ƏSMAYƏ

Əsmayə Göyçə qaçqınıdı, əri Musa kişi ilə - zahirən məşhur ingilis diplomatı Uinston Çörçilli xatırladan ucaboy, kürəkli adamla birgə Atabəyin dağlara aparan yoxuşunda - hər tərəfindən müxtəlif dağ mənzərələri açılan nağılvari bir ərazidə yaşayır. Axşamlar onları həyətin yoxuşunda, işlərini başa vurub, cırcırama səslərinin içində məmnun üzlərlə dinməz-söyləməz yanaşı oturan görmək olar. Belə axşamlar bu zəhmətkeş, müdrik ər-arvadı uzaqdan-uzağa seyr etdikcə, kəndin axşamlarını gətirib, səhərlərini açanların məhz onlar olduğundan şübhələnməyə bilmirsən.

Yaşı 60-ı haqlasa da, üst-üstdən geydiyi qalın paltarları Əsmayənin bədən cizgilərinin incəliyini itirə bilmir. Onun üzü də gənc qadın üzünün təravətini saxlayıb. Dərisi çəhrayı və şümaldır, gözləri isə... Günün, ya səhər-axşam bardaş üstə çörək yapdığı təndirin istisindən, ya yuxusunu ərşə çəkən Göyçənin həsrətindən daim qan çəkmiş kimi,  qıpqırmızı, bəbəkləri -  indicə ağlamış kimi suludur.

- Bax, bu darısqal evi başıbatmış ermənilərdən aldıq. Göyçədə isə bizim qarajımız elə bu ev boyda idi. Evimiz isə... O evi mənnən Musa tikmişdik...

Ovuclarını açıb göstərir. Ovuclarının qabarları, qabardan çox, çəhrayı ayaqdaşını xatırladır.

- Hələ bax bir... - ardını gətirə bilmir, doluxsunub ağlamağını görməyim deyə, üzünü yana çevirir, harasa dağlara, dağlardan da uzaqlara - ilğımlar sayrışan tutqun dumanlığa zillənir...

Ürəyini ovutmaq üçün:

- Göyçə də olmasa, elə buralar da gözəldi... - deyirəm.

O isə eşitmir, üzündə ağrı dolu incik təbəssüm, gözləri uzaq dumanlıqda, Göyçə nisgili ilə qoşduğu bayatılarından deyir. Bu cavanüzlü gözəl qadına baxdıqca boğazımı qəhər tutur. O isə ağlamır, gözü dumanlıqda, asta-asta  deyir:

 

Əzizim Göyçə məndə

Göy göldə, göy çəməndə

Ələsgəri səslədim,

Hay verdi Göyçə: «Məndə!..»

 

* * *

Əzizinəm, hər aylar

Hər həftələr, hər aylar

Könlüm Vətəni istər

Dilim onu haraylar...

 

* * *

Əzizim vətən sarı

Köynəyim kətan sarı

Yerim yaxşı olsa da,

Meylimdi vətən sarı...

 

Bütün gözəlliyi, təravəti ilə Əsmayə özünü xəstə hiss edir, ömrünün hansısa yaxın məsafələrdə sona yetəcəyinə xoflu eyhamlar vurur. Bu xofu, şübhəni içində gizlində saxlayırsa da, daim məzarlıq, dünyanın vəfasızlığı, ayrı düşdüyü moruqlu, çiçəkli Göyçə dərdinin üstündən ötüşə bilmir.

 

Fələk məni dərd yükünnən yüklədi

Bu yükü boynumdan ata bilmirəm.

Üzərdə şadlanıb gülsəm də, vallah

Ürəkdən şadlanıb gülə bilmirəm.

Cəhd elədim tay-tuşuma çatmağa

Yürüdüm-yürüdüm, çata bilmədim.

Zalım Fələk yaman kəsdi yolumu

Düşdüm bataqlığa, çıxa bilmədim.

 

* * *

Verdiyin dərdlərə mən necə dözüm?..

Getməyir ayağım, qırılıb dizim

Kar olub qulağım, kor olub gözüm

İşıqlı dünyanı görə bilmirəm...

 

Əsmayənin dərd-nisgil dolu xatirələrini, bayatılarını dinlədikcə, aradabir:

- Axı bu gözəlliyi, bu boyda işığı necə görməmək olar?.. Axı bura da Vətəndi?! - demək istəyirəmsə də, dilim gəlmir...  Anlayıram ki, Vətən də insan kimidi, onu da o biri doğmalarla əvəz etmək olmur.