MƏNCƏ, ƏSƏR BARƏDƏ ƏSƏRİN ÖZÜ DANIŞMALIDI

- Ədəbiyyatın əzəli və əbədi mövzularından biri də atalar və oğullar mövzusudu. Əslində, bu mövzu çoxdan sırf yaradıcılıq müstəvisindən çıxaraq, həm də ədəbi mühitin bir nömrəli mövzusu statusunu alıb. Gedənin gələni, gələnin gedəni qəbul eləmədiyi bu nəsil qarşıdurması bəzi məqamlarda ədəbiyyatımızın xeyrinə, bəzi məqamlarda zərərinə işləyib. Çünki bu rəqabət heç də həmişə yaradıcı istiqamətdə olmayıb. Doğrusu, əlbəttə ki, hər bir yazı adamı böyük sözün övladıdı və bu mənada, onda bütün sələflərindən ən azı bir cizgi, bir nişanə olmalıdı. Amma bir əsrin üç nəslini özündə təmsil edən ailələr var ki, onlardan biri də sizin mənsub olduğunuz ailədi. Babanız, xalq yazıçısı Əli Vəliyev otuzuncu, atanız, tanınmış tənqidçi Məsud Əlioğlu altmışıncı və nəhayət, Afaq Məsud yetmişinci illər nəslini təmsil edir. Maraqlıdı, belə bir ailənin təkcə cismani deyil, həm də mənəvi davamçısı olan Afaq Məsud bu mühitsiz Afaq Məsud ola bilərdimi?

- Təbii ki, ədəbiyyata gəlişimdə mənsub olduğum tanınmış ədəbiyyatçı nəslinin - Vəliyevlər şəcərəsinin, doğulub böyüdüyüm ədəbi mühitin, eləcə də atamın və babamın şəxsiyyətlərinin rolu olub. Lakin sırf qələm adamı kimi yox. Atamın bir çox əsərlərini hələ tələbəlik vaxtı, elə sonralar da oxumuşdum. Bu qəliz üslublu, elmi-nəzəri əsərlərin hər hansı cəhətdən mənə, yaxud, bədii yaradıcılığıma yaxınlığını hiss eləməmişdim. Bu yaxınlarda isə atamın səksən illiyi ilə əlaqədar oxumalı olduğum əsərlər külliyatını bir də, bu dəfə olsun ki, artıq redaktor nəzəriylə yenidən oxumağa başlayanda, atamla özümdə qəribə bir duyğu doğmalığı, düşüncə oxşarlığı kəşf elədim. Baxmayaraq ki, o, sırf elmi-ədəbi tədqiqatla, mənsə, bədii yaradıcılıqla məşğul olmuşuq, yanaşı qoyulub oxunanda mətnlərin az qala, bir müəllif tərəfindən yazıldığı təəssüratı yaranır. Fikirlərin deyiliş tərzi, emosional partlayışlar dolu bənzətmələr, sətirlərarası kölgədə saxlanılan gizli fikir qatı o qədər oxşardır ki, oxuduqca, bəzən mənə elə gəlirdi ki, nə vaxtsa yazdığım, yazıb unutduğum mətnləri indi öz ölümümdən sonra oxuyuram. Çıxılmazlıq nöqtəsindən azadlığa sıçrayışlardan tutmuş, ən xırda hisslərin böyük əzabında qovrulmağa qədər, sən demə, biz nə qədər oxşayırmışıq?!.. Həm də bir daha anladım ki, biz nə doğmalarımız, nə də özümüz haqqında heç nə bilmirik. Yazıları oxuduqca, kimin kimi davam etdirdiyini də dəqiq müəyyən edə bilmirdim və düşünürəm ki, az yaşadığına, ya bəlkə tükənməz yaradıcı potensialını istədiyi həcmdə və keyfiyyətdə xərcləyə bilmədiyinə görə atam yaza və deyə bilmədiklərini, ayrı cür desək, xərcləyə bilmədiyi enerjini olsun ki, mənə ötürüb. Gənclik illərində "Ulduz" jurnalında nəşr olunan ilk hekayələrim məndən xəbərsiz "Məsud" ləqəbiylə dərc edilməsinin də təsadüf olmadığını yalnız indi anlayıram.

- Necə bilirsiz, yazıçının böyük söz ehtiyatına malik olması əsərin keyfiyyətinə ciddi təsir edirmi? Məsələn, ötən əsrin ən məhsuldar yazıçısı, yüzdən artıq romanın müəllifi Corc Simenon ən məhdud söz ehtiyatı olan müəlliflərdəndi. Deməli, ədəbiyyatda əsas qəliz düşünüb, bər-bəzəkli yazmaq yox, dildə də, düşüncədə də aydınlığa gedən yola çıxmaqdı.

- Yazıçının dili mütləq qrammatik baxımdan savadlı, ədəbi-bədii baxımdan qüsursuz olmalıdı. Mənə gəlincə, hər hansı bir fikri, yaxud ən izaholunmaz, qəliz duyğunu ifadə etmək üçün demək istədiklərimi, çox az söz ehtiyatımla yaza bilməyim mənə kifayət edir. Düşünürəm, siniri olmayan əsəri heç bir naxışlı dil, yaxud ibarəli cümlə xilas edə bilməz. Ədəbiyyat tarixində yalnız naxışlı ədəbi dilinə görə qalan ədiblərin böyük mənada heç nəyə nail olmadıqları, bədiilikdən çox, riyazi dəqiqlik və məntiq tələb edən nəsr sənətinə məhz bu keyfiyyətləri ilə uduzduqları hamımıza məlumdu. Ciddi yazıçılar ədəbiyyata tanınmaqdan, yazıçılığı bahalı kürk kimi çiyinlərinə salmaqdan ötrü yox, kəşf edilməmiş əraziləri fəth etmək yanğısıyla gəlirlər. Və burda dediyiniz həmin o dil faktoru nə yazıçı, nə də oxucu üçün elə bir önəmli əhəmiyyət kəsb etmir. Səlis ədəbi dil əlbəttə ki, yazıçı üçün üstünlükdür, amma bunu bədii əsərin əsas göstəricisi hesab etmək düzgün deyil. Bərbəzəkli ibarələrlə yazılan ədəbiyyatlar mənə həmişə süni süd məmulatlarından hazırlanmış rəngli tortu andırır. Yazıçının var quvvəsini sərf edib ərsəyə gətirdiyi «gözyaşardan» ibarələr, epitetlər və məcazlar dolu naxışlı cümlələr ilk baxışda oxucunun ürəyinə yatırsa da, kitab örtülüb kənara qoyulandan sonra o, əvvəlki aclıqdan əziyyət çəkdiyini yenidən hiss etməyə başlayır.

- Yenidənqurmanın ilk dövrlərində Rusiyada sərt nəsr adlı bir cərəyan yarandı. İnsan hisslərini və reallığı bütün çılpaqlığıyla ədəbiyyata gətirən həmin nəsil üçün tabu anlayışı yox idi. Doğrusu, sizin əsərlərinizdə də insana heç bir güzəşt yoxdu. Sizcə, yazıçı nədəsə öz təxəyyülünə məhdudiyyət qoymalıdırmı? Ümumiyyətlə, ədəbiyyatda tabu anlayışı ola bilərmi?

- Yazı, ədəbiyyat bəlkə də kimin üçünsə istirahətdi, kimin üçünsə özünütəsdiq vasitəsi. Mənim üçün yazı - heç kimlə, hətta özümlə belə bölüşə bilmədiyim ağrılarımı qələm və kağızla bölüşmək ehtiyacıdı. Bu da dərdləşmənin bir növüdü. Yazmaq stixiyası məndə məhz belə məqamlar, yəni səbəbi çox vaxt özümə də bəlli olmayan gizli ağrılarım baş qaldıran anlar yaranır. Kimsəsiz, sakit bir yerə çəkilib, qələm və kağızla təkbətək, üzbəüz qalanda özümü Allahın dərgahında hiss eləyirəm. İçimin, yaddaşımın gizli hücrəsində yatmış nələrinsə gül kimi pardaxlanıb açıldığı, ovuc içinin aydınlığı ilə göründüyü bir əraziyə düşür, bütün təfsilatı və aydınlığı ilə görünənlərdən nəyisə gizləyə biləcəyimin fərqinə varmadan, yazmağa başlayıram. Əlbəttə, belə məqamlar kağıza düşənləri səhəri gün təmizləməyə həmişə imkan olur. Amma heç vaxt bunu eləməmişəm. O səbəbdən ki, ən qadağalı fikrin, ya duyğunun kağıza köçürüləndən sonra öz yasaqlığını necəsə, itirdiyini, yumşalıb bəraət aldığını hiss eləmişəm. 1989-cu ildə yazılmış "İzdiham" romanı ətrafında mübahisələr hələ də səngimir. Biri bunu qaravəlli, digəri təmiz sürrealizm hesab edir. Əsəri anlayanlar da var, anlamayanlar da. Mənim üçün isə önəmli olanı odur ki, artıq otuz ildir ki, əsər maraq dairəsini itirmir. Düşünürəm, bu uğurun bir səbəbi də yuxarıda dediyim həmin o "bəraət almış qadağaların" orda yer almasıdır.


- Sommerset Moyem deyirdi ki, Höte özünün ən yaxşı şeirlərini sevgilisinin bədənində yazıb. İngilis yazıçı bununla söz adamının ikili ömür yaşadığına işarə edirdi. Yəni, yazıçısansa hətta ən intim, ən məhrəm anlarda belə insanlıq ikinci plandadı. Bu mənada, o, yazıçını, hardasa, başqalarının dərdindən belə öz işi üçün faydalanan qeyri-səmimi insan hesab edirdi. Doğrudanmı belədi?

- Mənə gəlincə, nəyinki tanış-bilişi, dostlarımı və doğmalarımı, özümü də əksər vaxtlar ədəbi personaj qismində hardansa, kənardan görürəm. Bu mənada, "İzdiham" tanış-bilişin, qohum-əqrəbanın ən çox incidiyi əsərdi. Bu, şüuraltı yaddaşdan necəsə, öz-özünə süzülüb gələn unikal bir informassiyadır. Onun yazılma prosesi də mənə, öz üzərimdə apardığım ağrısız cərrahiyyə əməliyyatını xatırladır. Belə əməliyyatlar zamanı kimin hara, hası vəziyyətdə düşdüyünün fərqinə varmırsan. Yazı prosesində hiss elədiyim - nə vaxtdan bərisə canımda gəzdirdiklərimdən qurtulmaq eşqi idi. Bu mənada, dəqiq bildiyim budu ki, "İzdiham" məni ölümdən qurtarıb. Əslində, hər əsərimlə mən, nələrdənsə xilas oluram. Havaya qalxdıqca, sərbəst uçmağa mane olan yüklərini özündən atan hava şarı kimi, yüngülləşdiyimi hiss eləyirəm. Ağaclar və adamlarla, binalar və əşyalarla dolu olan bu məkan məndən ötrü əvvəli-axırı olmayan yazı materialıdır.

- Markes təxminən yarım əsrdi ki, "Yüz il tənhalıqda" romanının ekranlaşdırılmasına icazə vermir. Səbəb kimi oxucuların təsəvvüründə olan obrazların maddiləşməsini istəmədiyini göstərir. Məsələn, deyir ki, Ursulanın Sofi Lorenə çevrilməsinə razı olmaram. Sözümü nəyə gətirirəm. "Yuğ" teatrı sizin "Can üstə"nizi səhnələşdirdi. Bu sırf psixoloji hekayənin pyes ömrü sizi qane etdimi?

- Əslində, bu hekayə üzərində çoxdannan bəri işlədiyim irihəcmli romandan götürülüb. Roman bədən və ruh vəhdətiylə ayrılmaz birlikdə yaşayan və bu səbəbdən maddi və qeyri-maddi dünyalar arasında tarazlığını itirən insanlıq barədədi. Əsərin yazıldıqca, zamanın və hadisələrin gedişatıyla dəyişdiyini, yeni-yeni personajlar və situasiyalarla çoxlıb artmağa başladığını hiss edib, ordan can üstə olan qoca məmur xəttini çıxarmaq qərarına gəldim. Hekayə "Yuğ" teatrının bədii rəhbəri Vaqif İbrahimoğlunun diqqətini cəlb etdi və biz onunla birlikdə bu eyniadlı əsərin üzərində işləməyə başladıq. Unikal bir tamaşa alındı. Qeyri-təvazökarlıq olsa da, «Can üstə» zənnimcə, Azərbaycan səhnəsi üçün tam fərqli bir hadisədir.

- Azərbaycandan baxanda dünyanı yaxşı-pis görə bilirik. Bəs dünyadan baxanda Azərbaycan necə görünür? Söhbət bizim ədəbiyyatdan gedir. Məlum olduğu kimi bu yaxınlarda Vyanada sizin əsərlərinizin geniş təqdimat tədbirləri keçirildi. Təəssüratlarınız necədi?

- Orda müxtəlif səpkili görüşlər keçirildi. "Sərçələr", "Dahi" əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş edildi. Mən ötən il də Vyanadan dəvət almışdım. Vyananın Amerlinqhauz Mədəniyyət Mərkəzindən. Bu dəfə isə dəvəti Avstriyanın Mədəniyyət Departamenti göndərdi. Onlar məni ora Vyana radiosu ilə yayımlanacaq "Sərçələr"in radio-pyesinin oxunuşunda iştirak etməyə dəvət eləyirdilər. Pyes Vaqif Gərayzadənin "Şirvan naxışları" kompozisiyasının pianoda canlı müşayiəti ilə səsləndirildi və gözəl bir gecə alındı. Pyesin translyassiyasından sonra Radio-Hauz deyilən həmin salonda mənimlə görüş keçirildi.

- Sizin yaradıcılığınıza təkcə Avstriyada deyil, digər ölkələrdə də kifayət qədər maraq var. Amma nədənsə, bu barədə danışmağı xoşlamırsız.

- Məncə, əsər barədə əsərin özü danışmalıdı. Mən nə Senanı tanıyırdım, nə onun Azərbaycanda çalışdığından xəbərim vardı, nə də ondan, yaradıcılığımı tədqiq etməyi, əsərlərimi təmənnasız tərcümə eləməyi xahiş eləmişdim. Eləcə, Vyana Mədəniyyət Departamentinin direktoru Anni Mariya Türkü də tanımırdım. Senanın 2000-ci ildə Vyana Universitetində yaradıcılığımla bağlı müdafiə elədiyi doktorluq işi barədə məlumat yalnız ötən il yaradıcılığım üzrə doktorluq işi müdafiə edən gənc azərbaycanlı alim Sevil Məmmədəliyeva tərəfindən açıqlandı. Ümumiyyətlə, belə hesab edirəm ki, yazıçının özünüreklamla məşğul olması mənasızdır. Reklam - əsər özüdür. Əsərlərimin hansısa ölkədə nəşr edilməsi barədə yalnız internetdən məlumat alıram və əlbəttə ki, bu, məni sevindirir.

- Necə bilirsiz, Nobel xülyası azərbaycanlı yazarlar üçün gerçəkləşə bilərmi?

- Əsər yazmaq və eyni zamanda Nobel mükafatı kampaniyasını aparmaq bir müstəviyə sığan işlər deyil. Bu sayaq dünya ödüllərinə təqdim olunan əsərlərin arxasında mütləq dövlət dayanmalıdır. Bu, böyük maddi və mənəvi dəstək tələb edən millət və ölkəəhəmiyyətli, ciddi bir məsələdir. Son illər mili ədəbi məkanımızı çulğamış Nobel qalmaqalını isə gündəmə mənim "Can üstə" pyesimin qəhrəmanı - Nobel mükafatı laureatı, yazıçı-qadın gətirdi. Amma başqa mükafatlar da var. Buker, Qonkur və s. Oralarda da təmsil olunmaq olar.

- Sonda soruşmaq istərdim: Afaq Məsud yazıçı ömründən başqa ömrü yaşaya bilərdimi?

- Yəqin ki, yox. Amma onu da deyim ki, yalnız yazanda yazıçı olduğum yadıma düşür. Qalan vaxtlar ana, idarə rəhbəri, evdar qadınam. Yazmaq azarı canıma dolanda, iş otağımdan, qaz pilətəsindən qəribə bir çəkisizliklə - ruh bədəndən ayrılmaq istəyən tək, çəkilmək istədiyimi duyuram və o dəqiqə kövrəlirəm. Özümə yazığım gəlir, nədi?..