QƏM ÇATININ İŞIĞINDA
Qəribədi ki, dostlar haqqında, əsasən iki halda yazırıq. Yaşadıqları illərin sayı yuvarlaq rəqəmi alanda, yaxud ölümlərindən sonra. Hər iki halda həyatımıza, taleyimizə daxil olan bu sevimli insanlara bir də yenidən, kənardan - gah uzaq illərin darısqal pəncərələrindən, gah bu günün acı reallığından baxmağa çalışırıq ki, yaşadığımız ömür kəsiyində nələri itirib, nələri qazandıqlarını, olsun ki, bu vaxtacan anlamadığımız daha hansısa dəyərlərini müəyyənləşdirməyə, bu vaxtacan görmədiklərimizi görməyə, duymadıqlarımızı duymağa cəhd edirik, uzun illərdən bəri, az qala iliyinəcən tanıdığımızı düşündüyümüz bu doğmaları bir də yenidən kəşf etmək istəyirik...
Bu gün mən, az qala iyirmi ilə yaxın, ilk baxışda həddən ziyadə uzun, əslində isə, qısametrajlı təsirli film kimi, göz qırpımında ötüb keçmiş zaman kəsiyində tanıdığım bir dostumu - Zakir Fəxrimizi bir də yenidən kəşf etməyə ehtiyac duydum.
Bu dostumun bu gün nə ad günüdü, nə ölüm günü. Üzümüzə gələn il tamamlanacaq 60 yaşına da hələ çox var. Saçlarının çallaşıb ağarmasına baxmayaraq, bu dostum yaxın günlərəcən heç əməlli-başlı yaşa da dolmamışdı, xətrini əziz tutduğu qələm dostlarımızı yamsılayıb bizi güldürməkdən, özü demişkən «bezdarnikləri» adam arasında qəfildən pərt eləməkdən qəribə yeniyetmə zövqü alırdı. Lap bu yaxınlaracan Mərkəzə lap tezdənnən - səhərin gözü açılmamış gələr, dəhlizlərdəki zibil qutularının, bəzən yaddan çıxıb gecədən açıq qalan pəncərələrin vəziyyətindən, hər şeyin hərgünkü qaydasında olduğundan xəbər tutduqdan sonra Mərkəzlə üzbəüz səkidəki çayxanaya yön alar, orda çay içib fikrə dala-dala dost-tanışın yolunu gözləyər, onlar gəlib çıxandan sonra yenidən çay sifariş verib, usanmaz bir həvəslə Füzulidən Qəzaliyə, Qəzalidən Nəsəfiyə keçər, Gün yuxarı qalxdıqca, Mərkəzin dəhlizləri, otaqları adamla dolduqca, qalxıb içəri keçər, tezdən alıb maşınında gizlədiyi bazarlığını - mövsüm üzrə seçib bəyəndiyi meyvələri, peçenye və konfetləri, övladlarının arasında bölüşdürəntək, otaqlar üzrə ədalətlə paylaşdırar, yalnız bundan sonra məmnun bir fınxırtıyla burnunu çəkib otağına keçərdi. Dəhlizlərdə əks-səda, həyat eşqi dolu gülüşü, xırıltılı səsi hərdən kiminsə başına düşəndə, özünü o yerə qoymaz, sözü qəribə uşaq sadəlövhlüyü ilə dəyişib:
- Balam, elə bil havada nə isə var axı?!.. - deyərək, hamını üsulluca çaşdırardı.
Uzun müddət şeir yazmayan, bir vaxtlar yazdığı təsirli şeirlərinin - «Qalmaz belə, qalmaz dünya»nın, «Qaytar ana, qaytar məni beşiyə»nin, hələ də layiqli qiymətini almayan şirəli qəzəllərinin havasında doyub, dost-tanışının, əqrəbanın dərd-səriylə yaşayan Zakiri, «Xəzər»in nəşri yenidən bərpa olunan dövrlər, az qala döyə-döyə bədii tərcüməyə oturtmağa cəhd elədiksə də, tərcümədən, dərin, yad okeandan ehtiyat edəntək çəkinən dostumuz:
- Balam, bu, mənlik döyül axı?!.. - deyib durdu.
Lakin bir müddətdən sonra onun internetdə, dünya poeziyası saytlarında axtarışlar apardığını eşidib çaşdıq. Bir qədər sonra isə «bədii tərcümənin hüdudsuz imkanlarından», «dünya poeziyası dühasının ölçüsüzlüyündən» məst olmuş Zakirin, aparıcı dünya şairlərinin əsərlərini sətri tərcümənin köməyi vasitəsi ilə birbaşa orijinaldan çevirməyə başladığını eşidib sevindik.
Burda bizi heyrətə gətirən növbəti məqam - ömrü boyu milli ruhlu şeirlər, qəzəllər yazmış Zakirin dünya poeziya məkanından, dəryadan mirvari tək, seçib bəyəndiyi şairlərin siyahısı oldu. Alen Ginzberq, Riçard Oldinqton, Ezra Paund, Vislava Şimborska, Çeslav Miloş, Con Kits, Robert Frost, Pol Verlen, Uilyam Yits, Uolt Uitmen, Artür Rembo, Emil Verxarn, Georq Geym, Uilyam Batler, Qarsiya Lorka... Dünya poeziyasının milli ruh anlayışının fövqündə yazıb-yaradan bəşəri söz sahibləri. Üslubca, bədii ifadə imkanlarıyla, dünyaya baxış bucaqlarıyla, milli mənsubiyyətləri və yaşadıqları zaman kəsiyi ilə tam müxtəlif qütblərə aid olan bu korifeylər, Zakirin parlaq tərcüməsi ilə Azərbaycanda öz mühitini yaratdı, şəfqətli müdaxiləsi ilə fikir və duyğu ərazimizi təzələdi.
Bədii tərcümə sahəsinə az-çox bələd olanlar belə bir ağır prosesin - ilk növbədə istedad, yüksək intellekt və fəhlə əziyyəti tələb edən bu işin nə qədər maddi vəsaitin və nə boyda şairlər ordusunun köməyi ilə həyata keçə biləcəyini yaxşı dərk edir. Bu həddən ziyadə ağır yaradıcı işi təmənnasız halda, ədəbiyyata, Sözə böyük eşqlə həyata keçirən bizim Zakir Fəxri oldu.
***
1990-cı ildə sevimli oğlu Sadığın dünyaya gəlişinə yazdığı «Xoş gəldin, dərdim, xoş gəldin...» şeirindən sonra elə bil daha heç nə yazmayan Zakirin o gündən etibarən meyilini tək bir bu dinməz, kürən uşağa saldığını görən bizlər bu şeiri bir də 17 ildən sonra - Sadıq faciəvi halda dünyasını dəyişəndə xatırladıq... və bu dünyaya şad, kefçil adamın unikal öncəgörməsindən sarsıldıq...
Göylərin yeddi qatından,
Qəriblərin ovqatından,
Qəmlərimin çatından,
Keçib, sinəmə tuş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.
Yelkən oldu, üzdü gəmim,
Çiçəklədi qüssəm, qəmim,
Tumurcuqladı qələmim,
Qaşsız baxtıma qaş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.
Gözündən yüz bulaq oydum,
İçdikcə demədim doydum,
Mizan-tərəziyə qoydum
Sevgimlə başa-baş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.
Üz tutdum Söz dərgahına,
Od üçün köz dərgahıma.
Nədənsə öz dərgahıma
Qayıdıb əliboş gəldim,
Xoş gəldin, dərdim, xoş gəldin...
Şairin həmin o faciədən bir neçə ay əvvəl qəfildən, anlaşılmaz bir nisgillə bir-birinin ardınca yazdığı bir neçə şeirinin də məhz həmin bu öncəgörmənin gizli yanğısı olduğunu biz həmin o taleyüklü hadisə baş verən gün anladıq...
De, hara getdin baş alıb?
Yerin, yurdun bilinmədi...
Gördüm ki, dünya boşalıb
Nəydi dərdin, bilinmədi.
Üzümü tutdum dağlara
Baxdım ki, dağlar kiçilib.
Quşlar qonmur budaqlara
Körpə budaqlar kiçilib.
Göz açdım ki, təklənmişəm
Səhrada azan kimiyəm.
Qəribliklə yüklənmişəm
Bir qərib Ozan kimiyəm.
Gördüm dörd yanı su basıb
Ha əlləşdim, keçəmmədim.
Bir az susadım mən kasıb,
Bir qurtum su içəmmədim.
Ağaclar quruyur gördüm,
Çiynimə yarpaq tökülür...
Gözlərimin nuru itir
Gözümə torpaq tökülür...
Hara getdin, söylə hara?
Kürəklərim buz bağladı...
Gözlərimin suyu getdi
Bəbəklərim duz bağladı.
Qar-çovğun, ehtiyaclar, itkilər və iztirablar dolu ömrünün hansısa döngəsində, yolunu sakit, dərin quyu kimi gözləyən bu qaçılmaz faciəni, Zakir elə bil lap çoxdan görürdü. Yaddaşlardan hələ də silinməyən «Dustaqxanadan dustaqxanaya» romanının ilkin fəsilləri ilə özünü həm də parlaq nasir kimi təsdiqə yetirmiş Zakirin, sonradan əsəri yarımçıq saxlamasının, «Xəzər»ə, Mərkəzə yağan saysız-hesabsız oxucu məktublarına, ürəkgöynədən misralarının, uğurlu tərcümələrinin şəninə deyilən məqalələrə və təriflərə etinasızlığının bir səbəbi də elə bil elə bu idi...
Zakirin şan-şöhrətə, məşhurluğa olan bu etinasızlığı - uzun illərdən bəri dillər əzbərinə çevrilmiş şeir və qəzəllərinin hələ də yiyəsiz bir dağınıqlıqla - vaxtı ilə nəşr olunmuş köhnə qəzet-jurnalların saralmış səhifələrində qalması, bu gün bir çoxlarını təəccübləndirirsə də, qədim şair xislətli bu insanı, bugünümüzün məşhurluq azarından kükrəyən, əslində isə boş sözlər tozanağından qulaq tutulan Söz meydanını əlində süpürgə, sakit-sakit süpürən Füzuliyə bənzədir.
Zakir Fəxriyə nəsib olan bu səbir, bu nəcib təvazökarlıq, bu universal özünüifadə qabiliyyəti, sözsüz ki, hər adama verilmir. Mənim bu əziz, sədaqətli dostuma qismət olan iztirablar və əzablarla dolu həyat yolu hər adama verilmədiyi kimi.
«Böyük gəmiyə üzməyə dərin sular gərək», - deyərlər.
Zakirin dəryası dərindən dərin oldu...
***
- Mən Tanrının sevimlisiyəm, - olub-keçənlərdən, başına gələn hadisələrdən, əzablı dustaq həyatından danışanda, Zakir sözünə mutləq belə başlayırdı. - Bütün əzabları da ona görə verir mənə ki, Onu unutmayım.
Zakir bu gün də belə deyir. Sevimli oğlunu - Sadığı itirəndən sonra yenə bu fikrində qalır.
- Görünür, Sadığa hədsiz bağlanmağım xoş getmədi Ona, - deyir, - ona görə aldı onu məndən ki, fikrim Ondan yayınmasın. Sübh çağları, hava hələ işıqlanmamış eyvana çıxıb var səsimlə Onu çağırıram, «niyə bu qədər əzabı mənə verirsən?..» - deyirəm.
Sonra üzünü mənə tutub:
- Axı niyə məhz mənə?.. - deyib sual dolu gözlərlə üzümə zillənir... mən susduqca, gözlərinin dərinliyindəki həyat eşqi getdikcə səngiyir, qəribə, müdrik həlimliklə əvəz olunur. Nə deyəcəyimi gözləyir...
Mənsə martın 11-dən bura bütün dediklərimi və deyə biləcəklərimi ona demişəm artıq. Günah içində susuram. «Dustaqxanadan-dustaqxanaya»da oxuduğum darısqal dustaq həyatının gizli qorxusu hələ də üz cizgilərinin künc-bucağından sızan bu yorğun üzə baxdıqca, çıxılmaz məqamlarında onu ovuda biləcək yeganə adamı - Zakirin anasını - yaşı 80-ni haqlasa da, iri, ala gözləri gənc, nakam qızın batdığı qəmli gölü andıran Ayna xalanı xatırlayıram...
...Zakir dinmədiyimi görüb bir müddət fikrə gedir, sonra pərt gözlərlə harasa kənara zillənib:
- Bilirsən, Sadığın ölümü niyə sizə mənim qədər təsir eləmir? Onu mənim qədər tanımamısınız axı?!.. - deyir.
Onu ovutmaqdan ötrü dünyanın puçluğundan, həyatın ötəriliyindən, insanı məhv edən maddi əzablarından danışıram, sufiləri yada salıram, çox sevdiyi İmam Həsən Bəsridən, Qəzalidən, Nəsəfidən misallar gətirirəm...
O mənə qulaq asıb-asıb, elə bil bir qədər ovunur, sonra başını aşağı salıb hündür boyuyla ayağa qalxır, peşman addımlarla qapıya sarı yeriyir, otaqdan dinməz-söyləməz çıxıb hayanasa gedir...
Mənsə, onun bu dərdiylə üzünü tutub gedə biləcəyi yerin olmadığını bilirəm. Ən çətin, çıxılmaz məqamlarında Mərkəzə - bizlərə sığınan Zakirin bu topdağıtmaz dərdlə, əslində heç hara getmədiyini, ayaqları vücudunu haralara aparsa da, özünün geriyə qayıdıb, hardasa, buralarda - Mərkəzin dəhlizlərində dolaşacağını bilirəm...
Bağışla bizi, Zakir... - ürəyimdə deyirəm, - bu dünyada yenilməz dayağın bildiyin dostların da, sən demə, bərk ayaqda aciz imişlər. Allahın qarşısında hansı dostluqdan dəm vurmaq olar axı?!.. Deyirlər, qohumları Allah verir, dostları biz özümüz seçirik. Amma dostları da bizə Allah verir, o da bir yerə qədər.
Sən demə, bölünən və bölünməyən dərdlər varmış. Bölünə bilənləri kifayət qədər bölə bildik. Bölünməyənləri artıq təkbaşına, yalnız özün özünlə bölmək güdrətin olmalıdı ki, o aralıqda sınmayasan, əzilməyəsən. Sən güclüsən, əyilməzsən. İtkinə sənin qədər yana bilmədiyimizin də səbəbini özün tapıb düzəltdin ki, bu çətin məqamında heç olmasa, bizləri itirməyəsən. Amma bil ki, qəfil qar kimi başına yağan bu dərdin, bizləri də ayırdı səndən. Anlayasan ki, əslində, Ondan savayı dostun yoxdu bu dünyada. Qüvvətli ol, əzizim. Sənin ki bundan sonra yaşamağa o boyda Səltənətin - yazılmış, yazılmamış misraların, ilahi duyğuların, həzz və inam dolu ağrıların var. Sən o ağrıları, o sonsuz ləzzəti özün özündə, öz içində tapacaqsan. Böyük sufilər demişkən, dairə burda da qapanacaq və bütün böyük söz adamları kimi, sən də Özündə yuva quracaqsan, orda yaşayacaqsan və o sonsuz, əbədi həyat yolunda daha heç bir ölümlə, heç bir ayrılıqla rastlaşmayacaqsan. Bunu ki, özün də yazmısan:
Qopdum odumdan, közümdən,
Əllərim qopdu dizimdən,
Bir az da qopdum özümdən,
Bir az da gəldim yaxına.
Keçdim ilanlı yolları,
Daşlı, tikanlı yolları
Bazar-dükanlı yolları
Bir az da gəldim yaxına.
Bir az da qaçdım tamahdan
Nəfslə çəkdiyim ahdan,
Qurtuldum bir az günahdan,
Bir az da gəldim yaxına.
Çiynimdən yükləri atdım
Hey üzdüm üzü axına.
Addım-addım gəlib çatdım,
Bir az da gəldim yaxına.
Doğmalarım döndü yada,
Evim oldu qərib ada.
Dolaşıb payi-piyada,
Deyəsən, düşdüm axına,
Bir az da gəldim yaxına...
***
...İndi - Sadıqdan sonra bizim Zakir tamam ayrı bir Zakirdi. Səbirli, sakit, müdrik. İndi onun Mərkəzə nə vaxt gəlib-getdiyini də heç kim sezmir. Mərkəzin binasına nə vaxt daxil olur, nə vaxt dəhlizlərdən ötüşür, otağında necə bitir, sonra günün hansı vaxtı, su çəkiləntək, sakitcə çəkilib gedir.
İndi Zakirin mövsüm üzrə seçib bəyəndiyi meyvələrdən də qəm yağır.
Sadıqdan sonra Mərkəz də dəyişib. Sevimli dünya ədəbiyyatı bütün inciləriylə bir, harasa uzaqlara sovuşub. Çoxdandı Mərkəzə ədəbi nümunələr seçmək üçün saatlarla işlətdiyimiz internet haqqı da gəlmir.
İndi Mərkəz Zakirin böyük qəmini yaşayır...
İndi mənim bu sədaqətli, ürəyiyuxa dostum nə sağdı, nə ölü. O, nə gülən kimi gülə bilir, nə ağlayan kimi ağlaya.
Yaxın günlər ad günümə yazı yazan Vaqif (Bayatlı) yazını mənə verib:
- İstədim Sadıqdan yazam, səndən yazdım. - deyir, üzbəüzdəki kresloya əyləşib, qəribə bir çəkisizliyə düşür...
Vaqifin bu sözünü mən təbii qəbul edirəm. Çünki əslində, mən özüm də dəqiq bilmirəm aramızdan gedən kimdi?.. Sadıq, Zakir, yoxsa mən?..
2007