“Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılan sözlərin təsnifatı

 

 

ÖN SÖZ

      Hər bir xalqın milli-mənəvi varlığını, tarixini, dəyər və ənənələrini bütün reallığı ilə əks etdirən başlıca mənbənin onun dili və ədəbiyyatı olduğu, bu söz və yazı mədəniyyətinin əzəli və yaradıcı qaynağının isə bilavasitə həmin xalqın dil və ünsiyyət mədəniyyətinin aynası – onun lüğət və sözlükləri olduğu, elə bilirəm, hər hansı əlavə izaha ehtiyacı olmayan məlum və danılmaz həqiqətdir. Bu sıradan, ədəbi dilin söz ehtiyatını, sözlərin vahid normativ yazılış qaydasını müvafiq dövlət sərəncamına uyğun olaraq rəsmi şəkildə müəyyən etməsi ilə digər lüğətlərdən əsaslı surətdə fərqlənən Orfoqrafiya lüğətinə gəlincə, bu milli və dövlət əhəmiyyətli vəsaitin hansı status və dəyər daşıyıcısı olduğunu dəqiqləşdirməkdən ötrü onun formatı haqqında yazılmış qısa və aydın tərifinə baxmaq kifayətdir: “Orfoqrafiya lüğəti – dilin söz ehtiyatını, sözlərin vahid normativ yazılış qaydasını bildirən akademik vəsaitdir”.

      Azərbaycan dilinin Azərbaycan və azərbaycanlılığın rəmzi, milli varlığımızın sütunu olduğunu öz çıxış və mülahizələrində, fərman və sərəncamlarında dönə-dönə qeyd etmiş böyük Heydər Əliyevin “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir”, “Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” kimi tezislərindən zaman-zaman təsirlənib milli qürur hissi yaşasaq da, əfsuslar olsun ki, hələ də doğma dilimizə olan ögey münasibətin  şahidi oluruq. Bu sıradan, 2015-ci ildən başlayaraq dövlət dilinin düzgün tətbiqi və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində Mərkəz tərəfindən aparılan təhlil və araşdırmalar nəticəsində Ana dilimizin rəsmi qaynağı, yazılı və şifahi istifadəsinin örnək mənbəyi olan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (Nəsimi adına Dilçilik İnstitutu – 2004-cü və 2013-cü il nəşri) aşkar edilmiş minlərlə (ümumi sayı – 60000) qrammatik, orfoqrafik, məna xətalı sözləri, milli varlığımızı, mənəvi dəyərlərimizi aşağılayan təhqiramiz ifadələri, heyvan və quş səslərini, qeyri-işlək ərəb, fars, rus, alman, tatar, çin, fransız ifadələri və jarqonlarını, xarici şirkət, dükan, maşınyuma və təmir məntəqələri adlarını lüğətdən çıxararkən, az qala yüz illik tarixə malik olan bu dil sənədinin bu gün dünyanın dörd bir yanında öyrənilib tədqiq və tədris edilən dilimiz, tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz haqqında hansı təəssüratlar yarada biləcəyi həyəcan və vahimə doğurmaya bilmirdi. Vəziyyətdən yeganə çıxış yolunu vəsaitdən istifadənin dayandırılmasında və yeni lüğətin tərtib edilməsində görən Mərkəz lüğəti vaxt itirmədən qüsur və xətalardan təmizləməklə paralel olaraq 2017-ci ildə yığcam “İşlək orfoqrafiya sözlüyü”, 2020-ci ildə 65000 saf Azərbaycan sözü və işlək terminlərin toplandığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni nəşr etsə də, dilin söz ehtiyatının saflaşdırılması və orfoqrafiyası ilə bağlı həyata keçirilmiş bu tədbirlər Dilçilik İnstitutu tərəfindən 2021-ci ildə buraxılmış sonuncu və əvvəlkindən də qüsurlu lüğətin tərtibi prosesində bütünlüklə nəzərə alınmadığı səbəbindən vəsait yenidən minlərlə keçmiş və yeni orfoqrafik xətalarla, ifadə və məna qüsurları, xarici sözlər, jarqonlar, saxta termin və əcnəbi adlarla ictimaiyyətə təqdim edildi.

      Nəzərinizə təqdim olunan Təsnifat Azərbaycan dilinin söz ehtiyatını, sözlərin yazılış qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsasında əks etdirməli olan rəsmi dil sənədimiz “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə yaşanan mənzərəni faktlarla, təfərrüatlı şəkildə sərgiləyir.

 

 

Afaq Məsud

Xalq yazıçısı