İKİ ÖLKƏNİN SÖZLƏRİ BİR LÜĞƏTDƏ

Keçən il Azərbaycan dili və ədəbiyyatı ilə maraqlananlara töhfə olaraq hazırlanmış “Türk dünyasının ortaq ünsiyyət dili uğrunda – Azərbaycan dilinin orfoqrafiya lüğəti” türk dilində işıq üzü görüb.

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən son illər davamlı şəkildə artan ünsiyyət nəticəsində Azərbaycan dilinə keçən yeni türk sözlərinin əlavə olunduğu kitabın Hacəttəpə Universitetində təqdimatı keçirildi. Qeyd edək ki, bu lüğətin hazırlanması Türk dünyasının ortaq ünsiyyət dilinin inkişafı və genişlənməsi zəminində mühüm və nümunəvi bir addımdır. Türkiyə ilə sıx əlaqələr nəticəsində Azərbaycan dilində işləklik qazanmış “bilinc”, “çarşı”, “doğal”, “kürəsəl”, “olqun”, “seçmən”, “sınır”, “tutqu”, “uçaq” kimi sözlər lüğətdə yer alıb. “Erkmen” nəşriyyatının dəstəyi ilə yayımlanmış lüğət 904 səhifədir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin tərtib müəllifi olan yazıçı Afaq Məsud iki dövlətin birliyini təmsil edən ən əsas amilin dil olduğunu bildirərək, bu lüğət vasitəsilə iki dövlətin ədəbiyyatının daha rahat oxunub anlaşılacağını vurğulayıb. Afaq Məsud: “Dilimizə müxtəlif dillərdən keçmiş çoxlu ifadələr var. Lüğəti hazırlayanda belə sözlərdən istifadə etməməyə çalışdıq, əcnəbi sözlər öz doğma ifadələrimizlə əvəz olundu. Lüğətdə türk dili ilə Azərbaycan dilinin ortaq ifadələri, unudulmuş qədim sözlərimiz yer alıb. Bu kitab dilimizin aynasıdır”. Lüğətin ön sözünün müəllifi professor Şükrü Xalıq Akalın kitabın Türk dünyası üçün örnək olacağını bildirib: “Bu lüğətin ən mühüm xüsusiyyətlərindən biri başda türk dili olmaqla Türk dünyasından Azərbaycan dilinə keçən söz və ifadələrin lüğətə salınmasıdır. Bu lüğət Türk dünyasında ortaq ünsiyyət dilinin inkişafına yönələn və onun yayılması yolunda atılan mühüm və nümunəvi bir vəsaitdir”.