ÜZÜ İŞIĞA

Özünü birtəhər dikəltdisə də, otura bilmədi. İçi tut yarpağı kimi, əsim-əsim əsirdi. 

Ayağa qalxıb subaşına getmək lazım idi. Dizlərininsə taqəti yox idi.
Bunu ayaq barmaqlarının ucundan xırda-xırda üzüyuxarı yayılan soyuqluqdan hiss elədi. Bir də ayağa qalxsaydı, yenə yadına 60-cı illərin sonları - əriylə Volqaboyu gəmi gəzintisi düşəcəkdi. Yataq otağı küləkli havalarda yırğalanıb, onu o divardan bu divara, bu divardan o divara itələyən dar göyərtəyə çevriləcəkdi, bütün olanları, olub ötüb keçənləri ortaya tökəcəkdi.
Hər şeydən çox da ona çarpayısıyla üzbəüzdəki adamboylu pəncərənin xırda gözlüklü dəmir qəfəsi əzab verirdi. Bir ayın aclığına da, belini, sağ qabırğasının altını dağlayan ağrılara da, dəqiqədə bir göyərtə kimi, yellənən bu darısqallığa da dözərdi. Təki bu dustaqxana qəfəsini andıran qəfəs olmayaydı.
Qəfəsin damaları bir o qədər də xırda deyildi. Amma çölün havasını içəri buraxmırdı. Pəncərənin o biri üzündə dəli həvəslə oynayan sərin küləklər də bu qəfəsdən içəri daxil ola bilmirdi. Qəfəs imkan vermirdi. İmkan vermirdi içəri dolub üzünü, saçlarını oxşasınlar, otağın havasını təzələyib, içinin qızdırmasını soyutsunlar. Odu ki, bütün ağrıları, içindən ahlarıyla bir çıxan iniltiləri budu burdaydılar. Çarpayısının ətrafında tüstü dumanı kimi, buxar kimi, havadan asılıb qalmışdılar. Bəzən elə bil onları görürdü də. Görürdü necə bir saat bundan əvvəl ağzının içində mızıldadığı «vay canı-ı-m»ın biri düz başının üstündən asılıb. Yuxarıdan aşağı şəffaf bayraq kimi, yellənə-yellənə bozarmaqdadı. Dünənki, srağagünkü, ta srağagünkü zarıltıları da budu burdaydılar. Havada asılmaqdan ağırlaşıb aşağı enmişdilər. Əlini, ya ayağını tərpətməyi bəs idi ki, zarıltıları çəkisiz toz zərrəcikləri kimi, hərəkətə gəlib havaya dağılsınlar. Onları çox vaxt subaşına gedəndə ayağının altında, hərdən lap başmaqlarının ucunda hiss eləyirdi. Bəzən elə də olurdu ki, onlardan hansı birisə ayağının altında qalıb əzilirdi.
Yoxsa, döşəmə cırıldayırdı?!..
Boynu da nə vaxt idi, zəifləmişdi. Başını güclə üstündə saxlayırdı.
Son bir neçə günü boynunun gücü tamam tükənmişdi, başını, indicə doğulmuş çağa başı kimi, sinəsinə sallayırdı. Qarnı isə boylu kimi, gün-gündən üfürlənib tarıma çəkilirdi, dərisini cırıb üstünə gümüşü şırımlar atırdı.
...Yorğanı üstündən atıb qarnına baxdı.
Qarnı, içi irili-xırdalı düyünlər bağlamış sarı balışa oxşayırdı. Sığalladıqca, içinin göynərtisini ovuclarına, ordan qollarına ötürürdü.
Fikirləşdi ki, bu nə düyünlərdi görən? Səbəbi, çarəsi bilinməyən bu azar nə vaxt əl çəkəcək yaxasından?.. Əl çəkəcəkmi, ümumiyyətlə?..
«Əl çəkməyib neyləyəcək?» - fikirləşdi və alnına soyuq tər gəldi.
Bunu həkimlər də deyirdi, qonşuları da. Böyük oğlu da deyirdi, qızı da.
- Soyuq dəyəndə də adamın boğazının əti şişir, amma sonra yavaş-yavaş çəkilib gedir.
Onun qarnındakılar da əvvəl-axır çəkilib gedəcək. Geriyə - baş alıb böyüdyüyü yerinə qayıdacaq. Birdəfəlik yoxa çıxacaq.
...Alnının tərini əlinin altındakı dəsmalla qurulayıb, ehmalca sol böyrü üstə çöndü. Döşəyin kənarlarından tutub, özünü bir təhər dikəltdi. Fasiləsiz uzanılı vəziyyətdə qalmaqdan keyimiş yançaqlarının sızıltısı kürəyinə yayıldı.
Axır vaxtlar oturmaq da çətin başa gələn bir işə çevrilmişdi. Kürəyini balışa söykəməyi ilə, bel sütunu sıyıq xəmir kimi, quruluşunu itirirdi. Qulaqları təyyarədəki kimi, uğuldayır, ürəyi bulanmağa başlayırdı. Uzanılı qalanda isə tavanın gözagrıdan çəhrayılığının altına düşürdü. Şit bayram şarının çəhrayılığını andıran bu eybəcər rəngə nə qədər baxmaq olardı?!.. Bu rəngin şitliyi barədə əri ilə mübahisələrini, ərinin «Qoy açıq çəhrayı olsun. Günümüz onsuz da qaradı.» deyə-deyə, nədənsə utanan kimi, üzünü kənara çevirməyini, onunsa eyvana çıxıb, orda səssiz-səssiz göz yaşı axıtdığını xatırladı.
Yatağa düşəndən bəri tək bir o yox, ona baş çəkməyə gələnlərin hamısı bu gözdağlayan çəhrayılığa baxmalı olurdular. Özü də qəribədi ki, söhbətin eyni məqamında - söz onun sağalıb ayağa qalxmağı məsələsinə çatanda, hamı başını yuxarı qaldırıb, bu gözdağlayan çəhrayılığa zillənirdi. Olsun ki, onun yeknəsəq ah-vayından, sarımtıl bənizindən, ölü gözlərindən qurtulmağın yeganə yolu bu bayramsayağı çəhrayılıq idi.
Demək, əri səhv eləməmişdi. Əlləri sabun iyi qoxuyan həkimi də, söhbət onun nə vaxt sağalacağından düşəndə, gözlərini həmin dəqiqə üzündən qaçırıb bu tavana zilləyirdi. Ufuldayıb, zarıyıb çaşdırdıgı tibb bacıları da gah iynələrini əllərindən sala-sala, gah spirti döşəküzünə dağıda-dağıda, pərtlikdən, ya çarəsizlikdən bu tavana zillənirdilər.
Qonşular deyirdi ki, qarnının içini dolduran şişləri tezliklə çəkilib gedəcək.
Amma nə vaxt?.. Burasını heç kim dəqiq deyə bilmirdi.
Bəzənsə, xüsusən qasırğalı, küləkli gecələr ürəyinin hansısa ən xırda, gizli toxumasıyla hiss eləyirdi ki, bətnini qəmbər daşlar kimi doldurub bərkidən bu dəyirmiliklər yaxasından əl çəkməyəcək. Hələ əksinə. Getdikcə artıb çoxalacaq, mədəsi ilə üzüyuxarı yayılıb xirtdəyinə dirənəcək, boğduqca boğacaq onu.
Amma ürəyinin o toxuması hədsiz xırdaydı deyə, onu tez-tez itirirdi...
Bəzənsə, onu bilə-bilə, qəsdən itirirdi. İtirirdi ki, ürəyini bulandırıb onsuz da qara gününü bir az da qaraltmasın. Bu balaca yataq otağını, döşəyi belinin dərisinə yapışmış bu çarpayını da ona çox görməsin.
Ya da bir də görürdün, o iynə ucu böyüklüyündə toxmanın özü necəsə, yerli-dibli yoxa çıxırdı. Elə itirdi, elə bil heç belə bir şey olmamışdı... Onda o toxmayla bir bütün ağrıları, qəramət fikirləri yoxa çıxırdı. Əhvalı dəyişir, yanaqları allanırdı. Balışının altındakı əl güzgüsündə sübh şəfəqlərinin qızıla çaldırdığı bəbəklərinin parıtısına tamaşa elədikcə, həyat yenidən yeni mənalar, xoş sonluqlu məzmun kəsb eləməyə başlayırdı. Amma elə ki, o balaca toxma zəhərli çöl çiçəyi kimi açılıb pardaxlanırdı və irilib-irilib onu qasmarlamaq istəyən qapqara ovuca, udmağa hazır qapqara ağıza çevrilirdi, otağın işığı azalmağa, dörd bir yandan üstünə ölüm qoxulu sirli hava axıntıları axmağa başlayırdı. Dörd bir tərəfi - kürəyinə pərçimlənmiş yorğan-döşəyi də, pəncərənin dar qəfəsliyindən içəri xırda-xırda sızan hava da qəbiristanlıqda qəbirlərin böyür başında bitən zəhər tamlı sarı çöl çiçəklərinin qoxusunu saçmağa başlayır, o, lehməli, palçıqlı, qaranlıq bataqlığa çökən tək, bu qoxu təlatümünün içinə çökməyə başlayırdı.
...O zəhərli qoxu indi də hardasa, lap yaxınlıqlardaydı. Bəzən bu qoxunun sapsarı, xırda ləçəklərinin, pəncərədən içəri dolan zəif mehdən xırda-xırda titrədiyini də hiss eləyirdi. Çiçəklər elə bil budu buralarda - otağın hansı künclərindən birindəsə cücərməkdəydilər. Bəzənsə, gecənin zülmət qaranlıqlarında, belinin, ya içi qəmbər daşlar dolu çanağının ağrısı şahə qalxanda b çiçəklər balaca, dəyirmi üzlərini ona sarı çevirib qoxularını uzunə üfürürdülər, sopsoyuq şeh kimi dərisinə, saçlarına hopdururdular...
Yoxsa, bədəninə tər gəlirdi?!.. Ölüm qorxusunun təri?..
Gözləri qarala-qarala fikirləşirdi ki, yəni doğrudan bu ağrılar, içi dəyirmi daşlar bağlamış bu qarnı hər şeyin sonu demək idi?.. Bəs niyə belə qəfildən, birdən-birə?.. Gözləmədiyi, «ölüm» deyilən təbii sonluğu uzaq dumanlıqlarda təsəvvür elədiyi arxayın rahatlığın içində?..
Boğazını qəhər sıxdı. Yenə ağlamağı gəlirdi... Taqəti isə yox idi.
Gözlərini yumub yaddaşını söndürdü.
Bunu böyük oğlu öyrətmişdi ona. Ən çətin, çıxılmaz məqamlarlda hər şeyi unudub, gözlərini yumub, göz qapaqlarının içinə çıxan görüntüləri izləmək.
Belədə yuxuya da tez gediridi. Hərdən isə elə bil, ümumiyyətlə, yoxa çıxırdı.
...Göz qapaqlarının qaranlığına zilləndi və qaranlığın dərinliyində əynindəki qısa ətəkli, ağ yay paltarı ilə işaran balaca qızı gördü. Qız idi, yoxsa, quş idi?.. Dimdik daynaıb, uzaqdan-uzağa ona baxırdı.
Gözləri qaranlığa alışdıqca, bunun on-on iki yaşlarında balaca, çəlimsiz bir qız olduğunu gördü. Qız haranınsa pillələrini qalxırdı... Nazik, incə dizləri bir-birinə dəyə-dəyə, onu sanki üstündə zorla saxlayırdı. Pillələri yağışın nəmindən qaralıb tiftiklənmiş taxta pilləkən onu yaşıl rəngli aynabəndə aparırdı...
Tanıdı. Evləridi. İçəri otağın yarıqaranlığında üzü divara oturub namaz qılan başı kəlağayılı nənəsi gəlişindən xəbər tutsa da, duasını yarımçıq kəsmədi. Qaz pilətəsinin üstündə pıqqapıqla xörək qaynayırdı. Xörəyin ləzzətli qoxusu aynabəndə yayılırdı. Nənəsinin pıçıltıları, qazanın pıqqıltısı, pəncərə şüşələrini döyən yağışın çıqqıltıları bir-birinə qarışdıqca, boğazını qəhər tutdu, gözləri yaşla dolub daşdı. Nə nənəsi, nə anası onun bu halını bilmirdilər. Bilsəydilər, neyləyərdilər?..
...Pəncərələrin şüşələri külək vurduqca titrəyir, ağ paltarlı qız aynabənd boyu barmaqlarının ucunda yeridikcə, döşəmənin taxtaları cırıldayırdı...
...Nənəsi duanı bitirib geriyə qanrılırdı, kəlağayısının altından ona nə deyirdisə, ürəyi qırılırdı... Qaçıb nənəsinin boynuna sarıldı.
Nənəsinin kəlağayısından monpasye iyi gəlirdi...
Anası da, atası da budu, burdaydı... onunla birlikdə kimisə yola salırdılar... O, ağlayırdı. Amma nəyə ağladığını özü də bilmirdi... Köhnə patefonunu işə salıb, əllərini belinə vurub, həyətin ortasında dəli kimi rəqs eləyən Manya xalaya baxdıqca, gözünün yaşı sel kimi axırdı... Qonum-qonşu da budu burdaydı... pilləkənin başına yığılıb, əl çala-çala Manyanın rəqsinə tamaşa eləyirdilər... Manyanın içi əşyalarla dolu, ikiotaqlı evindən həyətə vuran siyənək balığının iyindən ürəyi qalxdı...
Qoxunun arasından, suyun altından çıxan kimi, çıxıb gözünü açdı, nəfəsi təngiyə-təngiyə, bədəninə soyuq tər gələ ətrafına baxdı.
...Üzbəüzdəki kresloda oturduğu yerdə yuxuya getmiş oğlu yenə kiminsə sözünü təsdiqləyə-təsdiqləyə, gözüyumulu «hm, oldu, oldu...» - deyirdi.
Olsun ki, yenə arvadını görürdü yuxuda. Arvadı yuxuda da sərəncamlarını verirdi. «Bunu belə eləyərsən, onu elə eləyərsən...» Yoxsa, bu dəfə tapşırığı verən ayrı birisi idi?.. Yoxsa, uşaq niyə bu günə düşmüşdü? Qaşları vahimədən yuxarı dartılmışdı, yumulu gözləri dərin, qaramtıl çuxurlara düşmüşdü?..
Başını yastıqdan qaldırıb oğlunun üzünə diqqətlə baxdı.
Yox, oğluna tapşırıq vermirdilər. Kim idisə, boğazı göynəyə-göynəyə oğlunun qulağına «Ehmalca ayağa qalx...» - deyirdi. - «Barmaqlarının ucunda dəhlizə çıx, qapını ardınca möhkəm-möhkəm bağla...» - deyirdi. - «Gücün gəldikcə qaç, canını bu xəstə arvaddan qurtar!..»
Oğlu başını təsdiq işarəsi ilə tərpədib:
- Olar-olar. - dedi.
İki həftə bundan əvvəl, yoxsa, üç həftə əvvəl gözü çanağını dörd bölən göynərtidən qaralanda və o, oğlunun qollarından bərk-bərk yapışıb, ağrıdan nəfəsi kəsilə-kəsilə:
- Bu da atanı aparan həmin o zəhirmardandısa, məni atanın çəkdiklərini çəkməyə qoyma... - deyib zarıyanda, oğlu hürkmüş halda geriyə çəkilmişdi. Sonra gün ərzində nə haqdasa dərindən-dərin fikirləşə-fikirləşə, məsum körpə sifətiylə üzünə zillənib qalmışdı.
Fikirləşdi ki, kaş yuxuda öləydi. Yuxuda ölmək ən xoşbəxt ölümdü. Bütün ağrıların və qorxularınla bir yuxunun çəkisizliyində əriyib yoxa çıxmaq nəyə desən dəyər.
...Oğlu yuxuda dişlərini qıcadı və o, yenə həmin o axşamı - gözləri yaşla dola-dola, oğluna yalvarıb, ölmək istədiyini dediyi həmin küləkli, çovğunlu axşamı xatırladı... Və bundan, bədənindən xoşagəlməz bir gizilti keçib getdi.
Olsun ki, oğlu onun bu xahişi barədə soyuq, qaranlıq gecələrlə - o yuxuda olarkən, bənizinin rəngi yastığın sarımtıl ağından seçilmədiyi məqamlar dərindən-dərin düşünmüşdü, bu barədə arvadıyla da məsləhətləşmişdi, bacı-qardaşına da gənişmişdi. Bəlkə də artıq bununla bağlı ümumilikdə qərar da qəbul edilmişdi?.. Onunsa xəbəri yox idi.
İçi titrədi...
Oğlunun yorğun üzü gözünün qabağına gəldi.
Hə, oğlu onun təklifini bəyənmişdi. Neçə ayların yuxusuz gecələrindən, heç cür səngiyib azalmaq bilməyən zarıltılardan qurtulmağın yeganə yolu bu idi.
...O günkü ağrıları oğlu da hiss eləmişdi. Elə bil o ağrılarla özü də ağrımışdı. Ağrıyıb, ağrıyıb, vəziyyətinin acınacaqlığını nəhayət ki, anlamışdı və həmin o gündən «ona kömək eləmək» qərarına gəlmişdi.
Bir istədi zarıyıb oğlunu oyatsın, o gün elədiyi kimi əllərindən tutub:
- Sən bu səfeh ananın sözlərinə qulaq asma, bala. Qıyma anana. - deyib ağlasın.
O söhbətdən sonra oğlu hər dəfə dərmanı şpritsə yığanda, qorxudan damarlarında qanının donduğunu, bədəninin soyuduğunu hiss edir, şpritsə yığılan dərmanın həcmi, oğlunun xof dolu gərginlikdən əyilən üzü, əllərinin qatil əlləri tək əsməsi, hər şey, hər şey qət olunmuş qərardan xəbər verirdisə də, o necəsə, ölmürdü.
Qorxudan, ya ölüm səfərbərliyindən, elə bil axır vaxtlar ağrıları da azalmışdı. Ağrıyan toxmalar artıq ölmüşdü, nədi?..
Elə bil indi özü də dəqiq başa düşə bilmir, sağdı, ya yox, yaşamaq istəyir, ya yox.
Dəqiq bilinən bir bu idi ki, bədəni yaşamaq istəmir. Hissə-htssə, məsamə-məsamə, toxma toxma sızıldayıb, göynəyib, sönür. O isə bu bir yığın xəstə əzalardan qurtulmaq istəyir.
Fikirləşdi ki, əslinə qalanda, yorğan-döşəyə pərçimlənib səhər-axşam tavanın ürəkbulandıran çəhralığına zillənmək elə ölüm kimi, bir şeydi. Fərq bircə burasındadı ki, belədə ölümün rəngi cəhrayıya çalır. Əslində isə onun rəngi qaradı.
Gözlərini yumub fikirləşdi ki, olsun ki, ölüm təxminən budu.
Gözlərini yuman kimi göz qapaqlarının dərinliyində oturmuş ağ paltarlı, balaca qız yenə məlul-məlul üzünə zilləndi...
...Gözlərini açdı.
Səs hardansa, yuxarıdan gəlirdi. Yuxarıda yenə nəyisə sökürdülər.
İlahi, bu balaca evi nə qədər söküb-tikmək olardı?!.. Yuxarıdakı mənzilin təmiri olsun ki, heç vaxt bitməyəcək. Beyninə işləyən bu zəhlətökən taqqıltılar gün-gündən elə bil daha aydın eşidilirdi. Elə bil yuxarıları sökə-sökə aşağı enirdilər. Enib buraları da sökəcəkdilər, yataq otağının divarlarını çəkicləyib, bütün ufultularə və sızıltıları yerlə yeksan eləyəcəkdilər.
Sonra bunu təsəvvürünə də gətirdi və ürəyi açıldı.
Yuxarının taqqıltısına oğlu da ayılmışdı, narazı üzünü ovuşdura-ovuşdura gərnəşirdi.
Oğlunun güzgüyə düşən əksi isə deyirdi ki, bütün bu təsəvvürləri boş xəyaldan savayı ayrı bir şey deyil. Bu divarları heç vaxt heç kim sökməyəcək.
Yuxarı mərtəbədə yeni həyata hazırlıq gedirdi. Oralarda həyat gözəl, yaşamalı günlər irəlidə idi. Xəstəlik isə axtarıb-axtarıb onu tapmışdı. Xirtdəyinə keçib, zülmət qaranlıq gecələrlə, küçə itləri bir-birinə qoşulub, ətürpədən ulaşmalarını sakit küçələrə yaydıqca, evin hansı küncündənsə asta-asta qulağına: «Günlərini say...» - pıçıldayırdı.
Ürəyi sıxıldı. Axı niyə o?.. Axı irəlidə gələn iyirmi, bəlkə otuz ilin ayları, günləri bütün dəqiqliyi ilə planlaşdırılmışdı?!.. Bax, gələn il ortancıl oğlu aspiranturanı bitirib, Dövlət Universitetinə müəllim keçəcəkdi. Bu onun, neçə illərdən bəri narahatlıq və inamla gözlədiyi əsas hadisələrdən idi. İnstituta keçəndən sonra oğlu normal maaş alacaqdı. Onda arvadının üzünün narazı ifadəsi nəhayət ki, dəyişəcəkdi. Neçə illərdən bəri sıtqayıb zarıdığı mirvari boyunbağını axır ki, alıb yaxasına taxacaqdı.
Başını balışdan ayırıb oğluna baxdı.
Oğlu gözlərini döşəməyə zilləyib oturmuşdu. Yoxsa, yenə yuxuya getmişdi?.. Uşaqlıq vaxtlarındakı kimi, gözüaçıq yatmışdı?..
Oğlu yuxarıların səsi altında aramla yuxuya gedirdi... Bir azdan orda yenə arvadıyla rastlaşacaqdı. Yenə özünü yığışdırıb, müsəlləh əsgər kimi, arvadının qarşısında dayanacaqdı, onun sərəncam və tapşırıqlarını qorxu dolu üzü ilə təsdiqləməyə başlayacaqdı.
Fikirləşdi ki, belə baxanda, uşaqlarının heç birinin ailə sarıdan bəxti gətirməyib.
Bu balacanınsa dərdi heç deyiləsi deyil. Evlənəndən bura gün-gündən arıqlamağı, saralııb soluxmağı, ovurdunun-ovurduna keçib, gözlərinin dərin çuxurlara düşməyi bir şeyi deyirdi: günü qaradı. Arvadı isə əksinə, gün-gündən kökəlib enlənirdi, yanaqlarının qırmızılığı getdikcə, tündləşib sumağıya çalmağa başlayırdı. Axır vaxtlar isə onun çiyinləri enlənmişdi. Əlləri də yekəlmişdi. Bircə şapalağı bəs eləyərdi ki, oğlunu havaya qaldırıb, divara yapışdırsın. Yemək də gördü, gözlərindən qığılcım çıxırdı. Bəbəkləri işım-işım işıldayırdı.
Fikirləşdi ki, bu gedişlə gəlni oğlunun axırına çıxacaq. Oğlu qan azlığından, ya da onsuz da xəstə ürəyinin nevrozundan öləcək. Oğlunun özü kimi çəlimsiz, zəif uşaqları da xəstələnəcəklər, yatağa düşüb zar-zar zarıyacaqlar. Gəlin isə xəstələnməyəcək. Əksinə, bir az da kökəlib, ətə-qana gələcək, palıd kimi möhkəmlənib qol-budaq atacaq, xəstə uşaqlarına qaşıq-qaşıq şorba içirəcək, sonra süfrə başına keçib qan-tər içində boğula-boğula, fısafısla hey yeyəcək, yeyəcək...
Hə, uşağın dərdi deyiləsi deyil.
- Anan ölsün. - içində dedisə də, oğlu eşitdi, dikəlib:
- Nə isə dedin, ana?.. - dedi.
Dilini ağzının içində zorla hərlədə - hərlədə:
- Ölmək istəyirəm. - dedi və üzünü divara çevirdi.
Oğlu nə dediyini eşitmədi, başını əvvəlki yerinə - kreslonun kürəkliyinə buraxıb gözlərini yumdu.
Yaxşı ki, eşitmədi. - ürəyi çırpına-çırpına fikirləşdi. Yoxsa, elə bu gecəylə arvadının ovcuna yazacaqdı. «Anam ölmək istəyir.» - deyib mal kimi, gözlərini döyəcəkdi. Arvadı da gözləri sevincdən alışıb yana-yana:
- Nolar, lap əcəb. - deyəcəkdi.
Ağzını açıb, əsnəyini havayla doldurdu ki, əsnəsin. Əsnəyə bilmədi.
Fikirləşdi ki, uşağı bədbəxtdi. Əgər ona bir şey olsa, oğlu əl-ayaq altda qalacaq. Salamat vaxtlarında yenə heç olmasa, arada bir gəlib bişirdiyi düşbərədən, qutabdan yeyirdi, gözlərinə işıq gəlirdi, yanaqlarına çəhrayılıq. Bəs indi nolacaq?..
O öləndən sonra arvadı oğlunun özünü qutaba döndərəcək. Əvvəl ətini, sonra dərisini dişinə çəkib yeyəcək.
...Aşağı mərtəbələrdən qızardılmış yağ iyi gəlirdi...
Yenə Suğra qutab bişirirdi yəqin. Narlı əti üzüklər dolu yumru əlləriylə xəmir yaymasının içinə yayırdı, kənarlarını basdırıb, tavada pıqqapıqla qaynayan yağa salırdı, o üz-bu üzünü qızardıb səliqə ilə sininin içinə yığırdı. Arada bir əl atıb, bişmiş qutablardan birinin arasını açırdı, kündələri yaya-yaya, böyür-başından qopardıb ağzına atırdı. Yanında olsaydı, birini də ona uzadıb:
- Məcundu, at ağzına. - deyəcəkdi.
Onun ağzınınsa tamı yox idi. İndi nə vaxtsa daddığı hansısa tamı istəsə belə, yadına sala bilməzdi. Fikirləşdi ki, bu nədi fikirləşir?.. İndi o xəstədi deyə, camaat evində qutab bişirməsini?.. Bişirəcəkdilər də, yeyəcəklər də, deyib-gülüb, rəqs də eləyəcəklər. Hələ onu aparıb basdırandan sonra açıq havada qalmaqdan acıb, bir az da iştaha gələcəkdilər, yağlı dodaqlarını silib:
- Allah rəhmət eləsin. Yaxşı insan idi. - deyəcəkdilər.
Bəlkə bunu elə indidən deyirlər. İsti qutabların qatını açıb, qaynar buğunu bir-birinin üzünə üfürə-üfürə, sumaqlayıb yeyə-yeyə onun barədə, dünyadan köçüb getmiş mərhum haqqında danışan kimi, danışırlar, yiyəsiz qalan mənzili barədə tədbirlər tökürlər.
İnsan belə məxluqdu. Dərd öz başına gəlməyincə, ha danış, ha öldür özünü, başa sal, anlamayacaq. Məgər az olub ki, tanış-bilişin, qohum-əqrəbanın yasında oturub, ölənin halına ağlaya-ağlaya, «fani» dünyanın puçluğundan danışıb, üstündən heç beşcə dəqiqə keçməmiş, axşama ərinə və uşaqlara nə bişirəcəyi barədə fikirləşib?!..
Axşam qızı mütləq nə isə bişirib gətrəcək. Onunsa qəti yemək halı yoxdu. Qızın ürəyinə dəyməsin deyə, canını dişinə tutub, bir-iki qaşıq ağzına qoyacaqdı, bir təhər çeynəyib, yalandan da olsa: «əcəb dadlıdı» deyəcəkdi. Sonra kürəyi üstə düşüb, yediyi tikələrin mədə-bağırsağının darısqallığıyla addım-addım yeriməyinə, orda nəyəsə dirənib şişə-şişə böyüməyinə diqqət kəsiləcəkdi.
...Qızına ürəyi ağrıdı. Yaşı otuz ikini adlasa da, zəiflikdən və arıqlıqdan, il uzunu xəstələnib qızdırmaqdan yeniyetmə uşağa oxşayırdı. Fikirləşdi ki, qızının da ətini kürəkəni yeyirdi. Qaba danışığıyla, kobud rəftarıyla, dünyadan arxayın rahatlığı və əjdəha anasıyla.
Bu yaxınlarda qızıgilə üçotaqlı mənzil verəcəkdilər. Onda olsun ki, qızının canı nəhayət ki, əjdəha-qayınanadan qurtaracaqdı.
...Ürəyinin dövrəsiylə xırda, iti caynaqlarını tez-tez işlədə-işlədə bapbalaca siçana bənzər nə isə gəzirdi elə bil... Gəzib-gəzib, arada bir dayanırdı, nəfəsini dərib yenidən işə düşürdü, ürəyinin yan-yörəsini cırmaqlaya-cırmaqlaya, xırda-xırda yeriməyinə davam edirdi.
Siçan barədə həkiminə də demişdi. Demişdi ürəyinin ətrafında siçan gəzir.
Həkim nəbzini yoxlayıb, arxayın bir üzlə:
- O, sizə elə gəlir. - demişdi. - Yataq rejiminin fəsadlarıdır. Ürəyinizə yük düşür.
Fikirləşdiklərindən oldu, ya nə baş verdisə, ürəyi dayandı... Yoxsa, ətrafına hərlənən siçan donub dayandı? Ya hava qaraldı?..
Otağın havası da yoxa çıxdı. Sinəsinə qaynar istilik axdı...
Ürəyi idi, damarlarını cırıb, qanını axıdırdı... Ürəyi dözmədi...
...Var gücünü toplayıb özünü dikəltdi, balışın altındakı əl güzgüsünü çıxardıb ürəyinin başına sıxdı. Güzgünün soyuqluğu ürəyinə axdıqca, «siçan» hərəkətə gəldi, balaca ayaqlarını işə salıb, xırda-xırda yeriməyə başladı.
Siçanı, olsun ki, soyuq hərəkətə gətirdi.
Güzgünü, o üz-bu üzünə çevirib sinəsinə sıxdı, sonra üzünə baxdı.
Üzü şişib köpüşmüşdü. Gözləri düymə kimi girdələnmiş, ağı saralmışdı.
Ən dəhşətlisi isə burnu idi. Ucu qarmaq kimi əyilib, dodaqlarının üstünə enmişdi. Yanaqları xoşagəlməz bir bozluqla bozarmış, üzündə anlaşılmaz dəyişiklər getmişdi.
Dünəndən bura dəyişənin nə olduğunu müəyyənləşdirməkdən ötrü üzünü bir xeyli gözdən keçirdi. Üzündə hansı dəyişikliklər getmişdisə, daha əvvəlki adama oxşamırdı. Nə yanaqlarının, nə gözlərinin təravəti bu dəyişkənliyin içindən geriyə qayıtmayacaqdı.
Boğazını qəhər tutdu.
Son günlər üzü saatbasaat dəyişirdi. Göz dairələri dəqiqəbədəqiqə kiçilir, burnunun ucu qəribə bir sivriliklə nazilirdi. İndi isə ümumiyyətlə, güzgüdən ona tamam ayrı bir adam baxrdı. Daha doğrusu, adam yox, ölümcül yaralanıb, xarabalığa düşmüş qanıqara bayquş.
Yatağa düşəndən bəri içində yuva qurmuş bu bayquş gündən-günə böyüyüb güclənirdi. Sallaq buxağını tərpədə-tərpədə, düymə gözlərini bərəldə-bərəldə, qarşıda gələn qara hadisələrin xəbərləri içində qaynaya-qaynaya, təmkin dolu səbrlə buppuldayırdı.
Budu, yenə güzgüdən qara xəbər şahı kimi üzünə zillənmişdi. Buxağını tərpədə-tərpədə, düymə gözləri ilə yeni-yeni qara xəbərlər gətirmişdi...
Üzü səbr və hüzn saçan bu xarabalıq quşundan qurtulmaq üçün güzgünü tələsik balışının altına basdı, nəfəsini dərib başını yastığa buraxdı.
Fikirləşdi ki, bəlkə bu zəhrimar xəstəliyi onun canına kiçik gəlni - öz yenilməz iştahıyla, az qala daş-divarı yeyə-yeyə, oğlunun qanını içib, ona göz dağı verə-verə salmışdı?.. Yoxsa, onu bu günə salan şüşəgöz kürəkəninin heç cür yumşalıb səngimək bilməyən qabalığı idi?..
Kürəkənin su şüşəsinin maviliyini andıran tutqun gözləri gözünün qabağına gəldi. Nəyinsə düyməsinə, ya xırda maşın farasına oxşayan bu gözlər şüşə kimi soyuq və ifadəsiz idi. Bu dünyada heç bir şey bu şüşə gözləri cana gətirə bilməzdi. Üç-dörd ay bundan əvvəl həmin bu şüşəgöz kürəkən iki gecə dalbadal evə gəlməyəndə və qızı ağlayıb gözünün yaşını qarnındakı yeddi aylıq körpəsinin üstünə tökəndə, bu azarın bünövrəsi vardımı görən?..
Xatırladı. O axşam, qızı gözünün yaşını yeddi aylıq körpəsinin üstünə tökəndə, çanağının ağrısından qovrula-qovrula üzü divara oturan o deyildi?!..
Yox, onu bu yataq zindanına salan şüşəgöz kürəkən deyildi. Neçə illərdən bəri bütün ailəni ifritə kraliça tək, özünə ram eləmiş böyük gəlni idi. Əlbəttə, o idi.
Böyük gəlninin hind quşunun siluetini andıran vücudu gözünün qabağına gəldi.
Gəlin başını həmişəki hikkəylə əsdirib, qaz kimi quqquldadı...
...Ərini də yorğan-döşəyə salıb öldürən o idi. İndi də onun axırına çıxdı.
Gəlin gələn gündən pul yanğısıyla püskürüb yeri-göyü külə döndərə-döndərə. Atasının pullarını hamının başına qaxınc eləyə - eləyə. O, yatağa düşən günün səhəri özünü üstünə yetirib, gizli məmnunluqla:
- Hə, belə-belə işlər. - deyə-deyə.
Böyük gəlin barədə fikirlərin bu yerinə gəlib çatanda, həmişə yorulurdu. Yüyrək qaçırmış kimi, nəfəsi təngiyirdi.
Fikirləşdi ki, olsun ki, fikirləşməyin özü də qaçmaq kimi şeydi. Sadəcə, burda ayaqlarınla yox, fikirlərinlə qaçırsan. Bir də böyük gəlin barədə düşünəndə, yadına nədənsə, həmişə sovet multiplikatorlarının çəkdiyi məşhur «Qızıl antilop» filimi düşürdü.
Fikirləşdi ki, kaş onun da belə bir antilopu olaydı. Ya da heç olmasa, belə bir antilopun ayaqlarının qüdrəti əllərində olaydı. Əlini əlinə vurub, həmin o tamahkar sultan kimi:
- Yenə!.. Yenə!.. - deyə-deyə, qızıl fəvvarəsi yaradaydı. Gəlnini o qızılların içində basdıraydı. Bəlkə onda oğlunun yaxasından əl çəkə. Səhər-axşam «pul!..» deyib, dad eləməkdən vaz keçə.
Fikirləşdi ki, qəribədi, böyük oğlu həmişə yadına, yarımçıq qoyduğu və heç cür bitirib başa çatdıra bilmədiyi çətin bir iş kimi düşürdü. Onunla bağlı nəyisə eləməyi unutmuşdu, ya əldən vermişdi, burasını heç cür dəqiqləşdirə bilmirdi.
Evlənəndən bəri oğlunun saçları da, bədəninin tükü də tökülmüşdü. İndi oğlunun dazlaşmış başına, tüksüz sinəsinə baxdıqca, gözünün qabağına niyəsə, böyük gəlninin güləndə qulaqlarının dibinəcən yayılan yekə ağzı gəlirdi.
Böyük oğlu olsun ki, bu ilin axırına dissertasiyasını axır ki, başa çatdıracaqdı. Onda gəlini daha gözləri hikkədən qıyıla-qıyıla:
- Bizə də bu tale yazılıb!.. - deməyəcəkdi.
...Kiçik oğlu nə vaxtdan bərisə ayılmışdı, yuxulu üzüylə ona zillənmişdi.
Kiçik oğlu hər belə üzünə zillənəndə anlayırdı ki, vəziyyətinin ağırlıq dərəcəsini müəyyən eləmək istəyir. Sonra oğlu yorğun-yorğun ayağa qalxırdı, başmaqlarını ardınca sürüyə-sürüyə mətbəxə, çay içməyə gedirdi.
Oğlu indi də belə elədi. Bir müddət üzünə zillənib qalandan sonra ayağa qalxdı, dəhlizə çıxıb qapını ardınca ehmalca bağladı. Bir qədərdən sonra dəhlizin yuxarı başından su səsi eşidildi.
Oğlu hamama girmişdi. Orda suyu güzgüyə sıçrada-sıçrada əl-üzünü yuyurdu.
...Nəfəsini içinə qısıb dəhlizə diqqət kəsildi.
Oğlu bu dəfə niyəsə həmişəkindən çox yuyundu. Arada bir elə bil çimdi də. Sonra hamamdan çıxıb mətbəxə keçdi və çox keçmədi ki, soyuducunun qapısı açılıb-bağlandı. Masa arxasına çəkilən kətilin, daha sonra bir-birinə asta-asta toxunan çəngəl-bıçağın səsi eşidildi.
Oğlu səhər naharını yeyirdi. Üstünə yağ yaxdığı çörək dilimini heç nə haqda fikirləşmədən, dişləyib asta-asta çeynəyirdi.
Deməli səhər idi.
Oğlu yeməyini bitirib geriyə qayıdacaqdı, başını qapının arasından içəri salıb:
- Mən gedim. Səlimə bir azdan gələcək. - deyəcəkdi və ona yaxınlaşmadan, qapının ağzındanca xudahafizləşib gedəcəkdi. Canı azadlıq havasından sevinə-sevinə küçəyə qaçacaqdı, ciyər dolusu nəfəs dərib, evinə yollanacaqdı.
...Mətbəxdən qızardılmış yağ iyi gəlirdi. Olsun ki, oğlu qayğanaq bişirirdi.
Ürəyi bulandı. Sağ böyründə, qara ciyərinin nahiyəsində zəncirvari ardıcıllıqla nə isə hörülüb düyünləndi. Otaq ağappaq, qatı dumana bürünüb, ətrafı görünməz elədi. Bədəninin ağrıları da sovuşub çəkildi. Bir qədərdən sonra isə ümumiyyətlə, elə bil bədənini itirdi. Özünü ehmalca tərpədib dikəlmək istəyəndə, elə bil döşəkdən də aralandı...
Çəkisini tamamilə itirmişdi.
Ürəyi həyəcandan çırpına-çırpına ayaqlarını çarpayıdan aşağı buraxdı.
Ayaqları döşəməyə dəymədi. Döşəmə yerli-dibli yoxa çıxmışdı. İndi aşağılar bulud topalarını andıran ağ dumanla dolu idi. Çarpayısı dumanın səthində, suyun üzündə yırğalanan tək, asılıb qalmışdı.
Ayaqlarını dumanın içinə salıb ayağa qalxdı...
Dumanın buz kimi, soyuq topaları arasında dayaqlanmağa yer yox idi. Bir qədər sonra isə anladı ki, dayaqlanmağa elə bir ehtiyac da yoxdu...
...Dörd bir yanı sopsoyuq, ağappaq duman idi...
Var gücünü toplayıb səsi gəldikcə qışqırdı...
Sinəsindən qışqırtı əvəzinə qaynar nə isə axdı... və yalnız bundan sonra dumanlığın içindən, sıx meşədən baxan kimi ordan - burdan üzünə zillənən adamları seçdi.
Bir qadın, iki kişi idi. Qadını o dəqiqə tanıdı. Dünyasını yeddi il bundan əvvəl dəyişmiş böyük bacısı idi. Ona baxa-baxa, səssiz-səssiz ağlayırdı.
Bacısının arxasında dayanan kim idisə, asta-asta:
- Can bacım... - deyirdi, - Dərdin mənə gəlsin. Döz bir az. Daha lap az qalıb.
Bacısının yanında dayanan kişini də tanıdı.
Dünyasını yeddi il bundan əvvəl dəyişmiş alim əri idi. Bacısından bir addım arxada dayanan isə müharibədən qayıtmayan on doqquz yaşlı skripkaçı qardaşı idi.
İndi o neyləməliydi?.. Var gücünü toplayıb onlarla yaxın getməliydi? Yoxsa, elə dayandığı yerdə qalmalıydı?..
- İndi mən neyləməliyə?.. - deyib ağladı...
Bacısı lap yaxınındaydı... üstünə əyilib, qolunu incidən iynəni çıxartdı, həmişəki kimi həlim-həlim:
- Heç nə. - dedi. - Bir az dözmək lazımdı. - və əlindəki pambıqla iynənin yerini ehmalca sildi.
Başının üstündə dayananın tibb bacısı olduğunu spirtin iyindən anladı. Sahə onkoloqu çarpayısının ayaq tərəfində dayanmışdı. Qollarını qoltuğuna vurub, onunla yanaşı dayanan oğluyla bir üzünə zillənmişdi. Ayıldığını görüb, qan çəkmiş domba gözlərini bərəltdi, üstünə əyilib, barmaqlarını sağ qabırğasının altına basa-basa, deyəsən qara ciyərinin vəziyyətini yoxladı:
- Özümüzü necə hiss edirik?.. - deyib dikəldi, əllərini belinə vurub, üzünü daha qorxunc göstərən eybəcər bir təbəssümlə gülümsədi.
Həkimin üzü elə bil rezindən idi. Elə bil bu rezin vücud «ağrı» deyilənin nə olduğunu bilmirdi. Səhər-axşam ev-ev gəzib, xəstə yataqlarından ona son ümid kimi, baxanlara həmin bu heç nə ifadə eləməyən rezin üzü ilə baxmaqdan qəribə, gizli bir zövq alırdı. Bu «rezin-həkim» olsun ki, heç vaxt xəstələnməyəcəkdi. Xəstələnsə də, yatağa düşməyəcəkdi. Öləndə robot kimi, harasınınsa düyməsini basıb, televizoru söndürən tək, özünü söndürəcəkdi.
Nəfəsini toplayıb güclə:
- Mənə düzünü deyin. Dərdimin çarəsi var?..
Həkim oğurluq üstündə yaxalanmış tək, gözlərini qaçıra-qaçıra:
- Əlbəttə var. - deyib, kənara çəkildi və əllərini tibb bacısının ona uzatdığı spirtli tənziflə yaxşı-yaxşı sildi.
- Bəs onda niyə əmələ gəlmirəm?..
İndi həkim: «Amerika da birdən qurulmayıb.» deyəcək.
Həkim spirtli tənzifi dolabçanın üstündəki cığara torbaya atıb əllərini yenidən belinə vurdu, nəfəsini dərib:
- Amerika da birdən qurulmayıb. - dedi. - Səbr edin. - sonra acıqlı üzüylə qol saatına baxdı.
- Amerika hara, mən hara?.. - dedisə də, səsi çıxmadı.
Həkim dəhlizə çıxdı. Oğlu da həkimin ardınca çıxdı. Sonra dəhlizin yuxarı başından su səsi eşidildi.
Həkim əllərini yuyurdu.
İndi həkim orda əllərini sabunlaya-sabunlaya oğluna: «Daha lap az qalıb. Bir qədər də dözmək lazımdı.» - deyir. «Bilirəm, belə xəstələrə baxmaq, xəstəliyin özündən ağırdı. Amma neyləmək olar?..»
Rezin-həkim bu sözləri eyniylə beləcə yeddi-səkkiz il bundan əvvəl həmin bu çarpayının o biri gözündə yatan əri üçün də demişdi. İndiki kimi yadına gəlir, yataq otağından həmin qəzəbli üzlə dəhlizə çıxıb, hamamda cəld-cəld əllərini sabunlaya-sabunlaya ərindən, ona aidiyyatı olmayan yad bir kəsdən danışan tək, danışmışdı. Danışıb-danışıb, eynilə beləcə:
- Neyləmək olar?.. - demişdi, sonra başını qaldırıb, əl-üzyuyanın güzgüsündə rezin üzünə baxmışdı.
İndi həmin o sözləri oğluna deyirdi.
Həkim olsun ki, bu sözləri əzbərləmişdi. Sahəsi üzrə baş çəkdiyi bütün evlərdə bütün xəstələrə və onların yaxınlarına bunu deyirdi. Olsun ki, bunu vəzifə borcu tələb edirdi. Odu ki, hər sözünün axırında Amerikanı salırdı ortaya. Ərinə də Amerikadan danışırdı.
Sonra fikirləşdi ki, yazıq həkimin nə günahı vardı axı?.. Bir ucdan yazıb aldırdığı ən bahalı dərmanların belə əlac eləyə bilmədiyi xəstələr üçün daha neyləməliydi?!..
Yadına, ərinin ağır dövrlərində həkimi qapıyacan ötürüb eyvana çıxmağı, orda kimsəsiz küçələrin qaranlığına baxa-baxa, sakitcə ağlamağı düşdü.
- Səbrin olsun, bacım, düzələcəksən Allahın köməkliyi ilə...
Bu da, hər çağırışda həkimin böyrünə düşüb gələn alagöz tibb bacısının - üzü iztirab və yorğunluq saçan orta yaşlı, əzabkeş qadının hər xudahafizləşəndə dediyi idi. Bütün köməkçi əməliyyatların heç bir nəticəsi olmayacağını ona hər hərəkəti ilə bildirən bir adam vardısa, o da bu ağ saçlı, əzabkeş tibb bacısı idi. Ərinə iynə vuran vaxtlardan bura elə bil dirçəlmişdi. Qəddi dikəlmiş, rəngi-ruhu açılmışdı.
Ərinin canüstü məqamlar üzünə zillənməyi, gözlərinin dərinliyində işaran ölüm vahiməsi gözünün qabağına gəldi. Əri dinib-danışmadan, içi ağrı və təəssüf dolu gözləriylə üzünə baxa-baxa, sanki «heyf» deyirdi.
Doğurdan heyf... Uzaq tələbəlik illəri, əriylə ilk görüşü, nişanlı dövrləri bircə anın içində gözünün qabağından ötüb keçdi.
Bəlkə həqiqətən də hər şey bircə anın içində baş verib?.. Yuxu kimi... ani, ötəri görüntü kimi?.. Əgər o dövrlər - institutu yenicə bitirmiş cavan əri ilə min bir arzular və xəyallarla qurduqları «çəhrayı ailə»nin sonradan qapqara, çıxılmaz tələyə çevriləcəyini bilsəydilər, bəlkə də evlənməzdilər. Bir-birlərinə duyduqları zərifdən zərif, qanadlı hisslərin uşaqlar böyüdükcə, qartıyıb, kobudlaşıb, inzibati-təsərrüfat münasibətlərinə keçəcəyini bəri başdan anlasaydılar... Əri olsun ki, səhv yaşadığını yalnız yatağa düşəndən sonra anlamışdı... Hə, həqiqət də bu idi.
İçindən ani göyümtül bir ağrı ötüb keçdi.
Əl güzgüsünü balşın altından çıxarıb üzünə baxdı.
Ağrının göyümtül rəngi üzündə qalmışdı.
Fikirləşdi ki, bəlkə də ayrı ərlə hər şey tamam ayrı cür olacaqdı. Ayrı uşaqlar dünyaya gələcəkdi, tamam ayrı bir həyat yaşanacaqdı...
Taleyi belə yazılmışdı. - fikirləşdi. Gör bir, nə qədər vaxtı, neçə-neçə illəri yalançı xoşbəxtlik külünü gözlərə üfürməkdən ötrü nə qədər qüvvə sərf eləmişdi?.. O saxta «mehriban ailə» görüntülərindən ötrü nələrə dözmüşdü?..
Niyə?.. Kimin və nəyin naminə? «Cəmiyyət» deyilən mənasız insan yığnağının rəyi xatirinəmi?.. İndi hardadı o cəmiyyət?.. Onun bu halında - hər şeyin yanıb külə döndüyü, dağılıb söküldüyü bir məqamda niyə onu axtarmır?.. Güzəranıyla, alnına yazılmış tale sonluğu ilə maraqlanmır?.. Hanı o qızğın yarışma estafetləri?.. Son dəbli avadanlıq, gözəl ev-eşik, sağlam uşaqlar, mehriban ər-arvad göstəriciləri?.. Ömrünü, gəncliyini, gözəlliyini gör bir nələrə sərf eləmişdi?!..
Kövrəldiyindən, ya nədənsə, çanağının dərinliyində pusquda yatan tək yatan göynərti qırıq-qırıq bel sümüyünə ötürülməyə başladı... Qarnı, ağzı kip bağlanmış sirkə tuluğu kimi, tarıma çəkilmişdi, dərisi içəri tərəfdən tikiş-tikiş süzülüb sökülürdü...
...Dəhlizə diqqət kəsildi...
Dəhlizdə sakitlik idi. Həkimlə tibb bacısı nə vaxt getmişdilər, xəbəri olmamışdı. Elə bil evdə heç kəs yox idi.
Onu atıb getmişdilər. Hamı cana doymuşdu.
Yoxsa, kimsə vardı evdə?.. O biri otaqların hansı birindəsə, ya mətbəxdə oturub, keşik növbəsini çəkirdi?.. Axı indi onun çox şeydən xəbəri olmurdu?!.. Səhərin açılmağından, gecənin düşməyindən, kiminsə gəlişindən, kiminsə gedişindən... İndi hansı fəsil idi, onu da bilmirdi. Dünən payız idi, bu gün isə elə bil yaz gəlirdi...
Hə, olsun ki, «axır» deyilən, elə bu idi.
...O biri otaqların hansındasa stulu çəkdilər. Yoxsa, səs yuxarıdan gəldi?..
Yox, səs qonaq otağından gəldi. Qonaq otağında kimsə vardı. Stulları o yan-bu yana çəkə-çəkə ortanı boşaldırdı. Yoxsa, həkim idi, hələ getməmişdi? Qonaq otağının yuxarı başında əyləşib, oğlu ilə onun halını müzakirə eləyirdilər? Səbrlərini basa-basa, nəyisə gözləyirdilər? Nəyi gözləyirdilər?
Olsun ki, ölürdü... Yoxsa, ölmüşdü artıq?..
...Qollarını hərəkətə gətirib yuxarı qaldırdı...
Hə, ölüb. Yoxsa, niyə qollarını hiss eləmirdi?..
...Bədəni uçundu...
İndi ətrafda nə baş verirsə, əslində hər şey ona elə gəlir. Məsələn, indi ona elə gəlir ki, ev sakitdi. Əslində isə ev heç də sakit deyil. Bu dəqiqə o biri otaqlarda kimlərsə gəzişir, bəlkə də səs-küydən qulaq tutulur. O isə eşitmir. Halı belədi.
Sonra bunu təsəvvürünə də gətirdi. Otaqlar, mətbəx adamla doludur... Tanıdığı, tanımadığı adamlar, qonşular, qohumlar, dostlar, tanış-biliş...
...Başını yastıqdan aralayıb, dəhlizə qulaq kəsildi.
O biri otaqlardan asta uğultu eşidilirdi...
Adamlar idi. Nə haqdasa xısınlaşa-xısınlaşa, ehtiyatlı addımlarla o otaqdan-bu otağa, bu otaqda o birinə keçirdilər. Olsun ki, dəfnə tədarük görürdülər. Otaqlar getdikcə adamla dolub daşırdı...
Nəfəsini saxlayıb, dəhlizə diqqətlə qulaq kəsildi.
Hə, ev adamla dolu idi. Stullar o yan-bu yana çəkilir, stollar bu otaqdan o birinə sürütlənir, xalçalar döşəmədən yığışdırılır, güzgülərin, bufetlərin üzünə ağ çəkilirdi...
Hüzr mərasiminə hazırlıq işləri gedirdi. Odu, bax, kimsə içi qənd dolu çuvalı, o eşitməsin deyə, yataq otağının bağlı qapısı qarşısından ehmalca mətbəxə sürüyür. Mətbəxdə qənd doğranır. Xırda dişli kəlbətlərin çıqqıltısı eşidilir...
Qardaşlarının arvadlarıdı. Qəndi bir-birinin acığına xırda doğrayırlar, iri ləyənlərə yığıb, ordan ovuc-ovuc qəndqabılara doldurur, məcməyilərə düzüb, süfrələrə daşıyırlar...
Ürəyi qırıldı... Təzə qəndqabıları dükandan alındığı vəziyyətdə - qutularının içində, bufetin yuxarı gözündə qalmışdı. Onları tapmayacaqdılar, qəndi kəndçi kimi, nəlbəkilərə doldurub qoayacaqdılar.
Ayağa qalxıb, qapını açmaq, qəndqabıların yerini demək lazımdı...
Bədənini hərəkətə gətirməyə çalışdısa da, bədəni tərpənmədi. Bədəni sal qaya kimi, döşəyə pərçimlənmişdi.
Var gücünü toplayıb qızının adını çağırmaq istədisə də, səsi çıxmadı.
Çox keçmədi ki, dəhliz otaqların hası birindənsə yayılan musiqi səsi ilə doldu...
Ürəyi titrəyə-titrəyə səsə diqqət kəsildi.
Kim idisə, ehsan süfrələri ilə bəzədilmiş qonaq otağının yuxarı başındakı pianinoda çalıb oxuyurdu...
Küçələrə su səpmişə-əm...
Küçələrə su səpmişə-əm...
Yar gələndə toz olmasıı-ın...
Yar gələndə to-oz olması-ı-ın...
Səs həddən ziyadə tanış idi. Boğazını qəhərlə doldurub boşaldırdı...
Elə gəlib, elə getsin,
Aralıqda söz olmasın,
Axır ki, tanıdı. Özü idi... Səsinin ən kövrək tərəfi ilə oxuyurdu...
Otaq hüzrə gələnlərlə dolduqca, səsi azalır, itirdi...
Səsi azaldıqca, mətbəxdən, dəmir məcməyiləri düyü arıtlaya-arıtlaya dırnaqlarıyla cızan qadınların səsləri eşidilirdi... Qadınlar oandan danışırdılar... Bu cavan yaşında heyif olan gözəlliyindən, bütün qadınlara nümunə ola biləcək səliqə-sahmanından, heç kimlə müqayisə olunmayacaq fil hövsələsindən...
Vahimədən qulaqları uğuldadı. Başını balışın altına saldı ki, heç nə eşitməsin.
Yoxsa balışın altına bütün bədəniylə girdi?.. Ya bu, təsəvvüründə baş verdi?..
Yox, balışın altında idi... Bədəni yatağın içində, özü isə burda - balışın yupyumşaq, ilıq qaranlığında idi... Hamının necə tələsə-tələsə iş gördüyünü, əsəbi hərəkətlərlə itələşdiyini burdan daha aydın eşidirdi...
Hamı tələsirdi... Hər kəsin evi, ailəsi, işi - gücü, min dərdi... Küləklər əsir, ildırımlar çaxır, gecələr gündüzlərlə, qış yayla əvəz olunur... o isə ölmək bilmirdi.
...Ha tərəfindənsə soyuq külək əsdi...
Gözünü açdı.
Otaqda heç kim yox idi...
Demək, hələ ölməmişdi. Bir azdan hələ qızı gələcəkdi...
Ürəyi sıxıldı. Qızı nə vaxt gələcəkdi axı?..
Qızı gəlib çıxanacan, Ölüm gələcəkdi.
Qızı belə idi. Hər işi sualtı çəkisizliyi andıran ləngliklə görür, çağırılan yerlərə gecikir, nahar yeməyini şama ancaq çatdırırdı. Qızının zaman hissiyatı yox idi.
Qızı uşaqlıqan belə ləng idi. Hər işi adamın bağrını çatlada-çatlada, sualtı ləngliklə görürdü. İndi Allah bilir hardaydı... Sualtı ləngliklə corabının bir tayını geyinirdi... ya güzgünün qabağında dayanıb düymələrini bircə-bircə, asta-asta bağlayırdı... Allah bilə, nə vaxt gəlib çıxacaqdı?..
...Ölüm isə hardasa, budu buralarda, lap yaxınlıqdaydı. Evin hansı küncündənsə üzünün bir tərəfi ilə ona baxırdı... Beynindən, ürəyindən keçənləri bir-bir çinədanına atır, zəifləyib taqətdən düşməyini gözləyirdi ki, atılıb sinəsinə qonsun.

Bu fikirdən oldu, ya nə baş verdisə, qulağına ilan sürünməsinin xışıltısını andıran əcaib səs dəydi. Pəncərənin pərdələri ağır-ağır yırğalanıb yelləndi. Sonra kim idisə, üzünün bir tərəfi ilə qalın pərdənin arxasından ona zilləndi... 

O idi, Ölüm. Qapqara, sürüşkən bədəniylə ona tərəf sürünürdü...
Yoxsa, yağış yağırdı?..
Fikirləşdi ki, yatağa düşəndən bəri ölümün hansı tərəfinisə necəsə, dadmışdı elə bil. Neçə aylardan bəri döşəyə pərçimlənmiş kürəyinin əzələləri ilə, ağzının, hansısa kimyəvi məhlul qarışığının dadını andıran əcayib tamıyla. Ağzındakı bu kimyəvi tamı həyat fəaliyyətini hissə-hissə itirən bədəni yaradırdı, bilirdi. Bədəni tərkibini, kimyəvi strukturunu itirib, nizamını pozmuş qələvilərin, turşuların kimyəvi partlayışlarla dolu idi.
Daha qorxulu olan isə, burdan, bu işıqlı otaqdan, Ora - qaranlıq uçurumlar dolu, naməlumluqlara aparan yolu keçmək idi. O yol barədə isə heç nə bilmirdi. Bu barədə, təhsilini əla qiymətlərlə başa vurduğu tibb institutunda da heç nə anlatmamışdılar. Bu barədə sonralar da, ixtisas təcrübəsini artırmaq məqsədi ilə oxuduğu tibbi bülletenlərdə də hər hansı məlumata rast gəlməmişdi. Klinikalarda, sonradan işlədiyi xəstəxanalarda da, müalicə elədiyi xəstələr dünyalarını gözləri qarşısında dəyişəndə də bu barədə fikirləşməmişdi. Ağlına gəlməmişdi, yoxsa, vaxtı olmamışdı?.. Tibb yeniliklərindən bəhs edən aylıq «Sağlamlıq» jurnalında da bu barədə heç nə yazılmırdı. İnsanın xəstəlikləri, ölüm və kliniki ölüm halları barədə yazılırdı. Amma bu məlumatlar insanın yalnız fizioloji ölümünü təsvir və tədqiq edirdi. İçəridə gedən prosesləri isə yazmırdı. Yazmırdı ölüm nə rəngdədi, o necə gəlir, bədəni necə, hansı üsullarla çuğlayır, can bədənin ha tərəfindən çıxır, ha yana yönəlir, həmin o məqam insanla nə baş verir, o nə hiss edir?..
Olsun ki, ən çətini, içi bir yığın ət, qan və su dolu ağır bədəndən ayrılmaqdı...
Sinəsinə tıxanan nəfəsini nizamlayıb, ölümə aparan yolun uzunluğunu təsəvvürünə gətirməyə çalşdısa da, təsəvvürü divarı, tavanı olmayan züdmət qaranlıqdan savayı ayrı bir şey göstərmədi. Bu barədə oxuduğu ədəbiyyatları, kliniki ölüm keçirmiş insanların, son ucunda müəmmalı işıq görünən darısqal tunelin qaranlığıyla uçmağını təsvir edən vahiməli mətnləri xatırladı... Gözlərini yumub, son ucu işıq saçacaq tuneli axtardı.
Göz qapaqlarının dərinliyində tumurcuq boyda işığa bənzər nə isə yanıb-sönürdü...
Ürəyi titrədi.
Tunel idi. Sən demə o, lap yaxında - daim insanın özündə, gözünün içindədi və Ora, ölüm gəlməmişdən əvvəl də daxil olmaq mümkündü. Amma necə?.. Bunu heç cür təsəvvürünə gətirə bilmədi. Təsəvvürü bədənindən soyuq cərəyanlara bənzər tanış axıntılar ötürdü. Ürəyi atıldı...
Bu, nə vaxtsa, lap çoxdannan, uzaq uşaqlıq, gənclik illərinin sevinc cərəyanları idi... Onları gör bir, nə vaxt idi, itirmişdi?!.. Halının bu dönəmində bu cərəyanları yaradn nə idi?.. Yoxsa, bu, bədəniydi?.. Tunelin son ucundakı işığa sevinirdi...
Yox, özü idi... Zaman-zaman sönüb qapanan gizli yaddaşı idi sevinən.
Fikirləşdi ki, tunelin axırında işaran o işıq bəlkə uzaq uşaqlıq illərində ayrıldığı doğma evi idi?.. Uşaqlından bu yana bir-bir itirdiyi əzizlərinin - ata-anasının, qardaşlarının, xalalarının dəyirmi çay masasının başına yığışıb, çay içə-içə onun yolunu gözlədikləri ev?.. Yoxsa, bu balaca işıq tumurcuğu niyə bu qədər ürəyini oxşayırdı?.. Olsun ki, gizli yaddaşı o işığı tanıyırdı. Olsun ki, həmin bu qaranlıq tunellə o nə vaxtsa getmişdi də...
Sonra anladı. Bu, burda gördüyü işıqlardan olmayan, tamam ayrı bir işıq idi.
...O biri otaqlardan eşidilən səslər getdikcə, artırdı... Olsun ki, dəfnə gələnlərin sayı artırdı... Gələnləri yerişlərindən, səslərindən tanıdı... Uzaq tələbəlik illərinin dostları idi... Gənc, qayğısız tələbə qızlar, oğlanlar, əllərində konspektlər dolu qalın dəftərlər, çantalar tutmuş doğma insanlar... Məktəb müəllimləri, on il bir partada əyləşdiyi Əzizə...
Boğazını qəhər tutdu. Onu bu halda görsəydilər, neyləyəcəkdilər?.. Tanıyacaqdılar, tanımayacaqdılar? Ona qoşulub hönkür-hönkür ağlaycaqdılar...
Mətbəxdə qənd doğrayanlar işlərini yekunlaşdırıb, dəhlizə yığışmışdılar. Burun yaylıqlarını ovuclarına sıxıb, xısın-xısın ağlamağa başlamışdılar.
Mollanın da səsi gəlirdi. Amma bilmək olmurdu, oxuyan kişidi, yoxsa, qadın.
Kim idisə, onun haqqında danışırdı. Qəhərli səslə, yanıqlı-yanıqlı danışırdı. Arada burnunu çəkib toxtayır, sonra yenidən sözünə davam eləyirdi. Səsi tanıdı.
Xalası qızı idi. Dodaqları büzülə-büzülə onun gənclik illərindən, gözəlliyindən, evdarlığından, insanı fil hövsələsiylə dinləmək qabiliyyətindən danışıb həzin-həzin ağlayırdı. Qonaqlar xalaqızını dinləyə-dinləyə, ah çəkirdilər, süfrəyə düzülən çaydan qurtum-qurtum içib, halvadan ağızlarına qoyurdular. O biri otaqlarda isə hələ də nələrinsə yerini, yönünü dəyişənlər vardı. Kitab rəflərinin üstündəkiləri bufetlərin içinə, bufetdəkiləri yeşiklərə yığırdılar... Tamaşa sona yetmişdi. Bitib başa çatmış tamaşanın dekorasiyası sökülürdü...
...Qonaq otağının pəncərələri, yiyəsiz mənzilin pəcərələri tək, taybatay açılmışdı... Külək tül pərdələri çölə sovurur, qalın pərdələrin ətəklərini şahə qaldırıb, sancaqlarından qoparmağa, aşağı atıb, ayaqlar altına salmağa çalışırdı. Küçədən keçənlər, qonşu pəncərələrdən baxanlar işığı sübhəcən yanıq qalan bu pərdəsiz mənzilin sahibsiz olduğundan xəbər tutmalı idilər, içlərini çəkib təəssüf və kədərlə:
- Zərifə də öldü... - deyib, fikrə dalsmalıydılar.
Pərdələrin səsi getdikcə, aydın eşidilirdi. Pərdələr dalğalanıb, pəncərə şüşələrinə çırpılır, sonuncu ilgəyindən qopub, havaya uçmaq istəyirdilər.
O biri otaqlardakılar, o küncdə, bu küncdə xısınlaşanlar susub ayaq saxlamışdılar, nəfəslərini içlərinə qısıb, yataq otağının qapısı ağzına yığışmışdılar. Maraqdan böyümüş gözlərlə bir-birinə zillənə-zillənə onun nəfəsinə diqqət kəsilmişdilər. Qənd doğrayanlar da burdaydı, düyü arıtlayanlar da. Hamı onu gözləyirdi. Yataq otağının bağlı qapısı arxasında zarıltılar və iniltilər dolu yatağına pərçimlənmiş Zərifənin ölüm xəbərini bildirəcək əlamətdar işarəni - yarı hissəsi çöldə dalğalanan pərdələrin sonuncu ilgəyindən qopub, göyə sovrulmağını gözləyirdilər. Sonuncu ilgəy isə çox möhkəm idi. Külək vurduqca, çırpınıb çölə dalğalanan pərdəni dişi canavar tək, ən sonuncu dişiylə saxlamışdı. Küləyin ən möhtəşəm həmlələri belə, pərdəni onun cəngindən alıb apara bilmirdi. Pərdələri bu dişin arasından, yalnız cırıb çıxarmaq olardı...
Dəhlizin aşağı başında nə isə cırıldadı. Elə bil giriş qapısının yanındakı divar şkafının qapısı açıldı...
Ürəyi titrədi... Kim idisə, dəhliz şkafının yuxarı gözündə, qış paltarlarının arasında eşələnirdi... Olan-qalan qızılını, pulunu gizlətdiyi sandıqçanı axtarırdı. Sandıqçanın məhz burda - giriş qapısının yanındakı divar şkafının ən yuxarı gözündə gizlətdiyindən necəsə xəbər tutmuşdu. Aranın qarışdığından istifadə edib, işə girişmişdi. Kim idisə, hamının başı qənd doğramağa, düyü arıtlamağa qarışdığı vaxtdan istifadə edib dəhlizə çıxmışdı, orda özünü heç kimə göstərmədən, işığı yandırmadan, şkafa yaxınlaşmış, yuxarı rəfin qapısını açıb, ehmal hərəkətlərlə işə başlamışdı.
Sonra elə bil bunu gördü də...
...Sağ qabırğasının altı göynədi. Bu, adətən əsəbiləşəndə olurdu. İçinin hansı tərəfindənsə baş alan təkanabəzər nədənsə hərəkətə gələn qaynar axıntı gah ürəyinə, gah mədəsinə dolub ürəyini darıxdırırdı.
Əlini ehmalca mədəsinin üstünə qoyub, asta-asta ovuşdurdu. Bunu sahə həkimi məsləhət görmüşdü. «İstənilən ağrının şiddətini sağ əlin köməyi ilə ovtmaq mümkündü.» - demişdi.
...Qızıl sandıqçasının yerini qızı da bilirdi, böyük oğlu da, böyük oğlunun daim dünyadan narazı arvadı da. İndi onların hər biri yəqin ki, ondan çox, sandıqça barədə düşünürdülər. Ordan paylarına düşəcək zinətlərin dəyəri hesablayırdılar. Qızı, yəqin ki, yarımçıq qalmış təmiri barədə, kiçik oğlu arvadının mirvari boyünbağısı barədə düşünürdü.
Boğazını qəhər tutdu. İndi bu lənətəgəlmiş sandıqca heç kimi onun üçün ağlamağa qoymayacaqdı. - Ürəyi sıxıla-sıxıla fikirləşdi. Divar şkafının bağlı qapısı arxasından gizli-gizli işıldaya-işıldaya, hamının diqqətini özünə cəlb eləyəcək, onu yaddan çıxaracaqdı.
...Yataq otağının qapısı ehmalca aralandı. Yoxsa, qulağına səs gəldi?..
Başını qapıya çevirdi. Qapının ağzında kimsə yox idi.
Olsun ki, küləkdi. - fikirləşdi və çölə diqqət kəsildi.
Küləyin səsi gəlmirdi. Hardasa yaxınlıqda, çarpayısının baş tərəfində hüznlü səslərlə gizli-gizli xısınlaşan bulanıq siluetlər idi. Otağın dumanı azaldıqca, bunların dombagöz sahə həkimi və tibb bacısı olduğnu anladı. Hə, özüdü ki, var, onlar idi... Nə vaxt gəlmişdilər?.. Otağa nə vaxt daxil olmuşdular?.. Necə olmuşdu ki, bundan xəbər tutmamışdı?!.. Yoxsa, bayaqdannan bura heç getməmişdilər?.. Elə burda, otağın hansı küncünəsə çəkilib, halını müşahidə eləyə-eləyə oturmuşdular?..
...Başını yastıqdan ayırıb üzbəüzdəki kresloya baxdı.
Həkim oğlunun yerində əyləşmişdi. Ayağını ayağına aşırmışdı, dizinin üstünə qoyduğu kağız parsasında nə isə yazırdı. Təzə dərman siyasıhı yazırdı.
Bu fikirdən ağzına acı dərman tamı gəldi...
Həkim qəsdən iynələrin də ən acılarını və yandırıcılarını yazırdı ki, halının acılığını bu acılığın və yandırıcılığın içində əridib itirsin. Həkimə bu dəfə, başını yastıqdan ayırmadan baxdı və gördüyündən ürəyi qırıldı.
Həkim sən demə, heç nə yazmırdı... Spirt qoxulu, iri əllərini bir-birinə daraqlayıb dizinin üstə qoymuşdu. Yuxusuzluqdan şişmiş sifəti ilə ona zillənmişdi...
Ürəyi çırpındı.
Onunla nə isə baş verirdi. Odu ki, həkim çıxıb getmirdi.
Həkim, ayıldığını hiss edib, ayağa qalxdı. Çarpayısına yaxınlaşıb, əlini mərhəmətlə saçlarına çəkdi, qəribə bir nəvazişlə:
- Hər şey yaxşı olacaq. - dedi.
Ürəyi qəfəsə salınmış quş kimi, çırpınıb susdu.
«Hər şey» - yəni nə?.. Nə yaxşı olacaqdı?..
Sonra anladı. Həkim ölümünü deyirdi. Bayaqdan bura kreslonun küncündən üzündə izlədiyi də bu idi. Hava qaraldıqca, tədricən üzünə çıxmaqda, qızılgül kimi, pardaxlanıb açılmaqda olan Ölüm. Burnunun ucunu sivirib saraldan, gözlərini çökəyə salıb, söndürən Qara Qasırğa...
...Nəfəs yoluna tıxac kimi dirənmiş səsini işə salıb, soruşmaq istədi ki, «mən ölürəm?..», səsi tərpənmədi.
Səsi hülqumundan sinəsinəcən sim kimi, dartılıb tarıma çəkilmişdi. Onu tərpədib hərəkətə gətirməyə, bir ucundan çəkib, çıxarmağa gücü çatmadı. Odu ki, gözü həkimin üzündə, nəfəssiz sakitliyə qərq ola-ola uzanıb qaldı.
Təslim olmayan bircə gözləri idi. Hələ də başının üstünü, əməliyyata başlamaq üzrə olan cərrah kimi almış həkimi görürdü. Gözləri çarpayının aşağı tərəfində qollarını lazımsız əşya tək, qoltuğuna vurub dayanan tibb bacısını da, ondan bir addım arxada, narahat baxışlarala üzünə zillənən kiçik oğlunu da görürdü. Onlar isə ona baxsalar da, elə bil onu görmürdülər. Heç biri onun, saxsı kuzənin çatından baxan kimi, baxdığını görmürdü.
Həkim biləyini əlinə əlinə alıb gözlədi və çox keçmədi ki, qəribə, gizli bir təntənə ilə:
- Nəbzi susdu. - dedi və oğluna baxdı.
Oğlu yaxına gəlib vahimə dolu gözlərlə üzünə zilləndi. Əvvəl ovcunu, sonra balışının yanındakı əl güzsünü ağzına tutdu və:
- Nəfəsi yoxdu. - deyib, həkimə baxdı. Sonra hər üçü bir-birinə baxıb, bir xeyli susduar.
Olsun ki, ölmüşdü.
Qorxudan, ya həyəcandan, içində nə isə qırıldı... və elə bil bundan sinəsinin sol nahiyəsində xırda gözlüklü nəfəsliyə bənzər nəyinsə taybatay açıldığını hiss etdi... Sinəsinin ha tərəfinəsə çəkilmiş nəfəsi səsi ilə bir hülqumuna doldu...
Zarıltısı bu dəfə yaralı heyvan səsini andırdı.
Çarpayısının yanında dayananlar vahimə içində kənara səndələdilər.
Həkim başını aşağı salmışdı. Bir qədər sonra əllərini xalatının cibinə basıb, qapıya sarı yönəldi. Onun gedə-gedə, ağzının içində:
- Allahın köməyi ilə. - dediyini aydın eşitdi.
Həkim otaqdan çıxandan sonra çarpayının yanında heç kim qalmamışdı...
Olsun ki, onun geriyə qayıtdığını görüb, tələsik halda otağı tərk etmişdilər. Hər küncü xəstəlik və qorxu saçan bu darısqallıqdan tezcə yaxa qurtarıb, təmiz havaya qaçmışdılar.
Onun isə qaçası, tələsəsi yeri yox idi. O, yol ayrıcında idi. Bir ucu naməlum, qaranlıq boşluqlara uzanan, o biri ucu çarpayısında bitən yolların tən ortasındaydı.
Yenə boğazına qəhər doldu...
Bu qəhər hardan dolurdu boğazına?.. Fikirləşdi ki, canı da, olsun, beləcə dolacaq boğazına. Uşaqları gəlib çıxanacan tüstü kimi, duman kimi, havaya dağılacaq... Dağıldıqca, ağlayacaq... Səssiz-səmirsiz hönkürtülərlə özünə, yanımsız, kimsəsiz ölümünə, qarşıda gələn neçə-neçə illərin onsuz başa yetəcək əlamətdar hadisələrinə ağlayacaq...
Böyük oğlunun doktorluq müdafiəsinin banketində əlini sıxıb bir ağızdan:
- Belə savadlı, istedadlı alim yetişdirdiyinizə görə sağ olun! - deyəcək insanlar oğlunun əlini sıxıb, hüznlə:
- Allah rəhmət eləsin. - deyəcəklər.
Ərinin dörd ildən sonra keçiriləcək təntənəli yubiley mərasiminin sonunda səhnəyə çıxıb, Elmlər Akademiyasının rəyasət heyətinə, xüsusən Geologiya institutunun direktoru Ələkbər Salamzadəyə mərhumun ailəsi adından oxunacaq təşəkkür məktubunu onun əvəzinə oğlu, ya qızı oxuyacaq. Nə vaxtdan bəri maraqla gözlədiyi əlamətdar məqam - insanlarla dolu tamaşaçı zalına səhnədən baxmaq imkanı ona nəsib olmayacaqdı...
O isə o günü, əlamətdar hadisə kimi gözləyirdi. Ömründə birinci dəfə tamaşaçı zalına səhnədən baxacaqdı... Gözləri projektorların gur işığından qıyıla-qıyıla, əri haqqında, danışacaqdı... Heç kimin bilmədiyi kövrək xatirələri danışacaqdı. Sonda isə, onda ki, hamı əl çalıb ona gül verəcəkdi, doluxsunub ağlayacaqdı. Ona görə yox ki, ərinin xatirələri ürəyini kövrəldəcəkdi, ona görə ki, özünün özünə yazığı gələcəkdi. Ərinin yolunda (bu, hardasa həm də ərinin elm yolu idi) çəkdiyi əzabların, maddi və mənəvi iztirablar dolu uzun illərin ağrısını bölüşəcəkdi. Ona verilən gülləri də çürütdüyü ömrünə təsəlli kimi, qəbul edəcəkdi.
Altı ildən sonra isə öz yubileyi gəlirdi. Altmış yaşı tamam olmalıydı. Uzun illərlə arzusunda olduğu mənalı bir gün baş tutmalıydı. Ərindən sonra təkbaşına, min bir əzab-əziyyətlə böyüdüb başa çatdırdığı uşaqları, gəlinləri, kürəkəni və nəvələri başına toplaşmalıydı. O isə süfrənin başında əyləşməliydi... sinəsi fərəhdən böyüyə-böyüyə, uzun illərin zəhmətinin nəticəsi olan bu təsirli mənzərəni seyr etdikcə, doluxsunub ağlamalıydı... Həyatında bircə dəfə də olsa, boğazına dolan sevinc qəhərinin yaşını boşaltmalıydı...
...Sağ qabırğasının altından qısa elektrik qapanmalarını andıran qırıq göynərtilər sol tərəfinə - neçə vaxtdan bəri özünü bildirməyən dalağına ötürülməyə başladı.
Yenə qara ciyəri idi. Onun da öz planları var idi.
Fikirləşdi ki, bu plan məsələsi, ümumiyyətlə, sovetlərdən qalmış səfeh bir şeydi. Budu bax, neçə illərdən bəri öz aləmində planlaşdırdığı «həyat cədvəli» sən demə, əldəqayırma xülyadan savayı, ayrı bir şey deyilmiş. Bircə anın içində su qabarcığı kimi, sabun köpüyü kimi, əl dəyilmədən, öz-özünə dağılıb, puçluğa uğraya biləcək mənasız xəyallar çələngi, miskin ümidlər topası imiş...
Boğazına sızan acılığı udub sakitliyə diqqət kəsildi. Bu gecəki, ya səhərki yuxusu yadına düşdü. Çılpaq bədənlə küçələrlə qaçmağı... rastına çıxan tanışların gözündən yayınmaqdan ötrü kolların, həyət qapılarının arxasında, həyəcandan nəfəsi kəsilə-kəsilə gizlənməyi... Yoxsa, bunu yuxuda yox, qatı dumanın içinə batan kimi, batıb çıxdığı mürgülərin arasında görmüşdü?.. Dünən, ya srağagün isə özünü dar paltarın içində vurnuxan vəziyyətdə gördü... Bir vaxtlar anasının dediyinə görə yuxuda özünü çılpaq görmək kasıblıq idisə, pal-paltarlı görmək - darısqallığa işarəydi.
Həmin darısqallıq idi... divarları dəqiqəbədəqiqə addım-addım üstünə yeridirdi.
Kaş indi o dövrlər olaydı... Müharibə, aclıq, qıtlıq olaydı, amma canı sağ olaydı, anası yanında olaydı, böyründə oturub, gözlərini üzünə zilləyəydi, «can bala!» deyib halına yanaydı. İndi nə qədər ehtiyacı vardı buna?.. Kiminsə onun halına acımasına, ağrılarına yanıb, göz yaşını tökməsinə.
Fikirləşdi ki, bu da müharibədi. Fərq bir burasındadı ki, burda müharibə onun içində gedir. İçi göz görə-görə sökülür, dağılır... Dağılmayan, sökülməyən, gücünü, sayıqlığını bircə anlığa belə itirməyən, əksinə, dəqiqəbədəqiqə gümrahlaşıb, saz saat mexanizmi kimi işləyən salamat əzası vardısa, o da beyni idi. İndi bu halında, hər tərəfi bir ucdan sökülüb, dağılıb, tiftikləndiyi bir vaxtda beyni əcayib çevikliklə bu vaxtacan yada düşməyən, yaddaşının alt qatlarında gizli-gizli yaşayan, unudulan nə vardısa, hamısını ayağa qaldırırdı... Bütün olanları, olub, ötüb keçənləri ətə-qana doldurub, hər şeyi ona bir də yenidən yaşada-yaşada, xəbis-xəbis gözləyirdi. Yaddaşı ona qənim kəsilmişdi. Onu xatirələrin içinə basdırıb öldürmək, axırına beləcə çıxmaq istəyirdi. Bu barədə olsun ki, gizli əmr almışdı. Odu ki, belə saz işləyirdi.
Nəfəsi təngiyə-təngiyə fikirləşdi ki, indi neyləsin?.. Getdikcə, aydınlaşan, aydınlaşdıqca, min bir unudulmuş, arzuolunmaz hadisələri oyadan, üzləri, səsləri və sözləri şahə qaldırıb, ürəyini sıxan yaddaşının əlindən ha yana qaçsın?.. Olsun ki, bu, həmişə belə olur. Ölüm xəstəliyin yox, qəramət xatirələrin ardınca gəlir.
...Budu, yenə yaddaşının yarıqaranlıq zolağıyla kimsə ona sarı gəlir. Asta-asta, oğrun-oğrun. Səsi özündən arxada, hardansa, lap uzaqdan gəlir. İri başmaqlarını döşəmə ilə sürüyə-sürüyə, əllərini, iş başına tələsən kimi, arxasında cütləyib boynunu qabağa verə-verə... İndicə qapını aralayıb içəri boylanacaq. Sonra bütün bədəniylə otağa daxil olub, başının üstünü kəsdirəcək. Əllərini belinə vurub, əsəbi üzü ilə ona zillənəcək. O isə yalın döşü görünməsin deyə, süd əmizdirdiyi körpəsinin başını sinəsinə sıxacaq. Uşaq nəfəsi kəsilə-kəsilə təngiyib, qucağında vurnuxacaq.
...Qaynatası bu dəfə qapını çiyni ilə itələyib açdı. İçəri girib, başının üstünü aldı, otağın yarıqaranlığında bir az da vahiməli görünən əsəbi üzü ilə yuxarıdan aşağı ona zilləndi, əllərini belinə vurub:
- A yekə gəlin, bunu niyə bu qədər ağladırsan? Niyə qoymursan yataq?.. Axı sabah sübh tezdənnən işə getməliyik?!.. - dedikcə, səsi otaqlara yayıldı...
Döşünün üstünü yorğanın ucuyla örtüb, ha uşağın ağzından çəkib çıxartmaq istədisə, çıxara bilmədi. Bütün gecəni ağlayıb-ağlayıb, heydən düşmüş oğlu döşünün giləsini dişlərinin arasında sıxıb, dərin yuxuya getmişdi... döşünü ha geriyə çəkirdirsə, körpənin xırda dişləri arasından çəkib çıxarda bilmirdi... Oğlunun balaca ağzının kənarlarından süd əvəzinə qan axırdı...
...Fikirləşdi ki, böyük oğlu anadan olandan ona əzab verib. Anadan olandan qanını sorub. Hələ də sormağındadı. O illər oğlu döşünün giləsini dişlərinin arasında sıxıb-sıxıb, qanını axıtmasa, yatmırdı. Odu ki, hər iki döşünün giləsi yara salmışdı. Yaralar, yadına gəlir, köz bağlamağa imkan tapmırdı. Hər əmizdirəndə, yarılıb qanını axıdır, südüylə bir oğlnun ağzına dolur, uşaq südüqarışıq qanını əmirdi...
...Qayınatası çılpaq döşünə elə baxırdı, elə bil uşağın ağzındakı - onun döşü yox, içi südlə dolu, şəffaf süd şüşəsi idi... Vahimədən, ya çaşqınlıqdan nitqi qurumuşdu. Döşü oğlunun ağzında döyüküb qalmışdı... Qayınatası dinmədiyini görüb əsəbiləşdi, iri əlllərini uzadıb, uşağı döşündən qopartdı... Uşaqla bir döşünün giləsini də qoparıb apardı... Döşünün qanı gecə köynəyinin, yorğan-döşəyin ağına dağılıb, hər yanı al qana boyadı...
...Ardı yadına gəlmirdi... Ağrıdan ürəyi getmişdi?.. Yoxsa, otağın işığı sönmüşdü?..
Qayınanasını xatırladı... Qayınanası başı alovlu qaçıb gəldi... Yatağın kənarına oturub yorğanın ucunu qanı süzülən döşünə basdı, sonra hansı meyvəninsə qurusunu xatırladan qırışlar və büküşlər dolu balaca üzüylə ona baxa-baxa, həyəcandan tövşüyə-tövşüyə astadan:
- Dinmə, bala, dinmə. - dedi.
Qayınnənəsi də budu-burdaydı... sinəsini xışıldada-xışıldada öskürüb, dəqiqədə bir «başıma xeyir» deyirdi. Qalın qırışlarla dolu göz qapaqlarının torbası altında bozaran muncuq gözlərini döşünə zilləyib, sinəsini xışıldada-xışıldada:
- Bu nə görəcəkdi, Allah, sən özün saxla?.. - dedi...
...Yox, bu, qayınnənəsi deyildi... Anasıydı... Yanaşı çarpayıda uzanıb sarımtıl bəniziylə üzünə zillənmişdi.
- Başıma hərlənirlər. - anası dedi, sonra üzünü çevirib tavana zilləndi. Və o, anasının gözlərinin vahimədən necə irildiyini gördü. - Məni özləri ilə aparmaq istəyirlər. - anası bu dəfə tavana baxa-baxa dedi. Sonra sarımtıl qolunu yorğanın ipək səthi ilə ilan kimi süründürüb, biləyindən tutdu.
Anasının əli buz kimi sürüşkən və soyuq idi ...
Bədəni uçundu... Biləyini anasının əlindən çəkib çıxarmaq istədisə də, anası buraxmadı. Ürəyi vahimədən çırpına-çırpına çabalyıb əl-qol atdısa da, bədəni hərəkətə gəlmədi...
Ayağa qalxmaq, qapını açıb dəhlizə çıxmaq, adamları köməyə çağırmaq lazım idi. O isə tərpənə bilmirdi...
Ağzını geniş açıb, havanı sinəsinə çəkdi ki, qışqırsın...
Səsi çıxmadı. Səsi hardasa, lap dərində idi. Onu ordan bir daha çəkib çıxara bilməyəcəkdi. Əlacı kəsilmiş halda yavaşca:
- Vay canım. - deyib susdu.
Yoxsa, bunu anası dedi?..
- Gəl çim, Ağca!.. - qaynatasının səsi yenə hardansa, lap yaxından gəldi. Bunun ardınca qayınanasının həlim səslə dediyi:
- Ay ana, eşitmirsən? Nə oturmusan?.. Durub çimsənə... - sözlərini qırıq-qırıq dəhlizin aşağı başından eşitdi. Bunun ardınca:
- Gəl çim, ay nənə!.. - deyən daha bir neçə səs bir-birinə qarışdı. - Tənbəlliyin tutubsa, səni özümüz çimdirək!..
- Ay bacısı, qardaşıı olmayan... Ay qoşunu qırılan gəlin, vay...
...Qarının səsi idi... hardansa, lap yaxından gəlirdi. Yenə özünə ağlayırdı...
Yoxsa, ona ağlayırdı?.. Uşaqları da budu burdaydılar... qarının səsindən doluxsuna-doluxsuna, ona baxa-baxa ağlayırdılar...
Amma yox... Bu, uşaqları deyildi. Otuz beş il bir yerdə işlədiyi həkim həmkarları idi... Birbaş klinikadan, ağ xalatlarda gəlmişdilər. Çarpayının ayaq tərəfinə yığışıb hüznlü üzlərlə ona zillənmişdilər. Usanmaz həkim səbrliylə öz həmkarlıq borclarını yerinə yetirirdilər.
Uşaqları mətbəxdəydi. Bunu o sarıdan ara-sıra eşitdiyi hənirtilərdən anlayırdı... Orda nə haqdasa xısın-xısın danışırdılar, nələrəisə götür-qoy edirdilər və daha o götür-qoy elədikləri barədə ona nə isə demək fikirləri yox idi. Bu gündən, ya bəlkə lap hələ dünəndən, ya ötən həftədən bəri uşaqları ona artıq o biri tərəfin - O dünyanın adamı kimi baxırdılar. Çox yaxınına gəlməkdən, ona toxunmaqdan ehtiyat etdikləri üzlərindəki xof dolu nagümanlıq ifadəsindən, ehmal hərəkətlərindən bilinirdi...
...Göz qapaqlarını azca aralayıb, çarpayısının ayaq tərəfində dayananlara baxmaq istədisə də, gözlərinə dolan yaş imkan vermədi.
Niyə ağlayırdı?.. Özünə?.. Yoxsa, heç bir ürəkaçan nəticə verməyən əzablı həyatına?..
Gözlərini bərk-bərk sıxıb, içinə dolan yaşı yanağı boyu axıtdı. Sonra kipriklərini araladı və gördüyü mənzərədən az qaldı bağrı yarıla...
...Çarpayısının ayaq tərəfində qara tüstü kimi, duman kimi havadan asılıb qalan qara əbalı, iti caynaqlı Ölüm mələyi idi... İçi dəqiq görünməyən qara gözləriylə üzünə zillənqmişdi...
Bədəni uçundu... qorxudan keyimiş dilini ağzının içində zorla hərlədə-hərlədə:
- Nə istəyirsən?.. - deyib durdu.
Duman aşağı enib üstünə yayıldı, kiminsə səsini andıran tanış səslə qulağına:
- Məndən qorxma. Sən ki, məni tanıyırsan. - dedi.
Nəfəsi sinəsində çalxalana-çalxalana:
- Tanımıram. - dedi və əlini bir təhər hərəkətə gətirib, yorğanın ucunu üzünə çəkdi, ürəyi əsə-əsə gözlədi.
Otağa sakitlik çökdü. Bir qədər gözlədikdən sonra yorğanın ucunun altından baxdı.
Ölüm dumanı sovuşub çəkilmişdi, tüstü kimi, duman kimi, havaya dağılmışdı...
Yorğanın ucunu üzündən çəkdi, bədən soyuq tər basa-basa nəfəsini nizama salmağa çalışdı... Anası və xalaları, əri də, Ağca qarı da can üstündə eyni ilə beləcə, başlarının üstünü, ya çarpayılarının ayaq tərəfini kəsdirib dayanan kimdənsə qorxan tək, büzüşüb, saralır, uşaq kimi ağlayıb, yalvarırdılar. Gecələrlə qulaqlarına pıçıldanan qoxunc xəbərdarlıqları günortalar yuxuda sayıqlayırdılar...

***

...Üzbəüzdəki paltar şkafının aralı qapısından vur-tut üç ay bundan əvvəl evləri ilə üzbəüzdəki atelyedə tikdirdiyi bənövşəyi paltarın qolu görünürdü. Vur-tut üç ay əvvəl dərzi Sonyanın pulunu artıqlaması ilə ödəyib, paltar qoltuğunda evə qayıtdığı, paltarı ehtiyatla cığaradan çıxarıb əyninə geydiyi, güzgünün qabağına keçib, özünə sağdan, sodan baxdığı elə bil lap çoxdan, lap çoxdan olmuşdu...
Qapı tərpənib araladı... Kimsə arasından içəri boylandı, sonra səssizcə geriyə çəkildi.
Halını bilmək istəyirlər. Yoxlayırlar, görsünlər, sağdı hələ, ya yox.
Ürəyi sıxıldı.
Bu insanlar niyə bu qədər insafsızdırlar?.. Niyə anlamırlar ki, əvvəl-axır onlar da öləcək?.. İraq olsun, oğulları da, onların arvadları da, uşaqları da. Amma nə qədər ki, canları ağrımır, nə qədər ki, Ölüm dumanının tüstüsü burunlarına dəyməyib, bunu anlamırlar. O dumanı indi bircə o duyur. Ölüm insanlardan insaflıdı. Gör bir, neçə vaxtdı səbrini basıb, oğrun-oğrun künc-bucağa qısılıb gözləyir. Yaxınına gəlməyə, sinəsinə qonub nəfəsini kəsməyə qıymır. Ona yazığı gəlir. Lazımsız, köhnə əşya kimi, yataq otağının bir küncünə atılıb qaldığına görə qıymır.
Yoxsa, bunun qaydası budu? Yaddaşının künc-bucağını eşib, bütün unudulmuşları hərəkətə gətirmək, olub keçənləri yada salıb, bir də, yenidən yaşatmaq...
Hə, yaddaşını oyadan da O idi - Ölüm.
Ölüm anasıyla da belə eləyirdi. Yaddaşını oyadıb, xatirələri hərəkətə gətirir, arvadı ağladıb güldürə-güldürə, gah həmlə edib sinəsinə yatır, xirtdəyinə keçib boğa-boğa, nəfəsini kəsir, gah da qəfil tərəddüdlə geriyə çəkilib, ha yandasa gizlənirdi.
...Anasının rəhm və təəssüf dolu baxışları gözünün qabağına gəldi...
Onda anasının bu baxışlarının, gözlərinin dərinliyində işaran o mərhəmət qarışıq təəssüfün nə olduğunu anlamırdı. Başı qarışıq idi. Uşaqları körpə, özü cavan...
Ürəyinin başı söküldü. Xəstə anasına baxdığı dövrləri - ərini, uşaqlarını unudub, uzun-uzadı çovğunlu-qasırğalı qış aylarıyla burnunun ucu saralıb nazilən anasıyla üz-üzə, göz-gözə qaldığı gecələri, ərinin, uşaqlarının, iş yoldaşlarının, rəfiqələrinin yaddaşından silinməyini, əlinin altına keçəni yeməkdən kökəlib əndazədən çıxmağını, üstünə çağrılan həkimin anasının nəbzini yoxlayıb, hər dəfə:
- Yaşayacaq. Ürəyi möhkəmdi. - deməyini xatırladı.
Onda anasının ömrünün hələ qabaqda olduğundan, uzun-uzadı yataq ömrü yaşayacağından xəbərsiz idi.
Çönüb yanaşı yataqda səssiz-səmirsiz uzanan, tora düşmüş quş kimi, xof dolu gözlərlə tavana zillənən anasına baxdı. Olsun ki, bu dünya belə qurulub. Hamı, hətta ən yaxın doğmalar belə, nə vaxtsa, bir-birinə mane olmağa başlayırlar.
...Anası deyəsən, daha nəfəs almırdı.
Biləyini ehtiyatla anasının əlindən çəkmək istədisə də, anasının soyuq barmaqları gərilib qolunun ətinə yeridi.
Ürəyi sıxıldı... Anası onu özü ilə aparmaq istəyirdi. Ya da əksinə, məqsədi - onun qolundan yapışıb bu dünyada qalmaq idi.
...Qapı bir də aralandı. Başını çevirmədən, gözünün yanıyla qapıya baxdı.
Heç kəs yox idi. Demək, qızı hələ gəlməmişdi. Qapını olsun ki, otaqların arasıyla vıyıldayan külək tərpətmişdi. Kuləyi bu yiyəsiz evin pəncərəsindən o biri otaqların hansındasa açıq qalan pəncərə, ya nəfəslik içəri buraxmışdı...
Başını çevirib, yatağın o biri gözünə baxdı.
Yatağın o biri gözü boş idi.
Hə də... Axı anası çoxdan ölmüşdü?!.. İndi Allah bilir, sümükləri də çürümüşdü.
Həyət tərəfdən Azan səsi eşidilirdi.
Olsun ki, günortadı. Yoxsa, axşam düşürdü?..
Pəncərədən göyün üzü görünmürdü.
Ona elə gəldi, ya bu, doğurdan baş verdi... Azanın içində öz adını eşitdi...
...Bədənindən soyuq giziltilər ötüşdü.
Qara basırdı onu. O gün quşların, onun adını çəkdiyini öz qulaqlarıyla eşitdiyini deyəndə, sahə həkiminin, oğlunun qulağına astaca:
- Qarabasmadı. - dediyini öz qulaqlarıyla eşitmişdi.
Sahə həkimi bunu deyib, çantasının düyməsini bağlamışdı. Sonra hər ikisi, üstündə təcrübə apardıqları nəyəsə baxan tək, onun qarnına zillənmişdilər.
...Külək pəncərənin pərdəsini yellədib araladı deyə, göyün kiçicik parçası göründü.
Göyün üzü açıq maviyə çalırdı. Olsun ki, günortaydı... Bir azdan yenə hava qaralacaqdı. İşə gedənlər evlərinə qayıdacaq, şam yeməklərini yeyib televizorun qarşısında əyləşəcəkdilər. İş gününün yorğunluğunu, pürrəngi çaydan içə-içə, maraqlı verilişlərə baxa-baxa çıxaracaqdılar...
Gözlərinin kənarıyla axan yaş boynuna, qulaqlarına doldu.
O ki, ölmək istəmir?!.. Bütün ömrünü də bu dünyanı, bütün ağaclarıyla, quşlarıyla, dənizi və günəşiylə, bütün səsləri və qoxularıyla sevə-sevə yaşamışdı?!.. Dünya isə, sən demə, onu heç sevməmişdi...
Boğazına dolan qəhəri güclə uddu.
İndi əri sağ olsaydı, onun bu halını görsəydi, yanında oturub başını sığallayardı, uşaq kimi, hönkür-hönkür ağlayardı.
...Oğlu, sən demə, yenə burdaydı... üzbəüzdəki kresloda oturub fikrə getmişdi. Nə vaxt gəlmişdi, otağa necə daxil olmuşdu?.. Yoxsa, bayaqdannan getməmişdi?.. Yoxsa, gedib, bir də geriyə qayıtmışdı?..
Yəqin gedib qayıtmışdı. Olsun ki, işdən icazə almışdı. İşini-gücünü atıb, ürəyində ona min yol ölüm diləyə-diləyə, geriyə qayıtmışdı. İndi oturub gözləyirdi.
O isə ölmürdü. Ölə bilmirdi.
Ölmək - olsun ki, yuxuya getmək kimi, bir şey idi. Onu da, olsun ki, narahatlıq, nigaranlıq qaçırırdı. İndi bir o qalırdı ki, yalnız yaxşı şeylər barədə düşünsün, yadına yalnız xoş, ürəkaçan xatirələrini salsın. Gözəl günlərini, gözəl saatlarını...
Yaddaşını gərib, orda xoş və ürəkaçan olan nə isə axtardısa da, yadına, dünyasını nə vaxtsa çoxdannan dəyişmiş bir neçə qohumunun üzündən savayı heç nə düşmədi.
Olsun ki, canının ağrısı imkan vermir. - fikirləşdi. Bir də yaddaşı olsun ki, çox yüklü idi. Əzablı illərin min bir xatirələri ilə - səhəri, günortası olmayan yarıqaranlıq, havasız xatirələrlə dolu idi.
- Can bala... - anası hardansa, lap yaxından, kimdənsə qorxurmuş kimi, ağzının içində dedi.
Çönüb anasına baxdı.
Anası pəncərənin açıq nəfəsliyindən görünən göyün kiçicik parçasına baxırdı. Ağzının içində dua oxuyan tək, asta-asta danışırdı.
...Qapı döyüldü.
Yox, qapı deyildi. Döyünən ürəyi idi, ürəyi. Qapı kimi, bərk-bərk döyünüb susdu. Sonra otağa zülmət qaranlıq çökdü. Sonra qaranlığın içindən kimsə üzünə zillənib:
- İç. -dedi.
Oğlu idi. Bir əlini boynunun altına keçirmişdi, o biri əlində saxladığı dərman dolu qədəhi onun dodaqlarına sıxmışdı. Oğlu dərmanı ağzına sızdırıb, başını yenidən yastığa edirdi.
Boğazına yığılan dərmanı bir təhər udub, daha dərman içmək istəmədiyini, dilinin, udlağının daha sözünə baxmadığını axır ki, deyə bildi. Dilini axır ki, hərəkətə gətirib:
- İstəmirəm. - dedi. Yoxsa, «ölürəm» dedi?..
Hə, rahatlanmaq üçün yadına nə isə salmalıydı. Yaddaşı isə susurdu. Ya da yadına, kiminsə həyatından bəhs edən sənədli filmin qırıq epizodlarını andıran adda-budda görüntüləri salırdı. Ya bəlkə həyatında ümumiyyətlə, yaxşı heç nə olmamışdı?.. Bəs cavanlığı, tələbəlik illəri, nişanlı vaxtları?.. Ola bilməz ki, o dövrlərdən yada salıb kövrələsi bir xatirəsi olmasın. Olmağa qalanda, yəqin ki, nə isə olmuşdu, lakin sonradan-sonraya uzun-uzadı əzabların basqısı altında hər şey əriyib yoxa çıxmışdı... Uşaqlığı da, gəncliyi də, tələbəlik dövrləri də, nişanlı vaxtları da. Hər şey məhv olmuşdu. Uşaqlığı da, gəncliyi də, gəlinliyi də... Hanı dünənki Zərifə? Ya bir il bundan əvvəlki sağlam, gümrah Zərifə?.. Hər şeyi bəyənməyən, küçəyə çıxanda, hamının ağzı açıq qalan gözəl Zərifə?.. İyirmi il bundan əvvəlki Zərifə hanı?.. Qırx il, əlli il bundan əvvəlki nazik bədən, alyanaq Zərifə hardadı?.. Məktəbli Zərifə, körpə Zərifə?..
Bir də baxdı ki, budu, zərifələrin hamısı burdadı. Yaşlısı, cavanı, məktəblisi, tələbəsi, körpəsi...
Ayağa qalxmaq, bu zərifələrin hamısını bir-bir bağrına basıb hönkür-hönkür ağlamaq istədi... Elə bil ayağa qalxdı da. Canını dişinə tutub, çarpayının kənarlarından yapışıb, bir təhər ayağa qalxdı... zərifələrdən ən cavanını bağrına basıb, səssiz-səssiz ağladı...
...Gənc Zərifə ölü ağac kimi qupquru, mərmər kimi soyuq idi...
Bir də baxdı ki, dörd bir yanı şümal başdaşılar dolu qəbiristanlıqdadı... Başdaşıların hər birinin üstündə adı, doğum və ölüm təvəllüdləri yazılıb...
«Ağayeva Zərifə Səməd qızı - 1920-1926»... «Ağayeva Zərifə Səməd qızı - 1920-1930», «Ağayeva Zərifə Səməd qızı - 1920-1940», «...1920-1952...», «...1920-1970...»
...Üşüdü... Qolunu hərəkətə gətirib yorğanı xirtdəyinə çəkdi...
Güzgünün başına sancılmış foto-şəkli mənasız bir təbəssümlə üzünə gülümsəməyə davam edirdi. Bu şəkli yəqin ki, o öləndən sonra böyüdəcəkdilər. Qara çərçivəyə salıb evin yuxarı başından asacaqdılar. Başsağlığına gələnlər onunla bağlı xatirələrini danışacaq, sonra çönüb, bu şəklə baxacaqdılar...
Sonra fikirləşdi ki, şəkli böyütdürmək lazım olmayacaq. Uşaqları dəfn mərasimini pis-yaxşı yola verib, evdən əl-ayaq çəkiləndən sonra ona aid bütün əşyaları, şəkilləri bir kənara yığıb, komalayıb zibil qutularına basacaqlar. Sonra elə bil bunu gördü də...
Necə böyük oğlu, dəhlizdəki divar şkafının qapılarını taybatay açıb içindəkiləri yerə boşaldır, qızı sarımtıl fotoları komalayıb cığaraların içinə basır... Saralmış fotolardan, suda boğulan tək, boğula-boğula onu köməyə çağıran ata-anasının, baba-nənələrin, onlarla, az qala, bir əsr bundan əvvəl yaşamış ayrı qadın və kişilərin heysiz civiltilərini eşidir...
Almobda olan fotolara görə - çimərlikdə, dağ döşündə, Yalta, Riqa, Vilnüs istirahət evlərində çəkdirdiyi şəkillərə görə elə bil o, xoşbəxt yaşamışdı. Amma yaddaşı, bu xoşbəxtliyi niyəsə saxlamamışdı.
Fikirləşdi ki, xoşbəxtlik, bədbəxtlik nədi axı?.. İnsan nə zaman xoşbəxt, nə zaman bədbəxt olduğunu heç zaman bilmir. Bu, yalnız sonradan - hər şey bitib qurtarandan, ötüb keçəndən sonra məlum olur. Məsələn, indinin özündə ən böyük xoşbəxtlik - can sağlığıdı. O isə bunu yalnız indi - yatağa düşəndən, canı min bir ağrılarla dolandan sonra anlamağa başlayıb... İndi daha canı da ağrımır...
Ürəyi zəif-zəif çırpındı. Doğrudan, qəribədi, niyə daha ağrımır?.. Bədəni ağrımaqdan bezib, nədi?.. Yoxsa, sağalır?..
...Dəhlizdən çöl qapısının səsi eşidildi. Kimsə dəhlizə daxil olub, əlindəki ağır yükü döşəmənin üstünə buraxdı və çox keçməmiş qırıq hıçqırtılarla ağlmağa başladı.
Ürəyi xırda döyüntülərlə döyünüb susdu. Kimdi, görən?..
Otağın qapısı aralandı. Qızı göründü. Səssiz addımlarla içəri daxil olub, dayandı. Uzaqdan-uzağa üzünə zilləndi.
Başını qızına tərəf çevirə bilməsə də, qızının vücudundan yağan yorğunluğu gözünün yanıyla gördü.
Ürəyi sıxıldı... Qızını yorub, bu hala salan o idi. Bir də, deyəsən, qızı yenə boylu idi. Bunu, axır vaxtlar onun köntöy yerişindən hiss eləyirdi.
Qızı yenə həmin köntöy yerişlə yeriyib yaxınına gədi.
Gözlərini açıb, qızına baxmaq istədisə də, göz qapaqlarını qaldıra bilmədi. Göz qapaqları dünəndən bura lap ağırlaşmışdı. Suyu quruduğundan, qartıyıb bərkimişdi. İndi ona yalnız kipriklərinin arasından baxmaq qalırdı.
Qızı çarpayısının kənarına əyləşdi, qollarını qoltuğuna vurub üzünə zilləndi.
Gözlərini tam aça bilməsə də, qızının üzündəki şişkinliyi sezdi.
Qızı bir müddət ona baxa-baxa oturub qaldı, sonra üstünə əyilib, ehmalca alnından öpdü.
Ağlamağı tutdu...
Qızı qəhərləndiyini hiss eləmədi, boynundakı şərfi açıb, bir kənara tulladı, nəfəsini dərib, güzgüyə sarı çöndü, saçlarını səliyə salıb, ondan nə isə soruşdu.
Yoxsa, ona elə gəldi?..
Külək pəncərə şüşələrini titrədirdi. Qızı əllərini balaca qarnının üstündə çarpazlayıb fikrə getmişdi.
Küləyin səsindən oldu, ya qızının görkəmi ürəyini sıxdı, yenə canında ölüm vahiməsini andıran xof dolandı... Otaq yenə qorxunc ala-toranlığa büründü... Çarpayısının ayaq tərəfində beli bükük, fağır-fağır oturan qızı uzaqlarda qaldı... Yenə qatı dumanlığı andıran həmin soyuq hava kütləsi axdı üstünə... çarpayısını nənni kimi, yellədib, onu yırğaladı...
Yoxsa, öldü?.. Əgər ölüm bu idisə...
Hardansa, lap yaxından tanış səs qulağının içinə:
- Gözlərini yum. - pıçıldadı.
Göz qapaqlarını aralayıb baxdı.
Çarpayısının ayaq tərəfində cavan bir qız oturmuşdu... sevgi dolu gözlərini üzünə zilləyib mehriban-mehriban:
- Niyə yatmırsan, mənim balam?.. - deyirdi. - Hamı yatıb. Cırtdan da, Məlik Məmməd də. Mən də yorğunam. Sən də yat ki, mən də yatım. Yazığam axı?!..
Özü idi... ya qızı idi?.. Anlaya bilmədi.
Qızı idi, qızı. Əlindəki spirti pambıqla qolunu silirdi. Olsun ki, iynəsinin vaxtı çatmışdı.
Kiçik oğlu da budu-burdaydı. Qızının burda olmasına baxmayaraq, getməmişdi, qollarını qoltuğuna vurub, fikrə dalmışdı. Allah bilə nə fikirləşirdi?!..
Bu barədə fikirləşməyə səbri çatmadı. Fikirlərinin arası qatı dumanlıqlarla doldu. Sonra elə bil yenə qapı döyüldü. Yoxsa, döyüntü yenə içindən gəldi?..
Fikirləşdi ki, heç olmasa, bircə xoş xatirə düşsəydi yadına, rahatlanardı, ürəyi yerinə gələrdi. Bəlkə də lap ölərdi. Amma heç nə düşmürdü yadına. Yaddaşı məkrli inadla susmağa davam edirdi. Olub, ötüb keçmiş nə qədər ürəkbulandıran, acı xatirə vardısa, çəkib ortaya gətirirdi. Bax, əgər indi yaddaşı insafa gəlib, xatirinə olub keçmiş bircə yaxşı hadisə, ya gün, ya heç olmasa, bircə söz salsaydı, bu yaşda ölməyinin, ömrünün, həyatının mənasını anlayardı. Yaddaşı isə səbrlə susurdu. Yoxsa, hava qaralırdı?.. Əslinə qalanda, indi bunun bir o qədər də fərqi yox idi. İndi hava da, yaddaşı kimi, dəqiqədə bir qaralırdı...
...Çöldən quşların səsi eşidilirdi. Bu, o demək idi ki, səhərin açılmağına az qalırdı. Sonra Azan səsi eşidildi. Kimsə, üstünə əyilib yanağından öpdü. Yoxsa, külək sığalladı yanağını?.. Yoxsa, can verirdi?..
Yox, can verənləri çox görmüşdü. Əvvəl içəridən doğuş gücənməsini andıran təkan gəlməliydi. Bədəni bu təkandan gərilib titrəməliydi. Yalnız bundan sonra ölümqabağı xırıltılar başlamalıydı. Onun içində isə əminaman sakitlik idi.
Hardansa, aşağı mərtəbələrdən ayaq səsləri eşidilirdi.
Adamlar idi... pillələri qalxırdılar. Onu basdırmağa gəlirdilər.
Demək, ölmüşdü. Özü də bilmədən. Xəbəri olmadan.
...Təşfişə düşüb əl-qol atdısa da, nəfəs yoluna tıxanan yumruğabənzər nəyinsə öz yerini bir az da bərkitdiyini hiss edib, dayandı.
Yox, hələ ölmürdü. Taqqıltı səsləri də aşağıdan yox, hardansa buralardan, mətbəxdən gəlirdi.
- Öl... mü... rəm... - kimsə böyürdən dedi.
Yoxsa, bunu özü dedi?.. Bunun ardınca həmin səs lap yaxından:
- Vay canım. - dedi və canının bu sözdən yumşalıb titrədiyini hiss elədi.
- Ay bala... - bu dəfə deyəsən, özü pıçıldadı...
Kim idisə, üstünə əyildi, astadan qulağına:
- Ağla, bala, ağla. - deyə pıçıldadı.
- Niyə ağlayım?.. - dedi.
- Çünki ölürsən. - səs lap yaxından dedi, sonra həmin məlahətlə o birilərə:
- Siz də ağlayın. - dedi və hər şey qəribə bir çəkisizliyə qərq oldu...
...Yataqda sarımtıl, ölü quş tək, hərəkətsiz qalan qadının kim olduğunu isə, yalnız dəhliz və yataq otağı adamlarla dolanda, kimsə əlini uzadıb, üzündə məmnun təbəssüm donmuş qadının gözlərini bağlayanda anladı...