“Duyğular imperiyası” Gürcüstanda təqdim olundu
Yaxın günlərdə Gürcüstan Rustaveli Cəmiyyətinin təşəbbüsü və maddi dəstəyi ilə gürcü dilində ərsəyə gətirilmiş “Duyğular imperiyası” esselər toplusu (Afaq Məsud) Gürcüstan Yazıçılar Birliyində təqdim olundu.
Tbilisinin zəngin ənənəli “Ekvador” nəşriyyatında çap olunmuş kitaba yazıçının “Narıncı hörümçək”, “Edam”, “Qocanın hekayəti”, “Yuxunun həqiqəti”, “Ana ocağı”, “Dahiliyin astanasında”, “Küləyin hikməti”, “Ruhlar ordusu” kimi esseləri və kiçik hekayələri daxil edilib. Əsərlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış gürcü şairi, Ümum-Gürcüstan Rustaveli Cəmiyyətinin sədri Davit Şemokmedeli, redaktoru – filologiya elmləri doktoru, professor Murman Tavdişvilidir.
Tədbiri giriş sözü ilə Ümum-Gürcüstan Rustaveli Cəmiyyətinin sədri Davit Şemokmedeli açaraq aşağıdakıları qeyd edib:
“İlk növbədə qeyd etməliyik ki, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli siması, böyük Azərbaycan yazarı Afaq Məsudun yaradıcı irsinin gürcü ədəbi məkanına daxil olması bizim üçün mühüm və böyük ədəbi hadisədir.
Nəzərinizə təqdim olunan “Duyğular imperiyası” kitabı yazıçının gürcü dilində işıq üzü görən ikinci kitabıdır. Kiçik esselərdən ibarət bu kitabı – bir növ qəlbin, ruhun gündəliyi, yazıçının öz şüuraltısı ilə şüurunun qovuşduğu ilahi qovşaq adlandırmaq olar. “Duyğular imperiyası” kitabında diqqəti ilk növbədə çəkən ədibin fərqli düşüncə fəhmi, fikir axını stixiyası, bu axının ənənəvi ilham təkanlarından, hər hansı çərçivə və klişelərdən, ən əsası – ictimai senzura xofundan azad, onun fövqündə ifadəsidir. Reallıqla qeyri-reallığın, mistisizmlə kobud məişətin, dünyaya fərqli baxışdan yaranan təsirli məqam və obrazlarla gündəlik həyatın bir-birini əvəz etdiyi bu duyğu və düşüncələr üzümüzə tamamilə yeni reallıqların qapısını açır. Yazıçının daha bir üstünlüyü – son dərəcə sentimental mövzulara, ən incə duyğulara, ən həssas dini motivlərə toxunarkən belə, son dərəcə ayıq və müasir mövqedə qalmaq bacarığıdır. Düşünürəm, “Duyğular imperiyası” adlandırılan bu lakonik kitabı yazıçının son dərəcə zəngin daxili dünyasına daxil olmaq üçün bir növ həm açar, həm də bələdçi hesab etmək olar”.
Daha sonra kitabın redaktoru, Tbilisi Dövlət Universitetinin professoru Giorgi Qoqolaşvili, Gürcüstan Yazıçılar İttifaqının sədri, şair Makvala Qonaşvili, Gürcüstanın Xalq şairi Erekle Sağliani, Gürcüstan Yazıçılar İttifaqının həmsədri, Dövlət Mükafatı laureatı, şair Badri Kutateladze, tanınmış şair Tamar Maxaradze, nasir Lali Mikadze, daha sonra Enriko Canelidze, Marina Koxidaşvili, Sopo Abxazava-Şaraşenidze kimi mədəniyyət xadimləri çıxış edərək kitaba daxil edilmiş əsərləri təhlil etmiş, müəyyən esseləri səsləndirmişlər.
Tədbirin sonunda yazıçı, Gürcüstan Yazıçılar İttifaqının İlia Çavçavadze mükafatı və qızıl medalı, Ümum-Gürcüstan Rustaveli Cəmiyyətinin təsis etdiyi “Gürcü mədəniyyətinin dostu” fəxri adı və Gürcüstan Mədəniyyət Akademiyasının “Gürcüstanın Əməkdar mədəniyyət xadimi” fəxri adı ilə təltif edilib.