İLYAS ƏFƏNDİYEV
İlyas müəllim haqqında xatirə yazmaq istədiyim günün səhəri bərk xəstələndim. Bir həftəni yataqda keçirməli oldum. Sonra ortaya ayrı işlər düşdü. Yarımçıq xatirə mənimlə bir, əl çantamda işə gəlir, bağa gedir, gecələr yastığımın altında qalır, heç cür tamamlanmaq bilmirdi. Bir gecə (cümə axşamına açılan gecə) yuxuda İlyas müəllimi gördüm. İlyas müəllim zolaqlı pijamada bizə gəlmişdi, mənə bir boşqab meyvə gətirmişdi... Mən boşqabdan çəhrayı ərikləri yığıb yedikcə, mehriban, gülümsər gözlərini məndən çəkmirdi.
Müəyyən qisim insanlar var ki, onların dünyadan köçüb getməsi çox vaxt bizləri, özümüzün də özümüzə aydın olmayan əhvallara, ovqatlara salır.
Yaxın keçmişdə dahi italyan rejissoru Federiko Fellininin və böyük italyan aktyoru - Marçello Mastroyaninin ölümündən sonra mən uzun-uzadı bir dövr, zəhlətökən depressiv əhvallı boz günlər yaşadım. Sonradan - bu üzüntülü günlər, nəhayət ki, bitib başa çatdıqda anladım ki, bu uzunömürlü düşkün əhvalımın əsas səbəblərindən biri və bəlkə ən əsası, hər iki sənətkarın sənət tarixçəsinin dövr etibarı ilə bizim ailə tarixçəsi ilə üst-üstə düşməsi, daha doğrusu, Vəliyevlər ailəsinin taleyinin (ata-anamın cavanlıq illəri, babam, nənəm, ulu nənəm Fəxricahan, bizim uşaqlıq xatirələri, indi Prezident Aparatının yerləşdiyi Çkalov 15 ünvanlı çəhrayı bina və s.) Fellininin ağ-qara tragikomik, həyəcanlı və kövrək filmləri içindən keçib getməsidir.
Hər iki sənətkarın ölümü, görünür ki, məni həm də bizim ailə tarixçəmizin hansısa fəslinin başa çatması, bitməsi aktı kimi sarsıtmışdı.
İlyas müəllimin ölümü də məni beləcə sarsıtdı. Ailə tarixçəmizin bir fəsli də beləcə başa çatdı.
İlyas Əfəndiyevin bizim ailə ilə - babamla, atamla yaxınlığı təkcə həmkarlıq, qonşuluq, tanışlıq münasibətləri deyildi. Bu, həm də ədəbiyyat, mənəviyyat, yüksək insani, əxlaqi keyfiyyətlər, müqəddəs hisslər, toxunulmaz dəyərlər dostluğu idi. Axı İlyas müəllim gözəl qəlbli insan, sadiq dost, istedadlı yazıçı olmaqla bərabər, həm də sözün əsl mənasında, böyük ədəbiyyatçı idi.
Təxminən 70-ci illərin axırlarında mənim «Qarğış» povestim haqqında «Ədəbiyyat və İncəsənət» qəzetində təsadüfi imzalı bir ədəbiyyatçının (özü də qadın idi) məqaləsi getmişdi. Məqalə mənim yaradıcılığımdan söz açır, bəzi povest və hekayələrimin təhlilini verirdi. Amma bu, təhlildən çox, tərif idi. Özü də əsərlərin mahiyyətinə varmaq iqtidarında olmayan istedadsız bir filoloqun kor-koranə, səthi tərifi. Bir sözlə, məqalə «Azərbaycan qadınının yaradıcılıqla məşğul olmasını, əlinə qələm alıb ədəbi cümlə yazmasını» təqdirəlayiq hesab etməklə kifayətlənən bəsit bir yazı idi.
Düzü, məqaləni oxuyanda həm pərt oldum, həm də özüm-özümə əsəbiləşdim ki, bu sayaq qavrama qabiliyyətinə malik oxucular üçün niyə yazırsan ki, belə «tənqidçilərin» tədqiq obyektinə də çevriləsən?..
Bu hadisənin üstündən bircə həftə keçmişdi ki, «Ədəbiyyat və İncəsənət» qəzeti mənim «Qarğış» povestim haqqında növbəti yazı verdi. Bu dəfə yazının müəllifi - hörmətli yazıçımız İlyas Əfəndiyev idi...
O, «Ədəbiyyat və İncəsənət» qəzetinin redaksiyasına, mənim «Qarğış» povestim barədə gedən məqalə ilə bağlı «Açıq məktub» yazmışdı. Məktubda qeyri-professional adamlar tərəfindən ciddi ədəbiyyat nümunələrinə qiymət verilməsinə və bu sayaq səthi, ədəbiyyat baxımından naşı yazının «Ədəbiyyat və İncəsənət» qəzeti kimi peşəkar ədəbi qəzetin səhifəsində yer almasına görə redaksiyanın işinə kəskin iradlar tutulurdu. Yadımdadı ki, məktub belə bir cümlə ilə bitirdi: «...bu sayaq ədəbiyyatlara düzgün ədəbi qiymətin verilməsi üçün bizdə peşəkar ədəbi tənqidin özünün yetişməsi gərəkdir».
Məktubu oxuyub kövrəldim. Demək, mənin sözümün, hissimin, zəhmətimin təəssübünü çəkən insanlar varmış... Demək, necəsə, hardasa ədəbiyyatın, bədii sözün keşiyində yorulmadan, usanmadan dayanan sədaqətli və sayıq söz sahibləri varmış.
***
İlyas müəllimin bizim evdə bir neçə fotoşəkli var: babamla, atamla, müxtəlif yerlərdə, iclaslarda, şəhərlərdə. Atamla Şuşada istirahət evində. Hər ikisi zolaqlı pijamada...
İndi onların hər üçü o dünyadadı.
Bəzən o dünyaya köçən dəyərli insanlarımızın siyahısına nəzər salanda və bu siyahıya bir az da gendən baxıb, ora digər millətlərin və ölkələrin, uzaq-yaxın qərinələrin zəngin duyğulu, ali şüurlu şəxsiyyətlərini də əlavə eləyəndə, məni qəribə, izaholunmaz bir hiss bürüyür. Dəyərli adamları itirdikcə, O dünyanın gücünün artdığı, sərhədlərinin genişləndiyi hiss olunur. O dünya möhtəşəmləşib qüvvətləndikcə, bu dünyanın bizimlə bir, tutqun, işıqkeçirməz buludlar altında yiyəsiz qalan, yarıqaranlıq, miskin məmləkətə oxşamağa başladığını duyuram. O biri üzün möhtəşəmliyini getdikcə daha aydın və dəqiq duyuram... üstümüzə hardansa, yuxarılardan dikilən minlərlə dahi gözün, məhəbbət və təəssüf, bəzən qəzəb və kin dolu baxışlarını tutur və qorxuram. Talelərimizi, hiss və düşüncələrimizi idarə edənin, çıxılmaz, çaşqın anlarımızda qulağımıza isti sözlər pıçıldayanın, bu sürüşkən dünyada yeganə tutacağımız, dayaq nöqtəmiz olan həmin bu məhəbbət və təəssüf dolu, qorxulu baxışlar olduğunu da anlayıram...
1997