"Ümidvaram ki, kütlə malına çevrilməyəcəyəm»
Əsəd Qaraqaplan
ADLIQ
Şəhərin ən gözəl mərkəzi küçələrindən birində, tanınmış tənqidçi, professor Məsud Əlioğlunun ailəsində doğulmuşam. Geniş, işıqlı bir mənzildə yaşamışam. Ən kiçik övlad olduğumdan, evin ərköyünü olmuşam. Maddi korluq çəkməmişəm. Lap uşaq yaşlarımdan keçmiş Sovetlər Birliyinin, demək olar, bütün kurortlarını, ən gözəl şəhərlərini gəzmişəm.
Kütləvi tanınmaqdan qorxuram. Kütlə qanunlarıyla fərd qanunları heç cür uyuşmur.
Ümidvaram ki, kütlə malına çevrilməyəcəyəm...
Tez-tez kitab buraxmağın, oxucuların zəhləsini tökməyin əleyhinəyəm.
Heç vaxt çərçivələri şüurlu şəkildə dağıtmamışam, sadəcə, ayrı cür yaza bilməmişəm.
Mənə dəxli olmayan məlumatlardan zəhərlənirəm. Başım ağrıyır, ürəyim bulanmağa başlayır...
Yazdıqlarıma görə heç vaxt heç bir təmənna güdməmişəm.
Yaşadığım həyatı bir də yaşamaq istəmərəm.
Sadəcə, adi gözlə görünməyən, duyulmayan müəyyən gizli, ilahi informasiyaları insanlara bədii formada ötürmək qabiliyyətinə malik olan, adi bir adamam.
Elə məqamlar da olur ki, «antenamla» tutduğum bəzi ilahi həqiqətləri kağıza köçürməkdə aciz qalıram...
Ədəbiyyata cərəyanlar çərçivəsindən baxmıram və düşünürəm ki, bu, böyük ədəbiyyat üçün göstərici deyil.
YİYƏLİK
Fikrimcə, ədəbiyyat birdir və nəinki kişi-qadın prizmasından, millət, ərazi və zaman nisbətindən yanaşanda belə o, birdir, əbədi və yeganədir.
Mənə də elə gəlir ki, fiziki ömürdən daha uzun ömür yaşamışam. Amma harada, necə, onu bilə bilmirəm.
Hətta, yaradıcılığım əsasında Vyana universitetində doktorluq müdafiə etmiş avstriyalı Sena Doğan da, mənim qadın qəhrəmanlarımın üzüntülərini hüquqları tapdanmış Şərq qadınının üzüntüləri kimi dəyərləndirir.
Bir vaxtlar "sufi" sözündən mənim də təsəvvürümə tərki-dünyalıq, uzunətəkli, cır-cındır libaslarda mağaralarda yaşayan dərvişlər gəlirdi.
Yazıçılıq, fikrimcə, bu dünyada diri-diri boğulub ölməməkdən ötrü içində öz-özünlə apardığın savaşlardan yaranır.
Yazmaq, bir vaxtlar mənim üçün də xilas yolu olub. Uzun illərlə orada gizlənmişəm. İndi isə bu, mənim yaşam tərzimdir.
"Duyğular imperiyası"nda da tez-tez "O məni sevir" adıyla rastlaşırsınız, yəqin... Bu, mənim İlahidən aldığım sevgi təəssüratlarımdan, yalnız kağıza köçürülə bilənləridir.
Ola bilsin, kimlərsə bu yazıların mənim yazıçı təxəyyülümün məhsulu olduğunu düşünür. Lakin bu belə deyil.
Dəfələrlə azərbaycandilli oxucularımın, əsərlərimi anlamadığına görə utandığını görmüşəm.
Ədəbiyyatı anlamayan, mütaliədən zövq almayan insanın mənəvi dünyası mənim üçün qaranlıqdır.
YÖNLÜK
Bütün əzabları mənə öz içimdə veriblər...
Mənə görə də ədəbiyyatda dil faktoru önəmli deyil.
Babam Əli Vəliyevin ara-sıra görüşlərimiz zaman zarafatla mənə: "Salam kolleqa" - deyə müraciət eləməyindən, yazdıqlarımı oxuduğunu anlayırdım.
Ədəbiyyatda qadın-kişi bölgüsü mənə həmişə bizim məclislərdə tez-tez rast gəlinən kişi-qadın bölgüsünü xatırladır. Gedirsən ki, gözəl süfrə açılıb, kişilər masanın bir tərəfində oturublar, qadınlar o biri tərəfində. Və yuxarı başda mütləq kişilər oturub.
Açığını deyim, bədii ədəbiyyat oxumuram. Oxuya bilmirəm. Ədəbiyyat, bədiilik mənə darıxdırıcı və mənasız gəlir.
Təhsil almaq, hər hansı peşənin sahibi olmaq, ailə qurmaq, övlad böyütmək və bütün bunlardan və daha nələrdənsə qürur duymaq... Bütün bunlar hədsiz mənasızdı...
TƏSİRLİK
Babam Əli Vəliyevin "Budağın xatirələri" romanı məni heyran etdi.
Yaşadığım ərazi məişətə tam zidd bir qütb olduğundan o (məişət) məni həmişə qıcıqlandırıb.
Hər halda böyük xoşbəxtlikdir ki, hələ bir o qədər də tanınmıram.
Jurnalistlərinsə, məni tanıması qorxulu deyil. Onlar qələm əhlidir, sözü duyurlar.
YERLİK
Məndə olan fikir budu ki, bax, ədəbiyyat belə olmalıdır: cümlələr sadə və qısa, təsvirlər aydın və təsirli, əzəli və dəyişməz insan dəyərləri, saflıq, ilahi ağrılar və nisgil...
Qadınlar, adətən, qocalmaqdan qorxur, yaşlarını gizlədirlər. Qocalmadıqlarını sübuta yetirməkdən ötrü müxtəlif üsullara əl atırlar. Məndə bu qorxu yoxdur.
İnsan, onun bu dünyada mövcudluğu, dünya və Kainat barədə bildiklərim məndə bu dünyaya bir də qayıtmağa maraq yaratmır.
ÇIXIŞLIQ
Məndən soruşsanız, deyərəm ki, sufi mətnləri ilə işləmək - tam fərqli ərazilərə düşmək deməkdir.
TƏNHALIQ
Əslində, biz hamımız təkik. Əgər siz özünüzü ailənizə, uşaqlarınıza, yaxud dostlarınıza görə tənha saymırsınızsa, səhv edirsiniz. O ailədən və dostlardan məndə də var. Fərqimiz bircə budu ki, siz bu barədə dərindən düşünmürsüz, həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Bu, bir qədər qorxuludur, bilirəm. Özünüzü tənha hiss edən məqamlar bu qaranlıq fikirləri özünüzdən qovursunuz. Mənsə onları qovmuram. Əksinə, onların izinə düşüb ardınca gedirəm. Arxeoloqlar kimi. Və getdikcə anlayıram ki, bəli, əslində, təklik, yalqızlıq. Bu, Günəşlə Ayın növbələnməsi qədər təbii, həm də sirli bir həqiqətdir. Əslində, mən o həqiqətə lap çoxdandan catmışam və o daxili əzablar həmin o yolun başlanğıcında olub.
Mən bunu xoşbəxtlik hesab etmirəm. Bu, hər halda bədbəxtlik də deyil. Fransız filosofu La Roş Fukonun da belə bir fikri var: "Bu dünyada nəyə görəsə çox sevinməyə və nəyə görəsə çox kədərlənməyə dəyməz». Bəli, axı əslində də, bu dünyada nə çox seviniləsi, və nə çox kədərləniləsi bir şey yoxdu.