"MƏNİM ÜÇÜN ƏDƏBİYYAT ƏRAZİDİR, BU ƏRAZİDƏ İERARXİYA QANUNLARI İŞLƏMİR"
- Niyə qəhrəmanlarınızı bu qədər psixoloji labirintlərdə dolandırırsınız? Yoxsa bu, insan kontaklarının yeni forma axtarışıdır?
- Düzü, heç vaxt məxsusi bir yenilik yaratmaq iddiam olmayıb. Əsərlərimdə sizə yeni görünənlər, olsun ki, milli ədəbiyyatımızın qəbul olunmuş normalarından, millilik ənənələrindən bir qədər kənar baxışlar, bir qədər çılpaq, daha doğrusu, burxulmuş fikir və duyğulardır. Ədəbi qəhrəmanlarımı dediyiniz psixoloji labrinlərdə dolandırmağıma gəlincə, bilirsiz ki, psixoloji nəsr yazıram. Bu üslüb geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir və ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərlə, mistik dəhlizlərlə dolaşan müəllif kənardan qorxu və iztirablar içində qovrulan insan təsiri bağışlayır. Lakin bu heç də belə deyil. Dediyiniz o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdannan bəri temperaturuna öyrəşdim doğma yerlərdi.
- Teatrlarımızın repertuarında boşluqdu. Afaq xanım niyə teatrlarla işləmək istəmir?
- Səhnə qanunları ilə mənim yazı üslubum arasında uyuşmazlıqlar var. Teatr daha çox kütləviliyi sevir. Hadisələr, anekdotlar, oyunlar... Tamaşaçı səhnədə baş verən konkret hərəkətdən, sözdən, hadisədən nəticə çıxarır. Mənsə, gizli işlərlə məşğulam. Bu sirləri səhnəyə gətirmək üçün tamamilə ayrı yollar axtarmalı oluram. Bəlkə də gələcəkdə bu sayaq əsərlər üçün tamamilə yeni bir teatr yaranmalıdı?.. İnsanın həyatında yox, məhz daxilində baş verənləri, ruhunun, qəlbinin vəziyyətlərini, ovqatlarını, bir sözlə, insan atmosferini dialoqla, hadisəylə çevirə bilən teatr. Məncə bu, bir o qədər də asan məsələ deyil. «Duyğular imperiyası» da əslinə qalsa, elə budu. Dialoqla, süjetlər və hadisələrlə dilə gəlməyən, ifadə olunmayan, görünməz, ələgəlməz, fövqəlşüur duyum açılışları... Teatrla bağlı fikirləşirəm. Nə isə eləmək istəyirəm. Bu barədə müraciətlər çox olur. Mən, istədiyim tamaşanı yazmaq istəyirəm. Elə belə, müəllifi olduğum hansısa əsərin teatr repertuarına düşməsi xatirinə yox. Bu gün səhnələrimizdə gedən əsərlərə baxmaq, tamaşaçı üçün sözün əsl mənasında, işgəncədi. Onlara növbəti işgəncəni vermək istəməzdim.
- Kamal Abdullanın təbirincə, ədəbiyyat əslində, qadın kimi bir şeydir. Ona tez-tez məhəbbət izharında bulunanda, səndən qaçmağa başlaya bilər. Əksinə, sən uşaqlaşanda, sənə can atır. Afaq Məsudun yozumunda ədəbiyyatın «kişi» tərifi varmı?
- Kamal bunu, ədəbiyyatı cins mənada qəbul etdiyi üçün deməyib. Sadəcə, ədəbiyyatın ecazkar İlham pərisinin təbiətini qadın şıltaqlığı ilə müqayisə edib. Kamal da bilir ki, yağışın, küləyin cinsi olmadığı kimi, ədəbiyyatın da cinsi yoxdur. O daha çox ilğıma bənzəyir və hərənin gözünə bir cür görünür. Mənim üçün Ədəbiyyat - ərazidir. Nə vaxtsa, hansı möcüzəyləsə doğulduğum Ərazi. Yer üzünün bütün ərazilərindən fərqli olaraq, bu Ərazidə heç bir ierarxiya qanunu işləmir. Orda hökm verən də, icraçı da, satıcı da, alıcı da, stenoqrafçı da, yoldan ötən lal-kar da mən özüməm. Orda çox şeylər var... Kafkanın qəddar hökmüylə özünü çaya atıb öldürmək üçün körpüyə tələsən Georq daim o Ərazidə körpüyə tərəf yol getməyindədi. O, körpüyə çatırsa da, orda son nəfəsini dərib çaya atılırsa da, yenə o körpüyə sarı getdiyi yolla tələsməyinə davam edir. Mən bu adamın Frans Kafka olduğunu bilirəm və onun Reyn çayında faciəvi şəkildə boğulb öldükdən sonra yeni bir novella yazacağı da mənə bəllidi. Bəzən mən orda xəstə Kafkanın yazmağa başladığı yeni novellasının sirli havasını da duyuram və arada bir həmin o çayda Georqun əvəzinə özüm də boğulub ölürəm. Bütün bunlar hamısı həmin Ərazidə baş verir...
- İndi hər kəs meyarların deformasiyaya uğradığından gileylənir. Necə bilirsiz, ədəbiyyata qayıdış olacaqmı?
- Siz yəqin ki, son illər cəmiyyətimizdə gedən kütləvi siyasiləşməni nəzərdə tutursuz. Ədəbiyyatın, ümumiyyətlə, böyük sənətin boynuna qoyulmuş «geniş kütlələrə təsir etmək vəzifəsi» bizlərə yaxın keçmişimizdən - sovet ideolojisindən qalmış yadigarlardandır. Böyük ədəbiyyat bütün dövrlərdə olub, lakin nə Füzulinin, nə Servantesin, nə də Rablenin əsərlərinə üzdə gedən proseslərə təsir etməli olan köməkçi vasitə kimi yanaşılmayıb. Biz, Ramiz Rövşən demişkən, «filoloji xalq» olduğumuzdan, siyasətçimizdən tutmuş süpürgəçimizə qədər şeirlə böyüyüb boya-başa çatdığımızdan, ən kədərli, ən çıxılmaz, yaxud, ən uğurlu, sevincli məqamlarımızda şerə, ədəbiyyata üz tutmuşuq, bu ələgəlməz, ilğımvari prosesdən real köməklik gözləmişik. Bu gün isə vəziyyət dəyişib. Ədəbiyyat öz «el ağsaqqalı» vəzifəsini boynundan atıb, müdrik müəllim obrazından çıxıb. Bu gün insanlar kiçik məbləğdə pul əskinazının, yüz şeirdən, yaxud, rəsm tablosundan qat-qat vacib və dəyərli olduğunu «anlayırlar.» Lakin bu, o demək deyil ki, bu gün ədəbiyyat yoxdu. Ədəbiyyat bu gün də var, amma bu, həmin o siz deyən «ibrətamiz» ədəbiyyat deyil. Əslində, ədəbiyyatın insan həyatına müdaxiləsi, yuxuları bizim düşüncəmizə, ovqatımıza müdaxiləsi qədər taleyüklü və sirlidir. Onun işi çox gizlində - bizim özümüzün də özümüzə məlum olmadığı ən məxfi şüuraltımızda gedir.
- Siz kütlə üçün yazmırsınız. Sizin üçün stimul nədir?
- Mənim stimula ehtiyacım yoxdur. İdarə işlərindən, məişətdən, övldlarımın qayğılarından azad olan kimi yazı tərəfə keçirəm. Bunun üçün xüsusi ovqat, yaxud, ilham pərisi gözləməyə ehtiyac olmur. Mən yazanda, sanki, əlimdə çıraq harasa aşağılara - özümə, içimin ən qaranlıq, sirli hücrələrinə enirəm. Maraqdan nəfəsim tutula-tutula, həyəcandan ürəyim döyünə-döyünə... Düşdüyüm o yerin sonu yoxdur. Bu, sonsuz, sirli bir yoldur.
- Şübhəsiz ki, yaradıcılıqla məşğul olan hər kəs hansısa məqsədə çatmağa çalışır. Sizin üçün son ədəbi göstərici nə olacaq?
- Son barədə kim nə deyə bilər ki?