Afaq Məsud dünyası - Beşinci yazı
Nizami Cəfərov
Afaq Məsudun ilk hekayələrindən başlayaraq, demək olar ki, bütün yaradıcılığını bürüyən “ölüm kabusu” onun ideya- bədii dünyasını anlamaq üçün, əgər belə demək mümkünsə, universal bir motivdir.
Yazıçının təfsilatı ilə təsvir etdiyi “ölüm” insan həyatının fizioloji sonu olmaqdan daha çox, təbii ruhi mövcudluğun “dünya nöqtəsi” və ya haradansa (hansı “məlumluq”dansa) harayasa (hansı “məchulluğ”asa) “keçid”dir. Və həyatın yalnız refleksləri deyil, nə qədər mistik görünməsinə baxmayaraq, həm də mahiyyətidir.
Afaq Məsud yazır:
“Ölümü anladıqca bədənimin mümkün qədər çəkisiz - ətsiz və sümüksüz olmasının vacibliyini anlayır, üz tutduğun görünməz aləmin incəliyinə uyuşmayan bu kobud ağırlığınla törədə biləcəyin əngəlliklərdən vahimələnməyə bilmirsən”.
“Ölüm kabusu” (qorxusu!) Afaq Məsudun, yaşından, cinsindən, sosial mövqeyindən asılı olmayaraq, qəhrəmanlarının hisslərinə hər an hakim ola bilər.
“Öldürdülər” hekayəsi elə ilk cümlələrdən narahat psixoloji ovqat yaradır... Qızı Fəridə ilə kənddən şəhərə gələn Fatma axtardığı mənzili tapsa da, əmisi qızı Sona xanım onu soyuq qarşılayır. Biləcəriyə oğlunun arxasınca gedən Fatma qızını Sona xanımgildə qoyur. Hər şeydən təsirlənib ağlayan kənd uşağı Fəridə yad şəhər evində özünə yer tapa bilmir.
Fatma Bakıya əsgərliyə yola saldığı oğlu Xasayın Biləcəridə kimlərləsə savaşdığına görə milisə düşdüyünü eşidib gəlmişdi. Və bakılı qohumlardan kömək gözləyirdi... Ancaq gözlədiyi kimi olmur... Özü tək gedir...
“...Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca Fəridəni ağlamaq tuturdu, üzünü balışa basıb hönkür- hönkür ağlamaqdan özünü güclə saxlayırdı. Burda ağlamaq olmazdı”...
Fəridənin narahatlığı son həddə çatır...
“Dəhlizdə balaca bayquş səsiylə ulayan uşağın ağlamağı da, hər əşyası xüsusi dəbdəbə saçan bu havasız ev də, haranısa qapı kimi döyən külək də bu axşam Fəridəyə, yaxınlaşmaqda olan qorxulu və təhlükəli nədənsə xəbər verirdi”...
Fəridə, ona dəfələrlə tapşırılmasına baxmayaraq, özünü ağlamaqdan saxlaya bilmir... “Ağlına gələn fikir isə bu idi ki, çox güman ki, anası onu bura - bu evə elə bundan ötrü gətirmişdi. Xasayı axtarmaq bəhanəsiylə aradan çıxıb onu bu adamlara birdəfəlik təhvil verərək kəndə qayıtdı. Özü demiş, “uşaqların yavanlığını çatdıra bilmədiyindən”, onu da başından beləcə əkmişdi, Sona əmiqızısının köhnə arzusunu da - “ev işlərində ona hayan olacaq üzüyola qız uşağını tapmaq” tapşırığını da beləcə yerinə yetirmişdi. Ötən il ondan iki yaş böyük bacısını böyük vəzifələrdə işləyən dayıuşaqlarına təhvil verdiyi kimi, onu da bu evə təhvil vermişdi”...
Hekayə yazıçının ümumi üslubu üçün səciyyəvi olan məntiqlə sona çatır:
“...Fəridənin ağlamağından, ya küləyin növbəti həmləylə pəncərələrə çırpılıb şüşələri titrətməsindən, meşin üzlü çöl qapısının zəngi vuruldu.
Gələn Fatma idi. Özünü qızının səsinə hövlnak içəri salıb Fəridəni qucağına basdı. Anasının bu hərəkətindən qəhəri birə on artdı, başını anasının qarnına basıb ağlamaqdan nəfəsi kəsilə- kəsilə:
- Mən...ni bur...da öldürdü...lə-ə-ər!!! Öldürdülə-ə-ər!!!..- deyib zarıdı.
Fatma donuq halda əmisi qızına baxdı.
Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil Fatma gedəndən bəri, həqiqətən, uşağı öldürməklə məşğul olmuşdular”...
Əslində, məşğul olmuşdular... Fatma da, Sona xanım da, Rəhim müəllim də, hətta onların uşaqları, nəvələri də... Hamı məşğul olmuşdu...
Çünki Fəridə bu cür “ölüm”ə bütün ruhu, varlığı ilə “hazır” idi: başqaları üçün adi göründüyü, yaxud başqalarında bu cür öldürücü təsirə və ya təzyiqə qarşı müdafiə “qlaf”ı olduğu halda, Fəridədə bu immunitet yoxdur... Ancaq onun daxilində gizlənmiş öz dünyasını qorumaq ehtirası (və enerjisi!) kifayət qədər güclüdür...
Görünür, “Gecə”, haradasa “Öldürdülər”in assosiativ davamıdır...
“Gecə” hekayəsi ömrünün son aylarını, hətta günlərini yaşayan, hər il çıxdıqları yaza artıq çıxa bilməyən qoca cütlüyün son duetidir. Çovğunlu, qaranlıq, soyuq bir gecə... Yuxu ilə gerçəklik arasında vurnuxan Talıb kişi... Və onun xırdalıb “findıq boyda olmuş”, yorğanın altında gizlənmiş qarısı...
Talıb kişi ölməmişdən əvvəl yuxu- xəyalı ilə artıq çox- çox geridə qalmış ötən günlərə gedir...
“Çovğun başlamamışdan bir müddət əvvəl Talıb kişinin yuxusuna ağ saqqallı, ağ əbalı nurani bir adam girmişdi. O, Talıb kişinin əlindən tutub yatağından qaldırmış, arxasınca çəkə- çəkə harasa ucu- bucağı görünməyən ağappaq səhralığa bənzər qəribə bir yerə aparmışdı... Elə ordaca əlindən buraxıb qeybə çəkilmişdi və Talıb kişi külək uğultusuyla dolu həmin o səhrayla təmtək qalmışdı... Sonra necə olmuşdusa Talıb kişinin ayağının altında yer tərpənmişdi və Talıb kişi aşağı baxıb görmüşdü ki, sən demə, bayaqdan bəri donub dayandığı yer - səhnədi... Bir qədər irəlidə aşağıda əllərində musiqi alətləri saysız- hesabsız musiqiçilərdən ibarət böyük orkestr onun işarəsini gözləyir... Onda Talıb kişini elə səhnədəcə ağlamaq tutmuşdu... Bədənində çoxdandan bəri yadırğadığı tanış istiliyi hiss eləmiş, bir vaxtlar elədiyi kimi, saçlarını sığallayıb əllərini havaya qaldırmışdı... Gözlərini yumub orkestrə başlamaq işarəsi vermişdisə də, orkestr çalmamışdı”...
Bu isə nə az, nə də çox, həyatın sonu demək idi. Ancaq o tək deyildi, bir qarısı da var idi... “Hələ lap cavanlıqdan xırdaydı, qocalıb indi az qala fındıq boyda olmuşdu. Çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yığılıb xırda oynaq gözlərilə ona baxırdı”...
Hekayə, demək olar ki, “şıltaq” qarı ilə təmkinli qoca arasındakı “mənasız” olduğu qədər də mənalı dialoqdan ibarətdir. Və cütlüyün bu dialoqu qarının “monoloq”u ilə başa çatır:
“Göy guruldayır... Talıb!.. Eşidirsən?.. Bu nə vaxtın gurultusudur?.. Heç qışda da göy guruldayar?.. Bəlkə yağış yağır?.. Dur bir pəncərədən bax. Sən düz deyirdin. Yaz lap yaxındaymış... Talıb, Talıb, A Talıb... Danış, qurbanın olum, qorxuram axı!.. Talıb... Talıb... Talıb?!.”
Belə görünə bilər ki, hekayənin qəhrəmanı Talıb kişidir, əslində isə bütün hissləri, həyəcanları, “amorf” yaşantıları ilə onun arvadı - qadın ön plandadır... Və məsələnin bu tərəfini ədəbiyyatşünas Maral Yaqubova, fikrimizcə, kifayət qədər aydın şərh edir:
“Sosial iyerarxiyada kişi qadından öndədir, o qadının inandığı, güvəndiyi, güclü bildiyi müdafiəçi ərdir. “Hə, sən məndən ağıllısan”. Və ya “Sən qoyarsan mən ölüm”. “Mən ölmüşəm ki, sən öləsən!” “Gecə”. Lakin zaman dəyişməlidir, qoca və qarı göyün üzündə keçmişin xəyali məkanında qalır.
Afaq Məsudun hekayələrində maraq doğuran faktlardan biri də ölümdür. Kişi və qadının hakimiyyət uğrunda müharibəsi təbii ki, ikilidən birinin ölümünü şərtləndirirdi. Maskulinin ölümü iki çərçivədə baş verir: birincisi, Talıb kişinin ölümü - köhnə kişilərin sonuncu nümayəndəsinin ölümü yeni mərhələyə keçiddə qarşıda duran maneənin dəfi idi”...
Lakin burada etiraz doğuran odur ki, mətləb xeyli dərəcədə sosiallaşdırılır və nəticədə belə bir prozaik qənaət meydana çıxır ki, guya Talıb kişinin ölümü ilə onun arvadının hansısa feminist arzu və ya idealları yerinə yetirilmiş olur... “Talıb kişinin ölümü”nün “yeni mərhələyə keçiddə qarşıda duran maneənin dəfi” kimi təqdimi də istər- istəməz şübhə yaradır... Hər şeydən əvvəl ona görə ki, Afaq Məsudun bədii idrak məntiqi və ya stixiyası insanın “tərcümeyi- hal”ının təsəvvür edildiyindən də çox dərin qatlarına nüfuz eləmək iddiasındadır.
Xalq yazıçısı Anar yazır:
“Şəhər nəsri”, “kənd nəsri” təbirləri, şübhəsiz, şərti anlayışlardır. Amma əgər bu “ərazi prinsiplərinə” riayət etməli olsaq, Afaq, əlbəttə, şəhər yazıçısıdır. Bu ərazini bir az da daraltsaq, görərik ki, Afaq şəhərin küçəsiylə, meydanıyla, məktəbiylə geniş təsvirinə deyil, dörd divar arasındakı bir mühitin təsvirinə meyl edir, şəhər mənzilində cərəyan edən həyat tərzini, insan münasibətlərini göstərmək istəyir... Afaqın “Tutuquşu”, “Yataqxana”, “Şənbə gecəsi” hekayələrində, “Qarğış” povestində təsvir etdiyi həyat dörd divar arasında məhdudlaşsa da, müəllif insan xarakterinin, psixologiyasının, taleyinin daxilinə, dərinliklərinə nüfuz edir”.
Yazıçı müsahibələrinin birində xatırlayır ki, “iyirmi iki yaşında yazdığım “Bekar” hekayəsini oxumaq üçün Ramiz Rövşənə vermişdim. O, hekayəni oxuyub mənə qaytaranda “Alber Kamyunun “Pastaronniy” əsərini oxumusan?” dedi. Onda mən Alber Kamyunun adını ilk dəfə idi eşidirdim. Sonradan o əsəri oxuyub heyrətə gəldim... 50-ci illərdə uzaq Əlcəzairdə yaşayıbyaratmış fransız yazıçısı ilə müxtəlif dövrlərdə və ərazilərdə eyni bir adamı yazmışdıq... Mənim “Bekar”ım xarakteri, düşüncə tərzi, anaya və özünə münasibəti, həyat temperaturu, ədaları, hətta hərəkət plastikasıyla Kamyunun “Yad”ıyla eyni adam idilər. Onların hər ikisi üçün həyat - hər dəqiqəsinin içində bütöv bir ömür yaşadıqları ölçüsüz, nəhəng zaman kəsiyi idi. Fərq bircə bundaydı ki, Kamyu öz “Yad”ının taleyini qəddar məhkəmənin hökmü ilə, mənsə “Bekar”ımın müqəddəratını onun öz yatağında həll edirdim”...
Sual olunur: Afaq Məsudun hekayələrində, ümumən yaradıcılığında dünya ədəbiyyatı ilə tez-tez etiraf olunan oxşarlığın səbəbi nədir?.. Nə zaman ki, yazıçı mövzunu, süjeti, obrazı (və ümumiyyətlə, ədəbiyyat adlanan hadisəni) öz daxilində təbii bir şəkildə inikas olunmuş, süxurlaşmış “həyat”dan alır, hansısa sosial- ideoloji, yaxud patetik texnologiyalarla uydurmur, onda oxşarlıq qaçılmazdır. Və o da qaçılmazdır ki, bu oxşarlıq nə qədər oxşar olsa da, labüd fərqlər də verəcəkdir.
525-ci qəzet