ÖZÜMÜ ƏLKİMYAÇI HİSS EDİRƏM

- Azərbaycan ictimaiyyəti Sizi əsasən yazıçı kimi tanıyır. Ancaq pyesləriniz də uzun illərdir müxtəlif teatrlarda səhnəyə qoyulur. Hal hazırda Akademik Milli Dram Teatrında sizin yeni pyesiniz əsasında hazırlanan tamaşanın məşqləri gedir. Dramaturgiyaya müraciət etməyinizin səbəbini bilmək istərdik. Bu, özünü yazıçılıqda sona qədər ifadə edə bilməməkdən, qəhrəmanlarını canlı görmək istəyindən, yoxsa, başqa bir səbəbdən irəli gəlir?

- Düzü, heç vaxt ağlıma gəməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Nəsrdən hadisəliliyi sevən teatr sənətinə keçid bir o qədər də asan başa gələn məsələ deyil. Lakin belə oldu ki, 2004-cü ildə «Can üstə» hekayəm nəşr olundu və əsər «Yuğ» teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun diqqətini çəkdi. O, hekayənin alt qatında sezilən gizli informativ axıntıların müasir teatr estetikasının tələblərinə cavab verə biləcəyini və əsərin səhnə prespektivli olduğunu bildirdi. Hekayə, neçə illərdən bəri yazdığım romandan çıxarılmış epizod idi. Romanın digər fəsillərinə şaxələnən bu xətt ordan hekayə formatına sıxışdırılmışdı. Vaqif hekayənin əsasında pyes yazmağı təklif etdi və biz işə başladıq. İbrahimoğlunun virtuoz müəllimliyi ilə gedən bu iş ilk dövrlər mənə hədsiz çətin və çətin gəldi. İlk dəfə idi ki, asanca yazmağa müvəffəq olduğum daxili yaşantıları hadisəyə və dialoqlara çevirməli, səhnə dilinə gəlməyən, bir çox mənə əziz hiss və duyğularımdan imtina eləməli idim. «Can üstə» belə yarandı. Nəsrdən dramaturgiyaya transfer eləməyim belə baş verdi. Tamaşanın uğuru, ya bəlkə daha nə isə neçə illərdən bəri üzərində işləyib tamamladığım romana olan marağımı heçə endirdi. İş o yerə çatdı ki, mən bu iri həcmli əsəri pyeslərə parçalamaq fikrinə düşdüm. Nəsrimə gizli-gizli damızdırdığım gizli dünyanın səhnədə aşkarlanması imkanı mənə hədsiz maraqlı gəldi. Nəsr, kitab zaman səddlərini aşmaq baxımından daha etibarilı və uzun ömürlü olsa da, səhnənin çevikliyi, ötürücülük imkanları bu janrın üstünlüyünü ortaya çıxartdı.

- Dramaturgiyanı nəsrdən fərqləndirən əsas cəhətlərdən biri - ədəbi əsərdə yaradılmış qəhrəmanın tamaşada bir ayrı şəklə düşməsi, bəzən yazıçının təsəvvüründəki obrazdan fərqlənməsi məsələsidir. Bəs Sizi necə, aktrisanın, ya aktyorun, yaratdığınızın qəhrəmanların obrazını dəyişə bilməsi qorxutmur ki?

- Bu, hər bir yazıçı üçün ağrılı məqamdır. Təsadüfi deyil ki, Markes öz obrazlarının yaradıldığı kimi, qalması naminə əsərlərinin səhnələşdirilməsindən, kino-lentə alınmasından daim imtina edir. Əsərin tamaşaya qoyulması, yaxud, kino-lentə alınması yazıçının öz gizli dünyasında yazıb-yaratdıqlarını növ ictimayiləşdirir. Burda sözsüz ki, müəyyən sirlər və sehrlər dağılıb itir, uyarsızlıqlar və fikir ayrıqlıqları meydana çıxır. Bunun nəticəsi olaraq, əsər də, obrazlar da, müəllifin bədii niyyəti də mütləq nə isə itirir. Əsər tamaşa, ya film halında uğur qazansa belə. Bu mənada, yazıçının əsaslı dayağı kitabdır. Bir onu heç bir qüvvə nə dəiyişə, nə təhrif edə bilmir. Məni də sakitləşdirən pyeslərimin kitab varintlarıdır.

- İlk səhnə əsəriniz «Yuğ» teatrında səhnələşdirilib. Bu teatrın özəl estetikası - səhnənin itirilməsidir. Yəni tamaşaçının əsər boyu özünü səhnədə hiss etməsi, sanki hadisələrin iştirakçısına çevrilməsidir. Bu mənada, Akademik Milli Dram Teatrı ilə «Yuğ» teatrı arasında fərqli cəhətlər nədən ibarətdir?..

- «Yuğ»un öz atmosferi var. Bu, tamaşaçını az qala, əli ilə toxuna biləcəyi məhrəm bir mühitə salan, dediyiniz kimi, əsərin iştirakçılarına çevrən müqəddəs bir ocaqdır. Eyni zamanda, bu teatr milli teatr məkanımızda qeyri-ənənəvi, önəmli hadisədir. Akademik Milli Dram Teatrının səhnəsi isə tamam ayrı şərtiliklər ehtiva edir. Bu, klassik tamaşa atributlarını özündə yaşadan, səhnədə baş verənlərə müxtəlif baxış bucaqlarından baxmaq imkanı yaradan, kifayət qədər geniş imkanlı səhnədir. Hazırlıq prosesində olan «Qatarın altına atılan qadın» pyesi məhz belə imkanları olan səhnə tələb edir. Əslinə qalanda, «Can üstə» də iri səhnəyə hesablanmış əsərdir. Sadəcə, İbrahimoğlu onu «Yuğ»un estetikasına uyğunlaşıraraq, kiçik səhnədə tamaşaya qoydu. Düşünürə, gələcəkdə bu əsər də böyük səhnədə oynanılacaq.

- Son vaxtlar dünya teatrında belə tendensiya əmələ gəlib ki, səhnəyə texniki köməkçi vasitələr - ekran görüntüləri və sair gətirilir. Sizin buna münasibətiniz necədir?

- Teatr mistik məkandır. Burda dəqiq seçilmiş söz, yaxud, sinirə toxunan qəfil hərəkət salonu riqqətə gətirib şahə qaldıra, əhvalını, ovqatını köklü şəkildə dəyişə bilər. Teatrın, dediyim bu mistik qüvvəsi haqqında dünya ədəbiyyatında neçə-neçə əsərlər də yazılıb. Mistika olan yerdə, düşünürəm ki, texnika acizdir və əgər belə vasitələrə əl atılırsa, bu, əsərin, yaxud rejissorun acizliyi, ən azı, qadirsizliyidir.

- Əsərlərinizdə psixoloji qat və insanın təhdəlşüuru üstünlük təşkil edir. Maraqlıdır, nəsrinizin bu cəhətini səhnəyə çıxara biləcəksizmi?..

- Təhtəlşüurun səhnəyə çıxış yolu tapılmalıdır. Müasir dünya tamaşaçısını maraqlandıran məqamlardan biri və ən əsaslısı budur. Vaxtı ilə bununla daha əsaslı şəkildə Freyd məşğul olurdu, o da elmi-nəzəri baxımdan. Çox vaxt da mübahisəli şəkildə. Düşünürəm ki, ədəbiyyatın, elmin adlaya bilmədiyi dərin, keçilməz yarğanları fəth etmək qüdrəti var. Bu mənada, əgər dediyim həmin o təhtəlşüur qatında baş verənlərin səhnəyə çıxış yolu tapılarsa, bunu dünya teatr məkanında baş verən inqilab hesab etmək olar.

- Sizcə dramaturgiyanın yazıçı Afaq Məsuda təsiri necə ola bilər? Bu Sizi yazıçı kimi unutdura, yaxud əksinə sevdirə bilər? Belə bir düşüncə Sizi həyacanlandırmır ki?

- Heç bir həyacan-filan yoxdur. Əvvəla, bunu dəfələrlə demişəm ki, ictimai fikir heç bir vaxt mənim üçün önəmli olmayıb və bu bu gün də belədir. Digər tərəfdən, «Can üstə» tamaşası kifayət qədər uğur qazandı. Bir də məncə, dramaturgiyam elə nəsrimin davamıdır və məhz buna görə də qeyri-ənənəvidir. İndi qarşımda duran əsas məsələ - nəsrdən dramaturgiyaya keçiddə meydana çıxan maneə və əngəllərin mahiyyətinə varmaq, bunların incəliklərini anlamaqdı. Mən bu sirri olsun ki, yaza-yaza açağacam. Nefti dərinlərdə axtaran qurğu yerin tərkini oya-oya dibinə getdiyi kimi. Həqiqətən, qəribədir. Hər ikisi ədəbiyyatdır. Biri səhnə, o birisi oxu üçündü. Və aralarında bu boyda uçurum var...

- Əsərlərinizdə dialoqlardan qaçırsınız. Amma dramaturgiya sırf dialoqdur...

- İndi yeni bir pyes üzərində işləyirəm. Çalışıram orda ümumiyyətlə, dialoq az olsun. İstəyirəm, insanın ruhi qatında baş verənlər səhnə təcəssümnü tapsın, o dildə danışsın. İndi bütün bu çalışmalarla mən özümü gizli laboratoriyada kimyəvi reaksiyalar apara-apara, hansısa həyatəhəmiyyətli, sirli maddəni almağa çalışan əlkimyaçı hiss edirəm. Maddələri bir-birinə qatıb, alınacaq son rəngə dəyişəcəyini, köpüklənib tüstüləyəcəyini gözləyirəm. Əgər bu baş tutarsa, düşünürəm, biz tamamilə yeni bir teatrın astanasına çatmış olaacağıq. İnsan təfəkkürü üçün tamamilə yeni bir mərhələ açılacaq.