MƏN SÖZLƏ, DƏRZİ İYNƏYLƏ İŞLƏYƏN KİMİ İŞLƏYİRƏM...

Vağzal... perronda vurnuxan adamlar... Platformadan qatarın altına atılan qadın... 
Qatar əyləcinin, sinirləri sıyırıb aparan səsi... Bir anlıq sükut... sonra tükürpədici hayqırtı... və bunu boğan gur tamaşaçı alqışları...
Tamaşa bitdi.
Bayaqkı sükutu xatırlayıram... tamaşaçılar kresloların qoltuqlarından bərk-bərk yapışıblar... səhnəyə tərəf gərilərək, sehrlənmişlər...
...Bu nə idi?.. Son iyirmi ildə ilk dəfəydi mən tamaşaçı zalını bu halda görürdüm... Yanaşı kresloda oturan tələbə qızın, içini çəkərək, ağlamağı məni reallığa qaytardı...
Tamaşaçıların ayaq üstə alqışladıqları aktrisa da ağlayırdı...


- Afaq xanım, heç şübhə yoxdur ki, Siz ölkəmizin ən güclü nasirlərindən birisiz. İndi Sizi yeni ampluada - psixoloji dramın yaradıcısı kimi görürük...

A.Məsud: - Teatra gəlişimin səbəbkarı istedadlı rejissor, «Yuğ» Dövlət teatrının bədii rəhbəri mərhum Vaqif İbrahimoğlu olub. Yəni bu gün kimsə: «Afaq Məsudun teatra gəlişi mənim xidmətimdir.» deyirsə, bu belə deyil. Bu gün Milli Akademik Dram teatrının səhnəsində tamaşaya qoyulmuş «Qatarın altına atılan qadın» pyesi - incəsənətin və sənətkarın fövqəladəliyi, sənətkar ömrünə tuş gələn qəzavü-qədər barədədir. Daha dəqiq desəm, sənəti özünə yaşam tərzi seçmiş, bütün ömrünü, həyatını teatra, səhnəyə həsr etsə də, son ucda gərəksiz, köhnə əşya kimi küçəyə atılmış istedadlı aktrisa - Gültəkin Sarabskayanın acı taleyi barədədir. Digər baş qəhrəman - vaxtı ilə xidmət etdiyi quruluş üçün yazıb yaradan, bu əsərlərinə görə yüksək vəzifələr, orden və medallarla təltif olunan, lakin Zamanın axarıyla kitabları vağzallarda tum bükülülərinə istifadə olunan, bütün imtiyazlarıyla bir, özünü də itirib evsiz-eşiksiz vağzal sakininə çevrilmiş Yazıçıdır. Əsər həm də sənətin, ədəbiyyatın insan ruhunun mentallığına, mənəvi və sosial həyatına nüfuzu barədə - onu saflaşdırıb ucalda bildiyi kimi, əzib məhv etmək gücünə də qadir olduğu barədədir. İlkin variantda o, «Yol üstə» adlanırdı. Bu, ömrü boyu özünü axtarsa da, tapa bilməyən, həyatı müxtəlif sənət və peşə seçimlərinin sınağında keçən, son ucda hər şeydən bezib bu «qədirbilməz» ölkədən birdəfəlik baş götürüb getmək üçün vağzala gələn, şəksiz istedadlı, lakin qəribə bir qadın haqqında yazılşmış tragikomediyadır və yəqin ki, yaxın illər öz səhnə təcəssümünü tapacaq. «Qatarın altına atılan qadın» isə təmiz faciəvi dramdır. Hər iki əsərdə baş verən hadisələr vağzal kimi görünən bir məkanda baş versə də, mahiyyət tam fərqlidir.

- İlk baxışda adama elə gəlir ki, hadisələr vağzalda vaqe olur. Əslində də, bütün vağzallar kədərli məkandır. Burda gələnlərin sevinci gedənlərin kədərini qarşılayır. Sizin qəhrəmanınız Gültəkin Sarabskaya üçün necə, vağzal astanadır, ya yolun sonu?..

- Əsərin sonuna qədər tamaşaçı səhnə məkanını həqiqi vağzal kimi qəbul edir və bu, elə belə də olmalıdır. Perrona yaxanlaşmaqda, yaxud uzaqlaşmaqda olan, yaxud zaman-zaman hansısa yaxınlıqlardan ötüşən qatarların təkər səsləri və fiti, dəqiqədə bir reyslər barədə məlumat verən reproduktorun elanları eşidildikcə, əlləri çemodan və bağlamalarla dolu sərnişinlər perron boyu o baş-bu başa vurnuxduqca, səhnədə həqiqi vağzal atmosferi yaranır... və yalnız tamaşanın sonunda buranın, qəlbi sınıq, qocaman aktrisanın guya bilet alıb, baş götürüb getmək qərarıyla gəldiyi vağzal yox, gizli sənət stixiyasıyla gedib çıxdığı teatr olduğu bəlli olur. Aktrisa bura bəlkə də özündən xəbərsiz, şüuraltı bir istəklə, indicə başalayacaq «Qatarın altına atılan qadın» tamaşasında özünü qatarın altına atacaq baş qəhrəmanın rolunu oynamağa gəlir və onu oynamağa müvəffəq olur. Bu, əlbəttə ki, aktrisanın əzablı sənət yolunun qurtaracağıdır. Həm də astanadır.

- Əsərin leytmotivi - milyardlara sahib olan məmləkətdə insan dəyərsizliyidir. Bu, tamaşanın hər iki baş qəhrəmanının dilindən də eşidilir. «...səltənətlər, bəzəkli skamyalar, İtaliyadan gətirilmiş işı dirəkləri... Ən ucuzu isə insandır!..»

- Əslində, bu, reallıqdır. Bu gün biz bu müdhiş mənzərəylə addımbaşı üzləşməkdəyik. Sivil dünya müxtəlif inkşaf mərhələləri üzrə siyasi-iqtisadi-sosial və sair göstəricilərlə yüksəliş teampini reaktiv sürətlə artırdıqca, hər sahədə bir yarış, bir rəqabət ovqatı yaşandıqca, İNSANIN rifahı naminə işə düşmüş bütün bu qovhaqovun, bu anlaqsız yarış stixiyasının son nəticədə İNSANIN özünü unutduğu... və nəinki, unutduğu, sürəti və amansızlığıyla ONU mənim Aktrisamın üstündən keçən qatar tək, taptayıb keçdiyi görünür. Bu gün bütün dünyada olduğu kimi, bizim məmləkətdə də küçələrə vurulmuş işıq dirəklərindən və skamyalardan ucuz insan zümrələri yaranmaqdadır. İnsanlıq xislətini, ruhunu və mənliyini sosial məngənələr axarında çarpışmalarda itirmiş, miskin varolma uçurumuna sürüklənmiş bu zümrəyə bəzən mənim qəhrəmanlarım kimi, yaradıcı fərdlər, böyük bilik və istedad sahibləri də uğrayır. Ordan qurtulmaq, geriyə qayıtmaq elə də asan başa gələn məsələ deyil. İtirlmiş heysiyyət, məhv edilmiş ləyaqət, tapdanmış mənlik bir kimsəyə oralardan salamat çıxmağa imkan vermir. Tamaşa boyu tez-tez eşidilən «insan dəyirmanı» ifadəsi bu acı reallığın möhürünü vurur.

- Şekspirin Hamleti dilemma qarşısında qalır: - Olum, ya ölüm?.. Sizin Gültəkin isə mütləq ölümü seçir. Bunu necə izah edərsiz?..

- Hamlet saraydadır. O, şahzadədir. Üstəlik, onun bir dəstə sadiq aktyor dostları da var ki, içini yandırıb yaxan dərdinin qisasını almaqdan ötrü oyun qurub xain əmisini yaralaya bilir. Gültəkin isə həyatının son dayanacağındadır. O, son çıxış yolu kimi, guya vağzalı seçib. Gəlib ki, bütün həyatını məhv etmiş bu məmləkətdən, onu yararsız əşya kimi küçəyə tullamış teatrından üz çevirib getsin. Və sonda - məlum olanda ki, o yenə həmin o teatra - bayaqdan bəri üsyan qaldırıb lənətlər oxuduğu həmin o teatra qayıdıb, onun faciəsi üzə çıxır... və o əlbəttə ki, ölümü seçir.

- Tamaşa boyu Aktrisa tez-tez bir vaxtlar oynadığı və sanki, həyatında daha onlardan başqa gizlənməyə yeri qaqlmadığı rollarına girir. Tamaşaçılarla bir Yazıçı da bəzən onun nəyi oynadığını, nəyinsə, həqiqi halı olduğunu seçməkdə çətinlik çəkir. Əsərin əvvəlində Aktrisanın dilindən səslənən «Daha doğurçu olmaq istəməyəcəksən!» bəyənatı isə bir növ bu dəyişkənliklərin açarı rolunu oynayır...

- «Doğurçu olmaq» həyatının bu dönəmində Gültəkin Sarabskaya üçün məşəqqət dolu bir əzabdır. Aktrisa üçün həyatının bu dönəmində «doğurçu olub» özünə qayıtmaq - amansız həyatın zədəli xatirləri ilə yaşamağa düçar olmaq deməkdir. Yalnız vaxtı ilə oynadığı obrazlarının qabığında yaşamağa alışmış Gültəkin qabığını atarkən, zədəli qəlbi ilə heç kimə lazım olmayan, mənasız qarıya çevrildiyinin dəhşətini anlayır. Xilas - dönə-dönə yenidən rollara girmək və özünü müvəqqəti də olsa, onlarda yaşatmaqdır. Bu özünüqoruma instikti tək bir mənim qəhrəmanım Gültəkin Sarabskanın seçdiyi xilas yolu deyil. Maskalar və rollar qabığında yaşamaq vərdişi bu gün reallığın öldürücü məngənələrindən və diktələrindən salamat çıxmağın yolarından biridir. Laikn bu maskaların insanı bir sox uçurumlardan qurtarsa da, qəlbləri qorumağa gücü yetmir.

- Doğurçu olmaq istəməməsi ucbatından bəzən o, ruhi xəstə təsiri bağışlayır, bəzən də dərdlərini unudub vaxtı ilə oynadığı, ya oynamaq arzusunda olduğu obrazlara girir. Amma orda da çox gizlənə bilmir və yenidən reallığa - öz faciəsinə qayıdır...

- Gültəkin istedadlı sənət adamıdır. Lakin cəmiyyət - saxtalığı, qondarma qanunlarla idarəçiliyi sevən cəmiyyət istənilən Gültəkin Sarabskayanı, eləcə Yazıçı Xasayı da öz «dəyirmanının» boğazına salmağa müvəffəq olub. Xasayın dili ilə desək: «Bu dəyirmanın boğazından salamat çıxan varmı yəni?..» Müasir dünyanın bu qaçılmaz müdhişliyi tamaşanın digər personajlarının qısa monoloqlarında da özünü biruzə verir.

- Yazıçı, hansı gizli ağrılarıylasa inildəyib dizi üstə çökən Gültəkin Sarabskayadan: «Haransa ağrıyır?..» soruşanda, Aktrisa ona: «Saçlarım...» - deyə cavab verir. Saçlar həqiqətən ağrıyırmı?..

- Saçlar əlbəttə ki, ağrımır. Lakin Gültəkin özü demişkən: «Ağrılar var ki, onları gərək qusasan!..» Gültəkinin də elə ağrıları var ki, onlar insanın ən sinirsiz məsamələrini belə, ağrıtmağa qadirdir.

- Görkəmli tənqidçi və nəzəriyyəçi alim Yaşar Qarayev belə bir ifadə işlədir: «ağrı yaddaşı.» Müasir tənqiddə ədəbiyyatı «ağrı yaddaşı»nın ifadəsi kimi ilk dəfə Yaşar Qarayev təhlil edir. Heç kim «saçım ağrıyır» demir, «başım ağrıyır» deyir. Saç ağrısı baş ağrısının ekstaz həddidir. Bu anda saçla başı fərqləndirmək olmur. Bu, həm də insan üzüntüsünün son həddidir... Ağrı zəif adam üçün fəlakət, şəxsiyyət üçün özünütəsdiq aktıdır. Tamaşada bir Fəxri Xiyaban xətti də sezilir. Ora sanki Yazıçının ömrü boyu can atdığı bir yerdir.

- Bu, yəni tanınmışların son nəfəslərinədək qəlblərində gəzdirdikləri izaholunmaz Fəxri Xiyaban arzusu yazıçı mövzusuna toxunduğum digər əsərlərdə də var. Burda da xalq yazıçısı Xasay Muradov həyatın dibinə ensə də, qəlbində gizlədiyi Fəxri Xiyaban maniyasından azad ola bilməyib. Bu Fəxri Xiyaban arzusu artıq müəyyən yaş həddini ötmüş bir çox tanınmışların bir növ «Vətəni və xalqı qarşısında göstərdiyi xidmətlərə görə» umduqları təltiflərin ən sonuncusu və gülməlisidir. Və bu mənada ömrünü həmin o xidmətlərdə keçirsə də, son ucda yazdığı cild-cild kitabları yalnız tum bükülülərinə yararlı olan Xasayın bu halı gülməli olduğu qədər də faciəvidir. Bilirsiniz ki, yazıçılığın, nə də şairliyin məktəbi yoxdur. Yəni yazıçılıq öyrənilmir, o verilir. Bu səbəbdən sənətin bu növü ilə oynamaq olmaz. Gültəkini məhv edən amillərdən biri və bəlkə də ən başlıcası - vaxtı ilə istedadını, yazıçı məsləkini şan-şöhrətə, pula və vəzifəyə dəyişmiş yazıçının həmin o şan-şöhrət, orden-medallar və Fəxri Xiyaban uğrunda yazdığı saxta əsərləridir. Ayrı sözlə desək, burda Yazıçı - kiçik Yaradan, Aktrisa - Bəndədir. Aktrisanın doğru, ya səhv yazılmış taleyinə görə məsuliyyət Yazıçının boynuna düşür. üçün hansı təhlükələr və yarğanlar yaratmaq qabiliyyətinin şahidinə çevrilir. Və bu, reallıqda da baş verir. Bu gün cəmiyyətimizin sağalmaz xəstəliklərinin - milli heysiyyətsizliyimizin, vətəndaş yararsızlığımızın, güc qarşısında əyilmək xislətimizin bünövrəsini qoyanlardan ən əsasının məhz həmin bu ədəbiyyatlar olduğu barədə düşünməliyik.


- Gültəkinin faciəsi onun son monoloqunda açılır. «Mən hər gecə intihar edirdim, səhərlər isə yenə teatra - sənin yanına qayıdırdım... Axı daha hara gedə bilərdim ki?.. Bu mənasız, məzmunsuz həyatda sığınmağa bir yerim vardımı?..»


- Gültəkinin sənət eşqi, özünü cazibəsinə düşdüyü işığın odunda yandırıb yaxan pərvanənin stixiyasını andırır. Lakin yanmaq istədiyi o işığın, saxtalıqlar və xəyanıtlər dolu yalançı işıq görüntüsü olduğunun acı həqiqətiylə üzləşdikcə o, zaman-zaman öləziyir, sönür. Son monoloqunda dediyi o intihar, əlbəttə ki, mənəvi intihardır. Aktrisa hər gecə özünü öldürməlidi ki, səhərlər teatra təmizlənmiş vəziyyətdə qayıda bilsin. Axı o, ayrı cür, teatrsız yaşaya bilmir?!.. Bu dünyaya o yalnız bundan ötrü gəlib.

- Əsərin kuliminassiyası - həyatını sənətinə qurban vermiş aktrisanın tamaşa boyu özünə sığınacaq yeri kimi seçdiyi Yazıçını nəhayət ki, tanımasıdır. Sarabskaya düşdüyü çıxılmazlıqlar dolu vəziyyətindən qurtulmaq üçün seçib sığındığı «pərəstişkarının» əslində, bir vaxtlar onu öz saxta əsərlərində oynamağa məcbur etmiş dramaturqun özü olduğunu anlayanda bu dünyada artıq heç bir sığınacağı qalmadığını anlayır və son çıxış yeri kimi qatar relslərini seçir. Və Siz - Dramaturq onu bu yoldan saxlamağa heç bir cəhd göstərmirsiz, bu müdhiş aktı sadəcə, kənardan müşahidə edirsiz.

- Əvvəla onu deyim ki, əsər yazarkən, mən heç vaxt əvvəlcədən nə isə planlaşdırmıram, qurmuram, nədən sonra nə baş verəcəyini, nəyin nə ilə əlaqələnəcəyini müəyyənləşdirmirəm. Bunu, sadəcə, bacarmıram. Hər şey yazı vaxtı baş verir. «Can üstə» pyesini yazarkən düşünürdüm ki, finalda əsərin baş qəhrəmanı Qoca öləcək. Çünki hekayədə o ölürdü. Burda isə o ölmədi. Onun əvəzinə, ucşar kənddən onun gözlərini bağlamaqdan ötrü gələn və tamaşa boyu çarpayısının yanında Yasin duası oxuyan uzaq qohumu öldü. Deməyim odu ki, əsərdə baş verəcək ölümləri mən təyin eləmirəm. Bu, eynilə həyatdakı kimi baş verir. Ölüm yatağında olan kiminsə əvəzinə tam ayrı birisi ölür. Sanki Ölüm hansısa sirli qanunauyğunluqla onun bir addımlığında dayanan kiminsə əvəzinə, ayrı birisini seçir. Bu, bir növ maddələrin molekulyar tərkibini - zahirən xaotik dağınıqla, əslində isə, hər birinin fəaliyyəti riyazi dəqiqliklə düşünülmüş molekulların hərəkətini andıran sirli bir prosesdir. Burda da belə alındı. Mənim Gültəkini öldürmək fikrim yox idi. Tamaşanın sonunda onu səhnədən düşürüb aparmalıydılar. O isə qatarın altını seçdi.

- Vağzal... xırda alverçilər, dilənçilər, qəzetsatanlar, öz qatarlarına gecikmiş, yaxud, onlardan düşüb getməyə yer tapmayan insanlar...

- Bura həm də ayrılıq məkanı - insanların görüşüb ayrıldıqları yer, yəni yaşadığımız dünyadır. Burda hər kəsin öz qatarının gəlmə vaxtı var və tamaşaçılar da öz qatarını gözləyənlərin sırasındadırlar.

- Əsərin əvvəlində «Yazıçı» səhnədə kral Lirin təlxəyini xatırladır, miskinliyi ilə mərhəmət doğurursa da, sonda yalnız təəssüf hissi yaradır.

- O, həqiqətən, yazıqdır. Şan-şöhrət azarının, ideologiyanın zədələyib şikəst etdiyi bədbəxt bir insandır. Əslinə qalanda, harda da olsa, bizim məmləkətdə nə vaxtsa böyük vəzifələrdə çalışmış, cild-cild kitablar yazıb orden-medallarla təltif olunmuş belə bir adamın, əslində, evsiz-eşiksiz vağzal bomjuna çevrilməsi reallıqdan uzaq bir şeydir. Lakin burda Yazıçı burda ayrı bir evdən - Böyük Ədəbiyyat Ərazisindən didərgin düşüb. Ayrı aclıqdan - yazdığı cild-cild əsərlərinə görə dünyanın bütün nemətlərini qazansa da, oxucu sevgisi qazana bilmədiyi, yazıçı məsləkini dünya malına, şan-şöhrətə dəyişdiyi səbəbindən bomja çevrilib. Və bu, əslində də belədir. Oxucu sevgisi qazanmayan yazıçı - dilənçidir. Ədəbiyyat ərazisindən qovulduğu təqdirdə o, bomjdur.

- Bir qədər də Tum satan qadın barədə. Əsərdə o biri personajlar kimi onun da faciəsi görünür. O Gültəkini tanıdıqda tum qazanını unudub, aktrisanın səhnə geyimləri ilə dolu çemodanına cumur, ordan çıxardığı uzunətəkli paltarı əyninə geyinib Hamletin Ofeliyasını oynayır...

- Olsun ki, nə vaxtsa o da aktrisa olub. Yaxud, xor ifaçısı olub. Tum satan qadın Gültəkinin ayrı bir variantıdır. O da pərvanədir. Amma xırda, boz ləçəkli cücüdür. Bir qədər istedadsız və iddiasızdır. Onun da həyatı, olsun ki, xəyanıt, amansızlıqlar və laqeydliklər ucbatından məhv olub. Gültəkinlə rastlaşarkən, onun çemodanından çıxardığı köhnə rekvizitləri, səhnə libaslarını əyninə geyinib Ofelyanın monoloqunu söylədikcə, tamaşasına yığılşanlar - onu vaxı ilə bu hala salan, indi isə tamaşasına yığışıb, bir ucdan tumunu taraş edən cəmiyyətin özüdür.

- Tamaşada zahirən heç nə baş vermir, heç bir ənənəvi hadisəçilik yoxdur. Baş qəhrəmanlar tamaşa boyu səhnədən getmirlər, nə dekorassiya, nə kostyumlar dəyişilmir. Və tamaşaçını iki saatdan artıq bir vaxtı gərginlikdə saxlayan nədir? Klassisizmin müasir forması? Tamaşa boyu zal nəfəsini belə dərmirdi... Əksəriyyəti gənclər olan belə bir auditoriyanı Sizcə, tamaşa nə ilə özünə bağlamağa müvəffəq oldu?

- Yəqin ki, səmimiyyəti ilə. Bizim teatr, elə ədəbiyyatımız da uzun illər sənət əsəri üçün hədsiz vacib olan əsaslı bir şeydən məhrum olub - səmimiyyətdən. Ağrılar da oynanılıb. Axı ağrını necə oynamaq olar?.. O yaşanmalıdır. İstər yazıçı qələmində, istər aktyor ifasında. Burda həyatı oyunlar içrə keçmiş aktrisa tamaşasaçıyla oynamır. O, həqiqi yaralarını açır və ordan sızan qanını nümayiş etdirir. Tamaşa zalını da məhz bununla ələ alır, gizli yaraların közünü qoparır. Əsər qocaman aktrisanın faciəsindən bəhs etsə də, hər kəs: «Bu, mənim haqqımdadı.» - deyir. Və sizə deyim ki, tamaşaya iki və hətta dəfələrlə gələnlərin sayı da az deyil. İnsanlar ağlayır, tamaşa salonunun işıqları yandırılırsa da, zalı tərk etməyə tələsmirlər. Burda qəribə bir katarsis baş verir. Aktrisanın intiharı salonda kütləvi intihara - cod yaşam diktəsinin məhv edib öldürdüyü ruhların kütləvi intiharına və bunun ardınca göz yaşları içrə şahə qalxan nəhayətsiz azadlığın, müqəddəs «Ali Mən»-lərin qələbəsinə çevrilir.

- Böyük rus tənqidçisi Belinski deyirdi ki, incəsənətin bütün növlərinin əsasında ədəbiyyat, böyük Söz sənəti dayanır. İlahidən insanlığa ən dəyərli sərvət kimi əta olunan Söz nəhayət ki, Sizin əlinizdədir. Onun nəyi Sizi cəzb edir - mənası, işığı, yoxsa, hərarəti?

- Desəm ki, bu gün daha məni sözün heç nəyi cəzb etmir, bəlkə də sizə qəribə gələcək. Amma bu, həqiqətən, belədi. Açığı, bir yazıçı kimi, sözün özünə heç vaxt elə bir aludəçiliyim olmayıb. Bir o qədər də çoxlu söz ehtiyatım da yoxdu və ədəbiyyatda da sözçülüklə aram yoxdu. Fikri bəzəyib, düzəyib naxışlar vurmaqda bir məna görmürəm. Düşünürəm ki, əsas məsələ - fikrin mümkün dəqiqliklə çatdırılmasıldır. Qoy lap qəzet cümlələriylə olsun. Mən sözlə, dərzi iynəylə işləyən kimi, işləyirəm. Yəni onu əlimin altında nadir hallarda hiss edirəm. Bu mənada, iynənin işığı, ya hərarəti dərzini nə qədər cəzb edə bilirsə, söz də məni bir o qədər cəzb edir. Yəni söz mənim üçün köməkçi vasitədir və mən il-ildən onunla daha rahat işlədiyimi hiss edirəm.