BÜTÜN ƏZABLARI MƏNƏ ÖZ İÇİMDƏ VERİBLƏR...

 

Öz ali «MƏN»ini kütlə psixologiyasının xırda qanunlar çərçivəsindən mühakimə etmək - Allaha meydan oxumaq qədər günahlı bir işdi.


- Siz Tanrı tərəfindən yox, həyati əzablarla məhkum olunmusunuz elə bil...

- Atam dünyasını dəyişəndə, mənim on beş yaşım vardı, amma həmin o on beş yaşımda artıq o qədər əzab çəkmişdim ki, atamın ölümünü o əzablardan növbətisi kimi, qəbul etdim.

- O nə əzablar idi?

- Dəqiq deyə bilməyəcəyəm. Çünki özüm də bilmirəm. Mən şəhərin mərkəzi küçələrindən birində, tanınmış ədəbiyyatşünas alim Məsud Əlioğlunun ailəsində doğulmuşam. Geniş, işıqlı bir mənzildə yaşamışam. Evin sonbeşiyi kimi, ailənin ərköyünü olmuşam. Maddi korluq çəkməmişəm. Amma həm də görünür, nədənsə korluq çəkmişəm. Bunun, nəyin korluğu olduğunu uzun müddət anlaya bilmirdim. Bir müddət bunu, atamın yaşadığı zəmanə ilə, cod cəmiyyət qadağaları ilə yola getməməsiylə, canında gəzdirdiyi disident sıxıntılarını bütün evə çökdürməsi ilə bağlayırdım. Sonralar daha ayrı bəhanələr tapırdım. İndi isə anlayıram ki, bütün o əzabları mənə öz içimdə veriblər. Olsun ki, bu, mənim hədsiz azad ruhumla bu dünyanın miskin darısqallıqlarına sığınmaq məhkumluğu olub.

- Yazılarınızı oxuyanda, bir şey daha hasil olur ki, Siz həddən ziyadə narahat insansınız. Daim nəyinsə axtarışındasınız. Nəyi axtarırsınız? Maraqlıdır.

- Desəm ki, həqiqəti, çeynənmiş alınacaq. Amma, sözün əsl mənasında, həqiqəti. Mən daim onu axtarmışam. Hər yerdə və hər şeydə. Həqiqət isə bir deyil. Bu dünyada saysız-hesabsız həqiqətlər var. Bu həqiqətlər bəzən bir-birinin zilddinə işləyir, bəzən də bir-birinə dəyib dolaşmadan rahat paralelliklə uzanıb gedir. Onların hamısını axtarıb tapmağa, dərk edib əsərə, bədii fikrə çevirməyə ömür çatmaz. Mən öz ömrümü demirəm. Ümumən insanlığın ömründən danışıram. Hələ ki, bu həqiqətləri saatbasaat, günbəgün meşədə adda-budda bitən nadir göbələkləri tapan tək, bircə-bircə tapıram.

- Sırf hisslər və duyğulardan yazaraq, bizlərə tanış və doğma olan bəşəri mövzulardan bir az aralı qalmaq deysən, Sizi narahat etmir?

- Siz «bəşəri mövzular» deyəndə, nəyi nəzərdə tutursunuz? Mənə gəlincə, qısa, bəzən qırıq fikirlər şəklində yazdığım «Duyğular imperiya»sı dünyanın qızıl damarının - ecazkar və nəhayətsiz Duyğu Kanalının adda-budda görüntüləridir. Bunlar dünya, varolma, insan xisləti, ölüm, məhəbbət, tənhalıq, yadlıq və sair bu kimi, əbədi mövzularda yazıla biləcək ayrı-ayrı hekayələrin, bəzən iri həcmli romanların qısa anotassiyasıdır. Və mənim otuz illik yaradıcılığımın kəmiyyətcə kiçicik də olsa, keyfiyyətcə əsaslı hissəsidir. Onu da bilirəm ki, əsərlərimə nisbətən qısa həcminə və konkretliyiə görə «Duyğular»ı oxumaq daha rahatdır. Bu, gələcəyin ədəbiyyatıdır və olsun ki, nə vaxtsa yazılacaq hekayə və romanların şərhləridir.

- Əsərlərinizin çoxunda - hisslərinizdə, duyğularınızda Afaq Məsudun özü var. Ətrafdakılara çox az diqqət yetirirsiniz. Niyə?

- Özümü tamlıqla tədqiq edib bitirməmişəm hələ, ona görə. Əslinə qalanda bu, mümkün də deyil. Çünki insan Kainatın kiçicik modelidir və ucu-bucağı yoxdur. Lakin bir çox əsərlərim var ki, orda mən yoxam. Məsələn, «Prezident», «S.V.A.C.O.», «Dahi», «Alman kilsəsi», «Müvəkkil Vaysman» hekayələrində, eləcə də «Azadlıq» romanında. Bu əsərlərin qəhrəmanları siyasət adamları, yazıçı və şairlər, məmurlar və prezidentlərdi. Əvvəlki yaradıcılığımda da bu sayaq əsərlər az deyil. «Cəza», «Gecə», «Suiti», «Üzü işığa», «Yataqxana», «Çovğun», «Tutuquşu» və sair roman və hekayələrdə də mən yoxam. Sizi olsun ki, «Duyğular imperiyası» çaşdırır. Bax, o silsilə başdan-ayağa mən özüməm.

- Üslubunuz heç də hamı tərfindən qəbul olunan üslub deyil. «Hamı» deyəndə, geniş oxucu auditoriyasını nəzərdə tuturam. Bu Sizi narahat etmirmi?..

- Yazı üslubumun necə qəbul ediləcəyi məni heç vaxt narahat eləməyib. İlk növbədə, nəzərə alınmalıdır ki, bu gün yerli oxucu kütləsinin səviyyəsi çox aşağıdır. İnsanlar kitab oxumaq istəmirlər. Oxuyanda da rahat qavranılan ədəbiyyatları seçirlər. Dediyiniz həmin o geniş oxucu auditoriyasının mənəvi qida mənbəyi bu gün bəsit ailə intriqalarından bəhs edən tele-seriallardır. Və bu, təkcə bizdə belə deyil. Bu yaxınlarda Mərkəzə qonaq gəlmiş fransalı yazıçılarla söhbətdən belə məlum oldu ki, Albert Kamyu kimi, yazıçının əsərləri satılmadığı səbəbindən Paris boyda şəhərdə 500 nüsxədən artıq çap edilmir və bu nüsxələrin özü belə, satışa buraxılmadan, aidiyyatlı oxucu auditoriyasına - elm və təhsil ocaqlarına, kitabxanalara paylanır. Səbəb, dediyiniz həmin o üslub çətinliyi və geniş oxucu auditoriyasının intellektual qadirsizliyidir.

- Bəs fikirlərinizin qəribəliyinə gələndə necə?

- Fikirlərimin qəribəliyi... Olsun ki, bu, oxucu intellektini nəzərə almamağımdan irəli gəlir. Etiraf edim ki, bu, mənim nöqsanımdır. Bir də yazı prosesində həddən ziyadə səmimi olmağım. Amma mənə inanın, səmimi olsanız, siz də qəribə görünəcəksiniz. Axı insan ruhu heç bir qanun-qadağa tanımayan, sərhədsiz, azad bir substansiyadır. Və əslində, bizləri şüurumuzdan irəlidə həmin o substansiya idarə edir. Onu, yəni əslində, öz ali «Mən»ini kütlə psixologiyasının xırda qanunları çərçivələrindən mühakimə etmək - Allaha meydan oxumaq qədər günahlı bir işdi.

- Bu gün hamı haqqdan, ədalətdən danışır. Axtarırlar, ancaq tapmırlar. Bəlkə də tapmaq mümkün deyil. Məncə, haqqı tapmaq - Tanrı səviyyəsinə yüksəlmək deməkdi...

- «Haqq», «ədalət» deyəndə siz nəyi nəzərdə tutursunuz? Sosial mənada, yoxsa...

- Elə hər iki mənada.

- Hər iki mənada bu, asan başa gələn iş deyil. Çünki haqq görünən hər bir işin o biri üzü də var. Və əksinə, nahaq saydığımız bir işin ona bəraət qazandıracaq astar tərəfi mövcuddur. «Haqq» dedikdə, biz yəqin ki, böyük mənada, İlahiyyatı nəzərdə tuturuq. Oralara müdaxilə hələ ki, bizlərə yasaqdı.

- Ruhən təkliyə, tənhalığa, bir də yalqızlığa alışmaq... Çətin deyil ki?

- Mən tək deyiləm. Və əgər siz özünüzü ailənizə, uşaqlarınıza, yaxud, dostlarınıza görə tənha saymırsınızsa, səhv edirsiniz. O ailədən və dostlardan məndə də var. Lakin onların arasında da mən təkəm. Fərqimiz bundadır ki, siz həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Təbii ki, bu bir qədər qorxuludur. Özünüzü tənha hiss etdiyiniz adda-budda məqamlar bu «qəramət» fikirləri özünüzdən qovursunuz. Mənsə əksinə, onların izinə düşüb ardınca gedirəm. Qiymətli qazıntılar axtaran arxeoloqlar kimi. Və getdikcə də anlayıram ki, əslində, siz deyən təklik, yalqızlıq - Günəşlə Ayın növbələnməsi qədər təbii, həm də insanın özünüdərki üçün mühüm əhəmiyyətli bir haldır. İnsan İlahini yalnız o məqamlar duya bilir.

- Tanınmaqdan qorxursunuz. Xoşunuza gəlmir tanınmaq. Qıcıqlandırır Sizi. Amma bu qorxu quyusu dərinləşdikcə, Sizin cəmiyyətdə tanınmaq şansınız daha da yüksəlir. Ən azından jurnalistlər tez-tez söhbətlərinizə qulaq kəsilirlər.

- Hər halda böyük xoşbəxtlikdi ki, hələ bir o qədər də tanınmıram. Kütlə qanunlarıyla fərdiyyət qanunları heç cür uyuşmur. Üstəlik, fərdin yaradıcı təbiətini də nəzərə alsaq, burda vəziyyət bir az da çətinləşir. İnsanlar sevib ilahiləşdirdiklərinə əvvəl dadını bilmədikləri ekzotik meyvə kimi baxırlar, sonra onu özününküləşdirməyə çalışır və məhv edirlər. Özünü şöhrət azarıyla kütlə sevgisinə təslim edib, özünü də, əsərlərini də onun malına çevirən yazıçıların taleyi göz qabağındadır. Onlar özləri də anlamadan, kütlə üçün, onların gizli diktəsi ilə yazıb yaradırlar və bununla da məhvə uğrayırlar. Bir sözlə, cəmiyyət sevdiyi sənətkarı öz sevgisiylə dişinə çəkib yeyir. Məni isə yemək olmaz.

- Ruhən cəmiyyətdən kənar bir yerdə yaşamaq insan üçün nə dərəcədə əlverişlidir?

- Ən əlverişlisi odu ki, daxili tarazılığını kənar müdaxilələrdən qoruyub saxlaya bilirsən. Ən çətin və həllolunmaz sosial problemlər belə, məni kütlənin maraq və sevgi obyekti olmaq qədər sıxıb əzə bilməz. Məncə, kütləvilik, rəylər və fikirlər toplusu ən adi, sıravi insanı belə fərdilikdən və özəllikdən məhrum etəmyə qadirdir.

- «İzdiham»ı oxuyanda hiss etdim ki, cəmiyyətdən ayrıldığınız yer - yuxularınızdı. Real olmasa da, reallığa çevrilməsinin arzusunda olduğunuz Yuxularınız...

- Mən yuxuda deyiləm. «İzdiham» da yuxu deyil. Cəmiyyətdən ayrı olduğum yer isə - özüməm.