MİNAYƏ MÜƏLLİMƏ

Minayə müəllimə Atabəy kənd məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Neçə illərdən bəridir həyatını kənd məktəbinə, ana dili və ədəbiyyat dərsliklərimizə bağlayan Minayə müəllimə dərsliklərimizin faciəvi vəziyyətindən, tərif və tapşırıqların qüsurundan yana-yana danışır.   

 

- Deyirəm, bir veriliş açaydılar, Azərbaycan dili ilə bağlı. Məmnuniyyətlə, onu aparardım...

Evində qonaq qaldığımız günlər Minayə müəllimənin mal-qarasına qulluq etməyini, toyuq-cücələrini qəribə cüyültülərlə yemləməyini, kartof sahəsində saatlarla başıaşağı işləməyini seyr etdikcə, bizimlə oturub saatlarla duzlu-məzəli söhbətlərə də vaxt və həvəs tapmasına baxdıqca, bu qadının böyüklüyünə, torpağa, evinə, insanlara sevgisinə pərəstiş etməmək olmur.

- Siz də burda yaşamalı olsanız, axır bir gün mal-qara saxlamaq həvəsinə düşəcəksiz. Burda belədi. İnsan nə ilə məşğul olmalı olduğunu burda yaşadıqca başa düşür... - Minayə müəllimə deyir.

Evində qaldığımız həftələr yay tətilinə təsadüf etsə də, Minayə müəlliməni boş-bekar görmək mümkün olmadı. O, daim nə iləsə məşğuldu. Ya evdə, ya həyətdə işləyir, gah tövləni təmizləyir, gah toyuqlara yem hazırlayır, gah pendir tutur, gah da ilahi həqiqətlərdən, Allaha sevgisindən danışıb-danışıb özü-özündən kövrəlir. Sonra da üzümə qəribə, tanış baxışlarla zillənib qəfildən qəribə səslə:

- Sizinlə danışanda niyəsə belə oluram... - deyir. - Elə ağlamağım gəlir. Siz gəlməmişdən də yuxu görmüşdüm. Gördüm, qapımızın ağzına iki qonur at qəlib dayandı. Hər ikisinin də üstündə cavan igid... Bildim, nə isə olacaq. Budu, siz gəlib çıxdınız...

 

 

P.S. Zahirən kəndə bənzəyən bu Məmləkətdən, buranın bənzərsiz təbiətindən və insanlarından yazmalı, deməli çox mətləblər qalır. Kəndin məxməri axşamlarından, sualtı sükuta qərq olan ağ gecələrindən, nə vaxtdan bərisə üst-üstə yığılıb nəfəs kəsən lal dərdləriylə orda-burda yazıq-yazıq ağlaşan eşşəklərindən... Otaqboyu uça-uça adama dəyməyən qəribə, ağıllı milçəklərindən və sair və ilaxırdan...

Ən qəribəsi isə - bütün bu gözəlliklərə, qəribəliklərə qoşulub, getdikcə onların bir hissəsinə çevrilə-çevrilə, çönüb gəldiyi kimyəvi şəhərə ikrahla baxan mənim - günlərin bir günündə qəfildən, anlaşılmaz ürək sıxıntıları və gizli şövqlə üz çevirib qaçdığım həmin o məşəqqətlər və iztirablar girdabına - şəhərə dönmək ehtiyacımdan... Bu ilahi ərazilərə - Kainat azadlığına, sonsuzluğa, İlahi işığa, şüa və dalğalara hazırlıqsızlığımın təslimindən...

 

 

13 oktyabr 2004-cü il, çərşənbə