Oçerk

Fil.f.d. Elnarə Qaragözova

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Afaq Məsud

(oçerk)

 

         Müstəqillik dövrü ədəbi prosesində öz özünəməxsus yazı manerası və fəlsəfi-mistik təhkiyəsi ilə seçilən, nasir və dramaturq Afaq Məsud 1957-ci il iyunun 3-də Bakı şəhərində yazıçı Məsud Əlioğlunun ailəsində anadan olmuşdur. Afaq Məsudun babası Əli Vəliyev Azərbaycanın xalq yazıçısıdır. 

         Afaq Məsud  1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirmiş, 1979-1986-cı illərdə Azərbaycanfilm kinostudiyasında redaktor, redkollegiyanın üzvü, 1986-1988-ci illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışmışdır. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Afaq Məsud 1990-cı ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsində çalışmış, «Xəzər» dünya ədəbiyyatı jurnalının baş redaktoru olmuşdur.

Hal-hazırda Afaq Məsud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktorudur.  

Afaq Məsud Azərbaycan ədəbiyyatında özünəməxsusluğu ilə seçilən qadın yazarlarımızdandır. Ədəbi yaradıcılığa hekayə ilə başlayan Afaq Məsudun elə ilk qələm təcrübələrindən ədəbiyyata yeni yazı manerasına malik bir nasirin gəldiyi hiss olunurdu. Onun yaradıcılığı oxucunu sadə, aydın və eyni zamanda fəlsəfi təhkiyəsi ilə cəlb edir. Afaq Məsud dedikdə gözlərimiz önündə  maraqlı, emosional,  daxili aləmini səmimiyyətlə, komplekssiz şəkildə oxucuya açan və  oxucunun özünə belə etiraf etməyə çəkindiyi duyğuları, yaşantıları cəsarətlə söyləyən obrazlar canlanır. Afaq Məsudun 70-80-ci illərdə qələmə aldığı “Üçüncü mərtəbədə”, “Həsən əmi”, “Bekar”, “Telefonda işıq”, “Şənbə gecəsi”, “Çovğun”, “Yataqxana”, “Oğru”, “Ədalət”, “Tutuquşu”, “Gün”, “Sərçələr”, “Mədət”, “Tək”, “Uydurma”, “Su”, “Dovşanın ölümü” hekayələri, “Üzü işığa”, “Cəza”, “Qarğış” onu oxucuya “xarakter ustası” kimi tanıtdı. 

         Afaq Məsudun müstəqillik dövrü yaradıcılığı əvvəlki dönəmdən bir qədər fərqlənir. Daha öncəki yaradıcılığında yazıçı fəlsəfi notları sadə insanların, gündəlik həyatın təsviri ilə çox incə şəkildə, ustalıqla birləşdirirdi və bu sintezi oxucu çox təbii qarşılayırdı, sevirdi. Afaq Məsudun son dövr yaradıcılığına nəzər saldıqda aydın olur ki, yazıçı artıq gündəlik həyat lövhələrini təfərrüatlı təsvirindən bir qədər uzaqlaşıb daha çox fəlsəfi notlar üzərində köklənib. Lakin Afaq Məsudun özünəməxsusluğu ondadır ki, əsərlərində fəlsəfi məqamlar  artdıqca, forma mürəkkəbliyi yarandıqca səmimilik azalmır, əksinə artır və bu da həmin əsərləri oxucuya sevdirir. Bu baxımdan onun “İzdiham” romanı olduqca maraqlı və qeyri-ordinar bir əsərdir. Tədqiqatçılar  haqlı olaraq bu əsəri Azərbaycan ədəbiyyatının ən qeyri-adi nümunələrindən biri hesab edirlər. Ramiz Rövşənin fikrincə, “Kaleydoskop kimi anbaan dəyişən hadisələrlə dolu olan, yazılı ədəbiyyatdan daha çox qaravəlliləri, bəzən hətta cizgi filmlərini yada salan “İzdiham” romanı ilə Afaqın yaradıcılığında bütöv bir mərhələ başa çatır. Sonrakı yazılarında o özünün zaman və məkan sərhədlərini aşır, sanki darısqal mənzildən geniş küçələrə, meydanlara çıxır, yalnız bir evi, ailəni yox, bir ölkəni, hətta dünyanı sıxan problemlərin ən azı, bədii həllini tapmağa çalışır” (8, s. 5)

         Tənqidçi, ədəbiyyatşünas prof. T. Əlişanoğlu isə Afaq Məsudun “İzdiham” əsəri haqqında yazır: “İzdiham”povestində (1992) ətrafda baş verən hadisələrin təhtəlşüurla ilgili izahına cəhd var. Burda, əslində, fərdin timsalında kütlə portretini tipikləşdirmək meyli aydın duyulur.” (2, s. 59)

         Afaq Məsudun özü isə “İzdiham”ın yaranmasını belə təsvir edir: “İzdihamın yazılma tarixçəsinin özü də qəribədi. 90-cı illərin yayı idi. Mən nə yazdığımı özüm də bilmədən yazırdım. Bu belə baş verirdi ki, mən günün hansısa saatları qəfildən yazı ovqatına düşür, kağız-qələmimi götürüb otağıma çəkilir, orada müəyyən vaxtı heç nəyi düşünmədən , dayanmadan yazır, bir qədər sonra fəaliyyət limiti bitmiş elektron cihaz kimi   dayanır, qələmi yerə qoyub ayağa qalxırdım.... roman boyu bu dünyanın qorxunc yaşam labirintlərində azıb dolaşan, xəyanət və yalan dolu sürüşkən yoxuşlarından necəsə salamat çıxan baş qəhrəman  - əsər boyu ha tərəfdənsə aramlı, qara qasırğa kimi əsib üstünə yeriyən, gah onu arxadan haqlayıb cənginə alan qorxunc izdihamdan qurtulmaqdan ötrü gah ağac budağından asılmış almaya, gah qaza çevrilən, gah ölüb qurumuş ağacın oyuğunda gizlənən gənc qadın, sən demə, həm də bütün bunlara hardansa kənardan tamaşa edirmiş... Belə bir sonluğu, düşünürəm ki, yüz il fikirləşsəydim, tapa bilməzdim. Sözümü ona gətirirəm ki, əsərin yazılma tarixçəsində beyni söndürülmüş dəftərxana icraçısı qismində iştirak eləmişəm.” (6)

         Ümumiyyətlə, Afaq Məsudun bu romanının təhkiyəsini  modernizmin əsas anlayışlarından biri olan  “şüur seli” termini ilə səciyyələndirmək daha doğru və dəqiq olar. “Qərbi Avropa və Amerika ədəbi tənqidində psixologiyadan alınmış “şüur seli” anlayışı adətən “daxili monoloq” ilə eyniləşdirilir. Müasir ənənədə “şüur seli” “daxili monoloq”un son pilləsi, kəskin forması hesab edilir. “Şüur seli” psixi halların təsvirində “iştirak”, “dərdə şəriklik” illüziyalarının xüsusi dolğunluğunu təmin edir”(10). Əsər boyu yalnız bir qəhrəmanın yaşantıları, duyğuları, keçirdiyi emosiyalar, kabusları, daxili qənaətləri əks olunur. Yazıçının ustalığı ondadır ki, oxucu heç cür təyin edə bilmir ki, müəllif qəhrəmanın yuxusunu danışır (əsərdə nə birbaşa, nə də dolayı yolla müəllif görünmür), ya obraz öz röyasını nəql edir (əsər I şəxsin dilindən nəql olunsa idi obrazın öz yuxusunu danışdığını söyləmək olardı) yoxsa hipnoz altında şüuraltısının özünün belə dərk etmədiyi labirintlərində səyahət edir. Afaq Məsud  “İzdiham” romanı ilə qəhrəmanın həyatını kənardan kinolent kimi oxucuya göstərir və oxucu müəllifin varlığını unudaraq romanın daxilində yaşamağa başlayır. 

         Romanı oxuyarkən oxucuya elə gəlir ki,  sanki qəhrəman öz ömrünü tərsinə - axırdan əvvələ doğru yaşayır, daha doğrusu yuxu ilə oyaqlıq, kabusla ilğım arasında bir halətdə ömür yolunun retrospeksiyasını görür. Romanda açıq-aşkar ata kultunun izləri var. Bütün olayların mərkəzində məhz atanın ölümü durur. Əsər boyu qadın atasını qorumağa çalışır, lakin bacarmır. Atanın ölümü ilə yaranan ekstaz halında  qadının ömründə sanki saatın əqrəbləri əksinə fırlanmağa başlayır: övladlar, toy, atalı – analı anlar, məktəb illəri, müəllimlər, uşaqlıq, bağça təəssüratları və nəhayət dünyaya gəlişi: “onu da topuqlarından tutub başıaşağı sallamışdılar. Sonra eləcə tərsi mayallaq vəziyyətdə ağ geyimdə ağ yataqda yatan anasına göstərdilər”. (5, s. 217) 

         Oxucuya elə gəlir ki, yazıçı elə ömrün bu başlanğıc anında dayanacaq. Lakin təhkiyə davam edir. Qundaqda olan qəhrəman digər bələklərin ardınca qaranlıq bir mühitə daxil olur, daha mübhəm və sirli bir etapa adlayır. Torpağın altında səyahətinə davam edərək atasının qəbrinə gəlib çıxır. 

         Nəhayət atasının qulağına girərək oradan atasının yaddaşına, şüuraltısına  daxil olur. Məhz atası vasitəsi ilə əcdadları ilə tanış olur.  Sanki qəhrəman bütöv bir nəslin getdiyi yolu bir ilğımda, bir yuxunun içində gedir. “Cavan ata babası, babasının atası və atasının cavan anası, əlləri dizlərinin üstündə yuxarı başda yanaşı oturub dinməz söyləməz ona baxırdılar. Atası uşaqlıq şəklindəki üzü ilə, səliqə ilə yana daranmış qəhvəyi saçları ilə babasının qucağında oturmuşdu.” (5, s. 229). Nəsil şəcərəsi ilə tanışlıq babasının atası ilə yekunlaşır. Çünki atasının yaddaşı bura qədərdir. Daha da irəli, dərinə getmək üçün babanın yaddaşına daxil olmaq lazımdır.

         Yazıçı əsərin bu yerində olduqca maraqlı simvolika yaradır,  əcdadlarla əlaqəni və nəsildə qayıdışı təsvir etmək üçün orijinal bir üsuldan istifadə edir. Uşaqlıq çağında olan atası öz ayaqqabılarını çıxarıb ona geydirir və yalnız bundan sonra babaları onu birgə şəkil çəkdirməyə çağırırlar. Qəhrəmanın atası sanki bu ayaqqabıları  geydirməklə ona bu nəslin nümayəndəsi olmaq hüququnu verir. Şəkil çəkildikdən sonra daha maraqlı və sirli hadisə baş verir: 

“Sonra şəkilçəkən onların təzə şəklini divardan, bayaqkı şəklin altından asdı və o, ürəyi sıxıla-sıxıla, baba-nənəsinin arasında özünün əvəzinə əyriburun, qoca qarını gördü. Barmağını şəklə qoyub eybəcər qarını göstərdi: 

·         Bu mənəm?.. – dedi.

Fotoqraf əsəbi üzlə:

·         Yox, bəs mənəm?!.- dedi. ” (5, s. 230)

        Fikrimizcə, qəhrəmanın babaları ilə şəkildə məhz qoca qarı kimi düşməsi daha qanunauyğundur. Çünki o indiki halında hələ dünyaya gəlməyib. Şəkildə görünən eybəcər qoca qarı isə onun nəslinin babalarından daha öncəki silsiləsinə aiddir və qəhrəmanın simasında bir neçə nəsil sonra  yenidən dünyaya qayıdacaq. 

        Əsərdə qəhrəmanın mənfi emosiyalar bəslədiyi, daha doğrusu qorxduğu iki obraz var: atasının tabutunun dalınca gedən qara geyimli insanlar və ana nənəsi. 

        Cənazəni gətirən bu qara geyimli dəstə öz qeyri-adi görünüşü ilə yadda qalır. 

“... Yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzadı dəstələrlə qara geyimli adamlar gəlirdi. Adamların üzü batan günəşin rəngindən qırmızı idi deyə hamısı bir-birinə oxşayırdı. Bir az da elə bil keçiyə oxşayırdılar.” (5, s. 203)

         Fikrimizcə, dəstənin təsvirində qırmızı rəngin olması və onların keçiyə bənzədilməsi də təsadüfi deyil. Bildiyimiz kimi, bunlar o biri dünyanın, şeytanın rəmzləridir. İlk baxışdan bu dəstə insana xəyali təsir bağışlayır. Sanki hamısı hipnoz halında dəstə ilə hərəkət edirlər. Lakin qara geyimli dəstə ətrafdakıların da hipnoz halında olmasını diktə edir və bu qanuna uymayanları ittiham edir: 

 “Qara geyimli adamlar uzun üzləri ilə aşağıdan yuxarı ona baxırdılar. 

  • Ayıbdır! Aşağı düş! – deyirdilər. 

... Oyuqdan çıxıb paltarı budaqlara ilişə-ilişə aşağı düşdü. Kimsə onu boynunun ardından  izdihamın içinə itələdi: 

  • Allah biabır eləsin!... – dedi. “ (5, s. 235)

         Bu izdihamın ən əsas əlamətlərindən biri də onun uzun – uzun kişilərdən ibarət olmasıdır. Bu uzunluq adi hadisə deyil, dəstə keçib getdikdən sonra qəhrəman ətrafdakı obyektlərdə və hətta özündə də bu uzunluğu hiss edir. 

“İzdiham gözdən itəndən sonra oturub ayaqlarını uzatdı. Qıçları xeyli uzanmışdı, həm də elə bil azca əyilmişdi.” (5, s.204)

“Başında nə isə uzundraz bir şey vardı, tərpəndikcə təpəsində laxlayıb dingildəyirdi. (2, s. 207)

Anasının saçları uzanıb çiyinlərinə tökülmüşdü. (5, s.209)

Sonra oturduğu yerdə hiss elədi ki, özü də dartılır, bədəni gicişə-gicişə böyüyür, ayaqları, qolları, barmaqları uzana-uzana binaya sarı uzanır...

Uzana-uzana binaya sarmanıb pəncərələrin eyvanların məhəccəri ilə üzüyuxarı sürünüb meynə budaqları ilə bir binaya sarıldı. (5, s. 241)

....uzun-uzun binaların pəncərələrindən üstünə uzun-uzun güllər atdılar. (5, s. 245)

Uzunluq da bir növ o biri dünya ilə əlaqədardır. Bu uzunluğa yoluxanların hamısı o biri dünyanın adamına çevrilirlər. 

         Romanda qəhrəmanın qorxduğu ikinci obraz ana nənəsidir. Nənə nə üçünsə daim onları cəzalandırmağa çalışır və bu cəzadan, çəkdikləri əzablardan həzz alır. 

“Ana nənəsi hardasa arxasındaydı, vergül qaşlarını tərpədə-tərpədə:

  • İndi bilərsiniz aclıq nədi, yetimlik nədi... – deyib ləzzətlə gülümsəyirdi.” (5, s. 204)

Yenə metaldiş nənəsi idi. Qabaq cərgədə əyri ayaqlarını sürüyə-sürüyə, nazik üzünü qoz belinin arxasından çıxarıb ona sarı boylana-boylana, həzdən nəfəsi itə-itə fışıldayırdı: 

  • ... Hələ çox ağlayacaqsan. Hamınız ağlayacaqsınızş Ağlaya-ağlaya öləcəksiz! Ölə-ölə ağlayacaqsız! ... (5, s.214)

         Nənənin xarici görünüşü də qeyri-adidir. O sanki ölüm səltənətindən gəlmiş bir varlıqdır:  “Nənəsinin çiynindəki boz sərçə də ağzını açıb ilan kimi fışıldadı, boynuna dolanan çəhrayı, kor soxulcan da başını qaldırıb o yan – bu yana yellədə-yellədə fısıldadı....” (5, s. 204)

         Mifologiyada sərçə mənfi səciyyəli obraz hesab olunur. Bir çox xalqların mifologiyasında sərçə o biri dünya ilə bağlıdır, insanın ruhunu o biri dünyadan gətirib onunla əlaqə qurmağa kömək edir. “Yunan mifologiyasında ölülərin ruhunu daşıyan varlıqlardır. İnsan öləndə onlar onun ruhunu tutur və yeraltı dünyaya aparırlar.” (9). Soxulcan da ölümü, o biri dünyanı və torpağı simvolizə edən mifoloji obrazdır. (12).

         Qəhrəmanın bu ana nənəsinin öhdəsindən ancaq qara geyimli dəstənin üzvü gələ bilir: 

         Bayaqdan bəri Suğra müəllimənin cərgəsində milçəkləri qova-qova gedən uzun, qara bir adam əlindəki milçəköldürənlə arxadan necə vurdusa, nənəsi milçək kimi vızıldayıb susdu. (5, s. 214)

         Maraqlıdır ki, qəhrəmanın digər nənəsi də ona xüsusi məhəbbətlə yanaşmır, hətta onu ördək gözündə görüb ocaqda bişirməyə çalışır. Fikrimizcə, burada nənə qadın arxetipinin mənfi səciyyəsini özündə əks etdirir. Yunqun müəyyənləşdirdiyi əsas arxetiplərdən biri olan qadın arxetipi bolluğu, xilas yolunu, məhsuldarlığı simvolizə edir. Lakin bu arxetip ikili xarakterə malikdir, həm mənfi, həm də müsbət keyfiyyətləri simvolizə edir:  “Bütün bu simvollar həm pozitiv, həm də bir qədər neqativ mənaları özündə ehtiva edə bilər. Ambivalent aspekt – tale ilahəsində (Parka, Qraya, Norna), günahkar – cadugərdə, əjdahada (uda bilən və ya sarıla bilən hər hansı heyvan, məs. nəhəng balıq, və ya ilan) əks olunur, bu sıraya qəbiri, sarkofaqı, su burulğanını, ölümü, gecə kabusunu və uşaq vahiməsini (Empuza, Lilit tipli) də aid etmək olar.”  (13, s. 52)

          Ümumiyyətlə, romanı oxuduqca sanki bir labirintə düşürsən, lakin bu labirint oxucuda qorxu deyil, qəribə bir inam və sevinc yaradır. Oxucu hiss edir ki, onu qarşıda maraqlı bir dünya gözləyir və  qəhrəmanının yaşadığı qeyri-adi hadisələr, duyğular, transformasiyalar qəribə olduğu qədər də təbii, doğma təsir bağışlayır, öz səmimiliyi ilə oxucuya təhtəlşüur səviyyəsində  nəyi isə xatırladır, yada salır. 

         Ədəbi yaradıcılığa hekayə janrı ilə qədəm basan Afaq Məsudun bədii irsində bu janr özünəməxsusluğu ilə seçilir. Ədibin müstəqillik dövrü yaradıcılığında da hekayə janrı mühüm yer tutur. Yazıçının bu dövr hekayələrində psixologizm güclü olmaqla yanaşı fəlsəfi notlar da üstünlük təşkil edir. “Alman kilsəsi”
 hekayəsində pianoya, klassik musiqiyə böyük marağı olan bir qızın və onun anasının yaşantıları qələmə alınıb. əsərin qəhrəmanı Rəna Alman kilsəsindəki konsertdən sonra tamamilə dəyişir. Klassik musiqinin ovsununa düşən qız qısa zamanda “Rekviyem”i təkbaşına öyrənir və mükəmməl şəkildə çalmağa başlayır. “Konsertdən  evə gələn  axşam  Rəna  pianonun  arxasına keçib ayrı-ayrı dilləri  danqıldatdı.  Səhəri  gündən başlayaraq isə,   saatlarla  piano arxasından  durmadı.  Əvvəllər dillərin üzəriylə  bataqlığın üstü ilə   gəzəntək,   ehtiyatla, barmaq-barmaq gəzişən Rənanın  cəmi  bir neçə aydan sonra ustalıqla  çaldığı  “Rekviyem”i  eşidəndə  gözlərimə, qulaqlarıma inanmadım”.[7,20] Oxucuya elə gəlir ki, hekayə qızın qeyri-adi istedadının kəşfi ilə nəticələnəcək. Lakin Afaq Məsud yenə də özünəməxsus, novellavari bir süjet xətti yaradır. Musiqi məktəbinin direktoru Rənanın qabiliyyətinə heyran qalır. Oxucunun qələbəyə inamı pik həddə çatanda yazıçı əsərin süjetində kəskin dönüş edir. Musiqi müəllimlərinin bu istedadı görməzdən gələrək sadəcə bir vərdiş kimi qiymətləndirməsi, Rənanın musiqi təhsili üçün gecikməsini deməsi ilə qızın musiqi karyerası başlamamış sona çatır. Daha sonra yazıçı depressiyaya düşən Rənanın ruhi vəziyyətini təsvir edir.         Qeyd edək ki, hekayənin ananın dilindən qələmə alınması da yazıçının ustalığının nişanəsidir. Yazıçı məhz ananın gözü ilə qanadı qırılan, xəyalları puç olan insanın mənəvi-ruhi vəziyyətini təsvir edir. Yazıçı ananın kədərini, çarəsizliyini gurultulu sözlərlə, şablon ifadələrlə deyil, sadə və real ifadələrlə göstərir. Bu sadəliyin özündəki fəlsəfilik də əsərin koloritini artırır, oxucunu inandırır. Axı həqiqətən də insan güclü duyğular axınına düşəndə, ağır məqamlarda şablon ifadələrlə, bədii ibarələrlə danışmır. Əksər hallarda bu güclü duyğu axını, ağrı, qəm sadə sözlərdə, çox zaman isə sükutda ifadə olunur. Bəlkə də bu insan şüurunun özünü qoruma instinktidir. Emosional ifadələrlə qıcıqlanmadan qaçaraq sadəliklə, cariliklə ruhunu ovutmağa, baş verənlərin ağırlığını azaltmağa çalışır.  Afaq Məsud yenə hekayəni mistik bir qeyri-müəyyənliklə tamamlayır. Qızının Rekviyemin sədaları altında yoxa çıxdığını görən ana onu tapmağa çalışır lakin cəhdləri uğursuzluqla nəticələnir. 

         Əsərdə qəhrəmanın cismən itdiyini göstərən yazıçı əslində onun  mənən qeybə çəkildiyinə işarə edir. Cəmiyyətin tanımadığı, qiymətləndirməyə qabil olmadığı istedadlı şəxs cismən var olsa da artıq mənəvi cəhətdən itirilir, qeybə çəkilir. 

         Afaq Məsudun “Aysun” adlı digər hekayəsində yazıçı qadının düşdüyü bir kübar məclisindən və bu ev yiyəsi olan vəzifəli şəxsin qeyri-adi “məhəbbət”indən söz açılır. Burada bir haşiyə çıxaraq qeyd etmək istəyirik ki, ümumiyyətlə Afaq Məsud yaradıcılığının əsas keyfiyyətlərindən biri də belə demək mümkünsə, onun introvertliyidir. Afaq xanım əksər əsərlərini I şəxsin dilindən qələmə alır, çox zaman öz yaşantılarını, daxili aləmini səxavətlə oxucu ilə bölüşür. Məhz bu nadir keyfiyyət onu oxucuya sevdirir və oxucu Afaq Məsudun hekayələrindəki duyğuları, düşüncələri senzurasız qəbul edir. Çünki bundan daha səmimi yazmaq yəqin ki mümkün deyil. Afaq xanımın I şəxsin dilindən qələmə aldığı əsərləri oxuduqca sanki yazıçı ilə üzbəüz oturub söhbət edirsən. “Aysun” hekayəsində də müəllif bir yazıçının müşahidəsi ilə kübar cəmiyyətin kiçik bir zərrəsi olan bir ailənin fonunda insan talelərinə işıq salır. Vəzifə sahibi olan, imkanlı, ömrü boyu min-bir əziyyətlə çalışıb həyatda uğur qazanan bir insanın gizlin faciəsini Afaq Məsud olduqca canlı və eyni zamanda soyuqqanlı bir şəkildə oxucuya danışır.
Yazıçı qəhrəmanın daxilindəki boşluğu, ağrını açmaq üçün maraqlı bir priyomdan istifadə edir, qəhrəmanı və onun əhatəsindəki insanları bir qonaqlıqda təsvir edir. Bu qonaqlıq fonunda qəhrəmanın yalnızlığı, ətrafındakılar tərəfindən anlaşılmadığı çox aydın görünür. Ziyafətin ilk anlarından əsərin qəhrəmanı Mehman Qulamdarovun əhvalı oxucunun diqqətini cəlb edir: “Süfrənin başında bizim üçün ayrılmış yerləri tutduqdan sonra ortaya çaşqınlıq dolu, pərtbir sükut çökdü. Sonra kimsə ev sahibini -süfrənin aşağı başında oturub  fikrə dalmış Mehman  Qulamdarovu  dümsüklədi və  o, ayağa  qalxıb  rəngi ağara-ağara,  sözlərin axırını  yeyə-yeyə  tələsik bir “xoşgəldin” dedikdən sonra araq dolu qədəhi heç kimlə toqquşdurmadan,  birnəfəsə başına çəkib yerinə oturdu.” [7,101]

         Məclis davam etdikcə vəziyyət daha da gərginləşir, Mehman Qulamdarovun kefi açılmır və bu qonaqlıq orgiyasından həzz alan insanlar fonunda daha aydın görünür.  Həyatın yorğun saldığı bu insan daxilini tərpədən  musiqi ilə, onu ifa edən müğənni ilə sanki özünə, yaşaya bilmədiyi duyğularına, arzularına qayıdır. Və bu müğənninin ölkədən gedəcəyi xəbəri ilə yenicə tapdığı ikinci həyatını, yaşamaq istədiyi dünyasını itirmək təhlükəsi ilə üzləşir. Qəzaya düşüb həlak olan qəhrəmanın ölümü də əslində qanunauyğundur. Çünki o artıq əvvəlki həyatını yaşaya bilməzdi. Yeni həyatı isə başlamamış sona çatmışdı. 

Afaq Məsudun da 2000-ci illər yaradıcılığında hipermətn nümunələrinə də rast gəlmək olar. Afaq Məsudun “Müvəkkil Vaysman”, “Dahi” və “S.V.A.C.O.” hekayələri  Azərbaycan ədəbiyyatında hipermətnin ilk nümunələrindən hesab oluna bilər. Belə ki, bu hekayələrin hər üçünün qəhrəmanı Qulam Hüseynlidir. “Qələm” mərkəzinin sədri olan bu yazıçı, ədəbiyyatşünasın obrazında Afaq Məsud tipik ziyalı obrazını yaratmağa cəhd etmişdir. “Müvəkkil Vaysman” hekayəsində yazıçı Qulam Hüseynlini alman səfirliyinin əməkdaşı Vaysmanla görüşdürür. Akademiyada keçirilən əcnəbilərlə elmi əməkdaşlığa həsr edilmiş bir tədbirdə Qulam Hüseynli əcnəbiləri gördükdə müvəkkil Vaysmanla görüşünü xatırlayır. Mərkəzə nəşr sifarişi almaq üçün getdiyi alman səfirliyi  və səfirliyin əməkdaşı haqqında düşüncələr fonunda obrazın daxili aləmi, yaşantıları və gözləntiləri məharətlə təsvir edilir. “…Vaysmanın ürək dərmanı iyi qoxuyan balaca, səliqəli otağına daxil olduqda isə - adamdan çox, qorxunc elektron qurğusuna bənzəyən bu almanla üzbəüz oturandan ikicə dəqiqə sonra Qulam Hüseynli turduğu bu işə ürəkdən peşman olmuşdusa da, ölüm düşərgəsini xatırladan bu qaradinməz quruma göndərdiyi məktubunu ürəyində yüz dəfə ikiyə bölüb xırda-xırda doğramışdısa da, canını Vaysmanın şüşə gözlərindən qurtara bilməmişdi…” [7,45]

“Dahi” hekayəsində isə hadisələr “Qələm” mərkəzinin əməkdaşlarına və o cümlədən mərkəzin sədri Qulam Hüseynliyə mənzil verilməsi fonunda cərəyan edir. Özlərindən xoflu “yazıçıların” bu xəbərə, kölgəsini qılıncladıqları prezidentin bu alicənab hərəkətindən yaranan şoka dözməyərək halının pisləşdiyini görən Qulam Hüseynli də qəribə bir xofun ağuşuna düşür. 

Afaq Məsudun yaratdığı hipermətnin son halqası “S.V.A.C.O.” hekayəsidir. Bu hekayədə Qulam Hüseynli muzeydə şair Bitkinin yaradıcılıq gecəsində iştirak edir və bu gecədə şair haqqında maraqlı və qəribə faktlar kəşf edir. S.V.A.C.O. abreviaturası ilə damğalanmış dəvətnamə əsasında bu tədbirə gələn Qulam Hüeynli tədbirdən qəribə və anlaşılmaz duyğular,  xofla ayrılır: “Bitkinin bir-birindən əcayib fotoları, salon boyu aramla yerini dəyişən ədəvasayağı qorxu layı, döyüşə hazırlaşan tək, dabanlarını yerə vura-vura nə isə eləməyə köklənmiş yekəpər rus qadınları Qulam Hüseynlinin anadan olandan bəri yaşadığı hər küçəsinə, az qala, hər tininə bələd olduğu bu şəhərdə nə vaxtdan bərisə hansısa məxfi, məxfi olduğu qədər də təhlükəli olan nəyinsə, hansısa gizli prosesin işə düşdüyündən xəbər verirdi... Bu nə ola bilərdi?” [7, 84]. Evə çatdıqda isə televizorda dustaqxanalardan birində rus dilli azərbaycanlı zabitlər tərəfindən törədilmiş qiyamın yatırılması haqqında reportajı izləyərkən dustaqxana kamerasının divaında yazılmış S.V.A.C.O. abreviaturası onu şoka salır. 

Afaq Məsudun yaradıcılığında mühüm yerlərdən birini “Yasaq yuxular” romanı tutur. Bu roman oxuculara digər bir adla - “Azadlıq” adı ilə də tanışdır. “Ümumiyyətlə, bu roman nə qədər siyasi-ictimai məzmun daşısa da, Afaq bu əsərdə, idman diliylə desək, yenə öz meydanında oynayır, ən çətin sualların cavabını gerçəklikdə yox, qəhrəmanlarının yuxularında axtarır.” [8,6] Afaq Məsudun “Yasaq yuxular” romanında da yuxu arxetipi geniş şəkildə işlənmişdir. Professor Nizami Cəfərov Afaq Məsuda açıq məktubuna yazır: “Sizin, demək olar ki, bütün əsərlərinizdə “ölüm” motivi mövcuddur. Əlbəttə, bu, müəllifin  tərcümeyi- halından – gənc yaşlarında doğmalarını, yaxınlarını itirməyindən (və bunun da psixoloji yaddaşa hopmağından) irəli gəlir deyə bilərik. Ancaq məsələ bununla bitmir... Ölüm sizin yazıçı təhkiyənizdə insanın həyata (özünə)  münasibətini, daxili mübarizəsini (və müqavimətini) izah edən bir ədəbi priyoma, üsula çevrilir. Eyni xüsusiyyət yuxu motivinə də aiddir... Sizin qəhrəmanınız yuxudan gerçəkliyə (həyata!), irreallıqdan reallığa (və ya əksinə) o qədər rahat, maneəsiz keçir (və bunu o qədər ustalıqla təsvir edirsiniz) ki, həmin priyom- üsul əsərin janr keyfiyyətinə təsir edəcək  bir səviyyəyə qalxır.” [1,10]

Yuxu bəşər tarixi boyunca insan övladını daim maraqlandırmış və düşündürmüşdür. Hələ qədim dövrlərdən insan yuxularının sirrini tapmağa çalışmışdır. Əcdadlarımız yuxunu qeyb aləmi ilə bağlamış, onların insana xəbərdarlıq olaraq göndərildiyinə inanmışlar. D.D. Frezerin fikrincə, “qədim dövrlərdə insanlar allahların onların yuxularına gəldiklərinə və öz əmrlərini bu şəkildə bəyan etdiklərinə inanırdılar. Buna görə insanlar məbədlərə və digər müqəddəs yerlərə can atırdılar, burada yataraq allahları yuxuda görüb onlarla söhbət edəcəklərinə ümid edirdilər”. [11, 267]

Azərbaycan folklor materiallarında da yatıb yuxuda övliyalarla görüşmək, onlardan muradını almaq inancı geniş yayılmışdır. Ocaq, pir hesab olunan ağacların altında yatan xəstələr yuxuda dərviş görəndə şəfa tapırlar: “Bir saqqız ağacı var, pirdir. Bu ağacın altında  başını qoyursan daşın üstünə yatırsan. Əgər yuxuda bir nurani dərviş bir əlində ağac, bir əlində də təsbeh gəlib dursa başının üstündə, desə ki, filankəs sənin payını verdim, onda muradına çatacaqsan. Yox, əgər dərviş yuxuna girməsə, onda muradın hasil olmayacaq”[3,226]. Hətta Azərbaycan və ümumtürk folklorunda geniş yayılmış bir sıra süjetlərdə qəhrəmanlar onların yuxusuna gələn pirlərdən (əsasən Xızırdan) badə alıb içərək öz sevgilərini tapırlar.

Xalqımızın milli-mənəvi xəzinəsi olan “Kitabi Dədə Qorqud” dastanında yuxu “kiçik ölüm adlandırılır. Yuxuya gedib ehtiyatı əldən verən qəhrəmanların başına fəlakət gəlir. “Qara qayğulu röya” görən Qazan xan yuxusunu yozdurur, el-obasının başına gələn müsibətin xəbərini alır. “Sən demə, xanım, o gecə Qalın Oğuzun dayağı, Bayındır xanın kürəkəni, Ulaş oğlu Salur Qazan yuxuda qarma-qarışıq əhvalat gördü, hövlnak ayağa durdu. Dedi: “Qardaşım Qaragünə, bilirsınmi yuxumda nə gördüm? Qara qayğılı əhvalatlar gördüm. Gördüm ki, yumruğumda bir şahin çırpınıb, quşumu əlimdən alır. Hündür evimin üzərinə göydən ildırım çaxdığını gördüm. Qatı, qara dumanın düşərgəmin üstünü bürüdüyünü gördüm. Quduz qurdların evimi dəldiyini gördüm. Qara dəvənin ənsəmdən qapdığını gördüm. Gördüm ki, qara saçım qarğı kimi uzanır, uzandıqca gözümü örtür. Əllərimdə on barmağımı qan içində gördüm. Bu yuxunu görəndən bəri ağlımı – huşumu yığa bilmirəm. Xan qardaşım, mənim bu yuxumu yoz mənimçin!”. 

Qaragünə deyir: “Qara bulud dediyin sənin taleyindir. Qar ilə yağmur dediyin sənin qoşunundur. Saç qayğıdır, dərdi-sərdir. Qanqaralıqdır. Qalanın yoza bilmərəm, Allah yozsun”. [ 4, 190]

Psixoanaliz nəzəriyyəsinin banisi Freyd yuxunu reallaşmamış arzuların, cinsi istəklərin siqnalları kimi qəbul edirdi. Onun tələbəsi K.Q. Yunq isə Freyddən fərqli olaraq düşünürdü ki, yuxu şüuraltının ötürdüyü məlumatdır. Yunq öz tədqiqatları sayəsində maraqlı nəticələr əldə etdi. Belə ki, o müəyyənləşdirdi ki, müasir insanın yuxusunda qədim miflərdən və dinlərdən gələn simvollar gizlənir. Maraqlıdır ki, həmin yuxunu görən insanın nə bu qədim simvollardan, nə də həmin sivilizasiyadan xəbəri yoxdur. Yuxu şüurlu həyatın bir hissəsinə bənzəmir. Adi şəraitdə biz nə demək istədiyimiz haqqında düşünür, fikirlərimizi daha ifadəli şəkildə çatdırmağa çalışır və öz söhbətimizi məntiqi cəhətdən düzgün qurmağa çalışırıq. Ancaq yuxular tam fərqli quruluşa malikdir. Yuxuda bir-birinə zidd obrazların bir yerə toplanması, normal zaman hissinin itməsi, hətta ən adi əşyaların belə sirli və təhlükəli olması mümkündür.” [14,215]

Afaq Məsudun “Yasaq yuxular” romanında yuxu əsasən mənfi yönümlü bir obraz kimi göstərilmişdir. Ümumiyyətlə yuxu arxetipi də ambivalentliyə malik arxetiplərdən biridir. Belə ki, daha əvvəldə qeyd etdiyimiz kimi yuxu ilahi varlıqlarla, övliyalarla əlaqə vasitəsidir, ilahinin nəzarətində olan sakral bir məkandır. Eyni zamanda yuxu həm də mənfi səciyyəli qüvvələrin, şərin məkanıdır. Yuxuda insanın azması, real həyata dönmək şansını itirməsi də mümkündür. Bəlkə də elə bu səbəbdən “Kitabi- Dədə Qorqud”da yuxu kiçik ölüm adlandırılır, yuxuya aludə olmamaq tövsiyə edilir.

Afaq Məsudun “Yasaq yuxular” romanında da qəhrəmanlar yuxuya getməkdən çəkinirlər. Çünki bu yuxular qəhrəmanları tam fərqli bir məkana götürür. Zaman keçdikcə bu yuxulardan ayrılmaq daha da çətin olur. Bu yuxuların əsiri olan insanların müalicəsi ilə məşğul olan və özü də həmin yuxuların əsiri olan professor araşdırmaları nəticəsində anlayır ki, həmin insanlar yuxuda şərin, şeytanın məkanına düşürlər. Həmin məkan zahiri parametrləri ilə də cəhənnəmi xatırladır.

Professor qədimlərdən bəri qorunan yazılmamış bir yasağın – yuxuya aludə olmamağın kökünü və mənasını yavaş-yavaş anlamağa başlayır. Əsərdəki qəhrəmanlardan birinin bildirdiyi kimi yuxuya aludə olmaq Allahdan üz çevirmək, bu dünyadan əl çəkməkdir və bu hərəkət Allahın qəzəbinə səbəb olur.

 “Orda həmin o ərazilər barədə yazılanları oxuyanda, anlayırsan ki, bu, təxminən Cəhənnəmin özüdü. Ya da ən azı, oraların astanasıdı... - xəstə artıq müəllim kimi danışırdı. - Orda bir fəsil ancaq bu barədədi. Əlyazmanın ən sehrli yeri də budu. Orda deyilir ki... - bu yerdə xəstə səsini azaltdı, nədənsə ehtiyat edən kimi, az qala, pıçıltı ilə - həmin o ərazilərin ixtiyarına keçmək, İblisin nəzarəti altına - Zonaya düşməkdi.
Xəstə bu sözləri qəribə ehtiyatla, elə bil otaqda onların ikisindən savayı olan kiminsə eşidəcəyindən çəkinə-çəkinə dedi. Yoxsa bu, professora elə gəldi?!.. 
- Yuxuya aludəlik, yəni yuxu asılılığı bu dünyaya üz çevirmək kimi bir şeydi... - xəstə deyib kreslonun söykənəcəyinə yayxandı. - Bu sayaq yuxu aludəliyi orda Allahı qəzəbləndirən intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq Allahın yaratdığı bu işıqlı dünyadan, yəni bizlər üçün yaradılan bu gözəl nemətdən üz çevirmək kimi qiymətləndirilir.”  [5, 302]

Həqiqətən də əsərin qəhrəmanları öz yuxularında onları izləyən boz pencəklinin pəncəsinə keçərək o biri dünyanın sakinlərinə çevrilirlər. Əsərdəki personajların yuxuları da fərqlidir. Belə ki, professor, akademik və professorun xəstəsi yuxularında təxminən eyni məkana düşür, eyni şəxsin təqibinə məruz qalırlar. Lakin əsərdəki əsas qəhrəmanlardan biri olan generalın yuxusu digərlərinin yuxusundan fərqlənir. İlk baxışda bu yuxu professorun və digərlərinin yuxularına nisbətən daha reallığa daha yaxın, daha təhlükəsiz, daha sadə görünür. Çünki, burada naməlum, qaranlıq bağ, boz çöllər yoxdur. General yuxusunda tikilməkdə olan məbəd, sui-qəsd görür. Professor getdikcə daha böyük çətinliklərlə üzləşməli olur. Çünki möhkəm iradəyə, güclü şəxsiyyətə malik generalı hipnoz altına sala bilmir, onun təhtəlşüuruna enə bilmir. “Ayağa qalxıb çardağa dırmaşmaq, oradan, bir  neçə gün əvvəl yeşiklərə yığıb gizlətdiyi qədim əlyazmaların arasından, şüuraltı yaddaşın oyanışına aid nə varsa, tapıb çıxarmaq lazım idi. ... Generalın yuxularını zəbt edən məqbərənin sirrini tapmağın yeganə yolu bu idi. Onun keçilməz, qapalı yaddaşına enmək... Bu elə də asanlıqla başa gələn iş olmayacaqdı... ” [5,403]

Qədim kitablardan güclü şəxsiyyətlərin təhtəlşüuruna gedən yolu öyrənən professor qədim, mis bir xəncərlə generalı hipnoz edib onun şüuraltısına nüfuz edə bilir. Lakin bu seanslardan biri faciə ilə nəticələnir. Belə ki, seans zamanı təhtəlşüurundakı məqamları yaşayan generalın ürəyi dayanır, o klinik ölüm yaşayır. Professor sui-qəsddə günahlandırılaraq həbs olunur. Artıq bütün bu həyəcanlardan yorulan professor neçə vaxtdan bəri yuxuya qarşı apardığı mübarizədə məğlub olur. Yuxularındakı məkanın ixtiyarına keçməmək üçün yalnız günəş doğduqdan sonra yatan professor hücrədə vaxt qavramını itirir və yataraq bu dünyanı tərk edir, qorxduğu məkana daxil olur. Daxil olduğu məkana onu yuxularında daim qorxduğu, qaçdığı həmin boz gödəkcəli şəxs müşayiət edir. “...Bozgödəkçəli idi...başını onu tanımırmış kimi, aşağı salıb qapını bağlayırdı...qapının xırda nəfəsliyə bənzər qəfəsli pəncərsindən, heç nə ifadə eləməyən donuq üzü bir anlıq görünüb yox oldu... Bir müddət bədəni bu ilıq işığın içində rahatlana-rahatlana dayanıb durdu. Sonra necəsə qəfildən gözü bozgödəkçəlinin çəkib bağladığı qapının üstündəki rəqəmlərə sataşdı... Qapının yuxarı hissəsində gümüşü rəqəmlərlə 21, bir qədər aşağıdakı ağ lövhəcikdə isə, qara hərflərlə: Veyisov N.A. yazılmışdı...” [5,423]

Ümumiyyətlə, roman Azərbaycan ədəbiyyatında yuxu arxetipinin yaradıldığı dəyərli nümunələrdən biri kimi diqqəti cəlb edir. Doğrudur, Azərbaycan ədəbiyyatında Anarın, Elçinin, Y.Səmədoğlunun, R. İbrahimbəyovun və digər yazıçıların da əsərlərində yuxu arxetipi müxtəlif aspektlərdən işlənmişdir. Afaq Məsudun “Yasaq yuxular” romanı isə bütövlükdə yuxu arxetipinə həsr olunmuşdur, necə deyərlər yazıçı bir növ Azərbaycan ədəbiyyatında yuxu haqqında  bədii traktat yaratmışdır.

Afaq Məsud müstəqillik dövrü ədəbiyyatımızda dramaturq kimi də tanınır. Onun “Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Kərbəla”, “Akrtisa”, “Qatarın altına atılan qadın”, “Mənsur Həllac” pyesləri müstəqillik dövrü Azərbaycan teatrının simasını müəyyən edən, dünya dramaturgiyasında ədəbiyyatımızı təmsil etməyə qadir əsərlərdəndir. Təsadüfi deyil ki, Afaq Məsudun “Mənsur Həllac” pyesi Türk dünyasının ilk pyes müsabiqəsi olan “Beynəlxalq səhnə əsərləri müsabiqəsi”ndə 18 ölkədən daxil olmuş 109 əsər arasından qalib seçilmişdir. 

Afaq Məsudun yaradıcılığında hipermətnlik yalnız bir janr üzrə deyil, janrlararası şəkildə də təzahür edir. Onun 2003-cü ildə qələmə aldığı “Can üstə” adlı hekayəsi və eyni adlı pyesi buna bariz nümunədir. Qeyd edək ki, hekayə daha çox realist notlar üzərində köklənib. Əsərin əsas qəhrəmanı olan yazıçı ölüm ayağında olan vaxtilə mötəbər vəzifələrdə işləmiş qocanın şəxsi arxivi ilə maraqlanır, onun göz bəbəyi kimi qoruduğu qovluqlarda keçmişin bir sıra sirlərinin açarını tapacağına inanır. Qocanın yazıçıdan xoflanmasına da səbəb məhz bu inamdır. “Qocanın bu ölüm tutmaları mənim inqilabdan sonrakı dövrlər barədə roman yazdığımı bilən gündən başlamışdı. Ona qədər isə o, evin içində gümrah addımlarla gəzib dolanır, məni görcək, sevincək halda evdəkilərin əhvalını xəbər alır, məni içdiyi çaya, yediyi xörəyə qonaq  edirdi. Hər şey günlərin bir günü Səidənin mətləbi açıb, onun vəzifədə olduğu dövrlər barədə roman yazdığımı deyəndən bəri başlamışdı. Onun, bu xəbəri qəfil ölüm hökmü kimi qəbul etdiyini, Səidə ilə mən qocanın, otutrduğu yerdə birdən-birə ağarmasından, üzündə ölüm qorxusunun kölgəsini andıran bozumtul kölgələrin dolaşamağa başlamasından anlamışdıq. Qoca avazımış bənizi ilə donub qalmış, sonra ayağa qalxıb ehmal addımlarla otaqdan çıxmışdı. Dəhlizdən sivişib hamama girmiş, qapını o biri üzdən qıfıllayaraq, axşama qədər, mən onu gözləməkdən cana doyub evə gedənəcən oradan çıxmamışdı.” [7, 28]. Bu qovluqları araşdıracağı günü səbirsizliklə gözləyən yazıçı qocanın can üstə olduğu vaxt imkan tapıb bu sirr dağarcıqlarından birinə nəzər salmaq imkanını əldə edə bilir. Lakin qarşılaşdığı mənzərə onu heyrətləndirir: “Düyünün çəkilməyi ilə, illərdən bəri qovluğun darısqallığında gərilmiş kağız qalağının, yumşaq kart dəsti kimi stolun üstünə dağılmağı bir oldu. Səhifənin birini əlimə alıb oxumağa başladım. Əvvəli səhifənin ortasından başlayıb getdicə harasa, aşağı – vərəqin ortasına enən əyri-üyrü hərflərlə yazılmış sözlər, cümlələr yazıdan çox, bir ayağı mürəkkəbə batmış yaralı kəpənəyin səhifə boyu gəzişməsini andırırdı. Höccələyə-höccələyə bir neçə cümləni oxudum. Bu 50-60-cı illərdə xəbərlər proqramında gedən mətnlərin adda-budda, nizamsız köçürmələri idi…. Qocanın, bu mətnləri təqaüdə çıxdığı uzun-uzun dövrlər, aylar və illərlə özünü aldatmaq məqsədilə qurduğu yalançı iş prosesi zamanı küncdə işləyən televizorda, ya bəlkə, yazı masasının bir kənarında səhər-axşam uğuldayan tranzistorda verilən xəbərlərdən köçürdüyü gün kimi aydın idi…” [7, 36] Hekayə yazıçının qocanın ölümündən sonra qızının icazə alaraq həmin qovluqları aparması ilə yekunlaşır. 

Afaq Məsudun eyni adlı və eyni mövzulu pyesində isə hadisələr bir qədər fərqli şəkildə cərəyan edir. Qeyd edək ki, hekayədə əsas obrazlar yazıçı, qoca, qocanın qızı Səidə, qocanın kənddən gəlmiş əmioğlusu və onun yanındakı kiçik oğlan uşağıdır. Pyesdə isə süjetə bir sıra surətlər əlavə edilmişdir. Burada hekayədəki obrazlardan əlavə mərhumlar- qocanın arvadı Xədicə, sürücüsü Qafar və keçmiş iş yoldaşı olmuş məmur, mistik obrazlar – enerji təchizatı idarəsinin əməkdaşı cildində əzrayıl və həkim cildində mələk  iştirak edirlər. Yazıçı pyesi bu şəkildə adlandırmışdır: “Can üstə  (İki hissəli müəmmalı qətl hadisəsi)”. Qeyd edək ki, pyes sələfi olan hekayədən fərqli olaraq mistik məqamlarla zəngin bir əsərdir. Hekayədən fərqli olaraq burada qoca ilə yazıçı açıq mükaliməyə girişirlər və hər biri özünü  haqlı çıxarmağa çalışır. Qocanın xarakterinin və gizlədiyi sirlərin nədən ibarət olduğunun aşkara çıxmasında yeni obrazlarla – mərhumlar və əzrayılla dialoqlar mühüm rol oynayır. Digər tərəfdən pyesdə yazıçının qocanın sənədləri ilə maraqlanmasının səbəbi hekayədəki kimi onun vəzifədə olduğu dövr haqqında roman yazması deyil. Yazıçı qocanın 37-ci il repressiyası ilə əlaqədar olduğunu və həmin qovluqlarda həmin illərin qurbanları, o cümlədən, repressiyaya uğramış nənəsi Müşkünaz haqqında məlumatların olduğuna inanır: 

Qoca. (Yazıçının üstünə yeriyir) Sən gəl burda ara qarışdırma!.. Gah mənə cumursan, gah qovluqlara, gah “nənəm” deyib dad eləyirsən… Qarnuun ağrısını de, biz də bilək, balam da!..

Yazıçı. (fikri qovluqlarda) Mən sizə demişəm.

Qoca. Nəyi demisən?Altmış il bundan əvvəl bu dünyadan köçmüş nənəni burada niyə axtarırsan? Dediyün budu, balam da, bəlkə düz demirəm?... Harada görünüb ki… (tamaşaçılara) qovluqlarda da adam axtararlar?..

Yazıçı. Qovluqlar mənə ayrı məsələdən ötrü gərəkdilər.Yüksək vəzifələrdə işlədiyiniz 37-ci illər barədə material toplayıram.”  [7, 367]

Qocanın sayıqlamaları, mərhumlarla dialoqları da yazıçının ehtimallarının doğruluğunu təsdiqləyir

Pyes olduqca maraqlı bir sonluqla bitir. Pyesin sonunda qocanın öləcəyi gözlənildiyi, tamaşaçının Əzrayılın məhz onun arxasınca gəldiyinə əmin olduğu məqamda qəfildən işıq dəyişir. İşıq yanand isə ölənin qocanın qohumu olduğu məlum olur. Qohumun missiyasını isə qoca öz üzərinə götürərək onun tabutunun arxasınca dua oxuya-oxuya gedir. Otaqda qalan yazıçı isə qovluqları götürərək məkanı tərk edir.

Əsərləri rus, ingilis, fransız, alman, fars, ərəb, türk və s. dillərə tərcümə edilən Afaq Məsudun özü istedadlı tərcüməçi kimi tanınır. O,  Q.Q. MarkesinPatriarxın payızı”, T. Vulfun Dünyanın hörümçək toruromanlarını, sufizmlə bağlı qədim əlyazmalardan olan M.NəsifininMövcudluq haqqında həqiqət”, Ə.QəzalininSəadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn ƏrəbininMəkkə açıqlamaları” və digər dəyərli bədii, fəlsəfi əsərləri dilimizə çevirmişdir. 

Afaq Məsud yaradıcılığı daim ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Ədibin əsərləri haqqında Vaqif Yusiflinin, N. Cəfərovun, N. Axundovanın və digər ədəbiyyatşünasların maraqlı məqalələri işıq üzü görmüşdür. Nasirin yaradıcılığı xarici ədəbiyyatşünasların da diqqətini cəlb etmişdir. Bunun nəticəsi olaraq 2000-ci ildə Vyana Universitetində S. Dohanın “Avropa şərqşünaslığında qadın yazarlar” mövzusunda müdafiə edilmiş doktorluq dissertasiyasında A. Məsudun yaradıclığı tədqiq edilmişdir. 

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

 

1.     Cəfərov N. Yazıçı Afaq Məsuda açıq məktub. 525-ci qəzet.- 2013.- 23 fevral.- s.10.

2.     Əlişanoğlu T. Müstəqillik illəri Azərbaycan ədəbiyyatı.(I hissə: 1990-ci illər). Bakı, “Qanun”, 2013. 

3.     Əsatirlər, əfsanə və rəvayətlər. Bakı: Şərq – Qərb. 2005.

4.     Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı:  Öndər nəşriyyat, 2004.

5.     Məsud A.  Yazı.(roman, esse, hekayə). Bakı, “Qanun”, 2005

6.     Məsud A. “İzdiham” məni ölümdən qurtarıb http://afaqmesud.az/az/posts/id:118 

7.     Məsud A. Seçilmiş əsərləri.2 cilddə.I cild.Bakı, “Elm və Təhsil”, 2012.

8.     Rövşən R.  Qəddar sevgi. Məsud A. Yazı.(roman, esse, hekayə). Bakı, “Qanun”, 2005. 

9.     Воробей. http://www.etnogenez.ru/item/vorobej

10.   Пото́к созна́ния http://feb-web.ru/feb/kle/kle-abc/ke5/ke5-9171.htm

11.   Фрезер Д.Д. Фольклор в ветхом завете. м., политиздат, 1989, с. 267

12.   Червь.http://ml.volny.edu/dic.html?act=view_rec&id=987&t2=%d0%a7%d0%b5%d1%80%d0%b2%d1%8c&p2=mith_t

13.   Юнг К. Психологические аспекты архетипа матери  "структура психики и процесс индивидуации (сборник статей)". – м.: наука, 1996.

14.   Юнг К.Архетип и символ. - м., 1991. - 304 с.