"YAZIÇILIQ - QADIN SƏNƏTİ DEYİL"

Afaq Məsudla söhbət


ABŞ-ın Ədəbiyyat üzrə Fulbrayt təqaüdçüsü, fəlsəfə elmləri doktoru Alison Mendavil.

Alison Mendavil. - Mən Vaşinqton Universitetinin müəllimiyəm. Sizin, Dillər Universitetindəki çıxışınızdan böyük zövq aldım. İndi bir həmkarımla birgə, sizin «Qəza» hekayənizi tərcümə edirik. Sizdən alacağım bu müsahibə və hekayə Vaşinqtonun «Litriçen Tudey» jurnalında dərc ediləcək.
Harda doğulmusunuz? Bir qədər ailəniz, ədəbiyyat və yazıçılıqla necə maraqlanmağa başladığınız haqqında danışa bilərsinizmi?

A. Məsud: 1957- ci ildə Bakıda, ədəbiyyatçı ailəsində doğulmuşam. Babam - Əli Vəliyev məşhur yazıçı, atam - ədəbi tənqidçi olub. Məktəbdə oxuduğum illər dünya ədəbiyyatını öz yaşım müqabilində mükəmməl şəkildə oxumuşam. Mütaliə əsasən yay ayları baş tuturdu. Uzun-uzadı, darıxdırıcı tətil günlərində bekarçılıqdan və bürküdən qurtulmaq üçün yaxşı-
pis, əlimə keçəni oxuyurdum. Hətta yaş səviyyəmə uyğun olmayanları da. O dövrlər Moskvanın nəfis tərtibli 350 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» nəşri atamın kitabxanasında idi və bəlkə də yazıçı kimi formalaşmağımda bu kitabxananın əsaslı rolu olub. Con Steynbek, Uilyam Folkner, Xulio Kortasar, Moris Meterlinq, Miqel de Unamuno, Bomarşe və daha kimlər və kimlər... Təəssüf ki, indi mütaliə etməyə vaxt qalmır.
Dördüncü sinifdə oxuyanda "Qarğalar nə üçün qarıldayır?" adlı balaca bir nağıl yazmışdım. Lakin yazıçılıqla ciddi məşğul olmağa, ali məktəbin ikinci kursunda oxuyanda başladım. İkinci kursda ikən «Həsən əmi» alı ilk hekayəmi yazdım. Bu, bizim qonşulğumuzda yaşayan qocaman bir şairin, «şairlik peşəsinə» heç cür uyuşmayan boz həyatından bəhs edən bir yazı idi. Onun və ailəsinin yaşadığı boz əşyalarla dolu ev, bu evin, az qala saat mexanizmini andıran ölü həyatı, yadıma gəlir, o vaxt mənə qəribə, sıxıntılı hisslər aşılamışdı. Həsən əmi «şairliyi» vəzivə kimi yerinə yetirir, hər gün, işə gələn kimi yazı masasının arxasına keçir, günün müəyyən saatları maşın dəqiqliyi ilə yaza-yaza harasa irəliləyirdi... Onun bu sxematik həyat tərzi mənə o qədər pis təsir eləmişdi ki, yadımdadı, uzun müddət o darısqallıqdan, o çıxılmaz bozluqdan xilas ola bilmirdim. Hiss edirdim ki, onun bozluğu, yaşadığı evi hardasa yaxındadı, məni boğur, məhv eləyir... Xilas yolunu yazmaqda gördüm və bir gün masa arxasında oturub canıma yeriyən bu sıxıntını kağıza köçürdüm və xilas oldum. Anladım ki, bu üsulla - yəni kağız və qələmlə istənilən maneədən xilas olmaq mümkündü. Beləliklə də yazıçı oldum. Lakin llər ötdükcə, məni sıxıb əzən, yaşamağa qoymayan maneələr mənimlə bir böyüməyə, ağıllanıb güclənməyə başladılar və mənə, qələmi kənara qoymağa imkan vermədilər.

Alison: - Başqa hansı əsərlərin müəllifisiniz? Neçə kitabınız nəşr edilib?

A.Məsud: - İlk iri həcmli əsərim "Qarğış" romanıdır (o vaxt «povest» deyirdilər, rus dilində bu, «povestvovaniye», yəni «danışmaq» sözündən yaranıb). Bundan sonra daha səkkiz roman, əllidən artıq hekayə və esse, son dövrlər isə pyes yazmışam.

Alison: - Bütün bu fəaliyyətlərlə yanaşı yazmağa da vaxt taprısınız?

A.Məsud: Ana olandan ev və idarə işlərində sürətim artıb. Odu ki, istənilən halda yazmağa vaxtım qalır. Eyni zamanda həm yemək bişirə, həm də yazı yaza bilirəm. Ən mürəkkəb bişirilmə qaydası olan plovu (ət və meyvə sousu ilə bişirilən, adətən iki saata hazırlanan düyü xörəyi) iyirmi dəqiqəyə hazırlayıram. Çoxları buna heyrət edirlər.

Alison: "Qəza" hekayəsi haqqında nə deyə bilərsiniz?

A. Məsud: «Qəza» - nı, səhv eləmirəmsə, 1987- ci ildə yazmışam. Bu, həyat yoldaşının yol qəzasında həlak olduğunu zənn edib həyatını bir gecənin içində yenidən quran bir qadın haqqında hekayədir. Burda sözün əsil mənasında qəza baş verir. Lakin bu qəza, hekayənin qəhrəmanı olan bu qadının təsəvvüründə baş verən maşın qəzası deyil. Bu, ərini itirdiyini zənn edib dul qalmış qadının yaşadığı həyatla, təsəvvüründə qurduğu həyatlar arasında baş verən toqquşma, ayrı sözlə desək, psixoloji qəzadır.

Alison: Bu hekayə dərc edildikdən dörd il sonra Azərbaycan müsətqillik qazandı. Ötən on səkkiz il ərzində nələr dəyişdi?

A.Məsud: Cəmiyyətdə əlbəttə ki, çox şey dəyişib. Siyasi, sosial sferalarla bərabər, insanların dünyagörüşündə, həyata baxışlarında əsaslı dəyişikliklər gedib və getməkdədir. Mən antisovet bir ailədə böyüdüyümdən özümdə elə bir ciddi dəyişikliyin getdiyini hiss eləmirəm. Atam - Məsud Əlioğlu son dərəcə azad təbiətli alim, qatı antisovet idi. «Türk» kəlməsi ölkəmizdə yasaq olunan dövrlər (söhbət 60-cı illərdən gedir) biz türküləri dinləyir, Atatürkün əsərlərini oxuyurduq. Atam məşhur amerikan cazmeni Qlen Millerin «Cünəşli vadinin serenadası» filmində səslənən orkestr musiqilərini ağzında elə ifa edirdi, elə bil orkestrin özünə qulaq asırdın. Bir sözlə, bizim ev daim öz azad mühitində yaşayıb. Bu mühitin, bu sonsuz azadlığın müəllifi mənim atam olub. Düzdü bu xislətindəki bu hüdudsuz azadılığına görə o da, onunla bərabər biz də təzyiqlər və çətinliklərlə üzləşməli olsaq da, atam azadlığını heç nəyə dəyişməyib. Mənim bu sarıdan bəxtim onda gətirib ki, yaradıcılığımın əsas dövru ötən əsrin səksəninci illərinə - ölkənin dərin ictimayi-siyasi dəyişiklər dönəmi ərəfəsinə təsadüf edib. Lakin mən də öz növbəmdə, ayrı təzyiqlərə və müqavimətlərə məruz qalmışam. Bu, qadın-yazıçıya yasaq olunan, üstündən üstüörtülü eyhamlarla ötüşülməsi «məsləhət olan» mətləblərin olduğu kimi ifadə olunmasının qəbuledilməzliyi idi. Mənsə, ayrı cür yaza bilmirdim. Tərcümə etdiyiniz "Qəza" hekayəsinin ilk sətirləri uzun illər çoxlarını çaşdırıb. Bu, bütün gecəni ərinin yolunu gözləyən qadının, küçədə çığıran pişiklərin səsini eşidərkən, təsəvvüründən ötürdüyü, bəlkə də ağlasığmaz, təsəvvürəgəlməz bir hiss idi. Ərini dəhşətli dərəcədə qısqanan qadın, çığırqan küçə pişiklərinin əri tərəfindən zorlandığını təsəvvürünə gətirir. Lakin, gəlin səmimi olaq. Hansı birimizin qəlbindən, ya beynindən nələr keçmir?.. Və niyə bunların kağıza köçürülməsi, yəni hansı mənadasa sənədləşməsi bizləri bu qədər qorxudur?.. Bu sətirlərdən şoka düşənlərin təəccübü o illər məni üzüb əldən salırdı. «Uşaqların atası, həyat yoldaşı barədə belə fikirləşməkmi olar?..», yaxud, «Axı belə bir şey mümkündümü?..» Halbuki bu, sadəcə, qısqanclıqdan az qala ağlını itirmiş bir qadının təxəyyülü idi. O ki qaldı, cəmiyyətdə gedən dəyişikliyə, müstəqilliyin ilkin dövrləri əlbəttə ki, vəziyyət ağır idi. Özünüz fikirləşin, illərlə müstəqil yaşamaq və düşünmək imkanından məhrum olunan insanlar birdən-birə özlərini azad hiss eləməyə başlamışdılar. Hər şey qəfildən dəyişmişdi, anlaşılmaz bir xaos yaranmaışdı. "Yataqxana" hekayəsindəki kimi. Hekayə uzun illər mehriban qonşuların qayğıkeş nəzarəti altında yaşayan, lakin bütün bu mehribançılığın içində öz azadlığını, müstəqil düşünmək və yaşamaq qabiliyyətini itirmiş bir ailədən bəhs edir. Bu gün də məni narahat edən - cəmiyyətimizi bürüməkdə olan qorxunc və qaçılmaz mənəvi deqradə prosesi, dəyərlərin itirilməsi, ciddi ədəbiyyatın, sənətin kölgədə qalmasıdı. Bu günkü xəstə cəmiyyəti sağalda biləcək yeganə təsir vasitəsi ciddi ədəbiyyatdır. Bu, həm də bütün dünyanın problemidi. Maddiyata üz tutmuş insanlığın duyğu və hiss Ərazisinin getdikcə maddi - sosial xırdalıqlar bataqlığında öləziməsidi.

Alison: Həmin hekayə, «Qəza» nı nəzərdə tuturam, bu gün də yazıla bilərmi? Bu mövzu hələ də aktualdırmı? Mən, təxminın yüz il bundan əvvəl, Keyt Şopin adlı amerikalı qadın yazıçısının, təxminən «Qəza»ya bənzər bir hekayəsini hal-hazırda universitetdə tədris edirəm. "Bir saatın hekayəsi" adlanan bu əsər, ərinin ölüm xəbərini eşidib özünü son dərəcə azad hiss eləyən qadın haqqındadır və mən tələbələrimdən, bu hekayənin bugünki qadınlara aid olub - olmadığını soruşanda müxtəlif cavablar alıram.

A.Məsud: Müstəqillikdən sonra ümumən cəmiyyətdə çox şeylər dəyişdisə də, qadınlar üçün demək olar ki, çox az nə isə dəyişib. Bu dəyişkənlik əsasən, qadınların sosial həyatında baş verib. Böyük mənada isə heç nə dəyişməyib. Müstəqillikdən sonra cəmiyyətdə nələrsə, bayaq dediyim kimi, yaxşılığa doğru dəyişib, amma ailə həyatı, ailədaxili münasibətlər əksinə, korlanıb. Həyat maddiləşdiyindən qadın-kişi, ər-arvad arasındakı münasibətlər də həmin bu dağıdıcı müstəviyə keçib və müəyyən mənada milli-estetik dəyərini itirib. Yeri gəlmişkən, çoxları düşünür ki, (mən, əsasən avropalıları nəzərdə tuturam və bu barədə dəfələrlə mübahisələrim də olub,) Azərbaycan - qadının istismar edildiyi geridəqalmış bir şərq məmləkətidi. Bir çox əcnəbi dərgilər Azərbaycan qadınını gah belində güllü şal bazarda meyvə satan arverçi obrazında, gah mətbəxdə başı bağlı, düşbərə bükən yerdə təqdim edirlər. Onları dəfələrlə başa salmağa çalışmışam ki, bizim ölkədə qadınlar heç kim tərəfindən istismar edilmir, heç bir qadının hüququ taptanmır. Özü də nəyinki indi, hələ lap bəyənmədiyimiz sovetlər dönəmindən bu yana. Bu, bizim qadına olan münasibətimizdi. Məndən daim Azərbaycandakı qadınların problemləri haqqında soruşurlar. Əlbəttə, sözsüz ki, «Azərbaycan qadını» deyəndə, ilk növbədə, onun aid olduğu zümrə nəzərə alınmalıdır. Azərbaycanda da, bütün dünyada olduğu kimi, satıcı, süpürgəçi, camaşır yuyan, eləcə də digər ağır zəhmətlərə qatlaşan qadınlar var. Lakin «Azərbaycan qadını» tək bir bu yazıq insanlar deyil. İmkanlı zümrəni təmsil edən, həyatları dəbdəbə və zinət yarışlarında keçən bir ayrı yazıq-qadın ordumuz da var və bu qadınlar da tipik Azərbaycan qadını deyil. Azərbaycanda digər qadın zümrələri də var. Bu, öz fərdi müstəqilliyini əldə etmiş, öz qüvvəsinə və qabiliyyətinə güvənən, sağlam düşüncəli qadınlardır. Lakin onların da həyatı tam problemsiz deyil və bu da təbiidir. Və beləcə Azərbaycanda bir çox qadın zümrələri var. Evdar qadınlar, biznesmen-qadınlar, yaradıcı qadınlar, styasətçi qadınlar və sair və ilaxır. Müstəqillik bu qadınların həyatında əsaslı surətdə nəyisə dəyişməyib.

Alison: Qızlarınız yazıçılıqla maraqlanırlarmı?

A. Məsud: Yox. [gülümsəyir] Hər ikisi ixtisasca hüquqşünasdır. Böyük qızım öz ixtisasının ardınca getdi. Kiçiyi isə dizaynerliklə məşğul olur.

Alison: Bu gün Azırbaycanda gənc yazıçıların vəziyyəti necədir?

A.Məsud: İstedadlı gənclər az deyil. Amma bir şey pisdi ki, onların çoxunu məşhurlaşmaq maraqlandırır. Bu, çox vaxt onların yazılarının alt qatında hiss olunur və yazının dəyərini aşağı salır. Vulqar sözlərdən, pornoqrafiyadan yersiz və hədsiz istifadə çox vaxt oxucuda əks reaksiya yaradır. Digər xoşagəlməz hal - ədəbiyyata sovetlər dövründən qalma yanaşma tərzir. Bu gün əlinə qələm alıb ilk hekayəsini yazmağa başlayan gənc anlamalıdı ki, onun yazdıqları sovetlər dövründə olduğu kimi, kütləvi tirajlarla buraxılmayacaq, arxasında heç bir ideoloji maşın sdayanmayacaq və o, yalnız onu anlaya, hisslərini bölüşə biləcək adamlar üçün yazacaq. Onlarda nəyisə dəyişmək, kimlərisə hansısa çıxılmazlıqlardan xilas etmək üçün yazacaq. Və əslində, böyük ədəbiyyat elə belə yaranır.

Alison: Bir neçə qadın tələbəm var ki, yazıçı olmaq istəyirlər. Onlara nə məsləhət verərdiniz?

A. Məsud: (çiyinlərini çəkir). Hər şey taleyin hökmü ilə başa gəlir. Yazıçı olmağıma, bayaq dediyim daxili azadlığım təkan verdi. Burda da, eləcə Avropada da qadının özünü yaradıcı fərd kimi realizə etməsi hədsiz çətin məsələdi. Axı qadının həyatı çoxşaxəlidi?!.. O həm anadı, həm həyat yoldaşı, həm övladdı, həm idarə işçisi. Üstəlik, qadın kişilərdən fərqli olaraq, fədakardır. Tək bir ailə həyatı ilə yaradıcılıq arasında böyük uçurum var. Bu uçurumlar insanda hava burulğanına düşən təyyarə ləngərtilərini andıran ürəkbulanmalar yaradır. Demək olar, bütün həyatımı həmin bu ürəkbulanmalarla yaşamışam. Bu, hər adama, xüsusən hər qadına nəsib olan tale deyil. İndi bu yaşımda artıq o «ləngərtilər» ürəyimi bulandırmır. Daha onlara öyrəşmişəm. Düzdü, indi atıq ev işlərini görən, yemək bişirən köməkçim var. Amma evdə nə isə eləməyə hər an bir iş tapıram, beynimdə nə isə yaza-yaza kartof soyuram, döşəmə süpürürəm. Və artıq bu ikili həyatdan qəribə bir həzz aldığımı duyuram. Odu ki, əslinə qalsa, heç kimə, əsasən qızları nəzərdə tuturam, yazıçı olmağı məsləhət görməzdim. Bu, qadın sənəti deyil. Düşünürəm ki, o qadın yazıçılıq sənətini seçməlidi ki, o, ayrı cür sadəcə, yaşay bilmir. «Yuğ» teatrında tamaşa qoyulan «Can üstə» pyesim ölüm ayağında olan qoca məmur və onun O dünyaya keçid məqamını tədqiq eləmək üçün yatağının başını kəsdirmiş yazıçı-qadın haqqındadı. Bu qadın əsərdə dünyanın ən nüfuzlu mükafatını - Nobeli alıbsa da, qələm və yazı ehtirası yenə ona dinc yaşamağa imkan vermir. Bu qadın - mən özüməm. Onu da deyim ki, o tamaşaya qədər bizim ədəbi mühitdə Nobel mükafatı bir kəsin yatsa belə, yuxusuna girməzdi. Tamaşa qoyulandan sonra ədəbi gündəmə bir Nobel təşfişi qatıldı və mən cəmiyyətə təsir gücümü anladım. Bu da yazıçılıq qələbəmin bir göstəricisidir.