ATABƏY

Ağır beton nəmi, insan və avtomobil səsləriylə tüstülənən şəhərin mənasız, məzmunsuz qayğılarından, şəhər həyatının içiboş işgüzarlığından müvəqqəti də olsa, can qurtarıb harasa uzaqlara - Azərbaycanın sakit, adamsız yerlərinə - təkliyə, tənhalığa çəkilmək niyyətim, axır ki, baş tutdu. Uzun götür-qoydan və soraqlaşmalardan sonra, nəhayət ki, Gədəbəyin 20 km-liyində, Kiçik Qafqaz sıra dağlarının döşü boyu şimala doğru uzanan bir-birindən gözəl Şəmkir kəndlərindən birinə - Atabəyə gəlib çıxdıq. Adının qarşısına «böyük» sözü əlavə olunsa da, Atabəy ərazi etibarı ilə Bakının orta prospektləri həcmində, cəmi 110 evdən ibarət yamyaşıl, sakit bir kənddi. Saysız-hesabsız bulaqları, dəqiqədəbir dəyişən iqlimi, bir də nəyi iləsə də mənə, uzaq uşaqlıq illərinin yay ayları atamla birgə istirahətə getdiyim baba yurdum Sisyanı, dağ döşünün sıx gilənarlığında bitən sıldırımlı Ağdünü xatırladan bu kənddə, adətən kənd yerlərində duyduğum məişət narahatlığını, diskomfortu duymadım. Əksinə, bu vaxta qədər məndə yaşadığından xəbərsiz olduğum uzaq, ecazkar xatirələrə toxundum...

 

Atabəy - dünyanın zəhərli sivilizasiyasından kənar bir ərazidə - insan ruhuna, şüurun anlamaq, dərk etmək iqtidarında olmadığı möhtəşəm xəbərlər dalğası ilə toxunan küləklərin uğuldadığı unikal bir məkanda yerləşir. Burda istənilən dağın zirvəsindən dörd bir yana gözişləyən dumanlı sonsuzluğa qədər dağ silsilələri uzanır. Bu möhtəşəm dağ dalğalarına zilləndikcə, bu ərazinin, dairəsi hardasa qapanan, sona yetən  Yer kürəsində yox, hardasa ayrı bir məkanda - Kainatın hansısa sərhədsiz, sonsuz kəsiyində yerləşdiyini anlayırsan.

Atabəydə nə qaz, nə kanalizasiya, nə də su xətti var. Kəndin onsuz da daş-kəsək yolları dağ yüksəkliklərindən ilaşırı kükrəyib daşan güclü sel axıntılarından darmadağındır. Qış ayları isə güclü qar yağıntıları mövsümündə burdan Şəmkirə, Gəncəyə işləyən tək-tük avtobusların da yolu bağlanır. Burda insanlar təxminən ibtidai icma quruluşunun həyat normaları ilə yaşayır. Soyuq qış aylarına yaydan tədarük görür, mal-qara üçün ot biçir, sobanı qalamaqdan ötrü odun doğrayır, təzək qurudurlar və bütün bu narahatsızlıqdan qətiyyən üzülmürlər, kəndin bir başından o biri başına vedrə-vedrə daşıdıqları suyun əziyyətindən gileylənmirlər. Burda əziyyət, narahatlıq insanların həyat normalarına çevrilib. Burda bütün növ əziyyətlər, qəribədi ki, elə bil bu kəndin camaatına təskinlik gətirir. Onlar sübhün alaqaranlığında yuxudan qalxır, hansısa eşidilməz musiqinin, ya avazın izi ilə məmnun çöhrələrlə mal-qaralarını eşiyə çıxarıb naxıra qoşur, sonra həmin məmnunluqla günboyu gördüyü işlərini görməyə girişir, hava qaralanda həmin məmnun, dinməz çöhrələrlə evlərinə qayıdır, tövlədə, hində səliqə ilə böyür-böyürə yığılıb mürgü vurmağa hazırlaşan mal-qaraları, toyuq-cücələri ilə bir, yuxuya gedirlər. Burda əsəbi, yaxud səbirsiz adam görmək olmaz. İnsanlar çox az danışır, əsasən işləyir və susurlar. 

İlk günlər bu kəndin məmnun rahatlığının nədən olduğunu anlamasam da, bir qədərdən sonra mən də bu sirli kənddə qəribə bir çəkisizlik vəziyyətinə düşdüm. Özümlə şəhərdən gətirib gəldiyim yarımçıq yazılar, kitablar ev yiyəsinin mənim üçün ayırdığı xüsusi stolun üstündə, eləcə gətirib gəldiyim vəziyyətində qaldı. Şəhərdə mənə maraqlı və cazibədar görünən mətnlər əhəmiyyətini, dəyərini itirib əhəmiyyətsiz söz yığınına bənzəməyə başladı...

Əvvəl-əvvəl bu vəziyyətimi, uzun illərin fasiləsiz, gərgin yorğunluğu ilə bağlayır, yuxum gəldikcə yatır, saatlarla dinib-danışmadan, darıxmadan, qaldığım evin həyətindən açılan əsrarəngiz səma və dağ mənzərələrinə zillənib qalır, bununla kifayətlənir, beləcə qəribə bir məmnunluqla günlərimi başa vura-vura bu qayğısız, sinirsiz halımın əvvəl-axır dəyişəcəyini gözləyirdim...

Günlərin bir günü isə məni bu sayaq dilsiz-ağızsız, sinirsiz-şüursuz bitki vəziyyətinə salan, cəmləmək istədiyim fikirlərimi yüngül toz zərrəcikləri kimi havada seyrəldən səbəbin sadəcə yorğunluq yox, müqəddəs yerlərdə - ziyarətgahlarda, pirlərdə fikirlərimi toplamağa, gəlişimin niyyətini dəqiqləşdirməyə imkan verməyən Nə İsə - görünməz ilahi işıq, şüa... yaxud olsun ki, hansısa yeni növ ecazkar informasiya dalğası olduğunu axır ki, anladım...  

 

Dağlara gedəcəyimi düşündükcə, hələ şəhərdə ikən nə isə qeyri-adi, burda yalnız ara-sıra, hansısa ani təsadüflərlə duyduğum ilahi təmaslara bu əlçatmaz yüksəkliklərdə toxunacağıma əmin idim. Elə də oldu. Düşündüyüm o təmasları mən, zənn etdiyim kimi, tək bir zirvələrin, az qala buludlara dirənən  yüksəkliklərində yox, həm də bu yüksəkliklərdən bir qədər aşağıda - kəndin dağ döşünə yayılan hissəsində yurd salmış insanlarda da tapdım...