"HƏYAT AZADLIĞIMI ƏLİMDƏN ALIB…"
BİZİM QADINLARA MƏHDUDİYYƏT QOYULMALIDIR.
- Siz öz fikirlərinizi, mahiyyətinizi bir qədər qəribə şəkildə, qeyri-standart formada, qəliz çatdırırsınız. Bunu nə ilə izah edərdiniz?
- Məncə, məndə heç bir qəlizlik yoxdu. Əksinə, çalışıram fikirlərimi mümkün qədər sadə dildə çatdırım. Sadəcə, bir qədər fərqli düşünməyi, görüb anladıqlarına ayrı nöqtələrdən də baxmağı vərdiş etmək gərəkdir.
- Yəqin ki, bunlar müəyyən düşüncə tərzi olan adamlar üçündü?
- Əslində, mən oxucu üçün yox, özüm üçün yazıram. Oxucularım az deyil. Geniş oxucu kütləsinə gəlincə, özümü onların malına çevrilmək istəmirəm və hətta bundan qorxuram.
- Yalnız başa düşən müəyyən təbəqə ilə bir növ söhbət etmək, dərdləşməkdi bu…
- Elə bilirəm, yazılarım, onları seçib oxuyanların, özləri və dünya barədə təsəvvürlərini bir qədər laxlada bilib. Uzun illərlə qəbul olunmuş, yaddaşlara oturuşmuş ehkamların, dəyərlərin yenidən baxılmasına imkan yaradıb. Son illər isə əsərlərimin artıq müəyyən oxucu dairələrinin zəruri qidasına çevrildiyini hiss edirəm. Bu, əlbəttə ki, məni sevindirir.
- Ətrafınızda olan adamlar kömək istəməsələr də hiss edirsiz ki, onların Sizə, Sizin sözə ehtiyacı var. Belə anlarda Siz nə edirsiniz?
- Nə qədər utandırıcı da olsa, insanlarla ünsiyyətə girməyi sevmirəm. İnsanlar da sanki mənim bu insana yovuşmazlığımı duyub mənimlə ünsiyyətdən çəkinirlər. Lakin adamlar var ki, hərçənd ki, bu tək-tük yaradıcı isanlardı, mənimlə ünsiyyətə rahatca daxil olurlar.
- Onda belə demək olarmı ki, Siz bir qədər eqoistsiz?
- Buna eqoistlik demək mümkündüsə, deməli elədi. İnsanlarla ünsiyyətdən dağıldığımı dəfələrlə hiss eləmişəm. Xüsusən, kütləvi mərasimlərdən sonra. Daxili tarazılığım o qədər pozulur ki, günün saatını, ilin hansı mövsümü olduğunu anlamaq halından çıxıram… Bilmirəm gecədi, gündüzdü, yaydı, qışdı, mən hardayam? Məncə, daxili harmoniyam pozulur. Sonra günlər və həftələr lazım olur ki, əvvəlki halıma qayıda bilim. Bu da həmişə alınmır.
- Hər hansı yazıçının əsərlərindən danışanda, hansısa bir ideyanın, fikrin aparıcı xətti kimi onlarda ifadə olunduğunu deyirlər. Sizin əsərlərinizdə çatdırmaq istədiyiniz belə bir fikir varmı?
- İnsanlığa çatdırmaq istədiyim fikir bir deyil. Onlar çoxdular. Mənim üçün hər an hər şey dəyişir. Bu gün anladığım topdağıtmaz həqiqət bir saatdan sonra anladığım ayrı bir həqiqətlə heçə çıxarılır. Bu proses hədsiz sürətlə gedir. Dünyanı və özündə nə baş verdiyini dərk eləmək istəyən insan ilk növbədə, özünü dərk etməli olduğunu anlamalıdı. Fəlsəfənin də, ədəbiyyatın da ilkin əlifbası budu. Bütün olub keçənlər və olacaqların hamısı əslində, bizim hər birimizin şüuraltısında var.
- «Uşqalarımın həyatıyla yaşamamışam» deyirsiniz. Onlardan uzaqlaşmağınız bəlkə sufilərə xas olan o ifrat tərkidünyalıqdan irəli gəlir?..
- Uşaqlarımın həyatıyla, onlar dünyaya gəldikləri ilk gündən yaşamamışam. Analıqla bağlı boynuma düşən vəzifələri çalışıb yerinə yetirsəm də onları içimə buraxmamışam. Əvvəllər elə bilirdim bu, düz deyil, amma indi düşünürəm ki, haqlı olmuşam. Əksər qadınlarımızın övladlarına anlaqsız bağlılığının səbəbini isə onların həyatlarında, daxili dünyalarında olan boşluqlarla izah edirəm. Bu da bir növ, bekar evdar qadınlarımızın serial qəhrəmanlarının həyatıyla yaşamağına bənzəyən anormal bir haldır.