YAZARKƏN MƏN CAN ÜSTƏ OLURAM...

Yaşadıqlarımı xatırlamıram... Bunu bir əsərimin qəhrəmanı da deyir: «Mən buna qədər olanları xatırlamıram. Elə bil heç olmamışam...» 

 

- Cəhd eləyib xatırlamırsınız, yoxsa nəyisə, xatırlamaq sizə müyəssər olmur?

- Cəhd eləsəm, yəqin ki, nələrisə xatırlayaram. Xatirələrə dalmaq, ötüb-keçənlərin sevinci, ağrısı ilə yaşamaq mənim üçün heç vaxt elə bir maraq kəsb etməyib. Həyatımda baş verən bir neçə ağrılı və bir neçə sevincli hadisələr var ki, onlar mənim bioqrafiyama daxil olub. Bu, mənim əsərlərim və itkilərimdir. O ki, qaldı ötən yaşantılara, mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özümdən o qədər informasiya alıram ki, ötüb keçmişlərə burda yer qalmır. Hər anım mənim üçün həm informasiya, həm də kəşfdir. Bu, məşğuliyyət deyil. Bu, mənim həyat tərzimdir. Ömrün hər mərhələsi insanı dəyişdirir, o, nələrisə yenidən anlayır, irili-xırdalı kəşflər edir. Bu proseslər məndə reaktiv sürətlə gedir. Bu gün, hətta bu dəqiqə mən, bir həftə, yaxud, bir neçə dəqiqə bundan əvvəlki deyiləm. Niyəsə, keçmiş mənim bu günki halım üçün heç bir əhəmiyyət kəsb etmir. Duyğu sıçrayışlarm məni elə ərazilərə, elə məkanlara salır ki, bəzən oralardan geriyə qayıda bilmirəm. Qayıdarkən isə, tam ayrı adam oldğumu anlayıram.

- İnsana bu dünyada az vaxt verilib ya çox?

- Kosmik zaman ölçüləri baxımından baxsaq, bəlkə hədsiz az. Amma ruh ərazisindən yanaşsaq, məncə çox. Sadəcə, bizə ayrılan zaman kəsiyini belə qəbul edirik. Özünüz fikirləşin, ürəksıxan bir yerdə oturub nəyisə gözləməyə məcbur oldğumuz halda vaxtın sonsuzluğa qədər uzandığından darıxır, əks halda, göz qırpımında uçduğundan heyrətə gəlirik. Əslində isə bu, bizim zaman duyumumuzdur. Bu, əsasən, insan öz əsil həyat yolunu tapmayanda baş verir. Əsil həyat isə - sosial borclar və qayğılarla dolu bu yeknəsəq həyatımız deyil. Bu, zaman, saat əqrəbi və tarix tanımayan iç həyatımızdır. Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur.

- Bu həddən ziyadə uzun ömürdə özünüzü xoşbəxt hesab edirsinizmi?

- Mən qurtuluş yolunu tapmışam. Zahirən hamı kimi yaşayıram. Səhərlər işə gedir, axşamlar evə qayıdıram, oğlumun dərsləriylə maraqlanıram, son xəbərləri dinləyirəm. Amma bütün bu yeknəsəqliyin alt qatında sonsuz arakəsmələr var ki, onların qapıları daim aralı vəziyyətdədir.

- Yenə də bizim keçmişimiz yaşantılarımızdan, bu günlə bağlı təəssüratlarımızdan asılı olmayaraq, var və bizdən asılı olmayaraq, artıq sənədləşdirilib. Necə yaşamaqdan, dünyanı necə görüb-duymaqdan ötrü əvvəl dünyaya gəlməliyik. Bəlkə söhbətimizi də elə burdan başlayaq...

- İnsanın dünyaya gəlməsi - yalnız bir qadınla bir kişinin evlənib dünyaya uşaq gətirməsi demək deyil. Bunun çoxlu sayda izaholunmaz səbəbləri var ki, bunu anlamaq hələ ki, insanın özünə yasaq edilib. Tale yazısı, genetik kodlar, bürclərin səmavi təsiri və sair və ilaxır. Və əgər bütün bu göstəriciləri rəqəmləşdirsək, gözümüz qarşısında saysız-hesabsız rəqəmlərlə dolu Kainat ölçülü cədvələbənzər bir panoram açılar. Əlbəttə, insan öz taleyindən razı da ola bilər, narazı da. Lakin səbəblərini aramağa, taleyini «yaxşı», yaxud, «pis» adlandırmağa gücü çatmaz. Ən azı o səbəbdən ki, insana böyük İlahi Yazı barədə təsəvvür verilməyib. Mənə gəlincə, razılığı və narazılığı kənara qoymaq şərtilə, lap yeniyetməlik vaxtlarımdan almağa başladığım zədələri deyə bilərəm. 9-cu sinifdə oxuyanda atamın, 26 yaşlarında anamın, daha sonra cavan qardaşım Eyvazın itkisi. Və əlbəttə ki, 20 yanvar hadisələri. Yəqin ki, ayrı ağrılar və iztirablar da olub. Lakin onlar yadımda qalmayıb. Sevincli hadisələr - dörd nəvəm və bir neçə əsərimdir ki, onlara görə qocalıqdan və ölümdən qorxmuram.

- Gəlin söhbətimizin bədii hissəsinə keçək. Günlərin bir-günü bir qız dünyaya gəldi, adını Afaq qoydular. Bu ad hardan götürülüb?

- Bu, Nizami Gəncəvinin sevib evləndiyi gözəl bir qadının da adıdır. Lakin bildiyimə görə atam bu adı mənə, o münasibətlə verməyib. Afaq - Kainat deməkdir.

- Atanız Məsud Əlioğlunun dövrdən narazılığı, üsyankar təbiəti barədə çoxlu xatirələr var.

- Atam o dövrün hakim ideologiyasına tam zidd təbiətli, azad təfəkkürlü bir adam idi. Bəlkə də məhz bu səbəbdən, sovet dövründə yaşamağımıza baxmayaraq, nə mən, nə də qardaşlarım o atmosferi evdə hiss eləməmişik. Sovet psixologiyası, sovet ideologiyası bizim evin kandarından içəri daxil ola bilməyib. Bizim ailədə həmişə sərbəst düşüncəyə, azad fikirə üstünlük verilib. Atam parlaq alim, gözəl natiq idi. Yeri düşdükcə, sovet ideologiyasına yarınan vəzifə sahiblərini kütləvi yerlərdə təhqir eləməkdən özünü saxlaya bilmirdi və sonradan bunun altını çəkirdi. O dövrlər kitabları «Qlavlit» deyilən nəşr senzurası tərəfindən yasaq edilir, adı Mərkəzi komitənin qərarlarına salınır, məqalələri aylar və illərlə işıq üzü görə bilmirdi. Bu proseslər təbii ki, bütün ailəmizə, dolanışığımıza təsirsiz ötüşmürdü. Axı o illər ədəbi-tənqidçilər də, digər qələm əhli kimi, kitablarının, yazılarının hesabına dolanırdılar?!.. Odu ki, biz tez-tez maliyyə çətinlikləri ilə üzləşməli olurduq...

- Bəs babanızın, xalq yazıçısı Əli Vəliyevin nüfuzu ona yardımçı olmurdu?

- Babamın nüfuzu yardımçı olurdu ki, ona dəymirdilər, millətçi damğası ilə dustaqxanalara salmırdılar. Mənim babam qatı kommunist idi. O bu ideologiyaya sidq ürəkdən inanırdı və mən onun bu inamına hörmətlə yanaşıram. Bu, sözün əsil mənasında etiqad idi. Əli Vəliyev məsləkinə, əqidəsinə sidq ürəkdən bağlı bir adam idi. O inanırdı ki, kommunist ideologiyası dünyanın ən ədalətli və insanpərvər ideologiyasıdır. İnsana zəhmətinə görə qiymət verir, kasıblara əl tutur.

- Bəs atanızın dünyagörüşü hardan formalaşıb?

- Bunu deyə bilmərəm. Azadlıq yanğısı atamın lap gənclik illərinin məqalələrindən duyulur. O vaxt mən dünyada yox idim.

- Atanızın sizə təsiri olub?

- Açığını deyim ki, mən ədəbiyyata Məsud Əlioğlunun, yaxud, babam Əli Vəliyevin əsərlərinin mütaliəsindən gəlməmişəm. Və ümumiyyətlə, ədəbi mütaliədən gəlməmişəm. Amma yuxarıda dediyim genetik kod, tale yazısı və daha nələrsə atamın istedadını, duyğusallığını, babamın zəhmətsevərliyini və prinsipiallığını məndə bu və ya digər formada davam etdirir.

- Yazınıza, düşüncələrinizə məişət mane ola bilirmi?

- Olanda olur. Hər səhər evdən çıxarkən, kandarın xalçası düzəltməsəm olmur. Bu, xəstəlikdir. Bilirəm ki, bu adi, xırda səliqəsizlik içimin bütün sahmanını pozmaq gücüdədir. Yazıya girməkdən ötrü məişətim son dərəcə hamar və problemsiz olmalıdır. Yalnız bundan sonra o üzə keçə bilirəm. Əks təqdirdə heç nə alınmır. Yazı halında olmayanda isə xırda məişət işləri ilə məmnuniyyətlə məşğul oluram. Mürəbbə bişirirəm, piroq hazırlayıram. Yazanda isə ən kiçicik sahmansızlıq məni məhv edə bilər. Yazmaq - mənim üçün can üstə olmaq kimi bir şeydir. Yazı ərazisinin əlimdə qələm, oturduğum yerdən, bir qədər aralıda olduğunu dəqiq hiss edirəm... Bu, tamamilə ayrı səslərin və qoxuların dolaşdığı sirli, ecazkar boşluqdur. Yazarkən, bədənimdən necəsə aralanıb o üzə keçdiyimi hiss edirəm... Məncə, yazmaq, əslində də ölmək kimi bir şeydi. Bir dünyadan o birinə keçmək...

- Sizinlə müsahibə aparmaq çətindir. Özünüz necə, hərdən özünüzə sualla müraciət edirsiniz?

- Mən özümü görmürəm. Zahirən əlbəttə ki, görürəm. Güzgüdə özümə baxıram, saçlarımı darayıram, köynəyimlə çantamın rəngini tutuşdururam. Amma bir fərd kimi, özümü görə bilmirəm. Bu, olsun ki, bayaq söhbətin əvvəlində dediyim həmin o sonsuz, sərhədsiz boşluqlara duşməyimdən irəli gəlir. Oralarda özümü toz zərrəciyi hiss edirəm...

- Əgər keçmişinizə qayıtsaydınız, orda nəyisə dəyişərdiniz?

- Yəqin ki, ailə qurmazdım. Həyatımı ailəmsiz təsəvvür eləmirəm. Lakin mənimlə yaşamağın nə qədər çətin oluğunu anlayıram. Düşünürəm, nə ərimə ideal həyat yoldaşı, nə də uşaqlarıma ideal ana ola bilməmişəm. Analıq və qadınlıq missiyasına düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirsəm delə, onlara əsaslı və daha vacib olan nəyisə verə bilməmişəm. Və bu, bu günəcən də alınmır. Olub ki, həftələrlə, aylarla yazı çəkişməsinə qapıldığımdan, boynuma düşən bu vəzifələri şərti olaraq, yerinə yetirmişəm. Bu mənada, «Sərçələr» həmin bu halın mənzərəsidi. Daim yazmıram, amma oralara düşməyin təhlükəsini hər an hiss edirəm.

- Ailəniz olmasaydı, bunun sizin həyatınıza təsiri olacaqdımı?

- Yəqin ki, dağıdıcı təsiri olacaqdı. Olsun ki, yazı prosesində düşdüyüm həmin o ərazilərdən geriyə qayıda bilməyəcəkdim. Amma indi oralar nə qədər füsünkar və ecazkar olsa belə, geriyə qayıtmalı olduğumu anlayıram. Bilirəm axı, burda məni gözləyənlər var...