HƏBİBƏ

Həbibə də Göyçədəndi, Əsmayənin kiçik bacısıdı. Uca boyu, arıq, şiv bədəni, nazik boynunun ardına səliqə ilə yığdığı açıq-şabalıdı, tarım saçları ilə məşhur rus balerinası Maya Plesetskayaya bənzəyir. Həbibənin öz ailəsi yoxdur, Bərdədə - qardaşı Elbrus müəllimin ailəsi ilə bir yerdə yaşayır. Yaşı 50-ni haqlasa da, o da yaşından  xeyli cavan görünür, dağ zirvələrinə qıvraq addımlarla dırmaşır, məzəli söhbətləriylə hamımızı güldürür. Aradabir də danışıb-danışıb muğamata keçir, kəklikotundan, bağayarpağından yığa-yığa ötüb keçən cavanlıqdan, vəfasız dünyadan yanıqlı beytlər oxuyur, oxuyub-oxuyub hərdənbir «gitaranın» müdaxiləsini də burnunun içində dınqıldatmağı unutmur.

 

  

Qürbət eldə xəstə düşüb yatıram

Mənim dərdim bilən yoxdu, ay ana...

Gündən-günə xarab olur əhvalım

Az qalıbdır gənc ömrümə, ay ana

Bu ellərdən o elə çoxdur ara,

Yüz dərdli olmuşam mən, bəxtiqara

Bu xəstə ürəyim dönür qubara...

Mənim könlüm sizi istər, ay ana...

 

Həbibə də bacısı Əsmayə kimi, hey canını üzən xəstəliyindən şikayətlənir:

- ... Belə elə bil nəfəsim çatmır... Danışmağa heyim yoxdu... Elə bil ürəyim gedəcək... - deyib ağarmış bənizini yana çevirir.

Atabəydə qaldığım müddətdə ha çalışdım Həbibənin xəstəliyinin, axır ki, nə olduğunu dəqiqləşdirəm, bir şey alınmadı. Belə məlum oldu ki, Həbibənin heç harası ağrımır, özünü zəif, halsız hiss edir. Bir az da dərinə gedəndə, nə vaxtsa hansı müəssisədəsə birgə işlədiyi, sonradan-sonraya, hardasa görüşdüyü bir rus qadınının onun bu pəjmürdəliyi ilə bağlı dediyi məşhur «aforizmi» xatırlayır:

- ...Ax-uxumnan zinhara gəlib: «Sluşıy, u  tebya muj yest?» - dedi. Dedim: «Net». «A deti yest?» - dedi, dedim: «Net». «A rabota yest?» - dedi, dedim: «Net». Onda arvad belə baxdı-baxdı üzümə, dedi: - «Kul başına, Qabiba! Muja net, detey net, rabotı net. Znaçit, jizni net!»

Hər bu «aforizmdən» sonra Həbibənin qonur gözləri qəribə xumarlıqla xumarlanır, heysiz gülüşü nəfəsini kəsə-kəsə bizə qoşulub, gülməkdən uğunur...