"AZADLIQ" - İNSAN BƏRABƏRLİYİNİN VƏ AZADLIĞININ OLMADIĞI YUXU ƏRAZİLƏRİNDƏ BAŞ VERƏLƏRDİ...

- Siz məşhur yazıçı Əli Vəliyevin nəvəsisiniz. Bir yazıçı kimi formalaşmağınızda babanızın rolu olubmu?

- Genetik baxımdan ola bilər ki, olub. Amma babamın mənimlə bu sahədə məşğul olduğu yadıma gəlir. O, çox hövsələsiz adam idi. Son illər isə qocalıq və şəkər xəstəliyi onu daha səbrsiz etmişdi. On yeddi nəvəsindən birinin «cızma-qarayla» məşğul olmaq o dövrlər onun üçün elə də əhəmiyyət kəsb eləmirdi. İlk hekayələrim nəşr edildikdən sonra bəzən zarafatla mənə «kolleqa» deyə müraciət edirdisə də, hər hansı hekayəmi oxuduğu yadıma gəlmir.

- Müxtəlif müsahibə və yazılarınızdan bilirik ki, yazıçıların kişi və qadın cinsinə bölünməsi ilə razılaşmırsınız. Özünüzdən əvvəlki qadın yazıçılardan kimin yaradıcılığına rəğbətiniz var?

- Bütün qadın yazıçılara rəğbətim var.

- «Sərçələr», «Dovşanın ölümü» və sair hekayələrinizin qəhrəmanı olan qadın sanki öz analıq, qadınlıq funksiyasını yerinə yetirməkdən bezmiş kimi görünür. O, mətbəxdə ət doğramaqdan iyrənir, öz uşaqlarına belə analıq qayğısı, həyat yoldaşına sevgi bəsləməkdən bezir. Onu sanki öz gözəlliyindən savayı heç nə maraqlandırmır. Qəhrəmanları ilə Afaq xanım arasında bir yaxınlıq varmı?

- Siz mənim qadın qəhrəmanlarımı elə təsvir elədiniz ki, lap ürəyim bulandı. Adlarını çəkdiyiniz hekayələrdə qadınların mətbəxdən, uşaqlarından bezdiyini xatırlayıram, amma onların yalnız öz xarici gözəlliyi ilə məşğul olduğuna harda rast gəldiyinizi anlamıram. Bircə «Uydurma» hekayəsində şəhərdən gəlmiş gənc qadının gecə-gündüz tarlada, əkin sahələrində günün altında işləməkdən dəriləri qaralıb kobudlaşmış kənd arvadlarının içində öz ağlığından və yaraşığından gizli qürur duyduğu kiçicik bir epizod var. Bütün qadın qəhərəmanlarımı bircə bu epizodla ümumiləşdirməyiniz mənə qəribə gəlir. Bunu dəfələrlə demişəm ki, hekayələrimin bir çoxu bioqrafikdir. Lakin elə bilirəm, mətbəxindən, uşaqlarından və ərindən bezib yorulan, yaxud öz zahiri görünüşündən güc alan qadınlar az deyil.

- Əsərlərinizi oxuyanda adama elə gəlir ki, sanki qadın olmaqdan peşmansınız. Sizcə, kişi olmaq adama hansı üstünlükləri verir?

- Hələ ki, kişi olmaq imkanım olmayıb, yoxsa, sualınızı dəqiq cavablandırardım. Qadın olmağımdan peşmançılığa gəlincə, məsələ burasındadır ki, sizin sırf qadın üzüntüləri hesab etdikləriniz, əslində, axı heç də qadın üzüntüləri deyil?!.. Bu, insanlıq üçün bir növ «icad edilmiş» cəmiyyət normaları darısqallığında vurnuxan, çərçivələrə sığmayan, sosial və məişət qəliblərindən və məngənələrindən darılıb üzülən İnsan sıxıntılarıdı. Əsərlərimdəki obrazların əksəriyyəti qadın olduğundan ilk baxışda adama elə gələ bilər ki, onları sıxan mətbəx və məişətdi. Kişi olacaqları təqdirdə ola bilsin ki, bu məngəni maşın sükanı, yaxud, dar düyünlü, tarım qalstuk olacaqdı.

- Bəzən əsərlərinizi oxuyanda adamın təsəvvüründə məşhur rəssam Salvador Dalinin sürrealist əsərləri canlanır. Məsələn «İzdiham». Belə bir qeyri adi poetikaya malik, qəribə əsər necə yarandı?

- «İzdiham» mənim şüuraltımın, qırıq-qırıq da olsa, hansı möcüzə iləsə təsəvvürümə gətirdiyi gizli yaddaş məlumatlarıdı. Xatırlanması, dərk olunması insanlara yasaq olunmuş sirli yaddaş ərazilərinin adda-budda görüntüləridi. Çox nadir insanlara çox nadir hallarda verilən bu unikal imkan elə bilirəm, Allahın rəhmi, bəlkə də mənə olan sevgisidi. Realist hekayələrimin alt qatını anlamağa çətinlik çəkən oxucular üçün «İzdiham» yəqin ki, əbədi olaraq, bağlı qalacaq.

- Hekayələrinizdən biri «S.V.A.C.O» adlanır. Amma hekayəni oxuyanda, əsərin məzmunu ilə bu hərifləri nə qədər çalışdımsa, deşrifə edə bilmədim. Bəlkə bunu açıqlayasınız?..

- Bu sualı mənə çox verirlər və mən də dönə-dönə izah edirəm ki, «S.V.A.C.O.» şərti hərflər yığnağıdır və açıqlansa belə, hekayənin mahiyyətinə heç nə verməyəcək. Bu hərflər yığnağı hekayədə baş tutan əcaib bir gecənin təşkilatçısılarının - məsləki, amalı, əqidəsi hərflərin özü qədər naməlum olan gizli icmanın şərti adının abreviaturasıdır. Hekayədən göründüyü kimi, bu, rus, yaxud, rusdilli icmadır. Deşifrə etmək istədiyiniz bu müəmmalı abreviatura uzun illərlə təhsil, mədəniyyət və kitablar vasitəsi ilə ölkənin milli mentallığına təcavüz edən, il-ildən vüsət alıb möhkəmlənə-möhkəmlənə ciddi ideoloji basqıya çevrilən qorxunc bir prosesin kodlaşmış adıdır, belə deyək.

- «Azadlıq» romanında heç bir yazıçının toxunmadığı, cəsarət tələb edən bir mövzuya toxunmusuz. Bu əsər nədən yarandı və bu əsərdən sonra rəsmi dairələrin reaksiyası və yaxud, hər hansı təzyiq, ya təsirlə qarşılaşmamısınız ki?

- Belə bir əsəri yazmaq arzusu - yuxuların insanın təkcə fizioloji halı yox, onun ruh aləminin, başqa sözlə desək, özünün özündə yaşadığı real həyatı olduğunu anladığım müəyyən bir zaman kəsiyindən sonra yarandı. İndi çoxları əsəri siyasi roman kimi qiymətləndirir və məni, son dövrlər ölkədə baş verən siyasi-ictimai hadisələri cəsarətlə təsvir etdiyimə görə az qala, qəhrəman hesab edirlər. Əsər isə psixoloji - mistik faciədir. Amma nə etməli? Mən bu sayaq reaksiyalara artıq alışmışam. Düzdü, roman son illər ölkənin ictimayi-siyasi həyatını, bir formassiyadan o birinə keçid mərhələsində baş verən hadisələri və şəxsiyyətləri kifayət qədər əhatə edir. Lakin bu, heç də siyasi ədəbiyyat deyil. Orda istər General, istər Psixiator, istərsə də Akademiklə baş verənlər yuxu həyatımızda, iç dünyamızda baş verənlərdi. İnsan bərabərliyinin və azadlığın olmadığı, öz cod ierarxiya qanunlarının işlədiyi yuxu ərazilərində baş verənlərdi. «Azadlıq» meydanında baş verənlərə gəldikdə isə bu, nəahətsiz, ilahi reallığın bu biri üzündə yaşananların təsviridir. Geniş oxucu kütləsinin nəzər -diqqəti cəlb eləyən də məhz budu. Bu mənə həmişə qəribə gəlib ki, insanlar öz gündəlik həyatlarında görüb anladıqlarını bədii ədəbiyyatda da axtarırlar. «Azadlıq» romanının siyasi ədəbiyyat siyahısına düşməsi də, «Dovşanın ölümü», «Sərçələr» və digər bu kimi hekayələrimin mətbəxindən, uşaqlarından bezmiş qadının faciəsi kimi qiymətləndirilməsi də, elə bilirəm, burdan irəli gəlir. Bədii ədəbiyyatın mütaliəsində ən rahat yolları axtaran ən böyük oxucu kütləsi yəqin ki, bizdədi.

- Dünya ədəbi prosesini izləyirsinizmi? Dünya ədəbiyyatından oxuduğunuz son əsər hansıdır?

- Təəssüf ki, heç bir prosesi izləyə bilmirəm. Buna sadəcə, imkanım yoxdur. Adda-budda əlimə keçən ədəbiyyatlarla kifayətlənməli oluram. Son illər ümumiyyətlə, bədii ədəbiyyat oxumuram. Son vaxtlar bədiilik mənə maraqsız gəlir. Olsun ki, bu, həm də peşəkar oxu tərzindən - oxuduğum əsərlərin hansı saplar və üsullarla tikildiyini görməyimdən irəli gəlir. Başladığım istənilən əsərə marağım bir-iki səhifədən sonra itir. Son vaxtlar qədim sufi mətnlərini oxuyuram. Hədsiz maraqlıdı və ən əsası budu ki, orda doğma nəfəs duyuram. Bu elə bir doğmalıqdı ki, bəzən mütaliə zamanı düşdüyüm sirli ərazilərdə qalmaqda, oralarda azmaqdan qorxuram. Geriyə qayıda bilməyəcəyimin xofu bəzən məni mütaliəni yarıda kəsməyə vadar edir.