barədə mənə kəlmə də deməyəcəkdi… Oturub gözləsəydim belə, yenə bir şey bilə bilməyəcəkdim... Bu məsələ tamamilə təsadüfən - toydan bir neçə ay sonra mənə məlum oldu.

…bir dəfə bizim o qoz ağacından olan taxçanın alt gözünü sahmana salırdım… istəyirdim onun köynəkləri üçün yer boşaldam… bir də görürəm, köhnə məktublarla, kağız-kuğuzla dolu bağlama... nə vaxtsa o gizlədibmiş… olsun, yandırmaq istəyirmiş… məktubları çıxarmazdan əvvəl fikirləşdim ki, oxumayacağam, sobaya atıb yandıracağam… amma sonra deyirəm, bəs onda niyə bunları burda gizlədib?.. Olsun ona görə ki, məhv eləmək istəyib... mənim elə bil ürəyimə dammışdı… bilmirəm, buna nə deyirlər… elə bil göylərdən xəbər gəldi mənə… vallah onları Allahın əmriylə tapdım!.. Sonra da baxıb görürəm nə olsa bunlar yaxşıdı?.. Baxıb görürəm Meqqi Eferdlə boşanma haqqında sənədlər!.. Buyur, axşamın xeyir...

…hə, nə isə… axşamacan gözlədim özü gəlsin… demək, sənədləri də bax, belə, əlimdə saxlamışam…

- Bura bir bax, - deyirəm ona, - sənin siyirtməni yığışdırırdım, əlimin altına köhnə kağız-kuğuz keçdi. Bunlar təsadüfən sənə lazım deyil?..

      …özümü də heç itirmirəm, başa düşürsən?.. Elə də baxıram ona, guya heç nə başa düşmürəm… Heyif ki, onun o üzünü görmədin, bala!..

- Ver bura onları, - deyir. Əlimdən qamarladı. – Sən onları oxudun?.. –

   …mənsə bircə kəlmə belə olsun, dinib danışmıram, elə beləcə dayanıb dinməzcə üzünə baxıram…

- Bilirsən, - deyir, – neçə vaxtdı elə hazırlaşırdım sənə deyim, amma qorxurdum, birdən ayrı cür başa düşərsən.

- Ayrı cür başa düşərəm?.. – deyirəm. Axı burda başa düşməli nə var ki?..

    …burda ağın üstündə qarayla yazılıb ki, sən evli olmusan, boşanmısan... mənə isə bu barədə bircə kəlmə belə olsun, deməmisən… mən sənə ərə gələndə elə bilirdim, sən dulsan… elə bilirdim, mənə qədər sənin bircə arvadın olub - Lidiya… bax, bunu mən yenə başa düşürəm...

- Bilirsən, - deyir, - o birinci nigah mənim səhvim idi. Məni istəməyə-istəməyə o qızla evləndirmişdilər.

…daha istəmədim deyib qanını qaraldım, odu ki:

 – Yaxşı, - deyirəm, - səndən bircə söz soruşmaq istəyirəm, bilmək istəyirəm, aranız niyə dəydi onunla?.. Niyə boşandınız?

 - Yəqin özün də oxudun… qərarda yazılıb ki, guya xasiyyətlərimiz tutmur, o mənə qadınlıq eləməkdən imtina edir… O ayrı adamı sevirdi… - deyir, - mənə də onun acığına ərə getmişdi… Ona görə də elə birinci gündən yovuşmurdu mənə. Biz onunla bircə dəqiqə belə olsun, ər-arvad kimi yaşadıq.

– Boşanmanı kim tələb elədi?.. – soruşuram. - Sən, yoxsa o?..

 O fikirləşmədən:

- Mən. Mən boşandım. - dedi.

Mən yenə özümü qətiyyən itirmədim, bircə kəlmə də demədim… amma bilirdim, bilirdim yalan deyir... kağızı əvvəldən axıracan oxumuşdum… arvadı boşanmışdı ondan. Meqqi Eferd boşanmağa can atırdı… və bu, ağ kağızın üstündə qara hərflərlə aydınca yazılmışdı... amma səsimi çıxarmıram, qoy ardını danışsın, deyirəm.

- Demək, sən deyirsən ki, onunla heç vaxt ər-arvad kimi yaşamamısan? – soruşuram ondan. 

- Bircə dəqiqə də. - deyir. – İstəyirsən, and içim!..

- Daha bu lap ağ oldu… - öz-özümə deyirəm… - bu boyda da gop olar?.. Bu yandan missis Meyson o qızdan danışırdı ki, belə gözəgəlimli, müstəqil bir qız idi… ona ərə gedənəcən, (fəlakət də elə burasındaydı ki, atan məcbur olmuşdu onu ala) cavanların əlindən təngə gəlirdi...

İndi baxıram ona, başımı yelləyirəm.

- Xeyir, cənab Qant, - deyirəm, - mən sənə inanmıram. Nə nağıl açmısan burda?.. Sən, – deyirəm, - mənim başımı piyləmə burda!.. Mənə nağıl danışma!.. Qadınla on səkkiz ay bir yerdə yaşayasan, bircə dəfə də ona əl vurmayasan?!.. Axı səni tanıyıram, - deyirəm, başa düşürsən, özüm də düz gözünün içinə baxıram, - səni yaxşı tanıyıram, bilirəm ki, kim də olmasa, sən sakit dayanan adam deyilsən!.. Sən, - deyirəm, onun yanına girmək üçün divarı da başınla deşərdin!

 Burda o özünü saxlaya bilmədi… gözümün içinə baxa bilmirdi… üzünü kənara çevirib günahkar təbəssümlə gülümsədi…

- Di yaxşı, - deyirəm, - indi bu köhnə kağız-kuğuzu neyləmək fikrindəsən?.. Bunlar daha lazım deyil sənə?... Hə, amma başa düşürəm, - deyirəm, - onlar sənin nəyinə lazım ola bilər.

- Hə, - deyir, - rədd elə onları!.. Xirtdəyimə keçmiş o lənətəgəlmiş xaltanı, - deyir, - həmişəlik unutmaq istəyirəm!.. Yandıracağam onları!..

- Hə, - deyirəm, - mənə də elə gəlir, bu kağız-kuğuz unudulası şeyləri sənin yadına salmaqdan savayı heç nəyə lazım olmayacaq. Onları yoxa çıxarmaq lazımdı.

- Elə də eləyərəm. - deyir. – O tək bir Allaha and olsun!..

 

 

                             ***

 

…Amma yenə deyirəm… bayaqkı sözümə qayıdıram e… Qarıya deyirəm:

- Axı missis Meyson, axı o sizə köçəndə necə olur-olsun, bunu bilməliydiniz. Axı siz, missis Meyson, bilməliydiniz ki, o Meqqi Eferdlə evlənib boşanmışdı. Siz bunu bilməyə bilməzdiniz axı?!.. - deyirəm.

- Düzünü deyim ki, biz bilirdik. – qarı axır ki, dilə gəldi, başa düşürsən?.. Axır ki, boynuna aldı. – İndi mən hər şeyi olduğu kimi sizə danışaram.» - dedi və danışmağa başladı…

…və beləcə də hər şey aydın oldu… amma, gör indi nə deyirəm, oğul, sənə onu başa salmaq istəyirəm ki, niyə günah təkcə atanda deyildi… yox, mən Lidiya haqqında pis söz demək istəmirəm, axı mən onu hələ ona qədər, - onlar bura təzə köçəndən, indiki «Qrinvud» mehmanxanasının yerində - Akademik döngədə şlyapa dükanı açandan tanıyırdım?!.. Yadımdadı, ömrümdə birinci dəfə əsil «hazır» şlyapamı ondan almışdım… özü də dərs deyib qazandığım halal maaşımla topladığım pula almışdım… onda mən bütün qışı Yansi dairəsində işləyirdim, ayda da 20 dollar maaş alırdım… öz otağım, iş masam da vardı… sənə deyim ki, özümü dövlətli hesab eləyirdim… ay Allah?!.. Bəs necə?!.. Ömrümdə birinci mülkümü – meydanın cənub hissəsindəki künc sahəni mən həmin pula almışdım… hələ sonradan atan orda özünə emalatxana da tikmişdi… düz həmin o yerdə… mənimsə, oranı alanda, cəmi iyirmi iki yaşım vardı, bala… İlahi?!.. Elə bilirdim böyük bir iş görmüşəm… sən bir bunu təsəvvür elə... onu da deyim ki, atan torpağın sahibi - karitan Bob Pattondan, qoca general Aleksanderdən və o birilərindən heç də pis adam deyildi... bala-bala-bala!.. Biz elə kasıb idik, müharibədə də başımız o qədər bəlalar çəkmişdi ki, bəlkə də elə buna görə beynimə mülk sahibi olmaq düşdü… sonra bunu qəti qərara aldım, sonra da...

…hər şey dəqiq yadımdadı… bir dollar səkkiz yüx iyirmi üç sentlik vergi verməyin vaxtı çatanda, şəhərə yüyürə-yüyürə getdim… pullar elə bil cibimi yandırırdı… İlahi?!.. Necə də səfeh idim?!.. Elə qorxurdum ki, birdən çatdırmaram, sahəni məndən alıb satarlar...

…hə, nədən danışmağa başlamışdım?.. Hə də, mən Lidiya ilə sənin atandan qabaq tanış idim axı?!.. Deməli, o meydanın şimal şərqindəki o şlyapa dükanını açdı və sənə dediyim, kimi ömrümdə birinci «hazır» şlyapanı ondan mən aldım... elə onda onunla tanış olduq... demək belə… Lidiya barədə mən pis şey deyə bilmərəm; tanıdığıma görə o mehriban, namuslu, zəhmətkeş bir qadın idi və bəlkə də atana rast gəlməsəydi, hər şey daha yaxşı olacaqdı... əlbəttə, o, atandan on neçə yaş böyük idi… Bax, məsələnin məğzi də elə bunda idi… ona görə deyirəm ki, günah təkcə sənin atanda deyildi… o, onların evinə köçəndə cavan bir oğlan idi… yaşı iyirmidən çox olmazdı… Lidiyanınsa 36 yaşı tamam olmuşdu… əgər Lidiya yolundan azmış cavan bir qız olsaydı, onda məlum məsələdi ki, hər şey ayrı cür olardı, - onda bütün günahlar atanın boynuna düşərdi… amma kor-kor, gör-gör, Lidiya yetkin yaşlı qadın idi və o, neylədiyini yaxşı bilirdi... əlbəttə, atan qüvvətli, gözəl kişi idi, arvadlar onun başına dırmaşırdılar… Lidiya da gərək bunu fikirləşəydi… o yaşda qadının gərək qüruru və mənliyi ola... mən ölsəydim də onun kimi kişinin boynundan asılmazdım... əşşi, hansını deyim?!.. Elə bilirsən, Missis Meyson bunu mənim yanımda boynuna almadı?..

- Of, Lidiya-Lidiya!.. – dedi və başını yellədi. - O ondan ötrü lap başını itirib!..

…bir özün fikirləş: ləyaqətli, müstəqil qadın, öz şlyapa dükanı… bütün mahalın da rəğbətini qazanmışdı… gör bir özünü nə günə qoydu... düzdü, mənə elə gəlir, əvvəllər hamı ona bir az qarımış qız kimi baxırdı...

- Of, bu lap müsibətdi. - qarı deyirdi, - O onu gözünü açmağa belə qoymur. Qırsaqqız olub yapışıb yaxasına. Hər şey də elə bax, burdan başladı. Sən ki, Allaha şükür, atanı tanıyırsan… şorgözün biriydi. Sonrası da aydın məsələdi də… Bir ilə atan başını lap itirdi… Lidiyanın boynuna uşaq düşəndə o, atana dedi ki, onu bu günə o qoyub, buna görə də onunla evlənməlidi.

…indi neyləmək olar?.. Atan özü də deyirdi, boynuna alırdı ki, heç vaxt onunla evlənmək istəməyib… çünki sevməyib onu… uzun götür-qoydan sonra axır ki, onu Vaşinqtona – həkimin yanına yollamağı qərara alıb... bu barədə o Gilə də yazıb… O vaxtlar Gil sənin xalan Meri ilə Vaşinqtonda yaşayırdı… bu, hələ o, atanın dalınca Cənuba getməzdən əvvəl olmuşdu… Gil orda – Vaşinqtonda rəngsaz işləyirdi... qardaş kimiydilər… atan da bilirdi ki, ona arxayın olmaq olar… odu ki, Lidiyanı onun yanına göndərdi… o da getdi… və orda nələr oldu, bunu bir mən bilirəm… Gil heç vaxt bu haqda danışmadı, açığı, mən də heç nə soruşmadım, amma mənə elə gəlir, Lidiya vaxtından əvvəl boylu olmuşdu… onlar Cənuba ümumi vaqonda qayıdıblarmış… bələdçi ştatın şərq hissəsində yerləşən hansı şəhərdəsə qatarı saxlatdırıb və Lidiyanı, stansiyaya düşürməyə kömək edib… o biri gün isə Lidiya ayağa qalxıb yola düzəlib, düz evlərinə yollanıb...

…odu ki, adam haqqına deyər; möhkəm qadın idi... kor-kor, gör-gör.

 

 

* * *

 

 

…məlum məsələdi ki, işin üstü açıldı… camaat hər şeydən xəbər tutdu… atan da məcbur oldu onu alsın… Allah bilir, onda bütün şəhər atana nifrət elədi… bir özün fikirləş, cavan bir amerikalı, - necə deyərlər, «ciyəri yanmış amerikalı» gəlib iki qadını birdən bədbəxt elədi… biri olsaydı, yenə dərd yarı, onda bəlkə də məsələ ayrı cür olardı… ikisi idi deyə, bunu uda bilmədilər… gün vermədilər ona… odu ki, o da köçməli oldu... elə onda o Altamonta köçməyi qərara aldı… həm də Lidiyanın vərəmi yenə baş qaldırmışdı... onunsa, ümidi var idi ki, dağ havası kömək edə bilər.

      …bir də fikirləşirəm, yəqin qorxub ki, özü də xəstələnər, bir yerdə yaşayırdılar axı?!.. Mən onu birinci dəfə görəndə, lap ölüyə oxşayırdı... Off!.. Təsəvvür eləyirsən, çöp kimi arıq, rəng-rufu sapsarı… onun ki, başına bir elə müsibət gəlmişdi… nə isə… Lidiya bütün varını satmalı oldu... var deyəndə ki, elə bir şeyi də yox idi… dükanını bağladı... atan əvvəl missis Meysonla Lidiyanı göndərdi… özü isə bir az ləngidi… çalışdığı o idi ki, mərməri satıb bir az pul qazansın… sonra özü də getdi... bir sözlə, onlarla tanışlığım bax, belə oldu… küçənin bir tinində şlyapa dükanı saxlayan qadın, meydanın qurtaracağındakı emalatxanada - köhnə tövlədə işləyən usta… hə, belə-belə işlər… bu, lap çoxdannan - hələ o dövrlər olmuşdu… indi sənə ayrı bir qadından da – Eler Bilsdən də danışım... əlbəttə, atanla o hələ çoxdannan tanış idilər… axı o Conla Lidiyanın qardaşı arvadı idi?!.. Amma, ay Allah?!.. Onlar sənin atanla – guya bütün ailəni biabır eləyən adi dişyonanla oturub-durmağı özlərinə sığışdırmırdılar... amma Lidiyanın başına ki, o iş gəldi, aləmi bir-birinə vurdular… onunla heç bele – üz-üzə gəlmək istəmirdilər... özü də deyirdi ki, onların onu görməyə gözü yoxdu... onun da onlar üçün heç gözü atmırdı... amma sonra buyur: yarım il keçdi, bunun üçün gərək bütün mənliyini itirəsən… Eler Bils onlara getdi... Mənə elə gəlir, ayrı əlacı qalmadı, ona görə… axı onun əri Con Bils müftəxorun, avaranın biriydi?!.. Onu saxlaya bilmirdi… o da bunu Lidiyaya, qoca missis Meysona yazmışdı... onlar da cavab göndərdilər ki, «gəl»... atan onun gəldiyini bilmirdi, ona görə belə qərara gəldilər ki, qoy əvvəlcə gəlsin, sonra onu bir təhər yola gətirərlər… elə də oldu… günlərin bir günü atan evə nahara gələndə, bir də gördü, budu ha, xanımcan oturub… üzü ənlik-kirşanlı, geyimli-keçimli… atanın da heç nədən xəbəri yox... Allah bilə, onu görəndə bütün olub-keçənlər kişinin yadına düşdü… və onda atan o qadına o qədər nifrət elədi ki, heç kəlmə belə kəsmədi… papağını götürüb çıxmaq istəyəndə, Eler qalxıb qabağını kəsdi… başında da Lili Lenqtrininki kimi, şlyapa… saçı kəkilli… onu qucaqlayıb məlahətli səslə:

-Yəni məni bircə dəfə də öpməyəcəksən, Vill?.. – deyib…

      Uff!.. Sən bir buna bax!.. Əclafın biri əclaf!.. Gərək atan həmin dəqiqə boğazını üzəydi onun, vəssalam!.. Deyir:

- Məgər biz dost ola bilmərik, Vill?..

    Eşidirsən?.. Bu, onun çıxardığı bütün o hoqqalardan sonradı ha… qaynanasının, arvadının gözü qabağında ona yaltaqlanır, oyun çıxardır...

- Gəl köhnələri - deyir, - yada salmayaq… - məcbur eləyir onu öpsün və sair və ilaxır...

- Yaxşı olur sənə, - atana dedim, – çünki axmaqsan!.. Elə belə deməyiblər, Allah əvvəl adamın ağlını alır, sonra canını. O da bunu boynuna aldı, razılaşdı mənimlə, «haqlısan», - dedi… Bir sözlə, onunla bax, beləcə birləşdilər…

…bu Eler Bils, bilirsən, belə qarasaç, dərisi ağappaq qadınlardan idi… dərisi ağ, saçları və gözləri qarğa qanadları kimi, qapqara… şirin danışığı vardı... sözləri belə yuxulu-yuxulu, tənbəl-tənbəl elə deyirdi, elə bil yatıb-yatıb yuxudan indicə oyanmışdı... mən onu hələ lap birinci dəfə görəndə, başa düşdüm ki, bu, murdar qadındı… gəzəyənin, tərbiyəsizin biridi... fikri-zikri elə bu idi ki, bir kişi ələ keçirib diqqətini özünə cəlb eləsin, sonra da bacardıqca soysun onu... əlbəttə, gözəl qadın idi, buna söz yox… bədəni yaxşı idi, qaymaq kimi, ləkəsiz dərisi vardı... amma sonralar lovğalanıb özünü tərifləməyə başlayanda ki, «belə gözələm», «belə yaraşıqlıyam», beləyəm, eləyəm, ona deyirdim «əlbəttə, - deyirdim, - məlum məsələdi ki, biz də əlimizi ağdan-qaraya vurmasaydıq, səndən də gözəl olardıq…əgər paltar yumaq, xörək bişirmək, uşaq saxlamaq olmasaydı… – dedim... Təbii ki, mənimlə razılaşırdı. «Hə, - deyirdi, – haqlısan».

…sən bir buna bax!.. Bu qancıq arvadının gözü qabağında min oyudan çıxar… özünə min bər-bəzək verib tumarlanır ki, atanı şirnikləşdirsin… sən bir təsəvvür elə, gecə-gündüz oturub gözləyirmiş ki, atan evə nə vaxt gələcək... günlər də beləcə ötürmüş… Lidiya da - bədbəxt bütün bunları yuxarıdan görə-görə ölürmüş… öskürəkdən boğulurmuş... elə bilirsən, sonralar atan bunu boynuna almadı?..

- Bədbəxt başa düşürdü ki, ölür… - deyirdi. - Vill, mən xəstəyəm. Bilirəm ki, ömrümə az qalıb, Vill… daha hara istəsən, gedə bilərsən… indi bunun mənin üçün heç bir fərqi yoxdu… ancaq bircə şeyə, Vill, dözə bilmirəm – deyirdi… atan danışırdı, bunu deyəndə, Lidiya ona necə baxdı... - Mənim evimdə! Öz evimdə!.. – deyir, – Vill, gəlinimizi rahat burax!

…eh… bütün bunları atan özü danışıb mənə… hər şeyi özü boynuna alıb… deyirdi:

- Ay allah?!.. Bu cinayət mənim boynumdadı… əgər göydə Allah varsa, buna görə öz cəzama çatacağam...

…yazıq qarı… evin hər işi onun üstündəydi… bişirib-düşürürdü… axşamacan beli əyri qalırdı… o pudralı fahişə isə… ona tay nə deyəsən?!..  …uzanıb atanı gözləməkdən savayı ayrı fikri-zikri yox idi… əlini ağdan-qaraya vurmurdu… beləsini gərək araya qoyub biabır eləyəsən!.. Amma Lidiyanın vəfatından sonra Eler orda da qaldı… heç yerindən tərpənmək fikrinə düşmədi də… əlbəttə, o vaxtacan da atan ona bir könüldən min könülə vuruldu… az qala ağlını itirdi… odu ki, onun orda qalmğına bir söz demədi… bu yandan da Con Bils – Elerin əri ona baş çəkməyə gəldi… və yəqin məsələnin nə yerdə olduğunu hiss elədi… gördü də iş nə yerdədi… ürəyi götürmədi… bu lap ağ idi… mənə isə həmişə elə gəlirdi ki, o fərsizin, avaranın biridi… elə bilirdim, bütün bunları udacaq, arvadının bu əxlaqsızlığına barmaqarası baxacaq… amma belə olmadı… görünür, bu qanında hələ də vicdana oxqar nə isə var imiş… o işləmirdi… bu haqq-hesabdan sonra isə o dəqiqə Tennesidəki Conson-Sitiyə getdi və orda mehmanxanaya işə düzəldi... sonra arvadına məktub yazdı ki, ora onun yanına gəlsin… arvadı isə istəmədi, yazdı ki, istəmir onu… heç vaxt da onunla yaşamayacaq, yerindən də heç yana tərpənmək fikrində deyil…

…bəs necə?!.. Artıq o hər şeyi götür-qoy eləmişdi, mənim balam… bu birisindən boşanıb, sənin atana ərə getməyi planlaşdırmışdı... atan isə başı havalı dəli kimi sevinirdi, onun başına hədiyyələr, pullar yağdırırdı… yazıq qarı da Elerin qabağında qul kimi işləyirdi… işləyə-işləyə də ağlayırdı… ona yalvarırdı ki, çıxıb getsin, ərinin yanına qayıtsın… onu isə başa salmaq mümkün deyildi… heç bir söz kar eləmirdi... Of!.. Axı o da dəlicəsinə vurulmuşdu atana?!.. Beynində bircə şey vardı: – Nəyin bahasına olursa olsun, Villi əldən buraxmamaq!.. Con Bils isə atam balası, yenə ona məktub yazdı… bu dəfə lap kəskin yazdı… çünki daha bıçaq sümüyə dirənmişdi… «Daha bir qərara gəl, - yazırdı, - tez həll elə ki, neyləmək fikrindəsən… çünki daha dözə bilmirəm… özün seç, ya öz xoşunla gələcəksən, ya da mən özüm gəlib səni aparacağam… amma onu da bil ki, dalınca əliboş gəlməyəcəyəm… və vay o lənətə gəlmiş amerikalının halına».

…hə… amma o, ərinə cavab yazmadı… uzun sözün qısası, bala, Con Bils axır ki, gəlib çıxdı… qatara minib onu aparmaq üçün ora gəldi... qoca missis Meyson da bunu danışanda yarpaq kimi əsim-əsim əsirdi...

- Oy, Eliza, o nə dəhşət idi?.. Eler yuxarıda kilidlənib yerindən tərpənmədi. Con isə aşağıda, cibində gülləylə dolu tapanca, qonaq otağında dəli kimi o yan bu yana yeriyə-yeriyə deyir: «Əgər o yarım saata hazır olmasa, mən Villin beynini tökəcəyəm, sonra qoy lap assınlar məni!..» …Villsə meyid kimi saralmışdı… – qarı deyirdi. – Con yumruqlarını düyünləyib otaq boyu var-gəl eləyirdi... Elerin isə heç nə vecinə deyildi… o, Conla getmək istəmirdi, vəssalam... amma ğelə oldu ki, axır ki, Eleri bir təhər yola gətirdilər… əslinə qalanda Eler də başa düşürdü ki, getmək lazımdı, yoxsa qan töküləcək… bir sözlə ərinə qoşulub Tennesiyə qayıtdı… və… Bala-bala-bala!.. Sən bir görəydin, o necə, necə kədərli idi?!.. Necə əsəbi idi… yeri-göyü lənətləyirdi… getmək istəmirdi axı?!.. Biz evlənənəcən bax, belə müsibətlər olub… Eler hələ sonralar da - biz evlənəndə də atana məktub yazmağından qalmırdı… məktubu məktuba calayırdı... axırda mən bu qərara gəldim ki, Con Bilsə yazıb onu xəbərdar eləyim ki, arvadı özünü ləyaqətsiz aparır – evli adamla məktublaşır, bunun qabağını alsın... və budu ha, çox keçmədi ki, Elerdən məktub gəldi... mən ömrümdə belə şey görməmişdim… o ona yazmışdı ki, mən ərinə xəbərçilik eləmişəm, sonra da yazılı surətdə xoruz səsi eşitməyən söyüşlər yağdırmışdı... yazmışdı ki, «əgər mən bilsəydim ki, sən onunla evlənirsən, ona sənin haqqında bildiklərimi danışardım və əgər mən hər şeyi danışsaydım, heç bir qadın sənə ərə gəlməzdi. İndi isə qoy o səni bağrına bassın – sağlığına qismət, çünki ona nə qədər nifrət eləsəm də, düşmənimə də belə bir ər arzulamıram.» Atan bu məktubu evə gətirib mənim üzümə çırpdı… «Al, sox gözünə – dedi, – səni görüm lənətə gələsən!.. Hamısı sənin işindi!.. İndi ki, belədi, qulaq as, sən bu süfrənin arxasında onun yerində ancaq ona görə oturursan ki, o məni atıb gedib və əmin ola bilərsən ki, o getməsəydi, sənin ayağın da bura dəyməyəcəkdi!.. Bunu birdəfəlik sırğa eləyib as qulağından!..» Bala-bala-bala!.. Mən onda cavan idim, qürurlu idim və sən bilsəydin bu sözləri eşitmək mənim üçün necə ağır idi?!.. Mən həmin dəqiqə ayağa qalxıb artırmaya çıxdım… yığışıb getmək istəyirdim, amma bətnimdə ilkim tərpəndi… yağış da təzəcə yağmışdı… onda mən çiçəklərin, qızılgüllərin, ağ zambaqların, yovşan kollarının, üzüm tənəklərinin… onda onlar təzə-təzə dəyirdi… iyini eşitdim… həm də qaranlıq düşürdü… və mən eşidirdim, necə öz eyvanlarında oturan adamlar öz aralarında asta-asta danışırlar, söhbət eləyirlər… mənim isə çıxıb getməyə bir yerim yoxdu… mən onu atıb gedə bilmədim... «Ay allah?!.. – ürəyimdə öz-özümə dedim. – Mən neyləyim?.. Neyləyim axı?...»

 

 

                                  ***

 

…Belə-belə işlər… atan bax, həmin bu haqq-hesabdan sonra sənə dediyim, o Ambroz Reydikerin qəlyanaltıxanasına getməyə başladı… içkiyə qurşandı... Ambroz danışırdı, necə Lidiya onun gözünə görünəndə o nə hallara düşürdü... atana elə gəlirmiş, Lidiya qəbirdən çıxıb onu izləyir…

- Hə, - dedim, – ola da bilər, niyə olmur?!..

- Sonra da, – Ambroz deyir, - sözümün hələ ardı var... bir dəfə burda Dan adında bir oğlanın yaxasına yapışıb ki, sən çinlisən, vəssalam. Deyir, guya kimsə onu göndərib ki, onu öldürsün və sair və ilaxır cəfəngiyyatlar. «Ay səni lənətə gələsən! – atan deyirmiş – Bilirəm, niyə burdasan… dayan-dayan, ikimiz bir yerdə öləcəyik!.. Lənət sənə şeytan! – deyir, başa düşürsən?.. Elə belə deyir… «Sənin canını alacağam!..» - deyir, özü də gülür... Ambroz deyirdi, belə dəlisov ətürpədən gülüşlə gülürmüş, sonra da – deyir, – piştaxtadan ət bıçağını götürüb zəncini barın ətrafıyla qovurmuş… - Bu, elə bir dəhşət idi?!.. – Ambroz deyir. – Yazıq zəncinin qorxudan az qalırdı bağrı yarıla... Dan ona heç bir pislik eləməmişdi, siz ki bilirsiz, - deyir, - Dan ömründə milçək belə öldürməyib. Görürəm yox, nəsə eləmək lazımdı. – Onda bıçağı birtəhər ondan aldıq. – deyir, - Mən də istəyirəm onu sakitləşdirəm. «Sən neynirsən, Vill?.. - deyirəm, - Dana nə vermisən, ala bilmirsən?.. Dan ki, ömründə sənə bir pislik eləməyib?!..» O mənə nə desə yaxşıdı?.. «Çinlidir – deyir, - onu görəndə gözüm ağrıyır». Yüz faiz, başı xarab olub, daha burda ayrı söz ola bilməz, heç nə başa düşmək istəmir.

 -Yox əşşi, - deyirəm, - Vill bilir axı, o çinli deyil. Axı sən özün də yaxşı bilirsən bunu?!.. Bizim evdə az olmamısa, - deyirəm, - Danı da tanıyırsan, özün də gözəl bilirsən ki, o çinli deyil.

- Əlbəttə yox, mister Qant, - Dan da bu yandan deyir… bilirsən də zəncilərin xasiyyətidi, gərək mütləq bir söz əlavə eləsinlər… – siz ki, tanıyırsız məni, - deyir, - siz bir özünüz deyin, məndən çinli çıxar?..» Atansa:

- Yox, o çinlidi, - deyir, - Allaha and olsun, öldürəcəyəm onu!..

        - Sən nə danışırsan, Vill?!.. – deyirəm, (bunu Ambroz deyir) – o qətiyyən çinli deyil… – deyirəm, - bir də lap tutaq ki, çinlidi, bundan ötrü gərək indi öldürəsən onu?.. Sən bir özün fikirləş, - deyirəm, çinlilər də bizim kimi insandırlar. Bu da hamıya məlumdu ki, bütün insanlar kimi, onlara da Yer üzündə yaşamaq hüququ verilib, - deyirəm, - yoxsa, onlar heç yerli-köklü olmazdılar. Bu da sözdü?.. Axı niyə sən durduğun yerdə bu adamı öldürmək istəyirsən?.. - deyirəm, - Ancaq ona görə ki, sən onu çinli hesab eləyirsən?.. Bir özün fikirləş!.. O isə «Hə, - deyir, - çünki onlar Cəhənnəm tüstüsüdür… onlar mənim bütün qanımı içiblər… - deyir, - indi də oturub baxırlar, necə can üstə xırıldayıram…» …Siz elə bilirsiz, bu, elə bircə dəfə olmuşdu?.. – Ambroz Reyker deyir. - Elə bilirsiz, bu müsibət birinci dəfə başımıza gəlirdi?..

– Necə ki?.. – deyirəm… özümü də elə göstərirəm, guya mən də nə isə bilirəm… siz demək istəyirsiz ki, o əvvəllər də belə dəlilik eləyirdi?..

 - «Eləyirdi də» sözdü?.. - deyir. – İnanın mənə, bu möcüzəli bir işdir. Burda nə isə anlaşılmazlıq, qəribə bir tapmaca var… o - deyir, - elə bil həqiqətən də çinlilərin əlindən yanıqlıdı… görünür onların nə vaxtsa pisliyi dəyib ona.

- Yox, - deyirəm, - sizə elə gəlir, - özüm də onun gözünün içinə baxıram. – Dəyibsə də, hər halda bu dünyada dəyməyib. - deyirəm.

- Nə?.. Siz nə demək istəyirsiniz?.. - o soruşur… eşidirsən, oğul?.. Özü də mənə belə bir təhər, şübhəylə baxır…

- Mən bundan artıq bir şey deyə bilmərəm, - deyirəm, - amma elə şeylər var ki, siz başa düşmürsünüz.

- Deməli siz də ondan belə şeylər eşitmisiniz?.. - deyir.

- Hə. – dedim və daha heç nə demədim.

 

 

                        ***

 

 

…Mən əlbəttə ki, ona elə şeylər deyə bilərdim, amma yaxşı-yaxşı götür-qoy eləyib fikirləşdim ki, mənası yoxdu… atan da dedi ki, «yaxşı ki, onlara heç nə deməmisən, düz eləmisən. Mənə necə, deyə bilərsən bütün bunların səbəbi nədi?..» …Mən isə hər şeyi aydınlaşdırmaq istəyirdim… Bala-bala-bala… axı sən bilmirsən onda olan o acıq, o dəhşətli nifrət onun qanındaydı!..

- Qulaq as, mister Qant, çinlilərə qarşı belə acıqlı olmağına bir səbəb olmalıdı, ya yox?.. – deyirəm ona. - Bəlkə onlardan birinin sənə bir pisliyi dəyib?.. Bəlkə onlarla bir tanışlığın var?..

     Başını yellədi:

- Yox, - deyir, - birini də tanımıram, amma ömrüm boyu onlara nifrət eləmişəm. Lap uşaqlıqdan, Biltimor küçəsində bircəsini gördüyüm o vaxtlardan... Amma, niyə belə zəhləm gedir onlardan, Allah haqqı bilmirəm! Fikirləşəndə, doğurdan çox qəribədi… deyirəm bəlkə, – deyir, özü də mənə baxır, - onlarla ayrı dünyada, hansısa ayrı bir vəziyyətdə görmüşəm?!..

     Mən onun gözünün içinə baxdım və deyirəm:

- Hə, mən də elə fikirləşirəm… məncə sən lap gözündən vurdun. Məsələ də elə burasındadı ki, səbəbi bu dünyada axtarmaq lazım deyil…

   O mənə baxdı və sənə deyim, atam, ömründə o cür baxış görməmişdim... yadıma gəlir, bir də uzun illərdən sonra… bilirsən nə vaxt?.. Boksçular üsyan eləmişdilər a-a, bax onda, başıalovlu qaça-qaça evə gəldi... «Şükür! – deyir. – Biz çinlilərə müharibə elan elədik, mən də orduya yazıldım, Allaha and olsun!..»

Of, o onların əlindən elə yanıb-tökülürdü ki, hər şeyini – ailəsini də, işini də atıb çinlilərlə vuruşmağa getməyə hazır idi…  «Yox, – deyirəm ona, - ağam, sən heç yerə getməyəcəksən!.. Sənin arvadın var, uşaqların körpədi, onları yedirtmək lazımdı… sən evdə qalacaqsan… əsgər lazımdırsa, qoy o birilər getsinlər… sənin isə yerin burdadı... Bir də, deyirəm, səni onsuz da orduya götürməyəcəklər… sənin kimi qoca əsgər kimin nəyinə lazımdı ki?!.. Orda cavanlar lazımdı…» - deyirəm…

…elə bil «qoca» deməyim toxundu ona… o dəqiqə özündən çıxdı… «Mən elə bu yaşımla da min cavana dəyərəm!.. – dedi. - Biz əclaf bir zəmanədə yaşayırıq və əgər sən elə bilirsən ki, mən damağında siqaret, bilyardxanalarda avaralanan o düdük-müdükdən pisəm, hamısı birinə dəyməz, biri də heçə, Allah, sən özün keç günahımdan, demək sənin bu dünyada qandığın qrafa yoxdu, ay arvad, səninlə öz yuvasını batıran quşun arasında heç bir fərqi yoxdu!.. – deyir. – Bax, mən hələ bu yaşımda dörd adamın işini görürəm!..»

…O belə deyəndə, tay dinmədim. Allah tərəfi, atan doğurdan güclü adam idi… İlahi?!.. Bu qulaqlarımla eşitdim, necə camaat danışırdı ki, onun emalatxanasına gedənlər öz gözləriylə görüblər, necə o, iyirmi pudluq daşın bir ucundan tutaraq, tük kimi göyə qaldırıb… daşın o biri tərəfində olanlar isə - isə iki nəhəng zənci tər içində hıqqıldaya-hıqqıldaya qalıblar, daşı yerdən ayıra bilməyiblər...

…Onu birinci dəfə Xopkinsin yanına aparanda, Ueyd Eliota dedim:

 – Siz əvvəl məni dinləyin, görün nə deyirəm… indi sizə deyim, mənim diaqnozum nədi… əgər mənim fikrimi bilmək istəyirsinizsə, o özünü bu vəziyyətə hoqqalarıyla salıb…

…sən mənim canım, gör bir nə oyun çıxarırsan, mister Qant?!.. Vallah, sən ya gücə düşəcəksən, ya bağırsaqlarını çölə tökəcəksən... zəncilərə gördür o işləri… onlara ki, onsuz da pul verirsən?!..

- Allah, sən saxla! – o deyir. – Görmürsən, ona mənim pulum çatmaz?!.. Bu ustaların ümidinə qalsan, gərək küçələrə düşüb dilənək.

- Bax, məsələ də bundadı. - həkim Eliota dedim. – O özünə bax, belə divan tutub!..

- Hə, - deyir, - siz haqlısınız, mən sizinlə tam razıyam. Tamamilə doğrudur. – deyir…

- Sən isə, – deyirəm, - öz ailən haqqında fikirləş… özü də heç hara getməycəksən…

…mən dediyimdən əl çəkmədim, odu ki, atan əlinin arxasını yerə qoydu… bəs necə?!.. Başa düşdü ki, düzünü deyirəm… amma bala-bala-bala-bala!.. Biləydin onun canında nələr vardı?.. Gah Kaliforniyaya qaçırdı, gah Çinə gedirdi. Mən olmasaydım, çoxdan aradan çıxıb qaçmışdı... qəribə adamdı…

 

***

 

…İlahi! Ömrümdə beləsini görməmişəm. Bir yerdə qərar tuta bilməyən, avara… Allah haqqı!.. Avara!.. Bunun daha ayrı adı yoxdu… Kaliforniyaya, Çinə, hara desən, təki bircə fburdan getsin… tezcə aradan çıxıb əkilsin… mən ona ərə gəlməsəydim, indi bir həsir idi, bir Məmmədnəsir... indi həmin o Trumen ona Kaliforniyadan məktub yazıb… həmin o professor Trumen… bəs necə?!.. Sənə danışdığım həmin o qaniçən Ed-Mirsin və Lourens Ueynin qayınatası... sən bir işə bax ki, gir bir necə həmin gecə elə bil mənə xəbərdarlıq edirdilər: «İki… iki», «İyirmi… iyirmi»... onlar Trumenin qızlarına – iki bacı evlənmişdilər, bəs sən nə bilmişdin?!.. Amma… Ox!.. Alim, centlimen, başa düşürsən?.. Axmaq adamlarla heç bir əlaqəsi yox… çox, çox mədəni, hədsiz ədəbli adamdı… İlahi?!.. Alicənab insan… başa düşürsən?.. Dünya dağıla, əlini qana batırmazdı… həmişə də nazik mahuddan kostyumda, laklı çəkmələrdə… budu yazıb onu ora dəvət eləyir... yazır: «Allah öz səxavəti ilə bu yerlərə bol nemət bəxş eləyib.» …O çox gözəl, zəngin nitqli, savadlı bir adam idi… yazır: «Çıxın gəlin. Bura əsil təbiət xəzinəsidi… Bu yerlərin mənzərəsini, bolluğunu görəndə, tamahın ən qızmar alovları belə sönüb yoxa çıxır… Özü də bu nemətlərə heç əl də dəyməyib. İndi köçüb gəlsəniz, on beş ilə varlı-hallı, dövlətli bir ailə olarsız.» …Onu ora çağırır, başa düşürsən, yazır: «Hər şeyi satın. Nəyiniz varsa, hamısını satın, gəlin.»

    «Hm… – deyirəm… sənin gəlişini gözləməyə səbri çatmır a-a?!..»

    «Hə, - atan deyir, - təzə yerlərdi, darıxır yəqin… Vallah qayıdıb gələcəyəm…» - sonra narahat-narahat üzümə zillənir... «Sən niyə elə dedin ki?..» – deyir...

      …mən daha heç nə demədim… eləcə susub durdum… sonra üzünə baxıb:

- Demək «gəl» deyir sənə, hə?.. Bəs sənin arvadın, uşaqların? Onlar nolacaq? - deyirəm.

     Deyir:

- Əşşi, o məsələlər düzələr... O yazır ki, arvad-uşağını da özünlə götür. Bax, o belə yazır: «Tezcə hər şeyi satıb Elizanı və uşaqları da gətir.

- Mən elə belə də fikirləşirdim!.. Mən elə belə də bilirdim! – deyirəm…

- Nəyi bilirdin?.. - o deyir...

  …mən ona baxıram... dinməz-söyləməz… ona heç nə demədim... deməyinə qalsa çox şey deyə bilərdim… amma onu həyacanlandırmaq istəmirdim… Bala!.. Mən ona demədim, amma bilirdim… mən bilirdim, bu adam... bunu indi deyə bilərəm oğul... «Mən vidalaşmağa gəlmişəm» - atan dedi… və qoy bunu da deyim, oğul… onda sən bir onun üzünü görəydin?!.. O- o!..

- Çox təəssüf ki, çıxıb gedirsiz… – deyirəm ona… - Sizin üçün darıxacağıq... O «hə», - deyib gözümün içinə baxır... elə baxır-elə baxır-elə baxır?!.. Sonra «amma mən təkcə sizin üçün darıxacağam…» - deyir, özü də düz gözümün içinə baxır…

- Nolar, - deyirəm… söhbəti dəyişmək istəyirəm, başa düşürsən?.. - Biz də, - deyirəm, - sizdən ötrü darıxacağıq… amma, - deyirəm… istəyirəm bir təhər onun kefini açam, fikrini dağıdam, başa düşürsən?.. – Ümidvaram ki,  bizi unutmayacaqsınız, bizə məktub yazacaqsınız. Əgər, - deyirəm – ora belə möcüzəli yerdirsə və orda qızıl doğrudan da küçənin otrasında tökülüb qalıbsa, bunu görmək maraqlı olardı. Əgər ora doğrudan belədisə, - deyirəm, - elə mən özüm də orda yaşamaq istəyərdim… tezcə də yığışıb gələrdik.

       O isə:

- Nolar, lap yaxşı, - deyir, - mənim üçün bundan böyük sevinc nə ola bilər ki?..

     …mən isə görürdüm… hər şey gün kimi aydın idi… amma nə edə bilərdim?.. Daha nə deyəydim?.. Atan ora gedəndə o söhbətin üstündən artıq çox illər keçmişdi… özün de, bu boyda axmaqlıq olar?.. Nə vardı, dəli kimi cumurdu ora?..

- Trumeni gördün? - ondan birinci soruşduğum bu oldu.

- Hə, - deyir, - gördüm onu.

Allaha And olsun, onun üzünü görəydin…

- Hə, necədi?.. Nə işlə məşğul olur? – deyirəm… axı mənə də maraqlıdı, başa düşürsən, orda nə var, nə yox.

- Qulaq as, - deyir… sən bir onun üzünü görəydin… - başa düşmədim bu nə deməkdi?.. - deyir. – Gedəndən elə səndən danışır… elə bil ayrı sözü-söhbəti yoxdu. - Hə-ə, - deyir, - yəqin sarsaq qoca vurulub sənə… Allaha and olsun, vurulub.

Mən onda ona heç nə demədim… onu həyəcanlandırmaq istəmirdim… amma, bala!.. Mən bunu onun gözlərindən oxumuşdum… mən hər şeyi bilirdim… bilirdim!.. Allah haqqı bilirdim… ömrümdə bu cür bir yerdə qərar tuta bilməyən adam görməmişdim… eh, qoca Amanda Stivens kişilər barədə elə düzünü deyirdi… bilirsən, bir dəfə o nə dedi?.. Deyirlər, oğlanları Vətəndaş müharibəsinə yollananda… onun axı səkkiz oğlu vardı, bala, hamısı da bir nəfər kimi müharibəyə yollandı… camaat da gedib onu təbrik eləyirdi ki, o fəxr eləməlidi ki, müharibəyə səkkiz oğul yola salıb və sair və ilaxır... yazıq arvad:

- Kimi yola salmışam?.. – deyirdi. – Gecənin bir yarısı mənə bircə kəlmə belə demədən, qaçıb aradan çıxdılar. Məndən olsaydı, hamısını bir nəfər kimi evdə saxlayardım ki, təsərrüfatla məşğul olsunlar.

 - Əlbəttə, o öz yerində – ona deyirlər, - Amma indi onlarla fəxr eləmirsiniz?

 - Fəxr eləmirəm. – deyir, - Burda fəxr eləməli nə var ki, Allah, sən saxla!..

…hə, Amandanın dili acı idi…

 - Onlar hamısı bir bezin qırağıdı!.. – deyirdi. – Bu yaşa çatmışam, hələ yerində beşcə dəqiqə sakit oturan kişi görməmişəm… Elə bil hamısının altında quş başı qalıb…

…düzdü, o hirsliydi ki, uşaqları ona bir kəlmə söz belə demədən aradan çıxmışdılar… fərmanı onun üstünə atıb qaçmışdılar... amma, sənə deyim ki, unikal adam idi… səksən yeddi yaşınacan yaşadı, özü də buz baltası kimi!.. Bir adam xəstələnəydi, ya kiməsə kömək lazım olaydı ha… soyuqda, qarda hara desən, gedəcəkdi, nə lazımdı eləyəcəkdi!.. Amma onun haqqında elə şeylər danışırdılar, o-ho-ho!.. Bax, qulaq as, mən həmişə deyirdim ki, belə sözləri deməyə onun dili gəlməz, camaat nə isə qarışdırır, - deyirdim… amma sən bir özün fikirləş, təsəvvür eləyə bilərsən ki, qadın öz qızına belə desin?.. Deyirəm: «Belə də şey olar?..» Deyirdilər onun qızı Klaris - Con Bercində ərdə olan qızı… həmin o Con Bercində ki, həmişə deyirdim e, ana tərəfdən bizə də uzaq qohum çıxır... bu, həmin o adamdı ki, onu Ed Mirs öldürmüşdü… hələ o dəfə atana da demişdim… atan evə gəlib Melvin Porterlə söhbətlərindən danışanda, ona da dedim…

- Qoy assınlar!.. – deyirəm. – Bu da işdi, sən Allah?!.. Heç nədən də, durduğu yerdə adam öldürərlər?.. – deyirəm, – Bir yığın uşağı… həyatında bir kimsəyə pisliyi dəyməyən xeyirxah, abırlı bir adamı?!.. - deyirəm – Hələ mən bundan alçaq və murdar cinayət eşitməmişəm… Onları dar ağacından asmaq da azdı!..

…Deməli belə… deyilənə görə Klarisanın birinci uşağı toydan yeddi ay sonra anadan oldu… əlbəttə, burda elə bir şey yoxdu… heç kimin, əlbəttə, ağlına da gəlməzdi ki, o özünü düz aparmayıb… amma sonradan, o gündən ki, o ulamağa, hər şeyi olduğu kimi bizə açıb ağlaya-ağlaya danışmağa başlayanda, hamımız elə bildik onun başı xarab olub...

- Nə deyim?!.. – deyirlər həkim deyib, - Uşaq normaldır… hər bir şeyi öz qaydasındadır, amma anası ağlamaqdan əl çəkməsə, onu bir təhər sakitləşdirə bilməsəniz, uşaq yetim qalacaq.

- Yaxşı, mən onu sakitləşdirərəm, - Amanda deyib, - ya da heç olmasa, məsələnin nə yerdə olduğunu öyrənərəm. - Sonra düz Klarisanın yataq otağına gedib, çarpayısının kənarına oturub:

- Mənə bax, - deyib – nolub Allaha şükür, sənə?.. Bu nə axmaqlıqdı eləyirsən?

Qız isə:

- Of!.. - deyib. - Mən xəcalətdən öləcəyəm… - deyib. - Camaatın üzünə baxa bilməyəcəyəm! – və yenə ağlayıb.

- Axı nə olub, bir desənə? – Amanda deyib, - Axı sən neyləmisən belə ki, özünü bu qədər üzürsən?.. – deyib.

 Qız isə:

 - Of!.. – deyib, - Heç nə eləməmişəm… amma axı uşaq vaxtından əvvəl doğulub?!..

- Tfu səni, lənət sənə şeytana!.. – qarı elə beləcə üzünə qayıdıb. – Elə bu?.. Heç səndən belə sarsaqlığı gözləməzdim. Buna görə də adam özünü üzər?.. - deyib.

 Amma qız tutduğundan əl çəkməyib.

- Oy, Allah bilir, hamı deyəcək, mən Cona qədər kiminləsə yatmışam!..

Amanda isə:

- Belə cəhənnəmə, göra desinlər!.. Qoy nə qədər istəyirlər danışsınlar, belə vecinə də alma!.. – deyib. – Sən də onlara deyərsən ki, belə özüm bilərəm!.. Nə istyirəm, onu da eləyirəm!..

 Deyirlər, qarı ona belə məsləhət verib... mənimsə yadımdadı, bütün bunları atana danışanda o:

- İlahi!.. – dedi. – Dünyasında belə şey ola bilməz!.. O heç vaxt qıza elə deməz!.. Kim də olmasa, sən ki, yaxşı bilirsən?!..

Amma düzü, belə danışırdılar...

 

 

                              ***

 

 

…Hə... harda qalmışdhım?.. Hə, deməli atana dedim «Sən heç hara getməyəcəksən!..» O da gördü ki, əl çəkməyəcəyəm, axırda razı oldu… amma deyirəm, avaraçılıq onun qanındaydı da…. hara gəldi - Kaliforniyaya, ya Çinə çıxıb getmək həvəsi!.. Yox, sən bir özün de, bunu necə başa düşmək olar?.. Ömrünün axırına qədər də çinlilərlə düşmənçilik aparmaqdan əl çəkmirdi... indiki kimi yadımdadı… bu, çox-çox sonralar olmuşdu... gərək ki, sənin də yadında ola axı?!.. Çünki onda sən də bizimləydin... amma yox, deyəsən, səhv eləmirəmsə, onda sən kollecdəydin… müharibənin qurtarmağına bircə il qalmışdı… və biz hamılıqla – Lyuk, Ben və mən onunla getdik... axır vaxtlar Ben haqqında tez-tez fikirləşirəm… yazıq uşaq… hamımız gözləyirdik ki, mister Qant bu gün-sabah öləcək, amma o beş il də yaşadı… Benin isə ömrü az oldu... Benin!.. Bizim ağlımıza da gələ bilməzdi ki, bu, Benin başına gələcək… onu bircə ildən sonra torpağa basdırdıq… Sən bir işə bax ki, o andıraqalmış xərçəng içini yeyəndə atan fındıq kimi idi!.. Ay allah! O yaramaz xəstəlik bütün şirəsini sorub bədəninə kök atan vaxtlar belə... həkimi Ueyd Eliot deyirdi:

- Başa düşə bilmirəm, o nəyin hesabına yaşayır?!.. Heç cür deyir, - ağlıma da gəlməzdi ki, axırıncı görüşümüzdən sonra onu bir də görəcəyəm. – deyir – Bu, doğrudan, fövqəladəlikdi!.. Hələ həyatım boyu, - deyir – buna bənzər bir şey görməmişəm.

- Yenə də olsun, - deyirəm, - yəqin ki, bu haqda dəqiq bir fikriniz olmamış olmaz. Siz, - deyirəm, - məşhur həkimsiniz, minlərlə adamı sağaldıb ayağa qaldırmısınız, bu dünyada bilmədiyiniz bir şey yoxdur. …ondan söz almaq istəyirdim, başa düşürsən?.. Bilmək istəyirdim bu işdən nə baş açır… – Yəqin ki, - deyirəm – sizin də bu barədə bir rəyiniz olmamış deyil, doktor Eliot, hə?.. Elədirsə, - deyirəm, - onu mən də bilmək istəyirəm! Ailəsinin hər şeyi bilməyə ixtiyarı var. - deyirəm. – Özü də ən pis tərəfini bilmək istəyirəm. O nə qədər yaşayacaq?.. - deyirəm və düz onun gözünün içinə baxıram… o da, atam balası, bir qaqqanaq çəkib güldü ki, gəd görəsən!..

- Yaşayacaq!.. – dedi. – Çox güman ki, hər ikimizdən çox yaşayacaq!..

…Sənə deyim o səhv eləməmişdi… budu bax, o cür bir adam… gözəl, təravətli bir kişi… adama elə gəlirdi, dünya dağılsa belə, ona heç nə olmayacaq... Vudro Ailsin özünün üstünə çağrılan həkim və sair və ilaxır… deyirlər, minlərlə adamı ölümdən qurtarıb… amma, bax, öz əcəli gələndə, heç nə eləyə bilmədi… onu ölümdən qurtarmaq üçün bütün mümkün və qeyri mümkün işlərə əl atdılar… xoruz səsi eşitməyən dava-dərman tapdırdılar… amma nə faydası!?.. Ölüb getdi… atandan ikicə il çox yaşadı… bu barədə qəzetdə oxuyanda, yadımdadı, Makqayrada dedim:

- Bu, onu göstərir ki, - deyirəm, - əcəlin ki, çatdı, heç nəyin köməyi olmayacaq... bilmirəm, - deyirəm, - siz buna necə baxırsız, amma mən çoxdan başa düşürəm ki, burda nə isə ilahi bir qüvvə var… və əgər o bizi çağırırsa, - deyirəm, - həkimlər öz yerində, getmək isə lazımdı…

– Hə, - deyir, - siz tamamilə haqlısız. Burda nə isə - deyir, bizə məlum olmayan məsələlər var…

…və sən bir işə bax ki, demə, özünün də bircə il ömrü qalıbmış… içib kefləndi və öldü... dərddən, başa düşürsən?.. O qadın ki, elə elədi... hələ xəstəxanadakı o zənci… Lyuk danışırdı ki, səhər tezdən əməliyyat olunmalıymış, amma o gecədən xeyli keçmiş gəlibmiş… deyirlər, o qədər içibmiş ki, ayaq üstə dayana bilmirmiş… pilləkənlərlə qoca ayı kimi yumbalanırmış… həmin o zənci də məcbur olub, onu buz kimi soyuq suyla dolu vannaya sala… ordan da sürüyüb çarpayısına uzada… deyirlər, axır vaxtlar o tez-tez o günə düşürdü...

…Hə, harda qaldım?.. Demək, Eliot həkim deyirdi, «heç nə başa düşə bilmirəm… bilə bilmirəm o nəyin hesabına yaşayır?!.. – deyir. - Hər halda yaşayır. Odu ki, şəkk gətirmək, nəyisə əvvəlcədən yozmaq istəmirəm. Bu adam insan deyil, - deyir, - dörd adamın əvəzidi, – deyir – bu gün üçün onun həyat enerjisi birlikdə sizin hamınızdan çoxdu».

…onun sözü düpbədüz çıxdı, bala… o axırıncı günəcən o qədər yeyirdi, o qədər yeyirdi… onun o yediyini kim yesəydi, yerində qalardı… bax, deyim: iki düjün çiy dəniz ilbizi, üstündən qızardılmış bütöv toyuq, üstündən alma piroqu, üstündən iki, ya üç qəhvədən qəhvə… ay başına dönüm?!.. Neçə  dəfə bax bu gözlərimlə görmüşəm!.. Cürbəcür tərəvəz, şirin kartof, qarğıdalı, sütül lobya, şomu… bir sözlə, dünyada nə varsa hamısından... düzdü, doktor Eliot sözün düzünü dedi… həkim kimi boynuna aldı ki, onun bu halını başa düşmür…

- Amma qulaq asın, - deyirdi, – xəstəxanada yatanacan ona yaxşı qulluq eləyin. İstəyirəm, bizə gələnəcən özünü qaydaya salsın. – deyir. - Gözdə-qulaqda olun ki, özünü əməlli aparsın, içməsin.

 - Hə, - deyirəm, - narahat olmayın, hər şey öz qaydasında olacaq. O söz verib axı?!.. Biz də çalışarıq. Yaxşı, - deyirəm, - ona nə yemək olar?.. Onu pəhrizə salaq?.. Ona dəniz ilbizi olar?.. – soruşuram.

O gülüb:

- Mən deyərdim ki, xəstə üçün bu, çox qəribə pəhrizdi. – deyir

- Bilirsiniz, – deyirəm, – o onları yaman xoşlayır. Ölür dəniz ilbizi üçün, - deyirəm, - oturub-durur, uşaq vaxtı onları düjünlə, qabığının içindən yediyindən danışır... Burda ürəyi istəyəni yeyəcəyi üçün elə sevinirdi ki… - deyirəm, - onun qanını qaraltmaq istəmirəm.

- Di yaxşı, - Ueyd gülə-gülə dedi, – qoy nə istəyir yesin. Heç nə olmaz ona, amma, bura bax! – deyib ciddiləşdi, qaşqabağını töküb üzümə zilləndi. – Məni onun nə yediyindən çox, nə içdiyi narahat eləyir. İçməyə ona heç nə verməyin. Mən, - deyir, – ona içkini tərgitməklə məşğul olmaq istəmirəm. Onun canına, – deyir, – Allah qorxusu yeritmək lazımdı. Sizə arxayınam, - deyir, - bunu bacararsız. Ona deyin, - deyir, - bir də içsə, evə çətin sağ qayıda. Deyin, bu şəxsən mənin sözlərimdi.

Mən Ueyd Eliotun sözlərini ona çatdırdım.

- Sənə dəniz ilbizi olar, - deyirəm, - o dedi ki, qoy nə qədər istəyir. yesin, amma deyir bir gilə də dilinə içki dəyməməlidi, yoxsa evə meyidi gəlib çıxacaq…

- İlahi, missis Qant! – atan deyir. - Sən nə danışırsan?.. Bu halımda içmək mənim harama yaraşır?.. Mən heç elə şey eləyə bilərəm?.. Kim mənə bircə qədəh belə təklif eləsə ha, onu pəncərədən çölə tulazlayaram. O zəhrimarın rəngindən ödüm ağzıma gəlir. O, mənə beləcə söz verdi və biz hamımız ona inandıq… indi necədi səninçün, bala, bu söhbətin elə səhərisi günü o içdi... evə də gecənin bir yarısı - saat ikidə gəlib çıxdı… elə sərxoş idi ki, dili söz tutmurdu… yazıq arvada lap ürəyim ağrıdı… bir özün fikirləş… biz həmin o missis Barretin evində qalırdıq… düz xəstəxanayla üzbəüz… çox yaxşı, nurlu bir qadın idi… özü də Allah adamı... tək başını dolandırırdı… üstəlik bir qız uşağı da saxlayırdı… onun əri ayrı birisinə qoşulub qaçmışdı axı?!.. Atan isə, bir də gördük, gecənin bir aləmi elə qışqırıb ağlayır?!.. Nə isə… bütün ev oyandı… hamı yerindən dik atılıb bir-birinə qarışdı... missis Barret qapımızı, az qala əllərini sındıra-sındıra döyürdü… tir-tir titrəyirdi yazıq...

- Bu nədi belə, missis Qant, - deyir, - siz Allah, sakitləşdirin onu… yoxsa, o mənim axırıma çıxacaq… aparın onu burdan, - deyir, - əgər bir kəsin qulağına bir söz çatsa, biabır olacağam…

…uşaqları isə çardağa göndərmişdi… onlar da orda meymun kimi dinməzcə oturmuşdular… camaatsa dəhlizlərdə pıç-pıç pıçıldaşırdılar... Ben atana görə elə xəcalət çəkirdi, elə utanırdı...

- Ona elə də lazımdı, - deyirdi, - qoy ölsün. O ki, özünü belə aparır, ona heç yazığım da gəlmir.

…şüşəni həmin dəqiqə əlindən aldım… onu yarıyacan boşaldıb cibinə qoymuşdu… üstündən heç beşcə dəqiqə keçməmişdi ki, o yenə «viski!..» deyib dad eləməyə başladı…

- Yox, atam, - deyirəm ona, - daha bir gilə də olmaz!.. Nəzərə al ki, - deyirəm, - xəstəsən… əgər bu zəhrimarı atmasan, evə sağ qayıtmayacaqsan…

…onunsa dünya vecinə deyildi...

- Bu boyda əziyyətə dözməkdənsə, - deyir, - birdəfəlik ölmək yaxşıdı…

…səhər-axşam qışqırıb içki tələb eləyirdi… bizsə vermirdik… özüylə gətirdiyi şüşəni də dibinəcən boşaltmışdım… bir az keçmişdi ki, axır ki, yuxuladı… onda pal-paltarını yığışdırıb sandığa basdım ki, daha evdən çıxa bilməsin... o gecə o, düz səhər saat onacan yatdı... oyananda, elə bil özünə gəlmişdi… amma səhər yeməyi yemək istəmədi, dedi ki, boğazından keçmir… onda ona tünd, qaynar kofe verdim… missis Barret onun üçün qəhvəni yuxarı gətirdi... yaxşı qadın idi yazıq… mehriban, xeyirxah… bir sözlə, əsil xaçpərəst… atan da dünənkinə görə ondan üzr istədi... istədik onu ayağa qaldırıb özümüzlə aparaq… qəlyanaltıxanaya getməyə hazırlaşırdıq… axı heç birimiz nahar eləməmidik?!.. O isə:

- Yox, - deyir, - ayağa qalxmağa hövsələm yoxdu… siz gedin, çörəyinizi yeyin.

…bilirdim ki, viskisi yoxdu… hamısını boşaltmışdım axı?!.. Küçəyə də çıxa bilməzdi, çünki pal-paltarı bağlıda idi... odu ki, fikirləşdim, eybi yoxdu, onu bir az tək qoymaq olar… biz də rahatca gedib nahar elədik… bircə saat keçmişdi… qayıdıb görürük nə?.. O yenə çarpayıya tirlənib dəli kimi mahnı oxuyur...

- Bu nə olan şeydi, ana?.. - Ben deyir, - Axı sən dedin şüşəni ondan alıb boşaltmısan?..

- Hə də, - deyirəm.

- Deməli, onda biri də varmış… sən onu tapmamısan. - deyir, - O biz gedəndən sonra yenə içib.

- Belə, - deyirəm, - əgər onun içməyə bir şeyi vardısa, deməli biz nahar eləyənəcən onun axırına çıxıb. Amma axı biz nahar eləməyə gedəndə, onda heç nə yox idi?!.. Biz gedəndə, dəqiq heç nə yox idi… mən evi başdan-ayağa… hər künc-bucağınacan axtarmışdım… nəyə deyirsən and içim, - deyirəm, - burda viski yox idi.

- Onda deməli kimsə ona verib. - Ben deyir. - Öyrənərəm görüm, bunu kim eləyib. Gəl, missis Barretdən soruşaq, görək onun yanına gəlib-gedən olmayıb?..

 - Bax, - deyirəm, - bu, düz sözdü.

…biz birlikdə aşağı düşüb missis Barretdən soruşduq ki, onun yanına gəlib eləyən olmayıb?

- Yox. – o deyir, - siz gələnəcən bircə nəfər belə bura ayaq basmayıb. Bayaqdan güdürdüm, - deyir, - gələn olsaydı, görərdim.

- Qəribədi… - deyirəm, - çox qəribə işdi… amma eybi yox, mən yerin dibindən də olsa, öyrənəcəyəm məsələ nə yerdədi. Gedəyin, uşaqlar, - Lyukla Benə deyirəm, - öyrənərik bu nə möcüzədi, bu nə hoqqadı bu başımıza açır...

…biz onun yanına, otağa qalxdıq və nə görsək yaxşıdı?.. Necədi səninçün?.. Biz aşağıda olanacan o, fürsəti fövtə verməyib… hələ bir az da üstünə gəlib… üzünə baxan kimi başa düşdüm… Mitil kimi sərilib çarpayısına… yaxınına gəlib:

 - Bura bax, - deyirəm, - bu viskiləri hardan eşib çıxardırsan?.. Bilmək istəyirəm, onu sənə kim gətirir?

 - Kim?.. Mən?.. – deyir, - dili də söz tutmur. - Nə danışırsan, uşaqsan, nəsən?.. Sən ki, məni tanıyırsan, - deyir – mən bir gilə belə vurmaram dilimə.

…özü də əl-qol atıb ha qucaqlamaq istəyir məni... biz hər ehtimala qarşı bütün dəlmə-deşiyi bir də axtarmağa başladıq… mən də, uşaqlar da… bütün otağı ələk-vələk elədik və heç nə tapa bilmədik… çünki orda heç nə yox idi… olsaydı, biz onu o dəqiqə tapardıq… mən çox fikirləşdim, ürəyimdə ço götür-qoy elədim və birdən ağlıma gəldi… bilmirəm, niyə bu, əvvəllər mənim ağlıma gəlmirdi?..

- Gedəyin, uşaqlar, - dedim uşaqlara, özü də göz vura-vura… başa düşürsən?.. - Gedək, şəhəri gəzək. – deyirəm. - Siz isə, mister Qant, - deyirəm, - hazır olun, biz bir saata qayıdacağıq və saat üçdə sizi xəstəxanaya aparacağıq.

o da əlbəttə ki, sevindi… ona da bu lazım idi….

- Gedin, gedin… - deyir… axı istədiyi odu ki, tək qalıb bir az da içsin…

- Yaxşı, biz gedirik. - dedik və dəhlizi aşıb mənim otağıma keçdik… mən uşaqları içəri salıb qapını ehmallıca bağladım.

- Ana! – Lyuk özündən çıxdı. – Sən neyləyirsən?.. Belə içmiş vəziyyətdə onu tək qoyub getmək olar?.. - deyir. - Yenə bir yerdən viski tapıb içəcək. Mən razıyam oturub səhər-axşam onun qarovulunu çəkim, təki o daha isməsin.

- Ts-s-s, - deyirəm, - sən bir səbrini bas, gözlə.

- Nəyi?.. – o deyir. – Nəyi gözləyim?..

- Niyə belə dilbilməzsən?.. – deyirəm. – Tfu!.. O qədər hirsliydim ki, əvvəl qoca əyyaş Qos Tolli heç yadıma belə düşmədi... axı o hərdən bir bizim evdə qonaq qalırdı… o vaxtlar o, Cənubi Karolinadan, Senekadan, sənin  atanın xəstəliyi kimi azarla gəlib qonşu otaqda yaşayırdı… Xopkinsdə yer gözləyirdi... hə… belə… demə, bülbüllər cütləşib yanbayan uzana-uzana vururmuşlar özləriyçün.

- Bax, odu ona içki daşıyan, - deyirəm, - qoca yaramaz Qas Tolli.

- Əclafın biri əclaf!.. - Lyuk deyir, - İndi gedib onun başını yerindən qopardacağam… – çıxmaq istəyəndə:

- Dayan bir görüm, - deyirəm, - bircə dəqiqə səbr elə. Mən özüm onun öhdəsindən gələrəm.

…biz gözləməyə başladıq… və özüdü ki, var… heç beşcə dəqiqə keçməmişdi ki, bir də gördü, atanın qapısı astaca açıldı… və o, dəhlizə çıxdı… sonra eşidirik, Qas Tollinin qapısını döyür… Qas Tolli: «Getdilər?» - deyir… bizsə gözlədik ki, o, qapını bağlasın… qapı bağlanan kimi, mən özümü ora atdım və qapını döydüm… indi Qas qapının o üzündən soruşur:

- Kimdi orda?..

- Qapını açın, - deyirəm, - onda görərsiz.

O qapını açıb binəva quzu sifəti ilə mənə zilləndi:

- A-a, bu sizsiz, missis Qant?.. – deyir. – Mən isə elə bilirəm, siz şəhərə getmisiniz.

- Hə-ə, nədi, - deyirəm, - yamanca yaxalandız a-a?!..

 O isə:

- Mister Qant da burdadı… – deyir… özü də belə incə, mülayim səslə, - burda bir balaca söhbətimiz vardı...

- Hə, - deyirəm, - amma mənə elə gəlir, sizin söhbətdən başqa daha nəyinizsə də vardı... Əgər söhbətlə çox məşğul olmusunuzsa, onda söhbətiniz yaman tünd olub. O söhbətdən sonra ağzınızdan da elə iy gəlir ki, qapının ağzından vurur adamı.

…of, bilirsən, nə dəhşətdi?.. O covdar viskisinin elə kəskin iyi olur, adam istəyir başını tutub qaça…

 - Elə mən də - deyirəm, - ömrüm boyu söhbət eləyirəm… amma nədənsə, heç vaxt bu kökə düşmürəm.

- Hə, - Lyuk deyir, - budu, bax, hələ aranızda bir şüşəlik söhbət də stolun üstündə durub.

…biz içəri girib onun üstünə hücum çəkdik… o isə… sən adamda həyasızlığın dərəcəsinə bir bax… stolun arxasında oturub litrlik şüşədən yenə özünə viski süzməyə hazırlaşır...

…əgər baxışın insanı öldürmək gücü olsaydı, biz hamımız dayandığımız yerdəcə öləcəkdik… onun o cür acıqlı, sərt baxışını ömründə görməmisən... bizi ağzına gələn üçmərtəbəli sbyüşlərlə söyməyə başladı... məş şüşəni ondan aldım… o isə xahiş eləyirdi ki, heç olmasa, bircə qurtum da verim ona...

- Yox, atam, - deyirəm, - sən xəstəxanaya getməlisən… Özü də bu dəqiqə getməlisən.

…bax beləcə… biz bircə dəqiqə belə gəzməyə gedə bilmirdik… mən bilirdim ki, onunla ayrı cür mümkün deyil… bu hala düşdüyünü birinci dəfə görmürdüm ki?!.. Bilirdim ki, onu aparmasaq, axtarıb yerin dibindən də olsa, yenə içki tapacaq… Lyuk dedi:

- Ya sən özün gedəcəksən, ya da səni sürüyüb aparacağam. Ben də mənə kömək eləyəcək.

 Ben isə:

- Cəhənnəm olsun!.. Mən onu tanımaq belə istəmirəm.!.. – deyir. -  Qoy nə istəyir eləsin.

- İndi ki, belədi, - Lyuk deyir, - bu adam həyatı boyu özündən başqa heç kimin haqqında fikirləşməyib. Odu ki, onun ölməyi məni heç maraqlandırmır. Mən, - deyir, - bu səfərimiz barədə nələr fikirləşdirdim, deyirdim heç olmasa, bir az da gəzib dolanarıq… o isə hər şeyi korladı!.. Üstəlik də biabır elədi bizi. Həvəsin varsa, onunla özün məşğul ol, məndən isə əl çək!..

…uşağın qəlbinə toxunmuşdu... yazıq bu səfərə o qədər hazırlaşırdı ki… pul yığmışdı, özünə təzə kostyum tikdirmişdi… atan da bu hoqqaları çıxardı, hamımızın boyunu yerə soxdu… fikirləşirdik, onu xəstəxanaya qoyub bir az gəzərik, şəhərə baxarıq… ay-hay!.. Elə hoqqalar çıxarırdı ki, onun keşiyini çəkmək üçün bütöv bir qoşun lazım idi...

      …əvvəla o, xəstəxanaya getmək istəmirdi… amma onu da başa düşürdü ki, biz dediyimizdən əl çəkməyəcəyik, odu ki, razılaşdı. Lyuku da göturub otağına getdik… mən onun kostyumunu soyundurub pijama geyindirdik… xəstəxanaya aparılacaq ayın-oyunu yığmağa başladım… gecəköynəkləri, xələt, başmaqlar, bir də başqa xəm-xırt… bir də baxıb görürəm, təmiz köynəyi yoxdu… əynindəki də o qədər kirlidi ki, o cür yollamaq ayıbdı… onu da bilirdim ki, ona oturmağa icazə verəndə, mütləq  köynək lazım olacaq…

   - Hanı sənin köynəklərin?.. – deyirəm ona. – Onları neyləmisən?.. Yadımdadı, beşini qoymuşdum çemodana… o qədər köynəyi itirə bilməzdin axı?!.. – deyirəm. - Hanı onlar?..

  - «Onları çırpışdırdılar… çırpışdırdılar onları – deyir… özü də belə ağlaya-ağlaya deyir… sonra yenə dəlilik eləməyə başlayır... - Boğazınızda qalsın!.. - qışqırır. - Onlar məni talan etdilər!.. Axırıma çıxdılar!.. Qanımı içdilər!.. Qoy… qoy axırıma çıxıb öldürsünlər məni!.. – deyə bağırır.

   - Sən nə danışırsan? – deyirəm. – Onlar, yəni kim?..

   - Necə kim, ay arvad?.. – çığırır. – Camaşırxanası olan çinliləri deyirəm!..

   - Bu nə danışır?.. - Lyuk deyir. - Köynəkləri özüm aparmışdım ora… Düz bir həftə bundan qabaq.  Elə bilirdim o onları çoxdan götürüb ordan…

    - Eybi yox, - deyirəm, - indi gedib götürərik. Onu bu əyin-başla xəstəxanaya yollamaq olmaz axı?!.. Biabırçılıqdı!..

O da o dəqiqə sevincək oldu:

- Gedin, - deyir, - düz eləyirsiz… mən də sizin gəlişiniz üçün hazırlaşaram, - başa düşdün də?.. Yenə tək qalıb içmək istəyir...

Dedim:

- Yox, əzizim, keçmiş ola… bu dəfə bir yerdə gedəcəyik.

…nə isə… sözüm onda yox, bir təhər yola düşdük axır... o, Lyukla qabaqca çıxdı, Ben isə məni gözlədi… Ben çox qürurdu idi, ona kömək eləmək istəmirdi…

- Çemodanı götürüb anamla gələrəm, - dedi, - istəmirəm məni onunla görsünlər.

- Niyə ki? - Lyuk deyir. - Hər nədi, sənin də, mənim də atamdı… Niyə axı ona görə utanırsan?

- Pah!.. «Atamdı!..» Bilmirsən niyə utanıram?.. - Ben deyir… elə belə də dedi… – İstəmirəm belə kimsə bilsin ki, belə bir adamla tanışlığım var. Elə bilmə ki, - deyir, – sənə kömək eləməyəcəyəm. Nə lazımdısa, mən hazır!..

…nə isə… biz küçəyə çıxıb camaşırxanaya yollandıq... camaşırxana xəstəxanadan bir-iki məhəllə şimal tərəfdə – küçənin qurtaracağındakı köhnə kərpic binada yerləşirdi… içəri girib gördük iki çinli canfəşanlıqla ütü çəkirlər...

- Olsun ki, buradı. - deyirəm.

- Buradı-buradı. – Lyuk deyir. – Köynəkləri gətirib bura vermişəm.

İçəri girəndə, çinlinin biri atana: «sizi eşidirəm» - deyir.

- Eşidirəm?.. – atan deyir. – Köynəklərimi bura ver, görüm!..

- Buyurun. - çinli deyir. – Qaps verin. – deyib durur…

…bizim mister Qant da, əlbəttə ki, içib… ayaq üstə güclə dayanır, heç nə də başa düşmür… çinli elə bunu demişdi, əsəbiləşib özündən çıxdı…

- Lənətə gəlsin sənin o qapsın!.. Mənə qaps-zad lazım deyil!.. Köynəyimi ver!..

- Bura bax, dayan bir görüm, - deyirəm, - sakit ol. Özüm danışaram onunla. Köynəklər burdadırsa, narahat olma, onları ondan alacağam. – deyirəm… özüm də fikirləşirəm ki, dilini bilməsəm də, bu çinli ilə bir təhər dil taparam…

- Hə, -deyirəm və belə yavaşca göz vururam, - siz yaxşısı budu, məni bir başa salın görüm nə istəyirsiz.

O isə yenə tutduğundan əl çəkmir, elə:

- Qaps!.. Qaps!.. – deyib durur.

Hə… - özlüyümdə fikirləşirəm, belə baxanda, elə bil ağıllı başlı adamdı, görən bu «qaps» dediyi ilə nə istyir?.. Bunu başa düşə bilmirəm…

- Hə-ə, - deyirəm, - deyəsən anlamağa başlayıram. Yəqin demək istəyirsiz ki, onlar hələ yuyulmayıb?.. – özüm də fikirləşirəm ki, olsun ki, hələ hazır deyil… amma sonra da fikirləşirəm ki, ola bilməz axı?!.. Onların ki, bir həftə vaxtları vardı?!.. O boyda vaxt onların xirtdəyinəcən bəsləridi… bu məqam o özü yenə:

- Yox-yox, qaps!.. Qaps!.. – deyir, sonra çönüb o birinə nə isə deyir və onlar hər ikisi bizə yaxınlaşıb öz dillərində nəisə cükküldəyib quqquldamağa başlayırlar…

- Demək belə!.. – atan deyir,- bu dəqiqə bütün bu mərəkəyə son qoyacağam!.. O bir Allaha and olsun ki, qoyacağam!.. Deyəsən, bunlar məni aciz avaranın biri hesab edirlər…

- Bura bir bax, - deyirəm ona, - sakit ol, mister Qant. İndi hər şeyi aydınlaşdıracağam. K.ynəklər burdadısa, alacağam.

…yazıq çinlilər də öz aralarında elə nə isə danışıd bir-biriylə mübahisə edirlər… elə bil biri o birinə deyir ki, biz onların nə dediyini başa düşmürük… çünki gördüm əl atıb qutudan balaca bir kağız parçası çıxartdı... mənsə, Lyuka deyirəm: «elə bil toyuq yumurtlayıb bu kağızın üstündə»... barmağıyla göstərə-göstrərə, başa düşürsən?.. Elə:

- Qaps, qaps... – deyib dad eləyir.

Mənə isə birdən çatdı...

- Hə-ə-ə?!.. - deyib qışqırıram... Allaha şükür, başa düşdüm də nəhayət o nəyi deyir... bunu niyə əvvəlcədən anlamamışdım, başa düşə bilmirəm... - Əlbəttə!.. – deyirəm. – Qəbz!.. O bunu demək istəyir...

- Bəli-bəli... – çinli sevincək deyir və baxıram, hırıldayır... dişlərini ağardır... yəni ki, şükür Allaha, axır ki, başa düşdünüz...

-  Hə də, - deyib ona göz vururam, - özüdü ki, var, Qaps.

...atandı da-a... bir hay-küy qopartmışdı ki, gəl görəsən!.. məni çaşdırmışdı, başa düşürsən?.. Odu ki, əvvəl-əvvəl dəqiqə başa düşmədim məsələ nə yerdədi...

    - Mənə bax, mister Qant, - deyirəm ona, -  eşidirsən?.. Deyir qəbzi  sənə verib, indi ona baxmaq istəyir.

    - Məndə heç bir qəbz-zad yoxdu, - atan deyir, - mənə köynək lazımdı!..

    - Elə şey yoxdu. Mütləq qəbz olmalıdı. - deyirəm, - Neyləmisən onu?.. İtirə bilməzdin axı?!..

   - Məndə heç nə yoxdu və olmayıb. – ohəyasızcasına deyir.

    - Necə yəni yoxdu?!.. – Lyuk özündən çıxdı. – Axı mənim yaxşı yadımdadı?!.. Onu özüm ona vermişdim. Sənə gətirdiyim qəbzi neyləmisən?.. Hanı o?.. De görüm! De də!..» - deyir, özü də silkələyir onu... başa düşürsən?.. Uşağın hövsələsi lap daralıb... onun bu heyvərəliyindən qanı qaramışdı... – Hə, cavab ver!.. Niyə balbas kimi susurb durmusan?.. Hanı qəbz, səni lənətə gələsən!..

   ...biz onu əynində nəyi vardısa, eşələyib axtardıq... amma qəbzi tapmadıq... o orda yox idi...

    - Olsun ki, - indi çinliyə deyirəm, - mister Qant qəbzi hardasa gizlədib və yadından çıxarıb... amma sizə deyim, neyləmək lazımdı. Siz o köynəkləri bizə verin, mən qəbzi tapan kimi gətirərəm.

     ...başını bişirmək istəyirəm onun, başa düşürsən?.. O isə «siz nə danışırsız?.. Yox-yox, heç vaxt belə şey eleyə bilməz!..»- deyir və yenə öz dilində nə isə doğrayıb-tökməyə başlayır... olsun, demək istəyir ki, bilmir bizim köynəklər hardadı və əgər biz qəbzi gətirməsək, onları heç cür tapıb bizə verə bilməz... elə bu vaxt... atam balası, başlandı... atam onun xirtdəyindən yapışıb:

   - Öldürəcəyəm!.. – deyə dəli kimi bağırmağa başladı. - Səni, lənətə gələsən!.. – özü də istəyir onu piştaxtanın üstündən vursun... başa düşürsən?.. - Əclaf köpək oğlu!.. – deyir. - Axırıma çıxdın axır ki!.. Çərlədib öldürdün məni!.. Amma, yo...ox, ölməmişdən əvvəl səni öldürəcəyəm!.. - deyir, - səni də özümlə aparacağam!..

     ...Benlə Lyuk qollarından yapışıb onu bir təhər qırağa çəkdilər... amma iş-işdən keçmişdi... o biri çinli qışqırıb ulaya-ulaya küçəyə qaçdı... bir də gördük, budu, polislə qayıdır...

   - Bu nə deməkdir?.. – polis soruşur. – Burda nə baş verib?.. - hamımıza baxa-baxa deyir.

    - Onlar məni soyublar, - atan deyir, - yaramaz qaniçən vəhşilər!.. İndi də öz aralarında sövdələşirlər ki, axırıma çıxsınlar!..

     ...biz onu saxlamasaydıq, o bizim hamımızı bada verəcəkdi... Lyuk onu dümsükləyib:

   - Bura bax, - dedi, - nə qədər zibilə düşməmisən, səsini kəs. Bəsdi hay-küy saldın.

     Mən isə deyirəm:

   - Yox, düzdür, hörmətli cənab, onunla bir az siyasətlə danışmaq lazımdı. Bilirsiz, burda bir balaca anlaşılmazlıq oldu, amma indi hər şey öz qaydasındadı.

   - «Nolub axı?.. – o yenə soruşur.

   - Biz ərimi bura, xəstəxanaya gətirmişik, - deyirəm... ona bildirmək lazım idi ki, atan xəstədi, başa düşürsən?.. – bura dəydik ki, yuyulmağa verdiyimiz köynəkləri götürək.

     - İndi bəs noldu ki?.. – o deyir. – Onları sizə vermirlər?..

    - Bilirsiniz, - deyirəm, - onlar guya ki, qəbzi mister Qanta veriblər, o da yəqin harasa qoyub. Bir sözlə, biz hələ ki, onu tapa bilmirik. Köynəklər isə burdadı, - deyirəm, - onlar hardasa, buralarda olmalıdı... oğlum özü onları keçən həftə bura təhvil verib.

...onda o, Lyuku başdan ayağa süzdü... və sənə deyim ki, uşaq o gün doğrudan yaraşıqlı görkəmdə idi... belə səliqəli, dənizçi geyimində... onda Norfolkdan ona məzuniyyət vermişdilər ki, evinə getsin, başa düşürsən?.. Missis Barret də deyirdi «Gözəl oğlunuz var. Bilirsiniz, ona baxmaqdan adam zövq alır. Adama elə gəlir, nə qədər ki, belə uşaqlar vətənin keşiyini çəkir, heç bir təhlükə qorxulu deyil...»

Lyuk isə:

 - Bəli-bəli, karitan, - deyir... bilirsən, onu qəsdən belə çağırır... istəyir xoşuna gəlsin... - hər şey öz qaydasındadı, - deyir, - onları mən özüm bura təhvil vermişdim. Ola bilsin, atam təsadüfən harasa qoyub.

- Belə. - polis deyir. – Siz köynəkləri üzdən tanıya bilərsiz?..

- İlahi?!.. – deyirəm. – Onları necə tanımamaq olar?!.. Mən onları qaranlıqda da tanıyaram!.. Ölçüsünü öz əllərimlə təyin eləyə bilərəm. Siz bir özünüz fikirləşin, - deyirəm, özüm də düz gözünün içinə baxıram... deyirəm, - bu camaşırxanada bu boyda adamın əyninə tapılan ayrı köynək ola bilərmi?..

...polis mənim bu sözümdən sonra atana baxıb gülməyə başladı...

- Hə, - deyir, - siz haqlısınız. Yaxşı, mən sizə deyim, neyləyin. – deyir. - Keçin içəri, köynəkləri özünüz tapın, mən isə, - deyir, - siz axtaranacan burda dayanaram.

...biz elə də elədik... mən piştaxtanın arxasına keçdim... o isə, mən köynəkləri tapanacan, yerindəcə dayanıb gözlədi.

- Tapdım!.. Budur onlar!.. – qışqırıram... onları lap altdan tapıb çıxartdım... ox!.. ...onları tapanacan, azı əlli bağlama açdım... sənə deyim, bu çinlilər mənim də xoşuma gəlmədilər... bizə əyri-əyri baxdılar... ux!.. Belə acıqlı-acıqlı... əgər o polis keşiyimizi çəkməyə qalmasaydı, onda, özüm ölüm, bizi bir təhər eləyəcəkdilər... bir Allah bilir, bu adamların əlindən nə gələr... özü də atan onların üstünə atılıb o cür ki, hay-küy salmışdı...

 

***

 

...yadımdadı, atanı aparıb xəstəxanaya salandan sonra Lyuka dedim:

 - Bilirsən, nə var?.. – deyirəm. - Ordan ki, sağsalamat çıxdıq, böyük işdi. Onların gözü heç xoşuma gəlmədi, tüklərin biz-biz durdu!

 - Hə, - deyir, - mənim də.

 - Bilirsən, bala, - deyirəm, - bu, atanın çoxdankı xasiyyətidi... özü də o bircə Allaha and olsun ki, burda nə isə, bizim bilmədiyimiz haqq-hesab var...

...bir vaxtlar bunu Ambroz Reydikerə də... hələ lap çoxdannan, onun elə öz salonunda da demişdim...

- İşə bax, sən Allah... - deyir. – Onun o tutması ki, tutdu ha, adam bilmir başını hara soxsun!.. Bilmirsən, o özünə gəlincə, neyləyəsən.

Mən isə:

- Deyərəm, neyləmək lazımdı, - deyirəm, - yalvarsa da ona çaxır verməyin. Necə deyərlər - işini pirli tut, qonşunu oğru bilmə. - deyirəm.

- Bax, bu düz sözdü. - deyir.

- Axı niyə, - deyirəm – siz buna dözməlisiniz?.. İstəmədiyiniz bir şeydən boyun qaçırmağa gücünüz çatmır, nədi?.. - deyirəm, - Axı mən bilirəm, siz çox ağıllı adamsınız?!..

 - Axı, mən neyləyə bilərəm?.. - soruşur.

 - Bax, indi o bura çaxıra gəlsə, - deyirəm, - verməyim - vəssalam.

- Axı, mənası nədi, Eliza? – deyir. – Verməsək də, o, qoca Ruf Porterə pul verib onu göndərəcək. Deyirəm o qoca əyyaşla bölüşənəcən, qoy pulunu elə özünə xərcləsin.

- Necə ki?.. - deyirəm. - Demək istəyirsiniz, o belə şeylər də eləyir?..

- Özüm ölüm. - Ambroz deyir. - Özü də bir dəfə yox... günaşırı Ruf gəlib onun üçün burdan çaxır alır, sonra emalatxanaya aparıb orda birlikdə içirlər.

- Hə, indi hər şey aydınlaşdı... - deyirəm. – Demək, məsələ beləymiş….

…hə, bax, onda mən hər şeyi başa düşdüm… ağlım kəsdi, niyə bu əclaf onu başında gəzdirir… vekselləri öz əvəzinə ona imzaladır və sair və ilaxır... demək, əvvəl onu içirdir, sonra atan, o nə deyir, eləyir...

…odu ki, bir dəfə atan Mel Porterin onun emalatxanasına gəlməyindən və edam olunacaq adamlara görə qanının qaralmağından danışmağa başlayanda:

- Benlə əcəb olur ona!.. – dedim. – Onlara elə də lazımdı… heyif ki, o vələduzna qocanı, onun o fırıldaqçı qardaşını da onlarla birlikdə asmayacaqlar!..

 - Elə demə, - o saat özündən çıxdı, - sənə qulaq asanda, adamın lap ürəyi qalxır...

…onu düz dedi… onun əlindən yaman acıqlı idim…

- Hə, - atan deyir, - amma, Melə yazığım gəlir. Ömrü boyu başı bəlalar çəkib, indi də özünü yeyib-tökür ki, onları asacaqlar.

- Heç bir gilə də yazığım gəlmir ona. – deyirəm. - Səni bu qədər zibilə sala-sala ona yazığın da gəlirsə, onda sən lap səfehsən. Meli də mən tanıdığım qədər tanımırsan. Bax, sözlərimi yadında saxla, - deyirəm, - o, buna görə əl-ayağa düşməyib. Burda nə isə ayrı məsələ var.  

- Yox, - deyir, - səhv eləyirsən.

 - Nolar, deyirəm, - yaşayarıq - görərik.

…gözləməyimiz uzun çəkmədi... elə o gecə, atam balası, onlar dustaqxanadan qaçdılar... beşi də sapbasağ aradan çıxıb əkildilər… heç birini də tuta bilmədilər…

- Hə, - deyirəm ona, - sənə nə deyirdim?.. O qədər səfehsən ki, elə bilirdin Mel onların edamına görə özünü yeyib-tökür?.. Gördün indi?..

 - Hə, deyir, - sən haqlıymışsan. Demək, dərdi, azarı bu imiş?!.. Olsun ki, o bunu bilirdi..

 - Bilirdi?.. Bəs necə?!.. – deyirəm. – Əlbəttə ki, bilirdi!..

…mən o dəqiqə başa düşmüşdüm ki, o, bunu lap çoxdannan bilir... onların dustaqxanadan bu gecə çıxacaqlarını bildiyindən də vahimələnir… qorxur ki, birdən elə olmaz, belə olar, yenə qan tökülər… axı onlar o qədər qəddar, o qədər cəsur idilər?!.. Mel Porteri də fikirləşmədən öldürərdilər… Mel də buna görə partlamaya düşmüşdü…

- Hə, - atan dedi, - dəhşətdi… Qurtar bu söhbəti daha!..

…üstündən azca keçmiş:

- Sən hələ bir buna bax, - deyir. – Bu yaxınlarda Dok Xensli bizə gəlib edama buraxılmış vərəqi gətirmişdi… istəyirdi, səninlə gedib baxaq. Sən bir buna bax!.. – deyir. – Yarımca il əvvəl bir yeyib-içirdilər, indi isə Lyuk səbirsizliklə gözləyir ki, onları ayaqları altından kötüyü nə vaxt çəkəcəklər.

 - Hə, - deyirəm, - necə dost idilər?!.. Aralarından su da keçmirdi.

…amma doğrudan eləydi... Ed Mirs, Lourens Ueyn, Dok Xensli ilə iyirmi il can bir qəlb dost olublar...

- Sənə deyim ki, - atana deyirəm, - mənə elə gəlir, onlar hamısı bir bezin qırağıdı. Biri üçünə dəyməz, üçü birinə. – deyirəm. – Dok Xensli heç də onlardan az qan tökməyib. Özü də yaxşı bilir bunu. Fərqi, - deyirəm, - bircə bundadı ki, o, belinə qayış taxıb, öz pis əməllərini qanunla, hökumətin adı altında görür.

…vallah da… yadımdadı, onu Riz Makledonu öldürdüyünə görə mühakimə eləyəndə, hamı bir adam kimi üzünə durmadı?..

…məlum məsələdi, onu niyə buraxdılar… guya ki, həyatının təhlükəsizliyini qoruyurmuş… həm də o, bir polis əməkdaşı kimi, öhdəsinə düşən vəzifə borcunu yerinə yetirmişdi. Amma mən hələ lap çoxdannan atana demişdim.

– Axı, sən məndən də yaxşı bilirsən ki, bu, əvvəlcədən düşünülmüş, soyuqqanlı qəsddən savayı ayrı bir şey deyil!..

…düzdü, Riz dəhşətli guclu adam idi… bir də görürdün, vurub dəmləşirdi… lənətullah!.. Elə o özü də, məncə, çox adam öldurmuşdu… amma Dok Xensli ilə can-ciyər idilər, bir oturub-dururdular... olsun ki, onu qayda-qanunu pozduğuna görə kefli vəziyyətdə yaxalayıblar... deyirlər, onu dustaqxanaya aparanda elə hay-küy salıbmış ki, onu kameradan çıxarmalı olublarmış... Ox!.. Danışırdılar ki, səsi bütün meydanı bürümüşdü… ulayıb dəlilik eləyirdi… onda onu, nədi o... nə deyirlər ona?.. Hə, qazamata saldılar… qazamat bilirsən də nədi?.. Yerinə torpaq tökülmüş adi zirzəmidi… əvvəllər orda şəhər atlarını saxlayırdılar... demək, gör indi bu Xensli nə ilə özünə haqq qazandırmaq istəyir... deyiri, guya dustağın yanına düşübmüş ki, onunla söhbət eləyib sakitləşdirsin onu və guya Maklendon yerdən göhnə nalı götürüb əlində saxlayıbmış ki, o içəri girəndə, üstünə cumub nalla onun başını əzsin... onun sözündən belə çıxırdı ki, ya gərək o öləydi, ya Riz… onda o, nalı Rizin əlindən alıb və alnına ilişdirərək, onu öldürüb… məhkəmədə oturan adamlarsa, danışırdılar ki, o zirzəmidən çıxanda:

- Həkim çağırmaq lazımdı. – deyib. - Deyəsən, onu öldürdüm.

…əlbəttə, həkim gələndə, artıq gec idi… o saat dedi ki, baxan kimi bilinir ki, əl ilə vurublar… başın yarısı xəşilə dönüb… meyid də qan gölməçəsində üzür… deyirlər, heç baxmaq olmurdu… atan məhkəməyə getmişdi… sonra hamısını mənə danışırdı...

- Bilirsən, - deyir, - ömrümdə Zeb Petlendin camaatın qabağında dediyi bu günkü nitqinə binzər bir şey eşitməmişəm.

…Zeb də… senin əmin oğlun… müqəssir idi…

- Bu, ağlasığmaz bir şey idi… - atan deyir, - heyf ki, sən eşidə bilmədin…

 - İndi neyləyəcəklər ona?.. – deyirəm. – Həbs eləyəcəklər?..

- Yox əşi!.. – deyir – Yəqin ki, buraxacaqlar. Özünümüdafiə ilə əsaslandırıb bəraət verəcəklər… amma sənə deyim, - deyir, - bir milyon versəydilər belə, onun yerində olmaq istəməzdim. Yadında saxla, - deyir, - Dok ömrünün axırınacan Petlendin ona dediklərini unutmaz!.. Ona qulaq asa-asa rəngi ağappaq ağardı… Qəbirəcən bunu unutmaz…

…düzdü, məhkəmədə hər şey aydın oldu… Zeb Petlend sübut elədi ki, Dok Xensli polisə işə girəndən bəri gülləylə on səkkiz adam öldürüb… atan danışırdı ki, məhkəmənin ortasında Zeb zalda oturanlara sarı çönüb:

 - Siz polis nişanını, hakimiyyəti və qanun keşiyini insan qanı tökməyə milçək öldürmək kimi baxan rəhmsiz bir adama etibar eləyib əlinə güllə ilə dolu tapanca vermisiniz!.. – deyib. - İndi də, - deyib, - bəziləriniz yenə bu quduz iti azadlığa buraxmağa hazırsız ki, o hər yerə ölüm toxumu əkib günahsız, köməksiz adamların canını alsın, vəhşiliklər törətsin!.. Baxın!.. – deyib. – Budu o, qorxudan büzüşüb əsə-əsə, amma, alnında və əllərində öz qurbanlarının qanından qaralan ləkələrlə oturub!.. Qəbirlərdən ölülərin barmaqları ona tuşlanıb, onların qanları intiqam tələb edir!.. Dul, yetim qalmışların səsləri də onlara qarışır!..

…hə, mister Qant dedi ki, bu dəhşətli bir nitq idi… Xensli də ağarıb əsim-əsim əsirdi… elə bil ölənlərin ruhu doğrudan ayağa nalxıb onu ittiham eləmək üçün üçün bura gəlmişdilər… amma, axırda əlbəttə ki, ona, hamının əvvəlcədən dediyi kimi, bəraət verdilər...

- İlahi?!.. Onda atana da elə belə dedim:

         - Yox, sən bir buna bax!.. Bizi qonaq çağırıb… - sən bir təsəvvür elə… - camaatın yemək yeyəcəyi stolun üstündə… - deyirəm, - güllələyib öldürdüyü zəncinin kəlləsi...

…o vaxtdan ona tərəf baxa bilmirəm…

- Gərək nə qədər vəhşi olasan ki, - atana deyirəm, - belə bir şey eləyə biləsən.

…onlara nahara qonaq gələnlərin qabağına həmin o kəlləni qoyurlar… uşaqları o dəqiqə o zənci kəlləsini gətirib qəndqabı əvəzinə stolun üstünə qoyur… təsəvvür eləyirsən?.. Hələ bir fəxr də eləyirlər bununla… guya bu, böyük bir qəhrəmanlıqdı… kəlləni təpəsini qapaq şəklində kəsiblər… alnında isə, güllə keçən dəlik… qənd tökmək üçün bu dəlikdən istifadə edirlər... İçalatım ağzıma gəldi… dilimə tikə də vura bilmədim… biz ordan çıxanda atan dedi ki:

- Mənim ayağım bir də buralara dəyməyəcək! Belə qaniçən adamı, - deyir – tanımaq belə istəmirəm!..

…indi də yadıma düşəndə, tüklərim biz-biz-durur... atan həqiqətən, o gündən bir dəfə də olsun, onların evinə getmədi… oxx… olsun ki, Dok da özün elə buna görə öldürdü… yadıma gəlir, xəbəri mənə, kirayənişin Kilmer çatdırdı… birbaşa mətbəxə girib:

- Elə dəhşətli mənzərədi... – deyir, – …birinci mən gördüm… Qəfildən eşidirəm, elə bil güllə açıldı… - deyir, - təzə məhkəmənin düz arxasında… özümü tez ora yetirdim və gördüm o, kərpic qalağının yanında uzanıb... əvvəl başa düşmədim kimdi… güllə başının yarısını elə aparmışdı ki, üzünü tanımaq olmurdu… təsəvvür eləyirsiniz, necə dəhşətdi?..

- Nolar?!.. - deyirəm, - heç təəccüblənmirəm. Nə tökərsən aşına, o da çıxar qaşığına.

…hə, bax, hər şey beləcə baş verdi… olsun ki, vicdanı onu ağrıdıb… özüylə bacara bilməyib… bir də Eli də bizim Deyziyə demişdi…

- Oh, - deyir, - atam nələr çəkir!..- uşaq özünü saxlaya bilməyib başa düşürsən?.. - Bilmirəm, onunla neyləyək. Qorxuruq o, dəli olar, - deyir. – Bir də görürsən, gecənin bir yarısı yuxudan ağlaya-ağlaya, çığıra-çığıra oyanır… hamımız elə bilirik, o dəli olub!

Bunu eşidəndə:

- Aha… - dedim atana, - indi görürsən ki?.. Burda deyiblər a-a... «soğan yeməmisən, için niyə göynəyir?..»

- Hə, - deyir, - mənə də elə gəlir, o çox şeyi unutmaq istəyirdi… amma vicdanında o qədər cinayət vardı ki, onları unutmaq sadəcə, mümkün deyil. Bütün bunlar,  əlbəttə, natəmiz vicdanın əzablarıdı. Əgər günlərin bir günü, - deyir – o özünü öldürsə, mən heç təəccüblənmərəm.

…əvvəl-əvvəl adama elə gəlirdi ki, hər şey qaydasına düşüb… o, polisdən çıxdı, din yolunu seçdi, Allaha tapındı… dualar oxudu, qatı dindara çevrildi… hər bazar kafedradan sidq ürəkdən hamıya «amin!..» deyirdi… …bəli-bəli... gör bir nələr olur… sonra o, alverə girişdi.. necədi səninçün?.. Yekə maşınında şəhərin mərkəziylə hərlənirdi… Xensli də əlaltından xırıd eləyirdi... mənə elə gəlir, o vaxt o bizim hamımız kimi əməlli pul qazana bildi… ya da elə bildi ki, qazanıb...

…yadıma gəlir, V.D.Brayandan bu sahələri alanda o dedi ki, Xensli ilə iki-üç işdə ortaq olublar və olsun ki, o, Brayanın ürəyinə yatmışdı… çünui onun barədə lovğa-lovğa danışırdı…

- Sizə deyim ki, - deyir, - Xensli həddindən artıq abırlı adamdı. Onunla nə qədər münasibətdə olmuşamsa, - deyir, - hələ bircə dəfə ağzından, qadın yanında deyiləsi olmayan bir söz eşitməmişəm.

 - Hm… - özlüyümdə fikirləşirəm. – Əfsuslar olsun ki, zaman dəyişir.

…belə fikirləşdim, amma ona əlbəttə ki, heç nə demədim… necə olsa, dinləmək daha maraqlıdı…

- Hə, - deyir, - onunla oturub-durandan sonra başa düşdüm ki, namuslu və abırlı adamdı. Bu bir yana qalsın, onu hər bazar kilsədə - öz daimi yerində görə bilərsiniz.

…sözündən belə çıxırdı ki, heç vaxt məktəbə getməyən bu adamın Bibliyanın bu qədər mükəmməl bilməsi böyük hünərdi...

- Mən, - deyir, - onu müqəddəs yazının müxtəlif kitabları üzrə imtahana çəkmişəm. Bir dəfə də olsun, - deyir, - onu yerinə oturda bilməmişəm. İndiki vaxtda, - deyir, - bu nadir haldı ki, işçi adam din məsələləri ilə bu qədər dərindən maraqlana.

- Cəmiyyət isə… - deyirəm, - yəqin ki, siz haqlısız, amma bax, bizim cəmiyyət haqqında hələ çox şey bilmirsiniz. Əlbəttə, - deyirəm, - siz burda təzə adamsınız, amma, mənə görə bir vaxtlar Dok Xensli siz deyən kimi, cəmiyyətin fəxri olmayıb.

 - Hə?.. – deyir. - Bu nə vaxt olmuşdu?..

- Bilirsiniz, - deyirəm… özüm isə heç nə danışmaq fikrində deyiləm… odu ki, ona göz vurub - …bəlkə sandığı açıb tökməyə dəyməz, hə?.. Axı hər şey, - deyirəm, - lap çoxdannan - hələ siz öz namizədliyinizi prezidentliyə təqdim eləyən vaxlar olmuşdu.

Ah, atam!.. Elə bunu demişdim, o, başını arxaya atıb belə ha-ha-ha!.. – eləyə-eləyə gülüb getdi.

- Hə, - deyir, - deyəsən, həqiqətən çoxdannan olub. Nolar, bəlkə də həqiqətən ardını danışmaba dəyməz, - deyir, - amma, - deyir, - başımı verərəm ki, mənim bilməli olduğum hər şey sizin yadınızdadı.

- Bəs necə?!.. - deyirəm, - Əlbəttə, mənim – deyirəm, lovğalıqla heç aram yoxdu da… - yaddaşım bir o qədər də pis deyil.

- Hə, - deyir, – məncə boş yerə belə hesab eləmirəm. Bu yaxınlarda arvadıma deyirəm ki, ətrafda baş verən hər şeylə bu qədər həvəslə maraqlanan ikinci belə adamı görə bilməzsən. Bilirsiniz, - deyir, - mən ona dedim ki, mənə elə gəlir ki, siz həyatınızda baş verən ən kiçik xırdalıqları belə xatırlayırsız.

 - Yox, - deyirəm, - siz lap şişirdirsiniz. İki yaşına qədər olan bəzi şeyləri xatırlamıram… amma ondan sonralar olanlar çətin yadımdan çıxa.

 - Hə, başımı verərəm ki, siz heç nəyi unutmamısınız, - deyir, özü də şaqqanaq çəkib ürəyi gedənəcən gülür.

- Amma, məsələ burasındadı ki, - dedim – heç kimə pislik eləmək istəmirəm. Mən həmişə fikirləşirdim ki, əgər onun müəyyən bir yaxşı cəhəti varsa, bunu da min şükür!.. Amma, - deyirəm, - armud yoxdu ki, saplağı olmasın, mister Brayan. Bizim heç birimiz, - deyirəm, - diriləri nəzərdə tuturam, günahsız deyilik. Necə deyərlər, heç kimi günahlandırmayın ki, sizi də günahlandırarlar. - deyirəm.

- Düzdü, - o deyir, - biz gərək çalışaq, bir-birimizlə mülayim olaq.

         - Mən də danışmamışdın əvvəl fikirləşirəm. Amma istəsəydim, - deyirəm, - Dok Xenslidən elə şeylər danışırdım ki, çətin ki, onunla hər hansı bir cəmiyyət fəxr eləyərdi... Bircə şeyə görə arxayın ola bilərsiniz ki, - deyirəm, - o gözəl ailə başçısıdı, arvad-uşağına çox bağlıdı. Odu ki, nə azğınlıq eləsə də, nə hərc-mərclik yaratsa da, heç kim onu təqsirli bilmir.

   …kor-kor, gör-gör… ha məhkəmədə ona  qara yaxmaq üçün toqquşdururdular ki, guya o öz arvadından başqa ayrı qadınlarla da oturub-durur, faydası olmadı, ağam… sonra özləri də boyunlarına aldılar ki, o haqda söz gedə bilməz…

- Axı, bu necə olacaq, Dok?.. - atan deyirdi. – O adamlar iyirmi il səninlə yaxın olublar… başa düşmürəm, - deyi, - buna necə əlin gələcək?..

O isə cavabında:

- Hə, bilirəm, - deyir, - dəhşətdi… amma axı kimsə də bunu eləməlidi?!.. Bu məsələ mənim boynuma düşür… camaat da məni elə bundan ötrü seçib. Həm də, - deyir, - mənə elə gəlir, bunu mən eləsəm, Ellinin ürəyincə olacaq. Biz artıq bunu həll eləmişik.

…təbii ki, onun dustaqxanaya gedib-gəldiyini hamı bilirdi... Nə qədər olmasa, dost idilər axı?.. Orda – dustaqxanada qaqqanaq çəkib gülürdülər, hay-küy salırdılar… odu ki, deyib: «Onlara xoş gəlir ki, bunu ayrı bir kəs yox, məhz mən eləyim.»

- Amma axı… - mister Qant deyib, - sonra sizi vicdanınız ağrıdacaq?!.. Başa düşmürəm, o haqq-hesabdan sonra gecələr sən necə yata bilirsən.

 - Eh, boş şeydi, mister Qant… heç vecimə də deyil. Mən, - deyir, belə şeyləri çox görmüşəm. Məndən nə gedir?.. Tətiyi çəkmək. Mənim üçün bu, toyuğun boğazını üzmək kimi bir şeydi.

- Buyur, bu da bunun sözü. - atan deyir. - Belə adam görmüsən?.. Bu adamda insanlıqdan əsər-əlamət yoxdu. Ürəyində bir gilə rəhm qalmayıb. - deyir.

…bizsə yenə billə bilmədik, onun bu işlə əlaqəsi olub, ya yox… amma dustaqxanadan qaçışın onların hazırladığını bilirdim…

- Qulaq as, - iki gün sonra mister Qant deyir, - elə bil səninlə biz Dok Xensli barədə düz fikirdə olmamışıq. Mənə elə gəlir, - deyir, - o bu qaçış barədə lap əvvəlcədən bilib. Ona görə də, - deyir, - o cür sakit idi.

 - Hə?.. - deyirəm. – Amma çox qəribədi... əgər o bunu bilirdisə, onda niyə o edama buraxılış vərəqələri ilə gəlirdi?.. Beyninə niyə girmişdi ki, biz mütləq edama baxmalıyıq?..

 - Mənə elə gəlir, - atan deyir, - bu da bir siyasıtdi… bizi beləcə, yayındırmaq istəyib…

 - Yox, atam, - deyirəm, - mən ona, bax, bu qədər də inanmıram. Onun ki, edamı gözləməyə səbri çatmırdı, əllərini bir-birinə sürtə-sürtə qalmışdı…

…təbii ki, mister Qant mənimlə razılaşmadı… o heç cür inana bilmirdi ki, həyatda belə qəddar insanlar ola bilər... amma sonradan məlum məsələdi ki, söz-söhbət gəzməyə başladı ki, bu qaçışa həftələrlə hazırlıq işləri gedib… guya Con Rendi – dustaqxananın qarovulçusunu yollayıblar ki, qapını açıb onları buraxsın... düzdü, bunu heç cür sübut eləyə bilmədilər… bəlkə o doğrudan, elə namuslu adam idi?!.. Heç nəylə də əlaqəsi yox idi?!.. Amma işin qəribəsi o idi ki, onu Edin kamerasında tapdılar… təsəvvür eləyirsən?.. Əl-ayağı kukla kimi bağlı vəziyyətdə… bədənində isə bircə cızığı belə yox idi… elə bil heç əl-qol da atmamışdı… bunu belə izah elədi ki, guya Edlə Lourensə şam gətirəndə, onun əl-ayağını bağlayıb, açarları ondan alıb qapını açıblar və aradan çıxıblar... o biri üç nəfərinsə nə Edlə, nə də Lourenslə heç bir əlaqəsi yox idi… onlar adi canilər idi… atanın dediyi kimi: «ətürpədən sifətlər»… onları da dar ağacı gözləyirdi və deyirlər guya Ed Lourensə deyib ki: «İndi ki, belədi, gəl elə onları da buraxaq.»

 

 

***

 

…Con Rendin izahında qəribə anlaşılmazlıqlar var idi… odu ki, camaatın ürəyinə bir qədər də yatmadı… yarım ildən sonra isə Con Rend özünə iş tapdı… Cənubi Baş küçədə böyük su dükanı açdı, neçə min dollarlıq pul əldə elədi…

- Qulaq as, - atan deyir, - bilirsən nə deyirlər? Deyirlər, onların qaçmağına mane olmasın deyə, Con Rendi də satın alıblar.

- Ola bilər. – deyirəm.

…sənə deyim, doğrudan qəribədi… ayda əlli dollardan çox qazanmayan bir adam birdən-birə o cür varlandı… de görüm, bu qədər pul ona hardandı, hə?.. Yo…o…x, burda nə isə fırıldaq var...

 - Hə, - atan deyir, - görən neçəyə satılıb? O qədər pulu ona kim verib?..

 - Məlum məsələdi, - deyirəm, - kim verib. Yansi dairəsində yaşayan qohum əqrabası. Onlardan savayı kim verə bilər ki?..

- Necə bəyəm... - deyir, - yəni onlar belə varlıdırlar?..

- Hədsiz varlıdırlar!.. – deyirəm. - Onlar son qəpiklərinəcən qoyacaqlar ki, Edlə Lourensi dustaqxanadan çıxarsınlar. Mən, - deyirəm, - onların arasında böyümüşəm. Ona görə deyirəm ki, onların qabağında heç kim dayana bilməz.

…deyirdilər, onlar pulu su kimi axıdırdılar bura… onları qurtarmaq üçün minlərlə dollar xərclənirdi... Bəs necə?!.. Deyilənə görə, təkcə qoca həkim Trumen… – həmin o professor Trumenin qardaşı… hə də, axı Ed Mirslə Lourens Ueyn onun qızlarıyla evlənmişdilər?!.. Demək, təkcə qoca həkim Trumen, - o, Yansin görkəmli hüquqşünaslarından biri idi… - onları dar ağacından qurtarmaqdan ötrü on mindən çox xərcləmişdi...

- O on min, dənizdə bir damladı. – atana deyirəm. - Onlar harda olur-olsun, yaxşı təmin olunacaqlar.

- Lap yaxşı, - - deyir, - elə yaxşı ki, aradan çıxıblar. Onsuz da çox qan tökülüb. Əlavəsinə ehtiyac yoxdu.

Mən başımı yelləyib:

 - Yox, - dedim, - düz demirsən. Onları asmaq lazım idi… amma çox təəssüf… onlar öz cəzalarını almalıydılar… Yaxşı ki, - deyirəm - biz elə belə də elədik. Onları tutsaydılar, mən heç əsəbiləşməzdim… amma istəmirəm kiminsə, istər müqəssirin, ya günahsızın qanı mənim vicdanımı ağrıtsın.

- Hə, - deyir, -düz deyirsən.

- Amma, sən ki, - deyirəm, - məndən yaxşı bilirsən hər şeyi...

…elə belə də dedim, bala… bəs necə?!.. Axı bunu məhkəmədə də danışdılar, neçə onlar şənbə günü… maaş verilən gün nahardan sonra  şaxtaya girib orda dava-dalaş salıblar… özü də elə-belə… kef üstündən...

- …Yaxşı əgər puldan ötrü girmiş olsaydılar, - atana deyirəm, - kassanı yarmaq istəsəydilər, bunu yenə başa düşmək olardı. Yox axı?!.. Bunlar şuluqluq salmaq istəyiblər… ora da elə bunun üçün giriblər.

…ikisi də təbii ki, kefli olub... çaxır içəndə, onlar həmişə vəhşiləşirdilər… gəlib kassirə… - o cür abırlı, sakit adama sataşmağa başlayıblar… ona işləməyə imkan verməyiblər… Elə bu vaxt kontora Qion Vercin daxil olub…

- Qulaq asın, - deyib, - uşaqlar, özünü heç yaxşı aparmırsız a…a. Nə qədər ki, sağ-salamtsız, çıxın gedin burdan.

…başlarına ağıl qoymaq istəyib, başa düşürsən?.. Lourens Ueyn isə ona:

- Sənin nəyinə gərəkdi, lənət şeytana, biz özüzümüzü necə aparırıq?.. – deyib.

- Şəxsən mənim heç nəyimə gərək deyil. - Con Bercin deyib. - Özünüzü aparmağınız heç xoşuma gəlmir. İstəmirəm ki, oturduğunuz yerdə başınız ağrısın. Mən bilirəm ki, - deyir, - sabah səhər yuxudan oyananda, bu günkü hərəkətinizə görə peşman olacaqsınız.

- Bizim sabah nə fikrə gələcəyimizə görə , - Lourens Ueyn ona deyib, - sən heç narahat olma. Özünə görə narahat ol. Sənin kimilər, - deyib, - bir də görürsən, heç səhərə sağ çıxmır. Sifətinsə, - deyib, - çoxdan xoşuma gəlmir. Bura gəl, görüm, - deyib, - nə qədər ki, əlim-ayağım sənə dəyməyib...

- Yaxşı, - Con deyib, - mən gedirəm. Sizə qoşulub burda hay-küy salmaq istəmirəm. Sizi başa salmaq istədim ki, heç olmasa, öz arvad-uşağınızın xatirinə özünüzü abırlı aparasız… indi ki, belədi, mən gedirəm.

…deyirlər, o çönüb çıxanda, Ed Mirs arxadan ona güllə atıb... Lourensə sarı çönərək, sərxoş bir təbəssümlə:

- Sən necə bilirsən, Lourens, gülləm dəyəcək ona?.. – deyib… və ona heç bir pisliyi dəyməyən adamın peysərinə atıb… sonra da təbii ki, kassirlə köməkçinin üstünə cumublar… hər ikisini öldürüb aradan çıxıblar…

- Sən bir buna bax!.. – atana deyirəm. – Elə bil bu qədər qan tökmək üçün ortada nə bir səbəb, nə bir məqsəd var idi… Könüllərinə elə-belə, kimisə öldürmək düşüb... Ona görə deyirəm ki, dar ağacından asmaq da az idi onları!..

- Düzdü, - deyir, - amma yaxşı ki, biz elə belə elədik.

…bax belə, mənim balam, sənə onu demək istəyirəm ki… hə, demək bir səs - «İki… iki», - deyir, o birisi isə: «İyirmi, iyirmi»... bu, nə vaxt oldu, dəqiq yadımdadı… indi deyim sənə, bala… sentyabrın iyirmi yeddisində… axşam saat ona iyrmi dəqiqə qalmış… niyə yadımdadı, elə bunu sənə demək istəyirdim… Ambroz Reydikerlə söhbətimiz bundan düz iki gün qabaq - ayın iyirmi beşində olmuşdu… mən hələ onda fikiləşirdim ki, daha dözə bilməyəcəyəm… gücüm çatmayacaq… qurtardı… bəsdi daha dözdüm… onunla üz-üzə, göz-gözə söhbət eləyəcəyəm… gördüm, Ambroz da mənə düzünü deyir… bu, elə həmin məqam baş verdi… Ambroz atanın dəli olub özündən çıxanacan içməyindən, çinlilərlə vuruşmağından danışan məqam… amma haqqında demək lazımdı… qəlyanaltıxana sahibi olsa da, görünür, hər şeyi olduğu kimi, düzünü deyirmiş...

- Bax, - deyir, - mən əlimdən gələni elədim, amma əgər yenə bir şey eləmək mümkündüsə, - deyir, - onu o zəhrimar içkidən döndərmək üçün nə lazımdısa, deyin, eləyim!..

…həqiqətən də… o, bir axşam yolüstü bizə dəydi… biz şam eləyib oturmuşduq… atan da mənə qəzet oxuyurdu... o isə içəri girib atana:

- Bill, söz ver ki, içkinin daşını atacaqsan. – dedi. - Sənin kimi ağıllı, gözəl danışıq qabiliyyəti olan adamın içməyinə, - deyir, - baxa bilmərəm. Axı sən istəsən, hər şey eləyə bilərsən?!..

 - Bəs nə?!.. - deyirəm, - Onun başı saat kimi işləyir. Elə bilirəm şəhərdə bunun ayağı biləni başı bilən adam tapılmaz. Tapılarsa belə, o andır çaxırın ucbatından o da uzağa gedə bilməz. Mən onu da bilirəm ki, - deyirəm, - onu içkiyə mənim qohumlarım öyrətməyib… siz ki, bilirsiniz, atam - mayor Petlend spirtli içkini dilinə də vurmurdu. İçən adamları isə kandardan içəri buraxmazdı.

 – Hə, tanıyırdım… - Ambroz deyir, - gözəl adam idi… biz həmişə onunla fəxr eləyirik. – və yenə atana sarı çönüb, - Bill, - deyir, - insanın xoşbəxtliyi üçün sənin hər şeyin var. Gözəl arvadın, balaların, əlində  yaxşı sənətin… bütün bunlara görə, - deyir, - Bill, sən belə eləməməlisən, bu əyyaşlığa son qoymalısan.

…atan da boynuna aldı ki, şüşəyə tərəf əl uzatmayacaq… Ambroz da çıxıb evinə getdi... bu, elə həmin gecə oldu… hə, sentyabrın iyirmi yeddisində... budu ha, eşidirəm! «İki… iki», - biri deyir, o birisi isə «İyirmi… iyirmi» - deyir…

- Pərvərdigara?!.. Ay arvad!.. - mister Qant deyir, - o sənə elə gəlir!.. Vallah orda heç kim yoxdu!.. – deyir, özü isə pəncərəyə yaxınlaşdı, başa düşürsən?.. Başını çölə çıxarıb baxdı və deyir - Sənin gözünə görünür, qulağına səs gəlir...

- Yox, axı, eşidirəm?!.. - deyirəm… doğrudan da, elə aydın eşidilirdi, elə bil nədi… - Odu, bax, yenə!.. – deyirəm…

…özümsə həqiqətən də eşidirəm… «İki… iki» - birinci səs pəncərənin önündə deyir… o birisi isə lap qulağımın dibində: «İyirmi… iyirmi» - deyir… və elə həmin dəqiqə də kilsə zəngləri çalınmağa başladı… lap məhkəmədəki kimi… yadındadı?.. Özü də elə bərk… var gücü ilə… tez- tez…

- Ay allah?!.. – deyirəm. – Yəqin nə isə olub. Səncə bu nə ola bilər, hə?..

…meydandan camaatın qışqırtısı eşidilir… hamı ulaşır… Küertis Blekin dükanının pəncərələrini sındırırdılar ki, silahları götürsünlər… sən demə kilsə zəngləri buna görə çalınırmış…. atan da ki… belə məqam kişi xeylağı yerində otura bilər?.. Yerindən ayağa sıçradı… papağını götürüb  -«Gedib baxmaq lazımdı.» - dedi.

- Of, sən Allaş, getmə, - deyirəm, - getmə!.. Xahiş eləyirəm, lazım deyil. Məni bu vəziyyətdə tək qoyma!...

 - Ay allah! – o deyir, - Qorxma, - deyir, - yarımca saata burdayam. Hər şey öz qaydasındadır. Sənə heç bir şey ola bilməz.

…mən başımı yellədim… mən hiss eləyirdim… bilmirəm, buna nə deyirlər, amma hiss eləyirəm, nə isə qorxulu bir şey, bədbəxtlik yaxınlaşmaqdadır...

- Xahiş eləyirəm, getmə… - deyirəm… bir də baxıram ki, izi-tozu da qalmayıb…

…o, evdən çıxanda, saata baxdım… əqrəblər düz ona iyirmi dəqiqə qalmışı göstərirdi… mənsə, gözləyirəm… özüm də hiss eləyirəm ki, yaxınlaşır… başa düşürsən?.. Sobanın üstündəki o köhnə taxta saat necə çıqqıldayırdı, ilahi?!.. Çıq-çıq-çıq, çıq-çıq-çıq… dəqiqə-dəqiqə dalınca vurur… sənə deyim, heç vaxt bu qədər gözlədiyim olmamışdı… hər dəqiqə mənə bir saat gəlirdi... sonra saat onu vurdu... elə bu məqam eşidirəm…  evin qabağındakı döngə ilə qısıla-qısıla gəlir… sonra eşidirəm, pəncərənin dalındakı məftil hasar cırıldadı… və həyətdə ləkin üstünə nə isə düşdü… sonra budu ha, eşidirəm… artıq bura gəlir… qonaq otağının qapısının o üzündə artırmayla sakitcə, ehtiyatla sürünür…

- İlahi?!.. – deyirəm… bax, burda qəfildən ağlıma gəldi, bütün bunlar nə deməkdi… - Gəldilər!.. Onlar burdadılar!.. Mən indi neyləyəcəyəm?.. – deyirəm. - Uşaqlarla təkbaşına bu vəhşilərlə...

…təbii ki, bunun xəbərdarlıq olduğunu da həmin dəqiqə anladım… «İki… iki», «İyirmi… iyirmi…» …onlar atanla məni xəbərdar eləmək istəyirdilər ki, Edlə Lourens iyirmi dəqiqədən sonra burda olacaqlar...

- Axı o niyə getdi?.. Niyə sözə qulaq asmadı?.. – deyirəm. - Axı, bayaqdan onlar ona bunu demək istəyirdilər?!..

…qapıya yaxınlaşdım… bilmirəm, o boyda cəsarət, o güc o vəziyyətdə mənə hardan gəldi, buna necə iradəm çatdı… Yox, bala, yox!.. Elə bilirəm onları qarşılamaq üçün mənə yuxarıdan cəsarət və qüvvə verildi… qapını açdım… qapının ağzı qaranlıq idi… payız təzə-təzə girirdi... yağış yenicə kəsmişdi… İlahi! Elə qaranlıq idi, elə bil qaranlığı bıçaqla kəsmək olardı... ətrafda da hər şeyə elə bil ağırlaşmışdı, sakitləşmişdi, donuxmuşdu… odu ki, meydanda baş verənlərin hamısı burda yaxşı eşidilirdi... elə sakitlik idi… yarpaq belə tərpənmirdi…

- Hə, di bəsdi!.. - qaranlığa qışqırdım… bilirsən, özümü elə aparıram, guya heç nədən qoxmuram. - Bilirəm, burdasan Ed!.. Keç içəri.

 …o dinmir, susur… mən sakitliyə şəklənmişəm... və eşidirəm, hardasa yaxınlıqda nəfəs alır… belə ağır-ağır...

- Yəni doğrudan, - deyirəm, - məndən qorxursan?.. Mən lap təkəm?!.. – deyirəm. - Köməksiz bir qadının nəyindən qorxursan?..

…bilirdim, bu söz onu qıcıqlandıracaq… təbii ki, bu sözüm ona toxunda və o həmin dəqiqə ayağa qalxıb otağa girdi...

- Mən heç kimdən qorxmuram!.. – deyir. - Nə kişidən, nə arvaddan.

- Hə, - deyirəm, - doğurdan qorxmursan. Deyirlər, Con Bercinin kürəyinə güllə atanda da, heç kimdən qorxmadın. Yəqin ki, deyirəm, - sənin qədər adam başı yeyən bir kişi müdafiəsiz bir ev qadınından qorxmaz. Doğrudan da… - deyirəm, - niyə bayaqdannan heç ağlıma gəlməyib ki, sən məndən qorxa bilməzsən?!..

- Hə, Eliza, - deyir, - səndən qorxmuram. Ona görə də bura gəldim. Sən də – deyir, - məndən qorxma. Mən bura ona görə gəldim ki, bilirəm, - deyir, - sənə inanmaq olar. Məni satmazsan. Sən mənə kömək eləməlisən. - deyir.

…ona baxmaq olmurdu… elə bil yaralı heyvan idi… sənə bir şey deyim ki, bir də heç vaxt onun o gecəki gözləri kimi göz görmək istəməzdim. Desəydilər ki, o, Cəhənnəmə gedib qayıdıb, inanardım… hər nə eləmişdisə də, onu satmaq əlimdən gəlməzdi...

- Yaxşı, - deyirəm, - Ed, məndən qorxmaya bilərsən, səni satmaram. Lourensə də de, qoy o da gəlsin. Bilirəm, o da burdadı.

…o da o dəqiqə dişlərini ağartdı.

- Niyə belə deyirsən?.. - soruşur. – Lourens burda deyil.

 - Yox, - deyirəm, - bilirəm, burdadı. Dəqiq bilirəm. Ona elə belə də deyə bilərsən. Sənə deyim, məni bu barədə xəbərdar eləyiblər. – deyirəm və görürəm, həyəcanlanmağa başlayır.

– Səni kim xəbərdar eləyib?.. – soruşur. – Bura kimsə gəlmişdi?..

– Hə, - deyirəm, - burda bəzi-bəzi adamlar vardı… onlar mənə xəbərdarlıq elədilər ki, Lourenslə siz bura gəlirsiz… Amma sən o adamlardan bu dünyada qorxmaya bilərsən. O dünyada, əlbəttə, başqa məsələ, - deyirəm, - onu deə bilmərəm. Sən özün də onlarla, vaxt gələcək, görüşməli olacaqsan…

 O mənə baxdı-baxdı, gözləri bərəldi.

- Ruhlar?.. - deyir.

- Hə, - deyirəm – bu, onlar idi! Bilmirəm, bu kimin ruhlarıydı, amma məni xəbərdar eləməyə gəlmişdilər… Qulağıma pıçıldadılar ki, siz Lourenslə bura gəlirsiniz və iyirmi dəqiqədən sonra burda olacaqsınız.

…onun üzü… nə deyim vallah?!.. Axır bir qədərdən sonra dili söz tutdu.

- Yox, Eliza, sən səhv eləyirsən. Səni həyəcanlandırmaq istəmirəm, - deyir, - amma əgər onlar bura gəliblərsə də, onlar səni ayrı bir şeyə görə xəbərdarlıq eləmək istəyiblər. Mənimlə Lourensin barəsində yox. Sənə and içirəm. – deyir.

- Bunu necə başa düşək?.. - soruşuram.

- Mən sənə düzünü dedim. - cavab verir. - Lourens mənimlə deyil. Onunla biz dustaqxananın yanında ayrıldıq… fikirləşdik ki, belə yaxşıdı. O Cənubi Karolinaya qaçdı. «Dağlarla gedəcəyəm, - dedi, - əgər bizi tutmasalar, Qərbdə görüşməyə ümid var.»

- Gözümün içinə bax!.. - əmr eləyirəm, - Düzünü deyirsən?..

O gözümə baxıb:

- Yalan deyirəmsə, heç cabaha sağ sıxmayım!.. – dedi.

…mən onun gözlərinin içinə baxdım və gördüm ki, o düzünü deyir…

- Onda yəqin – deyirəm, - nə isə ayrı bir şeyi xəbərdarlıq edirmişlər. İndi  isə, - deyirəm, - de görüm, niyə mənim evimə girdin?.. Sənə nə lazımdı?.. - soruşuram.

- Eliza, - deyir - bu gesə dağlardan keçməliyəm, çəkməm isə yoxdu, ayaqyalınam.

…onda baxıb gördüm doğrudan da… görunur, həyəcanlı olduğumdan, əvvəl-əvvəl seçməmişəm… baxıram ki, cır-cındır, ayağı yalın, qan içində dayanıb… baxmaq da olmur… gözünü cəkə də bilmirsən… nə çəkməsi, nə pencəyi var… köhnə ağarmış tumandan, qalstukunun altında aşağıyacan cırılmış çirkli flanel köynəkdən savayı əynində heç nə yoxdu… onlar da elə kökdədi, elə bil onları dustaqxanada qaldığı vaxtdan bura əynindən çıxarmayıb… saçları da bir-birinə yapışıb… quş kəkili kimi, gözünün üstünə töküb… saqqalı Allah bilir, iki aydı ülgüc üzü dörmür… yəqin türmədə bir dəfə də üzünü qırxdırmayıb... bir sözlə, ayı ilə görüşəsi olsa, ayının qorxudan bağrı yarılar... belə haldadı…

…vay dədəm!.. – ürəyimdə deyirəm… işə bax bir… bunun qaçmağı üçün hər şeyi fikirləşiblər, ən vasib olanından başqa… gör bir, əlinə güllə ilə dolu tapanca veriblər ki, adam öldürsün… güya bu vaxtacan az öldürüb… amma ayağına ayaqqabı, əyninə pencək vermək ağıllarına da gəlməyib

- Ömründə belə şey görməmişəm! – dedim.

O isə:

- Ayağıma bir şey lazımdı, - deyir, - yoxsa, dağlarda ayaqlarımı kəsik-kəsik eləyərəm… onda da, – deyir, – yeriyə bilməsəm, işim bitdi. Özüm ölüm, tutacaqlar.

- Məlum məsələdi. - deyirəm. - Odu ki, - deyir, - sənin yanına gəldim, Eliza. Çünki tək bir sənə arxayın ola bilərəm. Özün görürsən, - deyir, - ayağım nə boydadı… Olsa-olsa, - deyir, - mister Qantın çəkmələri yarayar. Əgər onun köhnə çəkmələrindən birini, hansı olur-olsun, mənə versəydin, onların xərcini onsuz da verəsəyəm. Pulum çoxdu, - deyir və harasındansa qalın bağlama çıxardır… görünür, yaxşı yola salıblarmış onu… - çəkmələr üçün qə qədər desən, verərəm.

Mən başımı yelləyib:

- Yox, Ed, - dedim, - sənin pulların mənə lazım deyil. - onlara əlimi belə vura bilməzdim… onlar elə bil qana bulaşmışdı… - Çəkməni isə  verərəm. – dedim… zirzəmiyə gedib ordan onun üçün gözəl ştibelet gətiqdim, atam balası… atan onu iki ay bundan əvvəl almışdı… bir də ona görə təzə qalmışdılar ki, atan hər şeyi səliqəylə geyirdi. - Hə, - deyirəm, - yəqin bunlar ayağına olar.

…o, çəkməni o dəqiqə ayağına keçirtdi… cəkmə ona elə oldu, elə bil ayağına tikilmişdi... bilirsən, cani də olsa, görünür, içində hələ nə isə qalıbmış… əlimdən tutub ağlaya-ağlaya:

- Mən bunu ölənəcən unutmayacağam… – dedi. – Əgər sənə bir yaxşılıq eləyə bilərəmsə, - deyir, - bütün dünyanı alt-üst eləməyə hazıram.

 - Hə, bir yaxşılıq eləyə bilərsən. – deyirəm, - Özü də elə bu dəqiqə, bax buradaca.

- Hə?.. - soruşur.

- Sənin pulunu istəmirəm, - deyirəm, - onlara əl vurmayacağam. çəkmələri götürə bilərsən. Ed, ümidvaram ki, onlar sənə xilas olmağa kömək eləyəcəklər. Çəkmələr sənə lazımdı, - deyirəm, - amma, bax, arxa cibindəki tapanca isə sənə lazım deyil. – deyirəm… mən tapançanı görməmişdim başa düşürsən, sadəcə, o hər addımbaşı aqmud kimi onun arxa cibindən pırtlayıb çıxırdı... - Çox adamın qanını tökmüsən, - deyirəm, - başına nə iş gəlsə də, tutulsan da, tutulmasan da, Allah eləməsin qulağıma çatsın ki, sən yenə kiməsə ilişmisən. Tapancanı mənə ver, - deyirəm, - sonra get. Onsuz da tapanca sənə kömək eləməyəcək.

…o mənə baxdı, baxdı… elə bir qərara gələ bilmirdi… sonra nə fikirləşdisə, tapançanı cibindən çıxarıb mənə uzatdı...

- Yaxşı, - deyir, - olsun ki, sən haqlısan. Bundan mənə bir xeyir gəlməyəcək… bir də tutsalar da, daha mənim üçün fərqi yoxdu. Ömrüm boyu o qədər cinayət eləmişəm ki, indi, - deyir, - daha fərqi yoxdu… harda qırıldı, qırıldı... Axırım çatıbsa, demək çatıb, Allaha çox şükür!..

- Yox, - deyirəm, - bu danışığın heç xoşuma gəlmədi. Sənin, arxanda dağ kimi dayanan arvadın var, körpə balaların var… onların haqqında, - deyirəm, - fikirləşməyin vaxtı çatıb. Çıx elə bir yerə get ki, orda səni heç kim tanımasın. Təzə həyata başla… hər şey öz qaydasına düşəndən sonra arvadını da yanına çağır… Mən onu tanıyıram, - deyirəm… özüm də onun gözünün içinə baxıram, - … tanıyıram onu, gələcək…

…burda o daha dözə bilmədi… danışa bilmədi… üzünü çevirib:

- Yaxşı, - dedi – çalışıram…

Mən isə ona:

- İndi isə get. İstəmirəm səni burda yaxalasınlar… - deyirəm, - ümidvaram ki, hər şey yaxşı olacaq...

- Əlvida, - o dedi, - söz verirəm… bu gündən çalışacağam ayrı cür yaşayım.

 - Hə, sən çalışmalısan. – deyirəm. - Elədiyin bütün pis əməlləri özün yumalısan. Get, - deyiəm, - bir də günaha batma...

…o da getdi... eşitdim darvazanın məftilləri cırıldadı… sonra baxdım ki, o, küçə ilə dağlara tərəf gedir... axır ki, yenə aradan çıxdı… bir daha onu görmədim… hə, onca dəqiqə keçmişdi ki, bu biri peyda oldu… atanı deyirəm… təzə xəbərlərlə həyəcanlı halda içəri girib:

 - Hə, - deyir, - beşi də aradan çıxdı. Xesnli bir yığın adamla Blekin mağazasının şüşələrini qırdı ki, silahları götürsün… indi öz dəstəsiylə onların dalınca gedir...

- Hə?.. deyirəm. - Elə bir bunun üçün  burdan ora yüyürdün?.. Bir də belə yüyürsən, elə tez xəbər gətir ki, mən bilməmiş olum. – deyirəm.

 - Hə?.. - deyir. - Sən hardan bilirsən?..

- Eşitmişəm. – deyirəm. – Mən eşitdiklərimi sən ömrün boyu eşidə bilməzsən. O xəbəri hamıdan qabaq mən eşitdim, - deyirəm, - özü də bunun üçün heç yerə də yüyürmədim.

 - Hə?.. Necə yəni?!.. – deyir. – Bu nə deməkdi?

 - Sən burda olmayanda, - deyirəm, - qonağım gəlmişdi.

- Kim?.. - soruşur.

Mənsə onun üzünə baxa-baxa:

- Ed Mirs burda idi. – deyirəm.

- İlahi, pərvərdigara?!.. – deyir. – Sən demək istəyirsən ki, cani burda - mənim evimdə idi?.. Bəs sən hay-küy salmadın?.. - soruşur. - Qonşuları yığıb bura tökmədin?..

- Yox, - deyirəm.

 - Onda mən hay-küy salaram, - deyir, - bu dəqiqə. – özü də qapıya cumur… onu güclə saxladım…

- Yox, - dedim, - onu eləməyəcəksən. Sən burda qalacaqsan. Mən ona söz verdim. Söz verdim ki, onu satmayacağam. Biz də sözümüzün üstündə duracağıq. Sakit otur.

O bir dəqiqəliyə fikrə getdi… sonra:

- Nolar, bəlkə də sən haqlısan, - dedi, - yəqin elə hamısından yaxşısı budu. Amma, yüz il qala, yatsam, yuxuma da girməzdi. – deyir. - Allah haqqı!..

…bir sözlə onlar aradan çıxdılar... heç birini də tuta bilmədilər… sonralar isə… uzun illərdən sonra atan Kaliforniyaya gedəndə Trumen ona demişdi ki, onların ikisi də - Ed də, Lourens də onun Koloradadakı evinə düşüblər və təbii ki, hər ikisinin arvadı yarım ildən sonra onların yanına köçməli olub… Meri Trumen bir, ya iki ildən sonra vərəmdən vəfat elədi… Lourensin başına nə gəldiyini isə dəqiq bilmirəm… belə şayə gəzirdi ki, o Kanzasa köçüb orada ikinci dəfə ailə qurub, bir yığın uşağı olub, bu günəcən də elə orda yaşayır… oranın ən hörmətli, varlı adamlarından bir sayılır... Ed Mirsin başına gələnlər isə bizə məlumdu… onun haqqında Dok Xenslidən eşitdim... Trumen atana demişdi ki, Ed onun yanına Koloradaya gəlibmiş… sonradan o, dağlara - hansı şaxta qəsəbəsində isə işləməyə yollanıbmış… orda bir ay özünü tutandan sonra Adanı çağırtdırıb… o da, təbii ki, gəlib… Trumen danışırdı ki, Ada orda təxminən bir iləcən yaşadı… geriyə döndü, sonra yenə onun yanına qayıtdı... Ox!.. Nələr danışırdı yazıq?!.. Dəhşət!..

- Dözə bilmirəm, - deyirdi, - Edin başına hava gəlir… axırda doğrudan dəli olacaq…

…o elə hey sayıqlayırmış… öldürdüyü adamların ruhlarının onun gününü qara eləyib çərlətmək üçün qəbirlərdən xortlayıb çıxdığını deyib dad eləyirmiş...

- İndi görürsən?.. - atana dedim. - Görürsən də nələr baş verir. Mən deyirdim axı?!.. - deyirəm, - yaxşı deyiblər: «soğan yeməmisən, için niyə göynəyir?..»

- Hə, - atan deyir, - yəqin elədi. Vicdan əzabı!.. Burda daha başqa söz ola bilməz!..

 - Mən də qızımı ondan ayırdım, - Trumen deyib. - Onu geriyə çağırtdırım şərqə - ondan tam uzaq bir səmtə göndərdim. Düzdü, o məni hədələyirdi, - deyir, - qorxudurdu ki, öldürəcək məni… qorxudurdu, amma mən görürdüm ki, onun başına hava gəlir, qızımı onun yanına qayıtmağa qoya bilməzdim».

…uzun sözün qısası, Ada evlərinə qayıdıb ondan boşandı… onun işini Keş Çeter aparırdı… bu, hələ o, senata keçilməmişdən qabaq  olmuşdu… onda o ən adi vəkil idi… deyilənə görə işi apara-apara Adaya vuruldu və cəmi bir neçə aydan sonra Ada öz kağız-kuğuzunu alıb, necədi səninçün, ona ərə getdi…

- Çox gözləməyə səbrləri çatmadı da, hə?.. – atana dedim. - Amma, - deyirəm, - gərək bir az gözləyəydilər, vaxt keçsin.

- Ay Allah?!.. – atan dedi. - Yas üçün bişirilən piroq toy süfrəsinə qoyuldu!..

- Özüdü ki, var. - deyirəm, - belə çıxır da.

…indi demək, Dok Xenslini Qərbə - kimisə həbs eləməyə göndəriblər… ordan qayıdandan sonra o, Meksikada Ed Mirsə rast gəlməyindən danışırdı... Texasdan Meksikaya gedən hansısa gəmidə üzdüyü yerdə… görünür, axtardığı adamın iziylə gedirmiş… Ed Mirslə lap burun-buruna dəyir... Dok deyirdi - «o, saqqal buraxıb, amma onu o dəqiqə tanıdım.»

- Onu deyim ki, - deyirdi. – Ed çox dəyişib. Gördüyünüz adamdan əsər-əlamət qalmayıb. Lap meyidə oxşayır. Əvvəlki Edin quruca nəfəsi qalıb. Bir dəri bir sümükdü. Əti də dələninkindən çox deyil. – deyirdi.

- Bəs o necə, - soruşuram. – sizi tanıdı?.. Olarla danışa bildiniz?..

…onun taleyi məni həmişə maraqlandırıb, başa düşürsən?..

- Bəs necə?!.. - Xensli deyir. - Dörd gün biz onunla bir otaqda can bir qəlb yaşadıq. Necə olsa, köhnə dostuq… o qədər yeyib-içmişdik... Düzdü, - deyir, - o məni gəmidə görəndə, əvvəl elə bildi onun dalınca gəlmişəm, o dəqiqə – deyir, - təslim olmaq üçün çıxdı.

- Dok, - deyib, - bilirəm, məni tutmağa gəlmisən, mən hazır.

O isə:

 -Yox, əşşi, - deyib, - Ed, səhv eləyirsən. Mən bura ayrı birisi üçün gəlmişəm. Sən mənim axtrdığım deyilsən. Bir də, - deyib - səni tutmaq üçün mənə əmr verilməyib, buna orderim yoxdu.

- Onsuz da, - Ed deyib, - əvvəl-axır bir gün özüm gələcəyəm. Ölməmişdən bircə gün qabaq. Hələ bir adamı da öldürməliyəm… sonra isə - deyib, - qoy məni tutub nə istəyirlər eləsinlər.

- O kimdi elə?.. - Dok ondan soruşub. – Sən kimi belə öldürmək istəyirsən?..

- Keş Çeteri. - o deyib sonra Doka, Keşin arvadını ondan boşatdırıb özünə almağını danışdı.

…Dok danışırdı ki, evə gedən gün Ed ona məktub verib xahiş eləyib ki, qayıdanda onu Çeterə versin... o məktubu öz gözləriylə oxumuşdu… deyirdi, hələ ömründə belə bir şey görməyib…

«…Mən cani də olsam, - Ed yazmışdı, - vicdanımda saysız-hesabsız insan qanı da olsa, hələ həyatımda kiminsə arvadını oğurlamaq kimi, alçaq hərəkətə yol verməmişəm. İndi, - yazır, - ev-eşiyi sahmana salıb məni qarşılamağa hazırlaş. Mən qayıdacağam. Bir aydan sonra axır ki, qayıdacağam. - yazır. – Səninlə haqq-hesabı  çürütməliyəm, buna hazır ol».

Dok danışırdı ki, o məktubu Çeterə verəndə, Çeter onu açıb oxudu, - deyir, - ağappaq ağardı, əsim-əsim əsməyə başladı... deyirəm, Allah bilə, onun ölüm xəbəri gələnəcən, Çeterin həyatı cəhənnəm əzabı olub... Ed isə qayıda bilmədi… deyilənə görə kimlər tərəfindənsə Meksikada - salonda öldürüldü...

…bir sözlə, hər şey bax, belə olmuşdu, belə baş verməmişdi… amma mən yenə də heç cür başa düşə bilmirəm, bu «İki... iki... İyirmi... iyirmi», - nə deməkdi axı?..

- Sən Allah, bəsdi, - atan deyir, - bu, heç nə demək deyil. Heç belə bir şey olmayıb da. – deyir. - Hər şey sənin gözənə görünüb.

…eybi yox, dayan bir, - özlüyümdə deyirəm, dayan-dayan, indi görəsən... biz çox gözləmədik... lap azca… nahardan əvvəl, təqribən saat birdə başladı… İlahi?!.. Elə bil içimdə hər şey qırılıb tökülürdü… yaxşı ki, o evdə idi… o gün tez gəlməmişdi… yaxındakı həyətdən donuz almışdı, onun piyini əridirdi…

- Axı, bu nədi düşüb başına?.. - qışqırıram. - Nəyinə lazım idi, onu alırdın?!.. Bala-bala-bala!.. Atan kimi bədxərc adam dünyasında tapılmaz!.. Mən olmasaydım ha, o, qazandığını son qəpiyinəcən qəssabların, fermerlərin cibinə, bir də saluna tökəcəkdi... onları görəndə özünü saxlaya bilmidi ki?!.. Başa düşürsən?..

- Görüm səni lənətə gələsən!.. - deyirəm. - Axı, bu hardan ağlına gəldi sənin?.. Axı anbar ətlə, qaxacla doludu?!.. – düz atlı ədəd donuz qaxacımız vardı… onları da özü alıb gətirmişdi... - Vallah bu donuz ətini gəvələməkdən hamımız öləcəyik!.. - deyirəm. - Cücəmizə nə gəlib?.. - on iki girvənkə qızardılmış ətimiz də vardı… özü bazardan göndərmişdi… - Yazığıq axı?!.. – deyirəm. - Vallah uşaqları yorğan-döşəyə salacaqsan!.. Bu qədər də ət yemək olar?..

…nə vecinədi?!.. Pulu da bir belə çölə tökərlər?!.. Bala-bala-bala!.. Bilirsən, onun o pulu belə səpələməyinə görə nə qədər ağlamışam?!..

- İlahi?!.. – deyirdim. – Ömründə belə qarınqulu görməmişəm!.. - qəsdən elə deyirdim ki, bəlkə toxuna ona. - Ancaq, öz qarnın haqqında fikirləşirsən!.. Bir özün fikirləş, bütün qazandığını qarnına xərcləyirsənsə, dar gününə pul yığmaqmı olar?.. Bu nə müsibətdi, hə?.. Sənin, Allah billə, beynin qarnındadı. Vallah da!.. Bir də görürdün, bəli, yolda arabası yer-yeməklə dolu fermerə rast gəldi… o birisi evə tez getmək üçün bütün arabanı birdəfəlik boşaldıb canını qurtarmaq istəyir, o da hamısını alır... Hamısını birdən, təsəvvür eləiyirsən?.. Bunu heç danışmışdım sənə? Necədi səninçün?.. Gərək nə qədər səfeh olasan ki, evində toyuqların hər gün maşın kimi bir ucdan yumurtladığı yerdə, təzədən qırx dujun də yumurta alasan!.. İlahi?!.. O qədər əsəbləşmişim, az qaldım yumurtaları onun başına çırpam!..

- Axı hansı şeytan səni yolundan azdırdı ki, belə hoqqa çıxartdın?.. - deyirəm.

- Bilirsən, - müqəssir adamlar kimi deyir, - o hamısını birdəfəlik, düjününü cəmi yeddi sentə verirdi. O qədər ucuz idi ki, - deyir, - ürəyimdən gəlmədi əldən buraxam.

- Əşi, fərqi nədi, - deyirəm, - bu yumurtalar bizə lazım deyil axı?!..

- Eybi yox, lazım olar. - o deyir – Biz onları uşaqlara yedirdərik.

- Nə danışırsan, ay kişi, Allahdan qorx!.. - qışqırıram. - Sən onlara o qədər yumurtanı necə yedirdəcəksən?.. Onu istəyirsən ki, sonra ömürləri boyu yumurtaya tərəf baxa bilməsinlər?.. Onlar o qədər yumurtanı heç vaxt yeməyəcəklər!.. - deyirəm. - O yumurtalar qalıb iylənəcək!..

…sənə deyim ki, bu sözlərdən sonra o elə yazıqlaşdı…

- Nə bilim, - deyir, - mən istədim yaxşı olsun. Yəqin səhv eləmişəm. - deyir.

    …sonra noldu?.. Sonra da bir maşın qarpız-yemişlə gəldi… iyirmi yeddi qarpız!.. İstəyirsən inan, istəyirsən yox, Allah bilir, nə qədər də yemiş!.. Olsun ki, yüzlərlə...

     - Sənin başın işləyir?.. - deyirəm. – Bunları kim yeyəcək?..

    - Biz yeyəcəyik!.. – deyir. – Uşaqlar bunun hamısını yeyəcək!..

      …o qarpız-qovunu yeyəndən sonra Lyuk yorğan-döşəyə düşdü...

     - İndi də həkiminin xərcini ver. - deyirəm ona... – Axı nə qədər olar?!..

     …evimizin dalında bostanımız ola-ola, orda ürəyin istəyən hər bir şey bitə-bitə, bir də görürdün, bir yığın qarğıdalı, pomidor, sütül lobya, şirin kartof, soğan, turp, çuğundur, cürbəcür meyvə-tərəvəz, şaftalı, alma, armud, gavalı, daha nə bilim nələr alıb gəlirdi... hə, gəl indi başını sındır görüm, necə eləyəsən ki, bunları tələf olmasınlar... Deyirəm ona «bu qədər şeyi gətirib tökürsən üstümə, bəs uşaqlarınla nə vaxt məşğul olum?..» Özüm boylu… təsəvvür eləyirsən?.. Burdan dəli kimi konserv bağlayıram… o isə həyətdə piy əridir... bir cür iyi də gəlir… bilirsən, belə piy iyi… lap axırıncı dəqiqəyəcən, ölüncə işlədim… dörd yüz otuz yeddi banka şaftalı, vişnə, üzüm, alma, gavalı cemi, heyva mürəbbəsi, armud kompotu, pomidor sousu, şor xiyar, daha nə bilim nələr, nələr bağladım… ambarda tərpənməyə yer yox idi… hər ya tavana qədər dolmuşdu… amma sənə deyim, yeməyi də bacarırdı… mən həyatımda yaxşı yeyənləri çox görmüşəm, amma beləsini yox… olsun ki, bu da nəsildən keçmədi, bilirsən?.. O danışırdı, necə uşaqlıqda çöldən qayıdandan sonra elə yeyirmiş ki… öküz qədər... bir dəfə onlarda olanda, öz gözlərimlə gördüm, necə qarı bütöv bir toyuqla üç dilim piroqu aşırdıb Avqustaya:

      - Qızım, mənə bir qab da çək. – deyir.

     …səksən yaşı vardı arvadın… qarnının güdazına da getdi… o öləndə «Sən bir buna bax!» - dedim. - Doxsan altı yaşında kreslodan yıxılıb qıçını sındrıb, özü də gör bir nə üstə!.. Əlini qarğıdalı saçmağına uzadanda, sürüşüb… təbii ki, öldü… çox qocaydi deyə, əmələ gəlmədi… sümükləri bitişmirdi... «Adamm heç inanmağı gəlmir!» - dedim.

…vallah, düz sözümdü!.. Lap möcüzə, idi… bu qədər yeməyə bədən dözər?!.. Səhər yeməyinə cürbəcür yumurta, bifşteks, çovdar sıyığı, isti kökələr, kolbasa və iki-üç fıncan qəhvə... hələ nahar, hələ şam?.. Tikə beləsindən, eləsindən, ciyər, rostbif, donuz əti, balıq, toyuq, beş cür müxtəlif tərəvəz, əzilmiş kartof, adi lobya, donuz ətiylə lobya, turp, şəftəli kompotu, piroq, hələ daha nələr, nələr...

- Əcəb olur! - bir dəfə Ueyd Eliota dedim. – Odu ki, elə bədbəxtlik basıb onu. Öz dişiylə özünə qəbir qazır.

- Ola bilər, - deyir, - amma sənə deyim, qazmağı yaman uzun çəkir a...a?..

…düz sözə nə deyəsən?.. Amma vallah, mənə hərdən elə gəlir, özünü adam kimi aparsaydı, bəlkə hələ də sağ-salamat idi… odu ki...

…nə deyirdim?.. Hə, ağrım tutdu… dəhşətli, kəsici ağrılar... pəncərəyə yaxınlaşıb atanı çağırıram…

- Gəl! Tez gəl!.. – deyirəm. O da adamm Allahı var, uzatmadı, qaça-qaça gəldi… - Yox, ola bilməz!.. - dedim – Vaxtıma hələ var axı?!..

- Mənə elə gəlir, vaxtdı, - atan deyir, - gedim, həkim gətirim.

…bu, çəyirtgə gələn il idi... elə bil o vaxtdan nə qədər illər keçib… çəyirtkələr bütün torpağı tərtəmiz yemişdilər… o vaxtdan nə qədər sular axıb... Amma, yox… fikirləşdim… başa düşürsən, heç cür ağlıma sığışdıra bildirdim… ola bilməz axı?!.. Gör bir nə qədər vaxt keçib… cəmi bir il bundan əwəl, yanvarda... İlahi?!.. Pərvərdigara?!.. Deyirəm, mənim bu bəlalı başım daha nələr çəkməyib?!.. Təəccüblüdü ki, hələ burda - sərıinlə üzbəüz oturub danışıram… düzi sözümdü, vallah… ilahidən nə isə böyük bir qüvvə verilib mənə… düz sözümdü!.. Taxıl yetişdirmək bundan asandı… o qədər uşaq… axı səkkizi sağ qalanlardı… bəs o birilər?.. Onlardan heç xəbərin var?.. O qədər uşaq.. tanıdığım bütün qadınlardan ən qısa müddətdə ərdə olanı mən idim... sən hələ bir görəydin… off… görəydin, onun haqqında nələr eşidirdim… arvadlarla oturub dura-dura, günahlar içində bata-bata, məni söyürdü, ələ salırdı... Allah-allah... çətin adam idi… vəhşinin, kobudun biri idi… hərdən deyirdim, bəlkə mən onu başa düşmürəm?.. İçində elə bil, bizim heç vaxt görmədiyimiz, tanımadığımız vəhşi heyvan var idi… nələr eləmirdi, nə söyüşlər söymürdü?!.. Onunla bacara bilmirdim… o qədər bezirdim, Allaha yalvarırdım, onun cəzasını versin... Amma, ay Allah?!.. O vaxtlardan… o çəyirtkə gələn ildən gör bir neçə illər keçib... o portağal ağacları, şam ağaclan, o mahnılar… bir yerlərdə yaşadığım illər ərzində gördüyüm hər bir şey!.. Həm ən yaxşı günlərim, həm ən çətin vaxtlarım… həm sevinc, həm göz yaşları... burda nə isə elə bir şey var ki, onu sözə çevirmək olmur... ona nifrət eləmək də istəmişəm… amma indi, ondan bir qətrə də olsun, incikliyim qalmayıb... qəribə adam idi… harda olsaydı, orda heç kim aclığın nə olduğunu bilmirdi, heç kim soyuğun nə olduğunu bilmirdi… hamıya hər şey çatırdı… indi də yadıma düşəndə... elə bil çəyirtkə gələn o ildən nə qədər vaxt keçib... elə bil yenə də danışmalı nə isə var… söz çatdıra bilmirsən…

…o il.... o il uşaqlar tifə tutulmuşdular... Stivlə Deyzi təzə-təzə sağalmağa başlayanda… ay Allah, hərdən fikirləşirəm ki, bütün bunlaın öhdəsindən necə gələ bilmişəm?.. Onları Sen-Oqastenə gətirdim… o da ora gəldi… sakit otura bilməyib ardımca gəmişldi… yenə içməyə başladı... mən yenə şüşəni axtarmağa başladım… o, Stivi məcbur eləmişdi ki, o arağı evin altında - qumun içində gizlətsin… elə ki, gördü axtarıram, özündən çıxdı… söyüb biabr elədi məni…

-                   Səni görüm lənətə gələsən!.. – qışqırırdı. - Onu da

götürsən, hər ikinizi öldürəcəyəm!..

       …sən bir özün fikirləş, bala, arvad-uşağa da belə söz deyərlər?!.. Acığım tutdu… amma inadımdan dönmədim… evin içində ora-bura vurnuxa-vurnuxa qaldım… sonra həyətə çıxıb divara söykəndim... o, o bağı şimaldan gələn bir adamdan almışdı… orda pilləkənin məhəccəri yox idi və ümimiyyətlə teyxa qumdan başqa orda heç nə yox idi… odu ki, arxayın idim ki, uşaqlar yıxılsalar da, əzilməyəcəklər və... hə…

     …İlahi! - fıkirləşirəm… indi mən neyləyim?.. Səhəri gün o ayılıb özünə gəldi və biz axşamtərəfi uşaqları götürüb Merion qalasna - Pon-se-de Leondakı qədim ispan qalasına getdik… orda camaat əlindən tərpənmək olmurdu… hamı da bər-bəzəkli… hərbi orkestr çalırdı… və budu ha, top atıldı… şeypur çalındı və bayrağı endirdilər... «E-vi-ni-zə-ə!.. E-vi-ni-zə-ə!..» bax, beləcə çalıb oxuyurlar… uşaqlar da ovuclarını ağızlarna qoyub şeypur kimi çalırlar… quşlar uçuşur... palmalar, musiqi… suyun iyi gəlir... portağalın rəngi… və qədim, qara qala.. İlahi?!.. Divarları bəzi yerlərdən on dörd fut qalınlığnda… gün də böyük portağal kimi arxada gizlənib… camaatsa musiqiyə qulaq asır... bax həmin o qışın yanvarında bizim yerlərə çəyirtgə gəldi... bir də gördüm, elə bil içimdə nə isə qırıldı...

-Gedək. - deyirəm. - Getdik!..

 O isə:

- Nədi yenə, nolub?.. – deyir.

- Ay Allah!.. - deyirəm. - Yanıb-tökülürəm… ay Allah!.. Gedib çata bilməyəcəyik!.. Tez ol!.. Və biz tərpəndik… uşaqlarla bir yerdə… ayaqlarım qumun içinə bata-bata, gedə-gedə fıkirləşirəm ki, çətin çataq… məni qucağına alıb düz evəcən apardı…

- Görürsən bir neyləmisən? – deyirəm ona. – Bu, sənin işindi!..

 O da mənə baxıb qorxdu, ağappaq ağarıb əsim-əsim əsdi…

- İlahi?!.. İlalıi?!.. – deyir. - Mən neyləmişəm axı?!..

…evin içində vurauxa-vurnuxa qaldı… hava da qaraldı... mən uzanmışam, uşaqlar yan-yörəmdə yatıblar… o, həyətə çıxdı… bizim orda şam ağacımız vardı… mənsə qulaq asıram, necə adamlar yanımızdan ötüb keçirlər… hardasa musiqi çalır… cürbəcür səslər eşidilir… kimsə oxuyur, kimsə gülür… qızılgülün, yəsəmənin, qərənfılin, o tərəflərdə bitən bütün ayrı güllərin, portağal ağaclarının ətri gəlir... Of!.. Sən bir təsəvvür elə… uşaqlar evdə yatıb, göy ulduzla dolu… İlahi, Pərvərdigara!.. fikirləşirəm: «İndi mən neyləyim?.. Neyləyim?»

…hə həmin o il idi… çəyirtgə gələn il… hər şey də elə bil lap çoxdannan olub... yox, düz sözümdü… mən heç nəyi özümdən toqquşdurmuram... Nelson onda düz demişdi… «Məlum şeydi, - demişdi, - sizə ilahidən nə isə qeyri-adi qüvvə verilib. Mən ömründə belə şey görməmişəm» - demişdi… doğrudan da!.. Yəni bütün bunları mən eləmişəm?!.. Bu, uşaqlıqdan mənim qanımda idi… pomidorlar da, güllər də, qarğıdalı da, tərəvəz də, müxtəlif meyvələr də… Allah haqqı!.. Elə barmağımı torpağa batırmağım bəs idi ki, nə istəsən bitirdi.

- Vay, - qoca Şumeyker deyirdi… bir də görürdün, bütün günü  bağında əlləşirdi… hər şeyi şahmat qutusu kimi dümbədüz kəsməsə, ordan çıxan deyildi… Almaniyada belə öyrənmişdi... – Vay, - deyir - siz bağı belə başlı-başına buraxa bilməzsiniz. Alaq eləməlisiz, yoxsa, heç nə bitməyəcək.»

 - Dayanın bir, - deyirəm, - dayanın, görərsiniz. Hər şey bitəcək, deyirəm, - mənim bağım heç də sizin əziyyət və qayğınızla əkdiklərinizdən pis bar verməyəcək.

…necədi səninçün?.. O il o qədər soğan, kahı, turp, pomidor bitdi ki, Şumeykerin bağı kölgədə qaldı... o bir Allah and olsun, hər şey göz görə-görə öz-özünə yerdən pırtlayıb çıxdı!.. Bir də sənə deyim, mən heç vaxt acından ölmərəm, qəpiksiz qalaram, amma batmaram… torpağı məcbur eləyərəm, yedirtsin məni… əvvəllər bacarırdım, elə indi də bacarıram…

…hə, ötən qış Katobanın kömür kompaniyasına gedib vergi ilə bağlı Miller Raytla söhbətə girişmişdim… demə yazığın ölümünə ikicə gün qalıbmış… yetmiş yaşı təzəcə tamam olmuşdu… görürəm meyid kimi ağappaq ağarıb, yarpaq əsim-əsim əsir…

- Nolub sənə, Miller?.. - soruşuram, - Halın heç xoşuma gəlmir. Niyə beləsən?..

 - Oh, Eliza… - deyir, özü də elə əsir... - elə bir bədbəxtçilik üz verib mənə, elə bir pis bədbəxtçilik... gecələri yatmıram, elə hey fıkirləşirəm…

- Nə baş verib axı?.. – soruşuram.

 O isə elə:

- Oh, Eliza - deyir, - hər şey məhv oldu!.. Bircə qəpiyim də qalmadı… Bütün pulumu mülkiyyətə keçirdim, - deyir, - bu andıra qalmış bank isə müflis oldu… indi neyləyəcəm, bilmirəm…

 - Neyləyəcəksən?.. - deyirəm. - Mənim elədiyimi eləyəcəksən. Səhvlərindən nəticə çıxanb hər şeyi təzədən başlayacaqsan.

- Of, Eliza, yox-yox, Eliza… - o, başı əsə-əsə deyir, - gecdi daha… ikimiz də yetmişi adlamışıq… çox qocayıq… - deyir.

- Qocayıq?.. - deyirəm. - Allah əkbər!.. Günü sabah hamıdan yaxşı qazanıb özümü dolandıra bilərəm!..

- Hə?.. - deyir, - Neyləyərsən axı?..

- Neyləyərəm?.. - deyirəm. - İndi deyim. Səksən yaşmacan özümü at əvəzinə arabaya qoşub gücüm gəldikcə, çəkəcəyəm, sonra da, - deyirəm, özüm də göz vururam ona, - elə kef eləyəcəyəm ki, şeytanın gözü kəlləsinə çıxacaq!..

…elə belə də dedim ona… fıkirləşdim ki, qoy bir az kefini açım…

O isə gülür…

- Nolar, - deyir, - gözəl plandı.

Deyirəm:

- Qulaq as, Miller, kim də olsa, gərək sən təslim olmayasan. Biz səninlə dünyanın hər üzünü görmüşük… Allah bir də o günləri bizlərə göstərməsin… başımız çox bəlalar çəkib…

…indikilər nə bilirlər ki?.. Bilmirlər ağır gün nə olan şeydi… biz onunla qonşuluqda - beşcə mil aralı böyümüşük… bunu heç yaddan çıxarmaq olar?.. Hə?.. Hər şey dəqiqəsinəcən yadımdadı… elə bil dünən olub… kişilər cərgəylə gedirdi… arvadlar ağlaşırdı… toz göyə qalxırdı... nələr çəkirdik, necə işləyirdik... yun, çit, iplik… hər şeyi özümüz əkib becərirdik… öz əllərimizlə düzəldirdik... sənin, haqqında eşitmədiyin, yuxunda belə görmədiyin daha nələr və nələr, oğul... o yay vaxtnı da, o çayı da, o mahnıları da, ehtiyacı da, kədəri də, bədbəxtliyi də… hər şeyi görmüşük, hər şeyin içindən keçib çıxmışıq...

- Sən özün də!.. - Miller Rayta dedim. - Sən də hər şeyin içindən keçmisən, - deyirəm, - mənim yadımdadı!..

…hə, belə deyəndə, o razılaşmaya bilərdi məgər?..

- Hə, sən, - deyir - haqlısan, yadımdadı... Bəs, - deyir… bir balaca elə bil sevincək olmuşdu… - indi o cür bacararsan?..

- Bacararam?.. – deyirəm. - Çala-çala, oynaya-oynaya!..

- Qulaq as, Miller, - deyirəm, - tutaq ki, bizim kitabımız bağlab. Axı, tək biz yox, hamımız elə bilirdik düz eləyirik.

– Olsun ki, onda biz hamımız başımızı itirmişdik. - deyirəm. - Özümüz öz başımızı xarab eləyirik, əsil şeylər isə qalıb bir kənarda.

…bunu fıkirləşəndə... Tfu!.. Mən qəti qərara gəlmişəm... adam bilir bəyəm başına nələr gələcək?!.. Hə də, fıkirləşirdim ki, bir-iki iş vardı, onu da qurtararam, vəssalam. Tfu!.. Allah haqqı, əgər o köpək balıqları, o Nyu-York cuhudları, o bir yığın almanpərəst dolu kimi başımıza yağmasaydılar... başımız işləsəydi... tufan bizi böyrümüz üstə yıxmasaydı, Kaliforniya ərəbləri Florida sahillərinin yırtıcı balıqlarla dolması barədə şaiyələr yaymasaydılar, hər şey öz qaydasında olardı... əslinə qalanda, yırtıcı balıqlar orda Şimal qütbündəkindən çox deyildli... onlar qəsdən bu gopu yaydılar ki, Floridanı iflasa sürükləsinlər… çünki bizim inkişafımıza laqeyd baxa bilmədilər... Quver də qardaşlarıyla onların tərəfinə keçib bütün bu mərəkəni altdan-altdan qızışdırırdı… axı onların özləri də kaliforniyalı idi?!.. Bu da sənə bütün haq-hesab… amma kim də neyləsə, Florida həmişə ucalacaq… Floridanı əzmək olmaz!..

      -Miller, -deyirəm, - banklar hələ ki, hər şeyi yeyib qurtarmayıblar. Bəlkə də onlar elə bilirlər, hər şeyin sonudu, amma gəl, - deyirəm, özüm də göz vururam ona, - bir sirr var, onu sənə açım. Mənim şəhərdən kənarda bir ovuc torpağım var… bu haqda hələ heç kim bilmir… əgər işlər xarablasa, - deyirəm, - acından ölməyəcəyəm… ora gedib ürəyim istəyəni əkəcəyəm… görsən ki, müflisləşirsən, sən də ora gəl… ac qalmazsan, əlim yüngüldü, hər şey təzədən bitəcək…

    - Of, of, Eliza, - deyir, - gecdi. Hər şeyi təzədən başlamağa gücümüz çatmaz, çox qocayıq.

    - Yox, - deyirəm, - nə qədər qocalsaq da hələ nə isə də qalıb...

    - Hə?.. - soruşur. – Nə?..

    - Torpaq qalıb bizə, - deyirəm, - torpaq həmişə bizə qalır. Biz həmişə onun üstündəyik… bizi o xilas edəcək… O hələ heç kəsi aldatmayıb.

 

 

                                        ***

 

…hə, demək, bir də görürəm, budu ha, başıalovlu qaçıb gəlirlər… - atanla, qoca həkim Nelson… mən də uzanmışam, o dəhşətli ağrı da yandırıb tökür məni, az qala dörd yerə bölür…

- Yox, əşşi, - həkim Nelsona deyirəm, - ola bilməz. Vaxtıma hələ var axı?!.. Düz iki həftə qalıb.

- Vaxtın bura dəxli yoxdu. – o deyir. - Siz indi azad olmalısız. Vaxtınız da gəlib çatıb. - deyir. – Çatıb-çatıb, görmürəm bəyəm?!..

…doğrudan, elə onun dediyi kimi də oldu... hə də, təbii ki... mən də bunu deyirdim də, oğul… bax, burda da hər şey aydınlaşdı...

«İki... iki... » - bir səs deyirdi, o birisi isə «İyirmi... iyirmi»...

…Ed Mirs bizə gələndən iyirmi gün sonra - oktyabrın 17-də… əqrəb əqrəb üstündə axşam ona iyirmi dəqiqə qalmış əkiz doğuldu… Ben və Qrover anadan oldular... o biri gün yerimdə uzana-uzana fıkirləşdiyim yerdə birdən anladım… başa düşdüm, bu nə demək imiş belə… Tilsim qırıldı... bax beləcə… bu da bütün əhvalat, atam… bax, hər şey belə olmuşdu…

«İki... iki», bir səs deyirdi, o birisi isə deyirdi: «İyirmi... iyirmi...»

…sənə hər şeyi damşdım...

- Sən buna nə deyirsən?.. - Mister Qanta deyirəm. - İndi başa düşdün?.. Hə!..

…sən onda bir onun üzünü görəydin…

- Dərindən fıkirləşəndə, doğrudan çox qəribədi. - deyir. - Allah haqqı qəribədi…

- Ay Allah, bu dəni a bala?!.. Bu nə səslərdi belə, hə?.. Nə deyirsən?.. Gəmi?.. Hə, aprelə daha lap az qalıb… mən evə qayıtmalıyam, əkib-becərdiyim bağda bir azdan güllər açacaq… ağaclar çiçəkləyəcək, şaftalılar, vişnə, zoğal, dəfnə, yasəmən... alma ağacım da var, iyunda onun üstü cürbəcür quşlarla dolu olur... uşaqlıqda əkmişdin o ağacı… elə əkdiyin yerdəcə, mənim pəncərəmin qabağmdaca çiçəkləyir... qurban olum, bala, yeməyinə fikir ver… canını qoru, ürəyim çox narahatdı... sən burda yad adamlarm arasındasan… təksən… indi yamaclar elə gözəldi... bahala az qalıb… ürəyim sənin üçün narahatdı oğul… sən həm təksən, həm də uzaqdasan... evə qayıt bala… bala, evə qayıt!..

A-a-a, qulaq as bir...

Hə?.. Bu nədi belə?..

Hə?.. Nə deyirsən?..

İlahi, pərvərdigara?! Köçəri qəbilə…

Bala-bala!.. Bu nədi belə orda?..

Hə, gəmilər… yenə gəmilər!..