ÖZ ÜZÜNÜ YAZAN ŞAİR

 

1994-cü ilin soyuq dekabr sübhü, Binə aeroportunun VİP minik salonu bomboş idi. Elə bil yarımca saatdan sonra göyə qalxacaq nəhəng təyyarəyə məndən savayı minən olmayacaqdı.

Çox keçmədi ki, salonun o biri başında Anarla Vaqif Səmədoğlu göründü. Biz hər üçümüz İstanbula - «Türk yazarlarının qurultayı»na, ordan da dəvət aldığımız Berlin Ədəbiyyat Evinin tədbirlərində iştirak etmək üçün Almaniyaya uçmalıydıq.

Anarla Vaqif yanaşı addımlayırdılar. Arada mənə elə gəldi, onlar ayaqlarını qəsdən, ya özlərindən asılı olmadan, eyni ritmlə, eyni növbəylə atırlar. Hər ikisinin əlində nəhəng dəri çamadan var idi.

Yaxınlaşıb salamlaşdılar. Anar hal-əhval tutdu, əyləşib çay sifariş elədi, sonra bütün gecəni yatmadığından, ümumiyyətlə, səhərlər yola çıxan günlər gecələr heç cür yuxuya gedə bilmədiyindən danışdı.

Vaqif isə dinmirdi. Anarın böyründə dinməz-söyləməz elə oturmuşdu, elə bil hələ də əlində ağır çamadan var idi. Tavanın gur işıqlarından alışıb-yanan eynəyinin arxasından hara baxdığı da məlum deyildi. Üzü elə idi, elə bil bura gələnəcən nə isə deyib qorxutmuşdular onu, balaca uşağı cəzalandıran kimi döyüb incitmişdilər, şuluqluq salıb artıq hərəkət eləməsin deyə, dərsini bu başdan vermişdilər.

...Təyyarədə biz nahar etdik və bir qədər konyak içdik.

Konyakdan sonra Vaqifin eynəyinin alışıb-yanan işıqları söndü. Eynəyin tutqun şüşələrinin arxasından onun damğayabənzər qorxulu, qara gözləri göründü. Bütün yolu Vaqif həmin o damğa gözləriylə salonun gah o başında, gah bu başında vurnuxdu, yüksəkliyin təzyiqindənmi, ya nədənsə, əynindəki pencəklə qara dama-dama kəpənək kimi dar illüminatorlara dirəndi, canını qoymağa yer tapmadı.

Vaqif sonralar Yerdə də - yaraşıqlı, oynaq İstanbulda da, bir tərəfi sanki nəhəng kilsənin ağırlığından harasa aşağı əyilən Kölndə də, bizim İçəri şəhəri xatırladan səliqəli Bonnda da canını qoymağa yer tapmadı. Elə bil Yerdə də hansısa naməlum təzyiq onun bədənini məşhur Cazibə qüvvəsinin qanunlarından çıxarırdı.

O, iclaslarda otura bilmir, ədəbiyyatla, poeziyayla bağlı söhbətlər zamanı, ya harasa qeyb olur, ya da yağ içmiş kimi, ürəyi bulana-bulana daş-divara zillənib qalır, gah dağınıq baxışlarla tək-tənha foyedə döyüküb yerindən tərpənmir, gah da parterlərin arasıyla, qəfildən qoyun sürüsünün içinə düşmüş kimi, büdrəyə-büdrəyə dolaşırdı.

Bircə müəyyən məqamlar - tənha künclərə çəkilib, orda əl güzgüsünə oxşayan balaca dəftərçəsini çıxarıb ona zillənəndə, aradabir simic-simic orda nə isə qaralayanda, canı öz yerinə otururdu elə bil. Belə məqamlar Vaqifin üzünə gizli bir məmnunluq sızır, gözlərinin dərinliyində rahat asudəliyə bənzər nə isə işarmağa başlayırdı.

Mənə isə elə gəlirdi ki, həmin o əl güzgüsünəbənzər balaca dəftərçədə Vaqif şeirlərinə yox, öz üzünə baxır... baxdıqca içini zədələyib üzünü damğalayan ağrı-acılarını saf-çürük eləyir, onları sözləriylə yuyub yaralarına məlhəm qoyur.

***

...Vaqif səfər boyu beləcə, nə işgüzar türk yazarlarının qurultayında göründü, nə Kölnün əzəmətli kilsəsində, nə də Reyn çayının adamsız sahillərində...

İstanbulda isə şəhərin qədim məhəllələrindən birində - bir-birinin, az qala qabırğasına yerimiş xırda dükanlar qarışığının içində o, hansı möcüzəyləsə bir dəniz audio-kasetin içindən amerikalı cazmen Oskar Pitersonun lent yazısını tapıb çıxartdı və yalnız bu məqam Vaqifin heç cür açılmayan üzü sevinclə məhrəmliyin qarışığına bənzər qəribə bir işıqla dolub açıldı. Vaqif nə vaxtsa, lap çoxdannan itirdiyi əziz qohumunu tapmış kimi, nisgil dolu qəribə bir sevinclə elə sevinirdi, elə bil tapdığı amerikalı cazmen Oskar Pitersonun diski yox, uzaq Sakit okeanın dibindən çıxardığı ləl-cəvahirat xəzinəsi idi.

...Berlində isə o, Yeni il bayramı ərəfəsində küçələr boyu satılan bər-bəzəkli, al-əlvan oyuncaqların, al-qırmızı, qızılı suvenirlərin içindən saxsıdan düzəldilmiş balaca, boz bayquşu seçdi, suveniri mənə uzadıb tutqun səslə:

- Bunu sənə bağışlayıram - dedi. - Bu, mənəm.

Bakıya dönən gecə yanaşı oturduğumuz təyyarə kreslosundan qulağıma sarı əyilib, Anar eşitməsin deyə, lap astaca:

- Bakıya qayıtmağım gəlmir. Berlində qalmaq istəyirəm - dedi.

Başımı qaldırıb üzünə baxanda gördüm gözləri dolub. Qaramtıl kölgələr sayrışan üzü yenə incik uşaq üzü alıb.

       ***

...Binə aeroportunda xudahafizləşəndə Vaqifin gözləri yenə görünmürdü, yenə tavanın gur işığından alışıb-yanan eynəyinin şüşələri arxasında gizlənmişdi. İçi nələrləsə dolu ağır, dəri çamadanı yenə əlində idi. Üzü elə idi, elə bil yenə danlanıb cəzalandırılacağı yerə qayıtmağın əzabını yaşayırdı. Elə bil qolları da bağlı idi... Qollarını burub arxadan möhkəm-möhkəm bağlamışdılar, ağır dəri çamadanını boğazından asıb, onu Bakıya - edama aparırdılar.

...Vaqifi kim edam eləyəcəkdi?.. - ürəyim sıxıla-sıxıla onun, aeroportun binasından uzaqlaşan yorğun siluetinə baxa-baxa fikirləşdim.

Evə qayıtdıqca, bütün yolu Vaqifin xilas yolları barədə fikirləşdim.

Vaqifi xilas eləmək lazım idi... Amma kimdən, nədən? Bakı şəhərindən, yoxsa ağırlığı qəddini əyən bu sirli çamadanından?.. Ya bəlkə Anardan?.. Yazıçılar Birliyinin qorxular və xof saçan əntiq binasından?.. Ya bəlkə, özündən?.. Qara damalı gizli qanadlarından... damğa gözlərindən, onu dünyadan ayırıb öz üzünə əsir etmiş bapbalaca, sehrli əl güzgüsündən?..

                                                                                                                              1994