NUHUN GƏMİSİ

   Binası, tavanı dörd bir yandan uçulub tökülən Mərkəzin -1, il-ildən kasıblaşıb müflisləşdikcə, damı axıdıb dəhlizlərini su gölməçələriylə doldurduqca, zaman-zaman hardansa, sanki, özülündən aldığı sirli energetik təkanlardan dirçəlməsi – isidicisi, soyuducusu olmayan sınıq-salxaq otaqların soyuq qış aylarında ilıq, rahat yuvalara, bürkülü yay günlərində sərin, havalı hücrələrə çevrilməsi, sakinlərinin həyat eşqinin, ehtiyacları artdıqca, yüksəlməsi bu ocağın, onu, sanki ovcunda saxlayan, hansısa qüvvənin nəzarətində olduğundan xəbər verir. Bura daxil olanların rellıqdan irreallığa, maddilikdən qeyri-maddi aləmə, sufilər demişkən, mülkdən mələkütə düşdüklərini, binaya bir vəziyyətdə daxil olub, tərk edərkən ayrı vəziyyətdə olduqlarını anlamaları, bu uzunsov quruluşlu, şüşəli binanın dünya qarmaqarışıqlığıyla, heç hara dönmədən, heç harada lövbər salmadan, öz kursu ilə üzməyə davam edən Xilas Gəmisi olduğundan xəbər verir.

 

 

1. Mərkəz – Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi