ƏMƏLİSALEH ALİM

Məryəm Əlizadə haqqında düşünərkən, gözümün qabağına 70-ci illər, o illər ölkənin canına hopmuş füsunkar teatr havası, unudulmaz Tofiq Kazımov, onun quruluş verdiyi bir-birindən təsirli, yeni nəfəsli teatr tamaşaları, məxsusi həvəs və azarkeşliklə ərsəyə gətirdiyi əlamətdar tələbə qrupu - bu gün milli mədəniyyətimizin aparıcı simalarına çevrilmiş Fuad Poladov, Vaqif İbrahimoğlu, o illər ilk səhnə işi ilə - C.Məmmədquluzadənin «Dəli yığıncağı» pyesinə verdiyi quruluşla teatral mühitdə rezonans yaratmış sevimli qardaşım Eyvaz, onun yaxın dostu, kurs yoldaşı, gənc, utancaq Məryəm xanım, Məryəm xanımı yüzlərlə insanın arasından seçib ayıran alov rəngli  saçları, məsum təbəssümü gəlir...

Bu gün yaşının yuvarlaq rəqəminin tamamına təsadüf edən əlamətdar zaman kəsiyində, təbii ki, ilk növbədə, Məryəm xanımın teatr sevgisindən, onun milli və dünya teatr sahəsində yiyələndiyi dərin biliyindən, unikal təhlil qabiliyyətindən, incə elmi zəkasından, yaradıcı ömrünün 40 ilini həsr etdiyi dəyərli tədqiqatlarından - ərsəyə gətirdiyi neçə-neçə yaddaqalan monoqrafiya­larından və məqalələrindən söz açılmalı, bu fədakar alimin sonsuz insan sevgisi, təkrarolunmaz dostluq istedadı, müəllimlik qüdrəti, dərs dediyi İncəsənət Universitetində və cəmiyyətdə qazandığı kütləvi  sevgi və sair və ilaxır xatırlanmalıdı. Mənimsə gözlərim önündə, bütün bu uğurlardan və nailiyyətlərdən bir addım irəlidə - gizli yaddaşımın «elm», «sənət», «peşə», «cəmiyyət» anlayışlarını yaxına buraxmadığı mübhəm kəsiyində  həmin o işıqlı təbəssüm - sahibinin üzündən bu gün də əskik olmayan, nə iləsə, alt qatı tapmacalar dolu sirli Cakonda təbəssümünu andıran məsum ifadə işarır... qədimdən qədim doğmalıq, mərhəmət və dözüm saçan İlahi Rəhm ifadəsi...

Sahibinin bütün həyatını, keçib-gəldiyi ağrı-acılarını, insan sevgilərini və itkilərini hansı möcüzəyləsə özünə sıxıb saxlayan bu təbəssüm barədə düşünürəm... və bu zahirən adi üz ifadəsinin mənim yeniyetmə yaddaşıma, o illərin möhtəşəm sənət hadisələrinin möhürlədiyi bir sıra həyat həqiqətlərindən daha zərif və incə mətləbləri həkk etdiyini, məni dəfələrlə - illərin və hadisələrin axarıyla təkbətək, üzbəüz qaldığım çıxılmaz darısqallıqlardan, həyat və insan sevgisinin bitib- qurtardığı soyuq astanalardan geriyə qaytardığını, bu dünyanın amansız, cod qanunları barədə illər uzunu ilıq-ilıq rəvayətlər anlada-anlada, nələrdənsə qoruduğunu anlayıram... Bu izaholunmaz sevgi işığının elm və maarif dəzgahı arxasında keçən çətin ömür yollarından, insan ruhunu yorub korşaldan ictimai hadisələr axarından, sənət və elm girdabının yaşam əzablarından hansı möcüzəylə qorunub bu günə çatdığı barədə düşünürəm... və böyük insan sevgisindən, tale iztirablarının, ağrı-acıların dinməz məmnunluqla qəbulundan, əqidə və dost cəfakeşliyinin, dözümün qədərindən bəhs edən bu təbəssümün əbədi olduğunu anlayıram...

Qəribədi ki, «böyük», «dahiyanə», «şedevr» adlandırıb pərəstiş etdiyimiz sənət nümunələrinin xilas gücü yetmədiyi çətin məqamlarda bizləri tükənməz daxili işıqları, rəhm və gözəllikləri ilə özləri də bilmədən, dərin-dərin uçurumlardan qoruyan, yaşadıqları məmləkətlərdə və cəmiyyətlərdə şəfqətli mühitlər yaradan insan hadisələri barədə düşünmürük. Bu yerdə xatirimə müqəddəs Məhəmməd peyğəmbərin belə bir kəlamı düşür: «Bu dünya və onda olanlar qiymətli xəzinədir. Bu xəzinənin ən qiymətli cəvahiri - əməlisaleh qadındır...»

Peyğəmbərin digər kəlamını: «Alim qələmindən sızan mürəkkəbin bir damlası yüz şəhid qanına bərabərdir», - ifadəsini də yada salanda, gözlərim önündə bizim Məryəm xanımın işıqlı siması canlanır.

                                                                                                                                             2010 aprel